Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 14

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 14 (всего у книги 17 страниц)

Шрифт:
- 100% +

Səhərə bir ömür yol qalırdı.

Səhər tezdən bankın qarşısında görüşdük.Məni görəndə özünü itirdi.

–Salam.

–Sabahın xeyir.

–Yorğun görünürsən.

–Bütün gecəni yatmamışam.

–Axı nə olub?

–Bağışla məni. Biz dostuq, deyilmi?

–Hə.

–Onda qulaq as mənə.Bizim yaxınlığımız kimlərinsə xoşuna gəlmir.Məni təhdid edirlər, bankı əlimdən alacaqlarıyla hədələyirlər.Başa düş, mən başqa cür edə bilmərəm. Mənə aid olan gördüyün hər şey mənimdi, həm də mənim deyil. Başa düşürsən?

–Yox,-dedim,-heç nə başa düşmürəm, düşmək də istəmirəm! Səni təhdid edənlər kimdi?Onları tanıyıram?Mən özüm onlarla bacararam.Adını de.

Raisa mənə elə baxdı ki, sanki “sən nə qədər sadəlövhsən” demək istəyirdi.Acı-acı gülümsədi, yorğun gözləri balacalaşdı, başını yüngülcə yelləyib dedi:

–Bunu bilməsən yaxşıdır.Hər şey bitdi, hər şey…

–İstəyirsən Andreyə deyim.Deyim?

İndi o təəssüflə məni süzürdü.Başa düşdüm ki,gizlətdiyi sirrini açmağa cəsarəti çatmırdısa da Andreyin adını eşidər-eşitməz qəribə bir görkəm aldı, özü də bilmədən istehzasını biruzə verdi.

–Biz hamımız onun sevimli nökərləri deyilikmi? Eh, Rüfət, sən doğrudan da heç nə anlamırsan.Özün burdasan,amma uçan xalçayla keçmişdən gələn qonaq kimisən. Hamıya inanırsan, hamıya. Bu səmimiyyətdən, əsl dostluğa sədaqətdən doğan bir hiss deyilmi?

“Onun sevimli nökərləri”dedi.Yəni Andrey bizim yaxın münasibətimizə görə nədənsə şübhələnə bilər? Bəlkə də şübhələnər: etibar etdiyi pulları mən toplayır, Raisanın bankındakı hesaba yatırırdım.İnsanlar çiy süd əmib axı, fikirləşə bilər ki, Raisa ilə əlbir olub onun sayı-hesabı bilinməyən sərvətinə ortaq olaram.Əlbəttdə, istəsəydim, Araz deyən kimi zəmanə adamı olsaydım, bu su içmək kimi bir şeydi. Bunu edərdimmi? Əsla yox! Mən onlar kimi zəmanə adamı ola bilməzdim! Gör neçə vaxtdı bir dəfə də olsun məndən hesabat istəmir, bank qəbzlərini də gözucu nəzərdən keçirirdi, guya bu qədər var-dövlətə biganədir. Ay səni yaramaz! Bunu necə düşünə bilər axı?! Bir tərəfdən də fikirləşdim ki, bu Raisanın da quraması olar; aramızdan su keçməyən Andreylə münasibətləri pozmaq üçün. Niyə? Bu onun nəyinə gərəkdi? Bəlkə Sonya?

“Bəlkə… bəlkə… bəlkə…” Dörd yol ayrıcında nabələd yolçuya bənzəyirdim. Şübhələr, məntiqsiz açıqlamalar, “bəlkə”lər hara üz tutacağıma mane olurdu.Yenəmi qapılar üzümə qapandı?

Təkid etməyimə baxmayaraq Raisa məyus halda olanlara açıqlama vermədən məndən uzaqlaşıb banka daxil oldu.İlk dəfə ona yazığım gəldi.Elə özümə də.

İçimi suallar didə-didə Andreylə görüşə tələsdim.

…Nədən, hardan söhbətə başlayacağımı götür-qoy edirdim ki, mənim narahatçılığımı hiss etsə də özünü o yerə qoymadı.Əgər Raisanı təhdid edən, mənimlə görüşməyə qadağa qoyan, onu qorxudan Andrey idisə bəs niyə bunu hiss etmədim?Mənimlə həmişəki kimi hal-əhval tutdu, zarafat etdi, təzə lətifə də danışdı, hətta Raisanı da soruşdu.Amma çox yorğun, bikef olduğunu gizlədə bilmirdi.

–Nəsə olub?– Soruşdum.

–Sonya…– Başını iki ovucunun içində sıxıb yırğaladı.-Sonya, yenə başlayıb…

–İçir?

–Hə, içir, hər şeyi qırıb dağıdır,dəlilik edir…Heç bilmirəm nə edim.Dostum, komək elə, bəlkə sənə qulaq asdı,xahiş edirəm…

–İndi hardadı ki? Evdə yoxdu?

–Bağ evinə apardım.Bəlkə sakitləşdi.

Çoxdan idi Andreygilə gəlmədiyimdən nələr baş verdiyindən xəbərsiz olsam da onun təlaşını,narahatçılığını görüb mən də üzülməyə başladım.Sonyanın tez-tez dəyişən xasiyyətindən xəbərdar idim, amma bu qədər içməklə, dava-dalaş salmaqla nəyə nail olmaq istədiyini anlaya bilmirdim.Belə gözəl, imkanlı əri olan qadının dərdi nə ola bilərdi? Axı, həqiqətən,Andrey onun nazıyla həddən artıq oynayırdı,onun bütün şıltaqlığına dözürdü– başqa nə istəyirdi ki bu qadın?! Bizimkilər olsaydı, bir az səbr edər,edər, kasa dolandan sonra, vallahi-billahi,başına elə oyun açardı ki, dədəsinin toyunda çalınan zurnanın səsi bir ay qulağından getməzdi. Qudurğanlıq, harınlıq, şıltaqlıqmı deyim buna? Bəlkə də Sonyanı hövsələdən çıxaran, ona əzab verən başqa şey idi və bunu Andrey də bilirdi, amma özünü bilməməzliyə vururdu?

–Yaxşı eləmisən,-dedim.-Qərarın nədir?

Bilirdim ki, Sonya ilə bağlı nəsə fikirləşib və mənə vacib tapşırıq verəcək.Ərklə əlini çiynimə qoydu, o biri əliylə çənəsini ovuşduraraq dedi:

–Bilirsən, Rüfət, çoxdan sənə demək istəyirdim,amma bilmirəm, razılaşarsan ya yox.

–Eşidirəm…

– Sonya sənin xətrini çox istəyir.İstəyirəm onun yanında olasan. Görürsən də, nə vaxtsa bircə dirəyini, bir kərpicini də qoparmaq mümkün olmayan böyük bir imperiyanın içində öz balaca imperiyamı yaratmışam. Buna görə Sonyaya evlənməyimə borclu olsam da indi qazandıqlarımı onun şıltaqlığına qurban verə bilmərəm. Vermərəm! İşlərini Leonid Tarasoviçə təhvil ver, günü sabahdan köç bağ evinə.Mən də arxayın olaram. Nə deyirsən?

Mən nə deyə bilərdim axı? Ağa deyir sür dərəyə. Hə,məni bircə şey narahat edirdi: Andrey keçmiş silahdaşlarına inamını itirib,yoxsa, mənə daha çox etibar edirdi?Özü demişkən, “ən qiymətlisi” olan Sonyaya cangüdənlik edənləri nədən kənarlaşdırsın ki?Bəlkə nəsə xoşagəlməz olay var, öyrənmək lazımdır.Bir də, dəqiqləşdirmək yerinə düşərdi; məni cangüdən kimi Sonya istəyib, yoxsa bu Andreyin təklifiydi?Əlbəttə, bunu Andreydən soruşmayacam.Sonra…

Bir yandan Raisa ilə əlaqəli söz-söhbətlərdə onun əli olmadığına əmin oldum.Bax, buna görə sevindim. Həm də sevindim ki, Sonya Raisayla rəfiqədirlər,deməli ara-sıra onunla görüşməyimə imkan yaradacaq.

Günü-gündən məni aldadan uşaq sadəlövhlüyüm daha hansı sürprizlərlə üzləşdirəcəkdi?!

Andreylə razılaşandan sonra şəhər kənarına çəkilib balaca bir kafedə qəlyanaltı etdik.Səhərisi günü işlərimi Leonidə təhvil verib “Kutuzov”dakı evimdən lazımı əşyalarımı yığışdırıb Andreyin “Ceep”də bağ evinə getdik.

Xəstəxanadan çıxandan sonra ilk dəfə ayaq basdığım, o romantik axşamı hələ də unutmadığım bağ evi! O vaxtdan buralara gəlməmişdim deyə həmən xatirələri, gözəl anları yaddaşımda qoruyub saxlamışdım; o payız axşamı,qaraçıların şaqraq musiqisi,rəqslər,Andreyin etirafları,bir də ki, Raisa.

Sonya bizi çox soyuq qarşıladı.Xidmətçı qız sərin şərbətə qonaq etməsəydi əhvalım lap korlanacaqdı.Andrey onun qoluna girib, deyəsən yataq otağına aparanda hiss etdim ki, Sonya onun qolunu itələdi.Sonra xeyli vaxt otaqdan çıxmadılar.Arada Sonyanın əsəbi qışqırığını, Andreyin kobud cavabını eşitdim deyə həyətə çıxdım.

Hiss etdim ki, xidmətçi qız sözlü adam kimi mənə yaxınlaşmağa imkan axtarır, nəsə demək istəyir. Elə bu vaxt Andreyin bağırtısını eşitdim.

–Ol-yaa!…

Qız arxaya çevrilib qorxa-qorxa evə cumdu.

–Lyudaa,-dedi.

Andrey lap hövsələdən çıxmışdı deyəsən.Bağırdı. –Bu Lyuda hardan çıxdı ? Blinn…

Qızın əli-ayağı əsirdi.

–Adım,– dedi, – Lyudadı,Lyudmila.

–Lənət şeytana, nə fərqi var?! Ona su ver, tez!-Əlini yataq otağının qapısına sarı uzatdı.Xidmətçi qız başını yellədib çaşqınlıqla ondan uzaqlaşdı, bir göz qırpımında qapını örtüb gözdən itdi.

Andreyin bu dərəcədə özündən çıxdığını birinci dəfəydi görürdüm. Görünür bu dəfə onu çox əsəbiləşdirmişdi.Üzümə baxmadan “sən qal” deyib evdən çıxdı, maşına oturub getdi.

Dilxor olmuşdum.Sonyanın bu vəziyyəti məni heç açmırdı. Bir tərəfdən də nə edəcəyimi, boynuma götürdüyüm çətin vəzifəyə nədən, hardan başlayacağımı ağlıma sığışdıra bilmirdim.Əgər bu qadın xəstədirsə,illahda psixi xəstədirsə (onun bayaqkı hərəkətlərindən, danışığından hiss olurdu) onda, vay mənim halıma!…

Özüm özümə ürək-dirək verdim.Andrey də heç nə deməmiş çıxdı aradan.”Sən qal”. İlahi, sən özün mənə səbir ver!

Axşama yaxın nigarançılığıma son qoyan Lyuda oldu.(Bu bəstəboylu qızcığaz bəlkə də dünyanın ən məsum, sadəlövh, ürkək məxluquydu!) Əlində iri ağ hamam dəsmalı tələm-tələsik yataq otağından çıxaraq pilləkənin altından şütüyüb vanna otağına girdi, suyun şırıltısını eşitdim, bir neçə dəqiqə keçməmiş yaş dəsmalla vestibülə çıxıb Sonyanın yanına qayıtmaq istərkən məni ilk dəfə görürmüş kimi gülümsədi, əliylə işarə elədi ki, “hər şey yaxşıdır”.

Çox şükür! İndi rahat ola bilərəm.Həyətə çıxdım.Qoca bağban deyəsən işlərini qurtarıb evə getməyə hazırlaşırdı.Ona yaxınlaşıb görüşdüm. Kişi, papiros tüstüsündən saralmış qalın bığlarını eşərək elə gülümsədi ki, sanki bu həyətdə onunla birinci dəfə beləcə hal-əhval tuturdular.Andreyin ailəsinə yaxın adam olduğumdanmı, yoxsa, bundan sonra bağ evində qalacağımdan qabaqcadan xəbərdar olduğundanmı əlindəki belə söykənərək ciddi görkəm alıb heyfisləndi:

–Yaxşı gəlindi,amma…

O qədər sakit söylədi ki bunu, özümü ona bir az da yaxınlaşdırdım.

–Nə amma?

Bağban dediyinə peşman olmuşdu deyəsən; o yan-bu yana baxdı ki, onun sözlərini məndən başqa eşidən olmadı ki?

–Heç…

Bağbanlıq etməsinə baxmayaraq intiliqent adam idi, içənə də heç oxşamırdı.(Adətən bu yaşda olan, tanıdığım rus kişilərinin əksəriyyətindən bu gün də olmasa dünəndən içdiyi arağın, ya da samaqonun qıcqırmış iyi gəlir).Onun üst-başından isə təzəcə biçilmiş yonca, bir də papiros qoxusu gəlirdi. Maraq məni öldürürdü.Bir az da kişiyə yaxınlaşıb pıçıltıyla soruşdum:

–Ağsaqqal kişisən,adam oxunu atıb,yayını gizlətməz, ammasını de.Hə…-Göz vurdum deyəsən.Kişi elə bil mənim də pıçıltıyla danışmağımdan hürkdü,öz dilindən bəlaya düşən adam kimi udqundu, peşimançılığını gizlədə bilməsə də səsini bir az da yavaşıdı, dedi:

–Mən Sonyanın da, Andreyin də atasını yaxşı tanıyırdım.Allah rəhmət eləsin! – Xaç çəkdi.– Amin! Bağ evləri yan-yana idi, bax,-deyib əlini günbatan tərəfə uzatdı,– hasarın o üzündəki imarət Sonyanın atasının idi, satıb getdilər…Andrey də pis uşaq deyildi…-Başımla təsdiq elədim ki “bilirəm”.– Hər il bütün yayı, Mövlud bayramını, yeni illəri burada keçirirdilər. Mənim evim kəndin kənarındadı,lap sonuncu ev.Keçi saxlayırdım. Düz altı il ikisinin südünü Andreylə Sonya içib– pulsuz-parasız.Gözəl vaxtlar idi, gözəl! Heç bilmirəm nə olub bunlara. Son vaxtlar…son vaxtlar Andryuşa yaman quduzlaşıb, Soniçkayla heyvan kimi rəftar edir, ev dustağı eləyib. Axı Sonyanın atası olmasaydı indi Andrey nə gündəydi, bir Allah bilir? Ehh. Bunu Allah götürməz axı?! Yazıq Soniçka.

Kişinin ürəyi açılmışdı.İki dost ailəni çoxdan tanıdığı, uşaqların xasiyyətinə körpəlikdən bələd olduğu aşkar idi.Bunları mənə danışmaqda məqsədini bilməsəm də, bəzi müəmmalı nüanslar aydınlaşsa da mənim üçün qaranlıq qalan məqam vardi; görəsən Sonya barədə ona nə deyiblər?Niyə tələm-tələsik cangüdənlərini dəyişib məni bura gətirib? Onu təhdid etməyəmi? “Mən də arxayın olaram”-demişdi axı.Nədən narahat idi, nədən?…

Onsuz da hədindən artıq danışdığını hiss edib mənim fikrə getdiyimdən istifadə edərək əlindəki beli saraya aparmaq bəhanəsiylə aralandı.Sarayın qapısına çatanda nə düşündüsə çevrilib günahkar görkəm alıb dedi:

–Amma xahiş edirəm, dediklərim aramızda qalsın, olar?

Kişinin yersiz narahatçılığına son qoyub başımı tərpətdim:”Olar”.O sağ əlini çiyninə qaldırıb işarəylə təşəkkür elədi.

–Sizi Sonya Markovna otağında gözləyir.

Bu Lyuda idi-gözəl, bəstəboy qızcığaz…

Qapını döyüb gözlədim.

–Gəl,-dedi.

İçəri girəndə onu elə halsız və pərişan gördüm ki,üzülsəm də nə baş verdiyini soruşmağa cəsarət etmədim.Heç gözləmirdim ki, o ən əziz adamı kimi içindəki acıları mənimlə bölüşə bilər.Sanki qarşımda ürəyini açmağa, dərdini danışmağa yaxın rəfiqəsini axtaran əlacsız qalmış bədbaxt, biçarə bir qadın dayanmışdı.

–Görürsən,-dedi,– dostun, əziz dostun məni nə hala salıb? Mən artıq dəli olacam. Yox, mən artıq dəli olmuşam! Dəli necə olurki?! Dəliyəm, dəli!..

“Əziz dostun”u elə vurğuladı ki, elə bil Andrey ondan çox mənə yaxınmış! Niyə görə qadınlar öz istədiklərinə nail ola bilməyəndə acıqlarını ən yaxın adamından çıxır, onu səbəbsiz incitməkdən zövq alır, özü də özünəməxsus istedadla! Bağbanın bayaq dediklərində nə qədər həqiqət vardısa da o qədər də məlumatsızlıq olduğu apaydın idi. Uşaqlıq və gənclik illərindən fərqli olaraq qoca bağbanın onların bu günkü həyatına yaxından müdaxilə edə bilməməsi, onların intim həyatında nələrin baş verdiyindən bixəbər olması,bəlkə də daima onları tanıdığı kimi görmək istəyi kişini real həyatdan uzaqlara, Andreylə Sonyanın qayğısız uşaqlıq illərinə aparırdı…

Sonyanın cilddən-cildə girib Andreyi hövsələıdən çıxardığı artıq mənə məlum idu.Dəfələrlə onların mənasız mübahisələrinin, çarpışmalarının üstünə gəlib çıxmışdım.Amma bunun əsl səbəbini heç cürə anlaya bilmirdim. Daha doğrusu,kübar ailələrinin içinə bələdçiliyim olmadığından bunu dərk etmirdim.Çox çətin olacaq mənimçin, çox! Hər sözündə istehza,davranışında təkəbbür!

“Səndə də az deyil ha!” demək istədim,amma,-Sakitləş bir az, -dedim.– Sənə istirahət lazımdır.

–İstirahət? Bu zindanda istirahət?! O tirandır, faşistdir! Görmürsən məni konslaqerdə saxlayır?!

–Hər şəraiti olan…-Dodağımın altında mızıldadım və yaxşı ki, məni eşitmədi.

–Nə?-deyə soruşdu.

–Heç, deyirəm, sakitləşin,artıq gecdir,mən gedim yerbəyer olum,səhər danışarıq.İndi Lyudanı çağıraram…

–Lazım deyil! Heç kimi görmək istəmirəm,get!…– Səsindəki tondan “cəhənnəm ol!” iyi gəlirdi.

Lyuda məxsusi mənim üçün ayrılmış otağı göstərib nə lazım olsa istəməmi xahiş etdi.Minnətdarlıq edib bir fincan şəkərsiz qəhvə istədim. Geniş hollun giriş qapısıyla üz-üzə səliqəli otaqda ikinəfərlik taxt,kitablar qalaqlanmış rəf, balaca stol və iki stul,arxa həyətə açılan iri pəncərənin yanında da duş kabinəsi vardı. Taxtın üstündə dəyişik ev paltarları, hamam xalatıni görüb sevindim.Bəstəboy qıza qəhvə gətirməyi tapşırmasaydım elə indicə duşa girərdim. Gözləməli olacam.

Bağ evinə gələndən hiss etmişdim ki, Lyuda mənə nə isə demək istəyir,amma buna münasib şərait yaranmırdı; əvvəlcə Andrey onu əsəbiləşdirdi, sonra da ki özündən çıxmış Sonyanın yanından əl çəkmədiyindən imkan olmadı danışmağa.Yəqin Sonya ilə əlaqəli nəsə demək istəyir.

Acı qəhvənin füsinkar ətri otağa dolanda Lyudanın gəldiyini hiss etdim.O gülümsünürdü.Qəribədi, görəsən bu qıvraq, məlahətli balaca qızcığaz heç yorulmur?

–Sizin qəhvə,-deyib,fincanı stolun üstünə qoydu.

Təşəkkür edib maraqla soruşdum:

–Gözəl qız, deyə bilərsənmi burada nə baş verir? Maadam ki, gəlmişəm, deməli hər şeyi öyrənməliyəm, deyilmi?

O nəhayət mənimlə təkbətək qaldığından məmnun görünsə də, deyəsən bu sualı gözləmirdi.Özünü itirənkimi oldu, yoxsa mənə elə gəldi deyə bilmərəm, amma adəti üzrə dodaqları qaçdı, almacıqları yetişmiş şaftalı rəngi aldı,qaşlarını və çiyinlərini oynadaraq cavab verdi:

–Mən heç nə deyə bilmərəm, çünki, heç nə bilmirəm.Doğrudan…

Bu cavabdan çox başdaneləməyə oxşadı. Bayaqdan məni niyə təqib edirsən, elə indi, qəhvəni qoyub otaqdan çıxmaq belə istəmirsən.

–Məndən qorxursan?-Soruşdum və incə barmaqlarını ovucuma aldım.

Lyuda duruxdu.

–Niyə qorxmalıyam ki?-dedi.– Düzdü, bir az çəkinirəm.Yaman qaraqabağ adamsız.

–Burax bu rəsmiyyəti, mənə “sən” de.Bir də ki,qorxma…düzdü, komendant kimi gəlsəm də mən adamyeyən deyiləm.-Güldüm.Zarafatım xoşuna gəldisə də əlini ovucumdan çəkib bir az aralandı.Qız əməlli-başlı pörtmüşdü.

–Əslində…-dedi,-əslində, sizə …sənə deyəcəyim var, amma Sonya Markovna barədə yox…

Maraq məni götürdü.Axı bu bəstəboy xidmətçi qız mənə nələr anlada bilərdi ki?Başımla işarə etdim ki, anlat.

–Bilirsən, mən bu kənddə yaşayıram,hər gün də eyni yolla gəlib-gedirəm. Düzdü, işlərim çox olanda, bəzən burada gecələsəm də,Sonya Markovna tez-tez məni evimizə buraxır…Gəlməsəydin heç deməzdim bunu.Eşidəndə ki, mühafizəçi sən olacaqsan, sevindim… Bilirsən, yazığım da gəlir ona, qınayıram da…

–Kimi?… Açıq danış görüm kimdən danışırsan?

–Adını bilmirəm.Əvvəllər görməmişəm buralarda. Sizinkilərərdən olsa da gözləri yaponlara daha çox oxşayır-gözləri qıyıq.Üzünü tük basıb, paltarı nimdaş, iy verir, lap bomj kimi, amma çox nəzakətlidir.Rusca yaxşı danışmır, elə bil göydən düşüb buralara…Kilsənin yanında köhnə saray var, orda gecələyir deyəsən.Anam bir neçə dəfə yemək aparıb ona…Yazıqdı…

“Sizinkilərdəndi”.Heç sevmədim bu cür ayrıseçkilikləri: sizinkilər, bizimkilər, ruslar, qeyri-ruslar…İnsanları mənsubiyyətinə, dininə, rənginə görə kateqoriyalara bölən, özlərindən başqa hamıya qarşı dözülməz, açıq-aşkar nifrət bəsləyən şovinistlərin əqidə prizması! Əlbət ki, Lyuda belə şeylərdən uzaq bir qızdı,amma indiki qarmaqarışıqlıqda onun da gündəlik eşitdikləri bundan ibarət deyildimi?

–Yəni, qafqazlıdır.

– Bilmirəm.Bəlkə də.

–Lyudiçka, bilirsən qafqazda nə qədər xalq yaşayır?Eee, hamısı da baxtı kimi qara…Nə isə, sabah baxarıq.Göstərərsən yerini?

–Əlbəttə,-dedi, sonra da təşvişlə soruşdu.-Onu öldürməzsənki?

–Nə?! Bu hardan gəldi ağlına? O ki səfildi, Lyuda.Allah artıq onu cəzalandırıb.

Lyuda karıxdı.

–Allah yaratdığına zülm etməz.-İnamla dedi.-İnsanlar zalımlaşıb, insanlar. Keçən il kənd qəbristanlığında iki qafqazlını nə günə salmışdılar…Heç yadımdan çıxmır.

Qızcığaz bulud kimi dolub durmuşdu. Bircə kəlməyə bənd idi ki yanaqları islansın. Onu sakitləşdirməyə çalışdım:

–Unut getsin. Ay axmaq,yaxşı görək.Hər şey yaxşıdı. Biz günahsız insanlara əl qaldırmırıq.

“Biz” dedim, yəni Andreyin adamları.Mən də eşitmişdim ki, biznes qurmaq üçün tanınmış avtoritetin adından istigadə edib imkanlı biznesmendən külli miqdarda borc götürüb,sonra da qaytara bilmədikləri üçün həmən borc alan “nerusski”ləri “Tapor”un başkəsənləri bura gətirib,əvvəl yarıcan edib, sonra da diri-diri basdırıblar.

Qız həmin dəhşətli hadisəni yadına salıb həyacanlanmışdı.Mənimtəki kəntöy adama əlindən sevimli oyuncağı alınmış uşaq kimi kövrəlmiş qızı ovutmaq o qədər də asan olmadı.Deməli, neçə illərdi evində xidmət etdiyi Andreyin nə işlərlə məşğul olduğundan xəbərdar idi ki, beləcə təşviş keçirirdi. Onu inandıra bildim, ya yox, amma , müəyyən dərəcədə sakitləşdirdiyimə əmin olduqdan sonra qapıyacan yola salıb duşa girdim.

Özüm də bilmədən onun xəyanətinə şərik oldum.

İlıq duşdan sonra xəyallarımın qoynuna girib uzansam da heç rahat yata bilmədim.İllər boyu məni insafsızcasına,addımbaaddım izləyən itkilərimin nə dədər çox və amansız olduğunu düşündükcə gözümdən yuxu qaçır, bədənim ağır daş altında qalıbmış kimi əzilirdi.

Deyəsən səhərə yaxın bir az mürgüləmişdim, yoxsa, pəncərədə oynayan günəşin şəfəqlərini birinci görən, ağacdan-ağaca qonub oxuyan quşların səsini ilk eşidən mən olmalıydım.Saat ona qalırdı.

Tez qalxıb duşa girdim.Yadıma yataqxana duşxanası düşdü nədənsə.Suyun altında qurduğum xəyallar çəkdi özünə; yanımda Marqo peyda oldu,məni oxşadı, bədənimə sarıldı, qulağıma nəsə pıçıldadı, öpdü , öpdü, sonra…sonra da sabun köpüklərinə qarışıb yox oldu. Vücudumu döyəcləyən qaynar su şırnağının parıltıyla ətrafa çilənən damlalarından burula-burula yuxarı qalxan buxar gözümə Raisanın şəffaf siluetini andırdı.Necə də bu buxarın ağuşunda boğulmaq istərdim. Bu qarabasmaya bənzər xəyalların içində təkcə Aliyə yox idi.Onu heç belə təsəvvür edə bilmirdim nədənsə. İtmişdi, ərimişdi, yox olmuşdu intim xəyallarımdan.

…Qapı döyüldü.”İmkan verməzlər ki, heç olmasa bircə an tərki-dünya olasan!”

–Gəldim,-deyib hamam xalatımı əynimə keçirdim, kəmərini bağlaya-bağlaya qapını açdım:

Lyuda idi.

–Bağışla,-dedi.– Gəldim deyəm ki səhər yeməyi hazırdı.

–İndi gəlirəm,-dedim.Paltarımı geyinib həyətə çıxdım.Sonya məni gözləyirdi.

–Sabahınız xeyir!

–Salam.Gəl otur.

–Nuş olsun!

–Sağ olun.

Sonya bu gün çox gözəl görünürdü; əynində naringi rəngli ipək don, belində açıq qırmızı yüngül kəmər, nazik boynunu qucaqlayan saçları, açıq sinəsi onu ecazkar etmişdi.Dünənki vəziyyətdən sonra onun belə bəzənib-düzənməsi xoşuma gəldi, ən azından ona görə ki, ilk iş günümdən onun əhval-ruhiyyəsinin yaxşı olması mənə də gümrahlıq gətirdi.”Belə gözəl qadını heç əsəbiləşdirmək olar? Vallah, gözəl qadınlar ancaq sevgi üçün yaranıblar! Andreyi başa düşə bilmirəm, niyə mələk kimi arvadından gen qaçır?Mən olsaydım…”

–Qəhvə içirsən, yoxsa çay?-Lyuba soruşdu.

–Çay,-dedim,-limonla.

Lyuda gülümsəyərək çini çaydandan çay süzə-süzə gah mənə, gah da Sonyaya baxırdı.Bu qızın müəmmalı baxışları bir yana dursun, gülüşü də səssiz və sehirliydi.Sonya, yəqin ki, tez-tez irişməyi,gülməyi yox, məhz, irişməyi onun üzünə vururdu deyə, hələ ki, bir xəbərdarlıq etmədiyini görüb özünü güclə yığışdırdı.

Səhər yeməyini bitirib otağıma getmək istəyirdim, Sonya məni saxladı.Süfrəni yığışdıran xidmətçi qızın uzaqlaşdığını görəndən sonra :

–Rüfət,-dedi,-səndən bir şey xahiş etsəm…-Özümdən ixtiyarsız onun nə demək istədiyini anladım.Mənə Andreyin cəsusu kimi baxdığından, yəni “heç kimə deməzsən ki?” deməsini gözləmədim, razılıq əlaməti olaraq başımı tərpətdim ki, siz bilən məsləhətdi.Bundan ürəklənib davam etdi.-Rəfiqəmgilə getmək istəyirəm.Apararsan?

Sanki Lyuda belə eşitməsin deyə ehtiyatla, o qədər pəsdən xahiş etdi ki, onun xahişdən çox yalvarışla dolu baxışlarında ilişib qalmış sualın cavabını çox da ləngitmədim, “hə” dedim.Deyəsən, Andreyə xəbər verəcəyimdən qorxduğu üçün cavabım onu tam qane etmədi, hələ də məsum-məsum mənə baxdığını görüb sakitcə əlavə etdim:

–Demərəm, arxayın ol.

Sonya mənə tam etibar etdiyindən uşaq kimi sevindi,hazırlaşmaq üçün evə qalxdı. Bu zaman Lyuda qayıtdı.Sonyanın ardınca baxa-baxa maraqla soruşdu:

–Xanım harasa gedir?

–Hə. Alış-veriş etmək istəyir…Qoy bir az ürəyi açılsın.

Əlbət ki, Lyuda mənə inanmadı,(heç inanmasın!) bic-bic gülümsəyib başını buladı, nəsə demək istədi, amma susdu.

Bir müddət mənə elə gəlirdi ki, Sonyanın Lyudaya qarşı yersiz hücumları qadın qısqanclığından başqa bir şey deyil.Amma heç cürə anlamırdım ki, Lyudanı Andreyə nə səbəbdən qısqana bilər.Demək olar Andrey bağ evində tək-tük hallarda olardı, onda da beş-on dəqiqə, uzağı yarım saat.Vəssalam!

Təəcübümə səbəb olsa da heç iyirmi dəqiqə keçmədi ki, füsunkar gözəlliyi ilə adamı valeh edən Sonyanın maşının yanında peyda olduğunu hiss etdim.İlahi, inana bilmirdim ki, o bu görüşə hazırlaşmaq üçün cəmi iyirmi dəqiqəsini sərf edib.Son zəng mərasiminə hazırlaşan qız uşağı kimi günlərlə, aylarla hər xırda detala belə diqqət yetirən, hər yerə gedərkən saatlarla bütün qarderobunun altından vurub üstündən çıxan Sonyayanın xasiyyətinə yad idi bu tələskənlik.Amma nə qədər tələsik geyinib-keçinsədə qarşımda dayanıb məni də tələsdirən xanımın gözəlliyinə məftun olduğumdan o, sanki məni xəyaldan ayırmaq üçün əlini donub qalmış gözlərimin qarşısında yellədərək özümə gəlməyimi istəyirdi. Ayıldım. Ani olaraq qarşımda, bəlkə də Andreydən başqa hər bir kişini dəli edə biləcək gözəlçənin – Merlin Monrunun dayandığını görüb dərindən nəfəs alıb sükanın arxasına keçdim.Ön güzgüdən arxa oturacaqda yerini rahatlayan Sonyaya bir də baxdım; tanıdığım gündən onun bu qədər xoşbəxt görməmişdim desəm,yanılmaram. Dünənki qadından əsər-əlamət belə qalmamış, əsəblərini yerindən oynadan gərginliyi sönmüş vulkan kimi sakitləşmişdi.Sonya öz gözəlliyi ilə ətir saçırdı… Nədən?

Rəfiqəsigilə iki dəfə gəlmişdim.Bir dəfə, deyəsən,İsveçdən gələndə. İkincisi yadımda deyil ,məncə ad günü idi, ya özünün, ya da misirli sevgilisinin-unutmuşam… Mayakovski küçəsindən burulub əllinci illərin tikilisi olan binanın qarşısındakı yaşıllıqlara bürünmüş səliqəli həyətə girib maşını saxladım, qapını açmaq üçün düşdüm.Sonya birinci sinifə gedən uşaqtəki sevincək maşından düşdü,nəsə axtarırmış kimi gözucu, binanın qarşısında park olmuş maşınları nəzərdən keçirib çantasını çiyninə atıb dedi:

–Burda gözlə.Yarımca saat…

İkinci bloka girər-girməz başıma dolan axmaq bir fikir məni rahat buraxmadı; rəfiqəsiylə yarım saatlıq görüşə görə bu canfəşanlıq nəyə lazımdı? Yox, burda hansısa sirr var. Olsun, məgər, Raisa ilə əlaqəmin kəsildiyi gündən mənə dəxli olmayan heç nəyə baş qoşmayacağımı özümə söz verməmişəm?Cəhənnəm olsun sirrlər də!

Qara “Mersedes-Benz”in iknci blokun qarşısında dayanması, arxa qapısının açılıb-örtülməsi, şosseyə tərəf şütüməsi heç iki dəqiqə keçmədi və başımı qarışdıran fikirlərə o qədər aludə olmuşdum ki, binaya kimin girdiyi gözümdən yayındı.Kimsə evinə gəlirdi, ya da kiməsə qonaq. Qonaq?! Həə, deməli, qonaq? Əlbətdə, bunu indiyə qədər ağlıma gətirməmişdim.Əlbətdə, rəfiqəsigildə kiminləsə görüşə gəlir. Bu da bir konspirasiyadı bəlkə?Cəhənnəm olsun bəlkələr! Adamı xərçəng xəstəliyi kimi içindən yeyir. Bu məni niyə narahat edirdi, bilmirəm.Özümü sakitləşdirməyə çalışsam da ürəyimdə min bir şübhə toxumu cücərirdi.Bir tərəfdən də onun “yarım saat”ı çoxdan bitdiyindən bu şübhələr bir az da çoxalırdı.Lənət sənə, kor şeytan!

Maqnitafonu işə saldım. Kənardan baxanların diqqətini çəkməmək üçün ,lap professional detektivlər kimi,ikiəlli sükanı qucaqlayıb başımı üstünə söykədim,özümü yatmış kimi göstərsəm də Sonyanın girdiyi blokdan diqqətimi yayındırmırdım. Bir az keçmiş Sonya blokun ağzında göründü.Tələsə-tələsə, sanki ağır cinayət törətmiş cani kimi arxaya baxmadan hadisə yerindən uzaqlaşmaq istəyirdi. Guya qapını açıb maşına əyləşməsini görmədim. Qapı çırpılandan sonra başımı qaldırıb ona baxdım; bir az qarışmış saçına sığal çəkdi,baş barmağıyla pozulmuş makiyajını qaydaya salırmış kimi yanağında, dodağının ucunda gəzdirdi,təlaş içində olan nəzərini gözümdən yayındırıb süni şəkildə gülümsədi, “gedək” dedi.

–Gec qayıtdın,-dedim dilucu.

–Hə,-dedi,-rəfiqəm, –sən ki onu tanıyırsan?-o qədər çərənçidi ki! Başladı, dil boğaza qoymaz,elə üyüdür, üyüdür…

Heç nə eşitmirdim.Yalan danışırdı, gözünün içinə qədər yalan! Mənə də yox da.

Danışa-danışa çantasından boya, güzgü çıxarıb rəngi getmiş dodağını boyamağa başladı.Maşını işə salıb yerindən tərpədərkən ön güzgüdə onun alışıb-yanan gözləri,mirvari kimi parlayan dişlərinin arasında sıxaraq oynatdığı şışkin dodaqları gözümə sataşanda dərk etdim ki, cinayət də olmasa özümdən ixtiyarsız bu gün onun xəyanətinə şərik olmuşam. Bir vaxtlar Andreyə şərik olduğum kimi.

Bundan sonra Andreydən xəbərsiz rəfiqə ziyarətləri nə qədər davam edəcəkdi deyə bilmərəm,amma hiss edirdim ki, bu nə ilkdi, nə də son.

Xəstəxanada mənə baş çəkərkən Andreyin gözlərinə baxaraq hər sözünə önəm verən,bəlkə ərinə xoş gəlməz deyə xırda detalları da ölçüb-biçəndən sonra danışan,hətta ona dediyim komplimentdən həyacanlanaraq çaşqın-çaşqın Andreyə baxan Sonya indi hardaydı? Nələr oldu axı? Bütün qadınlar eyni qəlibdənmi çıxıblar?

Əmin idim ki o, Andreyi sevmir.Əgər o,Andreydən intiqam alırdısa,nədən gözlərində çaldığı qələbənin qığılcımları yox, nəinki mənim, dostlarının, hətta Tanrının qarşısında xəcalət çəkə biləcəyi iyrənc rəzilliyindən soraq verən göz yaşları parlayırdı?!

Həyacandan maşını necə sürdüyümü bilmirdim.Məqsədindən xəbərsiz olduğumdan verdiyim kişi sözünə tüpürüb Andreyi bu rəzillikdən xilas etmək üçün nə edəcəyimi götür-qoy edə-edə mənim fikirlərimi oxuyurmuş kimi yalvarışla dolu baxışlarını məndən çəkməyən Sonyanı güzgüdən izləyə-izləyə yaşıl darvazanın qarşısında əyləci nə vaxt basdığımdan xəbərim olmadı.Başqa vaxt dəli kimi maşın sürdüyünə görə sürücülərini tənbeh etməyinə baxmayaraq indi susurdu.Maşından düşüb heç nə olmayıbmış kimi evə qalxdı.Mən isə səssiz-səmirsiz sükana söykənib gözlərimlə onu müşayət etdim.İlk dəfəydi acizliyimə sığındım.

Şübhələr əfi ilan kimi qoynuma sarılmışdı.Bu ilanı necə boğmalı?…

Uşağı sağ qaldı, doğuşdan yarım saat sonra özü öldü.

Lyuda təlaş içində otağıma soxulanda elə bildim Sonya özünə qəsd edib. Bu qənaətə gəlməyimə səbəb son vaxtlar onun davranışında olan dəyişikliklər,özündə-sözündə olmaması, qapını içəridən qıfıllayaraq heç kəsi yanına buraxmaması idi.Yanılmışdım.

Qız qapını açan kimi üstümə atılıb bağırdı:

–Kömək et, Rufat, tez!..

“Axı nə olub?”soruşmağa imkan vermədi,ayaqqabılarımı geyər-geyməz qolumdan tutub həyətə sarı dartışdırdı.Onu ilk dəfəydi belə həyacanlı görürdüm.Bir yandan da bu cür sərbəst, ərk elədiyi dost kimi rəftarı məni təəccübləndirsə də xoşuma gəldi.Sonyanın otağına tərəf deyil, həyətə üz tutmağından anladım ki, ona heç nə olmayıb.Maraqla soruşdum:

–Ay qız, məni hara dartırsan? Kimə kömək edim? Danışsana, lənət şeytana!..

O isə gözünün yaşını tökərək məni həyətə çıxardı.Bu balaca qızcığazdakı gücə heyran olmuşdum; o məni sözə baxmayan dəcəl uşaq kimi əlindən sürüşüb çıxmayım deyə qolumdan bərk-bərk yapışıb arxasınca sürükləyirdi sanki.

–Ona kömək lazımdır, yoxsa öləcək.

–Kimə?..Kim öləcək?

Darvazaya çatanda dayandım.Soruşdum ki, uzağa gediriksə maşını götürüm.Qapıdakı cangüdənə qapını açmağını xahiş etdi və mənə baxıb dedi:

–Yaxındadı, kilsənin yanında.Gedək.

Son günlərin hadisəsi başımı o qədər qarışdırmışdı ki, “kilsənin yanında “deməsəydi anasının tez-tez baş çəkdiyi, kənd kilsəsinin həyətində özünə “yuva” qurmuş gözləri qıyıq kişi yadıma belə düşməzdi.

Evin qərb hasarındakı tini dönən kimi üç yanı meşəylə əhatə olmuş balaca gölün sahilində lövbər salmış kiçik gəmiyə bənzər taxtadan tikilmiş qədim kilsə göründü. Doğrusunu deyim ki, neçə vaxt idi Andreyin bağ evinin beşaddımlığında olan təbiətin yaratdığı bu ecazkar mənzərəni görmək ürəyimdən keçirdi.Amma ekstrimal şəraitdə onun ziyarətinə gələcəyim ağlıma da gəlməzdi. İknci kursda tələbə inşaat dəstəsində Gəncəyə, Göy-gölə getməyim yadıma düşdü.Göllərin də ekizi olarmış! Sanki yamyaşıl ağaclar qollarını açıb bu balaca gölü bağrına basıb; səmanın maviliyi göz yaşıtək dumduru suyun şəffaflığına qarışıb. Tənha kilsə bu gözəlliyi pis nəzərlərdən qoruyan qala kimi ağ, sarı, bənövşəyi çiçək yağışında mürgüləyən gölə möhtəşəmlik verir. Rəssam fırçasını aciz qoya bilən gözəl mənzərəydi!

Kilsəyə çatmamış onu dövrəyə alan alçaq taxta hasara birləşmiş daxmanın küçəyə açılan qapısından içəri girdik. Divarları köhnə, artıq istifadəyə yararsız taxta, şalban parçalarıyla bir-birinə pərçim edilib damı sınıq-salxaq şiferlə örtülmüş yosma tikili bu gözəlliyin fonunda ürək bulandırırdı.

İçəri daxil olandan sonra gördüyüm mənzərə daha eybəcər, daha sönük oldu: günorta saatlarına baxmayaraq içəri çox qaranlıq və cansıxıcıydı. Buranın havası o qədər ağır idi ki, sanki dezinfeksiya olunmayan zibil yeşiyinin içində tənbəki doldurub çəkirsən.

Mənimlə salamlaşan -çox gəlib getdiyindən buranın havasına, daha doğrusu havasızlığına öyrəşmiş– Lyudanın anası arxası qapıya tərəf oturub xəstəyə həlim içirdiyindən, daxmanın küncündəki sınıq-salxaq divanın üstündə uzanıb zarıldayan kişinin sifətini görə bilmirdim. Çoxdan istifadə ömrünü bitirmiş sınıq-salxaq divanın tinində ayaqları qırıq yastı tumbanın üstündə, yəqin ki, kilsədən gətirilmiş iki şam yanırdı. Müdhiş bir görüntü!

İrəli gedib ona yaxınlaşdım.İçəri girərkən burnuma dolan qoxu daha da kəskinləşdi. Anlaya bilmədim,bu aylarla yuyulmayan, nimdaş və köhnə olduğu qədər də kirli pal-paltarın,yorğan-döşəyin,kim bilir neçə vaxtdı su dəyməyən dərisinin, yoxsa daxmanın iyi idi.

Lyuda maraq və həyacanla gah mənə, gah da xəstəhal kişiyə baxırdı. Anası həlimi içirib qurtarandan sonra qaşığı saxsı nimçənin içinə qoyub ayağa durdu.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации