Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 11

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 11 (всего у книги 17 страниц)

Шрифт:
- 100% +

Hamamdan çıxanda arasında təyyarə bileti olan pasportumu stolun üstündə gördüm.Gülnarla Məryəm divanda oturub söhbət edirdilər. Vida gecəsi düşündüyü kimi alınmadığı üçün heyfislənən Gülnar Məryəmə təskinlik verirdi. Məni görən kimi biletə işarə edib dedi:

–Səhər yola düşürsən.

–Sağ ol, Gülnar, -deyib, minnətdarlıq etdim.-Sizdən narahat gedəcəm.

– Eh, biz öyrəncəliyik…Hər şey yaxşı olacaq,-dedi.Sonra nə fikirləşdisə soruşdu.-Kafenin işçilərindən sizi görən olmuşdu?

Bu barədə heç fikirləşməmişdim. Kafedən çıxıb qayalığa gedənəcən olanları yadıma salmağa çalışdım.Rasim maşını yola salandan sonra ətrafda heç kim yox idi, təkcə asvaltla şütüyən maşınlardan başqa.Mən qayıdanda da kafenin həndəvərində heç kimi görməmişdim.Nə bilim, bəlkə kimsə məni görmüşdü?

–Yox,-dedim.-Sakitlik idi.

Gülnar məni sakitləşdirdi:

–Heç bir qorxusu yoxdu.Ordakılar öz adamımızdı.Birdə , indi kim-kimədi, gündə birini vurub öldürürlər, heç izi-tozu da tapılmır.Başsız ölkədi…

–Demə…

–Səhər Ceyhun gəlib səni aeroporta aparacaq.Rahatca min, uç…

Sonra çantasından bir parça kağız çıxardıb mənə uzatdı ki, burda ünvan yazılıb, ən yaxın dostumuzdu Moskvada, Mədət bəy. Zəng edəcəm , səni qarşılayacaqlar.Nə problemin olsa çəkinib eləmə, de, əsirgəməz köməyini.

–Çox sağ ol.

–Gücümüz çatan budur, dəyməz, -deyib, Məryəmlə öpüşüb çıxanda bir də mənə çevrilib gülümsədi.-Salamat get.Mədətə özüm zəng edib tapşıracam səni,arxayın ol.

Bir daha təşəkkür edib sağollaşdıq.Məryəm onun arxasınca qapını bağlayıb mətbəxə keçdi.

Otaqda var-gəl edib fikirləşirdim ki, görəsən, Aliyə kimi anam da Marqo barədə eşitmişdi,yoxsa, elə Aliyənin Rasimlə him-cimini bilib ürəyi partlamışdı? Yox, Marqo söhbəti qulağına dəysəydi, arvad düz gələrdi Bakıya, mənim abrımı bükərdi ətəyimə.Lap institutdan da çıxartdırıb aparardı kəndə, vallah edərdi. Demək belə çıxır ki, Aliyə mənim acığıma Rasimə qoşulub qaçıb.Sevgisiz, toysuz-filansız…

Məryəm çay gətirdi.Nə mən , nə də o həyacanı gizlədə bilmirdik.Səssiz-səmirsiz məni süfrəyə dəvət etdi.Məni ovutmaq, sakitləşdirmək istəsə də münasib söz tapmayıb susurdu. Çayımızı içib qurtaran kimi, yuyub-ütülədiyi paltarlarımı səliqəylə çantama yığdı, kitab rəfində gizlətdiyi pulumun qalanını da götürüb mənə uzatdı, “gərəyin olacaq” dedi.Sonra divanı açıb yataq saldı. İşığı keçirdim…

Yenə həmən sərhəd. Heç birimizin toxunmaq, uçurmaq istəmədiyimiz sərhəd.Arxamı ona sarı çevirsəm də dodağım dodağının, sinəm döşlərinin hərarətini duyur, nəfəsini , ürəyinin həyacanla vurduğunu hiss edirəm. Qoynuna sarılıb bir olmaq, bütöv olmaq istəyirəm.Bəlkə də son dəfə onu istəyirəm, istəyirəm…

Bir də fikirləşirəm ki, Aliyə mənim olmadısa daha Məryəmlə, nə də Marqoyla görüşmək də qismətimə yazılmayıb mənim. Bu məşəqqətli həyatın çalın-çarpaz yolları, cığırları olsa da,nə bizim izimiz ora düşəcək, nə də səmtimiz ordan keçəcək.Çünki, eyni günə, eyni saata,eyni nömrəli vaqona aldığımız biletlər başqa-başqa istiqamətlərə gedən qatarlara imiş…

Mənə elə gəldi ki, qaranlıq çökən kimi içini kədər boğan, özgə adıyla var olan Məryəm əridi, yox oldu, öldü. Kimliyini, adını, uşaqlığını, sevgisini həmişəlik itirmiş Marqo yenidən doğuldu mənimçin. Bu dəm Məryəmin ilıq nəfəsini dodaqlarımda hiss etdim. Sanki uzun illər aramıza çökmüş qatı duman çəkildi, sərhəd uçub dağıldı.Zülmətə dönmüş otağa işıq doldu.Bu işıq ehtirasdan alışıb yanan Məryəmin gözlərindən süzülürdü. Sanki zülmətə güc gələn bu işıq, xatirələrdə yaşayan dəli bir eşq macarasının parıltısıydı…

Eşq macarasının son parıltısı…

Bu dünyaya xoş gəldin, qardaşım

.

Qapı üzümə elə çırpıldı ki!

Səhər açılar-açılmaz ölü bir sakitliyin bu cürə pozulacağını heç ağlıma da gətirməzdim.

Aramızda təkcə iri dəmir darvaza olan gül mağazasının satıcısı Diana, hövlnak, cərgəylə düzülmüş maşınların arasıyla qaçanda da buna məhəl qoymadım. Diananın iti yerişi, qıvraq hərəkəti olduğundan fikirləşmişdim ki, yəqin nəyisə maşınında unudub, dəli kimi qaçır, ona görə bazarın qarşısında nə baş verdiyini hiss etmədim.

Örtülmüş qapını açdım, ətrafa nəzər salıb anlamaq istədim, görəsən bu ağır qapı niyə bağlandı,axı içəri təzəcə girmişdim, hava da küləkli deyildi?

“Bu qız niyə avtobus dayanacağına tərəf qaçır?”

Elə bunu müşahidə edirdim ki, gül dükanının çilik-çilik olan pəncərəsindən rəngbərəng gül-çiçəklər, vazalar, suvenirlər küçəyə səpələndi.Bir-bir, iki-bir bazara gələn müştərilər gözlənilməz gül yağışına mat-məəttəl qalmışdılar. Qırılmış şüşələrdən ehtiyat edərək mağazadan uzaqlaşıb insidentin nəylə qurtaracağına tamaşa edirdilər.

İndi hər şey aydın oldu. Tanınmasınlar deyə başlarına toxunma yun parçadan qara rəngli maska keçirmiş, didilmiş dəliklərdən ancaq gözləri və dodaqları görünən yekəpər cavanlar ağır, uzunboğaz çəkmələriylə, əllərindəki beysbol dəyənəyilə qarşılarına keçən nə vardısa qırıb tökür, piştaxta arxasında, palatkalarda al-ver edən həmyerlilərimi kötəkləyirdilər. Beşcə dəqiqə keçmədi ki, banditlər bütün bazara hakim kəsildilər. Döyülənlərin ahu-zarı, zarıltısı tük ürpədirdi.

Son vaxtlzar yerli əhali belə vandalizmə, özbaşınalığa öyrəncəli olduğundan kənara çəkilib , sanki tamaşanın nə vaxt qurtaracağını gözləyirdilər. Yaxşı bilirdilər ki, ayının min oyunu bir armudun üstündədi; dükanları dağıdıb-söküb, qaralardan kimisə şil-küt edib sakitləşəcəklər, sonra da bazarda heç nə olmyıbmış kimi şıdrığı alver gedəcək.

Mədətin dediyi kimi belə vəziyyərdə, çox da qoluna güvənmə, qaçmaq da bir igidlikdi deməsi yadıma düşdü. Ayağımın altına tüpürüb Diana tərəfə götürülmək istəyirdim ki, qəflətən dükanımın sağ tinindən çıxan iki maskalının dəyənəyinə tuş gəldim.Başımı qorumaq üçün qollarımı sinəmin tarazında qabağa verdim.”Gupp…gup-gup-gup!…” Biləyimə dəyən zərbənin səsi beynimdə guruldadı. Artıq, Mədətin ağıllı məsləhətinə yer yoxuydu. Növbəti zərbə ölümcül də ola bilərdi.Məndən bir az boyca balacanın dəyənəyini göydəcə qapıb var-gücümlə ikinci banditin qolundan elə vurdum ki, əlindəki silahı yerə düşdü. İkinci zərbəm onu yerə yıxdı. Onlara müqavimət göstərməyə kiminsə cəsarət edəcəyini gözləməyən nəinki banditlər , tamaşaçı kimi bu fəlakətin nə vaxt sona çatacağını izləyən yerlilər də mənim bu hərəkətimdən elə çaş-baş qalmışdılar ki, guya biz qafqazlılar elə döyülüb-söyülməkçin doğulmuşuq.Ay, siz öləsiz!..

Metronun ərazisində, bazara yaxın ətrafda gəzişən milislər heç nə olmayıbmış kimi baxır, xata-baladan özlərini uzaq tutmağa çalışırdılar.Lap “dəvə gördün…” kimi.

Hövsələdən çıxan banditlər mənimlə döyüşə-döyüşə tez-tez şossenin kənarındakı ağaclığa tərəf baxır, sanki, onların bu hala düşdüyünün kiməsə xoş gəlməyəcəyini düşünüb nəyin bahasına olursa olsun məni təslim etməyə çalışırdılar.

Hələ ki ağlım üstümdəydi. Arada özümü gözlənilən hər hansı zərbədən yayındıraraq onlar baxan istiqamətə göz gəzdirirdim.Ağacların altında, yolun kənarında park olmuş çoxlu maşınlar dayanmışdı.Necə oldusa, bir anlıq, o qədər maşının arasında düz bizə baxan, yan şüşələri yarıaçıq qara “Ceep” gözümə sataşdı. Qəfil bağlanan pəncərənin arxasında, yəqin ki, bayaqdan bu mənzərəni müşahidə edən qara eynəkli adamın yox olmasıyla maşının şosseyə çıxıb şütüyən avtomobillərin arasında gözdən itməsi bir oldu.

Çoxdan idi belə əl-ayaq açmamışdım.Elə bil əlimə fürsət düşmüşdü.Bacardıqca onları yaxına buraxmırdım.Əgər bazarı xarabaya döndərib qayıdan yoldaşları köməyə gəlməsəydi.

Altı nəfər başıpozuq pəzəvəng bu kiçik qələbəmi mənə çox gördü.Aralarındakı ayı pəncəli bandit darvazadan çıxan kimi üstümə şığıdı. Bir əlinin ağırlığı beysbol dəyənəyindən də güclü oldu.Qulaqlarımda dəhşətli uğultu hiss etdim. Sinəmə, qasığıma, ayaqlarıma dəyən zərbələrin ağrısını da hiss etmirdim. Gözlərimə qan doldu, başım gicəlləndi. Aləm başıma fırlanır, gözümdə hər şey ikiləşdi, üçləşdi…Yıxıldım…

“Quru yerdə niyə uzanmısan, oğlum, xəstələnərsən axı?!…Heç canına hayıfın gəlmədi sənin…Yazıq balam, gör nə günə düşmüsən? Hansı əli qurumuş qıydı sənə?!. Dur…Soyuqdu, dur, can bala!..Bəs başındakı qan nədi? Ağzın da, burnun da qandı ki?!.Al-la-hıımm!.. Bu nə haldı düşüb balam?!Mənim yetimimə qıyma, qoyma ölməyə!..”

“A-na?.. Ay ana, bu sənsən? Nə yaxşı gəldin , ana,yamanca üşüyürəm…”

“ Can bala, azarın ürəyimə…”

“Gəl, yaxın gəl, ana, qucaqla məni, üşüyürəm, çox üşüyürəm axı…Yadindadı, necə bağrına basıb əzizləyərdin, layla deyərdin, mışıl-mışıl yatardım qucağında, yadındadır? Qucaqla, qucaqla məni, ana!..”

“Qurbanın olum, əlim çatmır axı?! Mən çox uzaqdayam, çox uzaqda…”

“Niyə gəlmək istəmirsən? Yeddi qurbanlıq” oğlun tənha qalıb, bilirsən? Gəl apar məni yanına, ana, qucaqla, başımı dizinin üstünə doyub rahat uyuyum…”

“Yatma oğlum, yatma, anan sənə qurban!..”

Qeybdən gələn səslər dağların şiş qayalarıyla öpüşərək əks-səda verdiyi kimi gah yaxınlaşır, gah da yoxa çıxırdı…

Uzaq ulduzların işığı kimi soyuq və kədərli bir işartı görünür,sonra boğulur, əriyir.Sanki gizlənpaç oynayır mənimlə.Axı onu tutmağa, ardınca qaçmağa mənim taqətim nə gəzir? Yenə görünür. Yenə gizlənir, yox olur. Bircə tuta bilsəydim o işığı…

O soyuq ulduzun işığı gizləndisə,bəs, məni üşüdən nədi belə? Qurumuş dodağımdakı, sifətimdəki yaraları sızladan, göynədən nədi? O işığı tuta bilsəydim. Bircə, tuta bilsəydim…

Üzümə çırpılan soyuq su təzəcə qaysaqlanmış yaralarımı titrədəndə bayaqdan mənimlə gizlənpaç oynayan solğun işıq seli şişmiş göz qapaqlarımdan bəbəklərimə doldu. Keyləşmiş çənəmdən yapışıb başımı silkələyən bədheybətin silueti onsuz da sısqalaşan işığın qarşısını kəsmişdi.Bərəlmiş gözlərini gözümə zilləmiş məxluqun ətli dodaqları açılıb-yumulur, nəsə soruşur, cavab almadığından əsəbləşərək kobud əllərini yaralı sifətimdə oynadırdı.

Sanki dilimi udmuşdum, bir söz deməyə, harda olduğumu soruşmağa halım qalmamış-dı.Həmən bədheybət uzaqlaşdıqca işıq doğulurdu…

İliklərimə qədər hopmuş rütubət damarlarımdakı qanı dondurur. Üşütməyə başlayanda taqətimi cilovlayıb yerimdə qurcalanmaq istədim; ayaqlarım keyləşmiş, qollarım qurumuşdu…

Birdən işıq seli lap çoxaldı.Sanki, güclü projektor yandırdılar.Hər tərəf nura büründü və çox keçmədi ki, həmən bədheybətlə bir neçə adamın silueti görünər– görünməz projektor söndü.Təzə gələnlərdən biri də eynən onun kimi çənəmdən yapışdı,amma bir az həlim, ehtiyatla, lap bazarda şaftalı bəyənən kimi, başımı o üz-bu üzə çevirib diqqətlə baxdı, nəsə dedi. Sonra yanındakılara əliylə nə işarə etdəsə hərə bir tərəfə dağılışdı.Az sonra qaçhaqov düşdü, kimi çiynimdəm, kimi keyləşmiş ayaqlarımdan qaldırıb bərk bir şeyin üstünə qoydular…

Gözlərim qapanırdı. Yaralarımı oxşayan sərin meh əzələlərimi oynatdı. İçimə qorxunc bir titrəyiş doldu.Hara aparırdılar məni?!…

“Sən bilirsən cənnət hardadı?”

“Əlbəttə bilirəm”.

“Hardadı ki?…”

“Biz olmayan yerdə…”

“Bəs cəhənnəm?…”

“Biz ordayıq”

“Hələ bu harasıdı.Sən bu vaxtacan cəhənnəmin astanasında olmusan.Əsl cəhənnəmə indi girəcəksən, indi…”

“Yox! İstəmirəm, nə cənnəti, nə də ki, cəhənnəmi. İs-tə-mi-rəmmm! Elə bura da mənimçin yaxşıdır.Əl çəkin yaxamdan!”

“Sizin seçiminiz yoxdu axı? Özünüz heç nəyi seçə bilməzsiz. Sizi seçirlər, başa düşürsən, sizi!…”

“Sizi, yəni kimi?”

“ İnsanları.”

“Axı bütün insanlar eyni deyil?”

“ Hamısı eynidir. Siz hər şeyi səthi dərk edirsiniz.Ali idraka yetişməyən məxluq kimi!”

“Sayıqlama! Bir ətrafına bax, hamı eyni olsaydı nə vardı ki?! Haqsızlıq baş alıb gedir, Tanrı ipini buraxıb dünyanın. İblis ona sahib çıxıb .”

“Yanılırsan, ay bədbaxt! Kimdi axı səndən fərqlənən?”

“Sən ki, kamilsən,bəs gözlərin niyə tutulub? Görmürsən, birinin qılıncının sağı da kəsir, solu da.Çoxları qan qusur, dərdinə əlac da tapılmır.Şərəfsizlik, eybəcərlik basıb dünyanı öz altına.”

“İnsanın öz faciəsini nəfsiylə yaradıb.Var-dövlətlə başqalarından seçilənlərə həsəd aparanların bir dünyası var– cəhənnəm! Cənnəti də onlar təsəlli üçün uydurublar. Əgər sənə süd gölündə üzənlərin cənnətini göstərsəm öz cəhənnəminə şükr edərsən!”

“İstəmirəm, heç birini istəmirəm!…”

…İndi mənimçin fərqi yoxdu hardayam.Özümü o qədər yüngül, rahat, qayğısız hiss edirəm, lap qu tükündən hazırlanmış döşəkdə yatdığım kimi.Bilmirəm, bəlkə də ölümdü bu? Olsun, mən ki, rahatam, çox rahat! Necə də sakitlikdi! Mənasız çırpıntılar, əlacsız ağrı-acılar, dedi-qodular, yalan və riyakarlıq, çəkişmələr, xəyanətlər, dartışmalar, müharibələr… hamısı orda qaldı, orda. Heç yuxu da görmürən-nə şirinin, nə acısın.

…Yenə süzülür o işıq –solğun və soyuq. Rəngini ayira bilmirəm; gah çəhrayıya çalır, gah sarıya, gah ağarır, gah da qaralır. Fərqi nədir ki, işıq elə işıqdı.O varsa, deməli qayıtdım – ağrilarıma, acılarıma qayıtdım. Ulduzlar kimi uzaq və soyuq işıq seli çoxaldıqca, başımın üstündə asılan iri şüşə qablardan şəffaf şlanqlara süzülən damcıları, solumda, pəncərə tərəfdə başını sinəmə əyib gözlərimə baxan ağ papaqlı, saqqallı həkimi, əsəbi halda var-gəl edərək pəncərədən süzülən işığın qabağını kəsən orta yaşlı, ağ xalatlı kişini, sağ tərəfimdə mənə təzəcə iynə vurub işlətdiyi şiprisi və sınıq ampulaları yanındakı cavan qıza verən yaşlı tibb bacısını aydınca görməyə başlayırdım.Onlar nəsə danışırdı.Səslər astadan gəldiyi kimi o qədər qarışıq idi ki, qulaqlarıma çatmamış qırılıb havadaca itirdi.Bir də, bir də ki, telefonun o başından gələn qırıq-qırıq siqnala bənzər ürək çəkən, can üzən səslər:du,du, du…

Xəstəxanada olduğuma əmin oldum.Bura necə və niyə düşdüyümü anlaya bilmirdim. Saqqallı həkim dikəldi, bir az məndən aralanıb bayaqdan narahat və əsəbi görünən kişiyə yaxınlaşıb nəsə dedi.İynənin təsirindən gözlərim qapanırdı.Palatanın divarları yavaş-yavaş bozarır, içəridəkilər işığın zəifləyən şüasında kölgəyə dönürdülər…

***

–Şükür, axır ki, ayıldı! Mən professora xəbər verim!

– Professor gələnə kimi, onu görə bilərəm?

–Xahiş edirəm, gözləyin bir az. Çox güman ki, mənim işdən qovulmağımı istəməzsiz?!

–Siz nə danışırsız. Əlbəttə yox. Mən gözləyərəm…

Palatanın qapısı ağzında tibb bacısıyla təmiz Moskva şivəsində söhbət edən naməlum kişinin səsindəki həyacan onu görmədən belə hiss olunurdu.Kim idi mənim ayıldığıma sevinib içəri can atan? Mədət, ya da Vəfadar? Əlbəttə ki, onlar olacaq.Burada məni onlardan başqa kim tanıyır ki?! Gör nə qədər yatmışam ki, ayılmağıma belə sevinirlər. Yəni, ayılmaya da bilərdim?!

Tibb bacısının xahişinə baxmayaraq palatadan uzaqlaşmadığını, aralı qalmış qapıdan mənim çarpayıma nəzər yetirməsini siqaret çəkən adam kimi öskürməsindən bildim. Birdən yadıma düşdü ki, Mədət siqaret çəkmir, Vəfadar da ara-sıra, məzə üçün. Həm də Mədətin,elə Vəfadarın da danışığında şirin bakı şivəsi hiss olunurdu.O isə, məncə siqaret alüdəçisiydi və təmiz moskvalı kimi danışırdı. Fikrimdə dolaşan suallar bir tərəfdən, qapı ağzında dayanan naməlum insanın kimliyini bilmək arzusu da bir tərəfdən məni həyacanlandırırdı.

Professorun palataya gəlişi bütün narahatçılığıma son qoyacaqdı. O əlindəki sənədləri diqqətlə nəzərdən keçirəndən sonra cavan tibb bacısına uzadıb bayaqdan onu gözləyən orta yaşlı kişiylə rəsmi qaydada görüşdü – görünür ondan ya ehtiyat edirdi, ya da çəkinirdi -sevincini gizlətmədən mənə yaxınlaşdı

–Bax be-ləə!…-deyib çarpayının kənarında əyləşdi.-Özünü necə hiss erdirsən?-Saqqallı professor ağır çəkili, həm də hündürboy olduğundan ehtiyatla oturmağına baxmayaraq elə bildim çarpayının sol tərəfi azca çökdü.Başını mənə tərəf əyəndə isə enli kürəkləriylə işığın qarşısını elə kəsdi ki, onun arxasınca gələn kişi görünməz oldu. O məni elə diqqətlə süzürdü ki, sanki, indicə qəbirdən xortlayıb çıxmışdım, və hansısa möcüzə nəticəsində sağ qaldığıma necə sevindiyi, onun hələ də təəccübdən parıldayan, tünd yaşılı gözlərində apaydınca yazılmışdı.

Professor müayinə edərkən mənə sarı əyilib dikəldikcə onun çiyinləri tarazında gah görünən, gah da itən naməlum kişinin seyrək, qonur saçı,qonur gözləri, nazik burnu nəzərimdən qaçmırdı.Deyəsən, nazik saqqal da saxlayırdı, lap o rəssamlar kimi…

Yenə də mənə gülümsünüb tibb bacısına dedi:

–Hər şey gözlədiyimizdən də yaxşıdı! Daha ağrıkəsici iynələrə ehtiyac qalmır. -Bir də mənə sarı dönüb əlavə etdi:-Ürəyin möhkəm imiş! Yoxsa… Zarafat deyil, on beş gün reanimasiyada…iyirmi gün də ki, palatada… Andrey Petroviç, beş-altı gündən sonra ölümdən qurtulmuş qəhrəmanımızı çıxarda bilərsiz.Qoy bir az da özünə gəlsin.

Axırıncı sözləri arxada dayanıb səbirsizliklə professorun durub getməsini gözləyən kişiyə deyib ayağa qalxdı.Müraciət etdiyi kişiylə sağollaşıb palatadan çıxanda titrək səs eşitdim.

–Bu dünyaya xoş gəldin, dostum!

Professor ona “Andrey Petroviç “ deyə müraciət etsəydi belə, bədəninə yaxşı oturmadığından ağ xalatı qara kostyumun üstündən çiyninə atmış qonur gözlü, saçları bir az seyrək, nazik burnunu bir az da qabardan bığ və ancaq çənəsini örtən saqqal saxlamış kişi danışmasaydı, mənə elə gələrdi ki, hələ də dərin bir yuxudayam.Çünki, hərbi formada gördüyüm kimi yaddaşıma hopmuş arıq, çəlimsiz, üzündə pişik tükünə bənzər tək-tük sarı tük bitən on səkkiz yaşlı oğlandan Andrey Petroviçdə əsər-əlamət belə yox idi; kraxmallı köynəyindən, brend kostyumundan, hələ içəri girərkən palatanın divarlarına hopan dərman, tibbi spirt iyini qovan bahalı ətirinin məstedici qoxusundan hiss olunurdu ki, mənə xoşgəldin deyən yüksək təbəqənin nümayəndəsidir-elitadır!Hər şey dəyişmişdi, özgələşmişdi, yadlaşmışdı, təkcə səsindən başqa.

–Sokolov?.. Sokolov! Andrey…

Zarafat deyildi, professorun deməyindən belə çıxırdı ki, mən otuz beş gün özümdə olmamışam. Ona görə də ağzımdan çıxan ilk kəlmələr elə xırıltılı, eybəcər səsləndi ki, öz səsimdən ətim ürpəşdi, elə bildim mənim kimi hamını üşütmə tutdu. Bu lap o dünyadan gələn səsə bənzəyirdi . Andrey isə bircə kəlməmə möhtac imiş deyən, dərindən nəfəs alıb üstümə atıldı:

–Rüfət, qardaşım!…

Bilmirdim mənə tərpənmək, hərəkət etmək olar, ya yox, amma Andrey başımın altındakı yastıqla birgə boynumu qucaqlayandan sonra qollarım özümdən ixtiyarsız onun boynuna sarıldı.Heç birimiz belə görüşəcəyimizi təsəvvür etməzdik.Onun isti nəfəsində gizli bir hıçqırtı duydum, elə bil hönkür-hönkür ağlamaq istəyini içində boğurdu, gizlədirdi.Kövrəldiyini nə qədər gizlətsə də boynumdan süzülən ilıq göz yaşlarını dayandıra bilmədi.

Bütün varlığıma hakim kəsilən sevincin yaratdığı həyacandan ürəyim şiddətlə döyünməyə başladı və mən, sanki ilk dəfə sinəmdə, döş qəfəsinin altında çoxdan yuxuya getmiş bir canlının oyandığını hiss etdim: Gupp…gupp…gupp....

–Bağışla…Bağışla…

Professorun onu tanıdığına tam əmin idim və belə çıxırdı ki, otuz beş günü saatbasaat burda, mənim yanımda olub, deməli ölməməyim üçün əlindən gələni edib.Bəs məndən niyə əff diləyir? Onun günahı nəydi ki? Bəlkə uzun illər məni axtarmadığına, səssiz-soraqsız harasa itdiyinə görə özünü bağışlaya bilmirdi?Axı əlaqələrimizin birdən-birə kəsilməsinə bais olan o idi?! Yaxşı, burda olduğumu hardan bilib, necə tapıb məni?

Bu sualların cavabını onun gözlərindən oxumaq istəyindən kürəyində çalınçarpaz sıxdığım qollarımı bir az boşaldıb kurəyində, çiyinlərində, saçlarında gəzdirdim.Sonra boynuma soykənmiş başını yuxarı qaldırdim.Seyrək kipriklərində donub qalmış göz yaşını barmağımın ucuyla silib gülümsündüm.Bayaqdan bunu gözləyirmiş kimi qırışığı açıldı, məyus baxışlarında işıq yandı, dodaqları qaçanda seyrək bığları bir az da seyrəldi.Soruşdum:

–Nədənsə narahatsan?

Sualıma cavab axtarırdı ki, novbətçi tibb bacısının içəri girib xəbərdarlıq etdi:

–Andrey Petroviç, üzr istəyirəm, vaxtdır.İndi klinikada “sakit saat “ başlayır.

Tibb bacısının qəfil gəlişi cavabdan yayınmaq üçün imkan yaratdı. Növbətçiyə “bu dəqiqə çıxıram “ deyib ayağa qalxdısa da barmaqlarımı ovucundan buraxmırdı.Göz vurdum ki, hər şey yaxşıdır, darıxma.

Andrey o biri əliylə əlimin üstünə vurub çarpayıdan uzaqlaşanda sakitcə, sanki gizli söz deyirmiş kimi başını mənə sarı əyib pıçıldadı:

–Sənə istirahət lazımdı. Özünü qoru.

Andrey səhərisi gün gözəl bir xanımla gəldi.Bir zənbil mer-meyvə, iri ağ zanbaq buketiylə içəri girən kimi yanındakı xanıma məni göstərib qürurla təqdim etdi:

–Soniçka, bu da sənə danışdığım “əfqan” qardaşım!..– Sonra da mənə baxıb incik kimi burnunu salladı.– Olmadı ki, qardaşım, bax, bu olmadı, tez qalx ayağa! Heç belə gözəli görən də xəstələnər?! -Sonyanın qolundan tutub ərkyana əlavə etdi.-Tanış ol, arvadım Sonya.

İlahi, bu nə cazibə, bu nə gözəllik! Mənə elə gəldi ki,Andreydən azca hündür olan bu qadını hardasa görmüşəm, özü də lap yaxından…Yox, canım, başqa şey düşünmə. Qısa vurulmuş bəyaz saçları, iri kiprklərinin arasında parlayan mavi gözləri, balaca burnunun altında qırmızıya boyanmış badamı dodaqları, nazik belinə vurulmuş kəməri, uzun ağ ayaqları harda görə bilərdim axı?!

Yavaş-yavaş ayağa qalxıb onlara yaxınlaşdım.Bu gün bir dəfə həkimin nəzarətiylə xəstəxananın həyətindəki baxçaya düşmüşdüm. Bir balaca başgicəllənməm oldu, sonra ötüb keçdi deyən, gücümə bələd idim,ehtiyatla durdum ki, müvazinətimi itirməyim. Xəstəxana paltarında gözəl bir xanımın qarşısına çıxdığıma görə üzr istəyib əlindən öpdüm.Bu jestim Sonyanın çox xoşuna gəldi, çevrilib Andreyə baxdı, nəzakətlə gülümsədi ki, yəni, görürsən, əsl centlimendi bu “əfqan”. Yəqin ki, qafqazlı kişisindən belə diqqət gözləmədiyindən təəccübünü heç gizlətmədi. Arvadının dostu barədə ilk təəssüratından qürrələnən Andrey bu fikrini təsdiqləyirmiş kimi gözlərini qırpıb başını tərpətdi.

–Çox şad oldum, Rüfət,– özümü təqdim edib oturmaq üçün yer göstərdim.

Meyvələri tibb bacısına verib, gözəl gül buketini pəncərənin tiniylə çarpayımın arasındakı tunbanın üstündəki vazaya qoyub palatadaki yeganə stulda oturan Sonya nəhayət dindi:

–Mən səni belə də təsəvvür edirdim.Andrey o qədər səndən danışıb ki?!. -Çaşqınlıqla bir Andreyə, bir də mənə baxıb qəbahət işlədibmiş kimi soruşdu.– “Sən” deməyimə incimirsiz ki?Andrey…

Onun sözünü yarımçıq kəsdim:

–Aramızda iki-uç yaş fərq olar, canım, nə incimək bazlıqdır! Təşəkkür edirəm!…

Elə bu dəqiqə, bu saniyə güzgünün qabağına qaçmaq istədim.Yəni lənətə gəlmiş otuz beş gün məni o vəziyyətə salıb ki, onun gözünə yaşlı, üzgün, dərisi qırışmış kişi kimi görünürəm?! “Bağışla, sən allah, o mənada demədim” deməsi məni sakitləşdirdi. Dərindən nəfəs alıb ürəyimi toxtatdım, guya ki, hansısa bəladan qurtulmuşdum.

Dünən səhər özümə gələndən sonra Andreyi– Mədəti, Vəfadarı yox,– məhz Andreyi başımın üstündə görməyim, fikrimdə dolaşan cavabsız suallar məni o qədər çaşdırmışdı ki, lap başımı itirmişdim.Klinikanın bağçasında dolaşarkən bazarda Bəxtiyarla olan söhbətimiz yadıma düşmüşdü. Söhbət “Berkut”dan düşəndə, məncə, o demişdi ki, Moskvada yeganə qara “Ceep” ondadı.O gün, hə, o dava düşən gün, uzaqda, dayanacaqdan aralı ağacların altında park olmuş qara “Ceep”i görmüşdüm axı?! Sonra da yoxa çıxmışdı.Yəni…yəni, “Berkut” Andreyin özüdü?.. Özümü üzməmək üçün sualıma cavab almağa bundan əlverişli məqam ola bilməzdi ki, soruşdum:

–Andrey, “Berkut”u tanıyırsan?

O heç halını pozmadan sualıma sualla cavab verdi:

–Nədi ki?

–Heeç…

Sonya ərinin ötərgi, başdansovdu cavabından qismən təəccübləndi, əlini Andreyin dizinə qoyub başını yellədi, yəni, niyə cavab vermək istəmirsən? Andrey qaşlarını qaldırıb gülümsədi ki, istəyirsən sən de.

Sonya :

–Burdan çıxan kimi,-dedi,– sənin şərəfinə təşkil edəcəyimiz ziyafətdə “Berkut”u da görərsən.Şəxsən mən onu səninlə tanış edəcəm-söz verirəm.

Ər-arvadın müəmmalı danışığı düşüncələrimə aydınlıq gəturməsə də, elə başa düşdüm ki, Andrey “Berkut” deyil, amma onlara çox yaxın adamdı, bəlkə də ən əziz adamı.Hər halda mənə elə gəldi.

Sonya mənimlə danışanda nədənsə özünü çox qəribə aparırdı, tez-tez nəzərlərini çarpayının kənarında, yanımda oturmuş Andreyə zilləyirdi, elə bil artıq-əskik hərəkət edib-etmədiyini onun baxışlarından duymaq istəyirdi. O həddindən ziyadə cəlbedici qadın olduğundanmı, yoxsa çoxdan belə gözəl qadınla təmasda olmadığımdanmı, ha illah eləyirdim onun sehrinə düşmüş gözlərimi kənara çəkəm, bacarmırdım. Deyəsən onu da narahat edən buydu. Güclə nəzərlərimi ondan çəkib Andreyə baxanda onun qısqanc baxışlarıyla rastlaşdım.Axmaq vəziyyərdən çıxmaq üçün ilk ağlıma gələn bu oldu:

–Andryuşa, əziz dostum mənim, xəstə adama da bu qədər zülüm edərlər? Başa düşmürəm, necə olub ki, sən indiyə kimi belə gözəlliyin qarşısında əriyib yox olmamısan?!

Hər ikisi qəfil ürəyimdən gələn bu sözlərimi kompliment kimi qəbil edib gülüşdülərsə də bu Andreydən daha çox Sonyaya ləzzət elədi.Mən həqiqətən başqa gözlə baxmadığım Sonyanın gözəlliyinə heyranlığımı belə bildirdim.

Andreyin mənə qısqanmağına haqqı yox idi.Neyləyə bilərdim axı, qadın gözəlliyinin qarşısında səssiz dayanmaq hər kişinin işi deyil! Başa düşürəm,o çox məlahətlidir, boyu da Andreydən hündürdü, güləndə lap Merlin Manroya oxşayır! Hə, lənət şeytana, bayaqdan fikirləşirdim axı bu qadını harda görmüşəm? İndi yadıma düşdü,əlbəttə,kinoda.

Bir tərəfdən Andreyi qınamırdım.Kim nə deyir desin,vallahi-billahi Andreyin yerində mən olsaydım, belə gözəli evdən bayıra buraxmazdım! Hər gözdə bir nəzər var. Bir yandan da fikirləşirdim ki, qısqanc olsaydı mənimlə görüşdürməzdi, day, yanına salıb bura gətirməzdi.Yəqin Sonyanın xasiyyəti belədi, nə bilim, belə qəribəydi ee…Hə, bu qəribəliklərdən sonralar xəbər tutacaqdım –onu yaxından tanıyandan sonra.

Həftə boyu hər gün iki dəfə mənə baş çəkən Andrey düz altı gündən sonra yanıma gələndə professorun göstərişinə əsasən bildirdi ki, tibb bacısına tapşırmışam, səhər mənim köməkçim gəlib səni aparacaq. Biz bəzi vacib işlərlə məşqul olacağıq, ona görə səni evdə gözləyirik.Oldu?!

Mən minnətdarlıq edib hər ikisiylə əl-ələ görüşdüm.Qapıyacan yola salıb palataya döndüm.Özümü bir az rahat hiss etsəm də “Berkut”u yadımdan çıxara bilmirdim.

Pəncərənin qarşısında durub eşiyə baxdım;boz bulud topaları qucaqlaşa-qucaqlaşa göy üzünü qapadıqca havanın da əhvalı dəyişir, ağacların çılpaq budaqlarında qalmış tək-tük titrəyən saralmış yarpaqlar öz son saatlarını yaşayırdı…

Səhər duran kimi duş qəbul edib çıxanda baş tibb bacısı xəstəxanadan buraxılmağımla əlaqədar sənədləri gətirib çox nəvaziş və qayğıyla imza atdırandan, palatada mənə aid olan şəxsi əşyalarımı paketə yığıb uğur diləyəndən sonra çıxdı. Andreyin köməkçisini gözləmək çox çəkmədi. Hündürboylu, iri cüssəli, göy rəngli köynək,mavi kostyum geymiş sarışın kişi bir əlində zəncirli kostyum çantası, o biri əlində iki ədəd iri qutu içəri girdi.Ədəblə salamlaşıb gətirdiklərini çarpayının üstünə qoyub xırıltılı səslə dedi:

–Andrey Petroviç göndərib. Siz geyinin, mən aşağıda gözləyirəm.

Beli qırmızı lentlə bağlanmış bəzəkli karton qutuları açdım; nisbətən balaca qutuda qara laklı ayaqqabı və bir cüt qalın corab, o birisində isə təzəcə ütülənmiş ağ köynək, alt paltarı, cib dəsmalı, bahalı qızıl saat mənim üçün göndərilmişdi. Köhnələri çıxarıb təzə paltarlarımı geydim, sonra kostyumu asılqanından çıxarıb əynimə taxdım-düz əynimə tikilmişdi. Qəribəydi, mənim ölçülərimi hardan bilirdilər axı?…

Cəld köhə pal-paltarı, boş qutuları iri paketə qoyub palatadan çıxdım.Uzun dəhliz boyu gözümə dəyən bir neçə həkim və tibb bacılarıyla sağollaşırdım ki, mərtəbə üzrə növbətçi olan cavan tibb bacısı məni görən kimi oturduğu masanın arxasından durub əlimdəki paketləri aldı,daima xəstəxana pijamasında gördüyü, indi bəy kimi bəzənmiş xəstəni yuxarıdan aşağı süzüb gülümsədi, qoluma girib liftə çatana kimi müşayət elədi. Hələ bu azmış kimi, liftə minib aşağı düşdü, mənim əşyalarımı düz maşına qədər apardı. Cavan qıza qayğıya görə təşəkkür edib qara “Mersedes-Benz”in arxa oturacağına yayxandım.

Sürücü– köməkçi kişi bir söz demədi, qarşıdakı güzgüdən mənə baxaraq göz vurdu.Mən də ona gülümsədim.Maşın yerindən götürüləndən beş-on dəqiqə keçməmişdi ki, o, maşını hündürmərtəbəli binanın altındakı salonun qarşısında saxladı.Əvvəlcə çevrilib mənə baxdı, üzümün tüklü olduğuna işarə edib bərbərxananı göstərdi.

–Hə, pis olmaz,-dedim.

Deyəsən çox danışmağı xoşlamayan,ya da onu başa düşməyəcəyimdən ehtiyatlanan köməkçi bircə kəlmə dedi:

–Yaxşı.

Bərbərxanadan çıxanda özümü o qədər yungül hiss etdim ki,sanki yenicə anadan olmuşam!

Belorus şossesndən Böyük dairəvi yola çıxıb daha da sürət götürən “Mersedes” yarım saatdan sonra şossedən sağa burulub qalın küknar meşəsinin içində itib-batan dar asvalt yola döndü. Əsasən,məğrur görkəmli uca şam və gümüşü küknardan ibarət sıx meşəlikdə tək-tük gözə çarpan, əsən yüngül mehin belə əlində aciz qalan ağcaqayınların çılpaq, incə budaqları titrəyir, qara xallı nazik gövdələrində oynayan ağ-boz qabıqları o yan-bu yana yellənirdi. Pəncərəni açdım: içəri dolan yumşaq payız havasıni ciyərimə çəkdim…

Andreygilin bağ evi kəndin düz kənarındaydı.Bir az aşağıda meşənin qırağında ovuc kimi görünən balaca gölün düz kənarında, kohnə, taxta və şalbandan tikilmiş göy qübbəli köhnə kilsə gözə dəyirdi. Sürücünün deməyindən gölün o üzündə yaşayan qonşu kəndin cammatı da hər bazar günləri balaca qayıqlarla həmin kilsəyə gəlir, şam yandırır, dua edirlər.

Maşın qırmızı bişmiş kərpicdən tikilmiş hündür hasar boyu gedib iri yaşıl darvazanın qarşısında dayananda sürücü ratsiya ilə əlaq saxladı, bir az keçmiş qarşısında dayandığımız darvaza ağır-ağır açılmağa başladı.Yamyaşıl küknarların arasında yad nəzərlərdən ciddi-cəhdlə gizlənən, damı qırmızı kirəmidli, iki mərtəbəli ev ilə üz-üzə qalanda məni heyrət bürüdü.Bura lap nağıllardakı malikanələrə bənzəyirdi!…

Geniş, daş döşəməli, kənarları ekzotik ağac və bitkilərlə bəzədilmiş yol bizi düz bu möhtəşəm binanın qarşısındakı mərmər pılləkənlərin kəndarına aparırdı.Həyətin sağ tərəfində o faciə baş verən gün nəzərimdən qaçmayan tanış qara “Ceep”in dayandığını görəndə həyacanım artdısa da bunu biruzə verməməyə çalışdım.

Qoca bağban səbirlə bağçanın həndəvərinə tökülmüş xəzəli sellofan paketə yığırdı.

İçəri girəndə evin, hasarın tinlərində, həyətdə hərəkətsiz dayanmış qara kostyumlu, əli silahlı mühafizəçilər gözümdən yayınmadı. Nədənsə bu mənzərə mənə “Xaç atası” filmini xatırlatdı.

Maşından düşər-düşməz pılləkənlərlə aşağı tələsən Andrey göründü. Əsl bayramsayağı geyinmişdi: ağ kostyum, ağ köynək, ağ tufli.Ağ rəng ona çox yaraşırdı.Sevincindən iki əlini də havaya qaldırıb üstümə atılaraq şaqraq bir səslə dedi:

– Xoş gəlmisən, əziz dostum!

– Xoş gördük!

Qucaqlaşıb öpüşdük, sonra sol əlini qoltuğumun altından keçrib məni özünə sarı sıxdı. Sürücüyə barmağıyla işarə etdi ki, gözləsin. Hava soyuq olmasa da hələ zəif olduğumu düşünüb tez evə qalxmağımızı məsləhət gördü.Pilləkənlə qalxarkən özümdən ixtiyarsız yuxarı baxanda ikinci mərtəbənin geniş pəncərəsi qarşısında, bəlkə də bayaqdan bizi izləyən Sonyanın pərdə arxasında gizləndiyini gördüm.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации