Электронная библиотека » Hüseyn Baykara » » онлайн чтение - страница 4


  • Текст добавлен: 13 января 2023, 17:59


Автор книги: Hüseyn Baykara


Жанр: Документальная литература, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 15 страниц)

Шрифт:
- 100% +
Vaqifin sənəti

Bu dövrün şairləri zəngin İran ədəbiyyatının təsirində olsalar da, Nəsimi, Füzuli, Əlişir Nəvai, Nizami və Xəqani kimi türk ustadlarından daha çox bəhrələnmişdilər. Vaqifin sənətində ruh, dil, təsvir baxımından xalqa yaxınlıq hiss olunur. Nə qədər yaxşı mədrəsə təhsili alsa da, dərin təsəvvüf yoluna meyl etməmişdir. Ehtimal ki, xalqın arasından çıxan Vaqif heç bir zaman xalqdan uzaqlaşa bilməyib.

İbrahim xanın vəziri kimi fəaliyyət göstərməyi də onu xalqdan uzaqlaşdırmayıb. Həm qəzəllərini, həm də heca vəznindəki şeirləri xalq tərəfindən anlaşılacaq sadə dildə yazırdı. Vaqif xalq arasında yaşayan didaktik-tərbiyəvi atalar sözlərini və məsəllərini şeirlərində özünəməxsus səmimiliklə istifadə edirdi. Vaqifə aid xüsusiyyətlərdən biri isə, çətinliklərlə üzləşdiyi həyatda daim mübarizə aparmasıdır. Yaşadığı dövrün təkcə sadə mirzəsi (aydını) deyildi. O dövrün mirzələri, yazı-pozu bilən kəsləri mübarizədən, qarşıdurmadan qaçırdılar. Lakin Vaqif qarşılaşdığı çətinlikləri səbr və səmimiliklə qəbul edir, ona dözür və mübarizəni sona qədər aparırdı. Yuxarıda qısa şəkildə təsvir etdiyimiz həyat hekayəsi də elə bunu göstərir. Belə bir xarakterə malik Vaqif hər zaman yanında silah gəzdirir və lazım gəldikdə silahdan istifadə də edirdi.

O dövrün Şirvan xanı Məhəmmədhüseyn xan Şirvaniyə şeir yazaraq ondan silah istəmişdi:

 
Hər kim istər kim, vücudi mərəkə ara gərək,
Kəndi zatından silahı əsləhə əla gərək.
Gülləsilə xuni-əda tökməyə sevda gərək,
Gər tüfəng olsa bizə, mümtazü bihəmta gərək,
Vaqifa, yoxsa deyil, məqbulumuz hər bir tüfəng…
 

Əslində çox uzun olan bu şeirin bu bəndindən də məlum olur ki, qorunmaq üçün silahın vacibliyini, lazım gəldikdə düşmən qanı tökə biləcəyini və silahın da yaxşı silah olmasının əhəmiyyətini bildirir. İndi Vaqifi öldürən Məhəmməd bəyin Şəki xanı tərəfindən tutularaq Şirvan xanına təslim edilməsi və öldürülməsinin səbəbi aydın olur. Şirvan xanı Məhəmmədhüseyn xan dövrünün kamil şairi idi. Vaqifin isə yaxın dostlarından idi. Vaqifin istədiyi tüfəngi göndərərək şeirinə şeirlə də cavab yazmışdır:

 
Şeirinə əhsən ki, yetməz heç bir əşar ona,
Hər kimin var isə həddi, söyləsin göftar ona,
Kimsə ləb tərpətməsin kim gəlməz istifsar ona,
Aybidir Müştakdan bu sözləri izhar ona,
Tutmasın nəzmi rəqabət, var isə kəmtər ona…
 

Şirvan xanı təvazökarlıqla Vaqifin sənətini qiymətləndirirdi: “Sənin sənətin haqqında söz demək mənim üçün ayıb olar. Sənin şeirlərin o qədər gözəldir ki, onları tərifləmək olmaz”– demək istəyirdi.

Ağa Məhəmməd şah Qacarın qəddarca hücumları Qafqazın Rusiya tərəfindən işğalını tezləşdirmişdi. Bu qəddar padşahın zülmündən qurtulmaq istəyən gürcü çarı İrakli rus himayəsini qəbul etmək məcburiyyətində qaldı. Qarabağ xanı İbrahim xan da İranın davam edən hücumlarından qorunmaq üçün siyasi hiyləyə əl ataraq İrakli ilə ittifaq bağlamaq yolunu seçmişdi. Bu məqsədlə də Gürcüstan çarı və həm də rus çarının Gürcüstandakı valisi İrakli Dunkenin yanına–Tiflisə getdi. Vaqifi də özü ilə birlikdə apardı. Vaqif Tiflisə heyran qalmışdı. Tiflis gözəlləri də onu məftun etmişdilər. Vaqifin Tiflislə bağlı yazdığı şeirlər yaradıcılığının gözəl nümunələrindəndir. Bəzi nümunələrə baxaq:

 
Baği-rizvanda əgər huri vü qılman çoxdur,
Bu gözəllər kimi məqbulu müzəyyən yoxdur,
Nəsli bir-nəsli gözəllik bulara buyruqdur,
Mən görənlər ki, mələkdən, pəridən artıqdur,
Hələ derlər ki, bulardan dəxi ə’laları var.
 

Vaqif Tiflisdə kilsəyə gedib– gələn gözəllərdən birinə aşıq olmuşdu:

 
Vaqifəm, ta ki gözüm onun sataşdı qaşına,
İstədi mehrabü minbərdən xəyalım daşına,
İndi bildim ki, nə gəlmiş Şeyx Sənan başına,
Ya budur ki, Tiflisi qərq eylərəm göz yaşına,
Ol sənəm vəsli mənimçün ya kilisədən çıxar.
 

Tiflis gözəllərini görəndə Şeyx Sənanın başına nələrin gəldiyini başa düşən Vaqif ona haqq qazandırırdı. Özü haqqında isə yazır: “Gözüm gözəlin qaşına sataşınca xəyalım mehrab və minbərdən köçmək istədi, yəni islamı tərk etmək istədi.” deyir.

Bu şeirlər də göstərir ki, Vaqifdə kəskin dini fanatizm yox idi.

Şairin müstəzad tərzində yazdığı şeirlərdən bir hissəyə nəzər yetirək:

 
Ey zülfi siyah, sinəsi əbyəz, gözü alə
Nə türfə cavansan?
Ağzın kimi yox qönçə, yanağın kimi lalə
Gülzari-cinansan.
Görsə üzünü məh yetər, əlbəttə, zəvalə,
Xurşidi-cahansan.
Heç bəndə sənə olmaya yarəb ki, həvalə
Sən afəti-cansan!
 

Vaqifin “Riyazül-aşiqin” kitabındakı qəzəllərindən bir nümunə:

 
Mən sənin aşiqi-biixtiyarın olmuşam,
Bi-dili bi-canü bisəbru qərarın olmuşam.
Şanə-vəş müştaqı zülfi tabdarın olmuşam,
İncəlib saatbasaat tarumarın olmuşam.
 

Vaqifin heca vəznində yazdığı şeirlər dünən yazılmış kimi aktuallığını itirməyib. Bir neçə nümunəyə diqqət edək:

 
Bulud zülflü, ay qabaqlı gözəlin,
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, belə gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək.
 
 
Sərxoş durub sarayından baxanda,
Ağ gərdənə həmayillər taxanda,
Gözə sürmə, qaşa vəsmə yaxanda
Canım eşq oduna qalanmaq gərək.
 
 
Bir namə yazmışam, can üzə– üzə,
Badi-səba apar sən o gül üzə,
Soruşsa yar ki, bu kimdəndir bizə?
Söyləgilən:-Sizin divanədəndir.
 
 
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalətək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.
 

Bu bir neçə bənd Vaqifin şeirləri haqqında oxuculara geniş məlumat vermək imkanına malikdir. Heca vəznində yazdığı şeirlər bir-birindən zövqlü, canlı və yenidir.

Vaqifin həyatı həmişə xoşbəxt və rahatlıq içində keçməyib. O, ömrü boyu mübarizə aparmışdır. Bunu əvvəldə qısa şəkildə də olsa göstərmişdik. Şair həyatdan və insanlardan çox şikayətlənirdi. Şikayətlərini əks etdirdiyi müxəmməsdən bir hissəyə baxaq:

 
Mən cahan mülkündə mutləq, dоğru halət gormədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Aşinalar ixtilatında sədaqət gormədim,
Biətu iqraru imanu dəyanət gormədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim
 
 
Alimu cahil, muridu murşidu şagirdu pir,
Nəfsi-əmmarə əlində sərbəsər оlmuş əsir,
Həqqi batil еyləmişlər, işlənir curmi-kəbir,
Şеyxlər şəyyad, abidlər abusən qəmtərir,
Hic kəsdə həqqə layiq bir ibadət görmədim…
 

Vaqif yaşadığı əsri nəzərə alsaq dövrünün cəsur inqilabçısı hesab oluna bilər. Həmin bu dövrdə şeyxləri, müridləri və onların şagirdlərini, haqqı batil edən din adamlarını, həyatın nəfsinə uyan alimləri bu qədər cəsarətlə tənqid edən və vəfadan, sədaqətdən nəsib almayanlardan şikayət edən başqa bir şair yoxdur. Cəsarətindən dolayı həbsxanalara düşmüş, dəfələrlə ölümlə pəncələşmiş, yenə də yolundan dönməmişdir. Baxaq nə deyir:

 
Mərd igidlər özünə məhbəsi meydan bilir,
Sanma kim, nakəsü namərd bu meydanə düşər…
 

Vaqifin əsərlərindən təsəvvüfə bağlı olmadığı məlum olur. Ancaq bir şiə kimi, Həzrəti Hüseynin Kərbəladakı mübarizə və qəhrəmanlığını əks etdirən mərsiyələr yazmışdır. Vaqif mədrəsə təhsili alsa da, dini görüşlərində heç bir zaman ifrata varmamış, eyni zamanda sxolastik düşüncəyə də meyl etməmişdir. Vaqif dar düşüncəli şair deyildi. Vaqif əsl şair idi. Vaqifin zövqü, hissi, vicdanı o dövr üçün Azərbaycan türkünün nümunəsi kimi qalacaqdır. Biz Vaqif və Vidadini dövrün ədəbi mühitini təsvir etmək üçün araşdırırıq. Ədəbi tənqidə məruz qoymuruq.

Vaqifin əsərləri

Vaqifin toplu halında olan bir külliyyatı hələ də çap olunmayıb. Səməd Vurğun tərəfindən “Molla Pənah Vaqif” adlı pyes yazılmış və Bakıda səhnələşdirilmişdir. 1828-ci ildə general Mirzəcan bəy Mədətovun təşviqi ilə Mirzə Yusif Qarabaği “Məcmuəi-Vaqif” adlı bir kitab hazırlamışdı. Kitabın çapı 1856-cı ilə təsadüf edir. Teymur xan kitabı şurada çap elətdirmişdi. Bundan başqa Adolf Berje 1876-cı ildə Leypsiqdə Azərbaycan Şüarasının əsəri və əşarı (Azərbaycan şairlərinin ən güclü və ən yaxşısı) adlı kitab çap etdirmişdir. Bu kitabda Vaqif, Zakir və digər Qarabağ şairlərinin əsərlərindən nümunələr verilmişdir. 1908-ci ildə “Yeni həyat” qəzetinin nəşrinə başlayan Haşim bəy Vəzirov Vaqifin əsərlərini bir kitab halında toplayaraq adı çəkilən qəzetin abunələrinə ödənişsiz vermişdi. Vaqifin əsərlərinin bir məcmuə şəklində Bakıda Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr olunduğunu bilirik.

MOLLA VƏLİ VİDADİ

Vidadi Azərbaycanın klassik şairlərindəndir. Əslən Qazaxlıdır. Şıxlı kəndində doğulmuşdur. Dövrünün elmlərini və ədəbiyyatını dərindən öyrənmişdir. Ilham qaynağı güclü idi. Vaxtının böyük qismini ibadətlə məşğul olurdu. Ömrü boyu günahlardan uzaq gəzməyə, Allahın əmrlərini yerinə yetirməyə çalışanlardan idi. Açıq sözlü, cəsarət sahibi idi. Hər kəsin ayıbını üzünə deməkdən çəkinmirdi. Buna görə də düşmənləri olduqca çox idi. Dövrünün Qazax ziyalılarından Əhməd ağa ilə yaxın dostluq əlaqələri var idi. Bir gün Qazax yaylası Dilicanda gəzərkən anidən hər tərəfi sis, duman bürüyüb. Vidadi narahatlıq keçirərək geri necə qayıdacaqlarını düşünməyə başlayıb. Əhməd ağa “Təlaşa ehtiyac yoxdur, mən səni sağ-salamat geri qaytaracam.” deyir. Və onlar birlikdə yurdlarına geri dönüblər. Ocaqlarına geri qayıtdıqdan sonra Əhməd ağa bu hadisəni hər kəsin içində danışaraq özünü tərifləyir, yaylaları yaxşı tanıdığını və heç vaxt itmək təhlükəsi olmadığını deyirdi. Bu isə Vidadiyə pis təsir edir: “Ağa özünü bu qədər tərifləmə, bu heç də böyük hünər deyildir. Qaramal da heç yolu azmır.” deyərək ağanı təhqir etmişdi.

Vidadi haqqında çox az məlumat var. 1809-cu ildə vəfat etdiyini, doğulduğu Qazax rayonunun Şıxlı kəndində torpağa tapşırıldığını və ölərkən yaşının 100-ü keçdiyini mənbələrdən öyrənirik. (Firidun bəy Köçərli I cild, I hissə, s. 138).

Oğlu Osman yaşlı atasına çox yaxşı baxırdı. Gözləri kor olan atasının əlindən tutub gəzdirirdi. Vidadi oğlundan çox razı idi. Aşağıdakı beytdə də oğlundan razılığı hiss olunur:

 
Ey halimü alimi-rәbbani,
Elm ilә möhtәrәm qıl Osmani.
 

Osman sonradan ziyalı birinə çevrilmişdi. Tiflisdə müftilik edirdi. Qubernator Sadəttin Əfəndinin yazdıqlarına görə (“Gülüstan”) Vidadinin digər oğlu Məhəmməd ağa bir müddət Qazax xanı olmuşdur.

Vidadinin məzarı üstünə bu beyt yazılıb:

 
Kim Vidadi xәstәnin qәbrin görüb etsә dua,
Edә hәq rәhmәt, şәfi ola Mәhәmmәd Mustafa.
 

Vidadi və Vaqif müasir dövrün şairləri idilər. Hər ikisi Qazaxlı idi. Eyni dövrdə yaşadıqlarından daim bir-biri ilə yaradıcılıqlarını müzakirə edirdilər. Bundan öncə Ağa Məhəmməd şah Qacarın ölümündən sonra Vaqifin Vidadiyə göndərdiyi şeiri qeyd etmişdik. Yenə də iki şairin şeirlərindən nümunələr göstərəcəyik. Hər iki həmyerli, dost şair bir-birlərinin yazdıqları şeirlərə nəzirələr də yazırdılar. Hansının əsl şeir, hansının isə nəzirə olduğunu material və mənbə yoxluğundan müəyyənləşdirmək çətindir. Məsələn, Vidadinin bu şeiri ilə Vaqifin Şuşada ölümündən bir müddət əvvəl şahın başının kəsilməsinə həsr etdiyi şeiri arasında hansının əsl, hansının nəzirə olduğunu aydınlaşdırmağa çalışaq:

Vidadi:

 
Gәl, könül, bir ibrәt al, bu gәrdişi-dövranә bax!
Cami-heyrәtdәn dәmi mәxmur olub, mәstanә bax!
Tut tәfәkkür damәnin, bir dәm dili-heyranә bax!
Kimsәyә qılmaz vәfa, bu dәhri-bipayanә bax!
Olma mәmurinә rağib, axiri viranә bax!
 

Vidadinin bu əsərinin yazılmasına vəsilə Şəki və Şirvan hakimi Hüseyn xan Müştaqın əmisi Hacı Əbdülqadir tərəfindən öldürülməsi olub.

Vaqifin

Ey Vidadi, gәrdişi-dövrani-kәc rәftarә bax…

şeirinə Vidadinin nəzirə yazdığını qəbul etmək lazımdır. Digər tərəfdən Vidadinin Şirvan xanı Hüseyn xanın ölümünü əks etdirdiyi müxəmməsi bir şairin bir xana yazdığı mədhiyə kimi qəbul etmək də doğru deyil. Çünki Vidadi bu şeiri xan öldürüldükdən sonra Qazaxda yazmışdı. Halbuki Hüseyn xan Şirvanda yaşayırdı. Vaqif kimi Vidadi də həssas, haqsızlığa qarşı üsyan edən şəxslərdən idi. Bu səbəblə ağıllı, ədalətli bir insan olan Hüseyn xanın ölümü ona pis təsir etmişdi:

 
Dinlә, ey tüğyani-möhnәt, bir hekayәt söylәyim,
Didәlәr giryan edәn şәrhi-mәlalәt söylәyim,
Dәrdi-bidәrman diği-binәhayәt söylәyim,
Bu sözә nisbәt sәnә, gәl, bir hekayәt söylәyim,
Lütf edib, qıl bir nәzәr, bu müxtәsәr dәstanә bax!
 
 
Böylәdir dövran işi, hәr gündә bir al eylәmiş,
Aqili nadan ilә pәjmurdә-әhval eylәmiş,
Üz verib namәrdә, hәr dәm mәrdi pamal eylәmiş,
Ey Vidadi, gәl ki, bu heyrәt mәni lal eylәmiş,
Gör nәlәr qıldı fәlәk Müştaqi tәk insanә, bax!
 

Öldürülən Hüseyn xan Müştaq Vaqifin tüfəng istədiyi Şirvan xanıdır. Vidadi və Vaqif həqiqi Azərbaycan şairi olduqlarını beləcə sübut edirdilər. Onlar sadəcə öz yaşadıqları xanlıq ərazisindəki hadisələrlə deyil, bütün Azərbaycan ərazisindəki hadisələrlə maraqlanır, təsirlənir və şeirlərində gördüklərini, duyduqlarını əks etdirirdilər. Şirvan xanı Hüseyn xanın haqsız səbəbdən öldürülməsi Vidadini kədərləndirdiyi yuxarıdakı şeir parçasından da aydın olur.

Vidadinin qüvvətli söz mütəfəkkiri olması yazdığı əsərlərdən bəllidir. Şeirləri tərbiyəvi, düşündürücü və dərindir. 100-ə yaxın yaşı olan şairin şeirlərində filosof ədası da hiss olunur. Buna aşağıdakı şeiri nümunə göstərmək mümkündür:

 
Gәl çәkmә cahan qeydini sәn, can belә qalmaz,
Qan ağlama çox, dideyi-giryan belә qalmaz,
Gül vaxtı keçәr, seyri-gülüstan belә qalmaz,
Hәr lәhzә könül xürrәmü xәndan belә qalmaz,
Bir cam yetir, saqi, bu dövran belә qalmaz,
Tәn bir gün olur xak ilә yeksan belә qalmaz.
 

Vaqif və Vidadi arasında bəzən lətifə vasitəsi ilə, bəzən də mənzum dialoqlar yaranırdı. Çoxu heca vəznində xalq dilində yazılan sadə və satirik şeirlərdən bir neçə nümunəyə baxaq:

 
Vaqif– Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur,
Belə işlər yenə Vaqif kimi oğlanə düşər.
 
 
Vidadi– Nə qədər olsa qoca gərçi Vidadi xəstə,
Yenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər .
 
 
Vaqif– Nә qәdәr dirisәn, ölü deyilsәn,
Qocalıban yaylar kimi әyilsәn,
Padşahsan, әgәr özünü bilsәn,
Neçün olub candan bizar, ağlarsan!
 
 
Vidadi – Elә ki, taxıldı burnuna çeşmәk,
Qocalıq әl verib, dәxi nә şişmәk!
Uşaqlar içindә düşәr gülüşmәk,
Sәnin dә acığın tutar,ağlarsan!
 
 
Vaqif– Çökәr bir gün qabağına Әzrayıl,
Deyәr: ey kor bәndә, qәflәtdәn ayıl!
Görәrsәn bir әcәb şәklü şәmayıl,
Ürәyinә qanlar damar, ağlarsan.
 
 
Vidadi– Әzrayıl ki, çәngәl çalar canına,
Çevrilib baxarsan hәr bir yanına,
Ol zamanda sәnin o әfğanına,
Nә bir gәlin, nә qız yetәr, ağlarsan!
 

Uzun və bir-birindən gözəl və mənalı dialoqların hamısı bu yazıya yerləşməz. İndi Vidadi qəzəllərində bir nümunəyə baxaq:

 
Könül sәbrü qәrar etmәz, gedәr yar olmayan yerdә,
Mәhәbbәt payidar olmaz vәfadar olmayan yerdә.
Vәfa qıl bir vәfadarә, ulaşma hәr biiqrarә,
Mәtaın atma bazarә, xiridar olmayan yerdә.
Mәnim hәmrazü hәmdardim, deyim hәr bәdnüma gördüm,
Hünәr kәsb eylәmәz mәrdüm, bәli, ar olmayan yerdә.
Xuda, sәn saxla gəl fәrdi, çәtindir yalqızın dәrdi,
Pәrişanlıq tapar mәrdi havadar olmayan yerdә.
 

Şairin təbiətin təsvirinə aid yazdığı bir parçaya baxaq:

 
Novruzi bahar oldu, cahan tazә-tәr oldu,
Rәf oldu әlәmlәr,
Dağıldı bu şadlıq xәbәri, dәrbәdәr oldu,
Yandı oda qәmlәr…
 

Heca vəznində yazdığı şeirlərindən 2 bəndə baxaq:

 
Seyri-gülşәn etsәn, ey gülüzarım,
Bülbül oxur, bağlar sәdayә düşәr,
Xәttinә baş әyәr sünbül, bәnöfşә,
Gül xaki-payinә fәdayә düşәr.
 
 
Xurşidim, xavәrim, hilalım sәnsәn,
Şirinim, şәrbәtim, zülalım sәnsәn,
Fikrim, zikrim, sözüm, xәyalım sәnsәn,
Könlüm haçan sәndәn cüdayә düşәr.
 

Bütün bu gözəl nümunələr göstərir ki, Vaqif və Vidadi Azərbaycanın xanlıqlar dövründə yetişən klassik və orijinal şairləridir. Həyəcanları, zövqləri, dilləri, duyğu-düşüncələri ilə tamamilə o dövrün Azərbaycan cəmiyyətini mənimsəmiş və təmsil etmişdilər. Bu illərdə Rusiyanın ədəbi səviyyəsinin Azərbaycan ədəbi səviyyəsindən öndə olduğunu söyləmək qeyri-mümkündür. Aşağıda bir təbiət hadisəsindən bəhs edən Vaqif, Vidadi və Lermantov arasındakı fikir müqayisəsi aparılmışdır və bu müqayisə sayəsində məlum olur ki, rus şeiri heç bir xüsusiyyətinə görə Azərbaycan şeirindən üstün ola bilməz.

Yazda quşların Şimal ölkələrə, payızda isə cənuba köç etmələri yaradanın bu varlıqlara bəxş etdiyi refleksin göstəricisidir. Amma bəzən bu quş dəstələri özlərinə məxsus şəkildə o qədər gözəl, nizamla və tam vaxtında köç edirlər ki, duyğulu insanlar bu gözəl quşların gözəlliklərinə, səslərinə, uçuşlarına biganə qala bilmirlər. Bu gözəl quşların ən gözəli isə durnalardır.

Durnaların köçü, nizamlı uçuşları bir çox şairləri ilhamlandırmışdı. Vaqif və Vidadi də durnalar haqqında şeir yazmışdılar. İndi bu şeirləri müqayisə edək:

 
Vidadi– Qatar-qatar olub qalxıb havaya,
Nә çıxıbsız asimana, durnalar!
Qәrib-qәrib, qәmgin-qәmgin ötәrsiz,
Üz tutubsuz nә mәkana, durnalar?!
 
 
Tәsbih kimi qatarınız düzәrsiz,
Havalanıb әrş üzündә süzәrsiz,
Gah olur ki, danә-xurә gәzәrsiz,
Siz düşәrsiz pәrişana, durnalar!
 
 
Әrz elәyim, bu sözümün sağıdır,
Yollarınız hәramidir, yağıdır,
Şahin-şunqar sürbәnizi dağıdır,
Boyanarsız qızıl qana, durnalar!
 
 
Әzәl başdan Bәsrә, Bağdad eliniz,
Bәylәr üçün әrmәğandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!
 
 
Bir baş çәkin dәrdiməndin halinә,
Әrzә yazsın, qәlәm alsın әlinә,
Vidadi xәstәdәn Bağdad elinә
Siz yetirin bir nişana, durnalar!
 
 
Vaqif– Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər veriniz bizə, durnalar!
 
 
Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qəfıl telləri
Heyifdir, salarsız düzə, durnalar!
 
 
Xeyli vaxtdır yarın fərağındayam,.
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün, gözə, durnalar!
 
 
Mən sevmişəm ala gözün sürməsin,
Bədnəzər kesiben, ziyan verməsin,
Sağın gəzin, laçın gözü görməsin,
Qorxuram səfiniz poza, durnalar!
 
 
Nazənin-nazənin edərsiz avaz,
Ruhlar tazələnir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz
Hərdən sizin ilə gəzə, dumalar!
 

Vaqif bu şeiri Vidadinin şeirinə nəzirə kimi yazmışdı. Lakin hər iki şairin ürəyi, könlü başqa duyğularla vurmaqda idi. İndi isə eyni təbiət hadisəsini Lermontovun “Buludlar” adlı şeirində necə təsvir olunduğuna baxaq:

 
Ey lacivərd göylərin, əbədi yolçuları
Düzülmüş mirvari tək üfüqlər aşarsınız.
Sizdəmi mənim kimi doğma, əziz vətəndən
Qovuldunuz, onuncun cənuba qoşarsınız.
 
 
Kimdir qovan sizləri: taleyin qərarımı?
Ya da gizli bir həsəd? Açıq bir qərəzmi var?
Yoxsa bu geniş göylər gəzməyə sizə darmı?
Yenəmi ağ şimalda şeytanların bəzmi var?
 
 
Yox, yox sizdə bəhrəsiz tarlalardan bıkdınız
Onun üçün uzun bir yolçuluğa çıxdınız
Yabançıdır sizlərə iztirab və ehtiras
Siz o boşluq içində sərbəst doğulursunuz
Sizlər ki, mənim kimi duymazsınız kədər, yas
Nə bir vətəniniz var, nə də qovulursunuz…
 
(tərcümə edən: Almas İldırım)

Dindar şair olan Vidadi durnaların sıra ilə uçuşlarını əlindəki təsbehə oxşadır. Şair eyni zamanda durnalara yolların üstündə şahinlərin olduğunu, qorunmağı məsləhət görür. Aşıq şair Vaqif durnalara vurulduğunu, onların sorağında olduğunu qeyd edir, sevgilisinin göy üzündən görünüb-görünmədiyini soruşur, qartallardan qorunmağı tapşırır və özünün də durnalar kimi uçmaq istədiyini vurğulayır.

Lermantov o dövrdə Qafqazda sürgündə idi. Buna görə də buludların vətənindən gəlib-gəlmədiyini xəbər alır. Buludların yaratdıqları sıranı mirvari düzülüşünə bənzədir. Lermantov azadlıq üçün mübarizə aparan yaraşıqlı bir zabit idi. Adı bir çox eşq macəralarında çəkilmişdi. Bütün bunlardan təsirlənən şair rus torpaqlarının azadlıq və insanlıq baxımından bəhrəsiz olduğunu bədii dillə buludlara nəql edir: “Siz o torpaqlardan bezmişiniz” deyir. Ağ Şimalın şeytanların yuvası olduğunu həssas şair ruhuna yaxın olan bir dildə söyləyir. Lermantov Vaqif və Vidadidən 50 il sonrakı dövrün şairdir.

Hər üç şair təbiət hadisələrini duyğularına, yaşadıqları mühitə, inanclarına əsasən əks etdirmişdir. Lermantova sürgündən vətəni Rusiyaya geri qayıtmaq nəsib olmamışdır. Qafqazda olduğu zaman eşq üzündən 1841-ci ildə dueldə öldürülmüşdür.

Xanlıqlar dövründəki Qafqaz Azərbaycanındakı ədəbi, mədəni durum bundan ibarət idi. İlk təhsil ocağı mədrəsələr hesab olunurdu. Təhsil yalnız dindən ibarət idi. Etnik baxımdan bir bütöv olan Azərbaycanın İranın tabeliyində olan ərazilərində də vəziyyət eyni idi. Qafqaz Azərbaycanı ruslar tərəfindən işğal edildikdən sonra əslində bir bütöv olan bu iki ölkə arasında ədəbi, iqtisadi və ictimai baxımdan böyük fərqlər meydana gəlmişdir. Bu dövr İran Azərbaycanı (Cənubi Azərbaycan) ədəbiyyatına nümunə kimi Seyid Əbülqasım Nəbatini qısa olaraq bəhs edəcəyik. Arazın İran hissəsindəki Qaracadağ bölgəsində-Muğan düzündə Üçdibin kəndindən olan Nəbati hicri təqviminə görə XIII əsrdə yaşamış Azərbaycan türk şairidir. 1280-cı ildə yaşı 70-i adlayanda dünyasını dəyişmişdir. Hürufi təriqəti anlayışına uyğun mistik əsərlər yazdığı kimi, heca vəznində sadə xalq dilində olan əsərləri də var. Dövrünün təsəvvüf ədəbiyyatının ustadlarındandır. Heca vəznindəki şeirlərindən iki bənd nümunəyə baxaq:

 
Şeyda bülbül fəğan etmə, qəm yemə,
Bu gün sabah gül açılır, yaz olar.
Əziz saxla, qənimət bil vücudun,
Vəfası yox gülün ömrü az olar.
 
 
Degilən Fərhada ey mihnət peşə
Şirindən incimə çal daşa-dişə
Aşiq-i məşuq arasında həmişə
İşvə olar, qəmzə olar, naz olar.
 

Elə bil dünən yazılmış kimi təzə, canlı, zövqlü, lirik bu iki bənd şeir yuxarıda nümunələrini verdiyimiz Vidadinin, Vaqifin heca vəznindəki şeirlərindən fərqlənmir. Nəbati Vaqif və Vidadi kimi Azərbaycanın müştərək və qüvvətli klassik şairlərindən hesab olunur. Həmin bu şairlərin yaşadıqları dövrdə rus ədəbiyyatı məna, mövzu və forma baxımından heç də irəlidə deyildi.

Vaqif və Vidadinin şeirlərində diqqəti çəkən məqamlardan biri də bu şairlərin əsərlərində vətən və millət anlayışlarının olmamasıdır. Həmin dövr bütün Şərqdə olduğu kimi Azərbaycanda da ümmət anlayışı aktual idi. Vətən və millət anlayışı Azərbaycan ədəbiyyatına rus işğalından sonra daxil olmuşdur. Bunu Qasım bəy Zakir yaradıcılığı ilə bağlı bölümdə də rast gələcəyik. Amma bu o demək deyil ki, vətən və millət anlayışları ruslardan bizim ədəbiyyatımıza keçmişdir. Ancaq ruslar Azərbaycanı işğal etdikdən və zülmə başladıqdan sonra xalqda yavaş-yavaş vətən və millət anlayışı formalaşmağa başlamış və işğalın ağrı-acısı hiss edilmişdi. Bunlar haqqında sonra danışacağıq.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации