Электронная библиотека » Hüseyn Baykara » » онлайн чтение - страница 9


  • Текст добавлен: 13 января 2023, 17:59


Автор книги: Hüseyn Baykara


Жанр: Документальная литература, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 15 страниц)

Шрифт:
- 100% +
 
Axtarmaq ilə mövsümü gülzar ələ düşməz…
“Azərbaycanı”
“Hicazə”, “Nişapura” onu eyləmə həmtay,
Həm mülkü “İraqa.”
 

Zakir vətəni Azərbaycanı hər zaman bahar, gül-çiçək olan ölkə kimi tərifləyir.

Vidadi və Vaqifin “Durnalar” şeirinə bənzətmə kimi yazdığı:

 
Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
 
 
Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin səsiniz anlar,
Qorxuram toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!
 
 
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa durnalar!
 
 
Mən sevmişəm onun ala gözünü,
Nəsib ola bir də görəm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?
 
 
Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa durnalar!
 

Zakir bu şeiri Bakıda sürgündə ikən yazmışdır. Vətən dərdi Zakirin ən böyük ilham qaynağı, mübarizə səbəbi, bir sözlə yaşamının mənasını təşkil edirdi. “Bu yerlərdə hər gün tökülür qanlar” deyən şair rus işğalının yalnız Qarabağda deyil, Bakıda da günahsız xalqın qanını tökdüyünə işarə edir. Durnalara yavaş və səssiz uçmağı məsləhət görən şair rusların vətənini dağıtdıqları kimi “laçın”ın (yırtıcı quş) da durnaların sırasını dağıda biləcəyini xəbər verir.

Bütün bu sadalananlar Zakirin Azərbaycanın oyanışında-intibahında digər şairlərdən fərqli və ən yüksək mövqe tutduğunu göstərir. O, digər şairlər kimi “sənət sənət üçündür” fikrinə məhəl qoymurdu. O şeiri sevdiyi bir məşğuliyyət olduğu üçün yazmırdı. Cəmiyyətin bütün dərdlərini, əməllərini, əsarətin acılarını, haqsız axıdılan qanların hesabını, həyat və mücadilənin bütün yönlərini, yaşadığı dövrdə onun sənətində görmək mümkündür. Bu səbəbdən Zakir Azərbaycan oyanışına öndər olanlardan biridir və Milli şair adını haqq etmişdir.

Firidun bəy Köçərli deyir ki: “Hacı Qara” pyesinin mövzusunun Mirzə Fətəliyə Zakirin verdiyini söyləyirlər. Bu çox təbiidir, çünki bu pyesdə hadisələrin cərəyan etdiyi məkan Qarabağdır. Mirzə Fətəli ilə dostluğu və yazışmaları nəzərə alınarsa, bunun doğru olduğunu qəbul edə bilərik. (Firidun bəy Köçərli. I cild, II hissə)

MİRZƏ ŞƏFİ VAZEH

Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncədə doğulmuşdur. O, Abbasqulu ağa Bakıxanovun müasiri və Mirzə Fətəli Axundzadənin müəllimidir. Atasının Cavad xanın sarayında memar olduğu fikri mövcuddur. Kiçik yaşlarında atasını itirmiş və Gəncədə Hacı Abdullah adlı birinin himayəsinə sığınmışdır. Hacı Abdullah açıq düşüncəli və mütərəqqi birisi idi və Mirzə Şəfinin hələ uşaqlıq illərindən düşüncələrinin formalaşmasında böyük təsiri olmuşdur.

Mirzə Şəfi Gəncə mədrəsəsində təhsil almışdı. O, ərəb və fars dillərini də burada öyrənmişdi. Lakin Vazehə mədrəsə təhsilini tamamlamaq qismət olmadı. Çünki Vazehin düşüncələri müəllimlərini narahat edirdi və onu öyrətmək istəmirdilər. Mədrəsə təhsilini yarımçıq qoyan Mirzə Şəfi özü-özünü inkişaf etdirdi. İran klassiklərini araşdırıb öyrəndi. Himayədarı Hacı Abdullahın köməkliyi ilə Cavad xanın qızı Püstə xanımın torpaq sahəsini idarə etməyə başladı. Kəndin katiblik işlərini icra etdiyi üçün onu mirzə adlandırdılar. 1826-cı ildə İran ordusu Abbas Mirzənin rəhbərliyi ilə Gəncə ətrafına gələrək ruslarla döyüşə başladı. Lakin məğlub olan qoşun geri çəkilməyə məcbur oldu. Cavad xanın oğlu Uğurlu xan da İran ordusunda idi. Ordu geri çəkilərkən Püstə xanım da qardaşı ilə birlikdə İrana qaçdı. Bundan sonra ruslar Püstə xanımın torpaqlarını ələ keçirdilər. Ərazilərin katibliyi əlindən çıxdığı üçün Mirzə Şəfi darlıq çəkməyə başladı.

Maddi sıxıntılar çəkən Mirzə qarşılaşdığı çətinliklərə baxmayaraq işləməyə başladı. Şair və filosof olan Mirzə Şəfi müəllim və xəttat kimi fəaliyyət göstərdi. Azərbaycandakı ilk “Üsuli-cədid” məktəbini açan Mirzə Şəfi Vazehdir. Bu məktəb Gəncədə Şah Abbas məscidinin yanında idi. Mirzə Fətəli bu məktəbin şagirdi olmuşdur. Mirzə Fətəli xatirələrindən birində Mirzə Şəfi ilə qarşılaşmasını belə nağıl edir: “Bir gün Mirzə Şəfi məndən soruşdu ki, elm öyrənməkdə məqsədin nədir? Mən isə cavabımda dedim ki, istəyirəm molla olum. Mirzə Şəfi “Səndə onlar kimi riyakar, şarlatan olmaq istəyirsən?– deyə soruşdu. Bundan sonra mənə başqa yollar göstərməyə başladı. Mənim fikirlərimin dəyişməsinə səbəb oldu.” (“Azərbaycan teatrının müxtəsər tarixçəsi 1873-1923” Maarif Komissarlığı nəşri, Bakı 1923, s. 17).

1830-cu ildə baş verən bir hadisə Mirzə Şəfinin humanistliyi və açdığı məktəb haqqında yetəri qədər məlumat verməyə kifayət edir. Mirzə Şəfi 1840-cı ildə Tiflisə gedir və orada Mirzə Fətəlinin köməkliyi ilə rus məktəbinə Azərbaycan və fars dili müəllimi kimi təyin olunur. Burada işlədiyi müddətdə Mirzə Şəfi rus və Avropa klassiklərini öyrənmək şansı əldə edir. Tiflisdə olduğu illərdə “Divani Hikmət” adlı ədəbi dərnək yaradan şair dövrün Tiflisdə yaşayan şair və filosoflarını bir araya toplamağa müvəffəq olur. Dərnəyin üzvləri arasında gürcü və erməni ziyalılar olmaqla yanaşı alman F.Bodenşted də var idi. Bodenşted Mirzə Şəfidən fars dilini öyrənir, özü isə ona Avropa klassikləri haqqında məlumat verirdi. 1846-cı ildə Mirzə Şəfi yenidən Gəncəyə qayıdır və dövlət məktəbində türk dili müəllimi kimi işləyir. 1850-ci ildə Tiflisə ikinci dəfə gedişində gimnaziyaya müəllim təyin edilir. 28 noyabr 1852-ci ildə Tiflisdə vəfat edir.

Mirzə Şəfi şeir və ədəbiyyat külliyyatını tələbəsi Bodenştedə vəsiyyət etmişdi. Yazılarından birində belə deyirdi: “Şagirdim və dostum Bodenşted bəyin xahişinə görə, mən Mirzə Şəfi qəsidə, qəzəl, tərcümə və məsnəvidən ibarət olan məcmuəmi ona hədiyyə edirəm.” (“Azərbaycan ədəbiyyatı tarixi” 2-ci cild, s. 88, Bakı 1962, Elmlər Akademiyası nəşri).

Bodenşted Almaniyada çap etdirdiyi “Şərqdə 1001 gün” adlı kitabına Mirzə Şəfinin əsərlərini də daxil etmiş və şair haqqında izahat vermişdi. Bununla yanaşı şairin bəzi şeirlərini alman dilinə tərcümə edərək “Mirzə Şəfinin mahnıları” adı ilə çap etdirmişdir. Mirzə Şəfini dünyada tanıtdıran məhz Bodenşted olmuşdur. Mirzə Şəfinin əsərləri ingilis, fransız, rus, italyan, isveç, holland, norveç, danimarka, polşa, çex və hətta qədim yəhudi dilinə də tərcümə edilmişdir. Dərin fəlsəfi şeirləri çox bəyənilirdi. Mirzə Şəfi lirik, didaktik, satirik şeirlər də yazmışdı. Fəlsəfi düşüncələri heç də mistik və ya bədbin deyildi. Həyat haqqında nikbin və dünyəvi düşünməyi bacarırdı.

Tiflisdə müəllim işlədiyi dövrdə ilk dəfə “Türk dili” kitabını yazmışdı. Bu kitab məktəblərdə dərs vəsaiti kimi istifadə olunmuşdu. Azərbaycan elminə və irfanına böyük xidmətlər göstərən və Azərbaycanın ilk intibahçılarından olan Mirzə Şəfinin şeir və əsərlərini Bodenşted 1873-cü ildə alman dilinə tərcümə etmiş və öz adından nəşr etdirmişdi. Mirzə Şəfi adlı bir şəxsin əslində olmadığını, ilk əsərlərində onu simvolik ad kimi istifadə etdiyini iddia etmiş və Mirzə Şəfini inkar etmişdi. Lakin Bodenşted öz istəyinə çatmamışdır, bu iddia mədəniyyət qrupları arasında qəbul edilməmişdir.

Türk dilində şeirləri bir neçə bənd şəklində ələ keçmişdir. Mirzə Şəfini Şərq və digər Azərbaycan mənbələrindən alınan məlumatlara əsasən tanıyırlar. Beləliklə, Mirzə Şəfi Azərbaycan və Şərq mədəniyyəti ilə Qərb mədəniyyətini ortaq nöqtəyə gətirməyi bacarmışdı. Mirzəni anlayan və sevən avropalı Azərbaycanı və şərqi də anlayıb sevə bilər.

Türk dilində tapılan şeirlərindən nümunələr:

 
Nə qədər kim, fələyin sabitü səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.
Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər,
Sərv rəftara gəlür, qılsa qədin bağə güzər,
Qönçə gər ağzın ilə qarşu dura, boynu əyər,
Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,
Desələr Vazehə böhtandı müsəlman, Süsəni!
Ey nəzakət çəməni içrə xuraman Süsəni,
Xublıq kişvərinin təxtinə sultan Süsəni.
 

Bu şeiri sevdiyi Suzanna adlı erməni qıza yazmışdı.

 
Xəsislikdə vurub ömrünü başa,
O dünyada cənnət axtarır nadan.
Bizi cəhənnəmlə qorxudur mufti,
Qorxmaz boş sözlərdən ağıllı insan.
Müftünün nə qədər olsa əfsunu,
Uymaz Mirzə Şəfi ona heç zaman.
 

Bu şeirlə təəssübə qarşı çıxdığı açıq-aşkar görülür. Mirzə Şəfinin yaşadığı dövr üçün bu çıxış intibah yox, inqilab kimi qiymətləndirilməlidir. Mirzə Şəfi Azərbaycan irfanına xidmət göstərməsəydi də, Mirzə Fətəli Axundzadə kimi intibahçı, dahi dramaturqu Azərbaycana bəxş etməsi belə kifayət edirdi. O dövrün Qərb fəlsəfə və ədəbiyyat nümayəndələrini öz təsiri altına alan və Qərbdə bir şərqli irfan təmsilçisi kimi təkcə Azərbaycana yox, Şərqə xidmət etmişdir.

İSMAYIL BƏY QUTQAŞINLI

İmperialist Çar Rusiyası Azərbaycan türk xalqını ruslaşdırmaq məqsədi ilə Cənubi Qafqazda bir neçə rus məktəbi açmışdır. Bu cür məktəbləri açmaqda ikinci məqsəd rus müstəmləkə idarəsinə məmurlar yetişdirmək idi. İlk olaraq Tiflisdə Qafqaz naibi general Knorrigin səyi ilə 1803-cü ildə “Tiflis Nücəba məktəbi” açıldı. Yəni bu məktəbdə nəcib, zadəgan ailələrinin övladları təhsil alacaqdı. Naib, general Yermolovun dövründə Tiflisdə başqa məktəblər də açıldı. 1830-cu ildə Şuşada, 1831-ci ildə Nuxada (Şəkidə), 1832-ci ildə Bakıda, 1833-cü ildə Gəncədə, 1837-ci ildə Şamaxıda rus məktəbləri açılmışdı. Həmin bu məktəblərdə Azərbaycan türkcəsi də tədris olunurdu. Mirzə Fətəli Axundzadə Nuxadakı rus məktəbində oxumuş, Mirzə Şəfi Gəncədəki rus məktəbində müəllimlik etmişdir. Bu məktəblərin dərs proqramlarına Azərbaycan türkcəsindən başqa farsca, rusca, hesab, coğrafiya və din dərsləri daxil idi. İsmayıl bəy Qutqaşınlı da belə məktəblərin birində oxumuşdur. Məktəbi bitirdikdən sonra Rus hərb məktəbinə daxil olmuşdur. Beləcə yetişməkdə olan Azərbaycan ziyalılarından bir neçəsi tam olaraq formalaşdıqdan sonra Çar Rusiyasının əzici zorakılığını anlayaraq köləlik rejiminə qarşı çıxmış və Qərbə meyl etmişlər. Professor Mirzə Kazım bəy qərb dillərini öyrəndikdən və Qərb elm dünyasında İngilis Elm Akademiyasına üzv seçildikdən sonra bir çox əsərini ingilis dilinə tərcümə etmiş və bu dildə əsərlər yazmağa başlamışdır. Tiflisdə “Nücəba” məktəbini bitirən Qutqaşınlı fransız dilini öyrənmiş və “Rəşid bəy və Səadət xanım” adlı əsərini bu dildə yazmışdır. Bakıxanlı və Mirzə Fətəli Polşa, Baltikyanı ölkələrə və eləcə də Finlandiyaya səfər etmişdilər. Onlar Qərb mədəniyyətinə daxil olmaqla bərabər ruslara əsir olan digər millətlərin siyasi və mədəni vəziyyətlərini də öyrənmişdilər. Bütün bunlar göstərir ki, bu gün Azərbaycanda türk kommunist elm adamlarının bəh-bəhlə təriflədikləri Ağabəy (?) rus millətinin həmin dövrdəki mədəni səviyyəsi Azərbaycan maarifçilərini razı salmayıb.

İsmayıl bəy Qutqaşınlı əsərini fransız dilində yazdığı üçün Azərbaycanda geniş xalq kütləsi arasında çox tanınmayıb. Firidun bəy Köçərli Qutqaşınlı haqqında Azərbaycanın intibah dövrünün şairi Zakirdən bəhs edərkən məlumat verir. Çar Rusiyasının məmurları haqqında: “Hər cür cəhdlə xalqın malını yeməyə çalışan, avam insanları aldadan” müstəmləkəçiləri tənqid etdiyi üçün Zakiri Bakıya, oğlu və qardaşı oğlunu isə Sibirə sürgün edən Qarabağ hakimi general Tarhanovun elədiyi zülmlərdən bəhs edən Köçərli Zakirin haqsız sürgündən xilas olması üçün Tiflisdə imperator naibliyi idarəsində çalışan general İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə və Rəhim bəy Uğurlubəyliyə və başqalarına yazdığı mənzum məktublarda da məlumat verir. Əkin sahəsi, malı-mülkü yağmalanan Zakir yuxarıda adı çəkilən şəxslərin səyləri ilə o dövrün naibi tərəfindən əfv edildi, oğlu və qardaşı oğlu Sibirdən azad oldu, özünün isə Qarabağa getməsinə icazə verildi. Zakirin Qutqaşınlıya yazdığı məktubda bir neçə bəndə nəzər yetirək:

 
Bu əhildən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədət,
Qutqaşın tərlanı, Şəki şahbazı,
Sakin bilad Şirvandan mədət.
 
 
Nücəbalar qədrin bilir nücaba,
Əxlaqına, ətvarına mərhaba,
Daş daş üstə durmaz aləmdə əsla,
Dəyməsə insana insandan mədət.
 
 
Qəzayı-mihnətdə qalmışam möhtac,
Uşaqlarım olub vətəndən ixrac,
Təbibi hazık sən eylə bir əlac,
Yoxdur mənə özgə dərmandan mədət.
 
 
Namərd ətəyindən tutsan yüz il,
Etibarın yoxdur, hal ola müşkül,
Olsa olacaqdır dərdinə ey dil,
Xələfi Nəsrullah Sultandan mədət.
 

Firidun bəy Köçərli yazır: “Qasım bəy Zakirə köməklik edənlər arasında Qutqaşınlı Nəsrullah Sultanın xələfi general İsmayıl bəy də var idi. Şairin İsmayıl bəyə yazdığı məktubdan məlum olur ki, onlar arasında əlaqələr möhkəm idi. (Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialları” I cild, II hissə, s. 401-402, Bakı, “Azərnəşr” 1925).

Qutqaşınlı əsərini fransızca yazdığı üçün Azərbaycanda geniş xalq kütləsi tərəfindən oxunmayıb. Ancaq az sayda ziyalılar tərəfindən oxunmuş, tanınmışdır. Bu əsər Mirzə Fətəli Axundzadə dramaturgiyası ənənəsinin ölçü çərçivəsində olmuşdur. Həmin dövrdə bu əsər mütərəqqi bir həmlə və hadisə hesab olunurdu.

Bu əsərin fransız dilində çap olunan bir nüsxəsində son boş səhifəsində Mirzə Fətəli Axundzadənin əl yazısı var. O, belə yazır: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilmir. Ona görə də mən bugünkü sevincimi sizinlə bölüşəcəm. Mənim sevincimin səbəbi başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər də şübhənin qalmamasıdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib günə saxlayıram.” (15 mart 1846, Mirzə Fətəli “Azərbaycan SSRİ Əlyazmaları fondu, inv № 2080– “Azərbaycan ədəbiyyatı tarixi” s. 36).

Qutqaşınlı bu əsəri ilə Azərbaycan tarixində Mirzə Kazım bəy, Bakıxanlı, Mirzə Şəfi Vazeh, Zakir kimi intibahçıların sırasında yer tutmaq haqqını qazanmışdır.

İsmayıl bəy Qutqaşınlı bəy ailəsindən idi. Atası Nəsrullah Sultan Qutqaşınlının son hakimi idi. Hər necə olsa da, rus hərbi məktəbinə daxil ola bilmişdi. 1830-cu illərdə rus ordusunda zabit idi. 40-cı illərdə polkovnik, daha sonra topçu general-mayor rütbəsini almışdır. Vəzifəsinin tələblərinə görə, o, Rusiyanın əsas şəhərlərini gəzirdi. O, rus dilindən başqa fransız dilini də öyrənmişdi. 1841-ci ildə o, ordudan istefa verərək Qutqaşınlı kəndinə geri qayıdır. Qutqaşınlı fransız dilində “Rəşid bəy və Səadət xanım” adlı hekayəsini yazmışdı. Bu hekayə 1835-ci ildə Varşavada nəşr edilmişdi. Hekayənin qəhrəmanları olan Rəşid bəy və Səadət xanım o dövrün Azərbaycan zadəgan ailələrinin gənc nümayəndələridir. Rəşid bəy köhnə, patriarxal yaşayışın əleyhinədir. Yeni Qərb tərzində həyat arzulayır, azadlığı sevir, qarşılıqlı və mədəni şəkildə Səadət xanımla evlənir, yeni bir həyat qurur. Zadəgan sinfinin nümayəndəsi olmasına baxmayaraq o, torpağa bağlı yarı qul durumda olan kəndlilərin halına qayğılanır. Onların əzilməsini qəbul edə bilmir. Lazım gələrsə onlar üçün canından da keçəcəyini vurğulayır. Evlənmək istəyərkən ailəsi onu tanımadığı hansısa bir bəy qızı ilə evləndirmək istəyirlər. Rəşid bəy bu haqda əsərin əsas qəhrəmanlarından biri olan Əziz ilə söhbət edir: “Heç tanımadığım bir qız üçün mən candan əziz tutduğum və pərəstiş etdiyim mehriban atamı, gözəl vətənimi və vəfalı kəndlilərimi tərk edib necə qonşu bəyə xidmətə gedim? Yox, əzizim, yox. Mən bu qızdan imtina edirəm. Gedək Səadəti istəyək.” Buradan da aydın olur ki, rus və fransız dilini yaxşı bilən Qutqaşınlı yaşadığı dövrün liberalizm cərəyanına qoşulmuşdu. O, xeyirxah, mərhəmətli, ziyalı ağadır. Onun yaşadığı dövrdə, yəni 1830-cu illərdə Azərbaycanda baş verən kəndli üsyanları və Çar Rusiyasının ağalıq siyasəti ilə bağlı çıxışları görünmür. O, kəndlilərlə ağa arasında sanki barış toxumu səpir.

Əsərdə Səadət xanım ata və anası tərəfindən özündən kiçik Əsgər ağa adlı birisi ilə nişanlandırılıb. Səadət xanım “Südəmər bir uşağa ərə getməkdənsə qəbrə getmək yaxşıdır” deyir və Rəşid bəyə qoşulub qaçır. Əsərdə qadın hüquqsuzluğunun simvolu olan və bundan bəhs edən Səadət xanım əsl türk qızıdır. Qutqaşınlı əsərdə qadınların əsir həyatını belə təsvir edir: “Şərq qadınları ata və qardaşından başqa heç kəsi görmür. Əlbəttə belə bir şəraitdə yaşayan qadının bu qədər asanlıqla sevgiyə aldanmasını təsəvvür edə bilməzsiniz. Əgər siz də bu qadınların yerində olsaydınız, onlar kimi dörd divar arasında, pərdə arxasında yaşasaydınız, onda Səadətin əsərin qəhrəmanına qoşulub qaçmasını ümidvaram ki, bağışlayardınız və hekayənin davamını maraqla oxuyardınız.”

Qutqaşınlının əsərində zəhmətkeş xalq sinfindən nökər Əziz və qulluqçu Şamah kasıb insanların da haqq sahibi, şəxsiyyət və ağıl sahibi olduqlarını göstərən obrazlardır. Əziz və Şamah zəhmətkeş və vəfalı xidmətçilərdir. Ona görə də Rəşid bəyə və Səadət xanıma məsləhətlər verirdilər. Hekayədəki epizodik obrazlar olan Əsgər ağa, Kazım xan, Tutu xanım tənqid edilən tiplərdir. Mövzu baxımından hadisələrin ardıcıl sıralandığı bu əsər bədii ifadə baxımından da qüvvətli və təsirlidir. Qəhrəmanların mənəvi aləmini, onların bir-biri ilə olan səmimi münasibətlərini, hiss və həyəcanlarını dərindən göstərmək üçün təzadlardan istifadə etmişdir. Beləliklə, yazıçı oxucunu təbiət mənzərələrinin təsvirindən qəhrəmanların daxili aləminə aparır. Hekayədə hadisələr ardıcıl baş verir və bir-birinin yaranmasına səbəb olur. Yazıçı bəzən lirikaya müraciət etsə də, dərhal mətləbə qayıdır. Bu əsərdə xalq ədəbiyyatı nümunələrindən də istifadə edilmişdir. Xalq dialektində olan sözlərə də rast gəlinir. Əsərdə təbiətə məftunluq, dərin ailə sevgisi, səadətin taleyindən şikayət, yıxılmış xəyallar, ürək çırpıntıları və s. əsərə sentimental ruh vermişdir.

“Rəşid bəy və Səadət xanım” hekayəsi Azərbaycan xalqının milli məişətini, adət-ənənələrini, yaşıl meşələr, üstündən qartallar uçan dağlar və meyvə bağçalarını gözəl şəkildə tərənnüm edən orijinal əsərdir. (“Azərbaycan ədəbiyyatı tarixi”, C.II, 1962, s. 34, 35, 36)

XIX ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCANDA İQTİSADİ, SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFIN QISA XÜLASƏSİ

Bakıda neft istehsalı artmışdı və 1857-ci ildə rus mühəndisi Voskoboynikov neftin təmizlənməsi üçün qurğu hazırlasa da təcrübə zamanı uğur əldə edilməmişdi. 1865-ci ildə Şəkidə buxar ilə işləyən dəzgahları olan ilk ipək fabriki quruldu. Bu fabrik ildə 1200 pud (bir pud 8 kq-dır) ipək hazırlamışdı. Həmin bu fabrikdə 200-300 nəfəri qadın olmaqla 800 işçi işləyirdi. 1855-1856-cı illərdə Gədəbəydə mis fabriki, 1865-ci ildə Daşkəsəndə kobalt fabriki qurulmuşdu. Həmin ildə Zagluqda mis əridən peçlər var idi. Beləcə Azərbaycanda Qərb kapitalist sənayesi yaranırdı. Bu hadisələrin təbii nəticəsi kimi xalq da kapitalist münasibətlərinə girişirdi. Çar Rusiyası Qafqazda və Azərbaycanda öz müstəmləkəçilik siyasətini yeridərək yeraltı mədənlərdən sərvətləri çıxarır və xam maddə Rusiyaya daşınırdı. Bu hadisəni təsvir edən Lenin yazırdı: “Qərbi Rusiyanın cənubu və şərqi, Qafqaz və Orta Asiya, Sibir, Rus kapitalizminin müstəmləkəsi kimi onun dərinləməsinə olduğu qədər, genişlənməsinə də təsir göstərirdi.” (Qasımov, s. 2– “Lenin əsərləri” 4-cü cild, s.76). Lenin Çar Rusiyasının Azərbaycanı bir müstəmləkə kimi istismar elədiyini etiraf etsə də, rus imperializminin Qafqazı işğal etməsini proqressiv hadisə kimi qiymətləndirir: “XVIII əsrdə İran və Türkiyə feodalizmi ən az barbarlıq səviyyəsindədir.” (“Lenin əsərləri” 10-ci cild, s. 16). Halbuki Rusiyada cəmiyyətin əsasında kapitalizm münasibətləri XIX əsrdə yaranmışdı. Türkiyə və İran mədəni və iqtisadi cəhətdən aşağı səviyyədə ikən Rusiyada “Maarifçiliyin daha çox ünsürləri, xüsusi ilə sənaye ünsürləri var idi.” (Qasımov, s. 4). Leninin bu fikirlərini sosializm tarixində Engelsdə də görürük. 13 may 1851-ci ildə Engels Marksa yazdığı məktubda Rusiyanın Qafqaz, Xəzər dənizi ətrafı və Mərkəzi Asiyanın işğalını proqressiv hadisə kimi qiymətləndirmişdi. (“Marks-Engels əsərləri” 21-ci cild, s. 221, 1929-“Azərbaycan ədəbiyyat tarixi” s. 8). Halbuki Marks Çar Rusiyası imperializminin Qafqazı işğalını və Şərqə doğru yayılmaqlarını barbarlıq kimi qiymətləndirir. Karl Marks 1864-cü ildə Birinci İnternasionalizm qurucu məclisinə göndərdiyi proqram layihəsində deyirdi: “Avropanın zəngin təbəqəsinin Qafqaz dağlarındakı yüksək qalaların Rusiya tərəfindən işğalını və qəhrəman Polşanın əzilməsini təsvir etmələri, bu hadisələrə loyal yanaşmaları və dəli bir ruhla qarşılamaları bir həyasızlıqdır. Bu barbar dövlətin sərhədsiz və maneəsiz işğallarının başı Peterburqda, əlləri isə Avropadadır.” (Noy Jordaniya “Наши разногласия” , Paris 1928, s. 9-10-12).

XIX əsrdə rus qəzetlərində tez-tez belə elanlara rast gəlinirdi: “Köhnəlmiş bir maşın və iki gənc qız satılır. Gənc və sağlam olan qızlar hətta toxumağı da bacarırlar. Təcrübə üçün baxmaq mümkündür.” (Mirzə Bala “Milli Azərbaycan hərəkatı” s. 24, 1938). Bu durum qarşısında barbarlığın hansı tərəfdə olduğu görünür və əslində Marksın fikirlərinin doğruluğu aydın olur.

Zaman-zaman Rusiya heç bir pis niyyətinin olmadığını, bu millətləri himayə etmək istədiyini bildirir. İnsanlar Rusiyanın himayə iddiaları qarşısında daima hazır dayanmalı, ehtiyatı əldən verməməliydilər. Məsələn, rus himayəsi romalılara baha başa gəlmişdi. Bir zamanlar ruslar hindistanlıları da himayə etmək istəmirdilərmi? Krım, Baltikyanı ölkələr, Gürcüstan, Çərkəz və digər Qafqaz tayfaları haqqında da eyni iddialar irəli sürülmürdümü? İndi də türkləri himayə etmək qərarına gəlmişdilər. Buna qarşılıq kimi hər birimizin gözlərimizi açmağımız lazımdır. (Professor Fındıqoğlu Z. Fəxri “Karl Marks” s. 68, İstanbul 1962).

Leninin barbarlıqla günahlandırdığı o dövrün Osmanlı İmperatorluğunda Rusiyada olduğu kimi, öz vətandaşlarına tətbiq etdiyi köləlik rejimi yox idi. Yenə XVIII əsrin birinci yarısında Osmanlılar Prutda I Pyotru məğlub etmişdilər. Bu isə onu göstərir ki, qərb anlamında Rusiyanın vəziyyət heç də Türkiyədən daha yaxşı deyildi. Və Rusiyada da qərb izi görünmürdü. Nə olursa-olsun, XIX əsrin ikinci yarısında Azərbaycan Rusiyanın müstəmləkəsinə çevrilmişdi. Beləliklə, xanlıqlar dövrünün feodal münasibətləri yox olmağa başlamışdı. Kapitalizmin inkişafı ilə yanaşı 50-60-cı illərdə kənd təsərrüfatı mallarının istehsalı da inkişaf edirdi. Tütün, ipəkqurdu, pambıq, üzümçülük və başqa istehsal məhsulları ildən-ilə artırdı və bu mallar Rusiyanın daxili bazarlarına göndərilirdi. Bundan başqa şəhərlərdə orta və kiçik sənaye və ticarət də inkişaf edirdi. 1850-ci ildə “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” qurulmuşdu. Bu cəmiyyət kənd təsərrüfatı avadanlıqlarının yeniləmək, əkin, toxum işlərini təkmilləşdirmək və başqa ölkələrin nəbatatını Azərbaycanın iqlim, torpaq şərtlərində təcrübə etməyə başlamışdı.

Bakıda inkişaf edən neft sənayesi Rusiyaya idxal edilməkdə olan Amerikan nefti ilə rəqabətə girə bilirdi. Elə bu dövrdə çarlığın icazəsi ilə Azərbaycana xarici sərmayə axın etməyə başlamışdı. 60-cı illərdə Qərb kapitalistləri tərəfindən qurulan Gədəbəydə mis, Daşkəsəndə boya, Pirallahıda parafin fabriklərinin sayı 20-yə çatırdı. Rusiya daxilindən və Avropadan gətirilən mallar üçün Azərbaycan bazar rolunu oynayırdı. 1859-cu ildə Şamaxıda böyük mal və can itkisinə səbəb olan zəlzələdən sonra vilayət mərkəzi Bakıya köçürüldü.

Bakı neft sənayesi və liman şəhəri oldu. İran, Avropa və Rusiyadan gələn ticarət yolu Bakıdan keçirdi. 70-ci ildə Bakı artıq Qərb tərzində kapitalist şəhər idi. 1872-ci ildə neft torpaqlarının icarədən xilas olması (neftlə zəngin torpaqlar dövlətin mülkiyyətində idi, dövlət bu torpaqları icarəyə verirdi.), hər kəsə neftlə zəngin torpaqlar üzərində mülkiyyət haqqının verilməsi ilə iş adamları neft torpaqlarına sahib çıxdılar. Xarici sərmayə Bakı neftinə yatırım etməyə başladı. Neft istehsalı artaraq Çar Rusiyasının ehtiyacını qarşılamaqla yanaşı xarici ölkələrə ixrac edilirdi. “Moskva Ticarət otağı” və “Qafqaz –Merkuri” dəniz nəqliyyat şirkətləri qurulmuşdu. Azərbaycan rus və qərb bazarlarına neftdən başqa yun, şərab və başqa məhsullar da ixrac edirdi. Azərbaycanı dünya ticarət bazarına aparan faktorlar bunlar idi. Azərbaycanın bu inkişafına paralel olaraq Azərbaycan nefti rus sənayesinin də inkişafına böyük köməkçi faktor olmuşdur. Rusiya sözün tam mənasında kapitalizm dövrünə, II Aleksandr 1861-ci ildə köləlik rejimini ləğv etdikdən sonra girə bilmişdi. (M.M.Qasımov “Очерки по истории Передавой Философской и общественно политической мысли Азербайджанского народа XIX веке” 1959, Bakı). Azərbaycan qərb anlamında kapitalist-ticarət dövrünə daxil olarkən bu gedişin mədəniyyət və maarif sahəsinə də öz təsirini göstərməsi təbii hal idi. XIX əsrin birinci yarısında açılan rus məktəblərində yetişən türk ziyalılarının sayı günbəgün çoxalır, bu məktəblərin də sayı artaraq bütün ərazidə yayılırdı.

Azərbaycanda sənaye və ticarət həyatının genişlənməsi ilə yanaşı mədəni həyat da inkişaf edirdi. Bu çox təbii hadisə idi. Vilayət mərkəzi Şamaxıdan Bakıya köçürüldükdən sonra Bakıda rusca orta məktəb açılmışdı. Bundan başqa, Mirzə Fətəli başda olmaqla bir neçə türk maarifçisinin səyləri nəticəsində Gürcüstanda Qori müəllimlər seminariyasının nəzdində Azərbaycan türkləri üçün “Müsəlman” şöbəsi açılmışdı. (“Azərbaycan SSR Elmlər Akademiyası Respublika Əlyazmalar fondu” №1913, Rəşid bəy Əfəndiyevin arxivi. “Azərbaycan Ədəbiyyat tarixi” s. 128).

Bundan başqa Şuşa və Şamaxıda “Реальная школа” deyilən məktəblər açılmışdı. XIX əsrin ikinci yarısında Azərbaycan ziyalılarının çoxu bu məktəblərdə yetişmişdilər. Məsələn, Nəcəf bəy Vəzirli Bakı realnisinin, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim Haqverdili –Şuşa realnisinin məzunu idilər. Cəlil Məmmədquluzadə, Süleyman Sani, Üzeyir Hacıbəyli, M. Mahmudbəyli, Nəriman Nərimanov, Rəşid bəy Əfəndizadə Qori Müəllimlər seminariyasını bitirmişdilər. Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyli Tiflis müəllimlər institutunda yetişmişdilər. Bu şəxslər Azərbaycanın mədəniyyət və pedaqoji dəstəsinin başçıları idilər. Həmin dövrün görkəmli ziyalılarından Həsənəli xan Qarabaği və Səfərəli bəy Vəlibəylinin yaxından iştirakı ilə Şamaxıda doğulub böyüyən A.O. Çerniyayevski ilk məktəblər üçün 1883-cü ildə fonetika ilə bağlı “Vətən dili” adlı dərslik hazırlamışdı.

Rəşid bəy Əfəndizadə fonetik əsaslara uyğun "Uşaq bağçası" adlı dərs kitabını nəşr etdirmişdir. Bu dövrdə Azərbaycan ziyalılarınım səyləri nəticəsində ilk məktəblər yaranırdı. Bu məktəblər "Üsulu-cədid" adlanırdı. Şamaxıda Seyid Əzim Şirvani (1835-1888), Şuşada Mir Möhsün Nəvvab (1833-1918), Lənkəranda Mirzə İsmayıl Qasir (1824-1879), Ordubadda Məhəmməd Tağı Sidqi (1854-1904) bu Üsulu-cədid məktəbinin qurucularından idilər. ("Azərbaycan ədəbiyyatı tarixi" s. 129). Bu məktəblərdə fars dili və şəriət dərslərindən başqa ana dili (türkcə), tarix, coğrafiya, təbiət və hesab dərsləri öyrədilirdi. Bu tarixdən sonra dövlət məktəbi olaraq 1880-ci ildə Bakıda Həbib bəy Mahmudbəyli və Sultan Məcid Qənizadənjn səyləri ilə "Rus-Tatar məktəbi" adı ilə təhsil ocağı açılmışdı. Bu məktəbdə təhsil rus və türk dilində tədris edilirdi.

Yenə bu dövrdə Azərbaycan Peterburq, Moskva və Avropa ölkələrinə ali təhsil almaq üçün tələbələr göndərirdi. Həsən bəy Zərdabi (1837-1907) Peterburqda Biologiya və Riyaziyyat fakültəsini bitirir. Nəcəf bəy Vəzirli (1854-1926) Moskva Kənd təsərrüfatı akademiyasını, Əsgər ağa Gorani Adıgözəl (1857-1910) Moskvada başqa bir ali məktəbi bitirərək Bakıya geri qayıdırlar. Hüseynzadə Əli bəyin Peterburqda, Əhməd Ağaoğlunun Parisdə ali təhsil aldıqları da məlumdur.

Beləcə, XIX əsrin son 25 ilində Azərbaycanda ali və orta təhsil alan bir çox ziyalılar yetişmiş, mətbuatın, teatrın ilk toxumları əkilmiş, incəsənət, ədəbiyyat sahələri üzrə addımlar atılmış və yollar açılmışdı. Bu inkişaf səylərinin qarşılığında geri fikirli cəmiyyət nümayəndələri də sakit dayanmır, öz mənafeləri naminə inkişafa mane olmağa çalışır, ziyalılara quyu qazmaq üçün əllərindən gəlıni edirdilər. Seyid Əzim Şirvaninin belələri haqqında dediyi fikirlər, mübarizənin kəskinliyini ifadə edir:

 
Lık bir parə mərdi-hiylətkar,
Eyləyir dərs üçün İraqa səfər.
 
 
Kimisi şehri-İsfahana gedir,
Kimisi Yezidi Behbehane gedir.
 
 
Kimisi Kərbalaya azim olur,
Necə şeylər ona mülazım olur.
 
 
Oxuyur hər biri beş-altı vərəq,
Sonradan saqqala verir revnək…
 

Bu mənzum tənqiddə Seyid Əzim mövhumatçıların İraqa-Kərbalaya və başqa yerlərə dini təhsil almaq məqsədi ilə gedərək 5-6 vərəq, yarım-yamalaq bir şeylər öyrəndikdən sonra saqqalı uzadıb özlərini üləma, din adamı adlandırmaqla insanları aldatdıqlarını əks etdirir.

Bu dövrdə Azərbaycanda Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Hacı Seyid Əzim Şirvani kimi islahatçılar yetişmişdilər. Ustadı Engels kimi Rusiyanın Qafqazı işğal etməsini proqressiv hadisə hesab edən Lenin aşağıda göstərdiyimiz şəkildə bir təzada düşür. 1912-ci ildə Lenin “Переселенческий вопрос”-“Köçkünlər haqqında” məqaləsində yazır: “Bakı və Gəncə şəhərlərində, Cəbrayıl, Zəngəzur, Şuşa və Cavanşir bölgələrində Çar Rusiyası rus köçkünlərinə məhsuldar torpaq vermişdi. Yerli xalq isə torpaqsız hala düşmüşdü.” (“Lenin əsərləri” 18-ci cild, s.79. Qasımov . 17). Görəsən, Lenin Çar Rusiyasının Qafqazı işğal etməsində proqressiv olaraq bunumu görürdü?

Eyni şeyi Stalin də təsdiq edir: “Çarlıq ən məhsuldar ucqar torpaqlara rus köçkünlərini məskunlaşdırırdı. Yerli xalq isə xam torpaqlara sürgün edilmiş, milliyətçilik hissləri alovlanmışdı.” (“Stalin əsərləri” 4-cü cild, s. 356). Bütün bunlar işğaldan əvvəl rus əsiri olan millətlərin rəğbətini qazanmaq üçün edilən təbliğat idi. Çünki Çar Rusiyasının köçürmə siyasəti Sovet Rusiyası qurulduqdan sonra daha qanlı, daha zalım və əvvəlkilərdən 50 dəfə çox həcmdə davam etmişdir.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации