Читать книгу "Seçilmiş əsərləri"
Автор книги: Федор Достоевский
Жанр: Русская классика, Классика
Возрастные ограничения: 16+
сообщить о неприемлемом содержимом
Səhər havası başımı tamam ayıltdı. Mən səhərlər müəllimimin yanına gedən vaxtları çox sevirdim. Saat doqquza yaxın tamamilə canlanan və öz adi həyatına başlayan şəhərin küçələri ilə addımlamaq necə də xoş idi. Biz adətən ən izdihamlı və gur küçələrdən keçirdik. Artistlik həyatımın belə başlanması gündəlik adi məsələlərlə, başdan-başa adamla dolu olan böyük binanın üçüncü mərtəbəsində məşğul olduğum incəsənət arasındakı təzaddan çox xoşum gəlirdi. Bu böyük binada yaşayan adamlar musiqi ilə qətiyyən maraqlanmırdılar. Təsəvvür edin ki, mən qoltuğumda not dəftərləri işgüzar, qaşqabaqlı adamların arası ilə gedirəm. Məni hər dəfə müşayiət edən Natalya qarı heç özü də mənasına varmadan elə hey məndən soruşur ki: «Tap görüm mən nə barədə fikirləşirəm?» – Nəhayət, yarı italyan, yarı fransız müəllimim – qəribə müəllimim bəzən öz sənətinə böyük həvəs göstərən, çox vaxt isə vasvasılıq eləyən, əslində isə xəsis bir adam olan müəllimim– saydıqlarının hamısı məni çox əyləndirir, gülməyə və ya düşünməyə məcbur edirdi. Bununla bərabər mən cəsarətsiz də olsa ehtiraslı bir ümidlə öz sənətimi sevir, səma qəsrləri ucaldır, öz gələcəyimə ən parlaq boyalar vurur və çox vaxt evə qayıdarkən elə bilirdim ki, öz xəyallarımın alovu içindəyəm. Bir sözlə, həmin saatlarda mən, demək olar ki, xoşbəxt idim.
Bu dəfə də, saat onda dərsdən evə qayıdarkən belə xoşbəxt bir dəqiqəni yaşayırdım. Mən hər şeyi unutmuşdum, yadımdadır, nə barədə isə xoş xəyala dalmışdım. Amma birdən pilləkənə çatanda sarsıldım. Sanki başıma qaynar su tökdülər, pillələri enən Pyotr Aleksandroviçin səsini eşitdim. Qəlbimə hakim kəsilmiş acı hiss o qədər böyük idi ki, dünənki hadisəni xatırlamaq məni elə sarsıtmışdı ki, kədərimi heç cür gizlədə bilmədim. Mən astaca ona baş əydim, görünür, bu an üzüm elə ifadəli imiş ki, Pyotr Aleksandroviç təəccüblə qarşımda dayandı. Onun addımladığını görüb qızardım və sürətlə yuxarı qaçdım. O arxamca nə isə söyləndi və öz yolu ilə getdi.
Mən dilxorluqdan az qala ağlayacaqdım və bütün bunların nə demək olduğunu başa düşə bilmirdim. Günortayadək özümdə deyildim və hər şeyə tezliklə son qoymaq üçün nə etməli olduğumu bilmirdim. Mən azı min dəfə söz verirdim ki, ağıllı olum, amma hər dəfə taleyimdən nigaran qaldığım üçün ürəyim qorxudan titrəyirdi. Mən hiss edirdim ki, Aleksandra Mixaylovnanın ərini görən gözüm yoxdur, eyni zamanda özüm üçün də qorxub dəhşətə gəlirdim. Bu dəfə daimi həyəcandan mən həqiqətən xəstələndim və heç cür özümü ələ ala bilmədim. Hamının əlindən dilxor idim; səhər açılandan öz otağımdan çıxmadım, hətta Aleksandra Mixaylovnanın yanına da getmədim. O özü gəldi. Məni görəndə az qaldı ki, çığırsın. Rəngim elə qaçmışdı ki, güzgüyə baxanda özüm özümdən qorxdum. Aleksandra Mixaylovna düz bir saat yanımda oturdu və uşaq kimi mənə qulluq etdi.
Lakin onun diqqəti məni o qədər kədərləndirir, nəvazişi mənə o qədər ağır əgsir bağışlayır, üzümə baxması mənə elə əziyyət verirdi ki, nəhayət, məni tək buraxmasını xahiş etdim. O məndən nigaran getdi. Nəhayət, göz yaşlarımdan və tutmadan sonra qəmginliyim keçdi. Axşama yaxın vəziyyətim yüngülləşdi…
Özümü ona görə yaxşı hiss edirdim ki, Aleksandra Mixaylovnanın yanına getməyi qərara almışdım. Mən onun qarşısında diz çökmək, itirdiyi məktubu ona vermək və hər şeyi etiraf etmək qərarına gəlmişdim; mən keçirdiyim bütün iztirabları, bütün şübhələrimi boynuma alacaq, qəlbimdə ona, mənim cəfakeşimə bəslədiyim sonsuz məhəbbətlə onu qucaqlayacaq və deyəcəkdim ki, mən onun övladıyam, onun dostuyam və mənim ürəyim onun qarşısında açıqdır; qoy ürəyimə nəzər salıb ona qarşı ən alovlu, ən yenilməz hisslər olduğunu görsün. Aman allah! Mən bilirdim, mən hiss edirdim ki, onun ürəyinin sirrini aça biləcəyi axırıncı adamam; amma mənə elə gəlirdi ki, qurtuluş daha düz olardı, mənim sözüm bir o qədər təsirli ola bilərdi… Mən onun kədərini qaranlıq, natamam da olsa başa düşürdüm; fikirləşəndə ki, o mənim qarşımda, mənim mühakiməm qarşısında qızara bilər, ürəyim qəzəblə coşurdu… Eh, mənim zavallım, həmin o günahkar qadın sənsənmi? Bax, onun ayaqları altında göz yaşları axıdaraq bu sözləri deyəcəyəm. Qəlbimdə ədalət hissi coşub-daşdı, mən hiddətlənmişdim. Bilmirəm bu vaxt mən nələr edərdim; amma yalnız sonra təsadüfi hadisə, demək olar ki, birinci addımda yolumu kəsib məni və onu məhv olmaqdan xilas edən vaxt özümə gəldim. Məni dəhşət bürümüşdü. Onun işgəncələrə düçar olmuş ürəyi ümid eşqi ilə dirçələ bilərdimi? Mən bircə zərbə ilə onu məhv edə bilərdim!
Əhvalat belə oldu: onun kabinetinə çatmağıma iki otaq qalmışdı ki, Pyotr Aleksandroviç yan qapıdan çıxdı və burada olduğumu hiss etmədən qabağıma addımladı. O da Aleksandra Mixaylovnanın yanına gedirdi. Mən yerimdə quruyub qaldım; bu dəqiqədə onunla rastlaşacağımı hər şeydən az gözləyirdim. Mən getmək istədim, amma maraq gözlənilmədən məni durduğum yerdə saxladı.
O, bir dəqiqəliyə güzgünün qabağında dayandı. Saçlarını düzəltdi və təəccüblüdür ki, birdən mən onun hansı mahnını isə zümzümə etdiyini eşitdim. Uşaqlıq dövrümün qaranlıq, uzaq xatirəsi bir anda gözlərimin qarşısında canlandı. Həmin dəqiqədə hiss etdiyim qəribə duyğu aydın olsun deyə, mən bu xatirəni danışıram. Hələ bu evə gəldiyimin birinci ilində baş verən və yalnız indi şüurumu nurlandıran bir hadisə mənə dərin təsir bağışladı, çünki mən yalnız indi, yalnız bu dəqiqə həmin adama bəslədiyim anlaşılmaz nifrətimin başlanğıcını başa düşdüm! Artıq, xatırlatdığım kimi, hələ o zaman onun yanında həmişə özümü narahat hiss edirdim. Mən artıq demişəm ki, onun qaşqabaqlı, qayğılı siması, sifətinin çox vaxt qəmgin və pərişan ifadəsi mənə çox ağır təsir edirdi; Aleksandra Mixaylovnanın çay stolu arxasında birlikdə keçirdiyimiz saatlardan sonra özümü çox pis hiss edirdim və nəhayət, artıq başlanğıcda xatırlatdığım ağır səhnələrin iki və ya üç dəfə az qala şahidi olduğum iztirablı bir kədər ürəyimi parçalayırdı. Vəziyyət elə gətirdi ki, o zaman mən elə indiki şəraitdə, həmin bu otaqda, bu saatda, o da mənim kimi Aleksandra Mixaylovnanın yanına gedəndə rastlaşdım. Mən tək-tənha ona rast gələndə uşaq cəsarətsizliyi hiss etdim və buna görə də müqəssir kimi küncə qısılıb taleyimə yalvardım ki, o məni görməsin. O, elə indiki güzgünün qabağında dayandı və mən nə isə namüəyyən, uşaqlara xas olmayan hissdən sarsıldım. Mənə elə gəldi ki, o, sanki sifətini dəyişdirir. Hər halda o, güzgüyə yaxınlaşmazdan qabaq üzündəki təbəssümü görmüşdüm: mən onun üzündə əvvəllər heç vaxt gözümə dəyməyən bir gülüş görmüşdüm, çünki o (yadımdadır, bu məni hər şeydən çox heyrətləndirdi) Aleksandra Mixaylovnanın qarşısında heç vaxt gülməzdi. Birdən, güzgüyə baxan kimi onun sifəti tamam dəyişdi. Təbəssüm elə bil kiminsə əmri ilə yox oldu və onun əvəzində, sanki qeyri-iradi olaraq, zorla ürəkdən qopan acı bir hiss, hər cür alicənablıq cəhdinə baxmayaraq insanın gizlətməyə qadir olmadığı bir hiss onun dodaqlarını əydi, nə isə ürpərdici bir ağrı alnını qırışlarla doldurdu və qaşlarını çatdı. Onun tutqun baxışı çeşməyin altında gizləndi, bir sözlə, sanki, o bir anda kiminsə əmri ilə tamam başqa adam oldu. Yadımdadır ki, mən uşaq olduğuma görə, gördüyüm bu dəhşətli mənzərənin mənasını dərk etdiyim üçün qorxudan titrədim və o vaxtdan bəri ağır, acı təəssürat həmişəlik ürəyimdə qaldı. O, bir dəqiqəyə qədər güzgüyə baxdıqdan sonra, adətən Aleksandra Mixaylovnanın yanına getdiyi vaxtlarda olduğu kimi, başını aşağı saldı, donqarlaşdı və barmaqlarının ucunda onun kabinetinə doğru addımladı. Məni heyrətə salan xatirə elə bu idi.
İndiki kimi o vaxt da belə düşünürdü ki, təkdir. Buna görə də həmin güzgünün qarşısında dayandı. O zaman olduğu kimi, indi də qəlbimdə coşan nifrət hissi ilə onun yaxınlığında durmalı oldum. O, zümzümə edirdi, (ondan belə şey gözləmək olmazdı.) heyrətimdən yerimdə donub qaldım. Bu vəziyyət mənim uşaqlıqda keçirdiyim anlardan birini xatırlatdı, onda, qəlbimin necə sancdığını sözlə ifadə edə bilmirəm. Mənim bütün əsəblərim titrədi və bu qəmgin mahnıya cavab olaraq qəhqəhə çəkib elə güldüm ki, yazıq müğənni çığırdı, güzgüdən iki addım geri atıldı, bənizi ölü kimi solğun, biabırcasına cinayət başında tutulmuş oğru kimi dəhşətdən, təəccübdən və hiddətindən özündən çıxmış halda mənə baxdı. Onun baxışı mənə ağır təsir etdi. Mən ona əsəbi gülüşlə cavab verdim, gülə-gülə yanından ötdüm və qəhqəhəmi saxlamadan Aleksandra Mixaylovnanın kabinetinə keçdim. Mən bilirdim ki, o, pərdənin arxasında dayanmışdı, bəlkə də içəri girməyə ürək eləmirdi, bilirdim ki, hiddət və qorxaqlığından o, yerindəcə donub qalmışdı; hər halda nə isə əsəbi bir səbirsizliklə onun nə qərara gələcəyini gözləyirdim; mən mərcləşməyə hazır idim ki, o içəri gəlməyəcəkdir və mən qalib gəldim. O ancaq yarım saatdan sonra gəldi. Aleksandra Mixaylovna uzun müddət dərin heyrətlə mənə baxdı. Amma başıma gələnlər haqqında nahaq yerə məni sorğu-suala tuturdu. Mən cavab verə bilmirdim, nəfəsim gizlənirdi. Nəhayət, o başa düşdü ki, mənim əsəb tutmam başlamışdır. O, narahatlıqla mənə baxırdı. Mən dincəldikdən sonra onun əllərini tutub öpməyə başladım. Mən yalnız indi ayıldım və yalnız indi ağlıma gəldi ki, əgər əri ilə rastlaşmasaydım, onun ölümünə səbəb ola bilərdim. Mən ona yenidən dünyaya gəlmiş adam kimi baxırdım. Pyotr Aleksandroviç gəldi.
Mən gözucu ona nəzər saldım: o elə baxırdı ki, sanki aramızda heç bir şey olmamışdı, yəni həmişəki kimi sərt və qaşqabaqlı idi. Amma onun solğun çöhrəsindən və titrəyən dodaqlarından hiss etdim ki, həyəcanını zorla gizlədir. O, Aleksandra Mixaylovna ilə soyuq salamlaşdı və dinməzcə öz yerində oturdu. Fincanını götürəndə əli əsirdi. Müdhiş bir hadisə baş verəcəyini əvvəlcədən duyan adamlar kimi, bütün varlığımı qorxu bürümüşdü. Mən artıq getmək istəyirdim, amma ərinə baxan kimi sifəti dəyişən Aleksandra Mixaylovnanı tək qoymaq istəmirdim. O da nə isə pis şey hiss etmişdi. Nəhayət, mənim böyük qorxu ilə gözlədiyim hadisə baş verdi.
Dərin sükut içində gözlərimi qaldırdım və Pyotr Aleksandroviçin düz mənə tərəf yönəlmiş eynəyini gördüm. Bu elə gözlənilməz oldu ki, mən diksindim, gözlərimi aşağı dikdim, az qala qışqıracaqdım. Aleksandra Mixaylovna mənim yerimdən tərpəndiyimi gördü.
Pyotr Aleksandroviçin kəskin və kobud səsi eşidildi.
– Sizə nə olub? Nə üçün qızardınız?
Mən susurdum; ürəyim elə çırpınırdı ki, dilim söz tutmurdu.
O, həyasızcasına məni göstərib, üzünü Aleksandra Mixaylovnaya tutaraq soruşdu:
– O nə üçün qızardı? O nə üçün həmişə qızarır? Qəzəbdən ürəyim düşdü. Mən yalvarıcı baxışlarımı Aleksandra Mixaylovnaya yönəltdim. O məni başa düşdü. Onun solğun yanaqları pörtdü. O heç gözləmədiyim ciddi bir səslə mənə dedi:
– Anneta, get otağına; bir dəqiqədən sonra sənin yanındayam; axşamı birlikdə keçirərik…
– Mən sizdən soruşuram, eşitdiniz, ya yox? – Pyotr Aleksandroviç səsini daha da ucaldıb onun sözünü kəsdi, elə bil arvadının dediklərini eşitməmişdi. – Nə üçün mənimlə görüşəndə siz həmişə qızarırsınız? Cavab verin!
– Ona görə ki, siz onu da, məni də qızarmağa məcbur edirsiniz, – deyə Aleksandra Mixaylovna həyəcandan səsi titrəyə-titrəyə cavab verdi.
Mən təəccüblə Aleksandra Mixaylovnaya baxdım. Onun özündən çıxmasının səbəbini, əvvəlcə başa düşə bilmədim.
– Sizi qızarmağa məcbur edirəm mən? – Pyotr Aleksandroviç, görünür, heyrətdən özünü itirərək və mən sözünü xüsusi təbirlə söyləyərək cavab verdi. – Siz mənə görə qızarırsınız? Məgər mən özümə görə qızarmağa sizi məcbur edə bilərəmmi? Mən yox, siz qızarmalısınız, necə bilirsiniz?
Bu kəlmə mənim üçün elə aydın idi ki, o elə amansız, acı istehza ilə deyilmişdi ki, mən dəhşətdən çığırdım və Aleksandra Mixaylovnaya tərəf atıldım. Onun ağappaq ağarmış üzündə heyrət, ağrı, məzəmmət və dəhşət əks olunmuşdu. Mən yalvarıcı görünüşlə əllərimi sinəmə qoyub, Pyotr Aleksandroviça baxdım. Mənə elə gəldi ki, o özü birdən ayıldı, amma onun dilindən bu kəlməni qoparıb çıxaran hiddət hələ soyumamışdı. Lakin o mənim dilsiz yalvarışımı görüb utandı. Mənim hərəkətim aydın göstərirdi ki, indiyədək onların arasında sirr kimi qalan əhvalatların çoxunu bilirəm və onun sözlərini yaxşı başa düşmüşəm.
– Anneta, öz otağına get, – Aleksandra Mixaylovna stuldan qalxıb astadan, lakin qətiyyətlə təkrar etdi, – mən mütləq Pyotr Aleksandroviçlə danışmalıyam…
Görünür o, sakit idi; lakin mən hər cür həyəcandan çox bu sakitlikdən qorxurdum. Sanki onun sözlərini eşitmirdim və dayandığım yerdən tərpənmirdim. Bu an içində onun qəlbində baş verənləri üzündən oxumaq üçün bütün qüvvələrimi gərginləşdirdim. Mənə elə gəlirdi ki, o, nə işarəmi, nə də ürəyimdən qopan nidanı başa düşdü.
– Görün siz nə etdiniz, xanım! – Pyotr Aleksandroviç mənim əlimdən tutub arvadını göstərdi.
Aman allah! İndi bu ölümcül sifətdə oxuduğum ümidsizliyi heç vaxt görməmişdim. O, əlimdən tutub məni otaqdan çıxartdı. Son dəfə onlara baxdım. Aleksandra Mixaylovna buxarıya dirsəklənmiş və hər iki əli ilə başını tutaraq dayanmışdı. Onun duruşundan, dərin əzab keçirdiyi hiss olunurdu. Mən Pyotr Aleksandroviçin əlindən tutub möhkəm sıxdım. Kəsik-kəsik dedim:
– Allah xatirinə! Allah xatirinə! Rəhm edin. O, qəribə nəzərlərlə mənə baxıb dedi:
– Qorxmayın, qorxmayın! Elə bir şey yoxdur, bu tutmadır. Di yaxşı, gedin, gedin.
Mən öz otağıma gəlib divanın üstünə yıxıldım və əllərimlə üzümü örtdüm. Mən düz üç saat bu vəziyyətdə qaldım və əsl cəhənnəm əzabı çəkdim. Nəhayət, davam gətirə bilmədim və adam göndərdim soruşsunlar ki, Aleksandra Mixaylovnanın yanına gedə bilərəmmi? Madam Leotar onun cavabını gətirdi. Pyotr Aleksandroviç xəbər göndərmişdi ki, tutma ötüb keçmişdir, qorxulu bir şey yoxdur, amma Aleksandra Mixaylovna dincəlməlidir. Mən səhər saat üçədək yatağa uzanmadım, otaqda var-gəl edərək öz-özümə düşündüm. Mənim vəziyyətim həmişəkindən müəmmalı idi, amma mən özümü bir nov sakit hiss edirdim: bəlkə bu ona görə belə idi ki, hamıdan çox özümü günahkar hesab edirdim. Mən səbirsizliklə sabahın açılmasını gözləyərək yatağa uzandım.
Lakin ertəsi gün heyrətli olsa da, Aleksandra Mixaylovnada bir soyuqluq hiss etdim. Əvvəlcə mənə elə gəldi ki, dünən istər-istəməz şahidi olduğum səhnədən sonra bu saf, nəcib ürəkli qadın məndən xəcalət çəkir. Mən bilirdim ki, bu uşaqcığaz mənim qarşımda qızara bilər və dünənki bədbəxt səhnənin bəlkə də qəlbimi təhqir etdiyinə görə məndən üzr istəyə bilər. Amma çox keçmədən mən onda güclə gizlədilən başqa bir qayğı və peşmançılıq hiss etdim: gah mənə quru və soyuq cavab verir, gah da birdən mənimlə çox incə rəftar edir, sanki ürəyinə yad bu sərtliyə görə xəcalət çəkir və onun mehriban, sakit sözləri məzəmmət kimi səslənirdi. Nəhayət, mən ondan açıq soruşdum ki, ona nə olub və mənə deməyə sözü yoxdur ki? Mənim tələsik verilən sualımdan bir qədər tutuldu, amma o saat da iri, sakit gözlərini qaldırıb üzümə baxdı, zərif-zərif gülümsündü:
– Heç bir şey olmayıb, Netoçka, amma bilirsənmi, sənin qəfil sualın məni bir az karıxdırdı. …İnandırıram səni, yalnız buna görə. Amma qulaq as, mənə düzünü de, mənim balam: bəlkə sənin ürəyində elə bir şey var ki, bu barədə qəfil və gözlənilmədən sual veriləndə sən də bu cür tutularsan?
– Yox, – mən onun üzünə dik baxdım.
– Hə, onda lap yaxşı! Əzizim, bilsən ki, bu gözəl cavaba görə sənə necə minnətdaram. Əlbəttə, mən hər hansı bir pis işə görə heç vaxt səndən şübhələnmərəm! Mən bu barədə düşünməyi belə özümə bağışlamaram. Ancaq qulaq as: mən səni evimizə gətirəndə uşaq idin, indi isə on yeddi yaşındasan. Sən özün görmüsən ki, mən xəstəyəm, uşaq kimiyəm, hələ mənim özümə də qulluq edən gərəkdir. Ürəyimdə sənə qarşı tükənməz məhəbbət olduğuna baxmayaraq, ananın yerini verə bilmərəm. Əgər indi fikir məni belə incidirsə, aydın məsələdir ki, sən yox, mən özüm günahkaram. Həm verdiyim suala görə, həm də səni atam evindən gətirərkən sənə və atama verdiyim vədlərin hamısına bəlkə də qeyri-ixtiyari olaraq əməl edə bilmədiyimə görə məni bağışla. Bu məni çox narahat edir və çox vaxt narahat etmişdir, əziz dost.
Mən onu qucaqlayıb ağladım. Onun əllərini köz yaşlarımla isladaraq dedim:
– Ah, təşəkkür edirəm, mənə etdiyin bütün yaxşılıqlara görə sizə təşəkkür edirəm. Belə deməyin, ürəyimi parçalamayın. Siz mənə anadan da artıq olmusunuz, mənə, yazıq və tənha bir qıza etdiyiniz yaxşılıqlara görə allah sizi və knyazı xoşbəxt eləsin! Mənim zavallım, mənim əzizim!
– Bəsdir, Netoçka, bəsdir! Məni yaxşı qucaqla: bax belə, bərk-bərk qucaqla! Bilirsən nə var? Allah bilir, nədənsə mənə elə gəlir ki, sən məni axırıncı dəfə qucaqlayırsan.
Mən uşaq kimi hönkürtü ilə ağlayaraq dedim:
– Yox, yox, belə şey ola bilməz! Siz xoşbəxt olacaqsınız!.. Hələ irəlidə görməli günlər var. İnanın ki, biz xoşbəxt olacağıq.
– Məni belə çox sevdiyinə görə, sağ ol! İndi mənim adamlarım azalmışdır; hamı məni tərk etmişdir!
– Kim tərk etmişdir? Onlar kimdir?
– Əvvəllər mənim dostlarım çox idi; sən bilirsən, Netoçka. Onların hamısı məni tərk etdi, hamı çıxıb getdi, elə bil kabus idilər. Amma mən onları necə də gözləyirdim, bütün həyatım boyu gözləyirdim; onları allaha tapşırıram! Bir bax, Netoçka, görürsən, payızın axırlarıdır; yaxınlarda qar yağacaq: qar yerə düşən kimi mən öləcəyəm, bəli; amma mən qüssələnmirəm də. Əlvida!
Onun sifəti solğun və artıq idi; yanaqları od kimi yanırdı; titrək dodaqları daxili hərarətdən quruyub çatlamışdı.
O, fortepianoya yaxınlaşdı və bir neçə akkord vurdu; bu an sim qırıldı və uzun, cingiltili sızıltı qopdu…
– Eşidirsən, Netoçka, eşidirsən? – O, birdən fortepianonu göstərdi, səsində nə isə həyəcan duyulurdu. – Bu sim çox, həddən çox gərilmişdi, davam gətirməyib öldü. Səsin necə yanıqlı-yanıqlı öldüyünü eşidirsənmi?!
O çətinliklə danışırdı. Çöhrəsində qəlbini bürüyən küt ürək ağrısı əks olundu, gözləri yaşla doldu.
– Yaxşı, bu barədə bəsdir, Netoçka, əzizim, kifayətdir; uşaqları yanıma gətir.
Mən onları gətirdim. O, uşaqları görcək sanki dincəldi, bir saatdan sonra onları buraxdı.
– Mən öləndən sonra onları tək qoymayacaqsan, eləmi, Anneta? – Pıçıltı ilə dedi, elə bil qorxurdu ki, söhbətimizi birdən eşidən olar.
– Yetər, siz məni öldürəcəksiniz! – Mən onun cavabında yalnız bunları deyə bildim.
O bir qədər sükutdan sonra gülümsəyib dedi:
– Axı mən zarafat edirdim. Sən də inandın? Axı bəzən mən, allah bilir, nələr danışıram. İndi mən uşaq kimiyəm. Gərək mənim hər hərəkətimi bağışlasınlar.
Bu sözlərdən sonra o, ürkək-ürkək mənə baxdı, elə bil nəyi isə söyləməkdən çəkinirdi. Mən gözləyirdim.
Nəhayət, onun üzünə xəfif bir qızartı çökdü, gözlərini aşağı dikib, güclə eşidəcəyim sakit səslə dedi:
– Gözlə onu hürkütməyəsən.
– Kimi? – Təəccüblə soruşdum.
– Ərimi. Yəqin sən hər şeyi yavaş-yavaş ona danışarsan.
– Axı nə üçün, nə üçün? – Mən daha da təəccüblənib təkrar edirdim.
Dodaqlarında eyni sadə təbəssüm görünməsinə və sifətinin getdikcə qızarmasına baxmayaraq, o, mümkün olduqca daha hiyləgər nəzərlərlə mənə baxmağa çalışıb cavab verdi:
– Amma, bəlkə də, hər şeyi açıb demədin, kim bilir! Yaxşı, daha bəsdir; axı mən zarafat edirəm.
Ürəyim getdikcə daha böyük ağrı ilə sıxılırdı.
– Bircə sözümə qulaq ver, mən öləndən sonra onları sevəcəksən, eləmi? – Qətiyyətlə və yenə də sanki müəmmalı şəkildə əlavə etdi. – Öz doğma uşaqların kimi sevəcəksən, hə? Yadında saxla: mən səni həmişə özümə doğma bilmişəm və balalarımdan ayırmamışam.
– Bəli, bəli, – mən nə danışdığımı bilmədən, göz yaşlarımdan və həyəcandan boğula-boğula cavab verdim.
Mən geri çəkilənədək o, hərarətlə əlimi öpdü, heyrətdən dilim tutulurdu.
Başımdan bu fikirlər keçdi: «Ona nə olub? O nəyin fikrini çəkir? Dünən, görən, aralarında nə olub?»
Bir dəqiqə sonra o, yorğunluqdan şikayətlənməyə başladı.
– Mən artıq çoxdan xəstəyəm, ancaq sizin heç birinizi qorxutmaq istəmirdim, – dedi. – Axı sizin ikiniz də məni sevirsiniz, eləmi?.. Sağ ol, Netoçka, məni tək burax, axşam isə mütləq yanıma gəl. Gələcəksənmi?
Mən söz verdim; getməyimə isə sevinirdim. Mən daha dözə bilmirdim. Mən hıçqıra-hıçqıra deyirdim:
– Zavallı, zavallı! Səni qəbrə yola salan hansı şübhədir? Sənin ürəyini yaralayan, üzüb əldən salan və haqqında danışmağa güclə cəsarət etdiyin yeni bəla nədir? Aman allah! İndi artıq hamısını əzbər bildiyim bu uzun iztirab, bu işıqsız həyat, bu cəsarətsiz, heç bir şey tələb etməyən məhəbbət; hətta indi, ağrıdan ürək parçalanan bir vaxtda, demək olar ki, ölüm yatağında olarkən belə o, cinayətkar kimi ən xırda narazılıqdan, şikayətdən qorxur, – o, özündən yeni bir dərd uydurmuş, artıq ona tabe olmuş, onunla barışmışdır!
Axşam, qaş qaralanda mən Ovrovun (Moskvadan gələnin) evdə olmamasından istifadə edib, kitabxanaya getdim, şkafı açdım və Aleksandra Mixaylovnaya oxumaq üçün kitab seçməyə başladım. Mən onu qara fikirlərdən ayırmaq və nə isə şən, yüngül kitab tapmaq istəyirdim… Mən uzun müddət və dalğın halda axtarırdım. Qaranlıq get-gedə qatılaşırdı: onunla birlikdə kədərim də artırdı. Səhifəsi eyni yerdə açılmış həmin kitab yenə əlimə düşdü; mən indi də bu səhifədə o vaxtdan bəri qoynumda qalan məktubun izlərini gördüm. Bu məktub varlığımın sanki dəyişib yenidən başlanmasına və hələ indi də uzaqdan böyük sərtliklə məni hədələyən bu qədər soyuq, naməlum, sirli, kəmiltifat yellərin üzümə əsməsinə səbəb olmuşdu… «Bizim axırımız necə olacaq, – deyə düşünürdüm, – mənim üçün isti, gen-bol olan guşə boşalır. Gəncliyimi qoruyan təmiz, parlaq ruh məni tərk edir. Qarşıda məni nə gözləyir?» Mən nə isə bihuş halda indiki kimi ürəyimə yaxın olan keçmişim üzərində dayanmışdım, sanki irəlini, məni hədələyən naməlum aləmi görməyə cəhd edirdim… Mən bu dəqiqəni xatırladıqca elə bil onu yenidən yaşayıram. O mənim hafizəmdə çox dərin nəqş olunmuşdu.
Mən məktubu və açıq kitabı əlimdə tutmuşdum; göz yaşlarım üzümü islatmışdı. Birdən qorxudan diksindim: başımın üzərində tanış bir səs eşitdim. Elə həmin an hiss etdim ki məktubu əlimdən qapdılar. Mən qışqırdım və dönüb baxdım. Pyotr Aleksandroviç qarşımda dayanmışdı. O, əlimdən möhkəm yapışıb, məni yerimdən tərpənməyə qoymurdu; sağ əli ilə məktubu işığa tutdu və ilk sətirləri oxumağa cəhd etdi… Mən çığırdım, məktubu onun əlində qoymaqdansa ölməyə hazır idim. Bədxah təbəssümdən anladım ki, o, ilk sətirləri oxuya bilmişdir. Mən başımı itirmişdim…
Bir an sonra mən, demək olar ki, özümü unudaraq onun üstünə atıldım və məktubu əlindən aldım. Bütün bu hadisə elə sürətlə baş verdi ki, məktubun yenidən necə əlimə keçdiyini heç özüm də başa düşə bilmədim. Amma onun məktubu yenidən əlimdən almaq istədiyini hiss edib, dərhal qoynumda gizlətdim və üç addım geri çəkildim.
Biz yarım dəqiqəyədək dinmədən bir-birimizə tamaşa etdik. Mən hələ də qorxudan tir-tir əsirdim; o isə ağappaq ağarmışdı, qəzəbdən göyərmiş dodaqları titrəyirdi; sükutu birinci o pozdu. Həyəcandan zəifləmiş səsi ilə:
– Bəsdir! – dedi, – yəqin ki, siz mənim zor işlətməyimi istəmirsiniz; öz xoşunuzla məktubu mənə verin.
Yalnız indi ağlım başıma gəldi, həqarət, həya, kobud zorakılığa qarşı hiddət nəfəsimi kəsdi. İsti göz yaşları od kimi yanan yanaqlarımdan axırdı. Bütün bədənim həyəcandan titrəyirdi; mən bir müddət kəlmə kəsib danışa bilmədim.
O mənə iki addım yaxınlaşıb dedi:
– Eşitdinizmi?
– Əl çəkin, məndən əl çəkin! – Ondan uzaqlaşaraq qışqırdım. – Siz alçaq, nanəcib hərəkət etdiniz. Siz həddinizi aşmısınız!.. Buraxın məni!..
– Necə? Bu nə deməkdir? Siz bu işdən sonra belə hikkə ilə danışmağa cəsarət də edirsiniz.... Verin deyirəm sizə!
O, bir daha mənə tərəf addımladı, amma üzümə baxıb gözlərimdə elə bir qətiyyət gördü ki, fikrə getmiş kimi dayandı.
– Yaxşı! – Nəhayət o, soyuq tərzdə, sanki bir qərar üzərində dayanmış kimi, lakin hələ də güclə özünü saxlayaraq dilləndi. – Bu öz yerində, amma əvvəlcə…
Bu vaxt o, ətrafına baxdı.
– Siz… Sizi kitabxanaya kim buraxıb? Bu şkafın qapısı niyə açıqdır? Açarı hardan almısınız?
– Mən sizə cavab verməyəcəyəm, mən sizinlə danışa bilmərəm, buraxın məni, buraxın!
Qapıya tərəf addımladım.
O, əlimdən tutub saxladı və dedi:
– Dayanın, siz belə çıxıb gedə bilməzsiniz! Mən dinməzcə, yenə də qapıya tərəf dartınırdım.
– Yaxşı. Amma mən yol verə bilmərəm ki, siz öz sevgililərinizdən məktub alasınız, mənim evimdə…
Mən vahimədən çığırdım və pərişan nəzərlərlə ona baxdım.
– Buna görə də…
– Dayanın! – deyə çığırdım. – Siz belə sözləri necə dilinizə gətirirsiniz? Siz nə cəsarətlə mənə belə dediniz? Aman allah! Aman allah!
– Nə? Siz hələ məni hədələyirsiniz də?
Mən sapsarı saralıb, ümidsizlikdən başımı itirmiş halda ona baxırdım. Aramızdakı səhnə, mənim başa düşə bilmədiyim son mərhəmətsizlik dərəcəsinə çatmışdı. Mən baxışlarımla ona yalvarırdım ki, daha sözünü davam etdirməsin. Danışmaması üçün, məni təhqir etdiyinə görə onu bağışlamağa belə hazır idim. O, diqqətlə məni süzür və görünür, tərəddüd edirdi.
– Məni hövsələdən çıxarmayın, – deyə dəhşət içində pıçıldadım.
Nəhayət o, fikrindən dönmüş kimi səsləndi:
– Yox, buna son qoymaq lazımdır! Etiraf edirəm ki, mən bu baxışdan az qala tərəddüd edəcəkdim, – deyə o, qəribə təbəssümlə sözünü davam etdirdi. – Amma bədbəxtlikdən məsələ tamamilə aydındır. Mən məktubun əvvəlini oxuya bildim. Bu, məhəbbət məktubudur. Siz məni fikrimdən daşındıra bilməzsiniz! Yox, bunu beyninizdən çıxarın! Əgər mən bir anlığa şübhəyə düşdümsə, deməli, sizin bütün gözəl keyfiyyətlərinizə əla yalan danışmaq bacarığını da əlavə etməliyəm, buna görə də təkrar edirəm ki…
O danışdıqca üzü hiddətdən daha eybəcər şəklə düşürdü. Ağappaq ağarmışdı; dodaqları əyilmişdi, əsirdi, belə ki, o axırıncı sözləri çətinliklə söylədi. Hava qaralırdı. Mən qadını təhqir edə biləcək bir adamın qarşısında köməksiz və tək-tənha dayanmışdım. Belə görünür ki, bunların hamısının günahı məndə idi; mən həya edirdim, özümü itirmişdim, bu adamın hiddətinin səbəbini başa düşə bilmirdim. Mən ona cavab vermədən dəhşət içində otaqdan bayıra atıldım və Aleksandra Mixaylovnanın kabinetinin qapısına çatanda ayıldım. Bu an onun da addım səsləri eşidildi; mən artıq otağa keçmək istəyirdim ki, birdən ildırım vurmuş kimi dayandım.
Başımdan bu fikirlər keçdi: «Görəsən, onun başına nə gələcək? Bu məktub!.. Yox, nə olursa-olsun, amma bu son zərbə onun ürəyinə endirilməsin». Mən geri çəkildim. Lakin artıq gec idi; o yanımda dayanmışdı:
Mən onun əlindən yapışıb pıçıltı ilə dedim:
– Hara istəyirsinizsə gedək, amma burada yox, burada yox! Ona rəhminiz gəlsin! Mən yenə də kitabxanaya və ya… hara istəsəniz gələrəm! Siz onu öldürərsiniz!
– Onu siz öldürərsiniz! – deyə o, məni kənara itələdi. Bütün ümidlərim puça çıxdı. Mən hiss edirdim ki, o, bütün səhnəni Aleksandra Mixaylovnanın otağında keçirmək istəyir. Mən bütün qüvvəmlə onu saxlamağa çalışıb dedim:
– Allah xatirinə!
Elə bu an pərdə qalxdı və Aleksandra Mixaylovna qarşımızda dayandı. O, təəccüblə bizə baxırdı. Sifəti həmişəkindən solğun idi. Ayaq üstə güclə dayanırdı. Aydın görünürdü ki, səsimizi eşidəndə yanımıza gəlmək üçün böyük qüvvə sərf etmişdi.
Son dərəcə heyrətlə bizə baxıb soruşdu:
– Burda kim var? Siz burda nədən danışırdınız?
Sükut bir neçə an davam etdi və o, kətan kimi ağardı. Mən onun ağuşuna atılaraq, möhkəm qucaqladım və geriyə, kabinetə tərəf çəkdim. Pyotr Aleksandroviç mənim arxamca içəri girdi. Mən üzümü Aleksandra Mixaylovnanın sinəsində gizlədib, intizar içində onu daha möhkəm qucaqdadım.
Aleksandra Mixaylovna yenidən soruşdu:
– Sizə nə olub? Sizə nə olub?
– Ondan soruşun. Siz hələ dünən onu necə müdafiə edirdiniz? – Pyotr Aleksandroviç ağır-ağır kresloya çökdü.
Mən Aleksandra Mixaylovnanı qollarım arasında daha möhkəm sıxırdım.
O, vahimə içində səsləndi:
– Aman allah, bu nə əhvalatdır? Siz necə də hirslənmisiniz; o, qorxmuşdur, ağlayır, Anneta, aranızda nə olmuşsa hamısını mənə söylə.
– Yox, qoyun əvvəlcə mən danışım, – deyə Pyotr Aleksandroviç bizə yaxınlaşdı, mənim əlimdən tutub Aleksandra Mixaylovnadan uzaqlaşdırdı və otağın ortasını göstərib əlavə etdi: – burada dayanın. Mən, sizə analıq edən adamın yanında sizi mühakimə etmək istəyirəm. Siz isə sakit olun, əyləşin, – deyə o, Aleksandra Mixaylovnanı kresloya oturda-oturda sözünə davam etdi. – Təəssüf edirəm ki, sizi bu ağır izahatdan xilas edə bilmədim; amma o, zəruridir.
– Aman allah! Bu nə deməkdir? – Aleksandra Mixaylovna dərin kədər içində gah mənə, gah da ərinə baxırdı. Mən son dəqiqənin yaxınlaşdığını hiss edib, əllərimi ovuşdurdum. Mən artıq ondan aman gözləmirdim.
– Bir sözlə, – deyə Pyotr Aleksandroviç sözünə davam etdi, – mən istəyirdim ki, siz məsələni mənimlə birlikdə ayırd edəsiniz. Siz həmişə (heç özüm də bilmirəm nə üçün, bu sizin xəyallarınızdan biridir), siz həmişə, məsələn, elə dünən, düşünürdünüz, deyirdiniz ki… heç özüm də bilmirəm necə deyim, sizin ehtimalınız məni qızarmağa məcbur edir… Bir sözlə, siz onu müdafiə edirdiniz, siz mənə hücum edirdiniz, siz məni yersiz ciddilikdə təqsirləndirirdiniz; siz, guya məni bu yersiz ciddiliyə sövq edən nə isə başqa bir hissə də işarə edirdiniz; siz… amma özüm də başa düşmürəm ki, nə üçün sizin ehtimallarınız haqqında düşünərkən həyəcanımı boğa bilmirəm, üzümdəki qızartını gizlədə bilmirəm; nə üçün mən həmin ehtimallar haqqında açıq-aşkar onun yanında danışa bilmirəm… Bir sözlə, siz…
Aleksandra Mixaylovna həyadan alışıb yanaraq bərk həyəcan içində qışqırdı:
– Ah, siz bunu etməyəcəksiniz! Yox, siz bunu deməyəcəksiniz! Yox, siz onu bağışlayacaqsınız. Hər şeyi mən özümdən uydurmuşam! İndi mənim heç bir şübhəm yoxdur. O şübhələrə görə məni bağışlayın; bağışlayın. Mən xəstəyəm, mənim nöqsanlarımı bağışlamaq lazımdır, amma ona heç nə deməyin, yox… Anneta, – deyə o mənə yaxınlaşdı, – Anneta, get burdan, tez ol, tez ol! O, zarafat edirdi; bütün təqsirlər məndədir; bu, yersiz zarafatdır…
Pyotr Aleksandroviç onun intizarla dolu baxışlarına cavab olaraq amansızcasına dedi:
– Bir sözlə, siz məni ona qısqanırdınız.
Aleksandra Mixaylovna çığırdı, rəngi ağardı, o, ayaq üstə güclə dayanırdı, kresloya söykənmişdi.
– Allah özü sizin günahınızdan keçsin! – O, nəhayət, zəif səslə dilləndi. – Onun hərəkətinə görə məni bağışla, Netoçka, bağışla, bütün günahlar məndədir. Mən xəstə idim, mən…
– Lakin bu qəddarlıqdır, həyasızlıqdır, alçaqlıqdır! – Mən, nəhayət, bir şeyi, onun niyə məni arvadının yanında mühakimə etmək istədiyini başa düşüb qəzəblə qışqırdım. – Bu nifrətə layiq hərəkətdir; siz…
– Anneta! – Aleksandra Mixaylovna dəhşətlə mənim əllərimdən yapışaraq çığırdı.
Pyotr Aleksandroviç son dərəcə həyəcanlı halda bizə yaxınlaşaraq dedi:
– Komediya! Bu, komediyadır, vəssalam! – O, diqqətlə və məşum təbəssümlə arvadına baxaraq sözünə davam etdi. – Komediyadır deyirəm sizə və bütün bu komediyada aldadılan təkcə sizsiniz. – O, boğula-boğula və məni göstərərək əlavə etdi. – İnanın ki, biz belə izahatdan qorxmuruq; inanın, biz o qədər də ismətli deyilik ki, belə işlər haqqında bir söz eşidəndə inciyək, qızaraq və qulaqlarımızı tutaq. Bağışlayın, mən sadə, açıq, bəlkə də kobud danışıram, amma belə lazımdır. Xanım, siz bu qızın özünü ədəbli apardığına əminsinizmi?