Электронная библиотека » Hüseyn Baykara » » онлайн чтение - страница 10


  • Текст добавлен: 13 января 2023, 17:59


Автор книги: Hüseyn Baykara


Жанр: Документальная литература, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 10 (всего у книги 15 страниц)

Шрифт:
- 100% +

XIX ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCANDA İNCƏSƏNƏT

Rəssamlıqla bağlı bu dövrdə rəssamlardan Mirzə Qədim İrəvaninin adını çəkə bilərik. Hal-hazırda Dövlət İncəsənət muzeyində saxlanılan “Mah Tələt”, Tiflis İncəsənət muzeyindəki “Mücalla Mirzə” rəsm əsərlərinə diqqət edərkən məlum olur ki, rəssam yalnız insanların öz gözəlliyini deyil, geyimlərindəki rənglərin bolluğunu və milli libasların gözəlliklərini də ifadə etmişdir. Azərbaycan İncəsənət Muzeyindəki qadın rəsmlərindən Mirzə Qədimin realist rəssam olmaqla yanaşı, işıq və kölgəni gözəl əks etdirmiş olduğunun və fəzanın təsvirində orta əsr miniatür məktəbinə, daha doğrusu Təbriz miniatür məktəbinin ənənələrinə sadiq qaldığının şahidi oluruq. Buna görə bir rəngin oxşar çalarlarından istifadə etmiş və əsərlərində tək rənglik meydana gəlmişdir. Əsərlərində rənglilik çatışmazlıqları yaranmışdı.

İrəvaninin (1825-1875) ilk əsərləri “Atlı”, “Dərviş”, “Rəqqasə”, İrəvandakı Sərdar sarayındakı “Sərkərdə”, “Abbas Mirzə”, “Fətəli Şah” əsərləridir.

Peyzaj və dekorativ rəsmlər çəkənlər arasında Xurşudbanu Natəvanın adını çəkmək yerinə düşər. Onu da qeyd etmək lazımdır ki, istər Natəvan, istərsə də İrəvani Azərbaycan rəsm sənətinin miniatür məktəbindən ayrılaraq realist cərəyanına doğru gedən keçid dövrü rəssamlarındandır. Onlar yaşadıqları dövrü gözəl təmsil etməyi bacarırdılar. Çünki bu qiymətli rəssamların yaşadıqları dövr feodalizmin süqut, ticarət kapitalizminin yarandığı dövr idi. İslam dinində rəsm və heykəl sənəti günah hesab olunduğu üçün bu sahədə yüksək səviyyədə inkişaf nəzərə çapmır.

Mir Möhsün Nəvvab qara karandaşla və qurşaqdan yuxarı oval çərçivə daxilində çəkdiyi “Topal Teymur” portretində əsərin təmtəraqlı görünüşünə, zahiri əlamət və dekorativ bəzəklərə xüsusi diqqət yetirmiş, üzün mənalı ifadəsini isə ikinci dərəcəyə saxlamışdır. Nəvvab eyni zamanda kitablar üçün çəkdiyi əsərlər və illüstrasiyalarla da tanınırdı.

Bu dövrün memarlıq sahəsində Usta Eyvaz Əli və Usta Qənbər Qarabaği bir çox əsərlər yaratsalar da, bu əsərlər barəsində əlimizdə heç bir mənbə yoxdur. (“Azərbaycan İncəsənəti”, VI-1959, Azərbaycan Elmlər Akademiyası nəşri, Bakı, s. 252-258).

XIX əsrin ikinci yarısında Azərbaycanı qərb mədəniyyətinə doğru aparan üç böyük islahatçı Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə və Hacı Zeynalabdin Şirvani haqqında da ayrıca deyəcəyik. Bu bölümdə isə dövrün digər mədəniyyət hadisələrindən danışacağıq.

XIX əsrin ikinci yarısında “Əkinçi”, 1879-cu ildə Seyid Ünsinin Tiflisdə nəşr etdirdiyi “Ziya”, “Ziyayi Qafqaz” və 1884-1890-cı illər arasında çıxarılan “Kəşkül”dən başqa Azərbaycan mətbuatına nümunə göstərə bilmərik. Çar Rusiyası müstəmləkə altında olan başqa millətlər kimi Azərbaycan xalqına da az da olsa azadlıq vermək fikrində deyildi. O dövrün ziyalıları bunun səbəbini əlbəttə ki, anlayırdılar. Hələ XIX əsrin əvvəllərində Zakirin ədəbiyyatımıza gətirdiyi “Vətən” kəlməsi əsrin sonlarına yaxın inkişaf edərək “Millət” kəlməsi ilə birləşmişdi. “Kəşkül” jurnalında bir yazıçının guya bir xarici ilə etdiyi dialoq diqqəti cəlb edir. Bu məqalədə azərbaycanlının xarici birisi ilə söhbəti əks olunub. Mövzu din və millətdir. Xarici azərbaycanlıdan hansı millətdən olduğunu soruşur. Azərbaycanlı “Müsəlmanam” cavabını verir. Xarici isə : “Xeyr, sən müsəlmansan, amma bu sənin dinindir. Milliyət dindən ayrı bir şeydir. Sən Azərbaycan türküsən, türk millətindənsən.” Bu məqalədən məlum olur ki, Azərbaycan ziyalılarının sayəsində xalq feodalizmin “Ümmət” kəlməsini adlayaraq ticarət kapitalizmi dövrünün “Millət” kəlməsinə keçid etmişdi. Bu proses Qərbdə də eyniylə belə olmuşdur.

Yenə bu dövrdə Mirzə Fətəlinin səhnə əsərləri, Zərdabinin “Əkinçi” qəzeti və dövrün digər jurnalları vasitəsi ilə Azərbaycan ədəbi dili-Türk dili yaranırdı. Həmin bu dövrün bütün yazıçıları və onların əsərləri haqqında yazsaq, mövzudan çox uzaqlaşmış olarıq. Lakin xarakteristik olanları qeyd etməyin faydası vardır. Əslən erməni ailəsindən olan, türk, ərəb və fars dillərini gözəl bilən Mirzəcan bəy Mədətov bu dövrdə Mirzə Fətəli məktəbi tərzində yazdığı “Qırt-qırt”, “Tamahkarlıq düşmən qazandırır” və “Gözə görünməyən şal” əsərlərini 1880-1883-cü illər arasında yazmışdır. Mirzəcan bəy Mədətovun Vaqifin əsərlərinin Mirzə Yusif Nersesov Qarabaği tərəfindən 1856-cı ildə nəşr edilməsində böyük rolu olmuşdur. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (1894) və digər əsərləri bu dövrdə yazılmışdır. Yenə Mirzə Fətəli məktəbinin davamçıları Nəcəf bəy Vəzirli, Rəşid bəy Əfəndizadə, Əbdürrəhim bəy Haqverdili, Nəriman Nərimanov klassik əsərlərini bu əsrdə yazmışdılar.

Seyid Əzimin satira məktəbini davam etdirən və gerilik, təəssübə qarşı çıxaraq mübarizə aparan şairlərdən Mirzə İsmayıl Qasir, Hacı Ağa Fakir Ordubadi, Bakılı Bala Sadiqi nümunə göstərmək mümkündür. (Azərbaycan ədəbiyyatı tarixi, 2-ci cild, s.151).

XIX əsrin ikinci yarısında Qarabağda qurulan “Məclisi-üns”, “Məclisi-feramuşan”, “Məclisi-hamuşan” ədəbi məclislərin qurulmasında Mir Möhsüm Nəvvabın böyük rolu olmuşdur. Şamaxıda “Beytüs-səfa”, Bakıda “Məcməüş-şüara”, Ordubadda “Əncüməni-şuara” ədəbi cəmiyyətləri qurulmuş və bu cəmiyyətlər daim bir-biri ilə əlaqədə olmuşdular. Beləcə Azərbaycan ədəbiyyatı və ədəbi dili işlənərək inkişaf etmişdi.

Sözü gedən dövrdə fars dilinin Azərbaycanda elmi-ədəbi dil kimi artıq işlək olmadığı görülür. Nümunə kimi, başda Mirzə Fətəli Axundzadənin fəlsəfi, ədəbi və siyasi fikirlərini türk dilində yazmağını göstərə bilərik. Eyni zamanda Mirzə Həsən Qarabağinin “Kitabi-əsəri Dağıstan”, Mir Mehdi Xəzənin (1811-1893), Vəzir Mirzə Camalın məşhur “Qarabağnamə” əsərindən faydalanaraq yazdığı “Kitabi-tarixi Qarabağ” adlı əsərləri Azərbaycan türkcəsində yazılmış ədəbi nümunələrə misal göstərə bilərik. Yenə bu dövrdə rus dili Azərbaycandan qovulan fars dilinin yerini tutmağa çalışır. Hakim və imperialist millətin dili olduğu üçün buna imkan da tapacaq. Nümunə kimi Əhməd bəy Cavanşirin (1818-1903) Vəzir Mirzə Camal və Mir Mehdi Xəzənin yuxarıda adları çəkilmiş Qarabağ tarixinə aid əsərlərindən istifadə edərək “Qarabağ xanlığının siyasi tarixi 1747-1805” adlı əsərini rus dilində yazmasını göstərə bilərik. (Şuşa-1885, “Azərbaycan ədəbiyyatı tarixi” 2-ci cild, s. 132). Bu ənənə bu dövrdən etibarən yaranmış və hal-hazırda da Sovet Rusiyasında davam etdirilməkdədir. Beləcə Azərbaycanda XIX əsr yerini XX əsrə vermişdir.

XIX ƏSRİN İKİNCİ YARISINDA RUSİYA VƏ AZƏRBAYCANDA İQTİSADİ İNKİŞAF

Kaspi dənizinin adına hələ Herodotun əsərlərində rast gəlinirdi. Tarix boyu həmin bu gözəl və məhsuldar dənizin adı dəfələrlə dəyişdirilmişdir. Kaspi dənizi bölgəsində biz türklər məskunlaşdıqdan sonra bu dənizin adı Xəzər dənizi olmuşdur. Qədim türklər bu dənizə “Kuzgun” (“Quzğun”) dənizi deyirdilər. (Kaspari s.579)

Rusların Kaspi dənizi ilə əlaqələri I Pyotrun dövründən başlamışdır. Asiya hissəsindən Ural, Emba, Atrek, Səfirud, Kür çayları, Avropa hissəsindən isə Terek, Kama və Volqa çayları tökülür. Müxtəlif balıq növləri ilə zəngin olan Xəzər dənizi həm zənginliyi, həm də keçid su yolu olduğuna görə tarixin ən təhlükəli döyüşlərinin getdiyi ərazi olmuşdur.

1890-cı il rus mənbələrinin statistikasına əsasən, Xəzər dənizindəki dəniz nəqliyyatı 123 buxarla işləyən və 350 yelkənli gəmi vasitəsi ilə həyata keçirilirdi. Həmin il daşınan yükün həcmi 177.540 ton idi. Xəzər türklərinin bu ərazidə məskunlaşması eramızın III əsrindən başlamışdır. Rusların Xəzər dənizi sahillərinə talan məqsədi ilə ilk gəlişləri eramızın 880-ci ilinə təsadüf edir. Təbəri və Məsudi kimi ərəb tarixçiləri rusların 909, 913, 943, 968-ci illərdə talan məqsədi ilə bu əraziyə gəldiklərini qeyd edirlər. Bundan sonra 1043-cü ildə rus axınının olduğunu qeyd edən tarixi mənbələr mövcuddur. IX-X əsrlərdə Astraxan (Həştərxan) yolu ilə bolqar, ərəb və farsların Xəzər dənizi ətrafında ticarətlə məşğul olduqları da məlumdur.

1859-cu ildə Bakı artıq Çar Rusiyası idarəçiliyində vilayətə çevrilmişdi. Bakının neft bölgəsi olması, Xəzər dənizi ətrafının ticarət zonasına çevrilməsi, Bakı-Batum dəmiryolu və boru kəməri, Bakını Moskva ilə birləşdirən dəmir yolu xətti XIX əsrin ikinci yarısında Rusiya iqtisadiyyatı ilə yanaşı Azərbaycan iqtisadiyyatının da inkişaf etdiyini göstərir. Azərbaycan iqtisadiyyatının inkişafından əvvəl XIX əsrin ikinci yarısında Rusiyadakı inkişafa qısa nəzər yetirək:

XIX əsrin ikinci yarısında rus sənaye və ticarəti iki ayrı vaxt ərzində inkişaf etməkdə idi. Birinci mərhələ 1875-ci ilə qədər olan dövrü, ikinci mərhələ isə 1890-cı ildən sonrakı dövrü əhatə etmişdi. İki mərhələ arasında durğunluq dövrünün səbəbləri üzərində dayanmayaq. Aşağıda göstərdiyimiz statistika bununla bağlı daha ətraflı məlumat verəcək:

Dəmiryolu inşası

İllər Verst (1 verst 1 kilometrdən azdır)



Statistik rəqəmlərdən məlum olur ki,1875-1891-ci illər arasında dəmiryolu inşası durğunluq yaşamış, 1891-ci ildən sonra isə bu sahə təəccüb doğuracaq qədər irəliləmişdir. Vəziyyət artıq o yerə gəlib çatıb ki, artıq rus polad fabrikləri ancaq dəmiryolu xətti inşa etməyə başlayıblar. Bu cür sürətli inkişaf rusların Avropadan gətirdiyi mütəxəssislərin sayəsində olmuşdur.

1817-1873-cü illərdən daha əvvəl qurulanlardan başqa 227 şirkətlə anonim ortaqlıq qurulmuşdu. Bunların kapital toplamı 347 milyon qızıl rubldur. 1800-1884-cü illərdə yaranan naməlum şirkətlərə qoyulan kapital 231 milyon rubldur. 1885-1889-cu ilə qədər 175 milyon kapital, 1889-1898-ci illər arasında 707 milyon rubl kapital ilə anonim şirkətlər qurulmuşdur.

Polad istehsalı sahəsində (1886-1899)

Amerika – 352.3– 844.2

İngiltərə – 454.6-576.7

Almaniya – 215.3-489.8

Rusiya – 32.5-1652.6

Fransa – 92.0– 156.6

Belçika – 42.8-74.4

(Rəqəmlər milyon pud olaraq oxunacaqdır. Bir pud 16 kg-dır. M. Tuğan Baranovski: Русская фабрика в настоящем и в прошлом. 1907. Peterburq, səh. 271, 272, 275, 277, 278)

Kömür istehsalı: Bütün Rusiyada 1867-ci ildə kömür istehsalı 26,7 milyon pud ikən, 1897-ci ildə 574,2 milyon puda yüksəlmişdir. 1898-ci ildə polad istehsalı 133 milyon pud Uraldan, qalan hissəsi isə Rusiyanın digər ərazilərindən əldə edilmişdir. (V.İlin s.388-389)

Statistikalar göstərir ki, 19-cu əsrin son 25 ilində Rusiyada ticarət və sənaye inkişafı və bunun üçün xərclənən məbləğ heç də kiçik həcmdə deyildi. İngiltərə, Almaniya, Fransa və digər ölkələrdə dəmiryolunun inşası Rusiyadan heç də daha sürətli olmamışdır. Sürətli sənaye inkişafı və dəmiryolu inşası Bakı neftinin istehsal həcminin artması ilə paralel irəliləyirdi. Neft həm rus sənayesinin sürətli inkişafına təkan vermiş, həm də rus meşələrinin məhv olmasının qarşısını almışdır. (Neft 10 ildə Rusiyada 26 milyon m3 odunun yandırılmasının qarşısını almış və bu həcmdə meşənin qorunmasına səbəb olmuşdur.) (A.A.Kaspari, s. 591).

XIX ƏSRİN İKİNCİ YARISINDA RUSİYANIN İDARƏETMƏ SİSTEMİNƏ VƏ SİYASİ VƏZİYYƏTİNƏ QISA NƏZƏR

1854-cü ildəki Krım məğlubiyyətindən sonra I Nikolay şəxsi həkiminin hazırladığı zəhərlə intihar etmişdir. Onun yerinə oğlu II Aleksandr taxta çıxmışdır. Bir tarixçinin dediyi kimi “Rusiya bir tərəfdən həşəmət, digər tərəfdən səfalət, bir tərəfdən vəhşət, digər tərəfdən nəzakət” yurdudur. Rusiyada XIX əsrin ikinci yarısının əvvəllərində də köləlik rejimi qalmaqda idi. II Aleksandr Krım məğlubiyyətinin acı həqiqətlərinin səbəbini Rusiyanın Avropa mədəniyyətini tam mənimsəməməkdə görür. Atası I Nikolayın sağlığında Sibirə səfərindən sonra siyasi məhbusların islahı üçün vəliəhdlik hüququndan istifadə etmişdi. Krım məğlubiyyəti qəbul edildikdən sonra 1 fevral 1856-cı il tarixində sülh danışıqlarına başlanıldı və başlanğıc müqavilə imzalandı. Bundan sonra isə Rusiyanın daxili əraziləri tənzimlənməyə başlanıldı. İlk bəyannamələrdə əvvəlki təzyiq və şiddətin ləğv olunduğu bəyan edildi. Rusiyada yeniləşmə ilk olaraq senzuranın nisbətən yumşaldılması, universitetlərə sərbəst tələbə qəbulu, rusların xarici ölkələrdə yaşamalarına qarşı çıxan qanunun dəyişdirilməsi və asanlaşdırılması ilə başlamışdı. Dvoryan və Boyarların iclasında açıq şəkildə köləlik rejiminin ləğvinin vacibliyi qeyd olundu. II Aleksandrın köləlik rejimini ləğv etmək səyləri bir tərəfdən rus zadəganlarının, digər tərəfdən də o dövrdə Rusiyada siyasi təşəkkül forması olan şovinist və milliyətçi Slavyanofillərin müxalifətinə tuş gəldi. Slavyanofillər yeniləşmə üçün Avropanı nümunə götürməyi mənasız hesab edirdilər. Onların fikrincə, ənənəvi rus milli düşüncəsində bəzi islahatlar aparmaq yetərli idi. O tarixdə də hələ rus kəndlisi mülkiyyət hüququnu tam mənimsəməmişdi. “Mir” adı verilən ortaq kənd malı hesab olunan torpaqlarda sıra ilə işləyir və dolanışıqlarını təmin edirdilər. Slavyanofillər torpağın ayrı-ayrı kəndli ailələrinə mənsub olması fikrini qəbul etmirdilər. Onların fikrincə, kəndlilər “Mir” deyilən torpaq sahələrini kirayəyə götürüb istifadə etməli idilər.

Belə bir şəraitdə II Aleksandr maksimilistlər (maksimum siyasi hüquqlar istəyən zümrə) və nihilistlərlə (pessimist, dağıdıcı, inqilabçı qrup) amansız mübarizəyə başlamışdı. Daxili mübarizələrin getdiyi bir vaxtda 1877-ci ildə Rusiya-Osmanlı savaşı başladı. Ruslar böyük itkilər müqabilində qalib gəldilər. Lakin daxili toqquşmalar hələ də davam edirdi. Slavyanofillər və rus torpaq zadəganları Dvoryaninlər irəliləmə həmlələrinə qarşı çıxır, qarşı tərəf isə sürətli inkişaf üçün əllərindən gələni etmək istəyirdilər. Hər iki qrup çardan öz istədiklərini tələb edirdi. Çar 1878-ci ilin avqust ayında Slavyanofillərin cəmiyyətini dağıtmağa müvəffəq oldu.

Bundan sonra nihilistlərin çara qarşı ardı-sırası kəsilməyən sui-qəsdləri başladı. Lakin bu sui-qəsdlər nəticəsiz qaldı. 1-13 mart 1881-ci ildə II Aleksandr ənənəvi Razvod-Manej mərasimindən qayıdarkən katerin kanalı üstündə, prospektin düz ortasında uzun saçlı gənc birisi qəzetə bükülü bombanı arabanın altına atdı. Partlayaraq ətrafa dəhşət saçan bomba iki mühafizəçi kazakı, bir uşağı və atları öldürdü. Buna baxmayaraq çara heç nə olmadı. Çar arabadan düşüb yaralı kazaklarla maraqlanırdı. Alay rəhbəri çara kazaklardan birinin atına minərək oradan uzaqlaşmağı söyləsə də, çar bunu qəbul etmədi. İsrarla sui-qəsdi törədənlə görüşmək istədiyini bildirdi. Həmin an qaçaraq gələn birisi “Hökmdarım, yaralı deyilsiniz ki?” soruşdu, çar yaxşı olduğunu bildirdi: “Allah şükür, bir yerim ağrımır.” Nihilist və sui-qəsdçi “Allaha şükür etməkdə tələsməyin” dedi. Elə bu an körpünün dəmir məhəccərinə söykənən üçüncü inqilabçı havaya bir bomba atdı. Bu bomba hədəfini tapdı və çarı məhv etdi.

1861-ci ildə rus kəndlilərinə azadlıq verən çar II Aleksandr rus azadlıqsevərləri tərəfindən öldürüldü. II Aleksandr da bir növ Osmanlı padişahı III Səlimin aqibətini yaşadı. Bir fərqlə; III Səlimi qatı dindarlar, çarı isə solçular öldürmüşdü. (“Qalib Kəmali Söyləməzoğlu “Rusiya tarixi”, Ankara 1939).

XIX ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCANDA İQTİSADİ İNKİŞAF

1865-ci ildə Bakıda ruslar öz avadanlıqları vasitəsi ilə 557 min pud neft əldə etmişdilər. 1870-ci ildə bu rəqəm artmış və 1.7 milyon pud, 1872-ci ildə 1.395.114 pud, 1875-ci ildə 5.2 milyon pud, 1878-ci ildə 9.895.125 pud neft istehsal olunmuşdu. Bu istehsal miqdarı Rusiyanın ehtiyacını ödəmirdi. 1864-1872-ci illər ərzində Rusiya Amerikadan idxal etdiyi fotojen-qaz yağı üçün 35 milyon rubl ödəmişdi. Yetərincə istehsal üçün rus texnika və sərmayəsi kafi deyildi.

Bu vəziyyət Robert Nobelin qardaşı Ludviq Nobellə birlikdə Bakıya gəldikləri vaxta qədər davam etdi. Nobel qardaşları Bakıda neft axtarmaq məqsədi ilə ərazi almışdılar. Həmin bu ərazidə nefti təmizləmək üçün qurğular quraşdırılmışdı. Rus dəmiyoluna neft daşıyan vaqonları və Xəzər dənizinə ilk neft tankerlərini Nobel qardaşları gətirmişdilər. Gətirdikləri həmin bu tankerə “Zoroastr” (Zərdüşt) adını vermişdilər. 1878-ci ildə Nobel qardaşlarının neft istehsalına başlamaları nəticəsində istehsal artmış və bundan sonra 1889-cu ildə Rotşild, sonra Şibayev gəlmişdilər. Yerli sərmayədarlardan isə Hacı Zeynalabdın Tağıyevin şirkəti qurulmuşdu.

Cənubi Qafqaz dəmiryolu xəttinin çəkilməsi ilə Rusiyanın daxili ərazilərinə neft nəqli artmışdır. 1898-ci ildə 83 milyon pud neft daşınmışdır. 1900-cü ildə Bakı-Batumi pipe-line xətti çəkildikdən sonra Rusiya xarici bazarlarda Amerika ilə neft sahəsində rəqabətə girərək bir il ərzində 46 milyon rubl neft ixrac etmişdir.

Bakı neft sənayesində istehsal həcmini göstərən statistika



1877-ci ildə neft sənayesində 3431 nəfər işləyirdisə, bu say 1890-cı ildə 17603 nəfərə yüksəlmişdi. Bakı şəhərinin əhalisi 1863-cü ildə 14000, 1885-ci ildə 45700, 1897-ci ildə isə 112000 nəfər idi.


Başqa sənəddən götürülmüş statistika



Bakı əhalisi 1860-cı ildə 13000 nəfər idisə, 1903-cü ildə bu say 17,9 minə çatmışdır. 1903-cü ildə neft sənayesində işləyənlərin sayı 40000 idi və günlük işçilərə verilən maaş 13 milyon rubl dəyərində idi.

Neft istehsalının artması səbəblərindən biri də dövlət rüsumunun artması idi. 1888-ci ildə rus dövlət xəzinəsinin neft daşınmasından əldə etdiyi mənfəət 40 milyon rubl təşkil etmişdir.

Neft sənayesinin inkişafı ilə Rusiya sənayesinin inkişafının paralel və qarşılıqlı olaraq irəlilədiyi məlumdur. Qarşılıqlı inkişaf yuxarıdakı rəqəmlərdən də göründüyü kimi, Azərbaycan xalqını maddi və mənəvi cəhətdən öz təsiri altına salmışdı. Dəmiryolu xətlərinin çəkilməsi ilə Azərbaycan xalqının qarşısında bir ucu Sibirdə Vladivastoka, Şimal tərəfdən Finlandiyaya, Qərb tərəfdən Polşa-Varşavaya qədər uzanan geniş ticarət ərazisi açılmışdı. Satirik dildə desək, ticarətçi olan Azərbaycan xalqı bu fürsətdən məharətlə yararlanmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, geniş coğrafi ərazidə ticarətlə məşğul olmağa başladılar. Əsarət altında olan, milli hakimiyyətlərini itirən millət üçün başqa çıxış yolu da yox idi. Əsgər, dövlət məmuru ola bilməzlər, ancaq özləri üçün sərbəst iş ticarətdir. İstər– istəməz bu işlə məşğul olmalı idilər. Başqa bir tərəfdən Azərbaycan kənd təsərrüfatı ölkəsi idi. Rusiyada başlayan sənaye axınına həm xam maddə, həm də bazar lazım olduğu üçün Rusiya və Azərbaycan arasında maddələr və məmulat mübadiləsi başlamışdı.

Digər bir tərəfdən isə xanlıqlar dövründə, xanlıqların hər birinin özünə məxsus əl sənayesi var idi. Məsələn, Şəkidə ipəkdən hazırlanan müxtəlif məmulatların xanlığın dar hüdudları və torpaq basdı qanunu ləğv edildikdən sonra digər xanlıqların ərazisində satışı həyata keçirilmişdi. Hər xanlığın özünəməxsus məhsulları var idi. Beləcə xanlıqlar arasında ticarət əlaqələri yaranırdı və daxili ticarət inkişaf edirdi. Xanlıqlar dövründən fərqli olaraq artıq Azərbaycan xalqı bir-birini daha yaxından tanıyır, qaynayıb-qarışırdılar. Tək bir millət olma prosesi Azərbaycan xalqı arasında etnik olaraq çox əvvəllər başlamışdı. Rus işğalından sonra xalqın öz içindəki əlaqələrin inkişafı ilə Azərbaycan xalqı iqtisadi, mədəni və etno-siyasi baxımdan bir bütöv halında formalaşmağa başladı. Azərbaycanın hər bir bölgəsinin özünəməxsus sənaye məhsulunu xaricə göndərmək ehtiyacı yaranmışdı. Beləliklə, mübadilə və münasibətlərin inkişafı ticari rəqabətin yaranması ilə nəticələnmişdi. Məhz buna görə məhsulu daha ucuz satmaqla rəqiblərini üstələməyə çalışırdılar. Eyni zamanda istehsalatda da yeni texnikadan istifadə edirdilər. Xanlıqlar dövründən fərqli olaraq Azərbaycan xalqını yaxınlaşdıran bu əlaqələr Azərbaycan xalq toplumunun birlik halına gəlməsinə, tək bir millət kimi formalaşmasına səbəb oldu.

Elmi şəkildə belə izah edə bilərik: “Dərəbəyliyin fərdi xarakterini kapitalist dünyanın kollektiv münasibətləri əvəz edirdi. Belə bir cəmiyyətdə insanlar bir-biri ilə sıx, möhkəm birləşirlər. Çünki bu cür cəmiyyətlərdə fərdi işləmək anlayışı yox idi. Kapitalist sistemdə kəndlinin fərdi şəkildə işləyərək qazanc əldə etməsi sıradan çıxırdı. Çünki sənaye üçün məhsul yetişdirən kəndli də sənaye ilə sıx şəkildə bağlanırdı. Elə bu səbəbdən də öz hesablarını fərdi şəkildə tənzimləyə bilmir və cəmiyyətlə istər-istəməz qaynayıb-qarışmağa məcbur olurdular. Kənddən gəlib fabrikdə, dəmiryolunda, mədəndə fəhlə kimi işləyən vətəndaş artıq kənddəki kimi ağanın istismar etdiyi, heç bir hüququ olmayan işçisi deyil.”

Sənaye kapitalizmi öz ətrafında ticari və maliyyə kapitalizmini yaratdıqdan sonra cəmiyyətin dərinliyinə enir və heç kimi öz təsirindən kənarda buraxmır. Bu cəmiyyətdə fəhlə, kəndli, tacir, bankçı, sənətçi, yazıçı, fabrik işçisi-yuxarıdan aşağıya və aşağıdan yuxarıya bir-birləri ilə əlaqəli şəkildə yaşayırlar. Beləliklə, cəmiyyətdə ayrı-ayrı siniflər meydana gəlir. Mənfəətləri bir-birinə zidd olan belə siniflər öz aralarında qruplaşırlar. Sosial hadisə insanları təkcə maddi yox, həm də mənəvi düşüncələrinə təsir göstərir. Ruhlar, düşüncələr, gözləntilər, anlayışlar dəyişirdi.

Və Azərbaycan türk milləti milli ruhu, ədəbiyyatı, sənəti, ticarəti, kənd təsərrüfatı ilə bu hadisələrin təsiri altında dəyişərək yenidən doğulur, tarixin təbii və məntiqi baxışı altında irəliləyirdi. Azərbaycan xalqı mənliyini dərk edərək siyasi cəhətdən də oyanmışdı. Çünki kapitalizm sənayesi texnika baxımından inkişaf tələb edirdi. Bu inkişaf kapitalisti təhlükəli ticari rəqabətə sürükləyirdi. Rəqabətdə uğur qazanmaq isə ancaq irəli sürülən layihələr və texnikanın inkişafı ilə mümkün ola bilərdi. Belə sıçrayışlar edə bilmək üçün isə ziyalı zümrəyə ehtiyac var idi. Azərbaycan ziyalıları bu ehtiyacın təsiri ilə xaricdən gələn sərmayədarlar və daxildə rus sərmayəsi ilə rəqabətdən doğan faktorlarla yetişmişdilər. Amma bu yeganə səbəb deyildi. Amma yenə də həmin bu səbəb Azərbaycan ziyalılarının yetişməsi üçün başlıca səbəblərindən biri idi.

Yuxarıda Azərbaycanı Rusiyanın daxili əraziləri ilə birləşdirən dəmiryolu xətləri ilə daşınan ticarət məhsullarının həcmindən danışmışdıq. İndi də Bakı-Batumi dəmiryolu xəttinin çəkilməsi ilə Türküstan, İran və Əfqanıstanı Avropa ilə birləşdirən tranzit yolun Azərbaycandan keçməsinin əhəmiyyətini qeyd etmək yerinə düşər. Bu əhəmiyyətli iqtisadi hadisə nəticəsində Azərbaycan həm qədim Şərq mədəniyyətinə, həm də Qərb mədəniyyətinə qapı açmışdır. Bundan daha effektli təcrübə ola bilməzdi. Həm Şərq, həm də Qərb mədəniyyəti xalqa nümayiş olunurdu.

Rusların Azərbaycan xalqı üçün etdiyi ən böyük yaxşılıq özləri də bilmədən xalqımızı Qərb mədəniyyəti ilə yaxınlaşdırması olmuşdur. Dəmiryollarının çəkilməsi, neft sənayesinin inkişafı və s. buna misaldır. Düzdür, ruslar bunu öz imperialist siyasətlərinin strateji mənafeləri naminə edirdilər. Məqsədləri Azərbaycanı və digər müstəmləkə ərazisi olan Türküstanı daha çox talamaq, Hindistana gedən yolu ələ keçirməklə ingilislərlə siyasi rəqabətə girmək idi. Lakin bununla yanaşı, bu islahatların Azərbaycan üçün müsbət tərəfləri də çox idi. Azərbaycan Avropa mədəniyyəti ilə yaxından tanış olmuşdu. Həmin illərdə ruslar da Qərb mədəniyyətini tam olaraq mənimsəmişdilər. II Aleksandrın keçirdiyi siyasi və sosial islahatlarda bunun da şahidi olduq.

Qərb mədəniyyətini dərk edən Azərbaycan xalqının xüsusi qabiliyyəti, ağlı da nəzərə alınmalıdır. Digər imperialist dövlətlərin əsarətinə düşdükdən bir neçə əsr sonra da özlərini toparlaya bilməyən digər şərq xalqları ilə müqayisə etsək, XIX əsrdə Azərbaycanın oyanış və inkişafının mahiyyətini daha yaxşı anlayarıq.

Bakı nefti üzərində 11% rus, 9% yerli Azərbaycan türkləri 80% isə Amerika, İsveç, Fransa, İngiltərə sərmayəçilərinin payı var idi. O dövr üçün neft sənayesi daxilində Bakı neft sənayesindəki yerli sənayenin faizi heç də kiçik hesab olunmamalıdır. Nəzərə alsaq ki, həmin dövrdə dünyada yalnız Amerika və Rusiya böyük həcmdə neft istehsal edirdilər və deməli bu rəqəm heç də kiçik deyil. Eyni zamanda ruslar nefti yalnız Bakıdan əldə edirdilər. İl ərzində orta statistik istehsal 1900-cü ildən sonra 20 milyon ton idi və bu rəqəm getdikcə artırdı. (Məhəmmədhəsən Baharlı “Azərbaycanın iqtisadi və etnoqrafik coğrafiyası”)


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации