Электронная библиотека » Hüseyn Baykara » » онлайн чтение - страница 8


  • Текст добавлен: 13 января 2023, 17:59


Автор книги: Hüseyn Baykara


Жанр: Документальная литература, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 15 страниц)

Шрифт:
- 100% +

Beləcə Bakıxanlı Azərbaycanın deyil, Şərqin ilk böyük humanist və islahatçı şəxsi olmuşdur. Azərbaycan mədəniyyəti ona çox şeylər borcludur. Bakıxanlının ədib və şair kimi anlamaq üçün “Kitabi Əsgəriyyə”yə göz gəzdirmək kifayət edər. İlk baxışda bu kitabın adını görərkən insan bu əsərin hərbiyə aid olduğunu düşünəcək. Abbasqulu ağanın polkovnik olduğunu bilənlər əsərlərinin siyahısına nəzər yetirərkən bu fikrə gəlirlər. Halbuki bu əsər hekayədir və nəsr və nəzm ilə qarışıq şəkildə yazılıb. Mövzu bir dəmirçi oğlu Əsgərin azad və müstəqil bir şəkildə sevdiyi qızla evlənmək arzusu və bu yolda geri düşüncəli məhəllə sakinləri ilə apardığı mübarizədən bəhs edir. Bakıxanlı Əsgərin timsalında azad düşüncəli şəxsiyyətə sahib olan, öz hüquqlarını bilən vətəndaş obrazı yaratmışdır. Bu tip, həmin dövrdə çox az olan Azərbaycan ziyalısının obrazıdır. Hekayədəki iki sevgili bütün çətinlikləri aşaraq muradlarına çatırlar. Bu hekayə Azərbaycanda Qərb tərzində yazılmış ilk hekayədir. Hekayənin baş qəhrəmanı Əsgər müsbət obrazdır, sevgisinə görə həyəcan və iztirab keçirir. Ancaq “Leyli və Məcnun” poemasındakı kimi bütün çətinliklərə baxmayaraq çöllərə düşmək ağlından keçməmişdir. Mübarizə apararaq istədiyinə çatmaq üçün çalışır. Qədim Şərq klassik sevgisindən bu əsəri fərqləndirən əsas cəhət də elə budur. Bu fərq Abbasqulunun əsərinə orijinallıq verir. Əsərdə mənzum olaraq Əsgərin sevgilisini arzulaması bir neçə qəzəl ilə təsvir olunmuşdur:

 
Necə tab etsin dili-şuridə canandan cüda?
Bisəri saman qalır hər mülk sultandan cüda.
 
 
Aşiqi-biçarənin cismində canan idi,
Necə şivən qılmasın kim, cism olur candan cüda.
 

Bundan başqa əsərdə “Sənsiz” rədifi ilə bitən qəzəl də bu mənanı kəsb edir. Əsərin digər özünəməxsus tərəfi isə qəhrəmanın qədim Şərq ədəbiyyatında olduğu kimi şahzadə və ya varlı bir ailədən olmayıb, dəmirçi oğlu olmasıdır. Bakıxanlı bununla sübut etmək istəyir ki, insan olan hər kəs sevilə bilər, haqqını axtara bilər, mübarizə apardıqdan sonra da muradına çatar. Geri qalmış, şəriətçi məhəllə camaatının fikirlərini əhəmiyyətsiz hesab edən Əsgərin sevgilisi də əsərdə azad qadın tipidir. O, azad şəkildə sevməyin günah olmadığı fikrini müdafiə edir. Əsərdə mənzum şəkildə qəzəllərlə verilən hissələrdə iki sevgilinin əhval-ruhiyyəsini əks etməklə bərabər sevgiləri yolundakı səyləri də göstərilib. Bu qəzəllər Abbasqulu ağanın şairliyi haqqında belə bir fikir deməyə əsas verir. Ağanın dili xalqın sadə dili deyil, qəzəllər klassik Füzuli məktəbi tərzində yazılmışdır. Əsərdə nəsr dilində bəzi sadə türk dilində cümlələrə də rast gəlinir. Məsələn, qızın dilindən olan bu cümlə: “Ey aşiqi-mehribanım, bu sözlər fayda verməz. Elə bir şey fikirləş ki, bu yerə gəlmək üçün əlində bəhanən olsun və xalqı bəd güman etməsin.” Bu cümlə, o dövrdə hər kəsin başa düşə biləcəyi bir cümlədir.

Bakıxanlı müasiri İsmayıl bəy Qutqaşınlı ilə birlikdə Azərbaycan ədəbiyyatında roman və hekayə janrı cığırını açan və Mirzə Fətəlinin ənənəsinin təməlini hazırlayan şəxs olmuşdur. Fars dilində “Mişkatül-Ənvar” adlı külliyyatındakı “Xudbəsənd əmir və tənqidçi”, “Kəndlinin şaha şikayəti” adlı mənzum hekayələrində feodal quruluşunu tənqid edir, xalqın haqqını qoruyurdu. “Şahın taxt-tacdan əl çəkməsi” hekayəsində eyş-işrətə düşkün padişahı, bir qadının dili ilə belə pisləyir:

 
Şah qafil yaşasa xalqdan, dövlətdən,
Zövq alsa ancaq o, eyş-işrətdən,
Dövlətin əsası verilir yelə.
 

“Hind padişahının hekayəsi” bu baxımdan daha maraqlıdır. Hekayə Hindistan padişahı və onun ağıllı vəzirinin tərifi ilə başlayır. Şairin fikrinə görə, dövlət başçısı ağıllı, ədalətli, vətənpərvər olmalı, öz ölkəsi və xalqını sevməli, cəmiyyətin səadəti üçün çalışmalıdır:

 
Şahın hokmü olmalıdır xalq rəyinə müvafiq,
Elə bir iş tutmalı ki, xalqa olsun o, layiq.
 
 
Hər zalım şah ölkəsində zülmə edərsə adət,
Heç bir zaman xalq içində hökm sürməz ədalət.
 

“Mişkatül-Ənvar” mənzum hekayə külliyatında mövzular müxtəlif olsa da, əsərin məzmununda birlik var. Əsas mövzu haqq, hüquq, ədalət, xalq və cəmiyyətin rifahıdır, əsərin əvvəlindən sonuna qədər zülm və istismar tənqid edilir. Bu əsərdə poemalardan başqa, iki yüzə yaxın qəzəl, tərci-bənd, tərkibi-bənd, müxəmməs, mürəbbeh, mənzum məktub, rübai janrında şeirlər və Polşaya səyahətini əks etdirən avtobioqrafik şeir və başqa mənzum əsərləri var idi. Bu avtobioqrafik şeirdə Bakıxanlı “Ərzi əhval” başlığı altında öz yurdu Azərbaycanın və onu gözəlliklərinin tərifi ilə əsərə başlayır. Qubadakı güllü-gülüstanı, vətəninin bu guşəsini ayrıca öyür. Bu şeirdə şairin Varşavada keçirdiyi həyatı, orada gördüyü və şəxsən iştirak etdiyi kübar məclis və ziyafətləri, polyakların adət və ənənələri və şairin sevgisi əks olunub. Şeirin sonluğu yenə öz vətəni olan Azərbaycanın tərifi ilə bitir. Bu şeirin xarakterik tərəfi isə Bakıxanlının dərin bir sevgi, eşq ilə vətəninə bağlı olduğunu göstərməsidir. Vətənpərvər şair böyük bir ruh yüksəkliyi ilə öz doğma yurdu Azərbaycanı təsvir edir. Digər tərəfdən isə Polşaya səyahətinin səbəbi heç şübhəsiz ki, Qafqaza sürgün edilən Polşa azadlıq hərəkatının nümayəndələri ilə Azərbaycanda tanış olması idi. Mütəfəkkir, şair, mütərəqqi, humanist, azadlıqları üçün canlarını verməkdən çəkinməyən qəhrəman polyakları öz ölkələrində də yaxından görmək istəyirdi. Bəli, Bakı xanları nəslindən olan polkovnik Bakıxanlı bu davranışı ilə azadlığın nə demək olduğunu anlamışdır. Qafqaz naibliyi idarəsində Dekabrist Kuhalberkerin xarici işlər üzrə köməkçisi olan Abbasqulu ağa azadlıq və istiqlalın nə demək olduğunu çox yaxşı bilirdi. O, əsərlərində İran və Hindistan şahlarını nümunə göstərərək zülmü tənqid, ədaləti təlqin edirdi. Lakin öz vətəni Azərbaycanda bu fikirləri irəli sürmək üçün uyğun zaman olmadığını anlayan şair idarə rejimlərini tənqid edərkən üzünü İrana və Hindistana tuturdu. Sanki Çar Rusiyası rejimində ədalət bərqərar idi. Ağanın öz həmvətənləri üçün türk dilində məktəb açmaq istəyi Çarlıq tərəfindən rədd edilməmişdimi? Bunun və ruslaşdırma siyasətinin mənasını və səbəbini Ağa çox yaxşı bilirdi. Əsil məsələ və mərifət isə Abbasqulu ağanın səylərinin ölçüsünü çox yaxşı təyin etməsi, haradan başlamaq, xalq üçün nələri etmək lazım olduğunu o dövr üçün müəyyənləşdirməsi və özünü Çar Rusiyasının şərindən qorumaq üçün simvolik hökmdarlara lənət yağdırması idi. Azərbaycan intibahının atalarından olan Bakı xanının nəvəsi, vətəni və xalqı qarşısında vəzifələrini layiqincə yerinə yetirən Bakıxanlı zalım hökmdarların ədalətsizliyini başqa örtüyə bürüyərək təsvir edərkən əslində əsarətin nə qədər acı bir şey olduğunu heç şübhə yoxdur ki, anlamışdır. Varşavada yazdığı “Xəyalın uçuşu” başlıqlı şeirində onun ruhən durğunluq yaşadığının şahidi oluruq. Şair bu şeirində öz xəyalı ilə söhbət edir. Guya o, bir axşam xəstə olduğu üçün dəvət olunduğu ziyafətə gedə bilmir və evdə qalır. Bəzən xəyalı ilə dost olur, bəzən isə taleyindən küsür. O, öz-özünə: “Sən niyə vətənini tərk edərək buraya gəldin?” deyə üsyan edir, səyahətə çıxdığına peşman olur. Tez bu fikrini dəyişərək, səyahətə çıxdığı üçün razılıq bildirir. Bu ziddiyyətlər arasında çırpınan ruhu bəzən bir məzar sükutu içərisində Rumelini, İranı gəzir, gah Varşavanın möhtəşəm sarayları qarşısında dayanıb fikirləşir. Sonda şairin gözləri önündə təpələri qarlı dağlar, bulaqlar, yaşıl çəmənlər, çay kənarında gözəl bir bina canlanır. Nəhayət şairin xəyalı bu binanın içində alimi və Hindistan və Avropadan gətirilən zəngin kitabxananı təsvir edir. Alim öz kitabxanasında elmi araşdırmalarına davam edərkən bir tərəfdən də öz bağçasında işləyən bağbana yeni əkin qaydalarını öyrətməkdədir. Bu yerdə yuxudan oyanırmış kimi şair bunları söyləyir:

 
    Bu gözəl kənd, bu bina, bu nazlı yar,
    Səninkidir, cəhaləti et kənar.
 
 
    Bu sənsən, bil, bu da sənin həyatın,
    Bunlar sənin öz halın və büsatın.
 

Məlum olur ki, “Xəyalın uçuşu” şeirində təsvir elədiyi xəyalpərəst ağanın özüdür. Şeir bu misra ilə bitir:

 
Ey Qüdsi, çox gözəldir öz məskənin,
Hər bir yerdən xoşdur sənin vətənin.
 

Qüdsi şairin təxəllüsüdür. Vətəninə bu qədər bağlı mütəfəkkir ziyalının vətənin istiqlalı, müstəqillik problemlərini düşünmədiyini təsəvvür etmək qeyri-mümkündür? Lakin başqa çıxış yolu yoxdur, Qubaya çəkilmək, “Xəyalın uçuşu” şeirindəki alim kimi, elm və ədəbiyyatla məşğul olmaq, xalqın gözünü açmağa çalışmaq lazım idi. Ancaq bu yol milləti nicata apara bilərdi. Ağa Polşa və Baltikyani ölkələrdən qayıtdıqdan sonra ilk iş kimi dövlət məmurluğundan imtina etdi və xəyalını reallaşdırmaq yolunda fəaliyyətə başladı.

Ağa “Gülüstani-irəm” adlı tarix kitabını rus çarına təqdim edərkən yazdığı məktubda vətən və millətindən cəsarətlə danışmışdır. Həmin dövrün Rus Elmlər Akademiyası tərəfindən bəyənilsə də əsər heç cür nəşr oluna bilməmişdir. Çar Rusiyası Qafqaz və Azərbaycan xalqının öz tarixini və zəngin keçmişini öyrənməsini istərdimi heç?

Abbasqulu ağa Bakıxanlının əsərləri:

1. “Gülüstani-irəm”– Azərbaycan və Dağıstan tarixi, farsca.

2. “Qanuni-Qüdsi” –fars dilinin qrammatikası, rus və fars dilində yazılıb.

3. “Kəşfül-Qəraib”– Amerikanın kəşfindən bəhs edir.

4. “Təhzibül-əxlaq” –yunan, İslam və Avropa alimlərinin əsərlərindən faydalanaraq yazdığı kitab.

5. “Ayn əl-Mizan”-ərəb dilində məntiq kitabı.

6. “Əsrar əl-Mələkut” –astronomiyaya aid kitabdır, fars dilində yazılıb, ərəb dilinə tərcümə olunub.

7. “Mişkat əl-Ənvar” –farsca poema, qəzəl və şeirlərin toplusudur.

8. “Nəsihətnamə”– uşaqlar üçün türk dilində yazılmış dərslik.

9. “Riyaz əl-Qüds” –Həzrəti Hüseynin Kərbəladakı şəhadətini əks etdirən türk dilində kitabdır.

10. “Kitabi Əsgəriyyə”-hekayə, farsca yazılıb.

Abbasqulu ağa Azərbaycanın Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Zakir, İsmayıl bəy Qutqaşınlı kimi humanist və yenilikçi, islahatçı atalarının sırasında dəyərli yerlərdən birini tutur. Azərbaycan və ümumilikdə Şərq ona çox şey borcludur. O, yuxarıda göstərdiyimiz əsərlər və lakonik şəkildə əks etdirdiyimiz mübarizə yolu və fəaliyyəti 53 illik ömrünə sığdırmağı bacarmışdır.

QASIM BƏY ZAKİR

Fikrimizcə, Azərbaycanın oyanış hərəkatının öndə gedən simalarından biri şair Qasım bəy Zakirdir. Zakir Qarabağın Şuşa şəhərində, hicri təqvimi ilə 1205-ci ildə dünyaya gəlmişdir. Şairin ölüm tarixi dəqiq məlum deyil. Lakin, yazılarına nəzər yetirdikdə 80 yaşı atladığı məlum olur. Şairin həyatı keşməkeşli, əzab-əziyyətli keçmişdir. Həddi-buluğa çatdığı vaxt artıq Qarabağ ruslar tərəfindən işğal edilmişdir və çar hərbi idarəçiliyinin tabeliyində idi. Yad idarəetmə sisteminin müstəmləkəçilik düşüncəsi ilə kök saldığı hər bir ölkədə olduğu kimi imperialist rus idarəsinin müstəmləkə zülmü Azərbaycan xalqını da pis vəziyyətə qoymuşdu. Çar Rusiyasının idarəetmə sisteminin “zakon”-qanun dedikləri anlayışın adı ilə istilaya məruz qalmış Azərbaycanda hər cür qanunsuzluq, zülm, soyğunçuluq baş alıb gedirdi. Zakir həssas, açıq sözlü, qorxmaz bir şəxsiyyət olduğu üçün şeirlərində Çar Rusiyasının işğalçılıq siyasətini tənqid etmişdir. Buna görə də, daim təqiblərə məruz qalmışdır. Zakirə aid Xıdırıstan kəndinin yağmalanaraq ailəsinin (qadın, uşaq, kişi fərq qoyulmadan) əsir alınması və Şuşa həbsxanasına salınması, oğlu və qardaşı oğlunun Sibirə, özünün isə Bakıya sürgün edilməsi müsibətlərin başlanğıcı idi. Haqsız yerə zülmə və işgəncəyə məruz qalan şair bundan sonrakı ömrünü haqsızlığa və əsarət rejiminin yoxedici sisteminə qarşı mübarizə aparmaqla keçirmişdir. Qocalıq illərində tamamilə bədbəxt olan şair əvvəlki azadlığı axtarırdı.

İmperialist müstəmləkəçi Çar Rusiyası ilə Zakirin mübarizəsi şairin Azərbaycanın oyanışında başlıca yer tutmasına gətirib çıxarmışdır.

Firidun bəy Köçərli atası Əhməd bəy Köçərlidən Zakir bəy haqqında eşitdiklərini belə anladır: “O xoş sifət, ağbəniz, hündür boylu, düz qamətli, arıq, göy rəngə çalan gözləri olan birisi idi. Simasından cəldlik, cəsurluq, oturuşundan nəciblik, rəşadət yağırdı. Danışığı aydın, səsi cazibəli idi. Səsi ilə bir çoxlarını valeh edirdi, o danışarkən ona qulaq asmamaq mümkün deyildi. Bir qədər sərt satiraçı olduğu üçün davranışlarında da çeviklik özünü göstərirdi. Xoş olmayan sözlər, davranışlar şairi özündən çıxarıb qəzəbli birinə çevirirdi. Lakin, Zakir tez sakitləşir və tövbə edirdi. Əslində isə ağıl sahibi, təmkinli birisi idi.” Bir tərəfdə imperialist, işğalçı, müstəmləkəçi, qanunsuz Çar Rusiyası rejimi, digər tərəfdə isə əyilməz, sözünü deməyə çəkinməyən, ölümü qul olmaqdan daha üstün tutan, mübariz, qətiyyətli bir şəxs qarşı-qarşıya idi. Atalar sözlərimizdən birində “Daş qayaya rast gəlib” deyirlər. Çar Rusiyasının əsarət “daşı” şair Zakirin yıxılmaz iradəsinin “qayasına” çırpılmışdı.

Mübarizəni gücləndirən ikinci səbəb isə Zakirin qardaşı oğlu Behbut bəyin qrup yaradaraq ruslara qarşı çıxması və hətta düşmənləri içərisində ruslara meyl edənləri öldürməsidir. Zakir Qarabağ xanı İbrahimxəlil xanın əmisi oğlu idi. Zakirin atası Əli bəy, babası Şahsevən bəy, atasının babası isə Kazım ağa idi. Kazım ağa Qarabağ xanlığının qurucusu, Şuşa qalasını tikdirən Pənah xanın qardaşıdır. Bəzən ruslarla sülh siyasəti apararaq xanlığı xilas etməyə çalışan İbrahimxəlil xan Pənah xanın oğludur. Bu məşhur xan İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Qarabağa ilk hücumu zamanı onu Şuşa qalasının yanında məğlub etmişdir.

Həmin dövrdə Qarabağın divanbəyi (mahal inzibat idarəsinin rəisi) Knyaz Tarhanov Zakirin qardaşı oğlu Behbut bəyi qruplaşması ilə birlikdə məhv etmişdi. Daha sonra yaxını və Zakirin düşməni olan Cəfərqulu xan və tərəfdarlarının Zakir və ailəsi haqqında topladığı mənfi rəylərə əsasən şairi, oğlu Nəcəfqulu və qardaşı oğlu İskəndər bəyi və bütün ailəsini əsir almışdı. Oğlu Nəcəfqulu və qardaşı oğlu İskəndər bəyi Sibirə, özünü isə Bakıya sürgün edən və ailəsini Şuşa həbsxanasında saxladan Tarhanov Xıdırıstan kəndini də yağmalamış və yandırtmışdı.

Halbuki, Zakir qardaşı oğlunun qruplaşma yaratmasına qarşı çıxmış, onu fikrindən daşındırmağa çalışmışdı. Lakin Behbut bəy fikrindən dönməmişdi. Rus müstəmləkəçilərinin xalq tərəfindən sevilən və hörmət edilən, Qarabağ xan sülaləsinin nəslindən olan Zakiri təhlükə kimi görərək aradan götürməyə çalışdıqları aydın şəkildə görülür.

Şair ailəsinin və kəndinin acı taleyini bu cür təsvir edir:

 
Düşmən sipehi tek bir obanın yox və varın
Bir həftə qalıb eylədi məcmunu pamal.
 
 
Erradəyə yığdırdı kamu əhli ayali
Sakfi feleğe çıxdı o gün nale-i ətfal…
 
 
Bundan sonra şair rus idarə heyətini belə təsvir edir:
Yüz teşnə ləbi kahrolasın xadimi dövlət
Verməz bir içim su sənə ta almaya dərya…
 
 
Simü zər ilə doldurasan ta gərək ovcun,
Ondan sonra zahir qıla şayət yedi-beyza?
 
 
Yeksər heme temaı, bəd ətvar, dil azar,
Bunlar kimi məxluqi cahan yox əsla.
 
 
Hər kimsə ki, düşdü tora müşküldü halası,
Çəkməzlər əl ondan şirəsin süzməyələr ta.
 
 
Hər nəfsə nuzülü mələkülmevt nə hacət?
Bəs arız için vadeyi fərda pes ferda.
 
 
Divan demə hər kəs buna kim, afəti candır,
Mən söyləmədim nola ki, məşhuru cahandır…
 

Zakir bu şeiri XIX ərin birinci yarısının sonlarında yazmışdır. Rus müstəmləkəçiliyinin yeni başladığı dövrə aiddir. Lakin əsarətin yenisi, köhnəsi yoxdur, hamısı dağıdıcıdır, öldürücüdür. Kəndlər viran qoyulur, qadın, uşaq, kişi həbs edilir, ailə başçıları Sibirə sürgün edilirdi. Bütün bu fəlakətlərə düçar olanların səsini tarixin dərinliklərindən eşidə biliriksə, bunu Zakirin şairliyinə borcluyuq. Biz Zakirin rus zülmünə qarşı hayqırdığı mənzum etirazlarını qısaldaraq mövzuya ən çox uyğun olanı təsvir edirik. Şairin işğala qarşı çıxışlarını əks etdirməyə səhifələr çatmaz, çünki. Zakirin və böyük Ukrayna şairi Şevçenkonun rus zülmünə qarşı etirazlarında oxşar fikirlər var. İndi bu fikri qəbul etməsələr də, gələcəkdə bu hamı tərəfindən qəbul ediləcəkdir. Yuxarıda qısaldaraq yazdığımız şeirində şair Çar Rusiyasının məmurlarının xalqa bir içim su belə vermədiklərini, cibləri qızıl pulla dolmayana qədər heç bir işi etmədiklərini, tamahkar, acıdil olduqlarını, xalqla pis rəftar etdiklərini, tora düşənlərin “qanını içdiklərini”, ölümün məmura işin düşməsindən daha yaxşı olduğunu, hər bir işin sabaha vəd olunaraq edilmədiyini çox kədərli lirika ilə təsvir edir.

Zakirin hələ ilk illərdən qarşı çıxdığı rus əsarəti hələ 100 il sonraya qədər davam edəcəkdi. İkinci yürüşləri Qızıl Rus imperializmi isə hələ də davam etməkdədir.

Bakıda sürgün olduğu illərdə Zakir yazırdı:

 
Çün dövr qarışdırdı, dәxi yadına düşmәz
Әtfalü әyalinin adı, fikr edә hәrçәnd.
 
 
Bir neçә zamandır ki, mәni dami-bәlası
Ol zalimi-birәhmin edib Bakidә pabәnd.
 

Şair bu bəndi onu rus hökumətinə satan və ruslarla birlikdə xalqa zülm edən Cəfərqulu xana “ithaf” etmişdi. Daha sonra mübariz, inqilabçı düşüncəsi ilə yazır:

 
Çox zarü tәzәrrü elәmә, eybdi, Zakir,
Tәqdiri-qәzayә gәrәk adәm ola şakir!
 

Zakir Qarabağ xalqını rus zülmünə qarşı susmasını pisləyirdi:

 
Eğer hemçünanest Tarhaniyan,
Ber an kavm-i naacins ve murder tef
 
 
Eğer rast guyem ber o aybi nist,
Ne ehli Karabağ biar tef…
 

Zakirin mübariz ruhu xalqın çarlığa qarşı çıxa biləcək gücdə olmadığını nəzərə almırdı. O, daxilindəki üsyanın həqiqi səhnəsini xalqın həyata keçirməsini istəyirdi.

Bununla yanaşı Zakirin günahsız olduğunu bilən və onu Tiflisdə Qafqazı idarə edən məmurlar arasında qoruyan şəxslər də var idi. Mirzə Fətəli Axundzadə bu şəxslərdəndir. General İsmayıl bəy Qutqaşınlı, qubernator Golyubakin, Rahim bəy Uğurlubəyli, Mirzə İsmayıl Baharlı, bəzi gürcü ziyalıları da bu siyahıya aiddir. Adı çəkilən şəxslər olmasaydı, şair ailəsi ilə birlikdə soyuq Sibir çöllərində məhv olacaqdı. Zakir bir müddət Bakıda, oğlu və qardaşı oğlu isə Sibirdə sürgündə qaldıqdan sonra Qarabağa qayıtmaq haqqı qazanırlar. Zakir yalnız özü üçün yox, öldürülən, sürgün edilən dostları üçün də ağlayırdı. (“Getdi dostumuz, mülki-malımız” deyirdi)

Köynək Biləcək kəndini viran qoyduqlarını vurğulayan çarəsiz şair, doğma yurdunun bərbad durumunu yana-yana nəzmə çəkirdi. Zülmün yalnız ona yox, digər kənd sakinlərinə də edildiyini bildirən şair sızlayır. Şair əvvəlki xanlıq dövrünü axtarır və “ədalət var idi, bundan əzəli” deyir. Xanlıqlar dövründə ədalətin mövcud olduğunu qeyd edən şair, başqa bir şeirində “əyyami sələfin” (əvvəlki dövrün) gözəl dövr olduğunu, o vaxtlar ölməyin indi yaşamaqdan daha yaxşı olduğunu, rus zülmünün çəyirtkə sürüsünün və dolunun gətirdiyi fəlakətlərdən daha ağır olduğunu, yurda uğursuzluğun gəldiyini ürək ağrısı ilə yazır.

Bakıda sürgündə olduğu vaxtlarda Mirzə Fətəli Axundzadəyə, Tiflisə yazdığı şeirində belə deyir:

 
Piranə sərlikdə çərxi gecrəftar,
Eylədi vətəndən dərbədər məni.
 
 
Neyləmişəm bilməm dövrü zalıma,
İncidir döşündə (sinəsində) bu kədər məni.
 
 
Şeirin sonunu isə belə bitirir:
 
 
Adəm idim əbəs yerə zay oldum,
Vilayət içində mən rüsvay oldum.
 
 
Oğrulara, quldurlara tay oldum,
Sanırdı halayiq peyğəmbər məni.
 

Beləliklə, Zakir xanlıq dövründəki şeirlərindən uzaqlaşmış və ilk dəfə şeirdə “Vətən” sözünü işlətmişdi. Xanlıqlar dövründə Vaqif və Vidadinin şeirlərində “Vətən” sözünə rast gəlmirik. Onların şeirlərində bu söz işlənsə də Zakirin işlətdiyi mənada işlənməmişdir. Çünki Zakir işğala məruz qalan, yağmalanan, soyulan, talanan, düşünən insanları öldürülən, sürgün edilən vətəndən danışır.

Mübariz şair düşmənləri nəzərdə tutaraq yazır:

 
Namərd körpüsündən rahat keçincə
Razıyam apara o sellər məni.
 

Şair nə inancını, nə də ruh yüksəkliyini itirmir, taleyin ağır yüklərini qaldıraraq məğlub olmadığını, qorxmadığını bəyan edir:

 
Rahi-müsibətdə keçmişəm candan,
Müxənnətdir qorxan bir qaşıq qandan!
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni.
 
 
Olmuşam Bakıda sakin fərəqət,
Zövqü tamaşası misali cənnət.
Ziyadə dərdi sər dahi nə hacət,
Fəramuş eylə müxtəsər məni.
 

Bir qaşıq qanın heç bir əhəmiyyətinin olmadığını, vətəni üçün ölümə hazır olduğunu vurğulayan şair Bakının mənzərələrini cənnətə bərabər tutur. Bakıda qalmağa məcbur edildiyini, Mirzə Fətəlinin onu yaddan çıxarmamasını xahiş edir.

Tiflisdəki general İsmayıl bəyə yazdığı mənzum məktubunda, Zakirin mübarizədən bezmədiyi, vətəni üçün hər cür cəfaya hazır olduğu aydın görünür. Nə qədər çətin vəziyyətdə olsa da namərdlərdən, nanəciblərdən kömək istəməyəcəyini belə ifadə edir:

 
Namərd ətəyindən kişi həngamı zərurət,
Tutmaqdan isə yaxşıdır ölmək afilani.
 
 
Məni govğayı şehri bahri Baku telh-kam etməz,
Neden kim aşik-i şeyda olanlar kal-kil istər.
 
 
Cəfayi dəhrdən azerdelik ayni həmakətdir,
Bəlanı xoş tutar İdris, Eyyub, Xəlil istər.
 
 
Edər yadi gülüstani vətən qurbətdə dil murgu
Kafes keydinden azad olmağa daim delil ister.
 

“Bakı şəhərinin fırtınalı dənizi məni kədərləndirə bilməz. Nə üçün deyə sual edənlərə, çünki eşq mübarizə istər” deyir şair.

Dövrün bəlasından xilas olmaq istəyənləri axmaq hesab edən şair, cəfanı qəbul edənlərin-İdris, Eyyub Xəlil kimi nəbilər olduğunu deyərək özünə təsəlli verir.

Könül quşu qürbətdə vətən gülüstanını yadına salır, qəfəsdən qurtulmaq üçün yardımçıya ehtiyac duyur. Və beləcə general İsmayıl bəydən Sibirdəki övladlarını və özünü sürgündən, ailəsini isə həbsdən xilas etməsini lirik və ədəbi şəkildə cəsarət və alicənablığını itirmədən xahiş edir.

Firidun bəy Köçərli haqlı olaraq deyir: “Qasım bəy Zakir həqiqi milli şairimizdir. O dövrün insanlarının ədəb və əxlaqını, məşğuliyyətlərini mahir rəssam kimi uyğun rəng çalarları ilə çəkib bizə göstərir. Cəmiyyətin hər təbəqəsini ayrı-ayrılıqda nəzərdən keçirən Zakir digər şairlərin görmədikləri şeyləri görərək təsvir və tənqid etmişdir.”

Qarabağı idarə edən rus məmurlar haqqında yazır:

 
Birindən şikayət edəsən əgər,
Danişmağa qoymaz, sözünü kəsər,
Qardaş malı kimi ortadan bölər,
Murovlar olublar oğruya ortaq!
 
 
Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövləti, malı,
Xandəmirov çaldı, çapdı mahalı,
O ki tutub özün keçəl qurumsaq.
 
 
Gündə bir gətirir zakonu tazə,
Fikri budur xalqı verə gudazə,
Bizdəndə məhrəmdir biri Knyazə
Nə məhrəm füzul heyvərə yanşak.
 
 
Üləmalar üz döndərib xudadan,
Usanmaz bir ləzhə cövrü cəfadan.
Başı əmmaməli seyid-molladan
Taətdə övladır o qatmaqurşaq.
 

Bu şeirində şair rus idarə məmurlarından, onların hər gün bir qanun çıxardaraq istədikləri kimi xalqı talamaqlarından, başı əmmaməli mollaların yalanlarından və bəylərin ədalətsizliyindən yazır. Xanlıqlar dövrü bəhsində o dövrün sosial vəziyyətini təsvir edərkən qeyd etmişdik ki, xanlıqlar dövründə torpaq xanın öz mülkü idi, bəylərin torpaq üzərində mülkiyyət hüquqları yox idi. Bəylər ancaq xanın mülkiyyətində olan torpağı idarə edə bilərdilər və bu xidmət əvəzində isə kəndlilərdən məhsul alırdılar. Buna görə də kəndliyə zülm etmirdilər. Rus işğalından sonra çarlıq bəyləri idarə etdikləri torpağın sahibi elan etdi. Bundan sonra bəylərin kəndlilərə zülmü başlandı. Zakir bəylərin ədalətsizliyindən və kəndlilərin əzilməsindən şikayət edir. Zakir həm də ikiüzlü din xadimlərini də tənqid hədəfinə çevirmişdir:

 
Vaiz bizә oxur şәrhi-Mustafa,
Hәramә mürtәkib olmayın әsla!
Özü lüm-lüm udar batindә, әmma
Zahirdә dediyi mәnayә bir bax!
 
 
Baqqal qoyar tәrәziyә imanın,
Әsәl qiymәtinә satar ayranın,
Qudurmuş it kimi dolar dörd yanın,
Deyәn yoxdur Ali-Әbayә bir bax!
 
 
Dolanır bazarı darğa, kvartal,(çarşı ağası)
Döyülür sifətlər, yolunur saqqal;
Gecə get cibinə beş-on manat sal,
Gündüz gəlib nırxi-bahayə bir bax!
 
 
Xanzadәlәr şişә taxır rәiyәti,
Özlәrinin deyil malü dövlәti;
Orda tәpәr, harda düşsә fürsәti,
Mujikә seyr elә, ağayә bir bax!
 

Zakirin əsərlərini tədqiq edərkən aydın olur ki, o cəmiyyətin hər bir sahəsini diqqət mərkəzində saxlamış və daim çatışmazlıqları ifşa etmişdir. Satıcının imansızlığı, vaizin dinsizliyi, bəyin ədalətsizliyi, xanzadələrin (xan nəslinin nümayəndələrinin) zülmü və rus məmurlarının rüşvətxorluğu, qanunsuz hərəkətləri, hamısı Zakirin qələmində kəskin tənqidini tapmışdır. Şeirlərindən birində şair yazır:

 
Neçələr silsile-i tabıma tahrik verir,
Rişte-i nazma çəkəm yani dürr-i galtani,
Budu hahişleri kim baxmıyıb ağ-bozuna,
Eylüyüm hicv tamam bay ü gəda vü hani.
 
 
Neyliyim ölkə bulaşıb nəcisə bir günə
Pak qılmaz anı ger bağlıyasan ümmanı,
Verməsəm vüsat əğər nəzmə olur na meğrup,
Eylesem cümlesini şerh düşer tulanı.
 
 
Hər əlif, bey oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruha çəkər suhanı.
Bir quru isimdən özgə dahi haqqa nə qalır,
Lənət olsun sana, ey münkiri-həqq ruhanı!
 

Etdikləri haqsızlıqlarla şairin silsiləyi-tabını daşıranlara qarşı Zakir deyir: “Bunlar haqqında yazmasam olmaz, yazsam çox olar.(Eylesem cümlesini şerh olur tulanı.)” Haqqı inkar edən ruhanilərə lənət oxuduqdan sonra deyir ki: “Ölkə o qədər çirkaba bulaşıb ki, (Pak qılmaz anı ger bağlıyasan ümmanı) dənizi də üstünə töksən, təmizlənməz.”

Yenə bu pisliklərdən bəhs edərək deyir ki:

 
Filhakika mən onun muxlisi dirinəsiyəm,
Lik doğru deməyin şeirdə yox isyanı…
 

“Mən bu pisliklərin adını qoyuram, yəni tənqid edərəm, çünki islam dini şəri doğru söyləməyi üsyan saymaz.” Şair bu şəkildə tənqidlərin vacibliyini və zülmlərin dözülməzliyini vurğulayır.

Zakir bu mübarizəsinə rus istilasından sonra da uzun müddət davam etmişdir. Kəndi dağıdılıb tar-mar edildiyi zaman yaşı 65-i keçmişdi. Yenə də öz şeirlərindən məlum olur ki, 80 yaşı tamamladıqdan sonra ölmüşdür.

 
Az qalıb həştadı tamam edəm mən,
Sən indi yazarsan əhli-şər məni.
 

Başqa bir şeirində isə taleyindən razı olduğu duyulur:

 
İltimasım budu kim öldür hala eylə məni,
Oğul uşaq əlinə vermə saqqalım qocalıq.
 

Zakir də ölümü rindilər kimi gözləyirdi. Hər bir kəsin hörmət etdiyi vaxtda, ona-buna möhtac olmadan ölməyi üstün tuturdu. Və özü üçün də belə ölüm arzu edirdi.

Zakir Bakı sürgünündən, oğlu və qardaşı oğlu isə Sibirdən Mirzə Fətəli, general İsmayıl bəy Qutqaşınlı, əvvəlki Bakı valisi Golyubakin və gürcü ziyalılarının köməkliyi sayəsində xilas olmuşdur. Çox sevdiyi doğma diyarı olan Qarabağa qayıdan şair cəmiyyət içərisindəki çatışmazlıqları tənqid etməyə davam etmişdir. İrandan gələn və özlərini həkim adlandıran saxtakarlar haqqında dediklərindən bir neçə bəndə nəzər yetirək:

 
Tiryək yedirir hər kəs olsa diğ, (vərəm)
Heyzedən aldırır hun basılık,
Yenə bu hal ilə o kavmi zındık,
Özlərin sanırlar Aristo, Boksat
 
 
Merizin üstünə yetişən məhəl,
Dərviş Kəlbəli hazır olur əlbəəl,
Ki dəmlərin guya katib-i əcəl,
Yazıptur bais-i mevt-i minacat.
 
 
Qalanın (Şuşanın) adəmi yetdi yarıya
Necə ki, qoyuna ac qurd darıya,
Az çəkər ki məzar dəyər yarıya
Bu nevilə eyləsələr hərəkət.
 

Zakir xanlıq dövründən sonrakı rus işğalını, rus müstəmləkəçilərinin idarə quruluşunu olduğu kimi bizə çatdırır. Bu səbəbdən Azərbaycan oyanış hərəkatı Zakirə borcludur.

Tarixə nəzər saldıqda belə məlum olur ki, XIX əsrin birinci yarısında Azərbaycan cəmiyyətinin daxilində köklü dəyişikliklər meydan gəlirdi. Rus işğalından sonra dəyişən siyasi şərtlər xanlıqlar dövrü ilə tam ziddiyyət təşkil edirdi. Bu ziddiyyətlər təbii ki, sadə xalqa öz mənfi təsirini göstərirdi. Zakiri oxuyarkən istər-istəməz İtalyan intibah dövrünün şairi Petrarka və onun italyan millətinin sayılıb-seçilən şəxslərinə müraciətləri yada düşür. Bu dövr Azərbaycan şairləri içərisində Zakir istər öz xalqının nümayəndlərinin etdiyi haqsızlıqlara qarşı çıxmasına, istərsə də rus rejiminin haqsızlıqları ilə mübarizə aparmasına görə özünəməxsus yer tutur. Burada biz Zakirdən təkcə şair kimi bəhs etmirik. Onun oyanış öndərliyi yanında şairliyi ikinci plana keçir. Buna baxmayaraq Zakirin sənətkarlığından da bəzi nümunələr verəcəyik.


Zakirin şairliyi və vətənpərvərliyi:

Yuxarıda, Zakirin Azərbaycan tarixinin bir dönüş nöqtəsində yetişdiyini, müstəmləkəçi Çarizm rejiminin Azərbaycandakı dövrünü təmsil edən bir şair və ziyalısı olduğunu və rus zülmü qədər özümüzün türk-islam çevrəsindəki pislik və geriliklə də mübarizə apardığını yazmışdıq. Zakir heç də Çar Rusiyası rejiminə və bəylərə qarşı çıxaraq xanlıqlar dövrünü geri qaytarmaq istəmir. İran həkimlərini tənqid edərkən Aristotel və Sokratdan yazan şairin Avropa intibahının beşiyi olan antik yunan mədəniyyəti haqqında məlumatının olduğu görünür. Sürgündən əfv olunduqdan sonra Bakıdan Qarabağa qayıdan şair heç nəyin dəyişmədiyini görür və buna işarə edərək yazır:

 
Gəldim ki görüm bu necə xandır?
Gördüm ki, elə haman hamandır.
 

Zakirin yaşam tərzindən yazan Firidun bəy Köçərli yazır: “Zakirin peşəsi mülkədarlıq, maldarlıq idi. O öz vaxtını Xıdırıstan kəndində əkinçilər və köçərilər ilə birlikdə keçirirdi. Onlarla birlikdə yay-qış mehriban dolanan şair, onların ehtiyacını öz ehtiyacı, kədərini öz kədəri, sevincini öz sevinci hesab edirdi.” Təbii ki, Zakir kimi kövrək bir şair ancaq beləcə xalq adamı ola bilərdi. Ətrafının ehtiyacını, sevincini, kədərini özününkü saymasaydı, ancaq özünü və ailəsini fikirləşsəydi “Şahı dövrana qul olacaq” kimsələrdən birisi olardı Zakir.

Zakir tək yaşamağı sevməyən, cəmiyyət içində olan biri idi. Dostlarını sevər, yaşadığı mühitin hər halı ilə maraqlanardı. Ətrafında hər zaman ünsiyyət qura bildiyi insanlar olmuşdur. Qəzəllərindən birində:

 
O bu şehr-i Şişede ger bizi şişe taksalar xoşdur,
Ki həm söhbət bizə ol nev-i kavm-i bihesab olsun.
 
 
Nə hasil əhl-i səhra söhbətindən ab-ı əngurun,
Gərəktir neçə müddət Şişədə qalsın şərab olsun.
 

Düşməni Cəfərqulu xana yazdığı qəzəldə xana nəsihət etdikdən sonra özü haqda da deyir:

 
Gərək şair bizim Zakir kimi hazır-cavab olsun…
 

Şair demək istəyir ki, Şuşa şəhərində ona nə qədər zülm etsələr də dostları və həmsöhbətlərinə görə bunlara dözəcək. Üzüm şüşədə qaldıqca şəraba necə çevrilirsə, kəndli və maldar Zakir də Şuşadakı həmsöhbətlərinə qovuşunca rahatlıq tapırdı. Hər bir seçilmiş adam üçün vəziyyət belə deyildir ki?

Özü çox yaşadığı üçün ölən dostlarını yada salaraq deyir:

 
Əfsus günüm keçdi şər ü şur ilə daim,
                                Gəldi dəm-i rahlət.
Tutmuş hələ dünyanı könül hirs ilə kayim,
                                Tədbirinə lənət.
Getdi həmə həmdərd, xoş əxlaq, mülayim,
                                Qaldım mən həsrət.
Çöldə Əli bəy tahütlüdür Qalada tayım,
                                Onlarda kim ülfət.
Çoxdu adedi fevt olanın hansını sayım,
                                Məcmuuna rəhmət…
 

Şairi qocalıq və dostlarının ölümü tək qoymuşdur. Lakin, üsyankar ruhu sakitləşmirdi. Yazdığı müxəmməslərin birində dövrdən və qanunsuzluqlardan şikayət edir:

 
            Görün bu çərxi dün pərvər nə babət rüzgar eylər?
            Çəkup ağuşuna hər nakəsi “kamil ayar” eylər,
            Hilaf əhlin serefsaz, əhli sidqi haksar eylər,
Mənim gönlüm rakibin tamasından çox gübar eylər.
            Dönüb vaz-ı zəmanə fark edən yok zişti zibanı,
            Seçən yoxdur müsəlmandan yəhudi, gebri, tersanı,
            Zühur et ey şəriat tahtının şayəstə sultanı,
            Götür berki cemalinden münevver eyle dünyanı,
            Qalıb zülmətdə aləm göz yolunda intizar eylər.
 

Zakir dövrünün şairləri arasında “Vətən” kəlməsini ən çox işlədən Azərbaycan şairidir. Buna görə də İtalyanın intibahçı şairi Petrarkadan heç bir fərqi yoxdu. Onu Azərbaycanın oyanış dövrünün şairi adlandırmağımızın səbəblərindən biri də məhz budur. O, vətəni Azərbaycanı digər ölkələrdən üstün tutmuş və sevmişdir. Şeirlərinin birində Azərbaycanın Hicaz, Nişapur və İraqdan üstün olduğunu qeyd edir:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации