Текст книги "İblis busəsi"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +18
сообщить о неприемлемом содержимом
Текущая страница: 9 (всего у книги 17 страниц)
Arxamca atdığı su cadar-cadar olmuş torpağa səpələnib “cızz” eləyəndə Bığ Mürşüdun “Jiquli”si də tozanaq qaldırıb kənddən çıxdı Bakıya sarı…
Aliyə atamın dayısı Kərəmin qız nəvəsiydi.Mən də, Aliyə də evin yeganə övladlarıydiq.İkimiz də aramızda üç ay fərqlə eyni ildə dünyaya gəldiyimizdən bizi göbəkkəsdi etmişdilər, yəni ki, adaxlı.Biz anadan olandan bir növ “ər-arvad” möhürünü daşıyırdıq üstümüzdə.Bu köhnə adət bütün kənd camaatına sirayət etsə də, qonşu uşaqları, lap ağlı kəsənlər də, bizim bir yerdə oynamağımıza, danışıb-gülməyimizə bənd idilər, bizi lağa qoyur, “adaxlılara baxın, necə baş-başa veriblər?” deyib, utandırardılar.Amma böyüdükcə, qulaqlarımız bu kinayə və rişğəndlərə öyrəşdikcə daha pərt olmur, bunları bir zarafat kimi qəbul edir,bəzən lap xoşhallanırdıq da.”Qoy nə deyirlər desinlər!” Bütün kəndin dilindəydik. Anası da həmişə onun qarasına deyinib deyərdi ki, bu qız evə-eşiyə yığışmır, havaxt axtarsan, Rüfətin burnunun ucundadı.Yazıq uşağa da göz verir, işıq vermir haa.
Aliyə, sözün əsl mənasında gözlərimin qarşısındaca böyüyürdü. Özüm necə boy atdığımdan, onu vurub keçdiyimdən xəbərim yoxmuş kimi Aliyənin günü-gündən arpa dəni boyda artmasına, sinəsinin necə böyüməsinə, baldırlarının ətə-qana dolmasına heyrət edirdim. Elə də olurdu ki, qızı ilk dəfə görürəmmiş kimi aşağıdan yuxarı süzüb ağzımın suyunu güclə yığışdırırdım. Qız da bunu hiss etdiyindən məni görəndə yanaqları qıpqırmızı qızarar, haldan-hala düşərdi.Ürəyimdən keçənləri gözlərimdə oxuyardı. Məncə o da balaca adaxlısının sürətli kişiləşmə prosesinə təəccüblənir,daha beş-on yaşımızda olduğu kimi mənə yaxın durmur,bir növ ehtiyatlanırdı.
Yazda göy qutabıyçin əkin sahəsindən quşəppəyi, əməköməci,turşəng, cincilim, payızda da süpürgə yığmağa gedəndə uşaqlardan aralanıb “Şeytan “dərəsi boyunca üzüaşağı, qol-boyun olub dığırlananda da, onu öpmək ağlımın ucundan belə keçməzdi. Keçməzdi deyəndə, lap yaxşıca keçərdi,ürəyim də istəyirdi, amma ona toxunanda bədənim gizildəsəydi də özümü saxlayardım, dözərdim.
Bunlar uşaqlıqda olub, uşaqlıqda. Onda, əməlli-başlı öpüşməyi də kinolarda görmüşdüm.Marqo mənim dodaqlarımı ətli dodaqlarının arasına alandan sonra bu hissin nə olduğunu anlamışdım.Marqo sevişməyi öyrətmişdi mənə. Və mən bundan xoşlanırdım.Hər dəfə də onunla sevişəndə ürəyimdə fikirləşirdim ki, kəndə gedən kimi doyunca Aliyənin dodaqlarından öpəcəm, mütləq öpəcəm!
Qalan şeyləri bircə gün üçün saxlayırdım– o gün üçün ki,dədə-baba qaydasıyla toy çaldırıb onu evimizə gətirəcəkdim, heç kəsdən ehtiyat etmədən halallıca arvadımı sığallamaq, öpmək,qoynuna girib yatmaq mənə ömürlük səadət gətirəcəkdi.Toy gecəsinə kimi zina etmək haramdı axı?!…
Belə düşünsəm də, böyüdükcə özümü saxlaya bilmirdim və Aliyəni ilk dəfə həyətimizdəki iydə ağacının altında öpmək istədim.Məni sinəmdən itələdi ki, dəlisən, görüb-eləyən olar, biyabır olarıq.
–Burda nə var ki?-dedim.-Görsünlər də…Nişanlım deyilsən?
–Nişanlınam…amma ol-maz!-deyib qəhvəyi hörüyünün ucuyla burnuma, yanaqlarıma sığal çəkdi.Elə bil acıq verirdi ki, yan, yaxıl, partla.
–İstiyirəm axı?-təkidlə dedim– bircə dəfə, heç olmasa, bir dəfə.-Sağ əlimi boynunda gəzdirdim, sonra bir az aşağı sürüşdürüb nazik yay köynəyinin üstüylə barmaqlarımı məmələrinin giləsinə toxundurdum; gözləri qapandı, ürəyi sanki döşünün giləsində döyünməyə başladı. Bütün əzalarım gərginləşib qıc oldu. Onun dodaqları, yanaqları qızardı. Sol əlimlə belindən yapışıb özümə tərəf sıxıb dodaqlarını opməyə başladım.Bu bir neçə saniyə çəkdi.Bihal olmuş Aliyə sanki yuxudan ayıldı. Böyük cinayət işlətmişəmmiş kimi üzümə elə baxdı ki.O vaxt ağlımdan keçənləri həyata keçirsəydim indi özümü dünyanın ən gicbəsər adamı sayardımmı?
–Neynirsən,– dedi, – utanmaz !– durub evlərinə sarı qaçdı.
Sonralar hər məni görəndə üsulluca, gizlin-gizlin dilinin ucuyla dodaqlarını yalayanda bilirdim ki, öpüşməyimiz çox xoşuna gəlib Aliyənin.
Özümü-sözümü qanandan, evdə bir əgər-əskik olanda anam da, nənəm də nəyisə vaxtında, abırlı-başlı ərsəyə çatdırmayanda, ya da hansısa işin qulpunda yapışmağa təpərləri olmayanda eşitdiyim bu olardı:
–Bircə bu vələduzna tez böyüyüb kişi olaydı, arvad alaydı, canımız rahatlanaydı,– nənəm deyinərdi.
Bunu da anam deyərdi:
–Ay yeri, göyü yaradan ! Təki birdənəmin toyun görüm, qapıma gəlin gətirim, day dərdim olmaz…O günü görsəm rahat ölləm, vallah, ruhum da inciməz !
Bilmirdim anamın özünə belə vaxtsız ölüm arzulamağı bezdiyi tənhalıqdan idi, yoxsa gəlin, nəvə həsrətindən. Axı hər bir ana “bircə o günü görsəm” kəlməsini dilinə gətirir? Arzular sonradan şaxələnir, çoxalır? “Bircə nəvəmi qucağıma alım, bircə nəvə toyunda oynayım, bircə…bircə…”Görəsən mənim də anam bunları xəyal edirdi? Əminəm ki, hə.Axı nəvə baladan da şirindir?! Və mən də bu arzuların qanadında uçurdum, tezliklə onların arzularını gerçəyə çevirmək, evlənmək, oğul-uşaq sahibi olmaq istəyirdim. Üzlərinə “ hələ çox cavanam“ desəm də, o günü özüm onlardan da betər,səbirsizlklə gözləyirdim.
Mən anamın narahat ürəyindən keçənləri onun işıqlı, ümid dolu gözlərində axtarıb arayırdım, amma dilindən qopan ismarıcları, Tanrıya çatdıracağı, ondan umacağı bircə şeyi görürdüm-mənim toyumu görüb, əl-ayağını rahatca uzadıb ölmək. Axı niyə həmən gün? Belə də arzu olar bəyəm? Özü də bunu Allahdan elə sidqi-ürəklə, elə yanğıyla istəyirdi, mənə elə gəlirdi ki, o gün evləndim ha, Aliyəni də doqqazdan içəri saldım ha, Allah da o saat onun arzusunu yerinə yetirəcək! Bu da məni dəli eləyirdi.
Mən nə anamın ölməyini, nə də qapımızda çalınacaq yeganə toyun yasa dönməyini istəyirdim…
Mənə qulaq verən kim idi ki?!
İnstitutun üçüncü kursundaydım kənddən xəbər gəldi ki, bəs anam keçinib.İnanmağım gəlmirdi, dəli olmuşdum.Nə vaxt bilet aldım, ha vaxt rayona çatdım, bilmədim.Arvad xəstə deyildi, birdən-birə nə olmuşdu ona? “Axı bu necə olur? Bəs deyirdin toyumu görüb öləcəksən? Bəs Tanrıya yalvarıb umduğun nəydi? Niyə sənin səsinə hay verməyib, niyə?!…”
Bir neçə aydan sonra, bu vaxtsız əcəlin əsl səbəbini Arazla görüşəndə biləcəkdim…
Anamın solmuş çöhrəsində donub qalmış təbəssümü görəndə başa düşdüm ki, yazıq arvad son məqamda da karıxmayıb, qəzəblənmib, yəqin ki, dilucu: “Axı niyə belə elədin…Səndən bir şey diləmişdim axı,cəmi bir şey. Mən ki, hələ oğul toyu görməmişdim?” deyib, amma Tanrıdan son təbəssümünü də əsirgəmib.
Məşədi Xudayarın yanıqlı avazıyla anamı nənəmin boyründəcə torpağa tapşırdıq.Yeddi gün, qırxına qədər isə hər cümə axşamı bizə yığışan ağsaqqallar mənə təskinlik verir, kənd arvadları da dünyadan nakam getmiş anamın paltarlarını ortalığa sərib mərsiyə deyir, həm anama, həm də ölüb itmiş əzizlərini ağlayırdılar.
Camaat el borcunu verib dağılışandan sonra mənə gümanlı ata yurdum, elə anam, nənəm yatan torpaq kimi lal və soyuq gəldi. Bu evi ev eləmək, ocağını tüstüsüz qoymamaq məndən asılı idi. Bir də Aliyədən.Gözlərim onu gəzir,ürəyim onu istəyirdi. Düşünürdüm ki, o qədər insanın arasında məni başa düşən, mənə ürəkdən yanan, təkcə Aliyədir.Ağrılarıma məlhəm qoyacaq, dərdimə şərik çıxacaq Aliyə.O isəelə hey gözümdən yayınır, məndən qaçırdı.
Anamın qəfil ölümü məni elə sarsıtmışdı ki, heç bir şeyin fərqində deyildim.Aliyənin mənə qarşı soyuqluğuna da əhəmiyyət vermirdim o vaxt.Fikirləşirdim ki, baxma, indi də uşaq deyil ki, ortalıqdan əl çəkməsin? El-obadan utanır, özünü ağır tutur. Anam, nənəm sağ olsaydı başqa məsələ.Görən nə deyər,deməz ki, gəlin gəlməmiş özünü ər evindəki kimi aparır?! Belə yaxşıdır…
Anamın qırxını verib Bakıya qayıtmamış Aliyəylə görüşmək istədim. Ürəyim doluydu. Son vaxtlar mənə qarşı olan soyuqluğun səbəbini bilmək istəyirdim.Qapılarına çatanda anası Bikə xalayla rastlaşdım.Aliyəni soruşanda, arvad əvvəlcə özünü itirdi, sonra ağzını kəlağayısının ucuyla yaşmaqlayıb, “rayondadı” dedi. Tez-tez əmisigilə getdiyindən xəbərdar idim. Soruşdum:
–Gec qayıdar? Xeyirdi inşallah?!
Bikə xala:
–Şərə lənət!-dedi.-Bir-iki günə dönər,sağlıq olsa…Vacib sözün vardı?
“Bu arvad mənlə heç danışmaq istəmir, sözü elə bil kəlbətinlə dartıb çıxardırsan.Noldu birdən-birə bu camaata? Anam öləndən beş-altı dəfə qapımıza gəlməyi bir yana dursun, doqqazının ağzında da üzümə baxmır,cavan qız kimi ağzını yaşmaqlayır?!”
Sözlü adama oxşuyurdu Bikə xala. Bunu anlamağa dərin ağıl gərək deyildi.Bəs niyə, bir günah sahibi kimi çəkinir məndən?!
–Nəsə olub? -Biixtiyar soruşdum.
Arvad bu sualdan qaçmaq istədisə də bacarmadı:
-Yooxx,-dedi.Elə bil ağzından qaçıracağı,məndən ciddi-cəhdlə gizlətdiyi hansısa sözü dilinin altına qatladı.Sonra da nəhayət, ilk dəfə düz gözümə baxdı.-Nə olacaq ki?…
Mənə elə gəldi ki, o “ daha nə olacaq ki?!” demək istəyirdi. O anda nə biləydim ki, doğrudan da beləymiş, zənnim məni aldatmayıbmış.
Xüdahafizləşib evə döndüm. Pal-paltarımı idman çantasına yığıb dilxor halda avtovağzala tələsdim. Arxamca su atan, uğur diləyən kimsə yoxuydu.İlk dəfə həqiqətən anamın yoxluğunu hiss etdim.
Gör neçə illər keçib, amma indi də bir şeyə mat qalmışam: Allah anamın arzusunu ürəyində qoymağa tələsirmiş.Mən toyu yubatdıqca o da səbirsizləşirdi elə bil.Bəlkə də arvada yazığı gəldiyindən, sinəsinə vurulacaq dağın acısını çəkməsin, o müsibəti görməsin deyə tələsirdi Tanrı?! Elə ona görə də arzusunu ürəyində, gözlərini yolda qoymuşdu.
Allah arvada bircə il də möhlət versəydi bütün kənd onun ölümündə günahı Aliyənin üstünə atacaqdı…
***
…Hə, anacan, vaxtdı, mən gedirəm.Çox da narahat olma, ana, bu da mənim alın yazımdı – pozulmayan ilahi bir yazı.Bilirəm, sənin ruhun indi buralarda dolanır, mənim yanımdadı.Mümkünsə bağışla məni.Bağışla…
Nənəmlə anamın soyuq başdaşılarına sarılıb doyunca öpdüm.
Hava qaralırdı.Yola çıxıb maşınlara əl elədim. “QAZ-24”ün yaşlı sürücüsünə qulaq yoldaşı olub Bakıya sarı yola düşdüm…
***
…Qapını Əsmər xala açdı.Əvvəlcə karıxdı, tanıya bilmədi.Hardan tanısın.Məni bu gündə doğma anam da tanimazdı yəqin.Gülümsəyib: “Rüfətəm”, dedim. Gözləri dolanda özümü saxlaya bilməyib onu qucaqladım ki, mənim də kövrəldiyimi görməsin.
–Keç içəri,-dedi,-başuva dönüm! Qayutdun demək…Sağ-salamatsan.Şükürlər olsun qurban olduğuma! Məryəm deyəndə inanmırdım…
–Hər şey elə gözlənilməz oldu ki. Getməmişdən qabaq sizi görəcəkdim. Alınmadı. Əjdərin salamını çatdıra bilmədim onda.
– Ay sənə qurban olum, Rüfət! Elədiyündən haliyəm.Allah köməyün olsun! Uşaq tez-tez zəng eləyir.Yaxşıdı Allaha şükür! Elə səni soruşur, səndən danışır. Danış görüm necəsən?
–Çox sağ olun, Əsmər xala! Siz sağ olun.
Əsmər xala qocalmışdı.Sifətindəki qırışlar çoxalmış, saçları ağappaq idi.İri gözlü eynək də taxmışdı. Təkcə, söhbət eləyə-eləyə süfrəyə çay, mürəbbə düzməyindən bilinirdi ki, əvvəlki diribaşlığı hələ canındadı. Buna çox sevindim.
İsti ev çayı özü də mürəbbə ilə! Sanki yüz il idi mürəbbəli çay içməmişdim.Əsmər xala iştahla necə çay içdiyimə baxıb uşaq kimi sevinirdi.
–Bəs uşaqları neyləmisən?-Zarafatla soruşdum.
–Qızları verdim getdi də…-Gulumsədi. Bir az ara verib dərindən ah çəkdi. Kövrəldi.– Sahil də ki…
–Nolub ki, Sahilə?
–Eşitməmiş olmazsan…İnvalid oldu yazıq balam…
Başımıla “hə” dedim.Eynəyini çıxarıb gözlərini ovcunda saxladığı dəsmalla sildi.
–Bəs indi hardadır?
–Dörd divar arasında qala bilmir, darıxır balam.Kastilnən də məhlə-küçəyə utanır çıxmaya. Sən də məni bağışla, bacısının yoldaşı arada maşınla gəlib aparır Mərdəkana.İndi ordadu…
–Allah rəhm eləsin! Mənim salamımı yetirərsən.Vaxt tapsam, gələcəm.
–Sağ ol, dərdün alım!
Bir stəkan da çay içib durdum.Əsmər xalanı bərk-bərk qucaqlayıb öpdüm.
Qapıdan çıxanda arxamca bir çarp su atdı.Lap anam kimi…
Döyüşə gedəndə pullarımı Məryəmə vermişdim.Üstümdə olsaydı birbaşa vağzala gedər, lap birinci qatara bilet alıb buradan uzaqlaşardım, elə gəldiyim kimi, heç kimdən xəbərsiz-ətərsiz.
Gəlməyimi bilmədiyindən evinə getmədim.Bir az şəhərdə veyilləndim, bərbərxanaya girb üzümü təraş etdirdim, ayaqüstü qəlyanaltı edib, sonra da avtobusla Məryəmin işlədiyi mağazaya yaxın dayanacaqda düşdüm. Hərbi paltarda olduğuma baxmayaraq sürücü məndən yol pulu istədi. Əsəblərimi cilovlaya bilməyib bir-iki kəlmə yağlı söz deyəcəyimi hiss edən sürücü , udquna-udquna nəsə deyib qapını göstərdi.Bu camaatın biganəliyi məni öldürürdü.Heç cürə başa düşə bilmirdim ki, səni, sənin arvadını, qızını, ev-eşiyini, hər saniyə ölümlə üz-üzə gələrək sənə çörək verən torpağını qoruyan əsgərin formasına bəzi adamlar niyə hörmətsizlik edirlər?! Guya beş-on qəpik-quruşu almasan planın dolmayacaq?Üstümdə pul olmadığından (məgər görmürdülər ki, pul qazanmaqdan yox, davadan gəlirəm?) nə məni rayondan Bakıya gətirən kişi, nə saçımı, üzümü qırxan bərbər məndən pul istəmədi.Daha doğrusu, heç pulun adını da çəkmədi. Amma, qəlyanaltı etdiyim kafenin bufetçisi bir porsiya sosiska, yarım təndir çörəyi və çayı elə minnətlə mənə verdi ki, vallah hər tikə deşə-deşə keçdi boğazımdan.Düzdür, sonradan üzrxahlıq edib dedi ki, bağışla sən yaradan, neylim axı,mənim də iki oğlum döyüşür, indi durum car çəkim, koxaya xəbər edim ki,mən də varam? Hərə bir köhnə formanı keçirdib əyninə,gəlir kafeyə, yeyib-içir, pul verməməkləri cəhənnəm, hələ bir təhqir də eləyir, nə var-nə var cəbhədə olub, bəlkə də heç oralardan xəbəri yoxdu e?! Gəl indi ayırd elə görüm hansı döyüşçüdü, hansı aferist! Bezdiriblər…
Bilmədim o kişi düz danışırdı, yoxsa yox,( Allahtərəfi, əsl döyuşçü ilə yalandan forma geyib fırıldaqçılıq edəni ayırd etmək o qədər də çətin bir iş deyildi məncə) amma hərc-mərclik olan, yenicə qurulmiş bir dövlətdə belə hallar tez-tez baş verirdi, hətta silahla mağazalara, bazarlara basqın edənlər də olurdu.Yaxşı başa düşürdüm ki, müharibə də getsə,xidmətə görə, insafən, haqq ödəməlisən. Kafedən çıxanda ağlıma gələn bu oldu ki, Məryəmgilə çatan kimi pul götürüb onun borcunu mütləq qaytaracam. Amma yaranmış boşluqlardan yaxşıca yararlananlar da az deyil; ədalətsizlik tüğyan edir, insaf yox olur, vicdan tapdanırsa, torpağını qorumaq əvəzinə cibini düşünüb müqəddəs olan hər şeyə tüpürülürsə, əgər kafe və restoranlar, şadlıq evləri, mağazalar, market və super marketlər şıdrığı alver edib canını şəhid etmiş döyüşçünün yarı-ac, yarı-tox övladına acı-qıcı verirsə, o da atasının mənasız ölümünə görə yanırsa –bu həmən millət üçün böyük fəlakətin başlanğıcıdır!…
Bəlkə bir az əsəbi, bir az narazı olduğumdan bu fikirlər məni çox narahat edirdi, bilmirəm.Beynimi yora-yora addımlayırdım ki, bir də gördüm mağazanın qarşısındayam.
Məryəm məni görəndə gözlərinə inanmadı.
–Allah,sənə çox şükür!-deyə üstümə atıldı.Mağazada olan üç-dörd alıcı,bir də o sarışın qız Məryəmin səsinə çevrilib baxanda özümü itirdim. Yavaşca dedim:
–Ay qız, ayıbdı, baxırlar…
–Olsun,-dedi, -heç vecimə deyil! Qayıtdın…
–Hə…
Məni təzə paltar geyinmiş uşaq kimi o yan-bu yana fırladı, başdan ayağa süzdü.Heyrətini gizlətmədən gah mənə, gah da rəfiqəsinə baxıb dedi:
–Forma səni tutur, vallah!
–Hə.– Təsdiqləyib təəssüflə əlavə etdim.– Kaş ki vaxtında bu paltarı hamı geysəydi…
Nə demək istədiyimi başa düşmədi, bəlkə də özünü eşitməməzliyə vurdu. Onsuz da bir şey almayan alıcıları tələm-tələsik yola salıb dedi ki, bağlayırıq.
–Mən qayıdıram,-dedim.
Təəccübləndi.Guya, hara gedəcəyimi bilmirmiş kimi soruşdu:
–Hara?…Həə…
– Əvvəlcə sizə…Bircə bu formanı əynimdən çıxarım?! Sonra da Moskvaya getməliyəm, əgər bilet tapsam, lap günü bu gün…
“Sizə” deməyim ürəyincə olmadısa da, incikliyini biruzə vermədi.
–Bilet?…Problem deyil bilet, -deyib rəfiqəsinə baxdı.-Hə, Gülnar?…
Sarışın saçlı Gülnar xanım da başını tərpədib gülümsündü.Adını ilk dəfə eşitdiyimdən bir də salam verdim.
–Qatara yox, təyyarəyə təşkil edərəm.-Gülnar xanım dilləndi.– Düzdür, reysləri azaldıblar indi.Özün yaxşı bilirsən vəziyyəti…Amma düzələr.Sənədlərini ver, bir saata bilet əlindədir.
–Lap əla olar ki?!-dedim.
Məryəm gözlərini məndən çəkmirdi.Elə bil ürəyimin içindəkiləri oxumaq istəyirdi.Yəqin ki, döyüşdən qayıdandan sonra əhvalımın dəyişməyinə nəyin səbəb olduğunu arayıb-axtarır, amma soruşmağa cəsarət etmirdi.Aramızdakı gözə görünməyən qalın divar hələ də dağılmamışdı.Bu divarın nə qədər qalın, möhkəm olduğunu hansımızınsa bir toxunuşundan bilmək olardı.Tək bir toxunuş ki, təməli nə qədər dözümlü olsa belə , uçub dağılacaq,yerlə yeksan olacaqdı.Və buna heç birimizin cəsarəti çatmırdı.Heç birimiz keçmişə qayıtmaq istəmirdik.
–Niyə belə tələsik?…
–Getmək lazımdır, Məryəm.
Gülnar xanım telefonla harasa zəng etdi. Bir neçə saniyədən sonra onun şirin səsi mağazaya yayıldı:
–Salam Nina can… Hə…Yaxşıyam, gülüm…Bir işim düşüb sənə. Hə, başqa nə istəyəcəm ki səndən? Moskvaya. Mümkünsə bu günə. Yox? Bəs? –Telefonun dəstəyini ovucuyla tutub mənə tərəf döndü, pıçıltıyla soruşdu.-Sabaha bir yer var, olar? Bu gün uçmurlar…-Mən “ hə” deyən kimi təzədən dəstəyi dodağına yaxınlaşdırdı: -Nina can, olar. Bron elə. Cox sağ ol, canım!. Ceyhun gəlib götürəcək.
Dəstəyi asdı. Sanki,bu günə biletin olmamasından o daha çox sevindi və gözlənilməz bir təklif etdi:
– Məryəm, bu dəqiqə mağazanı bağlayırıq, özümüz də gedirik Mərdəkana!…
Məryəm bu təklifdən çaş-baş qaldığından maraqla soruşdu:
–Mərdəkanda nə işimiz var, ay qız?
–Ay dəli, orda bir yer tanıyıram ki! Uff… Bomba! Bu günün dadını çıxardarıq…
Bu qadın məni getdikcə heyrətə gətirirdi. Açığı, onu ilk dəfə görəndə acıdil, həm də adama yovuşmaz olduğunu zənn etmişdim.Bir az çəkinmişdim də. Nə olmuşdu birdən-birə?
Xeyli keçəndən sonra başa düşdüm ki, rəfiqəsinin gizli sevgisindən agah imiş.Elə ona görə də mənim tələsik getməyimə, azca da olsa mane olduğuna sevinirdi.Heç olmasa bircə gecəni – vida gecəsini bizə bəxş etməyinə görə.
–Tez olun, yığışın,-deyib yenə harasa zəng etdi.Əvvəlcə zənginə cavab verən olmadı. Əsəbi-əsəbi bir də zəng etdi.Telefonun o başında səsi eşidəndə rəngi açıldı.
–Alo,-dedi,-Ceyhun, salam… Bekarsan? Bizi Mərdəkana apara bilərsənmi? Hə, hə, işdəyəm, gəl…
Qəfil çıxan qonaqlıq söhbəti məni elə çaşdırdı ki, az qala yuyunub üst-başımı dəyişdirməyi unutmuşdum. Mənim sağ-salamat qayıtmağımı qeyd eləmək istəyən xanımların sözünü yerə sala bilməsəm də hərbi formada ziyafətə getmək istəmirdim.
Dedim:
–İki gözəl xanımın əhatəsində, özü də bu kökdə? Heç olmasa, yüngülcə …
Məryəm nə demək istədiyimi bilib sözümü kəsdi.
–Sən,-dedi,-belə də gözəl və cazibəlisən!
Gülümsəyib nəvazişlə qoluma girdi.Daha rəfiqəsinin yanında özünü sıxmırdı, daha cəsarətli olmuşdu. İndi o, Məryəmdən çox Marqoya bənzəyirdi,əvvəlki Marqoya.
Gülnar da pafosla əlavə etdi:
–Məgər günahdı? Qoy bizim də yanımızda əsl kişi olduğunu görsünlər! Supersən, vallah!
İki qadınla söz güləşdirmək mənimçin çətin oldu və tez də təslim oldum.
Ceyhun Cülnarın əmisi oğluymuş.Xanımlar geyimimi müzakirə edib məni təzəcə razı salmışdılar ki, o da gəlib çıxdı.Gülərüz, söhbətcil oğlana oxşayırdı. Maşını saxlayan kimi bizə əl eləyib salamlaşdı.Cülnar mağazanı bağlayan kimi düz mağazanın qarşısında saxladığı “NİVA”ya doluşub yola düşdük.
Zənnimdə yanılmamışdım.Ceyhun maşın sürə-sürə, gah xanımlara kompliment deyir, gah siyasətdən danışır, gah da cəbhədəki vəziyyətlə maraqlanırdı. Ara-sıra ona cavab versəm də demək olardı ki, suallarına özü də cavab verirdi.Hiss olunurdu ki, ya olanlardan halıydı, ya da yaşının az olmasına baxmayaraq müharibədə iştirak edib.Yolumuz onsuz da uzun olduğundan, aeroportdan o yana bərbad yollara belə fikir vermədən, maraqlı söhbətlərlə yorucu yolçuluğu başa vurmağa az qalmışdıq.Bu qədər məlumatlı olmasının səbəbini soruşanda onun yerinə Gülnar cavab verdi:
–Daşaltıda olub Ceyhun…
Onun bu barədə danışmadığından başa düşdüm ki, hansısa acı xatirələr ürəyini sıxır.Bayaqdan dilotu yemiş Ceyhun susurdu.
Gülnar söhbətinə davam etdi:
–Ölüm xəbəri gələndə əmim infarkdan keçinmişdi.Təsəvvür edirsən, biz Gəncədə, Bakıda bütün balnısaları, “morq”ları gəzib Ceyhunun meyidini axtarırdıq. Hələ ümidimiz üzülməmişdi, çünki hərbi qospitalın gözətçisinin dediyindən bir “ KamAz” meyid gətiriblərmiş, “morq”da yer olmadığından xəstəxanalara paylayıblar.Dəhşət idi, döyüşdə həlak olanları yük maşınına qalaqlayıblarmış! Əmimin də, onun da “üçü”nu verəndən sonra Ceyhunu şəhər xəstəxanasının dəhlizində tapdıq, yaralı…Ölənlər siyahısında olduğundan həkimlər də fikir verməyib. Dəhlizi yuyub-yığışdıran xadimə meyitlərin içində onun zarımağını eşidib, növbətçi həkimə xəbər verəndən sonra ağrıkəsici iynələri döşəyiblər canına ki, cərrah gələnə kimi dözsün, ölməsin …
Mən dedim:
–Deməli, sən ikinci həyatını yaşayırsan?!
–Hə,-dedi Ceyhun.-İkinci dəfə öləndə, üçümü vermək lazım olmayacaq!
Hamımız gülüşdük.
Maşının salonundakı güzgüyə gözüm sataşdı; Məryəm həsrətli baxışları üzümdə gəzirdi.
Gulnarın “bomba” dediyi yeri Ceyhun yaxşı tanıyırmış.Dənizin sahilində, ləpədöyəndə,qayalıqlar arasındakı xudmani bir kafenin qarşısında maşını saxladı və düşdük. Külək əsməsə də dənizdən gələn sərin havanı doyunca ciyərimə çəkdim. Hardan biləydim ki, bu Xəzərlə mənim son görüşümdü.
Kafe qənbər daşından tikilmişdi.İlk baxışdan lap qədim qalanı xatırladırdı. Daş döşəmələrin ətrafında qızılgül kolları, zanbaqlar, al-əlvan güllər əkilmişdi. Biz maşından düşən kimi, Gülnar xanımla Ceyhunu tanıyan kafenin sahibi bizə yaxınlaşıb görüşdü, bəlkə hərbiçi olduğumu görüb bir balaca özünü “yığışdırdı”,məcburən gülümsəyib içəri dəvət etdi. Əlini havada yelləyib barın qarşısında dayanmış ofisiantı çağırdı.
Çox səliqəli və zövqlə tərtib edilmiş interyer adamın ürəyini açır.Divar boyu Səttar Bəhlulzadənin çəkdiyi gözəl mənzərələrindən reproduksiyalar asılmışdı.Qiymətli ağaclardan düzəldilmiş masalar, oturacaqlar da zala isti bir rahatlıq gətirərək ümumi mənzərənin qədimiliyini tamamlayırdı. Həzin, tanış musiqi də zövq oxşayırdı.
Üç-dörd masa artıq tutulmuşdu. Ofisiant oğlan bizi balaca, şəbəkəli pəncərənin qarşısındakı masaya dəvət etdi. Biz əyləşən kimi Ceyhun ərklə ofisianta dedi:
–Rizvançik, özün bilirsən də. Həmişəki kimi, gətir, nəyin var…
Ofisiant əvvəlcə duruxdu, sonra da mənə işarə edib ehtiyatla soruşdu ki, içki də olacaq? Mən içmədiyimi bildirdim. Xanımlar təəccüblə bir-birinə baxıb nədənsə qımışdılar. Gülnar xanım sifarişin dalınca mətbəxə tərəf yollanan ofisiantın arxasınca boylanıb :
–Bax aa,-dedi, – əziz qonağımızı sabah Moskvaya yola salırıq. Elə elə ki, bizdən narazı getməsin.
Oğlan, “ baş üstə” deyərək gözdən itdi.Xanımlar yenə də qımışdılar.Beş-on dəqiqə keçməmiş cürəbəcürə soyuq qəlyanaltılar,təndir çörəyi, şirələr süfrəyə düzüldü.Çoxdan idi belə ləziz yeməklərin ətri burnuma dəymirdi.Oğlanın cəldliyinə mat qalmışdım; bir göz qırpımında masanın üstünə təamlarlı düzür, qəlyanaltılardan nimçələrə çəkir, badələrə şirə süzə-süzə altdan-altdan onu izlədiyimi görüb gözlərini oynadırdı ki, yəni, necədi? Başımla razılığımı bildirib nimçəmə çəkdiyi salatdan yeməyə başladım.Mən yedikcə elə hiss edirdim ki, hamının gözü məndədir.Gözaltı masanı nəzərdən keçirir, zənnimdə yanıldığıma əmin olandan sonra rahatlanırdım.
Ceyhun məclisin “gülü” idi. Söhbət edir, bizi darıxmağa qoymurdu.Əslində, gözəl qadınların əhatəsində, eləcə də gülərüz işçiləri olan bu rahat kafedə darıxıram demək insafsızlıq olardı.Yenə də, Ceyhunun duzlu-məzəli lətifələrinin öz yeri vardı. O elə zarafatlar edirdi ki, sanki, yüz ilin tanışlarıydıq.
Məryəm şirə süzülmüş badəni sağlıq deyirmiş kimi qaldırdı.Üzümə baxıb titrək səslə dedi:
–Rüfət, sənə yaxşı yol! Harda olursan ol, amma, çalış xoşbaxt olasan. Sən buna layiqsən!
Bu sevdiyi insanı həmişəlik itirdiyinə əmin olan bir qadının səmimi arzusuydu.Qəhər boğdusa da, ancaq ,şirəni içərkən dodaqlarının titrədiyini gördüm.Təkcə mənmi gördüm?
–Təşəkkür edirəm,-deyib Ceyhuna, Gülnara baxdım.-Sizə də minnətdaram. Məni tək qoymadınız. Heç vaxt bu günü unutmaram!
Çöhrəsindən gülüş əskik olmayan ofisiant oğlan isti qutab gətirib ortaya qoydu və soruşdu ki, kababları nə vaxt qoydurum manqala?
–Tələsmə,-dedi Gülnar xanım.– Bizi qovursan, Rizvançik? Hələ burdayıq.
Oğlan başını tərpəib qəfil gəldiyi kimi də gözdən itdi.
Ceyhun:
–Buranın qutabına söz ola bilməz!– deyib, hərənin nimçəsinə iki qutab çəkdi.
O düz deyirdi…
Pəh-pəhlə qutabın son tikəsini udmuşdum ki, kafenin sağ küncündəki masanın arxasında oturub yeyib-içənlərdən kimsə ucadan, haqq-hesab vemək üçün onlara qulluq edən qızı çağırdı.Ümumiyyətlə ora-bura baxmaq xasiyyətimə zidd olduğundan, bayaqdan heç fikir vermədiyim hay-küylü masa arxasından gələn səs qulağımda cingildədi. Qeyr ixtiyari səsə döndüm. Arxası bizə tərəf olduğundan üzünü görməsəm də bu səs mənə o qədər tanış gəldi ki. Kimin səsi idi? Qulaqlarıma mismarlanmış o səsi bir də, bir də eşitdim.Səbrim tükənir, səsin sahibini görmək istəyi məni hövsələdən çıxarırdı.Görəsən o idimi?
Nəhayət, bəstəboy ofisiant qızla hesablaşıb durdular. Bir orta yaşlı kişi, iki qadın və məndən bir az yaşlı olan, xeyli kök, bir az da qarın sallamış üzünü görmək istədiyim səs sahibi masadan aralandılar. Çıxışa yaxınlaşanda onun qızarmış, ətli sifətini görən kimi tanıdım.
Ceyhun yenə də lətifə danışır, xanımlar da diqqətlə qulaq asırdılar.Mən isə heç nə eşitmir, heç nə anlamırdım. Xəyalım başqa yerdə gəzirdi, çox-çox uzaqlarda…
…qaynar çay qasığına dağılanda gözünü qızdan çəkib qışqırdı.
…Biz üç dost idik: mən, Sərdar və Araz.
Nədənsə, sinif yoldaşlarımla, başqa həmyaşıdlarımla bir yerdə olanda darıxırdım. Yaşıma görə onlardan çox fərqlənirdim; boyum hamını ötüb keçmiş, yeddinci sinifdən tük basmış üzümü Şaiq müəllimin təkidiylə, yekə kişilər kimi qırxmağa başlamışdım. Buna görə utanırdım da.Yaşıdlarımın yanında yaşlı kimi göründüyümdən böyüklərin yanında özümü daha rahat hiss edirdim . Sərdar bir yaş, Araz isə üç il böyük olsalar da , mənim həmişə yanlarında olmağımı istəyirdilər. Güvənirdilər mənə.
Araz kolxoz sədri Qəşəm kişinin, Sərdar isə “uçotçik” Mirbalanın oğluydu.Gözləri badam ləpəsinə bənzədiyindən hamı “özbək” deyə çağırırdı Sərdarı. İmkanları bizimkindən qat-qat çox olduğundan nə üst-başlarına, nə də qarınlarına korluq vermirdilər.Ona görə də, nənəm demişkən, ikisi də “löpüş-toppuş” idi, yəni, bərkdə vuran əlləri yox idi. Atalarına görə onlara “gözün üstə qaşın var” deməyə kim cürət edərdi?! Buna baxmayaraq , boylu-buxunlu, möhkəm bədənli, qol gücünə beşinə cavab verən dostun olmasının ziyandan çox xeyri olacağını fikirləşib məni yanlarından uzağa buraxmırdılar.Sərdarın əmisi oğlu Rasim yay tətillərində kəndə gələndə, hamımızdan böyük olsa da bizimlə fırlanardı.Rasimin atası, yəni Sərdarın kiçik əmisi Gülbala müəllim rayon maliyyə şöbəsinin müdiriydi. Elə ona görə də, kolxoz sədrimiz Qəşəm kişinin nəvazişlə çağırdığı “Rasim bala” əmisigilin ikimərtəbəli topdağıtmaz evində yox, Arazgildə qalardı.Axı Qəşəm kişi dura-dura rayon maliyə şöbəsi müdirinin oğlu əmisi də olsa, “uçotçikin” evində niyə qonaq olmalıydı ? El-oba qınamazdı sədri? İnsafən, heç “uçotçik” Mirbala da bundan inciməzdi; kişilərin bir-birindən işi keçir axı.
Rasim kəndə ongünlüyə də gələndə özüylə o qədər pal-paltar gətirərdi ki, sanki, bir illik səyahətə çıxıb.Kənd uşaqlarının cəmi bir-iki dəyişiyi olduğundan, bəzən bir gündə iki dəfə üst-başını dəyişən, “dədəm bunu Moskvadan alıb, bunu “Vneştorqdan” götürüb, nə bilim, bu İtalyanskidi, bu Amerikanskidi…” deyib, səhədən axşamacan günün altında pambıq tarlasında analarına kömək eləyən, üst-başı it kökündə olan həmyaşıdlarına yuxarıdan aşağı baxaraq lovğalanan Rasimə onlar həsədlə baxardılar. Çoxları paxıllıq da edərdi. Niyə də etməsinlər axı…
Əvvəllər mənimlə o qədər də araları olmazdı bu vələdüznaların: bir halda ki, mənəm-mənəm deyənlərin uşqlarından həm geyimə, həm imkana, həm də səviyyəyə (səviyyəyə ha) görə fərqlənirdim– burda nə vardı ki?! Kolxoz sədrinin, “uşotçikin”, özü də rayon maliyə şöbəsnin qardaşı oğluyla oturub-durmağın nə olduğun kim də bilməsə sən yaxşı bilməlisən. Nə isə, bu barədə danışmağa belə dəyməzdi, əgər… Qonşu kənddəki futbol yarışı olmasaydı. Bax, hər şey ondan sonra dəyişdi.
***
Bizimtərəflərin təkcə yazı gözəl olur. Çünki yayı cəhənnəm istisində bişirik, payızda başımıza gün döyə-döyə pambıq tarlasında qul kimi işləyir, qışı da ki, lilin-lıqqanın içində. Bax, alça gülləyən yazın gözəl bir günüydü.
Bizdən on üç kilometrlikdə yerləşən “Qızıl bayraq” kolxozunda futbol yarışı keçirirdik. Kəndimizin komandasında onilliyi qurtaran da var idi, aşağı sinif uşaqları da. Tərs kimi, həmən il uşaqların çoxu əsgərliyə getdiyindən oyunçumuz çatmırdı, top dalıyca on-on beş dəqiqədən artıq qaçan kimi tövşüyən, ətli bədənini tər basan Arazı müdafiədə oynadırdıq.Boyum hündür olduğundan qapıçı mən idim, Sərdar isə hücumda oynayırdı.
Rasim də bizimlə getmişdi, amma tamaşaçı kimi.Bəlkə də oynayardı,bilmirəm, amma forması yox idi, həm də təzə paltarını bulamaq istəmirdi.Xarici firmaların istehsalı olan idman formalarını yaşıdlarına acıq vermək üçün geyinib hər gün millətin arasına çıxan Rasim elə bil bilərəkdən bu gün kostyum geyinib çıxmışdı ortalığa.
Qonşu kəndin uşaqları əla oynayırdı.Bizimkilər bir-birini başa düşmür, top ötürməkdə gecikirdilər.Demək olar ki, bütün oyun bizim qapının ağzında keçirdi. Rəqib qapıya cəmi iki-üç dəfə hücuma keçdilər, vəssalam!
Bütün məsuliyyət mənim üstümdə idi. Uşaqlar məni çətin vəziyyətə salmışdı.Müdafiə zəif olduğundan, nə qədər çalışdımsa da dörd top buraxdım.
Oyun qurtardı. “Qızıl bayraq”ın uşaqları qələbənin dadını çıxardır, bizi əsəbiləşdirir, bilərəkdən qıcıqlandırırdılar:
– Oyunçulara bir bax!.
–Yarısı əggərri toğludu, yarısı da ki,quyruqlu şişək.Ha-ha-ha !…”
– Nənəm süzdən yaxşı oynuyur.
Torpaq güclü olar, deyiblər.Qorxmasaq da bizim cınqırımız çıxmırdı. Kəndimizin uşaqlarına bələd idim; futbolda zəif olsalar da, bir-ikisini çıxsaq, qol döyüşündə qabağımıza çıxan ya bir olardı, ya iki. Dava salmağın yeri deyildi deyə baş qoşmadıq . Xəcalət çəkə-çəkə stadionun kənarındakı bulaqda yuyunduq, paltarlarımızı dəyişib yola düşmək istəyirdik ki, kimsə arxadan eyhamla dedi:
–Kolxozun quzusun, qaymağın yeyib piylənmək deyil ee, futbol oynamaq!…
Heç özüm də bilmədim niyə hamı Araza baxdı– kinayəli söz yaman tutmuşdu onu. Hələ də özünə gəlməyən Araz bir dəstə uşağın bizə sarı yaxınlaşdığını gördükcə sarısını yddu.Onların arasında sözün sahibini axtarırmış kimi gözlərini oynatdı.Sərdar onu sakitləşdirdi: ”Baş qoşma” dedi, guya ki, Araz bu saat kimisə vurub yıxacaqdı.
Yaşda hamımızdan böyük olan Qasım irəli çıxıb təmkinlə dedi:
–Uşaqlar,qurtarın getsin, biri udar, biri uduzar… Oyundu da.Halal xoşunuz!…
Yox, canım, onlar açıq-aşkar “qan-qan” deyirdilər. Adı “Qızıl bayraq” olsa da qırmızı bayrağa həsrət, pambıq planını həmişə kəsirlə yerinə yetirən bu kolxozun bizə qısqanclığı açıq-aşkar hiss olunurdu. Biz tanımasaq da, yəqin, onların arasında kolxoz sədrinin, ya da partkomun uşağı, yaxın qohumu var idi və qonaq olmağımıza baxmayaraq, söz yox, onlar bizim gözümüzün odunu almaq istəyirdi.Udmaqları bir yana qalsın, istəyirdilər dava salıb bizi döysünlər. Yox, buna imkan vermək oğraşlıq olardı. ”Ay siz öləsiz!“
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.