Текст книги "Azərbaycan Yeniləşmə Hərəkatı – XIX əsr"
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 15 страниц)
XANLIQLAR DÖVRÜNDƏ AZƏRBAYCANDA İQTİSADİ DURUM
XIX əsrin əvvəllərində rusların Azərbaycanı işğala başladıqları dövrdə sosial baxımdan hansı səviyyədə olduğunu qısaca gördük və Azərbaycanla müqayisə etdik. İndi isə iqtisadi cəhətdən qarşılaşdıraq. Elə düşünürlər ki, Bakı neftini Azərbaycanda ruslar kəşf ediblər. Əslində məsələnin belə olmadığı və zamanında xanlıqların bu sərvətin Azərbaycan üçün iqtisadi cəhətdən əhəmiyyət kəsb etdiyini sənədlərə istinadən verəcəyimiz məlumatlar əsasında göstərəcəyik.
Ruslar Azərbaycanda aqrar sahə ilə bağlı özlərinin bilmədikləri yüksək əkinçilik üsuluna yiyələniblər. Pambıq əkini ilə ipək emalından yetərincə istifadə ediblər. Sulama ilə bağlı yerli “Mir-ab” təşkilatı o zamanlar Rusiya su idarəsi nizamnaməsinin əsasını təşkil etmişdir. İrəvan xanlığındakı sulama təşkilatı rus tarixçilərinin də qəbul etdikləri kimi dövrünün örnək təşkilatı idi. Gəncə ruslar tərəfindən tutulan zaman şəhərdə pəncərə-şüşə emalatxanaları ilə birlikdə 400-ə yaxın ipək fabriki və şəhər kənarındakı Daşkəsən, Bayan və Seyah ərazilərində dəmir mədənləri var idi. (İslam-Türk ensiklopediyası, c. I, n. 45, s. 720– M. Ə. Rəsulzadə)
1.İpəkçilik
XIV və XV əsrlərdə Azərbaycan ipəyi İtaliyada çox məşhur idi. Şəki ipəyinə “Seta Sicchi, Sacchi”, Gəncə ipəyinə isə “Seta Gengia” deyirdilər. İpəyin istehsal olunduğu ölkənin adı ilə tanınması bu mallara etibar edildiyinin göstəricisidir. İtalyan tacir və səyyahı Contarini deyir: “1475-ci ilin dekabrının ilk günündə Şamaxı şəhərinə çatdıq. Bu şəhərdə ipək hazırlayırlar. Bizdə belə yerə “Talamon” deyirlər. Xalqın yaşayışı burada olduqca yüksəkdir.” Bu tarixdən 100 il sonra səyyah Dıjenkinson Azərbaycan ipəkçiliyi haqqında fikirlərini qeyd edir: “Türklər öz yurdlarında ipəkdən müxtəlif çeşidli mallar hazırlayırlar. Bura ipək, pambıq və yun parçaları ilə məşhurdur. Ən çox tanınan, məşhur ipək bölgəsi isə Şamaxı hesab olunur. İstehsal edilən incə ipək sap Rusiyaya göndərilir. Qalın ipdən bel üçün şallar toxunur. İstanbulun Fateh II Mehmet tərəfindən fəthindən sonra İtalyan səyyahlar üçün Azərbaycana gələn yollar bağlandı. Contarini bildirir ki, ipək Təbrizə gətirilir, oradan isə Hələb yolu ilə Avropaya göndərilirdi.
Digər ticarət yolu Astraxandan və Volqa çayı üzərindən keçirdi.
1712-ci ildə Dağıstandan gələn ləzgilərin Şamaxını işğal etdikləri dövrdə Rusiyanın varlı taciri Evreniova məxsus qarət edilən ipəyin dəyəri 170 min rubl idi. Bu rəqəm Şamaxının ipək istehsalı və ticarətinin vəziyyətini açıq şəkildə göstərməyə kifayət edir. 1809-cu ildə rus mənbələrindən əldə edilmiş statistikaya görə, Şirvanda 5007 pud, Qarabağda 4000 pud xam ipək istehsal edilmişdir. (Azərbaycan Yurd Bilgisi– M. A. Əlizadə: Azərbaycan İpək Sənayesi, 1932, n. 10, s. 349-350)
2. Neft
Azərbaycanda neftin ruslar tərəfindən kəşf edilmədiyini rus tarixçisi Kaspari də qeyd edir:
“Abşeron bizim dövrümüzdən bir neçə əsr əvvəl də tanınırdı. B.e.ə. VI əsrdə Bakıda daim od-alov saçan ocaqlar var idi. Minlərlə oda sitayiş edən atəşpərəstlər ibadət etmək üçün bu ərazilərə gəlirdilər. Əslən Şimali Azərbaycanlı olan Zərdüştin Qafqaz ərazisində yaşadığını nəzərə alsaq, Bakının alovlarından ilham alaraq atəşpərəstlik dinini yaratdığı ehtimalının yüksək olduğunu deyə bilərik. Bizim neft (rus neftini nəzərdə tutur) haqqında ilk dəfə tarixi məlumatı ərəb tarixçisi Məsudidən alırıq. Katib Çələbidən isə Bakının ətrafı Daşqala ilə əhatələnən şəhər olduğunu və şəhərin mərkəzində yerləşən bəzi daşların odun kimi yandığını və eyni zamanda 500-ə yaxın quyudan ağ və qara neft çıxdığını öyrənirik.
XIII əsrdə Marko Polo neftin işıqlandırma məqsədi ilə istifadə olunduğunu, dəvələrlə hətta Bağdada kimi aparıldığını, Bakıda neft fontanı vurduğu zaman axan neftlə bir saat ərzində 100 gəminin doldurulmasının mümkünlüyünü yazır. XVIII əsrdə akademik Kempfer Bakını gəzmiş və daha sonra Bakı nefti haqqında geniş məlumatlar vermişdi. Kempferdən sonra akademik Gepvay, Lerhe və Gimelin Abşeron yarımadasını ziyarət etmişlər. Lerhe müşahidələri haqqında yazır: “Mən burada 52 neft quyusu gördüm. Qara nefti daşdan oyulmuş çuxurlara doldurduqdan sonra dəri tuluqlara tökür və arabalarla Bakıya aparırlar. 26 neft quyusu işləkdir. Neftin böyük ticari əhəmiyyəti mövcuddur. Neft quyularının dərinliyi 20 sajen33
1 sajen– 3 arşın
[Закрыть] olduğu və hər bir quyudan gün ərzində 500 batman neft çıxarıldığı məlumdur. Quyuların dərinliyindən qaynayan neftin uğultulu səsi eşidilir.” Lerhenin verdiyi məlumatlar içərisində ən maraqlısı isə qara neftin xüsusi qurğunun köməkliyi ilə ağ neftə çevrildiyini bildirməsidir. Lerhe bu barədə deyir: “Neft quyudan çıxarılarkən tünd, yanmış qəhvə rəngində olur. Qurğudan keçirildikdən sonra isə açıq sarı rəng alır. Quyudan çıxan neft tez alışmır. Lakin, təmizlənmiş neft tez alışır.” Bütün bu deyilənlərdən belə məlum olur ki, mazutdan kerosin alınması hələ xanlıqlar dövründən 200 il əvvəl də xalqa bəlli idi. Ancaq Lerhe qara neftin ağ neftə çevirən qurğunun iş prinsipi haqqında heç bir məlumat vermir. (A.A. Kaspari “Fəth edilən Qafqaz”, Peterburq 1904, s. 585-586). Bakı nefti haqqında ən çox məlumatı rus tarixçilərinin də bildirdiyi kimi, ərəb tarixçiləri verir. Prof. Ahmet Zeki Velidi ərəb və Osmanlı mənbələrinə istinadən Bakı nefti haqqında qiymətli məlumatlar vermişdir. Həmin məlumatlardan bəzilərinə diqqət edək:
Məsudi Bakı nefti kimi ağ neftin dünyanın heç bir yerində mövcud olmadığını deyir. Yanan neft quyularının alovlarının gecələr uzaq məsafələrdən göründüyünü də qeyd edir. Tarixçi eyni zamanda Xəzər dənizindəki bir adanın üç müxtəlif yerindəki vulkandan da bəhs edir.
İstahri C nüsxəsində (s. 190) Bakıda yaşıl və ağ neftin tapıldığını və Muğanla Bakı arasında balıqların ovlandığı ərazilərin olduğunu bildirir.
Hadudel al-Aləm-in müəllifi Bakıdan danışarkən belə deyir: “Bu şəhər dəniz sahilində bir şəhərdir. Dağlara yaxın yerləşir. Dilemilərin yurduna neft buradan aparılır.”
Yaguti Həməvi Bakı haqqında deyir: “Bakıda böyük neft quyusu var ki, hər gün min dirhəm var– dövlət gətirir. Bu quyu yaxınlığında başqa bir quyudan gecə-gündüz ağ neft axır. Ikinci quyudan da həmin miqdarda sərvət əldə olunur.”
Dərbənd tarixi ilə bağlı ərəb mənbələrindəki qeyddən: “Bakı neftinin varidatı Abbasi xəlifəsi Mənsurun dövründə Dərbənd Haşimilərinə həvalə olunmuşdur” (s. 38)
Həmdullah Bakuyi Şirvan əsərində yazır: “Buradakı neft mədənləri İran vilayətindəki (O dövrdəki Elxanilər dövlətini nəzərdə tutur) ən böyük neft mədənləridir.
XV əsrdə yaşamış Abd-əl-Raşid Salih ibn Nuri əl-Bakuyi adlı alim 1403-cü ildə “Talhis al-Athar fi acayip al-Aktar” adlı əsərində (Paris Milli Ktp. anc. fond. 2246) vətəni olan Bakı haqqında çox az məlumat verərək, qara neftin gün ərzində 200 qatır yükü qədər istehsal olunduğunu yazır.
Bakı XV-XVI əsrlərdə çox inkişaf etmişdi. Şirvan Osmanlıların hakimiyyəti altına keçdikdən sonra Şirvan valisi Özdəmir Osman Paşanın baş təzkirə yazanı Dal Mehmet Asafi Paşa “Şücaətnamə” əsərində Bakı nefti haqqında geniş məlumat verir, eyni zamanda o dövrdəki Azərbaycan iqtisadiyyatını işıqlandırırdı. Asafi Paşanın verdiyi məlumatlara görə, 1583-cü ildə ağ neft quyularından əldə olunan gəlir illik 10 yük sikkə, yəni 10000000 qəpik (2105000 qızıl frank), duz göllərindən illik istehsal 3000 zirzəmi duz, Şil balıq ovunun günlük gəlir 10000 sikkə (5000 qızıl qəpik) idi. Ticarət gəmiləri xüsusi ilə Gilandan gəlib gedirdi. Neftlə parça mübadiləsi mövcud idi. Hər məhsuldan 1/25 damğa (vergi növü) alınırdı. (Prof. Ahmet Zeki Velidi, “Azərbaycan Tarixi, Coğrafiyası”, II, Azərbaycan Yurd Bilgisi, Fevral 1932, n. 2, s. 70-71-72). Asafi Paşanın iqtisadi durumla bağlı şeirini də qeyd edək:
“Neçə min yük neft olur hasilləri,
Nəğd on yük sikkə var gəlirləri.
Ağ neftin mədəni var onda həm,
Ab-veş çah içində qaynar dəmbədəm.
Var yenə yanında bir duz mədəni,
Doldurur hər il otuz yüz zirzəmini.
Bend-i mahi var dahi “Şil” namıdır,
Sim zer mahilerinin damıdır.
Günde on min akçedir ana xərac,
Belə bağlanıb əzəldən ana baç.
Keçdilər memlu gelür her dem kumaş,
Neft ilə tebdil edib eylər maaş.
Keşti-i Gilan kesilmez muttasıl,
Hocalar sevdadan olmaz munfasıl.
Sattığı qalası hep alacadur,
Sanki Misir alacası a`lacadır.
Hər metaından iyirmi beşdə bir
Alınır tamğa deyü ey binazir”
Rus, ərəb və osmanlı mənbələrinə əsasən verdiyimiz məlumatlardan da bəlli olur ki, Azərbaycan rus işğalından çox əvvəl və rus işğalına yaxın dövrlərdə iqtisadi cəhətdən coğrafi çevrəsindəki ölkələrdən daha üstün idi. İpəkçilik, balıqçılıq, duzçuluq, heyvandarlıq, sulama və kənd təsərrüfatı və ən son neft bu ölkədə çox inkişaf etmişdi. Rusların Azərbaycanı işğal etməsi nəticəsində iqtisadiyyat çox gerilədi. Çünki həmin dövrlərdə ruslarda iqtisadi gerilik hökm sürürdü. Hələ neft sahəsindən heç nə anlamırdılar. Azərbaycanı işğala məruz qoyan rusların mədəni səviyyələrinin nə yerdə olduğunu rus tarixçisi Kasparinin fikirləri əsasında öyrənək:
“1813-cü ildə Rusiya və İran arasında imzalanan Gülüstan anlaşmasına görə, Bakı, Dərbənd və Quba Rusiyanın tabeliyinə keçdi. Bu tarixdən sonra neft quyuları xəzinəyə verildi. Xəzinə isə neft quyularına əhəmiyyət vermədi və quyular öz məhsuldarlığını itirdi. Ancaq 1820-ci ildən sonra Gürcüstanda yerləşən rus ali idarəetmə qüvvələri bu quyuları 4 il müddətində icarəyə verdilər. Bundan sonra neft dövlətə ildə 100000 rubl gəlir verməyə başladı. 1825-ci ildən sonra isə bu quyuları dövlət özü idarəetməyə başladı. Nəticədə isə illik gəlirin 76000 rubla endiyi müşahidə olunmuş və yenidən icarəyə verilmişdi. Beləcə 1850-ci ilə qədər bu quyuları bəzən dövlətin özü idarə etmiş, bəzən isə icarə üsuluna üstünlük verilmişdi. Dövlətə isə ildə 4500000 gəlir gəlirdi.
Xanlıqlar dövründə neftdən kerosin hazırlanması qaydası unudulmuşdu. Bu üsul vasitəsi ilə neftin daha çox istifadəyə yararlı və faydalı olduğu, əmtəəyə çevrildiyi heç kimin ağlına gəlməmişdi. Xəzinə ildə 85000 rubl gəlir qazanmaqla fəxr edirdi. Neft istehsalı getdikcə azalırdı. 1825-1850-ci illər arasındakı istehsal miqdarında heç bir artım yox idi. Xəzinə bu gəliri nefti çox bahasına (35-40 qəpik) sataraq əldə etmişdi. Neft bu qədər baha satıldığı üçün heç kəs almaq istəmirdi. Bu vəziyyət 1859-1860-cı illərdə Amerikada fotojen (kerosin) kəşf edilənə qədər davam etdi. 1864-cü ildə Rusiya Amerikadan 189135 pud, 1869-cu ildə 1049472 pud, 1872-ci ildə 1790335 pud kerosin idxal etmişdi. Rusiya neft müqabilində 35 milyon rubl məbləğində pul ödəmişdi. 1874-cü ildə Robert Nobel və qardaşı Ludviq Nobel Bakıya gələnə qədər rus neft sənayesi ibtidai dövrünü yaşadı. (A.A.Kaspari, “Fəth edilən Qafqaz”, s. 586-589).
Bu tablo rusların Azərbaycanı işğal etdikləri dövrdə XVIII əsrin birinci yarısındakı vəziyyəti göstərməyə kifayət edir.
XANLIQLAR DÖVRÜNDƏ AZƏRBAYCANDA MƏDƏNİYYƏT
Ədəbi dil bir millətin sənət yaradıcılığını yazılı şəkildə ifadə etdiyi dildir. Bir millətin söz yaradıcılığını şifahi şəkildə ifadə etdiyi dili də var. Buna “xalq ədəbiyyatı” deyirlər. Xalq ədəbiyyatını təşkil edən nağıllar, nəğmələr, ağılar, məsəllər, tapmacalar və insanı kövrəldən bədii janrlar ağızdan-ağıza, nəsildən-nəslə keçərək dövrümüzə qədər gəlib çıxmışdır. Ədəbi dil sintaksis və qrammatika qaydalarına uyğundur. Xalq ədəbiyyatında yaxud da xalq dialektində bu qaydalara əməl olunmur. Ümumilikdə ədəbiyyat dedikdə həm bir millətin yazılı ədəbiyyatı, həm də şifahi ədəbiyyatı (xalq ədəbiyyatı) nəzərdə tutulur. Ancaq bir millətin ədəbi dili zamanla inkişaf edərək həmin millətin hüquqi dilinə, elmi dilinə, idarəetmə dilinə və ən sonunda dövlət dilinə çevrilir.
Orta əsrlərdə Avropada yalnız kökləri latın olanların deyil, cermenlərin də ədəbi dili latınca idi. Orta əsrlər dövründəki latınca klassik qədim latın dilindən çox fərqlənirdi. Biz türklərdə də vəziyyət belə olmuşdur. İslam dinini qəbul etdikdən sonra fars və ərəb dilləri biz türklərin din, fəlsəfə, ədəbiyyat dili və hətta bəzi əsrlərdə dövlət dili də olmuşdur.
Bu tarixi inkişafın təbii nəticəsi kimi b.e. 870-ci ilində Türküstanda Mavərənnəhrdə doğulan Fərabi (“Seyhun və Ceyhun çayları arasında Mavərənnəhr deyilən ərazidəki Fərab və ya Otrar kəndində doğulub. Atası Məhəmməd, babası Turhan, baba atasının adı Özluğ idi.” Hilmi Ziya Ülken və Kıvamettin Burslan: “Fərabi” Kanaat Kitab evi, İstanbul 1940) və Buxaranın Afşin kəndində doğulan İbn Sina ərəbcə, Gəncəli Nizami, Konyalı Mövlana Cəlaləddin Rumi və Mövlananın ustadı Şəms Təbrizi əsərlərini fars dilində yazmışdır.
Xanlıqlar dövründə Azərbaycan şairlərinin də bu ənənəni davam etdirdiyi açıq müşahidə olunur. Bu dövrdə fars dilində yazmayan şair demək olar ki, yoxdur. Çünki həmin bu dövrdə fars dilində şeir yazmaq şair üçün üstünlük hesab edilirdi. Bununla yanaşı dövrün şairləri fars dili ilə bərabər türk dilində də şeirlər yazmışdılar. Şükürlər olsun ki, bu şeirlər arasında bizə məxsus olan heca vəznində yazılmış şeirlər də var. Beləliklə, şairlər xalqa yaxınlaşmış və onlarla birlikdə ənənəvi mənəvi Azəri türk varlığını, toplumunu formalaşdırmışdılar.
Xanlıqlar dövrü ədib və şairlərindən Qarabağlı Molla Pənah Vaqif və Qazaxlı Molla Vəli Vidadi haqqında danışacağıq. Bu dövrdə hər bir xanlıq daxilində ədəbi məclislər qurulurdu. Mədəniyyət, zövq, anlayış, ədəbi tərz baxımından bir-birindən elə də çox fərqlənmirdilər. Məhz bu səbəblə Vaqif və Vidadi ilə kifayətlənəcəyik. Onu da etiraf etmək lazımdır ki, bu iki şair öz dövrlərində fərqli xüsusiyyətlərə malik olmuş və Azərbaycan xanlıqları ədəbi mühitinə təsir etmişdirlər.
MOLLA PƏNAH VAQİF
Əslən Qazaxlı olan Vaqif Qarabağ xanlığı rus işğalında olmadığı dövrün şairidir. 1797-ci ildə vəfat etmişdir. Ölərkən 80 yaşında olduğu deyilir. Vaqifin həyatı çox əziyyətli keçmiş, sonunda ölümü də ağır olmuşdur. 1772-ci ildə elat (köçəri tayfalara verilən ad) ilə birlikdə Qarabağa köçdüyü rəvayət edilir. Çox kasıb olan kövrək şair dövrünün klassik elmlərini öyrənmişdir. Bütöv sözlü, cəsur, çalışqan şəxsiyyət olduğu həyat və yaradıcılığından da bəlli olur. Kasıb olduğunu satira ilə şeirində əks etdirmişdir:
Bayram oldu, heç bilmirəm neyləyim…
Bizim evdə dolu çuval da yoxdur.
Düyüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur…
Kamal sahibi kimi qısa vaxt ərzində Qarabağda tanınan Vaqifi Qarabağ xanı İbrahim xan öz sarayına çağırmış və onu eşik ağası təyin etmişdi. Molla Pənahın ağlını və idarəsini bəyənən xan çox keçmədən onu vəzir təyin edir. 1796-cı ildə Ağa Məhəmməd şah ilk dəfə Qarabağa hücum edərkən Vaqif də xanın yanında idi. Xanın mənliyini sındırmaq üçün şah Qacarın yazdığı farsca mənzum bir bəndi Vaqifin özünə xas böyük ustalıq və hazırcavablıqla eyni şəkildə dərhal cavablandırdığını əvvəldə qeyd etmişdik. Bu hadisədən sonra şah Vaqifi tanımışdı.
Şah ilk yürüşü zamanı Qarabağ xanı İbrahim xana məğlub olmuş və Şuşa qalasını ala bilməmişdi. Bu döyüşdə məğlub olan şah Tiflisə – Gürcüstana hücum edir. Qarabağ tarixini yazan Mirzə Camal Vəzir Qarabaği bu hadisələri belə təsvir edir:
“Bu döyüşdə mən özüm də xanın yanında idim. Qarabağın müsəlman və erməni əhlindən ibarət bütün qoşun xanın yanında əmrə tabe durmuşdular. Şahın yazdığı kinayəli məktuba İbrahim xanın vəziri Vaqif tərəfindən yazılan cavabı oxuyan Ağa Məhəmməd Şah Qacar qəzəbləndi. Qalaya hücum və hər tərəfi darmadağın etməyi əmr etdi. Amma nə xan, nə də onun əyan və köməkçiləri, cəsur sərkərdələri qorxmadan mübarizəyə hazır olduqlarını nümayiş etdirdilər. Qarabağın atlı və piyada qoşunu gecə-gündüz bilmədən dar yolları kəsib Ağa Məhəmməd şahın ordusu üçün aparılan azuqə karvanını saxlayır, ordudan kənarlaşan ordu mənsublarını əsir alır, xəbər aparıb-gətirən şəxsləri tutaraq öldürür, xanın hüzuruna gətirirdilər. Bir neçə dəfə Ağa Məhəmməd şah qoşunu ilə birlikdə hücuma keçsə də, İbrahim xanın dəstəsi hücumun qarşısını almış və qalanı müdafiə etmişdilər. Ağa Məhəmməd şah isə məğlub olaraq geri çəkilmişdi. (Firidun bəy Köçərli, I cild, I hissə, s. 102-103)
Ağa Məhəmməd şah İranda Qacarlar sülaləsini hakimiyyətə gətirən şəxs idi. Nadir şahın qohumu olan və onun ölümündən sonra hakimiyyəti ələ keçirən Kərim xan tərəfindən xədim edilmişdir. Qısa boylu, arıq, eyni zamanda xəstəyə bənzəyən bu gənc cəsur və ağıllı idi. Kərim xan öldükdən sonra İran taxtı uğrunda gedən mübarizəni qazanmışdı. Bu döyüşlərdə Girmanı ələ keçirərək rəqibini məğlub etdi. Girmanın bütün kişilərinin öldürülməsini və qadınlarının da əsir edilməsini əmr etdi. Belə rəvayət olunur ki, Girmanda öldürülənlərin çıxarılmış 7000 gözünü öz əli ilə saymışdı. Bu qədər qəddar və zalım biri idi. (V.M. Sisoyev “Azərbaycan tarixinin qısa xülasəsi” Bakı 1925, s. 96)
Qarabağ xanı İbrahim xanın məğlub etdiyi şah belə biri idi. Tiflisi yağmaladıqdan sonra İranın Girman və Şiraz bölgələrində üsyan qaldırıldığını öyrəndi və ölkəsinə geri qayıtdı. 1797-ci ildə İbrahim xandan qisas almaq məqsədi ilə Qarabağa geri qayıtdı. Bu dəfə Qarabağda vəziyyət fərqli idi. Quraqlıq bu məhsuldar xanlığı zəiflətmişdi. Tarixçi Vəzir Mirzə Camal bu haqda yazır:
“Buğdanın 8 pudu, yəni 100 kilosu 100 manata idi. Arpa və darının 8 pudu 60 manata güclə satılırdı. Xalq at, eşşək və qatır əti yeyirdi. Əlbəttə ki, belə bir vəziyyətdə döyüşə taqətləri yox idi. Xalq pərən-pərən olmuşdu. Sakinlərin çoxu isə aclıqdan məhv olmuşdu. (Firidun bəy Köçərli, s. 104).
Ağa Məhəmməd şahın ikinci yürüşü zamanı İbrahim xan mübarizənin mənasız və imkansız olduğunu anladı və Car-Beyləqan (Zaqatala) tərəfə çəkildi. Şah Şuşa qalasını müqavimətsiz aldı və özünə layiq şəkildə, qəddarcasına qisas almağa başladı. Çox insanı öldürdü.
Molla Pənah Vaqifi də tutduraraq zindana saldırdı. Axşam olduğu üçün sabah səhər onu edam edəcəkdi. Birinci yürüşündə İbrahim xana yazdığı həcvin cavabını Vaqifin yazdığını bilirdi. Şahın sərkərdələri Molla Pənahı zindana atmazdan əvvəl ona işgəncə etmişdilər. Vaqif qorxmadan öz sözünü deyə bilmişdi. Şahın sərkərdəsi Məhəmməd Hüseyn xana “Mən əgər dustağamsa şahın dustağıyam, sən kimsən ki, məni təhqir edirsən?!” (“Şeb abesten est ta çez ayet seher”-(gecənin sabahı da var)) demişdi.
Xülasə “Sabah şah necə əmr etsə, elə də öldürərsiniz” deyən Vaqifi zindana atdılar. Belə rəvayət olunur ki, Vaqif rəml elmini bilirdi. O gecə zindanda sabaha kimi yatmayıb rəml atmışdı, sağdan-sola, soldan-sağa yazaraq həmin gecə şahın ömrünün sonu olduğunu müəyyən etmişdi. Səhər açılan kimi zindan qarovulçusuna şəhərdən bir xəbər olub-olmadığını xəbər aldı. Lakin, qarovulçu bir şey bilmədiyini dedi. Bir saat sonra Vaqif eyni sualı təkrarlasa da cavab dəyişməmişdi. Üstündən çox keçmədən Ağa Məhəmməd şah Qacarın gecə Şuşalı Abbas və Səfər Əli bəy tərəfindən başının kəsilməsi xəbəri şəhəri bürüdü. Bu xəbəri eşidən xalq zindana hücum etdi və məhbusları azad etdilər. Həmin vaxt Vaqif də azad olundu.
Ehtimal olunur ki, Şuşa qalası ələ keçdikdən xeyli vaxt sonra tutulan Vaqif şaha qarşı sui-qəsd hazırlandığını bilirmiş. Şairliyi, həssaslığı, gələcəyi görmə bacarığı ilə həmin günlərdə belə bir hadisənin baş verəcəyini sezirmiş. Şahın kəsik başı Şuşa bazar meydanında ayaq altına atılaraq top kimi o tərəf, bu tərəfə sürünmüşdü. Bütün bu hadisələrdən ilhamlanan Vaqif bunu Allahın ədalətinin göstəricisi kimi qiymətləndirirdi. O, Qazaxlı həmyerlisi və dostu Molla Vəli Vidadiyə aşağıdakı şeiri göndərmişdir:
Ey Vidadi, gәrdişi-dövrani-kәc rәftarә bax!
Ruzigarә qıl tamaşa, karә bax, kirdarә bax!
Әhli-zülmü necә bәrbad eylәdi bir lәhzәdә,
Hökmi-adil padşahi-qadirü qәhharә bax!
Sübh söndü şәb ki, xәlqә qiblә idi bir çirağ,
Gecәki iqbalı gör, gündüzdәki idbarә bax!
Taci-zәrdәn ta ki, ayrıldı dimaği-pürqürur,
Paymal oldu tәpiklәrdә sәri-sәrdarә bax!
Mәn fәqirә әmr qılmışdı siyasәt etmәyә,
Qurtaran mәzlumu zalımdan o dәm qәffarә bax!…
Taleyin qismətinə baxın ki, İranın qəddar şahının əlindən xilas olan Vaqif illərlə xidmət etdiyi Qarabağ xanı İbrahim xanın qardaşı Mehri Əli xanın oğlu Məhəmməd bəy tərəfindən oğlu Əli bəy ilə birlikdə öldürülmüşdür. Bu hadisə barəsində fərqli rəvayətlər mövcuddur. Ancaq mövzudan uzaqlaşmamaq üçün bu rəvayətlərə toxunmayacağıq. Ancaq Məhəmməd bəy haqqında bir neçə faktı qeyd etmək yerinə düşər. Şahın başı kəsildikdən sonra İran əsgərləri təlaşa düşdülər və Qarabağı-Şuşanı tərk edib getdilər. Qarabağ xanlığının idarəsi isə Məhəmməd bəyin əlinə keçdi. O, şahın xəzinəsini talamağa başlamışdı artıq. Digər tərəfdən Vaqifin Qarabağ xanlığının idarəsində İbrahim xanın vəkili olduğu məlumdur. Bu səbəbdən şah öldürüldükdən sonra aralarında anlaşılmazlıqların yarandığı ehtimal olunur. Bu məlumata “Riyazül-aşikeyn” adlı əsərdə qısa şəkildə rast gəlinir: “Bir neçə gün sonra (yəni həbsdən çıxdıqdan bir neçə gün sonra) Məhəmməd bəy Mehrəli bəy oğlu (Ağa Məhəmməd şahın əmri ilə xaqanlıq edirdi) ədavətə görə Molla Pənahı və oğlu Əli bəyi öldürdü. (Məhəmməd ağa Müctəhidzadə “Riyazül-aşikeyn” Dərsəadət 1328, s. 9).
Vaqif ölüm anında belə açıq sözlü, cəsarətli olduğunu nümayiş etdirmişdi. Onları edama apardıqları zaman Əli bəy atasına sual verir: “Ata, bizi hara aparırlar?” Mərhum Molla Pənah isə cavabında “O yerə ki, biz özümüz də ora çox adam göndərmişik.” (“Riyazül-aşikeyn” s. 26).
Buradan aydın olur ki, xanın vəkili Vaqif də bir çoxlarının ölümünə fətva vermişdi. Vaqifi edam etdirən Məhəmməd bəy haqqında çox az məlumatımız var. “Mərhum Məhəmməd bəy isə Rizvan-məkan İbrahim xan Cavanşirin qardaşı Mehrəli bəyin xələfidir. Ağa Məhəmməd şah Şuşa qalasını tutduqdan və İbrahim xan Car-Balakənə qaçdıqdan sonra Məhəmməd bəy Qarabağın pərakəndə olmuş əhalisini başına toplamış və bir müddət hökmranlıq etmişdir. Daha sonra Şəki xanı Məhəmmədhəsən xanın qurduğu tələyə düşərək Qarabağdan Şəkiyə getmiş və oraya çatan kimi Məhəmmədhəsən xan tərəfindən həbs edilmişdi. Məhəmmədhəsən xan onu Şirvan hakimi Mustafa xana təslim etmişdi. Mustafa xan isə onu ədavət səbəbi ilə öldürdü.” (“Riyazül-aşikeyn” s.248). Bu qısa məlumat çox əhəmiyyətli bir məsələni işıqlandırmış olur.
Şəki xanı Məhəmmədhəsən xanın oğlu Səlim xan İbrahim xanın kürəkəni idi. (Sısoyev, s. 100). Deməli, Şah Qacar Şuşada öldürüldükdən sonra Qarabağ xanı İbrahim xan Beyləqandan Şuşaya qayıdana kimi Qarabağın idarəsini qardaşı oğlu Məhəmməd bəy əlinə almışdı. Bu şəxs onsuzda şah tərəfindən də xan təyin olunmuşdu. İbrahim xan Qarabağa geri qayıdıb idarəni əlinə aldıqdan sonra qardaşı oğlunun idarəsi və bəlkə də Vaqifin öldürülməsini bəyənmədiyi üçün Məhəmməd bəyi bəhanə ilə Şəki xanının yanına göndərilib həbs edilməsinə, hətta Şirvan xanına təslim edilərək öldürülməsinə də razı olmuşdu. Şirvan xanı ilə Qarabağ xanı və Vaqif arasındakı dostluqdan sonralar danışacağıq.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.