Электронная библиотека » Sevinc Ədalətqızı » » онлайн чтение - страница 4

Текст книги "Əhməd Cavad haqqında xatirələr"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Sevinc Ədalətqızı


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 5 страниц)

Шрифт:
- 100% +

Həyat və fəaliyyəti haqqında qısa tanışlıqdan belə qənaətə gəlmək olur ki, Əhməd Cavadın şəxsiyyətində bir-birini tamamlayan iki cəhət birləşir: birincisi, ictimai xadim kimi fəaliyyəti, təşkilatçılığı, digəri isə şairliyi – yaradıcılığıdır.

Əhməd Cavad “Qoşma” (1916), “Dalğa” (1919), “Sinfi mübarizə” (1921), “Şeirlər” (1958), “Sən ağlama, mən ağlaram” (1991) kitablarının, onlarca publisistik məqalələrin və nəsr əsərlərinin müəllifidir. Dünya və rus ədəbiyyatından rəğbətlə qarşılanmış bir sıra əsərləri dilimizə tərcümə edib, onlarca kitabların redaktoru olub.

Böyük şair, publisist, maarifçi, əvəzsiz tərcüməçi, mötəbər vətəndaş, ictimai xadim, gözəl insan Əhməd Cavad Axundzadə yaradıcılığının və ömrünün ən müdrik, parlaq çağında “Stalin + Beriya + Bağırov” irticasının günahsız qurbanlarından olub, 1937-ci ilin sonlarında – qırx beş yaşında qətlə yetirilib.

Amma özünün və ailəsinin başına gətirilən faciələrdən, müsibətlərdən sonra, necə deyərlər, zülm yerdə qalmayıb, gec də olsa – 1955-ci il oktyabr ayının 17-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının qərarı ilə böyük Azərbaycan şairi Əhməd Cavad Axundzadəyə bəraət verilib.

Ey könüllər mühəndisi şair,

Qələmin öylə incə bir sahir.

Ki üzündən axan o rəng, ziya,

Yaradır hər zaman yeni dünya.

Bir günəşdir böyük dühan, hünərin,

Bir bədiə sevimli hər əsərin.

Rəhman SALMANLI

Abdulla Şaiq |

“Əhməd Cavad. Məqalələr, xatirələr” | “Elm” nəşriyyatı | 1996-cı il


Nazif Qəhrəmanlı

İçərişəhərdə bir ev vardı

(İxtisarla)

Onu 1937-ci il noyabrın 11-dən 12-nə keçən gecə apardılar. Xəlil buna təəccüblənmədi. Tuthatut idi və gec-tez tutulacağını bilirdi. Tutulanların əksəriyyətini şəxsən tanıyırdı. Amma güman eləmirdi, onu Şuşada əks-inqilabi qiyam hazırlamaqda və başçılıq eləməkdə təqsirləndirəcəklər.

O vaxtlar İçərişəhərdə, Qız qalasının yaxınlığında olurdular. Əhməd Cavadın evi onlarınkından bir qədər aralıydı.

Qonşusu, dostu, görkəmli şair, tərcüməçi Əhməd Cavad onun pəncərəsinin önündən hər dəfə ötəndə bir qədər irəli gəlir və pıçıltı ilə deyirdi: Xəlil əfəndi, bu gün də filan dostumuzu apardılar.

İçərişəhər səksəkə içərisində yaşayırdı.

Əhməd Cavadı aparandan sonra o, növbə gözlədi – beş aydan bir neçə gün artıq… Gecə yarısı gedəndə otaqda rəngi dümağ olmuş oğlu Elxana dedi ki, “uzağı bir aya qayıdacağam”. Amma qayıtmadı. Gecə yarısı aparılanlar çox nadir halda geri qayıdırdılar. Dövrün qara stixiyası idi bu.

* * *

Tərcümənin nəzəri və praktik məsələləri ilə 20-30-cu illərdə məşğul olmuş Xəlil İbrahim tərcümə işində Cəfər Cabbarlının və Əhməd Cavadın tərcümələrini təqdir edir, cansız, quru, mexaniki tərcümə üsulunu pisləyirdi.

Teatr tənqidçisi, Cavidşünas Xəlil İbrahim Hüseyn Cavidin və Əhməd Cavadın yaxın dostu idi. Ailəvi get-gəlləri vardı. Amma gün olacaqdı, Xəlil işgəncələrə dözməyib bəzi dostlarına, xüsusən, Cavidə və Cavada qarşı ifadə verməli olacaqdı. O zaman tək-tük adam tapılardı, cəza maşınının amansız rəftarına davam gətirsin.

Xəlil İbrahimin qızı Solmaz xanımın dediklərindən: “Atamın çoxlu əlyazmaları vardı. Bizdə hətta Hüseyn Cavidin və Əhməd Cavadın əlyazmaları olub. Qoruyub saxlaya bilmədik. Bir də çox çətin idi. Bu əlyazmalar, demək olar ki, zirzəmidə çürümüşdü”.

Xəlil İbrahimin oğlu Elxan isə İkinci Dünya müharibəsində iştirakı zamanı fəhlə batalyonunda Ərtoğrul Cavidlə və Əhməd Cavadın oğlu Tuqayla bir yerdə olub.

20-30-cu illərdə İçərişəhərdə adam çox yaşayırdı. Bura əsrlərin hafizəsini özündə yaşadır. İçərişəhər təkcə əsrləri keçib gəlməyib. Həm də 30-40-cı illərin (ta 50-ci illərin əvvəlinədək) qara qorxusunu keçirib. Bir çox görkəmli ziyalılar burada yaşayırdılar. Əhməd Cavadı, İdris Axundzadəni, Pənah Qasımovu, Xəlil İbrahimi və bir çoxlarını buradan aparıblar. Qənbər daşlı döngələrdə onların son ayaq taqqıltıları eşidilib və birdəfəlik yox olub. Əgər Bakıda stalinizm qurbanlarına abidə qoyulsa, elə burada, İçərişəhərin bir tərəfdən sökülən guşələrindən və ya onun ətrafından birində qoyulmalıdır.

Qoy qənbərdaşlı küçələrdə onların izi əbədi qalsın!

Nazif QƏHRƏMANLI

“Azərbaycan gəncləri” qəzeti | 1989-cu il | 27 iyul

Nurəddin Babayev

Əhməd Cavadı xatırlarkən…

Mən Əhməd Cavadı yaxşı xatırlayıram. Atamın dostu idi. Analarımız bir-birinə “bacı” deyirdilər. Biz uşaqlar da tez-tez görüşürdük. Onun ikinci oğlu Aydınla bir məktəbdə oxuyurduq. Atam savadsız idi. Yük qatarında konduktorluq edirdi. Savadlı adamlara böyük hörməti vardı. Özünün dediyi kimi, Cavad Mirzəni də ağlına-kamalına görə çox sevirdi. Qəribədir, Əhməd Cavad da bu dəmir yol fəhləsinə böyük ehtiram göstərərdi. Bəzən atam onun yeni şeirlərinin ilk dinləyicisi olurdu.

Biz hər yay Göy gölün altındakı Toğana kəndinə köçərdik. Bura bizim yaylağımız idi. Gözümü Göy gölün sahilində açmışdım. Təbiətə də Göy gölün gözü ilə baxırdım. Bu yerləri atam mənə sevdirmişdi. Odur ki, Əhməd Cavad “Göy göl” şeirini atama oxuyanda kişi çox həyəcanlandı:

– Cavad Mirzə, – dedi, – o yerləri addım-addım, qarış-qarış gəzmişəm. Amma indi duyuram ki, Göy gölü az sevmişəm, bizim yerlər daha gözəl imiş!

Bu əhvalatdan bir neçə il sonra Əhməd Cavadın “Göy göl” şeiri bizə əks-inqilabi fikirlər yayan bir şeir kimi tədris edildi. Bax onda niyə dərk etmədik ki, vətənimiz doğma Azərbaycanın bir guşəsi Göy gölü oxucuya sevdirən, adi bir dəmir yol fəhləsinin qəlbində vətən məhəbbətini daha da gücləndirən şeirdə əks-inqilabçılıq, millətçilik ideyaları axtarmaq gülüncdür. Biz gərək bunu dərk edəydik.

Partiyamızı iyirminci qurultayı gənc nəsli, cinayətlə nəticələnən belə bir əyintiləri, nəinki dərk etməyə, hətta onlar haqqında qorxmadan, cəsarətlə, bütün bolşevik prinsipiallığı ilə danışmağa çağırdı. Partiyanın həqiqət səsi elə bil bizi qəflət yuxusundan ayıldıb. Biz çevrilib illərin zirvəsindən keçilmiş yola baxarkən dərk edə bilmədiyimiz hadisələri ürək ağrısı ilə yada salırıq.

Səhv etmirəmsə, 1937-ci ilin yazı idi. Axşam şər qarışırdı. “Azərnəşr”in böyründəki küçə ilə “Spartak” kinoteatrına (indiki “Araz”) tərəf gedirdim. Küçənin tinində Əhməd Cavada rast gəldim. Bu şairi tanıyanlar yaxşı bilirlər ki, o, yalnız mehribanqəlbli, incərübablı şair deyildi. Eyni zamanda mərd şəxsiyyətli, qədd-qamətli gözəl insan idi.

İndi onu görəndə gözlərimə inanmadım. Rəngi bozarmışdı. Mənə elə gəldi, kişinin qədd-qaməti də sınıb, beli bükülüb. Daima həyat eşqi ilə qaynayan iri, ala gözlərində dərin kədər vardı. Salamlaşdıq. O, böyük idi, kefimi soruşmalı idi.

“Necəsən, bala?” – deməli idi. Amma özümü elə itirdim:

– Cavad Mirzə, necəsiniz? – deyə soruşdum.

Dodaqları əsdi:

– Bala, – dedi, – indicə məni Yazıçılar Birliyindən xaric etdilər… Bir düşmən kimi…

O zaman hər gün dəstə-dəstə adamların “düşmən” kimi tutulduğunu, həbs edildiyini eşidirdik. Elə güman edirdik, yaxşı tanımadığımız bu adamlar, bəlkə, doğrudan da, düşməndirlər.

Amma Cavad Mirzəni uşaqlıqdan tanıyırdım. Həmişə şeirin incə dili ilə danışan və düşünən bu adam kimə düşmənçilik edə bilərdi?

Cavad Mirzənin gözləri yaşla doldu. Görün bu ədalətsizlik dağ boyda adamı necə sarsıtmışdı ki, dərdini qarşısına çıxan on beş yaşlı uşağa deməkdən çəkinməmişdi. Qəhərlənmişdim. Çox pis olduğumu görən Əhməd Cavad özünü ələ almağa çalışdı. Güclə gülümsənən kimi oldu. Bu təbəssüm indi də gözlərimin qarşısındadır. Bu təbəssümdə nə qədər böyük kədər, təəssüf, inciklik və ürək ağrısı var idi!

Əlini çiynimə qoydu:

– Oğlum, – dedi, – fikir eləmə. Bir qərarla xalqın dostunu ona düşmən eləmək olmaz ki! Kişi ol, burnunu sallama. Həqiqət gec-tez yerini alacaq… Bu həqiqətin yerini alması üçün düz iyirmi il keçdi. Bu müddət ərzində tam bir nəsil xalqın namuslu oğlanlarından xəbərsiz oldu. Bu müddət ərzində tam bir nəsil xalqımız vətən və xalq yolunda ürəyini məşəl edənləri düşmən kimi tanımalı oldu. Bu müddət ərzində tam bir nəsil Hüseyn Cavidin romantik poeziyasından, Mikayıl Müşfiqin ürəkləri dinləndirən şeirlərindən, Əhməd Cavadın Göy göl kimi əsrarəngiz, Dəli Kür kimi coşqun ilhamından xəbərsiz yaşadı. Bax partiyamızın son tədbirləri bunları bizə qaytardı…

Əhməd Cavad ağır addımlarla getdi. O parlaq sima axşam qaranlığına qarışıb gözdən itdi…

Onu əvvəllər də bir neçə dəfə bu küçədən keçib-gedən görmüşdüm. Adətən, Yazıçılar İttifaqından dəstə ilə çıxardılar. Gülə-gülə, danışa-danışa gəlib burdan keçərdilər. İndi isə burdan tək keçirdi. Demək, yoldaşları onu yola salmaqdan, “xalq düşməni”nə təsəlli verməkdən ehtiyat etmişdilər…

Kaş bunu o zaman dərk etmək mümkün olaydı… Bir gündən sonra başqa yazıçılarla birlikdə Əhməd Cavadı da tutdular. Dünən bizimlə bir pioner təşkilatında yetişən, bizimlə birgə komsomola keçən, təhsildə, məktəbin ictimai həyatında fəal çalışan bir çox yoldaşlarımız bu gün “xalq düşmənlərinin övladları” oldular. Yoldaşlar onlardan çəkinməyə, ehtiyatla baxmağa başladılar. Bu cavanlar göz qabağında saralıb-solurdular. İnanın, müəllimlər də bu “düşmən balaları”nın oturduqları partaların yanına seyrək-seyrək hərlənməyə çalışırdılar…

1937-ci ilin avqustu idi. Məktəbdən qayıdanda gördüm ki, atalığım Məhəmmədəli Əlizadə divar sobasını qalayıb, özü də qabağında əyləşib. O, böyrünə yığdığı kitabları, köhnə qəzet və jurnalları bir-bir sobaya tullayır, çathaçatla yanmağını gözləyirdi. Məni görəndə günahkar nəzərlə üzümə baxdı: “Bala, hirslənmə, məni tutsalar, bu kitabların hərəsi cəzamın bir il artmasına səbəb olacaq. Əhməd Cavadın kitabları kimi”. Dinmədim, fikirləşdim ki, bütün ömrünü xalq maarifi yolunda sərf etmiş bu fağır, həlim, qocaman müəllim kimə nə düşmənçilik edib ki, tutulacağından belə qorxur, ehtiyat edir? Bəs onda Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimə nə ediblər ki, üçünü də bir gecədə tutub həbs ediblər? Axı onlar sovet hakimiyyəti illərində partiyanın, hökumətin, xalqın ziddinə, onun mənafeyinə toxunan bir misra belə yazmayıblar. Bu suallara cavab vermək, onların mənasını dərk etmək o zaman mənim üçün, Stalinə, onun qılınc zoruna həyata keçirmək istədiyi kommunizm ideallarına dərindən-dərinə komsomolçu üçün çox çətin idi, bəlkə də, namümkün idi. Onu bildim ki, əyilib bu kitabların arasından Hüseyn Cavidin “Siyavuş”unu, Əhməd Cavadın tərcümə elədiyi “Otello”nu, bir də Mikayıl Müşfiqin “Duyğu yarpaqları” adlı rübailərinin çap olunduğu “Ədəbiyyat qəzeti”ni götürdüm. İndi təsəlli tapıram ki, bu əsərlər iyirmi ilə yaxın pünhan həmsöhbətim, gizli müsahibim olub…



Nurəddin BABAYEV

“Babam-nənəm, atam-anam və biz” |

Bakı | “Azərnəşr” | 1988-ci il

Paşa Hüseynov

Əhməd Cavadla dostluq illəri

1908-1912-ci illərin sözüdür. Əhməd Cavadla qonşu idik. Keçmiş Zərdabi küçəsində – indiki Lenin prospektində kirayə qalır, sənət məktəbində oxuyurdu. Tay-tuş idik. Tezcə dostlaşdıq. Söz-söhbətimiz tuturdu. Bilirdim, gözaltısı var. Acar qızını sevir. Xəlvəti şeir yazırdı. Çoxu da sevgidən, məhəbbətdən. İlk vaxtlar demirdi, oxumurdu heç kəsə. Nəsə gizlədirdi. Utanırdı. Yaman həyalı, çəkingəndi. Bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var, mütləq gəl, əlbəttə getdim, o zaman hələ çoxunun tanımadığı şairin toyunda iştirak etdim. Nə yaxşı ki, getdim. Qədrini, qiymətini sonralar bildim.

Bu da yaxşı yadımdadır, 1917-ci ilin fevralı idi. Zərdabi küçəsindəki məscidin həyətində yerli əhalinin yığıncağı keçirilirdi. Məqsəd yerli əhalidən sovetlərə nümayəndə seçmək idi. Çoxdan fəal inqilabçı kimi tanıdığımız Cəfər Axundov, şair Əhməd Cavad və başqaları da iştirak edirdilər. Çox zaman beləyik. Sağlığında, yanında olanda bizə adi görünür, fərqinə varmırıq. Elə ki əl üzülür, yanıb yaxılırıq. Ha əlləş-vuruş, səsimiz-ünümüz hara çatar?! Bir gül idi, saralıb soldu… Bir quş idi, uçub getdi. Düz deyirlər, sağlığında qiymət verin insanlara, yaxşı deyin yaxşılara. Deyirikmi? Allah bilir…

Əhməd Cavadı da beləcə itirdik.

Paşa HÜSEYNOV

Əhməd İsayev | “Gəncə və gəncəlilər” |

Bakı | “Azərnəşr” | 1991-ci il


Paşa HÜSEYNOV

Əli Saləddin

Əhməd Cavad və Rəfibəylilər

Taleyin daim amansız zərbələrinə məruz qalan böyük şairimiz Əhməd Cavadın həyat və yaradıcılığı 20-ci əsr Gəncə ədəbi, ictimai və siyasi mühiti ilə çox bağlıdır. Desək ki, dünyagörüşü, zövqü və idealı tamamilə bu ab-havada formalaşıb, əsla səhv etmərik.

Şairin 1906-1912-ci illərdə Gəncə mədrəsəsində təhsil aldığı dövrdən başlayaraq, ona dərs verən müəllimlərini nəzərə almasaq, 1920-ci ilə qədər iki qüdrətli, möhtəşəm qanadı vardı. Bunlardan birincisi Nəsib bəy Yusifbəyli (el içində ona “Usubbəyli” deyirdilər), ikincisi Ələkbər bəy Rəfibəyli (xalq arasında “Ələkbər ata” adlanırdı) olub. Gənc Cavadı bu qanadlar çox uzaqlara və yüksəkliklərə pərvazlandırıb, böyük Türk Dünyası ilə qovuşdurub. Bu yolda Müsavat partiyasını, Məmməd Əmini, Hacı Zeynalabdin Tağıyevi, Süleyman bəy Bejanoğlunu, doktor Xosrov paşa Sultanovu, Nuru paşanı, onlarla bir-birindən “iyi” olan arkadaşlarını tapmışdı. Bununla yanaşı Qars, Trabzon, Ərzurum, Ərdəhan, İstanbul, Anadolu, o sıradan Dağıstan, azəri türkləri yaşayan Gürcüstan elləri və s. regionlar onun fəaliyyət dairəsinin bir hissəsini təşkil edirdi.

Gəncədə hələ tələbə ikən Cavad Ələkbər bəyin diqqətini cəlb edib. Bir dəfə Nəsib bəy 1912-ci ildə Azərbaycanın ilk professional tənqidçisi və ədəbiyyatşünası Abdulla Surun dəfnində Cavadı Ələkbər bəyə təqdim edib, istedadlı, qabiliyyətli tələbə və şair olduğunu bildirib. Bu görüş nəticəsində həmin ildə Türkiyəyə göndərilən nümayəndə heyətinin tərkibinə Ə.Cavad da daxil edilmişdi. Eyni zamanda bu ildə Ruhani Seminariyasını bitirən iyirmi yaşlı Cavadı Gəncədə müəllim saxlamaq üçün qərar verilmişdi. O, Türkiyəyə səfər zamanı nümayəndə heyətindən ayrılmış, yeddi ay İstanbul uğrunda döyüşlərdə iştirak etmişdi. Müəyyən müddət keçəndən sonra Gəncəyə qayıdan Cavad 1913-cü ildə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə şəxsən imtahan verib, “Türk və fars dilləri müəllimi” ixtisasını qazanıb. Beləliklə, Gəncə Xeyriyyə cəmiyyətinin banilərindən və onu inkişaf etdirənlərdən hesab olunub.

1914-cü ildə Birinci Cahan savaşı başlanır. Məşhur xeyriyyəçi doktor Xosrov bəy Sultanov Gəncəyə – Ələkbər bəy və Nəsib bəyin yanına gəlir. O, mərkəz Batum olmaqla özünün rəhbərlik etdiyi “Cəmiyyəti-xeyriyyə”də işləmək üçün Gəncədən bir nəfər nümayəndə istəyilə Gəncəyə gəlir. Ona Cavadı nişan verirlər. Xosrov bəy Ə.Cavadla söhbət edir. Onun çox dil bilməsi, türk ulusuna bələd olması, İstanbul uğrunda döyüşlərdə iştirakı, Sarıqamışda yaşaması, geniş dünyagörüşü və cəhətləri “Cəmiyyəti-xeyriyyə”nin sədrinin çox xoşuna gəlir. Gənc olsa da, Xosrov bəy onu elə Gəncədəcə özünün müavini və cəmiyyətin məsul katibi təyin edir.

Cavadın bu sahəyə gəlməsi, xeyriyyəçi kimi məşhurlaşması, demək olar ki, Ələkbər bəyin zəmanəti və köməyilə hasilə gəlib. Bundan sonra onlar arasında əlaqələr daha da güclənib, Ələkbər bəy Gəncədə Cavadın birinci dayağı olub…

1919-cu ilin aprelində Ələkbər bəy dünyasını dəyişir. Cavad bu münasibətlə “Ələkbər bəy Rəfili bəy” və “Ələkbər bəyin dəfn mərasimi” adlı iki məqalə yazıb “Azərbaycan” qəzetinin 14 aprel 1919-cu il tarixli nömrəsində dərc etdirir. Qətiyyətlə, demək olar ki, bu məqalələr indiyə qədər də Ələkbər bəyə həsr olunmuş ən səmimi, ən yaxşı xatirə, vida yazısı, “xalqın taleyinə yazılan”, millətsevərə verilən ən yüksək qiymət idi. İlk cümləsindən “Ələkbər bəyin Gəncəsi – Ələkbər bəyini itirdi” deyən şair onun portret cizgilərini, mədəniyyət və maarif sahəsindəki fəaliyyətini çağdaş nəsil üçün bir-bir açıqlayır, oxucularında onun şəxsiyyəti barədə tam təsəvvür yaradır. “Mərhumun yeganə oğlu Xudadat bəy və əqrəbaları tərəfindən maarif işlərinə və məktəblərə sərf olunmaq üçün 40.000 (qırx min) manat ehsan etdiklərini xəbər verdi”. Millət vəkili, millət xadimi məhz belə olmalıdır. Həmin məqalədə öyrənirik ki, bir çox nümayəndələrlə yanaşı Əhməd Cavad Ələkbər bəyin dəfn mərasimində Müsavatın Mərkəzi və onun Gəncə şəhər şöbəsi adından çıxış edib və Xudadat bəyə başsağlığı verib. Ələkbər bəyin ölümündən sonra Ə.Cavad Gəncənin general qubernatoru seçilən Xudadat bəylə sıx əlaqə saxlayıb, doğma şəhərə hər gələndə Gəncənin rəhbəri kimi onunla görüşüb. Xüsusən, Gəncədə maarif və mədəniyyət quruculuğunda Ə.Cavad Nəsib bəyin ən yaxın köməkçisi kimi Xudadat bəyin əli ilə bir sıra xeyirxah işləri, tədbirləri həyata keçirə bilib. Doktor Xudadat bəy 1920-ci il aprel çevrilişindən sonra qətlə yetirilib. Bu hadisə respublikaya üz vermiş dəhşətli günlərdə onun ailəsinin vəziyyətini çox ağırlaşdırıb, ümidini tamam qırıb. Xudadat bəyin arvadı Cəvahir xanım, qızı Nigar, oğulları Kamil və Rəşid, demək olar ki, hər gün öz “həbslərini” gözləyə-gözləyə, səksəkədə yaşayırdılar. Bu çətin, dözülməz və imkansız məqamlarda Əhməd Cavad onlarla əlaqəsini əsla kəsməyib, bir qədər gücləndirib.

Halbuki Cavadın vəziyyəti onlarınkından heç yaxşı deyildi. Şair Müsavat partiyasının, onun Mk-nın, Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamanının üzvü olması, ADR-in Dövlət himninin sözlərini yazması, onun Üçrəngli bayrağını tərənnüm edən şeirlər qoşması, Milli Şuranın Sədri Məhəmməd Əmin Rəsulzadənin onu “oğulluğa” qəbul etməsi və sair “qışqıran” cəhətləri Ə.Cavadın hər gün, hər saat, hər dəqiqə həbs olunması, güllələnməsi və ya sürgünə göndərilməsi demək idi.

Amma Əhməd Cavad qorxmaz, dəyanətli şəxsiyyət, dost idi. O, nə Ələkbər bəyin, nə də Xudadat bəyin xidmətlərini unutmayıb. Öz başı üstündə qara buludlar oynaşanda Xudadat bəyin ailəsinə imkanı daxilində kömək edir, onlara mənəvi yardımda bulunurdu. Cəvahir xanımla Nigar şairin Qız qalasının yanındakı Böyük Qala küçəsi 12 nömrəli evinə tez-tez gəlirdilər. Nigar şeir qoşurdu. Bu qabiliyyətindən birinci Əhməd Cavad xəbər tutmuşdu. O, Nigara şeir-sənətin sirlərini açır, əlindən gələn köməkliyi göstərirdi. Bilirdi ki, Nigar müqəddəs ailədən çıxmışdı, əsli-kökü, nəcabəti vardı. Nigarın sinəsində deməyə sözü çoxdu. Başlarına gələn hadisələr cild-cild kitablara sığmazdı.

20-ci illərin ortalarından yenə tuthatut başlamışdı, geniş təmizlənmə işləri aparılırdı. Cəvahir xanım bir gün qızı Nigarla yenə Cavadgilə gəlmişdi. Şairin böyük oğlu Niyazi müəllim bunu belə xatırlayır: “Cəvahir xala atamla o biri otaqda xeyli danışıb ağladı. Oğlanlarının taleyindən narahat olduğunu bildirdi. Atam onlara kömək etməyə boyun oldu…

Bir haşiyə. 1923-cü ildə Ə.Cavad Müsavatın liderlərindən Mirzə Bala Məmmədzadəni Türkiyəyə qaçırtdığına görə həbs edilmiş, adı “güllələnəcək məhbuslar”ın siyahısına düşmüşdü. Səkkiz aydan artıq həbsdə qalmış, işgəncələrə dözməli olmuşdu. Əgər köhnə dostu Hüseyn Musayev olmasaydı, yəqin ki, elə 1924-cü ildə güllələnəcəkdi.

Bu hadisədən sonra hələ 1925-ci ildə “Göy göl” şeirinə görə onun ikinci dəfə həbs edilməsini demirəm – yenidən belə bir hadisəyə qol qoymaq çox böyük risk tələb edirdi. Başqa sözlə, bu hərəkət, yəni Kamili Türkiyəyə qaçırtmaq, “Əzrayılla çilingağac oynamaq, ölümlə güləşmək” demək idi. ÇK (FK) əlində dəyənəyi hazır dayanmışdı.

Niyazi müəllim xatırlayır: Cəvahir xala bizdən gedəndən bir neçə gün sonra Kamil özü bizə gəldi. Atamla Cəvahir xalanın danışdığı otağa çəkildi, uzun-uzadı danışdılar, götür-qoy etdilər. Atam bundan bir neçə gün keçəndən sonra Kamillə Batuma getdi. Ümidini babam Süleyman bəyə bağlamışdı. Süleyman bəy həm də Xudadat bəylə yaxın idi, bir-birini eşidirdilər. Amma atam Süleyman bəydən gizli anamı götürüb qaçdığına görə babamla küsülü idilər, hələ barışmamışdılar. Buna görə atam babamın yeganə oğlu Fuad dayımla evlərinin yanındakı parkda görüşməli oldular. O günlərdən dayımla atamın qoşa şəkli yadigar qalıb. Atam məsələni dayıma açır, bunu atasına deməsini xahiş edir. Fuad bəy Cavadın xahişini nəzərə alıb məsələni olduğu kimi atası Süleyman bəyə çatdırır. Babam, hələ də, Əhməd Cavaddan yanıqlı olsa da, yeganə oğlunun xahişinə və köhnə dostu Xudadat bəyin xatirəsinə görə Kamili Türkiyəyə keçirir.

Bununla da, Kamil onu gözləyən təhlükədən – ölümdən birdəfəlik xilas olur.

Kamil Rəfibəyli sağ-salamat Türkiyəyə çatana kimi Ə.Cavad Batumda qalır. O, Cəvahir xanımla Nigarı sevindirir. Xoşbəxtlikdən, bu dəfə Mirzə Balanı Türkiyəyə qaçırtdığı vaxt olduğu kimi Əhməd Cavadla maraqlanan olmur. Hər şey yaxşı ötüşür, peşmançılıq baş vermir…

Şair son günlərinə kimi Nigarın taleyi, yaradıcılığı ilə maraqlanıb.

“Əhməd Cavad və Rəfibəylilər” geniş və əhatəli mövzudur. Həmin mövzudan çox müxtəsər bəhs etdik. Əhməd Cavadın həyatının, xeyirxahlığının çox cüzi səhifələrini oxuculara nişan verdik. Fikrimizcə, bu səhifələr heç bir zaman solan, saralan səhifələr deyil. Bunlar alın yazısı, tale yüklü ömür salnaməsidir.

Əli SALƏDDİN

“Mədəni-maarif işi” jurnalı | 1992-ci il | №2


Fuad Bejanidze

(Şükriyyə xanımın qardaşı)

Mən onu həmişə xatırlayıram…

1914-cü ildə Dünya müharibəsi başlandı. 1915-ci ildə isə ermənilərin Anadoluda, Türk kəndlərində törətdiyi qırğınlar Türkiyə hökumətini qəzəbləndirdi və buna görə ermənilərə qarşı cəza tədbirləri gördü. O vaxt Türkiyə tərəfdən qaçqın çox idi. Aləm bir-birinə dəymişdi. Ermənilər Batumda öz qaçqınlarına yardım komitəsi düzəltdilər. Bakıdan gəlmiş Cavad da burada türk qaçqınlarına kömək cəmiyyəti yaratdı və tezliklə Çakvada bu cəmiyyətin ianəsi hesabına saxlanılan uşaq evinin müdiri oldu. Bu cəmiyyətin işində dayım Nuru bəy yaxından iştirak edirdi. O, Cavadla yaxından dost idi.

Şükriyyə Batumda qız gimnaziyasında oxuyurdu. Amma Cavada ərə getdi, gimnaziyadan qaldı. Yadımdadır, 1919-cu ilin əvvəlində Cavad Şükriyyəni də götürüb bizə gəlmişdi. Atam kiçik Niyaziyə çəp-çəp baxırdı.

Şükriyyə çox qoçaq qız idi. Bir dəfə Bakıda Cavadla küçədə gedərkən bir nəfər onlara söz atır. Şükriyyə ona elə ilişdirir ki, kişi dərhal yerə yıxılır. Elə sürgündə də özünü sındırmayıb. 1946-cı ildə sürgündən birbaşa evimizə – Batuma gəlmişdi. Elə sevinirdik ki… Buradan da Bakıya gedib uşaqlarını bir yerə yığdı. O vaxt Bakıdan birbaşa Batuma gedib gələn qatarla onu da yola saldıq.

Əhməd Cavad dada yetməyi bacaran, xeyirxah adam idi. Öz xalqını sevir, onun maariflənməsinə, xüsusən, qadınların təhsil almasına çalışırdı. Mən onu həmişə xatırlayıram…

Fuad BEJANİDZE

(Şükriyyə xanımın qardaşı)

Nazif Ələkbərli | “Üç budaq” | Bakı | “Gənclik” | 1999-cu il



Mustafa Bejanidze

(Şükriyyə xanımın əmisi oğlu)

Əhməd Cavad haqqında xatirə

Əhməd Cavad haqqında xatirə yazmaq çətindir, illah da, mənimçün. Əlbəttə, onun ləyaqətinə, şərəfinə layiq, bütün xarakterini aça bilən xatirə yaza bilmərəm. Amma xatırlaya bildiklərimi yazacağam.

Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) bitirmişəm. 1932-ci ildən 1937-ci ilədək Bakıda oxumuşam. Cavadın ailəsinə daim yaxın olmuşam.

Əhməd Cavad yadımda xeyirxah, işini bilən, istedadlı şair kimi qalıb. Köməyindən istifadə etmişəm. Əhməd Cavadın evində Şükriyyənin bacıları, onlarda qalan qusarlı qız, adını xatırlamadığım çox gənclər vardı. Hiss edirdim ki, bu xeyirxahlıq onun qəlbinin dərinliklərindən gəlir, yəni demək istəyirəm, mənə Şükriyyənin qohumu olduğum üçün hörmət etmirdi. Əhməd Cavadın yanına çox adamlar gələrdi. Hamısı da məşhur, görkəmli adamlar idi. Onu küçədə Səməd Vurğun, Üzeyir Hacıbəyov və başqaları ilə görüşən görmüşəm.

Onun həbsi bizimçün gözlənilməz idi. Çünki bu adam heç kimə ziyan vurmamış, heç kimi incitməmişdi. Əksinə, onu daha çox incidir, əsəbiləşdirirdilər. Bu vaxtlar onun qanı qaralır, emosiyalarını gizlədə bilmirdi. Bu hallar onun həyatında çox olurdu. Tərcümə etdiyi bir əsərə görə lap əldən salmışdılar. Neçə dəfə yuxarı təşkilatlara gedib gəldi. Ona qarşı hörmətsizlik bizə də pis təsir edirdi.

O illər haqqında ətraflı düşünərkən şairi minnətdarlıqla xatırlayıram.

Mustafa BEJANİDZE

(Şükriyyə xanımın əmisi oğlu)

Nazif Ələkbərli | “Üç budaq” |

Bakı | “Gənclik” | 1999-cu il

İdris Əlizadə

Əhməd Cavadla qoşa

Gəncə Ruhani mədrəsəsində Əhməd Cavadla bir sinifdə oxumuşam. “ilahiyyat”, “Quranın oxunması”, “ərəb dili”, və “fars dili”ndən, “tarix”, “coğrafiya”, “rus dili”, “cəbr”, “həndəsə”, hətta “təmizlik və sağlamlıq” dərsləri də keçilirdi. Sinifdə Quranı yaxşı oxumaqda, ərəb, fars sözlərinin lüğəvi mənalarının izahında Ə.Cavadla mən fəal iştirak edirdik. Çünki mən də, Əhməd Cavad da mədrəsəyə daxil olmamışdan əvvəl ailəmizdə Quranı oxuyub çıxmışdıq. Onun babası müctəhid, atası axund olmuşdu.

Ə.Cavad bütün tələbələrdən ona görə seçilirdi ki, yaxşı oxumaqla bərabər şeir də yazırdı. Ruhani Seminariyasını bitirən tələbələrə ali məktəbə daxil olmağa icazə verilirdi.

Artıq təhsilimizi başa vururduq. Sevincimizin həddi-hüdudu yox idi. Acı xəbər bu sevinci ürəyimizdən qopartdı: 8 may 1912-ci il. Əziz və hörmətli müəllimimiz Abdulla Surun vəfatı xəbəri verildi. Dəfn mərasimində Ə.Cavad gənc müəlliminin ölümü münasibətilə yazdığı şeirini oxudu. Şeir “İqbal” qəzetində dərc edildi. O, əziz müəlliminin xatirəsinə “mərsiyə” də yazmışdı. “Mərsiyə” indiyə qədər yadımdadır. Bütün tələbələr onu əzbərləmişdilər:

Cavan öldün, dünyadan kam almadın,

Çox çalışdın, zəhmətdən heç doymadın,

Əfsus ki, fikrinə nail olmadın,

Ağla, qardaş, ağlamalı günündür.

Ə.Cavad Gəncə qəzası Şamxor rayonunun Seyfəli kəndində anadan olsa da, mədrəsəni bitirdikdən sonra müəllimlik və yaradıcılıq fəaliyyətini Gəncə ədəbi mühiti ilə bağladı. Savadsızlığın ləğvi üçün kurslar təşkil etdi. Dövrün ən çətin illərində Gəncənin ətraf kəndlərində məktəblər, kitabxanalar, uşaq bağçaları açdı. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı xeyriyyə cəmiyyətinin fəal üzvü kimi də şöhrətləndi.

Azərbaycan Demokratik Respublikasının milli Dövlət himni də Ə.Cavad tərəfindən yazılmış, böyük bəstəkar Üzeyir bəy ona musiqi bəstələmişdir. Gəncə Dövlət Dram teatrının sifarişi ilə Əhməd Cavad V.Şekspirin “Otello”, “Romeo və Culyetta”, “Yuli Sezar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə etdi, tamaşaya qoyuldu.

Əhməd Cavad dörd-beş dildə yazıb-oxumağı bilirdi. Alman dilini isə hələ uşaq ikən kəndlərində öyrənmişdi. Onlarla qonşu kənddə çoxlu almanlar yaşadığı üçün ora “Ləmsə” (nemes) kəndi deyirdilər. Sonralar dəyişdirib adını “Leninkənd” qoydular.

Bütün fəaliyyətini xalqın maariflənməsi və inkişafına həsr edən Cavadın istedadına paxıllıq edənlər tapıldı. 1920-ci ildən sonra onun faciəli illəri başlandı. Şeirlərində qüsur axtardılar. 1925-ci ildə çap olunmuş “Göy göl” şeirinin üstündə həbs edildi. 1920-1930-cu illər arasında iki dəfə həbs olundu.

Nəhayət, Əhməd Cavad da repressiya qurbanlarından oldu. 1937-ci il 13 oktyabrda qətlə yetirildi.

İdris ƏLİZADƏ

Afət İdrisqızı | “Gəncə zərəfşanları” |

Bakı | “Cik-cik” | 1996-cı il

Naği Keykurin

Xatirə dəftərimdən bir yarpaq

Müasir Azərbaycan ədəbiyyatında çox mühüm yeri olan və milli şeirləri ilə yepyeni bir cığır açan Əhməd Cavad İstiqlal şəhidi Cavad xanın, uğrunda sevə-sevə can verdiyi Gəncə şəhərinin Seyfəli kəndində dünyaya gəlib. 1902-ci ildə ruhani məktəbinə daxil olan Cavad 1909-cu ildə oradan məzun olub.

1905-ci il inqilabında məmləkətləri müstəmləkəçi Rusiya tərəfindən işğal və istila edilən müxtəlif məhkum millətlər kimi Azərbaycan türkləri də yeni şərtlərdən istifadə edib və məhdud ölçüdə olsa da, bəzi milli istəklərinə nail olub. İlk açılan məktəblərdə tədris türkcə idi.

Əhməd Cavad yeni açılmış türk məktəblərindən birində müəllimlik edərkən Balkan müharibəsi başlamış və o üç müəllim dostu ilə birgə müharibəyə könüllü yazılmışdı. Bununla əlaqədar gənclərin təşkil etdiyi uğurlama mərasimində milli duyğuları dilə gətirən həyəcanlı nitqlər söylənmiş və Anadoluda türk qardaşlarımıza yardıma gedən bu münəvvər könüllülər səmimiyyətlə yola salınmışdılar. Bu könüllü gənclər o zamankı gizli milli təşkilatımızın fəxri rəisi Nəsib bəy Yusifbəylidən İstanbulda yaşayan Akçuraoğlu Yusif bəyə xitabən xüsusi məktub aparırdılar. Akçuraoğlu Cavad və dostlarının gətirdikləri məktubu aldıqdan sonra məmləkətdə nə işlə məşğul olduqlarını xəbər almış və müəllim olduqlarını öyrənincə demişdi:

“Övladlarım, Balkan müharibəsi əsgəri deyil, siyasi hərbdir. Çox yanlış hərəkət etmisiniz. Məmləkətdəki vəzifəniz türklük üçün daha faydalı, daha vacibdir. Həmən geri qayıdın, müəllimlik fəaliyyətinizə davam edin. Rusiyaya əsir düşən türklərin qurtuluşu siz münəvvər gənclərin çalışmalarıyla reallaşacaq”.

Cavad və dostları Gəncəyə dönərək müəllimliyə davam etdilər və yenidən irşad yoluna girdilər.

Əhməd Cavadı Birinci Dünya müharibəsinin 1915-ci ilində dostlarıyla bərabər Cəmiyyəti-Xeyriyyənin tərkibində Qafqaz cəbhəsində görürük. Rus işğalı altında olan Türkiyə torpaqlarında fəlakətzədə türklərə yardım üçün həvəslə işləyirdilər. Cavad 1916-cı ildə cəbhədən Gəncəyə gəlmişdi. Onu düşüncəli gördüm, bir şeyə üzülmüşdü. Soruşdum, danışmağa başladı. Sözlərindən məlum oldu ki, Cavad Batumidə Acara bəylərindən birinin qızı ilə tanış olmuş, bundan sonra görüşməyə başlamış və sevgiləri daha da alovlanmışdı. Evlənməyə qərar vermişdilər. Bundan sonra Cavad Batumi Cəmiyyəti-Xeyriyyə rəisi doktor Mahmud bəyi qızı istəmək üçün elçi göndərmiş, fəqət rədd edilmişdi. Cavadın gözlərinə baxdım, çox üzgün idi, maraqlandım ki, qızın son cavabı nədir. O gözlərini gözümə dikərək həzin səslə dediyini təkrar etdi: “Səninlə evlənmək qərarıma heç bir qüvvə mane ola bilməz, son çarə kimi qaçmağa da razıyam”. Cavad tərəddüd içində idi. Hələ bu yolda qəti qərar verməmişdi. Amma sevgilisinə tez qovuşmaq istədiyi hər halından bəlli idi. Ona, “üzülmə, üzün gülsün, dərhal Batumiyə get, sevgilini tap, qaçın, bu haqda mənə xəbər verin və gerisinə qarışmayın” – dedim. Cavadın gözündə ani bir işıq və sevinc parladı. Gələcək günlərin həyəcanı onu hərəkətə gətirmişdi. İki gün sonra teleqraf aldım. Yola çıxdıqlarını və qatar nömrəsini bildirmişdi. Həmən fəaliyyətə keçib dostları topladım. Görüşüb qərar verdik. Bir dostumuzu Seyfəli kəndinə göndərərək Cavadın anasının Gəncəyə gəlməsini təmin etdik. Dostum Zingər Məhmədin evində toy hazırlıqlarını tamamladıq. İstiqlal aşiqi Milli şarimizin yaxın dostlarından qırx nəfər dəvət edib iki sevgilini birləşdirmək üçün gözəl toy etdik. Musiqi və əyləncənin gözəl təsiri içində qəlblər şadlanmışdı. Könüllər nəşəylə çalxalanırdı. O gün həyatımızın xatirə dolu günlərindən oldu.

Eşqləri istiqbal zamanı gəlmişdi, çalğının müşayiətilə birgə stansiyaya getdik. Cavad və nişanlısını hərarətlə qarşıladıq. Musiqi ara vermədən çalır, ənənəyə uyğun fişənglər atılır, silahlar partlayırdı. Birlikdə mərasim evinə qayıtdıq və Cavadın nişanlısını anasına təslim etdik. Ertəsi gün nikah qıyıldı və axşam şəhərin hörmətlilərini toya dəvət etdik. Əhməd Cavadı sevənlər ağır hədiyyələr gətirmişdi. Yeni yuva üçün ev tutmuşduq. Cavadın sevincinin hüdudu yox idi. Bir tərəfdən, sevgilisinə qovuşmuş, vüsala çatmış, digər tərəfdən, sevimli tələbələrini milli ruhda yetişdirməyə davam etmək üçün önündə yeni üfüqlər açılmışdı. Cavad milli işlərimizdə canla-başla çalışırdı. 1917-ci ildə çarlıq devrildikdən sonra Rusiya İmperatorluğunun çökməsi nəticəsində rus ordusu da dağılmağa başlamışdı. Hər tərəfdə anarxiya hökm sürürdü. Azərbaycan xalqı Gəncə şəhərində rus əsgərlərini silahdan təcrid etdi. Hətta cəbhədən geri qayıdan əsgərlərin silahları da əllərindən alınmışdı. Gəncədə milli komitə quruldu. Şəhər və kəndlər Milli Komitənin idarəsi altında idi. Gəncə Milli Komitəsi beş nəfərdən ibarət idi. Milli hərəkətimizin rəhbərlərindən Yusifbəyli Nəsib bəy idi. Üzvlərdən H.K.Hankoylu, əsgəri qüvvətimizi sosialist olan inqilabçılardan Aslan Sətikürdlü idarə edirdilər. Məhməd Pişnamazzadə din üləmasını təmsil edirdi. Komitənin katibi isə gəncliyi təmsil edən Əhməd Cavad idi. Bu komitənin qərarıyla Türk Ordusunun yardımını təmin etmək üçün Osmanlı dövləti nəzdinə göndərildim. Birinci Dünya müharibəsində bütün cəbhələrdə böyük fayda verən “Təşkilati-Mahsusa” tərəfindən Nuri paşanın komandanlığı altında bir əsgəri birlik 1918-ci ilin 25 mayında İstanbuldan Azərbaycanın Gəncə şəhərinə daxil oldu. Üç gün sonra 28 mayda mərhum Məhəmməd Əmin Rəsulzadənin rəyasəti altında olan Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan edilmişdi. Bundan sonra 4 iyunda Batumidə Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında andlaşma imzalanmışdı. Andlaşmaya görə Türk Ordusu Gəncəyə girir və Nuru paşanın könüllü əsgərlərinə əlavə qüvvə göndərilirdi. Bundan sonra Anadolu və Azərbaycan məhmədçiklərinin əl-ələ verərək Bakını düşməndən təmizləmələri baş verdi. Bakıda çoxlu rus, ingilis və erməni əsgərləri vardı. Bunlar Birləşmiş Türk Qüvvətləri qarşısında qar kimi əridilər. Nuru paşa Əhməd Cavadı cəbhəyə aparmışdı. Ona əsgəri hərəkəti izlədirdi. Cavad Bakıya hücum edən türk qüvvətlərinin misilsiz qəhrəmanlıqlarından ilham alaraq “Bismillah” şeirini yazdı:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации