Электронная библиотека » Hüseyn Baykara » » онлайн чтение - страница 13


  • Текст добавлен: 13 января 2023, 17:59


Автор книги: Hüseyn Baykara


Жанр: Документальная литература, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 13 (всего у книги 15 страниц)

Шрифт:
- 100% +

Beləliklə, Mirzənin əlifba haqqında fikri Tehranda da bəyənilmir.

Lakin islam şərqinin islahatçısı yenə də ümidini itirmir. Ərəb əlifbasının ləğvi barəsində deyir: “Bu məsələ İstanbulda tərəqqipərvərlərlə mühafizəkarlar arasında müzakirə olunsa belə, bir qərar qəbul edilməmişdir.” Bəli, həqiqətən də bu məsələ dahi Atatürkün dövrünə qədər öz həllini tapmamışdır. 1863-cü ildən 1927-ci ilə qədər 64 il geri qalmış və gecikmişdir. Ancaq Mirzə tam vaxtında bu fikrin toxumunu atmış və səylərini əsirgəməmişdir.

Mirzənin qərb mədəniyyətini dərindən araşdıraraq öyrəndiyi cəsur addımlarından və əsərlərindən məlum olur. Farsca yazdığı mənzumələrindən birində deyir:

 
Büzürganı Türkan, İran zemin
Heme hefte budend-çün halkı çin…
 

Hətta Çin xalqı da qəflət yuxusundan ayılsalar da, Türk və İran torpağı yuxudan doymur.

İstanbuldan müsbət cavab almadan qayıtmasını belə təsvir edir:

 
Binaçar ber güştem ez haki rum,
Kimanden der anca mera bud şum…
 

Farsca yazdığı bu mənzum məktublarında İran vəziri əzəminə (Kəmalüddövləyə) ö dövrdə Palmerstonun Britaniyaya, Vilhelm və Bismarkın Almaniyaya, Linkolnun Amerikaya xidmətlərindən danışır. Və əlavə edir: “İranın bütpərəst, xristian, fars və türk, yəni bir sözlə bütün İran xalqı süquta doğru gedir.”

 
Qema halkı İran ze hurdu büzürük,
Zü Gebri, zü Tersa, zü Farsi, zü Türk.
 

Mirzənin ərəb əlifbasının türk dilinin səslərini ifadə etmək üçün uyğun dil olmadığı ilə bağlı fars və türk dillərində yazdığı məqalələrindən fransız dilinə tərcümə edilənləri fransız ədib Şarl Mister, Osmanlı sədrəzəmi Əli paşaya göndərilmişdir. Əgər Mirzə Fətəli, Həsən bəy Zərdabi, Hacı Seyid Əzim Şirvani kimi Azərbaycan islahatçıları ağır məşəqqətlərə dözmələrinə baxmayaraq sonları Jan Qusun sonu kimi olmayıbsa, bunun səbəbi geri düşüncəli zümrənin əlində hökumət iqtidarının olmamasıdır. Lakin geri düşüncəli insanların Mirzəyə düşmən olduqları o ölərkən özünü göstərmişdir. Mirzə Fətəli Jan Qus kimi odda diri-diri yandırılmadı, amma bir müsəlman kimi namazı qılınmadı, dəfninə heç kim getmədi, yuyulmadı. Bir neçə hambal tərəfindən torpağa tapşırıldı və beləcə əbədi yuxuya daldı. Böyük islahatçı millətinin oyanmağını və onu təqdir edəcək səviyyəyə gəlmələrini məzarında gözlədi.

Mirzənin pyesi ilk dəfə 1873-cü ildə Bakıda Zərdabinin təşəbbüsü ilə səhnələşdirilmişdir. XIX əsr alman və rus ədəbiyyatının şah əsərlər yaratdığı dövrdür. Mirzənin pyesləri də alman və rus dilinə tərcümə olunaraq bu millətlərin səhnəsində də təmsil olunurdu. Pyeslər alman və rus tənqidçiləri tərəfindən bəyənilərək təqdir olunmuşdur. Buradan aydın olur ki, Mirzə pyes yaradıcılığında güclü və özündə geniş ensiklopedik biliyə, mədəniyyətə, ilhama sahib idi. Bir tərəfdən də təsvir etmək istədiyi mövzunu, mühiti, xalqın məişətini yaxşı bildiyi üçün təsvirləri güclü idi. Dünya ədəbiyyatında Mirzə Fətəli Fransada Molyerin, Rusiyada Qoqolun Azərbaycan və şərq ədəbiyyatında bənzəri deyil, eynisidir. Çox təəssüf ki, Türkiyənin ziyalı zümrəsi Mirzənin nə 100 il əvvəlki əlifba islahatı və latın əlifbasının qəbul etdirmə səylərini, nə də onun dünya şah əsərləri içində özünə yer tapan pyeslərini və klassik əsərlərini bilmir.

Mirzə Fətəli pyeslərində qədim şərq fəlsəfi fikirlərini, həyat tərzini, fanatik ənənələrini, bir sözlə cəmiyyətin hər bir tərəfini gülüş hədəfinə çevirərək səhnəyə gətirirdi. Həmin dövrdə toplumun əsirinə çevrilən üzvünün varlığını və cəmiyyətdəki əsl yerini göstərir. Cəmiyyətin həmin bu üzvü “qadındır”. Toplum daxilində qadına haqqı olan diqqəti, mövqeyi və hüququ vermənin vacibliyini pyeslərində təsvir edir. Mirzənin yazdığı pyeslər arasında sadəcə “İbrahim-Xəlil Kimyagər” pyesində qadına rol verilməmişdir. Digər pyeslərində isə qadın da kişi kimi əsas roldadır. O, qadının da hər şeydən əvvəl insan olduğunu, qadının da gözəl, səmimi, ağıl sahibi və cəsur ola biləcəyini seçdiyi qadın tiplərində əks etdirir.

Qarabağın “Xan qızı” adı ilə tanınan şairəsi Xurşidbanu bəyim Natəvan xəstə olarkən Qasım bəy Zakirə yazdığı mənzum məktubda onun yanına gedərək şəfa, yaxşılıq diləməsini xahiş edir və deyir:

 
Yeyib otağında şamü nəharın,
Kesdiribsən yasdığmın kənarın,
Eşidirsən şirin-şirin göftarın,
Kişi, senin, vallah, əcəb işin var!
 
 
Seni perivəşlər salıb bu halə,
Döndəriblər elif qəddini dalə;
Çəkərdin onlardan həmişə nalə,
Nədir yenə dildə əzbər olub yar?!
 
 
Mənim də var gərçi bir az günahım,
Sən get hüzuruna ol üzrxahım,
Söylə ki, ey şahım, ey qibləgahım,
İncimə, gər etdim şikayət izhar!
 

Mənzum məktubdan anlaşıldığı kimi, Mirzə Fətəli Zakirin Xurşidbanu Natəvanla yaxınlığından və xəstənin yanından ayrılmamağından və əslində Zakirin “pərivəşlərə” marağından satira yolu ilə bəhs edir. Və Zakirə deyir: “Banu bəyimin yanına get və mənim adımdan da üzrxahlıq elə”. Bu sözündən məlum olur ki, Banu bəyim Tiflisdə olarkən Mirzə ilə aralarında küskünlük yaranıb. Mirzə Azərbaycanın şairəsi Banu bəyimə “Ey şahım, ey qibləgahım” deyərək müraciət etməklə həm qadına layiq olduğu yeri verir, həm də yüksək əxlaq və vicdan sahibi olduğunu nümayiş etdirir.

Mirzə Fətəlinin əsərləri 1853-cü ildə rus dilinə çevrilərək nəşr edilmişdir. 1882-ci ildə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” ingilis dilində çap olunmuşdur. 1886-cı ildə Barbier de Meynard “Journal Asiatique” (Asiya mədəniyyətinə dair jurnal) jurnalı “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” pyesini fransız dilinə tərcümə edərək çap edir. 1889-cu ildə İsveçdə Stokholm Dil qurumu “Hekayəti Xırsi-Quldurbasan” pyesini isveç dilində nəşr etdirirlər. Beləliklə də Mirzə Fətəlinin əsərləri fars, ukrayna və bir çox başqa dillərə tərcümə olunaraq çap edilmiş və dünya klassikləri arasında özünə yer tapmışdır. (Firidun bəy Köçərli “Azərbaycan Ədəbiyyatı Materialları” I cild, II hissə, s. 468-514, Bakı 1926). (Professor Əhməd Cəfəroğlu “XIX əsr böyük azəri islahatçı Mirzə Fətəli Axundzadə”, Roma, 1940.)

Mirzə Fətəli Axundzadənin fəlsəfi və ədəbi fikirləri

“Azərbaycan ədəbiyyatı tarixi” kitabının 2-ci cildində Mirzə Fətəlinin fəlsəfi və ədəbi fikirlərini araşdıran Ə.Mirəhmədov yazır: “Axundovun əsasən XIX əsrin üçüncü rübündə yazdığı fəlsəfi-sosioloji əsərlərindəki müsbət cəhətlər o dövrki Azərbaycanda və ümumiyyətlə müsəlman şərqində olan böyük, mütərəqqi tarixi hadisələrin, milli azadlıq hərəkatının, yeni mədəniyyət uğrunda mübarizələrin canlı ifadəsidir. (s. 258) Mirzə öz xalqının nümayəndələrindən olan böyük şair və fikir adamlarını Nizami, Füzuli, Şəbüstəri, Şəms Təbrizi, Bəhmənyar, Mirzə Şəfi və başqalarını oxuyub öyrəndiyi kimi, ruslardan Belinski, Dobrolyubov, Çernışevski və şərq dahilərindən Firdovsi, Mövlana Cəlaləddin Rumi, Əbdürrəhman Cami və qərbdən Monteskyö, Volter, Spinoza, Sismondi kimi böyük ədib və fikir adamları haqqında fikirlərini yazmışdır.

Bu böyük dahilərdən hansılarının fikri ilə razılaşıb hansıları tənqid etdiyini Mirzə Fətəli açıq şəkildə qeyd edirdi. Mövlananı “Tayı-bərabəri olmayan” ustad hesab edən Mirzə onun “Vəhdəti-vücud” fəlsəfəsini tənqid etmişdir. Mirzə Fətəlinin fikrincə, “külli kainat bir vahid və kamil qüvvədir ki, saysız kəslər və müxtəlif forma və növlərdə zühur etmişdir.” (Əsərləri 2-ci cild, Bakı, 1951, s.60) “Bu vücudi vahid xaliqdə özüdür, məxluqda özü.” (s. 62) “Əşya öz mahiyyət və əslində səbəbə möhtac deyildir.” (s. 156) Mirzə Fətəli maddi aləmin obyektiv varlığından danışarkən bu məsələdə “vəhdətül-vücuda inanan” Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumi, Spinoza ilə eyni fikirdə olduğunu etiraf edir: Bir vahid təşkil edən kainatda “cüzülərin99
  Bir varlıqdan və ya bir vücuddan bir parça, hissə


[Закрыть]
küldən zühur etməsində” təbiətin obyektiv qanunauyğunluğu hökm sürür, “Burada nə külün ixtiyarı var, nə də cüzün.” (s. 67). Zaman və məkan haqqında isə deyir: “Zaman və məkan maddənin obyektiv varlıq formalarıdır (atributlarıdır). Zaman da onun mütləqlərindəndir. “(s. 61) Buradan məlum olur ki, Mirzə Fətəli “Küllün ixtiyari (şüuru) olub olmaması” məsələsində Mövlana və Şəmsi Təbrizi ilə eyni fikirdə deyil. O, kainatın yaradılışında “vəhdətül-vücudun” şüurlu olduğuna inanmır, bu hadisənin təbiətin obyektiv qanunları içərisində meydana gəlməsi fikrini irəli sürür.

Mirzə Fətəli hələ o dövrdə dini idarəçilikdən ayırmağın vacibliyini irəli sürərək demişdir: “Bizim bu günə kimi haqqı batildən seçməkdə, doğrunu əyridən ayırd etməkdə səhvimiz ondadır ki, biz daima bir-birinə zidd olan iki fikri bir-biri ilə qarşılaşdıraraq eyni fikir kimi qəbul etmişik. Halbuki, bu iki mülahizə başqa-başqa şeylərdir. Onlardan biri elmdir, biri isə etiqad.” (s. 126) Gerilikdən söhbət edərkən o, ancaq öz vətəni Azərbaycan üçün yox, bütün Asiya qitəsi üçün xoşbəxt və şanlı bir həyat arzu edirdi. (s. 263)

3 mart 1872-ci ildə İran vəziri Mirzə Yusif xana məktubunda yazır: “Avropadan gətirdiyiniz və bütün hökmlərini, cümlələrini öz fikirlərinizin sübutu üçün dəlil hesab etdiyiniz kitab avropalıların beyninin məhsuludur. Sizə elə gəlir ki, başqalarının fikrini mənimsəməklə öz məqsədinizə çata biləcəksiniz?! Lakin bunu bilin ki, başqalarının fikrini mənimsəməklə heç bir nəticə əldə etmək mümkün deyil.” (Əsərləri 3-cü cild, s. 196) Mirzə demək istəyir ki, Avropadan alınan basma qəlib qaydaların tətbiqi ilə irəliləmək olmaz. Avropa metodları yaxşı öyrənməli, bizim üçün uyğunluğu hesablanaraq tətbiq edilməlidir.

Mirzə Fətəlinin toplumdakı sosial ədalətsizliyin sülh yolu ilə həll ediləcəyinə inandığını görürük. O, bu fikirlərini “Aldanmış Kəvakib” əsərində irəli sürür. Mirzə bu məsələdə daha çox təkamülçüdür, xalqın davranışı və siyasi həyatdakı iştirakından söz açmır. Mirzə Fətəli bu dövrdə “ədalətli hökmdar”çıdır, Qərbin ağıl rasionalist fəlsəfəsinin təsiri altında qalmış olur. Lakin 1863-cü ildə Zaqatala əhalisinin Çar Rusiyası rejiminə qarşı üsyan qaldırması və Azərbaycanda kapitalizmin kök salması ilə feodalizm sisteminin süqut etməsi Mirzənin fikirlərinin dəyişməsinə səbəb olmuşdur. Mirzə Fətəlinin fikirlərinin dəyişməsinə Türkiyədəki 2-ci məşrutiyyət hərəkatı, İranda təzyiqlərə dözməyən xalqın üsyanı və Hindistanda kənli üsyanlarının da təsirinin olduğu ehtimal edilir. Eyni zamanda Dobrolyubov, Şedrin, Çernişevskinin inqilabçı-demokratik fikirləri və hərəkətlərinin də Mirzəyə təsiri olmuşdur.

Bundan sonra Mirzə “Kəmalüddövlə məktubları”nda mötədil maarifçi və islahatçı hökmdar fikrindən daha da irəli gedərək, cəmiyyəti yeniləşdirmək üçün inqilaba ehtiyac olduğunu müdafiə etməyə başlamışdır. Məktublarda bu fikir əvvəldən axıra qədər özünü göstərir. Bu həmlələr olmazsa “insanların bərabərliyi mümkün deyildir” deyir. (Əsərləri, 2-ci cild, s. 3) Buradakı “bərabərlik” sözündən Mirzə Fətəlini marksist metodla incələyən kommunist yazarlar bu sözdən “sosial bərabərlik” anlamını çıxarmağa cəhd ediblər. Halbuki, yaşadığı dövrü, şərtləri, çevrəsini düşünərək bu “bərabərlik” sözünü siyasi hüquq bərabərliyi kimi qəbul etmək lazımdır. Mirzə Fətəli bu sözü vətəndaşların, millətlərin, qadın və kişinin bərabərliyi mənasında işlətmişdi. “Kəmalüddövlə məktubları”nın ikinci hissəsində “azadlıq”dan bəhs edən yazıçı deyir: “Tam azadlıq iki cür azadlıqdan ibarətdir; biri ruhani, digəri isə cismani azadlıqdır. Bizim ruhani azadlığımızı islam dininin rəhbərləri əlimizdən alıb, bizi ruhani işlərdə qula çeviriblər… Cismani azadlığımızı isə zorba hökmdarlar əlimizdən alaraq bizi ağır işlərdə hambal kimi işlədiblər. Biz zalımların hüquqsuz qulu, olub azadlıq nemətindən məhrumuq. (Əsərləri, 2-ci cild, s. 32)

Mirzə Fətəli “Kəmalüddövlə məktubları” əsərində böyük bir mütəfəkkirə yaraşan üsuldan istifadə etmişdir. İran vəzirinə yazdığı məktubda zalım hökmdarlardan və onların “cismani azadlığı” əlimizdən aldıqlarından, ağır mükəlləfiyyətlərdən, zalımlar qarşısında hüquqsuz, azadlıqdan məhrum edilmiş bəndələr olduğumuzdan bəhs edir. Doğrudanmı, İran şahı xalqa qul kimi davranırdı, amma rus çarı vətəndaşlarına azadlıq vermişdi?! Haqq və hüququ bərqərarmı etmişdi?! Mirzə bu cür siyasət yürütməklə öz əsərini rus senzurasından qorumaq məqsədi güdürdü. Beləcə o, öz istəyinə çataraq zalım hökmdarları, başda rus çarı olmaqla tənqid edirdi. İran vəzirini nümunə kimi göstərərək azadlıqdan, hüquqsuzluqdan, zalımlardan, ağır mükəlləfiyyətlərdən, zorbalıqdan uzun-uzadı danışırdı. İran zülmünü tənqid edərkən əslində rus zülmünü nümayiş etdirirdi.

Mirzə Fətəli “Kəmalüddövlə məktubları”nda gerilik, kasıblıq və köləlikdən xilas olmanın çarəsini göstərir: “… Öz millətinin ürəyinin tarlasında qeyrət, namus, millət dostluğu, vətənpərvərlik, ədalət, bərabərlik toxumu əkilməsini və…millətin zülmdən, kasıblıqdan xilas olmasını, millətinin sərvət qazanmasını istəyir.” (Əsərləri, 2-ci cild, s. 119) Beləliklə, xalqın ziyalılarına milləti inkişaf etdirmək üçün gediləcək yolu göstərir. Açıq şəkildə rus istibdadını tənqid etməyin ölüm gətirəcəyini anlayan Mirzə Fətəli “ədalətli hökmdar” tərəfdarı kimi İngiltərədəki kral hakimiyyətinin xüsusiyyətlərini əks etdirirdi. Dövlət başçısı millət ilə yekdil və həmfikir olmalı, millətin mənafeyini hər şeydən uca tutmalı, qanunları xalqın müdaxiləsi ilə tərtib etməlidir. Belə olduqda “xalq da onu sevəcək və ədalət rəmzi kimi qəbul edəcək, vətənpərvər olacaqdır.” (Əsərləri, 2-ci cild, s.38-39) Məktublarından birində qeyd edir: “Ey İran əhalisi, əgər sən azadlığın bəxş etdiyi xoşbəxtlikdən, insan hüquqlarından xəbərdar olsaydın, qul kimi rəzil yaşayışa dözməzdin…Sən həm güc, həm də say baxımından zorba hökumətdən daha yüksəksən. Sənə yalnız yekdillik və tək mövqedən çıxış etmək lazımdır.” (Əsərləri, 2-ci cild, s. 32-33) Bu fikirlər indi də İran və digər şərq ölkələri üçün aktual və vacibdir. Mirzə Fətəli təkcə bununla kifayətlənmir, cəmiyyətin müxtəlif sahələrini araşdırır, siyasətlə yanaşı, ədliyyə, maarif, tarix, ədəbiyyat, etika, estetika, biologiya, təbabət, ədəbi tənqid elmlərindən də xəbərdar olduğunu göstərir, yeri gəldikcə bunlardan bəhs edir. Məşhur “Məktublar”ında qədim İran tarixi, farsların “Peymani– fərhəng” adlı qanunnaməsindən, ərəb işğalçılarına qarşı Firdovsinin münasibətindən, İran həyatının bütün Orta və Yaxın Şərq üçün xarakteristik olan ictimai nöqsanlarından və müxtəlif dini və siyasi cərəyanlarından geniş məlumat verir. (Azərbaycan Ədəbiyyatı Tarixi, 2-ci cild, s. 267)

Məktubların birində “İslam dininin əsr və zəmanəyə uyğun islahata ehtiyacı var” deyir. (Mirzə Fətəli, Əsərləri 2-ci cild, s. 231). 1860-cı illərin axırlarında Mirzə Fətəli yazırdı: “Kaş elə bir şəxs olardı ki, bizi bu vəziyyətdən xilas edərdi. Ancaq o şəxs mənim təbiətimə zidd olan peyğəmbərlik, imamlıq yolu ilə yox, filosofluq, alimlik yolu ilə xilas yolu tapardı.” (Əsərləri, 2-ci cild, s. 121). Həmin dövrdə yazılan bu fikirlər o qədər açıqdır ki, izah etməyə ehtiyac yoxdur. Ancaq bunu da qeyd etməliyik ki, Mirzə Fətəli Azərbaycanda və islam Şərqində dini, maarifçi və sosial islahatçının din xadimi yox, filosof və alim olmasını istəyirdi. Amma çox heyf ki, özündən başqa belə bir şəxsin olmadığının fərqində deyildi. Bir vaxtlar ədalətli hökmdar arzulayan Mirzə Azərbaycanda və Şərqdə islahatların yuxarı zümrələrdən aşağı təbəqəyə doğru inkişafını arzulayırdı. Lakin baş verən hadisələrin təsiri ilə cəmiyyətdə islahat və inqilabların aşağı təbəqədən başlamalı olduğu qənaətinə gəlir: “Millət özü elm sahibi olmalı, ittifaq və yekdillik ilə zalımla mübarizə apararaq deməlidir: Səltənət və hökumət iddiandan əl çək!.. Bundan sonra dövrə uyğun qanunlar tərtib edərək konstitusiya hazırlanmalı və ona əməl etməlidir. Belə olduqda millət firavan yaşayacaq, Şərq torpaqları cənnətə dönəcək.” (Əsərləri, 2-ci cild, s. 213). Mirzə Fətəli həmin dövrün əsil inqilabçılarındandır: “Zalımın atasını yandırmaq lazımdır” deyirdi. Dövrün çox ağır şəraiti altında mübarizə aparan Mirzə Fətəli bəzən də həyatından şikayət edərək “zəhərdən acı həyat” yaşadığını qeyd edirdi. Hər addımında irtica ilə qarşılaşması, İstanbula getdiyi zaman İranın Osmanlı və Fransa dövlətləri nəzdindəki səfiri Mürşid-Dövlənin fitnə-fəsadları səbəbindən Osmanlı dövlət adamlarının ona heç də yaxşı münasibət bəsləməməsi, bir çox dostunun əlaqələri kəsməsi, məktublarına cavab verilməməsi, həm Çar Rusiyası, həm də digər dövlətlərin senzurası tərəfindən məktublarının müsadirə edilməsi və şəxsi həyatında o dövrdə böyük islahatçının başına gəlməsi təbii sayılacaq hadisələr, Mirzəyə zəhər kimi acı həyat yaşamağına səbəb olmuşdur. Lakin o, bütün bunlara sinə gərməyi bacararaq çətin və müqəddəs mübarizədən əl çəkməmişdir. “Mən xalqımı sevən, canını bu yolda qurban verməyə hazır olan bir adamam..” (Əsərləri 2-ci cild, s. 128) deməyi özünə borc bilmişdir.

O, Şərqin və Azərbaycanın bir gün mədəni bir cəmiyyət kimi hərtərəfli nicata çatacağına inanırdı. Dostlarına yazdığı məktublarında Şərq xalqları haqqında: “Fitri istedad nöqtəyi-nəzərindən Avropa xalqları üstün olmasalar belə, heç əskik də deyillər.” deyir. Zorba hakimiyyət elə bilməsin ki, xalq daim qəflət yuxusunda olacaq, o da qoyun kimi avam xalqın içində dəbdəbəli həyat yaşayacaq. Belə deyil…” “Sağlıq olsun, yaxın vaxtlarda vətənimiz gülüstana çevriləcəkdir…” (Əsərləri, 2-ci cild, s. 224) Mirzə bu sətirləri yazdığı dövrdə Çar Rusiyasında “Xalqçı” (“Народник”) hərəkatına ümid bəsləyərək, inqilabçıların səyləri nəticəsində Rusiyada konstitusiyalı monarxiyanın qurulacağını düşünürdü. Həmin dövrdə Azərbaycan, İran və Türkiyə ziyalılarına yazdığı məktublarda azadlıq istəyən, qabaqcıl düşüncəli insanların yetişməsinin lazımlığını və belə insanların sayəsində cəmiyyəti maarifləndirməyin mümkün olacağını qeyd edirdi. “Əgər xalq maarifləndirilməsə, bütün camaatımız oxuyub yazmağı bacarmasa… qanun yazmaq, yeni idarə sistemi yaratmaq uğrunda apardığımız mübarizə puç olacaq!” (Əsərləri, 3-cü cild, s. 151) Azərbaycanın Qərb mədəniyyətini qısa vaxt ərzində mənimsəməsinin başlıca səbəbi humanist islahatçıların geriləmə səbəbini doğru-dürüst müəyyənləşdirmələri idi. Zakir cahilliklə mübarizə aparmış, Mirzə Şəfi ilk olaraq məktəb açmış, Bakıxanlı Rus hökümətinə həmvətənləri üçün məktəb açmaq layihəsini təqdim etmiş, Hacı Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi məktəb açmış, Mirzə Fətəli məktəb və oxuyub yazmağı bacaranların azlığından şikayət etmişdi. Etiraf etməliyik ki, bu şəxslərin səyləri nəticəsində Azərbaycan mədəniyyətini yüksəldəcək savadlı şəxslərin sayı artmışdı.

Mirzə Kazım bəyin dərs kitabı yazmağında da, Qutqaşınlının ilk hekayəsində də eyni həyəcan hiss olunur.

Mirzə Fətəli yaxın dostu Mirzə Melkum xana yazdığı məktublarda onu yeni əsərlər yazmağa həvəsləndirir və əsərlərində siyasətdən uzaq olmasını məsləhət görərək deyir: “Gərək düşmənlərimizlə sülh yolu ilə rəftar edək.” (Əsərləri, 3-cü cild, s. 191) Dahi islahatçı həm ətrafındakı, həm də İrandakı siyasi şərtləri düzgün qiymətləndirərək hökuməti duyuq salmadan xalqa xidmət etməyi həm özü bacarmış, həm də İrandakı ziyalı dostlarına maarifçilər arasında islahatların aparılmasını məsləhət görmüşdür. O dövr üçün bundan daha uyğun taktika ola da bilməzdi. Heç bir mədəni, siyasi və iqtisadi hazırlıq olmadan Mirzə xalqa Rus və ya İran zorbalığına qarşı açıq üsyan etməyi məsləhət görə də bilməzdi.

Bir müddət İran Ədliyyə naziri vəzifəsində çalışan Mirzə Yusif xana məktubunda yazır: “Bütün İran torpaqlarında məhkəmə işlərini ruhanilərin əlindən almaq lazımdır.” Cəlaləddin Mirzəyə xarici dillərdən tərcümə etməkdə köməklik göstərirdi. Digər millətlərin klassiklərinə əhəmiyyət verən Mirzə Fətəli tolerant bir şəxsiyyət kimi bütün millətlərə, inanclara hörmətlə yanaşırdı. “Başqa xalqlardan uzaqlaşmaq və əlaqəni kəsmək indiyə qədər elm və sənətdən məhrum qalmağımıza gətirib çıxarıb.” deyirdi. (3-cü cild, s. 62) Halbuki “Dünya gör-götür dünyasıdır” (2-ci cild, s. 45). İfrat mövhümatçılığa vararaq müsəlman olmayan xalqları “həşərat” adlandıran köhnə fikirli İran şairi Suruşa qarşı çıxaraq yazır: “Vay Suruş, vay evi yıxılmış Suruş. Bu nə rüsvayçılıqdır ki, sən bizim başımıza gətirirsən?..” (3-cü cild, s. 302)

Mirzə Fətəliyə hansı yöndən yanaşılsa, yenə də o, hərtərəfli böyük şəxsiyyət kimi tarixdə qalacaqdır. Şair, dramaturq, ictimai xadim, filosof, tənqidçi, inqilabçı və nəhayət islahatçı Mirzə Fətəli Azərbaycan və Şərq tarixində hər zaman layiqli yerini alacaqdır. Şərqin islahatçısı kimi onun həmin dövr üçün əhəmiyyətli yerini İranın qabaqcıl dövlət xadimı Mirzə Melkum xan təyin etmişdir. Mirzə Melkum xan ona yazdığı məktubda deyir: “Siz böyük məqsədin böyük atasısınız, biz isə sizin məqsədiniz yolunda vuruşan mücahidlərik” (3-cü cild, s. 302). Dahi islahatçı Mirzə Fətəli Axundzadə haqqında XX əsrin əvvəllərində İran inqilabının fəal iştirakçılarından olan Mirzə Nəsrullah Melikul Mütekellim yazır: “Mirzə Fətəli Axundzadə İran inqilabının ilk carçısı olmuşdur. İran xalqını qəflət yuxusundan oyatmaqda onun əsərlərinin təsiri böyük olmuşdur. O böyük vətənpərvər, nəcib insan və mütərəqqi mütəfəkkir kimi bizim hamımızın müəllimi olmuşdur.” (3-cü cild, s. 20)


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации