Текст книги "Parçalanmış Türküstanı gəzərkən"
Автор книги: Əli Şamil
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 24 страниц) [доступный отрывок для чтения: 8 страниц]
Konqrenin ilk günü
Toplantını səhər tezdənə salmamışdılar. Öncə Kültür Mərkəzində Baxçaşəhər Universitetinin hazırladığı “Mədəniyyətlərin anladılmayan hekayəsi: Batıya axan nəhir” adlı sərgiyə baxdıq və muzeyi gəzdik.
Toplantını Uluslararası Türki-Qazaxıstan Universitetinin rektoru, professor Lesbek Taşimov açdı, təhsil ocağının yaranması, inkişaf yolu və qarşıdakı planları haqqında bizlərə bilgi verdi. Sonra sözü universitetin Türkiyə tərəfdən rəhbəri, rektor vəkili adlandırılan professor Salih Aynurala, Türk Dil Qurumu başqanı professor Osman Horataya, Azərbaycandan professor Kamil Vəli Nərimanoğluna, Özbəkistandan Dil və Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, professor Mamatkul Jurayevə və başqalarına verdi.
Nahardan sonra bölmə iclasları başladı. Bölmə iclaslarının keçiriləcəyi salonların adlarının “Kaşğarlı Mahmud”, “Yunus Əmrə”, “Məhəmməd Füzuli”, “Manas” adlandırılmasına sevindim. Sovet dövründə toplantı keçiriləcək salonlara ad verilmirdi. Sovetlərin çöküşündən sonra bu, ənənəyə çevrildi.
Proqramda məruzəçilərin 104 nəfər olduğu göstərilsə də, məruzəsi olmayan dəvət edilənlərlə birlikdə iştirakçıların sayı 150 nəfərə yaxın idi.
Konqreni təşkil edənlər Sovet dövrünün təsirindən qurtara bilmişdilər. Belə ki, proqramda məruzəçilərin adları sıra ilə düzülməmişdi. Kimin hansı salonda, saat neçədən-neçəyə kimi məruzə edəcəyi dəqiq göstərilmişdi. Toplantı salonları bir-birinə yaxın yerdə idi. Bu da istədiyim məruzəni dinləməyimə, sual verməyimə, müzakirədə iştirakıma imkan verirdi. Hətta rektor Lesbek Taşimovun aprelin 19-da saat 21.30-da qonaqların şərəfinə ziyafət verəcəyi də proqramda göstərilmişdi.
İstər Türkiyədə, istərsə də Türkmənistanda, Qırğızıstanda, Özbəkistanda, Qazaxıstanda, İranda və Avropa ölkələrində keçirilən elmi toplantılarda saka, altay, başqırd araşdırıcılarını hərdən görürdüm. Burada isə onlar daha çox idilər. Bu, sadəcə konqrenin keçirildiyi yerin Sibirə yaxınlığı ilə bağlı deyildi. Onlar Türkiyəyə də, Türkmənistana, Özbəkistana, Qazaxıstana, Qırğızıstana da Moskvadan getməli olurlar. Demək, bu yol yaxınlığı ilə deyil, konqreni təşkil edənlərin təşkilatçılığından irəli gəlirdi.
Şəkildə soldan. 1…., 2…., 3. Əli Şamil, 4. Kamil Vəli Nərimanoğlu, 5. Bəhruz İmani (Təbriz), 6. Elmira Fikrətqızı (Məmmədova), 7.Mirəli Rizai (Nəqədey), 8.Kəmalə Ələkbərli, 9…., 10. Bahadur Kərimov (Özbəkistan).
Türkiyədən, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan gələn araşdırıcılarla simpoziumlarda və toplantılarda öncələr görüşmüşdük. Altaydan və Saxadan gələnlərlə isə ilk dəfə görüşürdüm. Məruzələr türk, qazax, rus dillərində olsa da, fasilələrdə, istirahət saatlarında, gəzintiyə gedəndə söhbətlərimiz əsasən Türkiyə türkcəsində və ya digər türk xalqlarının dillərində olurdu.
Qazaxıstanda, Qırğızıstanda, Başqırdıstanda rəsmi dil rus dili olsa da, oradan gələn araşdırıcılar çətinlik çəksə də, Türkiyədən gələn həmkarları ilə ana dilləri ilə Türkiyə türkcəsinin qarışığı olan bir dildə danışmağa çalışırdılar. Sakadan, Altaydan gələnlər isə yalnız rus dilində danışırdılar. Bu da onu göstərirdi ki, türk xalqlarının birgə keçirdikləri toplantılara da qatılmayıblar.
Məruzələrin seçilməsinə ciddi diqqət yetirildiyindən dinləmək istədiyimin sayı çox idi. Heyfsilənirdim ki, eyni vaxtda ayrı-ayrı salonlarda olan məruzələrdən yalnız birini dinləyə biləcəm. Çıxışlardan sonra sual verilməsinə, müzakirələr aparılmasına da şərait yaradılmışdı. Bunlar da yüksək qiymətləndirdiyim cəhətlərdən idi.
Birinci günün bölmə iclaslarından sonra tələbə və müəllimlərin hazırladığı konsertə baxıb ləzzət aldım. Konsert proqramına türk, qazax, özbək, Azərbaycan, türkmən, və b. xalqların mahnı və rəqsləri salınmışdı. Azərbaycanlıların ifa etdikləri mahnı və rəqslər peşəkarların ifasında o qədər də fərqlənmirdi desəm, yəqin ki, yanılmaram. Musiqi duyumu yüksək olan Kamil Vəli Nərimanoğlu da onları çılğınlıqla alqışlayırdı. Onlar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir parçanı da ifa etdilər. Operettanın film variantının dünyada geniş yayılması və ifaçıların ürəkdən oynamaları salondakıların sürəkli alqışına səbəb oldu.
Əhməd Yəsəvini tanıdan Əmin Abid
Aprelin 20-də iş günümüzə konqre iştirakçılarının Xoca Əhməd Yəsəvinin türbəsini ziyarətlə başladıq.
Xoca Əhməd Yəsəvinin adına ilk dəfə Əmin Abidin 1927-ci ildə “Maarif işçisi” jurnalının 3, 4 və 6-7-ci sayında çap etdirdiyi “Heca vəzninin tarixi” məqaləsində rast gəlmişdim. Onda mən ikinci kursda oxuyurdum. Məqalə mənə o qədər güclü təsir göstərmişdi ki, tələbə yoldaşım Osman Əhməd oğlu ilə birləşib ərəb əlifbası ilə yazılmış 25 səhifəlik məqaləni kiril əlifbası ilə köçürmüşdük.
Əmin Abid yazırdı: “Türkçəliyin ümumi xarakteri göz önünə gətiriləcək olursa, heca vəzninin onlarca məqbul görünməsinin mənası kolaylıkla anlaşılır. Qayəsi daha böyük bir əksərinə məfkurəvi təlqinlərlə təsir yapmaq olan təkyə təşkilatı, xalq ruhunu nəzərə almaq və xalq ədəbiyyatı elementlərini kullanmaq məcburiyyətində idi. Bunun üçün təkyə şeiri milli xalq vəzni olan heca ilə yaradılırdı.
Heca vəznini ilk dəfə olaraq Yəsəvi təkyəsində buluyoruz. Yəsəvilik təriqəti üzrə doğan ədəbiyyatın məhvəri miladi on ikinci əsrdə yaşamış şair, həkim Əhməd Yəsəvinin “Divan-i hikmət” adı altında toplanılan əsərləridir. Əhməd Yəsəvi hecayı kullanmaqla bərabər, ona daha əski zaman məhsullarındakı vəziyyətindən ayıran mütəkamil bir şəkil verməmişdir, onun əsərlərində də ətraflı misrayi-ahəngdən mərhum bulunaraq ibtidai texnikayı mühafızə etməkdədir. Bununla bərabər vəznin təkyələrdə tutulmasma və aynca on iki hecalı vəznin şaye bulmasına yardım etmişdir. “Divan-i hikmət”də ən çox kullanılan vəzn yeddili ilə on ikililərdir. Hecanın bundan 800 il əvvəlki şəklini yaxından görə bilmək məqsədilə Əhməd Yəsəvinin iki mənzuməsini buraya alıyoruz. Birinci parça duraksız yeddilidir:
On səkkiz min aləmdə,
Heyran bulğan aşiqlər.
Tapmaq məşuq sorağın,
Sərsan bulğan aşiqlər.
Hər dəm başı örülüb,
Gözü xəlqə tirtulub,
Hər hötyö çur kulub,
Kiryan bulğan aşiqlər.
Göyüb yanub kül bulğan,
Eşqdə bülbül bulğan,
Kisti kursə fövl bulğan,
Mərdan bulğan aşiqlər.
Yol üstündə xak bulğan,
Sinələri çak bulğan,
Zikrin itib pak bulğan,
Nalan bulğan aşiqlər.
Himmət qövrin bağlağan,
Yürək bağrın bağlağan,
Fəryad urub ağlağan,
Giryan bulğan aşiqlər.
Kahi yüzü sarğarıb,
Kahi yolda gərib,
Təsbihləri ya həbib,
Cövlan bulğan aşiqlər.
Əhməd, sihnəm aşiq bul,
Sidqinin burla sadiq bul,
Dərgahığa layiq bul,
Canan bulğan aşiqlər.
Bu hikmət on ikilidir, üç durağı hayizdir”.
Əmin Abid 1928-ci ilin oktyabrında yazdığı və 1930-cu ildə “Azərbaycanı öyrənmə yolu” toplusunun 4-5-ci sayında nəşr etdirdiyi 33 səhifəlik “Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri (Beş min bayatı-mani üzərində yapılmış bir tətöbbönamədir)” məqaləsində də Əhməd Yəsəvi yaradıcılığına müraciət edir. O, yazır: “Havi olduğu yeddi hecalı mənzum parçalar haqqında yukarıda məlumat verdigimiz "Divan-i lüğət ül-türkdən" sonra bu vəznində bizə qədər gələn əsər hicri altıncı əsrdə ölən Xoca Əhməd Yəsəvinin "Divan-i hikmət" idir. "Divan-i hikmət" in bir çox mənzumələri hecanın yeddilisi ilə və qitələrdən mürəkkəb silsilə halında yazılmışdır. Diqqət edərsək Əhməd Yəsəvinin işlətdigi yeddilinin şəkli ilə "Divan-i lüğət ül-türk" in havi olduğu yeddilərin şəkili arasında qüvvətli bir yaxınlıq var. Hər ikisində bəzi durak-təktsiz misralar istisna edilmək şərtilə yeddi hecalının 3+4 şəklinin havidir. Bunlar da eyni surətlə qitələrin üç ilk misraları öz aralarında, dördüncü misraları qitələrin dördüncü misraları arasında qafiyədardır; ifadə də cinas sənətindən uzak bir tərzdədir.
…Demək olur ki, "Divan-i lüğət üt-türk"ə təkəddüm edən zamanlardan Əhməd Yəsəvinin yaşadığı dövrə qədər hecanın yeddilisi, şəklən böyük bir xüsusiyyət göstərməmişdir. Fəqət burada bir cəhət nəzəri-diqqəti cəlb etməkdədir. Məlum olduğu üzrə Əhməd Yəsəvi bütün divanını heca vəznilə yazmışdır. O halda deyilə bilir ki, Əhməd Yəsəvi zamanında Orta Asiya türkləri heca vəznilə bir çox xalq mənzumələrinə malik olmuşdur. Hələ bu xalq mənzumələri içində yeddi hecalı çox modada olmuş olacak ki, mühitin ədəbi təsiri altında Əhməd Yəsəvi də yeddili vəzninə çox əhəmiyyət vermişdir. Şübhəsiz, bu günkü bayatı – mani zaman keçdikcə lisani karakterini yeniləşdirdigindən onların bu dövrdən qalma kısımları olub-olmadığı haqqında bir fikir söylənmiyəcəkdir.
Əhməd Yəsəvidən zamanımıza və məmləkətimizə doğru gəlincə manilərlə əlaqədar olan ədəbi bir hadisəyə rast gəliriz. O da Azərbaycan ədəbiyyatında tuyuğ nevinin zühurudur”.
Azərbaycanlı tələbələrlə birlikdə
Günümüzdə Əmin Abidin yazdığı bu parçalar bəsit görünə bilər. 1970-ci illərdə Azərbaycanda Əhməd Yəsəvi haqqında geniş bilgi yox idi. Əmin Abidin Əhməd Yəsəvi haqqında yazdığı bilgi məndə böyük maraq oyatdı. Oxuduqlarımı tələbə yoldaşlarım arasında yayırdım. Ondan sonra da Əhməd Yəsəvi və sufizmlə bağlı əldə edə bildiyim yazıları oxumağa başlamışdım.
Oxuduqlarım məndə Əhməd Yəsəvinin məzarını ziyarət etmək həvəsi oyatmışdı. Heyf ki, maddi sıxıntıdan istədiyimi reallaşdıra bilmirdim. Türküstanda düzənlənən “5-ci Uluslararası Türkoloji Konqre” 43 il sonra arzumu reallaşdırmışdı.
Əhməd Yəsəvi və onun türbəsi haqqında rəvayətlər
Araşdırıcılar Əhməd Yəsəvinin qədim Sayram şəhərində doğulduğunu yazırlar. Şəhərin adını daşıyan Sayram çayı bu yerləri bolluq, bərəkət məkanına çeviribmiş. Buna baxmayaraq, Əhməd bin İbrahim bin İlyas doğulduğu şəhərin deyil, təhsil aldığı Yəsi şəhərinin adını özünə ləqəb götürüb. Minlərlə müridi olmasına, onun ideyalarına şifahi şəkildə yaymasına baxmayaraq, onlar zamanında mürşidlərinin ömür yoluna işıq salacaq bir əsər yazmamışlar. Buna görə də böyük sufi şairin doğum tarixi dəqiq bilinmir.
Əhməd Yəsəvinin müridləri onu o qədər əfsanələşdiriblər ki, ölüm tarixi bilinsə də, ona əsaslanıb doğum tarixini müəyyənləşdirmək olmur. 1166-cı ildə dünyasını dəyişdiyi söylənilir. Rəvayətlərə görə, sufi şair 63 yaşına çatanda “Peyğəmbər 63 il yaşayıb, bu yaşdan sonra yaşamağa utanıram” deyərək hazırlatdırdığı zirzəmiyə köçüb və 63 il də orada yaşayıb.
Kiçik yaşlarında anasını itirən Əhməd dövrünün tanınmış sufi-alimlərdən olan, atası Şeyx İbrahimdən yazıb oxumağı, şəriət qaydalarını, sufiliyin ilkin prinsiplərini öyrənib. 7 yaşında olanda atası da dünyasını dəyişib. Sufi-alim Arslan Baba 7 yaşlı yetimin fitri istedadını görüb ona himayədarlıq etmiş, elm və irfan öyrətmişdir. Arslan Baba ilə Əhməd Yəsəvinin mürşid-mürid münasibətlərinə dair xalq arasında çoxlu rəvayətlər dolaşmaqdadır.
Arslan Baba dünyasını dəyişəndən sonra Buxaraya gələn Əhməd orada böyük övliya Yusif Həmadanidən dərs almışdır. Mürşidindən xilafət alan Əhməd müəllim dünyasını dəyişəndən sonra da bir müddət Buxarada qalıb mədrəsədə çalışmışdır.
Ömrünün sonrakı illərini Yəsi şəhərində keçirən sufi şair fəlsəfi-dini fikirlərini ana dilində dördlüklər şəklində söyləmişdir. Söylədikləri yazıya alınmayan bu dördlüklər müridlər və Yəsəviyyə təriqətinə qoşulanlar tərəfindən şifahi şəkildə Türküstanda, Azərbaycanda, Anadoluda, İranda, Balkanlarda, Quzey Qafqazda və başqa bölgələrdə yayılmışdır. Pir Sultan, Xoca Əhməd, Qul Xacə Əhməd təxəllüsü ilə söylənən bu şeirlər dil-üslubca bir-birindən fərqlənir. Bu da şeiri söyləyən dərvişlərlə bağlıdır. Yəni hər dərviş şeiri öz ləhcəsinə, dünyagörüşünə uyğun söyləmişdir.
Mürşidləri dünyasını dəyişəndən yüzillər sonra müridləri Əhməd Yəsəvinin şeirlərini bir yerə toplayıb, yazıya alaraq ona “Divan-i hikmət” adı vermişlər.
Əhməd Yəsəvinin həyat hekayəsi əfsanələşdirildiyi kimi onun qəbri üzərində tikilmiş əzəmətli türbə haqqında da çoxlu rəvayətlər dolaşmaqdadır. Rəvayətə görə, Əhməd Yəsəvi dünyasını dəyişəndən sonra qəbri üzərində kiçik bir türbə tikilir. Əmir Teymur Türküstanda islamı yayan, türk dilini zənginləşdirən sufi şairə bu türbəni layiq görmür. 1389-cu ildə onun adına layiq bir türbə tikilməsinə göstəriş verir.
Tikintisi başa çatana yaxın gecə türbənin dağıldığını görürlər. Tikintini yenidən davam etdirsələr də, eyni hal təkrarlanır. Əmir Teymur yuxuda bir səs eşidir. Səs ona: “Mürşidim Arslan Babanın qəbri üzərində türbə tikilməsə, mənim qəbrim üzərindəki türbənin tikintisi başa çatmayacaq”- deyir.
Bundan sonra Əmir Teymur Arslan Babanın qəbri üzərində türbə tikdirir. Memar Xacə Hüseyin Əli Əhməd Yəsəvinin qəbri üzərində nəhəng ziyarətgah-türbənin tikintisinə başlayır. 1405-ci ildə Əmir Teymurun dünyasını dəyişməsi tikintinin dayanmasına səbəb olur. Sonralar tikinti başa çatdırılır.
Əmir Teymurun tapşırığı ilə memar Xacə Hüseyin Əli yalnız qəbirüstü türbə tikməyib. Böyük sufi şairi Əhməd Yəsəvi üçün böyük bir xatirə kompleksi tikib. Bu kompleksə məscid, dərvişlərin qalması və zikir etmələri üçün binalar, kitabxana, ziyarətə gələnlərin qalması üçün otaqlar, hamam, bazar və b. daxil edilmişdir. Onların arasında günümüzdə də sağlam qalmış tağlı darvazası olan böyük bina diqqəti çəkir. Binanın ucalığı 35 metrə çatır. Burada eyni vaxtda 1000 nəfərdən çox adam namaz qıla və zikr edə bilər.
Bölgənin kontinental iqlimini nəzərə alan memar binaların tikintisində qırmızı kərpicdən istifadə etmişdir. Bu da binada havanın qışda çöldəki havadan 5–6 dərəcə isti, yayda isə sərin olmasına şərait yaradır. Memar divarlarda ağac dirəklərdən geniş istifadə etmişdir. Divarlara hörülmüş və ya divardan çölə uzanmış dirəklə binanın gözəlliyinə xələl gətirdiyi təsiri bağışlayır. Əslində bu dirəklər elə yerləşdirilmişdir ki, zəlzələ baş verəndə bina uçmasın. Kompleksin günbəzi firuzəyi şirli kərpiclərlə örtülmüş, çöl divarları, giriş qapılarının yanları firuzəyi şirli kərpiclərlə kufi xətti ilə yazılar yazılmış, içəri divarlar kaşılar və ornamentlərlə bəzədilmişdir.
Bina tikilərkən burada istifadə edilmək üçün misdən böyük bir qazan hazırlanmışdır. Ağırlığı 2 ton, dairəsi 2,5 metr, ucalığı 1,5 metr olan mis qazan Tayqazan adlandırılırmışdır. Bu qazanda ziyarətə gələnlərə sərin şərbət verilmişdir. Ruslar bölgəni işğal edəndə gözlərinə xoş görünən hər şeyi talayıb apardıqları kimi Tayqazanı da Sankt Peterburqa aparırlar.
1932-ci ildən Ermitaj museyində saxlanılan Tayqazanı Nursultan Nazarbayev 1989-cu ildə geri ala bilir.
Türkiyənin Qazaxıstanla apardığı danışıqlardan sonra TİKA 1993-cü ildə Əhməd Yəsəvi türbəsini əsaslı təmir etdirib. 2002-ci ildən isə YUNESKO bu möhtəşəm abidəni Dünya irsi siyahısına salıb.
Türbə muzeyə çevrilsə də, ziyarətə gələnlərə də mane olmurlar. Buna görə də bölgə Qazaxıstanda inanc turizminin ən gur yerlərindən birinə çevrilib. Əhməd Yəsəvinin qəbrini ziyarətə gələnlər Arslan Babanın da qəbrini ziyarət edirlər. Eləcə də Arslan Babanın qəbrini ziyarətə gələnlər Əhməd Yəsəvinin qəbrini də ziyarət etmədən geri dönmürlər.
Qədim mədəniyyət beşiyi olan Yəsi, Sayram, Otar, Qızıl Orda kimi şəhərlər bir-birinə yaxın olmasına baxmayaraq, buraya gələn turistlərin sayı azdır. Bu da Türk xalqları arasında ədəbi-mədəni əlaqələrin zəifliyinin göstəricisidir.
Konqrenin ikinci günü
Azərbaycandan gedən araşdırıcıların məruzələri konqrenin ikinci günündə ayrı-ayrı salonda olduğundan əksəriyyətini dinləməyə imkanım oldu. Kamil Vəli Nərimanoğlunun məruzəsi “Kaşqarlı Mahmud” salonunda saat saat 10.15–10.30 idi. Onun “Türk dünyasında ortaq ilətişim dilinin problemləri” adlı məruzəsini böyük maraqla dinlədim. Məruzə elmi-strateji əhəmiyyət daşıyırdı.
Həmin salonda birinci fasilədən sonra, yəni saat 12.45–13.00-da Elmira Fikrət qızının (Məmmədova) oxuduğu “Türk dünyasında yaşnamələr (vücudnamələr) (Azərbaycandan, Qazaxıstandan, Türkiyədən, Türkmənistandan, Özbəkistandan, Quzey Kıbrıs Türk Cümhuriyyətindən, Başqırdıstandan, Tatarıstandan, Uyğurustandan toplanmış nümunələr əsasında)” məruzəsi faktların zənginliyi ilə seçilirdi. Araşdırıcı demək olar ki, türk xalqlarının əksəriyyətində çap edilmiş və edilməmiş yaşnamələri (vücudnamələr) araşdırmaya cəlb edə bilmişdi. Bu da olduqca çətin, zəhmət tələb edən bir iş olduğunu göstərirdi.
AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Kəmalə Ələkbərovanın məruzəsi günün 4-cü toplantısında, “Yunus Əmrə” salonunda saat 16.45–17.00-da dinlənildi. “19-cu yüzilin sonu 20-ci yüzilin başlarında türk dili Rusiyada” adlı məruzədən bəlli olurdu ki, çox gərgin keçən bir dövrdəki yüzlərlə sənədi, məqalə və kitabı oxuyub onu ümumiləşdirmək, nəticə çıxarmaq heç də asan olmamışdı. Araşdırıcı detallara getməmiş, ümumiləşdirmə əsasında dövrün mənzərəsini göz önünə sərməyə çalışmışdı.
Şəkildə Türkiyəli professor Ali Akar konqrenin qatılım bəlgəsini Əli Şamilə təqdim edərkən
Mən Kamil Vəli Nərimanoğlunun məruzəsini dinlədikdən sonra müzakirəyə qalmadan “Məhəmməd Füzuli” salonuna qaçdım. Çünki mənim məruzəm saat 10.30–10.45 arasında idi. Türkiyəli İsmail Doğanın “Türk xalqları arasındakı bilginin sağlanılmasında türkolojinin rolu nə olmalıdır?” məruzəsi bir az uzun olması mənim işimə yaradı. Belə ki, mən salona daxil olanda özbək Diloram Hamrayeva məruzəsinin son cümlələrini oxuyurdu.
Allahıma şükür etdim ki, gecikmədim. Bizim bölümün toplantısına professorlar Ali Akarla Mirzabergen Malbakov rəhbərlik edirdilər. Məruzəmin mətnini oxumurdum, mətnə baxıb danışırdım. Buna görə də salonu yaxşı görürdüm. KQB-nin istintaq materiallarında Bəkir Çobanzadənin Vahid Türk Tatar Dövləti qurmaq istədiyindən və bu təşkilatın üzvlərindən söz açdım. Heyfsiləndim ki, Türkmənistanda, Özbəkistanda və Rusiya Federasiyasının bəzi respublikalarında araşdırıcılar arxivlərə buraxılmadığından bir çox məsələlərə aydınlıq gətirə bilmək olmur.
Çıxışımda 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak edənlərin bəzilərinin adlarını çəkərkən başqırd Xaris Yumakulovun da adını çəkmişdim. Məruzəmin bitməsini gözləmədən deyinənlər Başqırdıstandan gəlmiş professor M.Edibayev və onun deputat xanımı idi. Mən onların səslərini eşitsəm də, özümü eşitməməzliyə vurub çıxışımı davam etdirdim.
Suallar və müzakirələr bölmə iclasının sonunda idi. Professor M.Edibayev və onun deputat xanımı məndən sonrakı məruzəçilərin çıxışlarını gözləmədilər. Özləri birbaşa etirazlarını bildirdilər. Bu etirazlar mənə tanış idi. Azərbaycanda da, keçmiş Sovetlər Birliyindəki bir çox araşdırıcılardan da eşitmişdim. Hətta ciddi araşdırıcı olan dostlarımla da bu mövzuda dəfələrlə mübahisələrimiz olmuşdu.
Onlara görə 1937-1938-ci illərdə həbs edilənləri KQB müstəntiqləri döyərək yalan yazmağa məcbur ediblər. O illərdə, heç bir qruplaşma, gizli təşkilat olmayıb. Bütün bunlar KQB müstəntiqlərinin uydurmasıdır. Qəribədir ki, bu fikirdə olanların əksəriyyəti repressiyaya məruz qalmış aydınların heç olmasa 5-6-nın istintaq materiallarını oxumayıblar. M.Edibayev və onun deputat xanımı da belələrindən idi. Onlar repressiya olunanlara bəraət veriləndən sonra haqlarında yazılanlara dayanaraq fikir söyləyirdilər.
Bölmədə iclasa sədrlik edən Ali Akar rus dilini yaxşı bilmədiyindən söhbətin nədən getdiyini tam anlamır və onları da başa sala bilmirdi ki, qaydalara əməl etsinlər, sakit olsunlar. Toplantının sonunda fikirlərini deyə bilərlər. Mırzabergen Malbakov isə nədənsə susurdu. Belə başa düşdüm ki, onlarla həmfikir idi. Mən isə opponentlərimə dedim ki, ilkin qaynaqlarla, KQB-nin istintaq materialları ilə tanış olmayanlarla mübahisəyə girişmək fikrim yoxdur.
Təsadüfən salona gəlmiş rektor Lesbek Taşimov başqırdları sakitləşdirdi. Dedi ki, qarşıdakı illərdə repressiya ilə ilgili geniş bir simpozium düzənləməyi planlayırlar. Oraya yalnız ilkin sənədlərə dayanıb məruzə hazırlayanları dəvət edəcəyik. Ona kimi siz də KQB-nin arxivindəki materiallarla tanış olarsınız. Gəlib burada geniş müzakirə edərsiniz.
Onun sözü başqırdları da, onlarla eyni fikirdə olanları da sakitləşdirdi.
Özbək dilini ortaq türk dilinə çevirmək istəyən ideoloq
Elmi simpoziumlarda, konqrelərdə, konfranslarda mübahisələr yalnız məruzələr dinlənən salonlarda olmur. Bəzən fasilədə, yemək süfrəsi arxasında, gəzintidə də davam edir. Özbəkistanlı professor Bəxtiyar Kərimovla ötən simpoziumlarda başlanan mübahisəmiz Türküstanda davam etdi.
Şəkildə soldan…., Əli Şamil, Mirəli Rizai (Nəqədey), Bəxtiyar Kərimov…
Bəxtiyar Kərimova görə özbək dili qədim türk dilinə daha yaxındır. Onun ortaq türk dilinə çevrilməsi üçün keçmiş Sovetlər Birliyində yaşayan türk xalqları Özbəkistanın proqramını müdafiə etməli, özbək dilini ortaq türk dilinə çevrilməsində ona köməklik göstərməlidirlər. Mənim fikrimcə, bu gün ortaq türkcə deyilən bir dil yaratmaq mümkünsüzdür. Elmi simpoziumlarda, rəsmi danışıqlarda, toplantılarda danışmaq üçün ünsiyyət dili lazımdır. Sovetlər Birliyi dövründə rus dilindən necə istifadə edirdiksə, indi də Türkiyə türkcəsindən eləcə istifadə etməliyik. Çünki Türkiyə daha güclü bir dövlətdir, onun iqtisadiyyatı keçmiş Sovetlər Birliyində yaşayan xalqlardan daha çox inkişaf edib. Türk xalqlarının yüzlərlə gənci Türkiyənin ali təhsil ocaqlarında oxuyur, xəstəxanalarında, elm ocaqlarında ixtisaslarını artırır. Televiziya-radio kanallarının sayı çox, texniki imkanları güclü olduğu kimi onların çəkdikləri filmlərə də daha çox baxılır.
Bəxtiyar Kərimov isə mənim dediklərimi heç cür qəbul etmək istəmirdi. Orta yüzillərə aid faktlardan yapışıb qalırdı. Hər dəfə görüşəndə mübahisələrimiz uzun-uzadı davam etsə də, incikliyimiz, küsülülüyümüz olmurdu.
Bakıda nəşr edilmiş “Axısqalı Xəstə Hasan” kitabımın təkmilləşdirilmiş variantını aşığın nəslindən olan və Talqar şəhərində yaşayan, iş adamı Abbasəli Paxralı oğlu Almatıda nəşr etdirmişdi. Kitab mənə çatmamışdı. Almatıda yaşayan dostum Elçin Abbaslıya Türküstana gedəcəyimi demişdim. O da mənə zəng vuraraq Abbasəli ilə görüşüb 30 kitab aldığını və qatarla Türküstana göndərdiyini bildirmişdi. Elçin Abbaslı zəng vuranda Bəxtiyar Kərimov yanımda idi. Söhbətin nədən getdiyini bildi və dedi: “Oğlum Bahadur burada doktoranturada oxuyur. Özbəkistandan gələn tələbələrə də rəhbərlik edir. Burada rahat yaşasın deyə maşın da almışam. Deyərəm gedib Əli amcasına göndərilən kitabları alıb gətirər”.
Mən də zarafata salaraq: “Bəxtiyar əkə, siz özbək dilinin ortaq dil olması uğrunda bu qədər mübarizə aparırsınız. Amma özünüzdə çox vaxt Türkiyə türkcəsində danışmağa meyillənirsiniz” – deyəndə, kəskin etiraz etdi. “Ola bilməz”- dedi. Mən də gülərək: “Bax bu dəqiqə mənimlə danışanda “Əli əkəyə göndərilən kitabları gətirsin” demədiniz. “Əli amcasına gətirilən kitabları” – dediniz.
Bəxtiyar Kərimov bir az duruxub sonra gülərək: “Özümdən asılı olmayaraq gah türkiyəlilərin, gah qazaxların, gah da sizin sözlərinizi işlədirəm” – dedi. Mən də gülərək: “Demək uzun-uzadı mübahisələrimizə gərək yoxdur. Özümüzdən asılı olmayaraq bir gün ortaq ünsiyyət dili yarandığını görəcəyik. Hamımız evdə ailəmizin, tanışlarımızın, qohumlarımızın yanında ata-anamızdan öyrəndiyimiz dildə, toplantılarda isə burada öyrəndiyimiz dildə danışacağıq”.
Sovet dövründə tənqid edilən Ablay xana Qazaxıstan müstəqilliyini elan etdikdən sonra Türküstan dəmiryol vağzalında qoyulan heykəlin önündə
Bəxtiyar Kərimov fikrimlə razılaşmasa da, etiraz da etmədi. Bahadur Kərimov səhər tezdən məni hoteldən götürüb dəmiryol vağzalına apardı. Kitabları alıb geri qayıtdıq. Kitabları konqre iştirakçılarına bağışladım, bir neçəsini də onlar vasitəsilə Türkiyədəki, Özbəkistandakı və Türkmənistandakı folklorçu dostlarıma göndərdim. Daha pul verib poçt ilə göndərməyə ehtiyac qalmadı.
Söhbət zamanı Bəxtiyar Kərimova yolumu qısaltmaq üçün təyyarə ilə Daşkəndə, oradan avtobusla Türküstana gəlmək istədiyimi deyəndə “Aman, aman! Bir daha o fikrə düşməyin. İş dalınca yazda Rusiyaya gedib, payızda evlərinə dönən özbəklərin çoxu sənin gəlmək istədiyin yoldakı sərhədi keçirlər. Qazaxıstandan qatarla Rusiyaya gedirlər. Mən gələndə sərhəd keçid məntəqəsində elə bir basırıq vardı, gəl görəsən. Diplomatik pasportum olmasına baxmayaraq, basırığı keçib sərhədçilərə yaxınlaşa bilmirdim. Sərhədə gəlməyimlə oranı keçməyim 8 saatdan çox çəkdi. Oturmağa yer yox, bir stəkan su tapmaq problem, tualet məsələsi də tamam başqa bir mövzu. Tualet adlandırılan yerə üfunətdən yaxınlaşmaq olmur. Oradan gəlmək istəsən,sərhəddəki vəziyyəti görüb, yəqin, Daşkəndə qayıdacaqdın. Görüşüb söhbət edə bilməyəcəkdik”-deyir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?