Электронная библиотека » Sevinc Ədalətqızı » » онлайн чтение - страница 2

Текст книги "Əhməd Cavad haqqında xatirələr"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Sevinc Ədalətqızı


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 5 страниц)

Шрифт:
- 100% +

Müəllim Məmmədəli Əsgərov da Əhməd Cavadın şagirdi olub. Bütün həyatını Seyfəli kənd məktəbinə həsr edib. Atamın köməyilə təhsil alan Paşa müəllim də kəndimizin həyatında böyük rol oynayıb.

Qohumlarımız arasında da atamın nüfuzu böyük olmuşdu. Dayısı Əmiraslanın xətrini çox istəyirdi. Bu sevgi, hörmət qarşılıqlı idi. Əmiraslan da atam Əhməd Cavada xüsusi qayğı ilə yanaşırdı. Xalası oğlu Əli dayını atam daha çox istəyirdi. Şəmkir mahalında ona Şeşə Əli deyərdilər. Atamı tez-tez yad edən, onun haqqında minnətdarlıqla, məhəbbətlə söhbət açan Əli dayının gözəl də ailəsi vardı. Əli dayı atamın kənd cavanlarına verdiyi məsləhətlər və göstərdiyi qayğılar haqqında xüsusi həvəslə danışırdı. Arvadı Bəyim bacı bizi heç vaxt uşaqlarından ayırmırdı. Həyatımızın ən çətin vaxtlarında belə bu ailə bizdən üz döndərmədi. Əhməd Cavada qohum olduğu üçün Əli dayı bəzən təhqir olunurdu. Hətta bir neçə dəfə onu iclasdan qovmuşdular ki, sən “xalq düşməni”nin qohumusan, Əhməd Cavadın xalası oğlusan! Bununla yanaşı o ailə həmişə bizi yaxşı qəbul edib, öz imkanı daxilində mümkün olan köməyini əsirgəməyib. Mən cəbhədən qayıdanda Bəyim bacının məni necə böyük sevinclə qarşılamasını ömrüm boyu unutmamışam. Demək olar ki, ana öz balasını necə qarşılayarsa, məni elə qarşılamışdı. Qucaqlayıb üzümdən öpəndən sonra yan-yörəmə keçir, tez-tez ürəklə, “Allaha şükür!” – deyirdi. O gün “Allaha şükür” sözləri dilindən düşmədi. Gedir, gəlir, üzümə baxır, inana bilmirdi, sağ-salamat qayıdıb gəlmişəm.

Hüseynalı atamın ən böyük, ən yaşlı xalası oğlu idi. Cəsarətdə, igidlikdə ona çatan olmazdı. O biri xalası oğlu Atakişi baməzəliyi, zarafatcıllığı ilə fərqlənirdi. Atamın da onunla gözəl zarafatları vardı, həm də Atakişi əla xörəklər bişirməyi bacarırdı. Atam onun bu qabiliyyəti haqqında xüsusi danışmağı sevirdi. Oğlu Ələsgər Əsgərov məşhur hüquqşünas oldu, Bakıda, Naxçıvanda yüksək vəzifələrdə çalışdı.

Atamın oxumağına kömək etdiyi adamlardan bəzilərinin adları yadımdan çıxıb, amma bu kömək təkcə kəndimizlə məhdudlaşmırdı. Çox yaxşı bilirəm ki, Şəkidən, Gəncədən, başqa rayonlardan köməyə ehtiyacı olanlar ürəklə, inamla atamın yanına gəlirdilər. Əsasən, məsləhət almaq, övladlarının harda, necə təhsil almalarına kömək göstərməyi xahiş etmək üçün gəlirdilər. Bu mənada atamın Qusar rayonunun Xuluq kəndindəki müəllimlik fəaliyyəti həyatında xüsusi əhəmiyyətə malikdir. Bu kənddə də doğma ocağındakı kimi bütün diqqətini istedadlı şagirdləri seçib həvəsləndirməyə, hansı sahədə təhsil almasına yaxından kömək etməyə verirdi. Şairin belə istedadlı şagirdlərindən olan Mustafa Mustafayev Qusar rayonunda müəllimlik fəaliyyəti ilə şöhrət qazanmışdı. Bu rayonun Xuluq kəndindən isə Cəmaləddin Cəlilovun istedadını görən Əhməd Cavad ona xüsusi qayğı ilə yanaşmış, onu hərbçi olmağa həvəsləndirmişdi. Onilliyi bitirən kimi atam C.Cəlilovun Bakıda hərbi məktəbə daxil olmasına bilavasitə kömək etmişdi. Cəmaləddin də atama ürəkdən bağlandığı üçün onunla yaxınlıq etmiş, tez-tez yanına gəlib getmiş, beləcə, əvvəl dostluq yaranmış, sonra Cəmaləddin ailəmizdən qız aldığı üçün dostluq qohumluğa çevrilmişdi.

O günlər, o illər arxada qalsa, çox şey unudulsa da, atamın xatirəsi hər zaman hamı üçün əziz olub. Onun nəcibliyi və xeyirxahlığı unudulmayıb, bu gün də hörmət və ehtiramla yad olunur.

Niyazi AXUNDZADƏ

“Ədəbiyyat qəzeti” | 1992-ci il | 3 iyul | № 27


Niyazi Axundzadə

Atamın gəncəli dostları

Atam Əhməd Cavadın vaxtsız tamamlanmış qırx beş illik ömrünün iyirmi səkkiz ili Gəncədə keçib. Bu illər şair kimi atamın yaradıcılığının ən məhsuldar dövrü olub. Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal olunana qədər Əhməd Cavadın iki şeirlər kitabı – “Qoşma” (1916) və “Dalğa” (1919) çap olunub. Burdakı əsərlərin əksəriyyəti Gəncədə yaşadığı illərdə yazdığı şeirlərdir. Uşaqlıq, gənclik, tələbəlik illərini yaşadığı bu qədim şəhərdə, təbii ki, dostları da çox idi. Əksəriyyətini lap uşaq yaşlarından tanıyırdım. Bakıda yaşadığımız zamanlar şairin bu dostlarının paytaxta yolu düşəndə mütləq bizə gələr, hal-əhval tutardılar.

Bir dəfə özünə, ailəsinə az bələd olduğum Əhməd bəy bizə gəlmişdi. O, məlumatlı, ziyalı, dünyagörmüş, diplomatik savada malik adam idi. Onunla atam arasındakı bir söhbəti indiyədək yaddan çıxarmamışam. Əhməd bəy atama nəql edirdi ki, hansı ölkədəsə (adı yadımda qalmayıb) cavan qızlar arasında gözəllik müsabiqəsi keçirirmişlər. Müsabiqədə bir alman qızı və bir türk qızı birinci yerə çıxır. Onları binanın artırmasına çıxarıb ictimaiyyətə təqdim etmək istəyirlər ki, birinci yerin kimə veriləcəyini müəyyənləşdirsinlər. Alman qızı təqdim olunduqdan sonra türk gözəli artırmaya çıxmaqdan imtina edir. Camaat əl çalıb, səs salıb türk gözəlini görmək istəyir. Amma türk gözəli tələb edir ki, artırmada xalqımı, dövlətimi təmsil edən ay-ulduzlu bayraq asılsın, sonra camaat qarşısına çıxaram.

Bunu camaata da bildirirlər. Bir azdan bayraq asılır. Meydana yığışanlar sürəkli alqışlar altında birinci yerin ona verilməsini tələb edirlər…

Evin böyük oğlu olduğumdan atamla yaxın dostlarımgilə biz də tez-tez gedərdik.

Seyidəli Seyidov Gəncə Dəmir Yol Texnikumunun müdiri işləyirdi. Özüm də o texnikumda oxuyurdum. Seyidəli müəllim bizə tez-tez gələr, biz də onlara gedərdik. Gözəl səsi vardı. O, çox vədə atamın xahişini yerinə yetirərək muğamat oxuyardı. Bir gün Seyidəli müəllim bizə gələndə günorta yeməyinin vaxtı idi. Atamla yeyib-içəndən sonra gözəl səsi ilə atamın “Azərbaycan bayrağına” şeirini oxudu və onu bu sözlərlə qurtardı: “O mənimdir, o mənim millətimin, parlayacaq!”

O oxunan şeirin nə olduğunu sonralar başa düşdüm… İndi fəxr edirəm, xalqımın, millətimin dostları bu günü gözləyirmişlər. O qədər yaxın idik ki, 1933-cü ildə onlarla bərabər yaylağa getmişdik. Atam və Seyidəli müəllim öz arvadları ilə zarafat edirdilər. Biz 1937-ci ilə qədər bu əlaqəni kəsməmişdik. Amma atam tutulandan sonra bir dəfə küçədə onu gördüm. Məni görən kimi dedi: “Geriyə baxma, düz get!” Xahişini yerinə yetirdim. O isə dalımca gəlib o zaman məhbus olan ata-anamdan nə xəbər olduğunu soruşdu.

Gəncədə atamın “Kürəçi Seyidəli” adı ilə məşhur uşaqlıq dostu Seyidəli də şəhərdə tanınmış şəxslərdən idi. Gəncədə yerləşən İran konsulluğunun katibi işləyirdi. Bu ailə ilə uşaq yaşlarımdan yaxın idim. Seyidəli əmi erməni-müsəlman qırğınında yetim qalan qardaşı oğlu Fəxrəddini himayəsində saxlayırdı. Onunla Bakıda oxuduğum vaxtlardan yoldaşlıq edirdim. Çox vaxt qış tətillərini onunla Bakıda yox, Gəncədə keçirirdim. Bir gün bizdə olanda Seyidəli əmi atamdan xahiş elədi, məni ona oğulluğa versin. Atam onun sözündən keçməyib bildirdi ki, Seyidəli əmi bu işdə mənimlə razılaşsın. Təbii ki, razılıq vermədim.

Atam Əhməd Cavadın Seyidəli adlı bu dostları çox zarafatcıl idilər. Şair onlara “Səlləllah” adlı heca da həsr edib.

Şairin dostlarından Məmməd əmini Gəncədə “Zinger Məmməd” kimi tanıyırdılar. Atamla böyük zarafatı vardı. Bizə gələndə nərd oynayar, yeyib-içər, zarafat edərdilər. Onun arvadı qarayanız qadın idi. Atam Məmməd əmiylə zarafat edəndə arvadının adına “Şokolad Svet” deyirdi. Məmməd əmi isə anama baxıb onun yazdığı şeiri oxuyurdu: “Dürr isən, düşmüsən nadan əlinə!”

Mədəni zarafatları biri-birinə hörmətlə keçirdi. Atam Məmməd əmiyə yazdığı həcvdə də “şokolad” sözünü işlədib:

Axşam gec gəl evə, o başdan da get,

Nə deyir bu işə Şokolad Svet!

Məmməd əminin 1937-ci ildən sonrakı taleyindən xəbərim yoxdur.

Şairin gəncəli dostlarından biri də “Zinger İsfəndiyar” idi. Bir-birilərini uşaqlıqdan tanıyırdılar. Atama həmişə hörmətlə yanaşırdı. Tez-tez görüşürdük. Gözəl ailəsi – bir qızı, bir oğlu vardı. Eşitdiyimə görə, qızı Almaz xanım son zamanlara qədər Gəncədə adlı-sanlı müəllimə imiş. Oğlundan xəbərim yoxdur. İsfəndiyar əmi içməyi bir az artıq sevdiyindən evində narazılığa səbəb olardı. Həyat yoldaşı bu barədə həmişə atama şikayətlənərdi. Atam isə çalışıb onun evində sülhü bərpa edərdi. Doğrusu, İsfəndiyar əminin çox içməyi atamın xoşuna gəlmirdi. Elə buna görə həcv də yazmışdı.

Bu ailənin 1937-ci ildən sonrakı müqəddəratı mənə məlum deyil.

1930-1934-cü illərdə bizim ailə dostlarımızdan biri də Gəncədə yaşayan, o zaman Qasım İsmayılov (indiki Goranboy) rayonu İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyən Kərim Bağırovun ailəsi idi. Çox gözəl və səmimi ailəsi – iki qızı və bir oğlu vardı. Yoldaşı həlim xasiyyətli xanım idi. Kərim dayı Gəncəyə gələndə mütləq evimizə gələr və bizi qonaq aparardı. Həyat yoldaşının gözəl səsi var idi. Bilirdi, atam muğamatı çox sevir. Odur ki, hərdən atamın xahişi ilə muğamat oxuyardı. Bu ailə ilə hər il yay aylarında Gədəbəy rayonunun Slavyanka kəndinə istirahətə gedərdik. Kərim dayı da atam kimi 1937-ci ilin repressiya qurbanlarından olub.

1937-ci il yanvarın 31-də üçüncü dəfə tutuldum. Bayılda vaxtilə Stalinin yatdığı kamerada “xalq düşmənləri” ilə birlikdə yatırdım. Orada XKS sədri Hüseyn Rəhmanovun kiçik qardaşı Lətif Rəhmanov, Mərkəzi Komitənin keçmiş katibi Yusif Qasımovun qardaşı Məmməd Qasımov, Orconikidzenin yaxın dostu Bağı dayının oğlu Çingiz və başqaları da yatırdılar. Hamısı da cavan idi. 1938-ci il aprelin 18-də bir il iki ay on səkkiz gündən sonra günahımız olmadığı üçün bizi buraxdılar. Bayıldan çıxanda azyaşlı qardaşım Aydın Keşlə türməsində idi. Bir-birimizdən xəbərimiz yox idi. Bir neçə aydan sonra müxtəlif bəhanələrlə bizi yenə tutmağa başladılar. O zaman dərhal iş kəsib türməyə göndərirdilər. Vəziyyəti belə görəndə məcbur olub atamın dostlarının köməyi ilə Leninqrad – indiki Sankt Peterburqa qaçdım. Atamın gəncəli dostlarından olan Mircamal Qaşqay (bu adam akademik Pavlovun, akademik Orbelinin köməkçilərindən olub) məşhur alim idi, bir də Həsən Həsənov (Leninqradın ən məşhur cərrahlarından hesab olunurdu) mənə çox kömək etdilər… O zaman Leninqradda yaşayan gəncəlilər arasında belə ənənə var idi: hər həftənin cümə axşamı gəncəlilər doktor Həsənin evində (o subay idi) Azərbaycan xörəkləri hazırlayıb yeyirdilər. Bu məclislərdə orada olmalı idim. Hərdən atamın dostlarına, yaşlı adamlara hörmət əlaməti olaraq həmin məclislərdən yayınırdım. Yaşca kiçik olduğumdan onlarla qabaq-qabağa oturub hər cürə söhbətlərə qulaq asmağı ədəbsizlik sayırdım. Amma bir-iki dəfə bu cür hərəkətimdən sonra gördüm, o məclislərdə olmamağım atamın dostlarının böyük narahatlığına səbəb olur. Hətta bir dəfə axşamdan başlayıblar məni axtarmağa ki, Niyazi hardadır, mütləq gəlsin doktorgilə… Nə isə, bundan sonra daha o cümə axşamlarından qalmadım.

Bütün bunları yazmaqla, ötən günləri yada salmaqla yaxşı adamları, o cümlədən atamın o zaman mənə kömək etmiş, bizim ailəyə dostluq, qardaşlıq münasibəti göstərmiş gəncəli dostlarının hamısını minnətdarlıq hissi ilə xatırlayıram.

Niyazi AXUNDZADƏ

“Həyat” qəzeti | 1993-cü il | 26 yanvar



Atam gedəndən sonra…

Mən Əhməd Cavadın sonbeşiyiyəm. Desəm, ata üzü görməmişəm, atamın səsini, sözünü eşitməmişəm, məni qınamayın. Amma bilmişəm, Əhməd Cavad adlı atam olub. Məni qucağına alıb üz-gözümdən öpdüyü yadıma gəlmir. İlk dəfə bu adı doğma anam (“doğma ana” deməyimin səbəbi var) Şükriyyə xanım səkkiz illik həbs olunub sürgünə gedəndən (anam 1937-ci il oktyabrın 14-də həbs olunub, atamın qətlindən bircə gün sonra… Bunu sonralar öyrənmişəm – Y.A.) sonra mənə Seyfəli kəndində analıq edən Anaxanım anamdan eşitmişəm. Nə gözəl sözlərdir. “Ana” və “xanım” adları, sözləri. Doğrudan da, o qadın həm ana idi, həm xanım. Uşağın yadından heç nə çıxmır.

Müharibə illəri idi. Camaat yarıac, yarıtox yaşayır, birtəhər dolanırdı. Qıtlıq, aclıq baş alıb gedirdi. Özünün dediyinə, qonşuların şahidliyinə (sonralar bunu mənə çox adam deyib) görə, məni kürəyinə bağlayar, biçilmiş taxıl zəmilərindən başaq yığmağa gedərmiş. Bir qədər böyüyəndən sonra – 1943-1944-cü illərdə onunla birlikdə başaq toplayırdım. Evdə kirkirəyə qoyub, topladığımız dəni döyər, əzərdik. Diri qalanları hədik bişirər, ya da qovurğa qovurardıq. Yarımdiri yarma kimi qalanları sulu xəşil, yarmaxəşili edərdik. Ələkdən keçənləri isə fətir, yuxa kimi sacın üstünə sərər, bişirib ləzzətlə yeyərdik.

Həmişə ürəyimdən keçərdi ki, niyə hamısının ata-anası, mənimsə təkcə anam var (Əsl anam uzaqlarda dustaq idi, ondan xəbərim yox idi)? Bu sual məni çox düşündürərdi…

Bir gün yenə başaq yığmağa gedəcəkdik. Kövşəni biçilmiş zəmidə kiçik sünbül kökləri ayağıma batar, ayaqlarımın altı qızılqan olardı. Ona görə Anaxanım anam axşamdan yun corablarımın altına yola atılmış maşın təkərlərinin birindən rezin parçaları kəsib yamamışdı. Həmin axşam bir neçə dəfə o corabları geyinib-soyunmuşdum. Ayağıma rahat idi. Sevinirdim ki, daha ayaqlarıma tikan, sünbül kötükləri batmayacaq. O mehriban qadınla birgə yenə zəmilərə gedirdik. Evimizdən o biçin yerinə bir neçə kilometr məsafə var idi. Ona görə obaşdan yola çıxmışdıq ki, səhər tezdən – gün hələ çıxmamış ora çataq. Yol boyu ana-bala şirin-şirin, ordan-burdan, keçmişdən-gələcəkdən söhbət edirdik. Anam mənə deyirdi ki, müharibə tez qurtaracaq, qardaşlarım cəbhədən qayıdıb gələcəklər…

Mən çoxdan ürəyimdə qövr eləyən sualı ona verdim. O elə bil uzun illərdir, intizarla bu sualı gözləyirmiş. Məni diqqətlə süzdü, başımı sığalladı və birdən-birə hönkürtü ilə ağlamağa başladı. Ona bu sualı verməyimə peşman oldum. Haçandan-haçana özünə gəlib gözlərinin yaşını sildi. Yaxındakı arxdan su axırdı. Əl-üzünü yudu və dedi:

– Sənin atan var. Adı Əhməd Cavaddır. O da başqaları kimi əsgərliyə gedib, müharibə qurtarandan sonra qayıdacaq. Səni çox istəyirdi, həmişə, “Mənim Yılmaz balam, Ay balam, Ulduz balam” – deyə atıb-tutardı. Heç yadında qalmayıb? O gələnə kimi sən də böyük oğlan olacaqsan…

Sonra yenə yolumuza düzəldik. Sanki mənə ikinci qanad verildi. İndiyə qədər bir qanadlı idim (Əslində, heç bir qanadım da yox imiş; anam dustaqxanada işgəncələrə məruz qalır, atam isə çoxdan qətlə yetirilibmiş. Bunları sonralar bildim, necə deyərlər: “Sındı qol-qanadım yanıma düşdü”). Ata fərəhi, eşqi, əzəməti axıb bahar suları kimi ürəyimə doldu. Yolumuz Şəmkir çayının üstündəki körpüdən keçirdi. Anaxanım anam mənə o çayın tən ortasında olan enli, geniş, çayı yarıya bölən, bu iki qolun arasında adayabənzər sahəni göstərib dedi:

– Bu, ata-baba mülkünüzdür. Əhməd Cavad burada sənin üçün gözəl bir ev tikdirəcək, evinizin sağından, solundan çaylar axacaq. Sizin evin pilləkənləri düz o çaylara qədər enəcək, hər gün səhər-səhər orada əl-üzünüzü yuyacaqsınız. Axşamlar isə o çaylar sizə layla çalacaq ki, yuxunuz şirin olsun. Bu, Şəmkirin Gülüstanıdır. Əhməd Cavad Gülüstanı, sonra da olacaq Yılmaz Cavad Gülüstanı! O Gülüstanda gül-çiçək əkəcək, bağ salacaq, bu çay boyu xurma ağacları ucaldacaqsan. Bura qonaqlarınız gələcək, atanın dost-tanışları təşrif gətirəcəklər. Sizə şeirlər, nəğmələr oxuyacaqlar. Axı sənin atan şairdir. O, Şəmkir, Gəncə, Azərbaycan haqqında şeirlər qoşub, sən də öyrənəcəksən.

O qadındakı zəkanı, fantaziyanı, ağlı, uzaqgörənliyi indi də düşünəndə məni heyrət bürüyür. Tərbiyəsi, işgüzarlığı, zəhmətsevərliyi həmişə mənim üçün örnək olub. Atamı sadə sözlərlə qısa, yığcam şəkildə gözümdə dağ kimi ucaldırdı. Onun bu sözləri məni yeni bir aləmə, yeni bir dünyaya aparırdı. Öz-özümə yavaşca pıçıldayırdım:

– Mənim də Əhməd Cavad adında atam var. Atam Əhməd Cavad həm də şairdir. O, Şəmkir, Gəncə, Azərbaycan haqqında şeirlər qoşub. Bəs hanı o şeirlər? Axı niyə bizim dərs kitablarımıza düşməyib? Müharibə qurtaran kimi atam cəbhədən qayıdacaq, o şeirləri mənə öyrədəcək, məktəbdə müəllimimin, uşaqların yanında oxuyacağam. Görən, nə vaxt olacaq o günlər?

Mən Əhməd Cavad adını səkkiz-doqqoz yaşlarımda, atamın Əhməd Cavad olduğunu ilk dəfə Şəmkir çayının üstündə olan körpüdə eşitdim və həmişəlik yadımda qaldı: Əhməd Cavad!

Məktəbə getdiyim ilk günlərdə hamı kimi sevinirdim. Sinfimizdə cəmi iyirmi uşaq, on bir parta vardı. Bu partalarda uşaqların hamısı iki-iki otururdu. Bir parta boş qalmışdı. Dəcəllik edən uşaqları müəlliməmiz həmin boş qalmış partada oturdur, bu yolla onları cəzalandırırdı. Mən sədrin oğlu ilə otururdum və onunla çox yaxın dost idim. Dərslərimizi birlikdə hazırlayırdıq. O vaxt pionerlərə həsr olunmuş bu şeiri hamımız əzbər bilirdik:

Bağçamızda ötən quşam,

Güllər ilə boy atmışam.

Yaz gecəsi mahnı deyib,

Bülbülləri oyatmışam!

Düzü etiraf etməliyəm ki, kənddə bir adam da, istər böyük olsun, istər uşaq, xətrimə dəyməmişdi. Hətta rayon miqyasında məni müxtəlif adamlar tanıyır, mənəvi kömək edir, ruhumu oxşayırdı.

Məğrur böyüyürdüm. Amma atam, anam və qardaşlarım yanımda olmadığına görə daxilən sıxıntı keçirirdim. Qardaşlarım əsgərlikdən gələndə sevincimin həddi-hüdudu yox idi. Hamı bizi qardaşlarımla birgə qonaq çağırır, qurban kəsirdi. “Əhməd Cavadın oğulları gəlib” – deyirdilər.

Bəzən hiss edirdim ki, Anaxanım anam atam haqqında mənə dediyi xoş sözlər üçün peşmanlıq çəkir. Sanki deyilən söz onu qorxutmuşdu. Bəlkə, fikirləşirdi ki, onu da anam Şükriyyə kimi sürgün edələr. Amma təmkinini saxlayırdı. Yanıma gəldi, bir xeyli məni oxşadı, üzümdən-gözümdən öpdü, başımı sığallayıb dedi:

– Sənin atan dünyada birinci kişi, Şəmkirin, Azərbaycanın böyük oğludur.

O vaxtlar heç kim, o cümlədən Anaxanım anam da atamın qətlə yetirilməsini bilmirdi. Düşünürdü ki, tutulub, haçansa buraxılacaq. Mənə dediyi, “Atan əsgər gedib, müharibə qurtarandan sonra qayıdıb gələcək” – sözlərini inana-inana söyləmiş, bilmədən “müqəddəs yalan” danışmışdı.

– Sən heç nəyə fikir vermə, sadəcə dərslərinə fikir ver, oxu, gələcəyini təmin edə biləsən…

Kəndin adamları, yaşlı kişilər, qadınlar məni yolda bəzən saxlayır, üzümdən öpür, “Sən Əhməd Cavadın yadigarısan” – deyirdilər. Məktəbdə və yolda Paşa müəllim, Məmmədəli müəllim, Molla Oruc və başqaları mənə çox həssaslıqla yanaşırdılar. Kefimi soruşur, ehtiyacımızla maraqlanırdılar. Onlar mənə, “Atanın dostlarıyıq” – deyir, mənəvi kömək edirdilər…

Üç il sonra anam həbsxanadan qayıtdı. Onu qardaşım Aydın evə gətirmişdi. Bir müddət doğma anama isinişə bilmədim. Tez-tez qaçıb Anaxanım anamın, Məleykənin yanına gedirdim. Özümü burada daha xoşbəxt, daha rahat hiss edirdim. Anam bu hərəkətimə görə xiffət çəkirdi. Axı ondan mən yaşyarımında ayrılmışdım. Artıq on bir yaşa keçmişdim. Anamla ikinci görüşümüz səkkiz il bir neçə ay çəkmişdi. İnana bilmirdim ki, həqiqətən, doğma anam Şükriyyə xanımdır. Şair yaxşı deyib:

Şübhədir əhli-hikmətin babası!

Mən də şübhələnmişdim. O qədər aldatmışdılar ki, indi doğru-düzgün sözlərə də inanmırdım. Anaxanım anam da deyirdi ki, ay bala, sənin qıraqdan tutma ananam. İnanan kimdi ki? Bütün uşaqlığım, xatirələrim onunla bağlı idi. Mənə öz uşaqlarından yaxşı baxmışdı. Bir az da ərkəsöyün böyütmüşdü. Ağlıma da gəlməzdi ki, o, mənim doğma anam deyil, heç unuda bilmirəm. Toyumda gözlərim onu, yalnız onu axtarırdı. Məni bir dəli ağlamaq tutmuşdu. Axı niyə bir qədər də yaşayıb xoşbəxt günümü görmədi? Elə hey deyərdi ki, sənə həkim qız alacağam. Bu gün onun arzusunu yerinə yetirirdim, amma özü olmadan. Gözlərimdə səyriyən göz yaşlarımı saxlaya bilmirdim…

Az qala, bir il doğma anamla Anaxanım anamı əldən-dildən salmışdım…

Daha bilmirdim, anamı aparmağa gələn DTK-nın əməkdaşlarının yanında onun qucağından qopmurdum, iki əlimlə anamın yanaqlarından yapışıb, buraxmırdım. Onun gözəl üzünün dərisini dırnaqlarımla çəkib qopartmışdım. Zorla məni anamın qucağından alıb nənəmə – atamın anası Yaxşıxanıma veriblərmiş. Üstündən əlli ildən çox vaxt keçsə də, dırnaqlarımla anamın üzündən qopartdığım yerlərin qara xal kimi izləri bu gün də durur. Zamanın küləkləri, selləri, suları onları yuyub apara bilməyib. Onlar “qara keçmişin qara günləri”ni yada salır. Qara günlərin nişanəsi də qara olar. Hələ qara günlərin ömür-günümüzdən aralanıb getməsinə çox qalırdı.

Artıq üçüncü sinifdə oxuyurdum. Bir gün qardaşım Aydın məni Bakıya aparmışdı. Semaşko xəstəxanasında bir qohumumuza baş çəkdikdən sonra üzüaşağı Volodarsski fabrikinə sarı gedirdik. Birdən Aydın ayaq saxladı, bu fabrikin binasına baxıb xəyala daldı. Həmişə deyən, gülən, şən qardaşım qara şüyüt kimi qaralmışdı. Bir az sonra dedi:

– Yılmaz, bilirsən, bura haradır? Bilirsənmi, atamızı “xalq düşməni” çıxarandan sonra bizi də, səni də tutdular (O, “bizi” deyəndə bütün ailəmizi nəzərdə tuturdu, mən isə o vaxt çox kiçik, lap südəmər idim – yaş yarımlıq). Onda burda yetim uşaqlar üçün “Detdom” deyilən uşaq evi var idi. Səni NKVD-nin podvalına atmışdılar. Bir qədər keçəndən sonra gətirib bu “Detdom”da olan uşaqlara qatdılar. Bir az böyük idik, az-çox ağlımız kəsirdi. Sənin dilin də açılmamışdı, heç ayaqların yer tutmurdu. Orada olanların çoxunun ata-anasını tutub, onlara “xalq düşməni” adı verib türməyə basır, uşaqlarını isə “yetim” edib bura təhvil verirdilər. Əvvəllər Kommunist küçəsində (indiki İstiqlal küçəsi) gözəl mənzilimiz var idi. Filarmoniya ilə üz-üzə binada olurduq. Sonra bizi 30-cu illərdə Gəncəyə köçməyə məcbur etdilər. Sən hələ doğulmamışdın. Sonra yenə Bakıya qayıtdıq dörd-beş ildən sonra. Bizə Qız Qalasının yanında Böyük qala küçəsində yeni mənzil verdilər. Sən həmin evdə doğulmusan. Üstündən heç iki il keçməmiş səni anamızın qucağından ayırıb yetim uşaqların yaşadığı “Detdom”a verdilər. Yazıq nənəm Yaxşıxanım səni gəlib burdan tapıb çıxartdı, öz yanına apardı. Bilirsənmi, nə oldu? Elə o gün nənəmizin pensiyasını kəsdilər. Allah nənəmizi də bizə çox gördü. Oğlu Əhməd Cavadın ölümünü yuxuda görmüşdü. Dözə bilməyib o da oğlunun arxasınca getdi. Neçə yaşı olur-olsun, bu dünyada ananı balasından ayırmaqdan dəhşətli şey yoxdur. Yaxşı ki, o vaxtlar ağlın kəsmirdi. Yoxsa tab gətirə bilməzdin. Allah Anaxanım arvada qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun, Məleykə bacımızdan isə tanrımız xoşbəxtliyi əsirgəməsin. Nənəmizdən sonra onlar sinəsini qabağa verib, səni uşaqları, qardaşları kimi sevib böyütdülər. Yoxsa kim bilir, başına nələr gələcəkdi? Qardaş, sənin lap körpəlikdən həyat yolun Bakıda NKVD-nin zirzəmisindən başlayıb, “Detdom”dan keçib, Şəmkirin Seyfəli kəndində bənd alıb. Bundan sonrasını yalnız Allah bilir, nələr olacaq! Atamızın adından “xalq düşməni” damğası götürülənə kimi bizə gün yoxdur. Daim təqib, təzyiq və təhqirə dözməli olacağıq. Ona görə yaxşı oxumalısan ki, məktəbi qurtarandan sonra “Yurfak”a girib atamızın üstünə atılan ləkələri qanun yolu ilə təmizləyəsən. Bununçün mütləq hüquqşünas olmaq lazımdır…

Qardaşımın sözlərini sırğa edib qulaqlarımdan asdım. Oxuduğum kənd məktəbində dərslərimə daha artıq fikir verməyə başladım, gecə-gündüz hüquq fakültəsinə girmək üçün çalışdım.

Orta məktəbi uğurla bitirib sənədlərimi Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə verdim. Sənədlərimi nəzərdən keçirən qəbul komissiyası məni universitetdə fəaliyyət göstərən xüsusi şöbəyə göndərdi. Orada gözündə eynək, çalsaç kişi mənə əməlli-başlı “dərs” keçdi, “hüquqlar”ımı başa salmağa çalışdı və sonda qəti şəkidə dedi ki, sənə “Yurfak”da oxumaq qadağandır, humanitar elmlərlə məşğul ola bilməzsən. Sənə yalnız dəqiq elmlər tədris olunan ali məktəblərdə təhsil almağa icazə verilir. Bir an da yadından çıxartma ki, “xalq düşməni”nin oğlusan…

Kor-peşman evimizə qayıtdım. Anama qoşulub doyunca ağladım. Qardaşlarım dedilər, nə olur-olsun, ali təhsil almaq vacibdir ki, bir parça çörəyin olsun. Ürəyim sınmışdı. Birtəhər məni dilə tutdular, qəbulun axırıncı günü könülsüz sənədlərimi Neft və Kimya İnstitutuna verdim. İmtahanlardan yaxşı qiymətlər aldım, seçdiyim fakültəyə daxil oldum və oxumağa başladım…

Stalin öləndən sonra sükut buzu yavaş-yavaş əriyirdi. 1955-ci ildə atama bəraət verdilər. O gündən oxuduğum ali məktəbə getmədim. Həmin il dekabrdan iyula qədər evdə oturub Hüquq fakültəsinə girmək üçün imtahana düşən fənləri təkrarlayırdım. Hüquq fakültəsinə girmək üçün altı-yeddi fəndən qəbul imtahanları vermək tələb olunurdu. Nəhayət, arzuma çatdım. Uçmağa qanadlarım yox idi, fərəhimdən yerə-göyə sığmırdım. Düşünürdüm, atam Əhməd Cavadın nahaq tapdanmış hüquqlarını qanuni yollarla bərpa edəcək, onun günahsız həbs edilməsini, repressiyaya məruz qalmasını sübuta yetirəcəyəm…

Yılmaz AXUNDZADƏ

“Ədəbiyyat qəzeti” | 1993-cü il | 5 mart | səh. 3

Əmir Mustafayev

Şair ömrünün üç ili

Güneylərdə qar büsbütün ərimişdisə də, yol-yamaclarda, quzeylərdə ünvansız məktublar kimi unudulmuş tala-tala, çirkli qar qalaqları, hələ də, dururdu. Onlar da bir hovurdan əriyəcək, arada-bərədə irmaqlar çağlayacaqdı. Havada ayaz vardı. Soyuq adamın sümüyünü üşüdürdü. Şah dağın qılınclarında gecədən ləngimiş duman tel-tel olub seyrəlməkdəydi. Dağ başında əsrlərin sınağından çıxmış bəmbəyaz qar vardı. Hələ indiyədək bu dağın başından qarın tükəndiyini görən olmayıb. Bu dağın var-dövləti qardı, qardan bol onun nəyi var ki?! Dağlar da cürbəcür. Dağ olar Şah dağ kimi, Savalan kimi, Ağrı dağı kimi. Tanrı Şah dağa əzəmət, vüqar bəxş edib. Bu dağın ətəklərinə sığınmış el-oba adamı ondan vüqar, əyilməzlik dərsi alıb. Mərdlik, düzlük öyrənib.

Faytonda yol gələn Əhməd Cavad paltosunun boyunluğunu qaldırdı. İlk dəfə gördüyü bu mənzərələrə diqqət kəsildi. Şah dağın açıq-aşkar görünən zirvələrinə, yol boyu cərgələnən çılpaq ağacların taclarına, qardan boyunluq taxmış dolaylara tamaşa eləyə-eləyə faytonçudan xəbər aldı:

– Mənzil başına çoxmu qalıb?

– İndicə içindən ötüb keçdiyimiz yer Qubadı. Çaylağa enib körpünü addayacağıq, yoxuş qalxacağıq. Digah, Xucbala kəndlərini arxada qoyacağıq, sonra da mənzil başıdı, Qusardı.

Əhməd Cavad yaşıl yuxular görən, qurbağagöz puçurları bir azdan yarpaq ətrindən xəbər verəcək ağaclara baxa-baxa handan-hana dilləndi:

– Gözəl yerlərdi. Təbiətinə söz ola bilməz. Yazda, yayda misli-bərabəri olmaz bu torpağın.

Faytonçu tənbəki kisəsini çıxartdı, eşmə eşdi, sonra da qovu çaxmaq daşının üstünə ehmalca yatırıb onu baş barmağının dırnağıyla sıxdı və satılı çaxmağa çəkdi, qov alışdı, eşmə tüstüləndi.

– Qovun ətrindən uşaqlıqdan xoşum gəlir, – dedi Əhməd Cavad, – cibimdə kibrit var, verimmi?

– No-olar, gərəyiniz deyilsə…

Əhməd Cavad kibrit qutusunun ciblərini gəzdi, tapdı, verdi.

– Çox sağ olun, Allah sizdən razı olsun. Qusardamı düşəcəksiz? – faytonçu soruşdu.

– Düşməyinə Qusarda düşəcəyəm, amma yolum ondan o yanadı. Xuluğadı.

– Oraya getməkdə xeyirdimi? Uzaqdı, dünyanın o başıdı. Deyin ki, Şah dağa gedirəm də.

– Eləmi uzaqdı?

– Qusardan oraya qırx, qırx beş verst ola, ya olmaya, intəhası yollar xarabadı. Dağ kəndinin yollarıdı da. Bu kəndə nə işə gedirsiz ki?

– Müəlliməm, camaata savad öyrədəcəyəm.

– İşiniz uğura calansın, qardaş, yaxşı niyyətdi. Bəs Qusardan o yana nəynən gedəcəksiz? Araba ilin bu çağında çətin qalxa. Yol-riz qar olmuş olacaq. Dağ kəndlərinə bələdəm. Qış erkən yazacan bu kəndin qonağıdı.

– Ordan o yana at soraqlayacağam. Özümlə bələdçi götürəcəyəm. Yoxsa mən nabələd bir adam nə biləcəyəm ki, Xuluq haradı?

Faytonçu qonağı Qusarda düşürtdü. Əhməd Cavad onun muzdunu verdi, təşəkkürünü elədi. Qaldı şairin Xuluğa yollanmağı. O, Qusarın başbilənləri ilə görüşdü, məsləhət-məşvərətdən sonra bu qərara gəldilər ki, ona bələdçi qoşsunlar. Quyruqları düyülmüş, iki at tapıb gətirdilər və şairi bələdçi ilə birlikdə kəndə yola saldılar. Çaparlar atlarını qoşalaşdırıb söhbətləşə-söhbətləşə yolu başa çıxdılar.

Şairə bələdçilik eləyən adam onu kəndin tanınmış ziyalılarından biri sayılan Abdulcəlil Əfəndiyə caladı, qayıtdı. Əhməd Cavad bir-iki gün ötəndən sonra da ürəyində bələdçidən razılıq eləyirdi ki, nə yaxşı onu bir özgəsinə yox, məhz Abdulcəlil Əfəndiyə ürcah elədi.

Abdulcəlil Əfəndi həqiqi mənada ziyalı idi və bir-iki günlüyə də olsa bu adamın evində qalmağından razılıq eləyirdi, buna şad idi, çünki artıq o, özünə bir həmsöhbət, həmdərd tapmışdı. Abdulcəlil Əfəndi türkcə çox sərbəst qonuşurdu. Bu dağ kəndində belə bir ziyalının ona təsadüf eləməsi Əhməd Cavada göydəndüşmə idi, möcüzə kimi görünürdü. O, istər ədəbiyyat, istərsə də tarix, ilahiyyat elmlərindən son dərəcə məlumatlı bir adam idi. Həm də mətbuatda “Nücum” ədəbi təxəllüsü ilə ara-sıra şeirlərini, məqalələrini çap elətdirirdi. Çox zəngin də kitabxanası vardı və bu kitabxanada ərəb, fars, türk və ləzgi dillərində nadir əsərlər, kitablar saxlanılırdı. Abdulcəlil Əfəndi həm də söhbətcil, yapışıqlı, şirin bir adam idi. O, qonağı məktəbin sahibi, kəndin sayılıb-seçilən adamı olan Hacı Cavada təqdim etdi, görüşdülər, əhval tutdular.

Əhməd Cavad Hacı Cavadın ürəyincə oldu. Xuluq bu ərazidə ən qədim kəndlərdən biridir, bir vaxtlar öz ziyalıları ilə tanınıbdı. Mahalda yeganə mədrəsə burada idi. Şərq memarlığı üslubunda tikilmiş nəhəng məscid adnan idi və bu kənd Hacı Fətəli, Hacı Cavad kimi nəinki Türkiyəni, İranı hətta bir sıra ərəb ölkələrini gəzib-dolaşmış varlı-karlı, həm də oxumuş ziyalıları ilə tanınmışdı. Abdulcəlil Əfəndinin İstanbulda təhsil görməsi, orda tanıdığı adamlar haqda söhbətləri, məşhur türk yazarların əsərlərindən aldığı təəssüratlar Əhməd Cavad üçün həm də ədəbi mühit idi. Qəlbinin ən məhrəm, ən ülvi, ən kövrək duyğularını bölüşməyə artıq həmdəmi vardı. O zaman Azərbaycan dilində çətin danışan dağ adamlarının içində Abdulcəlil Əfəndi kimi namidar bir ziyalının yaşaması Əhməd Cavad üçün böyük təsəlli idi. Çünki Əhməd Cavadı bu kənddə hamı əli üstə saxlamırdı, öpüb gözünün üstə qoymurdu, pəh-pəhnən qarşılamamışdılar da. Əhməd Cavadın məkrli, yad, zəhərli, tutqun baxışlardan əzab çəkdiyi, sıxıntılı, üzüntülü çağları da olub, soyuq-sərin nəzərlərdən təntiyib üşəndiyi anları da. Gün-güzəran ağırlaşanda, dolanışıq qayğıları onu məngənə kimi sıxıb suyunu çıxaranda kənddən, onun adamlarından giley dolu şeirlər də yazıb. Onun “Xuluqda” şeirini olduğu kimi təqdim edirik.

Soyuq bir cəhənnəm, bir yaman ölkə,

Soyuq güc gətirdi, sığındım kürkə.

Bu kürk olmasaydı, gəlməzdi bəlkə,

Bu imansız qışın yazı, Xuluqda.

Bir məktəb verdilər, eyni buzxana,

Ayaqlarım məni doydurdu cana.

Gecələr saldılar kirli yorğana,

Dedilər: ol buna razı, Xuluqda.

On beş gün istədim bir qalın corab,

Bir müsəlman oğlu vermədi cavab.

Mən necə söyləyim, kim çəksin hesab,

Yoxdur ki, bir adil qazı, Xuluqda.

Gecə qar, gündüz qar, axşam-sabah qar,

Deməzlər ki, burda bir müəllim var.

Bağlamış qapını cüt arvadlılar,

Qızdırıb söhbəti-sazı, Xuluqda.

Yığıldı hamısı – ağsaqqal, hampa,

Boyun oldu hər şey, bir də bir lampa.

Gəldilər: lampa var, şüşə yox amma,

Yandıraqmı hava qazı, Xuluqda?

Bu kənddə nə çoxdur “baş üstə”, “bəli”,

Beləliklə, işlər getməz irəli.

Qorxum budur: əssə gidi yeli,

Müəllimin sındı sazı, Xuluqda.

Xuluq kəndim | 1920-ci il


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации