Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 22

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 22 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +
IX
QARABASMA

Pavel Pavloviç çox rahat əyləşmişdi. O dünən oturduğu stulda oturub, papiros çəkirdi, butulkadan dördüncü, axırıncı stəkan çaxırı yenicə tökmüşdü. Çaydan və yarımçıq çay stəkanı da yanındaca, stolun üstündə idi. Qızarmış sifətindən qayğısızlıq saçılırdı. O hətta yaysayağı, frakını da çıxarmışdı, təkcə jiletdə oturmuşdu.

– Bağışlayın, sadiq dostum! – Velçaninovu görən kimi o frakını geymək üçün yerindən sıçradı, – bir dəqiqə rahatlanmaq üçün çıxartmışdım. Velçaninov zəhmlə ona yaxınlaşdı:

– Siz hələ tamam sərxoş deyilsiniz ki? Sizinlə hələ danışmaq olarmı?

Pavel Pavloviç azca karıxdı:

– Yox, əməlli-başlı yox… Mərhumu yad elədim, ancaq əməlli-başlı yox…

– Məni başa düşürsünüzmü?

Elə ona görə gəlmişəm ki, sizi başa düşüm.

– Elə isə mən birbaşa ondan başlayıram ki, siz yaramazsınız. – Velçaninov qışqırdı, onun səsi titrəyirdi.

– Əgər bununla başlayırsınızsa, bəs nə ilə qurtaracaqsınız? -Pavel Pavloviç, görünür, bərk qorxuya düşdüyü üçün, çəkinə-çəkinə etiraz etmək istədi, ancaq Velçaninov ona qulaq asmadan çığırırdı:

– Sizin qızınız ölür, o xəstədir; siz onu atmısınız nədir?

– Doğrudan ölür?

– O xəstədir, xəstədir, ağır xəstədir!

– Bəlkə ürəkkeçmədir?..

– Cəfəngiyat danışmayın! O, ağır xəstədir! Siz elə ona görə getməli idiniz ki…

– Minnətdarlıq etmək, qonaqpərvərlik üçün minnətdarlıq etmək üçün! Yaxşı başa düşürəm! Aleksey İvanoviç, əzizim, – o birdən hər iki əli ilə Velçaninovun qolundan yapışdı, sərxoş bir hisslə, üzr istəyirmiş kimi, az qala ağlaya-ağlaya çığırdı, – Aleksey İvanoviç, çığırmayın, çığırmayın! Mən ölsəm, indi sərxoş halda Nevaya düşsəm, bunun işə bir xeyri varmı? Cənab Poqoreltsevin yanına isə həmişə gedə bilərik…

Velçaninov birdən ayıldı və özünü bir az yığışdırdı.

– Siz sərxoşsunuz, buna görə də başa düşmürəm ki, nə mənada deyirsiniz, – o ciddi danışırdı. – Mən sizinlə danışmağa həmişə hazıram; hətta sevinərdim ki, tez olsun… Mən gedirdim ki… Ancaq hər şeydən qabaq bilin ki, mən tədbir görürəm; siz bu gecə mənim yanımda yatmalısınız! Sabah səhər sizi ora aparacağam. Mən sizi buraxmayacağam! – O yenə çığırdı. Mən sizi, əl-ayağınızı bağlayıb, qucağımda aparacağam!.. Bu divanda sizin üçün rahat olarmı? – Təngnəfəs halda, o biri divarın yanında, özünün yatdığı divanla üzbəüz qoyulmuş geniş, yumşaq divanı göstərdi.

– Siz nə danışırsınız, mən harda olsa…

– Harda olsa yox, bu divanın üstündə! Alın, bu da mələfə, adyal, balış, – bütün bunları Velçaninov şkafdan çıxarır və tələsik, qollarını açıb müticəsinə durmuş Pavel Pavloviçə atırdı, – bu saatca açın, açın!

Yüklənmiş Pavel Pavloviç otağın ortasında mütərəddid halda durmuşdu; uzun sifəti sərxoş-sərxoş gülümsəyirdi; lakin Velçaninov ikinci dəfə qəzəbli-qəzəbli çığıranda o birdən əl-ayağa düşdü, stolu kənara çəkərək, fısıldaya-fısıldaya mələfəni açıb, döşəməyə başladı. Velçaninov ona kömək etməyə gəldi; o, qonağının mütiliyindən və qorxuya düşməsindən qismən razı qaldı.

– Çaxırınızı için və uzanın – deyə o yenə əmr elədi; o hiss edirdi ki, əmr etməyə bilməz. Çaxırı siz aldırmısınız?

– Özüm, çaxır üçün… Aleksey İvanoviç, bilirdim ki, siz daha gətirməyəcəksiniz.

– Yaxşı ki, bilirsiniz, ancaq daha çox şey bilməyiniz lazım idi. Sizə yenə də deyirəm ki, indi mən tədbir görmüşəm; sizin əzilib-büzülmənizə daha dözməyəcəyəm, dünənki sərxoş öpüşlərinizə dözə bilməyəcəyəm!

Pavel Pavloviç gülümsədi;

– Axı, Aleksey İvanoviç, mən özüm də bilirəm ki, bu ancaq bir dəfə mümkün olan işdir.

Otaqda gəzişən Velçaninov bu cavabı eşidən kim təntənəli surətdə Pavel Pavloviçin qarşısında durdu:

– Pavel Pavloviç, düzünü deyin! Siz ağıllı adamsınız, mən bunu yenə də etiraf edirəm, ancaq inandırıram ki, siz yanlış yoldasınız! Açıq deyin, açıq hərəkət eləyin, namusuma and içirəm, nə desəniz eləyəcəyəm.

Pavel Pavloviç yenə gülümsədi, yekə sifəti uzandı, onu belə görəndə Velçaninov haldan çıxırdı.

– Dayanın, – o yenə çığırdı, – heç özünüzü bicliyə qoymayın, mən sizi beş barmağım kimi tanıyıram! Təkrar edirəm: sizə söz verirəm ki, nə desəniz eləməyə hazıram, sizi razı salacağam, hətta mümkün olmayan şey də desəniz! Kaş siz məni başa düşəsiniz!..

– Əgər siz belə mərhəmətlisinizsə, – Pavel Pavloviç ehtiyatla ona yaxınlaşdı, – deyin, dünən vəhşi tip barədə dediyiniz söz məni çox maraqlandırır!..

Velçaninov tüpürdü və daha iti addımlarla gəzişdi.

– Yox, Aleksey İvanoviç, siz tüpürməyin, çünki mən çox maraqlanıram və məhz bunu aydınlaşdırmağa gəlmişəm… Dilim yaxşı söz tutmur, gərək məni bağışlayasınız. Mən bu «vəhşi» tip barədə və «sakit» barədə də özüm jurnalın tənqid şöbəsində oxumuşam, bu gün səhər yadıma düşüb… ancaq yadımdan çıxıb, düzünü deyim ki, o zaman da bunu başa düşməmişdim. Buna görə məhz istəyirəm başa salasınız; Stepan Mixayloviç Baqautov, rəhmətlik, hansından idi: «vəhşi», ya «sakit?» Onu hansından hesab eləyək?

Velçaninov gəzişməsində davam edərək, hələ də susurdu.

– Vəhşi tip odur ki, – birdən o, qəzəb içərisində durdu, – bu o adamdır ki, dünən mənimlə içdiyi kimi, xoş görüş şərəfinə Baqautovla oturub, «şampanski içəndə» onun stəkanına zəhər töksün, bayaq sizin elədiyiniz kimi daha onun cənazəsini qəbiristanlığa ötürməsin, allah bilir, sizin özünüzü də ləkələyən məxfi, gizli, rəzil arzularınız üzündən. Sizin özünüzü rüsvay edən!…

Pavel Pavloviç onun sözünü təsdiq etdi:

– Düz deyirsiniz, getməzdim, lakin mənə…

Velçaninov özündən çıxmışdı, ona qulaq asmadan çığırdı:

– Vəhşi tip elə adam deyil, o, allah bilir, özünü kiməsə oxşadan, ədaləti də, məhkəməni də aldadan, öz incikliyini dönə-dönə gözə soxan, inildəyən, özünü əzib-büzən, adamların boynuna sarılan, bütün vaxtını belə işlərə sərf edən adam deyil! Doğrudanmı, siz özünüzü asmaq istəyirdiniz? Doğrudanmı?

– Bəlkə dəm olanda sayıqlamışam, yadımda deyil! Aleksey İvanoviç, axı bizə stəkana zəhər tökmək yaraşmaz. Bundan başqa, hörmətli bir məmuram. Pulum da var, bəlkə təzədən evlənmək də istədim.

– Hələ sürgünə də göndərərlər.

– Əlbəttə, indi məhkəmələrdə cəzanı yüngülləşdirən çox şərtlər tapsalar da, bu da xoşa gələn şey deyil. Aleksey İvanoviç, mən sizə məzəli bir lətifə danışacağam, bayaq karetdə yadıma düşüb. İstəyirəm onu danışım. Siz indicə dediniz ki, «Adamların boynundan asılan». Semyon Petroviç Livtsov, bəlkə də yadınıza düşər, siz T.-də olduğunuz zaman bizə gələrdi, hə, onun kiçik qardaşı da Peterburq gənclərindən hesab olunur. Quberniyalardan birində qubernatorun yanında xidmət edirmiş, müxtəlif keyfiyyətlərinə görə ad çıxarıbmış. Bir dəfə o polkovnik Qolubenko ilə mübahisəyə girişir, xanımların və sevdiyi xanımın yanında. O özünü təhqir edilmiş hesab edir, lakin incikliyini udur, gizlədir; Qolubenko isə bu müddətdə onun sevdiyi xanımı əlindən alır və hətta ona evlənməyi təklif edir. Nə olsa yaxşıdır? Həmin bu Livtsov Qolubenko ilə səmimi dostluğa girişir, tamam onunla barışır, bundan başqa, özü xahiş edir ki, onun sağdışı olsun. Çələng tutur, evlənənlər çələngin altından keçəndən sonra təbrik etmək və öpmək üçün Qolubenkoya yaxınlaşır. Bütün nəcib adamların və qubernatorun yanında, özü də frakda, bıçağı onun qarnına elə yortur ki, Qolubenko yerə sərilir! Öz sağdışı, biabırçılıq! Bu hələ harasıdır! Bıçağı yortandan sonra ətrafındakılara deyir: «Ah, mən nə etdim! Ah, mən nə elədim!» Göz yaşı tökür, bədəni əsir, hamının, hətta xanımların da boynuna sarılır: «Ah, mən nə elədim? Ah, mən indi nə elədim!» Xe-xe-xe! Qolubenko yazıq oldu, ancaq o da sağaldı.

Velçaninov qaşlarını ciddi tərzdə çatdı:

– Mən başa düşmürəm, – bunu mənə niyə danışırsınız? Pavel Pavloviç hırıldadı:

– Ona görə ki, axı bıçaqla vurub, axı görünur tip deyil, burnu zılıqlı uşaqdır, qubernatorun yanındaca qorxusundan ləyaqətini unudub, hətta xanımların boynuna sarılır, halbuki, bıçağı vurmuşdu, öz məqsədinə çatmışdı. Ancaq bu barədə deyirəm.

– Rədd olun cəhənnəmə! – deyə Velçaninov birdən dəhşətli bir səslə çığırdı; sanki içərisində nə isə qırılmışdı. – Rədd olun, öz gizli zibilinizlə birlikdə, özünüz də gizli zibilsiniz… Məni qorxutmaq istəyir. Uşağı incidən, alçaq adam əclaf, əclaf, – deyə o özünü bilmədən hər bir sözlə töyşüyərək çığırırdı.

Pavel Pavloviçin bütün bədəni ürpəşdi, dəmliyi də keçdi. Dodaqları əsirdi:

– Aleksey İvanoviç, siz məni əclaf adlandırırsınız, siz məni?

Lakin Velçaninov artıq özünə gəlmişdi.

– Mən üzr istəməyə hazıram, – deyə qəmgin bir dalğınlıq içində cavab verdi, – ancaq bir şərtlə: əgər siz özünüz, həm də elə bu dəqiqə açıq danışsanız.

– Mən, Aleksey İvanoviç, sizin yerinizə olsaydım, hər halda üzr istərdim.

– Yaxşı, qoy belə olsun, – Velçaninov bir qədər də susdu. – Sizdən üzr istəyirəm, ancaq Pavel Pavloviç, razılaşın ki, bütün bunlardan sonra mən sizin qarşınızda özümü heç nədə borclu hesab etmirəm, daha doğrusu, mən bütün olub-keçənləri deyirəm, təkcə bu hadisə barədə yox.

– Demək… Mənimlə haqq-hesab çəkmək istəmirsən? Nə eybi var… – deyə Pavel Pavloviç yerə baxaraq gülümsədi.

– Əgər elədirsə, onda lap yaxşı, lap yaxşı! Çaxırınızı içib uzanın, çünki mən onsuz da sizi buraxmayacağam…

– Çaxır nədir… – Pavel Pavloviç elə bil sıxılan kimi oldu, lakin stola yaxınlaşdı və çoxdan tökdüyü axırıncı stəkanı içməyə başladı. Bəlkə də bundan qabaq o çox içmişdi,

çünki əli əsirdi, çaxırın bir hissəsini döşəməyə, jiletin üstünə tökdü, ancaq hər halda dibinədək içdi, sanki içməyə bilməzdi. Boşalmış stəkanı stolun üstünə qoydu və dinməzcə yatağına tərəf gedib soyundu.

O, çəkməsinin bir tayını çıxarandan sonra birdən nədənsə dedi:

– Olmaz ki… gecələməyim?

– Yox, olmaz! – deyə ona baxmadan otaqda hey var-gəl edən Velçaninov cavab verdi.

O soyunub uzandı. On beş dəqiqədən sonra Velçaninov da uzandı və işığı söndürdü.

O, narahat yatdı. Haradansa yenə və daha qarışıq bir iş meydana çıxıb, onu indi təşvişə salmışdı, o eyni zamanda edirdi ki, nədənsə bu təşvişdən xəcalət çəkir. O bunları unutmağa başlamışdı ki, bir xışıltı onu yuxudan oyatdı.

Dərhal Pavel Pavloviçin yatağına baxdı. Otaq qaranlıq idi. Qalın pərdələr salınmışdı, lakin ona elə gəldi ki, Pavel Pavloviç uzanmamışdır, qalxıb yatağında oturmuşdur.

Velçaninov onu səslədi:

– Nə olub?

– Kölgə var, – Pavel Pavloviç bir az gözləyib, güclə eşidilən bir səslə dedi.

– Nə dediniz, nə kölgə?

– Orada, o biri otaqda, qapıda elə bil kölgə gördüm. Velçaninov bir qədər ara verib soruşdu:

– Kimin kölgəsi?

– Natalya Vasilyevnanın.

Velçaninov xalçanın üstünə düşdü, dəhlizdən, qapısı həmişə açıq qalan o biri otağa baxdı. Orada pəncərələrdə qalın pərdə yox idi, ancaq nazik pərdə vardı, buna görə də ora daha işıqlı idi.

– O, otaqda heç bir şey yoxdur, siz sərxoşsunuz, uzanın! – Velçaninov bunu deyib uzandı və adyalına bürundü. Pavel Pavloviç də bir söz deməyib uzandı.

On dəqiqədən sonra Velçaninov birdən soruşdu:

– Qabaqlar da siz kölgə görürdünüz?

Pavel Pavloviç də azca ləngiyib, yavaşca səsləndi:

– Bir dəfə, deyəsən, görmüşəm. Sonra yenə araya sükut çökdü.

Velçaninov yatıb-yatmadığını yəqin deyə bilməzdi, ancaq bir saat keçmişdi ki, birdən o çöndü, xışıltımı onu oyatdı, bilmirdi; lakin ona elə gəldi ki, göz-gözü görməyən qaranlıqda nə isə ağ bir şey durub; bu ağ şey ona hələ çatmamışdı, otağın ortasında durmuşdu. O qalxıb yatağında oturdu, bir dəqiqəyədək baxdı.

– Sizsiniz, Pavel Pavloviç? – deyə o zərif bir səslə soruşdu. Birdən sakitlik və qaranlıqda öz səsi ona çox qəribə gəldi. Cavab çıxmadı. Lakin kiminsə, ortada dayandığına heç bir şübhəsi qalmamışdı.

– Sizsiniz… Pavel Pavloviç? – deyə o bərkdən təkrar etdi, hətta elə bərkdən ki, əgər Pavel Pavloviç yatağında sakitcə yatmış olsaydı da, mütləq oyanıb, cavab verərdi.

Lakin yenə cavab çıxmadı, amma ona elə gəldi ki, güclə seçilən ağ kölgə ona daha da yaxınlaşdı. Sonra isə qəribə bir şey oldu: onun içərisində bayaqkı kimi nə isə elə bil qırıldı və o gücü çatdıqca hər bir sözü təngnəfəs deyə-deyə bağırdı:

– Sərxoş təlxək, əgər siz məni qorxuda biləcəyinizi düşünürsünüzsə, mən üzümü divara çevirər, başımı bürüyərəm, bütün gecəni bir dəfə də olsun üzümü sizə çevirmərəm, bununla isbat elərəm ki, lap sübhətək təlxək kimi dursanız da, mən sizi heç bir şey hesab eləmirəm və sizə tüpürürəm!

Sonra o, Pavel Pavloviçin durduğunu güman etdiyi yerə tərəf qəzəblə tüpürdü və divara tərəf çevrildi, özünün dediyi kimi, adyala bürünüb, tərpənmədən yerindəcə donub qaldı. Otağa dilsiz bir sükut çökdü. Kölgə hərəkət edirdimi, ya yerindəmi durmuşdu – xəbəri yoxdu. Lakin ürəyi çırpınır, çırpınır, çırpınırdı… Aradan düz beş dəqiqə keçdi; birdən onun iki addımlığında Pavel Pavloviçin zəif, iniltili səsi eşidildi:

– Aleksey İvanoviç, mən durmuşam ki… axtarım, (o lazımlı ev şeylərindən birinin adını çəkdi) orada öz yanımda tapmadım… istədim yavaşca gəlib sizin yatağınızın yanına baxım…

– Bəs mən çığıranda niyə susurdunuz? – deyə Velçaninov yarım dəqiqə qədər gözləyib, qırıq-qırıq soruşdu.

– Qorxdum, siz elə çağırdınız ki, qorxdum.

– Orada küncdə, qapıdan solda şkafdadır, şamı yandırın…

– Şamsız da taparam… – Pavel Pavloviç sakitcə cavab verib küncə tərəf yönəldi. – Ancaq Aleksey İvanoviç, gərək bağışlayasınız, sizi narahat etdim… birdən lap keflənmişəm…

Lakin Velçaninov heç bir cavab vermədi. O hələ də üzü divara uzanmışdı və bütün gecəni beləcə qaldı, üzünü bir dəfə də çevirmədi. O, sözünün üstündə durmaq və nifrətini bildirmək istəyirdimi? Özü də bilmirdi ki, ona nə olub: onun əsəb pozğunluğu, nəhayət, sayıqlamaya keçmişdi, uzun müddət yuxuya gedə bilmədi. Səhər saat onda elə bil onu dümsüklədilər, qalxıb yatağında oturdu, lakin Pavel Pavloviç artıq otaqda yox idi! Təkcə yığılmamış boş yatağı qalmışdı, özü isə sübh tezdən sürüşüb getmişdi.

– Mən bunu bilirdim! – deyə– Velçaninov əlini alnına vurdu.

X
QƏBİRİSTANLIQDA

Həkimin nigarançılığı nahaq deyilmiş, Lizanın halı birdən xarablaşdı, elə xarablaşdı ki, bu, bir gün qabaq nə Velçaninovun, nə də Klavdiya Petrovnanın heç ağlına gəlməzdi. Velçaninov səhər xəstənin yanına gələndə, onun huşu hələ özündə idi, ancaq bədəni istidən yanırdı; sonralar o danışırdı ki, Liza ona gülümsəmiş və hətta isti əlini ona uzatmışdı. Bu doğrudanmı belə idi, ya da təsəlli üçün uydurmuşdu? – Bunu yoxlamağa vaxtı yoxdu; gecəyarısı xəstə huşunu itirdi və bu, bütün xəstəlik müddəti davam etdi. Bağa gəlməsinin onuncu günü qız öldü.

Bu, Velçaninov üçün ələmli günlər idi. Poqoreltsevlər hətta ondan nigaran idilər. Bu ağır günlərin çox hissəsini Velçaninov onlarda keçirdi. Lizanın xəstəliyinin axırıncı günlərində o saatlarla bir küncə çəkilib oturur və yəqin ki, heç bir şey barəsində düşünmürdü. Klavdiya Petrovna fikrini dağıtmaq üçün ona yaxınlaşırdı, lakin o az-az cavab verirdi, bəzən də görünür, onunla danışmağa çətinlik çəkirdi. Klavdiya Petrovna «bütün bunların ona belə təsir bağışlaya biləcəyini» heç gözləmirdi. Onu uşaqlar hər şeydən çox əyləndirirdi: onlarla olanda hətta bəzən gülürdü də; ancaq demək olar ki, hər saat stulundan qalxır və barmaqları üstündə xəstəyə baxmağa gedirdi. Bəzən ona elə gəlirdi ki, qız onu tanıyır. Başqaları kimi, onun da qızın sağalmasına heç bir ümidi yox idi, lakin Lizanın can verdiyi otaqdan ayağını çəkmir, qonşu otaqda otururdu.

Bu günlərdə də o, bir neçə dəfə yaman fəaliyyət göstərmişdi: birdən qalxıb, Peterburqa, həkim axtarmağa gedir, ən məşhur həkimləri çağırır və konsilium təşkil edirdi. İkinci, axırıncı konsilium Lizanın ölümündən bir gün qabaq olmuşdu. Bundan üç gün qabaq Klavdiya Petrovna təkidlə Velçaninova demişdi ki, cənab Trusotskini harada olursa-olsun tapıb gətirsin: «Bədbəxtlik üz versə, Lizanı onsuz dəfn etmək mümkün olmayacaq». Velçaninov mızıldandı ki, ona məktub yazar. Belə olduqda qoca Poqoreltsev bildirdi ki, o özü polis vasitəsilə onu axtarıb tapar. Nəhayət, Velçaninov iki sətirdən ibarət bir xəbərdarlıq yazıb, Pokrov mehmanxanasına apardı, Pavel Pavloviç adəti üzrə evdə deyildi və o, məktubu çatdırmaq üçün Mariya Sısoyevnaya verdi.

Nəhayət, Liza gözəl yay axşamlarından birində günəşlə birlikdə batdı. Velçaninov sanki indi ayıldı. Ölünü yuyub ona Klavdiya Petrovnanın qızlarından birinin ağ paltarını geyindirdilər, əlləri sinəsinin üstündə, salonda stolun üstünə qoydular, çiçəklə bəzədilər; sonra Velçaninov Klavdiya Petrovnaya yaxınlaşdı və gözləri işıldaya-işıldaya bildirdi ki, bu saat «qatili» tapıb gətirəcəkdir. Ona sabaha qədər gözləməyi məsləhət gördülər, ancaq o, qulaq asmayıb, dərhal şəhərə yola düşdü.

O Pavel Pavloviçin yerini bilirdi; Velçaninov Peterburqa təkcə həkim dalınca getmirdi. Bu günlərdə bəzən ona elə gəlirdi ki, əgər atasını Lizanın yanına gətirsə, qız onun səsini eşidib gözlərini açacaqdır, ona görə başılovlu onu axtarırdı. Pavel Pavloviç əvvəlki kimi, mehmanxanada yaşayırdı, lakin burada onu axtarmaq nahaq işdi. Mariya Sısoyevna dedi ki: «Üç günlərlə nə burada gecələyir, nə də gəlir, gələndə də sərxoş gəlir, heç bir saat qalmır, yenə çıxıb gedir; üst-başdan tamam düşüb». Pokrov mehmanxanasının süpürgəçisi Velçaninova xəbər verdi ki, Pavel Pavloviç hələ qabaqlar, Voznesenski prospektində bəzi qızların yanına gedib-gələrdi. Velçaninov dərhal axtarıb qızları tapdı. Çoxlu hədiyyə almış və qonaq edilmiş xanımlar qonağı xüsusilə krepli şlyapasından tanıdılar və dərhal onun dalınca söyməyə başladılar, əlbəttə, çoxdan onların yanına gəlmədiyinə görə: qızlardan biri, Katya boynuna çəkdi ki, «Pavel Pavloviçi nə vaxt istəsə axtarıb tapa bilər, çünki Pavel Pavloviç indi Maşka Prostakovanın yanından çıxmır, pulu da qurtarmaq bilmir; bu Maşka isə Prostakova deyil, Proxvostovadır, xəstəxanada da yatıb, əgər Katya istəsə, lap elə bu dəqiqə onu Sibirə göndərtdirər, bircə kəlməsi kifayətdir». Lakin Katya bu dəfə onu axtarıb tapmadı, söz verdi ki, gələn dəfə axtarıb tapacaq. Velçaninov indi onun köməyinə arxayın idi.

Saat onda Velçaninov şəhərə gəldi, təcili Katyanı tələb etdi, gecənin xərcini kimə lazımdırsa verib, onunla birlikdə Pavel Pavloviçi axtarmağa getdi. O hələ özü də bilmirdi ki, Pavel Pavloviçi niyə axtarır, onu öldürəcəkdimi ya elə-belə axtarırdı ki, qızının öldüyünü və dəfn üçün onun köməyinə ehtiyac olduğunu xəbər versin. Birinci dəfə işləri düz gətirmədi, məlum oldu ki, hələ üç gün qabaq Maşka Proxvostova Pavel Pavloviçlə savaşıb və hansı xəzinədarsa, «Pavel Pavloviçin başını skamya ilə əzib». Bir sözlə, uzun müddət bilmədilər, nəhayət, gecə saat ikidə, Velçaninov nişan verilmiş bir evdən çıxanda, qəflətən ona rast gəldi.

Tamam sərxoş olan Pavel Pavloviçi bu evə iki qadın gətirirdi. Onların biri Pavel Pavloviçin qoluna girmişdi, arxasınca gələn hündürboylu, həyasız, dotələb bir adam isə səsi çatdıqca çığıra-çığıra Pavel Pavloviç dəhşətli şeylərlə hədələyirdi. O deyirdi ki, Pavel Pavloviç onu «istismar etmiş və həyatını zəhərləmişdir». Söhbət, deyəsən, puldan gedirdi; qadınlar çox qorxuya düşmüşdülər, tələsirdilər. Pavel Pavloviç Velçaninovu görən kimi qollarını açaraq, ona tərəf cumdu və elə çığırdı ki, sanki ətini kəsirdilər.

– Qardaşım, qurtar məni!

Dotələb adam cüssəli Velçaninovu görən kimi əkildi; bundan sevinən Pavel Pavloviç yumruğunu onun arxasınca silkələyib, qələbə əlaməti olaraq çığırdı. Bu zaman Velçaninov qəzəblə onun çiyinlərindən yapışdı və özü də səbəbini bilmədən elə silkələdi ki, Pavel Pavloviçin dişləri bir-birinə dəydi. Pavel Pavloviç dərhal susdu və küt, sərxoş bir qorxu ilə öz cəlladına baxdı. Velçaninov, görünür, sonra nə edəcəyini bilmədiyi üçün onun çiyinlərindən möhkəm basıb, səki daşının üstündə oturtdu.

– Liza öldü!

Pavel Pavloviç gözlərini hələ də ondan çəkmədən oturmuşdu, qadınların biri onu tutmuşdu. O, nəhayət, başa düşdü və sifəti birdən-birə uzandı.

– Öldü… – deyə qəribə bir tərzdə pıçıldadı; o sərxoş-sərxoş iyrənc tərzdə gülümsədimi, ya sifəti əyildimi, Velçaninov bunu başa düşmədi; bir an keçəndən sonra Pavel Pavloviç xaç vurmaq üçün titrəyən sağ əlini güclə qaldırdı; lakin xaç vura bilmədi və titrəyən əli yanına düşdü. Bir az keçəndən sonra o, ağır-ağır qalxdı, qadından yapışdı və ona söykənərək, unutqanlıq içində yoluna davam etdi, sanki Velçaninov heç burada yox idi. Velçaninov yenə onun çiynindən yapışdı.

– Sərxoş vəhşi, başa düşürsənmi, sənsiz onu dəfn etmək də mümkün olmayacaq! – deyə təngnəfəs halda çığırdı.

Pavel Pavloviç başını ona tərəf çevirdi:

– Topçu… praporşik… yadınızdadırmı? – Dili dolaşa-dolaşa mızıldadı.

– Hə-ə? – Velçaninovun tükləri biz-biz oldu.

– Atası odur! Onu axtar.. dəfn etmək üçün… Velçaninov özünü itirmiş halda çığırdı:

– Yalan deyirsən! Sən bunu acığından deyirsən… Başıma belə bir iş açacağını bilirdim!

O daha özünü bilmədi, ağır yumruğunu Pavel Pavloviçin başının üstünə qaldırdı. Bir an da keçsəydi, onu bəlkə bir zərbə ilə öldürəcəkdi; qadınlar çığırışaraq hərəsi bir tərəfə qaçdı, ancaq Pavel Pavloviç heç gözünü də qırpmadı, hədsiz qəzəbdən, hiddətindən onun sifəti eybəcər bir şəkil aldı.

– Sən bizim… – o demək olar ki, ayıq adam kimi sərrast danışırdı, – rus məsəlini… bilirsən?.. (O, yazılası heç cür mümkün olmayan bir söyüş söydü.) Hə, indi get qızın yanına! – Sonra güclə Velçaninovun əlindən dartınıb çıxdı, büdrədi, az qaldı ki, yıxılsın. Qadınlar onu tutdular, bu dəfə onlar qışqıra-qışqıra, demək olar ki, onu dallarınca sürüyə-sürüyə qaçdılar. Velçaninov onları təqib eləmədi.

Ertəsi gün günorta Poqoreltsevlərin bağına ortayaşlı, vitsmundir geymiş, olduqca nəzakətli bir məmur gəldi, o Pavel Pavloviç Trusotskinin Klavdiya Petrovnanın adına yazdığı məktubu nəzakətlə təqdim etdi. Zərfdə bir məktub, üstündə üç yüz manat pul və Liza barəsində lazım olan arayışlar vardı. Pavel Pavloviç məktubu qısa, çox hörmətlə və olduqca nəzakətli yazmışdı. O, Klavdiya Petrovna həzrətlərinə yetimə xeyirxahlıq göstərdiyinə görə, təşəkkür eləyir və yazırdı ki, bu yaxşılığın əvəzini yalnız allah verə bilər. Dumanlı şəkildə bildirirdi ki, səhhəti olduqca pozulduğundan ürəkdən sevdiyi bədbəxt qızının dəfninə gələ bilməyəcəkdir və bütün ümidini mələk qəlbli xanım həzrətlərinə bağlayır. Üç yüz manat pulu isə məktubda izah etdiyi kimi, dəfn və xəstəliklə əlaqədar xərclər üçün göndərmişdi. Əgər bu məbləğdən artıq qalsa, çox acizanə və ehtiramla xahiş edir ki, mərhum Lizanın ruhunun daimi rahatlığı üçün dua oxutdursun. Məktubu gətirən məmur bundan artıq heç bir şey deyə bilmədi. Hətta onun bəzi sözlərindən məlum oldu ki, o yalnız Pavel Pavloviç çox təkid etdiyinə görə məktubu xanım həzrətlərinə çatdırmağı boynuna çəkmişdir. Poqoreltsev «xəstəliklə əlaqədar xərclər» ifadəsindən inciyən kimi oldu və sərəncam verdi ki, dəfn üçün əlli manat ayrılsın, çünki ataya öz balasını dəfn etməyi qadağan etmək olmazdı, qalan iki yüz əlli manat isə dərhal cənab Trusotskiyə qaytarılsın. Klavdiya Petrovna isə qəti qərara gəldi ki, iki yüz əlli manat pulu yox, bu pula mərhum yeniyetmə qız Yelizavetanın ruhunun rahatlığı üçün oxunmuş dua barəsində qəbiristanlıq kilsəsindən alınmış qəbz göndərilsin. Qəbz sonra Velçaninova verildi ki, təcili Pavel Pavloviçə çatdırsın; Velçaninov isə onu poçtla mehmanxanaya göndərdi.

Dəfndən sonra Velçaninov ayağını bağdan üzdü. Düz iki həftə təkbaşına avara-avara şəhərdə dolaşdı, o, fikirli halda adamların üstünə çıxırdı. Bəzən isə, ən adi şeyləri belə unudaraq, günlərlə divanda uzanıb qalırdı. Poqoreltsevlər bir neçə dəfə adam göndərib, onu çağırtdırmışdılar, ançaq o, söz verir və dərhal da unudurdu. Hətta Klavdiya Petrovna özü onun dalınca gəlmişdi, lakin evdə tapmamışdı. Vəkili ilə də belə olmuşdu. Vəkilin ona deyəsi sözü də vardı; mübahisəli işi çox məharətlə yoluna qoymuşdu və rəqib tərəf mübahisəli işin olduqca kiçik bir hissəsini almaqla barışmağa razılaşmışdı. Təkcə Velçaninovun özünün razılığını almaq lazım idi. Nəhayət, vəkil onu evdə tapdı, ancaq hələ bu yaxınlarda çox narahat olan müştərisinin onu həddindən artıq süst və laqeyd dinləməsinə təəccüb qaldı.

İyulun ən isti günləri başlamışdı, lakin Velçaninov vaxtın özünü də unutmuşdu. Onun dərdi qəlbini irinli yara kimi ağrıdırdı, əzablı-ağrılı fikirlər yaxasından əl çəkmirdi. Onun başlıca iztirabı ondan ibarət idi ki, Liza onu tanımadan ölmüşdü, onu necə sevdiyini bilmədən ölmüşdü! Ona bu cür fərəhli, xoş görünən həyat məqsədi birdən daimi zülmət içərisində sönmüşdü. Bu məqsəd ondan ibarətdi ki, – indi o hər dəqiqə bu haqda fikirləşirdi – Liza hər gün, hər saat və bütün həyatı boyu, daim onun məhəbbətini hiss edəcəkdi. «Adamların heç birinin bundan yüksək məqsədi yoxdur və ola bilməz! – deyə o hərdən tutqun bir vəcdlə fikirləşirdi, – başqa məqsədlər varsa da, onlardan heç biri bundan müqəddəs ola bilməz!» «Lizanın məhəbbəti mənim əvvəlki mənfur və xeyirsiz həyatımı təmizlərdi; mən avara, qüsurlu və köhnəlmiş bir adamın əvəzinə həyat üçün təmiz və gözəl bir məxluqa çevrilirdim və bu məxluqdan ötrü mənim bütün günahlarımdan keçərdilər, özüm də bütün günahlarımı bağışlayırdım».

Bütün bu şüurlu fikirlər, ölmüş uşaq barəsindəki parlaq, həmişə yaxın, həmişə onun qəlbini üzən xatirələrlə ayrılmaz surətdə bağlı idi. O, qızın solğun çöhrəsini nəzərinə gətirir, onun hər bir ifadəsini xatırlayırdı; o, qızın həm tabutda, çiçəklər arasında, həm də əvvəllər gözləri açıq, hərəkətsiz, hərarət içərisində huşsuz uzandığı vaxtı xatırlayırdı. O birdən xatırladı ki, qız stolun üstündə uzandığı zaman təkcə allah bilir ki, nədənsə qaralmış barmağını görmüşdü, bu, onu elə sarsıtdı ki, bu zavallı barmağa onun elə yazığı gəldi ki, elə orada başına ilk dəfə olaraq belə bir fikir gəldi; bu saatca Pavel Pavloviçi tapıb öldürsün. Bu vaxtadək isə o «elə bil keyləşmişdi». Təhqir edilmiş qürurumu, məhəbbətini birdən-birə nifrətə çevirən, onu abırsız sözlə təhqir edən, qorxusuna gülən və nəhayət, yad adamların üstünə atan atanın üç ay verdiyi işgəncəmi ona əzab vermişdi? Bütün bunları o, fasiləsiz, min tərzdə təsəvvür edirdi. O, sərxoş Trusotskinin: «Bilirsiniz, Liza mənim üçün nə idi?» – dediyini xatırlayır və hiss edirdi ki, bu sözlər gəlişi xoş sözlər deyil, həqiqətdir və burada məhəbbət var. «Bu vəhşi belə sevdiyi uşağa qarşı niyə amansız olmuşdu, bu ağla sığışan şeydirmi?» Lakin hər dəfə o bu sualdan qaçmaq üçün onu özündən uzaqlaşdırırdı, bu sualda ondan ötrü nə isə dözülməz və həll edilməmiş bir şey vardı.

Bu gün o özü bilmədən Lizanın basdırıldığı qəbiristanlığa getdi, axtarıb onun qəbrini tapdı. Dəfndən sonra o bir dəfə də qəbiristanlığa getməmişdi, ona elə gəlirdi ki, çox əzab çəkəcək, buna görə də getməyə cəsarət eləmirdi. Lakin qəribədir, o, qızın qəbrini qucaqlayıb öpəndə qəlbində yüngüllük duydu. Aydın bir axşam idi, günəş batırdı, dörd tərəf, qəbirlərin yanı şirəli yaşıl otluq idi; yaxınlıqdakı itburnu kolluğunda arı vızıldayırdı. Dəfndən sonra Lizanın kiçik qəbrinin üstünə uşaqların və Klavdiya Petrovnanın qoyduqları güllər və çələnglər elə oradaca qalmışdı, yarpaqları yarıya qədər tokülmüşdü. Uzun müddətdən sonra ilk dəfə nə isə bir ümid onun qəlbini işıqlandırdı. O, qəbiristanlığın bu sakitliyini hiss edərək: «Nə rahatdır!» – deyə fikirləşdi və aydın, sakit səmaya baxdı. Nəyə isə təmiz və sakit bir inam onun qəlbini doldurdu. «Bunu Liza mənə göndərmişdir, odur mənimlə danışan», – deyə fikirləşdi.

Qəbiristanlıqdan evə qayıdanda hava tamam qaralmışdı. Qəbiristanlıq darvazalarının yaxınlığında, yol üstündə, alçaq, taxta bir evdə, aşxana, ya da qəlyanaltı vardı; stolların arxasında oturmuş müştərilər açıq pəncərələrdən görünürdü. Birdən ona elə gəldi ki, pəncərənin lap yaxınlığında oturanlardan biri Pavel Pavloviçdir; o da pəncərədən onu görür və diqqətlə ona baxır. O, yoluna davam etdi və çox keçmədi ki, dalınca kiminsə gəldiyini eşitdi; doğrudan da Pavel Pavloviç onun dalınca qaçırdı; görünür, pəncərədən baxdığı zaman Velçaninovun çöhrəsindəki sakitlik onun diqqətini cəlb etmiş və onu ürəkləndirmişdi. Bərabərinə yetişdikdə qorxa-qorxa gülümsədi, lakin bu əvvəlki sərxoş təbəssüm deyildi; o hətta sərxoş deyildi.

– Salam, – dedi.

– Salam, – deyə Velçaninov cavab verdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации