Текст книги "Parçalanmış Türküstanı gəzərkən"
Автор книги: Əli Şamil
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 24 страниц) [доступный отрывок для чтения: 8 страниц]
“Qızıl adam”ın ziyarətində
…Almatıya gələsən, Türk mədəniyyətinin incisi “Qızıl adam” kurqanına ziyarət etməyəsən, bundan böyük günah nə ola bilər ki? Bu yerə marağı məndə rəhmətlik Mirəli Seyidovun “Qızıl adam” kitabı oyatmışdı. Həmişə qürur duyurdum ki, Mirəli müəllim belə bir kitab yazıb. Keçən dəfə Almatıda keçirilən simpoziumdan araşdırıcılarla birlikdə orada olmuşduq. İndi həm özüm təkrar oraya getməyi, həm də xanımımı aparmağı planlamışdım.
Qızıl döyüşçünün kurqanı olan Isık vadisi.
Solda Əzizə Şamil və Xəstə Hasanın qohumlarından
Günəş Oruc qızı, Abbasəli Paxralı oğlu
Abbasəli Paxralı oğlu “Qızıl adam” kurqanına getmək istəyimizi duyduqda: “Sizi mən aparacağam. Talqardan ora 15–20 kilometrdir. O yerlərin indi gözəl vaxtıdır, tez-tez gedir, qonaqlarımızı da aparıram” – dedi.
İyunun 14-də, günün ikinci yarısında Abbasəli Paxralı oğlunun maşınında onun yaşadığı Talqar şəhərinə, oradan da Esik (Isık) çayı vadisinə yollandıq. Almatının təxminən 50 kilometr doğusunda yerləşən vadi indi istirahət mərkəzinə çevrilib. Hər gün buraya onlarla insan gəlir. 1969-cu ilədək isə bura heç kimin diqqətini çəkməyən bir yer olub. Isık gölü yaxınlığında, çay vadisində yol çəkərkən qaraj yeri düzəltmək üçün torpağı hamarlamaq istəyirlər. Bu zaman divarları bölgədəki şam ağacından kəsilmiş dirəklərdən olan bir sərdabənin üstü açılır. Sərdabədəki qızıl geyimli adam işçiləri heyrətə gətirir. Nə yaxşı ki, orada çalışanlar hissə qapılıb sərdabəni talan etmirlər. Tapıntı haqqında Qazaxıstan EA Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna xəbər verirlər. Kemal Akişevin rəhbərlik etdiyi arxeoloqlar qrupu burada işləyir və dünyanın ən nadir abidələrindən birinin tapıldığını elan edir. Bu tapıntı yalnız Qazaxıstanın, keçmiş Sovetlər Birliyinin alimlərini deyil, dünyanın ən məşhur arxeoloqlarının, sənətşünaslarının, tarixçilərinin heyrətinə səbəb olur.
Sərdabədə bir gənc şahzadə dəfn edilibmiş. Onun əynində kaftan da, dar süvari şalvar da, yumşaq çəkmə də xalis qızıldan hazırlanıbmış. Paltarın ipləri də qızıldan olub. Yəni qızıl əyrilərək sapa çevrilib və bu sapla qızıl parçaları bir-birinə tikilib. Gəncin belindəki 16 lövhədən ibarət qızıl kəmər, qızılla süslənmiş xəncərinin qəbzəsi və qını, eləcə də qızıldan hazırlanmış at, aslan, pələng, bəbir, qurd, maral, dağ keçisi, ov quşu fiqurları yalnız arxeoloqları deyil, mədəniyyət tarixini öyrənən dünyanın ən böyük mütəxəssislərini belə mat qoyub. Ümumiyyətlə, qəbirdən tapılan qızıl parçalarının sayının dörd minə yaxın olduğunu yazırlar.
Ən gözlənilməzi isə gümüş təbəqə üzərindəki Göytürk əlifbasına uyğun bir əlifba ilə türkcə yazılmış “Xanın oğlu 23-də öldü” yazısı olub.
Bu tapıntı yüz illərdir “köçəri türklər mədəniyyətdən uzaq olublar” deyənlərə sanki sərt bir şillə kimi dəydi. Miladdan öncə 4-cü yüzilliyə aid edilən bu tapıntı onu göstərir ki, türklər 2500 il öncə qızılı əritməyi bacarmaqla yanaşı, qızıldan sap əyirməyi də bacarıblar. Onların istifadə etdikləri Göytürk əlifbası da miladın 5-7-ci yüzillərində yaradılmayıb. Ondan çox-çox öncə mövcud imiş. Belə qədim və yüksək mədəniyyətə sahib bir xalqa hələ də əyri gözlə baxanlara nə deyəsən?!
Qızıl geyimli şahzadənin sərdabəsi tapılan yerdə sərdabəni bərpa etməklə yanaşı, şahzadəyə böyük bir heykəl də qoyulub. Təəssüf ki, burada gözəl bir muzey yaradılmayıb, tapıntı haqqında turistlərə bilgi verən olmadığı kimi, kitabçalar, xatirə əşyaları da satılmır. Gələnlər sərdabəyə və heykələ 5-10 dəqiqə baxıb şəkil çəkdirdikdən sonra yaxınlıqdakı qızıl balıq hovuzlarının yanına gedərək orada tutulan balıqları bişirtdirib yeməkdən başqa bir iş görə bilmirlər.
Qazaxıstanda olarkən ikinci bir Qızıl geyimli şahzadə qəbrinin də tapıldığını, geniş araşdırılmadığından haqqında bilgi verilmədiyini söylədilər.
Qazaxıstana səfərim zamanı olduqca xoş qarşılandım və geri dönərkən də uzun müddət onun təsirindən ayrıla bilmədim. Bir daha əmin oldum ki, türklər tarixi yaratmaqla yanaşı, həm də tarixi yazıb və böyük mədəniyyətlərin yaranmasına imza atıblar. Sadəcə son yüzilliklərdə biz öz mədəniyyətimizə, yazımıza sahib çıxıb, onu öyrənərək dünyaya tanıda bilməmişik. Biz mədəniyyətimiz, tariximiz haqqında başqalarının yazdıqlarına, öyrəndiklərinə istinad etməyə daha çox meyl göstərmişik.
Qazaxıstan səfərinin sonu və ya “Son söz” əvəzi
Qazaxıstana səfərim zamanı olduqca xoş qarşılansam da, mənim üçün üzücü olan məsələləri də oxucularla bölüşmədən yazını tamamlamaq istəmədim. Görüşdüyüm soydaşlarımızın bir çoxunda qazaxlara, xüsusən də ana dilində danışanlara bir soyuq münasibət gördüm. Mədəniyyətimiz, dinimiz bir, dillərimiz yaxın olsa da, soydaşlarımız rus dilində təhsil aldıqlarından və rus-sovet təbliğatının təsirindən ana dilində danışan qazaxlara yuxarıdan aşağı baxırlar.
Qəribəsi budur ki, yaşadıqları bölgədəki dünyanın ən məşhur tapıntısı – Qızıl geyimli şahzadənin sərdabəsi tapılan yerə getməyən, muzeylərdə olmayan, ümumtürk tarixini və ədəbiyyatını oxumayan bu insanlar qazax dilinin rəsmi status qazanmasına ruslardan daha çox etiraz edirlər.
Əsli Gürcüstandan olan, istefaya çıxmış polkovnik giley-güzar edir, narazılığını bildirirdi. Mən nədən narazı qaldığını soruşduqda “bizi burada sıxışdırırlar” dedi. Mən maraqla “Siz deyəndə kimi nəzərdə tutursunuz?” deyə xəbər aldıqda “Rus dilliləri sıxışdırırlar!” cavabını verdi. Mən səbrimi basa bilmədim. “Sizin ana diliniz qazaxların dilindən o qədər də fərqlənmir. Danışanda j səsinin birini bir qəpiyə işlədirsiniz.
Qazaxlar sözün əvvəlində j səsini çox işlədir, sizsə sözün ortasında. Hələ də gələjəm, gedəjəm, oturajam, durajam deyirsiniz. Qazaxıstan müstəqilliyini elan edəndən sonra minlərlə qazax dili kursu açıldı. Hətta ruslar belə qazax dilini öyrəndi. Necə oldu ki, 60 ilə yaxın burada yaşadınız, işlədiniz, rəhbər vəzifə tutdunuz, amma qazax dilini öyrənmədiniz?”
Elçin Abbaslının həyətində oturub yol qeydlərimi yazarkən
Cavabı mənim üçün çox gözlənilməz oldu: “Mən niyə bu çobanların dilini öyrənməliyəm ki?”
İstər Azərbaycandan sürgün olanların övladları, istər iş dalınca gedib orada yaşayanlar bizləri sevgi ilə qarşılayırlar. Qonaq aparmağa, yedirdib-içirtməyə çalışırdılar. Zülümlər görmüş insanların övladlarının necə yaşadığını, nə düşündüyünü bilmək üçün onların dəvətlərini qəbul etməyə çalışırdım.
Sovet hökumətinin qəribəliklərindən biri də bu olub ki, Azərbaycandan sürgün etdiyi adamlara Qazaxıstanda yaxşı işlədiklərinə görə yüksək orden-medallar, fəxri adlar, hətta neçə nəfərə Sosialist Əməyi Qəhrəmanı adı da verilib. Belə çıxır ki, sürgün olunanlar siyasi dünyagörüşünə görə deyil, bölgəni işçi qüvvəsi ilə təmin etmək üçün aparılıblar.
Azərbaycandan qələm sahibləri durmadan ah-nalə çəkirlər ki, soydaşlarımızı yer-yurdlarından etdilər, vətəndən sürgünə göndərdilər. Onlar sürgündə çox zülümlər gördülər. Minlərlə insanımız aclıqdan, soyuqdan, xəstəlikdən öldü, vətən həsrətilə dünyasını dəyişdi. Bütün bunların hamısı doğrudur. Amma sürgün olunanların çoxunun övladı bizim kimi düşünmür. İş adamı olanlar, pul qazananlar məclislərdə yeyib-içəndə Azərbaycana qayıtmaq bir yana, Vətən haqqında xoş bir fikir də söyləmirlər. Yeyib-içmək məclislərinə çox səxavətlə pul xərcləyən bu insanlar süfrə arxasında daha sərbəst olur düşündüklərini senzur etmədən danışırlar. Məclislərdə eşitdiklərimə heyrət etdim. Stalinin sağlığına badə qaldırırlar. Deyirlər ki, yaxşı ki, Stalin babalarımızı sürgün edib. Əgər biz də Azərbaycanda qalsaydıq, oradakı qohumlarımız kimi pis gündə yaşayardıq… Və yaxud Qorbaçovun şərəfinə badə qaldırırlar. Deyirdilər: “Yaxşı ki, SSRİ-ni dağıtdı, biz də mal-mülk, var-dövlət sahibi olduq».
Onlardan Azərbaycana dönmək fikrində olub-olmadıqlarını, qazandıqları pullardan Azərbaycana yatırım qoyub-qoymayacaqlarını xəbər aldıqda adama çox istehza ilə cavab verir, 5-10 il əvvəl Azərbaycana gələrkən gömrükdə onları necə “hörmət” etməyə məcbur etdiklərini, polislərin onları necə tora saldıqlarını yada salıb gülürdülər. Hətta dəfələrlə eşitdiyim lətifələri öz başlarına gəlmiş hadisə kimi danışırlar. Onlardan biri belə dedi: “Maşınımla gedirdim. Yol polisi məni saxlayıb kəmər bağladığıma işarə edərək “Beş manata görə özünü nə boğursan?!” dedi. Mən də şənimə sığışdırmayıb polisə beş manat verdim və kəməri də açdım. Heç 200–300 metr getməmişdim ki, başqa bir yol polisi məni saxlayıb kəməri bağlamadığıma görə cərimələdi”.
Almatıdakı axısqalıların dərnəyi mənə azərbaycanlıların dərnəklərindən daha təşkilatlanmış göründü.
Qazaxıstanda milli oyanış isə öz işini görür. 1990-cı illərədək Almatıda qazaxca cəmi bircə orta məktəb varmış. Bu məktəbə də yetərincə şagird gəlmirmiş. İndi respublikanın hər guşəsində milli məktəblər açılır, qazax dilini öyrənmək istəyənlər üçün pulsuz dil kursları təşkil edilir. Qazax dilində məktəblərin, televiziya və radio verilişlərinin, qəzet və jurnalların, kitabların sayı gündən-günə artır. Hətta rusdilli məktəblərdə qazax dili dərsləri keçilir. Küçələrin, meydanların, elm və təhsil müəssisələrinin adları milliləşdirilir, uzun illər adlarının belə çəkilməsi qadağan olunan vətənsevərlərə əzəmətli abidələr ucaldılır, məscidlər tikilir.
Lakin hələ də kitab mağazalarında 1986-cı ilin dekabrında Sovet əsgərlərinin, milislərin öldürdüyü nümayişçilər, qazax dissidentləri haqqında kitablara rast gəlmək olmur.
Bütün bunlara baxmayaraq bəzilərinin dediyi: “Türklər tarix yaradıblar, amma tarix yazmayıblar” fikrinin əksini gördüm. Qazaxıstandan tapılan abidələr, muzeylərdə nümayiş etdirilən maddi-mədəniyyət nümunələri və son illərdə türk dünyasının hər yerində gedən elmi araşdırmalar, yazılan kitablar və məqalələr onu göstərir ki, türklər tarix yaratmaqla yanaşı, tarixi yazıb və böyük mədəniyyətlərin yaranmasına imza atıblar.
07–16 iyun 2013-cü il
ƏHMƏD YƏSƏVİ YURDUNDA TÜRKOLOJİ KONQRES
Dünyanı nüvə silahı ilə qorxudan Sovetlər Birliyi qonşuları üçün bir təhlükə mənbəyi sayılırdı. Türkiyə quzeydəki nəhəng qonşusunun sərhədlərinə “bismllah” demədən baxmağa belə cəsarət etməzdi. 1990-cı ildən sonra dünya düzəni dəyişməyə başladı. Lakin qonşu dövlətlərin rəhbərlərinin canından Sovet qorxusu çıxmadı. 1991-ci ildə SSRİ-nin tərkibindəki 15 respublika müstəqilliyini elan etdikdən sonra Türkiyə, gec də olsa, Azərbaycanda və Türküstanda yaşayan xalqlarda milli şüur oyatmaq üçün hərəkətə keçdi.
1991-ci il iyunun 6-da Qazaxıstan hökuməti qədim Yəsi şəhərində Xoca Əhməd Yəsəvi adına Türküstan Dövlət Universitetinin açılması haqqında qərar verdi. Ölkənin iqtisadi gücü zəif olduğundan yeni açılan ali təhsil ocağı maliyə sıxıntısı içərisində idi. Türkiyənin universitetə yardım təklifi Qazaxıstan hökuməti tərəfindən xoş qarşılandı. Beləcə yeni açılan Xoca Əhməd Yəsəvi adına Türküstan Dövlət Universiteti Türkiyə və Qazaxıstan hökumətləri arasındakı razılaşmaya əsasən 1992-ci il oktyabrın 31-dən Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universiteti adlandırılmağa başlayır. Universitetin əsas maliyə xərclərini Türkiyə hökuməti öz üzərinə götürdü.
850 nəfər müəllim və texniki işçinin çalışacağı ali təhsil ocağında dərslərin qazax, türk, ingilis və rus dillərində keçilməsi nəzərdə tutulmuşdur. İlk gündən universitetin nəzdində türkologiya, ekologiya, arxeologiya, təbiət elmləri, tibb və Avrasiya institutları, 3 elmi və 2 informasiya jurnalı fəaliyyətə başladı.
Qısa müddətdə ciddi elmi mərkəzə çevrilən universitetdə uluslararası toplantılar keçirildi, dünyanın nüfuzlu ali məktəblərinin professorları mühazirələr oxumağa dəvət edildi, müəllim və tələbələr xarici ölkələrə təcrübəyə göndərildi.
Ali təhsil ocağına türk xalqlarının hər birindən öncədən müəyyən edilmiş sayda tələbə qəbul edildi. Azərbaycandan da hər il planlaşdırıldığı qədər gənc orada oxumağa başladı. Universitet türk xalqlarının övladlarına elm-bilik verməklə yanaşı, həm də onlardakı milli mənsubiyyət hissini gücləndirdi.
Universitet yeni olsa da, istedadlı və zəhmətsevər araşdırıcıları işə cəlb edə bildiyi üçün bölgənin nüfuzlu türkoloji mərkəzi kimi tanındı. Burada araşdırıcıların uluslararası toplantıları keçirilir, müzakirələr aparılır, gənc kadrlar dünyanın tanınmış universitetlərinə təcrübə mübadiləsinə göndərildiyi kimi, tanınmış türkoloqlar da burada mühazirələr oxumağa dəvət edilirlər. Universitetin müəllimləri də, idarəediciləri də əsasən Qazaxıstandan və Türkiyədən olanlardır.
Ali təhsil ocağının adı da uğurlu seçilib. Çünki həm Əhməd Yəsəvi burada yaşayıb, həm də yaydığı fikirləri ilə türk dilinin zənginləşməsinə, türk xalqlarının yaxınlaşmasına xidmət edib.
Xoca Əhməd Yəsəvi türbəsi təmirdən sonra
Rusiya bölgəni işğal edərkən 1867-ci ildə yaratdığı general qubernatorluğun adını Türküstan, Türküstanın quzeyində yaratdığı general-qubernatorluğu Stepnoy (Çöl) adlandırmışdır. Lakin işğalçı yürüşlərini davam etdirib Şərqi Türküstanı (Çinin Sintsyan-Uyğur Milli Rayonu adlandırdığı bölgəni) və Cənubi Türküstanı (Əfqanıstanın quzeyi və İran İslam Respublikasının quzey-doğusu) müstəmləkəsi altına ala bilməmişdi.
Bolşeviklər 1918-ci ildə Rusiya Federasiyasının tərkibində Türküstan Muxtar Sovet Sosialist Respublikası yaratdıqlarını elan etdilər. Lakin yerli xalqlar çar Rusiyasının siyasətini davam etdirən bolşeviklərlə razılaşmadılar. Alaş Respublikası, Kokand hökuməti yaratdılar. Yeni yaranmış bu dövlətlər daxili ziddiyyətlərdə və getdikcə güclənən Rusiya hərbi güclərinin davamlı hücumları qarşısında duruş gətirməyərək məğlub oldular.
1924-cü il oktyabrın 27-də Sovetlər Birliyi Türküstan Muxtar Sovet Sosialist Respublikasını ləğv edərək Türkmənistan, Tacikistan, Özbəkistan (Özbəkistanın daxilində Qaraqalpaq Muxtar Sovet Sosialist Respublikası. Yerli sakinlər özlərinin və respublikalarının adını Qaraqalpaq, özbəklər Qoraqalpag yazsalar da, bizdə hələ də bir çox qələm sahibi rus dilinin təsiri ilə Karakalpak yazır.), Qırğızıstan və Qazaxıstan Sovet Sosialist Respublikalarını yaratdığını elan etdi. Bu da müstəmləkəçilərin “Parçala, hökm sür!” siyasətinin nəticəsi idi.
Sovetlər Birliyi dönəmində Türküstan adı, demək olar, hər yerdən qaldırılsa da, hərbi hissədən qaldırılmamışdı. Mərkəzi Daşkənddə olan böyük bir əsgəri birləşmə Türküstan Hərbi Dairəsi adlandırılırdı.
Lakin bölgədə müstəmləkə əleyhinə mübarizə İkinci Dünya Müharibəsinin sonlarına kimi gah gücləndi, gah zəiflədi. Bolşeviklər hakimiyyətə qarşı çıxan qüvvələri basmaçılar adlandırdılar. Çünki milli qüvvələrin müəyyən bir ərazini tutub rus hərbçilərinə qarşı dirəniş göstərməyə gücləri çatmırdı. Fərqli-fərqli bölgələrdən rus hərbçilərinə, onlara xidmət edən yerli məmurlara basqınlar edirdilər. Ona görə də adları tarixə basmaçılar kimi düşdü.
Sovetlər Birliyi dağılanda əsarət altında olan respublikalar öz müstəqilliklərini elan etdilər və sürətlə inkişafa başladılar. Türkologiya ilə məşğul olanlara çox vaxt pantürkist damğası vurulub, həbsə atıldığı yerlərdə müstəqillikdən sonra Türkoloji mərkəzlər yaradıldı. Qazaxıstanın güney bölgəsində yaradılmış Uluslararası Türk-Qazax Universiteti də belə türkoloji mərkəzlərdən biridir.
Şəkildə konqres iştirakçılarından bir qrupu Əhməd Yəsəvinin türbəsi önündə
2013-cü il aprel ayının 19-20-də Türküstanda “5-ci Uluslararası Türkoloji Konqres” keçiriləcəkdi. Konqres “Kültürəl etkiləşim və mədəniyyətlər ittifaqı” adı altında təşkil edilmişdi. Konqresə qatılmaq üçün “Bekir Sıtkı Çobanzade’nın Türk Halklarının Kültürel Etkileşim ve Değişiminde Rolu” mövzusunda bir məruzə göndərmişdim. Elmi heyət məruzəmi bəyənərək mənə də dəvətnamə göndərmişdi.
“5-ci Uluslararası Türkoloji Konqres” Qazaxıstan Respublikasının güneyindəki kiçik şəhər Türküstanda 2013-cü il aprelin 19-20-də keçiriləcəkdi… (Qazaxıstan hökumətinin nədən bu şəhərin adını Türküstan qoyduğunu anlaya bilmirəm).
Filipp Qoloşyokin və onun “Kiçik Oktyabr inqilabı” planı
Qazaxıstanın ərazisi olduqca böyük olduğundan (2.724.900 kvadrat kilometr, yəni orada 31 Azərbaycan kimi dövlət yerləşər) idarəetməni asanlaşdırmaq üçün 14 vilayətə bölünüb. Onlardan biri 1932-ci ildə yaradılmış Güney Qazaxıstan vilayəti olub. Mərkəzi Çimkənd (qazaxlarda ç səsinin ş səsinə çevrilməsi yayğın olduğundan şəhərin adını Şimkənd, bizim Çokay dediyimiz adı Şokay yazırlar) olan vilayətin ərazisi 116 min 95 kvadrat kilometrdir. 1962-ci ildə vilayətin adı dəyişdirilərək mərkəzindəki şəhərin adı ilə Çimkənd adlandırılıb. Qazaxıstan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra adı yenidən dəyişdirilərək Güney Qazaxıstan vilayəti şəklini alıb.
Qazaxıstanın başqa vilayətləri ilə müqayisədə buranın iqlimi mülayim, torpağı məhsuldar, suyu boldur. Belə ki, vilayətdə pambıq, çəltik, tütün, taxıl, çətənə, bostan-tərəvəz bitkiləri əkib becərirlər. Məhsuldar üzüm və meyvə bağları var.
Bu gün Türküstan adlandırılan şəhərin yerində keçmişdə Yəsi şəhəri varmış. Türküstanın ən qədim mədəniyyət mərkəzlərindən olan Yəsi, Sayram, Otar kimi şəhərlər də burada yerləşib.
Bölgənin havası mülayim, suyu bol, torpağı məhsuldar olsa da, mənim yaddaşımda daha çox sürgün yeri kimi qalıb. Bu da səbəbsiz deyil. Uşaqlıq və yeniyetməlik illərimdən Qafqazdan sürgün olunanların çoxunun sorağı Çimkənddən gəlirdi. Gəncliyimdə Axısqalı Xəstə Hasanın ömür yolunu öyrənməyə və şeirlərini toplamağa çalışanda da axısqalıların sürgün olunanlarının çoxunun Çimkənd və çevrəsində yaşadıqlarını deyirdilər.
Sonralar bildim ki, Türküstanı işğal etmək istəyən bolşeviklər döyüşlərdə on minlərlə qazaxı öldürüb, kəndlərini dağıdıb, mal-qarasını əlindən alıb. Bu da tarixə qazax xalqının soyqrımı kimi daxil olub.
Əsl adı və soyadı Şaya İtsikoviç olan Filipp Qoloşyokin 1925-ci ilin oktyabrında Qazaxıstan Vilayət Partiya Komitəsinə birinci katib təyin edildiyi ilk gündən dinc əhaliyə divan tutmağa başlayıb. Yəni azacıq maddi imkanlı insanları qolçomaq adı ilə güllələdib, ailələrini sürgünə göndərib. Mal-qaralarını, mülklərini kolxoza (kollektiv təsərrüfat) daxil edib. Nəticədə baxımsızlıqdan kolxozdakı mal-qara qırılıb.
Qolçomaqları bir sinif kimi yox etmə, kollektivləşmə, mərkəzi hakimiyyətin ərzaq təchizatı planını böyütmə adı altında kəndlilərin mal-qarasını zorla əlindən alıb. Bunu da Kiçik Oktyabr İnqilabı adlandırıb.
Mal-qarası əlindən alınmış, təsərrüfatı dağıdılmış insanlar kütləvi şəkildə ölümə təhrik edilmişdir. Filipp Qoloşyokinin özünü də məsləkdaşı olan kommunistlər 1941-ci il oktyabrın 28-də xalq düşməni adı ilə güllələmişlər.
1932-33-cü illərdə ölkə əhalisinin 38 faizi aclıqdan və xəstəlikdən ölüb. İtkinin yerini doldurmaq, bölgənin torpaqlarından istifadəni qaydaya salmaq üçün Qafqazdan, Rusiyadan və başqa bölgələrdən on minlərlə ailə sürgün adı altında buraya köçürülüb.
Buna görə də bölgədə qazaxlarla yanaşı özbəklərə, uyğurlara, azərbaycanlılara, koreyalılara, ruslara, dunqanlara, taciklərə və b. xalqların nümayəndələrinə tez-tez rast gəlmək olur.
Qazaxlar əhalinin sayını 1926-cı ilin səviyyəsinə 1970-ci ildə çatdıra biliblər. Bu da təbii artım hesabına olmamışdı. “Xam torpaq” kompaniyasında minlərlə insanın Qazaxıstana işləməyə göndərilməsi nəticəsində əhalinin sayı artmışdı.
Uzun yolçuluğumuz
Konqrenin keçiriləcəyi Türküstan şəhəri xəritədə Çimkənddən o qədər də uzaq görünmür. Daşkənddən Özbəkistanla Qazaxıstan arasındakı sərhəd keçid məntəqəsinə maşınla 15–20 dəqiqəlik yol olduğunu bilirdim. Ona görə planlaşdırdım ki, konqredən 6–7 gün öncə Daşkəndə gedərəm. 2–3 gün orada dostlarla görüşüb, söhbətləşib, sonra Çimkəndə keçər, Azərbaycandan və Axısqadan oraya sürgün olunanlardan folklor nümunələri toplayaram.
Lakin konqrenin təşkilatçıları bileti Türk Hava Yolları şirkətinin Bakı-İstanbul-Çimkənd reysinə almışdılar. Yəni Bakıdan gedənlər İstanbula uçmalı, orada 7–8 saat gözlədikdən sonra 4 saatlıq bir yolçuluqla Çimkəndə çatmalıydılar. Çimkənddən də avtobuslar bizi Türküstana aparacaqdı.
Bu, həm vaxt itkisi, həm də əlavə xərc idi. Biletləri biz almasaq da, istəmirdim təşkilatçılar ikiqat xərc çəksinlər. Necə deyərlər, pulu kim verir, tütəyi də o çalır. Biz də konqrenin təşkilatçılarının planı ilə hərəkət etməli olduq.
Azərbaycanlı araşdırıcıların sayı elmi toplantılarda digər ölkələrdən qatılanların sayı ilə müqayisədə həmişə çoxluq təşkil edir. Bu dəfə də belə idi. Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan konqre keçirilən yerə Azərbaycandan yaxın olmasına baxmayaraq, bizimkilər çoxluq təşkil edirdilər. İştirakçıların sayına görə Qazaxıstan və Türkiyədən gələnlərdən sonrakı yeri biz tuturduq.
Azərbaycandan Kamil Vəli Nərimanoğlu, AMEA Şərqşünaslıq İnstitutundan Elmira Fikrətqızı (Məmmədova), Kəmalə Ələkbərova və mən, İran İslam Respublikasından gəlmiş azərbaycanlılardan Bəhruz İmani, Mirəli Rezai, İsa Yılmaz vardı. Gürcüstanlı şərqşünas Mzisa Buskvadzeni də bizdən saymaq olardı. Çünki onun konqreyə qatılmasına biz körpü olmuşduq.
Çimkəndə 2013-cü il aprelin 18-də səhər tezdən çatdıq. Hava limanından Türküstandakı Xoca Əhməd Yəsəvi Uluslararası Türk-Qazax Universitetinin avtobusları ilə yola düşdük. Yol da nə yol, kəndarası torpaq yol olsaydı, daha tez və rahat mənzilbaşına çatardıq. Yolda təmir işləri getdiyindən az qala hər 2–3 kilometrdən bir yoldan kənara çıxır, çala-çuxur yolla yırğalana-yırğalana gedirdik. Beləliklə, 2 saata gedə biləcəyimiz yolu 6 saata getdik.
Qaldığımız hoteldən Xoca Əhməd Yəsəvi türbəsi görünürdü. O qədər yorulmuşdum və toz-torpağa batmışdım ki, uzun illərdi həsrətində olduğum ziyarəti həmin gün reallaşdıra bilmədim. Yuyunub, toz-torpaqdan qurtaran kimi yatdım.
Səhər yuxudan duranda ilk işim, yeməkdən öncə Xoca Əhməd Yəsəvinin qəbrini ziyarət etmək oldu. Sonra rahatca səhər qəhvaltısını elədim.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?