Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 21

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 21 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +

«Doğrudanmı, doğrudanmı qız onu belə sevir? – deyə Velçaninov şəhərə dönərkən əsəbi səbirsizlik içində, qısqanclıqla və həsədlə düşünürdü. – Bayaq özü dedi ki, anasını çox sevirdi… bəlkə qız ona nifrət edir, onu yerli-dibli sevmir».

«Necə yəni özünü asacaq? O nə deyirdi? O səfeh özünü asacaq… Öyrənmək lazımdır: mütləq öyrənmək lazımdır! Bacardıqca hər şeyi tez həll etmək lazımdır– qəti həll etmək lazımdır!»

VII
ƏR VƏ OYNAŞ ÖPÜŞÜRLƏR

O «öyrənməyə» çox tələsirdi. «Bayaq məni elə karıxdırmışdı, heç fikirləşməyə macal tapmadım, – Velçaninov Liza ilə ilk görüşünü xatırlayaraq fikirləşirdi, – indi isə öyrənmək lazımdır». Tez öyrənmək üçün o səbirsizliklə karetanı birbaşa Trusotskinin yanına sürdürmək istədi, lakin dərhal fikrindən daşındı: «Yox, yaxşısı budur ki, o özü mənim yanıma gəlsin, mən isə bu müddətdə tez bu zəhrimara qalmış işləri qurtararam».

O əsəbi halda işə girişdi; lakin bu dəfə özü hiss etdi ki, fikri çox dağınıqdır və bu gün işlə məşğul olmaq yaramaz. Saat beşdə nahar etməyə gedəndə, birdən ilk dəfə başına gülməli bir fikir gəldi; bu məhkəmə çəkişməsinə qatışmaqla, idarələrə gedib-gəlməklə ondan gizlənməyə başlayan vəkilini axtarmaqla, bəlkə, doğrudan da işə mane olur? O oz ehtimalına gülümsədi. «Əgər bu fikir ağlıma dünən gəlsəydi, bərk kədərlənərdim», – deyə daha fərəhlə əlavə etdi. Şad olmasına baxmayaraq, o getdikcə huşsuz və səbirsiz olurdu; nəhayət, dalğınlığa qapılmışdı; onun narahat düşüncəsi çox şeydən yapışsa da, ona lazım olan şeydən ümumiyyətlə bir nəticə çıxmırdı.

– «Mənə o lazımdır, o adam lazımdır! – Nəhayət, bir qərara gəldi, – onu başa düşmək lazımdır, sonra isə həll etmək. Bəlkə duel lazımdır!»

Saat yeddidə evə dönərkən, Pavel Pavloviçi görmədi, bundan çox təəccübləndi, sonra qəzəbi tutdu, sonra da hətta məyus oldu; axırda qorxuya düşdü. «Allah bilir, allah bilir axırı necə qurtaracaq!» – deyə təkrar edir, gah otaqda gəzişir, gah divanda uzanır və elə hey saata baxırdı. Nəhayət, doqquzun yarısında Pavel Pavloviç gəldi. «Əgər bu adam kələkbaz olsaydı, məni indi həmişəkindən daha asanlıqla pusa bilərdi. Halım bu dərəcədə pozulduğu zamanda» – deyə fikirləşdi və birdən tamam ürəkləndi, kefi duruldu.

Onun cəsarətli, fərəhli:

– Niyə belə gec gəldin? – Sualına cavab olaraq Pavel Pavloviç istehza ilə gülümsədi, dünənkinin əksinə utanıb çəkinmədən, həyasızcasına əyləşdi və krepli şlyapasını bir nov saymazyana o biri stulun üstünə tulladı. Velçaninov onun həyasızlığını dərhal sezdi və nəzərə aldı.

O, Lizanı necə apardığını, onu necə mehribanlıqla qəbul etdiklərini, orada gününün yaxşı keçəcəyini haqq-hesab şəklində sakit-sakit, artıq söz işlətmədən, həyəcansız danışdı və yavaş-yavaş elə bil, Lizanı tamamilə unudaraq, söhbəti Poqoreltsevlərin üstünə gətirdi, daha doğrusu, onların necə mehriban adam olmaları, onları çoxdan tanıdığını, Poqoreltsevin yaxşı, hətta mötəbər bir adam olduğunu və sairəni danışdı. Pavel Pavloviç onu dalğın-dalğın dinləyirdi, hərdənbir acıqlı-acıqlı və məkrli bir istehza ilə gözaltı müsahibinə baxırdı.

– Dəliqanlı adamsınız, – deyə o, pis-pis gülümsədi.

– Siz bu gün gözümə qəzəbli dəyirsiniz,-Velçaninov dilxorcasına söyləndi.

– Niyə də başqaları kimi qəzəbli olmayım? – deyə Pavel Pavloviç birdən elə bil tindən sıçrayıb çıxdı, sanki o çoxdan bunu gözləyirdi.

Velçaninov qımışdı:

– İxtiyar sahibisiniz, fikirləşdim ki, görəsən, sizə bir şey olmayıb ki?

Olub da! – deyə Pavel Pavloviç çığırdı, o sanki olmuş hadisə ilə qürurlanırdı.

– Nə olub ki?

Pavel Pavloviç cavab verməyə tələsmirdi.

– Bizim Stepan Mixayloviçdir də, horra çıxardır… Baqautovu deyirəm, kübar cəmiyyətindən olan qəşəng peterburqlu cavan oğlanı.

– Yenə sizi qəbul eləmədi?

– Yox, bu dəfə qəbul etdi, birinci dəfə yanına buraxdı, sifətinin cizgilərinə tamaşa elədim, ancaq ölünün!..

– Nə! Baqautov ölüb? – Velçaninov dəhşətli dərəcədə heyrətə gəldi, halbuki təəccüblənməli bir şey yoxdu.

– O! Vəfalı altı ilin dostu! Hələ dünən günortaya yaxın ölüb, mən isə bilməmişəm. Bəlkə həmin dəqiqədə, gedib onun səhhətini xəbər alardım. Sabah dəfn edəcəklər, artıq tabutdadır. Tabut tünd-qırmızı rəngli məxmərə tutulub, baftası zərlidir… Əsəb çılğınlığından ölüb. Yanına buraxdılar, sifətinin cizgilərinə tamaşa etdim! İçəri girəndə dedim ki, səmimi dostuyam, ona görə buraxdılar. Bu səmimi dostum, altı ilin dostu, görün başıma nə oyun açdı, mən sizdən soruşuram? Mən bəlkə təkcə ondan ötrü Peterburqa gəlmişdim!

Velçaninov gülümsədi:

– Axı siz ona niyə qəzəblənirsiniz? O ki, bilə-bilə ölməyib!

– Mən təəssüflənirəm, deyirəm ki, qiymətli dost idi; o mənim uçun belə dost idi!

Pavel Pavloviç birdən, heç gözlənilmədən, iki barmağı ilə daz alnının üstündə buynuz göstərdi və için-için xeyli uğundu. O beləcə buynuzlu yarım dəqiqəyədək oturub pıqqıldadı, biç-biç, həyasızcasına, həzz ala-ala Velçaninovun gözlərinə baxdı. Velçaninovu qara basırmış kimi, vahimə içərisində quruyub qalmışdı. Lakin bu hal çox az çəkdi. Onun dodaqlarında yavaş-yavaş istehzalı və həyasızlıq dərəcəsinədək sakit bir təbəssüm göründü.

– Bu nə deməkdir? – Sözləri uzadaraq, saymazyana soruşdu: Pavel Pavloviç nəhayət, əlini aşağı saldı, onun sözünü kəsdi;

– Bu, buynuz deməkdir.

– Yəni, sizin buynuzunuz?

– Mənim şəxsi, öz əməyimlə qazanılmış buynuzlarım. – deyə Pavel Pavloviç yenə də, iyrənc bir şəkildə üz-gözünü yığışdırdı.

Hər ikisi susdu. Velçaninov dedi:

– Ancaq çox igid adamsınız!

– Bunu buynuz göstərdiyimə görə deyirsiniz? Bilirsiniz nə var. Aleksey İvanoviç, yaxşı olar ki, siz məni bir şeyə qonaq eləyəsiniz! Axı mən sizi T.-də qonaq eləmişəm, düz bir il hər gün… Adam göndərin şərab alsın, boğazım quruyub.

– Məmnuniyyətlə; bunu çoxdan deyəydiniz də. Siz nə içirsiniz?

– Nə siz bazlıqdır, deyin ki, biz; axı bir yerdə içəcəyik, elə deyil? – Pavel Pavloviç öcəşkənliklə, eyni zamanda da qəribə bir narahatlıqla Velçaninovun gözlərinə baxdı:

– Şampanski?

– Başqa nə ola bilər? Arağın növbəsi hələ çatmayıb… Velçaninov ağır-ağır qalxdı, aşağıdan Mavranı çağırdı, sərəncam verdi.

– Doqquz illik ayrılıqdan sonra xoş görüşümüzün şərəfinə, – deyə Pavel Pavloviç yersiz, pis-pis hırıldadı. – İndi yaxın dostlarımdan təkcə siz qalmısınız! Stepan Mixayloviç artıq yoxdur! Şair demişkən:

Böyük Patrokl artıq yoxdur,

Sağdır həqir Fersit.

«Fersit» sözünü deyərkən barmağını sinəsinə vurdu.

«Ay səni, donuz, mən eyham xoşlamıram, tez açıb desənə». – Velçaninov öz-özünə fikirləşdi, onun içərisində qəzəb qaynayırdı, özünü güclə saxlayırdı.

Velçaninov dilxorluqla dedi:

– Mənə bir şeyi deyin görüm, əgər siz Stepan Mixayloviçi belə açıq-açığına günahlandırırsınızsa (o indi onu sadəcə Baqautov adlandırmadı), indi sevinməlisiniz ki, sizi təhqir edən adam ölmüşdür, niyə bos qeyzlənirsiniz?..

– Nə sevinc? Nə üçün sevinim?

– Mən sizin hissləriniz əsasında deyirəm.

Xe-xe, bu məsələdə siz mənim hisslərim barədə yanılırsınız. Ağıllı bir adam demişdir: «Düşmən ölü yaxşıdır, lakin diri olsa daha yaxşıdır», xi-xi!

Velçaninov qəzəblə və qırmızılıqla söyləndi:

– Güman edirəm ki, siz diri düşməni beş il hər gün görmüşsünüz, ona doyunca tamaşa etməyə vaxtınız da olmuşdur.

– Məgər onda… məgər onda bilirdim! – Pavel Pavloviç birdən havalandı, yenə də elə bil tindən sıçrayıb çıxdı. Hətta elə bil, çoxdan gözlədiyi sualın, nəhayət, verilməsinə sevinirdi. – Aleksey İvanoviç, siz məni nə hesab edirsiniz? – Onun baxışları birdən tamamilə yeni və gözlənilməz ifadə aldı, bu ifadə onun qəzəbli və bu vaxtadək ancaq rəzilcəsinə turşudulan sifətini sanki tamam başqa bir şəklə saldı. Karıxmış Velçaninov nagəhani bir təəccüblə dedi: Doğrudanmı, siz heç bir şey bilmirdiniz!

– Deyirsiniz, doğrudan bilmirdim? Doğrudan bilmirdim! Ah, Yupiterlərimizin cinsi! Siz insanla itə fərq qoymursunuz, hamınız hər şeyi öz arşınınızla ölçürsünüz! Sizə bu lazımdır! Yeyin – O, yumruğunu dəli kimi, stola vurdu və dərhal özü də qorxuya düşdü, qorxu içərisində baxa-baxa qaldı. Velçaninov özünü təşəxxüslə çəkdi:

– Mənə baxın, Pavel Pavloviç, sizin bilib-bilmədiyinizin mənim üçün qəti əhəmiyyəti yoxdur. Əgər bilməmisinizsə, bu hər halda sizin üçün şərəfdir, bir də mən başa düşmürəm, niyə siz ürəyinizi məhz mənə açırsınız?

– Mən sizi demirəm, hirslənməyin, sizin barənizdə danışmıram… – deyə Pavel Pavloviç yerə baxa-baxa mızıldandı. Mavra şampanski gətirdi.

– Budur, gətirdi! – Pavel Pavloviç sohbətin belə qurtarmasına, görünür, sevindi, – stəkan verin, anam, stəkan. Qiyamətdir! Əzizim, daha heç bir şey lazım deyil. Ağzı da açılmışdır? Gözəl insan, sizə eşq olsun! Gedə bilərsiniz!

O yenə dirçəldi, təzədən sırtıq-sırtıq Velçaninova baxdı:

– Boynunuza alın ki, – deyə birdən o pıqqıldadı, – bütün bunlar sizdən ötrü çox maraqlıdır, heç də siz deyən kimi deyildir: «guya qəti əhəmiyyəti yoxdur», ona görə mən bu dəqiqə ayağa qalxıb, sizə heç bir şey demədən getsəm, kədərlənərsiniz.

– Doğrusu, kədərlənmərəm. Pavel Pavloviç gülümsündü, elə bil deyirdi: «Yalan deyirsən!»

– Hə, başlayaq! – O, stəkanlara şərab tökdü.

Stəkanı qaldırıb tost dedi:

– Bunu içək mərhum dostum Stepan Mixayloviçin sağlığına! Sonra stəkanı qaldırıb içdi. Velçaninov öz stəkanını yerə qoydu:

– Mən bunu içməyəcəyəm.

– Nə üçün axı? Yaxşı tostdur.

– Bilirsiniz nə var, siz içəri girəndə içməmişdiniz ki?

– Azca içmişdim. Nə olub ki?

– Heç, mənə elə gəldi ki, siz dünən və xüsusilə bu gün səhər, mərhum Natalya Vasilyevnaya ürəkdən heyfsilənirsiniz.

– Kim sizə dedi ki, indi ürəkdən heyfsilənmirəm? – Yayı dartılmış kimi Pavel Pavloviç yenə yerindən sıçradı.

– Mən o barədə demirəm, ancaq özünüz razılaşın ki, siz Stepan Mixayloviç barəsində yanıla bilərsiniz, bu isə mühüm məsələdir.

Pavel Pavloviç hiyləgərcəsinə gülümsündü və göz vurdu:

– Amma mənim Stepan Mixayloviç əhvalatını necə öyrəndiyimi bilməyə yaman can atırsınız!

Velçaninov pərtləşdi:

– Yenə sizə təkrar edirəm, mənim üçün əhəmiyyəti yoxdur. «Bəlkə bu saat onun boğazından yapışıb, butulkası ilə birlikdə bayıra atım?» – deyə o qəzəblə düşündü və daha da qızardı.

Pavel Pavloviç ona ürək vermək istəyirmiş kimi.

– Eybi yoxdur! – sonra özünə bir stəkan da tökdü.

– Mən bu saat sizə danışaram, «hamısını» necə öyrənmişəm və beləliklə də sizin yanğılı arzunuzu təmin edərəm… ona görə ki, siz odlu adamsınız. Aleksey İvanoviç, çox odlu adamsınız! Xe-xe! Ancaq mənə bir papiros verin, çünki mart ayından bəri…

– Buyurun, bu da papiros.

– Mən mart ayından pozuldum. Aleksey İvanoviç, məsələ bax, belə oldu, qulaq asın. Əziz dostum, özünüz bilirsiniz ki, vərəm, – o getdikcə daha həyasızlaşırdı, – qəribə xəstəlikdir. Vərəmli adamlar, sabah öləcəklərini bilmədən bir-bir dünyadan gedirlər. Sizə dedim ki, Natalya Vasilyevna ölməmişdən beş saat qabaq, iki həftədən sonra qırx verstlikdə olan xalanın yanına getmək istəyirdi. Bundan başqa, yəqin ki, bütün qadınlara, bəlkə də elə kişilərə xas olan bir vərdiş, daha düzünü desək, bir adət sizə məlumdur: eşq məktublaşmalarına aid bütün köhnə zir-zibili yığıb saxlamaq! Sobaya atıb yandırmaq daha düz olardı, elə deyilmi? Xeyr ha, bütün məktubları yeşiklərində və sandıqlarında möhkəm-möhkəm saxlayırlar; hətta ilinə, gününə və dərəcəsinə görə nömrələyirlər. Bəlkə bu təsəlli verir, bilmirəm, görünür, xoş xatirə kimi saxlayırlar. Ölümündən beş saat qabaq xalasıgilə getmək istəyən Natalya Vasilyevna, təbii ki, öləcəyini heç ağlına gətirmirdi, hətta son saatınadək, Koxu gözləyirdi. Elə oldu ki, Natalya Vasilyevna öldü və qara ağacdan qayrılmış, üstü sədəflə, gümüşlə işlənmiş mücrü yazı stolunun yeşiyində qaldı. Qəşəng bir qutudur, açarı da var, nənəsindən qalıb. Hə, bu qutuda hər şey açıldı, hər şey, hər şey günlərlə, illərlə, bütün iyirmi ildə olub-keçənlərin hamısı. Stepan Mixayloviç ədəbiyyata yaman meyl göstərdiyinə görə, hətta o, jurnala bir də göndərmişdi, qutudan onun az qala yüz nömrəsi çıxdı, doğrudur, beş il elə bir müddət deyil. Bəzi nömrələrdə Natalya Vasilyevnanın öz əli ilə edilmiş qeydlər vardı. Necə bilirsiniz, bu ərə xoş gələrdimi?

Velçaninovun tez yadına düşdü ki, o, Natalya Vasilyevnaya heç zaman bircə məktub da, bircə kağız da yazmamışdır. Doğrudur, Peterburqdan iki məktub yazmışdı, lakin bu məktublar şərtləşdikləri kimi, ər və arvadın adına göndərilmişdi. Natalya Vasilyevnanın rədd barədə məktubuna isə o cavab verməmişdi.

Pavel Pavloviç sözünü qurtarıb susdu, bir dəqiqəyədək həyasız-həyasız və öcəşkənliklə gülümsədi. O aşkar əzab çəkirdi:

– Bəs mənim sualıma niyə cavab vermədiniz?

– Bu hansı sualdır?

– Mücrünü açan ərin keçirdiyi hisslər barədə.

– Eh, mənə nə dəxli var! – deyə Velçaninov hirslə əlini çırparaq, ayağa qalxdı və otaqda gəzişməyə başladı.

– Mərc gələrəm ki, siz indi belə düşünürsünüz: «Donuzun biri donuz, özün öz buynuzlarını göstərdin». – Xe-xe! Siz… çox vasvası adamsınız!

– Bu barədə heç düşünmürəm. Əksinə, sizi təhqir edən adamın ölümünə siz çox əsəbiləşirsiniz, üstəlik də çox içmisiniz. Bütün bu işlərdə mən heç bir qeyri-adi bir şey görmürəm; diri Baqautovun sizə nə üçün lazım olduğunu yaxşı bilirəm və sizin peşmançılığınıza şərik olmağa hazıram, ancaq…

– Sizin fikrinizcə, Baqautov mənim nəyimə lazımdı?

– Bu sizin öz işinizdir.

– Mərc gələrəm ki, siz dueli nəzərdə tutursunuz!

– Lənətə gələsən! – Velçaninov getdikcə hövsələdən çıxırdı. – Mən fikirləşirdim ki, hər bir abırlı adam… belə hallarda gülünc hərzəkarlıq, səfeh ədəbazlıq, gülünc şikayətlər, iyrənc eyhamlar dərəcəsinədək alçalmır, çünki belə şeylərlə o özünü daha da ləkələyir, əksinə özünü abırlı adam kimi açıq aparır.

– Xe-xe, bəlkə mən abırlı adam deyiləm?

– Bu da yenə sizin öz işinizdir… ancaq bununla belə bütün bunlardan sonra diri Baqautov sizin nəyinizə lazımdı?

– Heç olmasa, dostuma baxardım. Onunla bir şüşə şərab içərdik.

– O sizinlə içmək istəməzdi.

– Nə üçün? Noblesse oblige88
  B u r a d a: Nəciblik tələb edir? (fransızca)


[Закрыть]
. Siz ki, mənimlə içirsiniz; onun nəyi sizdən artıqdır?

– Mən sizinlə içməmişəm.

– Niyə özünüzü belə çəkirsiniz?

Velçaninov birdən əsəbi halda qəhqəhə çəkib güldü:

– Fu, siz lap «vəhşi tipsiniz»! Mən elə bilirdim ki, siz ancaq «həmişəlik ərsiniz», vəssalam!

– Necə yəni «həmişəlik ər», bu nə deməkdir? – Pavel Pavloviç qulaqlarını şəklədi.

– Bu, kişilərin bir tipidir… Uzun əhvalatdır. Yaxşısı budur ki, çıxıb kedəsiniz, vaxtdır; siz məni lap boğazıma yığdınız!

– Bəs vəhşi nə deməkdir? Siz vəhşi dediniz?

– Mən dedim ki, siz «vəhşi tipsiniz», gülmək üçün dedim.

– «Vəhşi tip» nədir axı? Aleksey İvanoviç, allah xatirinə, İsa xatirinə, danışın.

Velçaninov birdən bərk hirsləndi və çığırdı:

– Daha bəsdir, bəsdir! Vaxtdır, rədd olun! Pavel Pavloviç yerindən sıçradı:

– Yox, bəs deyil, mən sizin zəhlənizi töksəm də bəs deyil, çünki biz hələ əvvəlcə sizinlə içməli, stəkan stəkana vurmalıyıq! İçək, sonra gedərəm, indi isə bəs deyil!

– Pavel Pavloviç, siz bu gün rədd olub gedəcəksiniz, ya yox?

– Mən rədd olub gedə bilmərəm, ancaq əvvəlcə içək! Siz dediniz ki, məhz mənimlə içmək istəmirsiniz; mən isə istəyirəm ki, siz məhz mənimlə içəsiniz!

O daha əzilib-büzülmürdü, daha hırıldamırdı. Yenə onun içərisində hər şey birdən-birə elə dəyişdi ki, bayaqkı Pavel Pavloviçin görkəmindən, danışığından heç bir şey qalmadı. Velçaninov karıxıb qaldı.

– Pavel Pavloviç onun qolundan yapışdı və qəribə bir tərzdə sifətinə baxıb, sözünə davam etdi:

– İçək, Aleksey İvanoviç, boyun qaçırmayın!

– Hə, içək, – deyə Velçaninov mızıldandı. – Hanı… o zəhrimar…

– Düz iki stəkan qalıb, təmiz şərabdır, içək, stəkan stəkana vuraq! Buyurun stəkanınızı.

Onlar stəkanlarını toqquşdurub içdilər.

– Bir halda ki, belə oldu, belə oldu… ah! – Pavel Pavloviç birdən əli ilə alnını tutdu və bir neçə an beləcə qaldı. Velçaninova elə gəldi ki, o indicə son sözünü deyəcəkdir. Lakin Pavel Pavloviç ona heç bir şey demədi; o yalnız ona baxdı və sakitcə, ağzını yayaraq, bayaqkı kimi, bic-bic gülümsündü.

Belçaninov ayaqlarını yerə vuraraq, qəzəblə çığırdı:

– Siz məndən nə istəyirsiniz, sərxoş adam! Siz məni ələ salırsınız!

– Çığırmayın, çığırmayın, çığırmaq niyə? – Pavel Pavloviç əlini yellətdi, – ələ salmıram, ələ salmıram! Bilirsinizmi, siz indi mənim üçün nəsiniz?

O birdən onun əlindən yapışıb öpdü. Velçaninov özünə gəlməyə macal tapmadı.

– Bax, siz indi mənim üçün busunuz! İndisə rədd olub gedə bilərəm.

Özünə gəlmiş Velçaninov çığırdı:

– Dayanın, durun! Sizə sözüm var… Pavel Pavloviç qapıdan qayıtdı.

– Bilirsinizmi, – Velçaninov qızardı və tamam başqa tərəfə baxaraq mızıldadı, – siz sabah mütləq Poqoreltsevgildə olmalısınız… tanış olmaq, minnətdarlıq etmək lazımdır, mütləq…

– Mütləq, mütləq, bunu başa düşməyə nə var ki! – Pavel Pavloviç can-başla onun sözünə qüvvət verdi və əlini çırparaq işarə ilə bildirdi ki, bunu xatırlamaya da bilərdi. Bundan başqa, Liza da sizi gözləyir. Mən ona vəd eləmişəm…

– Liza, – Pavel Pavloviç yenə geri qayıtdı. – Liza? Bilirsinizmi, Liza mənim üçün nə idi və nədir? Nə idi və nədir! – O birdən demək olar ki, haldan çıxdı, – ancaq… Xe! Bu qalsın sonraya; hər şey sonra olacaq… indi isə… sizinlə birgə içməyimiz mənim üçün azdır, Aleksey İvanoviç, mənə başqa həzz də lazımdır!..

O şlyapasını stulun üstünə qoydu və bayaqkı kimi azca təngnəfəs halda ona baxdı.

– Məni öpün, Aleksey İvanoviç, – deyə birdən təklif etdi.

– Siz sərxoşsunuz? – Velçaninov çığırdı və geri çəkildi.

– Sərxoşam, ancaq siz, hər halda məni öpün. Aleksey İvanoviç, öpün! Axı, mən indi sizin əlinizi öpdüm.

Aleksey İvanoviç bir neçə anlığa susdu, elə bil başına dəyənək dəymişdi. Lakin birdən çiynindən olan Pavel Pavloviçə tərəf əyilib, onun çaxır iyi gələn dodaqlarından öpdü. Bununla belə, onu öpdüyünə o qədər də əmin deyildi.

– Hə, indi, indi… – Pavel Pavloviç sərxoş gözlərini parıldadaraq, yenə kefli-kefli çığırdı: – İndi görün nə deyirəm: mən o zaman fikirləşmişdim: – «Doğrudanmı o da? Əgər, o da olubsa, daha bundan sonra kimə inanmaq olar?»

Pavel Pavloviç birdən ağlamağa başladı:

– İndi başa düşürsünüzmü necə dostsunuz?!

O, şlyapasını götürüb, tələsik otaqdan çıxdı. Velçaninov, Pavel Pavloviçin birinci gəlişindən sonra olduğu kimi, yenə bir neçə dəqiqə bir yerdə durub qaldı.

«Eh, sərxoş təlxəkdir, vəssalam!» – deyə əlini çırpdı.

Soyuyub yatağına uzanandan sonra isə fikrini qətiyyətlə təsdiq etdi: «Belədir, vəssalam!»

VIII
LİZA XƏSTƏDİR

Ertəsi gün, Velçaninov Poqoreltsevlərin yanına getmək üçün gecikməyəcəyinə söz vermiş Pavel Pavloviçi gözləyə-gözləyə qəhvə içir, otaqda var-gəl eləyib, papiros çəkir və hər dəqiqə öz-özünə etiraf edirdi ki, o səhər yuxudan oyanıb axşam sillə yediyini hər an xatırlayan adama oxşayır. «Hə, o məsələnin nə yerdə olduğunu gözəl başa düşür və Lizaya görə məndən intiqam alacaq!» – deyə qorxu içərisində düşündü.

Zavallı uşağın mehriban sifəti gözünün qabağında canlanırdı. Elə bu gün, iki saatdan sonra öz Lizası ilə görüşəcəyini fikirləşəndə, ürəyi şiddətlə vururdu. «Eh, daha danışmağa dəyməz, – o hərarətlə qət etdi – indi mənim bütün həyatım, bütün məqsədim odur! Bu sillələr, xatirələr nəyə lazımdır!.. İndiyədək niyə yaşamışam? Səliqəsizlik və kədər… indi isə hər şey başqadır, hər şey başqa cürdür!» Lakin sevincinə baxmayaraq, o hey fikirləşir, fikirləşirdi:

«O, Liza ilə mənə əzab verəcək – bu aydındır! Lizaya da əzab verəcək. Beləliklə, bütün olub-keçənlərə görə axırıma çıxacaq. Hm… mən onun dünənki hərəkətlərinə, şübhəsiz, yol verə bilmərəm, – birdən o qızardı. – O gəlib çıxmadı, saat on ikiyə işləyir!»

O çox gözlədi, saat birin yarısınadək gözlədi, onu bürüyən kədər getdikcə artırdı. Pavel Pavloviç gəlib çıxmırdı. Nəhayət, onun dünənki tək bir hoqqa çıxartmaq məqsədilə qəsdən gəlmədiyini fikirləşəndə əsəbiləşdi: «Bilir ki, mən ondan asılıyam, indi Lizanın halı necə olacaq! Mən onsuz qızın yanına necə gedim?»

Axırı dözə bilmədi və günorta saat birdə özü Pokrova getdi. Mehmanxanada ona bildirdilər ki, Pavel Pavloviç evdə gecələməyib, yalnız səhər doqquzda gəlib, on beş dəqiqədən sonra yenə haraya isə gedib. Velçaninov Pavel Pavloviçin otağının qapısında durub, xidmətçi qadının ona dediklərinə qulaq asır və qeyri-ixtiyari bağlı qapının dəstəyini qabağa-dala itələyirdi. O özünə gələrək tüpürdü, əlini qapıdan çəkdi və xahiş etdi ki, onu Mariya Sısoyevnanın yanına aparsınlar, lakin Mariya Sısoyevna onun səsini eşidib, özü dərhal bayıra çıxdı.

Mariya Sısoyevna mehriban qadın idi, sonralar onunla söhbəti barədə Klavdiya Petrovnaya danışarkən, Velçaninovun özünün dediyi kimi, «nəcib hissləri olan bir qadın» idi. Mariya Sısoyevna dünən «qızı» necə apardığı barədə qısa soruşub, dərhal Pavel Pavloviç haqqında söhbətə keçdi. Onun dediyinə görə, «əgər uşaq olmasaydı, çoxdan onu qovmuşdu. Onu mehmanxanadan buraya qovmuşdular, çünki çox biabırçılıq eləyirdi. Otaqda hər şeyi başa düşən uşaq olduğu halda gecələr evə qız gətirmək günah deyilmi! Hələ bir çığırır ki: «Əgər istəsəm, bu sənin anan olacaq!» İnanırsınızmı, qız olanda nə olar ki, lap üzünə tüpürdü. O da çığırdı ki: «Sən mənim qızım deyilsən, bi-sən».

– Nə danışırsınız? – Velçaninov qorxdu.

– Özüm eşitdim. Sərxoş olsa da, huşu başında olmasa da hər halda uşağın yanında belə şeylər yaramaz. Düzdür, balacadır, ancaq ağlı hər şeyi kəsir, görürəm ki, qız ağlayır, çox əziyyət çəkir. Bu günlərdə bizim həyətdə günah bir iş olmuşdu; camaat danışır ki, bir komissardır, nədir axşamdan mehmanxanada otaq tutur, səhərə yaxın isə özünü asır. Deyirlər ki, pullarını kefə qoyub. Adamlar axışıb töküldü. Pavel Pavloviç evdə yox idi, uşaq başlı-başına qalmışdı, bir də gördüm ki, qız orada, dəhlizdə adamların arasındadır, adamların arasından başını uzadıb, özünü asmış adama baxır. Mən onu tez buraya gətirdim. Nə olsa yaxşıdır, uşaq tir-tir əsirdi, rəngi qapqara olmuşdu, onu içəri salan kimi yerə yıxıldı, çapaladı, çapaladı, güclə özünə gəldi. Ürəkkeçmədir, nədir, həmin saatdan xəstədir. Atası xəbər tutub, gəldi, bütün bədənini çimdik-çimdik elədi, savaşmağı bir tərəfə qalsın, həmişə qızı çimdikləyir; sonra isə qarnını çaxırla doldurub gəldi və onu qorxutmağa başladı: «Mən də özümü asacağam, sənin əlindən özümü asacağam, bax, bu ipdən, pəncərə pərdəsinin ipindən özümü asacağam.» Hətta onun yanındaca ilgək hazırladı. Qız özünü itirmişdi, çığırır, onu qucaqlayırdı: «Daha eləməyəcəyəm, bir də eləmərəm». Adamın ürəyi yanır!

Velçaninov çox qəribə şeylər gözləsə də, bu əhvalatları eşidəndə sarsıldı, hətta eşitdiklərinə inanmadı. Mariya Sısoyevna başqa çox şeylər də danışdı; məsələn, bir dəfə Mariya Sısoyevna olmasaymış, Liza özünü pəncərədən atacaqmış. O, nömrədən sərxoş kimi çıxdı. «Mən onu ağacla başına vura-vura it kimi öldürəcəyəm!» – Bunu uzun müddət öz-özünə təkrar etdi.

Kolyaska tutub Poqoreltsevgilə yola düşdü. Hələ şəhərdən çıxmamışdı ki, kolyaska yol ayrıcında, xəndəyin üstündən atılmış körpünün yanında, dayanmalı oldu, çünki körpünün üstü ilə böyük dəfn mərasimi keçirdi. Körpünün hər iki tərəfində bir neçə ekipaj durub gözləyirdi, adamlar da durmuşdular. Dəfn olunan varlı adam idi, ölünün dalınca uzun sıra ilə xeyli karet gedirdi. Birdən bu karetlərdən birinin pəncərəsindən Velçaninov Pavel Pavloviçin sifətini gördü. Əgər Pavel Pavloviç ozü pəncərədən ona baş əyib gülümsəməsəydi, Velçaninov gördüyünə inanmayacaqdı. Görünür, o, Velçaninovu gördüyünə çox şad idi. Hətta karetdən əl eləməyə başladı. Velçaninov karetindən sıçrayıb düşdü, sıxlığa, qorodovoylara və Pavel Pavloviçin karetinin artıq körpünün üstünə çıxmasına baxmayaraq, lap pəncərənin qabağına qaçdı. Pavel Pavloviç karetdə tək oturmuşdu. Velçaninov çığırdı:

– Sizə nə olub? Niyə gəlmədiniz? Burada nə eləyirsiniz?

– Borcumu verirəm, çığırmayın, çığırmayın, borcumu verirəm, – deyə gözlərini bic-bic süzdürərək hırıldadı, – səmimi dostumun cənazəsini, Stepan Mixayloviçi yola salıram.

– Hamısı cəfəngiyatdır, siz sərxoşsunuz, ağılsız adam! – Bir anlığa karıxmış Velçaninov daha bərkdən çığırdı: – Bu saat düşün və mənim karetimə oturun, bu saat!

– Bacarmaram, borc… Velçaninov çığırdı:

– Mən sizi çəkib yerə salaram!

– Mən isə çığıraram! Mən isə çığıraram! – deyə Pavel Pavloviç yenə bayaqkı kimi hırıldadı, karetin küncünə qısıldı, elə bil, onunla oynayırdılar.

– Özünü gözlə, özünü gözlə, karetin altına düşərsən! – deyə qorodovoy çığırdı. Doğrudan da kənar bir karet körpünü enərkən cərgəni yarıb böyük həyəcan yaratmışdı. Velçaninov kənara sıçramağa məcbur oldu; o biri ekipajlar və camaat dərhal onu daha geriyə sıxdılar. O tüpürdü və öz kolyaskasının yanına getdi. «Onsuz da beləsini aparmaq olmaz!» – Velçaninov həyəcan qarışıq heyrətlə fikirləşirdi.

Velçaninov Mariya Sısoyevnanın dediklərini və dəfn mərasimindəki qəribə görüşünü Klavdiya Petrovnaya danışanda, qadın bərk fikrə getdi: «Mən sizdən ötrü qorxuram, siz onunla hər cür əlaqəni kəsməlisiniz, ozü də nə qədər tez olsa, bir o qədər yaxşıdır».

O, sərxoş təlxəkdən başqa bir şey deyil! – Velçaninov hirslə səsləndi. – Onun nəyindən qorxacağam? Bir də arada Liza olduğu halda mən onunla əlaqəni necə kəsə bilərəm! Lizanı düşünün!

Liza bu zaman xəstə yatırdı: dünən axşam titrəmə-qızdırması gəlmişdi, şəhərdən məşhur bir həkimin gəlməsini gözləyirdilər, sübhün gözü açılmamışdan onun dalınca adam göndərmişdilər. Butün bunlar Velçaninovun kefini tamam pozmuşdu. Klavdiya Petrovna onu xəstənin yanına apardı. Qadın Lizanın otağının qapısında ayaq saxlayıb dedi:

– Mən dünən ona diqqətlə göz yetirdim, çox məğrur və qaşqabaqlı uşaqdır; bizdə yaşamasından, atasının onu beləcə atmasından xəcalət çəkir; onun bütün xəstəliyi məncə bundan ibarətdir.

– Necə yəni atmışdır? Siz niyə güman edirsiniz ki, atmışdır?

– Birinci elə o bəsdir ki, qızı buraya, tanımadığı bir evə buraxmışdır, özü də… demək olar ki, tanımadığı və yaxud da belə münasibətdə olduğu bir adamla…

– Onu mən gətirmişəm, zorla gətirmişəm; mən güman eləmirəm ki…

– Ah, pərvərdigara, Liza, uşaq belə güman edir! Məncə o daha heç zaman gəlməyəcək.

Liza Velçaninovu tək görəndə təəccüblənmədi; o ancaq kədərli-kədərli gülümsədi və hərarətdən od tutub yanan üzünü divara tərəf çevirdi. O, Velçaninovun ürkək təsəllilərinə və atasını sabah yəqin gətirəcəyi barədə möhkəm vədlərinə cavab vermirdi. Qızın yanından çıxarkən Velçaninov birdən ağladı.

Doktor ancaq axşamüstü gəldi. Xəstəni müayinə edib, ilk sözündən hamını qorxutdu və dedi ki, onu nahaq yerə tez çağırmayıblar. Ona deyəndə ki, qız dünən axşam xəstələnib, əvvəlcə inanmadı. «Hər şey bu gecənin necə keçməsindən asılıdır» – deyə nəhayət, həkim qərara gəldi və öz tapşırıqlarını verib getdi, vəd elədi ki, sabah bacardıqca tez gələcəkdir. Velçaninov gecəni mütləq orada qalmaq istəyirdi, lakin Klavdiya Petrovna özü ondan xahiş etdi ki: «o vəhşini buraya gətirməyə bir də təşəbbüs etsin».

– Bir də? – deyə Velçaninov qəzəblə səsləndi. – Mən indi onun əl-qolunu bağlayıb, qucağımda gətirəcəyəm! – Pavel Pavloviçin əl-qolunu bağlayıb, qucağında gətirmək fikri birdən onu tamam haldan çıxardı. «Mən indi özümü onun qarşısında heç nədə günahkar hiss etmirəm! – O Klavdiya Petrovna ilə vidalaşarkən qəzəblə əlavə etdi: – Dünən burada dediyim bütün zəif və kövrək sözlərimdən imtina edirəm!»

Liza gözlərini yummuşdu, görünür yatmışdı; sanki vəziyyəti yaxşılaşmışdı. Velçaninov vidalaşmaq üçün, heç olmasa paltarının qırağından öpmək məqsədilə, ehtiyatla onun başına tərəf əyildiyi zaman, qız onu gözləyirmiş kimi, birdən gözlərini açdı və pıçıldadı: «Aparın məni buradan».

Bu, dünənki əsəbilikdən tamamilə xali, sakit və kədərli bir xahiş idi, lakin bununla belə, onun səsində elə bir əhvali-ruhiyyə duyulurdu ki, sanki özü də tamam arxayın idi ki, xahişini heç cür yerinə yetirməyəcəklər. Velçaninov tamam ümidsiz halda, bunun mümkün olmadığını deməyə başlamışdı ki, qız dinməzcə gözlərini yumdu və daha heç bir söz demədi, sanki Velçaninovu nə görürdü, nə də onun səsini eşidirdi.

Şəhərə çatan kimi, kareti birbaşa Pokrova sürməyi əmr etdi. Saat on idi; Pavel Pavloviç nömrədə yox idi. Velçaninov dəhlizdə çox səbirsiziklə gəzişə-gəzişə onu düz yarım saat gözlədi. Mariya Sısoyevna axırı onu inandırdı ki Pavel Pavloviç ancaq səhər, sübhçağı qayıdar. «Onda sübhçağı gələrəm» – deyə Velçaninov qət edib, evə getdi.

O hələ otağına girməmişdi ki, Mavra xəbər verdi ki, dünənki qonaq saat ondan onu gözləyir, bundan o heyrətə gəldi.

«Çay da içdi, yenə həmin çaxırdan almağa göndərdi, göy əskinas verdi».


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации