Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 25

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 25 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +

– Mən sizinlə barışmaq istəyirdim, Aleksey İvanoviç! – Pavel Pavloviç birdən tələsik, qətiyyətlə pıçıldadı və yenə çənəsi əsdi. Velçaninov qəzəbindən od tutdu, sanki hələ heç zaman, heç kəs onu belə təhqir etməmişdi.

– Bir də deyirəm, – o çığırdı, – siz xəstə, əsəbi adamdan yapışmısınız ki, sayıqlama zamanı ondan bir mümkün olmayan söz eşidəsiniz! Biz… biz başqa-başqa adamlarıq, bunu başa düşdün… bizim aramızda bir qəbir var! – O, qəzəblə pıçıldadı və birdən ayıldı…

– Siz haradan bilirsiniz, – Pavel Pavloviçin sifəti ağarıb dəyişdi, – siz haradan bilirsiniz ki, bu kiçik qəbir mənim buramdadır! – O, Velçaninova yaxınlaşaraq, gülməli, lakin dəhşətli tərzdə yumruğunu sinəsinə vura-vura çığırdı, – mən buradakı kiçik qəbri tanıyıram və biz hər ikimiz bu qəbrin kənarında durmuşuq, ancaq mənim tərəfimdə daha çoxdur, nəinki sizin tərəfinizdə! – O hələ də sinəsinə döyməkdə davam edərək, sayıqlayırmış kimi pıçıldadı. – Çoxdur, çoxdur… – Birdən qapı zəngi onların hər ikisini özlərinə gəlməyə məcbur etdi. Zəngi elə bərk vururdular ki, sanki kim isə özünə söz vermişdi ki, birinci zərbədən zəngi yerindən çıxartsın.

– Mənim yanıma gələnlər zəngi belə vurmurlar, – Velçaninov karıxmış halda dedi.

– Ancaq mənim də yanıma gəlməyiblər, – deyə özünə gələrək, əvvəlki halına qayıtmış Pavel Pavloviç çəkinə-çəkinə pıçıldadı. Velçaninov qaşqabağını töküb, qapını açmağa getdi.

– Əgər səhv eləmirəmsə, siz cənab Velçaninovsunuz, eləmi? – Dəhlizdən gənc, cingiltili və çox arxayın bir səs eşidildi.

– Sizə nə lazımdır?

– Mən səhih bilirəm ki, – cingiltili səs davam etdi, – Trusotski adlı bir nəfər bu dəqiqə sizdədir. Mən bu dəqiqə onu görməliyəm. Velçaninov çox məmnuniyyətlə bu özündən bədgüman cənaba bir təpik ilişdirib, pilləkəndən aşağı salardı, lakin fikirləşib, kənara çəkildi, onu içəri buraxdı. – Cənab Trusotski budur, keçin içəri…

XIV
SAŞENKA VƏ NADENKA

Otağa on doqquz yaşında, bəlkə də daha cavan bir oğlan girdi; gözəl, arxayınlıq ifadə edən sifəti lap uşaq sifəti idi. Pis geyinməmişdi, hər halda paltarı əyninə yaxşı otururdu; orta boylu idi, yana daranmış qara, gur saçları və iri, cəsarətli, tünd gözləri diqqəti cəlb edirdi. Təkcə burnu azca enli və dik idi; əgər bu olmasaydı, lap gözəl olardı. O içəri özünü çəkə-çəkə girdi.

– Mən deyəsən, cənab Trusotski ilə danışmağa imkan tapmışam, – deyə aram-aram sözə başladı və «imkan» sözünü xüsusi bir həzzlə qeyd etdi, bununla bildirmək istəyirdi ki, cənab Trusotski ilə söhbətdən nə həzz alacaq, nə də şərəfə nail olacaqdır.

Velçaninov başa düşməyə başlayırdı; deyəsən, Pavel Pavloviç də nə isə duymuşdu. Onun sifətində narahatlıq vardı; lakin özünü saxlayırdı.

– Sizi tanımadığımdan, – deyə Pavel Pavloviç cavab verdi, – güman edirəm ki, aramızda heç bir şey ola bilməz.

– Siz əvvəl dinləyin, sonra öz rəyinizi deyərsiniz, – gənc özünə arxayın və ibrətamiz bir tərzdə dedi və qaytandan asılmış, tısbağa qınından qayrılmış lornetini çıxartdı, stolun üstündəki şampanski şüşəsinə baxdı. Şüşəyə sakitcə baxıb qurtardıqdan sonra, o, lorneti qatladı və yenə Pavel Pavloviçə müraciətlə dedi:

– Aleksandr Lobov.

– Aleksandr Lobov kimdir?

– Mənəm. Eşitməmişsiniz?

– Yox.

– Əlbəttə, hardan tanıya bilərsiniz? Mən məhz sizə aid mühüm bir məsələ üçün gəlmişəm. Lakin icazə verin, oturum, yorulmuşam…

– Əyləşin, – Velçaninov ona yer göstərdi. Lakin gənc Velçaninov yer göstərməmişdən əyləşmişdi. Velçaninov sinəsində ağrının çoxalmasına baxmayaraq, bu balaca sırtıqla maraqlanırdı. Onun çəhrayı, gözəl uşaq sifətində Velçaninov Nadya ilə uzaq bir oxşarlıq sezirdi.

– Siz də əyləşin, – gənc başını saymazyana əyib, Pavel Pavloviçə üzbəüz tərəfdə yer göstərdi.

– Eybi yoxdur, ayaq üstə duraram.

– Yorularsınız. Siz, cənab Velçaninov, getməyə bilərsiniz.

– Mən onsuz da heç yerə gedəsi deyiləm, öz evimdəyəm.

– Özünüz bilin. Mən, doğrusu, hətta sizin bu cənabla söhbətimdə iştirak etmənizi istərdim. Nadejda Fedoseyevna sizi mənə çox tərifləmişdir.

– Ba! Buna nə vaxt macal tapdı?

– Elə siz gedən kimi; mən bu saat oradan gəlirəm. Məsələ belədir, cənab Trusotski, – o, ayaqüstə duran Pavel Pavloviçə tərəf çevrildi. – Biz, yəni mən və Nadejda Fedoseyevna, – o saymazyana kresloya yayılaraq, yavaş-yavaş danışmağa başladı, – çoxdan bir-birimizi sevirik və bir-birimizə söz vermişik. İndi siz bizim aramıza girmisiniz, mən gəlmişəm sizə təklif edim ki, aramızdan çıxasınız. Mənim təklifimə razısınızmı?

Pavel Pavloviç hətta səndələdi; rəngi ağappaq ağardı, lakin dodaqlarında dərhal istehzalı bir təbəssüm göründü:

– Yox, qətiyyən razı deyiləm, – deyə qısaca onun sözünü kəsdi.

– Belə de! – gənc kresloda dönərək, ayağını ayağının üstünə aşırdı.

– Mən hətta bilmirəm ki, kiminlə danışıram, – deyə Pavel Pavloviç əlavə etdi, – hətta belə güman eləyirəm ki, daha söhbəti davam etdirməyə dəyməz.

Bunu deyib əyləşdi. Gənc saymazyana dedi:

– Mən dedim ki, yorulacaqsınız; indicə sizə bildirdim ki, mən Lobovam, mən və Nadejda Fedoseyevna bir-birimizə söz vermişik, demək, siz indi dediyiniz kimi, deyə bilməzsiniz ki, kiminlə danışdığınızı bilmirsiniz; söhbət edə bilməyəcəyimiz haqda da düşünə bilməzsiniz; mən hələ özümü demirəm, söhbət sizin həyasızcasına yaxasından yapışdığınız Nadejda Fedoseyevnadan gedir. Söhbət üçün təkcə elə bu kifayətdir.

Bütün bunları o, ədabazlar kimi, ağızucu deyirdi, hətta sözləri azca məxrəclə tələffüz edirdi, o, lornetini yenə bir dəqiqəliyə çıxartdı, danışa-danışa nəyə isə baxdı.

– İcazə verin, cavan oğlan, – Pavel Pavloviç əsəbi halda dilləndi, lakin «cavan oğlan» dərhal onu yerinə oturtdu.

– Əlbəttə, başqa vaxt olsaydı, məni «cavan oğlan» adlandırmağı sizə qadağan edərdim, lakin indi, özünüz boynunuza alın gəncliyim sizin qarşınızda başlıca üstünlüyümdür və siz çox istərdiniz ki, məsələn, bu gün, öz bilərziyinizi bağışladığınız zaman, heç olmasa bir azacıq cavan olaydınız.

– Eh səni daban balığı! – deyə Velçaninov pıçıldadı.

– Hər halda, lütfkar ağa, – Pavel Pavloviç ləyaqətlə özünü düzəltdi, – mən sizin irəli sürdüyünüz səbəbləri, nalayiq və olduqca şübhəli səbəbləri, mübahisəni davam etdirmək üçün kifayət hesab etmirəm. Bütün bunlar boş və uşaq işləridir, elə sabah bunu hörmətli Fedosey Semyonoviçə danışaram, indi isə xahiş edirəm, gedin.

– Bu adamın ədasını görürsünüz? – Səbri tükənmiş gənc üzünü Velçaninova tutub, hərarətlə çığırdı. – Onu orada ələ salıb, qovmaları bəs deyilmiş, hələ sabah bizdən qocaya şikayətlənmək də istəyir! Tərs adam, bununla siz isbat eləyirsiniz ki, qızı, ictimai vəhşilik nəticəsində əsarət altında saxlayan, ağlını itirmiş adamlardan zorla, pulla alırsınız! Axı, qız açıq bildirdi ki, sizə nifrət edir; axı, sizin bugünkü ədəbsiz hədiyyənizi, bilərziyinizi özünüzə qaytarıblar! Daha sizə nə lazımdır?

– Mənə heç kim bilərzik qaytarmayıb və bu ola bilməz. – Pavel Pavloviç diksindi.

– Necə yəni ola bilməz? Məgər cənab Velçaninov onu sizə verməyib?

«Ah, lənətə gələsən!» – deyə Velçaninov öz-özünə fikirləşdi.

– Pavel Pavloviç, – o, qaşqabaqlı halda dedi, – doğrudan da bayaq Nadejda Fedoseyevna mənə tapşırdı ki, bu qutunu sizə verim. Mən almaq istəmirdim, ancaq… xahiş elədi… budur… Mən təəssüflənirəm…

O, qutunu çıxartdı və utana-utana, quruyub qalmış Pavel Pavloviçin qarşısına qoydu.

Gənc ciddi bir tərzdə Velçaninova müraciət etdi:

– Niyə bu vaxtadək verməmisiniz?

– Görünür, macal tapmamışam, – Velçaninov qaşqabağını tökdü.

– Qəribədir.

– Nə-əə?

– Heç olmasa, qəribədir, özünüz razılaşın. Lakin mən etiraf etməyə razıyam ki, burada bir anlaşılmazlıq olub.

Velçaninovun ürəyindən keçdi ki, ayağa qalxıb, bu oğlanın qulağını çəksin, lakin birdən pıqqıldadı. Oğlan da o saat güldü. Pavel Pavloviç isə başqa halda idi. Əgər Velçaninov Lobova güldüyü zaman Pavel Pavloviçin ona dikilmiş qəzəbli baxışını görsəydi, başa düşərdi ki, bu adam bu anda məşum bir vəziyyətə düşmüşdür… Lakin Velçaninov ona zillənmiş baxışı görməsə də başa düşürdü ki, Pavel Pavloviçi müdafiə etmək lazımdır.

– Mənə qulaq asın, cənab Lobov, – deyə o, dostcasına sözə başladı. – Başqa səbəblər barədə düşünmədən, mən bunlara toxunmaq istəmirəm, sizə təkcə onu demək istərdim ki, Pavel Pavloviç hər halda Nadejda Fedoseyevnanı nişanlayarkən, əvvəla, bu hörmətli ailədə özü haqda hər şeyi açmışdır, ikincisi, o, bu ailəyə özünün əla və hörmətli mövqeyini və nəhayət, var-dövlətini gətirir, buna görə də sizin kimi rəqibi görəndə təəccüblənməsi təbiidir. Siz bəlkə də çox ləyaqətli adamsınız, lakin o qədər cavansınız ki, sizi heç cür ciddi rəqib saya bilməz… buna görə də söhbəti qurtarmağı təklif etməkdə haqlıdır.

– «O qədər cavansınız» nə deməkdir? Bir aydır ki, mənim on doqquz yaşım tamam olub. Qanuna görə mən çoxdan evlənə bilərəm. Vəssalam.

– Siz istəyir gələcəkdə, lap milyoner, ya da insanlığın hamisi olun, amma indi hansı ata qızını sizə verər? On doqquz yaşlı adam hətta özünə cavabdeh deyil, siz isə hələ bir başqasının da, daha doğrusu, elə özünüz kimi bir uşağın da gələcəyini öz üzərinizə götürürsünüz. Axı bu, siz fikirləşdiyiniz kimi, heç də alicənablıq deyil! Mən bunları ona görə deyirəm ki, bayaq özünüz sizinlə Pavel Pavloviç arasında miyançı olmağımı istədiniz.

– Hə, yeri gəlmişkən, axı onun adı Pavel Pavloviçdir, bəs nə üçün mənə elə gəlirdi ki, Vasili Petroviçdir? Məsələ belədir, – o, üzünü Velçaninova tutdu, – siz məni heç də təəccübləndirmədiniz; mən bilirdim ki, siz hamınız beləsiniz! Ancaq orası qəribədir ki, sizin barənizdə hətta bir qədər yeni adam kimi danışmışdılar. Xülasə, bunlar boş şeylərdir, məsələ ondadır ki, burada mənim tərəfimdən nəinki sizin buyurduğunuz kimi, heç bir nanəciblik yoxdur, hətta tamamilə əksinədir, istəyirəm onları sizə deyəm. Biz əvvəla, bir-birimizə söz vermişik, bundan başqa, mən iki şahidin yanında ona vəd etmişəm ki, əgər o başqa birisini sevsə, ya da sadəcə olaraq, mənə ərə getdiyinə peşman olsa və məndən boşanmaq istəsə, dərhal ondan əl çəkmək barədə kağız verərəm və boşanma barəsindəki xahişini lazım gələn yerdə müdafiə edərəm. Bundan başqa: əgər mən sonralar sözümdən qaçmaq istəsəm, kağızı verməkdən imtina etsəm, təminat üçün mən toy günü ona yüz min manatlıq veksel verəcəyəm, beləliklə, mən tərslik elsəm, o dərhal vekselimlə məni məsuliyyətə cəlb edə bilər. Beləliklə, hər şey təmin edilmişdir və mən heç kəsin gələcəyini təhlükədə qoymuram. Hə, bu birinci. Velçaninov həyəcanla dedi:

– Mərc gələrəm ki, bunu sizin ağlınıza o, adı nədir, Predposılov salıb.

– Xi-xi-xi! – Pavel Pavloviç hırıldadı.

– Bu cənab nəyə hırıldayır? Düz tapmısınız; bu, Predposılovun fikridir, özü də razılaşın ki, bic düşünüb. Axmaq qanun tamamilə pozulmuşdur. Əlbəttə, mən onu ömrümün axırına kimi sevmək fikrindəyəm, ancaq o elə hey gülür, hər halda yaxşı fənddir, həm də razılaşın ki, alicənablıqdır, hər adam belə şeyə getməz, elədirmi?

– Məncə, alicənablıq yox, hətta alçaqlıqdır! Gənc çiyinlərini çəkdi, bir qədər susub dedi:

– Yenə də siz məni təəccübləndirmədiniz, bunlar çoxdandır ki, daha məni təəccübləndirmir. Ancaq həmin o Predposılov sizə deyərdi ki, ən təbii şeyləri başa düşməməyinizin səbəbi, sizin ən adi hiss və təsəvvürlərinizin pozulmasından irəli gəlir; əvvəla, uzun müddət mənasız həyat sürmüsünüz, ikincisi, uzun müddət həyatınızı bekar keçirmisiniz. Əlbəttə, bəlkə də biz hələ bir-birimizi başa düşmürük; hər halda mənə sizin barənizdə yaxşı danışmışdılar… Yəqin ki, yaşınız əlli olar, hə?

– Mətləbə keçin, xahiş edirəm.

– Sırtıqlıq elədiyimə görə məni bağışlayın, acığınız tutmasın. Mən pis məqsədlə soruşmadım. Davam edirəm, mən heç də sizin dediyiniz kimi, gələcək milyoner deyiləm. Mən necə varamsa, oyam, ancaq gələcəyimə tamam arxayınam. Nə qəhrəman və nə də hami olacağam, ancaq özümü və arvadımı təmin edəcəyəm. Əlbəttə, indi mənim heç bir şeyim yoxdur, mən hətta lap uşaqlıqdan onların evində böyümüşəm…

– Necə?

– Mən Zaxlebininin arvadının uzaq qohumlarından birinin oğluyam, atam-anam öləndən sonra, səkkiz yaşımda, qoca məni götürüb saxlayıb, sonra da gimnaziyaya verib. Əgər bilmək istəsəniz, o hətta çox xeyirxah insandır.

– Mən bunu bilirəm.

– Bəli, lakin çox köhnə fikirli adamdır. Ancaq xeyirxah kişidir. İndi, əlbəttə, mən onun himayəsindən çoxdan çıxmışam; istəyirəm, özümə həyat qurum, başqalarından minnət götürməyim.

– Bəs onun himayəsindən nə vaxt çıxmısınız? – deyə Velçaninov maraqlandı.

– Dörd ay olar.

– Hə, indi hər şey aydındır: uşaqlıq dostusunuz! İşləyirsiniz?

– Bəli, xüsusi adam yanında, bir notariusun kontorunda, ayda iyirmi beş manata. Əlbəttə, bu müvəqqətidir, lakin mən ürəyimi ona açanda heç bu da yox idi. Mən o zaman dəmir yolunda, on manata işləyirdim, ancaq bütün bunlar müvəqqətidir.

– Məgər siz ona ürəyinizi açmısınız?

– Rəsmi təklif eləmişəm, çoxdan, üç həftə olar.

– Bəs nə oldu?

– Qoca güldü, sonra yaman hirsləndi, qızı yuxarıda antresola salıb qapısını bağladılar. Lakin Nadya qəhrəman kimi dözdü. Əlbəttə, uğursuzluğa səbəb o oldu ki, kişi əvvəlcədən əlimdən hirsli idi, ona görə ki, hələ dəmir yolundan dörd ay əvvəl, düzəltdiyi departamentdə işi buraxmışdım. O, yaxşı qocadır, yenə də deyirəm, evdə çox sadə və şəndir, lakin departamentə ayağı dəyən kimi, necə dəyişdiyini siz heç təsəvvür edə bilməzsiniz. Elə bil bir Yupiterdir, əyləşib! Mən, əlbəttə, onun nəzərinə çatdırdım ki, davranışı getdikcə xoşuma gəlmir, ancaq əsas məsələ şöbə rəisi müavininin üstündə oldu; bu cənab gedib şikayətlənmişdi ki, guya mən onunla «kobud danışmışam», mən isə ona ancaq bunu demişdim ki, o geri qalmış adamdır. Mən onların hamısını tulladım, indi notariusun yanında işləyirəm.

– Departamentdə çox alırdınız?

– Eh, ştatdankənar işləyirdim! Qoca da dolanmaq üçün pul verirdi; sizə deyirəm, o xeyirxahdır; lakin biz hər halda güzəştə getməyəcəyik. Əlbəttə, iyirmi beş manatla yaşamaq olmaz, lakin mən güman eləyirəm ki, tezliklə qraf Zavileyskinin baxımsız qalmış malikanələrinin idarə edilməsində iştirak edəcəyəm, onda düz üç min alacağam, ya da vəkil olacağam. İndi adam axtarırlar… Ba! Necə şimşək çaxır! Tufan olacaq; yaxşı ki, mən tufandan qabaq özümü bura çatdırdım; axı, piyada gəlmişəm, demək olar ki, qaça-qaça gəlmişəm.

– Bağışlayın, əgər belə isə, siz Nadejda Fedoseyevna ilə nə vaxt macal tapıb söhbət eləmisiniz, üstəlik də sizi heç qəbul eləmirlər?

– Hə, axı hasarın üstündən də danışmaq olar! Bayaq sarışın qızı gördünüz? – O güldü. – Bax, o da çalışır, Mariya Nikitişna da. Ancaq bu Mariya Nikitişna yaman ilandır!.. Niyə üz-gözünüzü turşudursunuz? Tufandan qorxmursunuz ki?

– Yox, mən xəstəyəm, bərk xəstəyəm… – Velçaninov, doğrudan da sinəsində birdən başlamış ağrıdan əziyyət çəkirdi, o, kreslodan qalxdı və otaqda gəzişmək istədi.

– Ax, görünür mən sizə mane oluram, narahat olmayın, bu saat gedirəm! – Gənc yerindən qalxdı.

– Mane olmursunuz, zərəri yoxdur, – Velçaninov nəzakət göstərdi.

– Necə zərəri yoxdur, bir halda ki «Kobılnikovun qarnı ağrıyır», – Şedrindəndir, yadınızdadırmı? Siz Şedrini sevirsinizmi?

– Bəli.

– Mən də. Hə, Vasili… eh, bağışlayın, Pavel Pavloviç, qurtaraq! – O az qala gülə-gülə Pavel Pavloviçə müraciət etdi, – sizin başa düşməniz üçün mən sualı formaya salıram: günü sabah qocaların qarşısında və mənim yanımda Nadejda Fedoseyevna barədə iddialarınızdan imtina etməyə razısınızmı?

– Qətiyyən razı deyiləm, – səbri tükənmiş və qızışmış Pavel Pavloviç ayağa qalxdı, – bununla belə, bir daha xahiş edirəm ki, məndən əl çəkin… çünki bütün bunlar uşaqlıq və axmaqlıqdır.

– Özünüz bilin! – Cavan oğlan lovğa-lovğa gülümsəyərək, barmağı ilə onu hədələdi, – haqq-hesabınızda yanılmayın. Bilirsinizmi, haqq-hesabda belə səhvin axırı necə olur? Mən sizə xəbərdarlıq edirəm ki, doqquz aydan sonra siz orada nəyiniz varsa xərcləyib, əziyyət çəkib, buraya qayıdanda, özünüz Nadejda Fedoseyevnadan imtina etməyə məcbur olacaqsınız, əgər imtina etməsəniz, sizin üçün pis olacaq; işi bax, bu yerə gətirib çıxaracaqsınız! Mən sizə əvvəlcədən xəbər verməliyəm ki, indi sizin vəziyyətiniz belədir; nə əldən qoyursunuz, nə də yardan doyursunuz! Bağışlayın, bunu elə-belə, müqayisə üçün deyirəm, insanpərvərcəsinə təkrar edirəm; fikirləşin, heç olmasa, həyatınızda bircə dəfə zəhmət çəkib əməlli-başlı fikirləşin.

– Xahiş edirəm mənə öyüd-nəsihət verməyin, – Pavel Pavloviç qəzəblə çığırdı, – sizin nalayiq eyhamlarınız barədə isə mən günü sabah tədbir görərəm, ciddi tədbir!

– Nalayiq eyhamlar? Siz nədən danışırsınız? Əgər ağlınıza belə fikir gəlirsə, deməli, özünüz nalayiq adamsınız. Ümumiyyətlə, mən sabahadək gözləməyə razıyam, lakin… Eh, yenə göy guruldadı! Xudahafiz, tanış olmağımıza çox şadam… – o, Velçaninova baş əyib qaçdı, görünür, tufanı qabaqlamaq istəyirdi, yağışa düşmək istəmirdi.

XV
HAQQ-HESAB

Gənc çıxan kimi, Pavel Pavloviç Velçaninovun yanına yüyürdü.

– Gördünüzmü, gördünüzmü?

– Hə, sizinki gətirmir!– Velçaninovun qəfil ağzından bu söz çıxdı. Əgər sinəsində artan ağrı ona əziyyət verməsəydi, onu qəzəbləndirməsəydi, bu sözləri deməzdi. Pavel Pavloviç oda toxunubmuş kimi diksindi.

– Hə, siz, demək, mənə yazığınız gəldiyi üçün bilərziyi qaytarmamısınız?

– Mən macal tapmamışdım.

– Səmimi bir dost, səmimi, ürəkdən yanan dost kimi?

– Hə, yazığım gəldi, – deyə Velçaninov qəzəbləndi. Lakin o, bilərziyin neca qaytarıldığını və Nadejda Fedoseyevnanın onu buna demək olar ki, zorla məcbur etdiyini qısaca Pavel Pavloviçə danışdı.

– Başa düşürsünüzmü, mən heç cür almazdım; onsuz da o qədər xoşagəlməyən işlər olmuşdu ki!

– Başınız qarışdığı üçün aldınız! – Pavel Pavloviç istehza ilə gülümsədi.

– Bu sizin tərəfinizdən səfehlikdir; əlbəttə, sizi bağışlamaq lazımdır. Axı, indi özünüz gördünüz ki, bu işdə əsas mən deyiləm, başqalarıdır.

– Hər halda başınız qarışıb.

Pavel Pavloviç oturdu və stəkanına çaxır tökdü.

– Siz güman eləyirsiniz ki, mən uşağın birinə güzəştə gedəcəyəm? Mən onu cücəyə döndərərəm, bilirsinizmi! Günü sabah gedib hər şeyi dibindən laxladaram. Mən onun uşaq canını alaram.

O, şərabı birnəfəsə içdi və yenə süzdü. Ümumiyyətlə, özünü bu vaxtadək görünməmiş dərəcədə sırtıq aparırdı.

– Eh, Nadejda və Saşenka, əziz balalar, xi-xi-xi.

O, qəzəbindən bilmirdi ki, nə eyləsin. Yenə də bərkdən göy guruldadı, göz qamaşdıran ildırım çaxdı, yağış elə bil vedrədən tökülürdü. Pavel Pavloviç ayağa qalxıb, açıq pəncərəni bağladı.

– Bayaq o sizdən soruşdu ki: «Göy gurultusundan qorxmursunuz ki?» Xi-xi. Velçaninov göy gurultusundan qorxur. Kobılnikovun, o necə oldu, Kobılnikovun… Hələ əlli yaş məsələsini demirəm, hə? Yadınızdadır? – Pavel Pavloviç rişxənd edirdi.

– Siz burada yerinizi əməlli-başlı rahatlamısınız, – Velçaninov ağrıdan güclə danışırdı – Mən uzanıram, siz isə özünüz bilərsiniz.

– Heç iti də belə havada bayıra qovmurlar. – Pavel Pavloviç incik-incik dedi, ancaq inciməyə haqqı olduğuna, demək olar ki, sevinirdi.

– Hə, oturun, için… lap gecələyin də! – deyə Velçaninov mızıldandı və inildəyə-inildəyə divana uzandı.

– Gecələmək? Bəs siz qorxmursunuz?

– Nədən? – Velçaninov birdən başını qaldırdı.

– Heç, elə-belə. Keçən dəfə siz, deyəsən, qorxan kimi oldunuz, ya da mənə elə gəldi.

– Siz səfehsiniz! – Velçaninov ozünü saxlaya bilmədi və qəzəblə üzünü divara çevirdi. Pavel Pavloviç dedi:

– Eybi yoxdur.

Xəstə uzanandan bir on dəqiqə sonra yuxuya getdi. Bu günki gərginlik, onsuz da son zamanlar çox xarablaşmış səhhətini sanki birdən-birə tamam pozmuşdu və o, bir uşaq kimi taqətdən düşmüşdü. Lakin ağrı öz işini gördü, yorğunluğa da, yuxuya da üstün gəldi: o, bir saatdan sonra oyandı və əziyyətlə divandan qalxdı. Tufan sakitləşmişdi; otağı papiros tüstüsü bürümüşdü, butulka boşalmışdı, Pavel Pavloviç iso o biri divanda yatmışdı. O soyunmadan, paltarlı-çəkməli, başını divan balışının üstünə qoyub, üzüqoylu uzanmışdı. Lorneti cibindən sürüşüb, qaytandan asılı qalmışdı, az qalırdı ki, döşəməyə dəysin. Şlyapası isə yanındaca döşəmənin üstünə düşmüşdü. Velçaninov qaşqabağını tökərək ona baxdı, ancaq oyatmadı. O, ikiqat olaraq, otaqda addımlayırdı, çünki daha uzanmağa taqəti qalmamışdı; inildəyir və ağrı barədə düşünürdü.

O, sinəsindəki bu ağrıdan boş yerə qorxmurdu. Bu ağrılar onda çoxdan əmələ gəlmişdi, ancaq çox az-az tuturdu, – bir ildən, iki ildən bir. O bilirdi ki, bu ağrılar qara ciyərindəndir. Ağrılar əvvəlcə elə bil, sinəsinin bir nöqtəsində, cinağının altında, ya da yuxarıda toplaşır, küt və zəif olurdu, ancaq əsəbiliklə içəri vururdu. Sonra ara vermədən, bəzən birdən-birə on saat, getdikcə güclənir və təzyiq elə dözülməz olurdu ki, xəstə öləcəyini güman edirdi. Axırıncı dəfə belə bir ağrı bir il qabaq olmuşdu; on saatdan sonra nəhayət, ağrı sakitləşmiş və o elə taqətdən düşmüşdü ki, yataqda uzandığı halda qolunu güclə qaldıra bilirdi, həkim bütün günü ona ancaq bir neçə çay qaşığı açıq rəngli çay və südəmər uşaq kimi, ət suyunda isladılmış bir tikə çörək vermişdi. Bu ağrı müxtəlif təsadüflərdən baş verirdi, lakin həmişə əsəbləri pozulanda başlayırdı. Keçməsi də qəribə idi: bəzən elə olurdu ki, lap təzə başlayanda, üstünə isti şey qoyur və ağrı yarım saatın içində keçib-gedirdi, bəzən isə axırıncısı kimi, heç bir şey kömək eləmirdi, ağrı xeyli qusandan sonra sakitləşirdi. Həkim sonra etiraf etmişdi ki, bunun zəhərlənmə olmasına şübhəsi yoxdu. İndi isə səhərə hələ çox qalırdı, gecə ikən həkim dalınca adam göndərmək istəmirdi, bir də həkimləri heç sevmirdi. Nəhayət, o dözməyib, bərkdən inildəməyə başladı. İnilti Pavel Pavloviçi oyatdı; o qalxdı və bir müddət oturub, qorxu içərisində qulaq verdi, o heyrətlə az qala, otaqları bir-birinə vuran Velçaninova baxırdı. İçdiyi şərab, görünür, ona həmişəkindən bərk təsir etmişdi, uzun müddət heç bir şey başa düşmədi; nəhayət, işin nə yerdə olduğunu başa düşdü və Velçaninovun üstünə cumdu; Velçaninov cavabında ona nə isə mızıldadı.

– Qara ciyəriniz ağrıyır, mən bunu bilirəm! – Pavel Pavloviç birdən dirçəldi – Pyotr Kuzmiç Polosuxin də belə olurdu, qara ciyərindəndi. Gərək isti şey qoyasınız. Pyotr Kuzmiç də həmişə isti şey qoyurdu… Bundan adam ölə bilər! Mən Mavranın dalınca gedim, hə?

– Lazım deyil! Lazım deyil, – Velçaninov əsəbiliklə əlini çırpdı. – Heç bir şey lazım deyil.

Pavel Pavloviç, allah bilir, nədənsə özünü lap itirmişdi, sanki doğma oğlunu xilas etmək lazımdı. O, Velçaninovun sözünə qulaq asmırdı, var gücü ilə təkid edirdi ki, döşünə isti şey qoysun və iki-üç fincan açıq çay içsin, «ancaq isti yox, qaynar çay!» O, icazə almadan Mavranın dalınca qaçdı, onunla birlikdə həmişə boş olan mətbəxdə od yandırdı, samovara od saldı. Bu ara xəstəni də yerinə uzatdı, üst paltarlarını çıxartdı, adyala bürüdü, iyirmi dəqiqənin içərisində çay da, isti şey də hazır oldu.

O qızdırılıb, dəsmala sarınmış nimçəni Velçaninovun xəstə sinəsinə qoyaraq, az qala sevinclə dedi:

– Bu qızdırılmış, qızmar nimçədir! Başqa şey yoxdur, həm də uzun çəkər, nimçə isə, and içirəm ki, hamısından yaxşıdır, Pyotr Kuzmiçdə öz gözlərimlə görmüşəm, öz əllərimlə sınamışam. Axı, adam ölə bilər! Çay için, qurtum-qurtum için; sinənizi yandıracağınızdan çəkinməyin; həyat şıqlıqdan qiymətlidir…

O, yuxulu Mavranı tələsdirirdi, hər üç-dörd dəqiqədən bir nimçələr dəyişdirilirdi. Üçüncü nimçədən və tez-tez içilən iki fincan qaynar çaydan sonra Velçaninov yüngüllük hiss elədi.

– Əgər ağrı azalırsa, demək, allaha şükür, yaxşı əlamətdir! – Pavel Pavloviç təzədən nimçə və çay gətirmək üçün yüyürdü.

– Təkcə ağrını kəsmək lazımdır, ağrını çıxarmalıyıq, – deyə o hər dəqiqə təkrar edirdi.

Yarım saatdan sonra ağrı tamam azaldı, lakin xəstə elə üzülmüşdü ki, Pavel Pavloviç nə qədər yalvardısa da, o «bir nimçə də qoyulmasına» razılıq vermədi. Zəiflikdən gözləri yumulurdu.

– Yatmaq istəyirəm, yatmaq istəyirəm, – zəif səslə təkrar edirdi.

– Yatmaq da lazımdır! – Pavel Pavloviç razılaşdı.

– Siz yatın… saat neçədir?

– İkiyə az qalıb, on beş dəqiqə.

– Yatın, yatın.

– Bir dəqiqədən sonra xəstə yenə Pavel Pavloviçi səslədi.

Pavel Pavloviç yüyürə-yüyürə gəlib onun başının üstündə dayananda dedi:

– Siz, siz məndən yaxşısınız! Mən hamısını başa düşürəm, hamısını… minnətdaram.

– Yatın, yatın, – deyə Pavel Pavloviç pıçıldadı və barmaqları üstə öz divanına tərəf getdi.

Xəstə yuxuya gedə-gedə, Pavel Pavloviçin sakitcə yatağını necə düzəltdiyini, soyunduğunu, nəhayət, şamı söndürdüyünü və səs salmamaq üçün yavaş-yavaş nəfəs alaraq, divana necə uzandığını hələ eşidirdi.

Velçaninov yatmışdı, özü də şam söndürüləndən sonra çox tez yuxuya getmişdi; sonra o bunu aydın xatırlayırdı. Lakin yatdığı vaxtdan, oyandığı dəqiqəyədək, yuxuda görürdü ki, o yatmayıb və çox zəifləməsinə baxmayaraq, heç cür yuxuya gedə bilmir. Nəhayət, yuxuda gördü ki, ayıqlıqda sayıqlayır və yer-yerdən üstünə hücum çəkən qarabasmaları heç cür qova bilmir, halbuki bunların həqiqət deyil, ancaq yuxu olduğunu yaxşı başa düşürdü. Onun gözünə görünənlərin hamısı tanışdı; otağı sanki adamla dolu idi, dəhlizin qapısı isə açıq idi, adamlar dəstə-dəstə içəri girir və pilləkənin üstünə toplaşırdılar. Otağın ortasına qoyulmuş stolun arxasında o zaman, bir ay qabaq, elə bu cür yuxuda gördüyü kimi, bir adam oturmuşdu. O zaman olduğu kimi, bu adam stola dirsəklənib oturmuşdu, danışmaq istəmirdi, lakin o indi krepli girdə şlyapa qoymuşdu. «Necə? Doğrudanmı o adam da Pavel Pavlobiç idi?» – deyə Velçaninov düşündü, lakin dinməz-söyləməz əyləşmiş adamın üzünə baxanda gördü ki, bu tamam başqa adamdır. «Bəs niyə onun krepi var?» – deyə Velçaninov təəccübləndi. Stolun başına toplaşmış adamların qopardığı səs-küy, hənirti və çığırtı-bağırtı dəhşətli idi. Elə bil bu adamlar o zaman, o biri yuxudakına nisbətən, Velçaninova daha çox qəzəblənmişdilər, onlar əl-qollarını ölçərək Velçaninovu hədələyir və var gücləri ilə nə barədə isə çığırırdılar, ancaq nə dediklərini Velçaninov heç cur ayırd elə bilmirdi. O fikirləşirdi! «Axı bu sayıqlamadır, axı mən bilirəm! Mən bilirəm ki, yuxulaya bilmirəm və indi ona görə qalxmışam ki, qüssədən uzana bilmirəm!..» Lakin adamların çığırtısı və onların hərəkətləri və hər şey elə açıq-aydın və elə gerçək idi ki, hərdən onu şübhə götürürdü: «Doğrudanmı bu sayıqlamadır? Pərvərdigara, bu adamlar məndən nə istəyirlər? Əgər bu sayıqlama deyilsə, bəs niyə səs-küyə Pavel Pavloviç yuxudan ayılmır? Axı o yatıb, orada divanın üstündə yatıb?» Nəhayət birdən nə isə oldu, yenə o zaman, o yuxuda olan kimi, hamı pilləkənin üstünə hücum çəkdi və qapının ağzında basabas düşdü, çünki pilləkənlə dəstə-dəstə adam qalxırdı. Bu adamlar özləri ilə nə isə gətirirdilər, böyük və ağır bir şey idi. Pillələrdə şey gətirənlərin ağır ayaq səsləri eşidilirdi, onlar təngnəfəs bir-birlərini səsləyirdilər. Otaqda hamı çığırdı: «Gətirirlər, gətirirlər!», hamının gözü parıldadı, Velçaninova zilləndi, hamı hədələyə-hədələyə, sevinə-sevinə ona pilləkənin üstünü göstərirdi. Bunun sayıqlama yox, həqiqət olduğuna onun zərrə qədər şübhəsi qalmamışdı; o, barmaqları üstə qalxaraq, adamların başı üstündən nə gətirdiklərini görməyə çalışdı. Ürəyi hey döyünür, döyünür, döyünürdü. Birdən o zaman, həmin yuxuda olduğu kimi, zəng üç dəfə bərkdən səsləndi. Yenə də zəng elə aydın və gerçək səsləndi ki, əlbəttə, yuxuda belə zəng səsi eşitmək olmazdı!.. O çığırdı və yuxudan ayıldı.

Lakin o, keçən dəfəki kimi qapıya yüyürmədi. Onun birinci hərəkətinə hansı fikir istiqamət verdi, (həm də o anda onun bir fikri vardımı) lakin elə bil kimsə ona dedi ki, nə etmək lazımdır; o, yatağından sıçrayıb qalxdı, qorunurmuş kimi, hücumun qabağını alırmış kimi, əllərini qabağa uzadaraq, düz Pavel Pavloviçin yatdığı yerə tərəf getdi. Onun əlləri başı üstünə uzadılmış başqa ələ dəydi və o, bu əli möhkəm-möhkəm tutdu. Demək, kim isə əyilib, onun başı üstündə durmuşdu. Qalın pərdələr salınmışdı, lakin tamam qaranlıq deyildi, çünki pərdəsiz o biri otaqdan bu otağa zəif işıq düşürdü. Birdən nə isə bir şey onun ovçunu və sol əlinin barmaqlarını kəsdi və bərk ağrıtdı, o dərhal başa düşdü ki, tutduğu bıçaq və ya ülkücdür və onu əli ilə möhkəm sıxdı… Həmin anda nə isə şappıltı ilə döşəməyə düşdü.

Velçaninov Pavel Pavloviçdən bəlkə üç qat güclü idi, lakin onların arasında vuruşma uzun çəkdi, üç dəqiqə güləşdilər. O tezliklə Pavel Pavloviçi doşəməyə basdı və qollarını dalında burdu, o nə üçün isə hökmən onun qollarını bağlamaq istəyirdi. O, yaralı sol əli ilə qatili tutaraq, sağ əli ilə pəncərə pərdəsinin qaytanını axtarmağa başladı və uzun müddət onu tapa bilmədi. Nəhayət, tapdı və çəkib qırdı. Bunun üçün nə qədər çox güc tələb olunduğuna sonra özü də təəccüblənirdi. Bu üç dəqiqə ərzində nə o, nə də o birisi bir kəlmə də danışdılar; yalnız ağır nəfəsləri və boğuq tappıltı eşidilirdi. Nəhayət, Pavel Pavloviçin qollarını burub, dalında bağladıqdan sonra, Velçaninov onu döşəmənin üstünə atdı, ayağa qalxıb, qalın pərdələri qaldırdı. Boş küçə artıq işıqlanmışdı. O, pəncərəni açıb, bir neçə an dərindən nəfəs aldı. Artıq saat beşə işləyirdi. Pəncərəni örtüb, tələsmədən şkafa tərəf getdi, oradan təmiz dəsmal çıxarıb, bərk-bərk sol əlini sarıdı ki, qanı dayansın. Ayağının altında ağzıaçıq ülgüc qaldı, o, xalçanın üstünə düşmüşdü. Velçaninov onu götürdü, qatlayıb, səhər yadından çıxarıb, Pavel Pavloviçin yatdığı divanın yanındakı balaca stolun üstündə qoyduğu ülgüc qutusuna qoydu və yeşiyə atıb açarla bağladı. Bunları eləyəndən sonra Pavel Pavloviçə yaxınlaşdı v onu süzdü.

Bu müddət ərzində Pavel Pavloviç güc-bəla xalçanın üstündən qalxıb, kresloda oturmuşdu. O geyinməmişdi, alt paltardaydı, hətta çəkməsiz idi. Köynəyinin çiyni və qolları qana bulaşmışdı; lakin bu onun qanı deyildi, Velçaninovun kəsilmiş əlindən batmışdı. Əlbəttə, bu, Pavel Pavloviç idi, ancaq adam qəfil rast gəlsəydi, ilk dəqiqədə onu tanıya bilməzdi – sir-sifəti o qədər dəyişmişdi. Qolları dalında bağlandığından kresloda naqolay, dik oturmuşdu, əzablı sifəti büzüşmüş və göyərmişdi, arabir səksənirdi. O, tutqun və sanki heç bir şeyi ayırd edə bilməyən gözünü Velçaninova zilləyib baxırdı. Birdən o, küt-küt gülümsədi və başı ilə stolun üstündəki su qrafininə işarə edərək, pıçıltı ilə qısaca dedi:

– Su istəyirəm.

Velçaninov su tökdü və özü ona içirtdi. Pavel Pavloviç həris-həris içdi, üç qurtum içəndən sonra başını qaldırıb əlində stəkan, onun qarşısında durmuş Velçaninovun sifətinə diqqətlə baxdı, lakin heç bir söz demədi, yenə içməyə başladı. İçib doyandan sonra dərindən nəfəs aldı. Velçaninov balıncını və üst paltarlarını götürüb, o biri otağa keçdi. Pavel Pavloviçi birinci otaqda qoyub, qapını qıfılladı.

Bayaqkı ağrı tamam keçmişdi, ancaq indi, gərgin əlbəyaxadan sonra, – allah bilir, bu güc ona haradan gəlmişdi, – özünü yenə çox zəif hiss edirdi. O, olub-keçənləri götür-qoy eləməyə çalışdı, lakin hələ fikrini cəmləşdirə bilmirdi. Çox bərk sarsılmışdı. Gözləri, bəzən on dəqiqəliyə yumulurdu, lakin birdən diksinib oyanır, hər şeyi xatırlayıb, qandan islanmış dəsmala sarınmış ağrıyan əlini qaldırır, qarma-qarışıq və həyəcanla düşünürdü. O yalnız bir şeyi aydın qət etmişdi: Pavel Pavloviç doğrudan da onun başını kəsmək istəyirmiş, ancaq on beş dəqiqə qabaq bunu, çox güman, özü də bilmirmiş. Ülgüc qutusu axşam onun gözünə dəyə bilərdi, lakin onda heç bir fikir oyatmamışdı, yalnız xatirində qalmışdı. (Ülgüclər həmişə yeşikdə, qıfıllı olurdu, yalnız dünən səhər Velçaninov çıxarmışdı ki, bəzən etdiyi kimi, bığlarının və bakenbardının uzanmış tüklərini qırxsın.)


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации