Текст книги "Azərbaycan Yeniləşmə Hərəkatı – XIX əsr"
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 15 страниц)
AZƏRBAYCANDA MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏTİN ÖZÜNƏMƏXSUS KLASSİK KÖKÜ
Azərbaycanın X-XI əsrdən bu yana Türklərin vətəni olduğu və türk ulusunun Oğuzlardan gəldiyi “Dədə-Qorqud” kimi Azərbaycanın ölümsüz ədəbi abidəsi olan şah əsərindən məlumdur. Bu türk xalqı mədənidir. Şifahi xalq ədəbiyyatı, qədim yazılı əsərlər, ərəb, fars, erməni, gürcü və bizans mənbələri, memarlıq abidələrin qalıqları bu mədəniyyətin Azərbaycanda başlıca tutarlı dəlilləridir.
Bu barədə qısa məlumat verməkdə fayda var:
1.Hicri təqvimi ilə 421-ci ildə (b.e. 10-cu əsri) yaşayan ərəb alim və ədibi Əbulüla əl-Maarrinin tələbəsi Xətib Təbrizinin ərəb ədibləri arasında xüsusi yeri vardır. Təbrizdə doğulan, Bağdad, Şam və Misirdə oxuyan X.Təbrizi Bağdadda “Nizamiyyə” mədrəsəsində ümumi və yeni ədəbiyyat dərsi keçirdi. Ərəblərin “İliada”sı hesab olunan “Hamasiye”yi şərh edən kitabları məşhurdur. Xətib Təbrizi ana dilinin türk dili olduğunu belə bildirir: “Bir gün Əbulüla əl-Maarri ilə məsciddə oturmuşdum. İki ilə yaxın idi ki, vətənimdən, dostlarımdan xəbər ala bilmirdim. Elə bu vaxt Təbrizli qonşularımızdan biri məscidə gəldi. Çox sevindim. Əbulüla sevincimin səbəbini soruşdu. Mən isə Təbrizli qonşularımdan birinin gəldiyini dedim. Mənə “Dur, get, şəhərindən, yaxınlarından xəbər al” dedi. Söhbətimizi bitirdikdən sonra Əbulüla hansı dildə danışdığımızı soruşdu. “Azərbaycan türkcəsi ilə” dedim. Dedi ki: “Sizin dili başa düşmürəm, amma nə danışdınızsa, hamısını əzbərlədim.” O, danışdıqlarımızın hamısını olduğu kimi təkrar etdi… Mən onun hafizəsinin gücünə təəccübləndim.” (“VII-XII əsr Azərbaycan ədəbiyyatı” H. Araslı, “Azərbaycan ədəbiyyatı tarixi” 1-ci cild, s. 45-46 və M.Ə. Rəsulzadə “Azərbaycan şairi Nizami” s. 9, Ankara 1951).
2. Hicri təqvimi ilə 458-ci ildə (X əsr) ölən Əbu Əli Sinanın tələbəsi Mərzbanoğlu Əbülhəsən Bəhmənyar ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri qərb dillərinə tərcümə olunmuşdur.
3. Hicri təqvimi ilə VI əsrdə astronom Şirvanlı Feridüddin Əbu Həsən Əli ibn Əbdülkərim (ən məşhur əsəri 541-ci ilə aid edilir)
4. VIII əsrdə yaşayan coğrafiyaçı Bakulu Abdal Rəşid.
5. Əmir Teymurun tarixini yazan Nizaməddin-i Şam Qəzani də azərbaycanlıdır.
6. Marağalı Abdal Qədir musiqişünasdır.
7. Məşhur Mövlana Cəlaləddin Ruminin ustadı Şəms Təbrizinin məktəbindən və klassik sirlərindən bəhs edən "Gülşəni Raz" əsərinin müəllifi Şeyx Mahmud Şəbüstəri, Hürufilik məzhəbinin qurucusu Şeyx Feyzullah Nəimi də azərbaycanlıdır. Məşhur İran şair və filosofu Şeyx Sədi Bakulu "Bustan" əsərində Babakuhidən faydalandığını, eyni zamanda Təbrizli Şeyx Humamdan da ilhamlandığını bildirir.
Təbrizdə nəqqaşlıq və miniatür sənət məktəbini yaradan Kəmaləddin Behzat Pir Seyid Əhməd Təbrizlidir. Nizami Gəncəvi, Xəqani Fələki, Müciri, Beyləqani, Əbülüla Gəncəvi, Nəsimi, Həbibi, Nigari, Vaqif, Vidadi və digər mütəffəkkirləri sadalamaqla bitməz. Məhəmməd Əli Tərbiyətin "Danışmendan-i Azərbaycan" adlı əsərində bu mövzuya dörd yüz səhifə yer ayrılmışdır. (Tehran, 1314).
Lakin bu adlarını saydığımız Azərbaycan alim və ədibləri əsərlərini fars və ərəb dilində yazıblar. Qərb mədəniyyətinin cermen, latın və anqlosaksların əsas klassik köklərini təşkil edən əsərlər də latınca yazılmışdır. Bu dövrün ənənəsi ilə bağlıdır. Təbriz, Ərdəbil, Naxçıvan, Bakı və Bərdədəki memarlıq abidələri, Hindistanda Ağrada Baburlular sülaləsinin imperatoru Böyük Əkbərin tikdirdiyi abidələrin bəzəklərini çəkən rəssamlar arasında Təbrizli rəssamların olması (F.R. Atay: "Hindistanda iki ay" "Ulus" 29.03.1943), Bursadakı "Yeşil Cami"nin mehrabındakı çinilər üstündə "Əməli ustadanı Təbriz" yazıldığı nəzərə alınsa, memarlıq və rəssamlıqda azərbaycanlıların qüdrəti aydın olar. (M.Ə.Rəsulzadə "Nizami").
XIV əsrdə yaşayan və Nizaminin "Xosrov və Şirin" poemasına "Fərhadnamə" adlı bənzətmə yazan şair Arif Ərdəbilli Azərbaycan memarlıq abidələri haqqında xoş sözlər demişdir. Nümunə kimi iki hissəyə baxaq:
Şamaxı gülüstanında bir qala vardı, "Ruindej" onun yanında daha alçaq idi. Onun daşlarında bir neçə surətin rəsmini gördüm, dünyada tayı-bərabəri yox idi. Ustalardan öyrəndim ki, bu Fərhad oğullarının fikir və əsəridir.
Bakı qəbiristanlığında bir türbə var ki, onu görən heyran olur. Uzaqdan dağın arxasından baş qaldırmış parlaq günəş kimi görünür. “Divendez”də daşları daşıyaraq dağın təpəsində binanı tikiblər. Elə bir sənətkarlıq nümunəsi yaradıblar k, oxşarını çarxı-fələk də görməyib. (“Azərbaycan ədəbiyyatı tarixi” 1-ci cild, s. 204-205, M. Quluzadə).
Mədəniyyət və incəsənət baxımından bu qədər zəngin keçmişi olan və XIX əsrdə yenilikçilərin meydan gəlməsində ingilis missionerlərinin, alman şərqşünaslarının, Fransız inqilabının təsiri altında olan “dekabristlər”in və Polşa azadlıq hərəkatçılarının böyük rolu olan Azərbaycan xalqına Barbar slavyan qəbilələrinin ənənələrini XX əsrə qədər daşıyan rusların XIX əsrdə mədəniyyət və incəsənət gətirdiyini söyləməyin tarixi sübutların qarşısında əsassız iddia olduğu aydın olur. Bunu təsdiqləmək istəyən bugünkü Azərbaycan ədib, şair və elm adamlarının vaxtı ilə padişahların sarayında mədhiyyə yazan “qapı qulu” şairlərdən heç bir fərqi yoxdur.
RUSLARIN AZƏRBAYCANLA TARİXİ VƏ SİYASİ ƏLAQƏLƏRİ
Rusiya və Azərbaycan arasındakı ticarət əlaqələrinin tarixi qədimdir. Həmçinin hərbi əlaqələrin qədimliyini də müşahidə edirik. Böyük Azərbaycan şairi Nizami Gəncəvi (1141-1204) “İsgəndərnamə” poemasında rusları bu cür xarakterizə etmişdir:
Bunlar, dedi, şəhər yıxar, yaxarlar,
Dünyanın qəddarı, alçaqlar, xamlar.
Qurd kimi yırtıcı, vəhşi və xunxar
Comərdlikdən aciz, qanlı və qəddar.
Adamlıq gözləməz bir kimsə rusdan
Ki bənzər insana yalnız baxışdan.
Fransızca: “İls s`emparent des previnces et soumettent les villes: ce sentles hemmes les plus barbares et les etres les plus vils du mende entier. Nul ne cherchera de l`humanite dans le coer du`n Russe: car ilsn`entrien d`humain, si ce n`est l`exte `rieur.” (T.B.Charmey: Expedition d`Alexandre le Grand contre les Russe. 1828-St. Peterburg.) M.Ə.Rəsulzadə: Nizami, 1951, Ankara)
1720-ci ildə I Pyotrun Xəzər dənizindən keçərək Dərbəndə gəldiyi məlumdur. Həmin illərdə rusların Azərbaycanı işğal etməkdə bir neçə məqsədləri var idi:
1. İran və Türkiyə üzərindən Hindistana gedən yolu açmaq.
2. Həmin dövrdə Qafqaz dağlılarının müqavimətini qırmaq üçün ərazini mühasirəyə almaq.
3. İsti tropik iqlimdə məskunlaşmaq və açıq dənizlərə çıxış əldə etmək.
Rusların hələdə 1-ci və 3-cü məqsədlərinə çatmaq üçün çalışdıqları müşahidə olunur.
1796-cı ildə general Bulqakov Dərbəndə hücum edərək qalanı ələ keçirdi. Daha sonra Quba xanlığına yürüş etdi; general Rahmaninov Bakının işğalından sonra Şamaxı xanlığını ələ keçirmək istəyir. Şamaxı xanı Mustafa xan təslim olmadığı üçün hücum üçün uyğun vaxtı gözlədi. Dərbənd xanı Şeyx Əli xan Qazıqumuq xanı Surxay xanın yanına qaçır. Kasparinin yazdığı məlumatlara görə, Qarabağ, Şəki və Gəncə xanlıqları da rus ordusu tərəfindən işğal edilibmiş. Lakin Qarabağ, Şəki və Gəncə xanlıqlarının tarixi ilə bağlı mənbələrdə belə məlumatlara rast gəlmirik. Rus ordusu ona qarşı yaranmış təhlükədən xəbərsiz idi. Qüvvələri ilə birlikdə mərkəzdən geri çəkilən xanlar qarşı tərəfə hücuma keçirlər. Həmin ərəfədə II Katerin ölür və çar Pol rus taxtına çıxır. Xanların hücumu nəticəsində general qraf Valeryan Zubov rəhbərliyindəki rus ordusu darmadağın edilir və ruslar ağır itkilər verərək Azərbaycandan geri çəkilirlər. Kaspari bu hadisəni sonralar Napoleonun Rusiyadan qaçmasına bənzətmişdi. Rus tarixçiləri bu məğlubiyyəti “Zubov məğlubiyyəti” adlandırmışdır.
XIX əsrin əvvəlində 1804-cü ildə General Sisianovun Gəncəyə hücumu ilə başlayan rus işğalı bir-birinə yaxın zamanda Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin ikinci dəfə təkrarıdır. Qraf Zubovdan dərs alan rus baş komandirləri bu dəfə daha böyük qüvvə ilə və daha güclü qərargah heyəti ilə hücuma başlamışdılar. Azərbaycanın işğalı 1844-cü ildə İlusu sultanlığı-Zaqatalanın işğalı ilə başa çatmışdır. Rusların ikinci dəfə Azərbaycanı işğal etməsi 40 il ərzində davam etmişdir. Birinci Zubov işğalından 48 il sonra ikinci işğal tamamlanmışdır. Rusiyanın Azərbaycanı işğalı yarım əsr davam edir… Bu məsələni vurğulamağımızın səbəbi odur ki, Napoleonu məğlub edən imperiyanın Azərbaycanın istilasına bu qədər zaman sərf etməsi xalqımızın müstəqil yaşamaq arzusu, buna görə fürsət olduqca üsyanlar etməsi, işğala qarşı çıxmasıdır. Bu döyüşlərdə rusların da itkilərinin böyük olması təbiidir. Kasparinin kədərlə təsvir etdiyi kimi: “Zubov məğlubiyyəti” zamanı verilən itkilər rus ordusunun qırılmasının bir səhifəsidir.”
XIX əsrin birinci yarısında ruslar yalnız Azərbaycan xanlıqlarının istilası ilə kifayətlənməyiblər. Bu yarım əsr daxilində Türkiyə və İran ilə də Qafqazdakı kimi savaşmaq məcburiyyətində qalmışdlar. 19-20 oktyabr 1819-cu ildə İran orduları ilə Aslandüzündə, 1826-cı ildə Gəncədə çətin və qanlı döyüşlər olmuşdur. İran qüvvələrinə gənc, enerjili, ancaq bəxtsiz Abbas Mirzə rəhbərlik edirdi. Eyni zamanda Türkiyə və İranın bir-birinə düşmən mövqeyində olması ruslar üzərində qələbə çalmalarına mane olurdu.
Qeyd etmək istəyirik ki, XIX əsrin birinci yarısı Azərbaycan xalqı üçün qanlı döyüşlər, üsyanlar, qeyri-sabit dövr kimi yadda qalmışdır.
Beləcə XIX əsrin əvvəllərində Dərbənd, Quba, Gəncədə, 1812-ci ildə Lənkəranda, 1819-cu ildə Şəkidə, 1820-ci ildə Şirvanda, 1822-ci ildə Qarabağda, 1840-cı ildə Naxçıvanda, 1844-cü ildə Zaqatalada xanlıq idarə forması ləğv edilmiş və Azərbaycanda jandarma və ordusu ilə Çar Rusiyası rejimi yaradılmışdır.
XIX əsrin ikinci yarısı Azərbaycanda nisbi sükunət dövrü olmuşdur. Bu yarım əsrdə isə Azərbaycanda bir çox sosial, mədəni və iqtisadi dəyişikliklər meydana gəlmişdir. Qarşıda bu haqda danışacağıq. XIX əsrin ikinci yarısı və XX əsrin ilk 18 ili arasında, yəni Rus istilasının Azərbaycanda tamamlandığı və rus hərbi rejiminin qurulduğu 1844-cü ildən sonra keçən 70 ilə yaxın bir müddətdə Azərbaycan dünyanın qarşısına müstəqil, azad, müasir hüquq dövləti və demokratik cümhuriyyət kimi çıxmışdır.
Əsil problem bu əhəmiyyətli milli hadisənin hansı əsaslara istinadən meydana gəlməsidir. Millətlərin tarixində belə bir istiqlal problemini ortaya atmaq üçün nə kimi həmlələrə və təkamülə ehtiyac var? Bunlar Azərbaycana necə gəlib və yetişib?
İndiyə kimi Azərbaycan oyanışından bəhs edilərkən bəzi yerli yazıçılar dövrləri bir-birinə qarışdırmışdır. Daha açıq desək, yazıçılar oyanış və intibah dövrlərini ayırd edə bilmirdilər. Məsələn, Azərbaycan ziyalılarından birinə “Azərbaycan oyanış hərəkatı kiminlə və nə vaxt başlayıb?” deyə sual versək dərhal Mirzə Fətəlidən başlayaraq Həsən bəy Zərdabiyə, daha sonra Əli bəy Hüseynzadəyə və Ağaoğlu Əhməd bəyə keçər və 1905-ci ilə atlarlar.
Bizim fikrimizcə, bu mövzu və problem elə də sadə deyil. Avropada bu dövrlər bir-birindən ayrıdır, eləcə də şəxsiyyətlər. Bundan başqa intibah dövrünün başlanğıc şərtləri və şəxsiyyətləri də fərqlidir. Yenə bizim yanaşmamıza və burada müraciət etdiyimiz metoda əsasən, bu dövrlərdə Azərbaycanda da dövr, şəxsiyyət və şərtlər ayrı olaraq inkişaf etmiş və irəliləmişdir.
Beləliklə, hər ölkədə olduğu kimi daha əvvəl müşahidə etdiyimiz oyanış dövrünə dayanaraq inkişaf edən istiqlal mübarizəsinin dövrü, nümayəndələri və şərtləri də fərqlidir. Bu yanaşma ilə biz Azərbaycanda oyanış dövrünün XIX əsrin birinci yarısında başladığına və bu dövrün əsas nümayəndələrinin də isə Məhəmməd Əli Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanlı, şair Zakir, Mirzə Şəfi Vazeh və İsmayıl bəy Qutqaşınlı olduğunu söyləyə bilərik.
Rusların Azərbaycanı istila etmələri və öz müstəmləkə rejimlərini qurmaları, digər tərəfdən rus işğalına qarşı davamlı olaraq baş qaldıran üsyanlar, yarım əsr daxilində Qafqazda və Azərbaycanda İran-Rusiya və Türkiyə-Rusiya savaşlarının izləri ölkədə əvvəlki xanlıq rejimindən qalan həyat tərzini sarsıtmışdı. Fasiləsiz qarışıqlıqlar, dəyişikliklər və vuruşmalar fonunda toplumun əvvəlki yaşayış tərzi ilə varlığını davam etdirə bilməyəcəyi fikri bəzi şəxslərin beyninə oyanış toxumu səpdi. Necə ki, İtaliyada humanistlər geniş xalq kütləsini əhatə edə bilmədilər, eynilə Azərbaycanda da ziyalılar həmin dövrdə geniş kütlə hərəkatı yarada bilmədilər. Ancaq öz fikirlərini yaxın ətraflarına ötürməyi bacardılar. Bu şəxsiyyətlərdən birincisi Mirzə Kazım bəydir (1802-1870).
Məhəmməd Əli Mirzə Kazım bəy 1802-ci ildə Dərbənddə anadan olmuşdur. Atası Hacı Kazım rusların Dərbəndi işğal etməsi ilə avarlara sığınan Dərbənd xanı Şeyx Əli xana gizli müxbirlik etdiyi üçün 1802-ci ildə Astraxana sürgün olunur. Dərbənddə olduğu müddətdə Şərq təhsili almış Məhəmməd Əli bəy atasının arxasınca Əjdərxana(Həştərxana) getmişdi. Bu tarixdə xristianlıq dinini Şərqə yaymaq istəyən missionerlər Astraxanı özlərinə mərkəz seçmişdilər. Gənc Məhəmməd Əli ingilis dilini öyrənmək məqsədi ilə şotland missionerlərdən biri ilə əlaqə yaratmış və ondan ingilis dilini öyrənmişdir. Bununla yanaşı ingilis missionerlərin təlqinləri gənc Məhəmməd Əlini öz təsiri altına almışdı və nəhayət o, xristianlığı qəbul etmişdi. Müsəlman ziyalılara Rusiya hökumətində vəzifə verilmədiyi halda, xristianlığı qəbul edənlərə belə qadağa qoyulmurdu. Bu səbəbdən Məhəmməd Əli Kazım bəy Omsk vilayəti valiliyi nəzdində tərcüməçi təyin edilmişdi. 1826-cı ildə bu vəzifəsini icra etmək məqsədi ilə yola çıxmış və Kazan şəhərinə getmişdi. Burada Kazan universiteti Türk və Fars dilləri rektorluğuna təyin edilmişdi. Yüksək biliyi və ingilis dilini yaxşı bilməsi, fars, ərəb və rus dillərinin köməkliyi ilə elmi tədqiq və araşdırmalarına dayanmadan davam etmişdir. Daha sonralar Peterburq universitetinin İran ədəbiyyatı kafedrasının rəhbəri təyin olunmuşdu. Bununla yanaşı, Çarlıq onu xristian olmayan tələbələrin dəyanət işlərinə nəzarət məmuru təyin etmişdi. 44 illik elmi araşdırma və fəaliyyətindən sonra Məhəmməd Əli bəy 1870-ci ildə vəfat etmişdir.
Kazan universitetində 20 ildən çox çalışması, Verbitskinin də etiraf etdiyi kimi Mirzə Kazım bəyin elmi fəaliyyətinin ən parlaq dövrü olmuşdur. (Verbitski “Русский биографический словарь” Sankt-Peterburq 1897, s. 328). Mirzə Kazım bəy Azərbaycan türkcəsini əsas götürərək “Müqayisəli türk dili qrammatikası” kitabını hazırlamışdı. 1839-cu ildə Kazanda nəşr olunan “Ümumi Türk-tatar dilinin qrammatikası” “Обшая грамматика турецко-татарсково языка” adlı əsər bu sahədə ilk yazılmış elmi vəsaitdir. Bu kitab türk dilinin tarixini araşdırmaq üçün açar rolunu oynamışdır. Yeddi il sonra bu əsəri gözdən keçirərək dəyişikliklər və əlavələr etdikdən sonra ikinci dəfə nəşr etdirmişdir. Əsərin əhəmiyyəti elmi araşdırmanın Avropa metodu ilə aparılmasında idi. Rus Elmlər Akademiyası Mirzə Kazım bəyi bu əsərinə görə mükafatlandırmışdır. Kazım bəyin bu əsəri T.Zenker tərəfindən alman dilinə tərcümə edilmişdi. (“Allgemeine Gramatik Turkisch-Tatarischen Sprache” Leipziq 1840). Kazım bəydən sonra yakut dili üzərində araşdırma aparan Böhtlinq bu əsərdən çox faydalanmışdır.
Kazım bəyin fəaliyyətində diqqət çəkən məqamlardan biri də müştərək Türk dilinin hazırlanmasına səy göstərməsi idi. 1854-cü ildə Nikolski adlı şəxs Kazanda təmiz tatar dilində qəzet nəşr etməyə təşəbbüs göstərir. Rus hökuməti bu işin araşdırılması işini Mirzə Kazım bəyə həvalə edir. Mirzə Kazım bəy bundan istifadə edərək rus hökumətinə verdiyi hesabatda Rusiyada yaşayan türklər üçün müştərək bir türk dilinin lazımlığından söz edir: “Kazan ləhcəsində olmayıb, təmizlənmiş tatar dilində qəzetin nəşri qəlibləşmiş bir dilə çevriləcək və digər tatar-türklər üçün nümunə rolunu oynayacaqdır. Nəhayət, ümid edə bilərik ki, bütün tatar ləhcələri bu dil vasitəsi ilə təmizlənmiş və inkişaf etmiş bir forma alacaqdır.”
1804-cü il fərmanına əsasən, dərs proqramına Salınan türk dilinin tədrisi Şərq dilləri ilə eyni qrupda idi. Mirzə Kazım bəy, Sankt-Peterburq universitetinə keçdikdən sonra Türk dili kafedrası yaratmağa müvəffəq olmuşdur. Mirzə Kazım bəy Kazanda olduğu kimi, Peterburqda da ətrafına toplanan müsəlman və türk ziyalılarının yetişməsinə kömək göstərmişdir. Budaqov adlı bir türk tələbəsinin ərsəyə gətirdiyi “Хрестоматия” (“Antologiya”) kitabı onun ilhamı və rəhbərliyi ilə yazılmışdır.
Mirzə Kazım bəy mənsub olduğu türk xalqının tarixinə də müraciət etmiş və “Dərbəndnamə” (“Derbent Nameh or the history of Derbend” Sankt-Peterburq, 1850) əsərini yazmış, bununla yanaşı Krım tarixinə aid əsər hazırlamışdır. Onun islam tarixi və uyğur türkləri ilə bağlı araşdırmaları mövcuddur. “Dərbəndnamə” əsərinə görə akademik mükafata layiq görülmüşdür. Bundan sonra Mirzə Kazım bəy Şərq xalqlarının dini cərəyanları ilə maraqlanmış və Qərbdə öyrənilməyən problemlər üzərində çalışmışdır. Bunlardan başlıcaları “Bahailik” və İmam Şamilin mənsub olduğu “Müridizm” cərəyanıdır. Əsərləri “Bab-i Babidı” və “Müridizm və Şamil” və “Observation sur un chapitre inconnu du Coran public pr Garciux du Tassy”. Journal Asiatique, s. 4 t. II). Eyni zamanda “Muhtasarül Vikayet” adlı dərslik yazmışdır.
İslam dinini beləcə araşdıran və ”İslam dini heç bir vaxt mədəniyyətin inkişafına mane deyildir” fikrini müdafiə edən Mirzə “Abbasilər dövründə yunan maarifi tamamilə İslam mərkəzinə köçürülmüş, buradan Afrika sahil yolu və İspaniya yolu ilə Avropaya yayılmışdı.” iddiasını haqlı olaraq irəli sürmüşdür. Həm Kazanda, həm də Peterburqda işləyərkən Gürcüstanın ordu komandiri, Dərbəndli Axund Hacı Molla Taki, Xokant xanının naziri və Qırğız xanı Cahangir Bükəyevi və bir çox şəxsləri Şərq elmlərini araşdırmağa təşviq etmişdi. Onun sayəsində bu şəxslər Kazan universitetinin fəxri üzvləri seçilmişdilər. Kazım bəy xristianlığı qəbul etsə də, elmi araşdırmalarında islam dinini pisləyəcək heç bir fikir və davranışı olmamışdır. Azərbaycan türklərinin ilk avropalı alimi, İngiltərə, Rusiya, Kopenhagen Elm Akademiyalarının üzvü Mirzə Kazım bəyin Azərbaycan oyanış hərəkatına böyük təsiri olmuşdur.
O tarixdə Çar Rusiyası kimi despotik bir ölkədə yaşayan türklər üçün təmiz və müştərək bir türk dilinin vacibliyi fikrini Mirzənin irəli sürməsi və bu layihəni Çar hökumətinə təqdim etməsi böyük mədəni cəsarətin göstəricisi idi. Bundan başqa xristian bir türkün İslam dininin gözəlliklərindən bəhs edən əsərlər yazması, eyni zamanda bu fikirlərini yaymaq məqsədi ilə dərslik hazırlaması da cəsarət və əsalət nümunəsidir. Vətəndən kənarda yaşayan Mirzə o dövrdəki Azərbaycan üçün, xalqın problemlərinin həlli üçün əsl vətən övladı kimi çalışmışdır.
Mirzənin 1820-ci ildə Astraxana getdikdən sonra ingilis dilini öyrənməyə başlaması, Şərq elm adamının Qərb mədəniyyətini öyrənmək və bu mədəniyyətin qapısını öz millətinə açmaq üçün rus dilinin yetərsiz hesab etdiyindən irəli gəlirdi. Bu məqsədlə şotland missionerlərlə münasibət qurmağı və nəticədə onların təsirinə düşərək dinini dəyişməsi heç zaman onun tutduğu ideyaya təsir göstərmədi, bütün ömrü boyu elmi araşdırmalarında toxunduğu mövzular Azərbaycanla, Şərqlə, İslamla bağlı oldu.
Türk dilinin öyrənilməsi, türkoloji sahədə dəyərli araşdırmalara ilk olaraq imza atan alim Mirzə Kazım bəy olmuşdur. Azərbaycan türkcəsi haqqında heç kimin bir məlumatı olmadığı dövrdə bu mövzunu özünə tədqiqat predmeti seçmişdir. Özü də Azərbaycan türkü olduğu üçün tam səlahiyyətlə Azərbaycan türkcəsini əsas götürərərk türk dili ilə müqayisəli qrammatika kitabını yazmışdır. Bu fəaliyyəti xristianlığı qəbul edən böyük bir azərbaycanlının öz vətəninə və millətinə bağlılığının və səmimiyyətinin dərinliyini göstərir. Mirzənin elmi araşdırmaları sayəsində Rusiya və Avropada tanındığı halda, Şərqdə və türk-islam aləmində tanınmaması bu ölkələrin geriliyindən xəbər verir. Digər bir tərəfdən də Azərbaycan aliminin araşdırmalarında türk-islam oyanışına səbəb olacaq məsələlərin bu ölkələrdə öyrənilməsi Çar Rusiyası idarəsinin işinə yaramırdı. Rus istilasında olan bütün türklərin anlayacağı təmiz türk dili yaratmaq və onu yaymaq Çar Rusiyasının siyasətinə uyğun ola bilərdi ki? Həmin bu fikir bu tarixdən 50 il sonra İsmayıl bəy Qaspıralı tərəfindən mənimsənilmiş və böyük türk mücahidi bu fikir səbəbindən Çar Rusiyasının təqiblərinə məruz qalmışdır.
Mirzə “Dərbəndnamə” əsəri ilə Qafqaz tarixini, “Əssəb əs-Səyyar” əsəri ilə Krım tarixini incələmiş və bu məsələləri tədqiqata cəlb etmişdi.
Mirzə islam dininin inkişafa mane olmadığını iddia etmiş və bu tezisi əsərlərində müdafiə etmişdi. Bunu hər kəs anlasın deyə “Müxtəsarül Vikayət” adlı dərslik kitabını nəşr etdirmişdir. İlk dəfə Şərq-İslam və türk ölkələrində türklərə öz dilini, tarixini və dinini öyrətməyə çalışan, bu mövzularla bağlı qiymətli əsərlər yazan Mirzə Kazım bəyin Azərbaycanın oyanış hərəkatında rolu çox böyük olmuşdur. Lakin mənbə azlığından “Mirzənin o dövr Azərbaycanına nə dərəcədə təsiri olmuşdur?” sualına cavab verə bilmirik. Mirzənin Qırğız xanı Cahangir Bükeyevi və Molla Takıyı türkoloji araşdırmalarına təşviq etməsi, bu və digər şəxslərin Kazan universitetinin fəxri üzvləri seçilmələri bu şəxsiyyətin düşüncələrinin Azərbaycanın hüdudlarından kənara çıxdığını göstərir. İslam dininə və Krım tarixinə aid elmi araşdırmaları və “Rus dilindəki Şərq kəlmələrinə bənzər kəlmələr” adlı əsəri bu fikrimizi dəstəkləyir. Bu böyük Azərbaycan alimi və humanistinin Şərq və islam aləmində tanınmamasının səbəbini əvvəldə də qeyd etdiyimiz kimi, bu ölkələrin geriliyində axtarmaq lazımdır. Bundan başqa müstəqilliyini itirib əsarət altında olan ölkələrin ədəbi və elmi dühaları xarici ölkələrdə çox da tanıdılmırdı, yaxud da əsir millətlər səslərini xarici ölkələrə duyura bilmirdilər. Bu XIX əsrin birinci və ikinci yarısında olduğu kimi bu gün də belədir. Məsələn, bu gün dünya və Türkiyəyə “Azərbaycan haqqında nə bilirsiniz”– deyə soruşsaq, cavab “heç bir şey” olacaq.
Bununla yanaşı Mirzə Kazımın irəli sürdüyü mütərəqqi fikirlər öz dövründə– XIX əsrin birinci və ikinci yarısında Azərbaycanda böyük təsir yaratmışdır. Eynilə İtaliya oyanışında olduğu kimi, öz dövründə fikirləri geniş kütlə arasında yayılmamışdır. Ancaq Mirzə Kazım bu yeni fikirlərin xalq arasında yayılması üçün “Muxtasarul-Vikayət” adlı dərslik yazmış və fikirlərinin xalq tərəfindən öyrənilməsinə nail olmuşdur.
Mirzə Kazımın aşağıda sıraladığımız əsərlərinə göz gəzdirən hər kəs bu böyük humanist və fikir adamının öz çağında millətin ehtiyac duyduğu məsələlərə müraciət etdiyini təqdir edəcəkdir.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.