Текст книги "Azərbaycan Yeniləşmə Hərəkatı – XIX əsr"
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 15 страниц)
KAZIM BƏYİN ƏHƏMİYYƏTLİ ƏSƏRLƏRİ
1. “Əssab əs-Səyyar” – Kazan və Krım tarixinə aiddir (1832)
2. “Грамматика Турецкого-татарского языка” (“Türk-tatar dilinin qrammatikası”), Kazan 1846
3. “Уйгурское историческое исследование” -“Uyğur tarixi haqqında araşdırma” -1841.
4. “Observation sur un chapitre inconnu du Coran publicpar M.Gerciux de Tassy journal Asiatique t. II” “Quran haqqında araşdırma”
5. “Muxtasarul-Vikayət” Kazan, 1845 (İslam dininin tərəqqiyə mane olmadığını müdafiə edən dərs kitabı)-Türk dilində
6. “Derbent-Nameh or the history of Derbend” Peterburq 1850 (Qafqaz tarixi)
7. “Объяснение русских слов сходных со словами Восточных языков ” Elmlər Akademiyası 1852 (Rus dilinə şərq dillərindən keçən sözlərin izahı)
8. “Müridilik və Şamil” Русское слово-1859, “12-ci İmam Şamil və müridizm haqqında araşdırma”
9. “История ислама” Русское слово-1860, 2-5-8-10 (İslam tarixi)
10. “Babı babidiy” Peterburq 1865, (Bahailik haqqında)
11. “Объяснение восточных надписей” “Şərq əlyazmalarıın izahı” Elmlər Akademiyası, 1855
Mirzə Kazım bəyin yuxarıda saydığımız əsərləri əlimizdə olsaydı, bu böyük Azərbaycan dahisi haqqında daha çox fikir söyləyə bilərdik. Qısaca onu qeyd edək ki, islam dinini tərk edərək xristianlığı qəbul edən heç bir şərq insanı və türk əvvəllər mənsub olduğu islam dinini bu qədər cəsur şəkildə müdafiə etməmiş və xalqının mədəni dərdləri ilə bu qədər yaxından və səmimi şəkildə maraqlanmamışdır.
Xristianlığı qəbul etdikdən sonra öz xalqını və əvvəlki dinini unudan neçə insan tanıyırıq biz… Bütün bunları fikirləşəndə Mirzənin dəyəri iki qat artır. Mirzə Azərbaycanın böyük mütərəqqi alimi və oyanış hərəkatının təməlini atan alim kimi Azərbaycan yaşadıqca onun tarixində yaşayacaqdır.
ABBASQULU AĞA BAKIXANLI
Azərbaycanın oyanış hərəkatının ikinci böyük şəxsiyyəti Abbasqulu ağa Bakıxanlıdır. Bakı xanları nəslindən olan bu böyük azərbaycanlını ruslar Bakıxanov adlandırırlar. Bakı xanlarından II Mirzə Məhəmməd xan oğlu Abbasqulu ağa XIX əsr Azərbaycan yazıçısı, tarixçisi və şairidir. Şeirlərində “Qüdsi” ləqəbindən istifadə etmişdir.
Professor Fuad Köprülü Abbasqulu ağa haqqında bunları yazır: “Abbasqulu ağa Qafqaz türkləri arasında qədim islam mədəniyyətinin rus işğalından sonra yeni Avropa mədəniyyəti ilə birləşməsindən meydana gələn şair və yazarlar arasında ən öncüllərdən sayıla bilər. (“Türk xalq ədəbiyyatı ensiklopediyası” № 1, s. 19, 1835, İstanbul, Burhanettin nəşri).
1794-cü ildə Bakı ətrafında Əmircan (Əmirihaciyan) kəndində anadan olmuşdur. Təhsilinə yeddi yaşında başlayıb. Ancaq daxildəki iğtişaşlar (yəni rus işğalı və ona qarşı döyüş və üsyanlar) səbəbi ilə 17 yaşına qədər yalnız fars dilini öyrənə bilmişdi. Daha sonra 10 il Qubada ərəb dilini öyrəndi. Atası ruslar tərəfindən Quba xanlığına təyin edilmişdi. General Yermolov bu səbəblə 1820-ci ildə onu Tiflisə aparmış və məmur təyin etmişdi. Abbasqulu ağa Tiflisdə rus dilini öyrəndi. Tarix, coğrafiya, kozmoqrafiya elmlərini mənimsədi, rus ədib və şairlərini oxudu. Vəzifəsindən dolayı Qafqazın bir çox bölgələrini, İranı, Anadolunu gəzdi. Rus-İran anlaşması imzalanarkən general Paskeviçin yanında iştirak etdi. 1833-1835-ci illər arasında Şimali Qafqaz, Don çayı sahili, Ukrayna, Rusiya, Litva, Latviya, Polşaya səyahət etmişdir. Bu ölkələrin alim və yazıçıları ilə tanış olmuşdur. Tərcümeyi-halında səyahətin həyatında böyük rol oynadığını vurğulamış və zənginliyin, siyasi mövqeyin, əsalətin heç bir önəm daşımadığını, yalnız elm və fəzilətin qiymətli olduğunu, bu düşüncələri tərənnüm edən bir çox əsərlər yazdığını qeyd etmişdir. Səyahət boyunca Qərb mədəniyyəti ilə yaxından tanış olan Ağa, rus məmurluğundan imtina edərək Qubada məskunlaşmışdır. Elə bu ərəfələrdə Qubada onunla tanış olan alman şərqşünası F.Bodenstadt Abbasqulu ağa Bakıxanlının Azərbaycan ədəbiyyatının layiqli təmsilçisi, eyni zamanda yaxşı tarixçi olduğunu yazır.
Rus şərqşünası Berezin Dağıstan və Qafqaza səfəri zamanı iki gün Qubada, ağanın evində qalır. 1850-ci ildə Kazanda çap etdirdiyi əsərində Abbasqulu ağanın Şərq mənbələrinə əsasən yazdığı “Dağıstan tarixi” əsərinin əhəmiyyətindən danışır. Berezin eyni zamanda Abbasqulu ağa Bakıxanovun kitabxanasındakı kitabların siyahısını tərtib etmişdi. Qubada Abbasqulu ağanın evi Quba alim və şairlərinin və hətta başqa yerlərdən gələn fikir və sənət adamlarının məskəninə çevrilmişdi. Şair Salik onu “nəzm və nəsrin padişahı” adlandırırdı. Quba qazısı Hacı Molla Abdulla ilə Həccə niyyət edərək İstanbula gələn Abbasqulu ağa o dövrün bir çox şair və alimləri ilə görüşür. Vaxtı ilə fars dilində yazdığı, sonradan isə ərəb dilinə tərcümə etdiyi “Əsrarül məlaküt” adlı əsərini Sultan Əbdülməcidə həsr etdiyini yazdığı onsözdə bildirərək padişaha təqdim etdi. Sədrəzəm Rəşid paşanın əmri ilə bu kitabı türk dilinə tərcümə edən Hayatizadə Seyid Şərəf Halil Əfəndi Abbasqulu ağanın 1262-ci ilin şəvval ayının 12-ci günündə (1846) İstanbula gəldiyini, o dövrün böyük alimlərinin birinin məclisində onunla müxtəlif elmi mövzular üzərində mülahizələr etdiyini yazaraq zəkasını tərifləyir. Abbasqulu ağa Həcc ziyarətindən öz yurdu Qafqaza geri qayıda bilmir, orada vəfat edir. 52 yaşında dünyadan köçən Bakıxanlı Məkkə ilə Mədinə arasında Vadiyi-Fatimədə dəfn edilmişdir.
Bodenstadt və Berezin Abbasqulu ağanı ilk olaraq tarixçi kimi qiymətləndirirdilər. İlk dəfə Şirvan və Dağıstanın ümumi tarixini yazan Abbasqulu ağanın yaşadığı dövr və mövzunun çətinliyi düşünülərsə, ona XIX əsrin ən yaxşı Türk tarixçisi adını vermək lazımdır. “Gülüstani-irəm” adlı bu kitabda ilk olaraq Şirvan və Dağıstan coğrafiya və etnoqrafiyası haqqında məlumat verir, bölgədə yaşayan xalqların mənşəyi, dil, din və məzhəblərini qısa şəkildə təsvir edir. Kitabdakı hissələr sonralar belə sıralanmışdır:
1. İslam orduları gəlincəyə qədər Şirvan və Dağıstan.
2. Monqol istilasına qədər olan dövr.
3. Monqol istilasından Səfəvilərə qədər olan dövr, Şirvanşahlar sülaləsi.
4. Səfəvilərdən Nadir şah dövrünə qədər.
5. Nadir şahdan (İranla Rusiya arasında imzalanan Gülüstan anlaşmasına qədər olan dövr. Sonda bu məmləkətin yetişdirdiyi şair və ədiblərdən də söz edilir. Abbasqulu ağa əsərinə qaynaq olaraq coğrafiya, tarix və islam ədəbiyyatını qeyd etmişdir. Bunlar arasında mühüm olanları aşağıdakılardır:
1. Mirzə Kazım bəyin “Dərbəndnamə” əsəri
2. Məhəmməd Rəfiinin və Əbdürrəhim Şirvaninin “Tarix” kitabları
3. Moiz Xoren və Çamciyanın “Erməni tarixi” əsəri
4. Karamzin, Son xanlıqlar dövrünü yazarkən öz müşahidələrini və düşüncələrini də əsərə daxil etmişdir.
Abbasqulu ağanın kitabında da təbii ki, təhriflər var. Ancaq 1841-ci ildə bu kitab İran və Türkiyədə yazılan kitabların ən yaxşısıdır. Həmin bu əsər daha sonra Mirzə Həsən Əfəndinin “Asari Dağıstan” əsərindən qat-qat üstündür.
İran və türk ədəbiyyatını yaxşı bilən Abbasqulu ağa türk, ərəb və fars dillərində şeirlər də yazmışdır. Şeirləri qüvvətli və klassik nəzm qaydalarına uyğun, düzgün və təmizdir. Şiə məzhəbinə mənsub olmasına baxmayaraq (12 imamı tanıyırdı) şeirlərində qatı məzhəbçilikdən uzaq idi və hər üç xəlifəyə hörmətlə yanaşırdı. Təbrizdə olduğu dövrdə təbrizlilər haqqında yazdığı həcvlər çox incə və qüvvətlidir. Abbasqulu ağa elm, ürfan, insanlıqdan xəbəri olmayan, nə xristian, nə də məcusiyə (atəşpərəstə) bənzəməyən o dövrün Təbriz xalqını, xüsusi ilə axund və xanlarını ağır və şiddətli şəkildə tənqid edir.
Qərbi Rusiyaya səyahət etdikdən sonra islam dünyasının geriliyini anlamış və xalqın düşüncə səviyyəsinin yüksəlməsi üçün müxtəlif mövzularda əsərlər yazmışdır. Şeirlərindən xoş niyyətli olduğu açıq şəkildə bəlli olur. Məhz bu səbəblə İslam dünyasının yüksəlməsi və oyanması üçün bezmədən, yorulmadan çalışmışdır. Təbrizlilərə qarşı yazdığı həcvlər onun xalqa xor gözlə baxması demək deyil, onun xalqı bu vəziyyətə salan axund və xanlara qarşı duyduğu hiddətin nəticəsidir. Əvvəlki tərzdə şeirlər yazmaqdan əl çəkəndən və rus ədəbiyyatını öyrəndikdən sonra Krılovun “Eşşək və bülbül” təmsilini və bu qəbildən olan ədəbi nümunələri tərcümə etmişdir. Həccə getməsi və orada dünyasını dəyişməsi Qərb mədəniyyəti ilə tanış olsa da, dini əqidəsindən dönmədiyinin sübutudur. O, İslam əqidəsi ilə Qərb elmini uzlaşdırmağa çalışırdı. Əruz vəzni ilə çox, heca vəzni ilə az yazmışdır. “Nəsihətnamə” adlı əsərini uşaqlar üçün yazmışdı. Bu əsər dilinin sadəliyi, anlaşıqlı olması ilə fərqlənir. Abbasqulu ağa millət və ümmət məfhumlarını bir-birindən ayırmırdı. O dövrdə indiki mənada olan millət anlayışını dərk etməmişdi. Abbasqulu ağanın Azərbaycan türklüyünün milli və mədəni oyanışına xidmət edən hörmətli şəxsiyyətlərdən olduğu inkar edilə bilməz. “Gülüstani-irəm” əsəri rus dilinə tərcümə olunaraq çap edilmişdi. 1923-cü ildə Azərbaycan Sovet Maarif Komissarlığı bu kitabı rus dilindən çox böyük səhvlərlə dilimizə tərcümə edərək “Azərbaycan tarixi” adı ilə nəşr etdirmişdir. Ceyhun bəy Hacıbəyli bu kitabın Abbasqulu ağanın həyatına və əsərlərinə aid hissəsini fransız dilinə tərcümə etmişdir. (J.A. tome CCVII, № I, 1925, p-157). Bununla yanaşı “Miratəl-camal” adlı farsca şeirlər kitabı və “Kitabi-əsgəriyyə” adlı Quba camaatından Əsgər adlı bir gəncin türkcə yazılmış hekayəsi vardır. Bu hekayə Əbülhəsən Vəzirovun “Kava idi Zuiyye” adlı rus dilindəki əsərində vardır. (s. 112-130). Ceyhun bəy yuxarıda göstərilən məqaləsində Abbasqulu ağanın “Hədisi Qüdsi” kitabının Paris Şərq dilləri kitabxanasında olduğunu, bu kitabın 1862-ci ildə Tehranda daş basma üsulu ilə çap edildiyini, Məhəmməd Xan tərəfindən fars dilinə tərcümə olunduğunu qeyd edir: “Azərbaycan tədqiq və tətəbbü” yayını seriyasından olaraq “Gülüstani-irəm” M.H.Baharlı tərəfindən türkcəyə çevrilmiş və bir önsözlə 1926-cı ildə yayına buraxılmışdır.”
Abasqulu Ağa “Gülüstani-irəm”i rus imperatoruna təqdim etmiş və əsərin tədqiqi İmperatorluğun Elmlər Akademiyası tərəfindən akademik Bross və Dorna tapşırılmışdı. Bu iki akademik kitabın elmi dəyəri barədə yazırdı: “Abbasqulu ağanın əsərində bu günə qədər Avropa alimlərinə məlum olmayan Şərq qaynaqlarından alınmış zəngin məlumatlar var. Bu məlumatlar əlimizdə olan məlumatları xeyli tamamlayır. Əsərdə müxtəlif coğrafi mövqelər haqqında məlumat verməklə yanaşı Şirvan və Dağıstanın ən qədim dövrlərdən başlayaraq ən yeni dövrlərə qədər davam edən tarixi də göstərilir. Biz bu əsəri Qafqaz ölkələrinin tarix və coğrafiyası ilə bağlı ən faydalı və mühüm əsər kimi dəyərləndirir, müəllifin zəhmət və səyinə qarşılıq olaraq hörmət və ehtiramımızı bəyan edirik.” Bu əsaslı təhlilə baxmayaraq Çarlıq idarəsi əsərin çapına icazə verməmişdir. Səbəb məlumdur: Qafqazlıların şanlı tarixini gizlətmək…
Abbasqulu ağa əsərini çara təqdim edərkən bu kitabın əhəmiyyəti haqqında bu fikri irəli sürmüşdür: “Qafqazın yüksək əmirləri yanında xidmətim müddətində ölkənin indiyə qədər hələ də yazılmamış tarixini qələmə alma zərurətini düşünürdüm. Digər tərəfdən vətənimin tarixini yazmaq üçün hər kəsə məlum olmayan bəzi qiymətli kitablardan istifadə etmək imkanına sahib idim. Bütün bunlar mənim mənsub olduğum ölkənin keçmişini yazmağa və boş vaxtlarımı bu işə həsr etməyimə məcbur qoydu.” (A.V.Yurdsevər “Abbasqulu ağa” Azərbaycan jurnalı, il 2, iyun 1953, № 315).
Vaxti ilə Parisdə ilk inqilabçı Leh qəzetini çıxaran qəhrəman Simon Konarskiy hərəkatı ilə əlaqəsi olan, Simon Konarskinin asıldığı dar ağacının hissələrini müqəddəs əşya kimi xatirə saxlayan və aralarından bəzilərinin 1830-1831-ci il Böyük Leh üsyanı ilə Azərbaycana sürgün edilən inqilabçıların o dövrdəki Azərbaycan ziyalılarına, o cümlədən Abbasqulu ağaya təsiri böyük olmuşdur. 1828-ci ildə Azərbaycana sürgün edilən Leh ordusu polkovnikləri arasında Qraf N.S.Vortsel, Qraf St. Karvitskiy və N.N.Kvartano kimi gizli Leh təşkilatının üzvləri olduğu kimi, S.Konarskiy hadisəsi ilə əlaqəsi olan Leh şair və ədiblərindən Vladislav Strjelnitkiy və Lada Lablotsky da var idi.
Leh ədəbiyyat tarixçisi Yulian Bartuşeviçin əsərində “Qafqazda ədəbiyyat” bəhsində adları çəkilən leh şairləri bunlardır: Tadeuş Lada Zablotskiy, Vladislav Strjelnitskiy, Stanislav Vinitskiy, Leon Yenişevskiy, Konstantin Zah, Gyugo Korsak, Mihal Andrjevkoviç, Yan Virbitskiy, Vikenty David və başqaları … Şair və hekayə yazıçısı olan Strjelnitskiy əsərlərinin mövzularını Azərbaycan və Dağıstanın məişətindən, həyat tərzindən götürürdü. Şairin ən əsas əsəri “Mahmudek” adlı hekayəsi bütünlüklə keçən əsrin 30-cu illərindəki Şamaxı-Şirvan həyatını təsvir edir. Şair bu əsərini yazarkən İslam tarixini də araşdırmışdır. Əsərin dili Azərbaycan sözləri ilə zəngindir. Eyni zamanda əsərdə Şirvanşahlar tarixi və Qız qalası haqqında da məlumat verilmişdir. “Mahmudek” hekayəsi səthi yazılan bir əsər deyil. Bu hekayə Azərbaycan türk həyatını, məişətini, tarixini, abidələrini əhatə edən məşhur bir əsərdir. Yazıçının 1860-cı illərdə çap olunan 28 şeir parçasından ibarət poemasının əsas mövzusu dağlıların məişəti olsa da, Azərbaycan türklərinin yaşayış tərzlərini tərənnüm edən hissələrə də rast gəlinir. Şeirlərin yazıldığı yerlərə nəzər yetirsək, yazıçının Şamaxı, Bakı, Qarabağ və Qubada yaşadığı məlum olar.
Azərbaycan xalqının həyat tərzi ilə maraqlanan və Azərbaycan türkünün milli ənənələrini daha yaxşı dərk edən digər leh şairi Lada Zabiotskiy olmuşdur. Bu şair Qafqazda sürgündə olarkən Abbasqulu ağa ilə dostluq əlaqələri qurmuşdur. 1845-ci ildə Peterburqda çap olunan külliyyatından və Qafqazdakı həyatını əks etdirən əsərlərindən 1838-1845-ci illərdə Quba, Şamaxı, Dərbənd və Tiflisdə yaşadığı məlum olur. Onun şeir, məqalə və yazılarından Azərbaycanın dostu olduğu da aydın görünür. Azərbaycanda yaşadığı müddətdə Abbasqulu ağa ilə dostluq etmiş və rus işğalına qarşı üsyanların şahidi olmuşdur. O, Abbasqulu ağanın şeirlərini lehcəyə tərcümə etmiş və həm də bu şeirlərin rus dilinə tərcümə olunaraq çap etdirilməsinə çalışmışdır. 1851-ci ildə Tiflisdə rus şairi Polonskinin buraxdığı “Şeirlər külliyyatı”nda Abbasqulu ağanın rus şairi G.P.Danilovskiyə ithaf etdiyi şeiri Zablotskinin səyləri nəticəsində çap olunmuşdur. Abbasqulu ağa bu şeiri leh və Azərbaycan istiqlalçılığına həsr etmişdir. Leh sürgünlərinin Abbasqulu ağanın siyasi fikirlərinin formalaşmasında əhəmiyyətli yeri olduğu açıq-aşkardır. “Gülüstani-irəm” əsərində Zabotskinin külliyyatını oxuyub bəyəndiyini, Lehistanda leh dövlət adamları ilə görüşdüyünü fəxrlə qeyd edir. (Professor Əhməd Cəfəroğlu “Azərbaycan ədəbiyyatında sürgün lehlilər” 2-ci il, noyabr-dekabr 1953, № 8-9 (20-21 Azərbaycan jurnalı).
Abbasqulu ağa tərcümeyi-halında həyatını belə təsvir edir: “Mən hicri təqviminin 1208-ci ilində anadan olmuşam (1794). Anadan olduğum yer Əmirhaciyan (Xilə) kəndi Bakı xanlığına aiddir.
Təhsil almağa başladığım zaman yeddi yaşında idim, lakin on il müddətində xüsusi bilik və məlumat sahibi ola bilmədim. Bunun isə səbəbi o illərdə hər yerdə müharibə və qarışıqlıqların olması idi. Bundan sonra 1820-ci ildə Tiflisdə yaşamağa başlayandan sonra rus dilini öyrənməyə marağım artdı. Bu dilin köməkliyi ilə Avropa mədəniyyətinə yaxşı bələd oldum.” Gəzdiyi yerlərdən söz edərkən: “Hər qədəm qoyduğum əyalətin vəziyyətinə, ərazisinə, əhalisinin yaşayış tərzinə diqqət yetirməklə yanaşı ürfan, bilik sahibləri, alimləri ilə də görüşmək şansım oldu.” – deyir. Səyahətdən sonra gəldiyi qənaətləri belə bölüşür: “Bu səyahətimdə ağla və ruha qida, tərbiyə verən bir çox şeyləri görmüşəm. Həmin bu şeyləri təsvir etmək üçün səylə çalışmışam. Bəşəriyyətə qarşı dürüst, xoş niyyətli davranıb gördüm ki, dünya fanidir. Elə bir şey yoxdur ki, bu dünyada əbədi qalsın. Ad və şöhrət puçdur. Var-dövlət və mənsəb əbədi deyil. Nə qədər nəcib və məşhur olsan da tərifə layiq bir tərəfin yoxdursa, xalqın gözündə qədir qiymətini itirərsən. Ancaq bir şeyə inamım tamdır. O da, elm aləmində mərifət və məharət qazanmaq istəyirsənsə lazımınca bilik əldə edib, özündən sonra gələnlərə elm və biliyindən sərmayə, əsər qoymalısan. O zaman özünü xoşbəxt hesab etməyə haqqın var, dünyadan köçdükdən sonra da yaşayacaqsan. Bu əqidədə olduğum üçün ona xidmət etməyi mənəvi borc bilib bir neçə əsər yazmağa cəsarət etmişəm.”
Özünün də açıq şəkildə dediyi kimi, bu nəticəyə gəldikdən sonra Çar hökumətinin ona verdiyi polkovnik rütbəsindən imtina edərək Qubaya çəkilmiş və əsərlər yaratmağa başlamışdır. Qubada “Ürfan məclisi” quraraq dostlarını, tanışlarını, başqa yerlərdən gələn şair və ədibləri oraya toplamağa müvəffəq olmuşdur.
Tiflisdəki vəzifəsini tərk edib Qubada məskunlaşdıqdan sonra Abbasqulu ağa özünü ibadətə və elmə həsr etmiş, filosofluqla məşğul olmuşdur. Bunu şeirlərindən və bəzi əsərlərə yazdığı ön sözlərdən anlamaq mümkündür. Təsəvvüfə enən şeirlərindən bir nümunə:
Hər dildəki yox nişaneyi eşq,
Arayişi qam, fəsanayi eşq.
Əlbəttə deyil kəmalə qabil,
Evqatı keçər vəli nə hasil?
Bi-bəhrə qalır bu müddəadan,
Təhsili lezayizi səfadan.
Ey dil, dutadır xəyal zevkin,
Ta dərk edəsin vüsal zevkin.
Eşq ilə cahanda biniyaz ol,
Amma revişində pak baz ol.
Dehr etsə əgər cəfa iradə,
Səndən kimi saht dur vəfadə.
Ver başına çalsa dəst matəm,
Çakuç kimi çerh çəkmə sən qam.
Ah ilə olur dehən yolu bənd,
Lebrizi şerarə görə manənd.
Bu şeirdə Abbasqulu ağanın bəhs etdiyi eşq, qadına olan eşq deyil. Firidun bəy Köçərli haqlı olaraq deyir: “Bu eşq Mövlana Cəlaləddin Ruminin vurulduğu eşqdəndir.” Yenə Firidun bəy Köçərli bu şeiri Azərbaycan türkcəsində izah edir: “Vaxtını dünyadan bixəbər və biəsər keçirənlər, qəlbləri məhəbbətdən uzaq olanlar, məzhəblərinin cəfasını, vüsalın səfasını görməyənlər, dünyanın keçməkeşinə, bərkinə-boşuna düşməyənlər, zəhmətə, məşəqqətə düçar olmayanlar, məqsədləri yolunda canından keçməyənlər, əlbəttə onlar qafil şəxslərdir ki, onların beyni ilə bədəni arasında heç bir fərq yoxdur.”
Biz bu dolğun açıqlamaya əlavə etmək niyyətində deyilik. Abbasqulu ağa bu şeirdə ideal eşq, insanlıq və əxlaq eşqini tərənnüm edir. Yuxarıda da öz sözləri ilə qeyd etdiyimiz kimi, dövlətin, zənginliyin əsalət və rütbəsi yoxdur. Həyatda heç bir məqsədi olmayan və onun üçün cəfaya dözməyən “Bi-bəhrə qalır bu müddəadan– təhsili lezayizi səfadan”… deyir.
XIX əsrin birinci yarısında bir Azərbaycan aydını bundan başqa nə desin? Yenə o, bundan başqa çox şeylər demişdir, irəlidə görəcəyik.
Digər qəzəlindən bir parçaya baxaq:
Arzu eylər könül dildar gəlsin, gəlmədi,
Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim
Dilrübalər fövcinə sərdar gəlsin, gəlmədi.
Canə gəldim bivəfalar ülfətindən, istərəm
Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.
Abbasqulu ağa mistik və dərin fəlsəfi şeirlərindən başqa həcvlər də yazmışdır. Həyatını araşdırarkən bunu anlayırıq ki, Abbasqulu ağanın məqsədi əsas mənanı lazımı şəkildə çatdırmaqdır. Bəzən dostlarına lətifə və ya həcv tərzində şeirlər yazmışdır. Belə tip şeirlərindən ən əhəmiyyətlisi Təbriz xalqının geriliyini və cəhalətini açıq şəkildə tənqid etdiyi şeiridir.
Tiflisdən Qubaya dostlarına bu satirik şeiri yazmışdır:
Sən onda səfa eylə Dilcular arasında,
Mən qalmışam avarə gürcülər arasında.
Dərdü qəmi– hicrandan qürbətdə pərişanəm,
Döndü cigərim qanə kaygular arasında.
Hər canibə əzm etsəm ezbeski (çünki) gözəl çoxdur,
Tuti sifatam heyran güzgülər arasında.
Bir yanə əgər baxsam qəm çəkmək olur bica,
Bunlar kimi meh tələt xoşhular arasında.
Əbr ilə günəş manənd pərtəv salır afəkə,
Rüxsarəsi hər şuxun keysulər arasında.
Yüz işveyi mehr ilə aşiqlərə meyl etmək,
Bu şəhrdə adətdir məhrular arasında.
Bunları görüb, Qüdsi, hər kimsə ki, aqildir,
Etməz özünü rüsva bədgulər arasında.
Tiflis kimi bütün dövrlərdə gözəlləri çox olan ölkədə yaşayan Abbasqulu ağa dostlarına yazdığı bu şeirdə deyir ki: “Bir yana əgər baxsam qəm çəkmək olur bica, bunlar kimi meh talət xoşhular arasında.” –“Əgər xoş üzlü gözəllər arasında əyləncəyə başım qarışsa, qəm çəkmək boş, əbəs olar.” Buradan aydın olur ki, şair vətəni üçün darıxır və zamanını vətəninə xidmət etməklə keçirir, əsla ətrafındakı gözəlliklərlə başını qatmır. Abbasqulu ağanın vətənpərvər olduğunu “Gülüstani-irəm” əsərini çara təqdim etdiyi zaman ona yazdığı məktubdan da görmək olur. O dövrdə çara xitab edərək yazdığı ilk məktubda vətəninin və mənsub olduğu ölkənin tarixini yazmaq məcburiyyəti hiss etdiyini çox böyük mədəni cəsarətlə deyir. Müstəmləkə idarəsinin və köləliyin hakim olduğu imperiyada belə bir çıxışı ancaq Abbasqulu ağa kimi Azərbaycan oğlu edə bilərdi.
Abbasqulu ağanın Təbrizdə olduğu vaxt ərzində aylardan biri Məhərrəm ayına təsadüf edirdi. Məhərrəm ayında İslam tarixində böyük inqilabçı Həzrəti Hüseyn Kərbəlada ailəsi ilə birlikdə şəhid olması yad edilirdi. Bu vəsilə ilə Abbasqulu ağa həmin dövrdə İran taxtının vəliəhdi hesab edilən şahzadəsinin yaşadığı təkkəyə gedibmiş. Təkkənin divarında isə bu yazını görüb:
Bu sərbaz və əsas şahzadə,
Olaydı kaş o dəmdə Kərbəlada.
Abbasqulu ağa fürsət taparaq yazının altına bu beyti yazır: `
Büsatı cəng olan saat qaçardı,
Qoyardı sərvəri dini aradə.
Bu həcv o dövrün İran idarəçilərinin üzünə qırmanc dəyirmiş kimi bir təsir göstərməyibsə, bu Abbasqulu ağanın günahı deyil təbii ki. Təbriz xalqının geriliyini görən şərq mütərəqqi şair və yazıçısı buna dözməyərək aşağıdakı həcvi yazmaq məcburiyyətində qalmışdır.
Eya güruh-i sitemkar əhli Təbriz,
Vəfa yerinə cəfa sizdə, bu nə adətdir?
Nə eləmə talib olan var, nə manidən agah?
Görüm ilahi, dağılsın necə vilayətdir?
Nə rah-i rəsm-i Nesara, nə şiveyi islam,
Nə bütpərəst süluku bular nə milletir?
Ne qədər seyredim küçə ilə bazarı,
Adam çox az görünür, izdiham kəsretdir…
Vüfuru vardır üç fırkanınbu keçvərdə,
Axund ilə, həruhan bi-hadi nihayətdir (saysızdır),
Anın imaməsi rəngin, bunun yükü zəngin,
Hüsusi ol birinin cübbəsi qiyamətdir…
Həri çıxart adaran, bunlara şəbahəti yox,
O binəvanın işi rənc ilə riyazətdir,
Axund ilə xana hər danə eyləsən yaraşır,
Bu müftəxorların əndişəsi şəraətdir,
Kimin ki, hulku məzəyyəndiristəməz zivər,
Kişi özün bəzəmək cəhldən əlamətdir,
Yetişdi iş o yerə hər kəsin ki, saqqalı,
Hənalı olsa, uzun hörməti ziyadətdir,
Ha beylə olsa, paraq tazı tuladan yegindir,
Sürü içində keçi sahibi kəramətdir.
Biraz yuxarıda da qeyd etmişdik ki, Abbasqulu ağanın şeirlərində həcvlərə də rast gəlinir. Şair Təbriz xalqına başqa cür xitab edə də bilməzdi. Çünki şair gördüklərini olduğu kimi təsvir edirdi. Ancaq bu şeirin Təbriz xalqına təsiri olub-olmadığı başqa bir mövzudur. Əsas olan odur ki, islahatçı və yenilikçi olan Abbasqulu ağa həqiqətləri və onlara qarşı öz mövqeyini göstərə bilmişdir.
Abbasqulu ağa ibadət və elmlə məşğul olmağa başladıqdan sonra farsca yazdığı məsnəvisində yazır: “Afərin hər eşq, ber gogay eşq-Baz küştəm əz sevdayı eşq.” Mistik şair “bəzən eşq və sevdadan taqətsiz düşürəm” deyir.
O, öz eşqini, sevgisini xalqın şanlı keçmişini təsvir edən tarixinə, bu xalqın oyanışına vermişdir. Abbasqulu ağa yalnız Azərbaycan yenilikçisi deyil. O, İslam Şərqinin mütərəqqi mürşididir. Bu özünü ərəb və fars dilində yazdığı, özündə dünyəvi dəyərləri daşıyan fikirlərində, Avropa tərzli əsərlərində göstərir. Farsca qrammatika, ərəbcə “Amerikanın kəşfi”, əxlaq, məntiq, astronomiya kitabları bu fikrimizin doğruluğunu sübut edən ən qüvvətli dəlillərdir. Bu mövzular yeni Avropa həyat tərzinin mövzularıdır.
Abbasqulu ağa Azərbaycanın mədəni cəhətdən inkişafını uşaqların öz dillərində təhsil almasında görürdü. Bunun üçün o, dövrünün ədəbi dilindən daha sadə xalq danışıq türkcəsində “Nəsihətnamə” adlı əxlaq kitabı yazmışdır. Bu kitab belə deyir: “Uşaqlıqda elm öyrənmək, daşın üzərinə naxış salmaq kimidir. Qəflət vaqe olmasın. Xalqın yaxşılığını istəyən gərək, uşaqlıqdan elm öyrətsin. Çünki sonradan pis xasiyyətin və vərdişlərin yaranma səbəbi elm və ədəb çatımazlığıdır. Məhz buna görə hicri təqviminin 1252-ci ilində belə bir kitab yazaraq adının “Nəsihət” olmasını təklif etdim. Allahın mərhəmətinə ümid edirəm ki, bu kitabın uşaqlara faydası olsun… Uşaqlara xitab: “Mənim əzizim, sən insansan. Allah-təala insanı dünyadakı hər şeydən üstün yaradıb. Görürsənmi, heyvanlar o qədər güclü və böyük olmalarına baxmayaraq insanın əlində əsirdilər. Bu isə hər kəsin vəzifəsini yaxşı bilməsi ilə mümkündür. Insanlar arasında işini yaxşı bilən hər zaman hörmətli olur. Buna görə də işləməyi öyrənmək lazımdır. O adamlar ki, yaxşı və yamanı tədqiq və təcrübə ilə məğlub ediblər, onların dedikləri bizim üçün nəsihətdir.”
Abbasqulu ağanın yazdığı bu önsöz onun nə etmək istədiyini açıq şəkildə göstərir. Oxucular, bizim Abbasqulu ağanı Azərbaycan intibahının lideri saymağımızda bizə haqq verəcəklər. “Nəsihət” kitabından bəzi nümunələr verərək Abbasqulu ağa bəhsini bitirmək istəyirik:
1. Elm və kamalın təhsilini bütün işlərdən əziz say, ondan ötrü ki, bütün hər şey onların təsiri ilə yaranır.
2. Çün bir müsibətə düçar oldun, səbr elə, hər kəsin yanında öz müsibətini izhar eləmə.
3. Bədbəxt o şəxsdir ki, bir kəsin haqqında yaxşılıq etmək fürsəti olsa da, onu etmir.
Abbasqulu ağanın intibahçı şair olduğu qısa məlumatımızdan asanlıqla görülür. Onun filosof və əxlaq təmsilçisi kimi araşdırmaq isə çətin işdir və mövzumuz xaricindədir. Lakin onun bu tərəfini qısa şəkildə göstərən ömrünün sonunu anlatmadan keçə bilmərik. Abbasqulu ağa (1261) Mədinədə Vadiyi-Fatmada ölmüşdür. Ölümünü Həcc ziyarətinə birgə getdiyi dostu Hacı Molla Abdulla Axund belə təsvir edir: “Qüdsi öz ziyarətini yerinə yetirər-yetirməz üzünü haqq dərgahına tutub deyir: “Pərvərdigara hər padişahdan mənə nişan verilib, səndən də bir nişan təmənna edirəm ki, axır nişanım olsun.” Molla Abdullah Axund o nişandan muradının nə olduğunu soruşur. Abbasqulu ağa cavabında deyir: “O nişan bu müqəddəs məkanda ölməkdir.” Və Abbasqulu ağa bu müqəddəs torpaqlarda dünyadan köçür. Abbasqulu ağanın bu şəkildə ölümü onun filosofluğunun və əxlaqının təmiz və olğun olmasından irəli gəlirdi və bu, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən şəxsin hüzura qovuşmaq arzusunun həyata keçməsidir. 53 yaşında dünyasını dəyişən böyük Azərbaycan övladı dayanmadan çalışmış və qiymətli əsərlər yaratmışdır. Azərbaycan, onu ilk islahatçılardan biri kimi tanıyacaq və yaşadacaqdır.
Bakıxanlı “Kitabi-Nəsihət”də “İnsanlığın şərəfi kamal və imkan ilədir, soy ilə deyil. Beləki, qabiliyyəti olan soyunun şərəfinə ehtiyac duymur.”– dediyi zaman, despotik Rus İmperiyasının zadəganlıq əsası üzərində qurulmuş feodal rejimini tənqid edirdi. Eyni əsərində: “Dünyada olan şeylərin hamısı bütün fəzilətlərin dövləti olan elmə bağlıdır.” deyir.
Mənsub olduğu xalqı elmə qovuşdurmaq və oxutmaq ideyası ilə 1832-ci ildə rus hökumətinə xüsusi bir layihə ilə müraciət etmişdir: “Maarifə doğru atılan ilk addım məktəb təsis etməkdir. Mən həmvətənlərimin xeyri naminə var qüvvəmi bu işə həsr edirəm və öz nəzarətim altında məktəb təsis etmək haqqında fikir irəli sürməyə cəsarət edirəm.” Həmin layihədə deyilirdi: “Avropanı Asiyadan üstün edən indiyə qədər şüurlarda kök salan cahil təsəvvürlərin təsiri ilə bəzi Asiyalıların düşündükləri kimi tale və təsadüf deyil, maarifdir. Avropa təhsil sistemi ilə tanış olan Asiyalılar öz tədris sistemlərinin çatışmazlıqlarını görürlər. Ancaq nə etmək lazım olduğunu bilmədikləri üçün yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirlər. Öz vətənlərinin miskin vəziyyətinə qüssə ilə baxırlar. (Государственный исторический музей" fond. Rozen 41, l.l. 211-216. Проект учреждения муслиманского уцилища, составленный майором Абаскули ага Бакыхановым 20.02.1832) (Azərbaycan ədəbiyyatı tarixi, Bakı 1962, s. 31-36).
Abbasqulu ağa “Təhzibi-əxlaq” adlı əsərində, ağlı hər şeydən yüksək tutaraq onu yaxşını pisdən, gözəli çirkindən seçən bir vasitə hesab edir. Eşqdə də hissin ağla tabe olmasını tövsiyə edir. Ona görə “Ağlın nəzarəti altında olmayan eşq təhlükəlidir.” deyir. “Gülüstani-irəm “adlı tarix kitabında Abbasqulu ağa ağıllı dövlət başçılarına xüsusi qiymət verdiyini qeyd edir. Həmin dövrün Qərb mədəniyyətində aktual mövzu olan “Ədalətli hökmdar” fəlsəfəsinin təsirində olduğunu göstərir.
Azərbaycanın bugünkü “Marksizm-Leninizm” metodu ilə işləyən elm adamlarının əsərlərində, hər elm sahəsində “Великорус” millətinə lider münasibəti bəsləmək və Azərbaycanın mədəni inkişafında ruslara borclu olduğumuzu qeyd etmək əsas xüsusiyyətləri idi.
Bu elm adamlarının hakim “Великорус” millətinin bu “yaradıcı” xidmətlərindən bəhs edərkən böyük vəcdlə “Böyük qardaşımız olan rus millətinin xeyir gətirici rəhbərliyi altında….” Azərbaycan elə mədəniləşdi, belə mədəniləşdi deyirdilər. Azərbaycanın rus işğalından sonra qərb mədəniyyətinə doğru yönəldiyini inkar etmək olmaz. Ancaq obyektiv elmi metod ilə baxsaq, bu fikrin tək səbəb olduğu qətiyyən doğru deyil. Bu fikrimizi qısa olaraq izah edək:
1. Ruslar Azərbaycana istilaçı olaraq gəliblər və mədəni siyasətin deyil, müstəmləkəçi bir imperialist dövlətin təmsilçiləri olublar.
2. Həmin dövrdə Rusiya yalnız hərbi cəhətdə qərbləşmişdi və burada feodal-köləlik rejimi hakim idi.
Müstəmləkəçi imperialist dövlət müstəmləkələri idarə edərkən qərbin vəsait və metodlarından istifadə etmək məcburiyyətində qalmışdır. Bu ehtiyac rusların özlərini qərbləşməyə məcbur etmişdir. Belə bir vəziyyət qarşısında istismar edilən müstəmləkə xalq da qərbləşmə yolunu tutmuşdur. Həmin dövrdə rus mədəniyyəti deyə bir şey olmadığına görə müstəmləkə imperiyası olan ruslar müstəmləkə xalqı olan Azərbaycan türkləri ilə eyni dövrdə qərbin mədəniyyət ənənələrini mənimsəmişdilər demək daha doğru olar. I Pyotrun vəsiyyətini yerinə yetirmək üçün isti dənizlərə enmək və İran və Türkiyə torpaqları üzərində də rus imperializmini qurmaq məqsədilə strateji hərbi əhəmiyyətə malik dəmiryollarının inşası Azərbaycan xalqının digər dövlətlərlə ticarət əlaqələri quraraq qərb mədəniyyəti ilə tanış olmasına şərait yaratmışdır. Belə olduğu halda “böyük qardaşımız” olan rus milləti Azərbaycan türklərini mədəniləşdirdi demək olarmı? Görəsən, Çar Rusiyasının Azərbaycana mədəniyyət gətirmək üçün bu torpaqları istila etməsi lazım idimi ? Əgər elədisə, qəzet çapına, məktəb açmağa və başqa vətəndaş hüquqlarının icrasına nə səbəblə icazə vermirdilər? Azərbaycan xalqı rusların müstəmləkəçilik və imperialist siyasətlərinin yuxarıda qeyd etdiyimiz şərtlərindən istifadə edərək qərbləşmək fürsəti tapıbsa və bu istəklərinə nail ola bilibsə, bu heç də rusların uğuru deyil.
1828-ci il iyul ayında Dekabristlərin bir hissəsi Pyotr-Pavlovsk qalasından asılaraq edam edilmiş, bir hissəsi Sibirə sürgünə göndərilmişdir. Bunlardan Qafqaza sürgün edilmiş B.K. Kuhelberker general Yermolovun Qafqaz naibliyi idarəsində xarici işlərin idarəsi üzrə məmur vəzifəsinə çalışmışdır. Həmin dövrdə bu idarədə işləyən Abbasqulu ağanı Kuhelberkerin köməkçisi təyin ediblər. Bakıxanlının Dekabristlər və Polşa inqilabçıları ilə yaxından əlaqə qurması onun dünya görüşünün formalaşmasında böyük iz buraxdığı şübhəsizdir. Bakıxanlı millətinin və xalqının inkişafını Qərb mədəniyyətini mənimsəməsində görürdü və beləcə millətin azadlığa çıxacağını düşünürdü. Həmin bu sözügedən dövrdə Azərbaycan xalqının mədəniyyət və iqtisadiyyatının inkişafı qarşısında edilə biləcək heç bir şey yox idi. Bu səbəbdən də uşaqlar üçün “Nəsihətnamə” dərsliyini yazmışdır. “Əsrarül-mələküt” adlı əsərində isə dövrünün nüfuzlu elm adamlarından Kopernik, Nyuton, Qaliley, Kepler, Cordono Bruno, Lomonosov kimi alimlərin fikirlərinə toxunur və kainatın quruluşundan bəhs edirdi. Dünya elmində inqilab yaradan bu şəxslərin Bakıxanlının zəhmətləri nəticəsində Şərqə tanıdılan əsərləri onu yalnız Azərbaycanın yox, bütün Şərqin humanist alimi zirvəsinə qaldırmış, əsərləri Şərqə böyük təsir göstərmişdir. “Təhzibül-əxlaq” adlı psixoloji və əxlaqi kitabında nəzəriyyə ilə tətbiqin qarşılıqlı əlaqəsindən söz açır və əşya ilə maddənin haldan-hala keçərək dəyişdiyini irəli sürür. Qədim yunan filosofu Demokrit və Empedokl ilə eyni fikirdə olduğunu göstərir.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.