Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 5

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +

– Ah, Nastenka! İkimiz də güldük.

– Yaxşı, bu da belə! Bəs siz harada yaşayırsınız? Bir dəfə ünvanınızı demişdiniz, unutmuşam.

– Mən orada, körpünün yanında, Barannikovun evində oluram.

– Böyük evdir, eləmi?

– Hə, böyük evdir.

– Bilirəm, bilirəm, yaxşı evdir, ancaq bilirsiniz, oradan tez köçüb bizə gəlin…

– Lap sabah köçərəm, Nastenka, elə günü sabah! Orada bir az kirayə borcum qalıb, eybi yoxdur, bu da düzələr… Mən bu yaxında maaş alacağam…

– Bilirsinizmi, bəlkə mən müəllimliyə getdim; əvvəlcə özüm oxuyub öyrənərəm, sonra müəllimlik eləyərəm!..

– Yaxşı olar… Mən də bu günlərdə pul mükafatı alacağam, Nastenka!

– Deməli, sabahdan siz mənim kirayənişim olacaqsınız!

– Hə, bir gün yığışıb, «Sevilya bərbəri»nə tamaşa etməyə gedərik, bu yaxınlarda onu yenə göstərəcəklər.

– Əlbəttə gedərik, – deyə Nastenka güldü, – yaxşısı budur «Bərbərə» yox, başqasına baxaq…

– Hə, yaxşı, qoy başqası olsun, başqası yaxşıdır, mənim heç ağlıma gəlməyib…

Biz tüstüyə, dumana bürünmüş kimi, ətrafımızdan xəbərsiz halda, danışa-danışa gedirdik. Bəzən dayanıb, bir yerdə xeyli söhbət eləyirdik, sonra yenə yola düzəlirdik və allah bilir hansı küçələrdən keçirdik, yenə də gülüş, yenə də göz yaşları… Hərdən Nastenka evə qayıtmaq istəyirdi, mən də etiraz etməyə cürət göstərməyib, onu lap qapılarına qədər ötürməyi qət eləyirdim; biz yola davam edirdik və on beş dəqiqə keçməmiş özümüzü birdən Sahil küçəsində, həmin skamyanın yanında görürdük. Bəzən o, dərindən ah çəkir, gözləri yaşarırdı, mən bu anlarda susur, qəlbimdə soyuq bir gizilti duyurdum… Lakin o, birdən yenə əlimi sıxır və biz yenə gəzir, danışır, gülürdük…

– Evə getmək vaxtıdır, gecdir, – deyə nəhayət, Nastenka dilləndi, – bəsdir uşaqlıq elədik!

– Elədir, Nastenka, amma mən bu gecə yatmayacağam, evə də getməyəcəyəm.

– Mən də deyəsən, yatmayacağam, ancaq siz məni əvvəlcə ötürərsiniz.

– Bu nə sözdür? Əlbəttə!

– Bu dəfə yolumuz mütləq evə tərəf olmalıdır.

– Şübhəsiz.

– Doğrudanmı?.. Yoxsa belə gəzsək, səhərə qədər evə qayıda bilmərik.

– Yox, bu dəfə qayıdacağıq, – deyə mən güldüm.

– Hə, gedək!

– Gedək. Nastenka, siz bir köyə baxın. Sabah gözəl hava olacaq, səma nə qədər də mavi, ay necə də parlaqdır! Ora baxın, indicə bu sarı bulud ayın üzünü örtəcək, baxın, baxın… Yox, yan keçdi. Baxın, baxın!..

Lakin Nastenka buluda baxmırdı, o dinmədən, heykəl kimi hərəkətsiz dayanmışdı, bir dəqiqə sonra o, qeyri-ixtiyari, bərk-bərk mənə sıxılmağa başladı. Onun xırdaca əli mənim ovcumda titrədi, mən diqqətlə ona baxdım… O mənə daha da möhkəm sıxıldı…

Bu anda yanımızdan bir gənc keçdi. Birdən dayandı, gözlərini üzümüzə zillədi və sonra yoluna davam eləyib, bir neçə addım uzaqlaşdı. Ürəyim əsdi…

– Nastenka, – deyə yavaşca soruşdum, – o kimdir, Nastenka?

– Bu odur! – Nastenka pıçıltı ilə cavab verdi, bütün vücudu titrədi, mənə lap sıxıldı… Mən ayaq üstə güclə dururdum.

– Nastenka! Nastenka! Bu sənsənmi?! – deyə arxamızdan bir səs gəldi və həmin gənc sürətlə bizə yaxınlaşdı…

Pərvərdigara!.. Eşitdiyim qışqırıq nə idi? Nastenka necə də diksindi! Necə də çılğın bir qüvvə ilə qollarımın arasından çıxıb, sevgilisinə tərəf yüyürdü!.. Mən ildırım vurmuş kimi yerimdə donub onlara baxırdım. Nastenka birdən mənə sarı çevrildi, yenicə əl verdiyi, yenicə qucağına atıldığı sevgilisindən ayrılıb, bir külək, bir şimşək sürətilə mənə yaxınlaşdı və mən hələ özümə gəlməmiş, qollarını boynuma dolayıb, məni bərk-bərk və hərarətlə öpdü. Sonra bir söz demədən, yenidən ona tərəf atıldı, əllərindən tutdu və ardınca çəkib apardı…

Mən bir müddət durduğum yerdə qalıb, onların arxasınca baxdım… Nəhayət, ikisi də gözlərimdən itdi.

SƏHƏR

Mənim gecələrim səhərlə qurtardı. Hava yaxşı deyildi. Yağış yağır və damlalar ürəksıxan bir səslə pəncərəmi döyürdü. Otaq qaranlıq, bayır isə dumanlı idi. Başım ağrıyır və hərlənirdi, bədənimdə bir üşütmə duyurdum.

– Sənə məktub var, əzizim! İndicə poçtalyon gətirdi. – Matryonanın lap başımın üstündə dediyi bu sözlər məni xəyaldan ayırdı.

– Məktub? Kimdən? – deyə qışqırıb kürsüdən qalxdım.

– Mən savadsızam, əzizim, haradan bilim ki, kimdəndir? Özün bax, bəlkə üstündə yazılıb?

Mən möhürü qırdım. Məktub Nastenkadan idi. Yazmışdı: «Ah, bağışlayın, bağışlayın məni! Qarşınızda diz çöküb-yalvarıram: bağışlayın məni. Mən sizi də, özümü də aldatdım. Bu bir yuxu, bir xəyal idi… Sizin əvəzinizə bu gün nə əzab çəkdiyimi bilsəydiniz! Bağışlayın, bağışlayın məni!..

Məni günahlandırmayın, çünki mən dəyişməmişəm, sizin üçün yenə əvvəlki Nastenkayam, mən sizi sevdiyimi demişdim. İndi də sevirəm, daha artıq sevirəm! Pərvərdigara! Əgər sizin ikinizi də birdən sevə bilsəydim! Ah, əgər siz onun yerində olsaydınız!»

– «Ah, əgər o sizin yerinizdə olsaydı!» – Bu sözlər qulağımda yenidən səsləndi, öz-özümə pıçıldadım: «Bunu da sən demisən, Nastenka!»

«İndi mən sizin üçün nələr etməzdim, buna allah şahiddir! Mən yaxşı bilirəm ki, indi sizin vəziyyətiniz çox ağır və kədərlidir. Mən sizi təhqir elədim, lakin bilirsinizmi, sevgiyə təhqir yoxdur. Siz isə məni sevirsiniz!

Təşəkkür edirəm! Bəli, bu sevginiz üçün sizə təşəkkür edirəm. Bu sevgi yuxudan oyanandan sonra uzun müddət xatırladığım şirin bir röya kimi yadımdan çıxmayacaq; çünki mən, bir qardaş kimi öz qəlbinizi mənə açdığınız, mənim isə yaralanmış qəlbimi yenidən sağaltmaq, qorumaq, cana gətirmək xatirinə onu bir hədiyyə kimi qəbul etdiyiniz dəqiqəni ömrüm boyu unutmayacağam… Əgər siz məni bağışlasanız, o zaman sizin xatiriniz mənim qəlbimdə daha böyük, əbədi və xeyirxah duyğuya çevriləcək, heç bir vaxt oradan silinməyəcəkdir… Mən bu xatirəni bir xəzinə kimi saxlayacağam, ona xəyanət etməyəcəyəm, bəli, öz qəlbimə xəyanət etməyəcəyəm; qəlbim bu zəngin xatirə ilə birlikdə öz yerində sabit qalacaq. Mən onu yenidən və əbədi olaraq, öz sahibinə qaytarmışam.

Biz görüşəcəyik; bizə gələrsiniz, bizi tək qoymazsınız, siz mənim on yaxın dostum və qardaşım olarsınız… Siz məni görərkən əlinizi mənə verəcəksiniz, deyilmi? Siz artıq məni bağışlamısınız, deyilmi? Siz yenə məni əvvəlki kimi sevirsiniz, doğrudurmu?

Ah, sevin məni, məni atmayın, çünki mən də sizi sevirəm, sizin sevginizə layiqəm, mən onu öz ləyaqətimlə qazanmışam…

Mənim əziz dostum! Gələn həftə ona ərə gedirəm. O məni sevir, heç bir zaman məni unutmayıb… Onun haqqında sizə yazdığım üçün hirslənməyin. Lakin mən onunla birlikdə sizin yanınıza gəlmək istəyirəm, siz onu sevəcəksiniz, deyilmi?..

Bizi bağışlayacağınıza, sevəcəyinizə və xatırlayacağınıza əmin olan sizin Nastenka».

Mən məktubu bir neçə dəfə oxudum, gözlərim yaşla dolmuşdu. Nəhayət, məktub əlimdən düşdü və mən əllərimlə üzümü örtdüm.

Matryonanın səsi eşidildi:

– Gülüm! Ay mənim gülüm!

– Nə deyirsən, qarı?

– Bax, gör hörümçək torlarını necə təmizləmişəm, indi lap evlənə də bilərsən, qonaq da çağıra bilərsən, əvvəlki kimi…

Mən diqqətlə Matryonaya baxdım… Bu, hələ gümrah, qıvraq bir qarı idi. Lakin nədənsə o, mənim gözlərimdə dəyişib, sönük baxışlı, üzü qırışıqlı, beli əyilmiş, əldən düşmüş çox qoca bir qarıya çevrildi… Nədənsə otağım da öz görkəmini dəyişib, bu qocanın sifəti kimi mənə pis təsir bağışladı. Divarların və döşəmənin boyası getdi. Hər şey solğun bir rəng aldı. Hörümçək torları daha da artdı. Pəncərədən küçəyə baxarkən mənə elə gəldi ki, bizim evlə üzbəüzdəki bina da birdən-birə dəyişdi, o da rəngini itirdi, sütunlarının suvağı qopub töküldü, damının haşiyələri qaraldı, çatladı və tünd sarı rəng çəkilmiş divarlarının boyası gedib, ala-tala oldu.

Günəş yavaş-yavaş görünüb tez də gizləndi, yenə qara buludların arasında yox oldu və mənim gözlərimdə hər şey yenidən qaraldı, bütün gələcəyim xəyalıma bu dumanlı hava kimi gəldi, mən özümü on beş ildən sonra düşəcəyim vəziyyətdə gördüm: budur, qocalmış, beli bükülmüş halda həmin bu otaqda tək-tənha, o vaxtdan bəri ağıllanmayan həmin Matryona ilə əyləşmişəm…

Bütün bunlar hamısı bəlkə düşündüyüm kimi də olacaq? Bəlkə də olmayacaq. Lakin bir həqiqət varsa, o da budur ki, sənin məni necə incitdiyini unutmuşam, Nastenka! Mən öz kədərli xəyallarımla heç bir zaman sənin aydın, qayğısız bəxtiyarlığını qara bulud kimi örtməyəcək, xoş dəqiqələrində keçmişi yada salıb, sənin qəlbini vicdan əzabı ilə ağrıtmayacaq, nikah günü onunla birlikdə mehrab qarşısında dayanarkən qara saçlarına taxdığın zərif çiçəklərin gizlincə keşiyini çəkəcək, onlardan bircəsinin belə ayaq altına düşməsinə yol verməyəcəyəm!.. Heç bir zaman, heç bir zaman! Qoy sənin tale səhərin həmişə parlaq, incə təbəssümün isə həmişə aydın və saf olsun, ömrü tənhalıqda keçən zavallı bir insanın nəcib və xeyirxah qəlbinə bəxş etdiyin sevinc və xoşbəxtlik dəqiqəsi üçün həmişə bəxtiyar yaşayasan, Nastenka!

Pərvərdigara! Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!

NETOÇKA NEZVANOVA

I

Atam yadıma gəlmir. Mən iki yaşında olanda o ölüb. Anam ikinci dəfə ərə gedib. O, ikinci dəfə sevib getmiş olsa da, bu nikah onun başına çox müsibətlər gətirmişdi. Atalığım musiqiçi idi. Qəribə taleyi vardı, tanıdığım adamların hamısından daha qəribə, daha gözəl insan idi. Mənim uşaqlıq illərimin ilk təəssüratına onun böyük təsiri olmuşdur, belə ki, bu təəssüratın bütün həyatım boyu mənim üçün böyük əhəmiyyəti olmuşdur. Hekayətim aydın olmaq üçün, hər şeydən əvvəl, atalığımın tərcümeyi-halını danışmaq istəyirəm. İndi söyləyəcəyim şeylərin hamısını sonralar, atalığımın gənclik yoldaşı və yaxın dostu olan məşhur skripkaçı B.-dən öyrənmişəm.

Atalığımın familiyası Yefimov idi. O, varlı bir mülkədarın kəndində, kasıb musiqiçi ailəsində anadan olmuşdu. Atası uzun illər avaralanıb sərsəri dolaşdıqdan sonra həmin mülkədarın kəndinə gəlib, onun saxladığı orkestrdə qulluğa girmişdi. Mülkədar çox dəbdəbəli bir həyat keçirirdi, özü də dünyada hər şeydən çox musiqini sevirdi. Bu onda bir ehtirasa çevrilmişdi. Danışırlar ki, guya ömründə öz kəndindən kənara çıxmayan, hətta Moskvada belə olmayan mülkədar günlərin bir günü xarici ölkələrdən birinə, müalicə suları olan yerə getmək qərarına gəlir. Özü də cəmi bir neçə həftəliyə gedir. Onun gözlənilmədən səyahətə çıxmasının yeganə səbəbi, qəzetlərin bildirdiyinə görə həmin müalicə yerində məşhur bir skripkaçının üç konsert verəcəyi xəbəri olur. Onun özünün yaxşı bir orkestri varmış. Mülkədar öz malikanəsindən götürdüyü gəlirin demək olar ki, hamısını bu orkestrə sərf edirmiş. Atalığım da həmin orkestrdə klarnet çalırmış. İyirmi iki yaşında ikən qəribə bir adamla tanış olur. Həmin mahalda varlı bir qraf yaşayırmış. O öz mülkündə böyük bir teatr heyəti saxladığı üçün müflis olur. Həmin qraf öz orkestrinin kapelmeysteri olan bir italiyalını əxlaqsızlığına görə vəzifədən qovur. Kapelmeyster, doğrudan da, pis adam imiş. O, vəzifədən qovulandan sonra tamamilə alçalıb düşkünləşmiş, kənd meyxanalarını gəzərək əyyaşlığa başlamış, hətta bəzən sədəqə də istəyirmiş.

Bu səbəbdən də o böyüklükdə vilayətdə heç kəs onu qulluğa götürmək istəmirmiş. Atalığım da həmin bu adamla dostlaşıbmış. Onların arasındakı bu münasibət çox anlaşılmaz və qəribə görünürmüş, çünki atamın özünü yoldaşına oxşadığını, azacıq da olsun dəyişdiyini heç kəs hiss etmirmiş, hətta əvvəllər italiyalı ilə oturub-durmağı ona qadağan edən mülkədarın özü belə, sonralar bu dostluğa əhəmiyyət vermirmiş. Nəhayət, bir gün kapelmeyster qəflətən ölür. Səhər tezdən onu kəndlilər bəndin yaxınlığındakı xəndəkdə tapırlar. İstintaq başlanır və məlum olur ki, onu iflic vurmuşdur. İtaliyalının şeyləri atalığımın yanında imiş. Atalığım o saat sübut göstərir ki, bu şeylər ona çatacaqdır: mərhum öz əli ilə kağız yazıbmış. Bu kağızda deyilirmiş ki, öləndən sonra onun yeganə varisi Yefimov olmalıdır. Mərhumdan yalnız özünə yeni qulluq tapmaq ümidi ilə qoruyub saxladığı qara frak və zahirən çox adi görünən bir skripka miras qalıbmış. Heç kəsin bu mirasa iddiası yox imiş. Lakin bu əhvalatdan bir qədər keçəndən sonra qraf orkestrinin birinci skripkaçısı mülkədarın yanıma gəlir, qrafdan ona bir məktub verir. Qraf bu məktubda Yefimovdan xahiş edib, onu dilə tuturmuş ki, italiyalıdan qalan skripkanı satsın. Qraf bu skripkanı öz orkestri üçün almaq istəyirmiş. O, skripkanın əvəzində üç min manat pul təklif edir və deyirmiş ki, Yeqor Yefimovun dalınca bir neçə dəfə adam göndərib, onu öz yanına dəvət edibmiş ki, məsələni şəxsən danışıb qurtarsın, ancaq o gəlməyib. Nəhayət, qraf məktubun sonunda deyirmiş ki, skripkanın əsl qiymətini verir, bir qəpik də kəsmir, buna görə də Yefimovun belə inad göstərməsi onu təhqir eləyir. Ona elə gəlir ki, bu alverdə Yefimov qrafın onun sadəliyindən və naşılığından istifadə etmək istədiyindən şübhələnir. Buna görə də mülkədardan xahiş edirmiş ki, onun başına ağıl qoysun.

Mülkədar o dəqiqə adam göndərib atalığımı çağırtdırıb, ondan soruşur:

– Sən niyə o skripkanı satmaq istəmirsən? O ki sənə lazım deyil. Sənə üç min manat pul verirlər, bu skripkanın əsl qiymətidir, əkər onu bundan da baha satmaq ümidindəsənsə. Yanılırsan. Qraf səni aldatmaz.

Yefimov cavabında deyir ki, öz xoşuna qalsa qrafın yanına getməyəcək, yox, əkər onu məcbur edib göndərsələr, başqa məsələ, bu ağanın öz işidir: skripkanı da qrafa satmayacaq, yox, əkər onu zorla almaq istəsələr, yenə də ixtiyar ağanındır.

Aydın məsələdir ki, o belə cavab verməklə mülkədarın zəif damarına toxunur. Məsələ burasındadır ki, mülkədar həmişə qürurla deyirmiş ki, öz musiqiçiləri ilə rəftar etməyi qaydasını bilir, çünki onların hamısı əsl mənada artistdir. Onların sənətkarlığı sayəsində onun orkestri nəinki qrafınkından yaxşıdır, hətta paytaxt orkestrindən də geri qalmır

– Yaxşı! – mülkədar cavab verir, – mən qrafa xəbər göndərərəm ki, sən skripkanı satmaq istəmirsən, bu sənin öz işindir, onu satıb-satmamaq sənin öz ixtiyarındadır, başa düşdünmü? İndi mən özüm səndən soruşuram, axı o skripka nəyinə lazımdır? Pis çalsan da hər halda, sənin çalğı alətin klarnetdir. Skripkanı mənə sat. Mən də üç min verərəm. Kimin ağlına gələrdi ki, bu belə qiymətli şeydir.

Yefimov gülümsünür, deyir:

– Xeyr, cənab, onu sizə də satmayacağam. Əlbəttə, ixtiyar sahibisiniz…

– Məgər mən səni sıxışdırıram, məgər mən Səni məcbur eləyirəm?! – mülkədar özündən çıxaraq qışqırır. Çünki söhbət qrafın göndərdiyi musiqiçinin yanında gedirmiş. O, söhbətdən mülkədar orkestrində işləyən musiqiçilərin vəziyyəti haqqında pis nəticə çıxara bilərdi. Rədd ol, nankor! Bu kündən etibarən közümə görünmə! Mən olmasaydım heç fərli-başlı çala bilmədiyin o klarnetlə özünə nə gün ağlayacaqdın? Amma mənim orkestrimdə qarnın tox, üst-başın abırlı, üstəlik donluq da alırsan, özün də əsil-nəcabətli adamlar cərgəsindəsən, çünki artistsən, amma sən bunları başa düşmürsən; duymursan. Rədd ol közümdən, məni əsəbiləşdirmə!

Mülkədar qəzəblənəndə, özünə etibarı olmadığı üçün hirsini tutduran adamları qovarmış. Özünün «artist» adlandırdığı musiqiçilərinə heç vəchlə ağır cəza vermək istəməzmiş.

Alver baş tutmur. Belə çıxır ki, məsələ bununla da qurtarıb gedib. Ancaq bir ay sonra qrafın skripkaçısı çirkin bir işə əl atır: açıq imza ilə atalığımdan donos yazır ki, guya italiyalının ölümünə atalığım bais olmuşdur. Özü də onu tamahkarlığı üzündən öldürmüşdür ki, çoxlu var-dövlətinə sahib olsun. O, məktubunda sübut edirmiş ki, guya vəsiyyətnamə zorla yazdırılmışdır, bunu sübut etmək üçün şahidləri vardır. Atalığımı müdafiə edən qraf və mülkədarın xahişləri, nəsihətləri çuğulçunu yolundan döndərə bilmir. Onu başa salırmışlar ki, mərhum kapelmeysterin meyitini tibbi müayinədən keçiriblər. Bəlkə də qrafın onun üçün almaq istədiyi qiymətli çalğı alətinin ona qismət olmadığından qəzəbləndiyi və buna təəssüf etdiyi üçün çuğulçu həqiqətin əksinə gedir. Musiqiçi dediyindən dönmür, and içib qəsəm edir ki, haqlıdır, təkidlə deyir ki, italiyalı içkidən deyil, zəhərdən iflic olub ölmüşdür, buna görə də yenidən istintaq aparılmasını tələb edir. İlk nəzərdə onun gətirdiyi sübutlar ciddi görünür, yenidən iş başlanır. Yefimovu tutub şəhər həbsxanasına göndərirlər. Elə bir iş başlanır ki, bütün quberniyanı maraqlandırır. Ancaq iş çox sürətlə başa çatır. Nəticədə qrafın musiqiçisi böhtan yazmaqda təqsirləndirilir. Ona haqlı cəza verirlər. Ancaq o, axıra qədər sözündən dönmür, «mən haqlıyam» deyib durur. Nəhayət, əlində heç bir sübutu olmadığını etiraf edir, deyir ki, göstərdiyi sübutların hamısını özü uydurmuşdur, lakin bunları uydurduqda təxmin– güman əsasında hərəkət etmişdir. Çünki bu günün özünə qədər, hətta ikinci dəfə istintaq aparıldıqdan, Yefimovun günahsızlığı rəsmən sübut olunduqdan sonra belə, o yenə də qəti əmindir ki, bədbəxt kapelmeysterin ölümünə Yefimov səbəb olmuşdur: ancaq ola bilsin ki, onu zəhərlə deyil, başqa bir vasitə ilə öldürmüşdür. Lakin məhkəmənin hökmünü yerinə yetirməyə macal tapmırlar: qrafın musiqiçisi qəfildən beyin sətəlcəminə tutulur, dəli olur və həbsxana xəstəxanasında ölür.

Məhkəmə işinin davam etdiyi müddətdə mülkədar əsl mənada alicənablıq göstərir. O, doğma oğlu üçün çalışırmış kimi, atalığıma can yandırır. Bir neçə dəfə həbsxanaya gəlib onunla görüşür, təskinlik verir, pul bağışlayır. Yefimovun papiros çəkdiyini bilib, ona bahalı siqarlar gətirir, atalığım bəraət qazanandan sonra isə bütün orkestr heyəti üçün şənlik məclisi qurur. Mülkədar Yefimovun işinə, bütün orkestrə aid bir iş kimi baxırmış. Çünki o öz musiqiçilərinin əxlaqına istedadlarından artıq olmasa da, hər halda onların istedadları qədər əhəmiyyət verirmiş. Bu əhvalatdan bir il keçəndən sonra birdən-birə xəbər yayılır ki, vilayət mərkəzinə məşhur bir fransız skripkaçısı gəlmişdir. Yolüstü burada bir neçə konsert vermək fikrindədir. Mülkədar o dəqiqə nə vasitə ilə olursa-olsun onu evinə qonaq çağırmaq üçün səy edir. İş düzəlirmiş, fransız söz veribmiş ki, gələcək. Artıq onun gəlişi üçün hər şey hazırdı, demək olar ki, mahalın hamısı məclisə dəvət edilmişdi. Lakin birdən hər şey alt-üst olur.

Bir gün səhər mülkədara xəbər verirlər ki, Yefimov hara isə yox olmuşdur. Axtarış başlanır, ancaq iz-tozu da tapılmır. Orkestrin vəziyyəti olduqca çətinləşir: klarnet çalan yox idi, lakin Yefimov itəndən üç gün sonra mülkədar fransızdan bir məktub alır. Məktubda o, mülkədarın dəvətindən təkəbbürlə imtina edərək, eyhamla yazırdı ki, gələcəkdə şəxsi musiqiçilər orkestri saxlayan cənablarla yaratdığı əlaqədə son dərəcə ehtiyatlı olacaqdır, həqiqi istedad sahibi olan bir sənətkarın onun qiymətini bilməyən bir şəxsin tabeçiliyində olmasını qeyri-estetik hesab edir; axırda da əlavə edirdi ki, Rusiyada rast gəldiyi ən yaxşı skripkaçı və əsl artist Yefimovun timsalı onun sözlərinin haqlı olduğunu sübut edir.

Mülkədar məktubu oxuyub son dərəcə təəccüblənir, o, ürəkdən inciyir. Necə? Yefimov, qayğısını çəkdiyi, böyük hamilik göstərdiyi həmin Yefimov onu Avropadan gəlmiş bir artistin, fikrinə yüksək qiymət verdiyi bir adamın yanında amansızcasına, vicdansızcasına ləkələmişdir!? Bundan başqa məktubun başqa bir anlaşılmaz cəhəti də vardı: məktubda deyilirdi ki, Yefimov əsl istedada malik bir artistdir, skripkaçıdır, ancaq onun istedadına biganə qalmış və onu başqa bir musiqi alətində çalmağa vadar etmişlər. Bütün bunlar mülkədarı elə sarsıtmışdı ki, o, bilaixtiyar yığışıb şəhərə getmək və fransızla görüşmək qərarına gəlir. Elə bu vaxt qrafdan bir məktub alır. Qraf onu bilatəxir öz evlərinə dəvət edir və xəbərdar edirdi ki, məsələnin nə yerdə olduğunu bilir, çünki əcnəbi skripkaçı Yefimovla bərabər onun evindədir. O, Yefimovun həyasızlığı və böhtançılığından heyrətə gələrək, onu evdən buraxmamağı əmr etmişdir.

Qraf məktubun sonunda deyirdi ki, Yefimovun ittihamı hətta qrafın özünə də aid olduğu üçün mülkədarın gəlməsi vacibdir. Bu çox mühüm məsələdir və onu mümkün qədər tez aydınlaşdırmaq lazımdır.

Mülkədar tələsik qrafgilə gedir, elə o saat fransızla tanış olub, atalığımın bütün əhvalatını ona danışır, axırda da deyir ki, Yefimovun böyük bir istedad olduğunu heç ağlına belə gətirməmişdir, əksinə, Yefimov onun orkestrində çox pis klarnet çalandır, onun yanından özbaşına çıxıb getmiş musiqiçinin skripka çalan olduğunu, guya birinci dəfə eşidir. Mülkədar əlavə edir ki, Yefimov tamamilə azaddır, həmişə və hər vaxt tam azad olmuşdur– əgər, doğrudan da, şəraiti pis olsaydı, istədiyi vaxt çıxıb gedə də bilərdi. Fransız mülkədarın bu sözlərinə çox təəccüb edir. Yefimovu çağırırlar. Onu heç tanımaq olmurmuş. Özünü çox ötkəm aparır, istehza ilə cavab verir və fransıza dediyi sözlərin haqlı olduğunu israr edirmiş. Bütün bunlar qrafı son dərəcə hirsləndirir, buna görə də o, atalığımı açıq-açığına əclaf və böhtançı aldandıraraq, onun ən pis cəzaya layiq olduğunu söyləyir.

– Narahat olmayın, zati-aliləri, mən sizinlə kifayət qədər tanışam və sizi yaxşı tanıyıram, – atalığım cavab verir, – sizin mərhəmətiniz sayəsində cinayət cəzasından yaxamı güclə qurtara bildim. Sizin keçmiş musiqiçiniz, Aleksey Nikiforıçin kimin fitvası ilə məndən donos yazdığını da bilirəm.

Qraf belə bir dəhşətli ittihamı eşidəndə lap qəzəblənir, özünü güclə saxlayır. Qrafın yanına başqa bir iş üçün gəlmiş və bu söhbət zamanı təsadüfən salonda olan bir məmur deyir ki, bu məsələni o, başlı-başına qoya bilməz. Yefimovun təhqiramiz kobudluğunda pis, əsassız bir ittiham vardır, bu böhtandır, buna görə də onu elə bu dəqiqə, qrafın evindəcə həbs etmək üçün acizanə surətdə icazə istəyir. Fransız da qəzəblənib belə bir alçaq nankorluğun mənasını başa düşmədiyini bildirir. Belə olduqda atalığım bərk hirslənir: – Son dərəcə yoxsul olduğuma görə əvvəllər çıxıb getməyə imkan tapmamışam. Mülkədarın orkestrində keçirdiyim ağır güzərandansa məhkəməyə düşmək, cəza almaq, yenidən cinayət istintaqına dözmək daha yaxşıdır, – deyib onu həbsə alan məmurla birlikdə salondan çıxır. Onu qıraq otaqlardan birinə salıb qapısını bağlayır və hədələyirlər ki, günü sabah şəhərə göndərəcəklər.

Gecənin yarısı məhbusun qaldığı otağın qapısı açılır. Mülkədar içəri girir. Onun əynində xələt, ayağında məst, əlində də yanan bir fənər varmış. Görünür, gözünə yuxu getməmiş, ona əzab verən bir qayğı gecənin bu vaxtı onu yataqdan qalxmağa məcbur edibmiş. Yefimov da yatmayıbmış. O, içəri girən mülkədara təəccüblə baxır. Mülkədar fənəri yerə qoyub, dərin həyəcan içində onunla üzbəüz oturur.

– Yeqor, – deyir, – sən niyə mənim qəlbimi sındırdın? Yefimov cavab vermir. Mülkədar sualını təkrar edir. Onun sözlərində nə isə dərin bir hiss, nə isə qəribə bir kədər duyulurdu.

– Vallah, heç özüm də bilmirəm sizi niyə belə incitdim, cənab! – Nəhayət, atalığım cavab verib əlini yelləyir, – görünür, şeytan əməlinə uymuşam! Özüm də bilmirəm ki, məni bu yola təhrik eləyən nə oldu! Eh, sizin yanınızda mənim günüm gün deyil… Elə bil şeytanın özü beynimə girib!

– Yeqor! – mülkədar yenidən sözə başlayır, – gəl qayıt yanıma; hər şeyi unudaram, bütün təqsirlərindən keçərəm. Qulaq as: sən mənim musiqiçilərimin birincisi olarsan. Donluğun da o birilərinkindən çox olar…

– Yox, cənab, yox, heç bu haqda danışmayın da; mən daha sizin yanınıza qayıtmayacağam! Sizə deyirəm ki, şeytan ağlınızımı oğurlayıb. Qalsam, gec-tez evinizi yandıracağam. Bəzən mənə elə qüssə üz verir ki, deyirəm kaş heç yerli-dibli dünyaya gəlməyəydim! İndi heç özüm də özümə cavabdeh deyiləm: yaxşısı budur, cənab, məndən əl çəkin. O iblis mənimlə qardaş olan gündən bu vəziyyətə düşmüşəm…

– Kim? – mülkədar soruşur.

O, it kimi gəbərən. O adam ki, bütün dünya ondan üz döndərmişdi. O italiyalı.

– Yeqor, əzizim, çalmağı sənə o öyrədib?

– Hə! O mənə çox şey öyrədib, evimi yıxıb, kaş heç onu görməyəydim.

Məgər o da skripkada mahir çalan idi? Yox, çalmağı bir şey deyildi, amma yaxşı öyrədirdi. Mən özüm öyrənmişəm; o ancaq göstərirdi, – bu elmi öyrəndiyim yerdə kaş əlim quruyaydı. İndi nə istədiyimi heç özüm də bilmirəm. Bax, cənab, soruşun ki: «Yeqor, nə istəyirsən? Sənə hər şey verə bilərəm», amma mən, cənab, cavabında sizə heç nə deyə bilmərəm, çünki nə istədiyimi özüm də bilmirəm. Yox, cənab, yaxşısı budur məndən əl çəkin, ikinci dəfə deyirəm. Yoxsa özümə elə bir şey eləyərəm ki, ölüm, canım qurtarsın. Bununla da hər iş bitsin!

– Yeqor! – mülkədar bir anlıq sükutdan sonra davam edir, – mən səni bu vəziyyətdə qoymaram. İndi ki, yanımda qulluq eləmək istəmirsən, onda get. Axı, sən azadsan, səni zorla saxlaya bilmərəm: ancaq indi səndən elə-belə əl çəkməyəcəyəm. Öz skripkanda mənim üçün bir şey çal, Yeqor! Sən allah, çal! Sənə əmr eləmirəm, məni başa düş, mən səni məcbur eləmirəm, mən səndən acizanə xahiş edirəm: mənim üçün bir şey çal. Yeqor can, sən allah, o fransıza çaldığını mənim üçün də çal! Ürəyini boşalt! Sən tərssənsə, mən də tərsəm, görünür, mənim tərs damarım var, Yeqor can! Mən səni yaxşı başa düşürəm, sən də məni başa düş. Sən öz istəyinlə, öz arzunla o fransıza çaldığın havanı mənim üçün çalmasan, ürəyim partlayar.

– Yaxşı, qoy siz deyən olsun! – Yefimov razılaşır. Mən, cənab, and içmişdim ki, sizin üçün heç nə çalmayım, ancaq indi ürəyim yumşaldı. Sizin üçün çalaram, ancaq bu birinci və axırıncı dəfə olacaq, sonralar, cənab, mənə min manat da versəniz, heç yanda və heç vaxt mənim çalğımı eşitməyəcəksiniz.

Bu sözlərdən sonra o, skripkasını götürüb rus mahnıları əsasında bəstələdiyi variasiyalarını çalmağa başlayır. B.-nin dediyinə görə bu variasiyalar onun skripka üçün yazdığı ilk və ən yaxşı pyes idi, guya o heç bir əsəri bu pyes qədər yaxşı və ilhamla çalmamışdı. Onsuz da musiqini dinlərkən laqeyd qala bilməyən mülkədar bu variasiyaları eşidəndə hönkür– hönkür ağlayır. Yeqor çalıb qurtarandan sonra mülkədar ayağa qalxıb cibindən üç yüz manat pul çıxarır və atalığıma verərək deyir:

– İndi get, Yeqor. Səni burdan buraxıram. Qalan məsələləri də özüm qrafla yoluna qoyaram, ancaq sözümə qulaq as: daha bir də gözümə görünmə. Qarşında geniş yol var. Əgər biz bu yolda bir də üz-üzə gəlsək, sənə də ağır olacaq, mənə də. Di sağlıqla qal!.. Dayan, yol üstündə sənə bir məsləhətim də var, bircə məsləhətim: içmə, öyrən, çalış, çox öyrən: lovğalanma! Elə bil bu sözləri sənə doğma atan deyir. Bax, yenə deyirəm, öyrən, qədəhə yaxın durma, dərd üz versə, bircə dəfə içsən, (dərdin isə çox olacaq!) onda məhv olub gedəcəksən, hər şey alt-üst olacaq, ola bilsin ki, sən də, sənin o italiyalın kimi xəndəkdə gəbərəcəksən. Hə, əlvida! Dayan, məni öp!

Onlar öpüşürlər, sonra atalığım çıxıb gedir.

Atalığım sərbəstliyə çıxan kimi, elə o saat yaxındakı mahal şəhərində ən çirkin, natəmiz əyyaşlar dəstəsinə qoşularaq, üç yüz manatın hamısını xərcləyib qurtarır, axırda da çarəsiz və köməksiz qalıb, səyyar əyalət teatrının vecsiz orkestrinə birinci, bəlkə də ola bilsin yeganə skripkaçı vəzifəsinə girməyə məcbur olur. Əlbəttə, bu məsələ onun ilk məqsədinə, tezliklə Peterburqa çatmaq, orada musiqi təhsili almaq, yaxşı bir vəzifə tapıb mükəmməl bir sənətkar kimi yetişmək arzusuna o qədər də müvafiq gəlmirdi. Lakin kiçik orkestrdə işləyib yaşamaq da ona nəsib olmur. Atalığım tezliklə səyyar teatrın antreprenyöru ilə savaşaraq teatrdan gedir. O tamamilə ruhdan düşdükdən sonra, hətta qüruruna dərin yara vuran bir işə əl atmalı olur. O bizə məlum olan mülkədara məktub yazır, öz vəziyyətini təsvir edərək, pul istəyir. Məktub kifayət qədər sərbəst yazıldığına baxmayaraq, ona cavab gəlmir. Belə olduqda atalığım ikinci dəfə məktub yazır. Bu məktubda ən yaltaq ifadələrlə pul istəyir, mülkədarı öz xeyirxahı adlandırır, ona böyük incəsənət pərəstişkarı deyir, yenə də ondan kömək istəyir. Nəhayət cavab gəlir. Mülkədar yüz manat pul göndərir və öz xidmətçisinin əli ilə bir neçə kəlmə cavab yazır. Deyir ki, daha bundan sonra belə xahişlərlə ona müraciət etməsin. Atalığım bu pulları alan kimi, elə o dəqiqə Peterburqa yola düşmək istəyir. Ancaq borclarını verib qurtarandan sonra pulu elə az qalır ki, daha yola düşmək barəsində heç fikirləşməyi belə ağlına gətirmir. O yenə də əyalətdə qalmalı olur, təzədən başqa bir əyalət orkestrinə qulluğa girir, yenə də orada yola gedə bilmir, beləliklə, tez bir zamanda Peterburqa çatmaq niyyəti ilə bir yerdən başqa yerə keçir, bu minval ilə altı il əyalətdə qalmalı olur. Nəhayət, onu dəhşət bürüyür, ümidsizlik içində görür ki, daimi nizamsız həyat və dilənçilik onun istedadını getdikcə söndürür, buna görə də bir gün səhər öz antreprenyörunu tərk edərək, skripkasını götürüb, demək olar ki, sədəqə toplaya-toplaya Peterburqa gəlib çıxır. O, evlərdən birinin çardağında özünə məskən tapır və elə burada da Almaniyadan təzə gəlmiş və özünə karyerə düzəltmək arzusunda olan B. ilə rastlaşır. Tezliklə onlar dostlaşırlar. B. indi bu tanışlığı dərin hisslə yad edir. Onların ikisi də cavanmış, ikisi də eyni arzularla yaşayırmış, hər ikisi eyni məqsədə xidmət edirmiş. Lakin B. lap cavandı: o, nisbətən daha az yoxsulluq və dərd çəkmişdi; bundan başqa, hər şeydən onu demək lazımdır ki, o, alman olduğuna görə məqsədinə çatmaq üçün inadla səy göstərir, müntəzəm çalışır, öz qüvvəsinə yaxşı bələd olduğu üçün, demək olar ki, əvvəldən necə musiqiçi olacağını bilirdi, – yoldaşının isə artıq otuz yaşı vardı, yorulmuşdu, üzülmüşdü, hövsələsi daralmışdı, bir parça çörək tapmaq üçün əyalət teatrlarında və mülkədarların orkestrində işləyib yeddi il sərsəri gəzmək onun bütün sağlamlığını sarsıtmışdı. Bu müddət ərzində onu yaşadan, ona təskinlik verən bir qüvvə varsa, o da əbədi, dəyişilməyən surətdə beynində yaşayan bir ideya – birtəhər çalışıb bu ağır vəziyyətdən qurtarmaq, pul yığıb Peterburqa getməkdi. Lakin bu ideya dumanlı və qeyri-müəyyəndi. Bu, nə isə dəfediməz daxili bir çağırışdı, o da nəhayət, illər keçdikcə Yefimovun öz gözündə də ilk parlaqlığını itirirdi, arzu etdiyi səyahət barəsində fikirləşmək bir adət şəklinə düşdüyü üçün, Peterburqa gələndən sonra da, demək olar ki, qeyri-şüuru hərəkət edirdi, paytaxtda nə etməli olacağını heç özü lazımınca təsəvvür edə bilmirdi. Onun göstərdiyi həvəs nə isə əsəbi, zəhərli və qeyri-müntəzəmdi, sanki o, bu həvəsi ilə özünü aldatmaq istəyirdi, bu vasitə ilə özünü inandırmağa çalışırdı ki, hələ ilk gənclik qüvvəsi, hərarəti, ilhamı sönməmişdir. Bu tükənməz həvəs və sevinc soyuq təbiətli, çalışqan B.-ni sarsıdıb gözlərini qamaşdırdığı üçün atalığımı gələcəyin böyük musiqi dühası kimi təbrik edirdi. O öz yoldaşının gələcək taleyini başqa cür təsəvvür edə bilmirdi. Lakin tezliklə B.-nin gözləri açılır və o, yoldaşının neçə adam olduğunu aydın başa düşür. O, açıq-aşkar görür ki, bütün bu qızğınlıq, ehtiras və səbirsizlik– sönmüş istedadın xatirəsindən doğan qeyri-şüuri bir ümidsizlikdir: hətta, bəlkə də, istedad başlanğıcda belə o qədər böyük deyilmiş, onun yersiz arxayınlıqdan, ilk vaxtlarda özündən razı qalmasından və öz dühası haqqında sonsuz xülya və xəyallardan gözləri qamaşmışdı. «Lakin B. soyləyirdi ki, mən yoldaşımın qəribə xasiyyətinə təəccüblənməyə bilmirdim. Mənim gözlərim qarşısında əsəbiliklə gərginləşmiş bir iradə ilə daxili gücsüzlük arasında açıq-açığına ümidsizliklə dolu qızğın bir mübarizə gedirdi. Bədbəxt yeddi ilin ərzində özünün gələcək şöhrəti haqqındakı şirin xəyallara elə dalmışdı ki, hətta bizim sənətimizdə zəruri olan ilk xüsusiyyəti, bizim işimizin hətta ən adi mexanizmini necə itirdiyini belə hiss etməmişdi. Halbuki onun dağınıq təsəvvüründə hər dəqiqə gələcək haqqında nəhəng planlar yaranırdı. O nəinki birinci dərəcəli dahi olmaq, dünyanın ən birinci skripkaçılarından biri olmaq istəyirdi; o nəinki özünü artıq dahi hesab edirdi, – hələ üstəlik də kontrapunkt haqqında təsəvvürü belə olmadığı halda, bəstəkar olmaq iddiasında idi. Lakin məni hər şeydən artıq o təəccübləndirirdi ki, bu adam tamam iqtidarsız olsa da, sənətin texnikası haqqında çox cüzi məlumatı olsa da, onda incəsənəti dərindən, aydın, hətta deyə bilərəm ki sövqi-təbii ilə başa düşmək xüsusiyyəti var idi. O, musiqini elə dərindən hiss edirdi ki, daxilən o dərəcədə başa düşürdü ki, heç təəccüblü deyil ki, özünü incəsənəti dərindən, sövqi-təbii ilə hiss edən bir tənqidçi hesab etməkdənsə, səhv edərək özünü incəsənət xadimi və dahi zənn edirdi. Bəzən o öz kobud və elmə yad olan sadə dili ilə mənə elə dərin həqiqətlər açırdı ki, mən çıxılmaz vəziyyətdə qalırdım və başa düşə bilmirdim ki, ömründə heç bir şey oxumamış, heç vaxt təhsil almamış bu adam bu şeyləri necə dərk etmişdir. Mən ona çox minnətdaram. – B. əlavə edirdi, – mən özümün belə təkmilləşməyim üçün ona və onun məsləhətlərinə çox minnətdaram. O ki qaldı mənim özümə, – deyə B. davam edirdi, – mən özüm barədə arxayın idim. Mən də incəsənəti dərin ehtirasla sevirdim, özüm də həyat yolumun lap başlanğıcından bilirdim ki, mənə çox şey lazım deyil, mən sözün əsl mənasında, incəsənətdə qara fəhlə olacağam: lakin mən onunla fəxr edirəm ki, təbiətin mənə bəxş etdiyini tənbəl bir qul kimi torpağa gömməmişəm, əksinə, çalışıb onu yüz qat artırmışam. İndi əgər mənim çalğımdakı aydınlığı tərifləyirlərsə, çalğı texnikamın yüksəkliyinə təəccüblənirlərsə, bunun səbəbi mənim dinclik bilmədən əbədi zəhmətim, öz qüvvəmə yaxşı bələd olmağım, könüllü surətdə özümü qurban verdiyim vaxtından əvvəl özündən razı qalmağı və özündən müştəbehliyin təbii məhsulu olan tənbəlliyə qarşı düşmən kəsildiyimdir».


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации