Текст книги "İblis busəsi"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +18
сообщить о неприемлемом содержимом
Текущая страница: 10 (всего у книги 17 страниц)
Namiq, Qasım, Teymuraz ürəyimi oxudular.Bir göz qırpımında elə vur-çatlasın düşdü ki, gəl görəsən. Aləm qarışdı, tozanaq qopdu.Əlimizə yaxşı bəhanə düşmüşdü.Özləri başladığı intriqaya biz nöqtə qoymalıydıq, uduzduğumuzun hayıfını qol gücünə çıxmalıydıq. Kənardan baxan olsaydı,yəqin anlamazdı ki, küllükdə eşənək atan toyuqlar kimi göyə qalxmış toz-torpağın içində kim-kimi söyür, kim-kimi təpikləyir, yumruqlayır. Əvvəldən qaraladığım üç yekəpər oğlanı göz açmağa qoymadım, lap kinolardakı kimi, əzişdirib xəşıl kimi bir-birinə qarışdırdım. Ən dözümlüsü bağıra-bağıra məndən aman istəyəndə, nəhayət əl çəkdim.”İndi gücümüzə bələd olduz, axmaqlar!…”
Üst-başımız cırıq-cırıq olmuş, sir-sifətimiz tanınmaz olmuş, uşaqlardan bir neçəsinin dişi qırılmış, mənimlə Teymurazın sifəti partlamışdısa da əsas oydu ki, biz qalib gəlmişdik!
Şil-küt olmuş yerlilər,bulaqda yuyunub onsuz da ələ gəlməyən üst başımızı sahmana salmağımıza baxıb, deyəsən peşimançılıq çəkirdilər. Birdən gözüm Rasimə sataşdı; paltarı tərtəmiz– gül kimiydi, deməli, arvad kimi kənardan bizə baxırmış, oğraş!
O gündən zəndi-zəhləm gedirdi Rasimdən.
Bu davadan sonra eşitmişdim ki,öz aralarında məni özlərinə ən yaxın dost seçən Arazla Sərdar atalarına da onları necə müdafiə etdiyimdən söz açıblarmış.Hətta Arazın atası “vneştorq”dan bir “Vranqler” də almışdı mənə.( Buna da min şükür!) Bilirdim ki, Amerika firmasının istehsalı olan belə malları tək-tük kişinin uşağı geyirdi, ona görə də kənddə utanardım onu əynimə taxmağa.Bir-iki dəfə rayona gedəndə geyib əzizləyirdim cins şalvarımı.Bir dəfə tində durub mırtdaşırdıq.Araz dirəndi ki,kənddə niyə geymirsən, şalvarı, bəyənmədin?Mən cavab verənəcən Rasim ədəbazlıqla deyəsən ki, o nə bilir cins şalvar nədi?Yəqin tumarlayıb saxlayır ki, bəyliyində geyə.Bunu zarafat bilib dinmədim. Qudurmuş köpəyoğlu, dinmədiyimdən istifadə edib bir az da lovğalandı, özünü dünyagörmüş kimi göstərib əlavə etdi:
–Bizik da, 200-300 manatı cır-cındıra veririk ki, moddu.Amerikada o zibili ya kovboylar, yəni çobanlar, ya da türemşiklər geyir.Hi-hi-hi…
“Çobanlar”ı elə rişğəndlə, elə ikrah hissiylə dedi ki, elə bil babası Mirqəfər ömrü boyu gərmənin içində yaşamıb. Yəni ondan da xəbərsizdi ki, dədəsi də “Narxoz”u həmən gərmənin hesabına qurtarıb adam olub? Onu dəqiq bilmirəm nə vaxt əlim qalxdı,yumruğum çənəsinə ilişdi, bir də gördüm üstüm-başım al qırmızı qandı-Rasimin qanı.Uşaqlar əl-ayağa düşüb su gətirdilər, qonağın ağzının qanını yuyub təmizlədilər; həm də tənbeh elədilər ki, günah özündədi, dilini gərək dinc saxlayaydı.Aqibət-xeyir Rasim də peşiman görünürdü.Mən isə o gündən cins şalvarı mal nobatından özgə yerə geymədim.
Daha mənim yanımda lovğalanmırdılar, yəni ki, mənə yuxarıdan aşağı baxmır, əksinə, hələ bir az çəkinirdilər də.Nədənsə bu mənə ləzzət edirdi.
***
Araz onilliyi bitirib instituta qəbul oldu. Yay tətilinə gələndə bizə Bakıdan, şəhər qızlarından ağız dolusu danışardı.Şəhər həyatı onu dəyişdirmişdi, vallah! Sərdar demişkən, “jivoylaşmışdı” bir az…
Bizi harda axtarsaydın ya klubun yanında, ya da kəndin kənarıyla axan Kürün sahilindəki dəyirmanda tapardın.Kluba əsasən təzə kino-zad gələndə, bir də şahmat oynamağa görə gedərdik.Son vaxtlar təzə kino da gəlmirdi.
Elə ki, avaraçılıq bizi yorurdu qaçırdıq köhnə dəyirmana. Dəyirmançı Kamandar dayı züryətsiz bir kişiydi deyən, ömrünü-gününü burda keçirir, camaatın dənini üyüdəndən sonra bekarçılıq üzməsin deyə qədimi samavara od atıb qalayır, kəklikotulu çay dəmləyib kitab oxuyar, hava tam qaralandan sonra evə, arvadı Gülxarın yanına gedirdi.
Köhnə dəyirman həm də bizim üçün bir növ ədəbiyyat kabineti olmuşdu.Kişi saatlarla Nizamidən, Füzulidən, Nəsimidən… deyərdi, yorulmazdı.Elə məni də ona bağlayan deyəsən,poeziya idi.
Hə, bir də ki, Aliyə. Aliyə həm də Kamandar kişinin bacısı qızıydı.Ona görə ara-sıra anasının biş-düşündən gətirərdi qoca dayısına.Sonralar bildim ki, Kamandar kişidən çox, məni görməyə gəlirmiş köhnə dəyirmana. Onsuz da bütün kəndin “məmə” yeyənindən “pəpə” deyəninə kimi hamı bilirdi ki, biz göbəkkəsdiyik.Ona görə də Alıyəylə qol-boyun olmağa fürsət düşən kimi dostlarım bizdən aralanar, biz də özümüzü verərdik dəyirmanın dalına, doyunca söhbət edərdik.
Kamandar kişi bizi görəndə uşaq kimi sevinirdi.Ona görə yox ki, sədrin oğlu da bizimlə idi, ( dərinə getsən, Kamandar kişi sədir-mədir hərləmirdi), ona görə ki, ömrü boyu mütaliəylə məşğul olmuş bu qocanın bizim kimi diqqətcil dinləyiciləri vardı. Allaha and olsun, kişinin səsində elə həzinlik vardı, onu dinlədikcə yorulmurdun. Sanki,bulaq qaynayırdı. Səməndər Rzayevin ecazkar, təkrarolunmaz səsiydi elə bil!
Mən Kamandar kişiyə isinişəndən sonra bir dəfə də olsun ədəbiyyat kitabımı açmadım.
İyulun qızmar istisi baş çatdadırdı. Dördümüz –mən, Sərdar, Araz və Rasim köhnə dəyirmanın kəndarında görünəndə üst-başı, üzü unlu Kamandar kişinin çöhrəsində təbəssüm döğdu. Onun da bizə mehr salmasını sübut edən bu xoş təbəssüm Kürqırağı sıralanmış söyüdlərin arasında itib-batan balaca dəyirmanın həndəvərinə hopan həlim sərinlik qədər doğma idi.
Hal-əhval tutub görüşdük. “Oturun, mənim balalarım. Lap vaxtında gəlib çıxduz. Çayım da hazırdı” deyib, ağacın altındakı taxta mizi göstərdi. Rasimi ilk dəfə görürdü deyən soruşdu:
–Bu Allah saxlamış kimin nəvəsidi?
Hamını belə soruşardı.Deyərdi ki, ömrü-günü dəyirmanda keçdiyindən cavanları yaxşı tanımır, yaddaşım da zaylayıb, bəlkə babasını tanıyaram.
–Mirqəfərin nəvəsidi, -dedim.-Sərdarın əmioğlusu, Gülbala müəllimin oğlu, Moskvada oxuyur, kanikula gəlib.
–Həə ?! Allah saxlasın.
“Allah saxlasın”ı xala xətrin qalmasın dedi.Gülbala müəllimin adını çəkəndə nə yadına düşdüsə, iri, qabarlı barmaqlarıni unlu sifətində elə gəzdirdi ki, sanki, üzündən yoxa çıxan təbəssümün kinə çevrildiyini,damarlarının gərilməsini bizdən gizlətmək istəyirdi.Və bunu məndən başqa heç kəs hiss etmədi, çünki, Sərdar Kürə sarı baxır, Araz özünü ev sahibi kimi apardığından ərk eləyib dəyirmanın daxilindəki kamoddan stəkanları gətirib mizin üstünə düzürdü.Rasim də utandığından başını aşağı dikib, Kamandar kişinin sifətinə baxmırdı.
Köhnə samovar pıqqapaqla qaynayırdı…
Araz çay süzdü.Çoxdan klubun balansından silinmiş, bəzisinin ayaqları məftillə burağaclanmış köhnə stulları altımıza çəkib oturduq.
–Aliyə də indiyə gələr,-deyib, nəlbəkisindəki qaynar çayı üfürə-üfürə altdan-altdan məni süzdü.Kişinin üzünə baxa bilmədim, utanıb başımı saldım aşağı.-Daa nə utanırsan, ay evi tikilmiş! Yekə kişisən, uşaq döyülsən haa?!
Araz Bakıya gedəndən birinci dəfəydi kəndə gəlirdi. Üzümü belə erkən qırxmağıma görə utandığımı görüb elə hey deyirdi ki, şəhər qızları sənin kimi iri cüssəli, tüklü-müklü oğlanlardan ötrü sino gedir. Səkkizincini bitirmişdimsə də eyhamını başa düşürdüm. Onsuz da ağsaqqalların əksəriyyəti məni “ balaca kişi” deyə cağırırdılar.Mən də erkən kişi olmağımla şellənirdim.
Araz çox utandığımı görüb araya söz qatdı:
–Kamandar dayı,Nizami böyük şairdi,Nəsimi?..
Kişi bığlarını eşdi, bir papiros yandırıb cavab verdi:
–Hər ikisi dahidi, oğul, dahi! Onların fəlsəfəsini dərk etmək üçün bir ömür bəs etməz. Heç iki ömür də…
–Vaxtın xeyir, dayıcan!
Aliyənin səssiz-küysüz gəlməsini heç kim hiss etmədi.Kamandar kişi onu öpəndə özümdən ixtiyarsız qızın gözlərinə baxdım.Onun parlıldayan gözləri mənə zillənmişdi.Bir anlığa özümü Kamandar dayının yerində hiss etdim.İçimdən qəribə bir isti keçdi.Hər gün bir yerdə olmağımıza baxmayaraq heç vaxt onu öpmək ağlımdan belə keçməmişdi.
Gözlərimi ona zillədiyimdənmi, yoxsa Rasim baxışlarıyla onu “ yediyindən”mi duyuq düşən Aliyənin yanaqları qızardı.Ani olaraq Rasimə baxdım.Yarıaçıq dodaqlarından bildim ki, o da mənim kimi fikirləşir, oğraş! Nə edəcəyimi bilmədən ağlıma gələn bu oldu; guya qənd götürürəm deyə əlimi süfrəyə uzatdım, bilərəkdən onun stəkanına toxundum. Qaynar çay onun qasığına dağılanda gözlərini qızdan çəkib elə bağırdı ki!
Aliyə iki ovucunu ağzına tutaraq özünü gülməkdən güclə saxladı.Hirsim soyumurdu.
Araz, işin nə yerdə olduğunu dodağımı çeynədiyimdən anladı. Hələ də özüylə məşqul olan Rasimi kənara çəkib nə dedisə, Rasim aşağıdan yuxarı məni süzüb dişlərini qıcıtdı, yəni, “ borc olsun!”
Heç nə duymayan Kamandar dayı onu sakitləşdirdi:
–Dəmli çay yandırmaz bala, qorxma .
Rasim də özünü sındırmadı, bir az ufuldayıb, yalandan gülümsədi də.
Həmin gün özümə söz verdim ki, Rasim məndən böyük də olsa, onu it balası kimi çırpacam, yağlı cəmdəyindən döymə düzəldəcəm.”Nə olsun ki, şəhərlisən, Moskvada oxuyursan?! Mənim si....ə ki! Göstərərəm özgəsinin adaxlısına tamah salmağı, şorgöz köpəyin oğlu!”
Bəlkə də mən deyənlər onun ürəyindən keçmirdi. Amma, dostumun dostu da olsa mənlə göbəkkəsmə olduğunu bilirdi axı?! Sərdar, Araz Aliyəni görəndə niyə elə baxmırdı? Oğraş-oğraş qızı marıttamağına bir bax!
Xasiyyətimə bələd idilər.Əlimdən çıxa biləcək xətadan uzaq olmaq üçün xüdahafizləşib bizi Kamandar kişinin yanında qoyaraq kəndə döndülər.
Qısqanclığım günü-gündən artırdı.O gündən sonra Aliyəni oğlanlar duran tinin həndəvərində dolaşmasına, dostlarımla bir yerdə olanda mənə yaxınlaşmasına, hətta Kamandar dayısının yanına getməsinə də qadağa qoydum.İnsafən, o da mənimlə razılaşmışdı. Düzdü, anama şikayət eləmişdi ki, Rüfət yaman qısqanc olub.Anam da deyibmiş ki, ürəyinə salma qızım, kişilər qısqanc olar. Qısqanırsa,deməli sevir!
…Onilliyi qurtarıb Bakıya oxumağa gedəndən sonra Sərdarı, Rasimi ancaq yay tətillərində görürdüm.Sərdar Kirovabadda zootexniklik oxuyurdu, Rasim də ki, Moskvada.
Rasim Moskvalı olandan sonra əməlli-başlı qudurmuşdu.Kəndə gələndə “darıxdırıcıdı buralar”, deyib iki-üç gündən artıq qalmır,Moskvada çəkdiyi keflərdən lovğalıqla danışır, hamımıza yuxarıdan aşağı baxıb ağız büzürdü:
–Kənd mənlik deyil, uşaqlar.Burda da adam yaşayar? Nə diskoteka var, nə də ki, kayflıq bir şey! Peyin iyindən də beyin çalxalanır.Fuu…
Onda deyirlər e, qınından çıxıb, qınını bəyənməyən!Mən deyərdim zatı qırıq.
Belə deyəndə zootexniklik oxuyan Sərdar sözü özünə götürəndə, onu daha da əsəbiləşdirmək üçün əlavə edərdi:
–Ay özbəy, sən də sənət tapdın da özünə. Ömrün boyu burnunla pox eşəcəksən?!.
Allah tərəfi, Sərdar bunu şit zarafat bilsə də əmisi oğluna heç-zad deməzdi.Mən isə onun yerinə hirslənirdim ki, nə olsun əmioğlu olanda, yəni, kişi də belə təhqirə dözər?! Allahımdan istəyirdim ki, mənə bir söz desin, sataşsın, köhə haqq-hesabımı çürüdüm onunla.Onsuz da onun yağlı sifətini görəndə ovucumun içi gicişirdi. Rasim də axmaq deyildi ha, yadından çıxara bilməzdi olanları, ona görə məndən uzaq gəzirdi.
İllər ötdükcə aramızdakı məsafə də böyüyürdü.Bəzən yay tətilində də görüşə bilmirdik.Arazla Bakıda bir yerdə olsaq da, bir-birimizi axşamdan-axşama görərdik, yarışlar, məşqlər başımı elə qarışdırırdı ki, arada vaxt tapanda da bir neçə günlüyə kəndə gələr, anamı, Aliyəni görüb geri dönərdim.
Şəhərdə boş vaxtımı Marqo ilə keçirdirdim.Bilirdim ki, Aliyə yanımda olsaydı, bəlkə də Marqoya heç gözümün ucuyla da baxmazdım. O isə çox uzaqda idi.
Araz da məni danlayırdı ki, əl çək bu qancıqdan, Aliyənin qulağına çatsa bilirsən nə olar?!
Mən deyəndə ki, sən gündə min oyundan çıxırsan, mənə olmaz? Onda Araz şəhadət barmağını gicgahına döyəcləyib cavab verərdi:
–Ay axmaq, mənimki sevgi deyil, elə-belə, dilxoşduqdu.Sənsə əl çəkmirsən onun dalından. Eşitmişəm dərsə də getmirsən son zamanlar. Vallah, bunun axırı pis olacaq.Qovacaqlar institutdan. Heç çempionluğuna da baxmazlar, başa düşdün?! Anan eşitsə ürəyi partlayar yazığın.
Mən onun dediklərini qulaqardına vurur, paxıllıq etdiyini guman edirdim. Çünki, bizi bir yerdə görəndə ağzı sulana-sulana Marqonu necə süzdüyünü çox görmüşdüm.
Atasının dostları, pulu çox olduğundan diplomunu alan kimi Arazı Bakıda işə düzəltmişdi. Hər şənbə dədəsinin sürücüsü gəlib onu rayona aparırdı.
Son vaxtlar Arazdan eşidirdim ki, Rasim də təhsilini başa vurub qayıdandan sonra tez-tez kəndə gəlir.Nədənsə, kənddən iyrənən, onu bəyənməyən Rasimin kəndə ayaq açması məni narahat edirdi.Bu Rasim heç vaxt mənim xoşuma gəlməyib, heç vaxt.
Anam rəhmətə gedəndə qırx gün kənddə oldum, dəfn günündən ta qırxını verənəcən Araz da, Sərdar da tez-tez məni yoluxur, dərdimə şərik olub təsəlli verirdilər.O oğraş Rasim isə təkcə anamın üçü günü gəlib ağızucu başsağlığı vermişdi.
***
…Qayıtdığım üç ay vardı, amma ürəyim yaman narahat idi. Bir yandan hüzürə görə dərslərdən qalmağım məni davamiyyətdə geri salmışdı, o biri yandan da imtahanlar başlayırdı.Gecəmi gündüzümə qatıb imtahanlara hazırlaşırdım. Kəndə getməyə imkan yox idi.
Nəhayət, birinci imtahandan sınıq-salxaq “yaxşı” alıb “Gənclik” də hava alırdım ki, təsadüfən Arazla rastlaşdım.Məni görən kimi deyindi ki, gəlib-getmirsən, qaçırsan hamıdan. İmtahan verdiymi dedim. Eşidəndə ki, birincidən dörd almışam, çox sevindi, məni kafeyə dəvət etdi.Razılaşdım.
Şəhərin dağlıq hissəsində yerləşən yay kafesi nədənsə bizim köhnə dəyirmanı xatırlatdı mənə.Burnuma da oranın ətri gəldi.Əsən sərin mehin oynatdığı salxım söyüdlərin arasında düzülmüş stollardan birinin arxasında əyləşdik.Araz yaman səxavətli olmuşdu -balıq kababı, konyak sifariş verdi.Mənim içmədiyimi bilə-bilə anamın qəbrinə and verdi ki, əlli qram vurum.Zarafatla:
–Ölməzsən,-dedi,-əlli qramla. Mən tək içməyəcəm ki?!
–Yaxşı,-dedim.-Sənin xətrinə…
Balıq kababından nuş eləyib əlli qramı da qurtum-qurtum vururdum ki, Araz tək içməsin.Neçə illərdi onu tanıyırdım, amma onu bu qədər içdiyini görməmişdim.Əməlli başlı keflənmişdi Araz. Bayaqdan balıq kababını, ayda bir dəfə gəlib yeyib-içdiyi bu balaca kafeni ağız dolusu tərifləyərək diqqətini qabağındakı nimçədən ayırmayan Araz nəhayət ki, marağını gizlətmədən köhnə söhbətə qayıtdı :
–O qızla üzülüşdün?
Özümü bilməməzliyə qoydum:
–Hansı qızla?
Gözlərini qıyıb tərs-tərs üzümə baxdı.
–Əə, məni dolamısan? O qancığı deyirəm də…
–Başın xarabdı, vallah! Mən nə hayda, sən nə hayda.Bilirsən neçə kəsirim var?Vallah, adım da yadımnan çıxıb.
–O da yadından çıxsaydı yaxşı olardı.
Bunu öz-özüylə danışırmış kimi mızıldadı, sonra da şəstlə adımı yadıma saldı.-Adın Rüfətdi, Rü-fət!…
Məni də gülmək tutdu.
–Zarafatın heç yeridi?-dedim.
– Mən zarafat-zad eləmirəm.Sən doğurdan, adını da, kimliyini də unutmusan.Ə, gör nə günə salıb e səni,özündən xəbərin var?Bir güzgüdə sifətinə baxsana, a bədbəxt!
Hələ indi, ilk dəfə düz onun gözlərinin içinə baxdım.Belə kinayə ilə heç vaxt danışmazdı mənimlə. Nəsə deyəcəyi vardı, amma ürək eləmirdi, tərəddüd edirdi Araz.
Birdən üzümə diqqətlə baxıb soruşdu:
–Bu yaxınlarda kəndə getmisən?
Sualına sualla cavab verdim:
–Bəs sən? Nolub ki, kənddə?
Bayaqdan onun təlaşını hiss etmişdim. Mənimlə ciddi söhbət eləmək istədiyini deyəndə içimdə nəsə qırılmışdı.”Kənddə nə olub ki, mənim xəbərim yoxdu? “
–Bu yaxında,-dedi,-beş gün olar, Qələndər gəlmişdi, məni aparmağa…
–Hə?
–Hə də.Necə deyim? Deməli, bilmirsən.
–Nəyi? Nolub axı? Ə, ürəyimi partlatma, sən qağoon canı!..
İçdiyim bir-iki qurtum zəhirmara qalmış konyakın təsiri vurdu beynimə.Araz deyəsən söhbəti başlamağına peşıman olmuşdu.Bir az tərəddüd edib susdu. Nəyi bilmədiyimi başa salmağı təkid etdim.Araz:
–Mən elə bilirdim,-dedi,-xəbərin var?
–Nədən? Bağrımı çatdatdun ee…
–Aliyə…
Əlimdən çəngəl düşdü. Aliyənin adını eşitcək ayaqlarım tutuldu, yerimdən qalxa bilmədim.”Yəqin özünü yandırıb, yox, Kürə atıb… Bircə il də dözə bilmədi. Mən bilirdim, bilirdim ki, dözməyəcək, mənsiz yaşaya bilməyəcək!”
Qulaqlarım tutuldu, gözlərim qapandı, dilim dişlərimin arasında qıfıllandı.Arazın dodaqları tərpəndikcə, gözlərimlə dediklərini duymaq istəyir, nə edəcəyimi, daha nə eşidəcəyimi anlamadan öz-özlüyümdə Aliyəni qınayır, dünyaya, insanlara lənət oxuyurdum ki, Arazın pıçıltıya oxşar son kəlməsini ap-aydın eşitdim: ”…Qaçıb.”
Heç nə anlamadığımdan boğula-boğula soruşdum:
–Kim? Kim qaçıb?!
Araz, dediklərini eşitmədiyimi indi başa düşdü.Necə sarsıntı keçirdiyimi görüb qorxa-qorxa məni sakitləşdirməyə başladı:
–Özünü ələ al,ay Rüfət,-dedi.-Olacağa çarə yoxdu.
Nə olacağa?! Kim qaçıb, başa sal!
Günahkar kimi başını aşağı saldı. Dili topuq vura-vura dilləndi:
–Bayağdan keşiş üstünə hürürəm?Aliyə da…Aliyə Ra…Rasimə qoşulub qaçıb.
Arazın yaxasından tutub silkələdim ki, yalan deyirsən, ola bilməz! Aliyə özün öldürər, ancaq qoşulub qaçmaz! Özü də kimə,kimə, Rasimə?!
Araz qağasının canına, Allaha, pirlərə and içib aman eləyəndən sonra ki, o da qulaq günahkarıdı, yaxamı burax, ondan əl çəkdim.
Hirsli başda ağıl olmaz, deyərlər. Bir az özümə gəldimsə də hirsimi cilovlaya bilmirdim.Aliyənin adını eşidəndən ağlıma hər şey gəlirdi, bircə qoşulub qaçmaqdan savayı.Axı bu necə ola bilərdi? Aliyə mənə necə xəyanət edə bilərdi? Bu sualların əsarətində aciz qaldıqca elədiyim ən kiçik səhvlərimi, onu, o oğraşa qoşulub qaçmağa vadar edə biləcək səbəbi, uzun illərin sevgisinə tüpürməyin məntiqini aramaq üçün yaddaşımı nizama salır, zərrə qədər də əsas tapmırdım ki, Araz yenə məni fkrimdən ayırdı:
–Bilirsən, Rüfət, son vaxtlar kəndə getmirdin, ona görə çox şeyi bilmirsən.
–Nəyi bilmirəm, nəyi?!
Mən boğulurdum, havam çatmırdı.Fikirlərim nizama düşmür, eşitdiyimin doğru olduğuna inanmaq belə istəmirdim.
–Səni o qəhbəylə görüb…
Sözü ağzında qaldı.İstehza ilə qəh-qəhə çəkdim:
–Aliyəə?! Harda, necə görə bilərdi axı?!
–Yox,-deyib başını buladı.– Öz-bəy, eey,Sərdar…
–Sər-daar?
–Hıı…
–Axı?..
Sərdarın Gəncədə oxuduğunu hamı bilir,onun Bakıda nə azarı varmış?! Bizi harda görə bilərmiş?! Elə bil ürəyimdəkini oxudu Araz.
–Özbəy,-dedi, – “Semaşka“da görüb.Atası əməliyyat olanda iki həftə yanında qalıb.Səni də hər gün onunla birgə, qol-boyun görübmüş.Deyirdi ki, xəcalət çəkdiyimdən yaxınlaşmadım. Sonra da ki, dili dinc durmub, danışıb Rasimə.
–Hə…
–Hə də, Rasimə də elə bu lazım imiş də, axır vaxtlar Aliyədən çox xoşu gəlirmiş. Belə deyirlər. Düşüb əlinə fürsət. Aliyənin əmisigillə qonşudu axı Rasim, rayonda. Hə, Rasim anasına danışıb, o da sözgəlişi eşitdirib əmisi arvadına.Vəssalam! Sənin torbanı tikiblər də! Anan yazıq, kənddə gəzən bu söhbətləri eşidəndən sonra ürəyi dözməyib, infarkt keçirib…
İndi başa düşdüm, başa düşdüm ki, Bikə xala mənimlə niyə soyuq danışırdı, niyə anamın hüzüründə yad kimi iştirak edirdi.Aliyənin də məndən min cürə bəhanə gətirib uzaqlaşmasının səbəbi buymuş!
Sən bir Sərdara bax! Adını da dost qoyub,əclaf oğlu əclaf! İşəyim sənin kimi dostun zatına!
Arazın baxışlarından peşimançılıq və məyusluq yağırdı.Mənim hər şeydən xəbərdar olduğumu sanıb qəbahət işlətmədiyinə əmin olduğundan, Aliyənin dedi-qoduya inanıb mənə bir söz demədən, gizlicə etdiyi izdivacı bağışlamadığımdan düşdüyüm vəziyyətimə acıyırdı da.
Kaş mənimlə üzbəüz durub deyəydi ki, sən alçaqsan, xainsən, mənə xəyanət etmisən! Deyəydi…Ürəyini boşaldaydı kaş! Mən də hər şeyi ona başa salaydım. Axı nəyi başa salacaqdım? Hə, deyərdim ki, Rasimin səndə gözü olmayıb, sevməyib, sadəcə mənimlə ədavəti vardı, mənim ürəyimi parçalamaq, intiqam almaq istəyib.Necə başa düşməmisən bunu axı, necə aldana bilmisən?Bəlkə onun var-dövlətinə aldanmısan?! Mənim nəyim var axı, nəyim?! Mən də onunla düz gəlmirdim, vuracaqdım onu. Burda olmadığımdan istifadə edib, oğraş balası, səni aldadıb,aldadıb səni, Aliyə! İnanardı…Bağışlayardı məni…”
–Öldürəcəm! -Bunu elə bərkdən bağırdım ki, kafedə oturanların hamısı bizə tərəf çevrildi.-İkisini də öldürəcəm alçaqların!
Araz hesabı verib məni kafedən uzaqlaşdırdı…
…Yaşı çox olmasa da buxağı sallanmış, yekə qarnı köynəyinin düymələrini tarıma çəkmiş, daz başı yağlı kökəyə bənzəyən kişi on səkkiz-on doqquz yaşlarında,nazik, dar köynəyindən döşləri görünən, qalın dodaqlarının boyası gözə girən qızın qoluna girib qulağına nəsə dedi.Qız da incə barmaqlarını onun şişman qarnında gəzdirib gülümsədi. Masa arxasından birgə duran, ondan azca yaşlı kişi yanındakı qızı müşaiyət edib zaldan çıxandan sonra o, qızı bir də qucaqlayıb həyətə keçdi.
Həddən artıq dəyişməsinə baxmayaraq onu tanımamaq mümkün deyildi.
Məzəli lətifələrə ara verməyən Ceyhundan,ona ləzzətlə qulaq asıb gülümsəyən xanımlardan üzr istəyib durdum.
–İndi qayıdıram,-deyib,onun arxasınca həyətə şığıdım.
– Ra-sim !..
“Mersedes-Benz” markalı avtomobilə doğru tələsən daz kişi adını eşidcək qanrılıb dala baxdı.Bəlkə də hərbi formada məni tanımadığından yanındakı qıza gülümsəyərək dedi ki, maşına minsin. O biri kişiylə qız artıq qabaq tərəfdə oturmuşdu.Pəncərəni açıb başını Rasimə sarı uzadanda mən əlimlə gözləməsini işarə etdim.Kişi də mühərriki işə salıb maşını asvalta sarı döndərdi.
Təəccüblə məni süzdüyünü görüb soruşdum:
–Tanımadın?
Səsimin zəhmindən, nifrət dolu baxışlarımdan tanımışdısa da, burda, bu şəraitdə görüşməyimizə inanmadığından bir az duruxdu, udquna-udquna:
–Rü…Rü-fət ?..-deyə bildi.
Söhbətimizi dostu, həm də qızlar eşitməsin deyə, qoluma girib kənara çəkmək istəyəndə əlini dirsəyimlə itələdim.Bayaqdan su kimi içdiyi arağın qazı necə qaçmışdısa, vücudu titrəməyə başladı, boynunun damarları gah dartınır, gah da atılb düşürdü-elə bil ürəyi boynunda vururdu. Elə yazıq görkəm aldı ki!
–Sakit ol,-dedim.-Sakit…Nədi, gözləmirdin?!
İndi mən onun qolundan yapışmışdım.Ovucumun içində yumşaq əzələlərinin necə titrədiyini hiss edirdim.
–Yo-oox…
Şəhadət barmağımın ucunu göstərib bərəlmiş gözlərinin qarşısında oynatdım.
–Bu dünya balacadı Rasim, baap-ba-la-ca ! Fındıq boyda.
Aramızda olub keçənlərdən kimsənin xəbər tutmamasını münasib bildi. Yay aylarını, yəqin ki, bu yaxınlarda yaşadığından qızların da maşında gözləməsindən ehyiyat edirdi. Təzəcə başladığımız, hələ mətləb üstünə çatmadığımız söhbətin çox uzanacağını anlayırdı deyən dostuna getmələrini işarə edən kimi maşın şəhərə sarı tozanaqladı.
Kafedən bir az da uzaqlaşıb dənizin ləpədöyənindəki qayalığa getdik; bura həm sakitlikdi, yoldan ötən, kafeyə gəlib-gedən görməzdi. Bayaq Ceyhunla gələndə dəniz sakit idi. İndi isə xəzri əsir, dəniz oynayırdı.
Rasimin qəfil titrəyən səsi qayalara çırpınan şıltaq ləpələrin səsinə qarışdı.
–Hələ də unutmamısan?.. İndi neyniyəcəksən, öldürəcəksən?
“Həyasız-həyasız soruşur da. Halallıca nişanlımı yoldan çıxarıb, özünə arvad eləyib, bir soruşur da, alçaq!”. Damarlarım gərildi.Yaxasından yapışıb silkələdim.
–Bilirsən,-deyib içkinin təsirindən qızarmış gözlərinə baxdım.– O gündən gözlərim hər yerdə səni axtarıb.Nə vaxtsa qarşıma çıxsan, səni öldürəcəyimə söz vermişdim. Bu həmin gündü, həmin gün-qisas günü! Oğ-raşş, danışmağa dilin də var sənin?! Sən…Sən həyatımı məhv eləmisən, alçaq! Hər şeyimi əlimdən aldın, hər şeyi.
–Günah özündədi. Gül kimi qızı cındıra dəyişən sən idin, sən! Düz demirəm?!
–Nəə?! –deyib bağırdım.– Bəlkə sən mələksən, bilmirəm?! Moskvada min bir oyundan çıxdığın bəs deyildi, indi də gül kimi arvadın ola-ola uşaqbazlıq edirsən, alçaq oğlu alçaq?! – Formamı göstərib çığırdım.– Rusiyadan gəlib sənin kimi parazitlərin yerinə vuruşuram, sənsə qarnını piylədib qızlarla kef çəkirsən?! Aliyəni aldatdığın kimi, indi kiminsə qızın, bacısın yoldan çıxardırsan?! Pulun, vəzifən var deyə hər şey olar sənə?! Səninkimilərə bu torpağın üstündə gəzmək günahdı, günah! Bəs sənin gözəlçən hanı,o hara baxır, hə?!
–Onun adını çəkmə!
–Ha-ha-haa!…Qeyrətli çıxmısan?! Arvad qədri bilənə bir bax?! Özgəsinin artığına tamah salan köpəyoğlu!
–Arvadını altından aparmamışdım ki?! Bərk saxlayaydın daa. Bir də, bunun mənası yoxdu artıq…
Yəqinki onunçun fərqi yox idi.Bilirdi ki, əlimə keçibsə, deməli yaxasından əl çəkən deyiləm,ona görə də qoy xoruzlansın.
Lap uşaqlıq illərindəki kimi çənəsinin altından necə vurdumsa dişləri “xırç” elədi, dodaqlarını büzüb ağzına dolmuş qanı tüpürəndə qırılmış bir neçə dişi də yaş qumun üstünə düşdü. İkinci zərbəni gözləmirdi deyən gözlərini daha da bərəltdi.Dodağının arasından qan axmağa başlayanda bir yumruq da burnuna yapışdırdım. İstəsəydim də özümü ələ ala bilmirdim.Kiminçinsə ötən illərdə itib qalmış xatirəyə dönən ən kiçik, əhəmiyyətsiz hadisə belə -əgər onunla bağlıydısa – kino lenti kimi gözlərimin önündə canlanır, məni hövsələdən çıxarırdı.
–Öldürəcəm səni, it oğlu!…
–Öldür, öldür! Sonra baxarıq sən necə yaşayacaqsan.
Qarnına, sinəsinə dəyən zərbələrdən qıvrılıb yumağa dönsə də, canı bərk imiş, dözürdü, heç dilini də saxlamırdı. İstehzayla soruşdu:
–Kafedəki həmən qəhbədi?
Mən dişlərimi qıcıtdım.O isə əlini dodağına sürtüb baxdı, ağzından gələn qanın dayanmadığını görüb :
– Əlbəttə,-deyərək, yerə tüpürdü.– Başqa kimə lazımsanki?!
–Oğraş, öldürəcəm səni!. Öldürəcəm!.. Al… al…
Mən vurduqca barmaqlarını çiynimə qırmaq edib bərk-bərk yapışmışdı, buraxmırdı. Ürəyimdə elə deyirdim, heç olmasa bir dəfə mənə əl qaldırsın, vursun məni, daha da qızışım, hirslənim, xırd-xəşil eləyim,yoox, deyəsən bu alçağın belə bir fikri də yoxdu.Al qana bulaşmış köynəyinin yaxasından tutub arxaya itələdim ki, əl-qol atmağıma maneçilik törətməsin.Ayaqqabısının dabanı yöndəmsiz qaya parçasına ilişəndə barmaqları boşalıb çiynimdən qopdu, özünü saxlaya bilməyib arxası üstə iri sal qayaya çırpıldı.
Gözümü qan tutmuşdu.Köhnə dəyirmanda Aliyəyə necə ehtirasla baxmağını, mən öpən dodaqları indi necə öpməyini, bir yorğan altında qol-boyun olub yatmağını təsəvvür etdikcə ondan iyrənirdim.
–Həə, nə oldu?.. Duur, it oğlu it!
O isə elə bil məni eşitmir, təhqirləri, şillə və yumquqları saymazyana qəbul edirdi, bu da məni hövsələdən çıxarırdı.Yaxınlaşanda onun hərəkətsiz, üzü dənizəsarı çevrilmiş daz başından axan qanı gördüm.İki ovucumla çənəsini tutub silkələdim.
–Dur demirəm?!
Bərəlmiş bəbəklərini gördüm: bir nöqtəyə dikilmiş, özünü dərk edən son anda gördüyü dalğalı dənizin əksi gözlərində donub qalmışdı. Hərəkətsiz vicudunu görüb bir az kənara çəkildim. “ Ola bilməz? Bu necə oldu axı?..İt oğlu, hələ söhbətimiz bitməyib!..Dur gö-rüüm! Duur!..”
Cansız cəsədə baxıb duruxdum.İllər boyu öldürəcəyimə söz verib axtarıb-aradığım Rasimin aciz durumuna baxdıqca ona yazığım gəldi.Bayaqdan dil boğaza qoymayan Rasim susurdu. O ölmüşdü.
”Görəsən bu əllərimlə neçə insan öldürmüşəm?”– deyə fikirləşdim.Əfqanıstanda, Qarabağda… Sayını bilmirəm.Onu bilirəm ki, müharibədə düşmənini öldürürsən. Günaha sayılmaz bu. İndi, bu dəqiqə isə mən cinayət etmişdim, cinayət! Bunu istəmirdimmi?! Bunu istəmirdimmi?! Bunu istəmirdimmi?!…
Xəzərin şıltaq ləpələri qayaya çırpındı, gilə-gilə olan damlalar onun üstünə səpələndi, qanlı sifətində süzüldü, axıb boynuna, sinəsinə töküldü.Sonra bir də, bir də…
Ürpəndim bu mənzərədən, çünki, onu yuyan damlalardan mənim də üzümə səpələnmişdi.
Sahilə yaxınlaşıb qana bulaşmış əl-üzümü yudum. Başımda min fikir dolanır, ürəyimi sakitləşdirə bilmirdim.Gah lənətə gəlmiş təyyarənin niyə bu gün uçmadığına heyfislənir, gah da, olacağa çarə yoxdu deyib özümə haqq qazandırmaq istəyirdim…
…Nə olub bu camaata? Niyə maraqla baxırlar mənə? Xoflanmışdım, yoxsa mənə elə gəlirdi?
Masaya necə yaxınlaşdığımı hiss etmədim.Məryəmin əlindəki kağız dəsmal açıq qalmış dodağındaca quruyub qaldı…
Ceyhun yerindən dik qalxıb heyrətlə üst-başımı süzdü…
Gülnar xanım iki əlini də cütləyib çənəsinə yapışdırdı…
Ofisiant oğlan isə narahatçılığını gizlədə bilməyib soruşdu:
–Sizə nəsə olub, komandir?
Cavab vermək iqtidarında deyildim.Başımı tərpətdim ki, narahat olmasın.
–Al-lah, sən qoru…
Bunu da deyəsən Məryəm pıçıldadı.
Oturdum. Mənə dikəlmiş gözlərdəki suallar cavab gözləyirdi.Mənim isə danışmağa heyim qalmamışdı.Qarışmış düşüncələrimin içindən hayqıran küt səslər, nalə qoparan Aliyənin ağ-qara silueti, bəbəklərini mavi dənizə mıxlanmış Rasimin donmuş baxışları məni məngənə kimi sıxırdı. Handan-hana, güclə eşidiləcək səslə dedim:
–Mən… mən adam öldürmüşəm.
–Nəə ?…-Məryəm hıçqırığını içində boğdu.
Kafedəkilər hiss etməsin deyə astadan təkrar etdim:
–Adam öldürmüşəm.
–Nə adam? Harda? -Soruşdu Məryəm.
–Qayalıqda…
Onları, həm də özümü sakitləşdirmək üçün hər şeyi olduğu kimi danışdım.Elə bil rahatlanır, özümə gəlirdim.Qadınlar səssiz-səmirsiz məni dinləyir, təşvişlə bir-birinə baxırdılar.Birdən Ceyhun yavaşcadan :
–Gedək burdan,-dedi.-Tez…
Çaş-baş qalmış, qorxmuş Gülnar Ceyhunun qəfil qərarına sevindi.”Gedək!” deyib, çantasında qurcalanmağa başladı, pul kisəsini çıxardı, Rizvanı haylayıb ona iki yüz dollar uzatdı.
Ofisiant oğlan bizim tələsik durmağımıza təəccüblənsə də, gülümsəyib dedi:
–Bu dəqiqə zdaçı gətirim…
Gülnar , “xala, xətrin qalmasın” gülümsənib :
–Qoy qalsın, -dedi.
Yol boyu hamı susdu.Yol da bitmək bilmirdi, acı bağırsaq kimi uzanır, uzanırdı. Narahat baxışları elə təəssürat yaradırdı ki, guya, hər kəs bu vəziyyətdən çıxış yolu axtarmaqla məşquldu.
Ceyhun “Niva”nı Məryəmgilin qapısında saxlayanda Gülnar ona:
–Sən gözlə, -dedi, – beş dəqiqəyə qayıdıram.
Məryəm qapını açan kimi heç ayaqqabılarını da soyunmadı, tələsik kitab rəfindən pul götürüb Gülnara verdi. Sonra Gülnar mənim pasportumu da alıb həyətə düşdü.
Qapı çırpılan kimi Məryəm mənim boynuma sarıldı. Sinəsinin tez-tez qalxıb enməsindən başa düşdüm ki, qorxub, yaman narahatdı.
–Özünü necə hiss edirsən? -Soruşdu.
– Ürəyim sıxılır.
–Onu necə tanıdın?
–Səsindən.
–Dəhşətdi! Deməli, hər şey mənə görəymiş.
–.............
–Mənə görə, hə?…
–Qismətdi bu. Mənim qismətim.
–Hər şeyi qismətin adına yazmaq olmaz, Rüfət.
–Bəlkə də…
– Meyid orda qalıb. Bu gün də olmasa, sabah kimsə görəcək.
–Bilirəm…
–Kaş getməyəydik ora.
–.........
–Onsuz da indi it yeyəsin tanımır buralarda.-Soyuqqanlılığla pıçıldadı.
–..........
O mənə təsəlli verirdi.Elədiyim cinayətə bəraət qazandırırdı.Mən isə Aliyəni düşünürdüm.Düşünürdüm ki, gecəyə kimi ərini gözləyəcək, gəlib çıxmadığını görüncə kiməsə zəng vuracaq,harda olduğunu soruşacaq.Səhərəcən gözünə yuxu getməyəcək.Uşaqları varsa, atasını ondan soruşanda , yalandan deyəcək ki, rayondadı…Birdən meyidi sabah tapsalar, ya da iki gündən sonra? Təsəvvür edirəm, Aliyə “Morq”da Rasimin meyidini görən kimi özündən gedir, ayılandan sonra vay-şüvən qoparır, qarğış yağdırır. Bəlkə heç Rasim tez-tez gəlmir evə, orda-burda gecələyir? Aliyə şübhəsiz ki, əvvəlki kimi nərmənazik deyil, bəlkə göbək sallayıb, şişman ev qadınına dönüb.Cavan qızları qoyub Aliyənin yanına qaçmayacaq ki Rasim?! Bəlkə, Aliyə öyrəncəlidi buna, heç arayıb axtarmayacaq d: nə vaxt gələr, gələr, özü bilərdeyəcək? Ola bilər, ona qoşulub qaçdığına sonradan peşiman olubsa, bəlkə ölümünə sevinər də.Əh,bunların axı nə faydası?!…
Bu bəlkələr, cavabsız suallar məni dəli edirdi. Unutmaq lazımdı,hər şeyi unutmaq-Rasimi də, Aliyəni də,hər şeyi.
Nəhayət ilıq duş qəbul edib üstündə Rasimin qanı olan formanı çıxarıb atmaq istədim. Hamam otağına keçdim.Məryəm dəsmal və dəyişik gətirdi…
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.