Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 20

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 20 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +
V
LİZA

Pavel Pavloviç «qaçmağ»ı heç ağlına gətirmirdi, bir də allah bilir, Velçaninov dünən bu sualı ona niyə vermişdi; əslində özü fikrini dolaşdırmışdı. Pokrovdakı xırdavat dükanında soruşan kimi, Pokrov mehmanxanasını ona göstərdilər, döngənin iki addımlığında idi. Mehmanxanada onu başa saldılar ki, cənab Trusotski elə buradaca, həyətdə, fligeldə, Mariya Sısoyevanın mebelli otaqlarına «düşmüşdür». O, fligelin yaş və çox çirkli daş pilləkəni ilə otaqların yerləşdiyi ikinci mərtəbəyə qalxdı və birdən qulağına ağlamaq səsi gəldi. Elə bil yeddi-səkkiz yaşında uşaq ağlayırdı, ağlayan boğulur və ara-sıra hıçqırırdı. Bununla yanaşı ağlayan adam ayaqlarını yerə döyür, boğuq-boğuq, qəzəblə bağırırdı. Lakin bu artıq yaşlı adam idi. Bu yaşlı adam, görünür, uşağı susdurmağa, çalışırdı, istəmirdi ki, uşağın səsini eşitsinlər, lakin özü ondan bərk səs-küy qoparırdı. Qəddarcasına çığırtıların müqabilində uşaq sanki yalvarırdı ki, onu bağışlasınlar. Velçaninov hər iki tərəfində iki qapı olan kiçik dəhlizə girəndə, səliqəsiz ev paltarında, hündür və yoğun bir qadınla rastlaşdı və Pavel Pavloviçi xəbər aldı. O, barmağı ilə arxasından ağlamaq səsi gələn qapını göstərdi. Qırx yaşlı bu qadının ətli qırmızı sifəti nə isə qəzəbli idi.

– Deyəsən bundan həzz alır! – Qadın yoğun səslə bunu astadan deyib, pilləkənə tərəf getdi. Velçaninov qapını döymək istədi, ancaq fikrindən daşındı və Pavel Pavloviçin qapısını açdı, Pavel Pavloviç yarı soyunmuş halda, sürtuksuz və jiletsiz çoxlu sadə mebel yığılmış kiçik otağın ortasında durmuşdu. Sifəti əsəbilikdən qıpqırmızı qızarmışdı. Çığırmaq, əl-qolunu ölçməklə (bəlkə də Velçaninova elə gəldi) və dümsükləyərək kasıb geyinmiş, əynində qara yun parçadan qısa paltar olan səkkiz yaşlı qızı susdurmaq istəyirdi. Qız elə bil ağlını itirmişdi, o dəlicəsinə hıçqıra-hıçqıra qollarını Pavel Pavloviça uzadır, sanki onu tutub saxlamağa, qucaqlamağa çalışır, yalvarıb nə barədə isə xahiş etmək istəyirdi. Bir an içərisində hər şey dəyişdi. Qonağı görən kimi qız çığırıb, balaca qonşu otağa cumdu, bir anlığa karıxmış Pavel Pavloviç isə dərhal elə dünən Velçaninov qapını açarkən gülümsədiyi kimi gülümsədi.

– Aleksey İvanoviç! – deyə o çox təəccüblə səsləndi. – Heç gözləməzdim… Bax, buraya, buraya zəhmət çəkin! Burada, divanda, ya da kresloda oturun. Mən isə…O tez sürtukunu geyindi, jiletini unutdu.

– Narahat olmayın, paltarınızı dəyişməyə dəyməz, – deyə Velçaninov stulda oturdu.

– Xeyr, icazə verin, özümü səliqəyə salım, hə, bax belə. Niyə küncdə oturmusunuz? Bax, burada, kresloda, stola yaxın oturun… Hə, heç gözləməzdim, heç gözləməzdim!

O, toxunma stulun qırağında əyləşdi, lakin «gözlənilməz» qonaqla yanaşı oturmadı. Velçaninovla üzbəüz olmaq üçün stulun tinini qabağa verdi.

– Nə üçün gözləmirdiniz? Dünən axı dedim ki, bu gün bu vaxt sizin yanınıza gələcəyəm.

– Fikirləşdim ki, gəlməzsiniz. Səhər oyananda dünənkiləri fikirləşən kimi, tamam əlimi üzdüm. Dedim ki, sizi bir daha görə bilməyəcəyəm.

Bu ara Velçaninov ətrafı nəzərdən keçirdi. Otaq səliqəsizdi, çarpayının üstü yığışdırılmamışdı, paltarlar hara gəldi atılmışdı, qəhvə içilmiş stəkanlar, çörək qırıntıları, yarıyadək içilmiş ağzıaçıq şampanski butulkası və yanında da stəkan stolun üstündə qalmışdı. O, gözünün ucu ilə qonşu otağa nəzər saldı, orada sakitlikdi, qız gizlənib susmuşdu.

Velçaninov şampanski şüşəsini göstərib dedi:

– Bunu indi içirsiniz?

– Artıq qalandır, – deyə Pavel Pavloviç pərt oldu.

– Siz yamanca dəyişmisiniz!

– Birdən pis vərdişlərə qurşandım. Doğrudur, o vaxtdan qalmadır. Yalan demirəm! Özümü saxlaya bilmirəm. Daha narahat olmayın, Aleksey İvanoviç, mən indi sərxoş deyiləm və dünənki kimi cəfəngiyat danışmayacağam. Sizə düzünü deyirəm. Hamısı o vaxtdan qalmadır. Yarım il qabaq biri mənə desəydi ki, indi olduğu kimi pozulacağam, aynada özümü özümə göstərsəydilər inanmazdım.

– Demək dünən siz sərxoş idiniz?

– Sərxoş idim. – Pavel Pavloviç xəcalət çəkə-çəkə başını aşağı dikərək, yavaşdan etiraf etdi. – Bilirsinizmi, sərxoş deyəndə, bir az sonra sərxoş oldum… Mən bunu ona görə deyirəm ki, sonra halım daha pis oldu. Bir az xumarlanan kimi, məndə qəddarlıq başlayır, ağlımı itirirəm, dərdim artır. Bəlkə elə dərddən içirəm. Belə halda hətta səfeh-səfeh şuluqluq da sala bilərəm, təhqir də edərəm. Yəqin, dünən özümü sizin yanınızda qəribə aparmışam, hə?

– Məgər yadınızda qalmayıb?

– Necə qalmayıb, hamısı yadımdadır… Velçaninov sakitləşdirici bir tərzdə dedi:

– Bilirsinizmi, Pavel Pavloviç, mən də elə-belə düşünürdüm və belə qət eləmişdim. Üstəlik mən özüm də dünən sizinlə bir az əsəbi danışdım… nahaq yerə səbirsizlik elədim, bunu ürəkdən etiraf edirəm. Mən bəzən özümü heç də yaxşı hiss etmirəm və sizin gecə qəflətən gəlməyiniz…

– Bəli, gecə, gecə! – Pavel Pavloviç təəccüblə və öz-özünə məzəmmətlə başını buladı, – bu necə olub! Əgər siz özünüz qapını açmasaydınız, mən heç cür içəri girməyəcəkdim, elə qapıdan qayıdacaqdım. Aleksey İvanoviç, bir həftə qabaq yanınıza gəlmişdim, sizi tapmadım, sonra bəlkə daha bir də gəlməzdim. Mən hər halda, az da olsa təkəbbürlüyəm. Aleksey İvanoviç, heç olmasa, belə halda, özüm də bilirəm… Biz küçədə rastlaşanda həmişə fikirləşirdim: necə tanısın, necə üz döndərməsin, doqquz il zarafat deyil, ona görə yaxınlaşmağa cəsarət etmirdim. Dünən isə Peterburq tərəfdə veyllənirdim, saatı unutmuşdum, hamısı bundan irəli gəlir, (butulkaya işarə elədi) bir də hissiyyatdandır. Səfeh işdir! Çox! Əgər sizin kimi bir adam olmasaydı, – hətta dünənki hadisədən sonra da keçmişi xatırlayaraq yanıma gəlmisiniz – dostluğumu ehya edə biləcəyimə ümidimi kəsmişdim.

Velçaninov onu diqqətlə dinləyirdi. Bu adam, deyəsən, səmimi, hətta bir qədər ləyaqətlə danışırdı. Bununla belə, onun otağına girdiyi dəqiqədən heç nəyə inanmırdı.

– Pavel Pavloviç, siz burada, deyəsən, tək yaşamırsınız? Bayaq sizin yanınızda gördüyüm o qız kimdir?

Pavel Pavloviç, hətta təəccübləndi də, qaşları dartıldı, lakin çox aydın və xoş nəzərlərlə Velçaninova baxdı.

– Necə yəni kimdir? Lizadır da! – dedi və mehriban-mehriban gülümsədi.

– Hansı Liza? – deyə Velçaninov mızıldandı və birdən içərisi elə bil nəşəyə gəldi. Belə bir təəssürat həddindən artıq gözlənilməz idi. Bayaq içəri girərkən Lizanı gördükdə təəccüblənsə də heç bir şey duymamışdı, ağlına heç nə gəlməmişdi.

– Bizim Liza, qızımız Liza! – Pavel Pavloviç gülümsəyirdi.

– Necə yəni qızımız? Məgər sizin Natalyadan… mərhum Natalya Vasilyevnadan uşağınız vardı? – Velçaninov çox yavaş bir səslə, inamsızcasına və qorxa-qorxa soruşdu:

– Bəs neçə? Ah, pərvərdigara, axı, doğrudan da, siz bunu kimdən eşidə bilərdiniz? Bir mənə bax ha! Bunu sizdən sonra allah bizə bəxş etdi.

Pavel Pavloviç həyəcanlı halda, (bu da yenə xoş idi) stulundan sıçradı.

– Mən heç bir şey eşitməmişəm, – Velçaninovun rəngi ağardı.

– Doğrudan da, doğrudan da siz kimdən eşidə bilərdiniz! – deyə Pavel Pavloviç zəif, mütəəssir bir səslə təkrar etdi, – axı biz rəhmətliklə ümidimizi tamam üzmüşdük, sizin də xatirinizdədir; birdən allahın bizə rəhmi gəldi, o zaman mən nə çəkdim, təkcə ona məlumdur. Deyəsən, sizdən düz bir il sonra, yox, bir il yox, bir il yox, icazə verin, əgər hafizəm məni aldatmırsa, siz bizdən oktyabrda, hətta, noyabrda getmişdiniz, eləmi?

– Mən T.-dən sentyabrın əvvəlində, sentyabrın on ikisində getmişdim, yaxşı yadımdadır…

– Doğrudan sentyabrda? Hm… bəs mən necə olub ki… – Pavel Pavloviç təəccübləndi, əgər, doğrudan da belə isə, onda icazə verin; siz sentyabrın on ikisində getmisiniz, Liza isə mayın on ikisində anadan olub. Demək, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, səkkiz ay neçə gündən sonra! Əgər siz bilsəydiniz ki, mərhum necə…

– Göstərin onu mənə, çağırın onu, – Velçaninovun səsi titrəyir, dili dolaşırdı.

– Mütləq! – Pavel Pavloviç əl-ayağa düşdü, demək istədiyi sözün üstündən, lazım olmayan bir şey kimi tez ötüb-keçdi. – Bu saat, bu saat sizə təqdim edərəm! – Tez o biri otağa Lizanın yanına keçdi.

Üç-dörd dəqiqə keçmişdi, o biri otaqda tez-tez pıçıldaşırdılar, Lizanın səsi güclə eşidilirdi. Yəqin «qız xahiş edir ki onu qonaq otağına aparmasın» – deyə Velçaninov fikirləşdi. Nəhayət, gəldilər.

Pavel Pavloviç dedi:

– Utanır, çox utancaqdır, təkəbbürlüdür… hər şeydə rəhmətliyə oxşayıb!

Liza daha ağlamırdı, gözlərini aşağı dikmişdi, atası onu əlindən tutub gətirirdi. Liza hündürboylu, zərif, çox qəşəng qız idi. O, iri göy gözlərini tez qaldırıb, yetikliklə, lakin qaşqabaqlı halda qonağa baxdı və gözlərini dərhal yenə yerə dikdi. Onun baxışlarında, yad adamla tək qaldıqda bir küncə çəkilərək, oradan onlarda heç zaman olmamış təzə qonağa təkəbbür və inamsızlıqla baxan uşaqlara xas bir vüqar vardı; ancaq ola bilsin, uşaqlara xas olmayan başqa bir fikir də vardı. – Velçaninova belə gəlirdi. Atası onu lap yaxına gətirdi.

– Bax, bu əmi əvvəllər ananı tanıyırdı, bizim dostumuz idi, utanma, əl ver.

Qız azca əyilərək, qorxa-qorxa əlini uzatdı.

– Natalya Vasilyevna ona salamlaşanda çöməlməyi öyrətməyib, beləcə ingilissayağı azca əyilib, əlini qonağa uzadır. – Pavel Pavloviç gözünü Velçaninova zilləyib, izahat verdi.

Velçaninov bilirdi ki, Pavel Pavloviç gözünü ona zilləyib lakin həyəcanını gizlətməyin qayğısına qətiyyən qalmırdı. O, stulda hərəkətsiz oturub, Lizanın əlini ovcunda tutaraq diqqətlə qıza baxırdı. Liza isə fikirli idi, əlinin qonağın əlində olduğunu unudaraq, gözlərini atasından çəkmirdi. O atasının danışıqlarına qorxa-qorxa qulaq asırdı. Bu iri gözləri Velçaninov dərhal tanıdı, lakin onu heyrətə salan qızın sifətinin qəribə, qeyri-adi zərif bəyazlığı və saçlarının rəngi idi.– Bu əlamətlər onun üçün çox əhəmiyyətli idi. Sifətinin quruluşu, dodaqları isə, əksinə, Natalya Vasilyevnanı çox xatırladırdı. Bu ara Pavel Pavloviç hərarət və coşqunluqla nə isə nağıl etməyə başlamışdı, Velçaninov isə qətiyyən onu eşitmirdi. Onun ancaq axırıncı cümləsini tuta bildi:

– Bəli, Aleksey İvanoviç, allah bunu bəxş eləyəndə bizim necə sevindiyimizi təsəvvür edə bilməzsiniz! Onun dünyaya gəlməsi mənim üçün hər şey idi, əgər allah-taalanın buyruğu ilə mənim sakit səadətim pozuldusa, güman edirəm ki, Liza mənə qalacaqdır; heç olmasa, bunu qəti bilirəm!

Velçaninov soruşdu:

– Bəs Natalya Vasilyevna?

Pavel Pavloviç üz-gözünü turşutdu:

– Natalya Vasilyevnamı? Axı siz onu yaxşı tanıyırdınız, xatirinizdədir, o çox danışmağı sevmirdi, ancaq ölüm yatağında onunla vidalaşarkən… hər şeyi açıb dedi! Mən sizə indi «ölüm yatağında» dedim; ancaq o, ölümündən bir gün qabaq həyəcanlanır, hirslənir, deyirdi ki, onu dərmanla əldən salırlar, xəstəliyi sadəcə olaraq titrəmə-qızdırmadır, həkimlərin ikisi də heç bir şey bilmir, Kox qayıdan kimi, (bizim qoca ştab həkimi yadınızdadırmı?) iki həftədən sonra o, ayağa qalxacaqdır! Bu hələ harasıdır, ölməmişdən beş saat qabaq yadına düşdü ki, üç həftədən sonra mütləq xalanın, Lizanın xaç anasının malikanəsinə onun ad gününə getmək lazımdır…

Velçaninov qızın əlini buraxmadan birdən stuldan qalxdı. Bu ara ona elə gəldi ki, qızın atasına zillənmiş odlu baxışında nə isə bir tənə var.

– Qız xəstə deyil ki? – deyə Velçaninov tələsik qəribə bir tərzdə soruşdu.

– Yox, deyəsən… ancaq burada şəraitimiz yaxşı deyil. – Pavel Pavloviç dərdli-dərdli, qayğıkeşliklə dilləndi, – uşaq çox qəribə olub, onsuz da əsəbi idi, anasının ölümündən sonra iki həftə xəstələndi, isteriya… Bayaq siz içəri girəndə gördünüz necə ağlayırdı, eşidirsən, Liza, eşidirsən? Axı nəyin üstündə? Ondan ötrü ki, gedirəm, onu evdə tək qoyuram, buradan da elə nəticə çıxarır ki, guya onu anasının sağlığında sevdiyim kimi sevmirəm. Məni, bax, bunda təqsirləndirir. Oyuncaqla oynamalı olan bir uşağın başına görün, necə fantaziya gəlir! Burada bir uşaq da yoxdur ki, onunla oynasın.

– Bəs siz… məgər siz burada ancaq ikinizsiniz?

– Tamamilə tək-tənhayıq. Xidmətçi qadın gündə ancaq bir dəfə gəlib, yır-yığış eləyir.

– Siz gedəndə, onu tək qoyub gedirsiniz?

– Bəs necə olsun? Dünən gedəndə isə onu o otağa salıb bağlamışdım, elə buna görə bu gün belə göz yaşı tökür. Özünüz deyin, nə edə bilərəm? Üç gün əvvəl mənsiz aşağı düşüb, bir oğlan uşağı da başına daş vurub. Bəzən də ağlayır, həyətdə hamıdan soruşur ki, mən haraya getmişəm. Axı, bu yaxşı deyil. Məndə də az yoxdur; bir saatlığa gedirəm, ertəsi gün səhər qayıdıram, dünən də belə oldu. Yaxşı ki, ev sahibəsi, mənsiz qapını açıb, çilingər çağırtdırıb, qıfılı açdırıb, biabırçılıqdır, öz-özümü vəhşi hesab edirəm, bütün bunlar hamısı ondan əmələ gəlir ki, ağlım çaşıb…

– Ata can, – qız çəkinə-çəkinə, narahatlıqla söylədi.

– Bax, yenə başladı! Yenə tutduğunu buraxmırsan? Mən bayaq sənə nə dedim?

– Daha eləmərəm, daha demərəm! – Liza qorxu içərisində əllərini atasının qabağında bir-birinin üstünə qoyub, təkrar etdi.

– Bu cür şəraitdə, belə davam edə bilməz. – Velçaninov aramla, amiranə bir səslə dedi – Axı siz… axı siz varlı adamsınız! Belə niyə – əvvəla fligeldə, belə şəraitdə?

– Deyirsiniz niyə fligelə düşmüşük? Bəlkə bir həftədən sonra getdik. Varlı olsaq da xərcimiz çox çıxıb…

– Yaxşı, bəsdir, bəsdir, – Velçaninov getdikcə artan bir səbirsizliklə onun sözünü kəsdi, o sanki açıq-açığına deyirdi: «Demək lazım deyil, nə deyəcəyini bilirəm və onu da bilirəm ki, hansı niyyətlə deyirsən!» – Qulaq asın, mən sizə təklif edirəm: siz indicə dediniz ki, bir həftə qalacaqsınız, bəlkə də iki həftə. Burada bir ev var, daha doğrusu, yaxşı bir ailə var. Mən iyirmi ildir, orada özümü öz evimdəki kimi hiss edirəm. Bu, Poqoreltsevlərin ailəsidir. Aleksandr Pavloviç Poqoreltsev, dövlət müşaviridir, hətta sizə köməyi də dəyər. Onlar indi bağdadırlar. Çox zəngin bağları var. Klavdiya Petrovna Poqoreltseva mənim üçün bir bacı, bir ana kimidir. Onların səkkiz uşaqları var. Lizanı verin, elə bu saat onlara aparım… ona görə deyirəm ki, vaxtı itirməyək. Onlar qızı məmnuniyyətlə qəbul edərlər, burada qalacağınız müddətdə onu doğma qızları kimi əzizlərlər.

Onun səbri tamam tükənmişdi və bunu gizlətmirdi. Velçaninova elə gəldi ki, Pavel Pavloviç üz-gözünü turşutdu, müsahibinin gözlərinə baxıb dedi:

– Deyəsən, bu mümkün olmayacaq.

– Nə üçün? Nə üçün mümkün olmayacaq?

– Axı mən uşağı birdən-birə, deyək ki, elə sizin kimi səmimi, xeyirxah bir adamla hara buraxım, mən o mənada demirəm, hər halda tanımadığım evdir, özü də kübar ailə, hələ bilmirəm ki, onu neçə qəbul eləyəcəklər.

Velçaninov az qala qəzəblə çığırdı:

– Axı mən sizə dedim ki, elə bil öz evimdir. Klavdiya Petrovna mənim hər sözümü məlhəm kimi qəbul edir, o ki, mənim qızım ola… lənətə gələsən, siz özünüz bilirsiniz ki, ancaq boş-boş danışırsınız, burada aydın olmayan nə var ki! O hətta ayağını yerə vurdu.

– Mən onu demək istəyirəm ki, qəribə çıxmaz ki? Hər halda mən onu bir neçə dəfə yoluxmalıyam, yoxsa atasız deyil ki? Hi… hi… özü də belə təşəxxüslü ailədə.

– Çox sadə ailədir, «təşəxxüslü»-zad deyil. – Velçaninov çığırdı, – sizə deyirəm ki, uşaqları çoxdur. Orada qız dirçələr… bunun üçün orada hər şey var… Sizi isə istəsəniz, sabah özüm təqdim edərəm. Bəli, hətta mütləq oraya gedib, minnətdarlıq eləmək lazımdır; əgər istəsəniz hər gün gedərik…

– Axı birtəhər çıxır…

– Boş şeydir! Başlıca məsələ budur ki, siz özünüz bunu bilirsiniz! Mənə baxın, bu gün axşam mənim yanıma gəlin, gecələyərsiniz də, sübh tezdən yola düşərik ki, saat on ikidə orada olaq.

– Mənim xeyirxahım! Hətta sizdə gecələmək… – Pavel Pavloviç birdən riqqətlə razılaşdı, – hədsiz iltifat göstərirsiniz… hardadır onların bağı?

– Onların bağı Lesnoydadır.

– Bəs onun paltar məsələsi necə olsun? Elə məşhur bir evə, özü də bağa, özünüz bilirsiniz də… Ata ürəyidir!

– Paltar nədir? O yaslıdır. Məgər başqa paltar geyə bilər? Çox abırlıdır, bundan yaxşısı olmaz! Ancaq alt paltarı təmiz olsun, ləçəyi təmiz olsun… (Ləçəyi və paltarının altından görünən alt paltarı doğrudan da çox çirkli idi).

Pavel Pavloviç əl-ayağa düşdü:

– Bu saatca, paltarını dəyiş. Başqa lazımlı alt paltarlarını da biz indicə yığışdırarıq, onları yumaq üçün Mariya Sısoyevnaya vermişik.

Velçaninov onun sözünü kəsdi:

– Tapşırın kolyaska dalınca getsinlər, əgər mümkünsə, tez eləyin.

Lakin burada ortaya bir əngəl çıxdı. Liza qəti etiraz edirdi, o bütün bu müddətdə deyilənləri qorxu içərisində dinləyirdi və əgər Velçaninovun Pavel Pavloviçi dilə tutarkən, qıza göz qoymağa imkanı olsaydı, onun sifətindəki dərin ümidsizliyi görərdi.

O qətiyyətlə və yavaşca dedi:

– Mən getməyəcəyəm.

– Görürsünüz də, tamam anasına çəkib!

– Mən anama çəkməmişəm, mən anama çəkməmişəm! – Liza kiçik əllərini ovuşdura-ovuşdura elə çığırdı ki, sanki onun anasına çəkməsi barədə atasının məzəmmətini rədd etməyə çalışırdı, – ata can, ata can, əgər sən məni atsan…

Qız birdən, qorxuya düşmüş Velçaninovun üstünə atıldı:

– Əgər siz məni aparsanız, mən…

Ancaq qızın sözü yarımçıq qaldı. Pavel Pavloviç qızın qolundan yapışaraq, açıq bir qəzəblə onu kiçik otağa çəkdi. Orada yenə bir neçə dəqiqə pıçıldaşma getdi. Boğuq ağlama səsi eşidilirdi. Velçaninov oraya getmək istəyirdi ki, Pavel Pavloviç otaqdan çıxdı, istehzalı bir təbəssümlə bildirdi ki, qız indicə çıxacaqdır. Velçaninov çalışırdı ki, Pavel Pavloviçə baxmasın, ona görə nəzərlərini kənara dikmişdi.

Mariya Sısoyevna, bayaq onun dəhlizdə rast gəldiyi qadın, içəri girdi və qızın alt paltarlarını Lizanın kiçik, qəşəng çantasına yığmağa başladı.

– Cənab, qızı aparırsınız? – deyə o Velçaninova müraciət etdi. – Ailəniz var? Yaxşı eləyirsiniz, cənab, sakit uşaqdır, bu çığır-bağırdan canı qurtarar.

– Siz də Mariya Sısoyevna… – deyə Pavel Pavloviç mızıldandı.

– Nə Mariya Sısoyevna salmısan! Məni hamı belə çağırır. Çığır-bağır olmur? Başa düşən uşaqdır, yaxşıdır belə biabırçılığı görmək? Sizin üçün kolyaska gəlib, cənab, Lesnoya gedirsiniz?

– Bəli, bəli.

– Hə, salamat gedin.

Liza rəngi ağarmış, başı aşağı otaqdan çıxdı və çantasını götürdü. Velçaninov tərəfə bir dəfə də nəzər salmadı. O toxtamışdı, hətta vidalaşarkən belə, bayaqkı kimi atasının üstünə atılmadı. Görünür, ona heç baxmaq da istəmirdi. Atası nəzakətlə onun alnından öpdü və saçlarını oxşadı. Bu zaman qızın dodaqları sıxıldı və çənəsi əsdi, lakin yenə gözlərini qaldırıb, atasına baxmadı. Pavel Pavloviçin rəngi, deyəsən, qaçmışdı, əlləri əsirdi, bunu, var qüvvəsi ilə ona baxmamağa, çalışsa da, Velçaninov aydın sezirdi. O, buradan tez çıxıb getmək istəyirdi. «Burada mənim nə təqsirim var? – deyə fikirləşdi– Belə də olmalı idi». Aşağı endilər, burada Mariya Sısoyevna ilə Liza öpüşdülər, qız kolyaskaya əyləşən kimi, atasına baxdı və birdən əllərini uzadıb çığırdı, bircə an da keçsəydi, o, kolyaskadan atasının üstünə atılacaqdı, lakin atlar artıq tərpənmişdi.

VI
AVARA ADAMIN YENİ FANTAZİYASI

Özünüzü pis hiss etmirsiniz ki? – Velçaninov qorxuya düşdü. – Deyim, saxlasınlar, deyim, su gətirsinlər…

Qız başını qaldırıb, ona tərs-tərs, məzəmmətlə baxdı.

– Siz məni haraya aparırsınız? – O sərt, qırıq-qırıq danışırdı.

– Liza, getdiyimiz yer çox yaxşı evdir. İndi onlar gözəl bir bağdadırlar; orada çoxlu uşaq var, orada sizi sevəcəklər, onlar yaxşı adamlardır… acığınız tutmasın, Liza, mən sizə yaxşılıq eləmək istəyirəm…

Əgər bu dəqiqədə tanışlarından onu görən olsaydı, Velçaninov onlara qəribə görünərdi.

Liza göz yaşlarından boğula-boğula, qəşəng, qəzəbli gözlərini ona zilləyərək dedi:

– Siz necə, siz necə… siz necə… siz necə qəddar adamlarsınız!

– Liza, mən…

– Siz qəddarsınız, qəddarsınız, qəddarsınız, qəddarsınız! – O, əllərini ovuşdururdu. Velçaninov özünü tamam itirmişdi.

– Liza, əzizim, bilsəniz necə ürəyimə toxunursunuz!

– Doğru deyirsiniz, o, sabah gələcək? Doğrudur? – deyə qız amiranə tərzdə soruşdu.

– Doğrudur, doğrudur! Mən özüm onu gətirəcəyəm. Özüm onu götürüb gələcəyəm.

Liza gözlərini aşağı dikərək pıçıldadı:

– O aldadacaq.

– O məgər sizi sevmir?

– Sevmir.

– O sizi incidir? İncidir?

Liza ona qaşqabaqlı baxıb dinmədi. Qız yenə üzünü ondan çevirdi və başını aşağı dikdi. Velçaninov onu dilə tutmağa başladı, özü də hərarətlə danışırdı, əsirdi. Liza inamsız halda, düşmən kimi qulaq asırdı, ancaq qulaq asırdı. Onun belə diqqətlə qulaq asması Velçaninovu həddindən artıq sevindirdi; o hətta qıza izah etməyə başladı ki, içən adam nə deməkdir. O qıza dedi ki, özü də onu sevir və atasına göz-qulaq olacaqdır. Liza, nəhayət, başını qaldırdı və gözlərini Velçaninova zillədi. Velçaninov onun anasını tanıdığını nağıl etməyə başladı və belə sözlərlə qızı maraqlandırdığını gördü. Liza yavaş-yavaş onun suallarına cavab verməyə başlayırdı, lakin çox ehtiyatla, bir kəlmə ilə, inadla. Əsas suallara isə ondan cavab çıxmadı, atası ilə əvvəlki münasibətinə aid bütün məsələlərdə inadla susurdu. Velçaninov qızla danışarkən onun əlini bayaqkı kimi əlinə alıb, buraxmır, qız da əlini çəkmirdi. Liza həmişə susmurdu; o hər halda açıq cavab verməsə də, deyirdi ki, atasını anasından çox istəmişdir, çünki əvvəllər atası da onu çox sevirdi, anası isə əvvəllər onu az sevirdi, lakin anası ölərkən, onu çox öpmüş və ağlamışdı, hamı otaqdan çıxdıqdan sonra onlar tək qalmışdılar… indi isə onu hamıdan və dünyada hər şeydən artıq sevir. Hamıdan artıq onu sevir. Qız doğrudan da məğrur idi, birdən ağzından söz qaçırdığını başa düşüb, yenə susaraq qaradinməz oldu. Hətta onu danışmağa məcbur edən Velçaninova nifrətlə baxdı. Yol qurtarana yaxın qızın əsəbiliyi, demək olar ki, sovuşub keçmişdi, lakin o çox dalğın idi, vəhşi kimi qaşqabaqlı, qəmgin-qəmgin, düşünülmüş bir inadla baxırdı. Tanımadığı və heç zaman olmadığı bir evə aparılmasına gəldikdə isə bu onu hələlik, deyəsən, az narahat edirdi. Ona əziyyət verən başqa şey idi, bunu Velçaninov görürdü; o, başa düşürdü ki, qız ondan xəcalət çəkir ki, atası çox asanlıqla onu Velçaninova tapşırmışdı, sanki onu Velçaninovun qolları üstə atmışdı.

«O xəstədir, – Velçaninov fikirləşirdi– bəlkə də bərk xəstədir; ona əzab veriblər… Eh, sərxoş əclaf! Mən indi onu başa düşürəm!» O sürücünü tələsdirdi; ümidini bağa, havaya, uşaqlara, qıza tanış olmayan həyata bağlamışdı, sonra isə… sonra nə olacağına o, zərrə qədər şübhə eləmirdi. Sonrası yaxşı olacaqdı. Yalnız bir şeyi o yaxşı bilirdi: indi duyduğu hissi heç zaman duymamışdı və bunu ömrü boyu unutmayacaqdı! «Məqsəd budur, həyat budur!» – deyə o vəchlə düşünürdü.

Onun başına indi çox fikir gəlirdi, lakin o bunların üzərində durmur, təfərrüatdan qaçırdı; təfərrüatsız da hər şey aydınlaşırdı, hər şey pozulmazdı. Onun başlıca planı öz-özünə yaranmışdı: «Əlbir olub bu əclafa təsir etmək olar. Lizanı heç olmazsa, əvvəlcə müvəqqəti olaraq Peterburqa, Poqoreltsevgildə qoyub gedər; Liza mənə qalar; vəssalam, bundan artıq nə ola bilər? O özü də bunu arzulayır; əgər belə deyilsə bəs niyə qıza əzab verir?». Nəhayət, gəlib çatdılar. Poqoreltsevlərin bağı doğrudan da səfalı bir yer idi; hamıdan qabaq onları bağın artırmasına çıxmış hay-küylü uşaqlar qarşıladılar. Velçaninov çoxdandı ki, burada olmamışdı, ona görə uşaqların sevinci aşıb-daşırdı, onu sevirdilər.

O hələ kolyaskadan çıxmamış nisbətən yaşlılar çığırdılar:

– Çəkişmənin axırı necə oldu? Çəkişməniz neçə oldu? – deyə kiçiklər də böyüklərə qoşuldular və gülüşə-gülüşə çığırışmağa başladılar. Ona burada məhkəmədə çəkişdiyinə görə sataşırdılar. Lakin Lizanı görən kimi dərhal onu dövrəyə alıb, səssizcə, uşaq marağı ilə süzməyə başladılar. Klavdiya Petrovna, onun dalınca da əri bayıra çıxdı. Klavdiya Petrovna və əri də ağızlarını açan kimi, gülə-gülə çəkişməni soruşdular.

Klavdiya Petrovna otuz yeddi yaşında, dolu, təravətli və çəhrayı sifətli hələ də gözəl bir xanım idi. Əri əlli beş yaşında ağıllı və məkrli, lakin hər şeydən qabaq, xeyirxah adamdı. Onların evi Velçaninovun dediyi kimi, onun «öz evi» idi. Lakin burada bir xüsusi məsələ də vardı: iyirmi il qabaq həmin bu Klavdiya Petrovna az qala Velçaninova ərə gedəcəkdi. Velçaninov o zaman, demək olar ki, cavan oğlan idi, tələbə idi. Bu məhəbbət ilk, dəliqanlı, məzəli və gözəl bir məhəbbət idi. Klavdiya Petrovnanın Poqoreltsevə ərə getməsilə bu məhəbbət bitmişdi. Beş ildən sonra onlar yenə görüşdülər və hər şey aydın və sakit bir dostluğa çevrildi. Onların münasibətlərində həmişəlik olaraq bir səmimilik və bu əlaqələri nurlandıran bir işıq qaldı. Bu məsələdə Velçaninovun xatirələri təmiz və qüsursuz idi, bəlkə də elə buna görə, yeganə təmiz münasibət olduğuna görə, bu, onun üçün çox qiymətliydi. Burada, bu ailədə o, sadə, təmiz, mehriban idi, uşaqları əzizləyirdi, özünü heç zaman çəkmirdi, hər şeyi etiraf edir, hər şeydə ürəyini açırdı. O dəfələrlə poqoreltsevlərə and içmişdi ki, bir qədər keçəndən sonra, həmişəlik onların yanına köçəcək və həmişəlik onlarla bir yerdə yaşayacaqdır. Özlüyündə də bu barədə ciddi düşünürdü.

O, Liza barədə nə lazımsa, hamısını təfsilatı ilə onlara danışdı: lakin izahatsız da onun bircə xahişi kifayət idi. Klavdiya Petrovna «yetimçəni» öpdü və əlindən gələni edəcəyini vəd elədi. Uşaqlar Lizanı götürüb, bağa oynamağa apardılar. Yarım saat söhbətdən sonra Velçaninov ayağa qalxdı və xudahafizləşməyə başladı. O elə bərk həyəcan içərisində idi ki, bunu hamı duydu. Hamı təəccübləndi: üç həftədir ki, burada olmayıb, indi isə yarım saat oturub gedir. O gülümsəyərək and içirdi ki, sabah gələcək. Həddindən artıq təşvişdə olduğunu ona bildirdilər; o birdən Klavdiya Petrovnanın qolundan tutaraq, onu başqa otağa apardı, bəhanə elədi ki, ona nə isə mühüm bir məsələni deməyi unutmuşdur.

– Yadınızdadırmı, mən sizə, ancaq sizə, hətta əriniz də bunu bilmir, həyatımın T. illəri barədə demişdim?

– Lap yaxşı yadımdadır; siz tez-tez bu barədə danışardınız.

– Mən danışardım sizə, ancaq sizə ürəyimi açardım! Mən bu qadının familiyasını heç zaman sizə deməmişdim. O, Trusotskaya idi, bu Trusotskinin arvadı. Trusotskaya ölmüşdür, onun qızı Liza isə mənim qızımdır.

– Bunu yəqin bilirsiniz? Səhv etmirsiniz ki? – Klavdiya Petrovna həyəcanla soruşdu.

Velçaninov fərəhlə dedi:

– Qətiyyən, qətiyyən səhv etmirəm!

O tələsik və bərk həyəcanlı halda hər şeyi bacardığı qədər qısaca danışdı. Klavdiya Petrovna əvvəllər də bunu bilirdi, ancaq qadının familiyasını bilmirdi. Velçaninov onu tanıyanlardan birisinin bir vaxt Trusotskayaya rast gələ biləcəyini və onun bu qadını belə sevə bilməsini düşünəcəyini xəyalına gətirəndə, dəhşətə gəlirdi. O hətta yeganə dostu Klavdiya Petrovnaya da «bu qadının» adını indiyədək deməyə cəsarət etməmişdi.

Klavdiya Petrovna ona qulaq asaraq soruşdu:

– Atası da bir şey bilmir?

– Y-ox, o bilir… Mənə də əzab verən elə odur ki, bəzi şeylərdən xəbərsizəm. – Velçaninov odlu-odlu sözünə davam etdi. – O bilir, bilir; bunu mən bu gün və dünən sezmişəm. Lakin mən bilməliyəm ki, onun bu barədə məhz nə qədər məlumatı var? İndi buna görə tələsirəm. Bu gün axşam o gələcəkdir. Ancaq təəccüb edirəm ki, o haradan bilir, daha doğrusu, hamısını haradan bilir? Baqautov haqqında o hər şeyi bilir, buna şübhə ola bilməz. Mənim haqqımda necə? Siz bilirsinizmi, belə hallarda arvadlar öz ərlərini necə inandırırlar! Əgər göydən mələk ensə, ər ona inanmaz, amma arvadına inanır! Başınızı bulamayın, məni qınamayın, mən özüm özümü qınayıram və çoxdan, lap çoxdan bütün əməllərimə görə qınayıram! Bilirsinizmi, bayaq onun yanında, hər şeyi bildiyinə elə əmin idim ki, özümü büruzə verdim. İnanırsınızmı, onu dünən pis qarşıladığım üçün xəcalət çəkirəm. (Mən bunu sizə sonra təfsilatı ilə danışaram!) O dünən mənim yanıma qarşısıalınmaz qəzəb dolu bir arzu ilə kəlmişdi, bildirmək istəyirdi ki, o təhqir edildiyini bilir və təhqir edən də ona məlumdur. Onun sərxoş halda səfeh gəlişinin səbəbi bu idi. Ancaq onun tərəfindən bu hərəkət çox təbii çıxır. O məhz tənə vurmaq üçün gəlmişdi. Ümumiyyətlə, mən dünənki və bir az bundan qabaqkı görüşümüzü çox əsəbi keçirdim. Ehtiyatsız, səfehcəsinə! Özüm özümü ələ verdim! Niyə o belə pərişan vaxtımda gəlib çıxdı? Sizə deyirəm, o, Lizaya da əzab verir, uşağa ona görə əzab verir ki, heç olmasa danlamaqla acığın uşaqdan çıxmaq istəyir. Bəli, o qeyzlənmişdi ki, nə qədər rəzil olsa da qeyzlənmişdi; həddindən artıq. Öz-özlüyündə təlxəkdən başqa bir şey deyil, ancaq qabaqlar, allah haqqı, az-çox abırlı adama oxşayırdı, ancaq onun yolunu azması da təbiidir! Buna, əzizim xristian gözü ilə baxmaq lazımdır! Bilirsənmi, əzizim, mənim mehribanım, mən ona qarşı münasibətimi tamam dəyişmək istəyirəm, mən onun ürəyini almaq istəyirəm. Bu, hətta mənim tərəfimdən «xeyirxah bir iş» olar. Çünki mən, hər halda, onun qarşısında günahkaram! Mən sizə bir şeyi də deyim: bir dəfə T.-də mənə birdən dörd min manat pul lazım oldu, o, bir dəqiqənin içərisində bu pulu mənə verdi, sənədsiz-zadsız, karıma gəldiyinə görə yaman sevinirdi, axı, bu pulu o vaxt mən almışdım, onun əlindən almışdım, bir dost kimi.

Bu sözlərdən sonra Klavdiya Petrovna narahatlıqla dedi:

– Ancaq ehtiyatlı olun, siz çox sevinirsiniz, doğrusu, mən sizin üçün qorxuram! Əlbəttə, Liza indi mənim də qızımdır, ancaq burada hələ çox düyünlü məsələlər var! Başlıcası isə indi gərək ehtiyatlı olasınız; siz mütləq ehtiyatlı olmalısınız, madam ki, siz belə səadət və sevinc içərisindəsiniz; siz səadət içərisində olduğunuz zaman həddindən artıq alicənabsınız, – deyə qadın təbəssümlə əlavə etdi.

Hamı Velçaninovu ötürməyə çıxdı; uşaqlar bağçada birgə oynadıqları Lizanı da gətirdilər. Onlar elə bil qıza bayaqkından daha böyük təəccüblə baxırdılar. Velçaninov hamının yanında onu öpərək xudahafizləşdi, sabah atası ilə gələcəyini təkrar edərkən Liza lap sıxıldı. Axırıncı dəqiqə-yədək o susur və ona baxmırdı, lakin birdən Velçaninovun qolundan yapışıb, kənara çəkdi, yalvarıcı nəzərlərini üzünə zillədi, o, Velçaninova nə isə demək istəyirdi. Velçaninov tez qızı o biri otağa apardı.

– Nə olub, Liza? – deyə mehriban-mehriban və ruhlandırıcı bir tərzdə soruşdu, lakin qız ürkək nəzərlərlə ətrafına baxınaraq, onu bir az da uzağa, küncə apardı; o hamıdan gizlənmək istəyirdi.

– Nə olub, Liza, nə olub?

O susurdu. Ürək eləmirdi, göy gözləri onun gözlərinə zillənmişdi, sifətinin bütün cizgilərində yalnız dəhşətli bir qorxu ifadə olunurdu.

– O… ozünü asacaq! – deyə qız sayıqlayırmış kimi pıçıldadı. Velçaninov qorxu içərisində soruşdu:

– Kim özünü asacaq?

– O, o! Gecə özünü asmaq istəyirdi! – deyə qız tələsik və boğula-boğula dilləndi. – Mən özüm gördüm! O bayaq da özünü asmaq istəyirdi, bunu mənə o özü deyirdi! O qabaqlar da özünü asmaq istəyirdi, həmişə istəyir özünü assın… Mən gecə gördüm…

Velçaninov heyrət içərisində pıçıldadı:

– Ola bilməz!

Qız birdən onun əllərini öpməyə başladı; o ağlayırdı, hıçqırırdı, az qala boğulurdu, xahiş edir, yalvarırdı, Velçaninov isə onun dili dolaşa-dolaşa dediyi sözlərdən heç bir şey başa düşə bilmirdi. Dəhşətli bir qorxu içərisində və son ümidlə ona baxan bu əzabkeş uşağın üzgün baxışı sonralar həmişəlik onun xatirəsində həkk olub qalmışdı, onun gözünün qabağına gəlir, yuxusuna girirdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации