Текст книги "Seçilmiş əsərləri"
Автор книги: Федор Достоевский
Жанр: Русская классика, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 30 страниц)
– Yox, Karl Fyodorıç, vallah səninlə heç cür razılaşa bilmirəm, – atam, nəhayət, dillənir və özünü elə tuturdu ki, guya bu acı həqiqəti demək onun özünə də çətin gəlir. Atamın bu sözlərini eşidəndə Karl Fyodorıçın köksündən yanıqlı bir inilti qopurdu; lakin bir an sonra yenidən ruhlanır, əlinin tələsik hərəkətləri ilə təzədən diqqətli olmağımızı tələb edir, bizə deyirdi ki, başqa üsulla rəqs etmişdir və yalvarıb xahiş edirdi ki, ona yenidən rəy söyləyək. Bu dəfə otağın başqa bir küncünə yüyürüb bəzən elə canfəşanlıqla atılıb-düşürdü ki, hətta başı tavana dəyib bərk ağrıyırdı. Lakin o, qədim spartalılar kimi ağrıya qəhrəmancasına dözür, yenidən pozada dayanaraq gülümsünə-gülümsünə titrək əllərini bizə tərəf uzadıb öz taleyinin necə həll ediləcəyini gözləyirdi. Lakin atam çox rəhmsiz idi. O yenə də əvvəlki kimi qaşqabaqlı deyirdi:
– Yox, Karl Fyodorıç, görünür taleyin belədir: səninlə heç cür razılaşa bilmirəm!
Söhbət bu yerə çatanda mən daha davam gətirmir, uğunub gedirdim, atam da mənə qoşulurdu. Nəhayət, Karl Fyodorıç onu məsxərəyə qoyduğumuzu başa düşür, qəzəbindən qıpqırmızı qızarır, gözləri yaşarmış halda, gülməli də olsa, dərin qəzəb hissi ilə pörtürdü. Onun bu vəziyyəti sonra mənim vicdan əzabı çəkməyimə səbəb olurdu. Karl Fyodorıç atama deyirdi: – Sən satqın dostsan!
Sonra şlyapasını qapıb yüyürə-yüyürə otaqdan çıxır və and içirdi ki, bir daha buralara gəlməyəcək. Ancaq onun bizdən inciməyi uzun çəkmirdi: bir neçə gündən sonra yenə qayıdıb gəlirdi. Onlar o məşhur dram əsərini yenidən oxuyur, göz yaşları tökürdülər, sonra sadəlövh Karl Fyodorıç yenə öz adəti üzrə bizdən xahiş edirdi ki, onun istedadına düzgün qiymət verək, ancaq yalvarırdı ki, bu dəfə əsl dostlar kimi özümüzü ciddi aparaq, onu ələ salmayaq.
Bir dəfə anam məni dükana göndərmişdi, nəsə almaq lazım idi. Qayıdan baş dükançının qaytardığı xırda gümüş pulu ovcumda möhkəm-möhkəm sıxmışdım. Pilləkənə çatanda atamla rastlaşdım. O, həyətdən çıxırdı. Onu görəndə hisslərimi gizlədə bilmədiyim üçün üzünə baxıb güldüm. O da əyilib məni öpmək istəyəndə əlimdəki gümüş pulu gördü… Atamın üzünün ifadəsindən ürəyindən nələr keçirdiyini başa düşməyə adət etdiyimi sizə deməyi unutmuşdum. İlk nəzərdən onun nə istədiyini hiss edirdim. O, gözümə qüssəli görünəndə ürəyim az qala qəmdən partlayırdı. O həmişə pulu olmayan vaxtlarda, bunun üçün də dilinə bir gilə də olsun adət etdiyi şərabdan dəymədikdə, hər şeydən artıq qüssələnirdi. Lakin onunla pilləkən üstündə görüşdüyüm dəqiqələrdə mənə elə gəldi ki, onun ürəyində nəsə xüsusi bir şey baş vermişdi. Onun dumanlanmış gözləri hədəqəsindən çıxmışdı: əvvəlcə o məni görmədi, ancaq əlimdə parıldayan gümüş pulu görən kimi birdən-birə qızardı, sonra saraldı, pulu məndən almaq üçün əlini uzatdı. Ancaq elə o dəqiqə geri çəkdi. Görünür, onun daxilində mübarizə gedirdi. Nəhayət, deyəsən, o özünü ələ ala bildi, mənə dedi ki, tez yuxarı gedim, özü də bir neçə pillə endi, ancaq birdən dayandı və tələsik məni səslədi:
O çox pərt idi.
– Bura bax, Netoçka, – o mənə müraciət etdi, – o pulları ver mənə, sonra sənə qaytararam. hə? Sən o pulları atana verirsən, elə deyilmi? Axı sən mehriban qızsan, Netoçka!
Mən sanki bunu əvvəlcədən hiss etmişdim. Lakin ilk anlarda, anam hirslənəcəyi üçün, cürətsizlik və hər şeydən artıq özümün, eləcə də atamın yerinə xəcalət çəkməyim pulu ona verməyimə mane oldu. O, bir anda bunu hiss etdi və tələsik dedi:
– Yaxşı, lazım deyil, lazım deyil!..
– Yox, yox, ata, al! Deyərəm ki, itirmişəm, qonşunun uşaqları əlimdən alıblar.
– Hə, yaxşı, yaxşı, elə mən bilirdim ki, sən ağıllı qızsan, – deyə o, dodaqları titrəyə-titrəyə gülümsündü və pulu öz əlində hiss etdikdə sevindiyini gizlətmədi. – Sən mərhəmətli qızsan, mənim mələyimsən! Qoy sənin əlindən öpüm!
O, əlimdən tutub öpmək istədi, ancaq mən tez əlimi çəkdim. Qəlbimdə ona qarşı böyük bir mərhəmət hissi oyandı. Ancaq bir tərəfdən də xəcalət hissi mənə get-gedə daha artıq əzab verirdi. Heç onunla sağollaşmadan yuxarı yüyürdüm. Otağa girəndə yanaqlarım od tutub yanırdı, ürəyim də o vaxta qədər mənə məlum olmayan üzücü bir hissin təsirindən çırpınırdı. Ancaq mən anama ürəklə yaxınlaşıb pulu əlimdən qarın içinə saldığımı və çox axtarıb tapa bilmədiyimi dedim. Anamın məni deyəcəyini gözləyirdim, ancaq belə olmadı. Doğrudur, anam əvvəlcə çox dilxor oldu, çünki biz dəhşətli dərəcədə yoxsul idik. Mənim üstümə qışqırdı, ancaq elə bil həmin dəqiqə fikrini dəyişib daha məni danlamadı, bircə onu dedi ki, mən çox fərasətsiz, bacarıqsız qızam. Görünür onu az istəyirəm, belə olmasaydı, onun malına belə pis baxmazdım. Anamın bu tənəli sözləri mənə döyülməkdən də artıq təsir etdi. Anam artıq mənə bələd olmuşdu. O mənim çox vaxt xəstə bir əsəbiliyə qədər çatan həssaslığımı görmüşdü. Buna görə də onu sevmədiyimi deyərək, acı töhmətlərlə məni gələcəkdə daha ehtiyatlı olmağa sövq etmək istəyirdi.
Axşam hava qaralanda, atam evə qayıdan vaxtlar, mən hər dəfə onu dəhlizdə gözləyirdim. Bu dəfə nədənsə bərk xəcalət çəkirdim. Çəkdiyim ağır vicdan əzabı bütün hisslərimi təlatümə gətirmişdi. Nəhayət, atam qayıtdı, mən onun gəlişinə çox sevindim. Elə bil o öz gəlişi ilə mənə təskinlik gətirəcəkdi. Kefli idi, ancaq məni görən kimi, sirli və utancaq bir görkəm aldı, məni küncə çəkdi, qorxa-qorxa otağın qapısına baxaraq, bazardan aldığı şirin qoğalı cibindən çıxarıb mənə verdi və pıçıltı ilə dedi ki, daha bundan sonra, bir də anamdan gizli pul götürməyim, bu pis şeydir, ayıbdır, yaxşı deyil: bu dəfəlik daha keçib, atama pul çox lazım olduğu üçün belə eləmişik, ancaq o, pulu qaytaracaq, onda anama deyə bilərəm ki, pul tapıldı. Amma anadan xəlvət pul götürmək ayıbdır, bunu bir daha gərək heç ağlına gətirməyəm, gələcəkdə yenə də ona qulaq assam, o mənə yenə şirin qoğal alacaqdır; axırda o, hətta dedi ki, anana yazığın gəlsin, anan çox xəstədir, o yazıq bizim hamımızın əvəzinə təkbaşına işləyir. Mən qorxu içində dayanıb bütün bədənim əsə-əsə qulaq asırdım, gözlərim yaşla dolmuşdu. Mən elə sarsılmışdım ki, bir kəlmə də olsun danışa bilmirdim, elə bil yerə mıxlanmışdım. Nəhayət, o, otağa girdi və mənə tapşırdı ki, daha ağlamayım, özüm də bu barədə anama bir söz deməyim. Mən görürdüm ki, onun özü də yaman pərtdir. Bütün axşamı dəhşətli vəziyyətdə keçirdim. İlk dəfə idi ki, atamın üzünə baxmağa cürət etmir, ona yaxınlaşa bilmirdim. Görünür o da mənim nəzərlərimdən yayınırdı, anam isə otaqda var-gəl eləyir və özünü unutmuş kimi, adəti üzrə nə isə öz-özünə danışırdı. O gün anam özünü daha pis hiss edirdi. Hətta axırda nədənsə ürəyi getdi. Daxili iztirablardan bədənimə titrətmə düşdü. Gecə yata bilmədim. Məni qara basırdı. Nəhayət, bu əziyyətə dözə bilmədim, hönkür-hönkür ağlamağa başladım. Anam səsimə oyandı, məni səsləyib nə üçün ağladığımı soruşdu. Mən cavab verməyib daha da bərkdən ağladım. Anam qalxıb şamı yandırdı, mənə yaxınlaşıb nə isə yuxu görüb qorxduğumu zənn edərək, məni sakit etməyə başladı. «Ay səni, səfeh qız! – dedi, – bu yaşında da yuxu görəndə ağlayırsan? Di bəsdir, ağlama…» O məni öpüb dedi ki, gəlib onun yanında yatım. Ancaq mən istəmirdim, çünki onu qucaqlamağa, onun yanına getməyə cürət etmirdim, buna görə də ağlagəlməz əzablar içində yanırdım. İstəyirdim ki, hər şeyi açıb ona danışam. Hətta sözüm dilimin ucunda idi, ancaq atamı gözümün qabağına gətirdim və onun qadağan etdiyini xatırlayanda sözüm ağzımda qaldı. «Eh, nə yazıq uşaqsan, Netoçka! – anam isitməli adamlar kimi bədənimin əsdiyini görüb məni yatağa uzatdı və öz köhnə salopunu33
gen qadın paltosu
[Закрыть] üstümə saldı, – deyəsən, elə sən də mənim kimi canından bezar olacaqsan!» O mənə elə kədərlə baxdı ki, baxışlarına dözə bilməyərək gözümü yumub üzümü yana çevirdim. Necə yatdığım yadımda deyil, məni huş apardı, yazıq anamın məni necə ovundurduğunu uzun müddət eşidirdim. O vaxta qədər mən bundan böyük əzab çəkməmişdim. Ürəyim ağrıdan sıxılırdı. Ertəsi gün səhər vəziyyətim bir az yüngülləşdi. Atamla danışmağa başladım, ancaq dünənki əhvalatı yada salmadım, çünki əvvəldən duymuşdum ki, bu əhvalatı yada salmamağım xoşuna gələcək. Atamın o dəqiqə eyni açıldı; bir az əvvəl mənə baxanda qaşqabağını tökürdü. İndi isə mənim də üzümün güldüyünü görəndə çox sevindi, hətta, demək olar ki, uşaq kimi sevindi. Bir azdan anam çıxıb getdi. Atam daha özünü saxlaya bilmədi. O məni elə öpürdü ki, sevincimdən dəli kimi olmuşdum, həm ağlayır, həm də gülürdüm. Axırda o dedi ki, mənə nə isə yaxşı bir şey göstərmək istəyir. Mən o şeyi görəndə çox sevinəcəyəm. Onu, mənə belə ağıllı və mərhəmətli qız olduğum üçün göstərir. O, jiletinin düymələrini açıb, boynundan qara qaytanlı açarı çıxartdı, sonra zənnincə alacağım zövqü gözlərimdən oxumaq istəyirmiş kimi, altdan-altdan mənə baxaraq sandığı açdı və onun içindən qəribə formalı qara bir qutu çıxartdı. Mən bu qutunu indiyə qədər görməmişdim. O, birdən-birə dəyişərək, qutunu ehtiyatla götürdü; sifətindəki təbəssüm əlamətləri yox oldu, onun əvəzində nə isə məğrur bir ifadə yarandı. Nəhayət o, açarla bu sirli qutunu açdı və oradan ömrümdə görmədiyim qəribə bir şey çıxartdı, – bu şeyin ilk nəzərdə çox qəribə görkəmi vardı. O, həmin şeyi böyük bir ehtiyat və hörmətlə əlinə alıb dedi ki, bu skripkadır, onun çalğı alətidir. Elə buradaca mənə qürurla nə isə uzun-uzadı danışmağa başladı, ancaq onun nə dediyini başa düşmürdüm. Xatirimdə yalnız mənə məlum olan ifadələri saxlamışam, – o artistdir, onun istedadı vardır, vaxt gələcək bu skripkada çalacaq, nəhayət bizim hamımız varlanacayıq və böyük xoşbəxtliyə çatacayıq. Onun gözləri yaşla doldu və yanaqlarına süzüldü. Mən çox mütəəssir olmuşdum. Nəhayət o, skripkanı öpdü və məni də öpməyə məcbur etdi. O, skripkaya yaxından baxmaq istədiyimi görəndə məni anamın yatağına tərəf aparıb skripkanı əlimə verdi; ancaq mən onun qorxudan necə əsdiyini, skripkanı sındıracağımdan ehtiyat etdiyini görürdüm. Mən skripkanı əlimə alıb, simlərinə toxundum, simlər yavaşdan səsləndi.
– Bu musiqidir! – deyib mən atama baxdım.
– Hə, hə, musiqidir! – O sevinə-sevinə əllərini ovuşdurdu, – sən ağıllı uşaqsan, sən mərhəmətli uşaqsan! – O məni tərifləyib sevinsə də skripkası üçün əsdiyini görürdüm, buna görə də qorxmağa başladım, – tez skripkanı qaytardım. O, skripkanı alıb əvvəlki kimi ehtiyatla qutuya qoydu, qutunun da ağzını bağlayıb sandığa qoydu; sonra gəlib başımı sığallayaraq dedi ki, əgər həmişə indiki kimi ağıllı, mərhəmətli və itaətkar olsam, skripkanı hər dəfə mənə göstərəcəkdir. Beləliklə, skripka bizim ümumi dərdimizi dağıtdı. Ancaq atam axşam evdən gedəndə yenə qulağıma pıçıldadı ki, dünənki sözləri yadımdan çıxarmayım.
Mən beləcə, öz kasıb otağımızda böyüyürdüm və mənim məhəbbətim, – yox, daha doğrusu, ehtirasım, çünki atama bəslədiyim qarşısıalınmaz, hətta mənim özüm üçün də əziyyətli hissi tam mənasında ifadə edə biləcək başqa bir kəsərli söz bilmirəm, – get-gedə nə isə xəstə bir əsəbilik dərəcəsinə çatdı. Mənim yeganə zövq aldığım bir şey vardısa, o da atam haqqında fikirləşmək, onun haqqında xəyallara dalmaqdı; bircə arzum vardısa, o da atamı bir balaca da olsa razı salan bir iş görmək, əlimdən gələni etmək arzusu idi. Elə olurdu ki, dəfələrlə pilləkənlərin üstündə dayanıb, çox vaxt soyuqdan gömgöy olub əsə-əsə, onun gəlişini gözləyirdim. Çalışırdım ki, onun gəldiyini bircə an əvvəl görüm və ona mümkün qədər tez baxa bilim. Hərdən o məni azacıq da olsa oxşayanda, sevincimdən dəli kimi olurdum. Bununla belə, çox vaxt yazıq anama bu dərəcədə inadla soyuqqanlılığım mənə əziyyət verirdi: elə dəqiqələr olurdu ki, ona baxanda kədər və mərhəmətdən sarsılırdım. Mən onların daimi düşmənçiliyinə laqeyd qala bilməzdim, mütləq birinin tərəfinə keçməli idim. Buna görə də o, yarısərsəm adamın tərəfinə keçmişdim, yalnız ona görə ki, o mənim nəzərimdə son dərəcə miskin və alçaq görünsə də, ilk vaxtlarda xəyalıma ağlasığmaz dərəcədə təsir bağışlaya bilmişdi. Ancaq kim deyə bilər? – Bəlkə də mən məhz görkəmi son dərəcə qəribə olduğu üçün, anam kimi ciddi və qaşqabaqlı deyil, demək olar ki, dəli kimi olduğu, bəzən də nə isə özünü arsızlığa vurması, uşaq kimi hərəkətlər etməsi və nəhayət, anama nisbətən ondan daha az qorxduğum və daha az hörmət etdiyim üçün ona bu dərəcədə bağlanmışdım? O nə isə mənə daha yaxın idi. Hətta get-gedə hiss edirdim ki, mən ondan daha üstünəm, onu yavaş-yavaş özümə tabe edirəm, mən artıq onun üçün bir zəruriyyət oluram. Mən daxilən bununla fəxr edirəm, daxilən sevinirəm və onun üçün zəruriyyət olduğumu başa düşdüyümdən, hətta bəzən ona naz satıram. Doğrudan da, mənim bu qəribə bağlılığım hətta müəyyən dərəcədə eşq macərasına bənzəyirdi. Ancaq tale elə gətirdi ki, bu macəra uzun sürmədi, tezliklə mən atamı da, anamı da itirdim. Onların həyatı dəhşətli bir faciə ilə nəticələndi. Bu faciə xatirimdə ağır və əzablı izlər buraxdı. Əhvalat belə oldu.
III
Bu vaxt Peterburqda fövqəladə bir xəbər hamını həyəcanlandırmışdı. Xəbər yayılmışdı ki, məşhur S-ts gəlir. Peterburqda musiqi ilə əlaqədar nə vardısa hamısı hərəkətə gəlmişdi. Müğənnilər, artistlər, şairlər, rəssamlar, musiqi həvəskarları və hətta ömürlərində musiqiyə həvəs göstərməyən, özləri qürrələnə-qürrələnə bir notdan da baş çıxarmadıqlarını deyənlər də yaman əl-ayağa düşmüşdülər, bilet tapmağa çalışırdılar. Biletə iyirmi beş manat vermək iqtidarında olan həvəskarların heç ondan birini də tamaşa salonu tuta bilməzdi; lakin bütün Avropada məşhur olan S-tsın adı, onun şöhrət çələngləri ilə bəzənmiş qocalığı, istedadının solmaz təravəti, bir də ki, son zamanlarda tamaşaçılar qarşısında az-az çıxış etməsi və bu səfərinin Avropaya son qastrol səfəri olması, bundan sonra daha çalmayacağı haqqında yayılmış xəbər öz təsirini göstərmişdi. Bir sözlə, təsir çox güclü və dərindi.
Mən irəlidə demişdim ki, şəhərə gələn hər bir skripka çalan, az-çox şöhrət qazanmış sənətkar atalığıma çox pis təsir göstərirdi. O, həmişə gəlmə artistə hamıdan əvvəl qulaq asmağa çalışırdı ki, onun sənətkarlıq səviyyəsini görsün. Çox vaxt o, təzə gəlmiş artistin ünvanına eşitdiyi təriflərin təsirindən naxoşlayırdı, yalnız təzə skripkaçının çalğısında nöqsan tapdıqdan sonra sakitləşər və öz fikrini bacardığı yerlərdə istehzalı sözlərlə yayırdı. Bu bədbəxt səsləri dünyada bircə istedadlı adam tanıyırdısa, yeganə artist tanıyırdısa, o da, əlbəttə ki, onun özü idi. Lakin musiqi dahisi hesab olunan S-tsın gəlişi haqqında xəbərlər ona nə isə sarsıdıcı təsir göstərdi. Onu da deyim ki, son on ildə Peterburqa az-çox məşhur istedadlı çalğıçı, hətta S-ts ilə az da olsa ayaqlaşa bilən bir adam belə gəlməmişdi. Buna görə də atamın Avropada yaşayan mahir artistlərin çalğısı haqqında heç bir təsəvvürü yox idi.
Mənə danışırdılar ki, S-tsın şəhərə gələcəyi haqqında ilk xəbəri eşidən kimi atamı yenə teatrın səhnəsi dalında görmüşdülər. Deyirdilər ki, guya o, son dərəcə həyəcanlı imiş və böyük bir narahatlıqla S-ts və onun verəcəyi konsertlər haqqında məlumat toplayırmış. Çoxdan idi ki, onu səhnə dalında görməmişdilər. Buna görə də onun gəlişi hətta böyük təsir göstərmişdi. Kim isə onu acıqlandırmaq niyyəti ilə ötkəm deyirmiş: «İndi siz, əzizim Yeqor Petroviç, balet musiqisi deyil, elə bir şey eşidəcəksiniz ki, bu gen dünya başınıza dar olacaq!» Deyirlər ki, guya bu istehzanı eşidəndə onun rəngi qaçıb, lakin əsəbiliklə gülümsəyərək deyib: «Baxarıq, uzaqdan hər şey adama xoş gəlir; S-ts ancaq Parisdə olub, fransızlar onu göylərə qaldırıblar, şükür allaha, fransızın nə demək olduğunu bilirsiniz!» və i. a. Ətrafdakılar qəhqəhə ilə gülüblər. Yazıq inciyib, ancaq özünü ələ alaraq, bircə onu deyib ki, hələlik heç nə söyləyə bilməz, baxarıq, görərik, birisi gün uzaqda deyil, tezliklə bütün məsələlər aydınlaşar.
B. danışır ki, elə həmin axşam, şər qarışanda, məşhur musiqi həvəskarı, incəsənəti dərindən başa düşən və ürəkdən sevən knyaz X. ilə görüşmüşdü. Onlar təzə gələn artist haqqında söhbət edə-edə gedirmişlər. Birdən küçələrdən birinin tinində B. atamı görür. O dayanıb mağaza pəncərəsinin içərisinə vurulmuş afişanı diqqətlə nəzərdən keçirirmiş. Afişada S-tsın konserti haqqında məlumat verilirdi.
– Bu adamı görürsünüzmü? – B. atamı göstərir.
– O kimdir ki? – knyaz soruşur.
– Siz onun barəsində eşitmisiniz. Mən sizə onun haqqında dəfələrlə danışmışam. Hətta siz ona vaxtı ilə kömək də eləmisiniz. Bu, həmin Yefimovdur.
– Doğrudan da maraqlıdır! – knyaz cavab verir. – Onun haqqında mənə çox danışmısınız. Deyirlər ki, çox məzəli adamdır. Bir onun söhbətinə qulaq asmaq istərdim.
– Mənası yoxdur, – B. cavab verir. – Çox ağır olar. Sizi deyə bilmərəm, amma mən ona qulaq asanda həmişə ürəyim sıxılır, onun həyatı dəhşətli, eybəcər bir faciədir. Mən onu dərindən başa düşürəm, o nə qədər çirkin olsa da, yenə ona qarşı rəğbətim sönməmişdir. Siz deyirsiniz ki, knyaz, o, maraqlı adam olmalıdır. Bu doğrudur, lakin o çox ağır təsir bağışlayır. Əvvəla o dəlidir; ikincisi də bu dəlinin vicdanında üç cinayət vardır, çünki özündən başqa daha iki adamı məhv etmişdir: arvadını və qızını. Mən onu tanıyıram; o tutduğu cinayətləri dərk etmiş olsa, elə yerindəcə bağrı çatlayar. Lakin, bütün dəhşət ondadır ki, bu adam səkkiz ildən bəri tutduğu cinayəti, demək olar ki, dərk edir və səkkiz il sərasər öz vicdanı ilə mübarizə aparır ki, bu cinayətə bütünlüklə inansın.
– Deyirsiniz o yoxsuldur? – knyaz soruşur.
– Bəli, ancaq yoxsulluq onun üçün, demək olar ki, xoşbəxtlikdir, çünki onun əlinə bəhanə verir. O, indi hamını inandıra bilir ki, ona mane olan yalnız yoxsulluqdur. Əgər o varlı olsaydı vaxtı olardı, çörək pulu dərdi çəkməzdi. Onda onun necə artist olduğunu görərdilər. O, evlənəndə də çox qəribə bir ümidlə evlənib ki, arvadında olan min manat pul bəlkə onun dirçəlməsinə kömək edə. O, xəyalpərvər, şair kimi hərəkət etmişdir. Elə əslində bütün həyatı boyu belə olmuşdur. Bilirsinizmi, o, səkkiz ildən bəridir ki, yorulmadan nə deyir? Onun dediyinə görə bütün fəlakətlərin baisi arvadıdır, ona mane olur, o əllərini qoynuna qoyub işlətmək istəmir. Ancaq bu arvadı onun əlindən alsanız, o, dünyada ən bədbəxt bir məxluq olar. Neçə ildən bəridir ki, əlinə skripka almır, – bilirsinizmi nə üçün? Çünki hər dəfə kamanı əlinə götürəndə özü daxilən inanmağa məcbur olur ki, heç bir şeydir, artist deyil. İndi isə kaman bir tərəfdə yatıb qaldığı üçün onun qəlbində heç olmasa balaca ümid qığılcımı yanır ki, bu doğru deyil. O, xəyalpərvər adamdır: ona elə gəlir ki, guya birdən-birə nə isə bir möcüzə ilə, birdəfəlik dünyada ən məşhur adam olacaqdır. Onun bir şüarı var: Aut Caesar, Aut Nihil!44
Ya Sezar ol, ya da heç bir şey
[Закрыть], guya birdən-birə, bir anda Sezar olmaq mümkündür. Onun bir ehtirası vardısa, o da şöhrətdir. Əgər artisti yaşadan əsas və yeganə hərəkətetdirici qüvvə bu hissdirsə, onda o artist deyil, çünki, o deməli əsas bədiiyyat sövqi-təbiəti olan incəsənətə məhəbbət hissini itirmişdir. Halbuki onu məhz ayrı şey deyil, incəsənət olduğu üçün sevmək lazımdır, çünki sənətkarlıqla şöhrət tamamilə başqa-başqa şeylərdir. S-ts isə əksinə: kamanı əlinə alanda musiqidən başqa dünyada hər şeyi unudur. Onun nəzərində kamandan sonra ən əhəmiyyətli məsələ puldur. Şöhrət isə deyəsən, üçüncü yeri tutur. Ancaq o, bu barədə az fikirləşir. Heç bilirsinizmi, indi bu bədbəxti düşündürən nə məsələdir? – B. Yefimovu göstərərək əlavə edir. – bu saat dünyada ən axmaq, ən miskin, ən acınacaqlı və ən gülməli bir məsələ məşğul edir. O düşünür ki, görəsən o, S-tsdən yüksəkdir, yoxsa S-ts ondan. İndi başqa bir şey onun beyninə girmir, çünki o, bütün dünyada birinci musiqiçi olduğuna hələ də əmindir. Onu artist olmadığına inandıra bilsəniz, sizi əmin edirəm ki, ildırım vurmuş kimi yerindəcə ölər, çünki bütün həyatını qurban verdiyi daimi bir ideyadan ayrılmaq onun üçün çox dəhşətli olar. Əslində bu ideyanın dərin və ciddi əsası da vardır, sözün düzünə qalsa, ilk vaxtlarda onun həqiqətən istedadı vardı.
– Maraqlıdır, görəsən o, S-tsın çalğısını eşidəndən sonra özünü necə hiss edəcək? – deyə knyaz soruşdu.
– Bəli, – B. fikirli halda cavab verir. – Yox, o dəqiqə ayılacaq; onun dəliliyi həqiqətdən güclüdür, elə o saat fikirləşib bir bəhanə uyduracaq.
– Yəni sizin zənninizcə belə eləyəcək? – knyaz soruşdu.
Bu vaxt onlar atamın durduğu yerə çatırlar. O xəlvəti ötüb-keçmək istəyir, lakin B. onu dayandırıb danışmağa başlayır. B. ondan S-tsın konsertinə gəlib-gəlməyəcəyini soruşur. Atam da laqeydliklə cavab verir ki, bilmir, onun konsertdən də və bütün gəlmə sənətkarlardan da mühüm işi vardır. Ancaq hər halda çalışacaq, işinə baxacaq, əgər boş vaxtı olsa niyə də gəlib qulaq asmasın? Vaxt tapıb gələr. O, B-lə knyaza iti və narahat bir nəzər salaraq inamsızlıqla gülümsəyir, sonra şlyapasını qaldıraraq tələsdiyini bəhanə gətirərək baş əyib gedir.
Mən hələ bir gün əvvəl atamın nə barədə fikirləşdiyini bilirdim. Ona əzab verən şeyin nə olduğunu bilmirdim. Ancaq görürdüm ki, o, dəhşətli bir narahatlıq içindədir: hətta anam da bunu hiss etmişdi. Anam bu vaxt nə isə özünü daha çox məyus hiss edirdi. Ayaqlarını güclə sürüyürdü. Atam dəqiqəbaşı gah evə girir, gah da çıxıb gedirdi. Səhər səhnə yoldaşlarından üç-dörd nəfəri onun yanına gəldi. Bu məni çox təəccübləndirdi. Çünki Karl Fyodorıçdan başqa evimizdə, demək olar ki, heç vaxt kənar adam görməmişdim, atam teatrdan çıxandan sonra hamı bizdən üz döndərmişdi, nəhayət, Karl Fyodorıç da tövşüyə-tövşüyə gəlib, bir afişa gətirdi. Mən danışılan sözlərə diqqətlə qulaq asır, onlara fikir verirdim, bütün bunlar məni elə narahat edirdi ki, guya atamın sifətində oxuduğum narahatlıq və təşviş hisslərinin baisi bircə mən idim. Onların nə danışdıqlarını başa düşməyə çalışırdım. İlk dəfə S-tsın adını eşitdim.. Sonra başa düşdüm ki, həmin bu S-tsı, görmək üçün azı on beş manat pul lazımdır. O da yadımdadır ki, atam özünü saxlaya bilməyib, əlini yelləyərək dedi ki, o, xaricdən gələn bu ecazkarlar, nadir istedadları yaxşı tanıyır. S-tsa da yaxşı bələddir, guya bütün bu həngamə cuhudların fırıldağıdır, girləyib rusların pulunu əllərindən almaq istəyirlər, çünki boş-boş şeylərə inanmaq rusların adətidir, o ki qaldı fransızlar, küyə salırlar. Mən artıq «istedadı yoxdur» sözünün nə demək olduğunu başa düşürdüm. Qonaqlar gülüşməyə başladılar və atamı dilxor halda qoyub tezliklə-çıxıb getdilər. Mən başa düşdüm ki, o, nədənsə həmin o S-tsın əlindən bərk hirslidir. Buna görə də ona xoş gəlmək və dərdini dağıtmaq niyyətilə stola yaxınlaşıb afişanı götürdüm və S-tsın adını höccələyə-höccələyə ucadan oxumağa başladım. Sonra fikirli halda oturan atama baxaraq gülə-gülə dedim: «Yəqin elə bu da Karl Fyodorıç kimi bir şeydir: yəqin ki, onunla da heç cür razılaşmaq olmaz». Atam qorxmuş adam kimi diksinib, afişanı əlimdən dartıb aldı, qışqırıb ayaqlarını yerə döydü, sonra da şlyapasını götürüb otaqdan çıxdı, ancaq o dəqiqə geri dönüb məni dəhlizə çağırdı, öpdü, nə isə təşvişlə dizli bir qorxu hissi ilə dedi ki mən ağıllı qızam, mərhəmətli qızam, yəqin ki, onu incitmək fikrində olmayacağam, o məndən nə isə böyük bir yaxşılıq gözləyir, ancaq nə kimi yaxşılıq gözlədiyini mənə demədi. Onu da deyim ki, atamın sözlərinə qulaq asmaq mənə çox ağır gəlirdi. Çünki onun sözlərinin və nəvazişlərinin qeyri-səmimi olduğunu görürdüm, bu müşahidəm məni başdan-başa sarsıtdı. Daxili bir əzab içində onun nigarançılığını çəkməyə başladım.
Ertəsi gün nahar vaxtı – bu artıq konsert günü ərəfəsindəydi – atam tamamilə kefsiz idi, çox süst görünürdü. O son dərəcə dəyişmişdi və aramsız gah mənə, gah da anama baxırdı. Nəhayət o, anamla nə barədə isə danışmağa başlayanda mən təəccübləndim. Atam, demək olar ki, heç vaxt anamla danışmazdı. Nahardan sonra o, mənə xüsusilə nəvaziş göstərməyə başladı; dəqiqəbaşı müxtəlif bəhanələrlə məni dəhlizə çağırır, başqa bir adamın onun hərəkətlərini görəcəyindən ehtiyat edirmiş kimi ətrafına boylana-boylana mənim başımı sığallayır, tez-tez öpür, elə hey deyirdi ki, mən mərhəmətli qızam, mən üzüyola qızam, yəqin ki, atamı sevirəm, şübhəsiz ki, məndən nə xahiş eləsə yerinə yetirəcəyəm. Atamın bu hərəkətləri qəlbimdə dözülməz kədər hissi doğururdu. Nəhayət, o məni onuncu dəfə pilləkən başına çağıranda məsələ aydın oldu. Atam tamamilə heydən düşmüş halda kədərlə, narahatlıqla ətrafına baxıb məndən soruşdu: anamın dünən səhər gətirdiyi iyirmi beş manatın harda olduğunu bilirəmmi? Mən bu sualı eşidəndə yerimdəcə donub qaldım. Lakin bu vaxt səs eşidildi, atam qorxudan məni tək qoyub yüyürə-yüyürə çıxıb getdi. O bir də axşamüstü, pərt, kədərli, qayğılı halda qayıdıb heç bir söz demədən stul çəkib oturdu və nədənsə qorxa-qorxa mənə baxdı. Mənim də canımı qorxu almışdı. Buna görə də çalışıb nəzərlərimi ondan yayındırmağa səy edirdim. Nəhayət, bütün günü yataqda olan anam məni yanına çağırdı, bir neçə qara pul verib, çay və qənd almaq üçün dükana göndərdi. Biz çox nadir hallarda çay içərdik, vəsaitimiz çox cüzi olduğu üçün anam belə şeyə yalnız xəstə və qızdırmalı olduğu vaxtlarda yol verirdi. Mən pulları götürüb dəhlizə çıxdım. Elə o dəqiqə arxadan qovub mənə çatacaqlarından qorxurmuş kimi yüyürməyə başladım. Lakin mənim əvvəlcədən hiss etdiyim şey baş verdi: atam küçədə mənə çatdı və yenidən geri qaytardı. O, titrək səslə mənə müraciət edərək dedi:
– Netoçka! Əzizim! Qulaq as: o pulları mənə ver, mən lap günü sabah…
– Ata can! Ata can! – Mən qışqırıb onun qarşısında diz çökdüm və yalvarmağa başladım, – ata can, eləyə bilmərəm! Olmaz, anam çay içməlidir… Anamdan bu pulları almaq olmaz, heç cür mümkün deyil! Başqa bir vaxt verərəm…
– Deməli istəmirsən? İstəmirsən, – deyə o, dəli kimi pıçıldadı, – deməli, sən məni sevmək istəmirsən? Heç eybi yoxdur. Onda mən də səndən üz döndərərəm. Elə isə qal anan ilə, mən də çıxıb gedərəm, səni özümlə aparmaram. Eşidirsənmi, pis qız? Eşidirsənmi?
– Ata can! – Dəhşət içində qışqırdım, – al pulları, götür! Bəs indi mən nə eləyim? – Onun ətəyindən tutaraq dartışdırdım, – anam ağlayacaq, anam məni yenə danlayacaq!
O, deyəsən məndən belə müqavimət gözləmirdi, ancaq buna baxmayaraq pulları götürdü, nəhayət, daha şikayət və hıçqırıqlarıma dözməyərək məni pilləkənlərin üstündə qoyub aşağı yüyürdü. Mən yuxarı qalxdım, ancaq qapımıza çatanda lap taqətdən düşdüm; içəri girməyə cürət etmirdim, içəri girə bilmirdim, bütün daxilim, bütün qəlbim alt-üst olub sarsılmışdı. Mən üzümü əllərimlə örtüb, ilk dəfə atamın dilindən anamın ölümünü istədiyini eşitdiyim vaxtda olduğu kimi, pəncərəyə tərəf atıldım. Mən özümü itirərək donub qalmışdım, pilləkənlərdə eşidilən ən kiçik hənirtiyə belə diqqətlə qulaq asaraq diksinirdim. Nəhayət, kimin isə tələsik yuxarı qalxdığını eşitdim. Gələn atam idi; onun yerişinə yaxşı bələddim.
– Sən burdasan? – o pıçıldadı.
Mən özümü onun üstünə atdım.
– Al! – qışqırıb pulları ovcuma basdı, – al! Götür! Mən daha sənin atan deyiləm, eşitdinmi? Daha sənin atan olmaq istəmirəm! Sən ananı məndən çox istəyirsən, get ananın yanına! Mən səni heç tanımaq istəmirəm. O məni itələdi və yenə yüyürə-yüyürə pillələri endi. Mən də ağlaya-ağlaya onun dalınca götürüldüm.
– Ata can! Mənim mərhəmətli atam! Mən sənə qulaq asacağam! – deyə arxadan qışqırdım, – mən səni anamdan çox istəyirəm! Götür pulları, götür!
Ancaq artıq o məni eşitmirdi: o, gözdən itmişdi. Mən bütün axşamı özümü ölü kimi hiss elədim və xəstə adam kimi titrətmə içində əsdim. Yadımdadır, anam mənə nə isə deyir, öz yanına çağırırdı; ancaq mənim fikrim elə dağınıq idi ki, heç bir şey eşitmir, heç nə görmürdüm; anam qorxdu, bilmədi nə etsin. O məni aparıb öz yanında yatırtdı. Mən onun boynunu qucaqlamışdım, nədənsə qorxur, tez-tez diksinirdim, nə vaxt yuxuya getdiyimi heç özüm də bilmədim. Beləliklə, gecə keçdi. Ertəsi gün mən çox gec oyandım, yerimdən qalxanda anam artıq evdə yox idi. Həmişə bu vaxtlar öz işlərinin dalınca gedirdi. Atamın yanında kənar bir adam var idi, onlar nə barədə isə ucadan danışırdılar. Mən birtəhər dözüb qonağın getməsini gözlədim. Biz otaqda tək qalan kimi ağlaya-ağlaya atamın üstünə yüyürdüm, yalvarıb xahiş etdim ki, dünənki günahımdan keçsin.
O, sərt bir ahənglə soruşdu:
– Sən yenə də əvvəlki kimi ağıllı qız olacaqsanmı?
– Olacağam, ata can, olacağam! – deyə təsdiq etdim. – Anamın pullarının harada olduğunu sənə deyəcəyəm. Pullar bu siyirtmədə olur, dünən mücrünün içindəydi.
– Mücrünün içində idi? Harada? – o, diksinib qışqırdı və stuldan qalxdı. – Haradaydı?
– Siyirtmə bağlıdır, ata can! – cavab verdim. – Səbir elə axşam anam məni pulu xırdalamağa göndərəcək, çünki xırda pullar qurtarıb, mən özüm görmüşəm.
– Mənə on beş manat lazımdır. Netoçka! Eşidirsənmi? Ancaq on beş manat! Bu gün mənim üçün onu düzəlt; sabah gətirib qaytararam. Bu saat gedib sənin üçün şirni alacağam, qoz alacağam… Kukla da alacağam… Sabah… yaxşı qız olsan, hər gün sənin üçün sovqat gətirəcəyəm!
– Lazım deyil, ata, lazım deyil! Mən sovqat istəmirəm; mən heç nə yeməyəcəyəm; sənin özünə qaytaracağam! – deyə qışqırıb göz yaşı tökdüm, çünki bir anda ürəyim bərk sızıldadı. Mən o dəqiqə başa düşdüm ki, onun mənə yazığı gəlmir, o məni sevmir, çünki onu necə sevdiyimi görüb hiss etmir, o, elə güman edir ki, mən ona sovqat xatirinə qulluq göstərirəm. Bu dəqiqələrdə mən uşaq da olsam, onu yaxşı başa düşür və artıq hiss edirdim ki, bu qənaətim qəlbimdə ölənə qədər iz buraxacaqdır, artıq mən onu sevə bilməyəcəyəm, əvvəlki atacığımı həmişəlik itirmişəm. O isə mənim vədimdən qəribə bir vəcdə gəlmişdi; o görürdü ki, onun yolunda mən hər şeyə hazıram, onun üçün hər şey edərəm, ancaq allah şahiddir ki, bu «hər şey» o vaxt mənə necə baha otururdu. Çünki bu pulların yazıq anam üçün nə demək olduğunu mən başa düşürdüm; bilirdim ki, pullar əlindən çıxsa o, fikirdən xəstələnə bilər, buna görə də daxilən çəkdiyim peşmançılıq mənə böyük əziyyət verirdi. Ancaq atam bunları duymurdu; o məni üç yaşlı bir uşaq zənn edirdi. Halbuki mən hər şeyi başa düşürdüm. Onun vəcdinin intəhası yox idi; o məni öpür, dilə tutur, deyirdi ki, ağlamayım, vəd edirdi ki, elə bu gün anamı qoyub çıxıb gedərik, – görünür o mənim həmişəki xəyalpərvərliyimi nəzərdə tutub mənə xoş gəlməyə çalışırdı. Nəhayət o, cibindən bir afişa çıxardıb məni inandırmağa başladı ki, bu gün yanına getmək istədiyi adam onun düşmənidir, ən qorxunc düşmənidir, ancaq düşmənləri ona heç bir şey edə bilməyəcək. O mənimlə öz düşmənləri barəsində söhbətə başlayanda məndən daha çox özü uşağa bənzəyirdi. Mənim, əvvəllər olduğu kimi, onunla danışarkən gülümsədiyimi, sakitcə dayanıb dinlədiyimi görəndə şlyapasını götürüb otaqdan çıxdı, çünki hara isə tələsirdi, ancaq məni bir də öpdü. Sanki məndən nigaran idi, deyəsən, məni öz fikrimdən dönməməyə çalışırmış kimi, gülümsünüb başını tərpədərək getdi.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.