Электронная библиотека » Hüseyn Baykara » » онлайн чтение - страница 12


  • Текст добавлен: 13 января 2023, 17:59


Автор книги: Hüseyn Baykara


Жанр: Документальная литература, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 12 (всего у книги 15 страниц)

Шрифт:
- 100% +

“Əkinçi” qəzetinin nə qədər çətinliklərlə çıxarıldığını qəzetin ikinci nömrəsində belə göstərirdi: “Bizim zəhmətimiz həddindən artıq çoxdur. Bir xəbəri özümüz yazırıq, özümüz səhvlərini düzəldirik, çapxanaya vermək zəhmətindən xilas olsaydıq çox xoşbəxt olardıq. Amma iş elə gətirib ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam nəşr edir. Onu çap edən, hərflərini düzən, səhvlərini düzəldən ayrı-ayrı adamlar olur. Amma bu işlərin hamısını gərək mən tək edəm. Hətta müsəlman şəhərində bir savadlı müsəlman yoxdur ki, qəzetə baxıb onun səhvlərini düzəltsin, ya hərflərini düzsün. Hərgah bu zəhmətlərdən artıq başqa zəhmət olmasa idi, bir yolla həll edərdik. Amma dərd budur: bizim elə zəhmətlərimiz var ki, digər jurnalistlərin ondan xəbəri yoxdur.

Əvvəla bu hürufat (hərflər) İstanbuldan alınıbdır. Bizim dildə bəzi hərflər artıq işlənir, məsələn: f, q, r. Ona görə o hərflər qəzetimizdə çatışmır. Bu səbəblə bir xəbəri yazan vaxt mətləbin məzmununu və digər hadisələri yoxlayırıq. Hətta həmin hərflər az işlənsin deyə, bəzi sözləri başqaları ilə əvəz edirik, əlbəttə belə olduğu halda xəbər biz istədiyimiz formada əks olunmur. Bizə məxsus çapxana da yoxdur. Qəzetimiz quberniya idarəsinin çapxanasında çap olunur. Təbii ki, özgələr bizim işimizə bizim qədər can yandırmırlar. Bu barədə olan yanlışlar bizim qüsurumuz deyil. Qəzetdəki qüsurları görənlər bizə gülürlər. Ancaq gülmək yox, ağlamaq lazımdır ki, biz müsəlmanların qəzet çap etməyə işçisi yoxdur.”

Hərflərin azlığı səbəbindən qəzet bir dəfəyə çap olunmurdu. Bir səhifə tərtib edilib çap olunduqdan sonra, hərflər silinir, yenidən düzülürdü. Bundan başqa, yazıçı tapmaq, senzuradan keçirmək və daha bir çox problemlər mövcud idi. Böyük islahatçı Həsən bəy Zərdabi o dövrdəki Azərbaycan cəmiyyətinin hər növ sosial məsələlərinə toxunur və qəzetdə yazırdı. Buna görə də çox sayda məktublarda həcvlər və təhqirlər göndərirdilər. Bütün bunlar Həsən bəyi ruhdan salmırdı və deyirdi ki: “Müsəlmanlar ictimai hadisələrlə maraqlanırlar. Bu cahil adamlar söyə-söyə haqqın harda olduğunu düşünəcəklər.”

Xalq adamı Həsən bəy çıxardığı qəzetin dilinin sadə olmasına xüsusi diqqət edirdi. Həqiqətən də o, həmin dövr üçün nə etmək mümkündürsə, hamısını etmişdir. Azərbaycan ədəbi dilinin təməlini atan Həsən bəy burda da uğur qazanaraq aydın və anlaşılan Azərbaycan türk dilini yaratmışdır. O bu haqda belə deyir: “İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti, mədəniyyəti olsun, onda ona dil verin. Türklər öz dillərini itiriblər. Sizin nə dediyinizi onlar anlamırlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin.” (Əkinçi, 3-cü il, №2-3). Farsca yazan mirzəyə, ərəb dilində danışan mollaya və rus dilində danışan çox az türk ziyalısına bundan daha açıq, bundan daha kəskin bir xitab olardı o dövrdə?…

Həsən bəyin qüvvətli tərəflərindən biri də mübariz və inqilabçı olmasıdır.

Xarici ölkələrdə indiyə qədər Həsən bəy Zərdabi haqqında aparılan nəşrlər çox əvvəlki illərə aiddir. Zərdabi “Əkinçi” qəzetini çıxardı, Mirzə Fətəlinin pyesini səhnələşdirdi. Zərdabi müqəddəs doğma yurdumuz Azərbaycana çox müqəddəs xidmətlər etmişdi. Zərdabi Azərbaycanın intibah tarixində istər şəxsiyyət və istər xidmətləri baxımından bir neçə cildlik əsərin müstəqil mövzusu ola biləcək qədər zəngin irsə sahibdir.

Həsən bəy “Əkinçi” qəzetində öndə gedən, qanacaqlı (anlayan), savadlı adamlara müraciət edərək yazırdı: “Dünya həmişə dövran edir, insan zamana uyğun davranışını da dəyişdirməlidir. Camaatı keçən dövrün qaydası ilə saxlamaq düzgün deyil. Onlar o yolu bizsiz də gedəcəklər, anlayan və öndə olan kəslərə məsləhətdir ki, bu yolu onlarla birlikdə getsinlər. O zamana kimi, onların da tərəqqi etmələrinə səbəb olsunlar. Gələcəkdə onlar da öndərə çevrilsinlər. (Əkinçi №1, s. 2). Vaxtı ilə Həsən bəyin babası Səlim bəy İran şahzadəsini qarşılayarkən ona: “Sən qadın kimi bəzənmək yerinə kəndləri gəz, xalqının ehtiyacını anla.” Necə cəsur və mərd şəkildə söyləmişdisə, Həsən bəy də eyni mərdlik və cəsarətlə qələmini tənqid etdiyi zümrələrə qarşı çevirirdi. “Əkinçi” qəzetindəki məqalələrin başlıqlarına baxaq: Qərb üsullu məktəblərin açılmasına qarşı çıxanlara belə bir başlıqla yazırdı: “Vaxtı gəlincə o cənablara ərzimiz olacaq…” şəkildə açıq və heç çəkinmədən təhdid edirdi. Xalqı elmdən uzaqlaşdırmağa dəvət edən mollalara: “Xalqın ipini 1229 il əllərində saxlamış şəxslər”– deyə xitab edirdi. Azərbaycanın o dövrdəki varlı, lakin vətənini sevməyən tacirlərini Zaqatalada yanğından zərər çəkənlərə kömək etmədikləri üçün tənqid edirdi: “…Həqiqət biz çox biqeyrət tayfayıq, xaricilər bizim müsəlman qardaşlarımıza bir xeyli kömək edirlər, biz bir qəpiyə heyfslənirik.”

“Əkinçi”nin 3. il 12. sayında azadlıq haqqında belə yazır: “Biz öz istəyimizlə bir-birimizə qul olmuşduq. Rəiyyət padşaha, arvad kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya qul deyilmi? Buna səbəb bizim ata-baba adətlərimizdir. Nə qədər belə olsa, biz inkişaf etməyəcəyik, edə bilməyəcəyik.” Bütün bunlar Həsən bəyin millətini inkişaf etdirmək üçün meydana nə qədər böyük inanc və cəsarətlə atıldığını göstərməyə yetər. Lakin Həsən bəy bununla kifayətlənmir. Aldığı maaşı “Əkinçi” qəzetinin çapına sərf edir. Qəzetin çıxarılması üçün həm mürəttib, həm müsəhhih (korrektor), həm də qəzet paylayıcısı kimi işləyirdi.

Osmanlı-rus müharibəsi xəbərlərini yazmağı rus senzurası qadağa edir. Bundan sonra oxucuların qəzetə marağı azalır. Hətta senzura o qədər şiddətlənir ki, 1877-ci ildə Moskvada sərçələri donduran soyuğun “Əkinçi” qəzetində yazılması qadağan edilir. Həsən bəy senzura qoyan şəxsdən: “Bu xəbəri yazmağın, nə eybi var?” deyə soruşur. Həmin şəxs isə cavabında: “Müsəlmanlar bu hadisəni, Allahın ruslara qəzəbi şəklində qiymətləndirə bilərlər.” deyir. Bu ərəfədə Qafqaz dağlıları üsyan etdilər. Çar ordusu bu üsyanı qanlı şəkildə yatırdı. Ləzgi, çərkəz və çeçenlərin başçılarını güllələdilər. Güllələnənlər arasında Həsən bəyin tələbələrindən də var idi. Bu hadisə, Osmanlı-rus müharibəsi və nəhayət, Həsən bəyin Rusiyanın daxilində türk tələbəsi olmayan başqa bir gimnaziyaya göndərilməsi, “Əkinçi”nin bağlanmasına səbəb olur.

Həsən bəy üçün Azərbaycandan ayrılmaq, özünün dediyi kimi, ölüm demək idi. Gimnaziya müəllimliyi vəzifəsindən imtina edərək kəndinə geri qayıdır. Bu böyük şəxsiyyət kəndində də eyni səylə çalışır. Bakıya təkrar geri qayıdaraq millət yolunda işlərinə davam etmək üçün on altı il münasib fürsət gözləyir. Həsən bəy hökumət dairələrində doğru-dürüst işlədiyinə görə, Çarlıq tərəfindən verilən qızıl “Anna” ordenini bir gün də olsa yaxasına taxmır. Hətta dövrün Qafqazdakı çar naibi, böyük komandir Bakıya gəldiyi zaman onu qarşılamamaq və ordeni yaxasına taxmamaq üçün xəstə olduğunu bəhanə edir və getmir.

Kənd həyatına çəkilən Həsən bəy bu dəfə də Zərdab kəndindəki şeyxlər, ağalar və xalqı soyan məmurlarla qarşılaşır və kəndlilərin haqqını qorumaq üçün mübarizə aparır. Zərər çəkmiş kəndlilər onun evinə gedir, ondan məsləhət alırdılar. Həsən bəy kəndlilərin hökumətə təqdim edəcəyi ərizələri pulsuz yazırdı. Pul vermək istəyənlərə isə bu pulla İsmayıl bəy Qaspıralının Krımda çıxardığı qəzetə abunə olmağı məsləhət görürdü. “Tərcüman” qəzetini alıb oxuduqdan sonra qəzeti kəndin mollasına verir və “Bunu minbərdən oxu və məsciddə camaata izah et” deyirdi. Bir ara Həsən bəy Ucar rayonuna gedərək məhkəmə vəkili kimi çalışmışdır. Həmin ərəfədə kəndlilərin torpağını almaq istəyən ağalar və hökumət adamları ilə toqquşmuşdu. Bu mübarizə haqqında məlumatı Nikoladzenin Tiflisdə çıxardığı “Obzor” qəzetindən əldə edirik. Çünki Həsən bəy kəndlilərin məruz qaldıqları haqsızlıqları yalnız vəkil kimi müdafiə etmir, həm də mətbuatda əks etdirir və ictimaiyyətə bildirir. Böyük jurnalistin mətbuata və xalq ictimaiyyətinə o dövrdə nə qədər əhəmiyyət verdiyi buradan aydın olur.

Həsən bəy bu ərəfədə iflic xəstəliyinə tutulur və müalicə üçün Bakıya gəlmək məcburiyyətində qalır. Bakıya bu dəfəki gəlişində “Əkinçi” qəzeti, yaratdığı cəmiyyət və müəllimlik fəaliyyəti ilə əkdiyi toxumların cücərdiyini və kök, budaq saldığını görür. Dəmirçi dostunun oğlunun məşhur bir həkim olduğunu görür, Bakıdakı tələbələrindən cəmiyyət adamları, pyes yazıçıları və müəllimlər yetişmişdir. Həmin vaxt Bakıda əvvəl Kuzmin, sonralar isə Sokolov tərəfindən “Kaspi” adlı rus dilində qəzet çıxarılırdı. Həsən bəy bu qəzetdə işləməyə başlayır. Peterburq qəzetlərinin redaktorları Həsən bəyin məqalələrinin öz qəzetlərində də çap edilməsini inadla tələb edirlər. Həsən bəy bütün gücünü qəzetdə və axşamlar seçilmiş olduğu Bakı Dumasında (Şəhər məclisi) çalışmağa sərf edir. Həsən bəy Dumaya seçildikdən sonra yoxsul məhəllələrdə yaşayanların haqlarını müdafiə edir, bu məhəllələrin təmizliyinə, işığına, zibillərin vaxtında daşınmasına diqqət yetirilməsini istəyir. Bu səmtlərdə məktəb və xəstəxana açılması fikrini irəli sürür. Bu səylərinə görə varlı təbəqə Həsən bəyə irad tutaraq: “Sənin başında tük, cibində pul yoxdu, bu nədir, kasıblar deyib bağırırsan?”. Həsən bəy Bakıda “Rus-tatar” məktəbi adı verilən məktəblərin sayının artması üçün çalışırdı. Onun Bakı Dumasında çalışdığı illərdə bu məktəblərin sayı üçdən on altıya qədər yüksəlmişdi. Həsən bəy həm də bu məktəblərdə türk dərs proqramlarının artırılmasına əhəmiyyət verirdi. Çünki bu məktəblərdə xalq arasından çıxan uşaqlar oxuyurdu. Kasıb və orta sinfin uşaqlarının oxuduğu məktəblər pulsuz idi. Lakin gimnaziyalar pullu idi və məktəblərdə varlı övladları təhsil alırdılar. Tiflisdə Politexnik ali məktəbi açılarkən Bakıdan pul istəyirlər. Həsən bəy şəhər məclisi iclasında əsəblə qışqıraraq deyir: “Şəhərin pulu varsa kasıbların məktəblərinə sərf edilməlidir. Politexnik isə varlıların balaları üçün açılır. Qoy ora Qukasovlar, Manteşevlər, Xatisovlar, Əsədullayevlər pul versinlər. Çünki orada baltaçı İvanın ya da qalayçı Əbdülün oğlanları oxumayacaq.” Burada qarşımızda bir də “insan” Həsən bəy dayanır. O, şəhər məclisində rus İvanın haqqını da qoruyarkən İvanın şəxsən türklərlə düşmənçiliyinin olmadığını bilir. Rus ancaq bir dövlət halında zalımdır, müstəmləkəçi və imperialistdir. O, bunu çox yaxşı bilirdi. Bakıda türk qoçular tərəfindən öldürülən erməni Lalalyevin dəfn mərasiminə gedir və türk-erməni savaşının Qafqazdakı çar məmurları tərəfindən qızışdırıldığını bildirir və hər iki millətin dərdlərini, problemlərini açıq şəkildə söyləyir, fitnəkarları ifşa edir.

Həsən bəy qadınların Azərbaycan türk cəmiyyətində öz dəyərli yerlərini tuta bilmələri üçün onların da oxumasının vacibliyinə inanırdı. Bu məqsədlə qız məktəbi açmaq üçün ərizə yazır və bu ərizə nəhayət çarın vəzirlər heyətinə gedib çatır. Bu məsələ sinodda77
  Sinod– kilsə təmsilçilərinin dini məsələləri müzakirə edib qərar vermək üçün toplanılan dini məclis


[Закрыть]
müzakirə edilərkən sinod prokuroru Pobedonostsevin “İslam yeddi başlı nəhəng əjdaha heykəlinə bənzəyir. Onun bir başını kəssən yerində yüzü çıxar. Biz onların kişilərinin oxumağından qorxuruq. Qadınları da oxusa onlara qarşı dayanmaq olmaz.” Bu səbəblə ərizəni rədd etmişdi. Lakin Həsən bəy belə şeylərdən qorxan, çəkinən birisi deyildi. O, yenidən ərizə yazdı və bu işi təqib etdi. Bu proses II Nikolayın tac qoyma mərasiminə qədər davam etdi. Tac qoyma gününü fürsət bilən Hacı Zeynalabdin Tağıyev sonunda hökumətdən qız məktəbi açmaq üçün icazə aldı. Bu məktəbin nizamnaməsini Həsən bəy hazırlayır, ziyalı həyat yoldaşı Hənifə xanım isə məktəbin müdirəsi vəzifəsini icra edir.

1902-ci ildə Şamaxıda zəlzələdən sonra Həsən bəy kömək aksiyasına başlayır və şəxsən özü Şamaxıya gedərək zərərçəkmişlərə kömək edir.

1906-1907-ci illərdə Həsən bəyin təşəbbüsü ilə Qafqazda müəllimlərin qurultayı toplanır. Qurultay hökumətə bir neçə istəklə müraciət edir. Təbii ki, rus hökuməti bu istəklərə qulaq asmır, üstəlik qurultayda iştirak edən müəllimləri işdən uzaqlaşdırır. Qurultayın isə əhəmiyyəti böyük olur. Türk müəllimlər hər şeydən əvvəl türk dilini öyrənməyə və tədrisin bu dildə olmasına əhəmiyyət verirdilər. Həsən bəy iflic olduğu üçün 1907-ci ildə toplanan qurultaya qatıla bilmir.

Həsən bəy Bakıda qurulan “Nəşri maarif” cəmiyyətində aktiv iştirak edir. İflic olmasına və danışa bilməməsinə baxmayaraq qəzet redaktorluğuna davam edir. Bir dəfə yolda Üzeyir bəy Hacıbəyli ilə rastlaşır. Ona işarət dili ilə Türk xalq rəvayətləri əsasında bir opera yazmasını xahiş edir. Rəvayət edirlər ki, Üzeyir bəy “Leyli və Məcnun” operasını bundan sonra yazır.

Yorulmaq bilməyən dahi şəxsiyyət Həsən bəy xəstə halı ilə Duma şəhər məclisinin toplantılarına davam edir. Hətta yeni seçkilər zamanı xəstə halı ilə yenidən seçilmək üçün öz adına da qutu qoymuşdu. Zərdab kəndində zəhərli ilanların çoxaldığı xəbərini eşidərkən Amerikadan serum gətizdirmək fikrinə düşür. Səhəri gün Həsən bəy həyat yoldaşına “Yorğunam, yatmaq istəyirəm” deyir və yatağa uzanır. Bu onun dünyadakı son yuxusu olur və əbədi yuxuya dalır. 28 noyabr 1907-ci ildə Həsən bəy dünyadan köçür.

Həsən bəyin vəfat etdiyi ildə Bakıda “Həyat”, “İrşad” və “Təzə həyat” kimi gündəlik qəzetlər, “Füyuzat”, “Rəhbər”, və “Debistan” kimi həftəlik ədəbi jurnallar, Bakıda “Bəhlul” və Tiflisdə “Molla Nəsrəddin” kimi satirik jurnallar çap olunurdu.

“Həyat” qəzetində Həsən bəy yazıçı kimi iştirak etmiş və xatirələrini yazmışdır. Yuxarıda adları göstərilən Azərbaycan mətbuatı ətrafında Azərbaycanın Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Mirzə Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Nəcəf bəy Vəzirli, Haşim Vəzirli, Əbdürrəhim bəy Haqverdiyev, Əliskəndər Cəfərzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir Tahirzadə, Məhəmməd Hadi Əbdülsalamzadə, Abbas Səhhət, Üzeyir Hacıbəyli, Məmməd Əmin Rəsulzadə kimi yazıçılar yetişmişdi. Hansı istiqamətdə araşdırsaq da Həsən bəyin “Böyük adam” olduğu ortaya çıxır. O, özü yetişdirdiyi Azərbaycan ziyalı təbəqəsinin çiyinləri üzərində əbədi yola çıxmış çox az yetişən millət xadimlərindən biridir. O bezmədən, qorxmadan, yorulmadan çalışaraq, mübarizə apararaq millət üçün çox dahinin edə biləcəyindən daha çox işlər görmüşdür. Məzarı üstündə nitq söyləyən bir natiq “Həsən bəy Bakıya ac gəldi, ac getdi” demişdir. Həsən bəy çox böyük mənəvi sərvət yaratdı, maddiyyata əhəmiyyət vermədi. Həmin dövrdə heç kim bu cür izdihamlı şəkildə dəfn edilməmişdi. Onun tabutu ətrafında Bakıdakı bütün millətlərin üzvləri yığılmışdılar. Onun cənazəsi şəhər dumasının qarşısında, Kaspi qəzetinin idarəsinin qarşısında və ən son evinin qarşısında yerə qoyularaq nitqlər söylənmiş, böyük şəxsiyyətin xidmətlərindən bəhs edilmişdi. Şəhər dumasının qərarı ilə onun təşəbbüsü ilə açılan məktəblərdən birinə adı verilmişdir. Bakıdakı ictimai təşkilat üzvlərinin, tələbələrin, müəllimlərin, yazıçıların, fikir adamlarının çiyinlərində daşınan tabut aparılan zaman Bakı matəmə bürünmüş, bazarlar bağlanmışdır. Şəhərdəki Qasım bəy məscidində namazı qılınmışdır. Nitq söyləyən natiqlər arasında Bakıda çıxarılan üç gündəlik qəzetin baş yazarları da yer alırdı.

Həyatda çarpışdığı ideyaların həyata keçdiyini sağlığında görən Azərbaycanın böyük mürşidi Həsən bəy üçün bütün Azərbaycan ağlayırdı. Çünki o, Azərbaycanın ilk pedaqoqu, ilk jurnalisti, ilk mətbəə işçisi, ilk mürəttibi, ilk teatr qurucusu, ilk cəmiyyət yaradanı, ilk yazıçısı, bir sözlə, həmin dövrdə Qərb üslublu hər şeyin Azərbaycanda qurucusu idi. (“Azərbaycan mətbuatının əlli illiyi” Əkinçi, Kommunist qəzeti nəşri. Bakı 1926).

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ

Zərdabidən sonra Azərbaycanın ikinci böyük islahatçısı Mirzə Fətəli Axundzadə olmuşdur. Bu böyük şəxsiyyətin fəaliyyəti Azərbaycan sərhədlərini aşdığı üçün o şərq intibahçısı hesab oluna bilər. Mirzə Fətəli 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı Hacı Əhməd oğludur. Atası vaxtilə Təbriz yaxınlığındakı Xamnə kəndinin kəndxudası olmuşdur. Bu işdən çıxdıqdan sonra 1811-ci ildə ticarət məqsədi ilə Nuxa şəhərinə gəlib məskunlaşmışdı. Burada dövrün məşhur axundu Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdi. Bu evlilikdən Mirzə Fətəli doğulmuşdu. Mirzə Fətəli doğulduqdan 2 il sonra Şəki vilayətinin hakimi Cəfərqulu olmuşdu. Cəfərqulu xan Şəkidə yaşayan kasıb və kimsəsizləri himayə edib qoruyurdu. Bu himayədən məhrum olan Şəkinin ucqar kənd əhalisi Şəkini tərk etmək məcburiyyətində qaldı. Həmin ərəfədə Mirzə Fətəlinin atası da ailəsi ilə birlikdə yenə Təbrizə, Xamnə kəndinə qayıdır. Mirzə Fətəlinin atası Mirzə Məhəmmədtağının Xamnə kəndində ikinci arvadı var imiş. Mirzə Fətəlinin anası ərinin ikinci arvadı ilə yola getmədiyi üçün Xamnəyə gəldikdən 4 il sonra əmisi axund Hacı Ələsgərin yanına getmək istədiyini bildirmişdir. Anasının istəyi ilə Mirzə Fətəli anasının əmisi olan axundun yanına gəlmişdir. Həmin ərəfədə Hacı Əliəsgər axund Ərdəbildə yaşayan Şəki xanı Səlim xanın yanında müsahib vəzifəsində işləyirdi. Mirzə atasından ayrılmağını belə nağıl edir: “Atam anamın xahişini qəbul etdi və məni anamla əmisinin yanına göndərdi. O gündən sonra mən atamdan ayrıldım və daha sonra heç vaxt onu görmədim. Horand kəndində anamın əmisi ilə birlikdə yaşadım.”

Axund Hacı Əliəsgər bir il sonra Mirzə Fətəliyə Quranı oxumağı tam öyrədir. Onun təlim-tərbiyəsinə xüsusi diqqət göstərən axund sonradan ona ərəb və fars dillərini də öyrətməyə başlayır. Axund savadlı, elm adamı olduğu üçün həmin dövr üçün vacib olan ərəb və fars dillərini yaxşı bilırdi. O, Mirzə Fətəlini övladlığa götürmüş və təhsili ilə məşğul olurdu. Ətrafda Mirzə Fətəlini Hacı Əliəsgərin oğlu kimi tanıyırdılar. Iki il sonra Horant kəndindən Ənküt qışlağına köçdülər və Vəlibəyli obasında məskunlaşdılar. Həmin dövrdə Mustafa xan Şirvani Ənküt qışlağının Şəkərli adlanan ərazisində yaşayırdı. Mirzə Fətəli Mustafa xan Şirvani haqqında yazır: “Bu gözəl, xoş xasiyyət və nəcib xan mənim ikinci atam axund Hacı Əliəsgərə çox yaxşılıqlar etdi.” Buradan da aydın olur ki, Mirzə Fətəlinin “ikinci atam” adlandırdığı axund dövrün savadlı insanlarından idi və xanlar tərəfindən də sevilirdi. 1825-ci ildə axundun böyük qardaşı Məhəmməd Hüseyn Ənküt mahalına gəlmiş və qardaşı, Mirzə və anasını Şəkiyə aparmışdır. Yolları Gəncədən keçdiyi üçün bir il müddətində burda qalırlar. Bir il sonra Rus-İran müharibəsi başlayır. Abbas Mirzənin tabeliyindəki İran ordusu 1826-cı ildə Gəncə yaxınlığında rus qoşunu ilə toqquşur. Bu döyüşdə İran ordusu məğlub olur. Bütün gəncəlilər kimi axund Hacı Əliəsgər də bu müharibədə hər şeyini itirir. Mirzə bu hadisəni belə nağıl edir: “Bu müharibədə axund Hacı Əliəsgərin və ailəsinin başına çox müsibətlər gəldi. Bütün malı mülkü əlindən çıxdı. Gəncə qalası talan oldu, bütün camaat müflisləşdi. Burda olanları yazmağa kitab-dəftər yetməz.” Bundan sonra axund Şəkiyə qayıdır və Mirzənin təlim-tərbiyəsinə davam edir. Dağıstandan gələn ləzgi uşaqlarla birlikdə Fətəliyə də fars dilini öyrədir. 1833-cü ildə axund Həcc ziyarətinə getmək məqsədilə yola çıxır. Mirzəni isə Gəncəyə aparır və onu axund Molla Hüseyn adlı savadlı din adamının yanında şagird kimi qoyur. Mirzəyə fiqh və məntiq elmlərini öyrətməyi xahiş edir. Mirzə öz yazılarında bu hadisəni belə şərh edir: “Bu vaxta qədər mən ərəb və fars dillərini öyrənməkdən başqa heç nə bilmirdim. Dünyadan bixəbər idim.” Buradan aydın olur ki, Mirzə Gəncədə axund Molla Hüseyndən öyrəndiyi məntiq və fiqh elmindən faydalanmışdır. Mirzə Fətəlinin M. Ş. Vazehlə görüşü də bu dövrə aiddir. Axund atası Həcc ziyarətindən qayıtdıqdan sonra Mirzə yenə də Nuxaya qayıdır və ərəb dilində yazılmış Şeyx Bahaullahın “Xülasətül hesab” əsərini oxumağa başlayır. Həmin ərəfədə baş verən bir hadisə Mirzənin həyatını kökündən dəyişir və o molla kimi yetişmək fikrindən daşınır. Nuxa şəhərində rus məktəbi açılır və qatı dindar olmayan ikinci atası axundun da razılığı ilə bu məktəbə rus dilini öyrənmək məqsədi ilə daxil olur. Yaşı çox olduğu üçün məktəbin nizamnaməsinə əsasən burada bir il oxuyur və rus dilini öyrənir. Bir il sonra axund atası Mirzəni də özü ilə birlikdə Tiflisə aparır. Dövrün Qafqaz naibi olan Baron Rozinə ərizə təqdim edir. Ərizədə o, Mirzənin öz yanında tərcüməçi kimi qəbul edilməsi və rus dilini daha yaxşı öyrənməsi üçün köməkçi rus katibi təyin olunmasını xahiş edirdi. Baron Rozin açıq fikirli islam dininin nümayəndəsi olan axund Hacı Əliəsgərin istəklərini qəbul edir. Mirzə öz tərcümeyi-halında Baron Rozinin ona etdiyi yaxşılıqlardan bəhs edir və onu “mələk xüsusiyyətli məmur” adlandırır. Mirzənin bundan sonrakı həyatı beləcə davam edir. Rus dilini yaxşı öyrənən Mirzə qərb mədəniyyəti ilə tanış olur. Bundan sonra mənsub olduğu müsəlman xalqının əslində necə geri qaldığını başa düşür və xalqı mənəvi cəhətdən inkişaf etdirmək üçün yollar axtarır, səy göstərir.

Mirzə Fətəli Azərbaycanın əvvəlki islami həyat tərzinin dəyişdirilmədikcə inkişaf etməyəcəyini başa düşür. Qərb mədəniyyəti ilə yanaşı rus və qərb ədəbiyyatını da dərindən araşdıran Mirzə nəticə olaraq səhnə ədəbiyyatına meyl göstərmişdir. Özü bu haqda deyir: “Məndə yazıçılıq qabiliyyəti meydana gəlib.” Yeddi komediya yazan Mirzənin əsərləri o dövrün Qafqaz naibi general feldmarşal Knyaz Vorontsov tərəfindən də bəyənilmişdir. Rus dilinə tərcümə olunan bu əsərlər Tiflis və Peterburqda səhnələşdirilmişdir. Berlin və Peterburqdakı tənqidçilər bu əsərlər haqqında tənqidi fikirlər bildirmişdilər. Azərbaycan türkcəsində yazılan və indi də Azərbaycan səhnəsinin şah əsərlərindən hesab olunan bu komediyaların knyaz Vorontsov tərəfindən bəyənilməsinin əsl səbəbi o dövrdə Azərbaycan türkcəsinin inkişaf etməsi və həmin dövrə qədər ədəbi dil hesab olunan fars dilinin yerini öz dilimizə verməsi idi. Knyaz belə düşünürdü ki, beləcə İran nüfuzu yox olacaq. Hətta sözügedən dövrdə bəzi rus dilçiləri Azərbaycan türkcəsi qrammatikası adlı əsərlər də yazmışdılar.

Mirzə Fətəlinin açdığı bu cığır və Zərdabinin mətbuatda istifadə etdiyi sadə ədəbi Azərbaycan türkcəsi sayəsində rusların siyasi cəhətdən arzu etdikləri nəticə ortaya çıxmışdır. Ədəbi Azərbaycan türkcəsi canlılıq göstərərək fars dilini sıxışdırıb sıradan çıxarmışdır və həqiqətən də bundan sonra Azərbaycanda İranın nüfuzu məhv olmuşdur. Ancaq Azəri türk milliyətçiliyini doğurmağa kömək etmişdir. Sadə və təmiz Azərbaycan türkcəsi ilə “Əkinçi” və Mirzə Fətəlinin əsərlərini oxuyan xalq yenidən Nəsimi, Həbibi, Füzulinin dilinə geri qayıdır və Şah İsmayıl Xətai dövründəki Türk dili yenidən doğulurdu. Məmməd Əmin Rəsulzadə bu hadisə haqqında deyir: “Azərbaycan xalqının milliyyətlərini idrak etməsi ilə Rusiyanın şimalında yerləşən Finlandiya xalqı arasında oxşarlıq vardır. Finlər ərazilərini işğal edən isveçlilərdən yalnız din cəhətdən deyil, həm də mədəniyyət cəhətdən asılı idilər. Fin dilini kəndli dili kimi qəbul edən fin ziyalıları İsveç dilini öz dillərinə çevirmişdilər. Rusiya İmperiyası Finlandiyanı işğal etdikdən sonra onları İsveçdən ayırmaq üçün fin dilinin ədəbi dil kimi bərpası siyasətini irəli sürmüşdülər. Və beləcə özləri də bilmədən fin intibahına təsir etmişdilər. Qafqazı işğal etdikdən sonra da Şərqi Qafqazda İran nüfuzunu məhv etmək məqsədi ilə Azərbaycan türkcəsində yazı yazmağa təşviq etmişdilər.” (“Türk Yılı” 1927, Ankara, s.500)

Beləcə, Mirzə Fətəlinin ədəbi səyləri nəticəsində bir tərəfdən Azərbaycan türkcəsi ədəbi dilə çevrilir, digər tərəfdən isə şərqin çürük adət və inancları, geri qalmış həyat tərzi komediyalarda gülüş hədəfinə çevrilərək tənqid olunurdu. Hamı o dövrdə Mirzə Fətəlinin əsərlərindəki obrazlarda özünü görür və çatışmazlıqlarını anlayırdı. Mirzə komediyalarında qərb tərzində bir insan olmanın lazımlığını və cəmiyyətin sosial mənasını, ağanın istismarını, qadının hüquqsuzluğunu bütün tərəfləri ilə ədəbi düşüncəsinin dəqiqliyi və tənqid etmə bacarığı ilə səhnəyə gətirirdi.

Bu komediyalarda cahil mollaların xalqı aldatmasını, kişilərin birdən çox qadınla nikah bağlamasını, İran dövlət adamının acizlik və cahilliyini, təmiz bir kəndli qızının arzularını, xəsis tacirləri və onlara qarşı qadınların ağlı, düşüncəsi əks olunurdu. Mirzənin pyesləri bir çox xarici dillərə tərcümə də olunmuşdur. Mirzə yalnız Azərbaycan islahatçısı deyil, eyni zamanda şərqin islahatçısı hesab oluna bilər. İrəlidəki səylərini gördükdən sonra bu cəhəti aydın olacaqdır. Mirzənin pyesləri bunlardır:

1. Hekayəti Molla İbrahim-Xəlil Kimyagər (1850)

2. Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)

3. Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850)

4. Hekayəti Xırsi-Quldurbasan (1851)

5. Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)

6. Mürafiə vəkillərinin hekayəti (1855)

7. Aldanmış Kəvakib (Hekayəti-Yusif şah) (1857)

Mirzə Fətəli Azərbaycan və Şərq islam aləmi üçün Fransanın Molyeri, Rusiyanın Qoqoludur. Əsərləri fars, rus, alman, fransız, ingilis və hətta isveç dillərinə tərcümə olunsa da, çox təəssüf ki, Türkiyədə oxunmayıb. Bu böyük Şərq klassiki bir neçə səhifəlik materialda araşdırmaq qeyri-mümkündü. Mövzumuza uyğun olaraq qısa şəkildə əks etdirmək məcburiyyətindəyik. Mirzə Fətəlinin ədəbi və islahat səyləri bir neçə cild kitabda əks olunmalıdır.

Əvvəldə də qeyd etmişdik ki, Mirzə Fətəlinin bəzi əsərləri rus və alman dilinə tərcümə olunmuş, Tiflis, Peterburq və Berlində səhnələşdirilmişdir. Mirzənin Azərbaycan türkcəsində yazdığı pyeslər ancaq çox illər sonra Bakıda əsl türkcədə səhnələşdirilmişdir. Zərdabi haqqında olan hissədə Həsən bəyin tələbələri ilə birlikdə gimnaziya salonunda ilk dəfə Mirzənin pyesini səhnələşdirdiyini yazmışdıq. Bu hadisə barədə Həsən bəyin yazdıqlarına baxaq: “Mən Tiflisdə məmur kimi qulluq etdiyim dövrdə rəhmətlik Mirzə Fətəli Axundzadə öz komediya kitabının bir cildini mənə hədiyyə etmişdi. Gimnaziyada əlliyə qədər müsəlman şagirdlər var idi ki, onların otuzu axşam növbəsi oxuyurdu. Onlardan on-on beşi sonuncu sinifdə oxuyurdular. Bir neçə gün onları bir yerə toplayıb Mirzə Fətəli Axundovun komediyalarını onlar üçün oxudum. Xahiş etdim ki, komediyalardan birini seçib səhnələşdirsinlər. “Hacı Qara”nı seçdilər. Sonra rolları paylayıb, bayram günləri yığışıb öyrətdim. Daha sonra elanlar yazıb payladıq ki, filan gün filan yerdə müsəlman teatrı göstəriləcək. Teatrı oynayacaq şagirdlər hər biri özlərinə paltar tapdılar. Otaqların bəzəklərini özümüz hazırladıq. Gimnaziya otaqlarından ən böyüyündə teatrı oynadıq. Ilk teatrımıza gələn çox az idi, onlar da kasıb-kusublar. Oynayanlar obrazları çox yaxşı canlandırdı, ələlxüsus da Əsgər bəy Adıgözəlov –Hacı Qara obrazını. 40-50 manata qədər məbləğ toplandı. Bu məbləği şagirdlər arasında payladım və tapşırdım ki, kasıblara versinlər. Bizim Bakıda tamaşa oynamağımız haqqında Tiflis qəzetlərində yazmışdılar. Rəhmətlik Mirzə Fətəli onu oxuyub mənə uzun məktub yazmışdı. Çox razılıq eləmişdi, sevinirdi ki, ölmədən əvvəl müsəlmanlar öz türk dilində bu əsəri səhnələşdiriblər. Heyfsilənirdi ki, özü də Bakıya gəlib gözləri ilə görməyib. Bir də yazırdı ki, “Hacı Qara” komediyasını digərlərindən daha çox bəyənir və xahiş edirdi ki, Tiflisə gedərkən ona hər bir rolun necə oynandığı barədə məlumat verim.”

Bu hissədən məlum olur ki, Mirzə Fətəlinin öz sağlığında pyesləri ana dilində səhnələşdirilib. Bu isə yazıçını çox sevindirmişdir. Çox səmimi hisslərlə yazılan kiçik hissədən o dövrdə rus gimnaziyasında sadəcə 50 türk tələbənin oxuduğu və oynanan pyesdə qadın rolunu Nəcəf bəy Vəzirlinin oynadığını öyrənirik. Bundan sonra da Mirzənin komediyaları səhnələşdirilmişdir. Gürcüstanda Qori müəllimlər seminariyasında, 1879-cu ildə Rəşid bəy Əfəndizadənin təşəbbüsü ilə Şəkidə “Hacı Qara”, müəllim Yusif Həqnəzərlinin rejissorluğu ilə Şuşada “Hekayəti Xırsi Quldurbasan” oynanılmışdır. Beləcə, Mirzənin bu pyeslərində tənqid etdiyi mövzular bütün Azərbaycana yayılmış və təsirini göstərmişdir. Azərbaycanda teatr formalaşdığı gündən xalqı özünə bağlaya bilmişdi. 1890-cı ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə dram cəmiyyəti qurulur və Şekspirin “Otello”, Şillerin “Qaçaqlar” əsəri Azərbaycan türkcəsinə tərcümə olunur. Artıq teatr dünya əsərlərini səhnəyə qoyacaq gücdə idi. Mirzənin komediyaları 1851-ci ildə Peterburqda, 1852-ci ildə Tiflisdə rus dilində,1850-60-cı illər arasında alman dilində oynanmışdır. Bu gedişlə köhnə şərq sxolastik düşüncəyə və həyat tərzinə əsərlərindəki fikirlərlə qarşı çıxan Mirzə şərqin geriliyinin səbəbini tapmış və bu yolda cəsur addımlar ataraq təşəbbüslər göstərmişdir.

İslam şərqinin geriliyinin başlıca səbəbini oxuyub-yazmağı bacaranların azlığında görürdü. Buna görə də o, ərəb əlifbasının dəyişdirilməsini istəyirdi. İslam dininin fanatizmini bilən Mirzə əvvəlcə ərəb hərflərinin islahatı üçün layihə hazırlayır.

Mirzə Fətəli yazır: 1857-ci il ildə islam əlifbasının dəyişdirilməsi mövzusunda fars dilində bir kitab yazdım. Mövcud əlifbanın dilimizə uyğunlaşdırılaraq dəyişdirilməsinin vacib olduğunu mətn nümunələri ilə sübut etmişəm.”

Bu planı islam şərqində həyata keçirmək üçün 1863-cü ildə Tiflisdən çıxıb İstanbula gedir. O dövrün İstanbulunun köhnə düşüncəli olduğunu görən Mirzə əvvəl “ərəb hərflərinin dəyişdirilməsi” ilə bağlı əsərini və “Hekayəti-Yusif şah” pyesini Sədrəzəm Fuad paşaya təqdim edir. Sədrəzəm Fuad paşa Mirzənin hər iki kitabını “Cəmiyyəti Elmiyyəyi Osmaniyə”yə göndərir. Mirzənin “ərəb hərflərinin dəyişdirilməsi” islahatına aid kitabı qəbul edilmir və bunun Osmanlı elmi cəmiyyəti üçün çətin proses olduğu qeyd olunur. Mirzə Fətəli bu dəfə ərəb əlifbasının tamamilə ləğv olunaraq latın əlifbasına keçilməsini təklif edir. Bu plan da digər plan kimi ləğv edilir. Ancaq saray Mirzəyə məcidiyyə nişanı88
  Məcidiyyə nişanı (29 avqust 1852-1922) tarixləri arasında verilən əsgəri və qəhrəmanlıq nişanıdır. Sultan Əbdülməcid dönəmində təsis edilmişdir.


[Закрыть]
verərək başlarından edir. Mirzə Fətəlinin ərəb əlifbasının dəyişdirilməsi ilə bağlı kitabından əlavə “Hekayəti-Yusif şah” əsərini də Sədrəzəm Fuad paşaya verməsinin məntiqi səbəbi var idi. Çünki Mirzə bu əsərində Səfəvi sultanlanlarından olan Şah Abbasın dövründə İranda yüksək mövqe sahibi olan vəzirlərin savadsızlığından və öz mənafeləri uğrunda çalışdıqlarından bəhs edir və İranın süqutunu əks etdirir. Lakin Mirzənin səyləri boşuna gedir və o İstanbuldan bir dənə məcidiyyə nişanı ilə geri qayıdır. Fikrimizcə, Mirzə türk olmasa idi, nişan əvəzinə, Quran kitabının hərflərinin dəyişdirilərək latın əlifbasının qəbul olunması təklifini verdiyi üçün boynu vurulardı.

Tiflisə qayıtdıqdan sonra da Mirzə fikrindən dönmürdü. Sədrəzəm Əli paşaya öz planını göndərir. Planın sonuna isə Suavi əfəndinin ərəb əlifbası haqqında yazdığı tənqidi fikirləri də əlavə etmişdi. Bu məktubda Mirzə Sədrəzəm Əli paşaya hərf inqilabı aparılmadıqca şərqdə müsəlmanların oxuyub-yaza bilməyəcəyini dəlillərlə sübut etməyə çalışırdı. Ancaq heç bir nəticəsi olmurdu. Mirzə bu dəfə isə Tehrana müraciət edir: “Bir kitabça yazıb Tehrana göndərdim. Bu kitabda da ərəb əlifbasının latınla əvəz olunmasını əsaslandırdım və yenə də ruhanilərin qorxusundan yazılış formasının əvvəlki qaydada sağdan sola yazılması fikrini də qeyd etdim.”


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации