Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 24

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 24 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +

Zaxlebininin iki ortancıl qızları bir ağızdan çığırdılar:

– Ata can, ata can! Pavel Pavloviç də məzəli söz dedi. O deyir ki, «Qızlar üçün qızarmaq lazımdır…»

Qoca himayədar bir tərzdə Pavel Pavloviçə müraciət etdi və eşidəcəyi sözə qabaqcadan gülümsəyərək, təmkinlə dedi:

– O da məzəli söz deyir! Deyin görüm nə deyib?

– Deyir ki, «biz qızlar üçün qızarmaq lazımdır».

– Hə! Nə olsun? – Qoca hələ də gözləyə-gözləyə mehribancasına gülümsəyir və bir şey başa düşmürdü.

– Eh, ata can, siz niyə başa düşmürsünüz! Qızlar və sonra da qızarmaq: qızlar qızarmağa oxşayır; qızlar üçün qızarmaq lazımdır…

– A-a-a! – Qoca karıxmış halda səsini uzatdı, – hə, gələn dəfə yaxşısını deyər! – Qoca ürəkdən güldü.

– Pavel Pavloviç, hər şeyi kamil bilmək olmaz ki! – Mariya Nikitişna ucadan ona sataşdı. – Ah, pərvərdigara, onun boğazında sümük qaldı! – Qız sıçrayıb stuldan qalxdı.

Araya çaxnaşma düşdü, Mariya Nikitişna elə bunu istəyirdi. Pavel Pavloviç pərtliyini gizlətmək üçün əlində tutduğu çaxırdan bir qurtum içmiş və çeçəmişdi, amma Mariya Nikitişna hamını inandırır və and içirdi ki, «boğazında balıq sümüyü qalıb, öz gözü ilə görüb, balıq sümüyü pis şeydir, bundan adam ölər!»

Kimsə çığırdı:

– Peysərinə vurun!

– Doğrudan da, ən yaxşı üsul budur, – Zaxlebinin bərkdən bu sözü təsdiq etdi. Tez həvəskarlar yaxınlaşdı; Mariya Nikitişna, sarışın qız (o da yeməyə dəvət edilmişdi) və nəhayət bərk qorxuya düşmüş xanım– hamı istəyirdi ki, Pavel Pavloviçin peysərinə vursun. Stolun arxasından sıçrayıb qalxan Pavel Pavloviç onların əlindən çıxmağa çalışır və başa salmaq istəyirdi ki, o yalnız şərabdan çeçəyib, öskürəyi indicə keçib gedər. Axırı hamı başa düşdü ki, bu Mariya Nikitişnanın kələyidir.

– Yaman dəcəlsən ha!.. – Xanım Zaxlebinina ciddi bir tərzdə Mariya Nikitişnaya irad tutdu, lakin özünü saxlaya bilməyib, qəhqəhə ilə güldü. Belə hallar onda az-az baş verdiyi üçün çox təsirli oldu. Yeməkdən sonra hamı qəhvə içmək üçün balkona çıxdı.

– Havalar nə yaxşı keçir! – deyə qoça məmnuniyyətlə baxa-baxa təbiəti təriflədi, – ancaq yağış olsa… Hə, mən getdim dincəlməyə. Allah amanında, allah amanında, şənlənin! Sən də şənlən! – O çıxarkən əlini Pavel Pavloviçin çiyninə vurdu.

Hamı yenə bağa çıxdıqda, Pavel Pavloviç birdən Velçaninovun yanına yüyürüb, onun qolunu dartdı:

– Bir dəqiqəliyə, – deyə səbirsizliklə pıçıldadı. Onlar bağın xəlvət cığırına çıxdılar.

Pavel Pavloviç Velçaninovun qolundan tutaraq, qəzəblə, boğula-boğula pıçıldadı:

– Yox, burada bağışlayın, yox, burada mən yol vermərəm…

– Hə? Nəyə? – Velçaninovun gözləri bərəlmişdi. Pavel Pavloviç dinməzcə ona baxıb, dodaqlarını tərpədir və qəzəblə gülümsəyirdi.

– Siz haraya getdiniz? Siz hardasınız? – Onları səbirsizliklə çağıran qızların səsləri eşidildi. Velçaninov çiyinlərini çəkdi və geri qayıtdı. Pavel Pavloviç də onun dalınca qaçdı.

Mariya Nikitişna dedi:

– Mərc tutaram ki, o sizdən burun yaylığı istəyirdi. Keçən dəfə də yadından çıxarmışdı.

– Həmişə də yadından çıxaracaq! – Zaxlebininin ortancıl qızı da ona qoşuldu.

Yer-yerdən səslər eşidildi.

– Yaylığını yadından çıxarıb! Pavel Pavloviç yaylığını yadından çıxarıb! Maman, Pavel Pavloviç yenə burun yaylığını yadından çıxarıb, Pavel Pavloviç yenə zökəmdir!

– Bəs niyə demir! Pavel Pavloviç, siz nə qəribə adamsınız! -Xanım Zaxlebinina səsini uzada-uzada dedi, – zökəmlə zarafat eləmək olmaz. Mən bu saat sizə yaylıq göndərərəm. O niyə həmişə zökəm olur! – dedi və qayıtmaq üçük bəhanə tapdığına sevindi.

Pavel Pavloviç onun arxasınca çığırdı:

– Mənim iki yaylığım var, zökəm də deyiləm!

Lakin görünür, Zaxlebinina onun nə dediyini başa düşməmişdi və bir dəqiqədən sonra Pavel Pavloviç hamının dalınca yorta-yorta, Nadya ilə Velçaninova çatmaq istərkən, qulluqçu qadın tövşüyə-tövşüyə ona çatıb, yaylıq gətirdi.

– Oynayaq, oynayaq, atalar sözü deyək! – Hər tərəfdən çığırışırdılar. Allah bilir, onlar bu «atalar sözündən» nə gözləyirdilər.

Yer seçib skamyalarda oturdular; atalar sözünü Mariya Nikitişna tapmalı oldu; tələb etdilər ki, bacardıqca uzağa getsin, qulaq asmasın. O gedəndən sonra atalar sözü seçdilər və sözləri paylaşdırdılar. Mariya Nikitişna qayıtdı və bir göz qırpımında tapdı. Atalar sözü belə idi: «Məxluq bağlar, xaliq açar». Mariya Nikitişnadan sonra atalar sözünü göy eynəkli, pırtdaşıq saçlı cavan oğlan tapmalı oldu. Ondan daha uzağa getməyi tələb etdilər, dedilər ki, köşkün yanında durub, üzünü də hasara çevirsin. Qaşqabaqlı cavan oğlan öz vəzifəsini könülsüz yerinə yetirirdi, hətta elə bil özünü bir az da alçalmış hesab edirdi. Onu səsləyib çağırdıqları zaman heç bir şey tapa bilmədi, deyilənlərə iki dəfə qulaq asdı, qaşqabaqlı halda xeyli fikirləşdi, lakin heç bir şey çıxmadı. Onu utandırdılar. Atalar sözü belə idi: «Bir allaha dua əvəzsiz qalmaz, bir də padşaha qulluq».

– Axmaq atalar sözüdür! – deyə pərtləşmiş cavan oğlan öz yerinə qayıda-qayıda qəzəblə mızıldandı.

– Ah, necə cansıxıcıdır! – Səslər eşidildi.

Velçaninov getdi, onu hamıdan uzaqda gizlətdilər. O da tapmadı.

– Ah, neçə cansıxıcıdır? – Səslər daha da artdı. Nadya dedi:

– İndi də mən gedirəm.

– Yox, yox, indi Pavel Pavloviç gedəcək, növbə Pavel Pavloviçindir, – hamı çığırdı və adamlar bir az hərəkətə gəldilər.

Pavel Pavloviçi lap hasarın yanına aparıb, üzü hasara qoydular və dönüb baxmasın deyə sarışın qıza da tapşırdılar ki, ona göz yetirsin. Təzədən ruhlanmış və demək olar ki, kefi durulmuş Pavel Pavloviç vəzifəsini namusla yerinə yetirmək istəyirdi, buna görə də üzü divara, kötük kimi hərəkətsiz dayanmışdı, dönüb baxmağa cəsarət etmirdi. Sarışın qız ondan iyirmi addım geridə, adamlara yaxın, köşkün yanında durmuşdu, həyəcanla nə barədə isə qızlarla gözləşirdi, hiss olunurdu ki, hamı narahat halda nə isə gözləyir: nə isə hazırlanırdı. Birdən sarışın qız köşkün dalından əl elədi. Dərhal hamı yerindən qalxdı və dəli kimi harasa qaçdılar.

– Qaçın, siz də qaçın! – Qaçmadığı üçün az qala dəhşət içərisində on səs birdən Velçaninova pıçıldadı. O, qızlara çataraq soruşdu:

– Nə var? Nə olub?

– Sakit, qışqırmayın! Qoy orada dayanıb, hasara baxsın, biz isə hamımız qaçaq. Nastya da qaçır.

Sarışın qız (Nastya) əllərini yelləyə-yelləyə, dəli kimi qaçırdı, elə bil nə isə olmuşdu. Nəhayət, hamı bağın o biri başındakı gölün o tayına yığışdı. Velçaninov onlara çatanda gördü ki, Katerina Fedoseyevna bütün qızlarla, Nadya və Mariya Nikitişna ilə bərk mübahisə edir.

Nadya onu öpürdü:

– Katya, əzizim, hirslənmə!

– Yaxşı, anama demərəm, ancaq mən gedirəm, çünki bu heç yaxşı iş deyil, o yazıq, niyə orada hasarın yanında qalmalıdır!

Yazığı gəldiyi üçün o getdi, lakin qalan qızlar əvvəlki kimi rəhmsiz və amansız idi. Onlar Velçaninovdan qəti tələb etdilər ki, Pavel Pavloviç gələndə, guya heç bir şey olmayıbmış kimi, ona əhəmiyyət verməsin. «Biz isə gəlin gizlənqaç oynayaq!» – deyə sarışın qız şövqlə çığırdı.

Pavel Pavloviç azı on beş dəqiqədən sonra qayıtdı. Bunun üçdə ikisini, yəqin hasarın yanında durmuşdu. Gizlənqaç oyunu qızışmışdı, hamı çığırırdı, şənlənirdi. Qəzəbindən zəncir çeynəyən Pavel Pavloviç düz Velçaninovun üstünə getdi və yenə pencəyinin qolundan yapışdı.

– Bir dəqiqəliyə!

– Ah, pərvərdigara, bunun bir dəqiqələri nə vaxt qurtaracaq?

Onların ardınca qışqırdılar:

– Yenə yaylıq istəyir?

Pavel Pavloviçin dişləri bir-birinə dəyirdi:

– Bu dəfə siz elədiniz, indi siz elədiniz, siz səbəbkarsınız!..

Velçaninov onun sözünü kəsdi və sakitliklə məsləhət gördü ki, şənlənsin, yoxsa lap cırnadarlar: «Ona görə sizi cırnadırlar ki, hamı şənlənir, siz isə hirslənirsiniz». Onun təəccübünə rəğmən, sözləri və məsləhəti Pavel Pavloviçə bərk təsir elədi; o dərhal susdu və adamların yanına qayıtdı, günahkar adam kimi, itaətlə ümumi oyuna qoşuldu; sonra bir müddət ona toxunan olmadı, onunla da başqaları kimi oynadılar. Heç yarım saat keçməmişdi ki, o yenə demək olar ki, şənləndi. Bütün oyunlarda, lazım gəldikdə, o əsasən, xain sarışın qızı, ya da Zaxlebinina bacılarından birini özünə yoldaş seçirdi. Lakin Velçaninov bir şeyə çox təəccüb qalmışdı: Pavel Pavloviç həmişə Nadyanın yaxınlığında, həndəvərində dolanırdı, ancaq bir dəfə də olsun onunla danışmağa cəsarət etməmişdi. Hər halda qızın onu görməməsini və ona nifrət etməsini qanuni bir hal kimi qəbul edirdi. Lakin axıra yaxın yenə də onun başına oyun açdılar.

Gizlənqaç» oynayırdılar. Gizlənən adam gizlənmək üçün ayrılmış yerdə hara istəsə qaça bilərdi. Sıx bir kolluqda gizlənmiş, gözə sataşmamış Pavel Pavloviçin birdən ağlına gəldi ki, evə soxulsun. Səs-küy qalxdı; onu görmüşdülər; o, pilləkənlərlə tələsik antresola girdi, orada komodun dalında bir yer bilirdi, istəyirdi ki, orada gizlənsin. Lakin sarışın qız onun dalınca cumdu, barmaqları üstə qapıya yaxınlaşaraq, cəftəsini vurdu. O dəqiqə bayaqkı kimi, oyunu saxladılar, bağın o başındakı gölün o tərəfinə qaçdılar. On dəqiqə keçəndən sonra Pavel Pavloviç heç kəsin onu axtarmadığını görüb, pəncərədən baxdı. Heç kəs yox idi. O, valideynləri oyatmamaq üçün çığıra bilməzdi. Xidmətçi qıza və qulluqçuya da möhkəm tapşırmışdılar ki, Pavel Pavloviç çağırsa, nə cavab versinlər və nə də getsinlər. Qapını yalnız Katerina Fedoseyevna aça bilərdi, lakin o da öz otağına qayıdandan sonra xəyala dalmış və qəflətən yuxuya getmişdi. Beləliklə, o bir saatadək orada qaldı. Nəhayət, qızlar göründülər, guya təsadüfən, iki-iki, üç-üç buradan ötüb-keçməyə başladılar.

– Pavel Pavloviç, niyə bizim yanımıza gəlmirsiniz? Bilsəniz necə kef var! Biz teatr oynayırıq. Aleksey İvanoviç gənc adamın rolunu oynayır.

Ötüb-keçən başqa qızlar da dedilər:

– Pavel Pavloviç, niyə gəlmirsiniz, sizin üçün qızarmaq lazımdır.

Birdən yenicə yuxudan oyanmış, çay hazır olanadək bağa enib, «uşaq»ların oyununa tamaşa etmək qərarına gəlmiş xanım Zaxlebininanın səsi eşidildi.

– Yenə niyə qızarır?

– Pavel Pavloviçi deyirik, – qızlar qəzəbindən rəngi ağarmış, üz-gözü dəyişmiş, gülümsəyən Pavel Pavloviçin baxdığı pəncərəni göstərdilər.

Xanım başını buladı:

– Hamının belə deyib-güldüyü vaxtda təkbaşına evdə oturmağa necə də həvəsi var!

Bu ara Velçaninov, nəhayət, Nadyadan bayaq dediyi: «bir münasibətlə onun gəlişinə şaddır», – sözlərinin mənasını öyrəndi. İzahat xəlvət xiyabanda oldu. Mariya Nikitişna hansı bir oyunda isə iştirak edən və artıq bərk darıxmağa başlayan Velçaninovu bilə-bilə bu xiyabana gətirdi və onu Nadya ilə tək qoyub getdi.

– Mən tamamilə inandım ki, – deyə Nadya sözləri cəsarətlə və tez-tez yağdırmağa başladı, – siz heç də Pavel Pavloviçin, özünün öyündüyü kimi, dostu deyilsiniz. Mən əminəm ki, yalnız siz mənə çox böyük bir yaxşılıq eləyə bilərsiniz; onun bayaqkı iyrənc bilərziyini – o, qutunu cibindən çıxardı– mən sizdən acizanə xahiş eləyirəm, bunu təcili ona qaytarın, çünki özüm bundan sonra bütün həyatım boyu heç cür və heç zaman onunla danışmayacağam. Bunu mənim adımdan ona deyə bilərsiniz və əlavə edərsiniz ki, daha bir də hədiyyə-zad gətirməyə cəsarət eləməsin… Başqa məsələlər barəsində isə mən başqaları vasitəsilə xəbər göndərərəm. Mənim bu arzumu yerinə yetirə bilərsinizmi?

– Ah, siz allah, məni bu işə qoşmayın! – Velçaninov əlini yellədə-yellədə, az qala çığırdı.

– Necə! Necə yəni qoşmayın? – Onun rədd cavabı Nadyanı təəccübləndirdi, gözləri bərəldi. Qızın hazırladığı tədbir bir anda alt-üst oldu, o az qala ağlayacaqdı. Velçaninov güldü.

– Mən ona görə demirəm… mən çox şad olardım… mənim onunla öz haqq-hesabım var…

– Mən bilirdim ki, siz onun dostu deyilsiniz və o yalan deyir! – Nadya hərarətlə və tez onun sözünü kəsdi. – Mən heç zaman ona ərə getməyəcəyəm, bunu bilin! Heç zaman! Mən hətta başa düşmürəm ki, o necə buna cəsarət eləyib… Ancaq siz hər halda bu murdar bilərziyn ona qaytarmalısınız, yoxsa mən necə eləyim? Mən hökmən, hökmən istəyirəm ki, elə bu gün onu geri alsın və arxayın olmasın, həddini bilsin. Əgər o atama çuğulluq eləsə, onda görər başına nə oyun açıram.

Göy eynəkli, pırtdaşıq saçlı oğlan birdən, heç gözlənilmədən kolun dalından çıxdı.

– Siz bilərziyi ona verməlisiniz, – deyə o, qəzəblə Velçaninovun üstünə hücum çəkdi. – Əgər siz qadına hörmət etməyi bacarırsınızsa, təkcə qadının haqqını qorumaq naminə, bunu etməlisiniz…

Lakin o sözünü qurtara bilmədi. Nadya onun qolundan tutub, var gücü ilə dartdı və Velçaninovdan uzaqlaşdırdı.

– Pərvərdigara, siz nə qədər səfehsiniz, Predposılov! – deyə çığırdı. – Rədd olun! Gedin buradan, gedin, xəlvətcə söhbətimizə qulaq asmayın, mən sizə əmr eləmişdim uzaqda durasınız! – Qız ayaqlarını yerə döydü və gənc sivişib yenə kola girəndən sonra, özündən çıxmış halda, gözləri parıldaya-parıldaya, qollarını sinəsində çarpazlayıb, cığırın köndələninə gəzişdi.

– Siz bilmirsiniz, onlar necə səfehdirlər! – Birdən o, Velçaninovun qarşısında durdu, – bu sizə gülməli gəlir, amma mənim halımı təsəvvür eləyin!

Velçaninov güldü:

– Bu axı o deyil, o deyil?

– Əlbəttə, o deyil, həm də siz niyə belə fikirləşirsiniz?– Nadya qımışdı və qızardı. – Bu onun dostudur. Lakin o necə dostlar seçir, başa düşmürəm, orada hamı deyir ki, bu « gələcək mütəhərrikdir», mən isə heç bir şey başa düşmürəm…

Aleksey İvanoviç, mən heç kəsə müraciət edəsi deyiləm: axırıncı sözünüzü deyin: verərsiniz, ya yox?

Hə, yaxşı, verərəm, verin mənə.

– Ah, siz necə gözəl, necə xeyirxah adamsınız! – Qız sevinə-sevinə qutunu ona verdi. – Bunun əvəzində mən bütün axşamı sizin üçün oxuyacağam, çünki mən yaxşı oxuyuram, mən bayaq yalandan dedim ki, musiqini sevmirəm. Ah, əgər siz bir dəfə də bizə gəlsəydiniz, mən çox şad olardım və mən sizə hər şeyi, hər şeyi danışardım, bundan da çox danışardım, çünki siz çox xeyirxahsınız, çox mərhəmətlisiniz, Katya kimi!

Doğrudan da çay içmək üçün evə döndükləri zaman Nadya ona hələ tamam açılmamış, işlənməmiş, lakin çox xoş və güclü bir səslə iki romans oxudu. Adamlar bağdan qayıdanda Pavel Pavloviç valideynlərlə birlikdə təmkinlə çay stolunun arxasında oturmuşdu, böyük samovar stolun üstündə qaynayırdı, miras qalmış sevr saxsı çay fincanları stolun üstünə düzülmüşdü. Görünür, Pavel Pavloviç qocalarla çox ciddi şeylər barədə danışırdı, çünki o birisi gün doqquz aylığa gedirdi. Bağdan gələnlərə, xüsusilə Velçaninova heç gözünün ucu ilə baxmadı: o da hiss olunurdu ki, «çuğullamayıb», hələlik hər şey öz qaydasında idi.

Ancaq Nadya oxumağa başlayanda o da dərhal gəldi. Nadya onun bir sualına qəsdən cavab vermədi. Lakin bu, Pavel Pavloviçi nə pərt elədi, nə də tərəddüd içində qoydu; o, Nadyanın arxasında durdu. Onun bütün görkəmi deyirdi ki, bura onun yeridir və bu yeri o heç kəsə verməz.

Velçaninov özündən bədgümanlıqla royalın arxasına keçib, özü çalıb-oxumaq üçün oturduqda, royalın ətrafına toplaşmış qızlar bir ağızdan çığırışdılar:

– Aleksey İvanoviç oxuyacaq, maman, Aleksey İvanoviç oxumaq istəyir.

Qocalar da, onlarla oturub, çay süzən Katerina Fedoseyevna da gəldilər.

Velçaninov Qlinkanın indi demək olar ki, heç kəsə məlum olmayan məşhur bir romansını oxudu:

Fərəhlə ağzını hər açanda sən.

Sanıram xoş səsli bir göyərçinsən.

O, üzünü az qala dirsəyi toxunan Nadyaya tutub, oxuyurdu. Onun səsi yox idi, ancaq hiss olunurdu ki, bir vaxtlar səsi pis olmayıb. Bu romansı Velçaninov ilk dəfə iyirmi il bundan əvvəl, hələ tələbəlik vaxtları, mərhum bəstəkarın dostlarından birinin evində ədəbi-artist subaylar məclisində Qlinkanın öz dilindən eşitmişdi. Vəcdə gəlmiş Qlinka bütün sevimli əsərlərini, o cümlədən bu romansı da çalıb oxumuşdu. O zaman onun da səsi qalmamışdı, lakin bu romansın fövqəladə təsiri Velçaninovun yadından çıxmırdı. Hər hansı məharətli salon müğənnisi belə bu təsiri heç zaman oyada bilməzdi. Bu romansda gərgin bir ehtiras vardı, o hər misrada, hər sözdə yüksəlir və artırdı: məhz bu qeyri-adi gərginliyin gücündəndir ki, kiçik bir saxtalıq, cüzi bir mübaliğə və xariclik – bunlara operada asanlıqla yol verilirdi – bütün mənanı məhv və təhrif edə bilərdi. Bu kiçik, lakin qeyri-adi əsəri oxumaq üçün hökmən həqiqət, hökmən əsl ilham, əsl ehtiras, yaxud əsl poetik qabiliyyət lazım idi. Əks təqdirdə romans nəinki pis çıxar, hətta eybəcər, az qala ədəbsiz görünə bilərdi. Ehtiraslı hissin belə gərgin gücünü göstərməklə nifrət oyatmamaq mümkün deyildi, lakin həqiqət və sadədillik onu xilas edirdi. Velçaninov xatırlayırdı ki, bu romansı oxumaq bir vaxt onun özünə də müyəssər olmuşdu. O, Qlinkanın oxumaq tərzini demək olar ki, mənimsəmişdi; lakin indi ilk səsdən, ilk misradan başlayaraq onun qəlbində həqiqi ilham oyandı və səsində titrədi. Romansın hər bir sözü ilə hiss daha güclü, daha rəvan axır və aşkara çıxırdı, son misralarda ehtirasın çığırtısı eşidilirdi. O, parıldayan gözlərini Nadyaya zilləyib, romansın axırıncı sözlərini:

 
Heyrətlə baxır
gözüm gözünə,
Səbrim yox qulaq
asam sözünə;
İstərəm öpəm,
öpəm, öpəm.
İstərəm öpəm,
öpəm, öpəm. –
 

oxuyarkən Nadya demək olar ki, qorxudan diksindi, hətta azca geri çəkildi; yanaqları qızardı və həmin anda Velçaninov onun həyalı və demək olar ki, çaşqın sifətində bir rəğbət ifadəsinin oynadığını gördü. Onu dinləyən bütün qızların üzündə bir heyranlıq və eyni zamanda bir anlaşılmazlıq vardı; Hamıya sanki elə gəlirdi ki, belə mahnı oxumaq olmaz, ayıbdır, ancaq eyni zamanda, bütün bu sifətlər və gözlər yanır və sanki nə isə gözləyirdi. Bu sifətlər içərisində Katerina Fedoseyevnanın füsunkar sifəti Velçaninovun nəzərinə sataşdı.

– Amma ay romansdır ha! – deyə özünü bir qədər itirmiş qoca Zaxlebinin mızıldandı, – lakin… çox güclü deyilmi? Xoşdur, lakin güclüdür…

– Güclüdür… – xanım Zaxlebinina da dillənmək istədi, lakin Pavel Pavloviç onun sözünü yarımçıq qoydu; o birdən qabağa cumdu və başına hava gəlmiş adam kimi özünü tamam unudaraq, Nadyanın qolundan yapışdı, onu Velçaninovdan uzağa çəkdi, sonra Velçaninovun yanına gəlib, özünü itirmiş halda ona baxdı, əsən dodaqları tərpəndi:

– Bir dəqiqəliyə, – nəhayət güclə deyə bildi. Velçaninov gördü ki, bir dəqiqə də keçsə, bu cənab bundan on qat artıq axmaqlıq eləyə bilər; tez onun qolundan tutdu və hamının heyrətinə baxmayaraq, onu balkona çıxartdı, hətta onunla birlikdə bir neçə addım, demək olar ki, artıq tamam qaranlıq çökmüş bağa tərəf getdi. Pavel Pavloviç dedi:

– Başa düşürsünüzmü ki, siz bu saat, elə bu dəqiqə mənimlə getməlisiniz!

– Yox, başa düşmürəm…

– Yadınızdadırmı, – deyə Pavel Pavloviç qəzəbli-qəzəbli sözünə davam etdi, – yadınızdadırmı, siz o zaman məndən tələb edirdiniz ki, mən hər şeyi, «axırıncı sözü» açıb deyim, yadınızdadırmı? Hə, indi bu sözün vaxtı çatmışdır… Gedək!

Velçaninov fikirləşdi, bir də Pavel Pavloviçə baxıb, getməyə razılaşdı.

Onların qəflətən getmək xəbəri valideynləri narahat etdi, qızları isə çox qəzəbləndirdi.

– Heç olmasa, bir fincanda çay içəydiniz – m-me Zaxlebinina gileyləndi.

– Sən də niyə həyəcanlanırsan? – deyə qoca ciddi və narazı bir tərzdə, gülümsəyən və susan Pavel Pavloviçə müraciət etdi.

– Pavel Pavloviç, niyə Aleksey İvanoviçi aparırsınız! – deyə qızlar şikayətləndilər, onlar Pavel Pavloviçə qəzəblə baxırdılar. Nadya isə ona elə tərs-tərs baxdı ki, o tamam büzüşdü, lakin təslim olmadı.

– Doğrudan da Pavel Pavloviç çox sağ olsun ki, mənə olduqca mühüm bir işi xatırlatdı, yoxsa yadımdan çıxacaqdı.

Velçaninov gülə-gülə ev sahibinin əlini sıxdı, ev sahibəsinə, qızlara və xüsusilə Katerina Fedoseyevnaya təzim etdi; bunu da yenə hamı gördü.

Zaxlebinin ciddi bir tərzdə dedi:

– Gəlişiniz üçün sizə minnətdarıq və gözümüz üstə həmişə yeriniz var.

Ailənin anası da ona qoşuldu:

– Ah, nə qədər şadıq…

Velçaninov Pavel Pavloviçlə kolyaskaya əyləşəndə, balkondan çoxlu səslər eşidildi:

– Yenə gəlin, Aleksey İvanoviç, yenə gəlin!

Bu səslərin içərisində elə bil: «Yenə gəlin, əzizim, əzizim Aleksey İvanoviç!» deyə başqalarının səsinə nisbətən yavaş çıxan bir səs çatışmırdı.

«Bu sarışın qızdır!» – deyə Velçaninov fikirləşdi.

XIII
KİMİN TƏRƏFİNDƏ ÇOXDUR

O, sarışın qız barədə düşünə bilərdi, ancaq dilxorçuluq və peşmançılıq çoxdan ürəyini üzürdü. Üstəlik sanki şən keçirdiyi bütün bu gün ərzində kədər onu demək olar ki, tərk etməmişdi. Romans oxumamışdan qabaq, heç bilmirdi ki, başına nə çarə qılsın, bəlkə də ona görə belə həvəslə oxumuşdu.

«Gör mən necə alçaldım… Hər şeydən uzaq düşdüm! – O özünü məzəmmət etməyə başlamışdı, ancaq tez bu fikri özündən uzaqlaşdırdı. Bir də ağlamaq ona həqarətli göründü; bir başqasına hirslənmək daha xoş idi.

O, kolyaskada onunla yanaşı oturub, susan Pavel Pavloviçə çəpəki nəzər salıb, qəzəblə pıçıldadı:

– Səfeh!

Pavel Pavloviç inadla susurdu, bəlkə də o, diqqətini toplayır, danışmağa hazırlaşırdı. O, bəzən hövsələsiz halda şlyapasını çıxarır, yaylıqla alnının tərini silirdi.

– Tərləyir! – Velçaninov qəzəblənirdi.

Pavel Pavloviç ancaq bir dəfə sürücüyə sualla müraciət etdi. «Tufan olacaq, ya yox?»

– Olacaq, özü də necə? Hökmən olacaq; bütün günü göydən od yağıb. – Doğrudan da göyün üzü qaralır, uzaqda şimşək çaxırdı. On birin yarısında şəhərə çatdılar.

Evə yaxınlaşanda Pavel Pavloviç Velçaninova dedi:

– Mən sizə gedirəm.

– Başa düşürəm; ancaq mən sizə xəbərdarlıq eləyirəm, özümü çox pis hiss eləyirəm…

– Çox oturmayacağam, çox oturmayacağam!

Darvazadan içəri girdikdə, Pavel Pavloviç bir dəqiqəliyə Mavranın yanına yüyürdü.

Pavel Pavloviç qayıdıb özünü ona çatdırdı, otağa girdikləri zaman Velçaninov ciddi bir tərzdə soruşdu:

– Oraya nəyə getmişdiniz?

– Heç, elə-belə… faytonçu…

– Mən sizi içməyə qoymayacağam!

Cavab çıxmadı. Velçaninov şamı yandırdı, Pavel Pavloviç isə dərhal kresloda oturdu. Velçaninov qaşqabaqlı halda onun qarşısında durdu.

– Sizə vəd vermişdim ki, mən də öz «axırıncı» sözümü deyəcəyəm, – o, daxili, daha da boğulmuş bir əsəbiliklə sözə başladı, – o söz budur: mən vicdanən belə hesab edirəm ki, bizim aramızda haqq-hesab qurtarmışdır, ona görə də indi danışmalı heç bir şey yoxdur, eşidirsinizmi, heç bir şey; buna görə yaxşı olardı ki, siz bu saat çıxıb gedəsiniz, mən də qapını dalınızca bağlayım.

– Gəlin haqq-hesabı çürüdək, Aleksey İvanoviç! – Pavel Pavloviç xüsusi bir mülayimliklə Velçaninovun gözlərinə baxdı.

– Haqq-hesabı çürüdək? – Velçaninov çox təəccübləndi. – Qəribə söz dediniz! Nə «haqq-hesab?» Bəlkə bayaq vəd etdiyiniz «axırıncı sözünüz» budur?

– Elədir ki var.

– Bizim daha çürütməli heç bir haqq-hesabımız yoxdur, çoxdan çürütmüşük. – Velçaninov qürurla cavab verdi.

Pavel Pavloviç təsirli bir səslə dedi:

– Doğrudanmı siz belə güman eləyirsnniz? – O, barmaqlarını daraqlayaraq, qollarını qəribə bir şəkildə sinəsinin qabağında tutdu. Velçaninov ona cavab vermədi, otaqda gəzişməyə başladı. Onun qəlbində sızıltı vardı: «Liza? Liza?»

Xeyli sükutdan sonra Velçaninov qaşqabağını tökərək, ona müraciət etdi:

– Siz haqq-hesabı necə çürütmək istəyirsiniz?

Pavel Pavloviç bu müddətdə qollarını yenə əvvəlki kimi sinəsinin qabağında tutaraq, Velçaninovu gözləri ilə müşayiət edirdi. O, yalvarıcı bir səslə, demək olar ki, pıçıltı ilə dedi:

– Oraya daha getməyin. – Və birdən stuldan qalxdı. Velçaninov acı-acı gülümsədi:

– Necə? Sizin deyəcəyiniz yalnız budur? Bu gün siz məni çox təəccüb qoydunuz! – O, qəzəblə sözə başladı, ancaq birdən sifəti dəyişdi. – Mənə qulaq asın, – o, qəmgin və dərin, səmimi bir hisslə dedi, – mən belə hesab edirəm ki, özümü heç vaxt, heç nə ilə bugünkü kimi alçaltmamışam; əvvəla, ona görə ki, sizinlə getməyə razılıq verdim, sonra da oradakı əhvalatlar… Bu o qədər xırda, o qədər acınacaqlı idi ki… mən özümü rüsvay etdim, alçaltdım… yaddan çıxardım ki… Danışmağa dəyməz! – O birdən özünü ələ aldı, – mənə baxın, siz bu gün məni qəflətən yaxaladınız, mən əsəbi və xəstə idim… bir də özümü təmizə çıxarmağa dəyməz! Oraya mən bir də getməyəcəyəm, inandırıram sizi ki, orada mənim heç bir marağım yoxdur. – O, sözünü qətiyyətlə qurtardı.

– Doğrudanmı, doğrudanmı? – deyə Pavel Pavloviç sevincini, həyəcanını gizlətmədən çığırdı, Velçaninov nifrətlə ona baxıb, yenə otaqda gəzişməyə başladı.

Velçaninov axır ki, özünü saxlaya bilmədi:

– Siz deyəsən, qət etmişsiniz ki, nəyin bahasına olursa-olsun, xoşbəxt olasınız?

– Boli, – deyə Pavel Pavloviç sakitcə, sadəlövhlüklə təsdiq etdi.

«Mənə nə var axı, – deyə Velçaninov öz-özünə fikirləşirdi, – o ancaq səfehliyinə görə təlxəklik eləyir, hirslənir! Ancaq mən hər halda ona nifrət etməyə bilmirəm, hərçənd ki buna dəyməz!»

– Mən «həmişəlik ərəm!» – Pavel Pavloviç rəzil, itaətkar bir rişxəndlə özünə güldü, – mən bu sözü çoxdan sizdən eşitmişəm, Aleksey İvanoviç; hələ bizim evdə yaşadığınız vaxt, həmin il dediyiniz çox sözünüz yadımdadır. Keçən dəfə siz burada «həmişəlik ər» deyəndə, mən başa düşdüm. – Mavra bir butulka şampanski və iki stəkan gətirdi.

– Bağışlayın, Aleksey İvanoviç, bilirsiniz ki, mən bunsuz bacarmıram. Bunu hörmətsizlik hesab eləməyin; mənə kənar və sizin tayınız olmayan bir adam kimi baxın.

– Bəli… – Velçaninov ikrahla icazə verdi, – lakin sizi inandırıram ki, mən özümü pis hiss edirəm…

– Bu saat, bu saat, bircə dəqiqə! – Pavel Pavloviç əl-ayağa düşdü, – bircə stəkan, çünki boğazım…

O, stəkanı acgözlüklə, birnəfəsə başına çəkib oturdu, az qala mehriban-mehriban Velçaninova baxdı. Mavra getdi.

– Alçaqlığa bir bax! – Velçaninov pıçıldadı.

– Yalnız rəfiqələri, – birdən Pavel Pavloviç tamam dirçəldi, gümrahlaşdı.

– Necə? Nə? Siz hələ də onlar…

– Ancaq rəfiqələri! Özü də hələ elə cavan; gözəllikdən dəcəllik eləyir. Bu hətta xoşdur, sonra, sonra özünüz bilirsiniz: onun qulu olacağam; hörmət görəcək, cəmiyyət görəcək… tamam yenidən tərbiyə olunacaq.

«Bilərziyi özünə qaytarmaq lazımdır!» – Velçaninov paltosunun cibində qutunu əlləşdirərək, qaşqabağını tökdü.

– Siz deyirsiniz ki, mən xoşbəxt olmağı qərara almışam? Mən evlənməliyəm, Aleksey İvanoviç, – Pavel Pavloviç əsrarəngiz və demək olar ki, təsirli bir halda sözünə davam etdi, – yoxsa axırım necə olar? Özünüz görürsünüz! – O, butulkaya işarə elədi, – bu ancaq keyfiyyətlərimin yüzdə biridir. Mən evlənməsəm, yeni inamım olmasa, yaşaya bilmərəm. İnam gətirərəm və dirilərəm.

– Bunları mənə niyə deyirsiniz? – Velçaninov az qala güləcəkdi. Bütün bu söhbətlər ona qəribə gəlirdi. – Axı deyin görüm, – Velçaninov çığırdı, – məni oraya niyə aparmışdınız? Mən orada nəyinizə lazımdım?

– Yoxlamağa aparmışdım.... – Pavel Pavloviç birdən sıxıldı.

– Nəyi yoxlamağa?

– Təsirini… Bilirsinizmi, Aleksey İvanoviç, mən cəmi bir həftədir ki… orada axtarıram (o getdikcə daha da sıxılırdı). Dünən sizə rast gəldim və fikirləşdim: «mən axı qızı hələ yad adamların arasında, daha doğrusu, kişi yanında görməmişəm…» Axmaq fikirdir, indi özüm hiss edirəm, artıq şeydir. Ancaq çox istəyirdim, bu mənim murdar xasiyyətimdən irəli gəlirdi… – O birdən başını qaldırdı və qızardı.

«Doğrudanmı onun dediklərinin hamısı həqiqətdir?» – Velçaninov heyrətindən donub qalmışdı.

– Hə, nə olsun ki?

Pavel Pavloviç şirin-şirin, bic-bic gülümsündü.

– Yalnız füsunkar uşaqlıq! Hamısını eləyən rəfiqələridir! Aleksey İvanoviç, məni bu gün sizin qarşınızdakı axmaq hərəkətimə görə bağışlayın, daha heç zaman eləmərəm, daha heç zaman belə şey olmayacaq.

Velçaninov gülümsündü.

– Mən də daha orada olmayacağam.

– Mən də elə bu barədə deyirəm. Velçaninov azca qabardı.

– Ancaq dünyada təkcə mən deyiləm ki, – əsəbiliklə dedi. Pavel Pavloviç qızardı.

– Bunu eşitmək mənim üçün ağırdır, Aleksey İvanoviç, ancaq inanın, mən Nadejda Fedoseyevnanın xətrini çox istəyirəm…

– Bağışlayın, bağışlayın, mən heç bir şey istəmirəm, mənə ancaq bir şey qəribə gəlir: siz mənim bacarığımı həddindən artıq şişirdirsiniz… Həm də mənə elə ürəkdən arxayın olursunuz…

– Məhz ona görə arxayın idim ki, bu, bütün olub-keçənlərdən sonra idi.

– Deməli, belə çıxır ki, siz indi də məni nəcib adam hesab edirsiniz? – Velçaninov birdən durdu. Başqa vaxt olsaydı, qəflətən verdiyi bu sualın sadəlövhlüyündən dəhşətə gələrdi.

– Həmişə belə hesab etmişəm, – Pavel Pavloviç başını aşağı saldı.

– Əlbəttə, aydındır… mən onu yox, daha doğrusu, o mənada demirəm, mən demək istəyirdim ki, heç bir… qabaqcadan yaranmış mənfi rəyə baxmadan…

– Bəli, qabaqcadan yaranmış heç bir rəyə baxmadan…

– Bəs Peterburqa gələndə necə? – Velçaninov çox yetiklik elədiyini hiss eləsə də özünü saxlaya bilmədi.

– Peterburqa gələndə də sizi ən nəcib adam hesab edirdim. Mən sizə həmişə hörmət eləmişəm, Aleksey İvanoviç, – Pavel Pavloviç başını qaldırıb, qətiyyən çəkinmədən düşməninə baxdı. Velçaninov birdən qorxuya düşdü; o qətiyyən istəmirdi ki, bir şey olsun, ya da bir şey həddini aşsın, xüsusilə ona görə ki, söhbəti özü başlamışdı.

– Mən sizi sevirdim, Aleksey İvanoviç, – Pavel Pavloviç elə bil birdən ürəklənmişdi – T.-də qaldığınız il sizi sevmişəm. Siz bunu hiss etmirdiniz. – Onun səsi azca titrəyirdi, bu Velçaninovu dəhşətə gətirdi. – Sizinlə müqayisədə mən çox aşağı idim, ona görə, siz bunu sezmədiniz. Bəlkə də heç lazım deyildi. Bütün bu doqquz ili mən sizi xatırlamışam, çünki həyatımda o ilki kimi il görməmişəm. (Pavel Pavloviçin gözləri qəribə tərzdə işıldadı.) Mən sizin çox sözlərinizi, fikirlərinizi yadda saxlamışam. Mən sizi çox xeyirxah hissli, savadlı bir adam kimi xatırlamışam, çox savadlı və düşüncəli bir adam kimi. «Böyük fikirlər böyük zəkadan yox, böyük hissdən doğur». – Bunu siz özünüz demisiniz, bəlkə yadınızdan çıxıb, amma mənim yadımdadır. Mən sizə həmişə, böyük hissə malik bir adam kimi güvənmişəm və demək, inanmışam, heç bir şeyə baxmayaraq. – Onun çənəsi birdən əsdi. Velçaninov bərk qorxuda idi; bu gözlənilməz söhbəti kəsmək lazımdı.

– Bəsdir, xahiş edirəm, Pavel Pavloviç, – o pörtərək əsəbi bir səbirsizliklə mızıldandı, – bir də niyə, axı niyə, – birdən çığırdı, – xəstə, əsəbi, az qala sayıqlayan bir adamdan əl çəkmirsiniz, niyə onu bu zülmətə çəkirsiniz… halbuki, hər şey kabus, sərabdır, yalandır, abırsızlıqdır, qeyri-təbiidir, özü də əndazəsiz, əsas məsələ də elə budur, əndazəsiz olması, hər şeydən, biabırçıdır!.. Hamısı da cəfəngiyatdır; biz ikimiz də qüsurlu, sirli, çirkin adamlarıq… istəyirsinizmi, istəyirsinizmi mən bu saat sizə isbat edim ki, siz məni nəinki sevmirsiniz, bəlkə mənə hədsiz nifrət edirsiniz, amma siz özünüz də bilmədən yalan danışırsınız. Siz məni oraya heç də nişanlınızı yoxlamaq kimi gülməli bir məqsəd üçün aparmamışdınız. (Gör ağlınıza nə gəlir!) Ona görə aparmışdınız ki, dünən məni görüb qəzəblənmişdiniz və məni oraya aparmışdınız ki, qızı mənə göstərib deyəsiniz: «Görürsünüzmü nə qiyamətdir! Mənim olacaq, indi hünərin var giriş!» Siz mənə meydan oxuyurdunuz! Belə bunu siz özünüz bilmirdiniz, ancaq belədir, çünki siz bunu hiss edirdiniz… Nifrət olmadan isə belə meydan oxumaq olmaz. Demək, siz mənə nifrət edirdiniz! – O bunları deyə-deyə, otaqda o yan-bu yana vurnuxurdu. Ona daha çox əzab verən və incidən özünün Pavel Pavloviçin səviyyəsinə enməsini dərk etməsi idi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации