Текст книги "Parçalanmış Türküstanı gəzərkən"
Автор книги: Əli Şamil
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 24 страниц) [доступный отрывок для чтения: 8 страниц]
Almatıda Jeltoksan üsyanı
Simpozium günlərində qazax alimlərindən bizi 1986-cı ilin dekabrın 17-də öldürülmüş insanların məzarı üzərinə və onların xatirəsinə ucaldılmış abidəyə aparmalarını xahiş etdik. İstəyirdik, vətən və millət yolunda şəhid olanların ruhuna fatihə oxuyaq.
Hərəsi bir bəhanə gətirdi. Bu, bizi çox təəccübləndirdi. Elə bil Qazaxıstandan gəlmiş alimlər məndən xahiş edirlər ki, bizi Şəhidlər xiyabanına apar. Mən ya deyirəm, vaxtım yoxdur, ya deyirəm, sabah vaxt tapsam, apararam.
Sabahettin Şimşir bizim durumumuzu görüb dedi: “Rahatsız olmayın. Mənimlə birlikdə gedərik. Bunlar hələ də içlərindəki qorxudan qurtulmayıblar.” Sabahettinin bu sözü bizi daha da təəccübləndirdi. Soruşduq ki, mitinqlər zamanı öldürülənlərə bəraət verilib, onlar qəhrəman adlandırılıb, xatirələrini əbədiləşdirmək üçün abidə qoyulub. Belə olan halda alim dostlarımız nədən qorxurlar?
Sabahettin Şimşir dedi: “Səbir edin, oraya gedəndə deyərəm.” Biz də səbir etdik. Dinc nümayişə çıxdıqlarına görə öldürülmüş gənclərin xatirəsinə ucaldılmış abidəyə gəldik. Bir dəstə qərənfil qoyub fatihə oxuduq.
Sabahettin Şimşir dedi: “Meydanın o başındakı bina şəhər icra hakimiyyətinindir. İcra hakimi 1986-ci ildə Qazaxıstan komsomol təşkilatının rəhbəri, keçmiş qaydalarla desək, Qazaxıstan Lenin Kommunist Gənclər Təşkilatının birinci katibiydı. Mitinq iştirakçılarına divan tutulmasının ilham vericilərindən biri olub. Onun kimi yüzlərlə adam hələ də rəhbər vəzifədədir. Onlar üzdə, rəsmi toplantılarda mitinqə divan tutulmasını pisləsələr də, daxillərindəki Sovet düşüncəsindən hələ qurtula bilməyiblər. 20 ildən çox keçməsinə baxmayaraq adamların içlərində qorxu hissi hələ də qalır. Neçə ildir Almatıdayam, mən də öldürülənlərin dəfn olunduğu yeri dəqiq bilmirəm.
Sözdə “Jeltoksan üsyanı”ndan danışırlar, hər il həmin günü qeyd edir, abidəyə çələng qoyurlar. Amma o günlərin dərindən öyrənilməsini və təbliğini istəmirlər. Necə deyərlər, xalqın qəzəbinə tuş gəlməmək, vəzifələrini qorumaq xatirinə ölümlərinə imkan verdikləri gənclərin abidəsi üzərinə təntənəli çələngqoyma mərasimi keçirirlər. Qazaxıstanda vəziyyət belədir. Ağlınız Bakıya getməsin. Xalq Cəbhəsi hakimiyyətə gəlməsəydi, bir az təmizləmə aparmasa idi, Azərbaycan da yəqin bu durumda olacaqdı.”
Mən dodaqaltı gülməkdən özümü saxlaya bilmədim. “Sabahettin bəy, dedikləriniz doğru. Amma bu hadisənin görünən tərəfidir. Sovetlər Birliyinə, Rusiya müstəmləkəçilərinə qulluq edən adamlar Qazaxıstanda, Azərbaycanda, Ukraynada və başqa yerlərdə də eynidir. 1989-1990-cı illərdə 1918-1920-ci illərdə qurulmuş cümhuriyyətin üçrəngli bayrağını qaldıranları döyənlər və döydürənlər bu gün rəhbər vəzifələrdədir. Üç rəngli bayrağın altında rüşvət alır, firavan yaşayırlar. Həmin bayrağa öncə də nifrət edirdilər, indi də nifrət edirlər. Sadəcə vəzifələrini itirməmək xatirinə, pul toplamaq üçün həmin bayrağı başlarının üstündən asırlar. Özü də bu buqələmunlar elə məharətlə maskalana bilir, gəl görəsən. Üçrəngli bayrağı qaldırıb başımız üzərində küçələrdə dalğalandıraraq yürüdüyümüzə görə məni döydürən adamların neçəsi rəhbər vəzifədədir. Onlar bu gün məni həmin bayrağın düşməni kimi təqdim edirlər” dedim.
Sabahettin bəy də, Vaqif Sultanlı da təxminən belə dedilər: “Həmişə belə olub, indi də eyni şəkildə davam edir. Burada təəccüblü bir şey yoxdur”.
Qazaxlar dekabr ayına xalq arasında Jeltoksan deyirlər. Hadisələr də həmin zaman baş verdiyindən tarixə “Jeltoksan üsyanı” kimi düşüb.
Üsyana səbəb kimi Qazaxıstan Kommunist Partiyasının birinci katibi Dinmuhammed Kunayevin 1986-cı il dekabrın 16-da istefaya göndərilib yerinə qazax olmayan Gennadi Kolbinin təyin edilməsi göstərilir.
Əslində, bu səbəb deyil, bəhanə idi. Çünki 1920-ci ilin may ayından başlayaraq 1986-cı ilin dekabr ayınadək Qazaxıstanda kommunist partiyasına rəhbərlik etmiş 18 nəfərdən cəmi 4-ü milliyyətcə qazax olmuşdu. Onlardan Muhammedxafiy Murzaqaliyev 1921-ci ilin yanvarından iyuluna kimi, yəni cəmi altı ay, İsmail Yusupov 1962-ci ilin dekabrından – 1964-cü ilin dekabrına kimi, yəni cəmi 2 il birinci katib işləmişdir.
Qazaxıstanda yaşayan erməni və gürcülərin sayı o qədər azdır ki, siyahıyaalmada onlar “başqa xalqlar” qrafasında gedir. Bu da o deməkdir ki, sayları 0,001 %-dən azdır. Buna baxmayaraq Azərbaycanda rəhbər vəzifədə işləmiş, müsəlmanlara divan tutmuş gürcü Viktor Neneşvili və erməni Levon Mirzoyan Qazaxıstanda Kommunist Partiyasına rəhbərlik etmişlər. Nə onlar təyin ediləndə, nə də onlardan başqa 12 nəfər qazax olmayan təyin ediləndə xalq ayaqlanmamış, üsyan qaldırmamışdır.
Üsyana səbəb əhalinin güzəranının getdikcə ağırlaşması, qazax dilinin sıxışdırılması, xalqın tarixinin təhrif edilməsi, ölkədə rəhbər vəzifələrə rusların və rusdillilərin təyin edilməsi və s. məsələlər olmuşdur.
Sovetlər Birliyində hakimiyyəti ələ almış Mixail Qorbaçov köhnə kadrları işdən uzaqlaşdırır, özünə yaxın bildiyi adamları hakimiyyətin müxtəlif pillələrində yerləşdirirdi. Sovet ənənəsinə uyğun olaraq bu proses sakitliklə davam edirdi. Gözlənilməyən bir yerdə – Qazaxıstanda milli zəmində üsyanın qəflətən baş qaldırması Sovet rəhbərliyini şok vəziyyətə saldı. Onlar elə düşünürdülər ki, keçmiş Sovet respublikaları arasında Qazaxıstan və Qırğızıstanda milli zəmində etiraz baş verə bilməz. Çünki orada ruslaşdırma siyasətinin uğurla başa çatmaqda olduğunu düşünürdülər.
Dinmuhammed Kunayevin vəzifədən uzaqlaşdırılmasının səhəri, yəni 1986-cı il dekabrın 17-də etiraz əlaməti olaraq 200–300 qazax tələbəsi küçələrə çıxdı. Onların şüarları Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq şüarlarına uyğun olsa da, Gennadi Kolbinin hakimiyyətə gətirilməsinə etiraz etmələri Moskvanı qorxuya saldı. Yerli qazax milisləri və hakimiyyətdə olanlar da etirazçıları sakitləşdirməyə cəhd göstərmədilər.
Kənardan gətirilmiş milis və hərbçilərin qəddarlığı isə üsyanın sürətlə yayılmasına səbəb oldu. Ruslaşdırmaya qarşı baş vermiş kortəbii üsyanı Moskva milli zəmində qarşıdurma kimi qələmə verməyə başladı.
Almatılılara ilk qoşulan Karakanda şəhərinin gəncləri oldu. Sonra da ölkənin əsasən güney bölgəsindəki şəhərlərdə etiraz hərəkatı başladı.
Sovet rəhbərliyi bunu nə qədər gizli saxlamağa çalışsa da, mümkün olmadı. Xarici radioların verdiyi qeyri-dəqiq xəbərlər milli respublikalarda sürətlə yayıldı, mərkəzi hakimiyyətə nifrəti artırdı. Şayiələr həqiqətdən daha sürətlə yayıldı. Qazaxıstanda 100 minlərlə insanın küçələrə çıxdığı, minlərlə insanın qəddarlıqla öldürülərək dəfn edildiyi haqqında xəbərləri inkar edə biləcək elə bir rəsmi qaynaq yox idi.
Sovetlər Birliyində bu hadisə nə qədər gizlədilməyə çalışılsa da, 1991-ci ildə Qazaxıstanda “Jeltoksan üsyanı”nı təhqiq edən komissiya yaradıldı. “Jeltoksan üsyanı” zamanı rəhbər vəzifələrdə işləyənlərin əksəriyyəti ölkədə yenə də güc sahibi olduqlarından özlərinin xalqa divan tutmalarını gizlətmək üçün təhqiqat komissiyasının işinə maneə törətməyə çalışdılar.
Biz simpozium günlərində Qazax alimlərindən “Jeltoksan üsyanı”nda ölənlər, yaralananlar, həbs edilənlər haqqında bir bilgi ala bilmədik. Bakıya döndükdən sonra mətbuatda yazılanları gözdən keçirdim. Onların biri mənə daha inandırıcı göründü. Onu aşağıda verirəm: “Milis və başqa hüquq-mühafizə orqanları tərəfindən 8500 nəfər tutuqlandı. 1700 nəfərdən artıq şəxs ağır bədən xəsarətləri (əsasən kəllə-beyin xarakterli) aldı. Prokurorluq orqanlarında 5324, KQB-də (Dövlət Təhlükəsizliyi Komitəsi) 850 nəfər dindirildi. 900 nəfər inzibati cəzaya (qısa müddətli həbs, cərimə) məhkum edildi. 1400 nəfərə xəbərdarlıq elan olundu. 319 nəfər işdən azad edildi. 309 tələbə universitetlərdən qovuldu. 99 nəfər cinayət məsuliyyətinə cəlb edildi və onlardan biri – 20 yaşlı Qayrat Noğaybay ulı Rısqulbekov 1988-ci il mayın 21-də hələ də tam aydın olmayan şəraitdə öldürüldü. Onu da qeyd edək ki, bu gəncə ölüm hökmü çıxarılmışdı və sonradan hökm 20 illik həbslə əvəz edilmişdi. 1992-ci ildə, artıq bağımsız Qazaxıstan Respublikası həmin olayların bütün iştirakçıları kimi Qayrata da bəraət verdi. Bununla da qalmayaraq prezident Nursultan Nazarbayev 1996-cı ildə onu “Xalq qəhrəmanı” adına layiq gördü (ölümündən sonra).
Həmin olayların dağıdılması zamanı öldürülənlərin sayı nə az, nə çox: düz 174 nəfər olub! Üstəlik, öldürülənlərin dəfni gizli şəkildə həyata keçirilb. Həm də toplu məzarlarda. Öldürülənlərdən 168-i cəmi 58 məzarda dəfn edilib.”
Bakıda və Almatıda çap olunan Xəstə Hasan kitabları
Xəstə Hasan və çağdaşları haqqında radio-televiziyada dəfələrlə çıxış etmiş, elmi konfranslarda məruzələr oxumuş, bir neçə məqalə yazmışdım. Haqqında kitab hazırlamağı isə Almatı səfərindən sonra qətiləşdirdim.
Ayrı-ayrı aşıqlardan və çap olunmuş kitablardan, qəzet və jurnallardan topladığım şeirləri müqayisəli şəkildə sistemləşdirdim və 2012-ci ildə Bakıda “Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər)” adı altında çap etdirdim. Kitabın bir neçə nüsxəsini də Almatıda yaşayan dostum Elçin Abbaslıya göndərdim. İstəyirdim, həm özü oxusun, həm də Molla Murtazanın ailəsinə, Xəstə Hasanın nəslindən olanlara versin.
Kitab Azərbaycanda sükutla qarşılandı. Elçin bəydən isə xoş xəbər gəldi. O dedi ki, kitabın bir nüsxəsini Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə verib. Milli Mərkəzin başqan yardımçısı Şahismayıl kitabın nəşrini maraqla qarşılayıb, mərkəzin qarşıdakı günlərdə keçiriləcək toplantısında Almatı nəşri məsələsinin müzakirə ediləcəyini söyləyib. Mən Şahismayılı şəxsən tanımasam da, Milli Mərkəzin başqanı Ziyəddin Kasanov haqqında çox oxumuşdum.
Az sonra Elçin Abbaslı təkrar zəng vuraraq “Axısqalı Xəstə Hasan” kitabının Almatı nəşrinin rəsmiləşdiyini, kitabın nəşrinə “Ahıska” qəzetinin redaktoru Rövşən Məmmədoğlunun rəhbərlik edəcəyini, mətbəə xərcləriniisə Xəstə Hasanın nəslindən olan iş adamı Abbasəli Paxralı oğlu İsmayılov öz üzərinə götürdüyünü xəbər verdi.
Bu iki insanı görməsəm də, Rövşən Məmmədoğlunun fəaliyyətindən, onun təşkilatçılıq bacarığından xəbərim var idi. Onun təşkilatçılıq bacarığı haqqında fikir yürütmək üçün “Ahıska” qəzetinin bir neçə sayını gözdən keçirmək kifayətdir. Üç dildə nəşr edilən qəzetin internet saytı da var. Bu da dünyanın müxtəlif ölkələrinə səpələnmək məcburiyyətində qalmış Axısqa türklərinin internetdən qəzeti oxumalarına şərait yaradır.
“Axısqalı Xəstə Hasan” kitabı üzərində yenidən işləyib Rövşən bəyə göndərdim. 2013-cü ilin Novruz bayramı günlərində Almatıda kitab 500 nüsxə çap olundu və bir neçəsi də mənə göndərildi. Kitabı gözdən keçirəndə qanım qaraldı. Diqqətsizlikdən kitaba yeni daxil etdiyim şeirlərin hansı səhifədə verildiyi, kitabın Almatıdakı hansı nəşriyyatda çap edildiyi və s. göstərilməmişdi.
Xəstə Hasanın nəslindən olan bir neçə adamın portret və ailəvi şəkillərinin verilməsini isə uğurlu saymaq olardı. Rövşən Məmmədoğlu axısqalıların diqqətini çəkmək üçün redaktoru olduğu qəzetin hər sayının bir səhifəsini kitabdakı materiallara ayırmışdı. Beləcə “Axısqalı Xəstə Hasan” kitabı bütövlükdə həm də qəzetdə çap edilmiş oldu.
Abbasəli Paxralıoğlunun qardaşı oğlunun toyunda
Qəzetin oxucularının sayı çox olduğundan kitaba maraq da artıb. Necə deyərlər, xatirələr oyanmağa başlayıb. İnsanlar bir yerə toplaşanda, bir-birlərilə görüşəndə Xəstə Hasandan, onun həyatından, şeirlərindən danışmağa, ata-babalarından eşitdiklərini söyləməyə başlayıblar.
Beləcə, Xəstə Hasan mövzusu aktuallaşıb və mənim də Almatıya çağırılmağım gündəmə gəlib. Bir neçə dəfə telefon danışığından sonra şərtləşdik ki, 2013-cü ilin iyununda Almatıda olum. “Axısqalı Xəstə Hasan” kitabının yaranmasında böyük əməyi olan, birlikdə “Aşıq İsgəndər Ağbabalı” kitabını yazdığımız (bu kitab Xəstə Hasanın öyrənilmə tarixinə həsr olunmuş xatirələr və sənədlər toplusudur), xanımım Əzizə Ağaəli qızı ilə Almatıya uçduq.
Bizi hava limanında Elçin Abbaslı qarşılayıb evinə apardı. Xalq Hərəkatının fəallarından olduğuna görə Naxçıvanda həbs edilməklə üzləşən Elçin bəy zirək çıxdı. Canını götürüb Qazaxıstana qaçdı. Min bir əziyyətlə özünə iş qurduqdan sonra ailəsini də yanına apardı.
Şəhərin köhnə Almatı deyilən hissəsində Azərbaycanda katec deyilən birmərtəbəli, həyətyanı sahəsi olan iki ev alıb. Onlardan birini sökərək ikimərtəbəli rahat bir ev tikib. Ailəsi ilə birlikdə orada yaşayır və yaxınlıqda kirayələdiyi binada açdığı mağazanı işlədir. Bizim hotelə getməyimizə də imkan vermədi. Almatıda olduğumuz günlərdə qulluğumuzda durdular, bizi şəhərdə gəzdirdilər.
Ədəbiyyat və İncəsənət İnstitutunda
Almatıda ilk işim Qazaxıstan Elmlər Akademiyasının Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutuna getmək oldu. Qazaxlarla bizi mədəniyyət, dil və din birləşdirməkdən başqa orada yüz minlərlə soydaşımızın yaşaması alimlərimizin, ziyalılarımızın, dövlət adamlarımızın həmişə diqqətində olub. Buna görə də AMEA Folklor İnstitutunun rəhbərliyi Qazaxıstanla əlaqələri genişləndirməyə, orada yaşayan soydaşlarımızdan folklor toplamağa səy göstərb. Bölgədəki demokratik mühit də birgə layihələr hazırlayıb həyata keçirməyə, orada işləməyə, elm ocaqları ilə əməkdaşlıq etməyə imkan verirdi.
AMEA Folklor İnstitutunun xarici ölkələrlə əlaqələr bölməsinin müdiri və institut direktorunun müşaviri kimi öncədən Qazaxıstan Elmlər Akademiyası Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları ilə internetdə yazışaraq bir çox məsələləri razılaşdırmışdım. Qalırdı bağlayacağımız müqavilənin detallarını üzbəüz müzakirə etmək. İlk görüşdüyüm əlyazmalar şöbəsinin müdiri, filologiya elmləri doktoru Toqtar Əlibekov oldu. Onunla öncədən elmi simpoziumda tanış olmuşdum. O, məni rəhbərlik etdiyi şöbənin əməkdaşları, elmi fəaliyyəti ilə tanış etdi və çalışdığı elm ocağının gördüyü işlərdən danışdı.
Məni ən çox maraqlandıran folklor şöbəsi idi. Folklor şöbəsinə prof., filologiya elmləri doktoru Baxçan Aribayeva rəhbərlik edir. Onun tədqiqat sahəsi türk xalqlarının dastanlarıdır. Şöbənin əməkdaşla-rından filologiya elmləri namizədi Ağedil Toyşanoğlu mifologiya üzrə ixtisaslaşıb və türk monqol miflərinin qarşılıqlı əlaqəsindən namizədlik dissertasiyası yazıb.
Filologiya elmləri namizədi Azamat Axan oğlu koroğluşünaslıq, elmi işçi Nasixat Nabiulla tarixi eposlar, Disenqul Cahan mərasim folklorunun araşdırıcısıdır. Uzun illər folklor şöbəsinə, həmçinin Ədəbiyyat və İncəsənət İnstitutuna rəhbərlik etmiş, məşhur alim, akademik Seyit Kaskabasov yaşına görə təqaüdə çıxsa da, həftədə bir-iki dəfə keçmiş iş yerinə gəlir və gənclərə məsləhətlər verir.
Toqtar Əlibekovdan eşidəndə ki, 101 cildlik “Babalar sözü” (qazaxlar şifahi xalq ədəbiyyatını babalar sözü adlandırırlar) kitabının son saylarını mətbəəyə göndəriblər, heyrət məni bürüdü. Sonra 25 cildlik müəllifi məlum olan folkloru, akınların (bizim aşıq şeirləri adlandırdığımız) şeirlər kitabının bir neçə sayını, eləcə də folklora aid çoxcildlik əlyazmalar kataloqunun 9-cu cildini mənə verəndə özümü saxlaya bilməyib “Kiçik bir kollektivlə bu qədər işi neçə gördünüz?” deyə xəbər aldım. Toqtar Əlibekov gülümsəyərək dedi ki, daha Sovet dövründəki kimi işləmirik. Hökumət qrant ayırır. Biz də o vəsaiti mənimsəmirik, iş görə biləcək insanlara veririk. Kənardan da mütəxəssislər cəlb edir, onların zəhmət haqqını ödəyirik. Üstəlik həmin qrantlar hesabına Çində, İranda, Əfqanıstanda, Özbəkistanda və b. yerlərdə, yəni Qazaxıstandan kənarda yaşayan qazaxlardan folklor materialları toplayırıq.
Direktor şöbə müdirlərinə tapşırmışdı ki, institutun hər bir əməkdaşı niyyət protokolu ilə bağlı təkliflərini hazırlasın. Həmin gün böyük xəyallar içərisində Ədəbiyyat və İncəsənət İnstitutundan ayrıldım. Razılaşdıq ki, iyunun 14-də direktorun otağında görüşüb elm ocaqlarımız arasında bağlanacaq niyyət protokolunun şərtlərini müzakirə edək.
İyunun 14-də Qazaxıstan Elmlər Akademiyası Ədəbiyyat və İncəsənət İnstitutunda elm ocaqlarımız arasında bağlanacaq niyyət protokolunun layihəsinin müzakirəsi yüksək işgüzarlıqla keçdi. İnstitutun direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, Çokan (Şokan) Vəlixanov adına Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Uəlimxan Qalimjanov bir neçə dəfə Azərbaycanda olduğunu, Qazax rayonuna getdiyini söyləməklə yanaşı, elm ocaqlarımız arasında əlaqələrin zəifliyinə, günün tələblərinə cavab vermədiyinə təəssüfləndiyini bildirdi. Əminliklə söylədi ki, başladığımız bu xeyirxah işi elm ocaqlarımız deyil, təhsil müəssisələrimiz də davam etdirəcək. Azərbaycandan Qazaxıstanın ali təhsil ocaqlarına, eləcə də Azərbaycanın təhsil ocaqlarına Qazaxıstandan oxumağa gənclər göndəriləcək. Xüsusən humanitar sahəyə diqqəti artırmaqla indiyədək mövcud olan boşluğu doldurmaq mümkün olacaq.
Şəkildə: Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, Çokan (Şokan) Vəlixanov adına Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Uəlimxan Qalimjanov “Oyköz” kitabına avtoqraf yazıb mənə verərkən.
Çıxışının sonunda “Oyköz” kitabını avtoqraf yazaraq mənə bağışladı. Mən də Bakının simvolu sayılan “Qız qalası” tablosunu, “Uygur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı”, “Kırım sevgisi”, “Axısqalı Xəstə Hasan” “Türkçülüyün qurbanları (Qazaxıstan)” kitablarımı direktora bağışladım. O, hədiyyələri diqqətlə gözdən keçirdikdən sonra “Qız qalası” tablosunu iş stolunun üzərinə qoydu və bağışladığım kitabların adlarını bərkdən oxuyaraq dedi: “Azərbaycanda türklük sevgisi, soykökə maraq, türk xalqlarını öyrənmək, ortaq cəhətləri ortaya qoymaq və təbliğ etmək istəyi bizdən güclüdür. Folklor İnstitutunun bir əməkdaşı 8 türk xalqının mədəniyyətini, ədəbiyyatını, folklorunu Azərbaycanda tanıdıb. Bizim institutun əməkdaşları böyük işlər görsələr də, türk xalqlarını öyrənməkdə və təbliğ etməkdə onlardan çox geridə qalır. İnstitutumuzun elmi işçilərinin hamısının yaradıcılığını gözdən keçirsək, 4 türk xalqı haqqında kitab tapa bilmərik.”
Almatıda olarkən Sovet hakimiyyəti illərində Qazaxıstana sürgün olunan soydaşlarımız, onların yaşadıqları kənd və qəsəbələr haqqında da sənədlər toplamağa çalışdım. Azərbaycandan Almatı vilayətinə sürgün olunanların adları, soyadları, yaşları, yerləşdirildikləri rayon, kənd haqqında bilgilər folklor toplamaga gedəcək əməkdaşlarımıza bələdçi ola biləcək.
Ədəbiyyat və İncəsənət İnstitutunda niyyət protokolunun layihəsini müzakirə edərkən Qazaxıstan Axısqa Türklərinin Milli Mərkəzində olduğumu, Milli Mərkəzin rəhbəri Ziyəddin Kasanov və oradakı iş adamlarının bölgəyə sürgün olunanlardan folklor nümunələri toplanması üçün mütəxəssislər göndərməmizi, birgə elmi toplantılar, şənliklər keçirməyi müzakirə etdiyimizi, Ziyəddin Kasanovun qarşıdakı illərdə beynəlxalq səviyyədə Xəstə Hasan günlərinin keçirilməsinin vacibliyindən söz açdığını dedim. Uəlimxan Qalimjanov Ziyəddin Kasanovun fəaliyyətini yüksək qiymətləndirdi və birgə fəaliyyətin vacibliyindən söz açdı.
Toyda kitab təqdimatı
Rövşən Məmmədoğlu Elçin bəyə zəng vurub iyunun 12-də Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə dəvət edildiyimizi söylədi. Saat 19.00-da Axıska Türklərinin Milli Mərkəzində tanışlıq mərasimi başladı. Toplantıya Milli Mərkəzin vilayət, şəhər, rayon və kənd şöbələrinin müdirləri və başqa qonaqlar dəvət edilmişdi. Ciddi rəsmiyyətdən çox uzaq, olduqca səmimi ortamda keçən görüşdə mən Azərbaycandan apardığım kiçik hədiyyəni Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə – Ziyəddin Kasanova təqdim etdim. Onlar da Qazaxıstanın rəsmi toplantılarında olduğu kimi mənim əynimə qazax milli xalatını geyindirib, başıma papaqlarını qoyduqdan sonra fikir müəllifləri Fuat Uçar və Rövşən Məmmədoğlunun olduğu, Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinin fəaliyyətinə həsr olunmuş “Ata yurddan doğan günəş” adlı fotoalbom bağışladılar. Fotoalbomun üzərinə “Sevgi və sayğılarla, ən böyük axıskalı Əli Şamilə. Z.Kasanov. 12.06.2013.” yazılmışdı.
Toplantı gecə saat 2:00-dək davam etdi. Nə mən onların söhbətlərindən doyurdum, nə də onlar məndən ayrılmaq istəyirdilər. Söhbət zamanı İstanbulun Taksim meydanındakı etiraz mitinqlərinə də münasibət bildirildi. Toplantıda iştirakçılar “Türkiyə hökuməti icazə versə, biz gedib orada sakitlik yaradarıq” deyəndə mən onlara təəccüblə baxırdım. Bunu hiss edən Ziyəddin Kasanov “Orada heç bir güc tətbiq etmək lazım deyil. Etiraz mitinqinin iştirakçılarını ikicə illiyə burada yaşamağa məcbur etmək lazımdı. Onda demokratiya nə olduğunu bilərlər”.
Şəkildə Abbasəli Paxralı oğluna Azərbaycanın xəritəsini bağışlayarkən
Söhbətin mövzusu hərdən dəyişsə də, yenə Xəstə Hasan üzərinə dönürdü. Təklif edildi ki, qarşıdakı illərdə Almatıda beynəlxalq Xəstə Hasan günləri keçirilsin. Həmin günlərdə elmi məruzələr dinlənilməklə yanaşı, şeir, saz-söz, milli yeməklər və s. müsabiqəsi də olsun. Ziyəddin Kasanov həmin dəqiqə təklifi yüksək dəyərləndirdi. Mən də təklif etdim ki, Folklor İnstitutu sürgün olunmuş soydaşlarımızdan folklor materialları toplamaq istəyir. Bu iş birgə görülsə, daha effektli olar.
Ziyəddin Kasanov və yanındakı iş adamları Azərbaycandan folklor toplamağa gələcək alimlərə hər cür yardım edəcəklərini vəd etməklə kifayətlənməyib onun qısa müddətdə həyata keçirilməsini istədilər. Belə qərara gəldik ki, bu iş üçün ən münasib vaxt sentyabr, oktyabr aylarıdır.
Toplantının sonuna yaxın Rövşən Məmmədoğlunun təşkilatçılıq bacarığı bir daha özünü göstərdi. Onun toplantı zamanı çəkilən şəkillərdən kolleksiya düzəldərək iştirakçılara, təqdimetmə mərasimində çəkilmiş şəkilləri böyütdürüb, bəzəkli çərçivədə mənə və Ziyəddin Kasanova verməyə vaxt tapdığına heyran qalmaya bilmədim.
Səhərisi gün isə bizi Xəstə Hasanın nəvə-nəticəsinin yaşadığı Talqara dəvət etdilər. Burada ustad sənətkarın nəslindən olan bir gəncin, Abbasəli Paxralı oğlunun qardaşı oğluna toy edirdilər. Toyla “Axıskalı Xəstə Hasan” kitabının tanıtımını bir araya gətirmişdilər. Toydan öncə axısqalı ağsaqqallarla görüşüb söhbətləşməyimiz məni də, onları da kövrəltdi.
Talqarda Xasta Hasanın törəmələri və onların qohumları arasında
Toplantı ikimərtəbəli “Altun adam” şadlıq sarayında keçirilsə də, gəlinin gətirilməsi və məclisə təqdim edilməsi uşaqlıq illərimi yada saldı.
350–400 nəfərin toplaşdığı məclis son illər gördüyüm toylardan onunla fərqlənirdi ki, burada bəylə gəlin, onların valideynləri ilə yanaşı, ulu babaları Xəstə Hasan, onun şeirləri və haqqında yazılmış kitab haqqında da söz deyilirdi.
İstər axısqalıların, istər azərbaycanlıların, istərsə də Qafqazdan sürgün olunanların təşkil etdikləri toylara əsasən axısqalılardan və ya uyğurlardan təşkil edilmiş musiqi kollektivlərini dəvət edirlər. Onların repertuarında Azərbaycan mahnıları üstünlük təşkil edir.
Toy mənim 1960-cı illərdə kəndimizdə gördüyüm toylardan o qədər fərqlənmirdi. Toyda pul yazdıran görmədim. Bəylə gəlini salonun ortasında oturtmuşdular. Qohumlar gəlib xoşbəxtlik arzulayır, onlara hədiyyələr verirdilər. Bu hədiyyələrin də əksəriyyətini qızıl əşyalar təşkil edirdi.
Məni də söz deməyə, bəylə gəlinə xeyir-dua verməyə dəvət etdilər. Hazırlıqsız yaxalanmağım bir anlıq çaşqınlıq yaratdı. Çünki mən elə bilirdim kitab təqdimatına dəvət edilmişəm. Toy olacağından da xəbərsizdim. Gəncləri təbrik edənlərin heç biri də pul vermirdilər. Gedib gənc ailəyə xoşbəxtlik arzuladım. Gözüm Elçin Abbaslıda idi. Onun məni vəziyyətdən necə çıxaracağını düşünürdüm. Gözləmədiyim halda xanımım mənə yaxınlaşdı və xəlvətcə qolbağını ovucuma qoydu.
1973-cü ildə nişanlananda Əzizəyə söz vermişdim ki, onu Təbrizə aparacam və orada qızıl qolbağ alacam. Vədimə 18 il sonra, sərhəd məftilləri söküləndən sonra əməl edə bildim. Təbrizə ilk gedişimizdə yerli ustaların düzəltdiyi gözəl bir qolbağ aldım. Dost-tanışın bəyəndiyi qolbağı xanımım əzizləyə-əzizləyə, toy məclislərinə gedəndə qoluna taxırdı. Əzizənin ovcuma qıstırdığı qolbağın Təbrizdən alındığını dedim və gəlinin qoluna taxdım. Təbriz sözü adamları həm kövrəltdi, həm də sevindirdi. Gur alqış sədası salonu bürüdü.
Toyda verilən yeməklər də Azərbaycanda gördüklərimdən o qədər fərqlənmirdi. Amma süfrələr bizdəki şadlıq saraylarındakı kimi yeyilən və yeyilməyən salatlarla, yeməklərlə yüklənməmişdi. Nə yeyilirdisə, onlar süfrəyə verilirdi.
Bizdə toyun sonlarına yaxın təntənə ilə süfrəyə plov verilir. Onun da çox hissəsi yeyilmir. Axısqa toylarında isə sonda süfrəyə mantı verilir. Hamı da mantının gətirilməsini gözləyir. Özü də olduqca gözəl bişirilir. Demək olar ki, tullantıya getmir. Bizlərin gürcü xəngəli dediyimiz xörəyə bənzər mantını axısqalılar çox dadlı hazırlayırlar. Gürcü xəngəlinin başında xəmir qalın olduğundan yeyılmir, atılır. Amma mantının bükülən hissəsinin xəmirini elə nazik edirlər ki, atılmır. Mantının içərisinə qoyulan çəkilmiş ət də gürcü xəngəlininkindən dadlı olur.
Şadlıq evini işlədən Abbasəli Paxralı oğlu dedi ki, süfrədən kabab və b. xörəklər geri qayıtdığını görmüşəm, amma mantının geri qayıtdığını görməmişəm.
Ziyəddin Kasanov işi olduğundan məclisə nümayəndəsi Rövşən Məmmədoğlunu göndərmişdi. O da məclisdə gözəl bir çıxış etdi. Ziyəddin Kasanovun qarşıdakı illərdə Xəstə Hasan günləri keçirəcəyini söyləyəndə yalnız axısqalılar deyil, qazaxlar, inquşlar, uyğurlar və başqaları da bu gözəl təşəbbüsü alqışlarla qarşıladılar. Rövşən bəy də Ziyəddin bəyin sözçüsü kimi vəzifəsini yerinə yetirmək, çıxış etmək, bəylə gəlinə hədiyyə verməklə yanaşı, qəzetçilik işini də görür, şəkil çəkdirib, məqalə üçün faktlar toplayırdı. Bir sözlə, o, həm də ideoloji iş aparırdı.
“Axısqalı Xəstə Hasan” kitabının mətbəə xərclərini ödəmiş Abbasəli Paxralı oğlu İsmayılov isə bu toplantının təşkilatçısı idi. Toplantının təbliği məsələlərinə yenə Rövşən Məmmədoğlu rəhbərlik edirdi. İdeoloji işdə böyük uğurlar qazanan, Qazaxıstanda olduğu müddətdə “Sürgün”, “Vətənə doğru” və başqa dəyərli kitablar, onlarla məqalələr nəşr etdirən bu işgüzar insan bir neçə dəfə kommersiya sahəsində də bəxtini sınamağa çalışsa da, uğursuzluğa düçar olmuşdu.
…Toplantıdan sonrakı gün Ziyəddin Kasanov və onun dostları olan iş adamları ilə süfrə arxasında geniş söhbət etdik. Söhbətimizin əsas mövzusunu isə iş adamlarının dəstəyi ilə elmi, mədəni, kütləvi toplantıların keçirilməsi təşkil edirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?