Текст книги "Əhməd Cavad haqqında xatirələr"
Автор книги: Sevinc Ədalətqızı
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 5 страниц)
Ola bilsin, bir zamanlar kəndin mənzərəsini belə təsvir etdiyi üçün Əhməd Cavaddan bu gün gileyli qalan da tapılsın. Bu təbiidir. Ancaq nahaq. Axı bu da bir tarixdir. Bu giley-güzar içində Əhməd Cavadı ən çox təmin edən Xuluğun axar-baxarı, füsunkar təbiəti idi. Burda düzdür, Göygöl, Maralgöl kimi gözəllər saçını darayıb pişvazına çıxmırdı, salamına gəlmirdi. Şah dağın döşlərindən duman çəkiləndə, günəşin qızılı cidaları onun sarp qayalarına sancılanda bu mənzərələrdən doymaq bilmirdi, ayrılmaq istəmirdi. İstirahət günlərində Pir çayını keçib Ciyər bulağına sallanar, suyunda hər səhər günəşin çimdiyi bu bulaqdan ovuc-ovuc içərdi. Tez-tez Lar yaylağına, Nanay meşəsinə, Asvar bağına yolunu salardı. Çoban binələrinə baş çəkər, çınqıl kimi səpələnib min bir çiçəkdən, yaşıl işıqlarını yandırmış buzburun otlardan həvəslə qırpan qoyun-quzuya tamaşa etməkdən həzz alardı. Titrək, büdrək cığırları, cəhlimləri gəzib dolaşmaqdan yorulmazdı. Kəndə dönəndə yorğun-arğın dolub-doluxsunmuş kövrək duyğularını vərəqlərə köçürərdi. Bir yol Hacı Cavad onu evinə qonaq dəvət etdi.
– İşlər necə gedir, Mirzə?
– Yaxşılıqdı. Yola veririk.
Süfrə arxasında söhbət gün-güzərandan, dolanışıqdan, ziyalıların sabahından, bir də məktəb qayğılarından düşdü. Hacı Əhməd Cavadın dərs dediyi dördotaqlı məktəb binasını öz puluna tikdirmişdi. Bu məktəbdə dərs demək, balalara təhsil verib savadlı, bilikli böyütmək üçün Bakıdan müəllimlər çağırılmışdı. Əhməd Cavad da bu dəvətlə gələnlərdən idi.
– Sizdən qabaq buraya Qafur Əfəndini çağırmışdım. Gəldi, dərs dedi, sonra da Göyçaya qayıtdı.
Əhməd Cavad Qafur Əfəndinin ədib kimi adını eşitmiş, mətbuatda imzasını görmüş, yazılarını oxumuşdu.
– Onu Qantəmir kimi tanıyırıq, – dedi Əhməd Cavad, – “Qantəmir” Qafur Əfəndinin ədəbi təxəllüsüdür.
– Qafur Əfəndi də tez-tez qonağım olardı. Yaxşı kişi idi. Əsilzadə idi. Kəndimizdə xətri əziz tutulub, hörmət-izzəti çox olub. Böyüklə böyük, kiçiklə kiçik, halalzada adam idi. Bir söznən, oturuşmuş kişi idi. Çalış, sən də onun kimi hörmət-izzət qazanasan. Qayna-qarış, el-obamız belə xoşlayır. Kəndin xeyrindən, şərindən qalma.
Əhməd Cavad Xuluğun tarixi, özünə görə tanınmış, üzdə-gözdə olan adamları ilə maraqlanar, bu haqda özü üçün qeydlər aparardı.
– Hacı, – dedi Əhməd Cavad, – deyirlər bu kənddə bir qazi olub. Hacı Məhəmməd, necə kişi idi?
– Onu görməmişəm, amma onunla bir qövmdənəm. Qoçaq adam olubdu. Özü də 1837-ci il Quba üsyanına başçılıq edənlərdən idi. On iki minlik süvarisi ilə Qubadakı rus qarnizonunu darmadağın eləyibdi.
– Bəs Hacı, onun taleyi necə oldu?
– Taleyi yaxşı qurtarmadı. Çar hökuməti əlavə qoşun göndərdi. Üsyanı yatırdı, özünü də, balasını da edam elətdirdi. Ordusunu pərən-pərən saldı. İmkanı olan meşələrə çəkildi, Dağıstana üz tutdu, bəziləri də Muğana pənah apardı. Əsl qələmə gələsi mövzudur. Bəlkə, bu haqda qələm işlədəsən, Mirzə?!
– Görək sağlıq olsun. Çalışaram.
Əhməd Cavad bu əhvalatla maraqlanıb üsyanın tarixini öyrənsə də, bu haqda heç nə yazmadı. Nə üçün, Allah bilir.
Hacı Cavad Əhməd Cavadı yola salanda evin orta dirəyindən asılmış ağ kürkü götürdü:
– Mirzə, bu kürk sənə məndən peşkəşdi, – dedi, – bizim kəndin qışı sərt keçir. Geyinər, üşüməzsən.
Əhməd Cavad ona təşəkkür elədi, evə qoyun dərisindən tikilmiş kürklə qayıtdı və Hacı Cavadın ona bağışladığı bu kürk əhvalatını dostu Abdulcəlil Əfəndidən mübhəm saxlamadı. Əhməd Cavad hərdən Gəncəbasar – eli-obası, doğma ocaqçün darıxanda, kənddə müəmmalı baxışlarla qarşılaşanda dostuna gənəşər, deyərmiş ki, a Mirzə, nə yaxşı, bu dünyada sən varmışsan. Allah səni mənə çox görməsin. Hərdən hövlümdən, az qalır, bağrım çatlasın. Məni burda saxlayan Hacı Cavadın alicənablığı, sənin ünsiyyətindi.
İki dost saatlarla türkcə qonuşar, bundan ləzzət alardılar. Türkiyənin gəzməli-görməli yerləri, İstanbul ab-havası, tanınmış türk yazarlarının əsərləri söhbətlərinin əsas mövzusu idi. Bir gün Əhməd Cavad Abdulcəlil Əfəndiyə dedi:
– İstəyirəm, Həzrəyə gedəm.
– Nə işə?
– Qızılbaş sərkərdəsinin məqbərəsinə baş çəkməyə.
– Gedəcəyin kəndin tarixi adı “Yargun”du. İstəyirəm, onu biləsən.
– Bəs niyə ona “Həzrə” deyirlər? Dildə-ağızda Həzrə eşitmişəm.
– Həzrə adının tarixi qədim deyil. Şah İsmayıl Xətayinin babası Şeyx Cüneyd dağlılarla vuruşmada indi Samur adlandırdığımız qədim Alpan çayının sahilində öldürülür və müridlər gətirib şeyxi Yargun kəndinin görənəkli yerində basdırırlar. Ən sədaqətliləri qalıb yerlilərə qarışır, bu kənddə məskunlaşırlar. Şeyx Cüneydin oğlu Heydər atasına sərdabə ucaldır və Şeyx həzrətlərinin şərəfinə kənd “Həzrət”, sonra “Həzrə” adlandırılır. “Həzrə” “Həzrət” sözündəndir. Yargun kəndinin tarixi isə alban mədəniyyətinə gedib çıxır. Vaxtilə orada Yargun şəhəri olub.
Əhməd Cavad bu söhbətin ertəsi günü Həzrədə oldu, Samurun çağlayan nəğmələrini dinlədi. Sərdabəyə baş çəkdi. Ziyarətdən qayıdanda Abdulcəlil Əfəndiyə dedi ki, kəndin camaatı pis deyil, mehriban, gülərüzdü, amma sərdabəyə yaxşı qulluq eləmirlər…
… Əhməd Cavadın Xuluqda oğlu dünyaya gəlmişdi. Dostlar təbrik üçün şairin mənzilinə yığışmışdılar. Söhbət arası Əhməd Cavad sevincini Abdulcəlil Əfəndidən gizləmədi. Həm də uşaqların dünyaya gəlişi ilə gün-güzəranı ağırlaşdığından da gileyləndi. Yaşca ondan böyük Abdulcəlil Əfəndi elə o axşam bu məzmunda bir yazı yazdı:
“Gəncəli Cavad Axundun bizim Xuluq qəryəsində müəllim olduğu zaman, onun bir erkən fərzəndi olub, yəni bir oğlan var idi, yeni bir oğlan dünyaya göz açdı. Biçarə özü çocuqlar çoxdur deyə bunu bəla sayıb, bizə şikayət edirdi, zəmanənin darlığına görə çox xəcalət çəkirdi. Məzkur Cavad yaxşı şair olduğuna görə bən ona nəzm formasında bir təbriknamə yazıb təsəlli elədim.
Oğlum, səni təbrik edirəm:
Gəncəli qardaş, həm bizə sirdaş.
Barı sənə bir hörməti verdi iki yoldaş,
oldu iki qardaş.
Bin doqquz yüz iyirmi biridir gəldi cəhanə,
midər də imanə.
Martın onu on beşdə bu şəms çıxdı
fəsanə, məxluqə zəmanə.
Çıxdı, yenə çıxdı bizə bu şəmsi ziyası,
həm ruyi sinası.
Dürr çıxdı sədəfdən biliniz qədr səması,
olurmu bəlası?!
Abdulcəlil Əfəndi Əhməd Cavada bir yol dedi ki, Lermontovdan şeirlər tərcümə edirsən. O şairin yaln;z adını eşitmişəm. Şeirini də oxumamışam. Rusca da, demək olar ki, heç nə bilmirəm.
– Lermontov maraqlı şairdi. Ruhən mənə yaxındı. Aşıq Qərib mövzusunu bu eldən-obadan alıbdı.
– Onun Qusarda qalıb bir neçə gün bu torpağı gəzib dolaşdığını bilirsənmi? Bunun özü bir mövzudur. Şeirdən, poemadan qaralamaq olar, Mirzə?
– Bu haqda, düzü, eşitmişdim, yəqinini bilmirdim.
Əhməd Cavad kəndin xeyirində-şərində yaxından iştirak eləyirdi. Hacı Cavadın öyüdünü qulağına sırğa eləmişdi. Toylara gedər, oxunan “Pərizadə”, “Peykərxala” el nəğmələrinə qulaq kəsilər, ləzgi xalq mahnılarını vurğunluqla dinləyərdi. Əhməd Cavad bir yol söhbət əsnasında Abdulcəlil Əfəndiyə dedi:
– Mirzə, ləzgilərin içində görkəmli ərəbşünasların olduqlarını eşitmişəm və öyrənmişəm, onların əksəriyyəti də Dağıstanda yaşayır. Görkəmli alim Həsən Əlqədarinin Bakıda nəşr olunmuş əsərlərini mütaliə etmişəm. Şairlərdən Yetim Eminin əsərlərini gözdən keçirmişəm. Şeirlərində nə qədər “türk” sözü olsa, yaxşıdır, bu nədəndir belə?!
– O, türk, Azərbaycan, ərəb dillərini mükəmməl bilibdi. Füzulidən təsirlənərək qəzəllər də yazıbdı. Dil öyrənməkdə səriştən var, vaxt gələr, Yetim Emini də, Süleyman Stalskini də, Həsən Əlqədarini, Səid Kuçuxurskini də orijinaldan oxuyarsan.
– İndiyə kimi ən azı səkkiz dil bilirəm. Ləzgicəni də öyrənsəm, olar doqquzuncu.
– Nə qədər çox dil bilsən, mirzə, bir o qədər yaxşıdı. Bu o deməkdi ki, hər eldə, obada sənin yerin var, qalmağa evin var.
Bir gün Abdulcəlil Əfəndi Əhməd Cavada dedi:
– Qonşu kəndə bir eloğlumuz da sənin kimi müəllim gəlibdi. İlahiyyatdan dərs deyir. Görüş onunla, darıxmazsan.
– Kimdi o, bəlkəm də, tanıyıram?
– Mir Cəfərdi adı. Dərs dediyi kənd məktəbi uzaqda deyil. Burdan buradı. Əlimizi uzatsaq, çatar. Nəcəfkənddə olur.
Çiçəklərin püskürüb yerdə tufan qopardığı bir yaz günü əl verib görüşdülər, tanış oldular, ülfət bağladılar. Elə o gündən bir-birilərinin evinə gedib gəlməyə başladılar, çörək kəsdilər.
– Olmaz Şükriyyə xanımın bişməcələrindən. Yeməkdən doymaq bilmirsən, – deyərdi Mir Cəfər. Mir Cəfər təkəm-seyrək Qubaya – evlərinə gedər, bacısına-qardaşına baş çəkib qayıdardı Xuluğa. Nəcəfkəndə dönənbaş özüylə qubalıların dadlı yeməklərindən, bişməcələrindən gətirərdi. Əhməd Cavadı Quba paxlavasına, bükməsinə qonaq eləyərdi. Bir gün Mir Cəfər ona,
– Bir dostumuz da olacaq, – dedi.
– O kimdi belə? – Əhməd Cavad xəbər aldı.
– Hüseyn Musayev. Çox qabiliyyətli ziyalıdı. Əsli Şamaxıdandı. Arvadısa rusdur. Rusla evlənibdi. Səni onunla tanış eləyərəm. Özün görəcəksən, necə qaynayıb-qarışan adamdı.
Vaxtaşırı görüşür, söhbətləşir, dərdləşirdilər. Mir Cəfər həm də Abdulcəlil Əfəndiylə əlaqə saxlayırdı. Ondan özünə gərək bir neçə kitab da almışdı. Məqsədi sadəcə kitab mütaliə etmək yox, həm də dərs dediyi ilahiyyat elminin sirlərinə daha dərindən vaqif olmaq idi. Bir yol Mir Cəfər Əhməd Cavada dedi:
– Səni yaxşı bir yerə aparacağam, yığış, gedək.
– Bilim də, getdiyimiz yer haradı.
– Hər halda səni pis yerə aparmaram ki. Hüseyngilə gedəcəyik. Oğlu olubdu. Gedək, təbrik edib qayıdaq.
Əhməd Cavad dərsdən çıxıb Nəcəfkəndə, ordan Mir Cəfərə qoşulub Hüseyngilə yollandı. Hüseyni təbrik elədilər. Anna Fyodorovna onlar üçün süfrə açdı. Mir Cəfər xəbər aldı:
– A Hüseyn, uşağa ad qoymamısan ki?
– Yox hələ.
– Qoy şair ona ad qoysun.
Əhməd Cavad uşağa ad bağışladı. Ağzını körpənin qulağına tutdu.
– Sənan! Adını mən verdim, qalanı tanrıdan.
Bir gün Abdulcəlil Əfəndi Əhməd Cavada söylədi:
– Mir Cəfərin müsəlmançılığı, ədəb-ərkanı, əxlaqı xoşuma gəlir, amma evi tikilmiş hikkəlidi, əzazilliyi də var. Ha istəyir, dediyi olsun. Amma gözü-başı qaynayır, xata-günə adama oxşayır. Eloğlum da olsa, düzü belədi.
– Onu bir yol mənə Şükriyyə də deyibdi, gizlətmirəm səndən.
– Ürəyinə başqa şey gəlməsin. Şorgöz adam deyil, amma hər halda ehtiyatlı dolanmalı adamdı. Bir də görürsən, bir budaqda oturub min budaq silkələdi.
Əhməd Cavad dinmədi. Gözü yol çəkdi. Bu an Abdulcəlil Əfəndinin nə danışdığını, bəlkə də, heç qulağı kəsdirmirdi. Fikri Göygöldə, Gəncəbasarda idi.
Günlər, aylar ötdü. Zaman dəyişildi. Mir Cəfər dərs dediyi ilahiyyat fənnini büsbütün unutdu. Əlinə qəzəb şəmşirini aldı. İlkin sirrinə, davranışına bələd olanların əl-ayağın yığdı. Əhməd Cavad getdi. Şükriyyə xanım ərinin taleyindən xəbər bilməkçün qapılar döydü. “Xalq düşməni”nin arvadı etinasız baxışlarla qarşılandı. Saatlarla qapı dalında qaldığı günlərdə hərdən xəyalən Qusarda keçən o bəxtəvər günlərə qovuşur, göz yaşlarını örpəyinin ətəyinə yığır, lal haraylarını içində təkcənə özü eşidirdi. Qayğısız keçən bir neçə ilini həsrətlə yad edirdi. Biləndə ki, o günlər bir də geri dönməyəcək, başından tüstü çıxırdı. Batumdakı evlərini, atasını, anasını, dayısını andı. Qara dənizin sularına qarışmış həzin türk nəğmələri qulağında çınlayırdı. Əhməd Cavada qoşulub getdiyi o gecənin, o cavanlıq illərinin qədir-qiyməti, aman Allah, necə də unudulmaz idi. Heyif, o günlərdən, o çağlardan. Yadına düşəndə ki Əhməd Cavadla bir də diz-dizə oturub dodağı şeir pıçıldamayacaq, sevgilisinin ümid dolu səsini bir də eşitməyəcək, az qalırdı, başına hava gəlsin, onda fikri-zikri kədərdən köynək geyirdi. Əhməd Cavad dərdi neçə vaxt idi, daş olub ürəyindən asılmışdı.
Alın yazısına inanmaq gərək. Tale yazısı ilahidəndi. Dünyanın at işləməz yolları, rəng-rəng qəribəlikləri var. Dünənəcən bir gəzib dolandıqları, deyib-güldükləri, çörək kəsdikləri adamların, ilahi, üzü nə tez dönərmiş. Beləsinin üzü əlbət, ətdən deyilmiş. Mir Cəfər Bağırov Hüseyn kişini də tutdurdu. O, il yarım türmədə qaldı və bu müddətdə Bağırova, bəlkə də, yüz bir məktub yazdı. Nə yaxşı ki, cəlladın ürəyinə rəhm doldu, bu yüz bir məktubun, heç olmasa, bircəciyini oxudu, qəzəb xəncərini qınına qoydu, buraxdırdı Hüseyn müəllimi, sözü bu oldu ki, guya onun tutulmağından heç xəbəri yoxmuş. Hüseyn kişi dünyasını da dəyişdi, bilmədi, suçu nəymiş. Onun dalınca xeyriyyəçi Hacı Cavad tutuldu.
Şükriyyə xanım Hüseyn müəllimin ömür-gün yoldaşı Anna Fyodorovna körpə oğlu Sənanla bir müddət Qusarda qalıb yaşamalı, işləməli oldu. Sonrakı ailə sıxıntıları, qayğı-qarğaşa, həqarətli baxışlardan çəkdikləri mənəvi əzab onları təngə gətirdi, köçüb Bakıya qayıtdılar. Əhməd Cavadla Hüseyn Musayevin Qusarda başladıqları ailə dostluqları sonrakı çətin illərdə də pozulmadı, əksinə, möhkəmləndi, bir-birilərinə mənəvi və maddi dayaq oldular. Hüseynin oğlanları – Sənan, Teymur böyüdülər, ərsəyə çatdılar, təhsil aldılar, qulluq, vəzifə sahibi oldular.
Atam Əhməd Cavadı, Hüseyn Musayevi, Mir Cəfər Bağırovu yaxından tanıyırdı. Əhməd Cavadın, Hüseyn Musayevin, qohumu Hacı Cavadın, Abdulcəlil Əfəndinin üstünü qara kölgə alanda Bağırovun atamla işi olmadı, çünki onu bir ziyalı kimi özünə rəqib səviyyəsində görmürdü. Orası da vardı ki, Bağırov Nəcəfkənddə dərs deyəndə atamın yaxın qohumu – bibisi nəvəsigildə qalır və atam Xuluğun ilk kommunistlərindən, kolxoz quruculuğunun ilk mücahidlərindən idisə də, siyasi ab-havada görənəkli, üzdə-gözdə olan adam deyildi, elə buna görə Bağırovun qəzəbinə gəlmədi. Əksinə, işləri dolaşıb düyünə düşdüyü bir-iki yerdə ona qahmar durdu, kömək əlini uzatdı. Onda Mir Cəfər respublikaya rəhbərlik edirdi. Böyüyüb ərsəyə çatanda dədəmdən Əhməd Cavadın, Abdulcəlil Əfəndinin necə tutulmaları haqda o qədər maraqlı, həyəcanlı, ürək sızladan söhbətlərini eşitmişəm ki…
Əhməd Cavad da, Hüseyn Musayev də, Abdulcəlil Əfəndi də bir neçə il dalbadal Qusarda ailəsi ilə istirahət edən, rayon mərkəzindəki evimizdən üçcə ev aralıdakı Balabəy kişinin mənzilinə düşən, onun bağındakı nəhəng qoz ağacının kölgəsində balaları ilə xoş günlər keçirən, “Qusar mülkədarları” adlı publisistik əsərini yazan, elimiz-obamızçün xətri dünyalarca əziz sayılan Yusif Vəzir Çəmənzəminli də zülmə məruz qaldılar. Onların qisməti dəmir barmaqlıqlar, qaranlıq zirzəmilər, uzaq-uzaq sürgünlər oldu.
Əhməd Cavad ömrünün üç ili beləcə bitdi. Çərxi-fələk tərsinə dövran edir indi… El-oba üçün, respublikamız üçün əziz bu şəxsiyyətlərin xatirəsi gərək əbədiləşdirilsin. Bu gün aramızda yaşamayan, dünyadan vaxtsız-vədəsiz, nakam köçən oğul və qızlarımıza borcumuz çoxdur.
Əmir MUSTAFAYEV
“Əhməd Cavad. Məqalələr, xatirələr” |
“Elm” nəşriyyatı | 1996-cı il |
Xatirələr, duyğular
Birinci Dünya müharibəsi başlandı. Ara qarışdı, məzhəb itdi. Məktəblər arxaya köçürüldü, çoxu bağlandı. Yalnız bu zaman Bakı “Cəmiyyəti-xeyriyyə” təşkilatının qızğın fəaliyyəti başlandı. Batumidəki dəstəmizdə Əhməd Cavad da vardı. Dostlaşmağımız çox tez başa gəldi.
Bir gün Trabzondan Batumiyə gələndə Əhməd Cavadı çox dilxor və pərişan gördüm. Səbəbini soruşdum, amma o dəmdə sirrini açmadı. Müəyyən münasibətlə Bakıya gəldim, işimi görüb yenidən Batumiyə qayıtdım. Nəhayət, məlum oldu, Əhməd Cavad Süleyman bəy Bejanoğlunun (varlı türk idi) qızını sevir, özü də bu münasibət qarşılıqlıdır. Amma kimi elçi göndərək? Mahmud bəy Əfəndiyev qəti imtina etdi. Əlacsızlıqdan elçiliyə getməyə razılıq verdim. O zaman iyirmi iki-iyirmi üç yaşım var idi.
Süleyman bəy boy-buxunlu, kök adam idi.
– Süleyman bəyə salam!
– Salam, oğlum, xoş gəlmisən. Mənə dair qulluğun?
– Yük əyməsə, daş qəribliyə düşməz – dedim.
– O nə yükdür?
– Dostum Cavadı tanıyırsınızmı?
– Bizə bir-iki dəfə gəlib. Pis oğlan deyil. Şeirlərini mənə oxuyub.
“Sağ ol, Cavad!” – ürəyimdə əhsən dedim.
– Qızınız Şükriyyə xanımla bizim Cavad bir-birini sevirlər. Gəlin onlara xeyir-dua verək.
– Nasıl? Nasıl? – o yerindən qalxdı.
Qorxumdan mən də qalxdım. Mənə tərəf gələndə bayıra qaçdım.
– Mən şiəyə, qızılbaşa qız vermərəm.
Mən də pilləkanlardan qaça-qaça qışqırırdım.
– Verməzsən, götürüb qaçarıq!
– Baxalım!.. – deyə o bağırdı.
Dediyimizi etdik. Əhməd Cavad Şükriyyəni götürüb qaçdı. Düz iyirmi ildən sonra (1935-1936-cı illər idi) Süleyman bəy Şamxora gəldi. Nəvələrini, qızını, kürəkəni Əhməd Cavadı gördü. Bir müddət qonaq da qaldı…
“Ömürdən yarpaq düşür” kitabından, 1983, “Gənclik” nəşriyyatı
Əli SƏBRİ
“Ömürdən yarpaq düşür” | “Gənclik” nəşriyyatı | 1983-cü il
Rəhman Salmanlı
Əhməd Cavad. Həyatı, mühiti, poeziyası.
Şəmkirdən başlanan yol
Seyfəli kəndi respublikamızın Qərb bölgəsində – Şəmkir rayonunun Gəncəyə tərəf uzanan Kiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Bu kəndin lap yaxınlığından mənbəyini başı buludlara dəyən quşqonmaz zirvələrdən, dibi görünməz dərələrdən alan Şəmkir çayı axır. Bu yerlərin illərlə insan ayağı dəyməyən meşələrinin, bulaqlarının, güllərinin, çiçəklərinin ətrini, ab-havasını, mehri-məhəbbətini damla-damla qoynuna yığan qoca Şəmkir sanki gecə-gündüz Mehrili kəndinə nəğmə deyir, musiqi çalır, ordan da Kürə tərəf axaraq Xəzərə qovuşmağa tələsir…
Bu yerlərdə hər fəslin öz aləmi, ləzzəti var. Mehriliyə yolu düşən yad adam bu nəğmənin ecazkarlığını gündüzlər hiss etməsə də, axşamlar qıjıltıyla axan bu dağ çayının səsindən, ahəngindən gecəni yata bilməz. Özü də ola yaz çağı. Təbiəti duymaq istəyən, bu cənnətməkan gözəlliyi görmək istəyən gərək yazda, heç olmasa, bircə dəfə bu yerlərə gələ, bircə gecə Mehrilidə qonaq qala…
Belə yaz günlərindən biri idi. Bütün günü əkin yerlərində işləyən kənd camaatı çoxdan yatmışdı. Ay işığı hər tərəfi işıqlandırırdı, göyün üzü lopa ulduzlarla dolu idi… Səsə yuxudan hövlnak ayılan molla Məhəmmədəli tez qara lampanın işığını artırdı, qonşuluqdakı qarı nənəni çağırmağa tələsdi. Çölə çıxar-çıxmaz havaya diqqət elədi, “göydə ulduz biri-birini çağırır, inşallah sabah hava yaxşı olar” – deyib həyətin o biri başından qonşu evin kişisini səslədi.
Molla Məhəmmədəli çox narahat idi. Evdən xeyli aralı həyətdə gəzinir, yenicə çiçəklənmiş, çəhrayı çalmalı ağ gilas ağacının dibində əlindəki təsbehi çevirməkdən yorulmurdu.
… Göyün üzü yavaş-yavaş avazıyırdı, xoruzlar bir ban başlamışdı. Qəfil çağa səsi açılmaqda olan səhərin bal dadan havasına, mehinə, qoca Şəmkir çayının səhər şərqisinə qarışıb bütün aləmə yayıldı… Bu ara qarı nənənin səsi onu sanki xəyaldan ayırdı.
– Məhəmmədəli! Ay Məhəmmədəli! – deyə, əli ilə bayaqdan gilas ağacının dibində dayanan Məhəmmədəlini evin artırmasına tərəf çağırdı, – Gözün aydın! Xələtimi verərsən! Baba oldun, özü də oğlandı ey-y, oğlan!
O yaz gecəsi Seyfəlinin Mehrili tirəsində vaxtsız yanan çırağın işığında bir körpə dünyaya gəldi. Adını da Cavad qoydular…
Bu həmin Cavaddır ki, yeddi yaşında ikən Quranı əzbər bildiyindən cəmi Seyfəli camaatının məclis-mərəkə söhbətinə səbəb olmuşdu. Bu həmin Cavaddır ki, Gəncədə Şah Abbas məscidi nəzdindəki seminariyanın əlaçı tələbələrindən olmaqla Cavad, Cavad Gəncə, Cavad Axundzadə, ən nəhayət, Əhməd Cavad imzası ilə gözəl şeirlər müəllifi kimi tanınmışdı. Bu həmin Cavaddır ki, gənc yaşlarından Azərbaycanın bir çox rayonlarında, orta məktəblərdə, Bakıda və Gəncədə texnikum və institutlarda müəllimlik etməklə gənc nəslin savadlanmasında, dünyagörüşünün formalaşmasında əlindən gələni əsirgəməmiş, həyata atıldığı ilk gündən xalqın istiqlalı və Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrə qoşulmuş, “Müsavat” partiyasının liderlərindən biri kimi 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyətinin yaradıcı fəallarından olmuşdu. Həmin illərdə Azərbaycanın milli şair və ictimai xadimi kimi şöhrətinin səsi-sorağı çox-çox uzaqlardan gəlirdi. Bu həmin Cavaddır ki… Bəlkə, tələsməyək! Azərbaycan tarixinin, ədəbiyyatının və xalqının sinəsinə çalın-çarpaz dağ basmış, 1937-ci il müsibətlərinə məruz qalmış ziyalılarımızdan biri də haqqında söhbət açmaq istədiyimiz şöhrətli şairimiz, böyük vətəndaş Cavad Axundzadə və ailəsidir. Möcüzədənmi, ya tarixi zəruriyyətdənmi bugünkü aşkarlıq işığında oxucunu ağuşuna alıb o dünyaya aparıb-gətirən qəzet və jurnal materiallarında, radio və televiziya verilişlərində indi Azərbaycan şairi Əhməd Cavadın adı tez-tez çəkilir.
Hələ olduğu kimi yazılmamış, təsvir olunmamış müsibətlərlə, faciələrlə dolu o illər – proloqu, fəsilləri, səhifələri və epiloqu heç kimə məlum olmayan sirli KİTABDIR.
… O illərə səyahət etmək – bu kitabı yenidən vərəqləmək, mütaliə etmək lazımdır. Bu KİTABDAKI sətirlər Azərbaycanın ən istedadlı şair və yazıçılarının, namuslu elm, mədəniyyət və dövlət xadimlərinin, zəhmət adamlarının müqəddəs qanı ilə yazıldığı üçün bu qədər ibrətli, ağrılı, əbədi yaddaşa çevrilib.
İllər ötdükcə nağıllaşan həyat həqiqətlərində, qocaların acılı-şirinli söhbətlərində, saralıb-solmuş arxiv materiallarında özünə həmişəyaşarlıq qazanan böyük Azərbaycan şairi Əhməd Cavadın taleyi, məşəqqətli gənclik illərinin poetik duyğuları bugünədək xalq tərəfindən sevilir, müqəddəs və uca tutulur. H.Cavid, M.Müşfiq, S.Mümtaz, H.Sanılı, V.Xuluflu… ilə birlikdə Azərbaycan ədəbiyyatı tarixində ən faciəli səhifələrdən birini təşkil edir.
* * *
ƏHMƏD CAVAD (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci il may ayının 5-də Şəmkir rayonunun Seyfəli kəndinin Mehrili tirəsində molla-kəndli ailəsində anadan olmuşdur. Şair öz tərcümeyi halında yazır ki, “mən əslən Gəncə qəzasının Şəmkir dairəsindəki Seyfəli kəndindənəm”.
Qeyd edək ki, Seyfəli kəndi Mehrili kimi on yeddidən çox tirəni özündə birləşdirir. Azərbaycanda Sovet hakimiyyəti qurulmamışdan əvvəl Mehrili Seyfəli kəndinin, sonralarsa Seyfəli sovetliyinin nəzdində olub. Buna görə şair anadan olduğu yeri o vaxtlar “Seyfəli kəndindənəm” yazmışdır. Amma şairin yaxın qohumları, Seyfəlidə və Mehrilidə yaşayan ağsaqqallar, onunla qapıqonşu yaşamış kənd camaatı söhbətlərində bildirirlər ki, Əhməd Cavad yuxarıda qeyd etdiyimiz tarixdə, həqiqətən, Seyfəli kəndinin Mehrili tirəsində anadan olub… Hazırda şairin anadan olduğu evdə – ata yurdunda kənd müəllimi Hafiz Abdullayev yaşayır.
Əhməd Cavadın atası molla Məhəmmədəli dövrünün oxumuş və savadlı adamlarından olub. Nədənsə bir sıra qəzet və jurnal məqalələrində, eləcə də şairin haqqında məlumatlar olan mötəbər və tarixi mənbələrdə Əhməd Cavadın atasının adı “Məmmədəli” şəklində gedir.
Bəzi rəsmi mənbələrdə və məqalələrdə isə böyük şairin adı oxuculara Əhməd kimi təqdim olunur. Məsələn, “Əhməd biliyə, savada yaman meyil edərmiş” və ya “Məsim ögey qardaşı Əhmədi Şah Abbas məscidi nəzdindəki məktəbə qoyur” (“Azərbaycan gəncləri” qəzeti, “Tale”, 29 sentyabr, 1988-ci il). Qeyd edək ki, biliyə savada meyil edən, Şah Abbas məscidi nəzdində məktəbə qoyulan Əhməd yox, Cavad olmuşdur. Bu, bəlkə də, Əhməd Cavad yaradıcılığına böyük hörmət bəsləyən məqalə müəllifinin diqqətsizliyi üzündən belə gedib. Qəribə budur ki, bu cür addəyişikliklər və təhriflərə ədəbiyyatşünaslığımızda da rast gəlinir. 1987-ci ilin yaz-yay aylarında çapdan çıxan, oxucular tərəfindən rəğbətlə qarşılanan “Azərbaycan Sovet yazıçıları” (“Yazıçı”, səh. 236) toplu kitabında Əhməd Cavadın da həyat və yaradıcılığı haqqında məlumat verilib. Əhməd Cavadın qısa tərcümeyi-halının ilk cümləsində oxuyuruq: “Axundzadə Əhməd Məmmədəli oğlu – şair”. Sübuta ehtiyac yoxdur ki, əvvəla, Əhməd yox, Cavad yazılmalıdır, ikincisi də yuxarıda qeyd etdiyim kimi, şairin atasının adı Məmmədəli yox, Məhəmmədəlidir.
Molla Məhəmmədəlinin atası, yəni Əhməd Cavadın babası axund olub. Ona görə Seyfəli camaatı molla Məhəmmədəliyə də axund deyə müraciət ediblər. 1898-ci ildə Mehrili kəndində dünyadan köçüb.
Şairin anası Yaxşı Qaraəhmədli kəndində (?) anadan olub. 1938-ci ildə vəfat edib. Şairin ögey iki qardaşı, bir bacısı var idi. O vaxtlar Gəncədə yaşayıblar.
Varlı və imkanlı ailədə tərbiyə alan Cavad yazıb-oxumağı hələ kiçik yaşlarında atasından öyrənib. İlk təhsilini də Mehrilidə kənd məscidindəki mollaxanada atasından alan Cavad çox hafizəli, kitab-dəftərə, yazıb-oxumağa meyilli olub. Şairin böyük oğlu Niyazinin eşitdiklərindən və ağsaqqalların xatirələrindən məlumdur ki, Cavad yeddi yaşında Quranı sərbəst oxuyub. Kiçik yaşlarından atasını itirən Cavaddakı hafizəyə, qabiliyyətə qibtə edən qonum-qonşular, qohum-əqrəba anası Yaxşı arvada həmişə canıyananlıqla məsləhət görüblər ki, Cavadı mütləq oxutsun.
Şairin atası Molla Məhəmmədəli rəhmətə gedəndən sonra anası Yaxşı arvad Cavadı da götürüb Gəncəyə köçür, xalça sexində işə düzəlir. Cavadı isə burada olan qohumlarının köməyilə (1906-cı ildə) Şah Abbas məscidi nəzdindəki Gəncə müsəlman-ruhani seminariyasına oxumağa qoyur…
Seminariyada yaxşı oxuduğuna görə “Xeyriyyə” cəmiyyəti tərəfindən hər ay ona yeddi dinar qızıl pul təqaüd verilib.
Əhməd Cavad 1912– ci ildə seminariyanı Azərbaycan, rus, ərəb, fars dillərindən və tarix fənnindən əla qiymətlərlə bitirib.
“Azərbaycan” jurnalında (1967-ci il, № 6, səh. 177-181) “Şair Əhməd Cavad” adlı məqalədə göstərilir: “Şair 1906-cı ildə Gəncədə müsəlman-ruhani seminariyasını bitirib”. Bu, məqalə müəllifinin diqqətsizliyi üzündən belə olub. Çünki Gəncə müsəlman-ruhani seminariyası tərəfindən 27 may 1912-ci ildə verilmiş attestatda (Nizami adına Ədəbiyyat Muzeyi, inv. № 752) göstərilir ki, Cavad Axundzadə 1906-cı ildə seminariyaya daxil olub və 1912-ci ildə həmin seminariyanı müvəffəq qiymətlərlə bitirib.
Əhməd Cavad fransız, gürcü və kürd dillərini də mükəmməl bilib. Gəncə müsəlman-ruhani seminariyasında ona Azərbaycanın ən savadlı müəllimlərindən Hüseyn Cavid, İdris Axundzadə və Abdulla Sur dərs deyib.
Hələ tələbəlik illərində yazdığı şeirlər müəllimləri tərəfindən ümidlə qarşılanırdı. 1910-cu illərdə Abdulla Tofiq (Abdulla Sur) dostu Abdulla Şaiqə göndərdiyi məktublarından birində tələbəsi olan on səkkiz yaşlı Cavaddan bəhs edərək yazırdı: “Tələbələrimin içində Cavad adlı gənc şair var. Mənə oxuduğu mənzumələri gələcəyə böyük ümidlər verir”.
Bu vaxtlar Gəncədə təhsil alan tələbə Cavad Axundzadə gözəl şeirlər yazmaqla yanaşı müxtəlif qəzet və jurnallara məqalələr də yazırdı.
Cavaddakı qabiliyyəti, bacarığı görənlər ona təhsilini davam etdirməyi, oxumağı məsləhət bilirdilər…
Gəncə müsəlman-ruhani seminariyasını bitirdikdən sonra (AŞYK-nin) 1-ci qurultayında özünün çıxışında dediyi kimi) İranda təhsil alır.
Birinci Dünya müharibəsi illərində Əhməd Cavad rus-türk müharibəsində Qafqaz cəbhəsində zərər çəkmiş əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olub. Bu zaman Batumda məskunlaşmış qaçqın ailələrin uşaqları üçün məktəb açıb, dərs deyib. Müharibə nəticəsində valideynlərini itirmiş kimsəsiz uşaqları isə Azərbaycana – xeyriyyə cəmiyyətlərinin nəzdindəki uşaq evlərinə göndərib. Qeyd edək ki, bu zaman ictimai-siyasi həyatda baş verən hadisələr, əsrin keşməkeşləri şairin inqilabaqədərki yaradıcılığında geniş əksini tapıb. Bu əsərlərdə şair ictimai haqsızlığı, bərabərsizliyi, cəhaləti tənqid edib.
Gənc Cavad bu zaman cəmiyyətin işinə yaxından köməklik göstərən yerli zadəganlardan Süleyman bəyin ailəsi ilə yaxından tanış olur. Süleyman bəy Tulumbazadə Bejanidze bu zaman Batumda və Tiflisdə gizli fəaliyyət göstərən inqilabi dərnəklərin təşkilatçısı və iştirakçısı idi. Hətta lazım gələndə onlara, eləcə də Azərbaycandan gələnlərin Batumda yaradılmış cəmiyyətinə maddi yardım da göstərirmiş.
Ailənin sevimlisi Şükriyyə onda qızlar gimnaziyasında oxuyurdu. Cavadın məhəbbət və sual dolu baxışlarına biganə qalmayan Şükriyyə tezliklə şairdən şeir dolu məktublar alır…
Əhdinə sadiq qalan gənc Cavad sevgilisi Şükriyyəni götürüb qaçırır. Şairin böyük oğlu Niyazi Əhməd Cavadın ilk məhəbbətinin ünvanlaşdığı şəhərdə anadan olub. Bir az sonra gənc ailə qədim Gəncəyə qayıdır.
Şükriyyənin anası Səhər xanım bundan sonra elə hey deyirmiş: “Qızım yaman uzağa düşdü!..” Bu ayrılığa nə ana ürəyi, nə də ata qəlbi tab gətirə bilmir. Düz iyirmi ildən sonra (1936-cı ildə) Süleyman bəy qızını axtara-axtara Gəncəyə, ordan da Şəmkirə gəlib. Nəvələrini, qızını, kürəkəni Cavadı görür, görüşür, bir müddət qonaq da qalır…
Şairin dörd oğlu, bir qızı olub: böyük oğlu Niyazidən sonra qızı Almaz Gəncədə, Aydın o zamanlar Quba rayonunun nəzdində olan Xuluq kəndində, Tukay və sonbeşik Yılmaz isə Bakıda anadan olublar.
Şairin ömür-gün yoldaşı Şükriyyə xanım əri “xalq düşməni” çıxandan sonra 1938-ci ildə səkkiz il müddətinə Şimali Qazaxıstana sürgün olunub…
O zaman qəfildən “xalq düşməni” çıxanların arvadlarının çoxu məcbur qalıb ərindən ayrılırdı… Amma Şükriyyə xanım tanış-bilişlərə, hətta rəsmi dairələrdə belə, “Ərindən boşan!” “Cavaddan ayrıl!”… – deyənlərə nifrətlə baxıb, bunu mənliyinə, canından artıq sevdiyi şair Cavadın kişiliyinə sığışdırmayıb, rəva görməyib. Cavad yolunda səkkiz illik sürgünü qəbul edərək ona olan etibarını, etiqadını və sədaqətini itirməyib.
… Düşərgədə özünü nizam-intizamlı, abırlı-həyalı göstərdiyinə görə, eləcə də dustaq rəfiqələrinin kömək və zəmanəti ilə vaxtından il yarım tez – 1946-cı ildə azadlığa buraxılıb.
Əhməd Cavadın yaradıcılığında şairliyi ilə yanaşı maarifçilik fəaliyyəti də təqdirəlayiqdir. İctimai xadim olub, respublikamızın orta və ali məktəblərində milli kadrların tərbiyəsi və yetişdirilməsində şəxsən iştirak edib. 1925-ci ildə doldurduğu anketdə 1913-cü ildən pedaqoq işlədiyini yazıb. Gəncədə, Hacıkənddə, Quba rayonunun Xuluq və Laqer məktəblərində, həmçinin Bakıda müəllimlik edib. Pedaqoji fəaliyyəti ilə bağlı maarifçilik xarakterli şeirləri yaradıcılığında xüsusi yer tutur. Quba Rayon Xalq Maarif Şöbəsi tərəfindən o zaman yazılan xasiyyətnamədə Cavad Axundzadənin səliqəliliyi, vəzifəsini layiqincə yerinə yetirməsi və səyi nəticəsində Xuluq və Laqer məktəblərində nümunəvi tədris-tərbiyə və əmək prosesi yarandığı göstərilir. 1922-ci ildə Bakıya gəlib rabfakda dərs deyib. 1924-cü ildə Nərimanov adına texnikumda dil və ədəbiyyat müəllimi işləyib. O zaman respublikada buraxılan ilk dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında öz bilik və bacarığını əsirgəməyib. 1924-1926-cı ildə “İnqilab və mədəniyyət” jurnalının məsul katibi işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutu bitirib. 1927-ci ildə Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda qeyri-azərbaycanlı tələbələr üçün Azərbaycan dili tədris edib. 1929-cu ildə Kənd Təsərrüfatı Texnikumunun müəllimi Cavad Axundzadə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub. 1927-ci ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent işləyən Əhməd Cavad 1930-cu ildə institut Gəncəyə köçürüləndə o da ilk təhsil aldığı qədim Gəncəyə qayıdıb. Əhməd Cavad 1934-cü ildə həmin institutun dilçilik kafedrasının rəhbəri vəzifəsində çalışıb. Orada Azərbaycan dili və ədəbiyyatından dərs deyir. İnstitutun rus dili ixtisası üzrə ilk professorlarından olub. O zamanlar həm də Gəncə (Kirovabad) Dram Teatrının Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edib. 1934-cü il iyunun 2-də birinci Gəncə Yazıçılar konfransı tərəfindən Azərbaycan yazıçılarının 1-ci qurultayına nümayəndə seçilib. 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1935-ci ildə yenidən Bakıya qayıdan Əhməd Cavad “Azərnəşr”ə işə düzəlib. Və 1936-cı ilin sonlarınadək nəşriyyatın bədii şöbəsində redaktor-tərcüməçi işləyib. Bu zaman Əhməd Cavad həm də “Azərbaycan film” kinostudiyasında ədəbi rəhbər olub.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.