Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 13

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 13 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +

– Yaman qoçaq qızsan!

– Eh, heç bilirsən necə qor-xur-dum… – Knyajna səsini uzatdı. – Bilirsən ona nə üçün yaxınlaşdım?

– Nə üçün?

– Çünki sən baxırdın. Elə ki, gordüm sən baxırsan, dedim ki, eh, cəhənnəmə, nə olur-olsun, yaxınlaşacağam. Səni qorxutdum, hə? Mənim üçün qorxurdun?

– Yaman qorxurdum.

– Görürdüm. Falstafka gedəndə heç bilirsən necə sevinirdim! İlahi, o çıxıb gedəndən sonra canıma elə qorxu düşmüşdü ki! Yırtıcının biri yırtıcı. Canıma yaman qorxu salmışdı!

Knyajna bu sözləri deyə-deyə əsəbiliklə gülürdü; sonra başını hövl ilə qaldırıb, diqqətlə mənə baxdı. İnci dənəsi kimi göz yaşları onun uzun kirpiklərində titrəyirdi.

– Axı səndə nə var, nə üçün mən sənə belə vurulmuşam? Sən allah buna bax, sifətinin qanı qaçıb, saçları sapsarı, özü də ki, axmaq, ağlağan, gözləri gömgöy, mənim zavallı ye…ti…mim!!!

Katya yenə də əyilib məni dönə-dönə öpməyə başladı. Gözlərinin yaşından bir neçə damcı yanaqlarıma düşdü. O, son dərəcə həyəcanlı idi.

– Bir tərəfdən səni bərk sevirdim, o biri tərəfdən də fikirləşirdim ki, yox, qətiyyən yox! Ona deməyəcəyəm, yaman tərslik eləyirdim! Heç bilmirdim nə üçün səndən qorxurdum, niyə səndən xəcalət çəkirdim! Bir bax, gör indi ikimiz də necə yüngülləşmişik!

– Katya! Bilsəydin mənim üçün neçə ağırdır! – Sevincimdən dəli olmuş kimi dilləndim. – Ürəyim parça-parça olur!

– Hə, Netoçka! Dalına qulaq as… hə, bura bax, kim sənin adını Netoçka qoyub?

– Anam!

– Sən anan barəsində hər şeyi mənə danışacaqsanmı?

– Hər şeyi, hər şeyi, – mən sevinclə cavab verdim.

– Bəs sən mənim iki krujevalı yaylığımı neyləmisən? Lentimi niyə götürmüsən? Ay səni, utanmaz! Axı mən bunu bilirəm.

Mən güldüm, qızarıb doluxsundum.

– Dedim ki, yox, onu incidəcəyəm, qoy dözsün. Bəzən də öz-özümə fikirləşirdim: mən ki, onu heç sevmirəm, ondan lap zəhləm gedir. Amma sən yaman dilsiz-ağızsızsan, mənim balaca quzum! Heç bilirsən necə qorxurdum, qorxurdum ki, mənim axmaq olduğumu fikirləşəsən! Sən ağıllısan. Netoçka, axı sən çox ağıllısan. Elə deyilmi? hə?

– Eh, nə danışırsan, Katya! – Mən az qala ondan inciyəcəkdim.

– Yox, sən ağıllısan, – Katya qətiyyət və ciddiyyətlə təkrar etdi. – Bunu mən bilirəm. Ancaq bir gün səhər yuxudan duranda birdən-birə səni elə sevdim ki, daha nə deyim. Gecəni səhərə qədər yuxuda səninlə əlləşmişdim. Fikirləşirdim ki, anamdan xahiş edəcəyəm həmişəlik onun yanında qalım. Deyirdim ki, Netoçkanı sevməyəcəyəm, istəmirəm! O biri axşam isə yatanda fikirləşirdim; kaş o yenə gələydi, kaş keçən gecəki kimi yenə yanıma gələydi, sən də gəldin! Ah, biz nə yaman utanmazıq, Netoçka!

– Axı sən niyə məni sevmək istəmirdin?

– Elə-belə… Eh, gör nə deyirəm! Axı, mən səni həmişə sevmişəm! Həmişə! Axırda lap səbrim tükənmişdi. Öz-özümə deyirdim ki, onu öpə-öpə boğacağam, ya da ki, çimdikləyə-çimdikləyə öldürəcəyəm. Bax belə, axmağın biri axmaq!

Knyajna məni çimdiklədi.

– Yadındamı, ayaqqabının bağını bağlayırdım?

– Yadımdadır.

– Mənim də yadımdadır; xoşun gəlirdimi? Sənə baxa-baxa fikirləşirdim: nə yaxşı qızdır, qoy onun ayaqqabısını bağlayım, görəsən, nə fikirləşəcək! Elə mənim özümdə yüngülləşdim. Vallah, səninlə öpüşmək istəyirdim… Ancaq nədənsə öpmədim. Sonra öz hərəkətlərim özümə elə gülməli gəldi ki, elə gülməli gəldi ki, daha nə deyim! Yolda da, gəzdiyimiz vaxt, öz-özümə qəhqəhə çəkib gülmək istəyirdim. Sənə baxa bilmirdim, çox gülməli idi. Mənim əvəzimdə səni zindana salanda bilirsən necə sevinirdim!

Boş otağa «zindan» deyirdilər.

– Qorxurdun?

– Yaman qorxurdum.

– Məni sevindirən təqsiri öz boynuna götürməyin deyildi, sevinirdim ki, mənim əvəzimdə zindana sən salınacaqsan? Oturub fikirləşirdim: indi yəqin gözünün yaşını tökür, amma mən onu çox sevirəm! Sabah onu elə öpəcəyəm ki, elə öpəcəyəm ki! Ancaq ağlasam da, sənə heç yazığım gəlmirdi, vallah yazığım gəlmirdi.

– Amma mən heç ağlamırdım, sevinirdim!

– Ağlamırdın? Ay pis qız! – Knyajna qışqırıb məni bərk öpdü.

– Katya, Katya! İlahi, sən nə yaxşı qızsan!

– Doğru demirəmmi? Hə, indi nə istəsən mənə eləyə bilərsən! İncit, çimdiklə! Sən allah, çimdiklə! Əzizim, çimdiklə!

– Ay nadinc!

– Sonra nə deyirsən?

– Axmaq…

– Sonra?

– Sonra isə məni öp.

Biz də öpüşür, ağlayır, gülürdük. O qədər öpüşdük ki, axırda dodaqlarımız şişdi.

– Netoçka! Əvvəla, yatmağa həmişə mənim yanıma gələcəksən. Sən öpüşməyi sevirsənmi? Onda öpüşəcəyik. İkincisi də sənin belə kədərli olmağını istəmirəm. Sən niyə darıxırdın? Mənə danışacaqsanmı? Hə?

– Hər şeyi danışacağam! Ancaq mən daha darıxmıram, çox şadam.

– Görərsən, sənin də yanaqların mənimki kimi qırmızı olacaq. Ah, kaş səhər tez açılaydı! Sən yatmaq istəyirsənmi, Netoçka?

– Yox.

– Onda gəl söhbət eləyək.

Biz, beləliklə, bir-iki saat da söhbət elədik. Allah bilir ki, daha nələr danışdıq! Əvvəla, knyajna özünün bütün gələcək planlarını və indiki vəziyyətini mənə danışdı. Bildim ki, o atasını hamıdan artıq, hətta demək olar, məndən də artıq istəyir. Sonra ikimiz də danışıb qərara gəldik ki, madam Leotar çox yaxşı qadındır, özü də qətiyyən tələbkar deyil. Bundan sonra da sabah, o biri gün nələr edəcəyimizi, ümumiyyətlə, iyirmi ilə qədər gələcəkdə görəcəyimiz işləri məsləhətləşib qərarlaşdıq. Katya deyirdi ki, biz belə yaşamalıyıq: guya, bir gün o əmr edəcək, mən tabe olacağam, ertəsi gün əksinə – mən əmr edəcəyəm, o dinməz-söyləməz itaət edəcəkdir; sonra isə ikilikdə bir-birimizə, bərabər əmr edəcəyik. Əgər ikimizdən birimiz qəsdən itaətdən çıxsa, onda əvvəlcə elə-belə, yalandan küsəcəyik, sonra da tələsik bir bəhanə tapıb barışacağıq. Qərəz ki, irəlidə bizi sonsuz bir səadət gözləyirdi. Nəhayət, danışmaqdan yorulduq, mən yavaş-yavaş xumarlanmağa başladım. Katya gülüb məni ələ salırdı ki, yaman yatağanam, amma özü məndən tez yatdı. Səhər ikimiz də birdən oyandıq. Tələsik öpüşdük, çünki otağa gələn vardı, sonra mən tez qaçıb öz çarpayıma uzandım.

Biz, sevindiyimizdən bütün günü bir-birimizlə necə rəftar edəcəyimizi bilmirdik. Gizlənir, hamıdan qaçır, daha çox yad nəzərlərdən qorunurduq. Nəhayət, mən öz əhvalatımı açıb ona danışmağa başladım. Katya mənim hekayətimdən sarsılıb göz yaşı tökürdü.

– Sən nə yaman pis qızsan! Bəs bunu niyə mənə əvvəlcədən danışmamısan? Səni elə sevərdim, elə sevərdim ki! Küçədəki oğlanlar səni bərk vururdular?

– Hə, bərk vururdular. Onlardan yaman qorxurdum!

– Ah, pis uşaqlar! Bilirsənmi, Netoçka, mən bir oğlanın başqasını necə döydüyünü küçədə öz gözümlə görmüşəm. Sabah Falstafın şallağını xəlvəti götürəcəyəm. Küçədə elə uşaqlardan biri qabağıma çıxsa, o qədər döyəcəyəm ki, gücüm çatana qədər!

Qəzəbdən onun gözləri parıldayırdı.

İçəri bir adam girəndə biz diksinirdik. Qorxurduq ki, bizi öpüşən yerdə görərlər. O gün biz ən azı yüz dəfə öpüşmüşdük. Beləliklə bu gün də, sabah da ötüb-keçdi. Qorxurdum ki, sevincimdən bağrım çatlaya, xoşbəxtlikdən nəfəsim tutulurdu. Ancaq bizim bu xoşbəxtliyimiz uzun sürmədi.

Madam Leotar knyajnanın hər bir hərəkəti barədə məlumat verməli idi. O bizə üç gün nəzarət yetirdi, bu üç günün ərzində danışmaq üçün çox söz topladı. Nəhayət, o, knyaginyanın yanına gedib müşahidə etdiklərinin hamısını ona danışdı, – xəbər verdi ki, üç gündür dəli kimi olub bir-birimizdan ayrılmırıq, dəqiqəbaşı öpüşürük, ağlayırıq, sərsəm adamlar kimi qəhqəhə çəkib gülürük, yorulmaq bilmədən danışırıq, halbuki, əvvəllər belə şeylər yox idi, buna görə də bunun mənasını yozmaqda çətinlik çəkir, lakin ona elə gəlir ki, knyajna nə isə əsəbi bir böhran keçirir, nəhayət, onun məsləhətinə qalsa, biz az-az görüşsək yaxşı olar.

– Mən özüm də elə çoxdan bu fikirdəyəm, – knyaginya cavab verdi. – Mən bilirdim ki, bu qəribə yetim qızın əziyyəti çox olacaq. Onun haqqında, onun keçmiş həyatı haqqında mənə danışılanlar dəhşətdir, böyük bir dəhşət! O, Katyaya açıq-açığına təsir göstərir. Deyirsiniz ki, Katya onu çox sevir?

– Misilsiz dərəcədə.

Knyaginya acığından qızardı. O, artıq öz qızını mənə qısqanırdı.

– Bu təbii hal deyil, – o davam etdi. – Əvvəllər onlar bir-birinə çox yad idilər, onu da etiraf edim ki, bu hal məni sevindirirdi. O, yetimçə nə qədər balaca olsa da mən ona etibar edə bilmərəm. Məni başa düşürsünüzmü? Çünki o öz tərbiyəsini, öz vərdişlərini, kim bilir, bəlkə də həyat qanunlarını ana südü ilə əmib. Heç başa düşə bilmirəm ki, knyaz bu qızda nə görüb? Min dəfə təklif etmişəm ki, onu pansiona versinlər.

Madam Leotar məni müdafiə etmək fikrinə düşsə də knyaginya bizi bir-birimizdən ayırmağı qət etdi. O dəqiqə Katyanın dalınca adam göndərdi və elə aşağıdaca ona bildirdi ki, gələn bazar gününədək, yəni düz bir həftə məni görməyəcəkdir.

Məsələnin nə yerdə olduğunu axşam öyrəndim və dəhşətə gəldim; Katyanın fikrini çəkirdim, mənə elə gəlirdi ki, o bizim bu ayrılmağımıza dözə bilməyəcəkdir. Qüssənin, kədərin gücündən mən lap dəli olmuşdum. Bunun nəticəsində gecə xəstələndim; ertəsi gün səhər knyaz yanıma gəlib qulağıma pıçıldadı ki, ümidimi itirməyim. Doğrudan da o, vəziyyəti düzəltmək üçün bütün qüvvəsini sərf etdi, lakin əbəs idi, knyaginya qərarından dönmədi. Mən get-gedə ümidsizləşməyə başladım, dərddən az qalırdı bağrım çatlasın.

Üçüncü gün səhər Nastya Katyadan mənə məktub gətirdi. Katya karandaşla, özü də tələsik cızma-qara yazmışdı:

«Mən səni çox sevirəm. Maman-ın yanında oturub, hey fikirləşirəm ki, sənin yanına necə qaçım. Ancaq qaçacağam– dedim vəssalam, ona görə də ağlama. Yaz görüm məni necə sevirsən. Mən bütün gecəni yuxuda səni qucaqlamışam, çox əziyyət çəkmişəm, Netoçka. Sənə konfet göndərirəm. Əlvida».

Mən də elə bu səpkidə cavab verdim. Bütün günü Katyanın məktubuna baxıb ağladım. Madam Leotar öz nəvazişilə məni lap əldən salmışdı. Axşam eşitdim ki, o, knyazın yanına gedib, əgər Katya ilə görüşməsəm, mütləq üçüncü dəfə xəstələnəcəyimi demişdi. Məsələnin nə yerdə olduğunu knyaginyaya xəbər verməsinə də peşman olduğunu bildirmişdi. Mən elə hey Nastyadan soruşurdum, Katya necədir? O mənə deyirdi ki, Katya ağlamır, ancaq rəngi yaman solğundur.

Ertəsi gün səhər Nastya qulağıma pıçıldadı:

– Zati-alilərinin kabinetinə gedin. Sağ tərəfdən pillələrdən enərsiniz.

Əvvəlcə ürəyimə dolan sevinc hissi məni dirçəltdi. İntizardan nəfəsim tutula-tutula aşağı yüyürüb kabinetin qapısını açdım. O, yox idi. Birdən Katya arxadan məni qucaqlayıb çılğınlıqla öpdü. Gülüş, göz yaşları… Katya bir anda mənim qollarımın arasından çıxıb mişovul kimi atasının çiyinlərinə dırmaşdı, ancaq özünü saxlaya bilməyib divanın üstünə atlandı. Knyaz da divana yıxıldı. Knyajna sevincindən ağlayırdı.

– Ata, sən nə yaxşı adamsan, ata!

– Ay, sizə nə deyim, nadinclər! Axı sizə nə olub? Bu nə dostluqdur? Bu nə məhəbbətdir?

– Sus, ata, sən bizim işlərdən xəbərdar deyilsən. Biz yenə də atılıb bir-birimizi qucaqladıq.

Mən onu yaxından nəzərdən keçirməyə başladım. Üç günün içində qız sınıxmışdı. Yanaqlarının qızartısı çəkilmişdi. Bənizi solmuşdu. Mən kədərimdən özümü saxlaya bilməyib ağlamağa başladım.

Nəhayət, Nastya qapını tıqqıldatdı. Bu o demək idi ki, Katyanı axtarırlar, onun harada olduğunu soruşurlar. Katya meyit kimi saraldı.

– Bəsdir, uşaqlar. Biz hər gun belə görüşəcəyik. Sağlıqla qalın, allah köməyiniz olsun! – Knyaz bizi ötürdü.

O bizim hərəkətlərimizi görüb mütəəssir olmuşdu. Ancaq o, hər şeyi nəzərə ala bilməmişdi. Axşam Moskvadan xəbər gəldi ki, balaca Saşa qəflətən xəstələnib və çox ağır haldadır. Knyaginya günü sabah yola düşmək qərarına gəlmişdi. Bu elə gözlənilməz olmuşdu ki, mən knyajna ilə görüşüb vidalaşana qədər heç bir şeydən xəbər tutmamışdım. Bizim görüşməyimizi knyazın özü təkid etmiş, knyaginya da məcbur olub razılıq vermişdi. Knyajna ölü kimi süst idi. Mən başımı itirərək, aşağı yüyürüb onun boynuna atıldım. Səfər kareti artıq qapıda gözləyirdi. Katya məni görən kimi qışqırıb özündən getdi. Mən özümü onun üstünə atıb öpməyə başladım. Knyaginya onu huşa gətirməyə çalışırdı. Nəhayət, o ayılıb məni yenidən qucaqladı.

– Sağlıqla qal, Netoçka! – O, anlaşılmaz bir ifadə ilə güldü. – Məndən nigaran qalma, boş şeydir; mən xəstə deyiləm, bir aydan sonra qayıdacağam. Onda artıq bir-birimizdən ayrılmayacayıq.

– Daha bəsdir, – knyaginya sakitcə bildirdi. – Gedək! Lakin knyajna bir də qayıtdı. O məni qucaqlayıb bərk-bərk bağrına basdı.

– Mənim həyatım! – O məni qucaqlayaraq pıçıldadı. – Salamat qal!

Biz son dəfə öpüşdük və knyajna getdi, uzun müddətə çıxıb getdi. Bizim yenidən görüşməyimiz səkkiz il çəkdi!

Mən özüm uşaqlıq illərimdə baş vermiş bu epizodu, Katyanın ilk dəfə mənim həyatıma daxil olmasını qəsdən belə ətraflı danışdım. Ancaq onu da deyim ki, bizim talelərimizi bir-birindən ayırmaq olmaz. Onun macərası mənim macəramdır. Sanki onunla görüşmək, mənim alnıma yazılmışdı; elə bil ki, məni axtarıb tapmaq da onun taleyinə yazılmışdı. Bundan başqa şirin uşaqlıq illərini bir daha xatırlamaq mənə zövq verirdi… İndi mənim hekayətim sürətlə gedəcək. Həyatım gözlənilmədən nə isə bir sakitliyə uğradı, on altı yaşım tamam olandan sonra mən sanki yenidən ayıldım…

Ancaq əsas məsələyə keçməmişdən əvvəl, knyazın ailəsi Moskvaya köçəndən sonra, başıma nələr gəldiyini bir neçə sözlə nəql etmək istəyirəm.

Mən madam Leotarla qaldım.

İki həftədən sonra Moskvadan adam gəlib, xəbər verdi ki, "Peterburqa qayıtmaq məsələsi qeyri-müəyyən bir vaxtadək təxirə salınmışdır. Madam Leotar ailə vəziyyətinə görə Moskvaya gedə bilmədiyi üçün kynazın evindəki işi də, bununla qurtardı, lakin o həmin ailədə qaldı. Daha doğrusu, knyaginyanın böyük qızı Aleksandra Mixaylovanın yanına köçdü.

Mən hələ Aleksandra Mixaylovna haqqında heç bir söz deməmişəm, çünki onu cəmi bircə dəfə görmüşəm. O, knyaginyanın birinci ərindəndi. Knyaginyanın əsil-nəsəbi o qədər də məlum deyildi; onun birinci əri tacirdi. Knyaginya ikinci dəfə ərə gedəndə böyük qızını nə edəcəyini bilmirdi. Əlbəttə, onu yaxşı bir yerə ərə vermək haqqında düşünmək əsassız idi. Ancaq cehizi pis deyildi. Nəhayət, dörd il əvvəl onu varlı və mənsəbli bir adama ərə verə bilmişdilər. Beləliklə, Aleksandra Mixaylovna tamamilə başqa bir cəmiyyətə düşüb, ətrafında başqa bir adam gördü. Knyaginya ildə iki dəfə onun yanına görüşə gedirdi; atalığı knyaz isə Katya ilə birlikdə hər həftə ona baş çəkirdi. Lakin son zamanlar knyaginya nədənsə Katyanı bacısının yanına qoymaq istəmirdi. Buna görə də knyaz onu xəlvəti aparırdı. Katya bacısını çox sevirdi. Lakin onlar tamam başqa xasiyyətli adamlar idilər. Aleksandra Mixaylovna iyirmi iki yaşlı, sakit, nəvazişkar və səmimi bir qadın idi; onun sifətinin gözəl cizgilərinə nə isə gizli bir qüssə, nə isə daxili bir ürəkağrısı sərt ifadə verirdi. Bu, ciddilik və sərtlik, uşağa yas yaraşmayan kimi, onun da mələk simasına heç yaraşmırdı. Ona bir dəfə baxan kimi dərin bir rəğbət hiss etməmək mümkün deyildi. O çox solğun idi, deyirdilər ki, guya mən onu ilk dəfə görən vaxtlarda hətta verəm xəstəliyi qorxusu da varmış. O çox tənha yaşayardı və başına qonaq-qara toplamağı sevməzdi, özü də rahibələr kimi adam arasına çıxmazdı. Uşaqları da yox idi. Yadımdadır. Bir dəfə o, madam Leotarın yanına gəlmişdi. Mənə yaxınlaşıb dərin bir hiss ilə məni öpdü. Onun yanında arğaz və xeyli yaşlı bir kişi vardı. O məni görəndə gözləri yaşardı. Bu skripkaçı B. idi.. Aleksandra Mixaylovna məni qucaqlayıb soruşdu ki, onun yanında yaşamaq və onun qızı olmaq istəyirəmmi? Üzünə baxan kimi mənim Katyamın bacısını tanıyıb, bütün köksümü sızıldadan dərin bir ürək ağrısı ilə onu qucaqladım… Sanki kim isə başımın üstündə dayanıb yenidən deyirdi: «Yetimçə!..» Bu sözlərdən sonra Aleksandra Mixaylovna knyazın göndərdiyi məktubu mənə göstərdi. Məktubda mənə də bir neçə sətir yazılmışdı. Mən knyazın sözlərini oxuyub boğuq bir səslə hıçqırdım. O mənə xeyir-dua verib uzun ömür və xoşbəxtlik arzulayırdı. Xahiş edirdi ki, onun o biri qızını da sevim, Katya da mənə bir neçə sətir yazmışdı. O deyirdi ki, daha anasından ayrılmır!

Beləliklə, axşam mən başqa bir ailəyə, başqa bir evə, yeni adamların yanına köçdüm, ikinci dəfə mənim üçün əziz və doğma olan şeyləri ürəyimdən qoparıb atmalı oldum. Mən ora gələndə qüssədən ürəyim parçalanırdı, lap əldən düşmüşdüm. Bundan sonrakı söhbətimdə tamamilə yeni bir əhvalatdan danışacağam.

VI

Mənim yeni həyatım elə qayğısız və sakit keçirdi ki, sanki rahibələr arasında yaşayırdım… Mən tərbiyəçilərimin evində səkkiz ildən artıq yaşadım, ancaq bu müddət ərzində cəmi bir neçə dəfədən artıq bu evdə qonaqlıq, xüsusi nahar görmədim, eləcə də qohumların, dostların və tanışların tez-tez gəlib getdiyini də görmürdüm. Hərdənbir gəlib baş çəkən iki-üç nəfər, evin yaxın adamı hesab olunan musiqiçi B. bir də ki, Aleksandra Mixaylovnanın ərinin yanına, demək olar ki, həmişə iş üçün gələn adamlardan başqa bizim evdə heç kəs görünməzdi. Aleksandra Mixaylovnanın əri həmişə işlə, qulluq elədiyi idarə ilə məşğul idi, buna görə də çox nadir hallarda boş vaxtı olurdu, bu vaxtı da o, yarıbayarı ailəsinə və ali cəmiyyətə sərf edirdi. Onun tanışları çox idi, özü də bu adamlara hörmət eləmək lazım gəlirdi, buna görə də o, tez-tez cəmiyyətdə görünməli idi. Demək olar ki, hər yerdə onun sonsuz şöhrətpərəstliyi haqqında söhbətlər gedirdi; lakin o, işgüzar, ciddi bir adam kimi tanındığı üçün, həm də görkəmli bir mövqe tutduğu üçün, bəxti açıq və uğurlu bir adam olduğu üçün ali cəmiyyət ona lazımi dərəcədə rəğbət göstərirdi. Hətta bir az da artıq. O hamı tərəfindən xüsusi bir qayğı ilə qarşılanırdı, onun arvadına isə, əksinə, heç kəs rəğbət bəsləmirdi. Aleksandra Mixaylovna tamamilə tənha bir həyat sürürdü; ancaq o sanki buna sevinirdi. Bu, sakit xasiyyətli qadın sanki abidlik həyatı üçün yaranmışdı.

O, bütün qəlbi ilə mənə bağlı idi, məni öz doğma balası kimi sevirdi, mən də Katyadan ayrılmağıma görə axıtdığım göz yaşları qurumamış, hələ də ürəyim sızıldaya-sızıldaya, öz himayədarımın ana ağuşuna atılmışdım. Həmin vaxtdan ona bəslədiyim qızğın məhəbbət soyumamışdı. O mənim üçün həm ana, həm bacı, həm də dost idi, dünyada mənim üçün hər şeyi əvəz eləmiş və mənim gəncliyimin pasibanı olmuşdu. Bundan başqa mən bir sövqi-təbii ilə hiss etmişdim ki, zahirən sakit, rahat görünən həyatına, aldadıcı sərbəstliyinə, çöhrəsini işıqlandıran qayğısız aydın təbəssümünə baxmayaraq, onun günü o qədər də xoş deyil. Buna görə mən günbəgün inkişaf etdikcə himayədarımın taleyində yeni bir şey kəşf edir, elə əlamətlər görürdüm ki, bunları ancaq yavaş-yavaş, ürək ağrısı ilə duyurdum. Bunları kədərlə dərk etdikcə ona olan bağlılığım da get-gedə artır və möhkəmlənirdi.

O, yumşaq xasiyyətli, həm də çox cürətsiz adam idi. Çöhrəsinin aydın və sakit cizgilərinə baxanda ilk nəzərdə adama elə gəlirdi ki, onun saf qəlbini heç bir həyəcan narahat edə bilməz. Təsəvvür etmək olmazdı ki, o, birisini sevməyə bilər; onun qəlbində doğan rəhm hətta nifrət hissinə də qalib gəlirdi, ancaq buna baxmayaraq, o yalnız bəzi dostlarına ürəkdən bağlı idi və tamamilə tənha həyat keçirirdi… O, təbiətcə ehtiraslı və tez mütəəssir olan bir adamdı, lakin bununla bərabər sanki öz təəssüratlarından qorxur, hər an öz iradəsini nəzarət altında saxlayırdı ki, hətta xəyala dalıb belə özünü unutmasın. Bəzən mən ən xoşbəxt dəqiqələrdə onun gözlərinin yaşardığını görürdüm; sanki onun vicdanını gəmirən nəgahani, ağır bir xatirə qəlbində yenidən canlanmışdı; sanki nə isə ona düşmən kəsilərək, səadətini nəzarət altında saxlamışdı. Buna görə də onun ən xoşbəxt, sakit və aydın görünən dəqiqələrində, tutmalı adamlarda olduğu kimi, bu qüssə üzünü bürüyür, gözlənilməz kədər və göz yaşları üstünə kölgə salırdı. Səkkiz ilin ərzində mən bir ayın belə sakit keçdiyini xatırlamıram. Zənnimcə, əri onu çox sevirdi; o da ərinə ürəkdən bağlı idi. Lakin ilk nəzərdə görünürdü ki, onların arasında sanki nə isə hələ deyilməmiş bir söz var. Onun taleyində nə isə bir sirr var idi, hər halda mən ilk dəqiqələrdən şübhələnmişdim…

Aleksandra Mixaylovnanın əri ilk vaxtlarda mənə qaşqabaqlı adam kimi görünmüşdü. Bu təsəvvür məndə uşaqlıq illərindən yarandığı üçün indi də xatirimdən silinmir. O, ucaboylu, arıq bir kişi idi, sanki nəzərlərini gizlətmək üçün özü qəsdən yaşıl şüşəli iri gözlük taxırdı. O, az danışan, quru bir adam idi, hətta arvadı ilə tək qalanda belə, sanki danışmağa söz tapmırdı. Görünür, adamlar onu darıxdırırdı. O mənə heç fikir verməzdi, mən isə axşamlar üçümüz də Aleksandra Mixaylovnanın qonaq otağına çay içməyə yığılanda onun yanında özümü itirirdim. Altdan-altdan Aleksandra Mixaylovnaya baxır və qüssə ilə hiss edirdim ki, sanki o da hər hərəkətini ölçüb-biçir, ərinin xüsusilə sərt və qaşqabaqlı olduğunu görəndə, rəngi qaçır, ya da ərinin dediyi sözlərdə bir eyham olduğunu hiss edirmiş kimi qıpqırmızı qızarırdı. Əri ilə bir yerdə oturmağın onun üçün ağır olduğunu hiss edirdim. Lakin eyni zamanda mənə elə gəlirdi ki, o bir dəqiqə də olsun ərindən ayrı yaşaya bilməz. Ərinin hər sözünə, hər hərəkətinə son dərəcə diqqətli olması məni heyrətə salırdı; sanki o bütün qüvvəsilə onu razı salmağa çalışırdı və sanki öz arzusuna çata bilmədiyini hiss edirdi. O, elə bil ərinin razılığını bir sədəqə kimi qəbul etməyə də hazır idi; onun xəfif təbəssümü, ötəri xoş bir sözü kifayət idi – özünü xoşbəxt hiss edirdi; sanki bu dəqiqələr hələ ilk, naümid bir məhəbbət dəqiqələri idi. O, ərinə ağır xəstələrə baxan kimi qulluq edirdi. Mənə elə görünürdü ki, ərinin Aleksandra Mixaylovnaya rəğbətlə baxması ona ağır gəlir, bu səbəbdən də o, arvadının əlini sıxıb, nəhayət, kabinetinə gedəndən sonra Aleksandra Mixaylovna tamam dəyişirdi. Onun hərəkətləri və danışığı o saat daha şən, daha sərbəst olurdu. Lakin əri ilə hər dəfə görüşəndən sonra o hələ uzun müddət qəribə bir sıxıntı çəkirdi. O dəqiqə ərinin dediyi sözləri bir-bir yadına salırdı. Sanki onun hər sözünü ölçüb-biçirdi. Çox vaxt görürdün ki, məndən soruşub bilmək istəyir: sözü düzmü eşitmişəm. Pyotr Aleksandroviç belə dedimi? – O, ərinin sözlərində nə isə başqa bir məna da axtarıb tapmağa çalışırdı. Yalnız bir saata qədər vaxt keçəndən sonra ərinin ondan tamamilə razı qaldığına əminmiş kimi və nahaq yerə narahat olduğuna yəqinlik hasil etdikdən sonra tamamilə özünə gəlirdi. Belə vaxtlarda o, birdən-birə çox mərhəmətli, şən və sevincək olurdu, məni öpürdü,-mənimlə gülüb-danışırdı, ya da fortepianonu açıb, iki saata qədər improvizasiya edirdi. Lakin bəzən də onun bu sevinci birdən-birə pozulurdu; ağlamağa başlayırdı. Mən də təşviş, pərtlik və qorxu ilə ona baxanda o saat bizi kənar bir adamın eşidəcəyindən ehtiyat edirmiş kimi pıçıltı ilə inandırmağa çalışırdı ki, elə-belə ağlayır, çox şəndir, mən ondan nigaran qalmayım. Bəzən də görürdün ki, əri evə gec gələndə o, nigarançılıq çəkməyə, soraqlaşmağa başlayırdı, narahat olurdu; adam göndərirdi ki, gedib onun nə etdiyini görsün; öz qulluqçusundan atların nə üçün qoşulduğunu və onun hara getmək fikrində olduğunu, xəstə olub-olmadığını, şən və yaxud tutqun olduğunu, nə danışdığını və i. a. soruşub öyrənirdi. Sanki ərinin nə iş gördüyünü, nə ilə məşğul olduğunu özü soruşmağa cürət etmirdi. Bəzən əri ona bir məsləhət verəndə və ya bir söz soruşanda ona elə diqqətlə və itaətlə qulaq asır, özünü elə itirirdi ki, guya onun qulu idi. Əri onun bir hərəkətini, onda gödüyü bir şeyi, kitabı, ya da ki, bir əl işini tərifləyəndə o çox sevinirdi, sanki bununla qürrələnir və o saat kefi açılırdı. Bəzən əri təsadüfən (bu çox nadir hallarda olardı) iki balaca uşağını əzizləyəndə Aleksandra Mixaylovnanın sevincinin hüdudu olmazdı. Onun sifəti dəyişərdi, üz-gözündən xoşbəxtlik yağardı, belə dəqiqələrdə bəzən hətta ərinin qabağında öz sevincini həddən artıq büruzə verərdi. Misal üçün, bəzən o dərəcədə cürətlənərdi ki, onun təklifini gözləmədən özü öz başına, söz yox ki, çox cürətsiz və titrək bir səslə deyirdi ki, özünün aldığı təzə bir musiqiyə qulaq assın, ya da ki, müəyyən bir kitab haqqında fikir desin, hətta həmin gün ona xüsusilə böyük təsir bağışlayan müəllifin əsərindən bir-iki səhifəyə qulaq assın. Bəzən əri mərhəmət göstərib onun arzusunu yerinə yetirər, hətta gülümsünərdi. Adətən şıltaq bir uşağın sadə səmimiyyətini ehtiyatsızlıq edib vaxtından əvvəl korlamaq istəməyən valideynlərin bəzən onun qəribə şıltaqlığını yerinə yetirərkən gülümsündükləri kimi gülümsəyirdi. Ancaq bu təbəssüm, bu təkəbbürlü güzəşt, onların arasındakı bu bərabərsizlik nədənsə mənə son dərəcə ağır təsir bağışlayırdı; mən susur, özümü saxlayırdım. Yalnız bir uşaq marağı ilə də olsa, lakin yaşıma uyğun olmayan sərt bir fikirlə onlara diqqətlə göz qoyurdum. Bəzən də hiss edirdim ki, o birdən-birə qeyri-ixtiyari olaraq, özünü ələ alır, sanki ayılırdı; belə ki, birdən-birə, zorla və iradəsinin əksinə olaraq nə isə ağır, dəhşətli, labüd bir şeyi xatirinə salıb fikirləşməyə başlayırdı; belə vaxtlarda o güzəştli təbəssüm onun dodaqlarından silinir, nəzərləri gözlənilmədən özünü itirən arvadına zillənirdi. O, yenə də arvadına elə rəğbət hissi ilə baxırdı ki, mən bunun təsirindən diksinirdim, indi də dərk edirəm ki, əgər o mənə həmin nəzərlərlə baxsaydı, yəqin dözə bilməyib üzülərdim. Həmin dəqiqə Aleksandra Mixaylovnanın simasındakı sevinc yox olurdu. Musiqi və ya qiraət yarımçıq kəsilirdi. Onun rəngi ağappaq ağarırdı, lakin özünü saxlayıb susurdu. Aralığa xoşagəlməz, darıxdırıcı bir sükut çökürdü. Bu sükut bəzən uzun sürürdü. Nəhayət, əri sükutu pozurdu. O, yerindən qalxıb sanki daxilində baş qaldıran təəssüf və həyəcanı zorla boğaraq qaş-qabağını tökür, otaqda bir neçə dəfə var-gəl edir, sonra arvadının əlini sıxaraq dərindən köksünü ötürür və aydın sezilən bir pərtliklə qırıq-qırıq bir neçə söz deyirdi. Bu sözlərdən belə başa düşmək olurdu ki, guya o, arvadına təskinlik vermək istəyir. Bundan sonra otaqdan çıxırdı. Aleksandra Mixaylovna isə gözünün yaşını tökür, ya da ki, uzun sürən dəhşətli bir qəm dəryasına qərq olurdu. Çox vaxt o, axşamlar arvadından ayrılarkən ona bir uşaq kimi xeyir-dua verir, üzünə xaç çəkirdi. O da ərinin xeyir-dualarını minnətdarlıq adlandıran göz yaşları və böyük məmnuniyyətlə qəbul edirdi. Ancaq mən evimizdə keçirdiyimiz bir neçə axşamı indiyə qədər unuda bilmirəm (səkkiz ilin ərzində iki-uç dəfə belə olmuşdu, artıq yox). O axşamlar Aleksandra Mixaylovna sanki birdən-birə dəyişirdi. Onun son dərəcə sakit görünən simasında ərinə bəslədiyi həmişəki özünüalçaltma və pərəstiş hissi nə isə bir qəzəb, nə isə bir böyük narazılıq ifadəsilə əvəz olunurdu. Bəzən görürdüm ki, tufan başlanmamışdan bir saat əvvəl hazırlıq gedirdi; bu vaxtlar onun əri daha qaradinməz, sərt və qaşqabaqlı olurdu. Nəhayət, zavallı qadının xəstə ürəyi sanki buna davam gətirmirdi. O, həyəcandan səsi tutula-tutula danışmağa başlayırdı. Əvvəlcə, kəsik-kəsik rabitəsiz danışırdı. Sözləri acı eyham və işarələrlə dolu olurdu; sonra qəlbindəki qüssəyə dözə bilmirmiş kimi, birdən-birə hönkürtü çəkib ağlayırdı. Göz yaşlarından sonra isə narazılıq, məzəmmət, şikayət başlanırdı, – onda sanki xəstə bir tutma başlanırdı. Belə anlarda ərinin necə hövsələ ilə, necə bir qayğıkeşliklə arvadına təskinlik verməyə çalışdığını, onun əllərini öpdüyünü, hətta, nəhayət, özü də ona qoşulub ağlamağa başladığını görməyə göz istəyirdi; bundan sonra arvad elə bil ayılan kimi olurdu, sanki vicdanı onun üstünə qışqırıb, bir cinayətdə təqsirləndirirdi. Ərinin göz yaşları onu sarsıdırdı, o da başını itirərək, hıçqırtı ilə ağlaya-ağlaya əllərini qaldırır, ərinin qarşısında diz çökərək günahının bağışlanmasını xahiş edirdi, ər o dəqiqədəcə onun günahından keçirdi. Buna baxmayaraq, vicdan əzabı, göz yaşları hələ uzun çəkirdi. O yenə də ərindən xahiş edir, bağışlanmasını yalvarırdı və özünü aylar uzunu ərinin yanında daha səssiz-səmirsiz, daha müti aparırdı. Mən bu məzəmmət və tənələrdən heç nə başa düşmürdüm, bir də ki, məni belə vaxtlarda, xəcalət çəkdiklərindən, otaqdan bayıra çıxarırdılar. Lakin bu əhvalatı məndən tamam gizlədə bilmirdilər. Mən fikir verirdim, köz qoyurdum, hiss edirdim. Buna görə də lap ilk vaxtlardan məndə nə isə pis bir şübhə oyanmağa başlamışdı, mənə elə gəlirdi ki, burada nə isə bir sirr var, təhqir olunmuş qəlbin bu gözlənilməz partlayışları– sadəcə əsəb pozğunluğu deyil, kişinin də həmişə belə qaşqabaqlı olması səbəbsiz deyil. Onun zavallı və xəstə arvadına qarşı bəslədiyi bu iki mənalı rəğbət hissi, arvadın da onun qarşısında hiss etdiyi qorxu və cürətsizlik, ərinin hüzurunda büruzə verməyə cürət etmədiyi bu qəribə və müti məhəbbət, bu tənhalıq, bu monastır həyatı, bu gözlənilməz qızartılar və eləcə də gözlənilmədən ərinin qarşısında rəng verib-rəng almaq səbəbsiz deyil.

Lakin o öz ərinə qarşı çox nadir hallarda belə hərəkət eləyirdi, keçirdiyimiz həyat çox yeknəsəqdi və mən bu həyata yaxşı bələd olmuşdum, nəhayət, mən çox sürətlə böyüyürdüm, inkişaf edirdim, bu səbəbdən də məndə hələlik şüursuz da olsa baş qaldıran bir çox yeni hisslər məni müşahidələrimdən ayırırdı, nəhayət, mən bu həyata, əhatəmdə olan bu adət və insan xasiyyətlərinə alışmışdım. Şübhəsiz, bəzən mən Aleksandra Mixaylovnaya baxanda fikirləşməyə bilməzdim. Lakin mən qəti bir nəticəyə gəlməyi bacarmırdım. Mən ona çox sevdiyim və onun kədərinə hörmətlə baxdığım üçün öz marağımla onun həssas qəlbinə toxuna biləcəyimdən ehtiyat edirdim. O məni yaxşı başa düşürdü və bu səmimiyyətimə görə mənə dəfələrlə təşəkkür etməyə hazır idi. Bəzən ona necə qayğı göstərdiyimi görüb, göz yaşları arasından gülümsünür və tez-tez ağlamasını özü də ələ salıb gülürdü: bəzən də mənə danışırdı ki, həyatından çox razıdır, çox xoşbəxtdir. Hamı ona qayğı ilə yanaşır, bu vaxta qədər tanıdığı adamların hamısı onu seviblər. Pyotr Aleksandroviçin daima onun ruhən sakit olması üçün fikir çəkməsi ona çox əziyyət verir. Halbuki əri nahaq yerə narahat olur. Əksinə, o xoşbəxtdir, olduqca xoşbəxtdir! Belə vaxtlarda o məni elə dərin bir hisslə qucaqlayardı ki, onun sifəti elə bir məhəbbətlə işıqlanırdı ki, əgər təbir caizsə, ürəyimdən qara qanlar axırdı.

Onun sifətinin cizgiləri heç vaxt yadımdan çıxmayacaqdır. Bu cizgilər çox düzgün idi, onun ağırlığı və solğunluğu isə sanki onun ciddi gözəlliyinin məlahətini daha da artırırdı. Hamar daranmış sıx qara saçları onun çöhrəsinə qatı və kəskin bir kölgə salırdı; bununla kəskin təzad təşkil edən iri, uşaq gözləri kimi aydın, mavi gözlərinin məsum baxışı, ürkək təbəssümü, ümumiyyətlə, sonsuz dərəcədə sadəlövhlük, cürətsizlik, kimsəsizlik oxunan, hətta öz hisslərindən, ürək döyüntülərindən ani sevincdən və çox vaxt qəlbini bürüyən dilsiz kədərdən belə qorxduğunu əks etdirən həlim və solğun bənizi daha dərin heyrət doğururdu. Lakin bəzi xoşbəxt, sakit dəqiqələrdə ürəyə işləyən bu baxışlarda nə qədər aydın, gün kimi işıqlı və pak hisslər əks olunurdu! Bu səma kimi mavi gözlər elə bir məhəbbətlə parlayır, elə nəvazişlə baxırdı ki, onlarda nəcib məhəbbətə möhtac olan, ürək ağrısı tələb edən bütün şeylərə qarşı dərin bir rəğbət hissi oxunurdu; – bu baxışlar insanın qəlbini özünə ram edirdi, insan istər-istəməz bütün varlığı ilə onlara cəzb olunurdu, adama elə gəlirdi ki, bu baxışlardakı aydınlıq, bu ruhi sakitlik, mütilik və məhəbbət sənə də sirayət etmişdir. Bəzən mavi səmaya baxanda adama elə gəlir ki, saatlarla onu seyr edə bilər, özü də seyr etdikcə adam daha da yüngülləşir, ürəyi sakitləşir. Sanki sakit su uzərində əzəmətli köy qübbəsi əks edir. Bu ilhamlı dəqiqələrdə onun yanaqları qızarır, köksü həyəcanla enib-qalxdıqda – belə hallar tez-tez olurdu – gözləri şimşək kimi parıldayır, sanki qığılcım saçırdı, elə bil gözəlliyin təmiz atəşini bakir bir hisslə qoruyub saxlaya bilmiş varlığı gözlərində əks olunurdu. Bu anlarda o başdan-başa bir ilham mücəssəməsinə çevrilirdi. Belə gözlənilməz ilhamlı dəqiqələrdə, sakit, ürkək əhvali-ruhiyyədən birdən-birə işıqlı, yüksək vəcdlə, pak və ciddi hisslərlə yaşamaqla bərabər, bu adamda eyni zamanda o qədər sadəlövh, uşaqcasına tələsiklik, körpə inamı var idi ki, mən bilən, rəssamlardan hər biri bu parlaq vəcdi, bu ilhamlı surəti çəkdiyi tabloda əks etdirə bilmək üçün ömrünün yarısını verərdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации