Текст книги "Parçalanmış Türküstanı gəzərkən"
Автор книги: Əli Şamil
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 24 страниц) [доступный отрывок для чтения: 8 страниц]
Çimkəndli Axısqa türkləri
Toplantının birinci günü qeydiyyatdan keçib konqre proqramını alıb yaxalığımı yeni taxmışdım. İki nəfər mənə yaxınlaşıb əl verib görüşəndə qucaqladılar da. Tanımadığım adamların mehribanlığına təəccüblənmədim, onlar kimi mən də kövrəldim. İlk dəfə gördüyüm adamlar özləri haqqında bilgi verməyə tələsmirdilər. Konqredən verilən yaxalığı da asmadıqlarından adlarını, soyadlarını öyrənə bilmirdim. Daha yaşlısı “Kimlərdənsiniz?” – deyə soruşdu.
Mən sualı cavablandırmağa hazır deyildim. Beynimdən yüzlərlə fikir keçdi. Qarşımdakı adamları tanımağa çalışırdım. Qazaxıstana sürgün edilmiş uzaq qohumlarımdan və ya həmyerlilərimdən ola biləcəklərini düşündüyümdən dedim:
– Göyçənin İnəkdağ kəndindənəm.
Onlar bir-birinə baxdılar və soruşdular: “Axısqadan kimlərin xısımısınız (qohumusunuz)?” Danışıqlarındakı xısımından sözündən və verdikləri sualdan Axısqa türklərindən olduğunu bildim. Ümidlərini puç etməmək üçün dedim: “Axısqalıların həpsi mənim, azərbaycanlıların xısmıdır. 1937-ci ilə kimi hamımız türk idik. Ömər Faiq Nemanzadəni Azərbaycanda tanımayan az adam olar. Əhməd Pepinov Azərbaycan Cümhuriyyətinin bakanı olub. Xasta Hasanın şeirlərini Borçalı aşıqları oxuyur…” sözümü kəsərək: “Bu ilin yanvarından “Ahıska” qəzetində ardıcıl olaraq sizin “Axısqalı Xasta Hasan” kitabınızdan parçalar verirlər. Oxuyur və qürur duyuruq. Ona görə elə bildik, axısqalısınız. Ağlımıza gəlməzdi ki, belə bir kitabı axısqalı yazmasın. Göyçədə doğulsanız da, kitabı axısqalı ürəyi ilə yazıbsınız”– dedilər.
Gülərək onların fikrini təsdiqlədim. İçimdə qəzetin təbliğatçılıq fəaliyyətini alqışladım. Qazaxıstanda bir neçə elmi məqalələrim çap olunub. Onlardan biri də 2007-ci ildə Abay adına Dövlət Pedaqoji Universitetində keçirilən simpoziumda oxuduğum “Hasta Hasanın şiirleri Kazakıstanda” məruzəmdir. Məruzəm simpozium materialları kitabında çap olunsa da, axısqalıların diqqətini çəkməyib. Adətən, elmi məqalələri məhdud sayda araşdırıcı oxuyur. Qəzeti isə yaşından, peşəsindən, vəzifəsindən asılı olmayaraq hamı oxuyur.
Adımı proqramda görən Sədir Hasanov və İbrahim Türki də qəzeti diqqətlə izlədiklərindən mənimlə görüşməyi qərarlaşdırıbmışlar. Axısqadan olan və Çimkəndə sürgün edilən Sədir Hasanov və İbrahim Türki elmə, ədəbiyyata maraqlı, milli mədəniyyətlərini yaşatmağa can atan insanlardandır. Çimkənddəki Axısqalılar dərnəyinin də fəal üzvüdürlər.
Onlar mənə konqredən sonra bir neçə gün Çimkənddə qalmağı, Axısqa dərnəyinin üzvləri ilə görüşməyi təkid etdilər. Məni razı salmaq Xəstə Hasanın şeirlərini bilən adamlarla, aşıqlarla görüşdürəcəklərini, geri dönüş biletimi də dərnəyin hesabına alacaqlarını dedilər. Öncədən işlərimi planlaşdırmadığımdan onların istəklərinə əməl edə bilmədim.
Konqrenin ikinci günü görüşəndə İbrahim Türki “Axısqa türklərinin tarixi, ədəbiyyatı və aşıqları” adlı kitaba “Ali Şamil qardaşıma. Müəllifdən. Türküstan. 20.04.2013” avtoqrafı yazıb mənə bağışladı.
2007-ci ildə Çimkənddəki “Kitab” nəşriyyatında çap edilən kitabı İbrahim Türki hazırlasa da, oradakı tarix bölümünü Sədir Hasanov, nəzm və nəsr bölümünü Məmməd Mürsəl oğlu ilə Kamal Qarayev, aşıqlar bölümünü aşıq Polad Məmməd oğlu ilə aşıq Bəçət Məhəmməd oğlu, “yazma ədəbiyyat” bölümünü İlham Katib (İlham İbrahim oğlu Xukayev) yazıb.
Kitabın 378-404-cü səhifəsindəki “Axısqa türk aşığı Xəstə Hasan haqqında nağıl” və “Xəstə Hasan” yazıları daha çox diqqətimi çəkdi. Orada Xəstə Hasan haqqında dastan rəvayətlər verilmişdi. Bu da aşığın ömür yolu haqqında fikirlərə aydınlıq gətirə bilər.
Sədir Hasanov və İbrahim Türkinin məruzələrini də diqqətlə dinlədim. Peşəkar araşdırıcı məruzələri deyildi.
Ayrılanda ünvanlarımızı, e-maillərimizi, telefon nömrələrimizi bir-birimizə verdik. Konqre iştirakçılarını aprelin 21-də İstanbula yola salmaq üçün Çimkəndə gətirəndə Sədir Hasanov və İbrahim Türki zəng vurdular. Hər ikisi xahiş edirdi ki, onların qonağı olum, ailə üzvləri və dostları ilə görüşüm. Vaxt az olduğundan istəklərini yerinə yetirə bilmədiyimə heyfsiləndim.
Türküstanda Xocalı soyqırımı abidəsi
Türküstana çatdığımız gündən geri dönənədək universitetdə oxuyan azərbaycanlı tələbələrin əksəriyyəti yanımızda oldular. Onların bir neçəsinin valideynini uzaqdan tanısam da, Zaur Allahmanlının atası Məhəmmədi və əmisi Mahmudu yaxından tanıyırdım. Xalq Cəbhəsinin fəallarından olan Məhəmməd Allahmanlı bir neçə il öncə dünyasını dəyişmişdi. Folklorşünas alim, professor Mahmud Allahmanlının əsas iş yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti olsa da, yarımştat AMEA Folklor İnstitutunda da işlədiyindən tez-tez görüşürdük.
Tələbələrin bir-birləri ilə xoş münasibətləri, dara düşəndə yardımlaşmaları sevindirici hal idi. Necə deyərlər, əllərinə düşən pulu birgə xərcləyirdilər. Qərib yerdə kiminsə ac qalmasına, korluq çəkməsinə imkan vermirdilər. Universitetin Türkiyə tərəfdən rektor vəkili professor Salih Aynural mənimlə söhbətində onlardan bəzi gileyləri də etdi. Dedi ki, burada Qazaxıstandan, Türkiyədən olan tələbələr daha çoxdu. Amma yeganə Azərbaycanlı tələbələrdi ki, biri universitetdə, şəhərdə kiminləsə dalaşıbsa, hamısı toplaşıb onu müdafiə etməyə gedir. Bu da çox təhlükəli haldır. Kütləvi davalarda xəsarət almalar, ölüm hadisəsi də baş verə bilər. Buna görə həmişə onları nəzarətdə saxlamağa çalışırıq.
Universitet şəhərciyində Xocalı soyqırımına qoyulmuş abidə
Tələbələr Türkiyədən olan müəllimlərin rüşvət almadıqlarını, qazaxıstanlı müəllimlərinin bəzilərinə rüşvətlə qiymət yazdırmaq mümkün olduğunu söylədilər.
Universitetin gələcəkdə güclü bir türkoloji mərkəzə çevrilməsi nəzərdə tutulsa da, hələ istənilən səviyyəyə gəlib çatmayıb. Tələbələrə ayda Türkiyə tərəf 120, Qazaxıstan tərəf 60 dollar həcmində təqaüd və vətənlərinə gedib-gəlmə xərcləri verir. Yeni tikilmiş rahat yataqxana da gənclərin mənzil, iaşə problemlərini ödəyir. Bütün bunlara baxmayaraq, Azərbaycandan buraya əsasən testdən keçə bilməyən gənclər gəlir. Bu da tədrisin səviyyəsini aşağı salır.
Türkiyədən gələn müəllimlər və texniki heyət bütün gücləri ilə tələbələrə milli şüur aşılamağa çalışırlar. Buna nail də olurlar. Azərbaycanlı tələbələrin təşəbbüsü ilə universitet şəhərciyində Xocalı soyqırımı abidəsi qoyulub. Azərbaycanlı tələbələr bizi böyük həvəslə oraya apardılar. Hər il universitetin tələbə və müəllimləri ilə birlikdə buraya gələrək erməni quldurlarının vəhşicəsinə qətlə yetirdikləri Xocalı qurbanlarının xatirəsini andıqlarını, ruhlarına fatihə oxuduqlarını dedilər.
Azərbaycan tələbələri 28 Mayda, 18 Oktyabrda və b. əlamətdar günlərdə maraqlı tədbirlər hazırlayıb müxtəlif ölkələrdən gələn gənclərə respublikamızı tanıtmağa çalışırlar.
Sırdərya (Seyhun) sahilində
Klassik ədəbiyyatımızda və orta yüzilliklərə aid yazılarda Ceyhun, Seyhun kimi yazılan çayların adlarını nə vaxt və nədən Amudərya, Sırdərya elədiklərini bilmirəm. Konqrenin sonuncu günü Sırdərya gəzintisinə gedəcəyimizi oxuyanda təşkilatçılara ürəyimdə: “çox sağ olun” – dedim.
Səhər qəhvəaltısından sonra çantalarımızı da avtobusların yük yerinə qoyub Sırdəryanın kənarında universitetin işçiləri üçün təşkil etdiyi istirahət mərkəzinə yola düşdük. Yolboyu düzənlikdə əsasən yovşan və yulğun kolları, hərdən bir də saksaul ağacları görünürdü. Bəzi yerlərdə yeni açmış lalələr vardı.
Mənimlə yanaşı oturmuş rektor vəkili, professor Salih Aynural çöllüyü göstərərək: —Bu il Sırdərya yaman daşdı. Çay boyu bəndlər vurulmasına, su anbarları yaradılmasına baxmayaraq, sahilindən bir neçə kilometr aralı olan çölə yayıldı. Gördüyünüz bu yerlər tamam suyun altında qalmışdı. Su çəkiləndən sonra çuxurlarda yaranmış gölməçələrdən uşaqlar balıq tuturdular. Ehtiyatsızlıq insan ölümünə, mal-qaranın tələf olmasına gətirib çıxardı. Çayın daşması xeyli ziyan vurdu. Yollar, binalar, körpülər dağıldı, – dedi.
Həmsöhbətimə cavab olaraq:
– Seyhun çayının belə dəliliyi çox olub. Dəfələrlə daşıb yatağını dəyişib. Bu gün gördüyümüz yerlər Qazaxıstan Respublikası adlanır. 80–90 il öncə isə bu yerlər Qırğız çölü adlanırdı, – dedim.
Elmira Fikrətqızı (Məmmədova), Kəmalə ƏləkbərovavəƏli Şamil
– İndi bunu qazaxların yanında desəniz, acıqları tutacaq. Elə bil yaddaşları pozulub. 1917-1918-ci ildə çağırdıqları qurultayları Birinci Qırğız Qurultayı, İkinci Qırğız Qurultayı adlandırırdılar. Alihan Törə, Ahmed Baytursun, Maqjan Jumabayev, Mustafa Çokay və b. özlərini qırğız sayır, toplantılarının hamısını da qırğız toplantısı adlandırırdı.
Mustafa Çokayın adını çəkəndə gülmək məni tutdu. Salih Aynural nəyə güldüyümü başa düşmədiyindən təəccüblə mənə baxdı:
– Sayın Salih Aynural, Mustafa Çokay haqqında xatirələri oxuyubsunuzmu? – deyə xəbər aldım.
– Mustafa Çokay haqqında qazaxca, türkcə xeyli yazı oxumuşam. Sizin nəyi nəzərdə tutduğunuzu bilmədim.
– Mustafa Çokay yeniyetməliyində yaşıdları ilə qırğız çöllərində dana minərlərmiş. Yönlərini də Seyhun çayına doğru çevirərlərmiş ki, danalar çox uzağa getməsin. Yarışın qalibi olmaq üçün dananın quyruğunun altına bibər-istiot sürtərlərmiş. Arxaları qızışan danalar özlərini suya – Seyhun çayına çatdırmaq üçün qaçarlarmış – deyəndə Salih Aynural elə güldü ki, ətrafımızdakılar dönüb bizə baxdılar.
Salih Aynural:
– Bundan sonra gərək Mustafa Çokayın haqqında yazılanları yenidən oxuyam.
Bölgənin tarixindən, keçmişindən, gələcəyindən söhbət edə-edə, çala-çuxur, tozlu yolları keçib Seyhun çayının sahilinə çatdıq. Çay sahilindəki qələmə dediyimiz qovaq fəsiləsindən olan meşə zolağı gözəl idi. Bu meşə zolağı təbii yaranıb. Çayın daşmasından yaranan yeraltı sulardan qidalanan ağacların yarpaqları par-par parıldayır. Çay daşanda da bəzən sahilindəki meşə zolaqlarını da yuyub aparır.
Əli Şamil və gürcüstanlı araşdırıcı Mzisa Buskvadze
Sırdərya sahilində
Seyhun çayı dağlardan münbit torpaq, bitkilərə lazım olan minerallar, gübrələr gətirir. Daşanda isə onun həcmi daha da artır. Ona görə də Seyhun çayının suyu ilə suvarılan torpaqlar bol məhsul verir. Çay yatağında daşa, çınqıla, quma rast gəlmək olmur. Su elə durğundur ki, adam ilk baxışda çayın hansı tərəfə axdığını müəyyənləşdirməyə çətinlik çəkir.
Çayın sahili də, yatağı da saqqız kimi sarı palçıqdır. Ayağını qoyanda dartıb çıxartmaq olmur. Ona görə də çayda insanın da, heyvanların da üzməsi çox təhlükəlidir. Saqqız kimi palçığa batıb çayın qurbanına çevrilirsən.
Göydən “od yağan” çöldə çay sahilinin mehi və qovaq ağaclarının kölgəsi cənnət təsiri bağışlayır. Bunu nəzərə alan universitetin rəhbərliyi əməkdaşlarının gəlib burada sərinləməsi və dincəlməsi üçün yüngül binalar tikiblər.
Orada bir neçə saat gəzinib söhbət etsək də, çaya yaxın düşə bilmədik. Sahilindəki palçığa ayaq qoyan kimi dizə qədər batır, ayağımızı dartıb çıxara bilmirdik.
Naharı universitetin istirahət mərkəzində etdikdən sonra Çimkəndə doğru yola çıxdıq. Normal halda bir saata getmək mümkün olan yolu təmir işlərinə görə üç saata gedə bildik. Çimkənddə qonaqlara milli qazax yeməkləri verdilər. Axşam saat 20:00-da İstanbula uçmaq üçün Çimkənd hava limanına gəldik.
24–30 aprel 2020-ci il.
“KOROĞLU” DASTANI MÖVZUSUNDA SİMPOZİUM İSTƏYİM
Daşoğuzda “Koroğlu” konfransı
Ali Yamanla 2006-ci il mayın 25-27-də Türkiyənin Urfa şəhərində keçirilən “GAP bölgəsində Ələvi-Bəktaşı yerləşimləri və Şanlıurfa kültür mozagində (çoxrəngliliyində) Kisas” mövzusunda Uluslararası simpoziumda tanış olduq. Mənim oxuduğum “Koroğlunun Urfa səfəri və dastanda Ələvi-Bəktaşı gələnəği” mövzusunda məruzə diqqətini çəkmişdi. Söhbətindən Ərzincan ələvilərindən olduğunu öyrəndim. Bir neçə kitab müəllifi olan atası Mehmet Yaman Dədə bölgənin ən nüfuzlu ələvi dədələrindən biridir. Ondan sonra dədəlik Ali Yamana keçəcək.
Səmimiyyəti ilə diqqətimi çəkdi. İnanclar arasında uyum yaratmaq üçün var gücü ilə çalışır, Türk xalqlarının ortaq dəyərlərini öyrənir və xalqlarımız arasında körpü yaratmağa can atır. Şüarçılıqdan uzaq, əməli işə üstünlük verən birisidir.
Simpozium günlərində Türk xalqlarının ortaq dastanlarından, onların geniş yayılmasının səbəblərindən geniş söhbət etdik. “Koroğlu” dastanı, dastanın Türk xalqları arasında geniş yayılma səbəbləri üzərində çox durduq.
Sonralar onunla müxtəlif simpoziumlarda görüşəndə də söhbətimiz hərlənib fırlanıb “Koroğlu” dastanı üzərində dururdu. Görünür, bunun bir səbəbi də mənim həmin illərdə rəhmətlik Əli Kamalinin Savə bölgəsindən topladığı “Koroğlu” dastanının qollarını çapa hazırlamağım idi.
Əli Kamali Kərəc yaxınlığındakı Səidabad kəndində yaşayan Aşıq Əliəkbər Qurbaniyə pul verib “Koroğlu” dastanının qollarını 8 kasetə yazdırmışdı. Kasetlərdəki səsi yazıya köçürərkən indiyədək bilmədiyim faktlarla rastlaşdım. Gördüm ki, Aşıq Əliəkbər Qurbani söylədiyi qollarda Koroğlunun bəyə, xana, xotkara qarşı mübarizəsi şəxsi maraqlarından doğur. Onun dostları arasında sadə əmək adamları olduğu kimi tacirlər, xanlar da var. Koroğlu bir orta əsr cəngavəridir. Bəyliyindən, xanlığından, çobanlığından, aşbazlığından asılı olmayaraq ona müqavimət göstərənləri məhv edir. Hətta tanımadan Koroğlunu tənqid etdiyinə görə ona kömək edən əkinçini də öldürmək istəyir.
Dastandakı şeirlərdə Koroğlunun atasının, anasının, əmisinin adları, soyları da verilir. Bu şeirlərdə Koroğlu sadə bir ilxıçı oğlu kimi deyil, əsilzadə kimi tanıdılır. Yəni dastan və nağıllarımızdakı qəhrəman tipinin ənənəsi yaşayır.
Koroğlu mövzusunda söhbət edərkən Ali Yamana təklif etdim ki, mənim çalışdığım AMEA Folklor İnstitutu ilə onun işlədiyi Bolu şəhərindəki Abant İzzet Baysal Universitetinin birgə elmi simpoziumunu keçirək. Simpoziumun mövzusu da Türk xalqları arasında geniş yayılmış qəhrəmanlıq dastanı “Koroğlu” olsun. Ali Yaman təklifimi bəyəndi. Yaxşı bilirdik ki, ikimizin ortaq məxrəc tapmağımız məsələni həll etmir. Vəzifəmiz kiçik olduğundan onu reallaşdırmaq üç il çəkdi.
Ötən müddətdə boş durmadıq, internetdə yazışdıq, görəcəyimiz işləri planlaşdırdıq. Qərarlaşdırdıq ki, bizim çalışdığımız elm ocaqları ilə kifayətlənməyək, buraya Türküstandakı elm və təhsil ocaqlarını da qataq. Bizim təklifi işlədiyimiz təşkilatların rəhbərləri də bəyəndilər. Onların icazəsi ilə Özbəkistanın, Türkmənistanın, Qazaxıstanın, Qırğızıstanın elmi-tədqiqat institutlarının, ali məktəblərin rəhbərlərinə məktublar göndərdik, orada çalışan tanışlarımızı işə qoşmağa çalışdıq.
2007-ci il noyabrın 13-15-də Aşqabadda keçirilən “Abulsait Abulhayrı gündoğarın böyük ağıldarı. Uluslararası İlmi Konfransı”nda “Miras” Mədəni İrsin rəhbəri, Türkiyədə Türkmənistan Respublikasının səfiri işləyərkən tanış olduğumuz Annakurban Aşirovla görüşdüm. Ona Türkiyədəki Abant İzzet Baysal Universiteti və AMEA Folklor İnstitutunun “Koroğlu” dastanı mövzusunda birgə konfrans keçirəcəyini, bütün xərcləri Türkiyə tərəfi ödəyəcəyini söylədim. İstəyirik, Türkmənistandan, Özbəkistandan təşkilatçılar arasında elm ocaqları olsun. Annakurban Aşirov təklifimi alqışladı. Lakin qatılacaqları haqqında qəti bir söz demədi. “Baxarıq” deməklə kifayətləndi.
Heyif ki, şəxsi tanışlarım da işlədikləri elm ocaqlarının rəhbərlərini razı sala bilmədilər.
AZƏRTAC-ın Türküstandakı müxbiri Qulu Kəngərlini də işə qoşdum. O, çox get-gəldən sonra Özbəkistan EA Til və Ədəbiyyat İnstitutunun direktoru, akademik Törə Mirzəyevin razılığını ala bildi.
2009-cu il martın 11-13-də Aşqabadda keçirəcəkləri “Səlcuqlar dövrünün ədəbiyyatı və mədəniyyəti adlı xalqlar məsləhəti” simpoziumuna gedəndə Annakurban Aşirov dedi ki, yazdığın məktubları oxuyuram. Bilirsən ki, Azərbaycanla, Özbəkistanla Türkmənistan arasında diplomatik vəziyyət heç istədiyimiz kimi deyil. 2009-cu il sentyabrın 23-25-də Daşoğuz şəhərində “Koroğlu süjeti və Şərq ədəbiyyatı” mövzusunda simpozium keçirməyi plana saldırmışam. Tanıdığın, arzuladığın araşdırıcıların adlarını və soyadlarını Kakacan Janıbəyova göndər. Kakacan sənin xatirini çox istəyir və sənə inanır. Ona da tapşıracam, məsləhət bildiyin adamları diqqətdə saxlayacaq.
2009-cu ilin martın 28-də Ali Yaman Bakıya gəldi. İşlədiyi Universitetin rektorunun vəkili kimi bizim institutun direktoru ilə müqavilə imzaladı. Müqavilənin bir surətini də Qulu Kəngərliyə göndərdik ki, Törə Mirzəyevə imzalatsın. Çətin də olsa, Qulu bəy bu işin öhdəsindən gəldi. Beləliklə, 2009-cu ilin oktyabrın 17-18-də Abant İzzət Baysal Universiteti Bolu Xalq Kültürünü Araşdırma və Uygulama Mərkəzi (BAMER), AMEA Folklor İnstitutu və Özbəkistan Respublikası Fanlar Akademiyası Til və Ədəbiyyat İnstitutu birgə “Birinci Uluslararası Koroğlu, Bolu tarix və kültürü simpoziumu” keçirməyi planlaşdırdı.
Özbəkistana yolçuluq planım
Qərar qəbul edilmiş, müqavilə imzalanmış, dəvətnamələr göndərilmişdi. Amma siyasi duruma görə özbək qardaşlarımız çox astagəllik edirdilər. Mən durumu aydınlaşdırmaq, onları bir az ruhlandırmaq, sözlərindən qaçmamağa təhrik etmək üçün Daşkəndə getməyi qərara aldım. Yolpulunun ödənməsinə nə mənim, nə də idarəmizin imkanı vardı. Bunun üçün Türkmənistanın Daşoğuz şəhərində keçiriləcək simpoziumun verəcəyi yolpulundan yararlanmağı qərara aldım. Daşkəndə gedən təyyarə reyslərini öyrəndim.
Bakıdan-Almatıya həftədə bir dəfə uçan Azərbaycandakı İmpratekst şirkətinin təyyarələri Daşkəndə də enirdi. Özbək Hava Yollarının təyyarələri isə həftənin bazar ertəsi və cümə axşamı günləri Bakıdan Daşkəndə uçurdu. Bu, mənə olduqca az görünürdü. Əslində Türküstanın coğrafi mərkəzi sayılan Daşkəndə hər gün təyyarələr işləməlidir. Azərbaycanla Özbəkistanın əlaqələri daha sıx olmalıdır.
Türkmənistandan gələn dəvət məktunda yazmışdılar ki, bilet alıb gəlin. Yol pullarınızı burada ödəyəcəyik. Bu məktub əsasında mən 800 dollara yaxın ödəyib Lufhanza şirkətinin Bakıdan Aşqabada uçan təyyarəsi ilə getməli, bir gün Aşqabadda qalmalı, səhər tezdən də simpozium təşkilatçılarının aldığı biletlə Aşqabaddan Daşoğuza uçmalıydım. Bilet baha olsa da, ən rahat yol bu idi.
Mən ölçüb-biçdikdən sonra Özbəkistan Hava Yolları Şirkətinin təyyarəsinə bilet almağı qərarlaşdırdım. Bilet ucuz olsa da, yol uzun və yorucu idi. Daşkənddə Til və Ədəbiyyat İnstitutunun rəhbərliyi ilə görüşmək və onların Boluda keçiriləcək simpoziuma getmələrini qətiləşdirmək üçün uzaq və ağır yolu seçdim.
Bakıdan Daşkəndə, oradan da yerli reyslə Ürgəncə getməyi, Aşqabadda keçirilən simpoziumda tanış olduğum Ürgənc Universitetinin professoru Jumaboy Yusupovla görüşüb birlikdə Daşoğuza getməyi qərarlaşdırdım. Bakı-Daşkənd-Ürgənc təyyarəsinə isə gediş-dönüş bileti 600 dollardan bir az çox idi.
“Koroğlu” süjeti və Şərq ədəbiyyatı” mövzusunda təşkil ediləcək simpoziumun ağırlığını daşıyan Kakacan Janıbekova vəziyyəti yazdım. Dedim ki, maliyyə idarələrindən mənim Özbəkistandan gəlməyimə icazə alsın. Özbəkistandan gələrəmsə, təşkilatınız 200 dollara qənaət etmiş olar. O, iki gün sonra mənə yazdı ki, maliyə işçiləri üçün biletin ucuzluğu, bahalığı önəmli deyil. Onlar hər şeyə şübhə ilə yanaşırlar. İnadla deyirlər ki, dostunuz Lufhanza şirkətinin təyyarəsi ilə niyə gəlmir? Çox çətin də olsa, razılıq ala bildim.
Kakacan Janıbekovun xoş xəbərindən sonra Özbəkistan Hava Yolları şirkətindən bilet aldım.
Bakıdan Daşkəndə saat 17.55-də uçmalı olan təyyarə 35 dəqiqə yubandı. Daşkəndlə Bakı arasındakı iki saat fərqi və üç saata yaxın da uçuş mənim oraya gecə çatmağıma səbəb oldu.
Sərhəd keçid məntəqəsində çox gözləməli olmadım. Lakin yol çantamı gözləyəndə məlum oldu ki, yenicə aldığım təkərli çantamı necə gəldi atdıqlarından təkərləri, qulpu qırılıb, parçası da cırılıb. Kitablar tökülür. Mübahisə və şikayətdən sonra torbalar gətirib yükümü oraya yığdılar.
Pul qoparmaq üçün dəridən-qabıqdan çıxıb, apardığım kitablarla əlləşən gömrük işçisi ilə də höcətləşdik. Nigaranlığım Qulu Kəngərlidən olmasaydı, bəlkə də, məndən pul qoparmağa cəhd edən gömrük işçisindən, eləcə də çantamı dağıdanlardan rəsmi qaydada şikayət edəcəkdim. Hamının gəldiyini, mənimsə yubandığımı görən Qulu Kəngərlinin rahatsızlığını düşünüb söhbəti uzatmadım.
Qulu Kəngərli səbirlə məni gözləməli olmuşdu. Onun yanında ilk dəfə gördüyüm birisi də vardı. Azərbaycanın Daşkənddəki Mədəniyyət Mərkəzinin komendantı işləyən Yavər bəylə tanış oldum. Yolda dedilər ki, Yavər bəy ailəsini hələ Daşkəndə gətirməyib. Kirayə tutduğu evdə tək yaşayır. Ona görə də mənə hoteldə yer ayırtdırmayıblar. Daşkənddə olduğum müddətdə Yavərin evində qalmağım planlaşdırılıb. Dilimizdə gözəl bir deyim var: Qonaq ev sahibinin dəvəsidir. Harada xıxlasa, orada yatar.
Qulu bəy beləcə məni hotel xərclərindən də azad etmişdi.
Yavərin evində gecə yarısınadək dərdləşdik, səhərki işlərimizi planlaşdırdıq. Qulu bəy saat 10.00-da mətbuat konfransında olmalıydı. Razılaşdıq ki, o, məni Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutuna qoyub işinin dalınca getsin. Qulu bəy dedi ki, saat 9.00– da institutda heç kim olmayacaq. Orada tək qalıb darıxarsan. Mən ona qayğıkeşliyinə görə təşəkkürümü bildirdim və bir saatı institutun həyətindəki bağçada gəzişəcəyimi söylədim.
Səhər gözlədiyimiz kimi olmadı. Qulu bəy gəlib məni Dil və Ədəbiyyat İnstitutuna aparanda katibə institutun direktoru Törə Mirzəyevin işə gəlib, tapşırıqlarını verdikdən sonra Elmlər Akademiyasının Rəyasət Heyətində keçiriləcək toplantıya getdiyini və əməkdaşların da əksəriyyətinin işdə olduğunu söylədi. Maaş az olsa da, adamların köhnə qaydada işə gəlib-getmələrinə heyrətləndim.
Törə Mirzəyev mənim gələcəyimi elmi katibə soyləyibmiş. Odur ki, telefonla elmi katib Rəhmətulla Barakayevi çağırdı və o gələnədək bizə direktorun kabinetində oturub çay içməyi təklif etdi. Bunu görən Qulu bəy rahatlıqla mətbuat konfransına getdi.
Rəhmətulla Barakayev gəldi və biz öncə tanışlarımızın hal-əhvalını xəbər aldıq, sonra da 2009-cu ilin oktyabrın 17-18-də Türkiyənin Bolu şəhərində keçiriləcək “Birinci Uluslararası Koroğlu, Bolu tarix və kültürü simpoziumu”na hazırlığı müzakirə etməyə başladıq.
Heç bir xərc çəkmədən Türkiyəyə gedəcəklərinə, institutlarının adının uluslararası simpoziumun təşkilatçıları sırasında olduğuna sevinirdilər.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?