Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 11

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 11 (всего у книги 30 страниц)

Шрифт:
- 100% +
V

Bu, mənim xəstəliyimin ikinci və sonuncu dövrü oldu.

Gözümü açanda mənə tərəf əyilmiş bir uşaq üzü gördüm, o da mən yaşda olardı, hərəkətə gələn kimi əlimi ona uzatdım. İlk nəzərdən sanki bütün qəlbim sevinc, şirin bir hiss ilə doldu. Siz təsəvvürünüzə insanı heyran edən, parlaq gözəllik nümunəsi olan, son dərəcə qəşəng bir uşaq sifəti gətirin. Elə bir sifət ki, onu görəndə ürəyindən vurulmuş kimi, xoş bir utancaqlıqla yerindəcə donub qalırsan. Sən onun varlığına sevinirsən, sevinirsən ki, onu görmüsən, o sənin yanından ötüb. Bu, knyazın qızı Katya idi; o, Moskvadan təzəcə qayıtmışdı. Katya mənim hərəkətimi görüb gülümsündü. Şirin bir sevinc hissindən zəif əsəblərim sızıldadı.

Knyajna iki addımlıqda dayanıb həkimlə söhbət edən atasını çağırdı.

– Hə, şükür allaha, şükür allaha! – deyə knyaz əlimdən tutdu. Onun üzündə səmimi bir hiss əks etdi, – çox şadam, – o, adəti üzrə tez-tez təkrar etdi. – Bu da mənim qızımdır, adı da Katyadır, tanış olun, bu da sənin rəfiqən. Tezliklə sağal, Netoçka, yaman qızsan, məni bərk qorxutdun!..

Mən sürətlə sağalmağa başladım. Bir neçə gündən sonra artıq durub gəzirdim. Hər gün səhər Katya təbəssümlə, gülə-gülə yanıma gəlirdi. Onun gəlişini mən bir səadət kimi gözləyirdim; mən onu qucaqlayıb öpmək istəyirdim! Lakin bu şıltaq qız yanımda bir neçə dəqiqədən artıq qalmırdı; çünki bir yerdə rahat otura bilmirdi. həmişə hərəkət etmək, yüyürmək, tullanmaq, səs salıb gurultu qoparmaq onun üçün bir zəruriyyət idi. Elə buna görə də ilk gəlişindən mənə bildirdi ki, yanımda oturmaqdan çox darıxır. Buna görə də gec-gec gələcək, bunu da ancaq mənə yazığı gəldiyi üçün eləyir, – daha çarəsi yoxdur, gəlməsə olmaz, ancaq sağalandan sonra işlərimiz yaxşı olacaq. Bunun üçün də hər səhər yanıma gələndə ilk sözü bu olurdu:

– Hə, sağalmısanmı?

Mən hələ çox arıq və solğun olduğumdan qəmli sifətimdə təbəssüm güclə sezilirdi, buna görə də knyajna o dəqiqə qaşlarını çatıb, başını bulayaraq, təəssüflə ayağını yerə vururdu:

– Axı mən sənə dünən dedim ki, yaxşılaşasan! Necə? Olmaya sənə yemək vermirlər?

– Hə, az verirlər, – deyə qorxa-qorxa cavab verirdim, çünki özümü onun yanında itirirdim. Mən bütün varlığımla çalışırdım ki, mümkün qədər ona xoş gəlim, buna görə də hər sözümdən, hər hərəkətimdən ehtiyat edirdim. Onun gəlişi məni get-gedə daha artıq sevindirirdi. Gozlərimi ondan çəkmirdim. Hətta o gedəndən sonra belə bəzən əfsunlanmış kimi gözlərimi onun dayandığı yerə zilləyirdim. O mənim yuxuma da girməyə başladı. Oyaq olan vaxtlarımda isə o olmayanda xəyalən onunla söhbət edir, onun yoldaşı olur, onunla bir yerdə nadinclik eləyir, bir şeyin üstündə bizi danlayanda onunla birlikdə ağlayırdım. – Bir sözlə, aşıq olmuş adamlar kimi, bütün xəyallarım onunla idi. Mən tezliklə sağalmaq və onun məsləhət etdiyi kimi kökəlmək arzusunda idim.

Buna görə də görürdün ki, Katya səhər yüyürə-yüyürə yanıma gəlib: «Hələ sağalmamısan? Yenə də arıqsan!» – deyə qışqıranda mən təqsirkar adam kimi qorxurdum. Mənim bir günün ərzində sağalıb dura bilmədiyimi görən Katyanın təəccübündən də ciddi bir şey yox idi; bu səbəbdən də axırda o, təngə gəlib, doğrudan da hirslənməyə başlamışdı.

– Yaxşı, istəyirsən bu gün sənin üçün piroq gətirim? – deyə o bir dəfə məndən soruşdu. – Ye, onda tezliklə kökələrsən.

– Gətir, – dedim, mən onu bir də görəcəyimə sevindim. Knyajna halımı soruşandan sonra, adətən qarşımdakı stulda oturur və qara gözlərini mənə zilləyirdi. Elə birinci gündən, mənimlə tanış olan kimi, o hər dəqiqə məni təpədən-dırnağa qəribə bir sadəlovhlüklə süzürdü. Ancaq nədənsə söhbətimiz tutmurdu. Mən ürəyimdə onunla söhbət etmək həsrətində olsam da Katyanı görəndə sıxılır və onun kəskin hərəkətlərindən özümü itirirdim.

– Niyə danışmırsan? – Katya bir qədər susandan sonra soruşdu.

– Atan neyləyir? – Mən söhbətə başlamağa bir söz tapdığım üçün sevindim.

– Pis deyil. Atam yaxşıdır. Mən bu gün bir fincan əvəzinə iki fincan çay içmişəm. Bəs sən neçəsini içmisən?

– Birini.

Yenə susdu.

– Bu gün Falstaf az qala məni qapacaqdı.

– O, itdir?

– hə, itdir. Məgər görməmisən?

– Yox, görmüşəm.

– Bəs onda niyə soruşursan?

Mən nə cavab verəcəyimi bilmədim. Knyajna mənə təəccüblə baxdı.

– Necə məgər? Mən səninlə söhbət edəndə xoşuna gəlir?

– Hə, çox xoşuma gəlir, tez-tez gəl.

– Elə mənə də deyirdilər ki, sənin yanına gəlsəm, ürəyin açılar. Onda tez dur də! Bu gün sənə hökmən piroq gətirəcəyəm. Bəs niyə danışmırsan?

– Elə-belə.

– Yəqin sən çox fikirləşirsən?

– Hə, çox fikirləşirəm.

– Amma mən deyirlər ki, guya çox danışıram, az fikirləşirəm. Məgər danışmaq pisdir?

– Yox. Sən danışanda mən sevinirəm.

– Hə, madam Leotardan soruşaram, o hər şeyi bilir. Bəs sən nə barədə fikirləşirsən?

Mən bir qədər fikirləşib dedim:

– Sənin barəndə fikirləşirəm. Xoşuna gəlir?

– Hə.

– Deməli, məni sevirsən?

– Hə.

Amma mən hələ səni sevmirəm. Yaman arıqsan! Sənə hökmən piroq gətirəcəyəm. Yaxşı, sağlıqla qal! Knyajna məni tələsik öpüb otaqdan çıxdı. Ancaq nahardan sonra, doğrudan da, piroq gətirdi. O, yüyürə-yüyürə otağa girdi. Özü də mənim üçün qadağan edilmiş yemək gətirə bildiyinə görə, sevincindən dəli kimi qəhqəhə çəkirdi.

– Çox ye, yaxşı-yaxşı ye, bu mənim piroqumdur, özüm yeməyib sənə gətirdim. De sağlıqla qal! – deyib bir anda gözdən itdi.

Başqa bir dəfə, yenə nahardan sonra, qeyri-adi vaxtda yüyürə-yüyürə yanıma gəldi. Elə bil qara tellərini külək vurub dağıtmışdı, yanaqları lalə kimi yanırdı, gözləri parıldayırdı, bu o demək idi ki, azı iki saatdan çox yüyürüb, atılıb-düşmüşdü:

– Sən volan55
  Oyun aləti


[Закрыть]
oynaya bilirsən? – O, tövşüyə-tövşüyə tələsik soruşdu.

– Yox, – deyə cavab verdim. Mən çox təəssüf edirdim ki, hə deyə bilmirəm.

– Ay səni! Eybi yoxdur. Sağalandan sonra öyrədərəm. Elə bunun üçün gəlmişdim. İndi madam Leotarla oynayıram. Sağlıqla qal, məni gözləyirlər.

Nəhayət, mən yataqdan qalxdım, ancaq hələ zəif və gücsüz idim. İlk məqsədim o idi ki, daha bir də Katyadan ayrılmayım. Ona baxmaqdan doymurdum. Bu, Katyanı təəccübləndirirdi. Ona olan meylim elə güclü idi ki, mən bu hissimi elə qızğınlıqla büruzə verirdim ki, Katya bunu hiss etməyə bilməzdi, buna görə də mənim bu hissim ilk vaxtlarda ona çox qəribə görünürdü. Yadımdadır, bir dəfə biz bir oyun oynayırdıq, mən dözə bilməyib onun boynunu qucaqladım və öpməyə başladım. O, qollarımın arasından çıxıb, əllərimdən yapışdı, qaşlarını çatdı, elə bil onu incitmişdim. O məndən soruşdu:

– Nə eləyirsən? Məni niyə öpürsən?

Mən pərt oldum. Təqsirkar adamlar kimi onun bu tələsik suallarından diksindim və heç nə deyə bilmədim. Knyajna təəccüb əlaməti olaraq, çiyinlərini dartdı (bu hərəkət onda bir adət şəklinə düşmüşdü), yumru dodaqlarını ciddi bir dövrdə büzüb oyunu buraxaraq, divanın küncündə oturdu. Oradan nə haqda isə fikirləşə-fikirləşə xeyli məni süzdü, sanki başında gözlənilmədən yaranmış yeni bir məsələni həll etməyə çalışırdı. O, çətinliyə düşəndə həmişə belə edərdi. Bu da onun adətlərindən biri idi. Mən də onun xasiyyətindəki bu kəskin dönüşlərə uzun müddət alışa bilmirdim.

İlk vaxtlarda mən özümü təqsirləndirirdim, deyirdim ki, həqiqətən də məndə qəribə cəhətlər çoxdur. Bu, doğru olsa da, hər halda bir sirr mənə əzab verirdi: görəsən, niyə mən ilk dəqiqədən Katya ilə dostlaşa bilmədim, nə üçün ona əvvəldən xoş gələ bilmədim. Bu müvəffəqiyyətsizliyim mənə böyük əzab verirdi, məni təhqir edirdi. Buna görə də Katyanın düşünmədən dediyi hər sözdən, onun hər şübhəli baxışından ağlamaq istəyirdim. Lakin mənim dərdim günbəgün deyil, saatbasaat artırdı. Çünki Katya hər işdə belə sürətli və cəld idi. Bir neçə gündən sonra mən hiss etdim ki, tamamilə gözündən düşmüşəm. Hətta mənə nifrət etməyə başlamışdı. Bu qızın bütün işləri belə tələsik və kəskin olurdu. Hətta bəzən deyə bilərdim ki, kobud olurdu. Şübhəsiz, əgər onun bu ildırım sürətli dəyişikliklərində əsl nəcib bir gözəllik olmasaydı, buna kobudluq demək olardı. Əvvəlcə o məndən şübhələnməyə başladı, bir az sonra nifrət etdi. Deyəsən, bunun səbəbi mənim heç bir oyun oynaya bilməməyim idi. Knyajna oynamağı, yüyürməyi çox sevirdi, o, sağlam, dəcəl və cəld bir qız idi; mən isə tamamilə əksinə. Mən hələ xəstəlikdən sonra çox zəif idim, sakit və dalğın olurdum: oyun mənə ləzzət vermirdi; bir sözlə, məndə Katyanın xoşuna gələn heç bir xüsusiyyət yox idi. Bundan başqa, məndən bir adamın xoşu gəlməyəndə heç özüm də buna dözə bilmirdim; o dəqiqə kədərlənirdim, ruhdan düşürdüm, daha öz səhvimi düzəltməyə və özüm haqda yaranmış pis rəyi aradan qaldırmağa gücüm qalmırdı, – bir sözlə, tamamilə məhv olub gedirdim. Bunu Katya heç cür başa düşə bilmirdi. İlk vaxtlarda o hətta məndən qorxurdu, mənə təəccüblə baxırdı, bəzən görürdün ki, öz adəti üzrə bir saat əlləşib mənə volan oynamağı öyrətməyə çalışır, ancaq heç nə çıxmırdı. Mən də o dəqiqə kədərlənib doluxsunduğum üçün iki-üç dəfə mənim haqqımda fikirləşdikdən sonra nə məndən, nə də öz fikirlərindən bir aydınlıq hasil edərək, nəhayət, məni tamam atdı və özü tək oynamağa başladı. O daha məni oynamağa çağırmırdı, hətta elə vaxt olurdu ki, səhərdən axşamacan bir kəlmə də olsun mənimlə danışmırdı. Bu mənə elə ağır təsir bağışlayırdı ki, mən onun etinasızlığına güclə davam gətirirdim. Bu kimsəsizlik mənə əvvəlkindən daha ağır gəlirdi, buna görə də mən yenə qüssələnməyə, fikir çəkməyə başladım, ürəyimə yenə də cürbəcür qara fikirlər doldu. Bizə nəzarət edən madam Leotar bizim münasibətimizdə əmələ gəlmiş dəyişikliyi hiss etdi. Onun qarşısına ilk dəfə mən çıxdığım üçün və mənim bu təkliyim onu təəccübləndirdiyi üçün o, birbaşa knyajnaya müraciət etdi, onu anlamağa başladı ki, mənimlə rəftar edə bilmir. Knyajna qaşlarını çatdı və çiyinlərini ataraq dedi ki, mənimlə onun heç bir işi yoxdur, mən oynaya bilmirəm, elə hey nə barədə isə fikirləşirəm. Buna görə də Moskvadan qayıtmalı olan qardaşı Saşanı gözləyəcəkdir. O gələndən sonra hər ikisinin günü xoş keçəcəkdir.

Lakin madam Leotar knyajnanın bu cavabından razı qalmadı, ona dedi ki, hələ xəstə ola-ola məni tək qoyur, mən onun kimi şən və çevik ola bilmərəm, əslinə qalsa, elə bu daha yaxşıdır, çünki Katya həddən artıq şuluq salır, nə bilim filan şey eləyir, behman şey eləyir, üç gün əvvəl buldoq az qala onu parçalayacaqdı, – müxtəsər, madam Leotar o ki var, onu danladı; axırda da ona əmr edib yanıma göndərdi ki, gəlib bilatəxir mənimlə barışsın.

Katya madam Leotara diqqətlə qulaq asır, sanki onun verdiyi məsləhətlərdə, doğrudan da nə isə yeni və ədalətli bir şey olduğunu başa düşürdü. O, zalda diyirlətdiyi böyük taxta diyircəyi kənara atıb mənə yaxınlaşdı, ciddiyyətlə və təəccüblə soruşdu:

– Məgər siz oynamaq istəyirsiniz?

– Yox. – Mən həm özüm, həm də Katya üçün qorxuya düşdüm. Doğrudan da madam Leotar onu danlayanda mən qorxmuşdum.

– Bəs onda nə istəyirsiniz?

– Oturmaq istəyirəm; yüyürmək mənim üçün ağırdır, amma siz məndən inciməyin, Katya, çünki mən sizi çox sevirəm.

– Onda gedib tək oynayaram, – Katya aram-aram astadan cavab verdi və təqsirkar olmadığı qənaətinə gələrək təəccübləndi. – Onda sağlıqla qalın, mən sizdən incimirəm.

– Salamat qal, – mən ayağa qalxıb ona əl verdim.

– Bəlkə siz mənimlə öpüşmək istəyirsiniz? – o, bir qədər fikrə gedəndən sonra soruşdu. Görünür, aramızda olan bayaqkı hadisəni yadına salaraq, mənə mümkün qədər xoş gəlməyə və mümkün qədər tez razılıq almağa çalışırdı.

– Özünüz bilin, – ümidsizliklə cavab verdim.

O mənə yaxınlaşdı və çox ciddi, hətta gülümsəmədən məni öpdü. Beləliklə, ondan tələb olunan hər şeyi, yazıq bir qızı mümkün qədər daha çox razı salmaq üçün ondan tələb olunan hər şeyi, artıqlaması ilə yerinə yetirərək, razı halda yüyürə-yüyürə qaçıb getdi. Tezliklə otaqlarda onun gülüşü və hay-küyü eşidildi. O qədər oynadı ki, axırda yorğun-yorğun nəfəsini güclə çəkərək, yeni qüvvə toplamaq üçün divanın üstünə yıxıldı. O, bütün axşamı mənə şübhə ilə baxırdı: görünür, mən ona çox gülməli və qəribə görünürdüm. Hiss olunurdu ki, mənimlə nə barədə isə danışmaq istəyir, qəlbində baş qaldırmış bir anlaşılmazlığı aydınlaşdırmağa çalışır; ancaq nədənsə bu dəfə özünü saxladı. Adətən, səhərlər Katya dərs oxuyurdu. Madam Leotar ona fransız dili öyrədirdi. Dərs– qrammatikanı təkrar etməkdən və Lafontenin əsərlərini oxumaqdan ibarət idi. Ona çox şey öyrətmirdilər, çünki gündə iki saat kitab oxumağa güclə razı sala bilmişdilər. O bu işə atasının xahişi və anasının əmrilə razılıq verdiyi üçün dərsinə çox diqqətlə baxırdı. Çox istedadlı uşaq idi; hər şeyi asanlıqla başa düşür və mənimsəyirdi. Lakin bu sahədə də onda xırda qəribəliklər var idi; bir şeyi başa düşməyəndə o saat bu barədə özü fikirləşməyə başlayırdı. Heç vaxt başqasından izahat istəməyə getmirdi, – o, nə isə bundan xəcalət çəkirdi. Deyirdilər ki, guya bəzən günlərlə başını sındırır, başa düşmədiyi bir şeyi özü üçün aydınlaşdırmağa çalışır. Təkbaşına öhdəsindən gələ bilməyəndə hirslənirdi. Ancaq tamamilə yorulub əldən düşəndən sonra çarəsiz qalıb, madam Leotarın yanına gedir və ona kömək etməsini xahiş edirdi. O, hər bir hərəkətində belə idi. İlk nəzərdə gözə çarpmasa da, əslində o çox fikirləşirdi. Bununla bərabər onda yaşına uyğun olmayan bir sadəlövhlük də var idi. Bəzən görürdün tamamilə mənasız bir şey soruşur; bəzən də verdiyi cavablarda incə bir uzaqgörənlik və hiyləgərlik duyulurdu. Nəhayət, vəziyyətim yaxşılaşdığı üçün mən də bir işlə məşğul ola bilərdim. Buna görə də madam Leotar məni imtahan edib, biliyimi yoxladı və belə bir qənaətə gəldi ki, oxumağım yaxşıdır, yazım isə çox pisdir. O mənim bilatəxir fransız dili öyrənməyimi son dərəcə vacib bildi. Mən etiraz etmədim. Buna görə də bir səhər Katya ilə birlikdə dərs stolunun dalında oturdum. O gün Katya, tərs kimi, son dərəcə kütlük göstərdi, fikri çox dağınıq idi, iş o yerə çatmışdı ki, madam Leotar heç onu tanıya bilmirdi. Mən isə, demək olar ki, bir dərsdə fransız dilinin bütün əlifbasını öyrəndim. Çalışırdım ki, madam Leotarı razı salım. Dərsin axırında madam Leotar Katyanın əlindən lap hirsləndi.

Bir ona baxın, – deyə məni göstərdi, – xəstə uşaqdır, birinci dəfədir ki, dərs oxuyur, ancaq bizdən on dəfə artıq iş gördü. Heç utanırsınız?

O məndən çox bilir?! – Katya təəccüblə soruşdu, – o ki hələ əlifbanı öyrənir!

– Siz əlifbanı neçə dərsə öyrəndiniz?

– Üç dərsə.

– Amma o, bir dərsə. Deməli, o sizdən üç dəfə tez başa düşür və tezliklə, sizi ötüb-keçəcək. Belə deyilmi?

Katya bir qədər fikrə getdi. Madam Leotarın haqlı olduğu qənaətinə gələndən sonra qıpqırmızı qızardı. Hər dəfə müvəffəqiyyətsizliyə uğrayanda nəyə isə təəssüf edəndə ilk əvvəl o, qıpqırmızı qızarır, xəcalətindən pörtərdi. Onu şuluqluq üstə danlayanda, qüruruna toxunanda həmişə belə olardı, – müxtəsər, bütün hallarda belə idi. Bu dəfə də o doluxsundu. Amma bir söz demədi. Ancaq mənə elə bir nəzərlə baxdı ki, sanki bircə baxışda məni yandırmaq istəyirdi. Mən o dəqiqə məsələnin nə yerdə olduğunu başa düşdüm. Yazıq, qız çox məğrur və son dərəcə xudpəsənd idi. Biz madam Leotardan ayrılandan sonra onun fikrini dağıtmaq məqsədilə madamın dediyi sözlərdə mənim təqsirim olmadığını bildirmək üçün danışmaq istədim. Ancaq Katya mənim sözlərimi eşitmirmiş kimi, cavab vermədi.

Bir saatdan sonra Katya mənim otağıma gəldi. Mən əlimdə kitab, Katya haqqında fikirləşirdim. Onun mənimlə danışmaq istəməməsindən həm də qorxmuşdum. O, altdan-altdan mənə baxaraq, adəti üzrə divanda oturdu və yarım saata qədər gözlərini məndən çəkmədi. Nəhayət, mən davam gətirə bilməyib sualedici nəzərlə ona baxdım.

– Siz rəqs etməyi bacarırsınızmı? – Katya soruşdu.

– Yox, bacarmıram.

– Amma mən bacarıram. Sükut.

– Bəs fortepiano çala bilirsinizmi?

– Yox, bilmirəm.

– Amma mən bilirəm. Bunu öyrənmək çox çətindir.

Mən susdum.

– Madam Leotar deyir ki, siz məndən ağıllısınız. Mən dedim:

– Madam Leotar sizə acığı tutduğu üçün belə deyir.

– Məgər atam da mənə acıqlanacaq?

– Bilmirəm, – dedim.

Yenə sükut çökdü; knyajna balaca ayağını səbirsizliklə döşəməyə döyürdü.

– Belə çıxır ki, dərsi məndən yaxşı başa düşdüyünüz üçün mənə güləcəksiniz? – Nəhayət, o özünü saxlaya bilməyib soruşdu.

– Ah, yox, yox! – Mən qışqıraraq onun üstünə atılıb qucaqlamaq üçün yerimdən sıçradım.

– Knyajna, belə fikirlərə düşmək, belə suallar vermək sizin üçün eyib deyilmi? – Birdən madam Leotarın səsi eşidildi. Sən demə beş dəqiqədən bəri o dayanıb bizə baxırmış və söhbətimizi eşidirmiş. – Utanın! Siz zavallı bir uşağa paxıllıq edirsiniz. Onun yanında lovğalanırsınız ki, rəqs etməyi, fortepiano çalmağı bacarırsınız. Eyibdir; mən hamısını knyaza deyəcəyəm.

Knyajna qızardı.

– Bu heç yaxşı iş deyil. Siz öz suallarınızla onun qəlbinə toxunursunuz. Onun valideynləri yoxsul olduğu üçün ona müəllimə tuta bilməmişlər, o, oxumağı özü öyrənirmiş, çünki çox incə, mərhəmətli qəlbi var. Siz onu sevməkdənsə, küsməyə çalışırsınız. Utanın, utanın! Axı o, yetimdir. Axı onun heç kimi yoxdur. Elə bir o qalıb ki, siz knyajna olmağınızla onun qarşısında lovğalanasınız. Mən sizi tək qoyub gedirəm. Sizə dediklərim barədə fikirləşin və səhvinizi düzəldin.

Knyajna düz iki gün fikirləşdi! İki gün evdə onun gülüşü və səs-küyü eşidilmədi. Gecə vaxtı oyanıb qulaq asanda görürdüm ki, yuxuda sayıqlayır, madam Leotarla danışır. O, hətta bu iki gün içində bir balaca sınıxmışdı da, aydın çöhrəsində əvvəlki kimi daha təravətli qızartı yox idi. Nəhayət, üçüncü gün biz ikimiz də aşağıdakı böyük otaqda görüşdük, knyajna anasının yanından gəlirdi. Məni görəndə ayaq saxladı, yaxında, mənimlə üzbəüz oturdu. Mən nə olacağını qorxu ilə gözləyirdim, bütün bədənim əsirdi.

– Netoçka, sizin üstünüzdə məni nə üçün danlayırlar? – O nəhayət soruşdu.

– Mənim üstümdə danlamırlar, Katenka, – özümü doğrultmaq üçün tələsik cavab verdim.

– Axı madam Leotar deyir ki, guya mən sizi incitmişəm.

– Yox, Katenka, yox, siz məni incitməmisiniz.

Knyajna təəccüb əlaməti olaraq çiyinlərini atdı. Bir qədər susandan sonra soruşdu: Bəs onda niyə ağlayırsınız?

Mən ağlaya-ağlaya cavab verdim:

– İstəyirsinizsə ağlamaram. Yenə çiyinlərini atdı.

– Siz əvvəllər də belə ağlayırdınız?

Mən cavab vermədim.

Knyajna bir qədər susandan sonra birdən-birə soruşdu:

– Siz nə üçün bizdə yaşayırsınız?

Mən təəccüblə ona baxdım, elə bil nə isə ürəyimi sancdı. Nəhayət, özümü toplayıb dedim:

– Çünki yetiməm.

– Sizin ata-ananız var idi?

– Vardı.

– Məgər onlar sizi sevmirdilər?

Yox… Sevirdilər, – mən güclə cavab verə bildim.

– Onlar yoxsul idilər?

– Bəli.

– Çox yoxsul idilər?

– Bəli.

– Bəs onlar sizə heç nə öyrətməyiblər?

– Oxumaq öyrədirdilər.

– Sizin oyuncaqlarınız vardı?

– Xeyr.

– Pirojna verirdilər?

– Xeyr.

– Neçə otağınız vardı?

– Bir.

– Bir otaq?

– Bəli, bir otaq.

– Bəs nökərləriniz necə, vardımı?

– Xeyr, nökərlərimiz yox idi.

– Bəs sizə kim xidmət eləyirdi?

– Mən özüm şey almağa gedirdim.

Knyajnanın sualları qəlbimdə köz bağlamış yaramı qanadaraq təzələyirdi. Xatirələrimi, kimsəsizliyim və knyajnanın təəccübü – bütün bunlar onsuz da qara qanlar keçən qəlbimi sarsıdır və məni incidirdi. Mən həyəcandan titrəyir, göz yaşlarımdan boğulurdum.

– Deməli, belə çıxır ki, bizdə yaşamağınıza sevinirsiniz?

Mən susdum.

– Sizin yaxşı paltarınız vardı?

– Xeyr.

– Pis idi?

– Bəli.

– Mən sizin paltarınızı görmüşəm, onu mənə göstəriblər.

– Onda daha məndən niyə soruşursunuz? – Mən tamam yeni, mənə məlum olmayan bir hissin təsirindən titrəyə-titrəyə ayağa qalxdım. – Daha məndən niyə soruşursunuz? – deyə qəzəbimdən pörtdüm. – Niyə məni ələ salırsınız?

Knyajna da qızarıb ayağa qalxdı, ancaq bir anda öz həyəcanını boğdu.

– Yox… Mən sizi ələ salmıram, – deyə cavab verdi. – Mən ancaq sizin ata-ananızın, doğrudan da, yoxsul olub-olmadığını bilmək istəyirdim.

– Niyə ata-anamı yadıma salırsınız? – Mən ürəyimin ağrısından ağladım. – Axı niyə onların haqqında belə sözlər soruşursunuz? Onlar sizə nə eləyiblər, Katya?

Katya pərt halda dayanıb, nə cavab verəcəyini bilmirdi.

Elə bu vaxt knyaz içəri girdi. O mənə baxıb ağladığımı görən kimi soruşdu.

Sənə nə olub, Netoçka? Sənə nə olub? – O, yanaqları od kimi yanan Katyaya baxdı. – Nə barədə danışırdınız? Siz niyə savaşmısınız? Netoçka, niyə savaşmısınız?

Mən cavab verə bilmirdim. Knyazın əlindən tutub gözümün yaşı ilə islada-islada əlini öpürdüm.

– Katya, düzünü de. Nə olub?

Katya yalan danışmağı bacarmırdı.

Ona dedim ki, ata-anası ilə yaşadığı vaxtlarda geydiyi paltarın necə pis olduğunu görmüşəm.

Onu sənə kim göstərib? Kim cürət edib?

– Mən özüm görmüşəm, – Katya qətiyyətlə cavab verdi.

– Yaxşı, eybi yoxdur! Səni tanıyıram, başqalarını ayağa verməyəcəksən. Sonra nə olub?

– O da ağlayıb dedi ki, nə üçün mən onun ata-anasını ələ salıram.

– Deməli, belə çıxır ki, sən onları ələ salmısan?

Katya əslində ata-anama gülməsə də, görünür belə bir fikri varmış, bunu mən qabaqcadan duymuşdum. Çünki bir, kəlmə də olsun atasına cavab vermədi; deməli, təqsirini boynuna alırdı.

– Bu saat get ondan üzr istə, – deyə knyaz məni göstərdi. Knyajna kətan kimi ağarıb yerindən tərpənmədi.

– Tez ol! – Knyaz onu tələsdirdi.

– İstəmirəm, – deyə nəhayət, Katya yavaşca, lakin qəti bir ahənglə dilləndi.

– Katya!

– Yox, istəmirəm, istəmirəm! – O, birdən gözlərini parıldadaraq ayağını yerə döyüb qışqırdı. – Ata, ondan üzr istəməyəcəyəm. Mən onu sevmirəm. Mən onunla bir yerdə yaşamayacağam… Mən təqsirkar deyiləm ki, o səhərdən axşamacan ağlayır. İstəmirəm! İstəmirəm!

– Gedək, – knyaz onun əlindən yapışıb öz kabinetinə apardı. – Netoçka, sən də çıx yuxarı.

Mən knyazın üstünə atılıb xahiş etmək istəyirdim ki, Katyanın təqsirindən keçsin, lakin knyaz ciddi bir görkəm ilə əmrini təkrar etdi. Mən də qorxudan meyit kimi bumbuz kəsilərək yuxarı çıxdım. Otağımıza gələn kimi üzümü əllərımlə örtüb divana yıxıldım. Katyanın nə vaxt qayıdacağını səbirsizliklə gözləyərək dəqiqələri sayırdım; istəyirdim ki, gələn kimi ayaqlarına yıxılım. Nəhayət o qayıtdı, mənə bir söz demədən yanımdan ötüb küncdə oturdu. Gözləri qızarmışdı, ağlamaqdan sifəti şişmişdi. Mən bir anda bayaqkı qətiyyətimi itirdim. Dayanıb ona qorxu ilə baxırdım. Qorxudan yerimdən tərpənə bilmirdim.

Mən yalnız özümü təqsirləndirir, çalışırdım ki, təqsirlərin hamısını özümdə olduğunu sübut edəm. Azı min dəfə Katyaya yaxınlaşmaq istəyir və məni necə qarşılayacağını bilmədiyim üçün hər dəfə ayaq saxlayırdım. Beləliklə, bir-iki gün keçdi. O biri günün axşamı Katya yenə də şən halda öz taxta diyircəyini otaqdan-otağa diyirlədərək yüyürürdü. Ancaq tezliklə bu əyləncəsindən əl çəkib, yenə də tək-tənha küncdə oturdu. Yatmamışdan qabaq birdən o mənimlə danışmaq istədi, hətta mənə tərəf bir-iki addım atdı, ağzını doldurub nə isə demək istədi, lakin dayandı, geri qayıdıb yatağına uzandı. Bundan sonra bir gün də keçdi. Katyanın bu hərəkətindən təəccüblənən madam Leotar nəhayət onu sorğu-suala tutdu: ona nə olub? Niyə belə səs-səmiri, çıxmır, xəstə deyil ki? Katya nə isə cavab verdi, yenə də volanının əlinə götürdü, lakin madam Leotar üzünü döndərən kimi, qızarıb ağlamağa başladı. Ağladığını mən görməyim deyə yüyürüb otaqdan çıxdı. Beləliklə, məsələ bununla qurtardı; savaşmağımızdan düz üç gün keçmişdi, o, nahardan sonra otağıma gəlib çəkinə-çəkinə mənə yaxınlaşdı.

– Atam tapşırıb ki, sizdən üzr istəyim, – deyə o mənə müraciət etdi, – siz məni bağışlayırsınızmı?

Mən cəld Katyanın əllərindən yapışıb həyəcandan boğula-boğula dedim:

– Hə! hə!

– Atam tapşırıb ki, sizinlə öpüşüm: siz məni öpərsinizmi?

Bunun cavabında gözümün yaşını tökə-tökə onun əllərini öpməyə başladım. Mən başımı qaldırıb Katyaya baxanda onun qəribə bir hal keçirdiyini gördüm. Dodaqları azca səyirirdi. Çənəsi də əsirdi, gözləri yaşarmışdı. Ancaq o, tez həyəcanını boğdu və bir an gülümsünən kimi oldu.

– Onda qoy gedim atama deyim ki, sizi öpüb üzr istəmişəm, – o öz-özü ilə danışırmış kimi yavaşdan əlavə etdi, – üç gündür onu görməmişəm, mənə tapşırıb ki, əmrini yerinə yetirməyincə gözünə görünməyim.

Katya bu sözləri deyən kimi nədənsə çəkinə-çəkinə fikirli halda aşağı endi. Elə bil atasının onu necə qarşılayacağına hələ əmin deyildi.

Bir saatdan sonra yuxarıda qışqırıq, səs-küy, qəhqəhə, Falstafın hürüşü eşidildi, nə isə yerə düşüb sındı, kitablardan bir neçəsi də döşəməyə töküldü, taxta diyircək yenə də diyirlənə-diyirlənə otaqlarda taqqıltı saldı, – bir sözlə, başa düşdüm ki, Katya atası ilə barışmışdır, sevincimdən ürəyim əsirdi.

Ancaq o mənə yaxınlaşmırdı, görünür, mənimlə söhbət etməkdən çəkinirdi. Bunun əvəzində mən onda özümə qarşı bir maraq oyatmaq şərəfinə nail ola bilmişdim. O mənə daha yaxşı tamaşa etmək üçün gəlib tez-tez mənimlə üzbəüz otururdu. Onun müşahidələri getdikcə daha sadəlövh bir şəkil alırdı: bir sözlə, evdə hamının misilsiz bir xəzinə kimi bəsləyib nazlandırdığı ərköyün, hökmürəvan bir qız heç cür başa düşə bilmirdi ki, mənimlə görüşmək istəmədiyi halda necə olur ki, mən dəfələrlə onun qarşısına çıxıram. Lakin onu gözəl, mərhəmətli balaca qəlbi vardı, o bu qəlbi ilə instinktiv olaraq özünə həmişə düzgün yol seçə bilirdi. O, atasını böyük bir məhəbbətlə sevdiyi üçün hamıdan çox onun sözünə qulaq asırdı. Anası onu dəlicəsinə sevsə də, özünü çox zabitəli aparırdı. İnadkarlıqda, məğrurluqda və sərtlikdə Katya anasına çəkmişdi. Anasının mənəvi müstəbidlik dərəcəsinə çatan bütün şıltaqları ona keçmişdi. Knyaginya tərbiyənin nə demək olduğunu çox qəribə başa düşürdü. Buna görə də Katyanın tərbiyəsində sonsuz şıltaqlıqla amansız tələbkarlıq qəribə bir təzad təşkil edirdi. Misal üçün, dünən icazə verilən bir şey bu gün birdən-birə, heç bir səbəb olmadan qadağan edilirdi. Buna görə də Katyanın qəlbindəki ədalət hissi təhqir edilirdi. Lakin bu məsələdən hələ sonra danışacayıq… Ancaq onu deyim ki, uşaq artıq anası ilə atasına olan münasibətini müəyyənləşdirməyi bacarırdı. O, atasından heç bir şey gizlətməz, bütün qəlbini açıb ona danışardı. Anası ilə isə əksinə – ona yaxınlaşmazdı, etibar eləməzdi və qətiyyən sözündən çıxmazdı. Bu itaət, səmimiyyət və inamdan doğmurdu. Bu zəruri bir məcburiyyət idi. Bu məsəni sonra izah edəcəyəm. Yeri gəlmişkən deməliyəm ki, mənim Katyam, nəhayət, anasının xasiyyətini yaxşı başa düşmüşdü və ona itaət göstərəndə anasının sonsuz məhəbbətini dərk etmişdi. Knyaginyanın bu məhəbbəti bəzən xəstə bir çılğınlıq dərəcəsinə çatırdı, – çoxbilmiş knyajna da anasının bu xüsusiyyətini nəzərə almışdı. Çox təəssüf! Bu çoxbilmişliyin sonralar çılğın qıza köməyi az oldu.

Mənə nə olduğunu, demək olar ki, başa düşmürdüm. Məni nə isə yeni anlaşılmaz hisslər narahat edirdi və əgər bu yeni hisslərdən ruhən iztirab çəkdiyimi, darıxdığımı desəm mübaliğə etmiş olmaram. Qərəz ki, – qoy bu sözü mənə əfv etsinlər-mən Katyaya vurulmuşdum. Bəli, bu, məhəbbət idi. Həqiqi məhəbbət, göz yaşları və sevinc gətirən, ehtiraslı məhəbbət. Məni ona sövq edən nə idi? Bu məhəbbət nədən yaranmışdı?

Bu hiss mənim qəlbimdə ilk nəzərdən, mələk kimi gözəl bir uşağı görəndə duyduğum şirin hisslərdən yaranmışdı. Onda hər şey gözəl idi; ondakı qüsurların heç biri anadangəlmə deyildi, – onların hamısı qıza sonradan aşılanmışdı və hamısı mübarizə vəziyyətində idi. Onun xasiyyətinin hər cəhətində müvəqqəti saxta don geymiş gözəl bir bünövrə, əsas vardı; onda hər şey, hətta daxilində gedən bu mübarizə də gözəl gələcəkdən xəbər verirdi, hər şeydən onun gələcəyinin çox gözəl olacağı duyulurdu. Tək mən yox, hamı ona tamaşa edir, hamı onu sevirdi. Bizi saat üç radələrində gəzməyə aparanda, küçədən keçənlər onu görən kimi heyrətlə yerlərində donub qalırdılar. Çox vaxt bu xoşbəxt uşağın ardınca heyrətlə səslənirdilər. O, xoşbəxtlik içində doğulub, xoşbəxtlik üçün doğulub, – onunla görüşəndə adamın başına gələn ilk fikir bu olurdu! Kim bilir, bəlkə də ilk dəfə mənim estetik duyğularımın, gözəllik hisslərimin oyanmasına ilk anda o – onun bu gözəlliyi səbəb olmuşdu. Elə bilirəm ki, qəlbimdəki məhəbbətin səbəbi bundadır. Knyajnanın ən böyük qüsuru, daha doğrusu, onun xasiyyətinin əsasını təşkil edən cəhət, qürur hissi idi. Əlbəttə, bu hiss hələ müəyyənləşməmişdi, öz təbii şəklinə düşmək üçün böyük mübarizələr keçirirdi. Bu qürur hissi ən xırda, sadəlövh təfərrüata qədər varır, onun izzət-nəfsinə elə təsir edirdi ki, misal üçün, hər necə olursa-olsun, ona zidd çıxdıqda bu vəziyyət onu incitmir. Hirsləndirmir, yalnız təəccübləndirirdi. O heç cür dərk edə bilmirdi ki, bir şey onun istədiyi kimi yox, başqa cür necə ola bilər? Lakin ədalət hissi həmişə qəlbində üstün idi. Əgər o özünün haqlı olmadığına inanırdısa, həmin dəqiqə verilən hökmə dinməz-söyləməz tabe olurdu. Buna görə də bizim aramızda olan münasibətdə öz xasiyyətinin əksinə gedirdisə, bunu yalnız knyajnanın mənə qarşı duyduğu anlaşılmaz bir nifrətlə izah etmək olardı. Bu hiss müvəqqəti olaraq onun varlığındakı ahəng və tənasübü pozmuşdu. Belə də olmalı idi; çünki o, həmişə böyük bir ehtirasla öz hisslərinə qapıldığı üçün yalnız həyati bir misal, təcrübə onu düzgün yola gətirib çıxarırdı. Onun başladığı işlərin nəticəsi həmişə gözəl və təbii olurdu, lakin bunlar çoxlu əyinti və səhvlər bahasına başa gəlirdi.

Katya tezliklə üzərimdə apardığı müşahidələri qurtardı və nəhayət, məni sakit buraxmaq qərarına gəldi. O özünü elə aparırdı ki, guya mən heç yerli-dibli evdə yoxam; bir kəlmə də olsun artıq söz demirdi, hətta lazım olan sözləri də deməməyə çalışırdı; məni öz oyunlarından kənar etmişdi. Özü də mən zorla deyil, guya öz xoşumla buna razılıq vermişdim.

Dərslərimiz öz qaydası ilə gedirdi, bəzən məni xasiyyətimin sakitliyi və zehnimin aydınlığına görə ona nümunə gostərirdilərsə də, daha onun qüruruna toxunmaq şərəfinə nail olmurdum, halbuki o belə şeylərdə çox həssas idi, o dərəcədə həssas idi ki, hətta itimiz ser Con Falstaf belə onun qüruruna toxuna bilərdi. Falstaf çox soyuqqanlı və tənbəl idi, ancaq onu hirsləndirəndə pələng kimi qəzəbli olurdu, hətta elə qəzəblənirdi ki, öz sahibinə belə tabe olmurdu. Onun bir xüsusiyyəti də vardı: o, qəti surətdə heç kəsi sevmirdi; lakin onun ən qəddar, təbii düşməni, şübhəsiz, qoca knyajna idi. Ancaq bu barədə biz hələ gələcəkdə danışacayıq. Xüdpəsənd Katya hər vasitə ilə çalışır ki, Falstafın adamayovuşmazlığına qalib gəlsin, evdə tək, yeganə bir heyvanın onun nüfuzu ilə hesablaşmaması, onun qüvvəsinə tabe olmaması, ona boyun əyməməsi, onu sevməməsi Katyaya pis təsir bağışlayırdı. Buna görə də knyajna özü Falstafa hücum etmək qərarına gəlmişdi. O hamıya hökm etmək və hakim olmaq arzusunda idi; Falstaf bu taledən necə yaxa qurtara bilərdi? Lakin tərs buldoq təslim olmaq istəmirdi.

Bir dəfə nahardan sonra, biz ikimiz də aşağıdakı böyük zalda olduğumuz vaxt buldoq otağın ortasına sərələnib yeməkdən sonra tənbəl-tənbəl kef eləyirdi. Bu vaxt knyajna onu özünə tabe etmək fikrinə düşdü. O, əlindəki oyunu yarımçıq qoyub Falstafı ən incə adlarla, gülə-gülə, əli ilə öz yanına çağıraraq, ona nəvazişlə sözlər deyə-deyə barmaqlarının ucunda ehtiyatla itə yaxınlaşdı, lakin Falstaf hələ uzaqdan qorxunc dişlərini ağartdı; knyajna dayandı. Onun məqsədi idi ki, Falstafa yaxınlaşıb onu tumarlasın. Falstaf isə knyaginyadan başqa heç kimə ona əl vurmağa icazə vermirdi. Katya onu tumarlamaq, sonra da öz dalınca gəlməyə məcbur etmək istəyirdi, bu, əlbəttə, ciddi təhlükə ilə əlaqədar olan çətin bir qəhrəmanlıq idi; çünki onun əlini qapmaq, ya lazım bilsə, parça-parça eləmək Falstaf üçün çətin məsələ deyildi. O, ayı kimi güclü idi. Buna görə də mən narahat və qorxu ilə uzaqdan Katyanın hərəkətlərinə fikir verirdim. Lakin onu öz fikrindən döndərmək o qədər asan deyildi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации