Текст книги "İblis busəsi"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +18
сообщить о неприемлемом содержимом
Текущая страница: 15 (всего у книги 17 страниц)
–Güclə yedi,-dedi.
Bu qayğıkeş qadına minnətdarlıq edib əlimi çiyninə qoyanda quyunun dibindən gəlirmiş kimi boğuq səs məni diksindirdi.Səs o qədər xırıltılı və əzgin idi ki, əvvəlcə nə dediyini anlamadım.Bir az da yaxınlaşanda öz adımı eşitdim.
–Rü-rü-fət…Rü-fət…
Başımla Rüfət olduğumu təsdiq etsəm də gah Lyudaya, gah da ansasına tərəf baxıb lal sual verdim ki, o məni hardan tanıyır?Lyuda çiyinlərini atdı.O isə,elə hey adımı təkrarlayırdı:
–Rüfət…Rüfət…
Yorğun badamı gözləri çuxura düşmüş, tütün tüstüsündən saralmış saqqalının sıxlığından o qədər də gözə çarpmayan çapıqlar, alnındakı dərin qırışlar yaşlı adam təəssüratı yaratsa da ona diqqətlə baxanda çox da qoca olmayan kişinin aldadıcı simasında çəkdiyi əzabların, sarsıntı və faciələrin qoyduğu iz aydın hiss olurdu.O, güclə seziləcək təbəssümlə gözlərimə baxır,mən də adımı bilən bədbəxtin üzündə çöhrəmə eyni təbəssümü gətirə biləcək hansısa tanış, isti cizgilər axtarırdım…Kim idi bu biçarə? Ağlıma gələn ilk sualı verdim:
–Sən kimsən, dost?– Nədənsə sualım təəccübləndirdi onu.Hətta inciyən kimi göründü. Gözlərini yumdu.Azca keçmişdi ki, göz qapaqlarının ucundan sızan göz yaşı kül rənginə dönmüş kipriklərinə yayıldıqca şam işığında parıldayıb daxmanı bir az da işıqlandırdı elə bil. Maraq məni öldürürdü.Tanıya biləcəyim kimsəni xatırlatmırdı o.
–Sər-dar-am,Rüfət, öz…öz-bəy…
Gözlərini açmadan pıçıldadı. Əvvəlcə bu ad mənə heç nə demədi.Elə bul utanırdı, onu tanıyacağımdan xəcalət çəkirdi.Bir anlığa keçmişə, uşağlığıma,izi-tozu yaddaşımdan silinib getmiş kəndimizə qayıtdım.Hamını gözlərimin qarşısından keçirdim. Qarmaqarışıq, alatoran yaddaşımın əzik-üzük səhifələri arasında badamgözlü dostumu aradım və… tapdım.Bu adamda Sərdardan əsər-əlamət yox idi. Bir noxud dəni boyda da…
Ağlıma belə gətirə bilmədiyim bu təsadüf məni sarsıtdı.Lənətə gəlmiş zəmanə insanı necə iyrənc hallara salarmış?!Nədən?..
–Öz-bəy?!. Bu…bu nə haldı? Sən…sən bura necə gəlib çıxmısan?
Verəcəyim suallar boğazımdaca qor olub qalırdı.Onun bu halını görmək məni dəhşətə gətirmişdi. Bəlkə soruşmağın heç mənası da yox idi.Tez, tələsik bu girdabdan qurtarmaq gərək onu.Nənəm demişkən: ”Sərgərdan gəzən kişi sahibsiz it kimidir – daşlayanı yiyə duranından çox olar”.Aramızda baş verənlər öz yerində, qərib eldə ölümlə çırpınan uşaqlıq dostuma sahib çıxmalıydım.
Lyudadan xahiş etdim ki, evlərindən təmiz odeyal, mələfə gətirsin.Mən maşın dalınca qaçdım.
Əvvəlcə istədim bağ evinə aparım, lap lazım olsa Andreyə zəng vurub vəziyyəti başa salım, amma fikrimi tez də dəyişdim,daha doğrusu Sərdarın halının getdikcə pisləşəcəyindən ehtiyat edib bir başa xəstəxanaya aparmağa qərar verdim.Belə yaxşıdı…Lyudanı bağ evinin qarşısında düşürdüm ki, Sonya ikimizin də müəmmalı şəkildə yox olmağımızdan narahat olmasın.Bir də tapşırdım ki, ona hər şeyi başa sal, qoy professora zəng edib xəstəxanada bizi gözləməsini rica etsin. Lyuda düşən kimi maşının sürətini artırdım. Arxa oturacaqda odeyala bürünmüş, başını adını öyrənməyə macal tapmadığım Lyudanın anasının dizinə qoymuş Sərdar içini çəkə-çəkə zarısa da hiss etdi ki, o xilas yolundadı.
Professor İsaak Romanoviç bizi təlaş içində qarşıladı. Xəstəni görüncə sanki rahatlandı, dərindən “ah”çəkdi.Sən demə Sonya ona zəng edib deyəndə ki ağır xəstə gətirirlər,qorxub, elə bilib Andreyə nəsə olub. Bilirdim, operativlik bu xəstəxananın prinsiplərindən biridi.Xərəyi maşının yanına verən növbətçi tibb işçiləri “bomj”lara məxsusi iyə məhəl qoymadan Sərdarı xərəyə mindirib liftə sarı sürdülər.Professor baş tibb bacısına göstərişlər verəndən sonra bizə sarı dönüb ürək-dirək verməyə başladı:
–Əzizim,mən yaman qorxmuşdum.Elə bildim…Nəysə, yaxşı ki hər şey yaxşıdı! Qorxulu bir şey görmürəm. İndi ən yaxşı həkimlər onu müayinə edəcək. Onu hardan tapmısız? – Qəfil soruşdu. Xəstəxanaya daxil ola-ola hər şeyi ətraflı danışdım. O çox təsirləndi və bizə ikinci mərtəbədəki kabinetinə aparıb orda gözləməyi tapşırdı.Çox keçmədi Andrey də gəlib çıxdı.Təqribən dörd saata yaxın vaxt keçdi. Kabinetin divarındakı iri kəfkirli saat 21-20-ni göstərəndə professor içəri girdi.Üçümüz də birdən ayağa qalxdıq.Yəqin ki narahatçılığımıza son qoymaq üçün tələsik dilləndi:
– Təlaşa ehtiyac yoxdu. Çox zəifləyib, əlbətdə,aclıq, soyuq,rütubət də öz işini görüb. Amma orqanizmi möhkəmdi, yaxşı qulluq,vitaminlər tezliklə ayağa durmağına kömək edəcək.İndi sistem altındadı…Andrey, Rüfət siz evə gedin, sizlik bir iş yoxdu. Əlbətdə, əgər tibb işçilərinə etibar etmirsizsə, qala bilərsiz.
Artıq İsaak Romanoviçin bu tipli atmacalarına öyrəşmişdik deyə bu sözdən sonra qalmağa nə ehtiyac?Sağollaşıb çıxdıq. Andrey də bağ evinə getmədi, heç Sonyanın hal-əhvalını da sormadı. Lyudanın anasıyla qayıdanda gecə yarıdan keçmişdi. Kənd zülməti üstünə çəkib uyuyurdu və səhərin necə açılacağını bir Allah bilirdi…
***
Sərdar həkimlərin səyi nəticəsində sağalıb tez ayağa durdu, mənim, hətta professorun düşündüyündən də tez. Xəstəxanadan çıxandan sonra Lyudanın anasının təkidiylə (bu fədakar, şəfqətli xanımın adı Veronika Karlovnaymış) Sərdarı onların evinə yerləşdirdik. Çünki Veronika Karlovna özü demişkən, yeganə qızı Sonyanın yanında qulluğa girəndən onsuz da tək-tənha yaşayır, həm də, bir növ Sərdara isinişib.Geniş həyət-bacasını, üçotaqlı kərpic evini görəndə fikirləşdim ki, görəsən bu gen-bolluqda da darıxmaq olar? Bu bir tərəfdən çox əla oldu;Sərdarı bağ evinə aparmaq,Sonyanın xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq heç bir məntiqə uyğun gəlməzdi-öz evim olsaydı başqa məsələ.
Axır ki, üz-üzə, göz-gözə oturduq.Pərvərdigarə, gör neçə illər keçmişdi! Bəlkə onunla bu vəziyyətdə rastlaşmasaydım, bax beləcə, uşaqlığımızdakı kimi diz-dizə oturub baxışmasaydım ancaq şirin uşaqlıq xatirələrindən özgə bir şey qoymayıb yanımızdan ildırım surətiylə ötüb keçən insafsız, insafsız olduğu qədər də əzazil həyatın bizə,artıq daha bir şans verəcəyinə şübhə edərdim. Çünki indicə Sərdarın solğun, yorğun gözlərinə baxanda mənə elə gəldi ki, o elə doğulandan bu yaşda olub. Görüşmədiyimiz zaman aralığında bir igid ömrü yaşansa belə. Bu onun saçlarında, üz cizgisində,səsinin ahəngində özünü biruzə verirdi.Nə vaxtsa kəndimizin, hətta bütöv rayonumuzun sayılıb-seçilənlərindən olan “uçotçik” Mirbalanın oğlu, rayon maliyə şöbəsinin müdiri Gülbala məllimin qardaşı oğlu Sərdarı bu halda görəcəyimi düşünməzdim. İnstitutu qurtarandan sonra onu ən azından rayonun baş zootexniki, ya da ət tədarükü kombinatının direktoru kimi görürdülər.Əşi, bu fələyin oyunundan baş açmaq müşkil işdi.Yəqin o da məni Avropa çempionu görmək istərdi.Görəsən amansız həyat öz sərt fırçasıyla yaratdığı əsərinə baxa bilsəydi mənimtək utanardımı? Söhbəti necə, nədən başlamaq hər ikimizçin çətin olduğundan ilk ağlıma gələn sualı verdim:
–Buralara necə gəlib düşmüsən?– Mənim üçün ən maraqlısı bu sualın cavabıydı. O, mən biləni Bakıdan və Gəncədən uzağa getməmişdi. Niyə də gedəydi, yaxşı iş-gücü, arxası, ev-eşiyi, təsərrüfatı vardı və heç vaxt da maddi sıxıntıları olmamışdı. Sualıma cavab gözləyə-gözləyə onun içini oxumağa çalışırdım. O danışmağa başladı:Sərdar başına gələnləri bəzən təmkinlə, bəzən sərt tərzdə danışır, sanki ona inanmayacağımı düşünərək arada sohbətinə pauza verib mənim reaksiyamı hiss etmək istəyirdi. Eşidəcəyim, sarsılaraq içimi didəcəyim Sərdarın sərgüzəştləri ürəyindən daş asılmış kimsənin belə damarındakı qanını dondura bilərdi. O danışdıqca mənə rahat, təmkinli olduğunu hiss etdirmək üçün süni surətdə əsəbilərini cilovlamağa çalışsa da üzündə, boynunda qıclaşan əzələləri onu “ələ verirdi”.
–Məni aldatdılar,-dedi.-Heç vaxt belə bir kələyin qurbanı olacağımı düşünməzdim. İnandım. Bilirsən, uzun illər rayonun aqrar şöbəsinə rəhbərlik eləyən birisinə inanmaya bilməzdim. Axı o…Nə isə…olan oldu. Qismətim beləymiş.
Sərdarın gah təəssüflə, gah istehza, gah da nifrətlə dolu səsinin tonu tez-tez dəyişir, bəzən qəhər boğduğundan söhbətinə ara verib sakitləşir,udqunur,ya da öskürürdü.
“Kimin əvvəli, kimin axırı” deyimi yadıma düşdü . Əvvəllər bu deyimi ona heç cürə aid etməzdim.Çünki əvvəllər, mənim kimi onu yaxından tanıyan heç kəsin ağlının ucundan keçməzdi ki, Bəyim arvadın deyimi olmasın, ev-eşiyini, yatırını Nikolayın topu da dağıda bilməyən “uçotçik” Mirbalanın oğlunun da “axırı” olarmış;uşaq vaxtı süd gölündə üzən “uçotçik” balasını bunca rəzil olmuş səfil vəziyyətdə necə təsəvür edə bilərdim ki?Demə bu vəzifəlilərin ayıbını partbilet örtürmüş.
Sərdar danışırdı:
–Mehbalı müəllim– o,aqrar şöbənin sədriydi – sən tanımazsan, təklif edəndə… təklif edəndə ki, Rusiyaya iki sisterna spirt vursaq bir-iki aya milyonçu olarıq… Çoxları bu işlə məşğul idi, eşitdiyimdəm, bildiyimdən yaxşı da qazanırdılar.”Suxoy zakon”dan təzəcə çıxmış Rusiyadakı işbazlar da Azərbaycandan gələn şərabı, spirti keyfiyyətindən asılı olmayaraq əldən qapırdılar-bunu bilirdim. Əvəzində də guya taxta-şalban, toxumluq taxıl gətirirdilər.Sənədlər bank zəmanətiylə aparılsa da pullar nəqdləşdirilir, sonradan yerbəyer edilirdi. Bir növ maxinasiyadı.
–Heç inana bilmirəm,-dedim.
–Nəyə?
–Sənin… risk eləməyinə. Axı…Məgər Mirbala dayı rəhmətə gedib?Yəni…
–Hə,-cavab verib başını aşağı saldı,– altı ildi.Papa sağ olsaydı buna qol qoymazdı. Mən indi başa düşürəm, nə qədər axmaq olmuşam, axmaq!
Əlimi çiyninə qoydum.O başını qaldırıb məyus-məyus mənə baxdı.Açıq pəncərədən otağın döşəməsinə zərif qırmızımtıl xətt çəkmiş qürub günəşinin şəfəqləriylə oynayan yüngül tül pərdə asta-asta yelləndikcə axşam düşdüyünü xəbər verirdi və rus kəndinə məxsus axşamların xoş rahiyəsi Sərdarın ağrılı söhbətinə bir az yumşaqlıq gətirirdi. Qıyıq gözlərini yumdu,otağa dolan havanı çiçək iyləyirmiş kimi ciyərinə çəkdi, sonra otaqda tək olmadığını bilmirmiş kimi irişərək gözünü açıb mənə baxdı,dərindən köks ötürüb davam etdi:
–Əvvəl hər şey əla idi.Sisternləri yola saldıq: birində kəmşirin, birində təmiz spirt. On gündən sonra Rastova gələndə yükümüz artıq yerindəydi. Bizi, daha doğrusu sisternləri gözləyən dostların köməyilə ikicə günə malı əritdik. Rüfət, qardaşım,inanmazsan,heç mən də inanmazdım, öz gözlərimlə qazandığımız pullar kiplənmiş kisələri görməsəydim – inanmazdım! İki kisə ağzınacan kiplənmiş pul!. Əlbəttə, dostlar öz haqqlarını götürüb bizi yük qatarıyla Bakıya yola saldılar.Bu dəhşət idi.
–Yük qatarıyla?
–Hə də,konspirasiya məqsədilə. Heç yük qatarında olmusan? Cəhənnəm əzabıdı bu, əsl cəhənnəm. Əzab-əziyyətli olsa da dözürdüy, zəmanə pis, yollar xətalı. Kalan pulla sağ-salamat evə qayıtmalıydıq axı… Allah kəsəydi o pulları!
–Sonra necə oldu?
Sərdar dedi ki, rayona qayıdandan sonra bircə ay keçməmiş nəfsini saxlaya bilməyib, yenə girişib çaxır biznesinə.Bu dəfə Şamaxının şərab zavodundan dörd sisterna şirin çaxır vurublar, qış girər-girməz malı çatdırıblar Rusyətə ki taxta-şalbanla mübadilə etsinlər.Düzdü, bu dəfə bir az gec və ucuz satıblar. Bir-birindən xəbərsiz işbazlar Azərbaycanın şərab zavodlarının satılmayan məhsulunu ağına-bozuna baxmadan Rusiyaya daşıdıqlarından əməlli-başlı rəqabət yaranıbmış. Deyəsən, həm də çaxırın keyfiyyətindən narazılıq olub, həm də yerli mafiozların, nə bilim avtoritetlərin haqqı vaxtında çatmıb deyə onarı əməlli-başlı sıxışdırıblar.Axır ki dəyər-dəyməzinə satdıqları çaxırın pulunu yığa biliblər.
–Elə bil,– Sərdar davam etdi,-şeytan girdi qəlbimə. Pul oğraş şeymiş, qardaş. Mehbalıya dedim:”Ayə,a məllim, allah bilir bir də buralara gəlmək qismət olacaq,ya yox,gəl bu gecəni kef eliyəy,vallahi-billahi, dünyanın malını bir kopoolu uda bilmib bu vaxtacan…” Eşitmədi məni, “üz vurma” deyib evdə qaldı. Tıxatıx pulla dolu iki idman çantasını çarpayının altına dürtüşdürüb tapşırdım ki, qapını heç kimə açmasın, mən səhərə qayıdacam. Bir kopa pulu cibimə basıb çıxdım şəhərə, restoranda qəşəng yeyib-içdim, elə ordaca bir ürəyün istiyən xalaşkayla tanış olub onun evinə getdik. Rüfət, qardaşım,ağlım çaşmışdı, inandığımız haqqı,birinci kərəydi arvadıma xəyanət edirdim. İnanırsan? – Başımı tərpətdim ki, “hə”. “Xəyanət”i deyəndə rəngi ağardı. Bəlkə mənə elə gəldi. Bir zaman Semaşkonun həyətində Marqoyla qol-boyun olduğmu görmüş, aramızda olan münasibətdən xəbərsiz olduğu halda, yemə-içmə, gördüyünü rayona çatan kimi birinin üstünə beşini qoyub əmisi oğluna çatdıran Sərdarın süni etirafı mənə gülünc görükdü.”Görürsən, dostum, günahsız bəndə yoxmuş… “
O əsəblərini ram edə bilmirdi:
–Səhər, keyfi kök, yır-yığış edib yola çıxmaq üçün kirayə tutduğumuz evə gəlib çatanda dəhşətə gəldim: qapının qıfılı qırılmış, otağın altı üstünə çevrilmişdi. Şərikimi eyvanın qapısı ağzında al-qan içində görəndə elə qorxdum, elə qorxdum, az qala dilimi udacaqdım.Mehbalını vəhşıcəsinə öldürmüş, pullarımızı da götürüb aradan çıxmışdılar. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Bir anlığa özümü Mehbalının yerində,ya da onun yanında təsəvvür etdim və ürpəndim. Nədənsə, dünən axşam məni xəyanətə sürükləyən şeytana minnətdar oldum. “Cəhənnəm olsun pul! “Şəhərdə bir-iki adam tanıyırdım – işlərimizi “düzüb-qoşan”,yəni, vaqonları qarşılayıb sənəd-sünədi yoluna qoyub sexlərlə bizi calaşdıran Aliklə Romanı. Heç nəyə toxunmadan evdən çıxdım. Yaxşı ki üstümdə bir az pulum qalmışdı. Aliklə görüşüb əhvalatı danışdım. O,əvvəlcə mənə inanmadı. Ağzından qaçırdı ki, bəlkə pula görə şərikini sən öıdürmüsən, ya da öldürtmüşən? Bu qarma-qarışıqlıqda bir-iki dozaya görə kimi desən öldürərlər; killer tapmağa nə var ki?-Elə-belə də dedi,düz gözümün içinə baxa-baxa.Bunu necə düşünə bilərdi?..
Mən :
–Kim olsa elə düşünər,-dedim.Sərdarın badamı gözləri bir az da qıyıldı.
–Hə. Düzdü. Ona görə geri qayıda bilmədim.Lənətlənməkdən qorxdum, lənətlənməkdən!..
Camaatı necə inandırmaq olardı ki? Sağ olsun Roma, dostlarının sayəsində Mehbalanın nəşini evə yollamağa kömək elədi.
–Sən dəilişib qaldın…Nə qədər ağır olsa da, gərək gedəydin. Məncə, başa düşərdilər.Qayıtmamağın daha çox şübhə yaradır.
–Kaş o gecə ondan ayrılmayaydım, ya da dilə tutub özümlə aparaydım.Mehbalıya nə var -Mehbalı ölüb canını qurtarmışdı. Mənsə, iztirab,əzab çəkməyim bir yana dursun, fəlakət də addım-addım arxamca gəldi. Gəldi, axırda öz kölgəmə döndü-hara qaçdım əlindən qurtula bilmədim. Hamıdan qaçırdım, illah da özümüzünkülərdən.Elə bilirdim məni axtarırlar, tanınmağımdan qorxurdum-şəhər-şəhər, kənd-kənd dolaşıb sərgərdan ömür sürürdüm. Haralarda olmadım.Və bir gün, bir gün mənə kömək etmək istədiyini bildirən orta yaşlı dağıstanlı kişiylə rastlaşdım. “İstəsən səni fermaya işə düzəldərəm” dedi. Əvvəlcə inanmadım ona, sonra razılaşdım.Razılaşmayıb neylərdim. Sevindi, məni “UAZ”-na mindirib “step”in boz çöllərindəki çoban fermasına apardı. Hansısa çobanla anlaşılmaz dildə xeyli söhbət elədi.Çoban da, o da məni altdan-altdan süzüb bic-bic qımışırdılar. Bizə yemək verdi, gecədən keçmişdi, “çöl-biyabanda yolu tapmazsan” deyə ona təkidlə gecələmək təklif etdilər,razı olmadı, çıxıb getdi.O gündən qara günlərim başladı;sən demə yaxşıca pul alıb məni çobana satıbmış it oğlu! Demə sevinməyi səbəbsiz deyilmiş alçağın. Dili bilmədiyim üçün sənədlərimi əlimdən almışdılar. Qoyun otarırdım – mən,ali təhsilli zootexnik-çoban! Rasim əmoğlu demişkən, demə burnumnan pox eşəcəyəmmiş. Düz dörd il! Bir balaca usyankarlıq edəndə də “ səni çeçen bayoviklərinə yaxşı pula satarıq” deyib hədələyirdilər. Bilirdimki, müharibə təzə başladığından orda da dərəbəylikdi . Mənimlə heyvan kimi rəftar edir, ölməyim deyə yedizdirirdilər ki, qaçmağa taqətim olmasın. Sonda dözə bilmədim, gecəylə fermadan qaçdım. Rüfət, d-dostum, bilirsən qurbanolduğum məni sənin qənşərinə niyə çıxarıb?
– Bilmirəm.
Bir az susub durdu.Handan-hana suala sualla cavab verdi:
–Sən…sən Allaha inanırsan?
–Hə,-dedim.
–Sən bilməsən də,Allahımız sənə qarşı amansız olduğumu unutmub. (Mən də unutmamışdım) O seçib bu günü -məni günahıma görə utandırmaq, xəcil etmək üçün…Sənin sevginə həsəd,yox, gizlin paxıllıq edən əclaf oldum.Mənim barədə nə fikirləşsən haqqın var.Axı…axı hər şey başqa cür ola bilərdi mən axmağlığ etməsəydim. Görmüşdüm. Nolsun ki. Aliyəyə deməməliydim.Nə bileydim axırınız belə olacaq. Hamı bilirdi ki Aliyə Rasimi sevmirdi, sevə bilməzdi.
–Ancaq onu seçdi,-dedim,-sənin canfəşanlığınla… Arxadan iş çevirdin, Sərdar.-Dayana bilmədim. Havaxtsa onu əllərimlə boğub öldürməyə hazır idim.İndi isə soyuqqanlılıqla onun artıq mənimçin heç bir məna kəsb etməyən etiraflarına qulaq asırdım.”Bəlkə ona deyim? Deyim ki, aldım intiqamımı,öldürdüm oğraş əmoğlunu,öldürdüm! Onda əlimə keçsəydin, səni də gəbərdərdim. Hayıf! ” Ürəyimdə nə deyəcəyimi götür-qoy etsəm də indiki vəziyyətində onu üzmək istəmədim. Düşündüm ki, nə fayda, olan olub,keçənə də güzəşt edərlər. Deyəsən daha Sərdara nifrət eləmirdim. Sadəcə ona yazığım gəlirdi.
–B-bağışla…-Sərdarın xırıltılı səsi məni fikirdən ayırdı.-Qurban olum, bağışla. Onsuz da Aliyə öləndə. Aliyə öləndə başa düşmüşdüm ki…
–Nəə?!– Elə bağırdım ki, bayaqdan söhbətimizə mane olmamaq üçün qonşu otaqdan çıxmayan Veronika da həyacanla içəri girdi.Sərdarın rəngi qaçdı.
–Sən…bəs…Rüfət, bilmirdin? Öldü .Öldü Aliyə. Doğuş vaxtı. Uşağını dünyaya gətirdi, heç üzünü də görmədi yazıq, yarım saatdan sonra həmişəlik yumdu gözlərini…
Bütün dünya başıma fırlandı. “ Necə yəni, öldü? Bəs Rasim ? O niyə bir söz demədi onda? Desəydi, desəydi, məni də qatilə çevirməzdi.” O külək döyən qayalı sahilə xəyalən bir də qayıtdım, söhbətimizi yadıma saldım, “daha bunların mənası yoxdu “ demişdi, ya da buna bənzər bir şey,deyəsən Rasim demək istəyirdi,sözlü adama oxşayırdı, amma demirdi– qüruru imkan vermirdi. Lənətə gələsiz! Hamınız lənətə gələsiz. Sevgimi də əlimdən aldız, məni qatil etdiz.” Aliyənin ölümünə inana bilmirdim. Sanki “sən düz başa düşmədin,o ölməyib” deyəcəyini eşitmək üçün Sərdara baxıb ərklə soruşdum:
–Sən nə çərənniyirsən, başın xarab olub?
Cavab vermədi. Elə bil o, Aliyənin ölümündə günahkarıydı;başını sinəsinə əyib durmuşdu.Veronika bir şey anlamadığından hələ də qapının ağzında donub qalmışdı. Havam çatmır, boğulurdum.Güclə oturduğum kətildən qalxıb açıq pəncərəyə yaxınlaşdım. Kəndin günbatanındakı ağcaqayın meşəliyindən axıb gələn yüngül havanı ciyərimə çəkdim.Köməyi olmadı. Sərdar dediyinə peşman olmuşdu. Dərdimi səssiz-səmirsiz içimdə boğa-boğa nəmli gözlərimi soyuq ulduzlardan ayırıb balaca otaqda gəzinməyə başladım.Sərdar dinməz-söyləməz oturduğundan otağa çokmüş səssizliyi açıq pəncərənin o üzündən eşidilən işıldaböcəklərin məğrur civiltisindən savayı kimsə pozmaq iqtidarında deyildi.
“Günah məndədir!” – qəfil fikrimdə dolaşıb az qala dilimin ucuna düşən bu nida ilk dəfəydi ürəyimə saldığı şübhələri darmadağın etdi. Çoxdan, o küləkli gündə öz mənasız ölümünün gözünə qürurla baxan Rasimin ölüm günündən çox-çox əvvəl də bunu düşünmüşdüm. Aliyənin sadəlövhlüyündən alçaqcasına istifadə edib şəhvətimi boğa, cilovlaya bilməyib özümü Marqoya əsir edəndəiki yol ayrıcında çabalayan biri kimi də bunu demişdim. Bir yandan, sevgidən doğulmasa da bağrına basa bilmədiyi körpəsinin anasız qaldığına görə özümü müqəssir sandım.
Bu ötən ayın ağrı-acısını unutmaq, çəkdiyim sarsıntıların məngənəsindən sıyrılıb çıxmaq üçün uzaq, lap uzaq, insan ayağı dəyməyən bir yerə qaçmağa hazırdım. Bəs qaça biləcəyim yer vardımı? Özüm özümdən gizlənə biləcəyim yer…
***
Sərdara başım elə qarışmışdı ki, ancaq yatandan-yatana gəldiyim bağ evində baş verənlərdən xəbərsizdim. Sən deyən fövqalədə bir şey olmasa da Sonyanın mənimlə soyuq münasibətindən hiss edirdim ki, yerlimə canfəşanlıq etməyim onu elə də açmır.Bu bir ayda evdən çölə çıxmadığını nəzərə alsaq,onun öz cəmiyyətindən uzaq düşməsindən nələr çəkdiyini başa düşmək olardı. Bir yandan mənə olan hörməti, bir yandan da aramızdakı kiçicik sirlər əsəbilərini boğmağa səbəb olmuşdu.Sərdar Aliyənin ölüm xəbərini verəndən sonra içimdə anlaya bilmədiyim bir boşluq vardı deyə, tənha qalmaq, hətta hönkür-hönkür ağlamaq istəyirdim. Ağlaya bilmirdim, boğulurdum, amma gözlərimdən bir damla belə yaş çıxmırdı.
Bu gün hava çox istidi.
Üstündə sənəd olmamasına baxmayaraq Andey Sərdarı Bakıya yola salmağa çeçen dostunun vasitəçiliyilə Moskva-Bakı reysinə “yer” düzəltdirmişdi deyə bu gün ona üst-baş almaq üçün mağazalara baş çəkmək, ordan da axşam reysinə yetişmək lazımdı.. Sərdarla şəhərə gedəcəyimi duyan Sonya eşitdirdi ki, onu da yolüstü Sülh prospektində düşürüb qayıdanbaşı götürüm.Ev dustağı olan Sonyaya yazığım gəlsə də, “bu Sülh prospekti hardan çıxdı?” deyə fikirləşdim. Bu ünvana ilk dəfə gedəcəyindən narahatlığımı duydu.
–Kitab mağzasına, sonra da rəfiqəmin gözəllik salonuna baş çəkəcəm,-dedi.Razılaşdım.Əgər bilsəydim ki, onun Sülh prospektinə getməkdə əsas məqsədi nədi, qəti etiraz edər, bəlkə ağır söz də deyərdim. Deyəsən odla oynadığımdan xəbərim yox idi.
Sonya hazırlaşana kimi maşını işə salıb Veronika xanımgilə getdim. Sərdarı götürüb bağ evinə qayıdarkən qapının ağzında duran “Ceep” gözümə sataşanda dodağımı dişlədim. “Andrey bizi şəhərdə gözləməliydi axı? Bəlkə sürücüsü tək gəlib? “ Yeganə cangüdən (o, cangüdməydən çox evi güdürdü) məni gözləyirmiş kimi hələ darvazaya çatmamış təlaşla maşına sarı atıldı.Rəngi-ruhundan həyacanlı olduğunu o dəqiqə hiss etdim. Gözucu “Ceep” ə nəzər saldım: sürücü yerindəydi.Əyləci basıb qışqırdım:
–Özünü maşının altına niyə atırsan ? Axmaq ayı!
–Şef…
Dalısını eşitməyə ehtiyacmı var? “ Deməli Andrey gəlib,(niyə, bilmirəm) Sonyanın hazırlaşdığını görüb, hirslənib, təhqir edib, bəlkə döyüb də. Olmaya…olmaya qulağına söz çatıb? Nə isə… məncə indi Sonyanın daha çox mənə ehtiyacı var.”
–Əsəbidi. Səni gözləyir,-cangüdən mızıldadı.
Maşından düşdüm, həyətə girdim və pilləkənə çatmamış evdən çıxan Andreylə üz-üzə gəldim. Həddən ziyadə ciddi siması quru, cansıxıcı, bir az da qəddar adam təəssüratı yaratsa da mən onu özüm kimi tanıyırdım: o, Sonyayla dalaşsa, onun barədə nəsə bilsəydi bu qədər sakit olmazdı. Amma bu sakitlikdə gizli bir təlaş vardı. Əlimi sıxıb hal-əhval tutmadan məni besedkya sarı aparanda anladım ki fövqaladə nəsə baş verib.O pıçıltıyla danışırdı.
–Sən… onunla görüşürsən?-dedi və mənimlə üz-üzə dayandı.-Düzünü de.
Heç nə anlamadığımdan tutuldum. “Kiminlə?” soruşmaq istədim.Andreyin müəmmalı sualı, bic baxışı, mətləbini aydınlaşdırmadan kimlə görüşdüyümün onu belə narahat etməsinə şübhələnməyə bilməzdim. “Niyə ürəyimi üzür, “mustafa”sın demir?” deyə fikirləşirdim ki özümdən ixtiyarsız süalına sualla cavab verdim:
–Kimnən…görüşürəmki?
–O qancığla, Raisayla, görüşürsən?– Dişini qıcıdaraq soruşdu və ilk dəfə,ərklə yox, hikkəylə, qapı tıqqıldadırmış kimi yumruğunu sinəmə döyəclədi.Özümü güclə saxlayırdım.Andreydən bu yekəbaşlığı heç gözləmirdim. Nəyə görəsə hirsini-hikkəsini üstümə tökməyi bir yana qalsın, guya bilmirdi ki məni Sonyanın qıçına bağlayandan adım da yadımdan çıxıb? Bir də ki, məni Raisadan uzaqlaşdıran özü deyildi? Görəsən nə qələt eləyib?..
–Nə olub Raisaya?
Dua edirmiş kimi əllərini göyə qaldırdı, sonra da “ufff” eləyib sağ əlini sinəsinə döyəcləyərək fısıldadı:
–Ona heç nə olmayıb,heç nə, başa düşdün?! Nə olubsa mənə olub, mənə!..Sualıma cavab ver : axırıncı dəfə nə vaxt görmüsən o fahişəni, hə?
–Onunla görüşmürəm,– sakit dedim.-Axı nolub,niyə hirs…
–İtin belindən gəlmiş, xəstəyəm deyə bir həftəydi bankda görükmürdü… Bu gün biliblər ki, Raisa… uxxx, onun anasını, üç milyon pulu bankın seyfindən götürüb, özü də yoxa çıxıb. Üç milyon dollar! Başa düşürsən? Qoy əlimə keçsin, qancıq,onun hər tikəsini noxud boyda edəcəm! Mənimlə oyun oynayır? Qoy olsun! Onsuz da əlimdən qaça bilməyəcək.Cəngəllikdə də olsa tapıb timsahlara yem edəcəm… Pulun içinə işiyim, söhbət pulda deyil,başa düş,Rüfət, o, etibarıma xəyanət edib.Qabağımda minlərlə adamın zağ-zağ əsdiyini bilə-bilə məni tapdalayıb, üzümə tüpürüb. Doğulduğuna peşiman olacaqsan, Raya! Mənə rast gələn gününə peşiman olacaqsan!..
Son cümlələri elə dedi, sanki qənşərində mən deyil, Raisa dayanmışdı.Döşə ki, döşəyəsən! Birdən əsəbini cilovlayıb baxışını üzümdə oynatdı, üstümə basqı edib əbəs yerə qəlbimə dəydiyini duyub yalandan gülümsündü, heç nə olmubmuş kimi “bağışla” deyib darvazaya sarı üz tutdu.Andrey ağlını itirmişdi? Bu izdivacda, xəyanətdə, cinayətdə məni də şərik görməsi, suçlu sanması toxundu mənə.Üzr istəməsi də, bir növ “xala xətrin qalmasın” oldu.
–Nə etmək fikrindəsən?-Arxasınca səsləndim. Andrey bir neçə addım atandan sonra dayanıb çöndü, “sənə dəxli yoxdu” deyirmiş kimi baxıb:
–Dostunu yola sal, gəl yanıma,-deyib həyətdən çıxdı.
Əlbəttə, əgər xəyanət edibsə Raisaya haqq qazandırmaq alçaqlıq olardı.Amma buna heç cürə inana da bilmirdim. Mən biləni onun gözü tox və heç nəyə ehtiyacı yoxdu; tək yaşayan qadına bəs edəcək gözəl mənzili, bağ evi, sanballı işi, var-dövləti vardı.Təkcə sevgidə yarımamışdı. Sərsəm cinayətə əl bulamasında anlaşılmazlıq ola bilərdi. Nədənsə, onun sadəlövh qadın olduğunu bildiyimdən kiminsə toruna düşdüyünə əmin idim. Amma ağlıma kimsə gəlmirdi.
Sonya həyətə belə çıxmadığından başa düşdüm ki vəziyyətdən xəbərdardı,yəqin bugünkü planları alt-üst olduğundan zəncir çeynəyir. Daha baş qoşmadım. Küçəyə çıxanda Andreyin maşını toz-duman içində yox olmuşdu.Mən də sükan arxasına keçib yola düşdüm. Bir söz demədiyimdən Sərdar da susurdu. Fikrim qarışmışdı.”Üç milyon! Gör necə göynədir? Sənki bu pulları halallıqla yığmamısan, niyə təsirlənirsən,niyə? Tutaq ki, risk edirsən, bu boyda cinayətkar ordu, başkəsənlər, killerlər saxlayırsan, dövlət içində dövlət sahibisən.Axı bunların daimi olmadığını yaxşı bilirsən.Bilirsən ki, nifrət etdiyin bir quruluşa qarşı etdiyin bütün cəhdlərin sonucu var,qazandığın başgicəlləndirən triumf mifdi, dəhşət, qorxu, basqı üzərində qurduğun yalnışdı. Sən nə Makedoniyalı İskəndər, nə də 1-ci Pyotr kimi tarixdə qala bilməyəcəksən. Demokrat kimi hakimiyyətə gəlib sonda dövləti hərcimərclik oylağına çevirən Yelçinin də ayılan günü olacaq.Qurduğun bu “dövlət “ bir gün tarimar ediləcək. Bəli, tanrının gözündən yayınmış bu ölkədə gec-tez qanunlar işləyəcək. Vallah işləyəcək!…
Sovetin dövründə vəzifəsinə, arxasına güvənərək dövlətin sərvətini talayıb özünə gün-güzaran quranlar da elə bilirdi əbədi cənnətdə yaşayacaqlar. Demək olar, dövləti hamı talayırdı, amma sərvəti bitib-tükənmirdi, vallah! Əlinə balaca səlahiyyət keçən oğurluq edirdi .“Oğrudan oğruya halaldı” prinsipiylə yaşamaq bu ölkədə ən iyrənc vərdiş idi. Qəribəsi oyduki, hər kəs taladığını halal tikə bilirdi, özününkü sanırdı.Zavodda fəhlədən tutmuş direktoracan, rayon rəhbəri, prokuror,nə bilim, rəis,nazir,Sov.İKP Mərkəzi Komitəsinəcən rüşvət xəstəliyinə yoluxmuşdu. Uzağa niyə gedim, biri elə Sərdarın əmisi. Kor da, kar da bilirdi ki, kolxozun fermasında uçotdan gizlədilən yüzlərlə camışı var. Noldu? Moskvadan yoxlama gələndə verdilər Kürün cənginə, elə bil yerli-dibli camış-mamış olmayıb. Bir kopoyoğlu tapılmadı komissiyaya Kürdə boğulan dilsiz-ağızsız camış sürüsünün murdar olmuş cəmdəklərini göstərsin. Yuxarıdan gələnlər də “faktın olmadığını, ərizənin qərəzlə yazıldığını” Mərkəzə “doklad” elədi, asetrin kababına, “Göy-göl” konyakına qonaq olub rayondan üz tutdular Moskvaya. Yoxlama gedəndən sonra Kremlə anonim ərizəni Səməndərin yazdığını öyrənəndə onun bütün külfətini külliküf elətdirdi-didərgin saldırdı rayondan. İndi ki sovet hökuməti yoxdu. Azadlıqdı, müstəqillikdi, demokratiyadı.Bəs hanı o azadlıq? Hanı demokratiya? Əziyyətlə, zillətlə iş quran komersantların əlindən hədə-qorxuyla aldırdığın pullar neçə günahsızın qanına bulaşdığını bilirsən.Afşor zonalarda əritdiyin milyonların içində Raisanın bankına girib-çıxanlar okeanda damla boyda olsa da tökdüyün qanlar, törətdiyin cinayətlər, qətllər saysız-hesabsızdı, Andrey…”
Dairəvi yola çıxanda saata baxdım: 15.27. “Gecdi”. Şəhərə girmək fikrindən vaz keçib Domadedova aeroportuna istiqamət götürdüm; şəhərdə tıxacda ləngiyə bilər, təyyarəyə gecikərik deyə yol boyu zəhləmi tökən düşüncələrdən güclə ayrılıb Sərdarla zarafatlaşdım da:
–Moskva ne prinimayet. -Özümlə danışırammış kimi mızıldadım.
–Nə?-Sərdar deyəsən başa düşməyib çaşqın-çaşqın soruşdu.
–Heç. Deyirəm göstərə bilmədim sənə Moskvanı. Domadedov bazarından alış-veriş edib gedərik aeroporta.Yaxşı düşməz Ramzanı gözlətmək,-dedim. Sərdar başını yellədi.
Başımızın üstündən uçan təyyarənin uğultusu qarşısına çıxan hər şeyi tar-mar edən qasırğa kimi fikirlərimi dağıtdı. Ticarət mərkəzinə girəndə Sərdara baxdım: elə bil ilk dəfə görürdüm onu.Həm də son dəfə.Üzündə gizli bir sevinc, həm də təlaş sezilirdi.Mən isə heyfislənirdim.Onun yerində olmadığıma görə.
–T-tutmazlarki məni? Sənədə görə…-Qəfil soruşdu Sərdar.Başı bəlalar çəkdiyindən yazığı qınamırdım. Qanunların işləmədiyi ucsuz-bucaqsız məmləkətdə generalın “əli çatmayan yerə” adi milis serjantı asanlıqla girə bilirsə,avtoritetlər, qanun oğruları zonalarda deyil, dövlət aparatında belə əl-qol açıb at oynadırsa sən nədən danışırsan, Sərdar?!
Ona sarı çevrilib inamla başımı yellədim, gülümsəyib təlaşına son qoydum.
–A rəhməttiyin oğlu, gör kimlər qarışıb bu işə.Zarafat deyil.
Yenə təyyarə uğuldayır. Səmada əriyən tüstü zolağının biri yox olmamış havada yeni ağ zolaq əmələ gəlir. Yəqinki bu şəhərin sakinləri gündəlik işlərini yuxularını da şərik olan təyyarələrin uçuş cədvəliylə nizamlayır. Təsəvvür etdim ki, bir gün, yox, bircə saat uçuş qrafiki pozulsa, bir dənə də təyyarə enib-qalxmasa Domadedova sakinlərinin halı necə olar?..
–Hə, ürəyin nə istəyir ala bilərsən,utanma,-deyib iri pavilyonun rəngarəng vitrinlərini göstərdim.O uşaq kimi kövrəlmişdi. Başını razılıqla tərpədəndə bunu hiss etdim. Əvvəlcə özünə kostyum, köynək, ayaqqabı bəyəndi. Pulunu ödədim, satıcı qız səliqəylə büküb üstündə “ Domadedovo” loqosu olan iri zənbilə qoyub bizə verdi. Etiraz etməyinə baxmayaraq təkid elədim ki qadınına da bir hədiyyə seçsin. Yaraşıqlı don və şarf aldıq. Qolundan tutub uşaq şöbəsinə sarı dartdım.
–Heç soruşmadım,sən də deməmisən,-dedim,-neçə uşağın var?
–D-dörd.Üçü qız, b-biri də… oğlan…Rüfət.Oğlumun adı Rüfətdi…Sənin adını…
Salon boyu qaynayan müştərilərə məhəl qoymadan düz camaatın gur yerindəcə donub durdum.Həm sevindim, həm təəccübləndim.”Görəsən oğluna niyə mənim adımı qoyub?!” Özümdən ixtiyarsız onu o uşaqlıq çağlarındakı kimi bağrıma basdım. İkimiz də kövrəldik.Daha heç nə soruşmadım. Kəndimizdə adaşımın olmasından gizlincə fəxarət duydum.
Uşaq şöbəsində cərgə-cərgə asılmış gah oğlan, gah qız bölməsindəki al-əlvan paltarları gözdən keçirir, heç nə almayan, vaxtını xərcləyən adam kimi o üz-bu üzə çevirir, gözü qarşısında havaya qaldırıb tərəddüdlə baxır, təzədən yerinə asırdı.Elə başa düşdüm xoşuna gələn, ürəyinə yatan bir şey seçə bilmir. Satıcılardan birindən ona kömək etməyi xahiş etdim.Qız məmuniyyətlə hələ bir mayka belə seçməyən Sərdara yaxınlaşıb salamlaşdı, nə münasibətlə, neçə yaşında uşaq üçün hədiyyə aldığını soruşanda mənə sarı çevrilib çiyinlərini atdı. Çaşqınlıqla “bilmirəm” dedi. İndi başa düşdüm, başa düşdüm ki, Sərdar itirdiyi dörd-beş ilin içində artıq böyümüş uşaqlarını asılqanda asılmış geyimlərdə heç cürə təsəvvür edə bilmir. Uşaqlar onun yaddaşında dörd il əvvəlki kimi qalmışdı, heç böyüməmişdi.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.