Текст книги "Azərbaycan Yeniləşmə Hərəkatı – XIX əsr"
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 14 (всего у книги 15 страниц)
Tənqidi və estetik fikirləri
Ədəbi əsərlərində kəskin realist olan Mirzə Fətəli dövrünün maarifçilik və inkişaf hərəkatının əhəmiyyətli ehtiyacını qarşılamışdı. Mirzə Fətəlini bu istiqamətdə araşdıran M.C. Cəfərov yazır: “Köhnə cəmiyyətin çatışmazlıqlarını açıb göstərmək, köhnə feodal cəmiyyətinin dəyişdirilməsinin mümkün olduğunu böyük bir xalq kütləsinə sübut etmək üçün və orta əsr feodal quruluşunun, Şərq istibdadının yaramaz olduğunu göstərmək və onunla mübarizə aparmağın vacibliyini irəli sürmək üçün tənqidi realizm vacib idi. Sənətkar Axundzadə ilə filosof-tənqidçi Axundzadə bir-biri ilə vəhdət təşkil edirdi.” (“Azərbaycan ədəbiyyatı tarixi” 2-ci cild, s. 274-291, Bakı ). Mirzə Fətəlinin sənəti həyat üçün yaradılan sənət idi, ona görə də əsas prinsipi “sözü söz üçün söyləmək ” deyildi. Axundzadə yazır: “Böyük bir fikir və məqsəd ancaq açıq şəkildə, cəsarətlə deyilərsə öz təsirini göstərə bilər.” (“Azərbaycan ədəbiyyatı tarixi” s. 276 ).
Sənətdə bədii təsvir və ifadələrin lazımlığını qeyd edən Mirzə Fətəli, mövzu baxımından sosial həyatın həqiqətlərinin təsvirini zəruri hesab edirdi. Fikirlər yeni, aktual və kəskin olmalıdır. Ədəbiyyatın inkişafı üçün ədəbi tənqidin lazım olduğunu “Tənqid risaləsi” məqaləsində yazır: “Bu qayda Avropada mövcuddur və onun bir çox faydaları var. Məsələn, bir şəxs kitab yazarkən digər biri onun əsəri barəsində tənqid yazır, bir şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz, qəlbqırıcı bir söz olmasın. Hər nə deyilsə də, nəzakətlə deyilsin. Müəllif isə tənqidçinin fikirlərinə öz cavabını verir. Daha sonra isə üçüncü mütəxəssis ya yazıçının, ya da tənqidçinin fikrini qəbul edir. Nəticədə nəzm və nəsr əsərlər inkişaf edir, Avropaya yayılır və mümkün qədər nöqsanlardan təmizlənir. Yazıçılar və şairlər vəzifələri və təklifləri haqqında tam məlumat əldə edirlər.” (“Əsərləri” 2-ci cild, s. 153 və 275 ). Mirzə bu risaləsində həm də tənqidin obyektiv və əsaslı və tənqidçinin elmi nüfuzunun yüksək olmasını, fikirlərinin doğru, yoxsa səhv olduğunu uydurma sözlər və rəvayətlərlə yox, elmi sübutlarla isbat etməsinin lazım olduğunu da vurğulayır. Bu qaydaları yaxşı bilən və Şərq və Qərb mədəniyyətini araşdıran Mirzə Fətəlinin Firdovsi, Hafiz, Mövlana, Nizami, Vaqif, Zakir, Homer, Şekspir kimi klassiklər haqqında yazdığı bir çox dəyərli fikirləri bu gün də əhəmiyyətini qorumaqdadır. Mövlananın “Məsnəvi”si haqqında yazır: “Mövlananın vücudu küllün iradə və ixtiyar sahibi hesab etməsini və “ölmədən əvvəl nəfsinizi öldürün” deməsi onun fəlsəfəsinin dar olduğunu göstərir. Mirzə Mövlanın “İnsan öldükdən sonra ruhunun “vücudu-küll” ilə birləşməsi” fikrini də qəbul etmir. Digər bir tərəfdən isə Mövlananın böyük sənətkar olduğunu, bədii təsvirlərinin gücünü, fitri ilham ilə dərin mənanın onun əsərlərində vəhdət təşkil etdiyini söyləyir. Mövlananın cənnət, cəhənnəm, qiyamət, peyğəmbərlik, imamlar haqqında fikirlərinin ateist bir filosof fikirləri olduğunu qeyd edir və Mövlananın ateist fikirlərini bəyənir.
“Nəzm və nəsr haqqında” yazdığı məqalədə Firdovsi, Nizami, Sədi, Cami, Hafizdən bəhs edərkən bunların çox nadir yetişən sənətkarlar olduğunu etiraf edir. Ancaq bu şairlərin bircə qüsurunun olduğunu da vurğulayır: “Bu şairlərin qüsuru ondan ibarətdir ki, pul qarşılığında reallığa uyğun olmayan şeir yazmağa adət ediblər. Belə olduqda onların yazdığına şeir demək olmaz.” (“Əsərləri” 2-ci cild, s. 221). Buradan məlum olur ki, kəskin realist olan Mirzə Fətəli sənətdə xəyali mübaliğəni, yəni həyat və təbiətdə olmayan şeyləri təsvir etməyi qəbul etmir. Bununla yanaşı sənətdə bədii ifadənin güclü olmasının tərəfdarıdır. Yəni, quru realizmin də tərəfdarı deyil. “Fihristi-kitab” əsərində dram haqqında yazır: “Əksər vaxt bəyənilməyən vəz ilə oxunan zikr olunan müsibətdən nəticə çıxarılmaz, lakin həmin müsibət səhnə şəklində göstərildikdə daha təsirli olur.” (“Əsərləri” 2-ci cild, s. 135).
Mövlanadan danışarkən yalnız onun haqqında yox, ümumi Şərq poeziyasından bəhs edərək şeirdə panteizm düşüncələrini qəbul etmədiyini bildirir. Bu mövzuda alman filosofu Hegel kimi fikirləşir. Hegel “Estetika” adlı əsərində sənətdə panteizm izlərindən bəhs edərkən yazır: “Hər şeydə mütləq həqiqət axtaran və hər şeydə vahid ilahiliyə susayan panteist şair qarşısındakı obyektivdən və eyni zamanda öz “mənindən” uzaqlaşır, öz mənliyini unudaraq onun yerinə “mənin” genişliyini qoyur. Beləcə panteist şair özünü bütünlüklə əbədiliyə, mütləq ilahiliyə qatır, özü də onun içində əriyib gedir. Bu cür sənətkarlar öz qabiliyyətindən uzaqlaşmasını və hər şeydə ilahiliyin surətini və iştirakını hiss edirlər. Panteist şairdə ilahiliyə sonsuz meyl ilə dolu hisslər ilahiliyi mistisizmin sərhədlərinə gətirir. (“Azərbaycan ədəbiyyatı tarixi” 2-ci cild, s. 278; Hegel “Сочинения” T. XII, s. 376-377, 1938 Moskva ).
Hegelin panteizm haqqında fikirlərini oxuduqdan sonra Mirzə Fətəlinin sənətdə panteizm ilə barışmaması fikrini daha yaxşı anlamaq olur. Mirzə Fətəlinin əsərlərini oxuduqca, onun quru realist olmadığını, sənətdə mücərrədliyə, əfsanələrə yer ayırmadığını müşahidə edirik. Çünki həyat əfsanələrdən ibarət deyil, həqiqətlər, həm də sərt və acı həqiqətlər toplusudur. Mövzusunu həyatdan götürməyən sənət təməli olmayan, sütunsuz dam qurmağa bənzəyir. Mirzə bədiiliyi bütün əsərlər və janrlar üçün vacib hesab edirdi. (“Azərbaycan ədəbiyyatı tarixi” s. 278). Şekspirin əsərlərində bədii təsvirlərin qüvvətli olduğuna heyran olan Mirzə yazır: “İngilis millətinin içindən bir neçə yüz il bundan əvvəl mütərəqqi şair peyda oldu. Şekspir adlı bu şair ingilis xalqının müsibət və çətinliklərini nəzmə çevirdi.
Sənətdə yalnız həqiqət gözəldir. Cəmiyyətdə sənətkarların da öhdəsinə vəzifələr düşür. Bu vəzifə ilk olaraq “İnsan əxlaqını gözəlləşdirmək və oxucuların, dinləyicilərin ibrət almasına şərait yaratmaqdır.” “Həqiqi sənət insanın ictimai fəaliyyətindən yaranmalıdır. Təmiz əxlaq, mərdlik, qəhrəmanlıq, cəmiyyətdə düzgün qayda-qanunun yaradılmasına sənətkar kömək etməlidir.” “Kəmalüddövlə məktubları” əsərində sənətin tərbiyə baxımından cəmiyyətdəki roluna işarə etdikdən sonra şəriətçilərin “nəğmə çalıb-oxumaq haramdır, nəğmə dinləmək haramdır, teatr qurmaq, teatra getmək haramdır, rəqs etmək, caz çalmaq, caz dinləmək haram-dır, rəsm çəkmək haramdır, evdə heykəlin olması haramdır, şahmat və nərd oynamaq haramdır. Bu cür şeylər zahirən kiçik görünsə də, bilmirsiniz ki, əslində zehnə işıq gətirir, düşüncələri genişləndirir.” (“Əsərləri”, 2-ci cild, s. 45) deyərək gerifikirli zümrəyə özünə yaraşan formada tərbiyə verir. Mirzə Fətəli “sənətdə fikrin olması şərtdir” deyir. Yalnız ilham və istedad kifayət etmir, sənətçinin fikir və duyğularını açıq göstərmək lazımdır. Zaman fikirləri açıq şəkildə ifadə etməyə uyğun deyilsə, fikir simvolik təsvirlərlə göstərilməlidir. O, yaşadığı dövrü və Çar Rusiyasının zülmünü və senzuranı nəzərdə tuturdu. Həm də dövrün şəriətçi-köhnə fikirli təəssübünü də bura aid edirdi. Bu səbəbdən də “qorxulu əsrlərdə” yaşayan şairlər öz şeirlərində fikirləri gizli formada ifadə edirlər. Bu isə sənətkarlıq istedadadır. Şeyxülislama yazdığı bir məktubda söz gəlişi Mövlananı misal göstərərək deyir: “Mollayı-Rumini sizə tanıtmaq üçün mən üç məsəl kitabını türk dilində nəzmə çevirib sizə göndərdim. Amma onun kimi əsl məğzi gizlədə bilmədim. Molla Rumi məğzi mətləbi gizlətməkdə əsl üstaddır.” (“Əsərləri” 2-ci cild, s. 219). Mövlananın ateist ruhlu şeirlərini, bu şeirlərdəki əsl mənanın gizli şəkildə təsvirini bəyənir və onu tayı-bərabəri olmayan ustad deyə qiymətləndirir. Qısacası belədir: “Sənətkar əsərində gizli və ya aşkar şəkildə fikirlərini ortaya qoymalıdır, fikirsiz ədəbi əsər olmaz. Cənubi Azərbaycan dramaturqu Mirzə ağaya yazdığı məktubda İranın təqib və zülmlərindən xilas olmaq üçün siyasi fikirlərini gizli formada əks etdirməsini tövsiyə edir.
Mirzə Fətəli yuxarıda qısaca saydığımız qaydalarla kifayətlənmir. Şeir formaca gözəl, məzmunca təsirli və həyəcanverici olmalıdır. “Şeir gərək lamahale ziyadə ləzzətə və hüzündə və fərahda ziyadə təsirə bais olmalıdır. Əgər olmazsa sadə nəzmdir.” (“Əsərləri” 2-ci cild, s. 220). Həqiqi şair, insan ruhunun dərinliklərinə enməli, oradan real düşüncəyə, fəlsəfi fikrin, filosofanə xəyal və ilhamın (Mirzə Fətəlinin fikrincə) zirvələrinə yüksəlməli, öz oxucularını da yüksəklərə doğru qaldırmağı bacarmalıdır. (“Azərbaycan ədəbiyyatı tarixi” s. 281). Belə olmadıqda şeir bədii əsər hesab edilməz. Onu yazan da şair olmaz. Bu fikirlərini Mirzə bu tərzdə açıqlayır: “…Və hər kəs bilmir ki, poeziya necə olmalıdır və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn edir ki, poeziya bir neçə taraqqa-turuqqu sözləri bir vəzndə bir araya düzüb, sonuna qafiyə verməkdən və sevgilini olmadığı simada tərif və baharı və xəzanı qeyri-təbii şəkildə təşbehlə vəsf etməkdən ibarətdir. Necəki Tehranın mütəhhərrir şairlərindən olan Qani təxəllüslü bir şairin divanı bu tip cəfəngiyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmun gərək ola, yəni poeziya gərək hekayətə və şikayətə şamil ola.” (“Əsərləri” 2-ci cild, s. 17-18 ). Sənətdə yalnız xalqın səadəti üçün hünər göstərən adamlar mədh edilə bilər. Mənsub olduğu Azərbaycan xalqının və Şərqin maarif cəhətdən Qərb səviyyəsinə yüksəltməyi özünə vəzifə edən Mirzə Fətəli bu işə yaramayan şeirlər, ədiblər və ziyalılar haqqında heç bir fikrə sahib deyil.
Bu cür fikirlərlə Mirzə Fətəli Füzulini də tənqid etmişdir. Son dövr Azərbaycan ədəbiyyatı tənqidçiləri Mirzə Fətəlinin Füzulini tənqid etməsini, onun ədəbi fəaliyyətinin ilk dövrlərində araşdırması ilə izah etməyə çalışırlar.
“Kəmalüddövlə məktubları”nın bir yerində Mirzə Fətəli qədim yunan şairi Homerdən belə bəhs edir: “Yunan millətinin içində qədim əsrlərdə bir şair var idi ki, adına Homer deyirdilər. Yunan millətinin qədim əsrlərdə başına gələn müharibələrini, pəhləvanların mübarizəsini və hünərlərini Firdovsi kimi nəzmə tökmüşdür. Beləki, bu vaxta qədər bir kəs onun şeirlərinə nəsr deyə bilməz.” (“Əsərləri” 2-ci cild, s. 18).
Şərq və Qərb klassikləri haqqında XIX əsrin ikinci yarısında bu qədər səlahiyyətlə, dərin və geniş elmi şəkildə fikir yürüdən Mirzə Fətəli kimi böyük alim, tənqidçi, dramaturq ilə Azərbaycan xalqı nə qədər qürur duysa azdır. Mirzə Fətəli şeir, dram, komediya və ədəbi dil və başqa şeylər haqqında fikir yürütməyə davam edir. “İki şey şeirin əsas şərtlərindəndir, məzmun və ifadə gözəlliyi. Məzmun gözəlliyi olub ifadə gözəlliyinə malik olmayan bir nəzm nəzm kimi qəbul oluna bilər, lakin şeir kimi nöqsanları var.” (“Əsərləri” 2-ci cild, s. 170). Bundan sonra Mirzə məzmunun müasir həyatın irəli sürdüyü fikirləri, tələbləri, məqsədləri və yeni insan tipini nəzərə almağı tələb edir. Beləcə, Mirzə Fətəli sənətdə mövzu və formanın vəhdətini özünəməxsus şəkildə araşdırır.
Mirzə Fətəli ədəbi növlərdən bəhs edərkən “Bu gün millət üçün faydalı və oxucuların zövqünü oxşayan əsərlər dram və romandır” deyir. Eyni ilə XVIII əsrdə feodalizm ilə mübarizə üçün teatr “yeganə kafedradır” deyən Lessinq kimi o da Cənubi Azərbaycandan olan Mirzə ağanın pyesləri haqqında təbrik məktubunda bu fikrə toxunur. Mirzə Fətəli tənqidi satiranın xalqın həyat və məişətində oynadığı rolu əhəmiyyətli hesab edir. Mirzə Yusif xana yazdığı məktubda satiranın əhəmiyyətindən bəhs edir və deyir: “Siz Volter və Aleksandr Düma, Koldikok kimi yazıçıların romanlarından və bədii əsərlərindən bu ölkələrin Bokl və Renan kimi digər filosoflarının əsərlərindən xəbərdar olmalısınız…” (“Əsərləri” 3-cü cild, s. 156).
Beləcə, Mirzə Fətəli geri qalmış feodal toplumu və onun eybəcərliklərini səhnəyə gətirir və gülüş hədəfinə çevirirdi. Bununla da komediya janrının əsası qoyulub, yayılmağa başlayır.
Mirzə Fətəlinin ədəbi dil haqqında fikirləri
Mirzə dil haqqındakı fikirlərini “Suavi əfəndinin əqidəsinə qarşı kritika” adlı məqaləsində toplamışdır. Bu məqaləsində ərəb dilinin fars və türk dillərinə təsirindən danışır: “…Bizə qalib gələn, dillərini bizə zorla qəbul etdirən ərəblər məcbur edirdilər ki, öz ana dilimizdə yazılan əsərlərdəki mənanı dərk etmək üçün ərəb dilinin qayda-qanunundan az-çox baş çıxaraq. Belə isə biz fars dilində yazılmış əsərlərin məzmununu anlamaq üçün iki dil, türkcə yazılmış əsərlərin məzmununu anlamaq üçün isə üç dil bilməliyik.” (Əsərləri, 3-cü cild, s. 122). Mirzə bu durumdan çıxış yolu olaraq bunları təklif edirdi: “Azərbaycan dilinin ruhunu, əsas xüsusiyyətlərini, cümlələrin, ifadələrin quruluşunu, fellərin və sözlərin müxtəlif hala düşməsini və s. öyrənmək, Azərbaycan dilinin tələffüzü ilə tamamilə zidd olan və əslində fars və türk dilləri orfoqrafiyasında mövcud olan qaydalardan kənara çıxmaq, Azərbaycan dilinə məxsus əlamətləri, vurğunu və s. əsas qəbul etmək lazım gəldiyini dönə-dönə vurğulayırdı. Mirzə Fətəli türk dilində qarşılığı olmayan ərəb və fars mənşəli sözlərin ləğvinin tərəfdarı deyildi: “Biz hal-hazırda müxtəlif elmləri öyrənmək və məqsədimizə çatmaq üçün bizə kömək olacaq saysız-hesabsız kəlmələri və terminləri öyrənməliyik. Bu kəlmə və terminləri ona görə istifadə etməliyik ki, onların dilimizdə qarşılıqları yoxdur.” (3-cü cild, s. 23) Bu prinsiplərlə Mirzə ədəbi dilin necə formalaşmasından bəhs edirdi. Ədəbi dil yüksək üslub və dəbdəbəli sözlərdən qacınaraq “əsas sözün mənasıdır” şüarı ilə xalqın işlətdiyi sadə dil üzərində qurulmalıdır. Bundan sonra Mirzə Fətəli hər ədəbi janrın özünəməxsus dili olduğunu qeyd edir. “Şeir dili nəsrdən, komediyanın dili dram dilindən ayrı olmalıdır” deyir.
Mirzə Fətəli Axundzadə Azərbaycan mədəniyyəti və ədəbiyyatının böyük sütunlarından biridir. Bu böyük mütəfəkkir feodal sistemli geri qalmış cəmiyyətin sözün əsl mənasında Qərb cəmiyyəti səviyyəsinə yüksəlməsi üçün yaşadığı dövrdə nə etmək lazımdırsa, hamısını etmişdi. Azərbaycan türk cəmiyyətini bir millət olmağa sürükləmişdir. Bu kitab Mirzə Fətəlini bütün istiqamətlərdə dərindən və geniş şəkildə araşdırmaq üçün çox kiçikdir. Onun haqqında hələ çox kitablar yazılacaq və fəaliyyətinin gizli qalan tərəfləri də işıqlandırılacaq.
HACI SEYİD ƏZİM ŞİRVANİ
Azərbaycanın yeniləşmə dövrünün dahi şəxsiyyətlərindən biri də Hacı Seyid Əzim Şirvanidir. Müstəmləkə millət və dövlət içindəki böyük şəxsiyyətlərini dünyaya tanıda bilmir. Müstəmləkə xalqın daxilində yetişən şəxsiyyətlər nəinki dünyada, eyni tarix, eyni mədəniyyət və hətta eyni alın yazısına malik qonşu Türkiyədə də tanınmırdılar. Türkiyədə tanınmayan bəxtsiz dahilərdən biri də Seyid Əzimdir. Seyid Əzim Azərbaycanın inkişafında və islahat tarixində tutduğu mövqeyə görə ən qüvvətli şəxsiyyətlərdən biridir.
9 iyul 1835-ci ildə Şamaxıda ruhani ailəsində doğulmuşdu. Kiçik yaşlarından hər kəs tərəfindən hörmət edilən atası Seyid Məhəmmədi itirmişdi. Ana babası Molla Hüseynin himayəsində böyümüşdür. Molla Hüseyn Dağıstanda müəllimlik edirdi. Seyid Əzimi yanına gətirdikdən sonra ona ərəb və fars dillərini öyrətmişdir. Seyid Əzim 10 il Dağıstanda ana babasının yanında yaşamışdır. Babası onu ruhani kimi yetişdirmək istəyirdi. Bu səbəblə Seyid Əzim ali ruhani təhsili almaq məqsədi ilə 1856-cı ildə İraqa getmiş, ilk olaraq Nəcəfdə, daha sonra isə Bağdadda dini mədrəsədə oxumuşdur. Daha sonra isə Suriyaya gedib Şamda təhsilini davam etdirmişdr. Bir müddət də “Camii” və Əzhər”də oxuyub təhsilini tamamladıqdan sonra doğma yurduna-Şamaxıya geri qayıtmışdır. Qərbdə islahatçı hərəkatın nümayəndələri kilsə mənsubları içindən çıxırdılar. Jan Qus və Lüter bu şəxslər arasında öndə gedən adlardır. Avropa tarixində orijinal olan bu cərəyanın Azərbaycana da öz təsirini göstərdiyini güvənlə söyləyə bilərik. Osmanlı imperiyasının ən qatı mövhumatçı dini mərkəzlərində yetişən Seyid Əzim Şirvana qayıtdıqdan sonra heç də ruhaniliyə maraq göstərməmişdir. Kəskin mövhumatçı olması gözlənilən Seyid Əzim əksinə ruhaniliyə, qatı dindarlığa qarşı çıxmışdır. Həmin dövrə qədər mövcud olmuş fanatik quruluşu, düşüncələri tənqid etmişdir.
Seyid Əzimin inqilabçı kimi davranışları Şirvanda öz çevrəsində böyük təsir yaratmışdı. Mövhumatçı qrup köhnə mənbələrə yönələrək Seyid Əzimin etibarını yox etməyə çalışırdılar. Bu vəziyyəti Seyid Əzim “Nazimin ifadəsi” şeirində gözəl formada təsvir etmişdir:
Eylədim arifanə kəsbi-ülum,
Gah Bağdad məskənim, gah Rum,
Eylədim Misrü Şamdə məva,
Gah yerim Jəsrib oldu, gah Bətha.
Oxudum nəhvü sərfü fiqhü üsul,
Hikmətü heyət eylədim məhsul.
Ta ki, müstəcmii-ülum oldum,
Eylədim ta ki, hər büsatə güzər,
Məni gördükdə xəlq söylədilər:
Budu gəldi səfahətin kani,
Hacı Seyyid Əzim Şirvani!
Azərbaycanın dahi islahatçısı cahil və mövhumatçı xalqın hücumlarından qorxan deyildi təbii ki. Əzmkar Seyid Əzim ağlı, düşüncəsi, millətə olan sevgisi, dərin və səmimi inancı ilə mübarizəyə davam edirdi.
1869-cu ildə Azərbaycan tarixində ilk qərb üsullu məktəb Şamaxıda, Seyid Əzim tərəfindən açılmışdı. Osmanlı terminalogiyasında bu məktəblərə ”Üsuli-cədid” yəni, yeni üsullu məktəblər deyilirdi. Seyid Əzimin öz təşəbbüsü ilə açdığı bu məktəbdə türk, fars, ərəb dilləri ilə yanaşı tarix, coğrafiya, hesab dərsləri də öyrədilirdi. Azərbaycanın dahi satirik şairi Sabir və məşhur dramaturq Sultan Məcid Qənizadə bu məktəbdə yetişmişdir. Həmin bu məktəb 20 il fəaliyyət göstərmiş və yeniləşmə dövrünün əsas qurucularından biri olmuşdur. Seyid Əzim həm öz məktəbi, həm də ruslar tərəfindən açılan rus dilli məktəblər üçün “Türk dili” dərs kitabı yazmışdır. Nəşr etmək üçün maarif idarəsinə müraciət etsə də, kitabın nəşrinə maarif nazirliyi tərəfindən icazə verilməmişdir. Həmin bu kitab didaktik, pedaqoji və ədəbi mövzuları özündə cəm edən bir kitabdır. Bu kitabın Seyid Əzim tərəfindən yazılmış əl yazı nüsxəsi hələ də qalmaqdadır. Şair, müəllim, islahatçı Seyid Əzim öz məktəbində müəllimlik eləməklə yanaşı digər məktəblərdə də fars və türk dillərini, din dərslərini tədris edirdi. Bu da şair üçün heç də asan olmamışdır. Seyid Əzim islahatçı olduğu üçün həm Çar Rusiyası məmurlarının, həm də mühitin mövhumatçıları tərəfindən qəbul edilmir, tənqid olunurdu. İlk dəfə 1874-cü ildə, ikinci dəfə 1877-cü ildə vəzifədən azad edilmişdi. Mübariz, fikrindən dönməyən şair əzimkarlıq göstərərək Tiflisə gedir. Qafqazın ümumi maarif məmuru ilə görüşür və günahsız olduğunu isbat edərək əvvəlki vəzifəsinə geri qayıtmağı bacarır.
Geri qayıdarkən yolu Gəncədən keçən Seyid Əzim Azərbaycanın böyük şairi Nizami Gəncəvinin türbəsini ziyarət edir. Nizaminin türbəsini viran vəziyyətdə görən şair sarsılır, daxilində əzginlik hiss edir və elə orada bu beyti yazır:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü – ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan.
Seyid Əzim Şirvanda yaşayan bir tacirin köməkliyi ilə həcc ziyarətinə gedir. Həmin səfər zamanı Ərəbistanın böyük şəhərlərini gəzib dolaşır. Geri qayıdarkən Qahirəyə gəlir və burada o dövrün ərəb şairləri ilə görüşmək fürsəti əldə edir. Bu seçilmiş alim və şairlərin Seyid Əzimə böyük təsiri olur. Vətənə qayıtdıqdan sonra Şamaxıda şair dostu Məhəmməd Səfanın evində təşkil etdiyi “Beytüs-səfa” (Səfa evi) adlandırılan ədəbi yığıncaqlara rəhbərlik edir. Qarabağda qurulan “Məclisi-fəramuşan” (unudulmuşlar məclisi) üzvləri ilə, daha çox Abdulla bəy Asi ilə və Bakıdakı “Məcməüş-şüara” ədəbi məclisinin üzvlərindən Əbdülxaliq Yusif, Lənkəranlı Mirzə İsmayıl Qasir, Şəkili İsmayıl bəy Nakam, Dərbəndli Mirzə Məhəmməd, Gəncəli Mirzə Mehdi Naci ilə məktublaşır, əlaqə yaradırdı. Adı çəkilən şairlərin yaradıcılığına Seyid Əzimin böyük təsiri olmuşdur. Bu ədəbi dərnək üzvlərinin hər birinin Azərbaycanın bir bölgəsindən olduğunu nəzərə alsaq görərik ki, Seyid Əzim Azərbaycan düşüncə tərzinin, maarif və ədəbiyyatının dahi şəxsiyyətlərindən biridir.
Müasirləri ona “Səramədi dövran” deyirdilər. Bakı şairlərindən Mirzə Ağadadaş Müniri xatirələrində Seyid Əzimin savadından, hazırcavablığından danışırdı.
Azərbaycanın qərbləşmə tarixində Seyid Əzim ilə Həsən bəy Zərdabi kimi şəxsiyyətlərin olması xoş təsadüf idi. Seyid Əzim Həsən bəyin qurduğu “Əkinçi” qəzetində islahatçı ruhlu şeirlər yazaraq qəzetin yaradıcı ailəsinə qatılmış və səyləri ilə Həsən bəyə yaxından kömək etmişdir.
Həsən bəyə yazdığı məktubların birində deyir:
Ey Həsənbəy, müəllimi-dana!
Ey edən əhli-aləmi ehya!
Ey çatan aləmə səfa səndən,
Eyləyir Seyyid iltica səndən.
Ki, bu məktub kim, xəyalımdır,
Əhli-Qafqazə ərzi-halımdır;
Edəsən çap, ey gözüm nuri,
Ta ola ruzigar məşhuri.
Əslində bu məktub Seyid Əzimin Qafqaz müsəlmanlarına müraciətidir. Məktub belə başlayır:
Qafqaz müsəlmanlarına xitab:
Əssəlam ey əhali-i Qafqaz,
Ey rəisani vacibül-azaz,
Əssəlam ey guruhu xeyir əsər,
Millətin qeyrətini çəkən kəslər.
Kişidə olmasa əgər qeyrət,
Ondan əlbəttə yaxşıdır, avret.
Dad u fəryad ey guruh-u əzam,
Oldu zayi bu milləti islam,
Günü-gündən zəlilü xar oluruq,
Mihnəti qussəyə düçar oluruq,
Bu qədər dərd kim olur hadis
Ona bi-elmlik olur bais.
Bir bəladır bu dərdi nadanı,
Ki onun elm olub dərmanı…
Bu uzun məktub “Əkinçi” qəzetində çap olunmuşdu. Yuxarıda qeyd etdiyimiz kiçik hissə Seyid Əzimin fikrini izah etməyə yetərlidir.
Seyid Əzim Azərbaycan türklərinə türk dilindən başqa da dil öyrənməyin vacibliyini qeyd edərək belə deyir:
Hahi rusi lisani, hahi firəng,
Bilir ani imam ya fərhəng,
Hər lisani ki bəs bilirmiş imam,
Sən də bilsən nə eyb ey bədnam…
Seyid Əzim müsəlma olmaqda məqsəd və məramının insan olmaq olduğunu bu beytdə gözəl ifadə edir:
Müsəlman ol, müsəlman ol,
Qərəz odur ki, insan ol…
Peyğəmbərimiz s.ə.s. yazdığı müraciətdə:
Eyleyüp şer`üvi (şeri) vesilei nan,
Bu şerir ü leinü bi-iman,
Vaktidir eylə çarə islamə,
Təzədən sal işi sərəncamə…
İslahatçı və mütərəqqi şair olan Seyid Əzim islam dininin mövhumatçılar tərəfindən məhv edilməsi ilə barışa bilmir, mübarizə aparırdı. İslam dininin həqiqətən icra edilməsini istəyir. Bu təlaşı Avropa inqilabçılarında da görmək mümkündür. İstər Jan Qus, istər Lüter və tərəfdarları xristianlığa yox, katolik kilsəsinə qarşı çıxırdılar əslində. Papaların və rahiblərin xristianlıq dinini öz məqsədləri uğrunda istifadə etmələrinə etiraz edirdilər. Avropa və Azərbaycandakı islahatlarda yaranan oxşarlıq təsadüfi deyil, hadisələrin eyniliyinin məhsuludur.
Mütərəqqi, humanist şair, müəllim, filosof Seyid Əzim əsla islamdan başqa haqq dininin olmadığını iddia etmir. O, dərin düşüncəyə malik tolerant insandır. Allaha xitab edərək yazdığı qəzəlində deyir:
Əgər ki, cümlə aləmdə yox nişanə sana,
Vəli salubdu könül mehri qaibanə sana,
Kimi harəm, kimi büthanədən səni istər,
Qılır həvəs hərə bir nevi aşıkanə sana…
Bu Allah yolunu bütxanədən də, beytülhatəmdən də (evin qadınlar yaşayan hissəsi) gedilə biləcəyinin ifadəsidir. Quranda İsa və Musa dinlərinin də haqdan gələn bir din olduğunun təsdiq olunduğuna inanır. Dini anlayış baxımından liberal davranır. “Əkinçi” qəzeti bağlandıqdan sonra Seyid Əzim əvvəl “Ziya”, sonra “Kəşkül” qəzetlərində xalqı doğru yola çəkmək məqsədi ilə şeirlərini nəşr etdirmişdir. Ömrünün sonuna qədər rifahlı həyatı olmayan şair zəhmətli, mübarizəli və sıxıntılı keçən həyatını belə ifadə edir:
Gərçi zahirdə fakirəmsə qanedir tabım,
Bu gedalıqda pəsənd eyləmirəm sultana,
Mən ki, enka kimi bir kafı qənaətdi yerim,
Neylirəm cıfe, bu mülkü-i haşəmu dünyanı,
Kişi namərd ətəyin tutmayıb ölmək xoşdu,
Çünki namərdə yox bezli əta imkanı.
Bu sifət məndə bu aləmdə zəlil olmaz idim,
Məndə olsaydı əgər malü menal imkanı,
Nə evim var, nə otağım, nə pulum, simuzərim,
Nə rübabım, nə kababım, nə meyi rümmani…
Bu şeir parçası əyilməyən bir başın, qorxmayan bir ürəyin, yolundan dönməyən bir iradənin və böyük, dərin inancın ifadəsidir. Maddi sıxıntılar çəkməsinə baxmayaraq, inqilabçı və mütərəqqi fikirlərindən, fəaliyyətindən əl çəkmir. 1888-ci il iyul ayının 1-də Seyid Əzim Şamaxıda dünyadan köçür. Nasih Şirvani onun ölümünü qəzəllərindən birində təsvir edir:
Qan ağla, gözüm, sərvəri dövran getdi,
Sərdəftəri-əhli-fəzlü ürfan getdi.
Əfsus o şairi ədibi kamil,
Əhbabın edib zar u pərişan getdi…
Şair Nasih Şirvani Seyid Əzimin dərin bilgiyə malik olduğuna işarə edərək qəzəlində mənalı təşbehlərdən istifadə edir:
Heyrətdəyəm, ey xak, necə sığdırdın
Ağuşuna, ta o bəhri-ümman getdi.
Qəzəlin sonunda müəllif Seyid Əzimin öldüyü tarixi əbcəd hesabı ilə qeyd edir:
Nasih dedi tarixi-vəfatın qəm ilə,
Səd heyf ola Seyyidi-Şirvan getdi.
Azərbaycan intibah tarixinin böyük Seyid Əzimi, əzmkar, mübariz şairi sağlığında ölməzliyini bu beytdə ifadə etmişdir:
Mövti-cismani ilə sanma mənim ölməyimi
Seyyida, ölmərəm aləmdə səsim var mənim.
Seyid Əzimin birinci cildi fars, ikinci cildi türk dilində olan iki böyük külliyyatı (şeir toplusu) var. Bu əsərlər 1892-ci ildə Təbrizdə daş basma üsulu ilə nəşr edilmişdi. 1896-cı ildə yenə Təbrizdə əsərin bir hissəsi, 1902-ci ildə də Bakıda bir hissəsi nəşr edilmişdir. Fars dilindəki külliyyatı 10 min beytdən ibarətdir. Türkcə və farsca qəzəllərinin sayı 1000-dən çoxdur. Bundan savayı, Türkiyə, Rusiya, İran və Azərbaycan şairlərindən örnəklər verən bir toplusu olduğu söylənilir. Eyni zamanda, “Xəlifə Əbubəkr”, “Həzrəti Əli”, “Kissəsül-Enbiya” adlı əsərlərinin də olduğu rəvayət edilir. Əsərlərindən məlum olur ki, dünya nemətlərinə düşkün olmayan və axirət vədlərinə inanmayan biridir. Həyata bağlılığı ilə xoşniyyətli olduğunu müəyyənləşdirmək mümkündür. İslam dinini həqiqi mənası ilə anlayan və səadəti yer üzərində axtaran filosofdur. Fanatizmə, qatı dindarlığa, mövhumatçılığa qarşı ömrü boyu mübarizə aparmışdır. Bununla yanaşı Seyid Əzim Şirvaninin ateizm düşüncəli şeirləri də var. Mövzudan kənara çıxmamaq üçün bunun səbəbini qeyd etməyəcəyik. Qısa olaraq deyə bilərik ki, Seyid Əzim fars və ərəb klassiklərini, eyni zamanda Şirazlı Hafizi, Xəyyamı və ərəblərdən Əbül-ula Əl Marini, İmrü-Ül Qeysi və başqalarını yaxşı öyrənmişdi. Bu səbəb və Azərbaycandakı mövhumatçılarla apardığı mübarizə onu ateizmə sürükləyə bilər. Bu tərzdəki şeirlərinə bir neçə nümunə verək:
Zahid çağırma Kəbəyə meyxanədən məni,
Yüz Kəbədən səfalıdır meyhanənin biri,
Min Həccdən şərafəti əfzun olur əgər,
Şama dolanuban pərvanənin biri.
Başqa bir nümunə:
Minayi-meyi aldım aba altına zahid,
Gəl tökmə bunun qanını kim AL-i Abadır,
Tökmə mey-i nabı yerə, ey zahidi gümrah,
Bu hun-i Xuda, huni Şehi-Kərbəladır…
Başqa bir beyt:
Könül, ta var əlində cam-i mey, sübhəşümar olma,
Riyayi-xəlqdir, billah, namaz əhlinə yar olma.
Yuxarıdakı nümunələrdən gördüyümüz kimi, Allahı çox gözəl, dini və əxlaqi mənada əks edən, peyğəmbərimizə dinin islahı üçün yalvaran şeirlərin yanında bu şeirlər əks bir cərəyan kimi görünür. Ancaq onun yaşadığı dövr, həmin dövrün geriliyi, üzərinə götürdüyü vəzifələrin ağırlığı və daha bir çox səbəblər sırasında ətrafın dözülməz anlayışsızlığı bu dahi şəxsi ziddiyyətli nöqtələrə apara bilərdi. Mövzunun bu yönünü daha çox araşdırmırıq.
Böyük şairin bədii yaradıcılığı və əsərlərin estetik gözəlliyi barədə danışmaq mövzumuzdan kənardır. Bunu əlbəttə ki, ədəbiyyat mütəxəssisləri araşdıracaqlar. Biz isə Seyid Əzim Şirvanini mütərəqqi şair və düşüncələri tərəfdən araşdırdıq. Ədəbi yaradıcılığına nümunə kimi aşağıdakı iki bəndli tərci-bəndi misal göstərək:
Söylədin eşq ilə zar ol, oldum,
Hicr ilə sinəfigar ol, oldum,
Nəzəri-xəlqdə zar ol, oldum,
Qəmü ənduhə düçar ol, oldum,
Zarü bisəbrü qərar ol, oldum,
Dedin: "əğyar ilə yar ol", oldum,
Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!
Ey səri-zülfüvə qurban Seyyid,
Oldu divaneyi-dövran Seyyid,
Olub əhvalı pərişan Seyyid,
Ki qalıb bisərü samanSeyyid,
Ağlayır hicrin ilə qan Seyyid,
Oldu torpaq ilə yeksan Seyyid.
Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.