Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 17

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 17 (всего у книги 17 страниц)

Шрифт:
- 100% +

–Cəhənnnəm oluuunnnn! Rəddd olunnnnn!…

Və yerə sərələndi.Lyuda cəld ona yaxınlaşdı. Mən su gətirmək üçün mətbəxə qaçdım.Ani olaraq ağlıma gələn Andreyə zəng etmək oldusa tez də fikrimdən daşındım. “Bütün bu həngamələr ona görə deyildimi?Bu gözəllikdə qadını qəfəsdə çabalayaraq çırpınan köməksiz, əlacsız quşcuğaza çevirən bəs kimiydi? İndiyə kimi yağlı vədlər verə-verə günü günə qatan, ayı, ili ötürə-ötürə, guya xəstəymiş deyərək ər kimi bir gün də yanında olmayan, qəlbini ovutmayan o deyildimi?”

Sudan ikicə qurtum aldı.Lyuda nə qədər elədi onu qaldırmağa taqəti çatmadı-ölü kimi ağırdı.

Qucağıma alıb yataq otağına apardım…

Və iki gün otaqdan çıxmadı.

Və bu iki gündə Lyuda Andreylə Sonyanın yeni il bayramlarında necə şənləndiyindən, bahalı hədiyyələrdən, səyahətlərindən danışanda anladım ki, artıq qayıdışı mümkün olmayan, paramparça olub, ancaq xatirəyə dönmüş gözəl evlilik həyatına bircə anlıq belə baş vurmaq ölüdən can diləmək kimi bir şeymiş! Sonya, köhnə kino lentlərini geriyə flırlamaqla özünə əzab verməkdə davam edirmiş; çərxi-fələyin intizamına şapalaq vuraraq.

…Andreydən xəbər-ətər yoxdu. Sonya əvvəlkitək özünə qəsd edib içir. Lyuda mənimlə sevgi yaşamaq üçün məqam gəzir. Eşitdiyimdən bağban da istefa verib, daha işə çıxmır.Məni və Lyudanı saymasaq, bircə qapıdakı nəzarətçi-cangüdən qalıb Andreyin nökərlərindən. Onsuz da qış girəndən, ərzaq almağı nəzərə almasam, heç kim bir yerə getmir. Heç darvazanı açıb-bağlamağa ehtiyac olmursa, o nəzarətçini niyə saxlayır Andrey? Bəlkə məni güdür?Ehh…Bircə yaz gəlsəydi..

***

Heç kimin xəbəri olmasa da mən bilirdim ki, neçə ildi Andrey onunla yatmır. Səbəbini anlamasam da təxmin etmişdim: o, Sonyanı nəinki arvadı , heç qadın kimi də sevmir.Yoxsa Sonya sevgisini kənarda axtarmazdı ki?!. Düzdür, bundan ancaq mənim xəbərim vardı, daha doğrusu ötən yay Andreyə rəfiqəsigilə gedəcəyini deyib maşını mərkəzdəki evlərinə sürdürəndə şübhələnmişdim.O, “rəfiqəm burda yaşayır” demişdi mənə.Hələ Moskvaya ilk dəfə gələndə Mədətlə Andreyin ünvanını axtarandan o mənzili tanıyırdım və bilirdim ki, orada heç kim yaşamır. Sonya Andreyi də, məni də aldatmışdı…

Keçən həftə də çox içmişdi.Məni eşitmədi,” heç vecimə də deyil Andreyin göstərişləri”, deyib üstümə bağırdı da. Andreyə zəng etdim ki, həkimini göndər, yenə özündə-sözündə deyil… İlahi, həkim gəlib gedəndən sonra əsəbindən zəncir çeynəyib məni necə təhqir etdiyini görəydin!

Onsuz da həkimin müalicəsinin bir effekti gözə çarpmırdı. O yenə də içir, qab-qacağı vurub sındırır, hamını söyürdü. Axırıncı dəfə qiymətli Çin vazasını balkondan həyətdəki boş hovuzun içinə tullamışdı, demək olardı ki, evdə divardakı bir neçə qiymətli rəsm əsərlərindən,mətbəxdəki mebeldən başqa sındırılası, atılası heç nə qalmamışdı.Əvvəllər məndən ehtiyat edib çəkinirdisə, son vaxtlar məni də adam yerinə qoymurdu.Andrey isə ciddi olaraq tapşırırdı ki, xahiş edirəm, müalicə bitənə kimi onu gözdən qoyma, yenə də səndən çəkinir.

Bu gün hələ az içib.Bilmək olmazdı, bəlkə bütün günü əyyaşlıq edəcək, məni hövsələdən çıxaracaqdı. Əvvəllır neçə dəfə Andreydən xahiş etmişdim ki, mənə bir əməlli-başlı kişi işi tapşır.Məni də razborkalara, doyüşlərə, lap ölümə göndər, amma qadınlara mühafizəçi qoyma. Andrey mənə nə desə yaxşıdır? Dedi ki, Sonya mənim ən qiymətlimdir, sən də ən yaxın dostum. Onu səndən başqa heç kəsə etibar etmirəm.Əlbəttə, Sonyanın qiymətli olmasının səbəbini yaxşı bilirdim.İsraildə yaşayan qayınatası sovetin dövründə qazandığı cah-cəlalını, evləri, xarici banklarda saxladığı varidatını yeganə qızına vəsiyyət etmişdi.Kişinin “QosPlan”da uzun illər işləyib yığdıqları böyük bir şəhərin on illik büdcəsini ötüb keçirdi.Ona görə Sonyanın bütün şıltaqlığına dözürdü. Amma Sonyanın ara-sıra onun qarasına deyinməsini, yerli-yersiz dava-dalaş saldığını görəndən sonra dalağım sancmışdı ki, burda nəsə başqa sirr var.

Dəlisov tutmaları baş qaldıranda Moskvanın ən mötəbər klinikalarında çalışan professorları evinə gətizdirən Andrey Sonyanın ciddi xəstəlikdən deyil, onun soyuqluğundan, biganəliyindən “dəli”lik etdiyini bilsə də, yenə özünü o yerə qoymur, “Sonyacan, sən sağalacaqsan,mütləq sağalacaqsan!” deyib, onu daha da nevroz halına salırdı.Mən dəfələrlə bunun şahidi olmuşdum.

…Əvvəllər şəxsi sürücüsü vardı Sonyanın.Səhv eləmirəmsə, adı Stepan idi.Çox sakit, gülərüz oğlandı.Sözün düzü, onu heç danışan görməmişdim, elə bil ağzında dili yox idi yazığın.Amma həmişə üzü gülürdü.Sonyanın əmrlərini itaətgarcasına dəqiq və təmiz yerinə yetirirdi.Mən Sonyanın cangüdəni təyin ediləndən Stepanın yanında əyləşib Andreyin qızıldan qiymətli sevgilisini müşaiyət etmək, bütün günü bu dilsiz-ağızsız oğlanla bir yerdə olmaq qismətimə düşmədi-maşını əlindən alıb özünü də Dmitriyevskiy şossenin qurtaracağındakı lombarda göndərdilər.Sonradan bildim ki, hər zaman lal oyunu oynayan Stepan, sən demə,vələdüznanın biriymiş, gördüklərini, eşitdiklərini qulluqçulara, cangüdənlərə nəql edirmiş, özü də bərbəzəyilə.

Andreylə münasibətləri pozulmayana kimi bahalı butikləri, elit gözəllik salonlarını,kino-teatları,konsert salonlarını bir-birinə vuran Sonya saatlarla köhnə rəfiqələriylə vaxt keçirməyi çox xoşlardı;kafedə dondurma yeyə-yeyə kimlərinsə qeybətin qılmaqdan ləzzət alırdı.Elə vaxt olurdu ki, saatlarla onun həndəvərində fırlanır, göz-qulaq olurdum, amma nə danışıb, kimi müzakirə etdiyinə məhəl qoymurdum. İçkiyə qurşanandan sonra rəfiqələri yavaş-yavaş ondan bir bəhanə uyduraraq uzaqlaşırdılar.Son vaxtlar zənglər də kəsilmişdi kişi dostlarından. Özünə hörmət edən hər kişi kefli qadınla yatağını bölməz axı. O içki məsələsində əndazəsindən çıxırdı son vaxtlar. İçir, içir, həm də sevgi dilənirdi. Mən bu neçə ildə onun gönünə də bələd olmuşdum desəm yanılmaram. Kosmos mehmanxanasındakı görüşü sonuncu olduğunu da bilirəm. Mənimlə restorana gedib yeyib-içməyi, ürəyini boşaltmağı da bir oyun idi yəqim. Məndən uzaqlaşmamaq üçün, ələ almaq üçün düşündüyü oyun.Əslində məndən özgə onun halına yananı yox idi.Buna baxmayaraq mənim sadəlövhlüyümdənmi, yoxsa maymaqlığımdanmı istifadə edərək, arada təhqir eləməkdən də usanmırdı. Mən lap təngə gəlmişdim. Amma dözürdüm.Dözməliydim. Başqa əlacım vardıki?! Onsuzda həyat mənimçin çoxdan sona çatmışdı, çoxdan. Əynindən hərbi formanı çıxarmamış hoqqa çıxarıb adam öldürən, dərəbəylikdən istifadə edib qaçan, hətta bunları uşaqlıq dostuna belə etiraf etməyə kişiliyi çatmayan birisinə bu bandit yuvasından əlverişli yer vardımı? Eh, Rüfət, Rüfət…

***

…Bu yaz əvvəlkilərə heç bənzımirdi. Bu gördüyüm bütün bahar aylarından rəngiylə, ətriylə fərqlənirdi; havada yasəmən qoxusu asıla qalmışdı elə bil…

İnsanlar da başqalaşmışdı-bir az həlim, bir az güləş, bir az şən.Əvvəlki adamlar keçən yazda qalmışdı…

Bu yazı gözləyirdim. Gec də olsa,sadəlövhlükdən düşdüyüm vəziyyətin ciddiliyini anlamışdım.Mən biləni,deyəsən, hökumətin özünə gəlməsi Andreyin də qılıncını kütləşdirib. Ara-sıra, əyalətlərdə bandit dəstələrinin sıradan çıxarılması xəbərləri eşidilir.Kələklə gələnlər küləyin gücünə tab gətirmirlər deyəsən. Bu külək,göz görə-görə sərvətləri tarmar edilən, başbilənləri çox olsa da sahibsiz qalmış, tanrının gözündən düşən nəhəng dövlətin varidatını fırıldaqla mənimsəyib özününkü edən, qazanclarını ofşor zonalara təpələşdirən oliqarx sürüsüylə əlbir– dilbir olmuş bandit kopalarını da qabağına alıb süpürəcəkdi yəqin.Hələ ki zəif əsirdi küləklər .Fırtına gözlənilməz ola bilər.Qəfil. Əzilənlər, gücsüzlər, tabsızlsar fırtına gözləyirdi. Çox olsalar da əllərindən gözləməkdən özgə nə gələr ki tabsızların…

Hər şeyə tüpürüb iyirmi, otuz il əvvələ qayıtmaq mümkünmü? Yenə beş-altı il öncə bilsəydim, çeçen müharibəsinin qızğın vaxtında aradan çıxmaq olardı.Bir ara lap ucqar kənddə , aulda da gizlənmək olardı. Amma Dağıstanda, Çeçendə də aləm bir-birinə qarışdığından, ağlım kəsmirdi ki, girdirmə sənədlə çox uzağa gedəm.Yollar qorxuludu. Hətta dəmir yolları da milis forması geymiş banditlərin nəzarətindədi; qəfil basqınlar,talama, hətta onlara tabe olmayanların canına qəsd eləmək bir içim suymuş. Sən demə, necəki fağır birisinə vəzifə veriləndə möhürünə güvənib aciz bəndələrə zülm edər, eləcə, əlverişli məqam düşən kimi bu qədər nifrət,qəddarlıq, yırtıcı xisləti hər birimizin içində yatıb qalıbmış.Guya can deyib, can eşidən sovet vətəndaşları bir himə bənd imiş ki, milisin, KQB-nin vahiməsindən qurtulantək,əslində kim olduqlarını açıb göstərsin. Bu nəhəngliyində insan cəmiyyəti iblisin istismarındaydı; güləni də, ağlayanı da…

İndi özümü sürgündə hiss edirəm. İnsan yığını olan dünyadan iyrənirəm. Ətrafımda hara, kimə baxıramsa hər şey yaddı mənə.Özümü qınayıram. Sonyanın, Raisanın və yüzlərlə insanın çəkdiyi əzablarda mənim də payım olduğunu indi dərk edirəm. Axı o gün, o lənətə gəlmiş gün, bircə caniyə, bir göz qırpımı hərəkətsiz qalsaydım bəlkə Qleb yox, uçurumlu dərədə qarğa-quzğuna Andrey yem olardı. Deməli, bu cəlladlar imperiyasının təməl daşını qoyanlardan biri də mən idim…

Tanıya bilmədim səni, mələk.

–Rəfiqələrim inadla italyanların üzərində qalsalar da mənə həmişə elə gəlirdi ki, dünyanın ən ehtiraslı kişiləri qafqazlılardı…Eh, görünür yanılırammış?!

– Qafqazlı…kişi dostunuz var bəyəm?

–Yoox…-deyib yarımçıq viski butulkasını başına çəkdi.-Heç italyan dostum da olmub.Ha-ha-haaa!..

–Onda yanıldığınızı hardan bilirsiz?-Maraqlandım.

O gözlərini qıyıb məni süzdü. Nədənsə ağzını büzüb dindi:

–Boş-la…elə-belə, söz gəlişi dedim…

Başını yelləyərək sifətinə tökülmüş saçlarını arxaya atdı.Onu sərxoş halda bu qədər yaxından görməmişdim.Heç bir məna kəsb etməyən baxışlarını sifətimdə elə gəzdirdi ki, sanki yazı taxtasında yazılmış iyrənc sözü əskiylə silir. Nə qədər xahiş etdimsə daha içməsin, qulağına girmədi.Son vaxtlar çox içdiyindən dərisinin rəngi də solmuşdu elə bil. Andrey tapşırmışdı: gördün yenə əyyaşlıq edir, mənə zəng elə, həkimini göndərim. Buna daha ehtiyac olmadığına əmin idim, çünki Sonyanı dayandırmaq mümkün deyildi.

–Qafqazlıları yaxından tanımadığınız halda, qarasına danışmaq haqsızlıqdı,-dedim.

İncidiyimi görüb gülümsündü:

–Bəsdi…Bax, biri elə sən, ürəyin qadın istəmir heç? Yox-saa, sən dəə..

Söhbətimizin gözlənilmədən dalana dirənəcəyini ağlıma belə gətirməzdim.Aramız o qədər açıq idi ki, yanımda hər cürə söhbətlər edirdi. Mənimlə ərkyana danışır, hətta şəxsi məsələlərindən də, problemlərindən də söz açırdı.Lakin birinci dəfəydi intim mövzuya keçdiyindən tutuldum, otaqdan çıxmaq istədim.O məndən nə istəyirdi axı?!Məni qıcıqlandırmaqla nəyə nail olmaq istəyirdi ki?

– Yoxsa, nə? Nə?..– Sakit və incik cavab verdim.

– Ha-ha-ha.Bunu mən soruşdum, sualıma cavab ver…Hə, yoxsa sən də…sən də dostun kimi im…impotent…sən…hə?…İm-po-tent.

–Nə?!

Eşitdiyimə təəccübləndiyim qədər məyyus oldum.O bunu deməyə də bilərdi. İkisinin arasında ölə biləcək siirri bu məqamda diriltmək nəyə lazım imiş? Bayaqdan sönük gözlərində işıltılar çözəldi.Əzəli intiqamını almış cəngavər kimi, ürəyini quyuya boşaldan İsgəndər-Zülqərney kimi rahatlandı. Sanki həyatı boyu çiyinlərində daşıdığı ağır yükdən canını qurtarmışdı.

–Hə, hə, hə…İmpotentdi sənin dostun! İndi bildin , bildin? İlahi, indiyəcən buna necə dözmüşəmmiş?!

İmpotent. Bu bir kəlmə bütün qaranlıqlara işıq səpdi. Ünvanını axtararkən qonşu qadın onun xəstəliyindən, İsrailə müalicə almağa getdiyindən danışmışdı axı.Bir yandan da Sonyaya qarşı anlaşılmaz münasibəti. Kör-kor, gör-gör. Andrey təkcə onunla yox, bütün qadınlarla soyuq idi.Nə əsgərlikdə, nə də sonralar, hələ bir dəfə də qızla, qadınla olduğundan, kimisə sevdiyindən söhbət aşmaz, ya da ürəyindən bazlıq keçdiyini dilinə gətirməzdi.Biz qafqazlılar, o mənada hədd bilmərik; sevişdiyimiz qadınlar barədə hər şeyi, yeri düşdü-düşmədi, (təki söhbət seksdən olsun) yerli-yataqlı, bir az da öz fantaziyalarımızı böyür-başına qoşa-qoşa nəql etməyi xoşladığımızdan, hətta bununla fəxr etdiyimizdən,ilk baxışdan onun hərəkətinə təəccüblənsəm də, sonralar belə qənaətə gəlmişdim ki, bu, Andreyin çox mədəni və qapalı bir ailədə tərbiyə aldığından irəli gəlir. Yanılmışammış. Deyəsən mənim düşüncələrə qapandığımı, fiziki qüsuruna görə öz arvadı tərəfindən ağır ittiham edilən dostumun indiyəcən nələr çəkdiyini ürəyimə salıb onu dinləmədiyimi duymurdu Sonya.

–Sən də gecə-gündüz sadiq köpək kimi keşıyimi çəkirsən. Mənim də zəhləmi tökmüsən. Tökmüsən zəhləmi. Hansı kişilikdən danışırsan?! Neçə ildi bizim yanımızdasan, bir gün də olsun sağa-sola qaçdığın yadıma gəlmir. Soruşmaq ayıb olmasın, harda, nə vaxt görüşürsən qadınla? Hə, bəlkə…bəlkə elə dostunla sevişirsən?..

Diksindim. Bu dəqiqə onu böğmağa hazır idim.

–Xanım !…– Qəzəblə ona çımxırdımki, həddini aşmasın.Ağlını itirmiş sərxoş qadına baş qoşmağım yersizdi.O isə heç vecinə almadan, dediyinin fövqündə olmadan üyüdürdü:

–Ha-ha-ha-haaa! Ax, mənim axmaq başım! Yadıma düşdü, əlbətdə ki, Raisa!..

“Məni nə hesab edir bu başdan xarab?!Bayaqdan əsəblərimlə oynadığı bəs deyil, kimlə yatdığımı da bilmək istəyir?! Hələ gör nə murdar,iyrənc fikirləri varmış?!Tfuuu!…“

Çox qəribəydi ki,onun axmaq şıltaqlıqlarını ciddiyə almadan nazıyla oynamağa səbrim də vardı. Lyudanın anası xəstələnməsəydi onun gic-gic sayaqlamalarına o dözməli olacaqdı.Elə bil qəsdən məni qıcıqlandırır.Bilir ki, əlindən heç hara qaçan deyiləm, buna bəhanəm də yoxdu.”Gəlsənə, mənim xətrimə içəsən” dedi və ikinci viski stəkanını doldurdu. Etiraz etdim.

–Yaxın gəl,-deyib əlini ehmalca divana döyəclədi.-Gəl.İndi səndən savayı heç kimə etibar etmirəm. Bildin? Heç Andreyə də…

Bayaqdan ayaq üstə olduğumu indi anladım.

Birdən qəribə əda ilə dilinin ucunu dodaqlarının arasında oynadaraq gözlərini yumdu.Əvvəlcə elə başa düşdüm ki, içkinin təsirindən dili-dodağı quruyub.Su qədəhinə “Borjomi” süzüb ona tərəf uzatdım.Gözlərini açanda eyni vaxtda, bir əliylə ona sarı uzanmış “Borjomi”ni alıb jurnal masasının üstünə qoydu,o biri əliylə də biləyimdən yapışıb özünə tərəf dartdı.

–Öpp məni…öp,öp,öp…-deyə yalvardı.Bu sakit yalvarışdan çox sudan çıxmış balığın lal imdadına bənzəyirdi.”Öp məni” dedikcə can verən balıq kimi qurumuş dodaqlarını açıb yumurdu.Gözləri bağlıydı, sakitcə aradan çıxmaq olardı.Amma elə bərk qamarlamışdı ki, əlində qopmağa halım yox idi.Bəlkə də həvəsim…

–Öp…öp məni…

Bu o qədər gözlənilməz oldu ki, hələ də heç bir şey anlamadığımdan onunla dodaq-dodağa, göz-gözə qaldığıma heyrət etdim.Palıd meşəsnin havasını xatırladan viskinin xoş ətri burnumun dəliklərində nəfəsimə qarışdı.Bir saniyə keçmədi ki, bu məstedici tam dodaqlarımdan içimə axdı…

Səsindəki titrəyiş bütün vücuduna sirayət etdi. Qollarımın arasında, sanki sudan çıxmış balıq kimi çabalayır, imdad istəyirdi.Ehtiraslı pıçıltı beynimə əmr edirdi:”Öp məni… öp…öp…” Qırmızı dekoltesindən şışıb çıxmış döşləri sinəmdə yırğalandıqca bədənimi bürüyən atəşdə yanmağa başladım.Sonya sərxoş olduğundanmı, yoxsa şəhvətin pəncəsinə belə tez düşdüyümdənmi bu anı əldən verməmək üçün incə barmaqlarını paçamın arasında oynatmağa başladı. Dənizdə başlayan qəfil qasırğadan səmtini, tarazlığını itirən yelkənli qayığın aqibətinin necə ağır və dözülməz olduğunu təsəvvür edirsən?! Mən nəhəng ümmanda, ağılasığmaz ehtiras fırtınasında batmağa hazırlaşan balaca qayığa bənzəyirdim.

Sonya şalvarımın toqqasını, zəncirbəndini elə sürətlə və acgözlüklə açırdı ki, sanki ömrü boyu tamarzı qaldığı qiymətli sərvət, xəzinə tapmışdı. İstəsəm də, artıq özümü idarə etmək iqtidarında deyildim. Kənardan baxan olsaydı başa düşməzdi ki, o məni, yoxsa mən onu soyundururdum.İstəklərimiz, hisslərimiz, dəliliyimiz bir nöqtədə birləşmişdi. Ürəyinin guppultusuna həmahəng nəfəs alır, sinəsi elə qalxıb enirdi ki, sanki, bu dəqiqə ürəyi yerindən çıxıb qucağıma düşəcəkdi.

Yumşaq, ağappaq paçasının arasında məni özünə elə sıxmışdı ki,şeytani şəhvətini söndürmək deyil, adicə təbii təlabatını ödəmək üçün kişi həsrətində yanan bu mələyin nədən iztirab, əzab çəkdiyini indicə anlamağa başladım – Andreydən ala bilmədiyi sevgi həzzini xəyanətkarcasına kənarda axtarmaq, uzun illərdi, məhz nədən içkiyə qurşanmağına ərinin biganə qalması Sonyanı bütün sərhədləri tarimar etməyə məcbur edibmiş.Gizlincə görüşdüyü bir saatlıq sevgililəriylə tələsik, hansı oyunlardan çıxdığını təsəvvürümə belə gətirə bilmirdim. Ona sevgi gərək idi. Ancaq sevgi.Əsl kişi sevgisi. Bəs əvəzində bu sevgini ala bilməyəcəyini bilə-bilə, nədən atasının varidatını qurban vermişdi? Azad sevgisini qorumaqçınmı? Yəqinki, Andreyin basılmaz mövqeyi onu mühafizə edirdi.

Hər dəfə mənə, tək mənə yox, elə Andreyin cangüdənlərindən bir neçəsinə gözaltı nəzər yetirməsinin neçə dəfə şahidi olmuşam. Andrey barədə nə deyir desin, amma onun çox həssas insan olduğuna bələdəm. Ola bilməzdi ki, Sonyanın sərgüzəştlərindən bixəbər olsun.Xəbərdardısa buna necə dözürdü? İndi başa düşdüm niyə qafqazlı kişilərdən söz açırmış. Sonyaya yaxşı məlumdur ki, qafqazlılar nəinki ehtiraslı, həm də sirr saxlayan olurlar.Ona məşuq, özü də sirr saxlamağı bacaran məşuq gərək idi! Deməli, belə maskarad göstərməyin sonucu buymuş? Bilərəkdən onları yox, məhz məni qarmağına ilişdirdi. Məndən heç Andrey də şübhələnməzdı deyə. Nə qədər sadəlövh və axmağammış…

***

Etdiyim qələtdən özümə gəlməmişdim.Ondan, yataq otağında asılmış Andreyin portretindən, hətta bizim günahımızın cansız şahidləri olan divarlardan da utanırdım.

Lyudanın evdə olmaması Sonyanın xüsusi bacarıqlarını biruzə verir:o, mətbəxdə çoxdan görmədiyi işlərə baş qoşur, yemək bişirir, qəhvə dəmləyir, hətta bulaşıqları belə yuyurdu. Düzdü, bişirdikləri o qədər də dadlı-tamlı deyil. Amma içkini azaltdığına görə bunu üzünə vurmuram. Bəzən gücüm çatandan ona kömək edirəm.

Çox ehtiyatla, hər xırda detalları belə qabaqcadan götür-qoy edən Sonya, lazım gəlsə, məni dostuna xəyanətdə suçlamaqla, hədə-qorxu gəlib iyrənc sövdələşməyə razılıq verməyimə nail oldu. Münasibətimiz nə qədər davam edə bilərdi, buna da o qərar verəcəkdi. Heç bir şansım yox! Hə,bu andan zaman mənim əleyhimə işləyir.

Moskvadan-Andreydən səs-səmir yoxdu.Bizi it yerinə də qoymur.Mən əzab çəkirəm. Get-gedə özümə nifrətim artır. Lyudanın anası da sağalmaq bilmir ki, bilmir. Nədənsə onu qınayıram düşdüyüm axmaq vəziyyətə görə. Yaya da bir şey qalmayıb. Qaçıb canımı qurtarmağa nail olmadım.Çox pis ilişmişəm. Bizlər bunu başqa cür adlandırardıq.

Əvvəllər oğrun-oğrun, onu müşaiyət etsəm də, heç mənə də bildirmədən (guya kor idim) ayda iki-üç dəfə görüşə gedirdisə, indi hər gün məni yatağına sürükləyir. O, günü-gündən gözəlləşir; gözləri işıqlı, dərisi zanbaq ləçəyi kimi parlaq, səsi zərif. Mən isə, sonradan ağlagəlməz həzz yaşasam da, hər dəfə ürəyimi yeyə-yeyə yataq otağına ayaq basıram.

Beləcə iyirmi iki gün!

İyirmi iki gün iztirab çəkə-çəkə dostumun yatağını bölürəm.Bəlkə də bu müsibət, heç zaman arzulamadığım, xəyalında belə olmadığım iyrənc yaşam uzun çəkərdi, əgər…

…Holldan eşidilən ayaq səsləri məni oyatdı.Qorxu-hürkü bilmədən, asudə qol-boyun olub yatdığımız otağın qapısı döyüləndə yerimdən dik atıldım.”Kim ola bilərdiki?” Burdan həyət görünmdiyini bilə-bilə pəncərəyə yaxınlaşdım.Yəqin ki öz canımı qurtarmaq yox, Sonyanı ələ verməmək üçün arxa baxçaya tullanmağı fikirləşdim. Qapı dayanmadan döyülürdü. Sonyaya başa saldım ki mən həyətə atılan kimi,ehmalca durub geyinsin və qapını açsın.Əynimi tələmtələsik geyinib pəncərəni açmaq istəyirdim ki, iki pezəvəng zərblə itələyib açdıqları qapıdan içəri soxuldular.Əvvəlcə elə başa düşdüm, Andreyin düşmənlərindən, ya da xüsusi təyinatlılardandı.Amma nə başlarında maskaları vardı, nə də əllərində silahları, deməli, Andreyin qoluzorbalılarıdı ki, rahatca evə girə biliblər. Evin yeganə mühafizəçisini qapının ağzında sakitcə dayanmış görəndə buna tam əmin oldum. Qəfil basqıdan hələ də özünə gəlməmiş Sonya adeyala bürünə-bürünə yerindəcə büzüşürdü qorxudan.Amma heç biri ona barmağıyla da toxunmadı.İksi də mənim qollarımı arxaya burub divara dirədilər.Sanki bunu çoxdan gözləyirəmmiş kimi nə bir kəlmə dindim, nə də müqavimət göstərirdim.Sonya da səsini çıxarmadı,elə bil belə də olmalıydı, çox rahat və sakit nəzərlərlə olanlara tamaşa edib susurdu…

Başıma endirilən küt zərbədən yerə sərilərkən yataq otağı qırmızı tora büründüyündən, əsim-əsim əsərək divarın tininə qısılmış Lyudanı seçə bilmədim…

***

…Saatlarla gəldiyim yol boyu qulağımda cingildəyən iyrənc yad kəlmələrdən bezimişəm. “Qollarımı niyə bağlayıblar, mən ki müqavimət göstərmirəm?Belə olacağını bilirdim axı? Bilirdim. O gün,restorana getdiyimiz gün, köhnə arvadlar demişkən,sandığı açıb, pambığı tökəndə ürəyimə dammışdı bunun axırı yaxşı qurtarmayacaq… Onsuz da öldürəcəksiz, heç olmasa son məqamda adam kimi rahat oturardım.Zalım uşağı, skotçu o qədər hikkəylə dartıblarki, biləklərimdə qan işləmir, barmaqlarım mənim deyil. Özümü rahatlamaqçın qurcalanıram, elə o dəm də yanımda oturanın dirsəyi çiynimdə guppuldayır.Lənət olsun Sonyaya, məni cuppulu siçan kimi tələyə saldı.Bəs Lyuda ? O nə gəzirdi otaqda? Hə, hə, gördüm axı, oydu, Lyuda, otaqın küncünə qısılmışdı. Bəlkə bu qancıq Sonyanın oyunlarıydı? O yüz faiz hiss etmişdi Lyudanın mənə qarşı biganə deyil, bilirdi. Yanıq qadınlar bir-birini tez anlayar, dəqiq. Nə varki, burda, Andreyin yanında aydan arı, sudan duru görünməkçün Lyudaya tapşıra bilərdiki, ,məsələn,amandı, durma gəl, dostu ona təcavüz edir, ya da sadəcə, gözü düşüb arvadına, yoldan çıxarmaq istəyir. Lyudaya da elə bu bəsdi, qısqanclıqdan, ya acığından Andreyə xəbər çatdırmağa nə var ki?! Belə də olmasa, nəsə buna bənzər bir şey olduğuna əminəm. Andrey mənimlə üz-üzə gəlmək istəməyib: özü, ən yaxın adamları da üzə vurmasalar da, illərlə ərsiz yaşayan Sonyanın min oyundan çıxdığını bilməmiş olmazlar. Axı Andrey onu da bilməmiş olmazdıki, əgər istəsəydim, çoxdan,lap evlərinə ilk gəldiyim gündə ki, Sonya mənə nəzər yetirirdi (bunu axmaqlar hiss etməzdi), elə o vaxtdan, ya da sonralar biləndə ki, Andrey ona biganədi, yaxınlıq verər, heç etiraz da etməzdi Sonya. Xasiyyətimə bələddi, istəsəydim, bu mənimçin su içimlikdi. Ancaq mən bunu etmədim. Əlim çatacaq qədər yaxın, demək olardı gözümün qarşısında ərinə xəyanət etdiyini duysam da, heç dilucu da eşitdirmədim, duyuq salmadım, qurdumu orda-burda öldürə-öldürə yaşadım.Amma sən… Əlbətki, son zamanlar o qədər zəhirmardan içdi ki, bütün dost-tanışları ondan uzaq düşdü, xətrinə dəyən, istəyinə zidd gedən kimsəni bircə anda bit kimi əzib xurdxəşil elətdirməkdən qorxmayan girdirmə sevgililəri də iyrəndi ondan.Bir atımlıq barıtları hesabına məmur olanlardan, yuxularında belə görmədikləri sərvət və hörmət sahibi olanmaq naminə Andreyin qoltuğuna sığınanlardan bəzisinin Sonyanın yatağından keçdiyini bilirdim axı. Axmağam, axmaq! Gərək vaxtında bu biyabırçılığa son qoyardım.Bəd ayaqda, özümü sığorta etmək üçün. Kim deyib ki, qadınların ağlı toyuq ağlıdı?! Səhv demisən, ay başdanxarab! Qadınlar özlərini nə qədər sakit və axmaq kimi göstərsələr, o qədər də məkirli və qəddar olurlar. Hə də, istədiyini aldın, doydun,lənətə gələsən… bu zibildən təmizlənməyə biri qurban getməliydi. Məndən sərfəli qurbanlığı hardan tapacaqdı Sonya. Keçmişi ləkəli, əli qana bulaşmış, girdirmə sənədlə qürbətdə gün keçirən səfil qafqazlı. Bununçunmu bəsləyirdin bu qurbanlıq qoyunu?…”

…Gözlərimə bağlanmış yaylıq açılandan sonra, heç fikirləşmədən anladığım bircə şey oldu: lap az çəkəcək, ani bir göz qırpımında qanadları qırılmış göyərçin kimi müvazinətimi itirib fırlana-fırlana ona doğru uçacam. O, lap uşaq çağlarımdan cılız varlığımda,qəddarcasına çalın-çarpaz iz qoyduğunu yaddaşımdan əbədi silmək üçün məni öz müdhiş qoynuna alacaq.

Göy üzü qıpqırmızı közə düşmüş təndir kimi alışıb yanır. Aşağıda -göz işlədikcə hüdudsuz, mavi bir sonsuzluq. Dağılıb parçalanmış buludlar kimi yumşaq ağ duman seyrəldikcə, qarşıdakı məchulluğun aydın siması gecə vaxtı qalın meşədə azmış nabələd adamın üzünə açılırırmış kimi, hər şey yenidən doğulur elə bil– saf, billur cazibəsində saxlamaq üçün. Onun əfsanəvi pıçıltısını eşidir, göydən şığıyan, heç də bu yerlərə xas olmayan cəhənnəm istisini özünə yaxın buraxmayıb sifətimə toxunan yumşaq havanın şirin tamını duyur, qəlbimi riqqətə gətirən bu qəribə nemətəsarı can atır, var-gücümlə onun sehirli ətrini, sərinliyini ciyərimə doldururam.Heç vaxt, heç vaxt ona bu qədər yaxın olacağıma, əlim toxunacaq qədər, lap ovucumun içi kimi yaxından duyacağıma inanmazdım.Həmişə ondan uzaq qaçarkən, ancaq yuxularımda cismimə məhrəm olan varlığın bu qədər qorxunc olduğuna da bəlkə heyrət etməzdim.

Onunla təkbətək, üz-üzə durmuşam. Hələ çoxmu duracam? Hər an kürəyimə dirənmiş avtomatın açılsacağını gözləyirəm.Bir də körpünün beton sürahisinə dirənib aşağıya baxıb vahimələnirəm. Bu dağ çayı deyil, nə qədər gurhagurla axsa da şaqqıltı salmaz, səsi eşidilməz. Amma qoynuna aldığını bir andaca udar.Əjdaha kimi.

Taleyimin dədəmlə oxşarlığına acıldım. Buna baxmayaraq, sevindim ki, anamla nənəmin gözləri həmişə yolda qalacaq, məni gözləyəcək, yanlarına döşənməkdənsə, gözləsələr yaxşıdı. Aralarındakı boş qalmış qəbir yeri də heç kimə qismət olmayacaq.

Avtomat lüləsi iki dəfə onurğamda taqqıldadı. Hikkəylə, yəni ki, yuxulama, irəli get, bundan o yana yolun yoxdu.Bəs arxaya baxsam nə olar, nə dəyişər? Heç nə. Orda mənim mənasız keçmişim qalır…

Son addımımı atıram. Ayağımın birin surahinin kobud arakəsməsinə qoyub qalxıram.Sonra ikincisin.Qurşaqdan yuxarı havadan asıla qalmışam elə bil.Bircə toxunuş bəs edər ki, kəlləmayallaq olub guruppultuyla aşağıya yumbalanım.Yüngül meh bir yandan, çayın cazibəsi də o biri tərəfdən bədənimi özünə çəkir.Qəhqəhə çəkib gülmək istəyirəm,dəli kimi. Vahimədən yox ki, Andreyin məni boş damarımdan tutmasına hiddətimdən. Şəhərin ətrafında o qədər bataqlıq, gölməçə, sahibsiz yerlər,hətta zibilxanalar vardı ki?! Mənim leşimi oralarda qurd-quşa yem eləməyə nə vardıki! Bir dənə paslı gülləsinəmi heyfi gəlmişdi, yoxsa arxadan vurmamağımı tapşırmışdı başkəsənlərinə? Yooxx! Basa-basa bu boyda yol qət eləməyin mənasını indi anladım. Axar sudan qorxduğumu bilirdi axı. O məni axar çayın dəlisov sularında boğulmağıma üstünlük verib…

Zəif kölgələri suyun üzərində oynayan ac qağayılar qığıldaşır,əli avtomatlı adamları görmək adi hala çevrildiyindən, buna məhəl qoymadan şütüyüb keçən tək-tük avtomobillərin gurultusunu vecinə belə almayan qarğalar körpünün həndəvərinə atılmış yem qırıntılarını didişdirə-didişdirə şellənirdilər. Gözümü ətrafdan yığıb qollarımı göy üzünə qaldırdım. Tanrıdan nə diləyəcəyimi düşünmədən gözlərimi səmanın ənginliyinə zillədim.Heç nə dəymədi gözümə. Səsimi kimsə eşidərdimi?!

…Ayaqlarım sürahidən üzüldü…İlk və son dəfə, lap tranplindən tullanan üzgüçülər kimi aşağıya sarı şığıyan bədənimin necə ağır olduğunu indi hiss edirəm və indi anlayıram ki, insan ömrü boyu niyə uçmağı arzulayırmış…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации