Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 23

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 23 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +
XI
PAVEL PAVLOVİÇ EVLƏNİR

Bu «salam» sözünü deyəndən sonra Velçaninov özü özünə təəccübləndi. Ona çox qəribə göründü ki, indi bu adamı belə sakit qarşılayır və ona qarşı hisslərində bu dəqiqə nə isə tamam başqa bir şey var, hətta nə isə yeni bir şeyə ehtiyac var.

– Nə xoş axşamdır.

– Siz hələ getməmişsiniz? – Velçaninov sanki sualı vermirdi, yalnız yoluna davam edir və fikirləşirdi.

– İşim uzandı, ancaq yer aldım, yüksək vəzifə. Ehtimal ki, birisi gün gedəm.

– Yer aldınız? – Velçaninov bu dəfə sual verirdi. Pavel Pavloviç birdən üz-gözünü turşutdu:

– Nə uçun də almayım?

Velçaninovun qaşları çatıldı, Pavel Pavloviç çəpəki nəzər salıb dedi:

– Elə-belə dedim…

Cənab Trusotskinin ust-başı, krepli şlyapası və bütün görkəmi iki həftə qabaqkına nisbətən çox abırlı idi. Bu Velçaninovu təəccübləndirdi, o, hey fikirləşirdi: «O bu pivəxanada niyə əyləşmişdi?»

Pavel Pavloviç yenə sözə başladı:

– Aleksey İvanoviç, mən istəyirdim ki, sizə başqa bir sevincim barədə xəbər verim.

– Sevinc?

– Evlənirəm.

– Neçə?

– Kədərdən sonra sevinc gəlir, həyatda həmişə belə olur. Aleksey İvanoviç, mən çox istərdim ki… bilmirəm, bəlkə siz indi tələsirsiniz, sir-sifətinizdən görürəm ki…

– Bəli, mən tələsirəm… həm də xəstəyəm. O bu adamdan uzaqlaşmaq istəyirdi, nə isə yeni bir hissə hazır olmaq bir göz qırpımında yoxa çıxdı.

– Ancaq mən istərdim ki…

Pavel Pavloviç nə istədiyini demədi. Velçaninov susurdu.

– Onda qalsın sonraya, əgər bir də görüşsək…

– Hə, hə, qalsın sonraya, – deyə Velçaninov ayaq saxlamadan və ona baxmadan tələsik mızıldandı. Bir dəqiqə də susdular; Pavel Pavloviç hələ də onun yanınca gedirdi.

Nəhayət o dedi:

– Onda hələlik xudahafiz.

– Xudahafiz; arzu edirəm ki…

Velçaninov evə yenə tamam bikef qayıtdı. «Bu adamla» rastlaşmaq onun üçün çətin idi. Yatmağa uzanarkən o yenə fikirləşdi: «O, qəbiristanlığa niyə getmişdi?»

Ertəsi gün səhər nəhayət, qərara gəldi ki, Poqoreltsevlərgilə getsin, ancaq həvəssiz qərara gəldi; indi başqalarının, hətta Poqoreltsevlərin də onun dərdinə şərik olmaları ona çox ağır gəlirdi. Lakin onlar Velçaninov barədə elə narahat idilər ki, mütləq getmək lazım idi. Ona birdən elə gəldi ki, onlarla görüşəndə xəcalət çəkəcəkdir. «Gedim, ya getməyim?» – O bu cür fikirləşə-fikirləşə tələsik səhər yeməyini qurtarırdı ki, Pavel Pavloviç içəri girdi; bu, onu çox təəccübləndirdi.

Dünənki görüşlərinə baxmayaraq, Velçaninov heç təsəvvürünə gətirə bilməzdi ki, bu adam yenə onun yanına gələ bilər, həm də elə çaşmışdım ki, Pavel Pavloviçə baxır, amma nə deyəcəyini bilmirdi. Lakin Pavel Pavloviç özü dilləndi, salamlaşdı və üç həftə əvvəl, axırıncı dəfə əyləşdiyi stulda əyləşdi. Velçaninov birdən həmin o görüşü xüsusilə aydın təsəvvür elədi. O, qonağa narahat və nifrətlə baxırdı.

– Təəccüblənirsiniz? – deyə Pavel Pavloviç Velçaninovun baxışını başa düşərək, sözə başladı.

Ümumiyyətlə, o dünənkinə nisbətən özünü daha sırtıq aparırdı, eyni zamanda dünənkinə nisbətən daha çox çəkindiyi də hiss olunurdu. Onun xarici görkəmi xüsusilə maraqlı idi. C.-b Trusotski nəinki abırlı, hətta şıq geyinmişdi– əynində nazik yay pencəyi, açıq-rəngli jilet vardı; əlcək, nəyinəsə lazım olmuş lornet; başdan ayağa lap qiyamət idi; ondan hətta ətir iyi gəlirdi. Bütün görkəmində gülməli, eyni zamanda adamda qəribə və xoşagəlməyən fikir oyadan nə isə bir şey vardı.

– Əlbəttə, Aleksey İvanoviç, – deyə o çəkinə-çəkinə sözünə davam etdi, – gəlişimlə sizi təəccübləndirdim. – Hiss eləyirəm. Ancaq elə fikirləşirəm ki, insanlar arasında həmişə nə isə ülvi bir şey qalmalıdır və məncə elə belə də olmalıdır, elə deyil? Daha doğrusu, şəraitə, hətta ortaya çıxa biləcək ən xoşa gəlməyən hadisələrə nisbətən ülvi… elə deyil?

Velçaninov qaşqabağını tökdü:

– Pavel Pavloviç, sözünüzü tez və təşrifatsız deyin.

– İkicə kəlmə, – Pavel Pavloviç tələsdi, – mən evlənirəm, bu saat, elə indi nişanlımın yanına gedirəm. Onlar da bağdadırlar. Mən istərdim ki, sizi bu evlə tanış etmək cəsarətində olmaqla böyük bir şərəfə nail olum, özüm də qeyri-adi bir xahişlə gəlmişəm (Pavel Pavloviç başını aşağı dikdi), istəyirəm ki, mənimlə gedəsiniz… Velçaninovun gözləri bərəldi:

– Haraya gedim?

– Onlara, daha doğrusu bağa. Bağışlayın, mən elə bil titrətmə içində danışıram, bəlkə dolaşdırıram; ancaq mən sizin rədd edəcəyinizdən qorxuram.

O, yazıq-yazıq Velçaninova baxdı.

Velçaninov nə qulaqlarına, nə də gözlərinə inana bilmirdi, o, Pavel Pavloviçi tələsik süzərək dedi:

– Siz istəyirsiniz ki, mən indi sizinlə nişanlınızın yanına gedim?

Pavel Pavloviç birdən bərk sıxıldı.

– Bəli. Siz əsəbiləşməyin, Aleksey İvanoviç, burada hörmətsizlik yoxdur; mən yalnız acizanə xahiş edirəm. Ürəyimdən keçdi ki, siz bəlkə, rədd etmədiniz…

– Əvvəla, bu yerli-dibli mümkün deyil, – Velçaninov narahat-narahat qurcuxdu.

– Bu mənim ümdə arzumdur, vəssalam, – o, yalvarmasında davam etdi, – onu da gizlətmirəm ki, burada bir səbəb var. Lakin bunu sonra demək istəyirəm, indi isə çox xahiş edirəm…

O hətta hörmət əlaməti olaraq, stuldan qalxdı.

– Lakin hər halda axı bu mümkün deyil, özünüz deyin… – Velçaninov da yerindən qalxdı.

– Bu çox mümkün olan şeydir. Aleksey İvanoviç, mən sizi bir dost kimi tanış etmək istəyirdim, ikincisi, siz onsuz da onlarla tanışsınız, axı, biz Zaxlebininin bağına gedirik, mülki müşavir Zaxlebinin.

– Doğrudan? – deyə Velçaninov çığırdı. Bu həmin mülki müşavirədi ki, Velçaninov bir ay qabaq onu hey axtarır, evdə tapa bilmirdi, məlum olmuşdu bu adam məhkəmə iddiasında onun rəqibinin xeyrinə işləyir.

– Bəli, bəli, – Velçaninovun son dərəcə təəccüblənməsindən ürəklənmiş Pavel Pavloviç gülümsədi, – özüdür, yadınızdadırmı, siz onunla söhbət eləyə-eləyə gedirdiniz, mən də o biri səkidə durub, sizə baxırdım; gözləyirdim ki, sizdən sonra ona yaxınlaşım. İyirmi il qabaq hətta bir yerdə işləmişik. Sizdən sonra ona yaxınlaşmaq istəyəndə, heç belə fikrim yox idi. Bu fikir başıma qəflətən, bir həftə bundan qabaq gəlib.

Velçaninov sadəlövhcəsinə təəccübləndi:

– Mənə baxın, axı deyəsən, bu çox abırlı ailədir? Pavel Pavloviç üz-gözünü yığışdırdı:

– Abırlı ailədirsə, nə olar?

– Yox, mən o barədə demirəm… ancaq mən bilən, orada olanda…

– Onların yadındadır, onların yadındadır, sizin orada olmağınız, – Pavel Pavloviç sevinə-sevinə onun sözünə qüvvət verdi, – lakin o zaman siz ailə üzvlərini görə bilməmisiniz; o özü isə sizi xatırlayır və hörmət edir. Mən sizin barənizdə onlara hörmətlə danışmışam.

– Ancaq bu necə ola bilər, siz cəmi üç aydır ki, dulsunuz.

– Axı toy indi olmayacaq; toy doqquz aydan sonra, ya on aydan sonra olacaq, beləliklə matəmdən düz bir il keçmiş olacaq. İnanın ki, hər şey yaxşıdır. Əvvəla, Fedosey Petroviç məni uşaqlıq vaxtımdan tanıyır, mənim mərhum arvadımı da tanıyırdı, mənim necə yaşadığımı, necə adam olduğumu da bilir, nəhayət, mənim varım var, indi də yüksək vəzifə alıram, bunların hamısının əhəmiyyəti var.

– Bu onun qızıdır?

– Mən hamısını təfsilatı ilə sizə danışaram, – Pavel Pavloviç xoşhallandı, – icazə verin, papiros çəkim. Bu gün özünüz görəcəksiniz. Əvvəla, Fedosey Petroviç kimi işgüzar adamları burada, Peterburqda bəzən çox qiymətləndirirlər, əgər imkan tapıb diqqət yetirsələr. Axı, maaşdan, mükafatdan, yemək pulundan yaxud birdəfəlik yardımdan başqa bir şeyləri yoxdur, daha doğrusu, əməlli-başlı kapital təşkil eləyə biləcək bir şeyləri yoxdur. Yaxşı yaşayırlar, ancaq böyük ailə olduğu üçün geriyə heç nə ata bilmirlər. Özünüz fikirləşin: Fedosey Petroviçin səkkiz qızı və bircə oğlu vardır, o da uşaqdır. Bu gün düşüb ölsə, ancaq cüzi təqaüd verəcəklər. Amma səkkiz qızı var. Siz özünüz fikirləşin, özünüz fikirləşin, əgər hərəsinə bir cüt ayaqqabı alsa, gör nə qədər eləyir! Səkkiz qızın beşinin ərə getmək vaxtıdır. Böyüyünün iyirmi dörd yaşı var– (Gözəl qızdır, özünüz görəcəksiniz) – Altıncının isə on beş yaşı var, hələ gimnaziyada oxuyur. Axı, beş böyük qız üçün nişanlı tapmaq lazımdır, imkan olduqca tez, vaxtından qabaq eləmək lazımdır, atası onları yerbəyer eləməlidir, asan işdir, siz deyin? Birdən mən meydana çıxdım, demək, birinci adaxlı evdədir, hər şeyi göz qabağındadır, yəni o mənada ki, doğrudan da varlıdır. Vəssalam.

Pavel Pavloviç şövqlə danışırdı.

– Siz böyüyünə nişanlanmısınız?

– Yox, mən… böyüyü yox; mən altıncısı ilə nişanlanmışam, hələ gimnaziyada oxuyanı ilə.

– Necə? – Velçaninov qeyri-ixtiyari gülümsündü. Axı deyirsiniz ki, onun on beş yaşı var!

– İndi on beşdir, ancaq doqquz aydan sonra on altı yaşı olacaq, on altı yaş üç ay, niyə olmasın? Ancaq indi yaxşı düşməz, ona görə səs-küy salmırıq, ancaq ata-anası bilir… İnanın hər şey yaxşıdır.

– Demək, hələ qət olunmayıb?

– Yox, qət olunub. İnanın hər şey yaxşıdır.

– Bəs qız bilir?

– Guya ancaq nəzakət xatirinə ona demirlər, ancaq necə olar ki, bilməsin? – Pavel Pavloviç ləzzətlə gözlərini qıydı, – hə, Aleksey İvanoviç, bizi şərəfyab eləyirsinizmi? – deyə çox çəkinə-çəkinə sözünü qurtardı.

– Axı, mən oraya niyə gedim? – O, tələsik əlavə etdi, – hər halda mən getməyəcəyəm, heç bir səbəb-zad axtarmayın.

– Aleksey İvanoviç…

– Güman eləyirsiniz mən sizinlə yanaşı əyləşib, gedəcəyəm, bir özünüz fikirləşin!

Gəlin barədə Pavel Pavloviçin bir dəqiqəlik çərənləməsinə yoldaşıq; axı, mən o qədər də axmaq deyiləm ki budu. Bir dəqiqə də uzansaydı, o, Pavel Pavloviçi lap qovacaqdı. Hətta nə üçünsə özünə acığı da tutmuşdu.

– Əyləşin, Aleksey İvanoviç, yanımda əyləşin, peşman olmazsınız, – deyə Pavel Pavloviç nüfuzedici bir səslə yalvardı, – Velçaninovun səbirsiz və qəti hərəkətini görüb, əlini yellətdi, – yox, yox, yox, Aleksey İvanoviç, Aleksey İvanoviç nəticə çıxarmağa tələsməyin! Deyəsən, siz məni tərsinə başa düşdünüz; mən yaxşı başa düşürəm ki, nə siz mənə, nə də mən sizə yoldaşıq; axı, mən o qədər də axmaq deyiləm ki, bunu başa düşməyim. İndi sizdən xahiş etdiyim iş gələcəkdə sizin üzərinizə heç bir vəzifə qoymur. Mən özüm də birisi gün təmiz yığışıb gedirəm, demək nə olursa-olsun hər şey qurtarır. Qoy bu gün bir təsadüf olsun. Mən sizin yanınıza gələndə ümidimi sizin qəlbinizin nəcib hisslərinə bağlamışdım, Aleksey İvanoviç, məhz o hisslərə ki, axır zamanlar sizin qəlbinizdə yarana bilərdi… Deyəsən, mən aydın danışıram, ya aydın deyil?

Pavel Pavloviçin həyəcanı həddini aşmışdı. Velçaninov ona qəribə baxırdı.

Velçaninov bir qədər fikirləşib soruşdu:

– Siz məndən nə isə bir yaxşılıq xahiş edirsiniz, özü də çox təkid edirsiniz, bu mənə şübhəli görünür; bu barədə daha ətraflı, çox şey bilmək istəyirəm.

– Bütün yaxşılıq ondan ibarətdir ki, siz mənimlə gedəcəksiniz. Sonra geri qayıdanda, mən hər şeyi açıb sizə deyəcəyəm. Aleksey İvanoviç, mənə inanın!

Ancaq Velçaninov hələ də qəti razı olmaq istəmirdi, həm də ona görə ki, başında nə isə ağır və pis bir fikir dolanırdı.

Bu pis fikir çoxdan, Pavel Pavloviçin nişanlısından söz saldığı vaxtdan baş qaldırmışdı, bu sadəcə yetiklikdimi, ya hələ tamamilə aydın olmayan bir maraqdımı, lakin onu razılıq verməyə sövq edirdi. Özü də nə qədər sövq edirdisə, Velçaninov bir o qədər çox müqavimət göstərirdi. O dirsəklənib fikrə getmişdi. Pavel Pavloviç onun başına hərlənir və yalvarırdı.

O birdən narahatlıqla və demək olar ki, həyəcanla yerindən qalxdı:

– Yaxşı, gedirəm.

Pavel Pavloviçin sevincnnin həddi-hüdudu yox idi.

– Yox, Aleksey İvanoviç, geyinin. – O geyinməkdə olan Velçaninovun ətrafında fırlanırdı, – yaxşı geyinin, öz zövqünüzlə geyinin.

Velçaninov öz-özünə düşünürdü: «Özünü hara soxur, qəribə adamdır!»

– Aleksey İvanoviç, mənim sizdən bir ayrı təvəqqem də var, madam ki, getməyə razılıq vermisiniz, onda zəhmət çəkib ağsaqqallıq eləyin.

– Məsələn?

– Məsələn, böyük bir məsələ: krep məsələsi! Necə yaxşı olar, çıxarım, ya qalsın?

– Necə istəyirsiniz.

– Yox, mən sizin fikrinizi öyrənmək istəyirəm, siz özünüz necə edərdiniz, yəni sizin krepiniz olsaydı? Mənim xüsusi rəyim belədir ki, əgər saxlasam, bu, hərdəmxəyal olmadığımı göstərər, haqqımda yaxşı fikirləşərlər.

– Əlbəttə, çıxarın.

– Doğrudan? – Pavel Pavloviç fikrə getdi. – Yox, mən saxlardım…

– Özünüz bilin. – Velçaninov öz-özünə fikirləşdi: «Deyəsən, o mənə inanmır bu yaxşıdır».

Onlar bayıra çıxdılar. Pavel Pavloviç geyinib bəzənmiş Velçaninova məmnun-məmnun baxırdı; hətta onun sifətində, deyəsən, ehtiram və təşəxxüs artmışdı. Velçaninov ona, ondan çox özünə heyrət edirdi. Darvazanın yanında onları gözəl bir kolyaska gözləyirdi.

– Siz kolyaska da hazırlamısınız? Demək, siz arxayındınız ki, mən gedəcəyəm?

– Kolyaskanı mən özümçün tutmuşam, ancaq demək olar, arxayındım ki, siz gedəcəksiniz, – deyə cavab verdi, o, sifətdən çox xoşbəxt adama oxşayırdı.

Kolyaskaya oturub, yola düşəndə Velçaninov əsəbi tərzdə güldü:

– Eh. Pavel Pavloviç, deyəsən, siz mənə həddindən artıq arxayınsınız?

– Axı siz, Aleksey İvanoviç, siz bundan ötrü mənə səfeh deməzsiniz? – deyə Pavel Pavloviç qəti və nüfuzedici bir səslə cavab verdi.

«Bəs Liza?» – deyə Velçaninov öz-özünə fikirləşdi və sanki nə isə bir günahdan çəkinərək, dərhal bu barədə düşünməkdən daşındı. Birdən ona elə gəldi ki, o özü bu dəqiqə çox alçaq və çox miskindir; ona elə gəldi ki, onu şirnikdirən fikir xırda və iyrənc fikirdir… o istədi ki, nə olursa-olsun, əgər bundan ötrü Pavel Pavloviçi vurmaq lazım gəlsə də hər şeyi tullayıb, indicə kolyaskadan düşsün. Lakin Pavel Pavloviç danışmağa başladı, o yenə şirnikdi.

– Aleksey İvanoviç, sizin qaş-daşdan başınız çıxırmı?

– Hansı qaş-daşdan?

– Brilyantdan.

– Başım çıxır.

– Mən hədiyyə aparmaq istəyirəm. Ağsaqqallıq eləyin, lazımdır ya yox?

– Məncə lazım deyil. Pavel Pavloviç qımıldandı:

– Mən çox istəyirəm ki, aparım. Ancaq nə alım? Dəst alım, yəni sancaq, sırğa, bilərzik, ya tək bir şey alım?

– Siz nə qədər xərcləmək istəyirsiniz?

– Dörd yüz, ya da beş yüz manat.

– Oho!

– Çoxdur? – deyə Pavel Pavloviç əl-ayağa düşdü.

– Yüz manatlıq bir bilərzik alın.

Pavel Pavloviç dilxor oldu. O çox xərcləmək, dəst şey almaq istəyirdi. Pavel Pavloviç təkid edirdi. Mağazaya girdilər. Axırı ancaq təkcə bilərzik aldılar, özü də Pavel Pavloviçin istədiyini yox, Velçaninovun göstərdiyini aldılar. Pavel Pavloviç ikisini də götürmək istəyirdi. Tacir bilərziyin qiymətini yüz yetmiş beş manatdan yüz əlliyə düşəndə Pavel Pavloviçin qanı lap qaraldı. Əgər istəsəydilər, məmnuniyyətlə iki yüz manat da verərdi, o, bahalı şey almaq istəyirdi.

Təzədən yola düşəndə Pavel Pavloviç nəşə ilə dedi:

– Hədiyyə almağa tələsməyimin zərəri yoxdur. Onlar axı kübar deyillər, sadə adamlardırlar, məsumluq hədiyyə sevir, – o, məkrlə, şən-şən gülümsündü. – Bayaq, siz Aleksey İvanoviç, on beş yaş deyəndə güldünüz; mənim başıma bu fikri salan da elə budur, məhz əlində çanta və çantasında dəftər-qələm, hələ gimnaziyaya getdiyi üçün, xe-xe! Çanta məni əsir etdi! Mən məhz məsumluq üçün, Alsksey İvanoviç… Mənim üçün sifət gözəlliyinin o qədər əhəmiyyəti yoxdur, nə qədər ki, bunun var. Küncdə oturub, rəfiqəsi ilə pıqqıldaşırdı, pərvərdigara, necə də gülürdülər! Nəyə gülürdülər: ona gülürdülər ki, pişik komodun üstündən yatağa atılıb, orada büzüşüb yatmışdır. Buradan təzə alma iyi gəlir! Bəlkə krepi çıxarım?

– Necə istəyirsiniz.

– Çıxarıram! – O, şlyapasını götürdü, krepi qoparıb, yola tulladı, şlyapasını yenidən daz başına qoyanda Velçaninov onun sifətində aydın bir ümid gördü.

«O doğrudanmı belə adamdır? – deyə həqiqətən qəzəblə düşündü, – məni dəvət etməsində doğrudanmı bir hiylə yoxdur? Doğrudanmı o mənim nəcibliyimə arxalanır? – O, axırıncı ehtimaldan demək olar ki, incimiş halda fikrinə davam etdi, – bu səfeh təlxəkdir, ya «həmişəlik ər»? Axı, nəhayət, bu mümkün olan iş deyil!»…

XII
ZAXLEBİNİNLƏR

Zaxlebininlər, Velçaninovun bayaq dediyi kimi, doğrudan da «çox abırlı ailə» idi. Zaxlebinin özü görkəmli və çox mötəbər məmur idi. Ancaq onların gəlirləri barədə Pavel Pavloviçin dedikləri də həqiqət idi. «Deyəsən, yaxşı yaşayırlar, ancaq kişi ölən kimi, heç bir şey qalmayacaq».

Qoca Zaxlebinin Velçaninovu çox yaxşı, mehriban qarşıladı, əvvəlki «düşmən» dönüb dost oldu.

– Təbrik edirəm, yaxşı oldu, – deyə o, ilk sözündən başlayaraq xoş bir tərzdə qürurla səsləndi– mən sülh yolu ilə həll etməyi təkid edirdim, Pyotr Karloviç isə (Velçaninovun vəkili) bu cəhətdən qızıl kimi adamdır. Yaxşı deyil? Əziyyətsiz süründürməsiz, mübahisəsiz altmış min alacaqsınız. Yoxsa, iş üç il uzana bilərdi.

Velçaninovu dərhal sadə və yorğun üzü olan çox kök, yaşlı bir qadın, xanım Zaxlebininaya təqdim etdilər. Qızlar da bir-bir, iki-iki gəldilər. Ancaq nədənsə qızlar çox idi, yavaş-yavaş on, yaxud da on ikisi gəldi. Velçaninov onları saya da bilmirdi, çünki kimisi girir, kimisi çıxırdı. Lakin onların arasında bağ qonşularının da qızları çox idi. Zaxlebininlərin naməlum, lakin qəribə zövqlə tikilmiş, sonralar müxtəlif zamanlarda, əlavə tikintilər aparılmış, böyük taxta evinin qabağında böyük bir bağ vardı; lakin bu bağa müxtəlif tərəflərdən üç, ya dörd başqa ev də çıxırdı, deməli, böyük bağ şərikli idi, bu da təbii, qızların qonşu qızlarına yaxınlaşmasına imkan yaradırdı. Velçaninov söhbət başlayan kimi başa düşdü ki, onu burada gözləyirlərmiş və Pavel Pavloviçin bu ailə ilə tanış olmaq istəyən dostunun buraya gələcəyini az qala, təntənəli surətdə elan etmişlər. Onun belə işlərdə iti və səriştəli nəzərləri, tezliklə başqa bir şey də sezdi: valideynlərin həddindən artıq mehribanlığı qızların görkəmi və təmtəraqlı geyimləri (hərçənd bayram günü idi) onda belə bir şübhə oyatdı ki, Pavel Pavloviç, çox ola bilər ki, biclik işlədib, əlbəttə, açıq olmasa da bir nov eyhamla buradakılara onun barəsində, «yaxşı cəmiyyətdən» olan varlı, darıxan bir subay kimi danışmış və çox, çox ola bilər ki, nəhayət, onun birdən subaylığa «son qoyaraq», özünə ailə qurmaq fikrinə düşəcəyini aşılamışdır, «üstəlik də miras alıb». Deyəsən, Zaxlebininin böyük qızı Katerina Fedoseyevna, iyirmi dörd yaşlı, Pavel Pavloviçin füsunkar xanım dediyi qız, bir qədər bu əhvali-ruhiyyədə idi. O, paltarı və qəribə düzəldilmiş gur saçları ilə bacılarından seçilirdi. Bacıları və başqa qızlar isə elə baxırdılar ki, sanki qəti bilirdilər ki, Velçaninov «Katya ilə» tanış olmağa, ona baxmağa gəlmişdir. Onların baxışları və hətta bütün gün ərzində təsadüfən ağızlarından qaçırdıqları sözlər sonra bu ehtimalı təsdiq elədi. Katerina Fedoseyevna hündürboylu, dolu, sarışın bir qız idi, olduqca mehriban sifəti vardı, görünür, sakit, ətalətli və hətta yuxulu qız idi. «Beləsinin bu vaxtadək evdə qalması qəribədir, – deyə Velçaninov fikirləşdi, o, qıza məmnuniyyətlə göz qoyurdu. – Cehizi olmasa da, tezliklə lap kökəlsə də hələlik həvəskarı çox tapılar…» Qalan o biri bacılar da pis deyildi, rəfiqələrinin içərisində isə bir neçə məzəli və hətta yaxşı sifəti olan qızlar nəzərə çarpırdı. Bu, onu əyləndirməyə başladı: yeri kəlmişkən deyək ki, o buraya xüsusi fikirlə gəlmişdi.

Altıncı, gimnazist qız, Nadejda Fedoseyevna, Pavel Pavloviçin nəzərdə tutulan nişanlısı gec gəlib çıxdı. Velçaninov onu səbirsizliklə gözləyirdi: buna ozü də təəccübləndi, hətta öz-özünə güldü də. Nəhayət, o gəldi, özü də təmtəraqla: diribaş və sərt rəfiqəsi Mariya Nikitişnanın müşayiəti ilə. Mariya Nikitişna sarışın idi, məzəli sifəti vardı: özü də dərhal məlum oldu ki, Pavel Pavloviç ondan yaman qorxur. Mariya Nikitişna iyirmi uç yaşlarında, məsxərəçi və hətta ağıllı qız idi, qonşu və tanış bir evdə kiçik uşaqların mürəbbiyyəsi idi, çoxdan Zaxlebininlər ailəsində doğma adam hesab edilirdi, qızların isə çox xoşuna gəlirdi. Hiss olunurdu ki, o, Nadyaya indi xüsusilə lazımdır. İlk baxışdan Velçaninov başa düşdü ki, qızlar, hətta rəfiqələri də Pavel Pavloviçin əleyhinədirlər. Nadya gələndən ikicə dəqiqə sonra isə qət etdi ki, o da Pavel Pavloviçə nifrət edir. Onu da sezdi ki, Pavel Pavloviç bunu qətiyyən sezmir, ya da sezmək istəmir. Söz yox ki, Nadya bacılarının hamısından yaxşı idi; balaca, sarışın bir qızdı, görkəmindən adamayovuşmaz qıza oxşayırdı və onda nihilist cəsarəti vardı, qaynar gözlü hiyləgər şeytandı, məlahətli təbəssümü vardı, ancaq tez-tez qəzəbli olurdu, gözəl dodaqları və dişləri vardı, zərif, qədd-qamətli idi, sifəti ifadəli idi: ancaq bununla belə, demək olar ki, uşaq sifəti idi. On beş yaş onun hər addımında, hər sözündə özünü göstərirdi. Sonra məlum oldu ki, Pavel Pavloviç doğrudan da onu ilk dəfə əlində müşəmbə çanta görmüşdür; amma indi qız bu çantanı götürmürdü. Hədiyyə bilərzik yerinə düşmədi, hətta pis təsir bağışladı. Pavel Pavloviç içəri girən nişanlısını görən kimi dərhal gülümsəyərək, ona yaxınlaşdı. O, hədiyyəni «keçən dəfə Nadejda Fedoseyevnanın fortepiano arxasında oxuduğu gözəl romansdan xoş həzz duyduğunu» bəhanə edərək vermək istəyirdi, ancaq karıxdı, sözünü qurtara bilmədi, özünü itirmiş halda bilərziyi irəli uzatdı, Nadejda Fedoseyevnanın ovcuna dürtməyə çalışdı, qız isə utandığından və hirsindən qızararaq, əlini geri çəkir, bilərziyi götürmək istəmirdi. O, qaba tərzdə sifətində çaşqınlıq ifadəsi olan anasına tərəf qanrıldı və ucadan dedi:

– Maman, götürmək istəmirəm.

– Al və təşəkkür elə! – deyə atası sakit bir ciddiyyətlə dilləndi, lakin o da narazı idi. – Artıq şeydir, artıq şeydir! – Pavel Pavloviçi danladı. Nadya çarəsiz qalıb, qutunu aldı və gözlərini aşağı dikərək, kiçik qızlar kimi, təzim etdi, yəni birdən oturdu və yay kimi tez də qalxdı. Bacılarından biri baxmaq üçün yaxınlaşdı. Nadya hələ açılmamış qutunu ona verdi, bununla da bildirirdi ki, özü açıb baxmaq istəmir. Bilərziyi qutudan çıxardılar və o əldən-ələ gəzməyə başladı; ancaq hamı sakitcə baxırdı, hətta bəzilori istehza ilə baxırdı, təkcə anası dedi ki, bilərzik çox gözəldir. Pavel Pavloviç yer ayrılsaydı, yerə girərdi.

Dadına Velçaninov çatdı.

O, ağlına gələn ilk fikirdən yapışıb, elə bərkdən və həvəslə danışmağa başladı ki, heç beşcə dəqiqə keçməmiş qonaq otağında olanların hamısının diqqətini cəlb etdi. O, kübar cəmiyyətdə çərənləmək sənətinə: yəni tamamilə sadəlövh görünmək, eyni zamanda öz dinləyicilərinə də özü kimi sadəlövh adamlar kimi baxmaq sənətinə, əla yiyələnmişdi, lazım gələndə o özünü son dərəcə təbii, şad və xoşbəxt göstərməyi bacarırdı. Danışarkən sözarası, kəskin, yaxud adama toxunan bir söz işlətməyi, eyham vurmağı, gülməli lətifələr danışmağı da məharətlə bacarırdı. Özü də elə danışırdı ki, sanki ağlına qəflətən gəlmişdi, fərqinə varmırdı, halbuki, söhbət bəlkə də, lap çoxdan hazırlanmiş, əzbərlənmiş və artıq bir neçə dəfə işlədilmişdi. Lakin hazırki dəqiqədə onun sənətinə təbiəti də qarışmışdı: o hiss edirdi ki, həvəsə gəlmişdir, onu nə isə sövq edirdi, özünü çox inamlı, arxayın hiss edirdi, əmindi ki, bir neçə dəqiqədən sonra bütün bu gözlər ona yönələcək, bütün bu adamlar yalnız onu dinləyəcək, ancaq onunla danışacaq, yalnız onun dediyinə güləcəklər. Doğrudan da çox keçmədi ki, gülüş səsi eşidildi, yavaş-yavaş söhbətə başqaları da qoşuldu– o, söhbətə başqalarını da qatmağı gözəl bacarırdı– indi üç, dörd adam birdən danışırdı. Xanım Zaxlebininanın qaşqabağı açıldı, yorğunluğu çıxdı, üzü güldü; Katerina Fedoseyevna da həmçinin, sehrlənmiş kimi oturub, dinləyir və baxırdı. Nadya qaşlarının altından iti baxışlarını ona zilləmişdi, açıq sezilirdi ki, əvvəlcədən onun əleyhinə çevrilmişdir. Bu, Velçaninovu daha da qızışdırdı. «Qəzəbli» Mariya Nikitişna hər halda fürsət tapıb, Velçaninovu möhkəm sancdı; o özündən uydurub, təsdiq edirdi ki, dünən Pavel Pavloviç onu burada öz uşaqlıq dostu kimi qələmə vermiş və beləliklə yaşını (buna aydın işarə eləyirdi) düz yeddi il artırmışdır. Lakin o, qəzəbli Mariya Nikitişnanın da xoşuna gəlmişdi. Pavel Pavloviç özünü yaman itirmişdi. Dostunun bacarığına bələd idi və başlanğıcda hətta onun müvəffəqiyyətinə sevinirdi, özü də pıqqıldayır, söhbətə qarışırdı; lakin nədənsə o yavaş-yavaş xəyala qapıldı, hətta axırda məyuslaşdı, bu onun həyəcanlı görkəmindən aydın sezilirdi. Qoca Zaxlebinin gülə-gülə:

– Siz elə qonaqsınız ki, əyləndirməyə ehtiyac yoxdur, – dedi və bayram günü olmasına baxmayaraq, nəzərdən keçirilmək üçün hazırlanmış iş məktublarının qoyulduğu yuxarı otağa qalxmaq məqsədilə stuldan qalxdı. – Ancaq təsəvvür eləyin ki, mən sizi bütün gənclər içərisində ən qəmgin ipoxondrik hesab edirdim. Adam gör necə səhv eləyir!

Salonda royal qoyulmuşdu; Velçaninov musiqi ilə kimin məşğul olduğunu soruşdu və birdən Nadyaya müraciət etdi:

– Siz, deyəsən, oxuyursunuz?

– Kim dedi? – Nadya onun sözünü kəsdi.

– Bayaq Pavel Pavloviç deyirdi.

– Düz deyil, mən ancaq gülmək üçün oxuyuram, mənim heç səsim də yoxdur.

– Mənim də səsim yoxdur, ancaq oxuyuram.

– Onda siz bizim üçün oxuyarsınız? Siz oxusanız mən də oxuyaram. – Nadyanın gözləri işıldadı. – Ancaq indi yox, nahardan sonra. Mənim musiqidən zəhləm gedir, – deyə o əlavə etdi, – bu fortepiano lap canımı boğazıma yığıb; bizdə səhərdən axşamadək hamı çalıb-oxuyur. Təkcə Katya hamısına yetər.

Velçaninov dərhal onun sözündən yapışdı və məlum oldu ki, təkcə Katerina Fedoseyevna fortepianoda hamıdan ciddi məşğul olur. O dərhal qıza müraciət edib, çalmasını xahiş etdi. Görünür, onun Katyaya müraciət etməsi hamının xoşuna gəldi, anası isə sevincindən qızardı. Katerina Fedoseyevna ayağa qalxdı, gülümsəyərək, royala tərəf getdi və birdən özü gözləmədən qızardı və bundan çox xəcalət çəkdi; böyük qızdır, artıq iyirmi dörd yaşı var, belə əndamlı, ancaq balaca qız kimi qızarır– bütün bunlar, o çalmaq üçün oturanda sifətində yazılmışdı. O, Qaydndan nə isə çaldı, ifadəsiz çalsa da aydın çalırdı. Lakin o sıxılırdı. Katerina çalıb qurtardıqdan sonra Velçaninov onu deyil, Qaydnı, xüsusilə onun çaldığı kiçik musiqi əsərini təriflədi; görünür, bu, qızın xoşuna gəlmişdi, o özünün deyil, Qaydnın adına deyilən tərifləri elə minnətdarlıqla və elə xoşbəxtcəsinə dinləyirdi ki, Velçaninov qeyri-ixtiyari ona diqqətlə, mehriban-mehriban baxdı. Onun baxışı deyirdi: «Eh, sən nə yaxşısan!» Elə bil hamı, xüsusilə Katerina Fedoseyevna, onun bu baxışını başa düşdü.

– Sizin yaxşı bağınız var, – deyə o, balkonun şüşə qapısına baxa-baxa, hamıya müraciət etdi. – Bilirsiniz nə var, gəlin hamımız bağa gedək!

– Gedək, gedək! – Fərəhli səslər eşidildi, elə bil o hamının ürəyindən xəbər vermişdi.

Günorta yeməyinədək bağda gəzdilər. Çoxdan gedib, yatmaq istəyən xanım Zaxlebinina da özünü saxlaya bilmədi və hamı ilə birlikdə gəzməyə çıxdı, lakin balkonda oturub dincəlməyi daha üstün tutdu və orada dərhal mürgülədi. Bağda Velçaninovla qızlar daha da dostlaşdılar. O gördü ki, qonşu bağlardan iki-üç cavan oğlan da onlara qoşuldu; onlardan biri tələbə, ikincisi isə gimnazist idi. Onlar tez öz qızlarının yanına qaçdılar, hiss olunurdu ki, onlar elə buna görə gəlmişlər. Üçüncü «cavan oğlan» isə çox qaşqabaqlı və pırtdaşıq saçları olan iyirmi yaşlı bir oğlan idi, gözlərində iri göy eynək vardı, gələn kimi, Mariya Nikitişna və Nadya ilə tələsik və qaşqabaqlı pıçıldaşmağa başladı. O, Velçaninovu acıqlı-acıqlı süzürdü, elə bil ona hədsiz nifrət eləməyi özünə borc bilirdi. Qızların bəziləri oyunu tez başlamağı təklif edirdilər. Nə oyun oynamaları barədə Velçaninovun sualına cavab verdilər ki, hər cür oyun oynayırlar, gizlənqaç da oynayırlar, ancaq axşam atalar sözü oyunu oynayacaqlar, yəni hamı əyləşəcək, biri hələlik kənara çəkiləcək; bütün oturanlar bir atalar sözü seçəcəklər, məsələn, «Tez gedən tez yorular», kənarda duranı çağırdıqda, növbə ilə hərə ona bir cümlə deyəcək. Birinci mütləq elə cümlə deməlidir ki, orada «tez» sözü olsun, ikinci elə cümlə deməlidir ki, orada «gedən» sözü olsun və s. O adam isə mütləq bu sözləri tutub, onlara əsasən atalar sözü tapmalıdır. Velçaninov dedi:

– Bu çox maraqlı oyundur.

– Yox, yox, çox darıxdırıcıdır, – deyə iki-üç adam birdən cavab verdi.

– Biz teatr da oynayırıq, – deyə Nadya ona müraciət etdi. – Ətrafına skamyalar düzülmüş o yoğun ağacı görürsünüzmü, orada ağacın dalı guya səhnə arxasıdır, artistlər də orada otururlar: kral, kraliça, şahzadə, cavan oğlan, kim nə istəyirsə, hərə istədiyi vaxt çıxır, ağlına gələni deyir və gedir.

Velçaninov yenə də təriflədi:

– Nə qiyamətdir!

– Ah, yox, cansıxıcıdır! Başlanğıcı yaxşı olur, ancaq axıra yaxın korlanır, çünki heç kəs yaxşı qurtara bilmir; bəlkə sizinlə maraqlı ola. Biz sizi Pavel Pavloviçin dostu bilirdik, ancaq indi məlum olur ki, o yalandan öyünürmüş. Mən sizin gəlişinizə çox şadam… bir münasibətlə… – o çox ciddi bir tərzdə, vüqarla Velçaninova baxdı və dərhal Mariya Nikitişnanın yanına getdi.

Velçaninovun ötəri gördüyü, kəlmə kəsmədiyi bir qız ona xəlvətcə pıçıldadı:

– Atalar sözünü axşam oynayarıq, axşam hamı Pavel Pavloviçə güləcək, siz də.

Onun bu vaxtadək heç sezmədiyi, allah bilir, birdən hardan baş vurub çıxan sarışın, çil-çil, yeriməkdən və istidən sifəti pörtmüş başqa bir qız dostcasına dedi:

– Ah, nə yaxşı oldu, siz gəldiniz, yoxsa yaman darıxırdıq…

Pavel Pavloviçin narahatlığı getdikcə artırdı. Bağda Velçaninov nəhayət, Nadya ilə tamam yaxınlaşdı. O daha bayaqkı kimi qaşlarının altından baxmırdı və Velçaninovu diqqətlə nəzərdən keçirmək fikrindən daşınmışdı, qəhqəhə çəkib gülür, atılıb-düşür, çığırırdı, hətta iki dəfə Velçaninovun əlindən də tutmuşdu; o çox şad idi, Pavel Pavloviçə isə yenə zərrə qədər məhəl qoymurdu, sanki onu heç görmürdü. Velçaninov əmin oldu ki, Pavel Pavloviçə əməlli-başlı sui-qəsd hazırlanıb. Nadya bir dəstə qızla Velçaninovu bir tərəfə çəkdi. O biri rəfiqələri isə müxtəlif bəhanələrlə Pavel Pavloviçi başqa tərəfə apardılar, ancaq o birtəhər yaxasını qurtarır və dərhal onların, yəni Velçaninovla Nadyanın yanına qaçır, daz başını ikisinin arasına soxub, xəlvətcə narahatlıqla söhbətlərinə qulaq verirdi. Axıra yaxın o hətta daha utanmırdı. Onun sadəlövh davranışı və hərəkətləri bəzən adamı təəccübləndirirdi. Velçaninov özünü saxlaya bilməyib, bir də Katerina Fedoseyevnaya xüsusi diqqət yetirdi, əlbəttə indi qız başa düşmüşdü ki, Velçaninov buraya heç də ona görə gəlməyib, Nadya ilə həddindən artıq maraqlanır; lakin qızın sifəti bayaqkı kimi mehriban və gözəl idi. O sanki onların yanında olmasına və təzə qonağın söhbətinə qulaq asmasına sevinirdi; zavallı qız özü məharətlə söhbətə qarışmağı heç cür bacarmırdı.

Velçaninov birdən yavaşca Nadyaya dedi:

– Sizin bacınız Katerina Fedoseyevna qiyamət qızdır!

– Katyamı? Onun ürəyindən gözəl ürək varmı? O bizim hamımızın məlaikəmizdir, mən ona vurulmuşam, – deyə Nadya fərəhlə cavab verdi.

Nəhayət, saat beşdə yemək də verildi, hiss olunurdu ki, bu qonağın gəlməsi münasibətilə hazırlanmışdır. Süfrəyə uç yemək gətirildi, görünür, bunlar həmişəki yeməkdən əlavə yeməklərdi, özü də əla yeməklərdi, xüsusilə biri çox qəribə idi, adını da heç kəs bilmirdi. Adi süfrə şərablarından başqa bir butulka tokay şərabı da gətirildi, görünür, qonaq üçün idi; yemək qurtarana yaxın nə üçünsə şampanski də verildi. Qoca Zaxlebinin bir az artıq içmişdi, ona görə kefi durulmuşdu. Velçaninovun dediklərinin hamısına gülməyə hazırdı. Axırı iş o yerə çatdı ki, Pavel Pavloviç daha dözə bilmədi; yarışa girişərək o da bir şey demək istədi və dedi. O, xanım Zaxlebinina ilə yanaşı, stolun aşağı tərəfində oturmuşdu, birdən burada sevincək olmuş qızlar bərkdən gülüşdülər.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации