Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 9

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +

Mən bayaq dedim ki, o lap dəli kimi olmuşdu; bu hələ bir gün əvvəl də hiss olunurdu. Pul ona konsertə bilet almaq üçün lazım idi, bu konsert onun müqəddəratını həll etməli idi.

Sanki onun özü də əvvəlcədən hiss etmişdi ki, bu konsert onun müqəddəratını həll edəcəkdir, buna görə də başını elə itirmişdi ki, dünən xırda pulları əlimdən almaq istəyirdi, guya bu pullarla özünə bilet ala biləcəkdi. Onun qəribəliyi nahar zamanı bir daha özünü büruzə verdi. Yerində qərar tuta bilmir, yeməyə əl vurmur, dəqiqəbaşı gah qalxır, gah da fikrini dəyişirmiş kimi otururdu; gah çıxıb getmək istəyirmiş kimi şlyapasını götürür, gah da qəribə bir dalğınlığa qapılaraq, öz-özünə nə isə pıçıldayırdı, sonra birdən mənə baxır, göz vurur, nə isə işarələr edir, elə bil pulları ələ keçirmək üçün tələsir və mənim indiyəcən nə üçün pulları götürmədiyimdən hirslənirdi. Hətta anam da onun bu qəribəliyini görüb təəccüblə ona baxırdı. Mən ölüm cəzasına məhkum edilmiş adama bənzəyirdim. Nəhayət, nahar qurtardı; mən qızdırmalı adamlar kimi əsə-əsə otağın küncünə çəkilib, anamın adəti üzrə məni nə vaxt şey almaq üçün göndərəcəyini gözləyirdim. Həyatımda bu qədər əzablı saatlar keçirməmişdim: bu, ömrüm boyu xatirimdən silinməyəcək. O anlarda mən daha nələr keçirmədim! Elə dəqiqələr var ki, illərdən də artıq düşünürsən. Mən pis hərəkət etdiyimi başa düşürdüm: o özü ilk dəfə zəiflik göstərib məni pis əmələ təhrik edəndən sonra özü də bu işdən qorxmuşdu, mənim təmiz təbiətimə köməklik etmişdi, məni başa salmışdı ki, pis iş görmüşəm. Görəsən, doğrudanmı o, dünyada çox xeyir və şər görmüş, gördüklərini başa düşməyə çalışan bir adamı aldatmağın çətin olduğunu başa düşmürdü? Mən başa düşürdüm ki, məni ikinci dəfə belə bir pis əmələ əl atmağa və beləliklə də mənim yazıq, köməksiz körpə qəlbimi qurban verməyə, hələ möhkəmlənməmiş vicdanımı bir də sarsıtmağa, görünür, onu sonsuz ehtiyac məcbur edir. İndi də mən küncə qısılaraq öz-özümə fikirləşirdim: görəsən, öz xoşumla qərara gəldiyim bir şey üçün niyə o mənə hədiyyə vəd edir? Bu vaxta qədər mənə məlum olmayan yeni hisslər, yeni arzular, yeni suallar qəlbimdə baş qaldırırdı və mən bu suallardan olmazın əziyyətlər çəkirdim. Sonra mən birdən-birə anam haqqında fikirləşdim. Öz əlinin zəhməti ilə qazandığı son qəpik-quruşun itdiyini biləndə necə əziyyətlər çəkəcəyini, necə kədərlənəcəyini təsəvvürümə gətirdim. Nəhayət, candərdi gördüyü işi yarımçıq qoyub anam məni yanına çağırdı. Mən titrəyə-titrəyə ona yaxınlaşdım. O, kamoddan pulu çıxarıb verərək dedi: «Get, Netoçka, ancaq, allah xatirinə, fikir ver ki, səni aldatmasınlar, keçən dəfəki kimi itirmə». Mən yalvarıcı nəzərlə atama baxdım, ancaq o, razılıqla başını tərpədərək mənə baxıb gülümsündü və səbirsizlikdən əllərini ovuşdurdu. Saat altını vurdu, konsert isə yeddidə başlanırdı. Əslində elə atamın özü də belə bir üzücü intizara dözmək üçün çox əziyyət çəkmişdi.

Mən pilləkəndə ayaq saxlayıb, onu gözlədim. O elə həyəcanlı və səbirsiz idi ki, heç bir ehtiyat gözləmədən elə o dəqiqə dalımca yüyürdü. Pulları ona verdim: pillələr qaranlıq olduğu üçün onun üzündəki ifadəni görə bilmirdim, ancaq hiss edirdim ki, pulu məndən alanda əlləri əsirdi. Mən yerimdə quruyub qalaraq, tərpənə bilmirdim. Nəhayət, o məni şlyapasını gətirmək üçün yuxarı göndərmək istəyəndə yuxudan ayılıbmış kimi, özümə gəldim. O, bir də otağa qayıtmaq istəmirdi.

– Ata! Məgər… Sən də mənimlə yuxarı çıxmayacaqsan! – mən həyəcandan səsim tutula-tutula soruşdum, son ümidim ona idi ki, o da mənimlə gedib mənə dayaq olar.

– Yox… Sən tək get… hə? Dayan, dayan! – O özünə gələrək qışqırdı, – dayan, gedib bu saat sənə hədiyyə gətirim, ancaq əvvəlcə sən get mənim şlyapamı gətir.

Sanki buzlu bir əl qəlbimi sıxdı. Mən qışqırıb onu özümdən kənar edərək yuxarı yüyürdüm. Otağa girəndə sifətimin rəngi ağappaq idi, belə halda pulu itirdiyimi desəydim, anam şübhəsiz mənə inanardı. Ancaq mən o dəqiqədə heç bir şey deyə bilmədim. Dəhşətli bir ümidsizlik içində özümü anamın yatağına yıxıb əllərimlə üzümü örtdüm. Bir dəqiqə sonra qapı yavaşca cırıldadı və atam içəri girdi. O, şlyapasını götürməyə gəlmişdi.

– Hanı pul? – Anam o saat nə isə qeyri-adi bir şey baş verdiyini hiss edərək qışqırdı. – Hanı pul? De! Tez ol, de! – O məni yataqdan qaldırıb otağın aralığına çəkdi.

Mən başımı aşağı salıb susurdum. O anda nələr keçirdiyimi və mənimlə nə etdiklərini, demək olar ki, heç başa düşmürdüm.

– Pul hanı? – Anam məndən əl çəkib birdən şlyapasını götürən atama tərəf çevrildi. – Hanı pul? – O, təkrar etdi.

– Hə! Pulu sənə verib? Ay allahsız! Zalım! Məni məhv etdiyin bəs deyil, bunu da məhv eləyirsən! Uşağı! Onu, onu da?! Yox e, yox! Sən bunu belə asanlıqla edə bilməyəcəksən!

O, bir anda qapıya tərəf atılıb, onu içəridən bağladı və açarı götürdü.

– De! Boynuna al! – O, həyəcandan güclə eşidiləcək bir səslə mənə müraciət etdi. – Hamısını boynuna al! De görüm, danış! Yoxsa… heç özüm də bilmirəm ki, sənə nə eləyəcəyəm!

O, qollarımdan tutub bura-bura məni danışmağa məcbur etmək istəyirdi. Arvad lap dəli kimi olmuşdu. O anlarda öz-özümə and içdim ki, susum, atam barəsində bir söz deməyim ancaq qorxa-qorxa başımı qaldırıb son dəfə ona baxdım.. Əgər o, bir baxışla, bircə kəlmə sözlə qəlbimdəki arzularıma, daxili yalvarışlarıma cavab vermiş olsaydı, – bütün əziyyətlərə, işgəncələrə baxmayaraq özümü xoşbəxt hesab edərdim… Pərvərdigara? O, tamamilə laqeyd, təhdidedici bir hərəkətlə mənə əmr etdi ki, susum, elə bil o anlarda mən bir adamın təhdidindən qorxa bilərdim. Qəhərləndim, nəfəsim tutuldu, dizlərim büküldü və mən bayılıb yerə sərildim… Dünənki əsəb tutması yenidən təkrar olundu.

Mən bir də qapımız doyüləndə özümə gəldim. Anam qapını açdı, mən əyninə liverya geymiş bir adamın içəri girdiyini gördüm: bu adam təəccüblə ətrafına və bizə baxdı, sonra da musiqiçi Yefimovu soruşdu. Atam özünü nişan verdi. Nökər ona bir məktub verib, B. tərəfindən göndərildiyini dedi, əlavə etdi ki, B. indi knyazın yanındadır. Zərfin içində S-tsın konsertinə bir dəvətnamə vardı.

Bəzəkli paltar geymiş nökərin gəlişi, öz ağası olan knyazın yoxsul musiqiçi Yefimovun yanına xüsusi adam göndərməsi – bütün bunlar bir anda anama böyük təsir bağışladı. Mən hekayətimin əvvəllərində demişdim ki, yazıq arvad hələ də atamı sevirdi. İndi də, səkkiz ildən bəri çəkdiyi qüssə və əziyyətlərə baxmayaraq, hələ də ürəyi dəyişməmişdi: o hələ də atamı sevə bilərdi! Allah bilir, bəlkə də o, ərinin bəxtinin açıldığını zənn etmişdi. Çünki ən cüzi ümid hissi belə ona təsir göstərə bilərdi. Nə bilmək olar, – bəlkə elə onun özü də dəlisov ərinin dərin müştəbehliyinin müəyyən dərəcədə təsiri altına düşmüşdü! Həqiqətən də belə bir zəif qadına bu müştəbehlik heç olmasa bir balaca təsir etməyə bilməzdi, buna görə də knyazın bu diqqəti onun qəlbində min cür plan doğura bilərdi. Beləliklə, bir anda o, dəyişib yenə ona müraciət edə bilər, həyatında çəkdiyi əzabları, hətta onun son cinayətini – yeganə balasını qurban verdiyini ölçüb-biçərək qəlbində baş qaldıran yeni ümidlərin təsiri altında ərinin bu cinayətini məcburi dilənçilikdən, çirkin həyatdan və ümidsiz vəziyyətdən doğan adi bir xəta dərəcəsinə endirməyə hazır idi. Onun təbiətində hər şey hisslər üzərində qurulmuşdu, elə onun üçün də həmin anlarda o, yenə də öz məhv olmuş ərinin günahından keçməyə və ona sonsuz rəğbət bəsləməyə hazır idi.

Atam əl-ayağa düşdü; knyazla B-nin göstərdiyi bu diqqət onu da təəccübləndirmişdi. O, anamın özünə müraciət etdi, nə isə qulağına pıçıldadı, o da otaqdan çıxdı. İki dəqiqədən sonra qayıdıb xırda pul gətirdi. Atam o dəqiqə nökərə bir manat gümüş pul verdi, nökər nəzakətlə baş əyib getdi. Bu vaxt anam da gedib ütü gətirdi. Ərinin ən yaxşı yaxalığını çıxarıb ütüləməyə başladı. Sonra atamın ağ batisdən tikilmiş qalstukunu götürüb öz əli ilə onun boynuna bagladı. Bu qalstuk çoxdan idi ki, şkafda atılıb qalmışdı. Atamın teatrda qulluğa girdiyi vaxt tikdirdiyi qara frak da burada idi. Frak çox nimdaş idi. Atam geyinib qurtarandan sonra şlyapasını götürdü, ancaq otaqdan çıxanda bir stəkan su istədi. Onun rəngi tamam qaçmışdı, heysiz halda stulda oturdu. Suyu mən gətirdim; deyəsən anamın qəlbində atama bəslədiyi düşmənçilik hissi yenidən baş qaldırıb, onun ilk vaxtlarda göstərdiyi məhəbbəti soyutmuşdu.

Atam getdi, biz tək qaldıq. Mən yenə küncə qısılıb səsimi çıxarmadan anama baxırdım: Mən onu heç belə həyəcanlı görməmişdim; dodaqları səyriyirdi, solğun yanaqları birdən-birə qızarmışdı, bəzi xoflu adamlar kimi diksinir, bütün bədəni lərzəyə gəlirdi. Nəhayət onun bütün kədəri boğuq hıçqırtı və şikayətə çevrildi.

– Mənəm, mənəm təqsirkar, ay bədbəxt! – öz-özünə danışırdı. – Onun başına nələr gələcək? Mən öləndən sonra o nə günlərə qalacaq? – Otağın ortasında o, ildırım vurmuş adam kimi dayanmışdı. – Netoçka, mənim balam! Mənim yazıq balam! Bədbəxt balam! – Əllərimdən tutub məni bərk-bərk qucaqladı. – Mən heç sağlığımda sənə baxa bilmirəm, tərbiyənlə məşğul olmağı bacarmıram, bəs mən öləndən sonra kimin ümidinə qalacaqsan? Ah, məni başa düşmürsən! Başa düşürsənmi? İndi sənə dediyim sözləri yadında saxlaya biləcəksənmi, Netoçka? Bundan sonra da yadında qalacaqmı?

– Qalacaq, qalacaq, ana can! – mən əllərimi birləşdirib ona yalvarırdım.

O məndən əbədilik ayrılacağından qorxurmuş kimi bir xeyli məni qucağından buraxmadı. Ürəyim elə bil parça-parça olurdu.

– Ana can, ana! – mən hıçqırmağa başladım. – Axı sən niyə… Nə üçün atamı sevmirsən? – hıçqırıq məni boğduğu üçün sözümü qurtara bilmədim.

Anamın qəlbindən yanıqlı bir ah qopdu. Sonra o, yeni dəhşətli bir kədər içində otaqda var-gəl etməyə başladı.

– Yazıq, mənim yazıq balam! Heç onun necə böyüdüyünü də hiss eləməmişəm! O bilir, hər şeyi başa düşür! İlahi! Gör yadında nələr qalacaq, gör nələr görüb götürür! – Yenə ümidsizliklə əllərini ovuşdurdu.

Sonra təzədən mənə yaxınlaşıb çılğın bir məhəbbətlə üzümdən, əllərimdən öpüb, əllərimi göz yaşları ilə isladaraq, günahlarından keçməyimi xahiş edirdi… Mən hələ heç kimin belə əziyyət çəkdiyini görməmişdim… Nəhayət o, lap əldən düşüb huşunu itirən kimi oldu. Bir saat beləcə keçdi. Sonra o, yorğun və süst halda ayağa qalxıb mənə dedi ki, gedim yatım. Mən öz yerimə girib adyalı üstümə örtdüm. Ancaq yata bilmədim. Anam da mənə əziyyət verirdi, atam da. Atamın qayıtmasını səbirsizliklə gözləyirdim. Onun haqqında fikirləşəndə qəlbimi dəhşət bürüyürdü. Yarım saatdan sonra anam şamı götürüb yatıb-yatmadığımı yoxlamaq üçün mənə yaxınlaşdı. Onu sakit eləmək xətrinə gözlərimi bərk-bərk yumub özümü yuxuluğa vurdum. O mənə nəzər salıb ehtiyatla şkafa yaxınlaşdı, qapısını açıb özünə bir stəkan şərab tökdü. Şərabı içəndən sonra stolun üstündəki şamı yana-yana qoyub, qapını bağlamadan yatağına uzandı. Atam gec qayıdanda həmişə qapını açıq qoyurduq.

Mən sanki özümü unutmuşdum, ancaq yata bilmirdim. Bir balaca xumarlanan kimi, o dəqiqə qara basan adamlar tək diksinib gözlərimi açırdım. Qəlbimdəki kədər hissi get-gedə artırdı. Bəzən qışqırmaq istəyirdim, ancaq boğazım tutulurdu. Nəhayət, gecədən xeyli keçmiş qapımızın açıldığını eşitdim. Nə qədər vaxt keçdiyi yadımda deyil. Ancaq gözlərimi tamam açanda atamı gördüm. O mənə dəhşətli dərəcədə solğun göründü. Qapının yanında stulda oturub nə isə fikrə getmişdi. Otaqda dərin bir sükut vardı. Yanıb ərimiş piy şamının zəif işığı bizim bu məskənimizə kədərli görkəm verirdi.

Mən xeyli baxdım, ancaq atam heç qımıldanmırdı; başını aşağı salıb, əllərini əsəbiliklə dizlərinə söykəyərək eyni vəziyyətdə hərəkətsiz oturmuşdu. Mən bir neçə dəfə onu səsləmək istədim, ancaq bacarmadım. Əvvəlki kimi donub qalmışdım. Nəhayət, o birdən ayıldı, başını qaldırıb ayağa qalxdı. Bir neçə dəqiqə otağın ortasında dayandı, sanki nə isə qəti bir qərara gəlmək istəyirdi; sonra birdən anamın yatağına yaxınlaşıb diqqətlə qulaq asdı, onun yatdığına qəti inanandan sonra skripka qoyulmuş sandığa tərəf getdi. Sandığı açdı, qara qutunu çıxarıb stolun üstünə qoydu. Sonra yenidən ətrafına boylandı; onun nəzərləri çox dumanlı idi. Gözləri hədəqəsindən çıxmışdı. Mən onu heç vaxt bu vəziyyətdə görməmişdim.

Skripkanı götürdü. Lakin o dəqiqə yerə qoydu, gedib qapını bağladı. Sonra şkafın qapısının açıq olduğunu görüb ehtiyatla ona yaxınlaşdı, stəkan və şərab görcək töküb içdi. O, üçüncü dəfə skripkanı götürdü, ancaq bu dəfə də yerə qoydu və anamın yatağına yaxınlaşdı. Mən qorxudan yerimdə donaraq, daha nələr olacağını gözləyirdim.

O, nə isə uzun müddət qulaq asdı, sonra birdən anamın üzünə çəkilmiş yorğanın ucunu qaldırdı və əli ilə onun sifətini yoxlamağa başladı. Mən diksindim. O, bir də əyildi və demək olar ki, başını onun sinəsinə qoydu; ancaq son dəfə qalxanda deyəsən, onun meyit kimi ağarmış sifətində bir təbəssüm göründü. O, ehtiyat və qayğı ilə anamın üstünü örtdü, hətta başını, ayaqlarını da bürüdü… Mən anlaşılmaz bir qorxu içində titrəməyə başladım; anam üçün qorxurdum, onun belə dərin yuxuya getməsindən qorxurdum. Adyalın altından hiss olunan hərəkətsiz cizgilərə narahatlıqla baxırdım… Dəhşətli bir fikir beynimdən ildırım kimi ötüb keçdi.

Atam bu işləri qurtarandan sonra yenə şkafa yaxınlaşıb qalan çaxırı da içdi. O, stola yaxınlaşanda tir-tir titrəyirdi. Elə solğun idi ki, tanımaq olmurdu. O yenə skripkanı götürdü, bu skripkanı görmüşdüm və onun nə olduğunu bilirdim, indi isə dəhşətli qorxulu və qəribə bir şey gözləyirdim… Doğrudan da, onun səsini eşidən kimi diksindim. Atam çalmağa başladı. Ancaq səs nə isə qırıq-qırıq çıxırdı; o nəyi isə xatırlamağa çalışırmış kimi, tez-tez dayanırdı. Nəhayət, o, iztirablı və əzgin halda kamanı yerə qoydu və qəribə bir nəzərlə anamın yatağına baxdı. – Nə isə onu narahat edirdi. O yenə də yatağa yaxınlaşdı… dəhşətli bir hissdən nəfəsim tutula-tutula onu izləyir, bir hərəkətini də nəzərimdən qaçırmırdım.

Birdən o, əlləri ilə nəyi isə tələsik axtarmağa başladı: yenə də eyni dəhşətli fikir ildırım kimi məni sarsıtdı. Fikirləşdim: görəsən, anam niyə belə bərk yatıb? Görəsən, atam əli ilə onun üzünü yoxlayanda nə üçün oyanmadı. Sonra gördüm ki, atam bizim nə ki pal-paltarımız var hamısını töküşdürdü: anamın salopunu, özünün sürtukunu, xələti, hətta əynimdən çıxartdığım paltarı da götürdü və bu şeylərin hamısını anamın üstünə atdı. Anamı pal-paltarın altında tamam basdırdı; anam isə hərəkətsiz halda uzanıb heç qımıldanmırdı.

O çox dərin yuxuya getmişdi!

Atam bu işi qurtarandan sonra deyəsən yüngülləşib, asudə nəfəs aldı. Daha ona mane olan bir şey yox idi, ancaq nədənsə yenə də narahat idi. O, şamın yerini dəyişdi, yatağa baxmamaq üçün üzünü qapıya tərəf döndərdi. Nəhayət, skripkanı götürdü və qəribə bir qətiyyətlə kamanı simlərə çəkdi… Musiqi başlandı…

Lakin bu musiqi deyildi… Mən son dəqiqəyə qədər hər şeyi aydın xatırlayıram; o vaxt məni heyran edən hər şey yadımdadır. Yox, bu musiqi mənim sonralar eşitdiyim musiqilərə bənzəmirdi! Bu heç skripka səsinə də oxşamırdı, sanki bizim qaranlıq otağımızda kim isə dəhşətli bir səslə qışqırırdı. Bilmirəm, bəlkə də o vaxt mənim təəssüratım düzgün deyildi, xəstə təəssürat idi, ya da hissiyyatım elə sarsılmışdı ki, dəhşətli hadisələrin şahidi olduğum üçün mən daxilən qorxunc, son dərəcə əzablı təəssüratlar üçün hazırlanmışdım, – ancaq mən qəti surətdə əminəm ki, insan qışqırığı, fəryad və ağlamaq səsi eşidirdim; bu səslərdə sonsuz bir ümidsizlik duyulurdu, nəhayət, dəhşətli final akkordu eşidiləndə, bu səsdə hər şey– göz yaşından doğan dəhşətlər, əziyyətlərdən doğan ağrı və kədərdən doğan ümidsizlik eşitmək olardı, – bütün bunlar sanki bir yerə toplaşmışdı… mən davam gətirə bilmədim, – bədənim yarpaq kimi əsdi, gözlərimdən yaş axdı və dəhşətli, qorxunc bir qışqırıqla atamın üstünə atılıb onu qucaqladım. O diksinib skripkanı əlindən yerə saldı.

O, bir dəqiqə çaşıb qaldı. Nəhayət, onun gözləri yenə də hədəqəsindən oynadı və o, ətrafa göz gəzdirdi; sanki nə isə axtarırdı. Birdən skripkanı götürüb başımın üstünə qaldırdı… Bir an da keçsəydi, bəlkə məni yerimdəcə öldürəcəkdi.

– Ata can, – deyə qışqırdım,– ata can!

O mənim səsimi eşidəndə yarpaq kimi əsdi və iki addım geri çəkildi.

– Ah! Hələ sən sağsan! Deməli, hələ hər şey qurtarmamışdır! Deməli, sən mənimlə qalmısan! – Qışqırıb çiyinlərimdən tutaraq məni havaya qaldırdı.

– Ata can! – Yenə qışqırdım, – sən allah, məni qorxutma! Mən qorxuram! Ay!

Ağlamağım onu sarsıtdı. O, ehtiyatla məni yerə qoyub bir dəqiqəyə qədər səssiz dayandı, üzümə baxdı, sanki məni tanımağa başlayır və nəyi isə xatirinə salırdı. Nəhayət, birdən sanki onun varlığını nə isə alt-üst etdi, nə isə dəhşətli bir fikir onu sarsıtdı, – dumanlanmış gözlərindən yaş axdı; o mənə tərəf əyilib, diqqətlə üzümə baxmağa başladı.

– Ata can! – Qorxudan bağrım yarıla-yarıla onu səsləyirdim, – Elə baxma, ata can! Gedək burdan! Tez çıxıb gedək! Gedək, qaçaq!

– Hə, qaçaq, qaçaq! Vaxtdır! Gedək, Netoçka! Tez ol, tez ol! – O, sanki nə etmək lazım gəldiyini indi başa düşmüşdü, vurnuxurdu. Tələsik ətrafa nəzər salıb anamın şalını yerdə görəndə qaldırıb cibinə qoydu, sonra çepçikini gördü– onu da götürüb qoynunda gizlətdi, o, uzaq yola hazırlaşırmış kimi özünə lazım olan şeyləri bir-bir yığırdı.

Mən də o dəqiqə paltarımı geyib tələsə-tələsə yol üçün vacib hesab etdiyim şeyləri yığışdırmağa başladım.

Atam soruşdu:

– Hər şeyi götürdünmü, yaddan çıxan şey yoxdur ki? Bütün şeylər hazırdımı? Tez ol, tez ol!

Mən tələsik boğçanı bağladım, şalı başıma örtüb evdən çıxmaq istəyəndə divardakı şəkli də götürmək lazım gəldiyini fikirləşdim. Atam da o saat fikrimlə razılaşdı. İndi artıq o sakitləşmişdi, pıçıltı ilə danışır və məni tələsdirirdi. Şəkil çox hündürdən asılmışdı. Biz ikilikdə stul gətirdik, stulun üstünə də kətil qoyduq, sonra da onun üstünə çıxıb uzun əziyyətdən sonra şəkli çıxartdıq. Artıq yola düşmək üçün hər şey hazır idi. O, əlimdən yapışdı, elə getmək istəyirdik ki, birdən atam məni saxladı. O dayanıb bir xeyli alnını ovuşdurdu. Sanki nəyi isə yadına salmaq istəyirdi. Nəhayət, deyəsən, lazım olan şeyi yadına saldı, anamın yastığı altındakı açarları axtarıb tapdı, kamodun gözünü tələsik eşələməyə başladı. Nəhayət, yanıma qayıdıb yeşikdən tapdığı pulları da gətirdi.

– Al, götür, yaxşı saxla, – deyə pıçıldadı, – itirmə ha, yadından çıxartma, yadından çıxartma!

O, əvvəlcə pulları ovcuma qoydu, sonra götürüb qoynumda gizlətdi. Yadımdadır, gümüş pullar ətimə dəyəndə diksindim. Sanki pulun nə demək olduğunu ancaq indi başa düşdüm. İndi biz hazır idik, ancaq birdən atam yenə məni saxladı.

– Netoçka! – O, zorla fikrini toplayırmış kimi çətinliklə danışmağa başladı, – mənim balam, lap yadımdan çıxdı… Nə deyəcəkdim?.. Görüm nə lazım idi?.. Yadımdan çıxdı… hə, hə! Tapdım, yadıma düşdü!.. Bura kəl, Netoçka!

O, əlimdən tutub məni evin müqəddəs surət asılmış küncünə gətirdi və dedi ki, diz çöküm.

– Dua elə, mənim balam, dua elə! Bir qədər yüngülləşərsən… Düz deyirəm, yüngülləşərsən, – o, əli ilə müqəddəs surəti göstərərək qəribə bir tərzdə üzümə baxır, pıçıldayırdı. – Dua elə, dua elə? – O, yalvarıcı bir səslə xahiş edirdi.

Mən diz çökdüm, əllərimi sinəmdə daraqlayıb varlığıma hakim kəsilmiş dəhşət və ümidsizlik içində döşəməyə yıxılıb nəfəsimi qısaraq, bir neçə dəqiqə beləcə qaldım. Mən dua edərkən bütün fikirlərimi və hisslərimi toplamağa çalışırdım. Lakin qorxu hissi mənə üstün gəlirdi. Nəhayət, kədərdən üzülmüş halda dikəldim. Mən artıq onunla getmək istəmirdim, ondan qorxurdum, mən qalmaq istəyirdim. Bayaqdan bəri məni əldən salan və mənə əziyyət verən sözlər qeyri-ixtiyari qəlbimdən qopub dilimə gəldi:

– Ata, – mən gözümün yaşını tökə-tökə soruşdum – bəs anam necə olacaq? O hardadır? Hanı mənim anam?

Daha sözümün dalını deyə bilmədim. Göz yaşları məni boğdu.

O da ağlaya-ağlaya mənə baxırdı. Sonra əlimdən tutub yatağın yanına gətirdi, anamın üstünə töküşdürdüyü paltarları dağıdaraq yorğanı qaldırdı. Pərvərdigara! O, artıq ölmüşdü, bədəni bumbuz soyuyub göyərmişdi. Mən bihuş halda özümü anamın üstünə ataraq meyitini qucaqladım. Atam məni diz çökdürdü.

– Ona baş əy, qızım! – dedi, – onunla vidalaş…

Mən baş əydim. Atam da mənimlə birlikdə təzim etdi. O son dərəcə solğun idi, dodaqları tərpənir, nə isə pıçıldayırdı.

– Bunu mən eləməmişəm. Netoçka, mən eləməmişəm, – deyə əlləri əsə-əsə meyiti göstərdi. – Eşidirsənmi, mən eləməmişəm, mənim təqsirim yoxdur. Yadında saxla, Netoçka!

– Ata, gedək, – mən qorxu içində pıçıldadım. – Vaxtdır!

– Hə, daha vaxtdır, çoxdan vaxtdır! – O, əlimdən bərk-bərk yapışıb evdən çıxmağa tələsdi. – Hə, indi yola düşə bilərik. Şükür allaha, şükür allaha, daha hər şey qurtardı!

Biz pilləkənləri endik; dalandar yarıyuxulu halda şübhə ilə bizə baxaraq darvazanı açdı. Atam onun sual verəcəyindən qorxmuş kimi, yüyürərək darvazadan əvvəl özü çıxdı, mən arxadan özümü ona güclə yetirdim. Biz öz küçəmizi keçib kanalın sahilinə çıxdıq. Axşamdan yağan qar küçənin daşlarını örtmüşdü. İndi də narın qar yağırdı. Soyuq idi, iliyimə kimi donmuşdum, əllərim üşüyə-üşüyə atamın frakının ətəyindən möhkəm tutub, onun dalınca yüyürdüm. Skripka qoltuğunda idi. Tez-tez ayaq saxlayıb skripkanın qutusunu düzəldirdi.

On beş dəqiqəyə qədər yol getdik; nəhayət o, səkinin kanala tərəf olan enişindən düşüb, kanalın lap kənarındakı sonuncu tumbanın üstündə oturdu. Bizdən iki addım aralı, kanalın buz bağlamış səthində dəlik açılmışdı. Ətrafda kimsə yox idi. Pərvərdigara! O vaxt varlığımı bürüyən dəhşətli bir hissi bugünkü kimi xatırlayıram! Nəhayət, bir ildən bəri xəyalına daldığım arzularım həyata keçirdi. Biz yoxsul məskənimizdən çıxıb gedirdik… Lakin mən bunumu gözləyirdim, belə şeymi arzu edirdim, mənim uşaqlara xas olmayan bir məhəbbətlə sevdiyim adamın səadəti haqqında niyyət etdiyim zamanlar uşaq xəyalımda bumu yaranmışdı? O dəqiqələrdə mənə hər şeydən çox əzab verən anam idi. «Biz niyə onu tək-tənha qoyub gəldik? – deyə fikirləşirdim. – Onun meyitini niyə lazımsız bir şey kimi atıb gəldik?» Yadımdadır, bu fikir mənə hər şeydən çox əzab verir və incidirdi.

– Ata can! – Mən bu əzablı hisslərimi gizlində saxlaya bilmədim, – ata can!

– Nə var? – O, sərt bir ifadə ilə məndən soruşdu. Mən ağlaya-ağlaya dedim:

– Ata can, biz niyə anamı orda qoyduq? Nə üçün onu atıb gəldik? Ata can! Gəl geri qayıdaq! Bir adam tapıb onun yanında qoyaq.

– Hə, hə, – o birdən diksinib qışqırdı, ayağa qalxdı. Elə bil birdən-birə ağlına onun şübhələrinə son qoyan təzə bir fikir gəlmişdi. – Hə, Netoçka, belə yaramaz; ananın yanına getməliyik; orda ona soyuqdur! Get onun yanına, Netoçka, get, ora qaranlıq deyil, orda şam var; qorxma, bir adam tapıb onun yanında qoy, sonra da qayıt yanıma; tək get, mən isə səni burda gözləyərəm, mən heç yana getmərəm.

Mən o dəqiqə getdim, ancaq səkiyə çıxan kimi elə bil nə isə ürəyimə sancıldı… Dönüb gördüm ki, o artıq kanalın o biri sahilinə keçərək, belə bir dəqiqədə məni tərk edib gedir, tək qoyub qaçır. Mən gücüm çatdıqca qışqırdım və dəhşətli bir qorxu içində onun dalınca yüyürdüm. Nəfəsim tutulurdu, o getdikcə sürətini artırırdı…Yavaş-yavaş gözdən itirdi. Yolda onun şlyapasını gördüm, qaçanda başından düşmüşdü, əyilib şlyapanı götürdüm və yenə də yüyürməyə başladım. Nəfəsim tutulur, dizlərim bükülürdü… Hiss edirdim ki, başıma nə isə çox pis bir iş gəlmişdir, mənə elə gəlirdi ki, bu yuxudur, hətta bəzən məndə yuxuda olduğu kimi, bir təəssürat oyanırdı. Bəzən yuxuda görürdüm ki, mən kiminsə əlindən qaçıb qurtarmaq istəyirəm, ancaq dizlərim bükülür, arxadan mənə çatırlar və mən huşumu itirərək yıxılıram. Bu dəhşətli təəssürat varlığımı sarsıdırdı. Ona yazığım gəlirdi, onun şinelsiz, şlyapasız məndən, öz sevimli balasından qaçdığını təsəvvürümə gətirəndə ürəyim sızıldayır və ağrıyırdı. Mən yalnız bir də, bir də onu bərk-bərk öpmək və ona demək istəyirdim ki, məndən qorxmasın, onu arxayın etmək, onun dalınca qaçmadığımı deyib sakitləşdirmək istəyirdim, demək istəyirdim ki, əgər mənim onunla getməyimi istəmirsə, eybi yoxdur, anamın yanına tək qayıdaram. Bəli, mən yalnız bunun üçün ona çatmağa tələsirdim. Nəhayət gördüm ki, küçələrdən birinə döndü. Həmin küçəyə çatanda mən də atamın dalınca döndüm, hələ onu irəlidə seçə bilirdim… Ancaq bu vaxt taqətdən düşdüm; ağlamağa, qışqırmağa başladım. Yadımdadır, yüyürərkən yoldan keçən iki adama toxundum. Onlar səkinin ortasında dayanaraq, dönüb ikimizə də təəccüblə baxırdılar.

– Ata can! Ata can! – Son dəfə qışqırdım, birdən ayağım sürüşdü, evin darvazasının qabağında yerə yıxıldım. Sifətimin büsbütün qan içində olduğunu hiss etdim. Bir an sonra huşumu itirdim.

Ayılanda özümü isti, rahat bir otaqda gördüm. Ətrafımda toplaşmış gülərüzlü, mehriban adamlar ayılmağıma sevindilər. Mən burnunun üstündə çeşmək olan bir qarı və mənə dərin rəğbət hissi ilə baxan hündürboy bir cənab gördüm; sonra da gözəl və cavan bir xanım, nəhayət əlimdən tutub saata baxan ağsaçlı bir qoca gördüm. Mən yeni həyata qədəm qoymaq üçün ayılmışdım. Qaçdığım zaman rastıma çıxan adamlardan biri knyaz X. idi. Mən onların evinin qapısında yıxılmışdım. Onlar uzun axtarışlardan sonra mənim kim olduğumu öyrənmişdilər. Atam üçün S-tsın konsertinə bilet göndərən knyaz bu qəribə hadisədən sarsılaraq, məni öz evlərinə gətirmək və balaları ilə bir yerdə tərbiyə etmək qərarına gəlmişdi. Onlar atamı axtarmağa başlamış və məlumat almışdılar ki, kimsə onu şəhərdən kənarda dəli olub özündən çıxmış halda tutmuşdu. Onu xəstəxanaya aparmışdı. Orada iki gündən sonra ölmüşdü.

O ölmüşdü, çünki belə bir ölüm zəruri idi, onun bütün həyatının təbii nəticəsi idi. O, belə də ölməli idi. Ona həyatda toxtaqlıq verən şeylərin birdən-birə tar-mar olub röya kimi, cansız və puç bir xülyaya çevrildiyi anda məhz belə də ölməli idi. Onun son ümidi puça çıxmışdı, həyatı boyu öz-özünü aldatması, özünə boş yerə toxtaqlıq verməsi bir anda aşkara çıxmışdı, bunu o, tam aydınlığı ilə dərk etdikdən sonra ölmüşdü. Həqiqət öz dözülməz parıltısı ilə onun gözlərini kor etmişdi. Başqaları üçün yalan olan bir şey onun üçün də yalan olmuşdu. O özünün son saatında ecazkar bir dühanın səsini eşitmişdi, bu düha onun özünü özünə tanıtmış, birdəfəlik hökmünü vermişdi, – S-tsın skripkasından qopan son musiqi sədalarını eşidəndə incəsənətin bütün sirləri onun üçün açılmışdı və həmişə gənc, qüdrətli və həqiqi düha öz həqiqətinin gücü ilə onu əzmişdi. Sanki ömrü boyu çəkdiyi sirli və sezilməz işgəncələrdə ona əzab verən şeylər bu vaxta qədər bəzən ona agah olsa da həyatın saxta təəssüratı ilə özündən kənar etdiyi, yalnız röyalarda görüb, xəyalında canlandıraraq ağrısını çəkdiyi hissedilməz, duyulmaz şeylər, – bir sözlə, əvvəlcədən hiss etdiyi və qorxduğu nə vardısa hamısı birdən-birə işıqlanıb onun gözləri qarşısında parladı, o gözlərin ki, indiyə qədər işığı işıq, zülməti isə zülmət kimi qəbul etmək istəmirdi. Lakin olub-keçənləri, hazırki vəziyyəti və onu qarşıda nələr gözlədiyini ilk dəfə açıq-aydın görməyə başlayan bu gözlər üçün belə nagahan həqiqət parıltısı dözülməz idi, bu onu kor edib ağlını külə döndərdi. Bu həqiqət onu amansız bir ildırım kimi vurdu. Onun ömrü boyu qorxu və hürkü ilə gizlədiyi bir hadisə baş verdi. Sanki ömrü boyu onun başı üzərində sıyrılmış bir qılınc varmış, o, ömrü boyu diləgəlməz əzablar içində hər an qılıncın enəcəyini gözləyirmiş və nəhayət bu qılınc öz zərbəsini endirmişdi! Zərbə ölümcül idi. O öz məhkəməsindən qaçıb canını qurtarmaq istəyirdi, ancaq qaçmağa yer yoxdu; son ümidi puça çıxmış, son bəhanəsi kəsilmişdi. O adam ki, neçə illərdən bəri öz həyatı ilə onu sıxırdı, onun gününü qara eləyirdi, özünün kor-koranə inamına görə, ölümü ilə ona bir anda yeni həyat bəxş edəcəkdi, həmin adam artıq ölmüşdü. Nəhayət, o tək qalmışdı, artıq heç kim onun əl-ayağına dolaşmırdı; nəhayət, o azad idi! O, çıxılmaz bir ümidsizlik içində son dəfə ədalətli və qərəzsiz bir hakim kimi özü özünü amansızcasına və ciddiyyətlə mühakimə etmək istəyirdi, lakin onun titrək kamanı dahinin çaldığı əsərin yalnız son musiqi cümləsini mif bir şəkildə təkrar edə bilmişdi… Elə bu vaxt on ildən bəri onu izləyən dəlilik öz labüd hökmünü verdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации