Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 15

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 15 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +
VII

Mən kitabxanaya girdim (bu dəqiqə, mənim heç vaxt yadımdan çıxmayacaqdır) və Valter Skottun «Sen-Ronan suyu» romanını götürdüm. Mən Valter Skottun bircə bu kitabını oxumamışdım. Yadımdadır, nə isə acı və əsassız bir qüssə qəlbimi didib parçalayırdı, ağlamaq istəyirdim. Qürub edən günəşin çəpəki şüaları hündür pəncərələrdən içəri dolaraq, parıldayan parketin üstünə düşürdü. Buna görə də otaq çox işıqlı idi, sakitlikdi; ətrafdakı otaqlarda da heç kim yox idi. Pyotr Aleksandroviç evdə deyildi. Aleksandra Mixaylovna isə xəstə olduğundan yatırdı. Mən həqiqətən ağlayırdım, kitabın ikinci hissəsini açıb səhifələri mənasızcasına vərəqləyərək oxuduğum qırıq-qırıq cümlələrdə, gözümün qabağından gəlib-keçən sözlərdə bir məna tapmağa çalışırdım. Sanki başqaları kimi mən də kitabın səhifələrində fal açırdım. Bəzən elə dəqiqələr olur ki, insanın bütün zehni və ruhi qüvvəsi xəstəlik dərəcəsinə qədər gərginləşir, sanki şüur gur bir işıqla parlayır, bu dəqiqələrdə insanın sarsılmış ağlına nə isə peyğəmbəranə bir fikir gəlir. Sanki insanın qəlbi gələcəkdə baş verəcək bir hadisəni əvvəlcədən duyub sızlayır. Belə anlarda insanda həyat eşqi artır, adam bütün varlığı ilə həyata can atır, ən qızğın, ən ağlagəlməz ümidlə yaşayır, gələcəyə – onun sirlərinə, gizli, boranlı, tufanlı cəhətlərinə baxmayaraq gələcəyə can atır. Mən də belə hal keçirirdim.

Yadımdadır, kitabı örtdüm ki, sonra təsadüfi səhifəni açıb falıma baxım bəxtimə çıxan səhifəni oxuyum. Lakin kitabı açanda mən bir vərəq üstü yazılı poçt kağızı gördüm, kağız dördqat bükülmüşdü. Elə yastılanıb qat kəsmişdi ki, sanki neçə ildən bəri idi kitabın arasında qalıb unudulmuşdu. Mən tapdığım kağızı böyük maraqla gözdən keçirməyə başladım. Bu, məktub idi, ünvanı yazılmamışdı, özü də iki baş hərfləri – S. O. hərflərilə imzalanmışdı. Diqqətim ikiqat artdı; az qala bir-birinə yapışmış kağız qatlarını açdım. Məktub kitabın arasında uzun müddət qaldığı üçün səhifələrdə ağ iz buraxmışdı. Məktubun qat kəsmiş yerləri pozulmuşdu. Görünür, vaxtilə bu məktubu dönə-dönə oxumuşdular, onu qiymətli bir şey kimi qoruyurmuşlar. Məktub çoxdan yazıldığından mürəkkəbin rəngi də bozarmışdı. Məktubdakı sözlərdən bir neçəsi təsadüfən gözümə dəydi. Ürəyim intizarla döyündü. Mən karıxmış halda məktubu əlimdə o tərəf-bu tərəfə çevirib, sanki onu oxumaq üçün vaxtı qəsdən uzadırdım. Təsadüfən onu işığa tutdum; elədir ki, var! Sətirlərin üzərində qurumuş göz yaşlarının izi vardı; kağızda ləkələr qalmışdı; bəzi yerlərdə isə göz yaşı hərfləri silib pozmuşdu. Görəsən, bu, kimin gözlərinin yaşıdır? Nəhayət, mən intizar içində donub qalaraq birinci səhifənin yarısını oxudum. Köksümdən heyrətli bir qışqırıq qopdu. Mən kitabı yerinə qoyub şkafı bağladım və məktubu örtüyümün altında gizlədib, öz otağıma yüyürdüm. Qapını bağlayıb, məktubu yenidən oxumağa başladım. Lakin ürəyim elə döyünürdü ki, sözlər və hərflər gözümdən qaçırdı. Uzun müddət heç bir şey başa düşə bilmədim. Məktubda yeni bir kəşf, daha doğrusu, bir sirrin başlanğıcı açılırdı; bu məsələ məni ildırım kimi vurdu, çünki məktubun kimə yazıldığını başa düşdüm. Demək olar ki, məktubu oxumaqla cinayət işlətdiyimi yaxşı başa düşürdüm; lakin o anda keçirdiyim hisslər şüurumdan daha güçlü idi! Məktub Aleksandra Mixaylovnaya yazılmışdı.

Məktub budur; indi onu görəcəksiniz. Ö vaxt məktubun məzmununu o qədər aydın başa düşməsəm də, sirrin açılması məsələsi haqdakı ağır düşüncələrim xeyli vaxt yadımdan çıxmadı. Sanki bu dəqiqədən etibarən həyatımda kəskin bir dönüş yarandı. Qəlbən sarsılmış və uzun müddət rahatlığımı itirmişdim. Demək olar ki, bu hiss qəlbimdə əbədi yaşayırdı. Çünki məktubdan çox şeylər aydın olmuşdu. Mən öz gələcəyim üçün düzgün yol açmışdım.

Bu məktub son, dəhşətli, ayrılıq məktubu idi; məktubu oxuyandan sonra-ürəyim elə ağrıyıb sızıldadı ki, sanki mən özüm nə isə itirmişdim. Sanki bütün arzu və xəyallarımı əbədi olaraq əlimdən almışdılar. Sanki artıq lazımsız görünən həyatımdan başqa heç bir şeyim qalmamışdı. Görəsən, bu məktubu yazan kimdi? Görəsən, sonra onun həyatı neçə keçmişdi? Məktubda o qədər eyham, o qədər əsas var idi ki, səhv etmək mümkün deyildi, eyni zamanda müəmmalı sözlər də vardı, müxtəlif fərziyyələr arasında çaşıb qalmamaq da olmurdu. Lakin mən, demək olar ki, səhv etmədim; bundan başqa məktubun yazı üslubu da mənə çox şey deyirdi, onların arasındakı münasibətin necə olduğunu və bu münasibət nəticəsində iki qəlbin necə nakam qaldığını mənim üçün aydınlaşdırdı. Məktubu yazan adamın bütün fikir və hissləri çılpaqcasına aydın idi. Bunlar son dərəcə fərqlənirdilər, dediyim kimi, mənə çox şey deyirdilər, həmin məktub budur, onu başdan-ayağa, olduğu kimi yazıram:

«Dedin ki, sən məni unutmayacaqsan, inanıram, buna görə, bu gündən etibarən mənim bütün həyatım bu sözlə bağlıdır. Biz ayrılmalıyıq, vaxt çatmışdır! Mən bunu çoxdan bilirdim, mənim sakit, mənim qəmgin gözəlim, ancaq həqiqi mənasını indi başa düşdüm. Bizə aid olan vaxtlarda, bütün o müddət ərzində, sənin məni sevdiyin vaxtlarda, qəlbim ağrıyıb məhəbbətimiz üçün sızlayırdı, inanırsanmı? İndi xeyli yüngülləşmişəm! Axırımızın belə olacağını çoxdan bilirdim, bu hökm bizdən də qabaq verilmişdir! Bu taledir! Mənə qulaq as, Aleksandra, biz bir-birimizə tay deyildik; mən bunu həmişə, həmişə hiss edirdim! Mən sənə layiq deyildim, buna görə də təkcə özüm, yalnız özüm keçirdiyim səadətin cəzasını çəkməli idim! De görüm: sən məni tanıyana qədər sənin müqabilində mən nə idim? İlahi! Artıq iki il keçmişdir, indiyə qədər özümə gələ bilməmişəm, sanki yaddaşımı əlimdən alıblar, nə üçün məni sevdiyini indi də başa düşə bilmirəm! Başa düşə bilmirəm, bizim münasibətimiz necə oldu ki, bu yerə gəlib çıxdı, nədən başladı. Yadındadırmı, sənin müqabilində mən nə idim? Mən sənə layiqdimmi, hansı cəhətim sənin xoşuna gəldi, məndə nə kimi bir xüsusiyyət var idi. Səninlə görüşənə qədər çox kobud və əhəmiyyətsiz adam idim, görkəmim də çox cansıxıcı və qaşqabaqlı idi. Könlümdən başqa həyat keçmirdi, heç bu barədə fikirləşmirdim də, o həyatı axtarmırdım, heç axtarmaq belə istəmirdim. Nə isə, bütün varlığım sanki ağır yük altında idi, dünyada mənim üçün adi, gündəlik işimdən başqa mühüm və vacib bir şey yox idi. Bir qayğım var idisə, o da sabahkı gün idi; ona da laqeyd idim. Qabaqlar, çox keçmiş zamanlarda, yuxuda bəzi şeylər görərdim, axmaq adamlar kimi arzularla yaşayırdım. Lakin o vaxtdan çox keçmişdir, mən tənha, sərt, sakit həyat keçirməyə başlamışdım. Hətta ürəyimi buz kimi edən soyuğu da hiss etmirdim. Sanki ürəyim yuxuya getmişdi, mən bilirdim və elə qərara gəlmişdim ki, mənim üçün başqa bir günəş doğmayacaq, buna inanırdım, ona görə də heç bir şeydən şikayətlənmirdim, bilirdim ki, belə də olmalıdır. Axı sən mənim yanımdan ötəndə mən başa düşmürdüm ki, sənə baxmağa cürət edə bilərəm. Mən sənin qarşında bir qul kimi idim. Sənin yanında olanda qəlbim titrəmirdi, sızlamırdı, sənin barəndə mənə heç bir şey pıçıldamırdı; o çox sakit idi. Ruhumun da ruhundan xəbəri yox idi, doğrudur, o sənin gözəl ruhundan işıq alsa da, ondan xəbəri yox idi. Bunu mən bilirəm; qəlbimin dərinliklərindən olsa da hiss etmişdim. Bunu mən başa düşə bilərdim, çünki allahın nuru ən kiçik otu belə işıqlandırır, yanındakı gözəl çiçək kimi onu da qızındırıb əzizləyir. Mən məsələdən xəbərdar olandan sonra – yadındadırmı, həmin o axşamdan, ruhumu sarsıdıb təlatümə gətirən o sözlərdən sonra, – mən kor kimi olmuşdum, ağlımı itirmişdim, daxilimdə hər şey alt-üst olmuşdu, bilirsənmi? Mən elə bir heyrət içində idim ki, nə özümə, inanırdım, nə də səni başa düşürdüm! Mən bu barədə sənə heç vaxt bir kəlmə də olsun deməmişəm. Sən heç bir şey bilmirdin; mən əvvəllər sən gördüyün kimi deyildim, əgər mən deyə bilsəydim, buna cürətim çatsaydı, çoxdan hər şeyi etiraf edərdim. Ancaq mən susurdum, indi isə hər şeyi danışacağam, ona görə danışacağam ki, kimdən əl çəkdiyini, necə bir adamdan ayrıldığını biləsən! Səni əvvəllər necə başa düşdüyümü bilirsənmi? Ehtiras alov kimi bütün varlığımı bürüdü, zəhər kimi damarlarıma yayıldı: o mənim bütün fikirlərimi, hisslərimi bir-birinə qarışdırdı, mən sərxoş kimi olmuşdum, qəribə bir duman içində olduğum üçün sənin pak, rəhmdil məhəbbətinə bərabərhüquqlu adamlar kimi deyil, sənin pak məhəbbətinə layiq olan bir adam kimi deyil, şüursuz və ürəksiz bir adam kimi cavab verirdim. Mən səni başa düşməmişdim. Mən sənin məhəbbətinə, özünü unudaraq mənim səviyyəmə enmiş bir qadının məhəbbəti kimi baxırdım, amma sən əksinə, məni öz yüksəkliyinə qaldırmaq istəyirdin. Bilirsənmi nədən şübhələnirdim, «mənim səviyyəmə enmiş» nə demək olduğunu bilirsənmi? Yox, öz etirafımla səni təhqir edirəm; sənə ancaq bir söz deyim: məni sevməkdə böyük səhv etmisən. Səni başa düşəndən sonra mən sənə ancaq hədsiz məhəbbətlə əlçatmaz məsafədən, uzaqdan-uzağa tamaşa edə bilərdim. Ancaq bununla da öz günahlarımı yuya bilməzdim. Sən mənim ehtirasımı nə qədər nəcibləşdirsən də, bu məhəbbət deyildi, mən məhəbbətdən qorxurdum; mən səni sevməyə cürət etmirdim. Məhəbbət qarşılıqlı, bərabər olmalıdır. Mən isə bunlara layiq deyildim… Heç özüm də bilmirəm ki, mənə nə olmuşdu! Ah! Bunları sənə necə danışım, necə deyim ki, məni başa düşəsən!.. İlk vaxtlar mən inanmırdım… Ah! Yadındamı, ilk həyəcanım ötəndə, baxışlarım aydınlaşanda, yalnız pak, təmiz bir hiss qalandan sonra, – ilk növbədə mən ancaq təəccübləndim, pərt oldum, qorxdum. Yadındamı, mən birdən-birə hönkürə-hönkürə ayaqlarına yıxıldım? Yadındamı, sən utanıb qorxmuş halda göz yaşı tökərək soruşurdun: sənə nə olub? Mən susurdum, cavab verə bilmirdim, lakin qəlbim parça-parça olurdu; səadətim ağır bir yük kimi başımdan basırdı. Göz yaşlarım isə mənə deyirdi: «Axı bu səadət nə üçün mənə verilib? Mən buna nə üçün layiq olmuşam? Axı bu səadəti nəyin bahasına qazanmışam? Bacım, mənim bacım! Ah! Dəfələrlə– sənin bundan xəbərin yoxdur, – dönə-dönə xəlvəti sənin paltarını öpmüşəm, sənə layiq olmadığımı bildiyim üçün bunu xəlvəti edirdim. Bu anlarda nəfəsim tutulurdu, ürəyim aram-aram, lakin zərblə vururdu. Sanki həmişəlik susmaq istəyirdi. Sənin əlindən tutduqda ağappaq ağarırdım, bütün bədənim əsirdi; sən öz pak qəlbinlə məni xəcil edirdin. Ah, ürəyimdəkilərin hamısını sənə açıb danışa bilmirəm, çox şeylər danışmaq istəyirəm. Bilirsənmi, sənin rəhmliliyin, həmişəki nəvazişin mənə çox əziyyət verir, çox ağır gəlirdi. Sən məni öpəndə (bu cəmi bir dəfə oldu, onu heç vaxt unutmayacağam) gözlərim dumanlandı, bütün varlığım sızıldadı. Axı mən nə üçün elə o dəqiqə sənin ayaqlarının altında ölmədim? Sən bunu çoxdan tapşırmağına baxmayaraq, mən ilk dəfədir ki, sən deyə müraciət edirəm. Nə demək istədiyimi başa düşəcəksənmi? Hər şeyi açıb demək istəyirəm, bunu da deyəcəyəm; bəli, məni çox sevirdin, sən, bacı qardaşı sevən kimi sevirdin; sən məni özün yaratdığın bir məxluq kimi sevirdin, çünki mənim qəlbimi diriltmiş, təfəkkürümü oyatmışdın. Köksümü şirin bir arzu ilə doldurmuşdun; mən isə bacarmıram, cürətim çatmırdı, mən hələ indiyə qədər səni öz bacım hesab etməmişəm, ona görə ki, sənə qardaş ola bilməzdim, çünki biz bir-birimizə tay deyildik, ona görə ki, sən mənim haqqımda yanılmışdın!

Görürsənmi, bu ağır bədbəxtlik dəqiqələrində sənə hər şeyi açıq yazıram, mən yalnız özümü düşünürəm, baxmayaraq ki, sən mənim dərdimi çəkirsən. Ah, mənim üçün əzab çəkmə, əziz dostum! Sən bilirsənmi indi mən öz nəzərimdə nə qədər alçalmışam! Bu məsələnin üstü açılanda necə səs-küy qalxdı? Mənim üstümdə səndən üz döndərəcəklər, sənə nifrət edəcəklər, tənə vuracaqlar, çünki onların nəzərində mən çox alçaq bir şeyəm! Ah, sənə layiq ola bilmədiyim üçün nə qədər təqsirkaram! Əgər mən onların gözündə mühüm, xüsusi qiymətə malik bir adam olsaydım, onların nəzərində hörmətə layiq bir şəxsiyyət olsaydım, onlar səni bağışlayardılar! Lakin mən rəziləm, miskinəm, gülüncəm. Gülünclükdən isə aşağı heç bir şey ola bilməz. Axı qışqıran kimdir? Məhz onlar qışqırmağa başladıqları üçün mən qorxub ümidsizləşdim, onsuz da mən həmişə zəif adam olmuşam. İndi mənim nə vəziyyətdə olduğumu bilirsənmi? Özüm-özümə gülürəm, mənə elə gəlir ki, onlar haqlıdırlar, çünki mən özüm öz nəzərimdə belə gülünc və nifrətəlayiq bir adamam. Mən bunu hiss edirəm; mənim hətta öz sifətimdən, qiyafəmdən belə zəhləm gedir, bütün adətlərimə, qeyri-nəcib hərəkətlərimə nifrət edirəm, mən bunlara həmişə nifrət etmişəm. Ah, mənim bu kobud ah-vayımı bağışla! Hər şeyi açıb danışmağı sən özün mənə öyrətmisən. Mən səni məhv etdim, onun üçün də nifrət və gülüşə səbəb oldum, çünki sənə layiq deyildim.

Bax mənə əziyyət verən də elə bu fikirdir, o mənim beynimi deşir, aramsız olaraq didib dağıdır və qəlbimi yaralayır. Mənə elə gəlir ki, sən mənim simamda görmək istədiyin adamı sevməmisən, sən yanılmısan; məni incidən, mənə əziyyət verən bax, budur. Bu fikir ya məni gora aparacaq, ya da ki, dəli edəcəkdir!

Əlvida, əlvida! İndi, məsələnin üstü açılandan sonra, onlar səs-küy qaldırıb söz-söhbəti (mən bu söhbətləri eşitmişəm!) yayandan sonra, mən alçalıb özüm öz gözümdən düşdüyüm bir zamanda, özüm üçün, hətta sənin etdiyin səhv üçün xəcalət çəkdiyim bir zamanda, özümə lənətlər yağdıraraq aradan çıxıb yox olmalıyam ki, bəlkə sən rahatlıq tapa biləsən. Bunu məndən tələb edirlər, bunun üçün də sən məni bir daha heç vaxt görməyəcəksən! Bu lazımdır, taleyimiz belə gətirib! Tale mənə çox şey bəxş etmişdi; o, səhv etmişdi; indi səhvini düzəldib hər şeyi əlimdən alır. Biz görüşdük, bir-birimizi tanıdıq – indi də gələcək görüşə qədər ayrılırıq! Bu görüş harada, nə vaxt olacaq! Ah, mənim əzizim, de görüm biz harda görüşəcəyik, səni harda axtarıb tapım, səni necə tanıyım, o vaxt sən məni tanıyacaqsanmı? Sən bütün qəlbimə hakimsən. Axı bu işlər nə üçün bizim başımıza gəldi? Axı biz nə üçün ayrılırıq? Mənim başıma bir ağıl qoy – axı mən başa düşə bilmirəm, mən bunu heç cür anlaya bilmirəm – öyrət görüm həyatı necə parçalayıb iki yerə bölmək olar? Ah, səni bir daha görməyəcəyim, bir də heç vaxt görməyəcəyim haqda necə düşünə bilərəm!..

Pərvərdigara, onlar necə səs-küy qaldırmışdılar! Bilsən sənin taleyindən necə nigaranam! Mən indicə sənin ərinə rast gəldim; bizim heç birimiz, günahımız olmasa da ona layiq deyilik. O hər şeyi bilir; o bizi başa düşür; əvvəllər də hər şey ona gün kimi aydın imiş, o hər şeyi anlayır. O səni qəhrəmancasına müdafiə etdi; o səni xilas edəcək; o səni bütün söz-söhbətdən və səs-küydən müdafiə edəcəkdir; o səni sonsuz dərəcədə sevir və sənə hörmət edir; mən səni darda qoyub qaçdığım halda o səni xilas etməyə çalışır!.. Mən onu görən kimi üstünə atılıb əlini öpmək istədim!.. O mənə dedi ki, bilatəxir çıxıb gedim. Qərar qətidir! Deyirlər ki, o sənin üstündə onların hamısı ilə savaşmışdır; onların hamısı sənin əksinədir! Onu qeyrətsizlikdə və zəiflikdə təqsirləndirirlər. Pərvərdigara! Onlar sənin haqqında nələr demirlər! Onlar heç bir şey bilmirlər. Axı məsələnin əsl mahiyyətini başa düşməyə onların iqtidarı yoxdur. Onlar bunu bacarmazlar! Mənim zavallım, mən onların günahından keçdiyim kimi, sən də onları bağışla; onlar sənə elədiklərindən daha çox mənə eləyiblər.

Ağlım heç başımda deyil, sənə nə yazdığımı da bilmirəm. Dünən ayrılarkən sənə nə deyirdim? Axı mən hər şeyi unutmuşam. Mən heç özümdə deyildim, sən ağlayırdın… Bu göz yaşlarına səbəb olduğum üçün məni bağışla. Mən nə qədər zəif, nə qədər cürətsizəm!

Sənə nə isə yenə demək istəyirəm… Ah! Kaş bircə dəfə sənin əllərini göz yaşlarımla islada bilsəydim – bax bu yazdığım məktubu islatdığım kimi! Kaş bir dəfə də sənin ayaqlarına yıxıla biləydim! Sənin hisslərinin nə qədər yüksək olduğunu kaş onlar da biləydilər! Lakin onlar kordurlar; onlar daş qəlbli və təkəbbürlüdürlər, onlar heç bir şeyi görmürlər və ömürlərinin axırına kimi də görməyəcəklər. Çünki görmək qabiliyyətləri yoxdur! Onlar məhkəmə qarşısında, bütün dünya and içsə belə, sənin günahsız olduğuna inanmayacaqlar. Onlar belə şeyləri başa düşməyə qabildirlərmi? Onlar sənə necə əl qaldıra biləcəklər? Görəsən qalxan ilk əl kimin olacaqdır? Yox, onlar heç çəkinməyəcəklər. O əllər səni daş-qalaq edəcəkdir! Bunu hökmən edəcəklər, çünki belə şeyləri necə etmək lazım gəldiyini yaxşı bilirlər. Daşı hamısı birdən qaldırıb deyəcəklər ki, özləri günahsızdır və səni öldürməklə günaha batacaqlar! Ah, onlar nə etdiklərini bilsəydilər! Heç bir şey gizlətmədən hər şeyi açıb onlara danışmaq mümkün olaydı, – görəydilər, eşidəydilər, başa düşüb inanaydılar! Yox, yox, onlar mən deyən qədər də əzazil deyillər. Mən bu saat başımı itirmişəm, bəlkə də onlara böhtan atıram! Bəlkə də özüm qorxduğum üçün sənin də canına qorxu salıram! Qorxma, əzizim, onlardan qorxma! Səni başa düşərlər; axı səni artıq bir adam başa düşmüşdür; ümidini üzmə – o sənin ərindir!

Əlvida, əlvida! Sənə təşəkkür etmirəm! Əbədi əlvida!

S. O.»

Özümü elə itirmişdim ki, mənə nə olduğunu uzun müddət başa düşə bilmədim. Mən sarsılmış və qorxmuşdum. Gözlənilmədən açılan bu həqiqət üç ildən bəri arzularla keçirdiyim yüngül həyatı birdən-birə sarsıtmışdı. Mən qorxu içində hiss edirdim ki, əlimə böyük bir sirr keçmişdir və bu sirr mənim bütün varlığıma hakim kəsilmişdir. Necə? Mən hələ özüm də dərk edə bilmirdim. Ancaq hiss edirdim ki, məhz-bu dəqiqədən etibarən mənim üçün yeni bir gələcək başlanır. İndi mən özümdən asılı olmadan, mənim üçün bütün dünyanı təşkil edən bu insanlar arasındakı münasibətin olduqca yaxın bir iştirakçısına çevrilmişdim. Buna görə də özümdən qorxurdum. Axı mən bu həyata necə daxil ola bilərdim, axı mən çağırılmamışdım, yad idim! Mən onlara nə kimi yenilik gətirəcəkdim? Məni özgələrinin sirrinə bağlayan, bu zəncir necə açılacaqdı? Nədən bilim? Kim bilir, bəlkə də mənim bu yeni vəziyyətim həm mənim üçün, həm də onlar üçün əziyyətli olacaq? Axı mən susa bilməzdim, bu rolu qəbul etməyə bilməzdim. Bildiyimi birdəfəlik ürəyimdə gizlədə bilməzdim. Bəs mənim başıma nələr gələcək? Mən nə edəcəyəm? Axı bir də ki, mənim öyrəndiyim nə idi? Bunlardan da qarışıq, qeyri-müəyyən minlərlə sual qarşımda durur və qəlbimi dözülməz dərəcədə sıxırdı. Mən əli hər yerdən üzülmüş bir adama bənzəyirdim.

Yadımdadır, sonra yeni, qəribə, o vaxta qədər keçirmədiyim təəssüratlarla dolu yeni dəqiqələr başlandı. Hiss edirdim ki, sanki nə isə qəlbimdə öz həllini tapmışdır, əvvəlki qüssəm birdən-birə yox olmuş və qəlbimi nə isə yeni bir şey doldurmağa başlamışdı. Bu elə bir şey idi ki, onun nə olduğunu hələ aydın dərk edə bilmirdim, – bilmirdim ki, bunun üçün kədərlənim, ya sevinim? Mənim keçirtdiyim bu dəqiqə son zamanlara qədər rahat, qayğısız yaşadığı bir evi əbədi tərk etməyə hazırlaşan adamın vəziyyətinə bənzəyirdi. Bu cür adam uzun və naməlum bir yola çıxmazdan əvvəl, son dəfə ətrafına göz gəzdirərək, xəyalən öz keçmişi ilə vidalaşır. Eyni zamanda onun qəlbi qarşıdakı naməlum gələcəkdən doğan bir qüssə ilə sıxılır. Kim bilir, bəlkə də bu gələcək çox sərt və qorxulu olacaqdır. Nəhayət, qəlbimdən kəsik-kəsik hıçqırtılar qopdu, qəlbimdəki ağrılar göz yaşlarına dönüb axdı. Mən bir adamı görməli, eşitməli idim, onu bərk-bərk qucaqlamalı idim. Mən artıq tək qala bilmirdim, tək qalmaq da istəmirdim; buna görə də Aleksandra Mixaylovnanın yanına yüyürüb bütün axşamı onunla keçirtdim. Biz tək idik, ondan xahiş etdim ki, çalmasın. O, nə qədər yalvardısa da, oxumadım. Nədənsə birdən-birə hər şey mənə ağır gəldi. Heç bir şeyə qərarım gəlmirdi. Hətta, deyəsən, onunla ağladıq da, yadımdadır, onu lap qorxutmuşdum. O məni dilə tutub sakit etməyə çalışırdı, deyirdi ki, "narahat olmayım. Ö, qorxu içində mənə diqqət verib deyirdi ki, özümə baxmıram, xəstələnmişəm. Axır ki, tamamilə üzülmüş və heysiz halda ondan ayrılıb getdim. Elə bil sayıqlayırdım, qızdırma içində yatağa uzandım.

Bir neçə gün keçdi, axır ki, mən özümə gəlib vəziyyətimi daha aydın dərk etməyə başladım. Bu vaxt bizim ikimiz də, mən və Aleksandra Mixaylovna tamamilə tək yaşayırdıq. Pyotr Aleksandroviç Peterburqda deyildi. O, nə üçün isə Moskvaya getmiş və orada üç həftə qalmalı olmuşdu. Ayrılığın çox qısa olmasına baxmayaraq, Aleksandra Mixaylovna bərk qüssə çəkirdi. Bəzən o, nisbətən sakit görünürdü, lakin otağa girib qapını bağlayırdı. Görünür, mən onu darıxdırırdım, bir də ki, elə mən özüm də təklik axtarırdım. Başım nə isə xəstə bir gərginliklə işləyirdi; elə bil duman içində idi. Bəzən saatlarla əzabverici fikirlərə dalırdım; mənə elə gəlirdi ki, sanki kim isə mənə gülür, kim isə beynimə girib fikirlərimi bir-bir dağıdıb zəhərləyir. Mən qara xəyallardan yaxa qurtara bilmirdim, məni qara basırdı, gözlərimin qabağına min cür şey gəlir və mənə rahatlıq vermirdi. Gözlərimin qarşısında uzun, çıxılmaz əziyyətlər, işgəncələr, mütilik, lakin mənasız verilmiş qurbanlar canlanırdı. Mənə elə gəlirdi ki, xatirinə qurban verilmiş adam bu qurbana nifrət edir, ona gülür. Mənə elə gəlirdi ki, mömin bir insanın günahından keçən canini görürəm. Buna görə də ürəyim parça-parça olurdu! Eyni zamanda mən bu şübhələri özümdən uzaqlaşdırmağa çalışırdım; o adama lənətlər yağdırırdım, öz-özümdən zəhləm gedirdi ki, fikirlərim qəti deyil, yalnız fərziyyədir, öz təəssüratımı öz gözümdə doğrulda bilmirdim.

Sonra xəyalımda məktubun son cümlələrini, o qorxunc ayrılıq məktubunun son fəryadını canlandırırdım. O adamı – özünü məhəbbətə layiq bilməyən adamı təsəvvürümə gətirməyə çalışırdım; mən bu «tay deyiləm» sözünün acı mənasını başa düşməyə çalışırdım. Bu ah-vaylı əlvida. «Mən gülüncəm, məni intixab etməyindən özüm xəcalət çəkirəm». Görəsən, bu nə deməkdir? Bunlar necə adamlar idi? Onlar nəyin qüssəsini eyləyirlər, nəyin əzabını çəkirlər, nə itirmişlər? Mən özümü ələ alaraq, mənim üçün mənası bu qədər qəribə, bu qədər anlaşılmaz olan, insan qəlbini ümidsizliyə uğradaraq, parça-parça edən bu məktubu böyük həyəcan içində dönə-dönə oxuyurdum. Amma məktub əllərimdən düşürdü, iztirablı bir həyəcan ürəyimi getdikcə daha böyük qüvvətlə bürüyürdü… Nəhayət, bu işə bir əncam çəkilməli idi, mən isə çıxış yolu görmürdüm və ya ondan qorxurdum!

Bu gün Moskvadan qayıdan Pyotr Aleksandroviçin faytonunun səsi həyətdə eşidiləndə mən, demək olar ki, tamam xəstə idim. Aleksandra Mixaylovna sevincindən çığırıb ərini qarşılamaq üçün irəli atıldı, mən isə mıxlanmış kimi yerimdə donub qaldım. Yadımdadır, bu gözlənilməz həyəcanım məni dəhşətə salmışdı. Mən davam gətirə bilməyib, öz otağıma çəkildim. Başa düşmürdüm ki, nə üçün birdən belə vahiməyə düşdüm, amma bu vahiməyə görə qorxurdum. On beş dəqiqədən sonra məni çağırıb knyazın məktubunu verdilər. Qonaq otağında mən Pyotr Aleksandroviçlə birlikdə Moskvadan gəlmiş naməlum bir adamla qarşılaşdım. Eşitdiyim bir neçə sözdən bildim ki, o bizim evdə hələ çox qalacaq. O, knyazın müvəkkili idi, knyaz ailəsinin bəzi mühüm işlərini yoluna qoymaq üçün Peterburqa gəlmişdi. Uzun müddət idi ki, bu işlərə Pyotr Aleksandroviç baxırdı. Naməlum adam knyazın göndərdiyi məktubu mənə verib, əlavə etdi ki, knyajna da mənə kağız yazmaq istəyirdi; son dəqiqəyədək deyirdi ki, məktub mütləq yazılacaq, amma onu boş əllə yola salıb, xahiş etmişdi mənə çatdırsın ki, yazmağa elə bir şey yoxdur, məktubda heç nə yazmaq olmur, o düz beş vərəq kağız korlamış və sonra hamısını didik-didik etmişdir, nəhayət, bir-birimizə yazmaq üçün təzədən dostlaşmaq lazımdır. Sonra o, yaxın vaxtlarda onunla görüşəcəyinə məni əmin etməyi tapşırmışdı. Naməlum cənab mənim səbirsiz sualıma cavab verib dedi ki, tezliklə görüşəcəyimiz haqqında xəbər həqiqətən doğrudur və bütün ailə lap yaxınlarda Peterburqa gəlməyə hazırlaşır. Mən bu xəbəri eşidəndə şadlığımdan nə edəcəyimi bilmədim, cəld öz otağıma gedib qapını bağladım və göz yaşları içində knyazın məktubunu açdım. Knyaz yaxın vaxtlarda onunla və Katya ilə görüşəcəyimi vəd edir və istedadıma görə məni dərin bir hisslə təbrik edirdi; nəhayət o, gələcəyim üçün mənə xeyir-dua verir və köməklik göstərəcəyini söyləyirdi. Mən bu məktubu oxuduqca ağlayırdım; amma şirin göz yaşlarıma elə bir dözülməz kədər qarışırdı ki, yadımdadır, özümə görə vahiməyə düşürdüm; mənə nə olduğunu özüm də bilmirdim. Bir neçə gün keçdi. Otağın yanında, əvvəllər Pyotr Aleksandroviçin kargüzarı oturan otaqda təzə müsafir hər səhər, çox vaxt isə axşamdan gecə yarıyadək işləyirdi. Onlar tez-tez Pyotr Aleksandroviçin otağına çəkilib qapını bağlayır və birlikdə işləyirdilər. Bir dəfə nahardan sonra Aleksandra Mixaylovna ərinin kabinetinə gedib bizimlə çay içib-içməyəcəyini soruşmağı məndən xahiş etdi. Kabinetdə heç kəsi tapa bilmədim, ancaq Pyotr Aleksandroviçin tezliklə gələcəyini güman etdim. Buna görə də dayanıb onu gözlədim. Divardan onun portreti asılmışdı. Yadımdadır, bu portreti görəndə birdən sarsıldım və qəribə bir həyəcan içində onu diqqətlə nəzərdən keçirməyə başladım. Portret divarın lap yuxarısından asılmışdı, həm də bura çox qaranlıqdı. Mən portreti daha yaxşı görmək üçün stul çəkib, onun üstünə çıxdım. Mən nə isə axtarırdım, sanki şübhələrimə cavab tapmağa ümid bəsləyirdim; yadımdadır, hər şeydən əvvəl portretin gözləri məni heyrətə saldı. Mən heyrətləndim ki, bu adamın gözlərini əslində heç vaxt görməmişəm; o həmişə gözlərini eynəyinin arxasında gizlədirdi.

Mən hələ uşaqlıqdan beynimə işləmiş anlaşılmaz, qəribə fikrə görə onun baxışını sevmirdim, amma indi elə bil ki, bu fikir həqiqət olmuşdu. Təsəvvürüm canlanmışdı. Birdən mənə elə gəldi ki, o hiyləgər gözlərini mənim iti, nüfuzedici baxışlarımdan yayındırmağa çalışır; bu gözlərdə yalan və hiylə gizlənmişdir; mənə elə gəldi ki, düzgün tapmışam və bu fərziyyənin ürəyimdə necə bir gizli sevinc oyatdığını başa düşmürəm. Sinəmdən həzin bir fəryad qopdu. Bu zaman arxamda xışıltı eşitdim. Dönüb baxdım: Pyotr Aleksandroviç dayanıb diqqətlə mənə baxırdı. Mənə elə gəldi ki, o birdən qızardı. Mən pörtdüm və stuldan yerə atıldım.

– Siz burada nə edirsiniz? – O ciddi səslə soruşdu. – Niyə bura gəlmisiniz?

Mən nə cavab verəcəyimi bilmirdim. Bir qədər özümə gəlib, Aleksandra Mixaylovnanın dəvətini birtəhər ona çatdırdım. Onun mənə nə cavab verdiyini, kabinetdən necə çıxdığımı xatırlamıram; amma Aleksandra Mixaylovnanın yanına girəndə onun gözlədiyi cavabı tamam unutdum və qarasına dedim ki, Pyotr Aleksandroviç gələcək.

O soruşdu:

– Bəs sənə nə olub, Netoçka? Qıpqırmızı qızarmısan, bir özünə bax! Sənə nə olub?

– Mən bilmirəm… tez-tez gəlmişəm. O həyəcanla sözümü kəsdi:

– Pyotr Aleksandroviç sənə nə dedi ki?

Mən cavab vermədim. Bu zaman Pyotr Aleksandroviçin addım səsləri eşidildi, mən tez otaqdan çıxdım. Böyük kədər içində düz iki saat gözlədim. Nəhayət, gəlib məni Aleksandra Mixaylovnanın yanına çağırdılar. Aleksandra Mixaylovna dinib-danışmırdı, fikirli idi. Mən içəri girəndə cəld sınayıcı nəzərlərlə mənə baxdı, amma o saat gözlərini yerə dikdi. Mənə elə gəldi ki, onun sifətində nə isə bir pərtlik var. Tezliklə mən hiss etdim ki, onun qanı qaradır; o az danışır, mənim üzümə baxmır və B.-nin qayğıkeş suallarına cavab olaraq baş ağrısından şikayətlənirdi. Pyotr Aleksandroviç həmişəkindən söhbətcil idi, amma yalnız B. ilə danışırdı.

Aleksandra Mixaylovna dalğın halda fortepianoya yaxınlaşdı.

B. üzünü mənə tutub dedi:

– Bizim üçün bir şey oxuyun.

Aleksandra Mixaylovna guya bu bəhanəyə sevinib onun sözünə qüvvət verdi.

– Hə, Anneta, təzə öyrəndiyin ariyanı oxu.

Mən nəzərlərimi ona sarı çevirdim; o, səbirsiz intizarla mənə baxırdı.

Amma mən özümə qalib gələ bilmirdim. – Fortepianoya yaxınlaşıb heç olmasa birtəhər oxumaq əvəzinə utandım, özümü itirdim, heç bir bəhanə tapa bilmədim: nəhayət, lap pərt oldum və qəti imtina etdim.

Aleksandra Mixaylovna mənalı-mənalı mənə baxdı və eyni zamanda ani nəzərlə ərini süzüb dedi:

– Axı sən nə üçün oxumaq istəmirsən?

Bu iki baxış səbrimi tükətdi. Mən tamam karıxmış halda stolun arxasından qalxdım, amma karıxdığımı qətiyyən gizlətmədən və nə isə narahat, təəssüflü duyğudan titrəyə-titrəyə, qızğınlıqla təkrar etdim ki, istəmirəm, bacarmıram, xəstəyəm. Bu sözləri deyərkən hamının gözünün içinə baxırdım, amma allah bilir ki, həmin dəqiqədə necə də öz otağımda olmaq və hamıdan gizlənmək istəyirdim.

B. təəccüblənmişdi. Aleksandra Mixaylovna hiss edilə biləcək dərəcədə kədərli idi və bir kəlmə də danışmırdı. Lakin Pyotr Aleksandroviç birdən stuldan qalxıb dedi ki, bir işi yadından çıxarıb və görünür, lazım olan vaxtı itirdiyindən kədərlənmiş halda tələsik otaqdan çıxdı; o, xəbərdarlıq etdi ki, bəlkə sonra gələ bildi, amma hər ehtimala qarşı vidalaşmaq əlaməti olaraq B.-nin əlini sıxdı.

B. məndən soruşdu:

– Bircə deyin görək, axı sizə nə olub? Üzdən, doğrudan da xəstəyə oxşayırsınız.

– Bəli, xəstəyəm, bərk xəstəyəm, – səbirsizliklə cavab verdim.

– Doğrudan da, rəngi qaçıb, bayaq isə sifətin od tutub yanırdı, – Aleksandra Mixaylovna söhbətə qarışdı və birdən dayandı.

Mən ona yaxınlaşıb, dik gözlərinin içinə baxaraq dedim:

– Bəsdir, yetər! – Yazıq qadın baxışıma davam gətirə bilmədi, müqəssir kimi gözlərini yerə dikdi, onun solğun yanaqları xəfifcə qızardı. Mən onun əlini tutub öpdüm. Aleksandra Mixaylovna səmimi, sadəlövh bir sevinclə üzümə baxdı. Mən təəssüflə ona dedim:

– Məni bağışlayın, bu gün özümü çox pis, səfeh uşaq kimi aparmışam. Amma mən həqiqətən xəstəyəm. Acığınız tutmasın, icazə verin gedim…

O, ehtiyatla gülümsünərək dedi:

– Biz hamımız uşağıq. Elə mən özüm də uşağam, səndən də pis, çox pis uşağam, – qulağıma pıçıldadı. – Əfv et, salamat qal. Ancaq allah xatirinə, məndən incimə.

– Nəyə görə? – soruşdum. Belə sadəlövh etiraf məni heyrətə salmışdı.

– Nəyə görə? – O, müdhiş sıxıntı içində, hətta elə bil qorxmuş kimi təkrar etdi, – nəyə görə? Bax, görürsənmi, mən necəyəm, Netoçka? Bir gör sənə nələr demişəm? Əfv et! Sən məndən ağıllısan… Mən isə uşaqdan da pisəm.

Mən mütəəssir olmuş halda, nə deyəcəyimi bilmədən səsləndim.

– Yaxşı, bəsdir. – Mən bir daha onu öpüb tələsik otaqdan çıxdım.

Mən yaman pərt və qəmgin idim. Həm də ehtiyatsızlığıma və özümü aparmağı bacarmadığımı hiss etdiyimə görə özümə bərk acığım tutmuşdu. Mən nədənsə hədsiz utanırdım, buna görə də dərin kədər içində yuxuya getdim. Amma ertəsi gün səhər yuxudan oyananda ağlıma gələn birinci fikir bu oldu ki, bütün dünənki axşam – əsl kabus, xəyal idi, biz bir-birimizi aldadırmışıq, tələsirmişik, mənasız şeyləri bütöv macəra kimi qələmə verirmişik və bütün əhvalatlar bizim təcrübəsizliyimiz, zahiri təsirləri qavramağa adət etməyimiz üzündən baş vermişdir. Mən hiss edirdim ki, bütün günahlar bu məktubdadır, o məni həddən artıq narahat edir, mənim təsəvvürüm pozulmuşdur, axırda belə qərara gəldim ki, daha bundan sonra hər şeyi ürəyimə salmayım. Mən bütün kədərimi belə qeyri-adi asanlıqla həll etdim, qəti yəqin etdim ki, öz qərarımı da beləcə asanlıqla yerinə yetirəcəyəm. Bundan sonra tamamilə şən halda nəğmə dərsinə yollandım.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации