Текст книги "Azərbaycan Yeniləşmə Hərəkatı – XIX əsr"
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 11 (всего у книги 15 страниц)
AZƏRBAYCANDA İNTİBAH DÖVRÜ VƏ NÜMAYƏNDƏLƏRİ
Bundan əvvəlki hissədə Azərbaycanda oyanış dövrünü əks etdirmişdik. XIX əsrin birinci yarısında rus işğalı ilə paralel şəkildə başlayan milli oyanışın səbəblərini tarixin dərinliklərinə enib araşdırmaq üçün Azərbaycanla bağlı arxiv və kitabların əlimizin altında olması lazım idi. Çox təəssüf ki, belə bir şansımız yoxdur. Ona görə də çatışmazlıqlarımızı qınamamağı xahiş edirəm.
İndi isə Azərbaycanın intibah dövründən danışacağıq. Avropa intibahı ilə Azərbaycan intibahının başlanma səbəbləri və şərtləri baxımından heç bir oxşarlıq yoxdur. Tək oxşarlıq ayrı-ayrı ölkələrdə ortaya çıxan bu iki axının kəskin təəssübə və eyni zamanda orta əsrlərin geri qalmış anlayış və düşüncələrinə, yaşayış tərzinə qarşı axınlar idi.
Çar Rus İmperiyasında mütləq monarxiya rejimi hakim idi. Azərbaycanda Çar Rusiyası rejimi qurulduqdan sonra mərkəzə tabe hərbi idarə sistemi yaradılmışdı. Avropada feodalizm rejiminə qarşı çıxan monarxiya rejimi Azərbaycandakı xanlıqlar rejiminin əsasını zəiflətmişdi. Azərbaycanda rus idarəetmə sistemi qurularkən dini müəssisəyə, çar idarəsi mənafeyinə ən uyğun olanı seçildi. Şiə təriqətinə mənsub olan müsəlmanlar üçün “Şeyxülislamlıq”, sünni təriqətinə mənsub olanlar üçün isə “Müftilik” adlı ayrı-ayrı ruhani idarə yaradılmışdı. Bu dini qurumların vəzifəsi yalnız dinlə bağlı məsələləri həll etməkdən ibarət idi. Başqa heç bir səlahiyyətləri yox idi. Ancaq mənəvi təsiri çox böyük idi. Avropada isə məsələ tam başqa idi.. Katolik kilsəsi özbaşına idi; taxt-taca, səltənətə sahib idi. Bu taxta çıxan papalar orta əsrlərdə bəzən kralları öz qarşısında əyilməyə məcbur etmişdirlər.
Bir tərəfdən orta əsrlərdə papaların xristianlıq taxtından öz və ətrafındakıların mənafeyinə uyğun istifadə etməsi, katolik dinindəki əxlaq anlayışının itməsi, öz düşüncələrini zorla qəbul etdirmələri, xalqdan pul almaq üçün şiddətdən istifadə və nəhayət geri qalmış feodalizm sisteminin dözülməz idarə forması, digər tərəfdən isə XVI əsrdəki yeni kəşflər, XIV əsrdən başlayan humanist cərəyanın təsiri insanların düşüncələrini genişləndirmiş və katolik kilsəsinə qarşı inqilabın yaranmasının əsas səbəbi olmuşdur. Beləcə aydın olur ki, Avropa intibahına dini problemlər səbəb olmuşdur. Məqsədi isə xristianlıq dinini təmizləmək, həqiqi dini geri qaytarmaq, papalıq taxtında islahatlar keçirmək idi. Çünki papalar xristianlığın müqəddəs və ruhani əsaslarını bir tərəfə atmış, öz mənafeləri naminə utanılacaq şəkildə addımlar atırdılar. Nümunə olaraq zalım Papa XXIII Janı göstərə bilərik. Bu adam əvvəllər insanların haqlarını yeyə-yeyə sonda gəlib papalıq taxtına çıxmışdır. Etdiyi zülmlərə dözməyən qrup onu həbs etmək məcburiyyətində qalmışdılar. X Leon 37 yaşında papalıq taxtına çıxmışdı. Onun dövründə Vatikan sarayı yaraşıqlı kişi və gözəl qadınları olan, Avropanın ən əyləncəli sarayı hesab olunurdu. X Leon ova gedirdi və Vatikanda ziyafətlər təşkil edirdi. Bu dövrdə papalıq sarayında dini məsxərəyə qoymaq adi, hər gün yaşanan hadisə idi. İndulgensiya (katolik kilsələrində günahlara görə cəzalardan azad olma sənədi, “cənnət vəsiqələri”) satışının düşük həddə çatması, mənfəət uğrunda qarşıdurmalar, qohumluq əlaqələri yaratmaq səyləri baş alıb gedirdi.
Papaların bu iyrənc davranışları X Leon taxta çıxmazdan bir il əvvəl Romaya gələrkən əyilib Romanın müqəddəs torpağını öpən Martin Lüteri, bütün ömrü boyu qazandıqlarını indulgensiya almağa xərcləyən və quru çörəyə möhtac qalan Jan Qusu, İngiltərədə katolik kilsəsinə qarşı çıxan Con Vikleffin yolu ilə tanış etdi. Bu mübarizə və savaşların nəticəsi olaraq protestanlıq məzhəbi yarandı və böyüdü. (G.Ç.Li “Предщественники реформации” s. 258-259, Peterburq 1914).
Azərbaycanda islam dini qanunlarının Avropadakı katolik kilsəsinin qüdrətində olmadığını yuxarıda qeyd etmişdik. Çünki bu ölkədə islam dini qaydalarının idarə sisteminə heç bir təsiri yox idi. Bəzi xanlıqlarda məhkəmə işləri qazilərin əlində olsa da, bu elədə əsas fakt deyildi. Bu heç 19-cu əsrin ikinci yarısına qədər də davam etməmişdi. Halbuki Avropada kilsənin hüquqları arasında insanı öldürmək, onu sürgün etmək, məhkum edərək mallarını əlindən almaq, inkvizisiya etmək səlahiyyətləri var idi. Ona görə də Azərbaycanda islahatçılar islam dini idarəsinə qarşı deyil, sxolastik islam dini düşüncəsinə qarşı çıxırdılar. Geri qalmış dini düşüncələr cəmiyyəti inkişaf etməyə qoymurdu. Yenilik tərəfdarları, hərəkatın iştirakçıları din adamları, molla və axundların “kafir” damğasının qurbanı olurdu. Burada göstərilən aşırı fanatizm milli olmaq yox, dini olmaq idi. Yəni xristianlığa qarşı kindən ibarət idi. Hər bir yetişən Azərbaycan ziyalısını “rus” olmaqda günahlandırırdılar. Bu vətənpərvər və milliyyətçi insanın ruslara olan kininin göstəricisi deyildi. İslam din adamlarının çoxu rus qanunlarından razı idilər. Tək narahatlıqları dinin əldən getməsi idi. Məhz buna görə qərb üsulu ilə yetişən hər bir türk aydınına islam dinini tərk edərək xristian təəssübkeşi kimi baxırdılar.
Azərbaycan islahatçılarının işləri bu baxımdan heç də asan deyildi. Əvvəlcə qərbləşməyin vacibliyini Azərbaycan cəmiyyətinə və bu cəmiyyətə mənəvi cəhətdən hakim olmaq istəyən ruhani zümrəyə izah etmək və onları inandırmaq lazım idi. Bu prinsiplə mübarizəyə başlayan ziyalılar çox səy göstərmiş, mübarizə aparmış və sonunda istədiklərinə nail olmağı bacarmışdılar. Həmin dövrdəki ziyalılara qarşı olan vəziyyəti nümunə ilə göstərmək daha məqsədə uyğun olar: Mirzə Fətəli Axundzadə kimi Azərbaycan ziyalısı və islahatçısı vəfat edərkən heç bir müsəlman onun dəfnində iştirak etmir, cənazə namazı qılınmır. Bu böyük Azərbaycan dahisinin tabutunu bir neçə hambal qəbiristanlığa aparmış və dəfn etmişdi. Çünki üləma deyilərək müraciət olunan ruhanilərin fikrincə, M.Fətəli “Urus qulluğunda çalışmış və pyeslər yazaraq köhnəlmiş adət-ənənələri tənqid etmişdir”. Ərəb hərflərinin dəyişdirilməsini istəməsi isə onu kafir etmişdi. Nümunədən də aydın olduğu kimi, Azərbaycan islahatçılarının qarşısında ağır işlər var idi. Əsərin bu bəhsində haqqında danışacağımız bu üç insan islahatçıdır. XIX əsrin ikinci yarısında yetişən bu şəxsiyyətlər Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, şair Hacı Seyid Əzim Şirvanidir. Bu üç böyük Azərbaycan ziyalısı Azərbaycanı qərb mədəniyyəti ilə tanış etmək üçün üç mədəniyyət, təhsil ocağını Azərbaycana gətirməyi düşünürdülər. Onlar bu üç mərkəzin təməlini qoymağa müvəffəq olmuşlar: mətbuat, teatr və məktəb.
HƏSƏN BƏY MƏLİKZADƏ ZƏRDABİ
XIX əsrin ikinci yarısında Rusiyanın sənayeləşməyə başladığını və eyni zamanda sənayeləşmənin Azərbaycandakı təsirlərini və cəmiyyətin daxilində iqtisadi və sosial şərtlərin kökündən dəyişməsini, cəmiyyətin qərbə meyl etməsini əlimizdəki statistikaya əsasən qeyd etmişdik. Belə bir əhatədə Azərbaycanda Həsən bəy Məlikzadə Zərdabi yetişirdi. Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bu əraziləri idarə etmək məqsədi ilə yerli türk gənclərini öz siyasətlərinə uyğun şəkildə yetişdirməyə çalışırdılar. İstədiklərinə də nail olmuşdular. Çarlıq bundan artıq heç bir şey istəmirdi. İşğalçı hökumətə ölkənin daim müstəmləkə vəziyyətində qalmağı və talanmağı lazım idi. Çarlığa ən yaxşı kömək isə Azərbaycandakı cəhalət və gərginlik idi.
Həsən bəy 1837-ci il noyabr ayının 12-də Göyçay rayonunun Zərdab kəndində doğulmuşdur. Atası Səlim bəy və babası Rəhim bəy bu kəndin bəyi və torpaq sahibləri idilər. Atasının evində qonaqlar arasında şairlər əskik olmurdu. Kiçik Həsən şairlər, ədəbiyyat, gündəlik baş verən hadisələr haqqında, Qafqazdakı hadisələr haqqında valideynlərindən məlumat alırdı. Öyrəndikləri uşaq beynində dərin izlər salırdı. Səlim bəy cahilliyə, savadsızlığa qarşı idi. Oğlu Həsən bəyə İran şahzadəsi Xosrov Mirzə ilə bağlı hadisəni danışmışdı. Hadisə belədi:
İran şahzadəsi Xosrov Mirzə Qarabağdan keçən yolla Peterburqa rus çarını ziyarət etməyə gedirdi. Azərbaycan xan və bəyləri şahzadəni Şirvan şəhərində qarşılamışdılar. Rəhim bəy də onlar arasında idi. Görüş ərəfəsində Rəhim bəy yaxınlıqdakı bəylərdən biri ilə danışırmış. Şahzadə Rəhim bəyə yaxınlaşaraq nə danışdıqlarını soruşduqda Rəhim bəy belə cavab verir: “Xosrov Mirzə qadın kimi bəzənməyindən əl çəkərək at belində İranın kəndlərini gəzib rəiyyətin ehtiyaclarını öyrənsə, şübhəsiz daha ədalətli şah olardı. İndiki vəziyyətdə Xosrov Mirzə qadın kimi bir şeydi. Ondan İran əhalisinə heç bir xeyr gəlməz.” Şahzadə Rəhim bəyin açıqsözlü olması və cəsarəti qarşısında heyrətini gizlədə bilməyib. Babasından doğru, dürüst danışmağı, heç nədən qorxmamağı öyrənən Həsən bəy belə bir mühitdə, belə bir ailədə yetişirdi. Buradan aydın olur ki, Həsən bəyin babası Rəhim bəy ziyalı şəxs olub.
1852-ci ildə Həsən bəy 15 yaşında olarkən atası Səlim bəy onu Şamaxı məktəbinə göndərir. Köhnə üsullu məktəbdə fars dilini və Quranı oxumağı öyrənən Həsən bəy yeni üsullu məktəbdə də öz qabiliyyəti ilə seçilməyi bacarır. Rus dilini yaxşı öyrəndiyi üçün dövrün Qafqaz maarif müdiri Baron Nikolay onu Tiflisdəki gimnaziyanın 5-ci sinfinə qəbul edir. 1861-ci ildə Həsən bəy Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirir və hökumət hesabına Moskva universitetinə göndərilir. Həsən bəy universitetin Təbiət və Riyaziyyat fakültəsinin məzunu olur. Həsən bəyi professorluğa namizəd kimi fakültədə saxlamaq istəyirdilər. O, tələbəlik illərində rus ədəbiyyatını araşdırmış və həmin dövrdə gizli fəaliyyət göstərən dərnəklərlə də yaxından maraqlanmışdı. Bununla yanaşı, fransız sosialistlərinin fəaliyyətlərini araşdıran şair Pleşçeyevlə də yaxından dost olmuşdur. Pleşçeyevlə bağlı ölüm hökmü çıxarılsa da, sonradan bu ömürlük sürgün cəzası ilə əvəz edilmişdi. Və o, Sibirə sürgün edilən 24 nəfərdən biri idi. Həmin illərdə Həsən bəy rus tarixçisi Solovyevlə də dostluq qurmuşdu. O, Solovyevə Şərq xalqları haqqında məlumatlar verirdi. Bir ara qonaqpərvər dostu Solovyevin qızına vurulduğunu düşünsə də, rus qızı ilə evlənməklə vətənindən uzaqlaşacağını düşündüyü üçün sevgisini vətəninə qurban verir. Daha sonra Azərbaycana geri qayıdır.
Həsən bəy Moskvadan geri qayıtdıqdan sonra bir müddət Tiflisdə “Mejevoy Palata” deyilən kəndlilərin torpaqlarını bölüşdürən və təyin edən və eləcə də ixtilafları həll edən qurumda işləməyə başlayır. Həsən bəy hələ uşaq yaşlarından torpaq üzərində mülkədarların oynadığı oyunları, kəndlilərin əlindən münbit və sulu torpaqların alındığını çox yaxşı bilirdi. Buna görə də hər zaman kəndlilərin tərəfini tutur, onlara kömək edirdi. Həsən bəy Borçalıda idarələrin birində işləyərkən buranın məşhur bəylərindən olan Yadigarova “Elə bir vaxt gələcək ki, bütün hüquqlarından məhrum etdiyiniz bu kəndlilər sizdən uzaq olmaq istəyəcək, sizin əsarətinizdə qalmayacaqlar.” demişdir.
Həsən bəy çox vaxt “Mejevoy Palata” məmurlarının kəndliləri pərişan edəcək əmrlərini dinləmirdi. Beləcə palata rəislərinin və çinovniklərin (rus məmurları ) qəzəbini özünə doğru çevirirdi. Bir dəfə kəndlilərin torpaqlarını zəbt etmək əmri alsa da həmin bu əmri icra etmir, üstəlik kəndliləri müdafiə edir. Bu hadisədən sonra işdən qovuldu. Kəndlilərin şikayətlərini dinləyən bir qurum olmadığı üçün türk kəndliləri “Divanxana” deyilən məhkəmə qapısında, valinin qapısında aylarla sürünürdülər. Rus dilini bilmədikləri üçün dərdlərini izah edə bilmirdilər, rus məmurları da dilimizi öyrənməyə tənəzzül etmirdilər, kəndlilər əziyyət çəkirdi. Ac-susuz hökumət qapılarında sürünən kəndlilərin halını görən Həsən bəy kəndlilərə kömək edə bilmək məqsədi ilə “Губерниские управление”-“Qubernator idarəsində” məmur kimi işləməyə başlayır. Burada işi-gücü türk kəndlilərinin acınacaqlı vəziyyətlərini yazaraq valiyə və digər rus məmurlarına bildirmək idi. İş o həddə gəlib çatmışdı ki, qubernator Qolubakin Həsən bəyi yolda gördüyü zaman onunla qarşılaşmamaq üçün yolunu dəyişdirirdi. Buna görə də Həsən bəy bu işdən də çıxır.
Bir müddət sonra Həsən bəy Quba məhkəməsində katib kimi işləməyə başlayır. Burada kəndlilər üçün pulsuz ərizə yazır, yol göstərir, məhkəməyə işi düşən kəndliləri soyan dilmanclar və vəkillərlə mübarizə aparırdı. Rus hakimləri ilə yola getmirdi. Mənfəətləri baltalanan məmurlar Həsən bəyə sui-qəsd təşkil edirlər. Bir gecə evinin pəncərələrini gülləyə tuturlar. Lakin xoşbəxtlikdən güllə Həsən bəyə dəymir. Yaranan bu vəziyyətdən sonra Həsən bəy bu işdən də çıxır. Artıq tək başına Çar Rusiyası ilə mübarizənin qeyri-mümkünlüyünü düşünməyə başlayır. Bəs yaxşı, nə etməli idi? Azərbaycanda təhsilli insana ehtiyacın olduğunu başa düşmüşdü. Bu düşüncələr altında Qubadan Bakıya köçərək gimnaziyada təbiət elmlərinin tədrisinə başlayır. O dövrdə türklərin orta məktəbdə müəllimlik etmək hüquqları yox idi. Türk məktəbləri də yox idi. Rus məktəblərində isə dərs proqramlarını xalqı ruslaşdırmaq məqsədi ilə hazırlayırdılar. Xalq isə övladlarını belə məktəblərə göndərmək istəmirdi. Belə məktəblərdə çox az sayda varlı müsəlman ailələrinin övladları təhsil alırdı. Həsən bəy rus dilində çap olunan qəzet və jurnallarda yazdığı məqalələr və müəllim kimi qazandığı uğurlarla dərin savada malik sadə bir idarə adamı olduğunu göstərirdi. Ətrafındakı insanların sevgisini və hörmətini qazanırdı. Həsən bəy rus məktəblərinə şagird toplamağa çalışırdı. Cəmiyyətin geriliyi onun bu səylərinə mane olurdu. Avropalı görkəmindəki bir türkü qəbul etməyən , minbərdə vəəz oxuyarkən də lənətlər yağdıran, bir qadın xəstələnəndə onu həkimə apararkən faytonun hər tərəfini pərdə ilə bağlayan mürtəce cəmiyyətdə Həsən bəyin səyləri hər kəsin cəsarəti çatmayacaq işlər idi.
Həsən bəy belə bir cəmiyyətdə xalq ilə yaxından əlaqə yaradırdı. Bərbər, dülgər, dərzilərin dükanına gedir, onlarla saatlarla söhbət edir, yaşayış tərzlərini qınayır və onları xəbərdar etməyə çalışırdı. Bir sözlə, xalq üçün xalqla birlikdə çalışırdı. Onları başa salmaq üçün çox sadə şəkildə danışırdı. Tanış olduğu bir dəmirçinin oğlunu oxutmağa sövq etmişdi. Dəmirçi oğlunu oxutmağa başladıqdan sonra təhsil xərclərinin çoxluğundan şikayətlənirdi. Həsən bəy isə öz növbəsində dəmirçini təsəlli edir, “Lazım gəlsə, palaz-paltarını sat, amma oğlunu oxut.” deyirdi. Həsən bəyin təşviqi sayəsində, dəmirçinin oğlu oxuyub Bakının ən məşhur həkimlərindən biri olmuşdu.
Həsən bəy hər zaman rus gimnaziyasında oxuyan kasıb tələbələri düşünürdü. Mirzə Fətəlinin “Hacı Qara” pyesini ilk olaraq gimnaziya şagirdləri tərəfindən səhnələşdirərkən teatrdan gələn pulu kasıb tələbələrə vermişdi. Türk teatr və mətbuatının ilk qurucusu, həm də ilk türk cəmiyyətinin də qurucusu idi. Kasıb şagirdlərin məskunlaşması üçün “Cəmiyyəti-xeyriyyə”nin yaradılması üçün əlindən gələni etmişdi. Cəmiyyətin nizamnaməsini hazırlayıb rus məmurlarına təsdiqlətməyə müvəffəq olduqdan sonra Bakı varlılarını Qazi Molla Cavad Axundun evində iclasa çağırmışdı. Cəmiyyətin nizamnaməsini onlar üçün oxuyaraq bu cəmiyyətin yaradılmasının vacib olduğuna onları inandırmağa çalışırdı. Varlıların hərəsi bir bəhanə taparaq Həsən bəyin dediklərini anlamazlıqdan gəlirdilər. Lakin Həsən bəy fikrindən dönmədi. 1872-ci ilin yayında rəsmi dəftər tərtib edərək Qafqazın şəhərlərini gəzməyə başlamış, cəmiyyətə üzv olmaq istəyənlərin siyahısını tərtib etmiş və varlılardan bir miqdar pul vəsaiti də toplamışdı. Bakıya qayıtdıqdan sonra da cəmiyyət üçün pul yardımları gəlməyə davam edirdi. Bakıda oxusunlar deyə, iki yetim uşaq da göndərmişdilər. Həsən bəy bu uşaqların da məktəbə qəbul edilməsinə müvəffəq olmuşdu. Geyim və yeməklə təmin etmiş, dərs vəsaitlərini isə öz hesabına almışdı. Həmin dövrdə Həsən bəyin etdiyi bu işlərin çətinliyini anlamaq heç də asan deyil.
Kasıb şagirdləri oxutmaq və onlara kömək üçün yaradılan “Cəmiyyəti-xeyriyyə”ni açmağa toplanan pul vəsaiti çatmırdı. Həmin şagirdləri tərbiyə etmək üçün onların dilini bilən, onlarla maraqlanmaqdan yorulmayan ziyalının türk qızına ehtiyacı var idi. Bir gün Həsən bəy Tiflisdə yerləşən “Svyatoy Nina” adlı qız məktəbinin məzunlarının adlarını qəzetdə görür və onların arasında Şimali Qafqazlı Balkan türklərindən Hənifə xanım Abayova adlı bir türk qızının olduğu diqqətini çəkir. Vaxt itirmədən Tiflisə gedir və Hənifə xanımı tapır. Onunla tanış olur və razılaşır, bir-birlərini bəyəndikləri üçün evlənməyi qərara alırlar. Evlilik qız məktəbinə bir mollanın gəlib nikah kəsməsi ilə tamamlanır və onlar Bakıya gəlirlər.
Əvvəldə də qeyd etdiyimiz kimi, ilk sevgisi, rus tarixçisi və filosofu Sovelyevin qızından vətənindən, millətindən uzaq düşməmək üçün, Macar şairi Petofinin dediyi kimi desək “sevgisini vətəninə fəda edərək” ayrılır. Qafqazdakı sevgilisini isə millətini yüksəltmək planına uyğun seçir. Tarixdə belə insanlara çox az rast gəlinir. Həsən bəyin evlənmə tərzi də o dövr türk cəmiyyəti üçün yenilik idi. Həmin dövrdə evlilikdən əvvəl böyük mərasimlər təşkil olunurdu. Qızı istəmək üçün elçi göndərmək, söz kəsmək, nişanlamaq, toy etmək və daha bir çox yorucu adət-ənənə. Həsən bəy Hənifə xanimla razılığa gəldikdən sonra nikah kəsdirməklə çox sadə şəkildə ailə həyatı qurmuşdu. Daha sonra isə Hənifə xanımla birlikdə Bakıya qayıtmaqla evliliyə yenilik gətirməyi də bacarmışdı. Tarixdə bir meydan savaşında zəfər çalaraq millətini xilas edən komandirlər, inqilab edərək millətini yüksəldən inqilabçılar çox olmuşdu. Lakin mənsub olduğu cəmiyyətdə belə bir mühit olmadığı üçün iynə ilə quyu qazan, səbrlə, qüvvətli inam və inadla milləti yüksəldən Həsən bəy kimi şəxsiyyət çox azdır.
Həsən bəy Bakıya qayıtdıqdan sonra müəllimlik fəaliyyətinə davam edir. Hənifə xanım da bir neçə məktəb şagirdinin tərbiyəsi ilə məşğul olur. Həmin illərdə türk qadınları ərləri ilə birlikdə və başları açıq şəkildə küçədə gəzə bilməzdilər. Köhnə fikirlilər bu cür mənzərəni bəyəmirdilər. Hənifə xanım isə belə fikirlərə əhəmiyyət vermir, Həsən bəylə gəzintiyə çıxırdı. Bu cür davranışı qəbul etməyən geri düşüncəli insanlar onlara söz atır, təhqir edir və hətta daş da atırdılar. Lakin “Böyük yol”un yolçuları buna fikir vermirdilər. Doğru bildikləri yolda tək getməkdən qorxmurdular. Həsən bəyin şəxsi evində himayə etdiyi kasıb uşaqların sayı artırdı. Digər tərəfdən də Bakı və ətraf ərazilərdən “Cəmiyyəti-xeyriyyə”yə gələn pul miqdarı get-gedə azalırdı. Və bir müddət sonra gələn pullar tamamilə dayandı və cəmiyyət bağlanmaq məcburiyyətində qaldı. “Cəmiyyəti-xeyriyyə”nin bağlanması Həsən bəy üçün ağır zərbə idi. Qeyri-müsəlman əhalinin isə qurduqları cəmiyyətlər fəaliyyət göstərir, millətləri üçün fayda verirdilər.
Qubada məhkəmə katibi işlədiyi dövrdə onu öldürməyə cəhd etdikləri zaman Azərbaycan türk cəmiyyətində savadlı, təhsilli insana ehtiyac olduğunu sezmiş və bunun üçün əlindən gələni edərək nisbətən istədiyinə nail olmuşdusa, yenə də düşünməyə başladı. Belə şərtlər daxilində cəmiyyətin inkişafı üçün mətbuatın vacib olduğu qənaətinə gəldi. Bir qəzet nəşr edərək xalqı oyandırmaq fəaliyyətinə davam etməyə başladı.
Daha sonralar Həsən bəy qəzet nəşr etmək qərarının əsas səbəblərini “Həyat” jurnalında belə nağıl edirdi:
“Dünyada ittifaq olmazsa heç bir cəmiyyət ayaqda dura bilməz. Bizim keçmiş “Cəmiyyəti-xeyriyyə” ayaqda durmadığı üçün, teatr göstərilən otaq boş qaldığı üçün belə məlum oldu ki, müsəlman qardaşlarımızı bir araya toplayıb, zəmanəyə uyğun məktəblər açıb küçə və bazarlardakı uşaqları oxutmaq mümkün olmayacaq. Bu zəmanədə təhsilsiz yaşamaq isə qeyri-mümkündür. Ələlxüsus da bizim yerlərdə; qonşularımız təhsil alıb, günü-gündən daha da inkişaf edərək mal-mülkümüzə sahib çıxırlar. Qısa vaxtdan sonra biz onlara rəncbərlik edirik, onların malını daşımaq üçün muzdur da işləyirik.
Belədirsə nə etməliyik? Hamını çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm qanmırlar. Axırda gördüm ki, onları haraylayıb səsləməkdən, bir yerə yığıb danışmaqdan başqa çarə yoxdur. Ola bilməz ki, məni dinləyənlər arasında heç olmasa biri nə dediyimi qanmasın. Necə ki, bir bulağın altında nə qədər sərt daşlar olsa da, bir neçə il sonra su onları deşib keçə bilir, düz sözlə də qanmayan başları deşib beyinə təsir edərik. Belə olduqda mən nə etməliyəm, nə iş görməliyəm? Hər kəs öz qara sandığının (pul sandığı) üstündə oturub, ancaq onun içindəkinə səcdə edir və fikri yalnız sandığı doldurmaqdadır. Amma ətrafdakı müsəlman qardaşlarımızın bir-bir düşmənimizin odunda yandığını heç kim görmək istəmirdi. Belə olduğu halda qəzet nəşr etməkdən başqa çarə yox idi. Kağızın üstünə yazılmış doğru sözlər iman dolu evlərin pəncərə-qapısından girsinlər. Heç vaxt ola bilməz ki, doğru söz yerdə qalsın. Hər il 10 qəzet oxuyandan biri oxuduğunu anlasa, onların sayı ilbəil artar. Sonda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, çatlar və su özü axaraq bəndi yuyub aparar. Bundan sonra isə düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olduğu aydın görünər.
Yaxşı deyək ki, qəzet çap etmək istədik. Pul yox, yazar yox, yoldaş yox, mətbəə yox, hürufat66
Hürufat– basma metal klişe, hərflər
[Закрыть] yox, işçi yox, 200-300 nəfərdən çox oxucu da olmayacaq. Dövlətdən icazə almaq isə başqa bir problem. Bizim qubernator mərhum Starosilski xalis rus idi. Ancaq həyat yoldaşı gürcü qızı idi. Ona görə də Qafqaz əhalisini özünə dost hesab edirdi. Mən dərdimi ona danışdıqdan sonra, qəzetin “Əkinçi” adlandırılmasını məsləhət bildi. Guya ki, mövzu əkinçilik, təsərrüfat olacaqdı. Özü də senzuranı qəbul edəcəyini boynuna götürdü. Buna uyğun ərizə yazıb icazə aldım. Həmin dövrdə yazı şikəstə xətti (əl yazısı ) idi. Basma xəttini oxuya bilən yox idi. Rusiyada istifadə olunan hürufat çox pis idi. Ona görə də mənə qəzeti daş basmaq (litoqrafiya) üsulu ilə çap etməyi məsləhət bildilər. Mən bununla razılaşmadım. Çünki bu üsulla çap olunan qəzetlər həftədə 1-2 dəfə çıxa bilərdi. Amma mən qəzeti hər gün çıxarmağa ümid edirdim. Həmin dövrdə Osmanlı və İranda da qəzetlər nəşr olunurdu. Onlarda da qəzet çapında hürufatdan istifadə edirdilər. Daş basma üsulu ilə çap olunanlar da hürufatla əvəz olunacaqdı. Bəlkə də belə yaxşı olardı, işin əvvəlindən oxucuları litoqrafiya üsulu ilə tanış edərdim, sonra ikinci dəfə bu işin əziyyətini çəkməzdim. Həmin dövrdə Bakıda iki basmaxana var idi. Biri qubernator idarəsinin tabeliyində idi, digərində isə müsəlman hürufatlarını alayarımçıq düzən Minasov adlı erməni var idi. Mənə söz verdi ki, bu iş üçün nə qədər adam lazımdırsa, onları öyrədib mənə təhvil verəcək. Sonra fikrə getdim, bəs yaxşı mən bu hürufatı hardan alım? Rusiyada yaxşı hürufat yox idi. Amma qəliblər hazırlanıb, hürufat tökdürmək mümkün idi. İş orasındadır ki, təzə hürufat tökən birisi 5-10 puda (16 kq) görə onları hazırlamağa razı olmayacaqdı. Bu halda tək bir çıxış yolu qalırdı. İstanbulda yaşayan bizim Şirvanlılar ilə mənim əlaqəm var idi. Onların məktublarından bilirdim ki, Türkiyədə bizim türkcədə bir neçə qəzet nəşr olunur. Hətta onlar arasında gündəlik çap olunanları da var. Buna görə də İstanbula gedib həm onları ziyarət etmək, həm də bu hürufatdan 5-10 pud alıb gətirmək lazım idi.
1875-ci ilin iyun ayında İstanbula getdim. Oradan 10 pud hürufat alıb avqust ayında qayıdıb gəldim. Hürufat qışda gəlib çıxdı. Basmaxananı açmaq üçün əlimdə pul qalmamışdı. Ona görə də Starosilski mənim hürufatımı quberniya idarəsinin basmaxanası üçün aldı. Kağız və digər ləvazimatları hazırladıqdan sonra 1875-ci ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin çapına başladım. Qəzetin çapını iyul ayına salmaqda məqsədim Minasovdan başqa türk hürufatı düzməyi bacaran birisini tapmaq idi. Belə bir insan tapıldı və o, öz bacısı oğlunu yanına şagird kimi götürdü. Bu halda mən əlacsız qalıb ona kömək etməli oldum. Basmaxana hər nömrə üçün 1000 vərəqə 15 manat pul istəyirdi məndən. Hesablayıb belə qərara gəldim ki, qəzeti yalnız iki həftədən bir çap edə bilərəm. Mart ayında qəzet çapı ilə bağlı elan hazırlayıb Qafqazın bütün şəhərləri və böyük rayonlarına göndərmişdim. İyul ayına kimi 100 müştərim var idi, hərəsindən 3 manat, cəmi 300 manat pul toplamışdım. Qubernator naçalniklərə əmr etdi ki, hər bir kəndin yüzbaşısı qəzet alsın. Beləcə müştərilərin sayı 400 nəfər oldu və qəzet satışından 1200 manat əldə etdim. Qəzetdə elan çap etdirmək o dövrdə yox idi. 800-900-ə qədər qəzet nəşr etdirdim. Bunun 400-nü müştərilərinə göndərdim. Qalan hissəsini Bakının küçə və bazarlarında payladım, bir hissəsini isə digər şəhərlərə havayı göndərdim ki, qəzet oxumağa adət eləsinlər. İlk saylarını çıxarmaq çox əziyyətli oldu. Yayda şagirdlərim evlərinə getmişdilər. Minasovla tək qalmışdım, o da çox yavaş işləyirdi. Ona görə də hürufatı düzməyinə kömək edirdim, səhvlərini düzəldirdim. İlk yarım ili, yəni yanvarın 1-nə kimi 500 manat zərərlə işlədim, ancaq müştərilərimin sayı 100-dən 300-ə qədər yüksəldi. Yüzbaşı və naçalniklərin sayı isə qəzetin vaxtında gedib çatmamasına görə azaldı. Yanvarın 1-dən 400-ə yaxın müştərim var idi. Novruzdan sonra qəzetin vərəqlərinin ölçüsünü böyütdüm, payızdan isə həftədə bir dəfə çap etməyə başladım. Çünki yazıçı dostlarım gündən-günə artırdı. Minasof öz bacısı oğlu ilə birlikdə artıq işi öyrənmişdi. İl bitərkən hesablama apardım və 1000 manata yaxın zərərimin olduğunu gördüm. 1877-ci ildə kapitanlardan başqa 400 müştərim var idi. Əvvəlki köməkçilərim şagirdləri idi. Onlar yazmaqdan başqa qəzetləri müftə paylamaqda və poçta verməyə kömək edirdilər. Şagirdlərimin hamısı qəzet yazıb-oxumağı öyrənmişdi. Öz ana dillərində qəzet görəndə çox sevinirdilər, qəzetin çapdan çıxdığı gün onlar üçün bayrama çevrilirdi.
“Əkinçi”nin əvvəlinci bədbəxtliyi qubernator Staroselskinin Bakıdan getməyi oldu. Ondan sonra yeni qubernator Biryoğini senzor oldu. Qəzetin ikinci böyük bədbəxtliyi Osmanlı davasının başlanmağı oldu. Nə qədər Osmanlı davası başlamamışdı, bir təhər Biryoğini ilə yola gedirdim. Elə ki, dava başlandı, özləri rus olmayan, amma rus dövlətinə bağlı olduğunu göstərmək istəyənlər Biryoğini artıq hər bir cəhətə diqqət edib qəzet çıxarmağa məcbur elədilər. “Əkinçi”yə ixtiyar vermişdilər ki, siyasi xəbərləri qeyri-qəzetlərdən götürüb çap eləsin. Amma onlar buna da icazəni aradan qaldırdılar və siyasi xəbərlər gündəmdən çıxarıldı. Halbuki bir tərəfdən də müştərilərimiz dava xəbəri istəyirdilər. Senzordan təvəqqe elədim ki, özü qeyri-qəzetlərin siyasi xəbərlərindən seçib çap olunmasını təmin etsin. Lakin bu cəhd də alınmadı. Yalnız dövlət tərəfindən hər gün gələn teleqramları çap etməklə kifayətlənməli olduq. Əlbəttə həftəlik qəzetdə bir həftə müddətində gələn teleqramların hamısını çap etmək mümkün deyildi. Çünki hər gündə 2-3 yüz sətrə qədər teleqram gəlirdi və onlardan seçib lazım olan qədərini də çap etməyə qoymadılar. Xülasə, siyasi xəbərləri çap etmək mümkün olmadı və müştərilər məndən çox narazı qaldılar. Staroselskinin vaxtında bir iş görə bilməyən müsəlmanların düşmənləri fürsətdən istifadə edib hər tərəfdən “Əkinçi”nin üstə tökülüb onun bağlanmağına çalışırdılar. Jandarma polkovnikinə hər gündə məndən və “Əkinçi”dən adsız donoslar göndərilirdi. Jandarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onlardan biri mənim rus qulluqçumun qardaşı idi, gecələr evimin içində yatırdı, birisi də küçə qapısında durub mən harasa gedəndə məni aparıb gətirirdi. O vaxtda mən hər gecə 1-2 saat kluba gedib bilyard oynayırdım və o jandarma polkovniki də bəzi vaxtlarda mənimlə oynayırdı. Həftədə bir neçə dəfə həmin polkovnik məni yanına çağırtdırıb hara gedib-gəlməyimlə bağlı sorğu-sual edir, kiminlə nə danışdığımı detallarına qədər öyrənmək istəyirdi. Mən ona cavab verirdim ki, fılan saatda səninlə bilyard oynayırdım. Deyirdi ki, mən özüm də yaxşı bilirəm. Amma neyləyim, zakon belədir, gərək xəbər alım. Belə donosları təkcə jandarmaya versəydilər, yenə dərd yarı idi. Amma onları vəzirlərə, sərdara və qeyrilərə də göndərirdilər ki, onlara cavablar yazmaqdan biçarə jandarma yorulmuşdu. Amma bununla belə qəzeti vaxtında çıxarırdım. Elə ki, Dağıstanda qarışıqlıq başlandı, “Əkinçi”nin qara günləri başladı: Bir gün Nəcəf bəy Vəzirovun Moskvadan göndərdiyi məqaləsini düzdürməyə vermişdim. Məqalədə yazılırdı ki, bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub insanları elm, təhsil almağa çağırırdı. Senzor qol çəkib çap olunmasına icazə vermişdi. Qəzetin paylanma ərəfəsində qubernatorun hökmünə görə o nömrə bağlanıldı, məni də idarəyə çağırdılar. Gedib gördüm ki, mənim Minasovum da oradadır.
Qubernator buyurdu ki, “Minasovun fikrincə, dərvişin sözlərində sətiraltı məna var. Ona görə həmin nömrəni bağlayıb başqa bir nömrə çap olunmalıdır.” Cavab verdim ki, qeyri nömrə cıxarda bilmərəm.
Mən gedəndən sonra qubernator özü bir nömrə çıxartdırıb paylaşdırdı. Çünki nömrə mənim adımdan çıxmışdı. Mən təvəqqe elədim ki, daha mənim adımdan qəzet çıxarmasınlar. Onsuz da mən qəzeti bağlayıb savaş qurtarandan sonra çıxartmağı istəyirdim. Amma müsəlman düşmənləri əl çəkmədilər. Bir gün gimnaziyanın direktoru mənə məlumat verdi ki, komandirin əmrinə görə gərək mən Yekatirinadar şəhərinin gimnaziyasına müəllim gedəm. Ərizə verib qulluqdan çıxmalı oldum. Çünki mən Bakıdan çıxıb müsəlman işlərindən kənar qalmağı özüm için ölüm hesab edirdim.
Savaş bitdi, amma mənim Bakıda qalmağım müşkül oldu. Nə dövlət idarələrində, nə də bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 yerdə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidə qaralamağa başladılar, qaralayanlar isə Bakı müsəlmanları oldu. Mənim yerimə isə xaricilər seçildilər. Belə bir şəraitdə mən nəinki, “Əkinçi”ni çıxarda bilmədim, hətta Bakıdakı yaşamıma son verib öz kəndimizə köçüb getməli oldum.”
Azərbaycan ziyalılarını Qərb düşüncəsində yetişdirən, türk teatrının ilk qurucusu, Azərbaycanda türk mətbuatının da ilk yaradıcısı olan dahi Zərdabinin öz dilindən eşitdiyimiz acı hekayəsi… Yorulmaq bilməyən, qorxmayan Zərdabi Azərbaycanın ehtiyac duyduğu təhsilli çevrənin, türk teatr və mətbuatının toxumunu səpdiyi üçün Bakıda xalqın cəhaləti və rus hökumətinin təzyiqi ilə bütün qapılar üzünə bağlandıqdan sonra kəndinə çəkilməyə məcbur oldu. Qorxmayan Həsən bəy zəngin təbəqənin etinasızlığı üzündən “Cəmiyyəti-xeyriyyə” bağlanarkən keçirdiyi acı hissləri bir məqaləsində belə təsvir edir: “Bir dənə Qarabağda su satan Karabetin millət qeyrəti bütün Qarabağ bəylərində yoxdur. Karabet eşşək belində su daşıyaraq min rubl toplayıb və bu pulu erməni cəmiyyəti xeyriyyə fondunun rəisi Doktor Rustamyana məktəb şagirdlərinə xərclənsin deyə vermişdir. (“Həyat” jurnalı, №17-115). Belə geri düşüncəli bir cəmiyyətdə bu qədər cəsarət göstərən Həsən bəyi hansı yöndən araşdırsan böyüklüyü, idealistliyi, lider bir millət adamı olduğu ortaya çıxır.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.