Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 26

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 26 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +

«Əgər o məni çoxdan öldürmək fikrində olsaydı, yəqin ki, əvvəlcədən bıçaq, ya pistolet hazırlayardı, daha mənim, dünən axşamadək heç zaman görmədiyi ülgücümə arxayın olmazdı».

Nəhayət, saat altını vurdu. Velçaninov oyandı və geyinib, Pavel Pavloviçin yanına getdi. O, qapını açarkən başa düşmürdü ki, Pavel Pavloviçi niyə otağa salıb qapını bağlamışdır, niyə onu elə o vaxt qovmamışdır? Onun təəccübünə rəğmən, məhbus tamam geyinmişdi; görünür, birtəhər qollarını açmışdı. O, kresloda oturmuşdu, lakin Velçaninov içəri girən kimi, ayağa qalxdı. Şlyapası əlində idi. Onun həyəcanlı baxışı sanki tələsik deyirdi:

«Danışma! Danışmaq lazım deyil; danışmağa dəyməz…»

– Gedin! – Velçaninov dedi. – Qutunuzu da aparın.

Pavel Pavloviç qapıdan qayıtdı, stolun üstündən bilərzik qutusunu götürüb, cibinə qoydu və pilləkənin üstünə çıxdı. Velçaninov qapını bağlamaq üçün kandarda dayanmışdı. Onlar axırıncı dəfə göz-gözə gəldilər; Pavel Pavloviç birdən ayaq saxladı, hər ikisi beş saniyə bir-birinin gözünə baxdılar, elə bil tərəddüd edirdilər. Nəhayət, Velçaninov astaca əlini ona tərəf yellətdi.

– Hə, gedin! – deyə pıçıldadı və qapını bağladı.

XVI
TƏHLİL

Onu çox böyük sevinc hissi bürümüşdü: nə isə qurtarmış və düyün açılmışdı; dəhşətli kədər çəkilmiş v tamam seyrəlmişdi. Ona elə gəlirdi. Bu, beş həftə davam etmişdi. O, qolunu qaldırır, qandan islanmış dəsmala baxır və öz-özünə mızıldanırdı: «Yox, indi hər şey tamam qurtarmışdır!» Bu gün səhər o, üç həftə ərzində ilk dəfə, Liza haqqında fikirləşmədi, sanki əlinin qanı bu kədərin də hayıfını almışdı.

O aydın başa düşürdü ki, dəhşətli təhlükədən qurtarmışdır. «Bu adamlar, – öz-özünə fikirləşdi, – bir dəqiqə əvvəl hələ kəsib-kəsməyəcəklərini bilməyən bu adamlar, bıçağı əsən əllərinə alan kimi, barmaqlarına sıçrayan ilk qan damcılarını hiss eləyən kimi, nəinki kəsərlər, hətta katorqalıların dili ilə desək, adamın başını «üzərlər». Belədir ki var».

O, evdə otura bilmədi, küçəyə çıxdı, əmindi ki, indicə nə isə bir şey etmək lazımdır, ya da hökmən başına bir iş gələcəkdir; o, küçələri gəzir və gözləyirdi. Bir adama rast gəlmək, danışmaq istəyirdi, lap yad adam olsun; bu fikir onu həkimin yanına getmək, əlini əməlli-başlı sarıtdırmaq qərarına gətirdi. Həkim, köhnə tanışı, yarasına baxıb, maraqla soruşdu: «Bu necə olub?» Velçaninov zarafata saldı, qəhqəhə çəkib güldü; az qala hamısını danışacaqdı, ancaq özünü saxladı, həkim məcbur oldu ki, onun nəbzini yoxlasın və dünən gecə sancılandığını eşidəndə onu dilə tutdu ki, indi əlinin altında olan sakitləşdirici dərmanı içsin. Yarası barədə də onu sakitləşdirdi: «Elə bir şey yoxdur». Velçaninov güldü və onu inandırmağa başladı ki, o artıq gözəl nəticə vermişdir. Hər şeyi açıb danışmaq arzusu bu gün onda iki dəfə təkrar oldu – bir həftə, hətta az qala, qənnadı dükanında özü dindirdiyi, heç tanımadığı yad bir adama danışacaqdı. Onun bu vaxtadək ictimai yerlərdə tanımadığı adamlarla söhbətə girişməkdən zəhləsi gedirdi.

O, mağazaya girdi, qəzet aldı, dərzisinin yanına gedib, özünə paltar sifariş elədi. Poqoreltsevlərgilə getmək fikri yenə də ürəyinə yatmırdı, onlar barədə fikirləşmirdi, bir də bağa gedə bilməzdi; o sanki burada, şəhərdə nə isə gözləyirdi. Böyük bir həvəslə nahar elədi, xidmətçi qadınla və onunla bir stolda əyləşib, nahar eləyən qonşusu ilə danışdı, yarım butulka şərab içdi. Dünənki ağrıların təkrar oluna biləcəyini heç ağlına da gətirmirdi, o arxayın idi ki, xəstəlik dünən taqətsiz halda yuxuya gedib və yarım saatdan sonra yatağından sıçrayıb, qatilini o cür zərblə döşəməyə sərdiyi həmin dəqiqədə tamam keçib getmişdir. Lakin axşamüstü başı hərlənməyə başladı və nə isə dünənki sayıqlamaya oxşar bir şey anbaan onu yaxaladı. O, evə hava qaralandan sonra gəldi və içəri girəndə, öz otağını görüb qorxdu. Mənzili ona qorxunc və vahiməli göründü. Bir neçə dəfə o yan-bu yana getdi, hətta demək olar ki, heç zaman girmədiyi mətbəxə də keçdi. «Onlar dünən burada nimçə qızdırırdılar». Qapını möhkəm bağladı və şamı vaxtından qabaq yandırdı. Qapını bağlarkən yadına düşdü ki, yarım saat qabaq, dalandarın yanından keçərkən, Mavranı çağırmış və ondan soruşmuşdu: «Mən olmayanda Pavel Pavloviç gəlməmişdi ki?» Sanki o, doğrudan da gələ bilərdi.

Qapını möhkəm bağladıqdan sonra yazı stolunun gözünü açdı, ülgüc qutusunu çıxartdı və «dünənki» ülgücü açdı, ona tamaşa eləmək istəyirdi. Ülgücün ağ sümük dəstəsində azca qan izi qalmışdı. O, ülgücü yenə qutuya qoydu və yenə yazı stolunun gözünü açarla bağladı. O yatmaq istəyirdi; hiss eləyirdi ki, indicə uzanmaq lazımdır, əks-təqdirdə «sabah əlindən heç bir iş gəlməyəcəkdi». Sabahkı gün ona nədənsə məşum və «həlledici» gün kimi gəlirdi. Lakin küçədə, bütün günü onu bir an da tərk etməyən fikirlər indi də aramsız və amansızcasına beynində qaynayır, uğuldayırdı, o hey fikirləşir, fikirləşir, fikirləşirdi; Velçaninov uzun müddət yata bilmədi.

«Əgər mənim başımı kəsmək fikri onun ağlına qəfil gəlibsə, onda görəsən, bu fikir əvvəllər, heç olmasa qəzəbli dəqiqələrində, arzu kimi olsa da bircə dəfə fikrinə gəlibmi?»

O, məsələni qəribə şəkildə həll elədi, guya «Pavel Pavloviç onu öldürmək istəmişdir, lakin öldürmək fikri gələcək qatilin ağlına bir dəfə də gəlməmişdir». Qısası: «Pavel Pavloviç onu öldürmək istəmişdir, lakin öldürmək istədiyini bilmirmiş. Bu mənasız fikirdir, ancaq belədir, – Velçaninov fikirləşirdi. – O buraya nə vəzifə dalınca, nə də Baqautovu tapmağa gəlmişdir, ancaq burada vəzifə axtarır və hərdən Baqautovun yanına qaçırdı, Baqautov öləndə isə özündən çıxmışdı. Baqautova o nifrət edirdi. O buraya məndən ötrü gəlmişdir. Liza ilə gəlmişdi…»

«Bəs mən özüm, onun başımı kəsəcəyini gözləyirdimmi?» O qərara gəldi ki, hə, onu karetdə Baqautovun tabutu arxasınca gedərkən gördüyü dəqiqədən gözləyirdi. – Mən sanki nəyi isə gözləməyə başladım… ancaq əlbəttə, bunu yox, əlbəttə, başımı kəsəcəyini yox!..»

«Doğrudanmı, doğrudanmı, – o birdən başını balışdan qaldırıb, gözlərini açdı, – bu dəlinin dünən çənəsi əsə-əsə və yumruğunu sinəsinə vura-vura mənə olan məhəbbəti barədə beynimə yeritmək istədikləri həqiqətdi?

Tamamilə həqiqətdi! – O yorulmadan daha dərinə gedir və təhlil edirdi. – T.-dən olan və iyirmi il heç bir şey sezməyən bu Kvazimoda arvadının oynaşına vurulmaq üçün kifayət qədər səfeh və nəcibdi! O, on il mənə hörmət eləyib, məni xatırlayıb və mənim «sözlərimi» yadında saxlayıb, pərvərdigara, amma mənim heç bir şeydən xəbərim olmayıb! O dünən yalan danışa bilməzdi! Ancaq o dünən məhəbbətini izhar edəndə və «haqq-hesabı çürüdək» deyəndə məni sevirdimi? Bəli, qəzəbindən sevirdi; bu ən güclü məhəbbətdir.

Axı, ola bilərdi, bəlkə də elə-belə idi, mən T.-də ona böyük təsir bağışlamışam, məhz böyük və «fərəhli»; bu məhz, Kvazimoda surətində olan belə Şillerdə baş verə bilərdi.

O məni yüz dəfə şişirmişdir, çünki mən onu onun fəlsəfi tənhalığında heyrətə salmışam… Maraqlıdır, görəsən, məhz nə ilə heyrətə salmışam? Bəlkə təzə əlcəklərlə və onları geymək bacarığı ilə? Kvazimodalar estetikanı seçirlər, yaman sevirlər. Əlcək bəzi nəcib ürəklər, özü də «həmişəlik ər» olanlar üçün tamamilə kifayətdir. Yerdə qalan şeyləri onlar özləri min dəfə tamamlayarlar və əgər istəsəniz hətta sizin üstünüzdə dalaşarlar da. Mənim şirnikdirmə vasitələrimi o nə qədər uça tutur! Bəlkə şirnikdirmə vasitələri onu daha çox heyran etmişdir? O zaman çığıra-çığıra dediyi sözlər: «Əgər bu da belədirsə, daha kimə inanasan!» Bu çığırtıdan sonra adam heyvana çevrilər!..

Hm! O buraya gəlmişdi ki, özünün rəzil bir tərzdə dediyi kimi, mənimlə «qucaqlaşsın və ağlasın», daha doğrusu, o mənim başımı kəsməyə gəlmişdi, ancaq fikirləşirdi ki, mənimlə «qucaqlaşmağa və ağlaşmağa» gəlir… O, Lizanı da gətirmişdi. Nə olar: əgər mən onunla ağlasaydım, bəlkə doğrudan da məni bağışlardı, çünki o çox istəyirdi ki, bağışlasın!.. Bütün bunlar ilk toqquşmada sərxoş əzilib-büzülməyə və karikaturaya, incikliyə, iyrənc arvad ulamasına çevrildi. (Özünə, buynuz, buynuz düzəltmişdi.) Ona görə sərxoş gəlirdi ki, əzilə-əzilə olsa da sözünü desin, sərxoş olmasaydı, deyə bilməzdi .. Ancaq əzilib-büzülməyi sevirdi, yaman sevirdi! Məni öpüşməyə məcbur eləyəndə nə qədər sevindi! Ancaq o zaman işin axırının necə olacağını bilmirdi; qucaqlaşacaq, ya başımı kəsəcək? Axırı, əlbəttə, belə çıxdı ki, hamısından yaxşısı budur ki, həm o olsun, həm bu. Məsələnin ən təbii həlli. Bəli, təbiət eybəcərləri sevmir və məsələlərin «təbii həlli ilə» onların axırına çıxır. Ən çirkin eybəcər, nəcib hissləri olan eybəcərdir. Pavel Pavloviç, mən bunu şəxsi təcrübəmdən bilirəm! Təbiət eybəcər üçün mehriban ana deyil, ögey anadır. Təbiət eybəcəri yaradır, lakin ona acımaqdansa, onu edam edir və haqlı da edir! Hər şeyi bağışlamanın ağuşu və göz yaşları bizim əsrimizdə hətta abırlı adamlara da qismət olmur, o ki qaldı, bizim kimilər, sizinlə mən olaq, Pavel Pavloviç! Bəli, o məni nişanlısının yanına apardı; nə qədər səfeh insandır, pərvərdigara! Nişanlı! Madmazel Zaxlebininanın məsumluğu sayəsində «yeni həyat üçün dirilmək» fikri ancaq belə Kvazimodanın ağlına gələ bilərdi! Lakin siz günahkar deyilsiniz, Pavel Pavloviç, günahkar deyilsiniz; siz eybəcərsiniz, buna görə də sizin hər işiniz eybəcər olmalıdır – xəyallarınız da, ümidləriniz də. Eybəcər olsa da, arzusuna şübhə eləyirdi, buna görə də Velçaninovun mötəbər razılığı, onun hörməti tələb olunurdu. Velçaninovun təsvibi lazımdı, o təsdiq etməli idi ki, bu arzu xəyal deyil, əsl həqiqətdi. O mənə olan hörmətinə görə və mənim nəcib hisslərimə arxayın olduğuna görə məni oraya apardı. Arxayın idi ki, bəlkə orada, kolun dibində, məsumluğun yaxınlığında qucaqlaşarıq və opüşərik. Bəli! Bu «həmişəlik ər» axır ki, bir vaxt bütün olub-keçənlərdən ötəri özünə cəza verməyə borclu idi, və özünə cəza vermək üçün ülgücü əlinə almışdı, doğrudur, qəfil almışdı, ancaq hər halda almışdı. «Hər halda bıçağı yortdu, hər halda onunla qurtardı ki, qubernatorun yanında bıçağı yortdu!» Görəsən, sağdış barədə mənə danışdığı zaman onun heç olmasa bir fikri vardımı? O vaxt, gecə yatağından qalxıb, otağın ortasında durduğu zaman, görəsən, bir fikri vardımı? Yox! o zaman zarafat eləyirdi. O öz işindən ötrü durmuşdu, ancaq mənim ondan qorxduğumu görən kimi, on dəqiqə cavab vermədi, çünki mənim qorxmağım ona ləzzət verirdi… O vaxt qaranlıqda dayandığı zaman bəlkə doğrudan da birinci dəfə gözünə nə isə görünmüşdü…

Ancaq hər halda mən dünən ülgücü yaddan çıxarıb stolun üstündə qoymasaydım, heç belə şey olmayacaqdı. Belədirmi? Belədirmi? Axı, o əvvəllər məndən qaçırdı, axı, iki həftə yanıma gəlmədi; axı o, məndən gizlənirdi, mənə acıyırdı! Axı, əvvəlcə məni deyil, Baqautovu seçmişdi! Axı, gecə nimçələri qızdırmaq üçün yatağından sıçrayıb qalxmışdı, fikirləşirdi ki, bıçaqdan mərhəmətə keçsin!.. Qızdırılmış nimçələrlə özünü də, məni də xilas etmək istəyirdi!..»

Bu sabiq «kübar adamın» xəstə başı, ta sakitləşənədək, uzun müddət boş-boşuna işlədi. O ertəsi gün həmin xəstə başla, lakin tamamilə yeni və artıq heç gözlənilməz bir dəhşət içində yuxudan oyandı.

Bu yeni dəhşət, onda qəfil möhkəmlənmiş qəti bir inamdan doğurdu, bu inam ondan ibarət idi ki, o, Velçaninov (və kübar adam) elə bu gün özü, öz istəyi ilə məsələni həll edəcək, özü öz ayağı ilə Pavel Pavloviçin yanına gedəcəkdi. Nə üçün? Nədən ötrü? Özü də bilmirdi və bilmək də istəmirdi. Ancaq onu bilirdi ki, nə üçünsə gedir.

Bu dəlilik, – buna o başqa cür ad verə bilmirdi, – o dərəcəyə çatdı ki, çox ağıllı, çox qanuni bir bəhanə tapdı; ona hələ də elə gəlirdi ki, Pavel Pavloviç öz nömrəsinə qayıdacaq və qapını möhkəm bağlayıb, Mariya Sısoyevnanın danışdığı o xəzinədar kimi, özünü asacaqdır. Bu dünənki xəyal onda yavaş-yavaş mənasız, lakin qarşısıalınmaz bir inama çevrildi. «Bu axmaq özünü niyə asmalıdır?» – O hər dəqiqə öz sözünü kəsirdi. Lizanın dediyi sözlər yadına düşürdü… «Ancaq mən onun yerinə olsaydım, özümü asardım…» – O bir dəfə belə fikirləşdi.

Bu düşüncələr onunla qurtardı ki, o, nahara getmək əvəzinə, yenə Pavel Pavloviçin yanına yollandı. «Mən ancaq Mariya Sısoyevnadan soruşacağam» – deyə qət etdi. Lakin küçəyə çıxan kimi darvazanın altında durdu.

– Doğrudanmı, doğrudanmı, – deyə utandığından qızardı– doğrudanmı, mən oraya «qucaqlaşmaq və öpüşmək üçün gedirəm?» Doğrudanmı, bütün bu biabırçılıqda təkcə bu mənasız alçaqlıq çatışmır!

Lakin onu mənasız alçaqlıqdan bütün abırlı və ləyaqətli adamların qəbləlvuqu duyğuları xilas etdi. Yenicə küçəyə çıxmışdı ki, birdən Aleksandr Lobovla rastlaşdı. Gənc tövşüyürdü və həyəcanlı idi.

– Mən sizin yanınıza gəlirdim! Dostunuz, Pavel Pavloviçi görürsünüz də?

Özünü asıb? – Velçaninov dəli kimi pıçıldadı.

– Kim özünü asıb? Nə üçün? – Lobovun gözləri bərəldi.

– Heç… mən elə-belə; sözünüzü deyin!

– Fu, fikriniz nə qəribə şəkil aldı! Heç də özünü asmayıb, nə üçün assın? Əksinə, çıxıb gedib. Mən bu saat onu vaqona oturdub, yola saldım. Fu, necə içir, mən sizə deyim! Biz üç butulka içdik. Predposılov da. – O necə içir, necə içir! Vaqonda mahnı oxuyurdu, sizi xatırladı, sizə salam yetirməyi tapşırdı. Ancaq əclafdır, siz necə bilirsiniz, hə?

Gənc doğrudan da xumarlanmışdı; pörtmüş sifəti, işıldayan gözləri və topuq çalan dili bunu aşkar göstərirdi. Velçaninov bərkdən qəhqəhə çəkib güldü.

– Demək olar, beləcə, nəhayət, bruderşaftla qurtardılar!.. Xa-xa. Qucaqlaşdılar, ağladılar! Eh sizi! Şillerlər, – şairlər!

– Söyməyin, xahiş edirəm. O orada tamam imtina etdi. Dünən də oraya getmişdi, bu gün də. Bərk peşman olub. Nadyanı antresola salıb bağlamışlar. Çığırtılar, göz yaşları, ancaq biz güzəştə getməyəcəyik. Amma necə içir, necə içir! Bilirsiniz, necə Mavetondur99
  Fransızca səfeh deməkdir


[Закрыть]
, daha doğrusu Maveton yox, adı nədir onun? Özü də bütün vaxtı sizi xatırlayırdı, ancaq sizi onunla müqayisə etmək olmaz! Siz hər halda ləyaqətli adamsınız və həqiqətdə də vaxtı ilə yuxarı cəmiyyətə mənsub olmusunuz, ancaq indi bundan imtina etmisiniz, yoxsullaşdığınız üçünmü, ya… lənətə gəlsin, sözlərini yaxşı ayırd eləyə bilmədim.

– O sizə mənim barəmdə belə danışırdı?

– O danışırdı, əsəbiləşməyin.Vətəndaş olmaq – yuxarı cəmiyyətdən yaxşıdır. Mən onu demək istəyirəm ki, bizim əsrdə Rusiyada bilmirsən kimə hörmət edəsən. Razılaşın ki, bu, əsrin böyük xəstəliyidir, bilmirsən, kimə hörmət edəsən, doğru deyilmi?

– Doğrudur, doğrudur, bəs o nə deyirdi?

– O? Kim? – Hə!.. O nə üçün isə elə hey deyirdi: əlli yaşlı, lakin müflisləşmiş Velçaninov? Gülür, azından min dəfə təkrar edirdi. Vaqona oturanda, mahnı oxudu və ağladı, adam lap iyrənirdi, ancaq yazığım da gəlirdi, sərxoş idi. Eh, mən axmaqları sevmirəm. Lizavetanın ruhunun rahatlığı üçün dilənçilərə pul atdı. Lizaveta onun arvadıdır, kimdir?

– Qızıdır.

– Sizin əlinizə nə olub?

– Kəsmişəm.

– Zərəri yoxdur, keçib gedər. Bilirsinizmi, o yaxşı oldu ki, çıxıb getdi. Ancaq mərc tutaram ki, orada, getdiyi yerdə dərhal evlənəcək, doğru demirəm?

– Axı, siz də evlənmək istəyirsiniz?

– Mən? Mən başqa məsələ. Əgər sizin əlli yaşınız varsa, onunku demək, altmışdır; atam, burada məntiq lazımdır. Bilirsinizmi, mən əvvəllər, lap çoxdan etiqad etibarilə təmiz slavyanofil idim, indi isə biz işığı qərbdən gözləyirik… hə, xudahafiz. Yaxşı ki, evə girməmişdən sizinlə rastlaşdıq, evə getməyəcəyəm, xahiş eləməyin, vaxtım yoxdur!..

O qaçdı.

– Eh, mənə nə olub, – deyə birdən qayıtdı. – Axı, o mənə məktub verib sizin yanınıza göndərmişdi! Budur, məktub. Siz nə üçün onu yola salmağa gəlməmişdiniz?

Velçaninov evə qayıtdı və onun adına göndərilmiş zərfi açdı. Pavel Pavloviç bir kəlmə də yazmamışdı; lakin orada başqa bir məktub vardı. Velçaninov bu xətti tanıdı. Məktub köhnə idi, kağız saralmış, mürəkkəb solmuşdu. Bu məktub ona on il qabaq, o zaman T.-dən çıxandan iki ay sonra Peterburqa yazılmışdı. Lakin məktub ona çatmamışdı, bunun əvəzinə başqasını almışdı. Bu məktubda, o zaman aldığı məktubda olduğu kimi, Natalya Vasilyevna onunla həmişəlik vidalaşaraq, etiraf edirdi ki, başqasını sevir, lakin hamilə olduğunu gizlətmirdi. Əksinə, təsəlli üçün vəd edirdi ki, imkan tapıb, uşağı ona verəcəkdir, inandırırdı ki, onların bundan sonra başqa vəzifələri var, onların dostluğu indi həmişəlik möhkəmlənmişdir, bir sözlə, məntiq az idi, məqsəd isə həmin məqsəd idi; yəni onu öz məhəbbətindən azad etsin. Qadın hətta ona icazə verirdi ki, bir ildən sonra T.-ə gəlib, uşağa baxsın. Ancaq sonra, allah bilir, o nə üçünsə, fikrini dəyişib, bu məktub əvəzinə başqasını göndərmişdi.

Velçaninovun məktubu oxuyanda rəngi ağappaq ağarmışdı, ancaq o, qara ağacdan qayrılıb, üstü sədəflə işlənmiş mücrünü açaraq, bu məktubu tapan və onu ilk dəfə oxuyan Pavel Pavloviçi təsəvvürünə gətirdi.

«Yəqin o da meyit kimi ağarıbmış, – Velçaninov birdən sifətini aynada görüb fikirləşdi. – Yəqin oxuyub gözlərini yummuş və birdən gözlərini o ümidlə açmışdı ki, bəlkə məktub dönüb ağ kağız oldu… Yəqin ki, bu təcrübəni üç dəfə təkrar eləyib!..»

XVII
HƏMİŞƏLİK ƏR

Təsvir etdiyimiz sərgüzəştdən demək olar ki, düz iki il keçmişdi. Biz cənab Velçaninovla gözəl yay günlərindən birində, yenicə açılmış dəmir yollarımızdan birində vaqonda rastlaşdıq. O, bir dostu ilə görüşmək, eyni zamanda da başqa daha xoş bir işlə əlaqədar, Odessaya gedirdi; bu dostunun vasitəsilə, o çoxdan tanış olmaq istədiyi, olduqca gözəl bir qadınla görüşmək ümidində idi. Təfsilatına varmadan ancaq onu qeyd etməklə kifayətlənək ki, o, axırıncı iki ildə çox dəyişmişdi, yaxud daha dürüst desək, islah olmuşdu. Əvvəlki ipoxondriyadan demək olar ki, iz qalmamışdı. İki il qabaq. Peterburqda, çətin düzələn məhkəmə işi vaxtı onu bürüməyə başlayan müxtəlif «xatirə» və həyəcandan – bunlar xəstəliyin nəticəsi idi – onda yalnız keçmiş ruh düşkünlüyü üçün gizli xəcalət hissi qalmışdı. O arxayın idi ki, bu, bir daha olmayacaq və bu haqda heç bir zaman heç kəs bilməyəcəkdir. Doğrudur, o zaman o, cəmiyyəti tərk etmişdi, hətta pis geyinməyə, hamıdan qaçıb, gizlənməyə başlamışdı, bunu əlbəttə, hamı görürdü. Lakin o tezliklə özünü elə doğrultdu, yenidən elə dirçəldi və elə inamlı oldu ki, «hamı» dərhal ona cəmiyyətdən müvəqqəti uzaqlaşmasını bağışladı, hətta salam-kəlam kəsdiyi adamlar da ona birinci əl verdilər, özü də hər cür zəhlətökən sual-cavabsız, sanki bu müddət ərzində, onlara dəxli olmayan ev işlərinə görə uzaqlarda olmuş və yalnız indi qayıtmışdı. Bütün bu əlverişli və xoş dəyişikliyin səbəbi, əlbəttə, məhkəmədə işi udması olmuşdu. Velçaninova cəmi altmış min manat pul çatmışdı, – şübhəsiz bu, o qədər də böyük şey deyil, ancaq onun üçün çox əhəmiyyəti vardı; əvvəla,. o özünü yenə möhkəm zəmində hiss etdi, demək, mənəvi cəhətdən təmin olmuşdu; o indi yəqin bilirdi ki, bu axırıncı pullarını, əvvəlki var-dövləti kimi «səfeh-səfeh» israf edib, havaya sovurmayacaq və bu pul ona ölənə qədər kifayətdir. «Orada onların ictimai binası necə çatırdayırsa çatırdasın və nə çığırırlar çığırsınlar, – deyə o bəzən ətrafında, bütün Rusiyada baş verən əcaib və fövqəladə hadisələrə baxaraq və qulaq verərək fikirləşirdi, – orada adamlar və fikirlər necə dəyişirsə dəyişsin, mənim indi heç olmasa yaxşı və dadlı naharım həmişə olacaqdır, demək, mən hər şeyə hazıram». Məstlik dərəcəsinədək yüksələn bu incə fikir yavaş-yavaş onu tamam bürüyüb, onda nəinki mənəvi, hətta fiziki təbəddülat əmələ gətirmişdi; o indi iki il qabaq təsvir etdiyimiz, başına pis əhvalatlar gələn «tənbələ» qətiyyən oxşamırdı, tamam başqa adam olmuşdu, o, hər şeyə fərəhlə, aydın, təmkinlə baxırdı. Hətta gözlərinin dövrəsində və alnında əmələ gəlmiş qırışlar da, demək olar ki, yox olmuşdu. Sifətinin rəngi də dəyişmişdi – ağarmışdı, yanaqları qızarmışdı. Bu dəqiqə o, birinci dərəcəli vaqonda rahat oturmuşdu, başında yalnız xoş bir fikir dolaşırdı; növbəti stansiyada yol şaxələnirdi və sağa yeni yol gedirdi. «Əgər, bir dəqiqəliyə düz yolu qoyub, sağa burulsam, iki stansiyadan sonra, xaricdən yenicə qayıtmış və indi onun üçün xoş, lakin qadın üçün çox darıxdırıcı olan qəzada tək-tənha yaşayan bir xanıma baş çəkə bilərdi, deməli, vaxtı xoş keçirmək üçün Odessadan heç də maraqsız olmayan bir imkan da vardı, bir də, Odessa da heç yerə qaçmırdı…» Lakin o hələ tərəddüd edir, qəti qərara gələ bilmirdi; o «təkan gözləyirdi». Bununla belə stansiyaya yaxınlaşdı; təkan da ləngimədi.

Bu stansiyada qatar qırx dəqiqə dayanırdı, sərnişinlərə nahar təklif edirdilər. Birinci və ikinci dərəcəli vaqon sərnişinləri üçün olan salonun qapısı ağzında həmişəki kimi çoxlu səbirsiz və tələsən camaat toplaşmışdı, həmişə olduğu kimi, yenə qalmaqal düşdü. İkinci dərəcəli vaqondan çıxan çox qəşəng, lakin səfər üçün həddindən artıq təmtəraqlı geyinmiş bir xanım, bir ulanı, çox cavan və gözəl bir kiçik zabiti çəkə-çəkə arxasınca gətirirdi, ulan onun əlindən çıxmaq istəyirdi. Cavan zabit bərk sərxoşdu. Xanım isə, çox ehtimal ki, onun qohumu idi, zabiti ona görə uzağa buraxmaq istəmirdi ki, onun dərhal içki olan bufetə qaçacağından qorxurdu. Bu ara basabasda, ulanla bir cavan tacir toqquşdu, o da sərxoş idi, özü də çox biabırçı. Bu gənc tacir ikinci gün idi ki, stansiyada ilişib qalmışdı, müxtəlif adamlarla oturub, pullarını dağıdır və çatdırıb qatara minə bilmirdi. Mübahisə başladı, zabit çığırır, tacir isə söyürdü, xanım ulanı mübahisədən uzaqlaşdırmağa çalışaraq, yalvarıcı bir səslə ona deyirdi: «Mitenka! Mitenka!» Bu, gənc tacirə çox rüsvayçı göründü; doğrudur, hamı gülürdü, lakin gənc tacir daha çox mənən, – ona nədənsə belə göründü, – təhqir olunduğuna görə incidi.

– Bir buna bax: «Mitenka!..» – O, xanımı cır səslə yamsılayaraq, tənə ilə dedi. – Camaatdan utanmırlar!

O, səndələyə-səndələyə, birinci stulda oturmuş, ulanı da yanında əyləşdirmiş xanıma yaxınlaşdı, hər ikisinə nifrətlə baxdı və bərkdən, uzada-uzada dedi:

– Fahişə, sən fahişəsən!

Xanım çığırdı və yazıq-yazıq ətrafına baxdı, o, kömək gözləyirdi. Xanım həm xəcalət çəkir, həm də qorxurdu, üstəlik də zabit stuldan qalxdı, çığırıb, tacirin üstünə cumdu, lakin sürüşüb şappıltı ilə yenə stula sərildi. Ətrafda qəhqəhə getdikcə artırdı, ancaq heç kəs kömək etmək fikrində deyildi; Velçaninov köməyə gəldi; o birdən tacirin boynundan yapışıb, qorxmuş qadından beş addım uzağa itələdi. Bununla da savaş qurtardı; tacir həm təkandan və həm də Velçaninovun zəhmli görkəmindən özünü itirmişdi. Yoldaşları tez onu çəkib apardılar. Səliqə ilə geyinmiş ağanın boy-buxunu gülüşənlərə də təsir elədi: gülüşmə kəsildi. Xanım qızararaq, az qala ağlaya-ağlaya minnətdarlıq elədi. Ulan mızıldayırdı: «manatdaram, manatdaram!» O, əlini Velçaninova uzatmaq istəyirdi, ancaq birdən stulların üstünə sərildi və ayaqlarını da uzatdı.

– Mitenka! – Xanım əlini əlinə vurub, məzəmmətlə gileyləndi.

Velçaninov hadisədən də, şəraitdən də razı idi. Xanım onun diqqətini cəlb etmişdi, görünür o, varlı əyalət xanımlarından idi, təmtəraqlı olsa da, zövqsüz geyinmişdi, bəzi gülünc tərz-hərəkəti vardı, qadına məlum məqsədlə yaxınlaşan paytaxt ədabazının müvəffəqiyyət qazanması üçün onda bütün əlamətlər vardı. Söhbət başlandı; xanım hərarətlə öz ərindən danışır və şikayətlənirdi: «Birdən vaqondan çıxıb, yox oldu, bütün əhvalat da elə buna görə baş verdi, çünki o yerdəki, onun olması vacibdir, həmişə haraya isə yoxa çıxır…»

– Ehtiyacı vardı… – Ulan mızıldandı.

– Ah, Mitenka! – Xanım yenə əlini əlinə vurdu.

«Ərinin aşının suyunu verəcək!» – deyə Velçaninov fikirləşdi.

– Adı nədir? Mən gedib onu axtarım, – Velçaninov təklif etdi.

– Pal Palıç, – ulan cavab verdi.

– Sizin əriniz Pavel Pavloviçdir? – Velçaninov maraqla soruşdu və birdən onunla xanımın arasında tanış bir daz baş göründü. Bir anlığa Zaxlebininlərin bağı, məsum oyunlar və ara vermədən onunla Nadejda Fedoseyevnanın arasında peyda olan iyrənc daz baş onun təsəvvüründə canlandı.

– Axır ki, gəlib çıxdınız! – deyə arvadı dəli kimi çığırdı. Bu, Pavel Pavloviç özü idi; təəccüb və qorxu ilə Velçaninova baxırdı, bir kabus qarşısında durubmuş kimi, özünü itirmişdi. Elə qurumuşdu ki, görünür, təhqir edilmiş arvadının adamı əsəbiləşdirən bir tərzdə yeyin-yeyin nə dediyini bir müddət başa düşmədi. Nəhayət diksinib, necə dəhşətli vəziyyətə düşdüyünü, dərhal dərk elədi: həm öz günahını, həm Mitenkanın vəziyyətini, həm də bu «Müsyönün» – nə üçünsə xanım Velçaninovu belə çağırırdı; – «o bizim xilaskar mələyimiz və pənahımız olmuşdur, siz isə, burada olmaq lazım gələndə, həmişə çıxıb gedirsiniz…»

Velçaninov birdən qəhqəhə çəkib güldü. O, üzünü təəccüblənmiş qadına tutub:

– Axı biz onunla dostuq, uşaqlıq dostu! – dedi və sağ əl ilə, soyuq-soyuq gülümsəyən Pavel Pavloviçi yaxın adam kimi, havadar kimi qucaqladı.

– O sizə Velçaninov barədə danışmayıb?

– Xeyr, heç vaxt danışmayıb, – deyə arvad azca karıxdı.

– Hə, xain dost, məni arvadınıza təqdim edin!

– Lipoçka, bu doğrudan da cənab Velçaninovdur, bu… – Pavel Pavloviç sözə başladı, ancaq birdən utanaraq, sözünü kəsdi. Arvadı qızardı və yəqin «Lipoçka» sözündən ötrü gözlərini ona bərəltdi.

– Təsəvvür edirsinizmi, evləndiyini də xəbər verməyib, toyuna da çağırmayıb, siz isə Olimpiada…

– Semyonovna, – Pavel Pavloviç pıçıldadı.

– Semyonovna! – deyə yuxuya getmiş ulan səsləndi.

– Siz onu bağışlayın, Olimpiada Semyonovna, mənim xatirimə, dostların görüşməsi xatirinə… O, mehriban ərdir!

Velçaninov dostcasına əlini Pavel Pavloviçin çiyninə vurdu.

– Əzizim, mən ancaq bir dəqiqəliyə… geri qaldım… – deyə Pavel Pavloviç özünü doğrultmaq istədi.

– Arvadınızı rüsvay elədilər. – Lipoçka dərhal onun sözünü kəsdi, – nə vaxt lazımsınız, onda yoxsunuz, o zaman ki, lazım deyilsiniz, uzağa getmirsiniz…

– Lazım olmayan yerdə olur, lazım olmayan… lazım olmayan…

Ulan onun sözlərini təkrar elədi.

Həyəcanından Lipoçka boğulurdu; o özü də bilirdi ki, Velçaninonun yanında yaxşı iş görmür, ona görə də qızarmışdı, lakin özünü ələ ala bilmirdi.

O, ağzından qaçırdı:

– O yerdə ki, lazım deyil, orada siz çox ehtiyatlısınız, həddindən artıq ehtiyatlısınız!

Birdən Mitenka özündən çıxdı:

– Çarpayının altında… oynaş axtarır… çarpayının altında… lazım olmayan yerdə… lazım olmayan yerdə…

Mitenkaya daha heç bir şey eləmək olmazdı. Ümumiyyətlə, hər şey xoşluqla qurtardı; onlar yaxından tanış oldular. Pavel Pavloviçi qəhvə və bulyon gətirməyə göndərdilər. Olimpiada Semyonovna Velçaninova dedi ki, onlar indi ərinin xidmət etdiyi O.-dan iki aylığa onların kəndinə gedirlər, bu kənd uzaqda deyil, bu stansiyanın cəmi qırx verstliyindədir, onların orada gözəl evləri və bağları var, onlara qonaqlar gəlir, qonşuları da var, əgər Aleksey İvanoviç iltifat eləyib, «onların xəlvət guşələrinə təşrif gətirsə, onu xilaskar kimi qəbul edər, çünki əgər… o olmasaydı, nə baş verəcəyini dəhşətsiz təsəvvürünə gətirə bilmir… və sairə və sairə, – bir sözlə onu xilaskar kimi qəbul edər…»

– Xilaskar kimi, xilaskar kimi, – deyə ulan hərarətlə təkid edirdi.

Velçaninov nəzakətlə təşəkkür elədi və dedi ki, məmnuniyyətlə gələr, o tamam bekardır, işi yoxdur və Olimpiada Semyonovnanın dəvəti onun üçün çox xoşdur. Sonra şən bir söhbətə keçdi və müvəffəqiyyətlə iki və ya üç kompliment söylədi. Lipoçka məmnun qaldığı üçün qızardı və yenicə qayıdan Pavel Pavloviçə sevinclə bildirdi ki, Aleksey İvanoviç elə mehriban adamdır ki, onların kəndində bir ay qonaq qalmaq barədə təklifini qəbul etmişdir, özü də bir həftədən sonra gələcəyinə söz verir. Pavel Pavloviç özünü itirmiş halda gülümsədi və susdu. Olimpiada Semyonovna çiyinləri ilə ona toxundu və gözlərini yuxarı qaldırdı. Nəhayət, ayrıldılar: yenə minnətdarlıq, yenə «xilaskar mələk», yenə «Mitenka». Pavel Pavloviç, nəhayət, arvadını və ulanı vaqona apardı. Velçaninov siqar çəkə-çəkə vağzalın qabağında gəzişirdi; o bilirdi ki, Pavel Pavloviç indicə yenə qaçıb gələcək; zəngədək onunla danışacaqdır. Belə də oldu. Pavel Pavloviç gözlərində və sifətində həyəcanlı bir sual, onun qarşısında durdu. Velçaninov güldü: «dostcasına» onun dirsəyindən tutub, yaxındakı skamyaya tərəf çəkdi, əyləşdi, onu da yanında oturtdu. O susurdu: istəyirdi ki, birinci Pavel Pavloviç dillənsin.

– Demək bizə gəlirsiniz? – O, dili dolaşa-dolaşa birbaşa mətləbə keçdi.

– Mən bunu bilirdim! Zərrə qədər dəyişməmisən! – Velçaninov qəhqəhə çəkib güldü, – doğrudanmı siz, – o yenə əlini onun çiyninə vurdu, – doğrudanmı, siz heç olmasa bir dəqiqəliyə ciddi düşünə bilərdiniz ki, mən doğrudan da, özü də bir aylığa sizə qonaq gələ bilərəm – xa-xa!

Pavel Pavloviç tamam dirçəldi:

– Demək gəlməyəcəksiniz! – O, aşkar sevinirdi.

– Gəlməyəcəyəm, gəlməyəcəyəm! – Velçaninov özündən razı halda güldü. Ümumiyyətlə, o özü də başa düşmürdü ki, niyə belə gülür, ancaq getdikcə daha bərk gülürdü.

– Doğrudanmı… Doğrudanmı, siz bunu doğru deyirsiniz? – Pavel Pavloviç həyəcan, intizar içərisində hətta yerindən sıçradı.

– Dedim ki, gəlməyəcəyəm, qəribə adamsınız!

– Mən indi nə eləyim… əgər belə olsa, siz bir həftədən sonra gəlməsəniz, mən Olimpiada Semyonovnaya nə deyəcəyəm, o gözləyəcək axı?

– Hə çətin şeymiş! Deyərsiniz ki, ayağım sınıb, ya da buna oxşar bir şey deyərsiniz.

– İnanmayacaq, – Pavel Pavloviç məyusluqla səsini uzatdı.

– Sizin dərsinizi verəcək? – Velçaninov hələ gülürdü, – mənim zavallı dostum, görürəm ki, siz gözəl arvadınızın qarşısında əsirsiniz, hə?

Pavel Pavloviç gülümsəmək istədi, ancaq bacarmadı. Velçaninovun gəlməkdən boyun qaçırması, əlbəttə, yaxşı idi, ancaq arvadı barədə belə açıq-açıq danışması pis idi. Söz Pavel Pavloviçə toxunmuşdu. Velçaninov bunu sezdi. Bu zaman ikinci zəng çalındı; uzaqda, vaqon tərəfdən həyəcanla Pavel Pavloviçi çağıran cır bir səs eşidildi. O, əl-ayağa düşdü, ancaq getmədi, görünür, Velçaninovdan daha nə isə gözləyirdi, əlbəttə, onlara gəlməyəcəyinə bir də söz verməsini gözləyirdi.

Velçaninov Pavel Pavloviçin həyəcanını sezmirmiş kimi soruşdu:

– Sizin arvadınızın keçmiş familiyası nədir?

Pavel Pavloviç təşviş içərisində vaqonlara baxır və qulaq verirdi.

– Bizim keşişin qızıdır, – deyə cavab verdi.

– Hə, başa düşürəm, gözəlliyinə görə almısan.

Söz yenə Pavel Pavloviçə toxundu.

– Bəs bu Mitenka kimdir?

– Hə, o elə-belə uzaq qohumlarımızdandır, yəni mənim qohumumdur, mərhum əmim qızının oğludur, Qolubçikov, intizamsızlıq üstündə rütbəsini kiçiltmişdilər, indi yenə rütbə veriblər. Biz onu təmin eləyirdik… Bədbəxt adamdır…

«Belə, hər şey qaydasındadır, hər şey öz yerindədir!» – deyə Velçaninov fikirləşdi.

– Pavel Pavloviç! – Yenə onu vaqondan çağırdılar, ancaq bu dəfə əsəbi çağırırdılar.

– Pal Palıç! – Başqa xırıltılı bir səs də gəldi. Pavel Pavloviç yenə vurnuxdu və əl-ayağa düşdü, ancaq Velçaninov onun dirsəyindən möhkəm tutub saxladı.

– İstəyirsiniz, mən bu saat gedib, arvadınıza danışım ki, məni necə öldürmək istəyirdiniz, hə?


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации