Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 16

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 16 (всего у книги 17 страниц)

Шрифт:
- 100% +

–Sən gələndə adaşımın neçə yaşı vardı?-Soruşdum.

–Doqquz,-dedi.

–Bəs qızların?..

Gözlərini qıyaraq bir xeyli fikirləşdi, əsəbi halda barmaqlarıyla nəsə hesablayıb nəhayət dilləndi.

–İki…altı…on iki…Hə, iki, altı, on iki idi yaşları.

Gözləri doldu. Satıcı qızdan xahiş etdim ki, öz zövqünə görə on üç-on dörd yaşlı oğlan, altı, on və on altı yaşında qızlar üçün hədiyyə dəsti seçsin. Həm sifarişin çox olduğunu, həm də ona etibar etdiyimi eşidən qız sevinərək işə başladı.Düz yarım saat ciddi-cəhddən sonra kassanın qarşısında uç iri paketlə peyda oldu. Kassir malların qiymətini hesablayıb məmnunluqla dedi:

–Dumayu, ponravitsya.Pozdravlyayu…

Pulu ödəyib təşəkkür etdim, paketləri götürüb ticarət mərkəzindən çıxdıq.

Havadan kerosin qoxusu gəlirdi.

Ramzanla görüşümüzə on dəqiqə qalmış biz aeroportdaydıq.

Səsli-küylü nəhəng hava limanının girişində əsəbindən siqaret sümürən nazik bığlı, seyrək saqqalı oğlan bizi görən kimi siqaret kötüyünü zibil yeşiyinə atıb yaxınlaşdı.İkiəlli salamlaşandan sonra ona çox vacib missiya yerinə yetirmək tapşırıldığından ciddi nəzərlərlə gah məni, gah da Sərdarı süzüb baş hərəkətiylə hansımızın yola salınacağını öyrəndi.Dedim ki, Bakıya Sərdar uçmalıdı. Cəld onun qoluna girib “getdik” dedi.İndi başa düşdüm ki o niyə danışmır : sınıq-salxaq ruscasını mən güclə anladım, qalmışdı Sərdar.

Oğlanın tələskənliyi məni yaman çaşdırdısa da onu başa düşürdüm.Axı təyyarəyə qeydiyyat başlamamış sənədsiz sərnişini yerbəyer etməliydi. Odurki, Ramazandan xahiş elədim bizə beşcə dəqiqə imkan versin adam kimi vidalaşaq. Əslində neçə vaxt idi bir yerdəydik,amma Sərdarla düz-əməlli dərdləşə bilməmişdik. Xeyli baxışdıq. Səssiz-səmirsiz.Bir də qucaqlaşdıq. Həyacandan unutmayım deyə onunçun ayırdığım pulu cibinə qoydum. Ayrıca konvertə bükdüyüm iki min dolları da ona verib pıçıldadım:

–Anamın, nənəmin qəbrini abıra saldır. Yəqin ot basıb…

Tez-tez bığlarını ovan Ramzanın dilxor görkəmini görüb son dəfə qucaqlaşdıq.

–Yaxşı yol!

–Ölənəcən haqqın boynumdadı.– Sərdarın yanağından iki gilə yaş süzüldü

–Get, gecikirsən. Çatanda zəng vur…Balaca Rüfəti də öpərsən.

Arxaya dönmədən aeroportdan uzaqlaşdım. İlk dəfə çiynimdən götürülən daşın ağırlığını hiss etdim.

***

Raisa barədə xoşagəlməz şaiələr dolanmaqda davam edirdi. Deyilənlərdən nəyin düz, nəyin yalan olduğunu anlaya, Andreydən heç bir informasiya ala bilmirdim.Ara-sıra sürücüsündən sızan qorxunc xəbərlər məni dəhşətə gətirsə də bunu təsdiq, ya inkar edəcək hansısa təsəlliverici məlumat yox idi. Andrey yırtıcıya çevrilmişdi. Hər halda bunu eşitdiklərim təsdiqləyirdi. Ruslanın dediyindən Raisa başıbəlalı üç milyonu təzə dostu Karaxanla Türkiyəyə keçirərkən yaxalanıb.Düzdü, bu Karaxandı, nədi, aradan çıxa bilib, amma Raisa yaxalanıb, özü də pis. Raisanın qafqazlılara simpatiyası olmadığı məlumdu. Bəlkə də işinin xətrinə Andreyə xoş gəlməkçin mənimlə yaxınlıq eləməsini saymasaq, qeyri slavyanlarla dostluq eləməzdi.Bəs hardan çıxdı bu Karaxan?! Onunla əlaqəli hər şeyi bilmək istədim.Kim idi, hardan peyda olmuşdu? Moskvada yaşayan çeçen tanışlarımdan soruşdum, təəssüf ki heç nə öyrənə bilmədim. Elə bil bu adam göydən düşmüşdü.

Xeyli vaxt keçəndən sonra bir məclisdə Andrey “G planeti” şirkətinin prezidenti Salamon Gelenin söhbətində ödəmə vaxtı keçmiş (yəni “ölü”) pulları diriltmək barədə yeni strategiya hazırladığını və bunu yarıcıddi, yarızarafat “Raisa sindromu” adlandırdığını deyəndə onun strategiyasının necə dəhşətli ola biləcəyinə şübhəm də qalmadı. Özlüyümdə Raisaya verdiyi işgəncələr barədə düşünsəm də bunu təsəvvürümə gətirə bilmirdim.Yəni Andrey üç milyona görə havalanıb?..

Sərdarı yola salmışdım deyə bir az rahat idim. Özümə söz verdim ki, nəyin bahasına olur-olsun Raisanın yerini öyrənəcəm, ölüsünü ya dirisini tapacam. Sən demə Andrey də mənim ürəyimdən keçənləri duyubmuş. Tezliklə özündən uzaqlaşdırmaq üçün min cür bəhanələr quraşdırırdı.Ən çox keçərlisi də Sonyanın “tutmaları”nın yenidən başlamasıydı.Təcili kəndə qayıtmağımı tələb etdi.Hə, tələb etdi. Həmişə ərklə deyərdi, xahiş edərdi. Bu dəfə əmranə tələb etdi.

Bezmişdim belə həyatdan. İstədim son vaxtlar qulağımın dibində özünə yer eləmiş dəli şeytanın pıçıltılarına səs verib baş götürüb qaçım bu zırrama ölkədən.Amma hiss edəndə ki, Andrey məni təhdid edir, hər addımımı nəzarətdən buraxmır, fikrimdən daşındım. Ölkəni bərbad hala salmış kefnəqulu rəhbərlərin ucbatından göz qabağındaca darmadağın edilən nəhəng dövlətin paytaxtında at oynadan Andreyin öz arvadına diqqət yetirməyə vaxtı yoxmuş?! Vaxt tapardı.Bəs sevgi?

Azdırdı məni Andrey.Guya gözəlçəsinə nəzarəti ikiqat artırmaq idi məqsədi. “Bilirsən də, mənim başım çox qarışıqdı.Vəziyyəti özün görürsən.Deyəsən yuxarıdakılar da diksinib ayılırlar. Hökumətdə baş verənlər bizim xeyrimizə işləmir. Hə, sən belə şeylərə qarışmasan yaxşıdı.Get kəndə, Sonyanı da tək qoyma.Tapşırmışam, beş-altı min “göy” qoyublar maşınına. Hələlik bəs edər sənə…Yenə lazım olsa zəng et, göndərim. Buralarda görükməsən yaxşıdı. Sonyanı səndən başqa heç kim başa düşmür.Heç mən də.”

“Heç mən də”. Bunu o qədər soyuq, həm də istehzayla dedi deyəsən.Elə gəldi ki, Andrey arvadıyla bərabər məni də özündən uzaqlaşdırmaq istəyir.Zatən arvadından çoxdan uzaq idi.

***

Qızılı xəzan altında mürgü döyən kəndə çatdım. Ay hələ görükməsə də qarşıdan gələn qışın erkən soyuğunu hiss edirmiş kimi bir-birinə qısılıb üşüyən ağacların arasından boylanan tək-tük elektrik lampaları qızılı-qırmızı xalıya bənzər kənd yoluna zəif işıq salırdı. Sürəti azaltdım. Şüşələri aşağı saldım və rezin təkərlərin altında xışıltıyla səs salan yarpaqların payız uverturasına qulaq verərək yaşıl darvazaya sarı yaxınlaşdım. Qapıçı darvazanı açdı.Maşını həyətin bir tərəfinə verib əylədim.Lyuda maşınımı görüb sevincək üstümə cumdu. Doğması kimi boynuma sarıldı.Sərdarı soruşdu. Çoxdandı görünmədiyimdən narahat olduğunu dedi. İndi dərk etdim ki, Sərdarı yola salan gündən gör nə qədər vaxt ötübmüş.Hər şeyin yaxşı olduğunu söylədim.

–Sərdar sağ-salamat çatıb.Zəng vurmuşdu.

–Bəs niyə qayıtmadın?

–Andrey buraxmadı.Vacib işlər vardı. Çox vacib.

–Yaman darıxmışdım.-Qəfil ağzından çıxan sözə görə utandı.

“Elə mən də” demək istədim.Amma qızcığazın pörtdüyünü görüb söhbəti dəyişdim.

–Soyuqdu. Keçək içəri. Sonya yatır?

–Televizora baxır. Gələcəyini bilmir.

Əlindən tutub pillələrlə qalxırdıqki yarıaçıq qapının ağzında Sonya göründü.Yalançı təbəssümün içində gizlədə bilmədiyi qəzəbli baxışlarını məndən özgə kim sezə bilərdiki! Bu qadın hamını qısqanırdı deyəsən.

–Gəldin,-dedi və içəri keçdi. Bu qıcıqverici səsin nə demək istədiyini anlayırdım. Hətta , əvvəllər ona yazığım da gəlirdi.Kişisiz qalmış cavan qadının özgə reaksiyası ola da bilməzdi.Qəlbini sarımış çarəsizlik bir yana dursun, ölmüş ümidləriylə arzularının arasında çabalayan gözəl xanımın təkcə solğun gözlərinə baxmaq kifayətdiki, onun dərinliyində özünə yuva salmış tənhalıq çəyirdəyini sezə biləsən. Və bu çəyirdəyin cücərib rişə salmasıyçün bircə damcı suya ehtiyacı vardı.Dolmuş gözlərini Lyudadan gizlətdisə də mən bunu duydum. Yəqin ki, ötmüş gözəl zamanlarda olduğu kimi, əlində ağ zanbaq buketi,uzun illər həsrətində qaldığı ərinin qapını açıb içəri girəcəyini, onu ağuşuna alacağını, öpüşlərə qərq edəcəyini gözlədiyi halda, hansısa qafqazlının onun evində cavan qulluqçusuyla danışıb-gülməsi kimi açardıki?!

Sonyanın soyuq davranışından Lyudaya da pay düşdü. “Mənə isti süd gətir!”-deyə üstünə bağırdı.Lyuda mətbəxə cumanda başa düşdüm ki, yaxşısı budur,duş qəbul edib yatım. Gecənin xeyrindən qaçmaq gərək.

Səhər erkən oyandım.Vanna otağına getməmiş həyətə çıxıb payızın fırçasından çıxmış mənzərəyə gözüdolusu tamaşa etmək istədim. Bağban hələ gəlmədiyindən həyət başdan– başa qızılı rəngə boyanmışdı.Hələ damın, hasarın üstünə döşənmiş qırmızı kirəmitlərin üstünü demirəm.Hava əməlli-başlı soyumuşdu. Həmişəyaşıl ağaclardan başqa bütün bitkilər köynəkdən çıxmışdı. Bu vaxtlar kimsənin oyaq olmadığını bildiyimdən qazonun yaşıl üzünü gizlədən qırmızı xallı sarımtıl yarpaq komasını xışmalayıb başımın üstünə qaldırıb səpələdim.Şeh– gecə üşüyən ağacların altına səpələnmiş yarpaqlarına düşən göz yaşlarıydı sanki-uzümü yudu. Üşaq kimi kövrəldim. Körpəykən payız ayları ürəyimi sıxardı; gözünün qənşərində ağacların, otların, çiçəklərin can verməsinə,təbiətin kütləvi ölüm səhnəsinə baxmaq məni ağrıdardı. Sonralar, təbiət payızda ölüb yazda yenidən döğulub dirçəldikcə sevinərdim.İndi ağaclara acıdım.

Kimsə görər deyə əllərimi çırpıb evə qayıtdım. Yuyunub holla çıxdım. Soba yanırdı, deməli Lyuda oyaqdı.Qəhvənin ətri məni mətbəxə çəkdi. Sübh tezdən bir fincan qəhvə pis olmazdı.

–Yaman tez oyanmısan? Soyuq olmayıb ki?–Lyuda mətbəxə girdiyimi görüncə soruşdu.

–Yox. Son vaxtlar tez dururam.-dedim.-Yaşlaşıram…

–Tanrı eşqinə, nə danışırsan, nə yaşlaşmaq? Sən…sən çox cavan görünürsən.

Məni gülmək tutdu.

–Hə, bizim tərəflərdə deyərlər ki, sənin yaşıdların hələ evlənmib?

O da gülümsədi. Əlimlə Sonyanın yataq otağına işarə elədim ki, görəsən oyanmayıbki?O da səssizcə başını buladı :”yox”.

Pəncərənin qarşısındakı künc divanında tokülən yarpaqlara tamaşa edə-edə qəhvəmi içirəm. O isə qara şokolad yeyə-yeyə altdan-altdan məni süzür. Hiss edirdim ki, mənimlə özünü çox rahat hiss edir. Bəzən elə gəlirdi ki, Lyuda, bəlkə də mənə görə Sonyanı atıb getmir. Üç yüz dollara görə onun axmaq kaprizlərinə niyə dözürki?! Həmişə soruşmaq istəmişəm bunu.Amma xətrinə dəyər deyə susmuşam. Bəlkə vurulub? Cavandı, əsl sevilən vaxtıdı.Onun yaşıdları belə ağır, zəhlətökən işlər görmür e, ən dəbli geyimlərdə, bütün günü tusovkalarda, kefdə-damağda. İndi onun oğrun baxışları gözümə sataşanda yataqxanada otağıma basqı edən Marqo yadıma düşdü: həmin gizli istək, həmin coşqu,həmin ehtiras deyildimi?..

Dodağımda şokolad ətrini hiss edəndə fikirdən qopdum və Lyudanın boynuma sarılaraq dodağımdan öpdüyünü görəndə mətbəx başıma fırlandı.Raisadan sonra qadınlardan ehtiyat edirdim.Bir otaqda qadınla təkbətək qalmaqdan qorxurdum da.Həm də Sonyanın evində belə özbaşınalığın nə ilə bitəcəyini nəzərə almamaq axmaqlıq olardı. Onu özümdən qoparmağa cəhd etdim. Qız əl çəkmir, gah üst, gah da alt dodağımı rahatlukum çeynəyirmiş kimi ağzında gövşədiyindən hiss etdim ki, o, ilk dəfə kişiylə öpüşür– təcrübəsizdi.

Hər an Sonya yuxudan ayıla bilər və nəyi də hiss etməsə bütün mətbəxi başına götürmüş marçıltı səsini duya bilərdi.Təhlükə hər an başımızın üstündən Domokl qılıncıtək asılmışdı.O isə əl çəkmirdi.Özünü-qadınlığını dərk edəndən bu saraydan kənara çıxmayan,qəpik-quruşa görə fermada sağıcı köməkçisi işləməkdənsə,öz kəndində ağılasığmaz məvacib və kübar qayğını itirməməkçin ciddi nəzarət və qadağalara riayət edib nəinki həmyaşıd olduğu oğlanlarla, heç qızlarla da ünsiyyət qurmayan bu yelbeyin qızcığazın nə istədiyini çox yaxşı bilirdim. Sanki xeyli vaxtdı pusquda dayanıb bu anı gözləyirmiş.Onu necə sakitləşdirməyi düşünür, qulağına pıçıldayırdım ki, bu mümkün deyil, biz bunu etməməliyik. Ürəyim dediyin dilim təkrarlasa da barmaqlarım dinc durmur, onun köynəyinin düymələrini açırdı. Balaca döşlərini oynadanda Lyuda şahə qalxan at kimi əllərini tavana sarı uzadaraq açıq sinəsini dodağıma sürtdükcə mən haldan-hala düşürdüm. Yox,yox, yox…Bu biabırçılığa son qoymasaq işlər fırığ olacaq.

Özümü güclə ələ alıb qızı divanın o biri küncünə itələyə bildim.Tez də mətbəxdən çıxıb duşevoya soxuldum. İlıq suyun altında Sonya Lyudanı çağıranacan dayandım.”Gəlirəm” deməsiylə qırılan qab-qacaq səsi eşitdim. Yəqinki, keçirdiyi sarsıntıdan əl-ayağı əsən qız nəsə qiymətli bir şeyi salıb sındırmışdı, yoxsa ,”öldürəcək məni!” deməzdi. Bunu qapıdan holla çıxanda aydınca eşitdim.

Andrey toylarının ildönümünə İtaliya ustasına xüsusi sifarişlə düzəldirdiyi çini fincan və desert boşqabı çilik-çilik olmuşdu. Sonya yataq otağından əsnəyə-əsnəyə çıxanda mətbəxin döşəməsinə səpələnmiş sevimli qablarına elə baxdı ki, sanki hər tinbaşı “talkuçka”larda satılan ucuz saxsı qab qırılmışdı.Barmağının ucuyla göstərib:

–Yığışdır o zibili,-dedi.

Ən azından söyüləcəyini gözləyən Lyuda əl-ayağa düşdü. Xanım qəlyanaltıya gələnəcən döşəməni sahmana salır, altdan-altan mənə baxıb turp kimi qızarırdı.

Elə bil ruh idim.Sonya yanımdan o yan– bu yana ötür, məni görmür, bir kəlmə də kəsmək istəmirdi. Çox həvəssiz, yüngül qəlyanaltı elədi. Qulluqçuya da heç nə buyurmurdu. Mən hövsələdən çıxmışdım.Onun belə davranışı məni heç açmır, özümü artıq, gərəksiz adam hiss edirdim ki, telefona gələn zəng hər şeyi dəyişdirdi. Lyuda dəstəyi qaldırıb kiminsə salamını alandan sonra “baş üstə” deyib xanımı çağırdı:

–Sizi istəyirlər.

Çoxdan bu zəngi gözləyirmiş kimi qırışığı açıldı.Cəld dəhlizin başındakı kiçik masadakı telefona yaxınlaşdı. O başdan gələn səsi eşitcək nəhayət gülümsədi.Qulaq verir, ara-sıra “hə”, “yaxşı” deyirdi. Danışıq, daha doğrusu telefondan “asılma” düz yarım saat davam etdi.(O telefona yaxınlaşandan gözlərim kəfkirli saatın əqrəblərini qovurdu)

Dəstəyi asdı. Mənə çöndü,indicə görürmüş kimi ” sabahın xeyir…maşını işə sal, indi gəlirəm” –deyib otağına keçdi. Lyuda çaşıb qalsa da,bayaqkı hərəkətinə görə çəkdiyi xəcaləti ört-basdır eləmək üçün xanımın qismən sevinib evin ab-havasını dəyişməsi yerinə düşdü. Onu bu iztirabdan qurtarmaq üçün sanballı söz tapa bilməsəm də işarə elədim ki, hər şey normaldı.Axı mən də onu itələdiyimçin xəcalət çəkirdim…

Paltarımı dəyişib həyətə çıxdım. Bağban hələ də gəlməmişdi.Adətən səhər tezdən iş başında olan nurani qoca yox idi.Xəzəl yağışı bütün həyət-bacanı ağuşunsa almışdı.

Mühərriki işə salıb xanımı gözlədim.Radionu qoşdum. İqor Talkov həzin və kövrək mahnı oxuyurdu.Lap payız havası duyulan…

Sonya pilləkəndə göründü.Soyuq payız havasına uyğun geyinmişdi. Azca açıq sinəsində bərq vuran briliyant qaşlı kolye, qırmızı yun kostyum, üstündən yüngül xəz gödəkcə.Əlində də al-qırmızı uzunsov çanta.Bu libasını ilk dəfə görürdüm: kraliça Elizavetaya bənzəyirdi.Hə, bu başqa məsələ! Yırt maskanı, göstər əsl simanı, aç içindən gələn gizli duyğularını. Burda ki Andrey yoxdu? Mən də ki…

Ondan incidiyimi biruzə vermək üçün bilərəkdən qapını açmağa kömək etmədim.Bu onun heç vecinə də deyilmiş.Arxa qapını açıb əyləşdi, radionun səsini kəsməyi xahiş etdi və doğrudan da kraliça ədasıyla: “Kosmos” mehmanxanasına sür” dedi.

–Talkovu sevmirsən?-Soruşdum.

– Payızı sevmirəm.-dedi.-Əhvalımı pozmaq istəməzdim.O da payız qədər qənmli oxuyur.

Gözətçi çoxdan darvazanı aşıb gözləyirdi.Radionu söndürən kimi tərpəndik.

Saat yarımdan sonra “Kosmos” mehmanxanasının qarşısında xeyli dövrə vurub boş yer taparaq park etdim. Sonya heç nə demədən düşüb mehmanxanaya sarı tələsdi.Əlbəttə onu gözləməliydim.Qəribə o idi ki, həmişə nə qədər gözləməyimi deyərdi .”Deyəsən uzun çəkəcək bu görüş” fikirləşdim.Elə də oldu.Başımı sükana söykəyib mürgü döyməksən savayı heç nəyə həvəsim olmadı, hansı ki, maşının ön şüşələrini silə, ya da mehmanxananın ətrafında veyillənə bilərdim.Gözlərim yumulurdu.

İdman institutunda oxuyanda tələbə yoldaşım dostu barədə maraqlı, həm də çox kədərli əhvalat danışmışdı.Sonya xanımın oğrun sərgüzəştləri həmən əhvalatı yadıma saldı.

Demişdi dostunun bir bacısı varmış.Ata-anası sevimli qızını həkim görmək istədiyindən onuncu sinfdə oxuyarkən kimya-biologiya müəlliminə yaxşı pul verib onu dərsdən sonra qəbul imtahanlarına hazırlamağı tapşırıb. Dərs ili başlayandan qız, həftənin üç günü müəlliməsigilə gedirmiş.Rayon yerini bilirsiz də, qız uşağının küçədə tək-tənha gəzməsinə (lap qoltuğunda kitab-dəftər olsa belə) birtəhər baxırlar.Yeganə qardaşı əsgərlikdə, ata-anası işdə. Məktəb vaxtı, yenə başadüşüləndi, amma dərs olmayanda, illahda axşam vaxtı başqa məhəllədə kiminsə “yetişmiş” qızının görünməsi hər hansısa dedi-qodunun yaranmasına, həm də sürətlə bütün rayona yayılmasına şərait yaradır. Hə, atası müasir fikirli insan olsa da oğlu xidmətini başa vurub gələnəcən qızı müəllimənin evinə özü aparıb-gətirir. Arada vaxtı olanda da, anası. Qızın bir rəfiqəsi kimya müəlliminin qonşusu imiş –bir mərtəbə aşağıda yaşayırmış. Bir gün onlara gəlib anasına deyirki, niyə əziyyət çəkirsiz, mən onu evinizə ötürərəm, narahat olmayın.Ana sevinir. Daha, tez-tez işdən icazə almağa ehtiyac olmayacaqdı. Beləcə günlər, aylar ötür. Qızın qardaşı da əsgərlikdən qayıdıb gəlir.Atası oğluna “Jiquli” alandan, bacısını müəlliməsigilə maşınla aparır, beşmərtəbənin həyətində məşqələsi qurtaranacan gözləyir, sonra da evə gətirirdi.Amma nələr baş verdiyindən bixəbər qardaş yeganə bacısını gələcəyin adlı-sanlı həkimi kimi təsəvvür edib hələ də bu əziyyətətindən xüsusi zövq alacaqdıki, dünən axşam çayxanada qulağını dəlib-deşən söhbəti eşitməsəydi..

Üç cavan oğlan, siqaret tüstüsünü bir-birinin üzünə piləyə-pıləyə çay içir, ağızlarını marçıldadaraq şit-şit gecə macaralarından danışırdı. Arxası ona sarı oturub, güləndə əcaib səslər çıxaran oğlan isə tez-tez “mərc at, aparım. Bütün rayonda elə şey tapammassan” – deyirdi.

”Atası, qardaşı yoxdu qızın?”

“Əşi, desəm yıxılarsan pola. Hi-hi-hiii. Qardaşı özü gətirir ee…”

“Nağıl danışma.Başın xarabdı?!”

“Mənim yox, bax,qardaşı oğraşın başı toçnı– o söz…”

“Əə, oğraş-moğraş olmasaydi şeyimiz əlimizdə qalardı,hi-hi-hiiii… Üç yüz verirəm.Nə vaxt gedək? Dedün dərs oxuyur guyə?”

“Hə, prafessur olacağ.Ha-ha-haaaa!Ha-ha…”

“De, sən öl, birinci sən olmusan?! Bəlkə çoxdanın cındırıdı, xəstə-məstə olmasın haaa. Şeyimə nəsə olsa, nəslüvi köçürtdürərəm rayonnan!”

“Başun xarabdı? Deyirəm onuncuda oxuyur, hələ xamdı, özüm ölüm! Güldi ee, gül! Saba “dərsi” olmalıdı. 16-nın qabağına gəl, saat 4 də. Üç yüzü hazırla.”

“Papanın canı sağ olsun! ”

Bəlkə də fikir verməzdi, bu söhbət də ona toxunmazdı, əgər ünvanı eşitməsəydi – 16-cı bina. Bacısının müəlliməsi, həm də rəfiqəsigilin binası. Məşğələ də saat 4 də. Bir də ki, “qardaşı gətirir” deməsi.Bu qədər təsadüfmü olar ?! İstəyib dil pəhləvanlığı edən gədələrə baş qoşsun, amma bu işin axırına çıxmağı qərara alıb.

Səhərisi gün 16-cı binanın qarşısında maşından düşən qız binaya girən kimi onun dalınca gedir. Bacısı, müəlliməsi yaşayan üçüncü mərtəbədə dayanmayıb, yuxarı qalxdığını hiss edir.Çayxanadakı cavanların söhbəti qulaqlarında cingildəyir.Ürəyi elə sürətlə vururki, hansı qapının açılıb-örtüldüyünü anlaya bilmir.Elə bu vaxt aşağıdan addım səslərini eşidir.Tez yuxarı, beşinci mərtəbəyə qalxıb gözləyir. Dünənki iki oğlan imiş.Pillələrin ağzındakı qapının zəngi basılır, az keçməmiş qapı aşılır və kobud qadın səsi eşidilir:

–Ədə, quyruğun yoxduki?

Əcaib səsli oğlan: “Arxayın ol” deyəndən azca sonra qapı kilidlənir. Dostum deyirdi ki, o pilləkəndə necə, nə qədər dözüb gözlədim, bilmirəm.Çünki dəqiq bilmirdim bacım orda ola bilər.Amma məşqələyə getmədiyinə tam əmin olduğumdan dəli olmuşdum. Xalxın evinə hücum etməcəydimki?!

Oğlanlar gedəndən sonra yarım mərtəbə aşağı düşüb, dayanıb qapının ağzında və onca dəqiqə keçməyib yenə həmən qapı açılıb, rəfiqəsiylə bacısı üst-başını sahmana sala-sala dəhlizdə görükür, dostum onların üstünə şığımaq istəyəndə, artıq gec imiş, qız duyuq düşərək eyvana cumur və özünü aşağı atır…

Tələbə yoldaşımın dediyindən, ata-anası qızlarının “morq”dakı meyidinə sahib çıxmadan rayonu tərk edib, çünki dostu da ona hər şeyi danışandan sonra kəndirlə özünü körpüdən asıbmış.

Sonya mənə nə bacı, nə də sevgiliydi.Amma, nədənsə, mənə elə gəlirdi ki, tələbə yoldaşımın dostuyla məndə zərrəcən fərq yoxdu.Amma yox, o, heç nədən şübhələnmədən bacısını müəllim yanına gətirirdi.Bəs mən? Mən ki bilirəm, lap yaxşı bilirəm –Sonya dostumun kişiliyinə, ad-sanına, tutduğu mövqeyə tüpürərək kiminləsə sevişməyə gəlib.Bunu hiss etməmək üçün uzunqulaq olasan gərək. Bəs nədən buna mane ola bilmirəm? Dost dediyim birinin mənə etibar etdiyi sevimlisinə bu boyda xəyanət etməsinə imkan verirəm?! Bir tərəfdən də fikirləşirdim ki, ərinin dostu olduğumu, hər an ona baş verən rəzaləti anlada biləcəyimi başa düşə-düşə məni vecinə almırsa, deməli burda bilmədiklərim var və bilmədiklərim elə Andreyə bağlıdı. Nəyi bilmirdim, nəyi? Ax, Andrey, Andrey…

Fərqində olduğum bir həqiqət də var ki, məni buna vadar edirdi: Andreyin biganəliyindən əzab çəkən, psixi gərginlik keçirərək içkiyə qurşanan Sonyaya yazığım gəlir, iztirablarına dözə bilmirəm. (Bu heç də təsəlliverici səbəb deyil.)

Əvvəllər nənəmin şeytan barəsindəki nağılabənzər söhbətləri yadıma da düşməzdi.Amma indi… Uşaqkən yuxularımda daş-qalaq eləmək istədiyim şeytan barədə danışanda nənəm deməzdimi,qorxma, uşaqların qəlbinə şeytan girə bilməz? Deyərdi. Nənəm aldadırdı məni.Şeytan insanla birgə doğulur. Bəlkə də ana bətnində toxumu mayalanandan. Elə olmasaydı, insan, Allahın sevimli mələklərinin adını təsadüf hallarda dilinə gətirdiyi halda, şeytan bizim sanki yol yoldaşımız, can sirdaşımız olur. Hətta, dəli və ağıllı şeytanımız var. Ən çox sevdiklərimizi “ay şeytan!” deyə əzizləmirikmi? Bəs niyə onu daşlamaqdan usanmırıq? Min illərdi daşlanan şeytan nədən bizi tərk etmir? Qorxmur?! İnsandan, hətta, Tanrıdan da qorxmur. Bundan sonra da min illər keçəcək, biz onu, o da bizi daşlayacaq; biz qorxudan, o sevgidən. Hərənin atacağı öz daşı var. Şeytanın daşı daha kəsərliymiş!

Yenə daşları götürüb şeytana atmaq, onu qovmaq istəyi baş qaldırdı içimdə. Hər şeyi olduğu kimi Andreyə demək, onun gözlərini açmaq, dostluğumuza gətirdiyim xələli silmək istədim.Qərarımda qətiyəm. Hə, indi Sonya gələcək, onu evə aparıb gedəcəm düz Andreyin hüzuruna.Onun, Sonyanın ağuşuna girmiş şeytanı çıxarmağı bacarmasam da , heç olmasa öz şeytanımdan azad olum. Bu mümkündürmü? Mümkündürmü?!

Arxa qapının çırpılmağı fikirlərimdən ayırdı.Sonya:

–Gedək,-dedi.

Güzgüdən, alışıb-yanan gözlərində oynayan sevinc qığılcımlarını necə görməyəsən, dodağına təzəcə çəkilmiş al-qırmızı boyanın məstedici qoxusunu necə duymayasan? Deyəsən ətiri də başqaydı– bayaqkı deyildi– dənizi xatırladırdı…

Maşını sürüb yola çıxanda soruşdum:

–İndi hara?

– Hara istəyirsən…

Az qala qarşıdakı “Opel”ə çırpacaqdım. “Anlamadım. Necə yəni, hara istəyirsən?” Güzgüdən gözlərinin içinə baxdım.Ciddiydi.

–Zarafat edirsən?

–Nə zarafat? Sür… Acımışam yaman. Ürəyin hara istəyir, sür. Sənin zövqünə bələd olmaq istəyirəm. Olmazki?-Oturacağın arxalığına elə yaxınlaşdı, sanki qucaqlayacaqmış məni.

–Olar.Onda mən…mən bir yaxşı yer bilirəm, ora gedək.

“Deyəsən görüş yuksək səviyyədə olub. Kefi kökdü.” Bayaqkı fikirlər başımdan uçub getdi.Ondan heç vaxt belə səmimi təklif eşitmədiyimdən sevincək də oldum. Bir dəqiqəliyə hara aparacağımı götür-qoy edib axırda “Bakı” restoranına getməyə qərar verdim; onun xoşuna gələcəyinə əmin olduğum üçün.

Yenə tanış musiqi, tanış abu-hava…Çoxdan buralara baş çəkmirdim – guya vaxt olmurdu. Gödəkcəmi maşında saxladığımdan Sonyanın xəz gödəkçəsini qarderoba təhvil verib zala keçdik. Gülərüz, qarayanız xidmətçi oğlan sifarişi qəbul edib cəld uzaqlaşdı.Sonyanın gözləri ad günündə qiymətli hədiyyə almış uşaq kimi alışıb-yanırdı. Tezliklə manqalda bişmiş tərəvəzlərdən hazırlanan ətirli sousla kabab gəldi.Məndən icazə alıb yüz qram viski də içdi. Kraliçaya layiq sifariş verə bilməsəm də süfrəyə qoyulan naz-nemətlərdən məmnun göründüyünə sevindim.Hələ quzu kababını demirəm; elə iştahla yeyirdi ki! O nə düşünürdü, bilmirəm, amma mən özümü Bakıda hiss etdim bir anlıq.

Yeyib qurtaranda qəhvə sifariş verdim.Hər ikimiz susurduq.

Çoxdan onu bu qədər işıq saçan görməmişdim. Çox xoşbəxt görünürdü. Bu xoşbəxtlikdə payım varmış kimi mən də buludlarda süzürdüm .

Sonya necə də Marqoya bənzəyirdi – hər ikisi gözəl, hər ikisi qızğın ehtiraslı.Hətta vücuduma sarınan dəli şeytana qulaq versəydim, onu ağuşuma almaq, bir neçə saat əvvəl – bir anlığa Marqonu onun yerində-üz-üzə, göz-gözə təsəvvürümdə canlandırdığıma görə -əhvalını bu qədər dəyişdirə bilən bəxtəvər centlimenin yerində olmaq ürəyimdən keçərdi. Yəni, etibara, dostluğa da tüpürərdim?! Axı,o centlimendən nəyim ədskikdi. Bir də ki, insan həmişə nəyisə arzulayır. Qəbahətmi bu? lənətə gələsən, dəli şeytan! Bəlkə də şeytanlıq deyildi bu.

Qəhvə gəldi. İçərək ilk dediyi kəlmə bu oldu:

–Niyə beləsən?

Nə bilmək istədiyini anlamasam da söhbətə başlamasından rahatlandım.

–Necəyəm?-Soruşdum.

–Belə…Qəribəsən…

–Ola bilər.

–Bilirsən, mən Andreyi uşaqlıqdan tanıyıram.O da qəribəydi.Hə, hə, çox…Yaşıdlarından həmişə fərqlənərdi; danışığında, hərəkətində, nə bilim…Hər şeydə fərqliydi.Onu mənə sevdirən də buydu-fərqliliyi. Zəhləni tökmürəmki?– Şıltaq bir ədayla soruşdu.

–Yox. Xoşdu.

–Rəfiqələrim ik-üç oğlanla dostluq edib ancaq ən güclü, ən, ən yaraşıqlısıyla görüşürdüsə…Başa düşürsən də… nə demək istəyirəm…Hə, uşaq deyilsən ki. Mən onu sevirdim. Dəlicəsinə. Fərqliliyinə görə. Hətta, məktəb illərində ağır xəstəlik keçirdiyini bilsəm də, zəif, utancaq olduğunu bilsəm də sevirdim. Elə şeylər varki onu deyə bilmirəm. Nə mənası bundan sonra. Sən ki görürsən, onun necə dəyişdiyini. Görürsən? Görürsən…Amma elə şeylər varki onu ancaq mən bilirəm, mən görürəm..

–Məsələn?-Maraqlandım.İlk dəfəydi Sonya Andrey barəsində içindəkiləri açıb-tökmək, yüngülləşmək istəyirdi.Daha təklikdə əzab çəkmək istəmirdi deyəsən. Bunları mənə dediyinə bir tərəfdən sevindim.Deməli, inanır, etibar edir.

–O, qorxaqdı. Rəzil və qorxaq!– Sonya mənim reaksiyamı görməmək üçün gözlərini masanın, sonra da boş kətilin üstündə çantasını gəzirmiş kimi oynatdı və sonra onu maşında unutduğunu yadına salıb nəsə mızıldadı.Acı-acı güldü.

–Şəhəri ovucunda saxlayan Andrey – qorxaq?!

–Ha-ha-haaa! Uyyyy. Bəsdi görüm. Güldürmə məni, tanrı eşqinə… Bu ölkəni sovetin sərvətini oğurlayıb harınnamış, indi kapitalistə çevrilən keçmiş kommunistlər, onların əlinə su tökən, ətrafında yalağlanıb altın dolduranlar, çirkli pullar, qətillər, qorxu və təzyiq hesabına yüksək rütbələrə soxuşdurulan başkəsənlər idarə edirlər. Hələ sənin kimi “əfqan”ların, qoluzorlu idmançıların hesabına gecə-gündüz çiçəklənən qumarxanaların, fahişəxanalara çevrilmiş mehmanxanaların hamilərindən danışmıram. Tezliklə dağılacaq öz iyrənc imperiyanı atamın pulları hesabına qurub Andrey. Bu ölkədə pul hərşeydi; vəzifə, hörmət-izzət, hətta sevgi də alınıb satılır. Saxta imperiyalar qurulduğu kimi də məhv olacaq, gec-tez. Məni incitməklə o bunu daha da yaxınlaşdırır. Ölüvay, qorxaq adamlar qəddar olur, bilirsən? Daima özlərini müdafiə etməyi düşünüb özgələrə zərər vurmaq qorxaqların xislətidi.

–Bəlkə də…

Elə bil dediklərinə peşimanmış kimi xeyli susdu. Ancaq zərif caz musiqisi, bir də qonşu masada oturanların pıçıltısı bu sükutu pozurdu. Tez xidmətçi oğlanla hesablaşdım, qarderobdan gödəkçəni götürüb çıxdıq.

Yol boyu da dinib-danışmadıq. O, ilk dəfə görürmüş kimi Moskvanın küçə-prospektlərinə tamaşa edir, mən isə Andrey barədə düşünürdüm. “Görəsən daha nələrdən xəbərsizəm? Elə şeylər varki onu ancaq mən görürəm, mən bilirəm– deməklə, Sonya nəyi nəzərdə tuturdu? Gərək Raisa barədə soruşaydım.Yəqinki nəsə bilir.Soruşacam, hə…”

–Raisadan xəbərin var?

Mənə elə gəldiki o, bu sualı çoxdan gözləyirmiş.Çünki , cavabı hazırmış kimi düşünmədən dilləndi:

–Hə.Yazıq qız…Sənin xəbərin yoxdu bəyəm?

–Nədən?

–Ooo, Rufatik, yoxdu Rayıçka, yoxdu…

Xətalı vəziyyət yaratmayım deyə maşını yolun kənarına verib əylədim.

–Əminsən buna?

–Hə.”Dostun” onun da axırına çıxdı…

–Necə?

–Onun quduz köpəklərinə yem olub Rayıçka. Bunu təsəvvür etmək belə dəhşətdi!

Mən isə təsəvvür etdim. O buldoq sifətli vəhşiləri göstərmişdi Andrey.”Hərənin bir missiyası var doğuluşundan” da demişdi. Bumudu sənin missiyan?! İsanın, Məryəm ananın şərəfinə kilsələrdə şam yandırıb sədəqə paylamağınla kimin gözünə kül üfürürdün bəs? Tanrının?! Sən özünü Tanrı hesab eləyirsənmiş, Andrey. Amma yanılırsan. Nəfsini boğa bilməyən, acgöz varlıq heç insan da ola bilməz. Tanrı var-dövlət hərisi olsaydı,özünə şərik – insan yaratmazdı.

Sonya mənim necə üzüldüyümü görüb üzr istədi.Raisayla guya əlbir olub pulları oğurlayan çeçen oğlanın axtarışımın da mənasız olduğunu dedi. Dediki, məni çaşdırıblar, əslində aradan çıxan adam-burda biznes qurmaq istəyən iş adamı– türk imiş. Andrey hər şeyi xırdalığına qədər düşünübmüş. Aldadaraq sənədləri hazırlamaq, icazə və yer icarəsiyçin külli miqdarda pul alıb.Türklərin rus qadınlarından xoşlandığını bildiyindən onu Raisayla tanış edib, sonra da evində qalmağı təklif edib. Başı sevgi macarasına qarışan türk işlərin yubandığını hiss edəndə pullarını tələb edir. Sən demə Raisa da vurulubmuş.Andreydən xəbərsiz hesabdan pulları çıxarır və təzə sevgilisiylə Türkiyəyə qaçmaq istəyir…

Mən bu nağıla inana bilmirdim. Raisanın vurulmağına,Türkiyəyə qaçmağına heç inanmırdım. Amma hər şey ola bilərdi. Andreyin, Raisanı nəyə görəsə aradan götürmək üçün bu iyrənc planı hazılrladığına şübhə etmirəm. Elə bizim aramızı da sən vurmusanmış. Nəyə görə?..

Mənə dost deyən Ayın görünən üzüymüş. Qaranlıq tərəfi dərk etmək üçün kosmosamı uçmaq gərək?!

***

Çırtaçırtla yanan sobanın qarşısında əllərini ovuşduran Sonya bəyaz qara bürünmüş həyətə baxan geniş pəncərənin qarşısında qurduğum,Lyudanın şövqlə bəzədiyi küknar ağacına heç gözucu da baxmadan deyinirdi. Bayram gecəsi daha təmtaraqlı olsun deyə pəncərənin qarşısındakı divanı kənara çəkmişdik.Pərdələr açıq olduğundan adama elə gəlirdi ki,qışın bu oğlan çağında bərbəzəkli küknar meşəsindəsən.Lyuda da, mən də intizarla gözləyirdik ki, heç olmasa gözucu da olsa yeni il yolkasına baxıb hər il olduğu kimi “lap uşaqlığım yadıma düşdü!” –deyəcək, sevincək öz sevimli kreslosuna yayxanıb bəzəkli yolkadan gözünü çəkmədən xatirələrə dalacaqdı. Əbəs yerə! Bircə gün, heç olmasa bayram gecəsi ona olub keçənləri, ağrı-acılarını unutdurmaq üçün bu şaxtalı havada bütün meşəni ələk-fələk edib ən gözəl küknarı axtarmağımız, xizəyə qoşub gətirməyimiz, çardaqdakı köhnə yolka bəzəklərini taparaq bəzəməyimiz əbəs imiş.

Bu ev belə qasırğa görməmişdi yəqin.Sanki küknar meşəsində uğultu qopdu, çovğun qalxdı, qapı-pəncərələr cingildədi və gözəlliyinə tam heyran ola bilmədiyimiz bəzəkli küknar ağacı guruppultuyla pəncərəyə çırpıldı, üstündəki incə şüşə oyuncaqlar çilik-çilik olub yerə səpələndi. Bu o qədər gözlənilməz oldu ki, bayaqdan sobanın üstündəki piştaxtaya qoyub hələ də tərəddüd içində içməyə qərar verə bilmədiyi litrlik viski butulkasını yolka ağacına vıyıldatdığını onun havada yarıaçıq qalmış əlini görməsəydik zəlzələ olduğunu zənn edərdik.Üçümüz də heykələ dönmüşdük.Deməyə söz yox idi.Sakitliyi pozan, pəncərə çərçivəsinə dəysə də sınmayıb döşəmədə dığırlanan viski butulkasıydı.Və qəfil Sonyanın dəli bağırtısı otağı lərzəyə saldı:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации