Текст книги "İblis busəsi"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +18
сообщить о неприемлемом содержимом
Текущая страница: 13 (всего у книги 17 страниц)
“Öyrən, Rüfət, öyrən, bu gündən tale kitabının yeni səhifələri yazılır və bu səhifələrin necə yazılması özündən asılıdır.”
Ürəyim çırpınır, özümü çox narahat hiss edirəm.Rəqs bitən kimi hamı deyə-gülə yerlərində oturanda mən artıq otağı tərk edib həyətə çıxmışdım.Hava soyuq idi.Səmanın qoynunda sayrışan ulduzlar adamı özünə çəkirdi. Ağacların arasında, balaca fəvvarənin kənarında yanan fanarların işığı həyətə başqa bir gözəllik verirdi.Necə də ecazkar və şairanə bir gecəydi-sakit və işıqlı.
Addım səsləri məni məftun olduğum gecə seyrangahından ayırdı; Raisa Semyonovna yırğalana-yırğalana mənə yaxınlaşırdı.Sərxoş olduğu uzaqdan bilinirdi.Qarşımda dayanıb lap yüz ilin tanışı kimi əllərimi ovucuna aldı, özünə tərəf çəkib qucaqlamaq istəyəndə bir az büdrədi, deyəsən qapının qarşısındakı mərmər meydançada hündürdaban çəkmələri ayaqlarının sözünə baxmırdı-tez qoltuğuna girdim və bu onun çox xoşuna gəldiyindən, “pardon” deyib nəhayət özünü tarazladı.
–Bura çox sürüşkəndi,-dedim,-ehtiyatlı olun.
–Hə…Oldu…Deyəsən çox içmişəm…hə?
“Hə, lap sonuncu əyyaş kimi” demək istədim.Bayaq rəqs edərkən mənə o qədər yaxınlaşmışdı ki, ağzından gələn turşumuş, sirkəyəbənzər iy ani olaraq burnuma dolanda da bunu ürəyimdə demişdim deyəsən,çünki, əyyaşlıq edən qadınlardan heç xoşum gəlmirdi,özü də belə gözəl xanıma əyyaşlığı heç yaraşdırmırdım, lakin təzəcə tanış olduğumuzu nəzərə alıb xətrinə dəymədim,yalandan gülümsəyib dedim:
–Məncə, elə də yox.
Mənim yanımda özünü çox arxayın hiss edirdi. Çoxdanın tanışı kimi qoltuğuma girib iki əlli qolumu bərk-bərk qucaqladı və məni evin tininə tərəf getməyə vadar etdi.Demək olardı ki, mən yox, o məni aparırdı, daha doğrusu sürükləyirdi.Pilləkənlərdən ehtiyatla həyətə düşdük.Andreyin cangüdənləri gözə dəymirdilər, elə bil hardasa gizlənmişdilər.”Ceep” həmənki yerindəydi, onun yanından ötüşüb üstüörtülü beşbucaqlı “besedka”ya daxıl olub oturduq.Payız axşamının soyuğu yavaş-yavaş ona təsir edirdi.Heç də mövsümə uyğun olmayan parçadan tikilmiş gecə paltarında üşüdüyünü hiss etdim, pencəyimi çıxarıb çiyninə atdım ki, titrəməsin.Raisa Semyonovna elə ona toxunmağımı gözləyirmiş, qollarını açıb boynumu qucaqladı, pencək çiynindən sürüşüb düşməsin deyə kürəyindən yapışıb oturacağın söykənəcəyinə sıxdım.O qədər yaxın idik ki, bayaq duyduğum qoxu burnuma dolmamış qırmızı boyalı dodaqlarını öpməyə başladım. Qalın, pambıq kimi yumşaq dodaqlarından yenicə açılmış yasəmən ətri nəfəsimə qarışdı.İndi bütün ixtiyarı ona vermişdim…
Yəqin qonaqlar ikimizin də aradan çıxdığımızı duyublar.Tez özümü yığışdırıb onun yenicə coşan ehtiras məngənəsindən qurtulmağa çalışdım.”İndi bizi axtarırlar”deyib ayağa qalxdım.
–Həə?…
Yuxarıdan qonaqların cingiltili gülüşləri və musiqi səsi eşidilirdi.
Yenə də qolumdan yapışıb qalxdı,barmağının ucuyla dodaqlarını silib saçlarını da qaydaya saldı.Qapıya tərəf gedəndə gözlənilmədən soruşdum:
–Qafqazlılara simpatiyanız olmadığı halda mənimlə dostluq etməkdən ehtiyat etmirsiz?
O əvvəlcə duruxdu, bir anlıq dayanıb mənə baxdı, sonra üzünə süni bir təbəssüm qondu.Dedi:
–Eh, indi mənimçin fərqi yoxdu.Bir də ki, sən başqa kişilərə oxşamırsan.
“Başqa kişilərə oxşamırsan…” Bir vaxtlar Marqo da demişdi bunu. Görəsən soruşsam ki, çox kişi tanıyırsan, o da Marqo kimi həyatında olanlardan, ilk sevgisindən danışar?Mən bunu istəyirdimmi? Birdən Raisa dilimin ucunda yığılmış suallarıma cavab verdi:
–Mən heç vaxt əsl sevgi yaşamamışam.Bilirsən, bəlkə də qorxmuşam sevməkdən.
–Niyə?
–Eh, bunu başa salmaq çox çətindir…Yaxşı, gedək yuxarı.
Mövzudan belə tez yayındığından mən də təkid etmədim.Qolumdan yapışıb evə daxil olduq.
Hamı bizə baxıb bic-bic gülümsədi, əsasən də Sonya. Hətta Raisaya yaxınlaşıb qulağına nə pıçıldadısa, hər ikisi müəmmalı-müəmmalı məni süzdü.Bu yaman xətrimə dəydi, özümdən ixtiyarsız qaşlarımı çatıb onlara tərs-tərs baxandan sonra özlərini yığışdırdılar. Amma Sonyanın baxışlarında gizli bir qısqanclıq işartısı vardı.Bunu mən çox yaxşı hiss etmişdim.
Andreylə Sonyaya minnətdarlığını bildirən qonaqlar bir-bir həyətə düşdülər.İşə salınan maşın mühərriklərinin boğuq səsi gecənin sakitliyini pozdu. Cangüdənlər də yaman əl-ayağa düşmüşdülər;kimi qapıya sarı qaçır, kimi qonaqların yan-yörəsində fırlanır, kimi də mötəbər qonaqlar üçün maşınların qapısını açıb onların nə vaxt minəcəklərini gözləyirdilər.Öz-özlüyümdə bu axmaq işlərinin öhdəsindən məharətlə gələn mühafizəkarlara yazığım gəldi;geyim-keçimlərinə, boy-buxunlarına yaraşan sənət deyildi bu. Bu anda heç ağlıma da gətirə bilməzdim ki, bir gün gələcək özüm özümə beləcə acıyacam, hətta nifrət edəcəm.
Professor paltosunu geyinə-geyinə mənə: “Çalış, bizim tərəflərə bir daha düşməyəsən, ha…” dedi, maşının arxa tərəfində oturaraq qapını örtdü.Maşın yerindən götürüldü.
Demək olardı ki, bütün qonaqlar yola düşmüşdülər.Təkcə Raisa Semyonovna Sonya ilə kənara çəkilib söhbət edirdilər. Tələsmək nə olduğunu bilməyən qadınların söhbəti, nədənsə son məqamda, vidalaşma zamanı daha da qızışır; sanki görüş əsnasında vaxt , imkan olmayıb, bölüşəcəkləri, deyəcəkləri ayrılıq zamanı yada düşür və bu söhbətin son nöqtəsini qoymayınca bir-birindən əl çəkmirlər.Özü də belə tələm-tələsik, ayaqüstü söhbətlər çox vaxt yersiz və mənasız olur.Nə isə, üçüncü dəfə öpüşüb görüşəndən sonra Raisadan ayrılan Sonya üşüdüyünü bildirərək Andreyə yaxınlaşıb nəsə dedi.Andrey də başı ilə razılığını bildirdi və qıyqacı mənə baxdı.Sonya qolarını sinəsində bərk-bərk çarpazlayıb evə tərəf tələsdi.Bu dəm də Andrey Raisanın qoluna girərək mənə yaxınlaşdı.
–Rüfət,-dedib o biri qolunu da mənim qoluma saldı.-Raisa Semyonovna səni bir gecəlik qaçırsa etiraz etməzsən ki?! –Mənim bu gözlənilməz təklifdən duruxub qaldığımı görən Andrey aydınlıq gətirdi.-Əziz dostum, bilirsən, bəzi nüansları nəzərə almamışıq. Bu malikanənin böyüklüyünə baxma, bura az-az gəldiyimizdən gecələmək üçün lazımı şərait yoxdu.Birdə ki, mühafizəçilərin qaldığı otaqlarda qalmayacaqsan ki?!Şəhərdəki mənzilimiz də burdan çox uzaqdı. Bir sözlə, Soniçka belə məsləhət gördü ki, səni ancaq Raisa Semyonovnaya etibar edə bilərik,necədi? -Məni dümsüklədi, sonra da Raisaya sarı dönüb təkrar etdi.-Rayiçka,ancaq bir gecəlik haa…
“Deməli bayaqdan bunu müzakirə edirlərmiş?Yəni bu boyda mülkdə bir adamı yerləşdirmək belə müşkil iş imiş? Gör Raisa bu təklifdən necə məmnun görünür? Bəlkə onunla Sonyanın quramasıdır, Andreyin xəbəri yoxdu? Əşi,mənim üçün nə fərqi, birdə ki, dəmiri isti-isti döyərlər, təzə tanışlığı, dostliğu qeyd eləmək pis olmazdı”deyə fikirləşdim.
Andrey bizi maşınacan müşayət elədi, qolumdan elə bərk yapışmışdı ki, elə bil qaçacaqdım.Ay-hay!…
Mühafizəçi yazıq bayaqdan “Mitsubişi”nin qapısını açıb Raisanın gəlişini gözləyirmiş.Biz arxada əyləşəndən sonra sevinərək ah çəkdiyini də hiss etdim. Sürücü maşını işə salanda Andrey mənə göz vurub dedi:
–Sabah görüşərik.Sizə yaxşı yol! – Bunu da sürücüyə dedi.-Yolda ehtiyatlı ol.
Özlüyümdə bir şeyi götür-qoy edib təxmin etdim ki, Andrey başıma gələn bu müsibətdən sonra məni əyləndirmək üçün bağ evindəki şəraiti bəhanə edir,beləcə romantik anlar yaşamağıma imkan yaradırdı. Məncə, Raisanı da məclisinə mənimlə tanış etmək üçün dəvət etmişdi, bu qəribə, gözlənilməz tanışlıq da Raisanın lap ürəyindən olmuşdu.
Böyük Dairəvi şossedən şəhərə dönəndə hava dəyişdi, bir-bir qar yağmağa başladı.Sürücü kondisioneri və şüşəsilən fırçanı işə saldı. Raisa lap uşaq kimi sevinir, gah mənə, gah da gecə pərvanələri kimi rəqs edərək pəncərələrə qonan qar dənələrinin salondakı istinin təsirindən yavaş-yavaş əriyərək suya döndüyünə tamaşa edirdi.
–Qar – qış qaranquşlarıdır, -dedi Raisa.
–Mən qışı sevmirəm.– Könülsüz dedim.
Raisa yağan qardan gözlərini çəkib mənə sıxıldı.
Boz “Mitsubişi” yeni tikilmiş ağ on iki mərtəbəli binanın qarşısında dayananda yer tamam ağarmışdı.Sürücü ehtiyatlı adam imiş; qabaq oturacağın üstündəki çətiri götürüb cəld maşından düşdü, çətiri açandan sonra Raisa Semyonovna oturan tərəfin qapısını açıb düşmək üçün ona əl uzatdı. Raisa xəz gödəkçəsini çiyninə atıb ehtiyatla maşından düşdü. Mən düşəndən sonra təzə yağan qarın üstündə sürüşməsin deyə onun qolumdan möhgəmcə yapışdım, çətiri sürücüdən alıb başımız üstünə tutaraq binaya tərəf tələsdik.Yəqin ki, həmişə liftə minənə kimi, bəlkə də mənzilinin qapısına qədər onu müşaiyət edən sürücü mənə arxayın olub bu dəfə maşının yanından aralanmadı, liftin qapısı açılandan sonra avtomobili işə salıb ordan uzaqlaşdı…
Moskva kimi böyük bir şəhərin tanınmış kommersiya bankının direktoru üçün bəlkə də kiçik görünə bilən, lakin nəzərə alsaq ki, qadın bu mənzildə tək-tənha yaşayır, üç otaq mənə çox geniş göründü və bu geniş boşluqda yaşamaq nə qədər cansıxıcı, darıxdırıcı olduğunu içəri girən kimi başa düşdüm: mənzildə hər şey vardı, amma heç nə yox idi elə bil; içəri isti olsa da əşyalar, mebellər, hətta ayaq altına sərilmiş bahalı xalçalar da adamın üzünə gülmürdü-soyuq idi …
Məncə ilk qarın yağması onun əhval-ruhiyyəsini dəyişmişdi – özünü qonaqlıqdakından da gümrah və çox şən hiss edirdi. Gödəkcəsini dolabdan asıb mənə də kostyumumu soyunmağı məsləhət gördü. Dodağının altında zümzümə edə-edə hamam otağına girəndə o yuyunub çıxana kimi darıxmayım deyə qonaq otağına keçib televizoru qoşmağımı xahiş elədi.
Qonaq otağının eyvana açılan pəncərəsinin qarşısında üstündə bir neçə balaca yastıq döşənmiş ağ örtüklü iri divan, giriş qapısından soldakı divar boyu rumın mebeli, otağın düz ortasında miz və onun ətrafında stullar düzülmüşdü.Mizin üstündə pərakəndə halda səpələnmiş xarici moda jurnalları, bir neçə qovluq, hesablama maşını vardı.Adama elə gəlirdi ki, bura ev yox, hansısa ofisin qəbul otağıdı, gözləyənlər darıxdığından jurnalları vərəqləyərək vaxtını öldürüb və qəbula çağırılan kimi, tələsik, jurnalları hara gəldi atıb otağı tərk ediblər.
Boş vaxtlarını tək-tük hallarda evdə keçirən, tələskən iş adamının xüsusiyyətindən biri də səliqəsizlik və bu qarmaqarışıqlığa vərdiş etməsidir.Ürəyimdə fikirləşirdim, lap yüz faiz əmin idim ki, onun yatağı da heç yığışdırılmayıb, yorğanı yəqin yumağa dönüb, paltarları da hara gəldi atılıb…
Divar mebelinə quraşdırılmış televizoru qoşmaq istədim, pultunu tapa bilmədim.İlk dəfə gəldiyim mənzildə axtarış aparmaq mənə gülünc gəldiyindən oturub gözlədim.
Mən ilk dəfəydi bir həqiqəti dərk etdim: biz kişilər yad qadınlara diqqətlə baxanda onların ərli, yoxsa subay olduğunu ilk baxışdan, birinci söhbətdən hiss edirik deyə, belələriylə münasibət qurmaq o qədər də çətin olmur.Düzdür, bəzən ərli qadınlar daha tez tora düşürlər,əsasən ailəsində problemi, narazılığı olanlar, ərindən görmədiyi nəvaziş və diqqəti yad kişilər ona verəndə, lap mum kimi əriyirlər də. Elələri ixtiyarsız olaraq sənə tabe olmaqdan həzz almaqla yanaşı, özlərinin gizli intim fantaziyalarını da biruzə verməkdən çəkinmirlər. Ax, qadınlar, qadınlar!.. Qalın bir kitabın ilk səhifəsi belə dərk edilməmiş sirlər xəzinəsi! Adı yadımda deyil, hansısa filosof deyibmiş ki, illərlə qadın psixologiyasını araşdırdım, yenə də anlaya bilmədim :qadınlar nə istəyir? Təqribən belə deyibmiş…
Raisanın səsi məni fikirdən ayırdı; o, məni vanna otağından çağırırdı.Əvvəlcə elə bildim sərxoş olduğundan sürüşüb yıxılıb. Aman Tanrı! Tez qapısı azca aralı qalmış vanna otağına soxuldum ki, yardım edim.
Yox, nəyi deyirsən de, amma bunu gözləmirdim; kiçik nəfəsliyin qarşısına vurulmuş plastik dolabın üstündə al-əlvan şamlar yanır, onlar şölələndikcə alovun dilimləri divarlarda, tavanda sanki rəqs edirdi.Bu adamı başqa bir aləmə aparırdı – nağıllar aləminə…İri dairəvi vannada yırğalanan rəngarəng sabun köpükləri bərq vururdu.Raisa isə görünmürdü.”Yəni qulağıma səs düşüb? Bəs çağıran kim idi?”deyə fikirləşib qorxu və təlaş içində vannaya yaxınlaşmışdım ki, birdən köpüklər coşmuş dəniz kimi dalğalandı və Raisa su pərisi kimi şam şöləsində rəngdən-rəngə düşən sabun köpüklərinin altından üzə çıxdı.Heyrətimi gizlətməyə macal tapmamış, bu dəniz şəhzadəsi məni özünə sarı çəkdi.Paltarlı-paltarlı onun lüt əndanına sarılıb vannaya çökəndə vannadakı suyun yarısı şappıltıyla döşəməyə dağıldı. Sərxoş və şıltaq qadının özünəməxsus dəcəlliyindən irəli gəldiyini başa düşüb onu bağışladım.Qəfildən suyla belə təmasda olmaqdan qorxumu biruzə vermədim.Axı o hardan biləydi ki, mən boyda bir nəhəngin ən qorxduğu şey sudur? Gözlərimi yandıran sabun köpüklərini duşun altında yuyunub gözlərimi açana kimi o, artıq şalvarımı soyundurmuşdu.İslanıb bədənimə yapışmış köynəyimi çıxardıb onu bərk-bərk qucaqladım.Xəstəxanadan təzəcə buraxıldığımı tamam unudaraq Raisanın coşqu “oyunlarına” baş vurmağa qərar verdim.Ağılasığmaz dərəcədə seksual improvizələriylə həyatım boyu yaddaşıma həkk olunacaq bu acğöz və ehtiraslı qadının qoynunda son ayların acısını dəfn etdim…
***
Raisa işə gecikdiyini telefonuna gələn ardıcıl zənglərdən başa düşdü.Heç tükü də tərpənmir,hərəyə bir yalan uyduraraq başından eləyirdi.
–Bank bir gün də mənsiz qalsa dünya dağılmaz ki?!
Əzgin görünüşündən başa düşdüm ki, içməsə mümkün deyil.O ağır-ağır, ləngər vura-vura çarpayıdan uzaqlaşdı, mətbəxdə soyuducuya yaxınlaşıb yarımçıq şampan şüşəsini götürdü və başına çəkdi.(Yadıma düşdü ki, gecə açdığı şampandan mənə də bir-iki qurtum şərab işirdib səhərə kimi yorulmaq bilmədən əyləndiyimizdən şüşənin işində bir az saxlamışdı– səhər başı ağrısa özünə gəlməyə kömək edər).Butulkanın içindəkini axıra kimi içib dərindən nəfəs aldı. Kipriklərimin arasından onu seyr etdiyimi duymuşdu; yaxınlaşıb burnumu ovxaladı, saçlarımı tumarlayıb sakitcə:
–Bu möhtəşəm bir gecə idi!-dedi və sinəsini irəli verib kişisayağı gərnəşib əlavə etdi.– Ay yaramaz, yamansan haa?! Bəlkə də inanmazsan, bu mənim son dörd ildə ilk sevgi macaram idi! Lap əsl nağıllardakı kimi!
…Deyəsən lap ağ eləmişdik ha!…Andreyin ciddi-cəhdlə “Raisa, ancaq bir gecə haa” deməsinə məhəl qoymayıb on gün Raisanın “qonağı” oldum.Bu qadın məni havalandırmaq həddinə çatdıracaqdı ki “Min bir gecə” nağıllarının əfsunlayıcı təravəti canımızdan çıxmamış, dəli eşq yaşayan iki sərsəm məşuqun çırpıntıları sona yetməmiş “Berkut”un adamları arxamca gəlib məni onun yanına aparanda ağlıma da gəlməzdi ki, böyük meqapolisdə Raisa ilə yollarımız bir də çətin ki birləşsin.
“Berkut”
, zavallı berkut…
Moskvanın on iki kilometrliyində yerləşən kəndin kənarındakı ağcaqayın meşəsinin balaca bir talasında tikilmiş ikimərtəbəli kərpic binanın zirzəmisi “Berkut”un gizli bazasıydı.İki hektara yaxın bir ərazidə yerləşən bu binanın üst mərtəbələrində öz aralarında “döyüşçü”,əks tərəfin “bandit”, “başkəsən”, “mafioz” adlandırdığı , gözlərini qan örtmüş qoluzorlular yaşayırdılar; otaqlarda iki-iki məskunlaşmış dəstə üzvləri üçün həm yaşamaq, həm də istirahət üçün hər cürə şərait yaradılmışdı.
İlk baxışdan istehkama bənzəyən,hündür beton plitələrlə hasarlanmış məkan yəqinki istismara yaramayan keçmiş sovet müəssisəsinin ərazisiydi.Həyətdə qurulmuş cürbəcür idman qurğuları boyük hərbi-idman bazasını xatırladırdı. Raisanın qoynundan ayırıb bura gətirən “Ceep”, hərbi hissələrin, ya da koloniyaların giriş qapısını xatırladan iri, ağır dəmir darvazadan içəri girəndə gördüyüm bu mənzərələr məni dəhşətə gətirdi. Bu, sözlə deyiləsi, yazmaqla aydınlaşdırıla biləcək iş deyildi.Onlarla boynu yoğun bədheybət – sifətindən zəhrimar yağan, dəmir kimi möhkəm, idman paltarlarını az qala yırtıb çıxan şişman əzalı cavanlar– zombilər kimi komandirlərinin əmrinə itaət edərək dayanmadan məşq edirdilər.Adi insanın, yəni normal bədən quruluşu olan insanın təsadüfən bura düşməsini təsəvvür etdim və mənim kimi idmançının belə ürpəşdiyini siz də ağlınıza gətirsəniz, nəyi nəzərdə tutduğumu bilməmiş olmazsınız.
Yavaş-yavaş mənə aydın oldu ki, o gün bazara basqın edənlər arasında bu bədheybətlərdən heç biri olmayıb,əgər olsaydı, nə bazarda bazarlıq qalardı, nə də ki, indi mən sizinlə söhbət edərdim.Deməli bu seçmə,qadzillayabənzər adamlar xüsusi məqsədlər üçün toplanmış, hansısa dəhşətli missiyanı həyata keçirmək üçün hazırlanırdılar. Mən bu missiyanın nədən ibarət olduğunu bilmədim və heç zaman da bilməyəcəkdim, çünki bu gizli hərbi bazaya mənim ilk və son gəlişim oldu.Andrey özünün, o çılız, xəstə nazir uşağının nələrə qadir olduğunu, bəlkə də ondan çəkinib ehtiyat etməyimi qandırmaq üçün bura gətirtmiş, nəinki istənilən vaxt narazı kütləni idarə etmək, onu siyasətlə yönəltmək,heç bir standartlara cavab verməyən insan toplumunun bəstəboy, arıq Andreyin qarşısında necə də acizanə və əlacsız qaldıqlarını göstərmək istəmişdi.Bəlkə də yox?
Pulun nələrə qadir olduğunu indi anladım.
Gülməli olsa da fikrləşdim ki, görəsən bu vəhşilər qadın barədə heç düşünürlər? Ümumiyyətlə düşünürlərmi? Bir anlığa hər hansınınsa qucağında Raisa kimi zərif, gözəl bir qadını təsəvvürümə gətirmək istədim, amma nə illah etdimsə də alınmadı.Onlar gözəllik üçün doğulmayıblar, heç gözəlliyi xilas etmək üçün də.
Nə isə, Andrey məni qarşılayandan sonra demək olar ki, istədiyinə nail olmuş kimi, qürurla bu həngaməni mənə göstərdiyi üçün özündən razı halda qoluma girib gülümsədi:
–Hərənin bir missiyası var doğuluşundan, deyilmi?
Daha heç nə demədisə də onu yaxşı başa düşürdüm. Kütbeyin, qolu güclü bədheybətlər pul xətrinə onun əqidəsinə xidmət etməkdən zövq alır,daha da vəhşiləşir, kallaşır, o da “mənəm”liyini təsdiq etmək üçün yaratdığı bu eybəcərliklərlə qürur hissi keçirirdi.
Professora, məni nəyin bahasına olursa olsun ölümün pəncəsindən qurtarmağı acizanə xahiş edəndə, hər gün xəstəxanada məni yoluxanda,gözəl xanımıyla bir yerdə olanda, lap on gün qabaq evində təşkil etdiyi ziyafətdə olan Andrey bu qorxunc məxluqların arasında məndən, ola bilsin hamıdan gizlətdiyi o biri üzünü ortaya qoymuşdu. Deyəsən, illərlə görüşünə can atdığım sadəlövh və səmimi əsgər yoldaşımı uzaq əfqan dağlarının arasından sonsuzluğa uzanıb gedən, Qlebin tükürpədən bağırtısından az sonra üstünə quzğunların kölgə saldığı o yarğanın yanında qoyub gəlmişdim.İndiki Andreydə o illərin məsumluğu qeyb olmuşdu. Bir nisgil, bir təəssüf, bir acı sızıltı doldu içimə.”Zavallı dostum!”
Nədənsə yadıma Rasim düşdü.Onun məzlum-məzlum üzümə baxıb səssiz imdad diləməsi gözlərimin qarşısına gəldi. Nəsə demək istədiyi, lakin kişiliyinə sığışdırmadığı o “nəsə”ni oxuya bilərdimmi baxışlarında?Axı nəyi deyə bilmədi Rasim? Sanki həyatından bezmiş, ölümünün vaxtında yetişdiyinə sevinən birisi kimi ölümünü qəbul etmişdi.Niyə? Olub keçənləri geri döndərmək mümkün olmadığını bilə-bilə Rasimi bağışlaya bilərdim axı?Bilərdim, amma əff eləmədim, qəddarcasına, canı çıxana kimi gözlərinə baxıb durmuşdum. Mən söz verdiyim intiqamımı almışdım. Döndümü?Aliyə geriyə döndümü? Sevgi, məhəbbət necə?
Rasimin məni izləyən ruhu bir kabus kimi başımın üstündə fırlanır.Başıma gələn fəlakət və bəlalara baxıb rahatlıq tapmaq istəyir.Mən onun ruhunu – onun kimi gəbərməyimi görmək istəyən ruhunu daima yanımda hiss edirəm, daima.
İndi dünyadan bixəbər naqis kimi Andreyi qınayıram.Axı onu bu hala salan ədalətsiz, insafsız, eybəcərliklərlə dolu olan zəmanə idi?! Bu sərsəm hakimiyyəti yaradan, qoruyan, sovetlərdən miras qalmış müti cəmiyyət idi! Andreyin üsyanı, bir növ intiqamı da bu cəmiyyətə qarşı deyildimi?! Və düzələcəkmi, düzələ biləcəkmi beyni ovulmuş, yumruq altında çabalayan cəmiyyət?!
Bayaqdan kəlləmi yorub düşündüklərimi hiss edən Andrey maşına oturub bazanı tərk edəndən sonra da xeyli susdu.Mən hansı hisslər keçirdiyimi dilimə gətirə bilmirdim.
–Səni anlayıram, -dedi Andrey.-İnan mənə, Rüfət,gördüklərin mənim planlarıma daxil olmayan zərurətdir. Məni başa düş, hər zaman güclülər qalib gəlib, hər zaman! Zəif oldunsa, nə qədər ədalətli olsan belə, sən ölümə məhkumsam;bu murdar dünyada səndən də güclülərin olduğunu bir an da unutmayasan gərək.SSRİ boyda imperiyada nazir oğlu olsam da aciz və zəif olduğumu heç vaxt özümə bağışlamaram,heç vaxt! Mənim mübarizəm – özünüqoruma, özünütəsdiq olsa belə, qanunsuz, hətta cinayət də olsa özümü daha rahat, xoşbaxt hiss edirəm.Çünki yaratdığım imperiyanın başında mən varam;hər kəs mənimlə hesablaşır, gücümdən qorxur.Hamıdan yüksəkdə olmaq hissinin necə möhtəşəm olduğunu bunları yaşamadan duymaq olmaz!
Bilmirəm, “dəliyəm-güclüyəm” prinsiplərində çox uzaq və öz ədalət kriteriyalarıma sadiq olduğumu bildiyindənmi, yoxsa bazada haldan-hala düşdüyümü görüb mənə acıdığındanmı evə gələn kimi tələsik dedi:
–Rüfət,qardaşım, gördüklərini unut! Sadəcə,sil beynindən və mənə qulaq as.
–Eşidirəm,-deyib divanda əyləşdik.
O xeyli fikirləşdi, münasib söz axtarırdı elə bil, tapdı yoxsa yox, bilmirəm, amma çox götür-qoydan sonra əllərini dizimin üstünə qoyub ciddi bir görkəm aldı.
–Bir daha səni itirmək istəmirəm,-dedi.-Başa düşürsən?
Başımı tərpətdim ki, “hə”.
Dediyinə görə, Kutuzov prospektindəki yenicə təmirdən çıxmış üç otaqlı mənzili Andreyə Sonyanın atası İsrayilə köçəndə bağışlamışdı.Hündür tavanlı, geniş pəncərələri prospektə aşılan otaqlar Sonyanın arzusuna görə modern üslubda təmir olmuşdu.Rahat və yungül mebellər,kitab rəfləri, gözəl çərçivələnmiş ailə şəkilləri, çıl-çıraqlar, şamdanlar otaqlara yaraşıq verməkdən başqa nağılvari bir rahatlıq gətirirdi.
O bayaqdan əlində oynatdığı bir topa açarı mizin üstünə qoyub söhbətinə davam etdi:
–Bundan sonra bu balaca mənzil sənindi.
Balaca, haa! Belə qiymətli hədiyyəni gözləmədiyimdən dik ayağa qalxıb dedim:
–Andrey, buna ehtiyac yoxdu.Narahat olma,dostlarım mənim üçün mənzil kirayə ediblər. Düzdür, o günkü hadisədə açarları itirmişəm,amma problem deyil, yenisini sifariş verərəm.
Sözümü axıracan dinləməyib açarları götürüb ovcumda sıxdı.
–Bir kəlmə də eşitmək istəmirəm. Mən harda desəm orda da yaşayacaqsan.Bizim biznesin şərtləri belədir.Bir də ki, mənə yaxın olmağın vacibdir, axı biz Sonya ilə bir bina aralıda oluruq.-Qolumdan tutub pəncərəyə yaxınlaşdı, üzbəüz hündür binanı göstərib,– bax orda,-dedi,– dördüncü mərtəbədə…– Tez də söhbəti dəyişdi.-Hə,Moskvadakı dostlarınla məni tanış etmək istəməzsən?
–Çox şad olarlar,-dedim.
Gülümsəyib başıyla razılığını bidirdi.Bir az otaqlara göz gəzdirdikdən sonra bildirdi ki, bura mənimçin də, onunçun da rahat olar.Əvvəlcə bir neçə vacib biznes ortaqlarından söz açdı, nəzarət edə bilmədiyini dilə gətirib mənə tapşırdı ki, onlarla tanış olandan sonra üzərlərində nəzarəti mən boynuma götürüm.O, dediyi hər sözə ehtiyatla, həssaslıqla yanaşdığından məsələyə aydınlıq gətirməkdə məqsədi düşdüyü vəziyyətlə məni tanış etmək idi.Odur ki, hər on gündənbir deyilən məbləği ortaqlardan almaq və Raisanın bankındakı hesaba köçürmək lazım idi.
Bax , bu başqa məsələ! Deməli, heç olmazsa on gündə bir dəfə Raisayla görüşəcəkdim.Bu ki, lap yerinə düşdü!..
Sevincim heç on dəqiqə də yaşamadı.Andrey ciddi bir görkəm alıb dedi:
–Qardaşım,səninlə açıq danışacam. Yəqin ki, bilmirsən,son vaxtlar Sonya yaman dəyişib,dəymədüşər olub…İçir,özü də çox içir. Amerikadan bu yana həkim qalmayıb onu göstərməyim,bir-iki ay müalicələr təsir edir, sonra yenə başlayır…
–Səbəb?…
–Başa düşmürəm.Yəqin ki heç nədən ehtiyacı olmayan qadın şıltaqlığı. Bilirsən, mən onun bütün kaprizlərinə dözürəm, bəlkə də ondandı?!Başa düşmürəm, heç nə başa düşmürəm…
Söhbətin məğzini tez bilmək üçün soruşdum:
–Mən sənə necə kömək edə bilərəm ki?
“Sənə” yox, “ona” demək istəyirdim, amma Andreyin xasiyyətini bildiyimdən belə soruşdum.Necə oldusa sualıma cavab gözləmədən əlavə etdim:
–Məncə, uşağınız olsa. İndiyə kimi nəyi gözləyirsiz?
Andrey özü də çaşıb qaldı. Sanki qeyri-adi söz demişdim. Heç olmasa bu neçə ildə bir uşaq dünyaya gətirmək olardı ki?!Sənin imkanlarınla Moskvanın bütün uşaq bağçaların, yetimxanaların saxlamaq olardı.Bir uşaq saxlamağa nə var ki?! Elə biri bizim kənddə– ən kasıbın qapısında beş-altı uşaq böyüyür…Hə, uşaq sarıdan bolluqdu bizim tərəflər,elə bil, bir biriylə bəhsə giriblər, maşallah,əkib-doğurlar ilbəil, ta ki, arvadların uşaqlığı quruyur, kişilərinki də o söz. Abort elətdirənə də birtəhər baxırlar e…
–Uşaq?-Təəccüblə soruşdu Andrey.
–Hə,əlbəttə,uşaq! Andrey,məncə ailəni saxlayan uşaqdı, uşaq! Biz tərəflərdə ikicə il döğmayan gəlinin dalından vurub göndərirlər dədəsinin xarabasına ki, qısır gəlin kimə gərəkdi. Bildin?
–Zarafatından qalmırsan. Yazıq. Bəlkə… o gəlinin günahı yoxdu? Nə isə, siz qafqazlılar qəribəsiz…
–Zarafat nədi,mən ciddi deyirəm.Özü də oğlan,nə qədər çox oğlan doğsa, o qədər başucalığıdır!
–Başa düşürəm.
–Hə. Əlbətdə, şəhərlilər elə deyil, mən kənddəkilərdən danışıram.
İkimiz də gülüşdük.Daha uşaq məsələsini qabartmadıq.Deyəsən Andrey bu barədə söhbətin davam etdirməyi lazım bilmədi;nəsə söhbəti dəyişməklə kifayətləndi.
***
İl yarım idi ki, Andreyə sədaqətlə xidmət edirdim. Şəriklərindən vaxtlı-vaxtında pulları yığıb “Novıy den” kommersiya bankında Sonyanın adına açılmış hesaba köçürüdüm. Əvvəllər belə əməliyyatlarda səriştəm olmasa da Raisanın köməyilə hər şeyi dəqiqliyilə öyrənir, hər müştəridən aldığım pulun ayrıca hesabını aparır, lazım gələndə Andrey, ya da Sonya xırda cib xərcliyi götürəndə də qeydlər aparırdım.Desəm güləcəksiniz, onların xırda cib xərcliyi on-on beş min dollar civarında olurdu. Şəriklərindən alıb (buna “qoparıb”da demək olar) banka köçürdüyum məbləğ yüz-yüz əlli min dolları ötürdü.Beləcə, hər on gündən bir tanış ofislərin şefləriylə görüşüb onları müflis etmək mənim vəzifə borcum idi.
İşimdə (buna iş demək mümkündüsə) püxtələşdikcə, bütün xırdaçılıqlara nüfuz etdikcə anlamışdım ki, onlar heç də Andreyin iş ortağı yox,vəzifəsini, var-dövlətini, ailəsini, gələcəyini qorumaq üçün reketlərdən müdafiə olunan qorxaq həriflərdi.İlahi, qorxu və müsibətlə qazandıqları pulların yarıdan çoxunu necə də həvəslə mənə verir, hələ təzim də edirdilər! Əlbəttə, bir az qürurlular məbləği azaltmaq, ya da verməkdən imtina etmək istəyənlər də vardı.Yazıqlar…onda, Andreyin bədheybətləri fəaliyyətə keçirdilər, sonrası da məlum məsələ ki, sınırdılar, özü də pis.
Ayda bir dəfə bəzi nazirlərə, şəhər merinə “qonorar”lar verilirdi.Ziyafətlər, qiymətli hədiyyələr də öz yerində.Keçmiş nazir oğlu yuxarıların boş damarını yaxşıca tutmuşdu.Bu boş damar çoxları üçün sovetlərdən miras qalan ən işlək əza idi.
Lap yadımdan çıxmışdı. Sonralar Mədətlə Vəfadarı Andreylə tanış edəndə gözlərimə inanmadım.Sən demə,Andrey Mədəti tanıyırmış;bəzi bazarlardan,topdansatış bazalarından zəruri məlumatları ona Mədətin ötürdüyünü, bunun əvəzində yaxşıca haqq aldığını və bunun ən təmiz biznes olduğunu etiraf edəndə heç inanmağım gəlmirdi; belə adamlara bizlər “işverən”, ruslar “suka” deyirdi axı?! Nə vaxtdan satqınlıq təmiz biznes sayıldı? Deməli pula görə ən qiymətli dəyərlər beləcə məhv olub gedirmiş.
Deyirəm axı,bu var-dövlət, cah-cəlal,qorxmadan üstündə silah gəzdirmək, heç kəslə hesablaşmamaq,özünə bu qədər inam hardan qaynaqlanırmış.Arvad-uşağını Göyçayda atıb, oradakı rəzil, miskin yaşayış səviyyəsini yaxşı bildiyindən ayda “ it payı” kimi 300– 400 dollar göndərməklə onların ağızlarını yuman,Moskvanın düz göbəyindəki mənzilində eyş-işrətlə məşqul olan, səmimiyyət və təvəzökarlıq maskası geymiş bir insan hansı dəyərlərin sahibi olmalıdır ki?
Ona, onun bacarıq və qabiliyyətinə, mədəniyyətinə necə məftun olmuşdum?! Niyə bu qədər axmaq və sadəlövhəmmiş?!…
Tanıdığım bəzi adamların murdar sifətini, eybəcər içini görüb tanıyandan sonra özümə,ancaq özümə lənət yağdırmaqdan başqa əlacım qalmadığını dərk edəndə elə bilirdim ki, sadəlövhlüyümə görə dünyanın ən gicbəsər adamı elə mən özüməm– yalançı səmimiyyətlə həqiqi insani keyfiyyətləri çaş-baş saldığıma görə! Araz demişkən, zəmanə adamı olmadım ki, olmadım!
O gündən çalışırdım ki,Mədətlə çox rastlaşmayım.Əslində, ondan bir pislik-filan görməmişdim,insafən, məni böyük şəhərdə qarşılayıb evində qonaq eləyən, bütün problemlərimi sözsüz həll edən o idi və bunları unutmaq, üstündən xətt çəkmək kişiliyimə yaraşmırdı,amma özümlə bacarmırdım, qaçırdım ondan, həm də vaxtım olmurdu ki, görüşək.Elə bil Andrey də başa düşmüşdü bu soyuqluğu, amma heç də üzümə vurmurdu.
Bir sərin yay axşamı Andreyin “şərik”lərindən topladığım pulları banka təhvil verib Raisa ilə sözləşdim ki, axşam mənim evimdə görüşək. Könülsüz razılaşdı.
Moskvanın yay axşamları çox ecazkar olur;Bakıdan fərqli olaraq yaşıllığa bürünmüş şəhərin havasından küknar, şam, akasiya, ağcaqayın ağaclarının ətri gəlir, adamın ciyərinə dolduqca özünü milyonlarla əhalisi olan meqapolisdə deyil, sıx bir meşədə hiss edirsən.Eləcə bu gözəl havadan uda-uda yaşadığım evin yanındakı marketə girdim.Şampan şərabı, meyvə, bir qutu şokolad alıb küçəyə çıxdım.Necə də gözəl axşam idi!
Günəş asta-asta hündürmərtəbəli binaların arxasında əriyirdi.
Evə qalxmadım. Həyətdəki skamyada oturub Raisanın maşınını gözlədim. Saat 8-30 u göstərirdi, sözləşdiyimiz vaxtdan yarım saat ötürdü. Raisa gəlib çıxmadığından narahat olmağa başladım.
“Görəsən niyə gecikir?” Onun punktuallığına bələd olduğumdan narahatçılığım bir az da artdı.Telefonu açıb zəng vurdum; telefonu açmırdı.Bir də, bir də zəng vurdum.Telefon susurdu.Artıq təşvişə düşdüm.”Nəsə olub,yoxsa…”
Sürücümü buraxmışdım, həm də iki kvartal aralıda yaşadığından gəlib çıxması uzun çəkərdi deyə taksi tutub Raisagilə getməyi qərara aldım, özü də təcili!
Telefonum boğuq-boğuq çağırmağa başlayanda dayandım.Düyməni basıb az qala bağırdım:
–Hardasan?
Cavab əvəzinə hıçqırıq eşitdim;o ağlayırdı.
–Raisa, axı nə olub, danış. Hardasan, lənət şeytana! Mən dəli olacam. Alo…alo, Raisa…
Bir neçə saniyə keçdi, amma mənə elə gəldi ki, bir ildi bu axmaq, yöndəmsiz telefondan asılı qalmışam.Nəhayət eşitdiyim bircə cümlə məni özümdən çıxardı.
–Biz daha görüşə bilmərik.
–Niyə? Nə olub axı, danış…
–Rufat, məni sevirsənsə, heç olmasa bir az sevirsənsə, məndən uzaq gəz, xahiş edirəm.
Heç nə başa düşmürdüm.İkicə saat əvvəl razılaşıb vaxt təyin etmişdik, o da gələcəyinə söz vermişdi.Bu iki saatda nələr baş verdi ki?! Məni bankın içində, kabinetində görəndə belə az qalır yazı masasının üstündə, tələm-tələsik işini görüm, bəs indi nə baş verir axı?
–Mən heç nə başa düşmürəm. Gəlirəm…
–Evdə deyiləm, gəlmə.
–Hardasan axı?
–Vacib deyil. Sonra danışarıq. Sevirəm səni…
–Dud…dud…dud…
Az qala dəli olurdum.Raisa narahat, həm də qorxa-qorxa danışırdı. Kimdən, nədən qorxurdu ki?! Sevir, istəyir, istəyirsə bəs niyə qaçırdı məndən? Yox, burda nəsə sirr var. Və özümə söz verdim ki, səhər açılan kimi düz banka gedib hər şeyi yerbəyer edəcəm.Marketdən aldığım ərzaqla dolu paketi yaxındakı zibil yeşiyinə tullayıb evə getdim.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.