Электронная библиотека » Hüseyn Baykara » » онлайн чтение - страница 5


  • Текст добавлен: 13 января 2023, 17:59


Автор книги: Hüseyn Baykara


Жанр: Документальная литература, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 15 страниц)

Шрифт:
- 100% +

XIX ƏSRİN I YARISINDA AZƏRBAYCANIN SİYASİ, İQTİSADİ VƏ MƏDƏNİ İNKİŞAFININ QISA XÜLASƏSİ

Çar Rusiyasının XIX əsrin əvvəllərindən başladığı Azərbaycanı işğal siyasəti əvvəllər Türkiyə və İrana qarşı hərbi meydan kimi bu ölkədən istifadə etmək və Şeyx Şamilin üsyanını yatırtmaq məqsədi daşıyırdı. Bu böyük ölkənin uzun illər ərzində hərbi idarə altında saxlanmasının və rus komandirləri tərəfindən idarə edilməsinin də səbəbi məhz bu idi. Müstəmləkəyə çevrilmiş Azərbaycanda vergi sistemini, vilayət, bölgə və kənd rəhbərlərini, ruhanilərdən ibarət şəriət məhkəmələrinin hakimlərini bu komandirlər təyin edirdilər. Azərbaycan şairi Zakir zalım rus komandirlərinin ölkəni istədikləri kimi idarə etdiyini, xalqın işgəncələrə məruz qaldığını şeirlərində kədərlə ifadə etmişdir. XIX əsrin I yarısı rus işğalçılarının Azərbaycanda məskunlaşma dövrüdür. İşğala qarşı ardıcıl döyüşlər, üsyanlar baş verirdi. Xanlar, bəylər, xalq işğalçı Çar Rusiyasına qarşı birləşmişdilər.1830-cu ildə ruslara qarşı qaldırılmış xalq üsyanları qanlı toqquşmalarla yatırıldı. Bundan sonra rus senatorları Meçnikov və Kutaysovun rəhbərliyi ilə Cənubi Qafqaza tədqiqat qrupu göndərilmişdi. 12 mart 1830-cu ildə bu iki senatorun Ədliyyə naziri Daşkova göndərdikləri hesabat məktubundan deyilirdi: “İndiyə qədər topladığımız məlumatlara əsasən, xüsusilə Gürcüstanda sui-istifadə və qanunsuzluqlar baş alıb gedir. Müsəlman xalqın idarəetməsi tamamilə tükürpədicidir, rəhbərlərin özbaşınalığı, xalqa etdiyi zülm dözülməzdir. Burada insanlıq, ədalət, qanun unudulub. Qanun rəhbərlərin əlində xalqı əzmək üçün vasitəyə çevrilib. Vilayətdə vəziyyət bundan ibarətdir.” (“Колониальная политика Российского Царизма в Азербайджане”, 1936, s. 232, İ.M.L.-Qasımov, s. 15)

1840-cı ildə senator Gan hökümətə verdiyi hesabatda, Qafqazdakı hərbi rejimin ümumi Rus mülki idarəsinə çevrilməsini və Qafqaz xalqının rus dilində danışmağa, fikirləşməyə və bu dili eşitməyə məcbur edilməsini təklif etmişdi. (Qasımov, s. 17)

1830-1840-cı illər arasında Azərbaycanda üsyanlar ardıcıl olaraq davam etmişdir. Xüsusilə 1837-ci ildə Qubada 12 min kəndlinin üsyanı, 1844-cü ildə Gəncə kəndli üsyanı, elə həmin ildə Şuşada şəhər əhalisinin üsyanı, 1849-cu ildə Nuxada xalq üsyanı xüsusi fərqlənmişdir.

Bakıxanlı öz tərcümeyi-halında yazırdı: “Yeddi yaşından oxumağa başladım, ancaq davamlı üsyanlar, sürgünlər üzündən on ilə təkcə fars dilini öyrənə bildim.” Bu da göstərir ki, XIX əsrin birinci yarısı Azərbaycanda sabitlik bərqərar olmamışdır. (Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialları” “Bakıxanlı” bəhsi.)

Çar hökuməti bu dövrdə üsyanlara qarşı çarə axtarırdı. 1931-ci ildə Qafqaz naibi təyin edilmiş Baron Rozin hökümətə verdiyi hesabatda qeyd edir: “Mən istər müsəlman, istərsə də erməni vilayətlərində rus dvoryanlığından başqa yerli dvoryanlığın da yaradımasını zəruri hesab edirəm. (Dvoryanlıq-köləliyə əsaslanan rus torpaq ağalığı forması idi.) Bu yerli dvoryaninlər dvoryanlıq zümrəsinin hüquq və üstünlüyünü hiss etdikcə və rus hökuməti tərəfindən yüksəldikcə mütləq bu hökuməti sevəcəklər.” (“Колониальная политика Российского Царизма в Азербайджане”, 20-60, G.Ç.I. izd. A.N.SSSR 1936, s. 280).

1840-cı ildə senator Ganın hesabatından sonra nisbi islahatlar aparıldı. Baron Rozinin hesabatından sonra isə 1843-cü ildə Tiflisdə təşkil edilmiş iclasda uzun müzakirələr edildi. Və nəhayət, 6 dekabr 1846-cı ildə qəbul edilmiş qanuna əsasən, 1841-ci ildə ağa, bəy və xanlardan, eyni zamanda erməni məliklərindən alınan torpaqlar geri qaytarıldı. Beləliklə də, Azərbaycan ərazisində köləlik əsasında dvoryanlıq sistemi quruldu. Çar hökuməti bu siyasətlə xalq ilə çar idarəetmə sistemi arasında vasitəçi sinif, yəni müstəmləkə idarəsi daxilində özünə dayaq sinif yaratmış oldu. Həmin bu sinfə dayanaraq müstəmləkə dövləti idarə etməyi planlaşdırırdı.

Qəbul edilmiş yeni qanuna əsasən, rus idarəetməsini mənimsəyən və qəbul edən bəy, ağa və xanlara torpaqları geri qaytarılırdı və kəndlilər bu torpaqlarda qul kimi işləmək məcburiyyətində qalırdılar. Hətta 1846-cı il fərmanı ilə bəyin icazəsi olmadan kəndli işlədiyi ərazini tərk edib başqa bir yerə gedə bilməzdi. Bununla yanaşı bəyin kəndlilər üzərindəki hüquqları da artmışdı. Bəylər kəndliləri döyə, mallarını müsadirə edə bilərdilər. Halbuki xanlıqlar dövründə kəndlilərin vəziyyəti bu qədər ağır deyildi. 1864-cü ildən əvvəlki xalq üsyanlarında bəy, ağa və xan da xalqla birlikdə rus müstəmləkə rejiminə qarşı çıxırdılar. Qanunun qəbulundan sonra isə vəziyyət dəyişdi, xalq iki düşmənlə mübarizə etmək məcburiyyətində qaldı: biri rus rejimi, digəri isə öz xalqına düşmən kəsilən torpaq ağaları…Bütün bunlara dözə bilməyən Quba, Dərbənd vilayətlərində Qaçaq Molla Nur, Yarəli Hacı Məhəmməd, Nuxada Şəkili Məhəmməd, Naxçıvanda Adıgözəl və cəsur xalq qəhrəmanları çarlıq rejiminə, bəylərə və rus məmurlarına qarşı mübarizə aparır, qrup şəklində hücumlar təşkil edirdilər. (“Azərbaycan ədəbiyyatı tarixi” c. 2, s. 11). Heç bir dövrdə Çar Rusiyası Azərbaycanda “qaçaq” adlandırılan xalq qəhrəmanlarından xilas ola bilməmişdir. Gəncədə Qaçaq Dəli Əli, Qarabağda Qaçaq Nəbi, Sofi təxəllüslü şair Mir Möhsün Nəvvab və digər xalq qəhrəmanlarına xalq aşıqları dastanlar yaratmışdılar. Bütün bu hərəkatlar Azərbaycan xalqının rus işğalına qarşı dayanmadan mübarizə apardığının göstəricisidir.

XIX əsrin birinci yarısı Çar Rusiyasının Azərbaycanda məskunlaşdığı dövrdür. Və bu dövr müstəmləkə rejimi ilə xalq arasında gedən mübarizələrlə yadda qalmışdır.

Digər bir tərəfdən Rusiyada kapitalizmin ilk toxumları səpilirdi. Çünki qərb sənayesi ilə rəqabətə dözümlü olmayan Rusiya sənayesi Avropanın imperialist dövlətləri ilə rəqabətə girə bilməyəcəkdi. Əslində I Pyotrun dövründən sonra Rusiyanın hərbi sahəsi olmaqla dövlət idarəçiliyinin bəzi sahələrində dəyişikliklər edilsə də, bu yetərli deyildi.

Rusiyada qərb meylliliyi xalq arasında, eyni zamanda Qafqazda da özünü göstərirdi. XIX əsrin birinci yarısında-1829-cu ildə Nuxada ipək fabriki istifadəyə verildi. Bir müddət sonra balıq istehsalını artırmaq üçün “Salyan Dövlət Qəyyumluğu”, “Cənubi Qafqaz ticarətini sürətləndirən şirkət”, “Cənubi Qafqaz kənd təsərrüfatı və toxuma sənayesi cəmiyyəti” “Şərabçılıq cəmiyyəti” kimi bir çox kapitalist cəmiyyətlər və şirkətlər qurulurdu.

Bütün bu hadisələri 1899-cu ildə V.İ. Lenin “Развитие капитализма в России” (“Rusiyada kapitalizmin inkişafı”– Sankt-Peterburq) əsərində belə təsvir edir: “Qafqazın Rusiya tərəfindən iqtisadi cəhətdən fəthi onun siyasi cəhətdən fəthindən çox sonralar başlamışdır. Və hələ də tam fəth edilməyib. İslahatlardan sonrakı dövrdə Qafqazda şiddətli bir şəkildə müstəmləkəçilik siyasəti yürüdülməyə başlanıldı. Xüsusilə Şimali Qafqazda müstəmləkə xalq torpaqda geniş miqdarda buğda, tütün əkir, xam maddə istehsal edirdilər və Rusiyadan isə çox sayda günəmuzd fəhlələr gətirilirdi. Digər tərəfdən Moskvadan gətirilmiş məmulatlarla rəqabətə tab gətirməyən köhnə əl dəzgahları ilə hazırlanan sənətkarlıq nümunələri öz dəyərini itirirdi.”

Bu isə Azərbaycan və Qafqazın Rusiya tərəfindən müstəmləkəyə çevrildiyinin bariz sübutudur. Bununla yanaşı çox əhəmiyyətli dəyişikliklər də baş verirdi. Rəqabətə dözməyən ibtidai sənaye ilə birlikdə feodal münasibətləri də yavaş-yavaş süquta uğrayır və əvəzində kapitalist münasibətləri meydana gəlirdi. Azərbaycan Rusiya üçün xammal mənbəyi və hazır malların satış bazarı rolunu oynayırdı. Həmin dövrdə Azərbaycanda qərb mədəniyyəti bu cür iqtisadi şərtlər daxilində milli, ənənəvi və klassik formada inkişaf edirdi. Yeni mədəniyyətin qurucuları olan alimlər, mütəfəkkirlər, yazıçılar, rəssamlar, memarlar, musiqişünaslar və digərləri öz əsərlərini yaradarkən Azərbaycan xalqının əsrlərdən bu yana yaratdığı zəngin mədəni mirasından bacarıqla istifadə etmişdilər. Yazıçılar öz yaradıcılıqlarında Xəqani, Nizami, Füzuli, Vaqif və başqa klassiklərin əsərlərindən istifadə etdikləri kimi, qabaqcıl alim və mütəfəkkirlər də öz əsərlərində Əbdülhəsən Bəhmənyar, Nəsrəddin Tusi, Mahmud Şəbüstəri kimi böyük alimlərdən faydalanırdılar. Musiqi sahəsində İbn Əbubəkir Şirvaninin “Musiqi”, “İhvanüs-Səfa” adlı əsərində, Marağalı Hace Əbdülqadirin “Maqasidül-Əlhan”, “Cemail-Əlhan”, “Zübdətül-Ədvar fi Şərhi Risalətül-Ədvar” və “Lehniyyə” kimi əsərlərindən istifadə olunmuşdur. Memarlıqda isə məşhur Memar Əcəmi Naxçivaninin sənətkarlıq xüsusiyyətləri davam etdirilirdi. Rəssamlıqda xüsusilə miniatür sahəsində “İlk Təbriz rəssamlıq məktəbi”nin ənənələri, təsviri incəsənət ustaları üçün gözəl örnək nümunəsi idi.

“Qədim klassik mədəniyyətdən istifadə təqlid yolu ilə yox, yaradıcılıq yolu ilə gedirdi. Azərbaycan mədəniyyəti bu dövrdə də öz xüsusiyyətləri ilə seçilirdi. Xalq və xalqın həyatı mədəniyyətin get-gedə güclənən əsasını təşkil edirdi.” (“Azərbaycan ədəbiyyatı tarixi”, II cild, s.13, F. Qasımzadə). Yeni Azərbaycan mədəniyyətinin qurucuları şərq dillərini və mədəniyyətini yaxşı bilirdilər. Onlar həm də qərb mədəniyyətinin əsaslarına və fəlsəfəsinə yaxşı bələd idilər. Professor Mirzə Kazımbəy qərb dillərindən ingilis, fransız və rus dillərini, Abbasqulu ağa Bakıxanlı rus dilini bilirdi. Mirzə Şəfi Vazeh Bodenştedə fars və türk dillərini öyrədir, özü isə ondan alman dilini mənimsəyirdi. Rus və fransız dillərində danışan İsmayıl bəy Qutqaşınlı ilk və yeganə əsərini fransızca yazmışdı. Təkcə Zakir fars və ərəb dillərini bilsə də, qərb dillərindən xəbərsiz idi.

Beləcə, XIX əsrin birinci yarısında Azərbaycanda Qərb mədəniyyətinin tumurcuqları görünməyə başlayırdı. Artıq yeni yetişən elm adamları sxolastik fikirlərdən uzaqlaşırdılar. Bu dövrdən sonra coğrafiya, etnoqrafiya, astronomiya, məntiq, psixologiya, dilçilik, tarix, ədəbiyyat və başqa elm sahələri inkişaf etməyə başlayırdı. Məşhur Azərbaycan coğrafiyaçısı Zeynalabdin Şirvani (1780-1838) İran, İraq, Orta Asiya, Əfqanıstan, Pakistan, Hindistan, Misir, Yunanıstan, Türkiyə və başqa ölkələri gəzən elm adamı kimi həmin bu ölkələrin coğrafiya, tarix və mədəniyyətini, ənənələrini araşdırmışdır. (N. Kərimov “Səyyah və coğrafiyaşünas Zeynalabdin Şirvani”, Bakı 1958). Uzun illər davam edən səyahət və araşdırmalarının nəticələrini iki cildlik “Riyazüs-səyahət” və “Bustanus-səyahət” əsərlərində göstərmişdir. Bakıxanlı bu əsərlər haqqında yazır: “Həqiqətən bu kitab doğru-dürüst elm xəzinəsidir, nəzəri və elmi cəhətdən müəllifin ağıl və kamalının göstəricisidir.” (“Gülüstani-İrəm” Bakı 1951, s. 220).

Bakıxanlının müasirləri kimi Azərbaycanda yetişən dəyərli tarixçilərdən “Qarabağnamə” əsərinin yazıçısı Kapitan Mirzə Adıgözəl bəyi (1780-1848), “Tarix-i Qarabağ” əsərinin müəllifi Vəzir Mirzə Camalı, “Tarix-i Gəncə” əsərinin müəllifi Şeyx İbrahim Qüdsi Gəncəvini (1815-1865) nümunə göstərmək olar. Bu dövrdə Mirzə Cəfər Topçubaşov Peterburq universitetində şərqşünas və dilçi kimi müəllimlik edirdi. Həm də bu dövrdə türk ziyalılarına, xalq ədəbiyyatına və klassik ədəbi əsərlərə qarşı maraq yaranırdı. Tiflisdə rus dilində nəşr edilən “Tiflisskaya Vedomosti” qəzetində “Koroğlu” dastanı haqqında məqalə çap olunmuşdu. Həmçinin, Vaqifin və onun bəzi müasirlərinin və XIX əsrin birinci yarısında yaşayan bəzi şairlərin əsərləri toplanırdı. 1820-ci ilin sonlarında toplanan bu əsərlər 1856-cı ildə Mirzəcan bəy Mədətovun təşviqi ilə Mirzə Yusif Nersesov Qarabaği tərəfindən “Məcmua-i Vaqif və müassirin-i digər” adı ilə Teymur xan, Şurada Dağıstanda nəşr etdirmişdir. (Firidun bəy Köçərli, “Vaqif bölümü”).

XIX əsrin birinci yarısında incəsənətdə də inkişaf özünü göstərirdi. 1809-cu ildə Azərbaycan türkcəsinə tərcümə edilən “Kəlilə və Dimnə” əsərinə Muğanlı usta Eyvaz Əli yüzdən çox şəkil çəkmişdi. Əsərin məzmunu ilə bağlı olan bu rəsmlər realizmi əks etdirirdi və xalqçılığa doğru atılan böyük addım sayılırdı. Nuxadakı xan sarayının divarlarındakı rəsm və naxışlar dövrün gözəl incəsənət nümunələrindəndir. Xalçaçılıq, xalça naxışları, kitab və divarlara çəkilən rəsmlər, zövqlə hazırlanan qələm qutuları dövrün sənətkarlığını əks etdirirdi. Bu dövrdə Nuxa xan sarayı xalqın təşəbbüsü ilə dövrün ustad memar və rəssamları tərəfindən bərpa edilmişdir.

Həmin dövrdə Azərbaycanda musiqi iki istiqamətdə inkişaf edirdi: xalq aşıqları və professional xanəndələr. Aşıqlar kənd-kənd dolaşır, toy və bayramlarda sədəfli sazları ilə xalqın başa düşəcəyi sadə, təmiz dildə gözəlliyi, sevgini, qəhrəmanlığı tərənnüm edirdilər. Bu aşıqlar xalqın həyat və məişətindən danışır, mübarizə və sıxıntılarını dilə gətirir, xalq bayatı və musiqilərini yaradırdılar. XIX əsrin birinci yarısında yetişən aşıqlar: Aşıq Hüseyn (1800-1880), Göyçəli Aşıq Musa (1795-1840), Aşıq Əli (1817-1907), Varxiyanlı Aşıq Məhəmməd, Masazırlı Aşıq Hüseyn və başqaları idi. İkinci sinif musiqi yaradıcıları xanəndə və sazəndələr idi. Xanəndələrin musiqiləri aşıqlardan fərqli olaraq klassik muğam qaydalarına uyğun çalınırdı. Xanəndələrin çoxu Qarabağ vilayətinin Şuşa şəhərində yetişmişdir. V. D. Korqanov “Qafqaz musiqisi” adlı əsərində yazır: “Cənubi Qafqazın musiqi xadimlərini, çalğıçı və xanəndələrini, şeir, musiqi və bayatıların füsunkar vətəni Şuşa yetişdirirdi. Bütün Cənubi Qafqaz üçün konservatoriya rolunu oynayan bu şəhərdə hər fəsildə, hətta hər ayda yeni bayatılar, yeni musiqilər yaranırdı.” (Bakı, 1908, s. 28). Bundan başqa Azərbaycanda klassik musiqi ustadları da yetişmişdir. Seyid Əzim Şirvaninin verdiyi məlumata görə, Şamaxıda muğamın incəliklərini çox yaxşı bilən Hacı Nəcəf adlı musiqişünas yaşamışdır. Şirvani onu “Fərabi-Sani” adlandırırdı.

XIX əsrin birinci yarısında Azərbaycanda milli mətbuat sahəsi demək olar ki heç mövcud deyildi. Ancaq 1830-cu ildə Tiflisdə rus dilində nəşr olunan “Tiflisskaya vedomosti” qəzetində əlavə kimi həftədə bir dəfə “Tatarskaya vedomosti” adlı bir vərəqə də nəşr edilməyə başlamışdı. Çar hökumətinin buna icazə verməkdə məqsədi isə, ucqar vilayətlərdə yaşayan xalqla əlaqə qurmaqla müstəmləkə siyasətini davam etdirməkdən ibarət idi. Bu vərəqin də redaktorluğu “Tiflisskaya vedomosti” qəzetinin redaktoru P.S. Sankovskiyə tapşırılmışdı. O da öz növbəsində bu işi həmin dövrdə Tiflisdə yaşayan və Azərbaycan və fars dillərini yaxşı bilən Mirzə Apriyam Yenikolopova vermişdi. Bu vərəqin çapı ilə Bakıxanlı da maraqlanırdı. Həmin bu vərəq əvvəllər fars dilində, 1832-ci ilin yanvar ayından isə Azərbaycan türkcəsində nəşr olunmuşdur. Bir neçə nömrəsi çıxdıqdan sonra yuxarı qurumların göstərişi ilə nəşri dayandırılmışdır. Bu vərəqlərdə Çar hökumətinin Azərbaycan xalqına müraciəti, əmrləri, vergi qanunları, rəsmi xəbərlər, elanlar və digər məlumatlar çap olunurdu. Bu vərəqlərin nəşri dayandırıldıqdan doqquz il sonra Tiflisdə rus dilində nəşr edilən “Zaqafqazskiy vestnik” adlı qəzetə əlavə olaraq Azərbaycan dilində də bir vərəq buraxılırdı. Məqsəd yenə də eyni idi. Bu əlavə vərəqin ömrü də dörd il yarım çəkmiş, 1846-cı ildə müstəmləkə siyasətinin nəticəsi olaraq bağlanmışdır. 1840-cı illərdə Mirzə Fətəli Axundzadə və Mirzə Şəfi Vazeh mətbuat evi açmaq istəsələr də, Çar hökuməti buna icazə verməmişdir. Bu tarixdən sonra Azərbaycan 1870-ci ilə və Həsən bəy Zərdabiyə qədər milli mətbuat görməmişdir. (İ.K.Yenikopolov, “Первая турецкая газета на Кавказе”, Bakı, 1928; “Культура и письменность Востока” dərgisi, № 3).

XIX ƏSRİN BİRİNCİ YARISINDA AZƏRBAYCANDA TEATR

XIX əsrin birinci yarısında Azərbaycanda Qərb üslublu teatrın olduğunu düşünmək düzgün olmaz. Ancaq yenə də həmin dövrdə teatr anlayışı altında göstərilənlər Azərbaycan xalqının bu sahədə də sözünü dediyini göstərir. Sözü gedən dövrdəki teatr oyunları iki yerə ayrılır: 1. Xalq oyunları və 2. Dini oyunlar. Xalq oyunları kisik səhnəciklərdən ibarət idi və bunlara nümunə olaraq “Kilim arası”, “Maral”, “Tapdıq Çoban”, “Tənbəl qardaş”ı nümunə göstərə bilərik. Həmin bu oyunların kökü xalq folkloruna əsaslanır. Bayram günlərində və toylarda xalq arasında xüsusi bacarığına görə fərqlənən şəxslər bu oyunları oynayırdılar. “Tənbəl qardaş” oyununu qısa şəkildə nağıl edək: Bu oyun üç pərdədən ibarətdir. Oyunun mahiyyəti isə işləməyin əhəmiyyətini anlatmaqdır. Çalışqan qardaş müsbət, tənbəl qardaş isə mənfi obrazlardır. Oyun iki qardaş arasında gedən mübarizədən bəhs edir. Çalışqan qardaş tənbəl qardaşını işləməyə həvəsləndirmək üçün əlindən gələni edir. Oyunun sonunda tənbəl qardaş da işləməyə başlayır və oyun müsbət sonla bitir. Tamaşaçılar üçün oyun ibrətamiz mahiyyət daşıyır. Həcv və satira oyunun əsas hissəsini təşkil edir. (M. Arif “Azərbaycan xalq teatrı”, “Ədəbiyyat məcmuəsi” 1945, № 1).

Dini teatr: Bu tamaşalar əhalisinin çox hissəsi şiə məzhəbinə mənsub Azərbaycan xalqı arasında keçirilən dini təbliğatlardan ibarət idi. Bu 680-ci ildə Məhəmməd Peyğəmbərin (s.ə.s.) nəvəsi, İmam Əlinin oğlu, islam tarixinin inqilabçısı İmam Hüseynin ailəsi ilə birlikdə Əməvi xəlifəsi Yezid tərəfindən İraqda Kərbəla çölündə, Fərat çayı yaxınlığında haqsız yerə öldürülməsi hadisəsini əks etdirir. Bu dini mərasim hər il Məhərrəm ayının 10-cu günü “şəbih” adı ilə açıq hava teatrı kimi səhnələşdirilirdi. İrandan Azərbaycana gəldiyi və hal-hazırda da İranda keçirildiyi məlumdur. Vaxtilə Kərbəla düzündə Həzrəti Hüseyn Yezidə biət (əmrlərini qəbul etmək) etmir. Öz qüvvələrindən qat-qat güclü olan Yezidin qüvvələri ilə döyüşü qəbul edir. Bu isə insanın inancı üçün nələrlə mübarizəyə hazır olduğunun qürurverici nümunəsidir. “Şəbih” Kərbəla faciəsinin xalq arasından seçilən şəxslər tərəfindən xüsusi dekorasiya, kostyum və qrimlərlə oynanılan açıq hava teatr nümunəsidir. Dini təbliğat romantizmin ən üstün formasında keçirilir və xalqa təsir edirdi. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani və digər islahatçılar dini təbliğat məqsədi ilə göstərilən “Şəbih”ləri tənqid edirdilər. Bu tamaşaların zamanla ayaqlaşmadığını, geriliyi təbliğ etdiyini vurğulayırdılar. Bundan başqa Azərbaycan ədəbiyyatında Kərbəla faciəsindən hər tərəfli bəhs edən mərsiyələrin olduğu da məlumdur. Füzulidən başlayaraq Vaqif, Zakir, Bakıxanov, Hacı Seyid Əzim Şirvani və digər şairlərin bu tərzdə yazdıqları mərsiyə və qəsidələrin sayı çoxdur. Adları çəkilən şairlərimiz dini romantizmin zirvəsinə yüksəlməyi bacarıblar. Ən çox bəyənilən səhnə Həzrəti Hüseynlə Şimr ibn Mülcəmin qarşılaşma dialoqları idi. Bu oyun və Azərbaycan şairləri tərəfindən yazılan bu mövzudakı mərsiyə və qəsidələr qabaqcıl islahatçılar tərəfindən tənqid olunsa da, bir tərəfdən xalqa faydası da toxunmuşdur. Çar Rusiyasının xalqımızı ruslaşdırma siyasətinə qarşı dini şəbihlər, mərsiyələr və qəsidələr keçilməz sədd rolunu oynamışdır. Ruslarla aparılan mübarizələr, üsyanlar, müstəqillik uğrunda savaşlar Kərbəla faciəsinin mahiyyətindən də bəhrələnmişdir. Xüsusilə İmam Hüseynin istiqlalı uğrunda çarpışan mücahidlərin ilham mənbəyi olmuşdur.

Həmin dövrə aid dini teatrlara Azərbaycan ərazisində yaşayan sünnilərin ”Nəqşi-Bəndi” və Mövləvilik təriqətinin “Səma ayini” mərasimlərini də əlavə etmək olar.

AZƏRBAYCANI YENİLƏŞMƏYƏ APARAN FİKİR QAYNAQLARI

Əsərdə Mirzə Kazım bəy haqqındakı bölümdə də qeyd etdiyimiz kimi o, Astraxanda44
  İndiki Həştərxan


[Закрыть]
ingilis missionerlərlə tanış olmuş və onlardan ingilis dilini öyrənmişdir. Missionerlərin dərin təsiri altına düşən Mirzə Kazım bəy xristianlığı qəbul etmişdir. Lakin buna baxmayaraq əsərləri və araşdırmaları onun yenə də Azərbaycana və Şərqə bağlı qaldığını göstərir. Rus ağalığına və köləliyə düşmən olan ingilis missionerlərinin təsiri ilə xristianlığı qəbul etməsi ona əsir türklər haqqında daha cəsarətli addımlar atmağa və söz deməyə imkan verirdi. Rus çarına təqdim etdiyi layihədə Rusiyada yaşayan bütün müsəlman türk əhalinin anlaya biləcəyi ortaq bir türk dilindən istifadəni məsləhət görməsi buna bir misaldır. Mirzə Kazım bəyə həsr edilmiş bölümdə bu səylərindən ətraflı şəkildə danışdığımız üçün qısa olaraq qeyd edək ki, Mirzə Kazım bəy Sədinin “Gülüstan” əsərini rus dilinə, “Dərbəndnamə”ni ingilis dilinə, müəllifi olduğu və türk dilində yazdığı “Sarf ve nahiv”55
  “Sərf və Nəhv”


[Закрыть]
əsərini alman dilinə tərcümə etmişdir. Firdovsinin “Şahnamə” əsərinə əsaslanaraq İran mifologiyasını da öyrənmişdir. Azərbaycan, uyğur və cağatay dillərinin sarf və nahvını yazmışdır. Akademik Dorn, professor Berezin, səyyah və alim Turnevilli və Bartold Mirzə Kazımı alim kimi qiymətləndirmişdilər.

1835-ci ildə Mirzə Kazım bəy Peterburq akademiyasının əsl üzvü, London Kral Akademiyasının fəxri üzvü seçilmişdir.

Şərqşünas J.N. Berezin (1818-1896), V.F. Dittel (1816-1840), N.A. İvanov (1869), K. Foygt (1808-1873) və Bakıxanlı, Qutqaşınlı və müasirləri olan Azərbaycan ziyalılarının yetişməsində Mirzə Kazım bəyin xidmətləri danılmazdır. Bundan başqa yaşadığı dövrdə İran ziyalıları üzərində böyük təsiri olmuşdur.

“Dekabristlər” rus azadlıq hərəkatına bağlı olan və çox hissəsi zabitlərdən ibarət dövrün inqilabçılarına verilən addır. Dekabr ayında üsyan etdikləri üçün bu adla adlandırılırdılar. 1828-ci ilin iyul ayında rəhbərləri Peterburqda Petropavlosk qalasında edam edildikdən sonra digər üzvlərin yarısı Sibirə, yarısı isə Qafqaza sürgün edilmişdir. Hərbi rütbələri əllərindən alınan zabitlər Cənubi Qafqazda işləyirdi. B.K. Kuhelbeker (1797-1846), A. Odoyevski (1802-1839), A. Bestujev (1797-1837), şair və ədib A.S. Puşkin (1802-1839) və “Ağıldan bəla” adlı əsəri ilə məşhurlaşan A.S. Qriboyedov da onların arasında idi.

Kuhelbeker Qafqaz naibi general Yermolovun idarəsində xarici işləri idarə edirdi. Ona bu işdə Bakıxanlı köməklik göstərirdi. Bakıxanlı diplomatik fəaliyyətə belə başlamışdı. A. Odoyevski həmin dövrün Azərbaycan ziyalıları ilə yaxından tanış olmuş və maraqlanmışdır. Həmin bu “Dekabristlər” Tiflisdə Sankovski tərəfindən nəşr edilən “Tiflisskiye vedomosti” qəzetinin yazı qrupuna daxil idilər. Daha doğrusu “Dekabristlər”lə həmfikir olan Sankovski onları bu işə cəlb etmişdi. Kuhelbeker Bərdə və Şəmkiri gəzərək ərəb işğalı dövründən qalan memarlıq abidələri ilə yaxından tanış olmuşdur. “Qafqaz və Gürcüstan xatirələri” əsərinin müəllifi Tornaun Mirzəcan bəy Mədətovun təşəbbüsü ilə Azərbaycan folkloru və xanəndələri müsamirəsində (axşam məclisı) iştirak etdiyini və bundan zövq aldığını öz xatirələrində qeyd etmişdir. Qriboyedov “Yol xatirələri” əsərində Bakıxanlının onu Gəncəyə apararaq Nizami türbəsini gəzdirdiyini yazmışdı. (A.S. Qriboyedov “Сочинения” Leninqrad 1945, “Azərbaycan ədəbiyyatı tarixi” 2-ci cild, s.463).

Məşhur şair və ədib Puşkin 1826-cı ildə Rus-Osmanlı müharibəsi illərində Ərzuruma səfər edərək Azərbaycan ziyalıları ilə, xüsusilə Cənubi Azərbaycan şairi Fazil xan Şeyda ilə yaxından maraqlanmışdır. (A.S. Puşkin “Seçilmiş əsərləri” 4-cü cild, Bakı 1944, s. 44. “Azərbaycan ədəbiyyatı tarixi” 2-ci cild, s. 463). Bestujev öz yazılarında Bakıxanlı haqqında bəhs edərkən onu alim kimi qələmə verir. O, həm də Mirzə Fətəli ilə tanış olduğunu və ondan türk dilini öyrəndiyini də qürurla qeyd edir. (“Русская старина” 1874, 9-cu cild, s. 72. “Azərbaycan ədəbiyyatı tarixi” 2-ci cild, s. 46). Mirzə Şəfi Vazehin alman müəllim Bodenstadt ilə dostluğu və Qərb mədəniyyətini ondan öyrəndiyi, ona fars və türk dillərini öyrətdiyi, nəhayət əsərini ona hədiyyə etdiyi, Bodenstadtın Almaniyaya qayıtdıqdan sonra Mirzə Şəfinin əsərlərini alman dilinə tərcümə edərək çap etdirdiyi, daha sonra Mirzə Şəfini inkar edərək onun əsərlərini mənimsəmək istədiyi məlumdur. Əsasən Qafqaza sürgün edilən və çarlığın çirkin əməlləri ilə ömürləri az olan və ya qısaldılan “dekabristlər”in özləri və bütün dostları fransız inqilabı fikir cərəyanının təsiri altında idilər və hər biri ən azı bir neçə Avropa dilində danışa bilirdi. İstəkləri isə Rusiyada Məşrutə çar sisteminin yaradılması idi. Bu inqilabçıların Azərbaycan ziyalılarına təlqin etdikləri fikirlər qərbin azadlıq düşüncələri idi. Köləlik rejimini dövlət quruluşunun əsası hesab edən təhkimçi Çar Rusiyası ilə mübarizə aparan və qərb azadlıq fikirlərini mənimsəyən rus inqilabçılarının Azərbaycana gətirdikləri bu fikir cərəyanlarını Çar Rusiyasının gətirdiyini deyən “Velikorus” kommunist partiyasının “qapıqulu” şair, ədib və elm adamlarının tarixi faktlar qarşısında nə qədər gülünc vəziyyətdə olduqlarından xəbərləri var mı?!

Bəli, Azərbaycanda yeniləşmə, mədəniyyət inkişaf hərəkatı beləcə başlamışdır. Bu mədəniyyəti Azərbaycana rusların gətirmədiyini, sadəcə bir vasitə olduqlarını yuxarıdakı izahdan anlamaq mümkündür. Bununla yanaşı yenilənmə cərəyanı çox yavaş gedirdi. Çünki Rusiyada qatı feodal köləlik– крепостной rejim və mütləqiyyət var idi. Belə bir rejimin işində, bir də (Azərbaycan Rus mülki administrativ sektoruna aid edilməmişdi.) əsgərlərin istəyi və qanunsuz əməllərinə buraxılmış ölkədə irəliləmə cərəyanı heç də asanlıqla zəfər qazanmazdı. Həm də Azərbaycan xalqının bu zülmdən xilas olmaq üçün şiddətdən istifadə şansları belə yox idi. Müstəmləkəçi Çar Rusiyası ilə müstəmləkə Azərbaycan arasında ölçülə bilməyəcək qədər güc bərabərsizliyi var idi. Məhz buna görə də Azərbaycan maarifçiləri mənsub olduqları millətin həyatını taleyə yox, tarixə həkk etməyə çalışırdılar.

Belə şərtlər daxilində Bakıxanlı Çar hökumətinə məktəb açmaqla bağlı hazırladığı layihə təqdim etmiş və “Dünyada olan bütün şeylərin hamısı bütün fəzilətlərin dövləti olan elmdən asılıdır” demişdir. Mirzə Şəfi Vazeh ilk “Üsuli-cədid” məktəbini Gəncədə açmışdır, həmin bu məktəbdə Azərbaycan üçün Mirzə Fətəli kim islahatçı yetişmişdir. Mirzə Kazım bəy uşaqlar üçün dərslik hazırlayaraq məktəb açılmasının əhəmiyyətini qeyd etmişdir. Qutqaşınlı və Zakir hər zaman cahilliklə mübarizə aparmağın vacibliyi fikrini müdafiə etmişlər. Bütün yenilikçilərin səyləri cahillik, elm, təhsil, məktəblə bağlı olmuşdur. Tarixi müşahidələr sayəsində yenilikçilər lazımı diaqnozu qoyaraq səbir və əzmlə Azərbaycanı maddi və mənəvi cəhətdən yüksəltmək üçün çalışmışdılar.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации