Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 12

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 12 (всего у книги 17 страниц)

Шрифт:
- 100% +

–Əzizim, özünü necə hiss edirsən, yaxşısan?-Andrey soruşdu.

–Sənin kimi dostu olan necə olmalıdır?!-deyib gülümsədim.-Əlbəttə yaxşı!…

–Hələ bu harasıdır, bir az dincəl, özünə gəl, gör biz nələr edəcəyik, uxx!…

Andrey lap uşaq kimi sevinir, özünü o qədər səmimi və sadə aparırdı ki, deməzdin bu cah-cəlal, bu var-dövlət sahibi odur. Başqası olsaydı, yəqin əynimdəki təzə paltarların mənə necə yaraşdığın deyib yada salardı ki, yəni, bunları mən aldırmışam, nə bilim, bəlkə, elə belə də deyərdi.Hətta ata öz oğluna bir təzə şey alanda bununla qürrələnir.Düzdü, o məni başdan ayağa süzüb heyranlıqla gülümsündü, amma bir kəlmə də söz demədi.Bir anlığa düşündüm ki, görəsən Arazın atasının, lap elə Arazın özünün bu boyda imkanı olsaydı özünü necə aparardı? Vallahi-billahi, qudurğanlığından adama salam da verməzdi, mən ölüm!

Evə daxil olan kimi diqqətimi çəkən geniş zalın baş tərəfində qoyulmuş iri, antikvar kəfkirli saat oldu. İşıqlı dəhlizin düz ortasında qədimi dəyirmi masa, masanın o üzündə həyətə baxan pəncərələrin qarşısında divan və kreslolar qoyulmuşdu.Pəncərəylə ikinci mərtəbəyə qalxan pilləkənin arasında içində odun qalanmış soba quraşdırılmışdı.Çırta-çırtla yanan odunları görcək yadıma kəndimizdəki odun sobamız düşdü.İlahi, dağ rayonlarından gətirilən, od qiymətinə aldığımız odunlar dəmir peçimizdə aışıb-yandıqca maşanın üstündə qızdırdığımız boyat təndir çörəyinin, partapartla qovrulan şabalıd, alma, heyva pörtləməsinin iyi gəldi burnuma!..

Pilləkənin altındakı geniş şüşəli qapı mətbəxə açılırdı – iki cavan qızın iri gümüş podnosla həmin qapıdan girib-çıxır, yuxarı mərtəbəyə cürbəcür təamlar daşıdığını gördüyümdən bu qənaətə gəlmişdim. Qalan üç qapı isə bağlıydı.

Andrey qolumdan yapışıb məni yuxarı dəvət etdi. Yuxarı qatda, Andreyin dediyindən hələ də qapısı bağlı qalan, bir vaxtlar ancaq atasının girib-çıxdığı iş otağı, bir balaca yataq otağı və böyük ziyafət zalı vardı.Kəllə divarın qarşısındaki yaşıl məxmərli bilyard stolundan, zalın ortasında ətrafına stullar düzülmüş nəhəng açılma masadan savayı heç nə yox idi.Ağ örtük sərilmiş masanın mərkəzi tər çiçəklərlə bəzədilmiş, ətrafına o qədər naz-nemət düzülmüşdü ki!

Mənimlə nəzakətlə görüşüb “xoş gəldin” deyən Sonya bizim yuxarı qalxdığımızı gözləyirmiş kimi uzrxahlıq edərək bizdən aralandı, xidmətçi qızlara bəzi göstərişlər verib alt mərtəbəyə endi.

Gözlərimə inana bilmirdim, sanki nağıllar aləminə düşmüşdüm. Həyatımda belə təm-taraq görmədiyimdən heyrətimi gizlətməyə çalışsam da bacarmırdım, gözlərim gah ora, gah bura baxır, ürəyim çırpınırdı.Həm də fikirləşirdim ki, bu qədər imkanı olan Andrey niyə ziyafəti restoranda deyil öz bağ evində təşkil edib? Heç ona da ehtiyac yox idi, məncə, elə ikimiz olsaydıq, oturub dərdləşsəydik, olmazdımı? Birdə ki, mənim ziyafətlik halım nə gəzirdi?!

Andreyin qəfil sual yağışına tutması məni fikirdən ayırdı.

–Danış görüm, evlisənmi,neçə uşağın var? Yadındadır, deyirdin ki, dörd uşaq istəyirəm, yadındadır?! Siz qafqazlılar uşaq sevənsiz axı?!…

Könülsüz cavab verdim:

–Hə…

–Nə hə?-Cavabım onu qane etmədiyindən təəccübləndi.

–Yənii, çox uşağı xoşluyuruq biz.

–Bəs sən?

Ona necə deyəydim ki, bu barədə danışmaq, düşünmək belə istəmirəm?! Öldü mənim sevgim, arzularımı dəfn etdim, özü də çoxdan!

–Evlənməmişəm…Alınmadı mənimki…

“Sən, indiyə kimi subay? İnanmağım gəlmir!”demək istədi, amma üzümə diqətlə baxandan sonra hiss etdi ki,bu mövzu mənə çox toxunur, ona görə də söhbətin məcrasını dəyişdi.

–Bağışla. -deyib əlini çiynimə qoydu.

Hələ ki, ikimiz idik. Mədətlə köhnə ünvanında onu necə axtardığımızdan, qonşu qadının “onlar daha burda yaşamırlar” deyib bizi necə məyyus etdiyindən, İsraildə əməliyyata aparıldığından, bəlkə qayıdıb deyə, sonralar dəfələrlə həmən ünvana getdiyimdən danışdım. Axtarışlarım heç bir nəticə vermədiyindən, əlimin hər yerdən üzüldüyünü, onu həmişəlik itirdiyimi zənn etmişdim. Danışdıqca, Andreyin pərişan olduğunu hiss edirdim. Onu tapmaq, görüşmək üçün çəkdiyim əziyyətlər onu mütəəsir etmişdi. Günahkar kimi üzrxahlıq edib əllərini sıxdı.

–Bağışla, Rüfət,-dedi.-Gərək belə olmayaydı.Bir də, hər şey o qədər gözlənilməz oldu ki?!.

–Eh, Andryuşa, özünü üzmə, sənin heç bir günahın yoxdu.

O bir qədər xəyala dalıb durdu.Sonra başına gələnləri xırdalamağa başladı.Dedi ki, SSRİ dağılandan sonra atamı işdən çıxardılar. Uzun illər yüksək postlarda işləyən kişi buna dözə bilmədi, iki dəfə infarkt keçirdi, müalicə olmağına baxmayaraq o qədər fikir çəkirdi ki, ürəyi davam gətirmədi. Təsəvvür edirsən, ömrü boyu hökümətə işləyəsən, amma sonda, iynə-dərman almağa pul çatdıra bilməyəsən.Kimlərsə etdiyi cinayətlərə görə özünə haqq qazandırıb, ailəsinin gələcəyini düşünərək vicdan əzabı belə çəkmədən haram pul qazanarkən,atam, bəlkə də ömründə ilk dəfə, hamıdan fərqlənən təmizliyinin əzabını çəkir, mənasız yaşadığını anlayırdı. Yaxşı ki, onun tam əksi olan Sonyanın atası vardı, mənə əl tutdu, qaldırdı bataqlıqdan. Mərkəzdəki sən getdiyin mənzil ki var, onu satmaq istəyirdim, qoymadı.

Əfqanıstanda zarafatla ona demişdim ki, atan bizdə nazir işləsəydi, indi, Allah bilir harda kef çəkirdin, daha bu cəhənnəmdə eşələnmirdin.Belə baxanda,sən heç nazir oğluna da oxşamırsan, vallah;zəifsən, xəstəyə oxşayırsan, elə bil detdom uşağısan, qarın dolusu çörək də yeməmisən ee…

O da cavabında demişdi ki, mənim atam təmiz kommunstdir-əsl leninçi – hökümətin verdiyi maaşdan başqa heç nədə gözü yoxdu. Düzü, mən ona inanmamışdım, çünki inana bilmirdim. O kommunistlərdən bizdə də vardı. Necə ola bilərdi, bizim katiblər, sovxoz direktorları, kolxoz sədrləri, lap məktəb direktorları da onun kimi ciblərində qırmızı partbilet gəzdirir, yeri gələndə dədəsinin canına yox, partbiletnə and içirdi, amma rüşvət də alırdı, lap o yana da keçirdi, amma Andreyin atası təmiz kommunist-Leninçi idi?! Bəs onda bizimkilər kim idi?

Uzun sözün qısası, SSRİ boyda dövlətdə sayılıb-seçilən nazir oğlunun hərbi xidmətdə, özü də Əfqanıstanda olması məni lap çaşdırmışdı onda.

Andrey qayınatasının köməyi ilə balaca sex açıb işlətməsindən, sonra Polşadan, Finlandiyadan defisit mallar gətirməsindən söhbət açdı.Dedi ki, ölkəni xaos bürüyəndə,qarşıma bir məqsəd qoydum ki, nəyin bahasına olursa-olsun, nəyə qadir olduğumu sübut etməliyəm. Atamın düşdüyü vəziyyət onun ölümündən sonra mənə dərs olmuşdu;hökümətə inamım sıfra enmişdi, hamıdan, köhnə tanışlardan, atamın dostlarından uzaq gəzirdim.Özüm, özümü təsdiq etməliydim. Necəsini isə bilmirdim. Çox düşünüb-daşınırdım, başımı itirmişdim. Və bir gün, həvəssiz divanda uzanıb baxdığım film bütün düşüncələrimi alt-üst etdi.Yaxşı xatırlamıram o filmin adını, amma orda cərəyan edən hadisələr mənə necə mübarizə aparmağın, necə yaşamağın yolunu göstərdi, gözlərimi açdı…

Getdikcə həyacanlanan Andrey, arada masaya soyuq qəlyanaltılar düzən xidmətçi qızların otağa girub-çıxdığına da məhəl qoymadan səsini ucaldırdı.

–Bax,-dedi,-bu gün, pis-yaxşı, nəyə nail olmuşamsa, elə bilirəm ki, həmən filmin davamıdır…Amma bu filmi mən çəkmişəm, mən! Ətrafım, dostlarım, var-dövlətim. Hər şeyim var. O xəstəyəbənzər, zəif, aciz bəndəniz filmin ilk seriyasında qaldı.Mən o seriyanın bütün lentlərini yandırmışam, Rüfət, yandırmışam!…

Keçmişını xatırlamaq onu haldan-hala salsa da, ardınca əsl mətləbin üstünə gələcəyinə əmin idim. Lakin, mənim maraqla, həyacanla dinlədiyim söhbətini qəfil kəsdi, əhvalı da tamam dəyişdi, gülümsəyib bu söhbətin mənə necə təsir etdiyini öyrənirmiş kimi gözlərimin içinə baxdı.Orda nə oxuya bildi, deyə bilmərəm, amma, dəqiq nəsə oxudu, sanki məni intizarda qoymaq üçün dedi:

–Axşam səni ən yaxın dostlarıma təqdim edəcəm.Bilirsən, əslində onlar səni tanıyırlar-qiyabi. İndi də qoy görsünlər, əsl dost necə olar!

–Andrey, əziz dostum, bu təm-təraq nəyə lazım idi?Məni utandırırsan…

O sözümü yarımçıq kəsdi:

–Boş şeydi. Gəl bu barədə danışmayaq, oldu?!

Çalışırdım ki, hər sözümdə, hər hərəkətimdə ona göstərdiyi qayğısına görə minnətdarlığımı bildirim.Hər dəfə də “bu nə söhbətdi”, “məni utandırma”, “axı mən neyləmişəm səninçün?”deyib ağzımdan vururdu.Hər dəfə də ondan nəyə görə əff diləməsini soruşmaq istəyəndə ,“sonra”deyib mövzudan uzaqlaşırdı.

İndi isə əmin idim, vacib deyəcəkləri vardı, ona görə sual dolu baxışlarımı ona zilləyib durdum.

Andrey masanın ətrafında var-gəl edir, guya düzülmüş nimçələr, bıçaq və çəngəllər yerində deyilmiş kimi onları tarazlayır, əlini əlinə sürtərək gəzişəndən sonra baş tərəfdə olan stulu altına çəkib əyləşdi, üzbəüz stula işarə edərək oturmağımı istədi.Başa düşdüm ki, o, indiyəcən məni incidən, narahat edən vacib suallardan hansınasa cavab verəcək, mütləq verəcək.Çünki, Andreyin sifətində bayaqki məsumluq, xoşbəxtlik hardasa gizlənmişdi, qeyb olmuşdu.Nədəndi bu gərginlik, bu təlaş? Ovucunun içiylə saqqalını ovuşdurdu, mənim üz-üzə oturmağımı gözləyirmiş kimi söhbətə başladı.

–Rüfət…o qədər deyiləsi sözüm var ki, bilmirəm hardan başlayım.-Seyrək saqqalının, qulaqlarının tərpənişindən gərgin olduğu bilinirdi.Sözlərinə qüvvət verdim ki, elə mənim də…

–Bilirsən, əgər sənə bir şey olsaydı…-O kövrəldi.-Sənə bir şey olsaydı özümü bağışlaya bilməzdim, heç vaxt bağışlamazdım…

–Hər şey yaxşıdı…Axı…sənin nə günahın varki?

– Sözümü kəsmə…Bəlkə də indi heç yeri deyil, amma…amma bilməyin vacibdi.

Maraq məni götürdü.Təqribən söhbətin nədən gedəcəyini zənn etsəm də özümü bilməməzliyə vurdum. Soruşdum:

–Nəyi? Məndən gizlətdiyin şeylərmi var? Danış, bir az rahatlaş. Sənin bu halından heç xoşum gəlmir.

O sanki qəti qərar çıxardı, əllərini masanın kənarında çarpazlayıb düz üzümə baxdı, təmkinlə söhbətə başladı:

–Uzun söhbətdi.Hər şeyi danışacam, hər şeyi…Mənə elə gəlir ki, ilk öncə, dostunun kim olduğunu bilməyin vacibdir. Bilmirəm bunu necə qarşılayacaqsan, amma bu həqiqətdi. İstəyirsən mənə nifrət et, istəyirsən bağışla, özün bilərsən.And içirəm ki, sənin bu hala düşməyində mənim zərrə qədər də günahım yoxdu! Sonya xəstəxanada sənə bir söz vermişdi, yadında?

“Dostunun kim olduğunu bilməyin vacibdir” deyəndə dalağım sancdı.Onsuz da qəlbimi sıxan şübhələr, gözümü açıb onu ilk dəfə görəndə, professorun bu naməlum insanla ehtiyatlı davranışında, başımın üstündən əl çəkmədiyini eşidəndə,indi də qara “Ceep”i həyətində görəndə yaranmışdı.Cavab verdim:

–“Berkut”la görüşdürəcəkdin…

–Hə,Rüfət, əzizim, “Berkut” mənəm…

Elə təmkinlə, sakit dedı ki, sanki bütün Moskvanın canına vəlvələ salan bandit dəstəsinin başçısından yox, hansısa avaradan bəhs edirdi Andrey. Daima fikrimdə dolaşan təxminlər apaydın oldusa da bir xeyli duruxdum.Belə çıxırdı ki, başıma gətirilən müsibətlərin səbəbkarı da, xilaskarı da odur.Bu necə ola bilərdi? Ürəyimdən keçənləri oxuyurmuş Andrey.Dedi:

–Çalışacam qısa şərh edim olanları. O gün Moskvada deyildim. Bilirsən, Sonya Almaniyada müalicə olunurdu, onu gətirməyə getmişdim…Bu əclaflar, -sən onları tanımırsan-əclaflar, yoxluğumda fürsət tapıb özbaşınalıq ediblər…O bazarın sahibini – Tixomiri– tanıyırsan yəqin, eşitməmiş olmazsan…-Başımla təsdiq etdim ki, hə, tanıyıram.-Hə, Tixonun qardaşı mənim adamımın maşınını partladıb, mənim adamımın oğlu da yanındaki iki nəfər qızla tikə-tikə olub. Aralarında nə düşmənçilik var bilmirəm, “Kamar”– ölən oğlanın atası – mənim gəlişimi gözləməyib, beyni qızıb, oğlunun intiqamını almaq üçün bazara basqın edib…Başa düşürsən? Onun bu özbaşınalığı, yekəbaşlığı mənim adıma, mənim reputasiyama zərbə vurub…

Andrey etirafa başlayandan, “mənim adamım”, “burda olmamışam”, “özbaçınalıq ediblər” ifadələrini eşitdikcə gözlərimin qarşısından,bir göz qırpımında pəncərənin şüşəsini bağlayıb gözdən itən, indi bu həyətdə, məhz onun həyətində dayanan qara “Ceep” gəlib keçirdi. Axı görmüşdüm onu? Başa düşürəm deyəsən; hansısa möcüzə nəticəsində sağ qaldığımdan məni tanıyan Andrey öz xətalarını kiminsə adına yazaraq inandırmaq istəyir ki, bu müsibətdə onun əli yoxdu.Necə də axmaq adamam, indiyəcən dərk etməmişəm ki, mənim üçün əldən-ayaqdan getməyin,bu qədər xərc çəkməyin bir səbəbi olmalıdır axı?! Bir tərəfdən də düşünürdüm,əgər Andrey “Berkut”dursa, niyə yalan danışıb özünə bəraət qazandırmağa çalışmalıdır?! Lap ölümcül olsam da sağ qalmışdım,nə olsun?Mən bu qərib diyarda kiməm axı, yeri gəlsə,heç itirib-axtaran da olmaz.Məni, öldürüb Moskva ətrafında hansısa bataqlığa tullamaq çətin iş imiş?! Özü də kim, kim, “Berkut! Bu ki onun üçün su içmək qədər asandı?! Özbaşınalıq, xaos baş alıb gedən sahibsiz bir ölkədə o qədər izsiz-soraqsız itib-batanlar vardı ki?! Yurd-yuvasından aralı düşən mənimkimilər bu cür aqibətlə azmı üzləşiblər?! Yox, Andrey qarşımda bu vəziyyətə düşməyi özünə sığışdırmazdı, öldürtdürərdi, amma əyilməzdi.

Andrey:

–Moskvaya gələndə,-dedi,– hələ “Şeremetyev”də mənə hesabat verdilər ki, böyük qalmaqal baş verib.”Tixon” da itə dönüb, “bunu belə qoymayacam”, deyir.Düz də eləyir. Aramızda razılaşma ola-ola “Kamar” bu razılaşmanı pozub…

Pilləkəndə dikdaban ayaqqabının tıqqıltısı eşidiləndə sözünə ara verib səsə tərəf boylandı.Mən də döndüm, bir az keçmiş Sonya zalın o biri başında göründü.

–Əzizim,– nazlana-nazlana Andreyə yaxınlaşıb əllərini onun çiyninə qoydu. -Qonağımız hələ tam sağalmayıb,sənsə onu söhbətlərinlə üzürsən.Belə olmaz axı? Dostun bizim barədə nə fikirləşər?-Bunu mənə baxaraq söylədi.Davranışında bir sünilik, səsində kimə ünvanlandığını başa düşmədiyim yüngül istehza hiss olundu.Bəlkə də mənə elə gəldi; kübar ailədən çıxmış, təkəbbürlü , ərkəsöyün qızların bu tonda danışmasına öyrəncəli olmadığımdan elə başa düşdüm? Andrey başını ona tərəf qaldirıb könülsüz gülümsəyərək dedi:

–Əzizim, narahat olmağa dəyməz.Mən “Berkut” barədə danışırdım.

Sonya incimiş uşaq kimi üzünü turşudub əllərini onun çiyninə döyəclədi.

–Yaramaz.Sən mənim sürprizimi korladın.Küsdüm səndən, uff…

–Soniçka, əzizim,bağışla, belə yaxşıdı,mən gözləyə bilməzdim, başa düşürsən?

Ərinin nəvazişindən əriyən Sonya başını yellədi ki, “hə, başa düşdüm”,sonra da qapıya sarı üzünü çevirib xidmətçi qızı səslədi.Onun çağırışıyla pilləkənin başında görünən bəstəboy qızcığaz çaşqınlıqla təzim edib soruşdu:

–Eşidirəm,Sonya Markovna?

–İki fincan qəhvə gətir…

Lyuda:

–Siz ?..

–Yox, mən aşağıda içərəm.Qoy kişilər rahatca dərdləşsinlər.

Bunu deyəndə Andreyə baxdı; bu o demək idi ki, söhbətinizi davam etdirin, mən getdim.

Xidmətçi qız təzim edib aşağı düşdü, arxasınca da Sonya.

Elə bil o da mənim kimi Sonyanın otaqdan çıxmasını gözləyirdi ki, yarımçıq qalmış söhbətinə qayıtsın.Masanın ətrafına fırlanıb düz yanımdakı stulu çəkib oturdu.Sonra siqaret yandırdı.Birinci dəfəydi omu siqaret çəkən görürdüm.Təəccübləndiyimi görüb dedi ki, yavaş-yavaş tərgidirəm.Xüsusi bir zövqlə tüstünü ciyərinə çəkdi, ikinci qullabı da vurub siqareti külqabında söndürdü, “bəsdi “ dedi. Söhbətini davam etdirib məni ölümcül vəziyyətdə görüb tanıdığından, anqardan “Təcili yardım “ xəstəxanasına necə çatdırdığından danışdı.

Özü barədə bu qədər ətraflı danışmağına baxmayaraq hələ də inana bilmirdim ki, qarşımdakı Andrey, uzaq 1980-ci ilin yazında, kazarmanın tualetində məndən imdad diləyən o aciz, sanki xəstəlikdən zəif düşmüş arıq oğlanın özüdür. Andrey hər şeyin nöqtəsini qoydu.

–Rüfət,-dedi,– dediyim filmə baxdığım zamanlar buralarda it də yiyəsin tanımırdı.Kim nə istəyirdi onu da edirdi.Mən də risk edib bu yolu seçdim…Bilirəm, indi fikirləşirsən ki, bu can-cəsədlə bunlara necə nail oldum?! Bilirsən, Rüfət, belə işlərdə ağıllı olmaq kifayətdir…Sonyanın atasından əlli min dollar pul götürüb ətrafıma qoluzorluları, idmançıları, “əfqan”ları yığdım.Başlanğıc çox çətin oldu.Xırda reketlik edir, nüfuzumuzu , gücümüzü göstərirdik, çoxları bizdən qorxur, bizimlə razılaşırdılar. Amma sonralar, laxlayan hökumətin də bizim hərəkətlərimizə göz yumması əl-qolumuzu açdı, özümüzü təsdiq etdikcə biznesimiz çiçəklənirdi. Əlbəttə, bəzi kriminal dairələrin xoşuna gəlməsə də biz öz sözümüzü demişdik artıq. Qarşımızda heç bir maneə yox idi, çünki hamını satın almışdım.Pulun qarşısında butun səddlər əriyirmiş,dostum, bütün səddlər!

Yenə də dilimin ucuna “mafiya” kəlməsi gəldi və mən bunu heç pıçıldamadım da. Amma Andrey mənim sözümü təkrarlayırmış kimi başını tərpətdi.

–Hə, mafiya !

Bu dəm xidmətçı qız bizə yaxınlaşdı, gətirdiyi iki fincan kofe və perojnaları qarşımızdakı desert nimçələrinə qoyub çıxdı. O kofedən bir neçə qurtum aldı, yenə siqaret yandırıb soruşdu:

–Məni bağışlaya bildinmi?

Məndən hansı cavabı gözləyirdi, bilmirdim, amma bir anlıq mən də ömür kitabımın ədalətli-ədalətsiz, acılı-şirinli, haqlı-haqsız anlarını vərəqlədikdən sonra anladım ki, Andreyin yandırıb külə döndərdiyi filmin birinci seriyasını həmişəlik unutmaq daha yaxşı olardı.Həmən seriyada mən də vardım– əhdinə sadiq qalmayıb öz sevgisinə xəyanət edib özgələrini suçlayaraq intiqam alan, həm də qəddarcasına öldürdüyü,bəlkə də günahsız bir insanı it leşi kimi dəniz sahilində qoyub qaçan əclaf… Bəli, mənim də filmim indi başlayacaqdı.Çünki ikinci seriyada bütün kartlar açılır…

–Hə,-dedim.

Andrey tüstülənən siqaretini külqabına atıb ayağa qalxdı, boynuma sarılıb məni qucaqladı.

–Dostum!-dedi.-Nə yaxşı ki, sən varsan!

– Andrey…

–Heç nə demə, xahiş edirəm, daha dinmə.Sən ki, məni bağışlaya bildin, bəsimdi.Yoxsa, yoxsa ömrüm boyu əzab çəkərdim.Buna inan.

–Bu bizim taleyimizdi, bizim…

– Bir də… onu bilmək istəyirəm – mənimləsən?

–Hə,-dedim. -Bu bir kəlmə məni hara aparacağını dərk etmədən, bəlkə də keçmişimdən qaçıb gizlənmək üçün dedim.Özgə nə deyə bilərdim.

Kofe fincanlarımız boşalana kimi heç birimiz danışmadıq.Fikirləşirdim ki, görəsən Andrey mənim barəmdə nə düşünür? Bu anda onun ürəyini oxumaq istəyi o qədər güclüydü ki! Heç nə yox, bütün bu yaşadıqlarımdan sonra belə asanlıqla onun yanında olmaq, ona xidmət etmək üçün razılığa gəlməyimə necə baxırdı?Bəlkə elə başa düşür ki, çıxılmaz vəziyyətə düşdüyümdən bu qərarı verdim, ya da ətrafından, gücündən, silahlı başkəsənlərndən ehtiyat edib ona yaxınlaşıram?.. Əşi, nə düşünür-düşünsün, mən onu bilirəm , hətta əminəm ki, onun da mənə ehtiyacı var.Mənim nəyə qadir olduğumu yaxşı bilirdi.Amma bunu birinci seriyadakı aciz, sahibsiz, qorxaq Andrey bilirdi. Bəs bu boyda meqapolisin yarısından çoxunu barmağına sarıyan, az qala bütün güc strukturlarına da təzyiq və təsir edən, xarici banklara milyonlar yatıran Andrey nə bilir, nə düşünürdü mənim barəmdə?!

Sonya, ətrafında xidmətçi qızlar zala daxil olub Andreyə bildirdi ki, tezliklə qonaqlarımız gələcək, aşağıya düşüb onları qarşılamaq lazımdı.O düz demişdi; alt mərtəbəyə enəndən heç on-on beş dəqiqə keçməzdi qapıda dayanmış mühafizəçi darvazanın qənşərində dayanan maşınlar barədə məlumat verdi.

–Şef, İsaak Romanoviç, Tamara Vasilyevna, Qennadiy Plotonoviç, Raisa Semyonovna təşrif buyurublar, buraxım?..

–Əlbəttə, əziz qonaqları gözlətmək olmaz, -deyib onları qarşılamaq üçün həyətə çıxdı.Mühafizəçi darvazaya sarı götürüldü. Məni gətirən “Mersedes” hələ də qapıdaydı.Nə sürücü, nə də bayaqdan bağçada gül-çiçəyə qulluq edən bağban gözə dəyirdi.Nədənsə, evin həndəvərində fırlanan silahlı mühafizəçilərə küçəyə çıxmağı tapşırdı.Qonaqlar bir-bir balaca qapıdan həyətə daxil olurdular.Onda başa düşdüm ki,mühafizəçilər küçədə dayanacaq maşınların və sürücülərin təhlükəsizliyini qorumaq üçün tapşırıq alıblar.

Andrey qonaqları nəvazişlə qarşılayıb hər biriylə görüşərək “xoş gəlibsiz” deyib evə dəvət edirdi.Xanımları qarşılamaq üçün Sonya da pilləkənin başında göründü.Bir azdan beş nəfər də təşrif buyurdu.Onların arasında yeganə tanıdığım adamı – saqqallı professoru görəndə sevindim, çünki, xəstəxanadan çıxanda işdə olmadığı üçün onunla xüdahafizləşməmişdim. O məni görəndə əziz bir dost kimi bağrına basıb görüşdü. Üzrxaxlıq etdim ki,bağışlasın, elə bilmişdim onu bir daha görməyəcəm.Professor qəh-qəhə çəkib güldü ki, hələ indiyəcən həkimdən, bir də prokurordan heç kim sığortalanmayıb. Hamı gülüşdü.

Qonaqlar plaş və paltolarını,(bəziləri yaşlı olduğundan, hava soyuq olmasa da qalın geyinməyi üstün tutmuşdular) xidmətçı qızlara verib yuxarı qata qalxdılar.

Nəhayət, dəvətli qonaqlar hamısı – onlar on iki nəfər idi– süfrə ətrafına yığışdı. Andreylə Sonya bir də qonaqları salamlayıb əyləşmələrini rica etdilər.Mən Andreyin yanında əyləşdim. Xidmətçi qızlar soyuq qəlyanaltılardan nimçələrə çəkir, içki süzür, qonaqları əyləndirirdilər.

Hiss olurdu ki, bütün qonaqlar bu evə, ailəyə bələd olduğundan, özlərini çox sərbəst aparırdı.Yeyib-içir, məzəli-duzlu əhvalatlar danışır, bu kampaniyada ilk dəfə olduğumdan məni də darıxmağa qoymurdular.Əvvəlcə professor mənim sağlığıma badə qaldırdı, sonra Andreyin ailəsinə xoşbəxtlik arzuladı.Biz təşəkkür edib professorun məndən ötəri çəkdiyi əziyyətə, qayğıya görə minnətdarlıq etdik.

Andrey özünü o qədər rahat hiss edirdi ki,kefi yamanca kök idi, hətta arada Sonyayla şit-şit zarafatlaşırdı da.

Onun belə içdiyini bilmirdim. Yadımdadı, bir dəfə – hələ Əfqanıstana göndərməmişdilər bizi – əsgər yoldaşımız Vano Maxaradze evlərindən “pasılka” almışdı.Demə özü bilirmiş ki, pasılkada “çaça” göndəriblər. Yeşık də o qədər ağır idi, növbətçi zabit əlindən almasın deyən, vermişdi serjantımıza ki, gizlətsin,sonra içərik. Tamahkar serjantın deyəsən pasılkanı qaytarmaq, nə də bölmək fikri yox idi. Bir gün, iki gün gözlədik, amma nə serjantdan, nə də “çaça”dan xəbər çıxdı.Öyrəndik ki, qutunu “kaptyorka”da gizlədir, qapınin da açarı cibində.Bax onda köməyimizə Andrey çatdı.”Kaptyorka”nın qapısının üstündə dar uzun şüşə vurulmuş dəlik vardı.Bizim rotada Andreydən arıq,balaca əsgər yox idi -zalım oğlu, elə bil ikilik taxtaydı. Hə, şüşəni səliqəylə çıxardıb həmən dəlikdən Andreyi saldıq içərı,vəssalam, beş dəqiqədən sonra “çaça” olan tuluq əlimizdəydi…Dalına qulaq as,”çaça”nı başqa qablara boşaldıb gizlətdik.Qarşıda may bayramı gəlirdi, onda içərik dedik. Bu hələ az imiş, ağlımıza hardan gəldi bilmirəm, serjanta yanıq verməkçin hamımız bir-bir tuluğun içinə işədik, ağzını bərk-bərk bağlayıb qoyduq yerinə. Təsəvvür edirsən, “mayovka”da serjant o biri rotaların serjantlarını, bizim zabiti “çaça”ya qonaq edirdi, biz isə əsl içkimizi bala-bala vururduq bədənə....

Bircə onu başa düşmədim, daha doğrusu heç kim anlaya bilmədi, tulyqda olan sidiyin qradusu nə qədər olmuşdu ki, serjantlar “açarlarını” itirmişdilər, biz isə onlara baxıb gizlincə gülüşürdük –ləzzət eləmişdi yaman! Bayramın səhəri “podyom”dan sonra kazarmanı başına götürmüş ifunət iyini aparmaq üçün bütün qapı-pəncərələri taybatay açdıran leytenant hələ də ayılmayan serjantın çarpayısına yaxınlaşanda burnunu tutub elə qaçmışdı ki!

Andreyi ilk və son dəfə içən görmüşdüm onda; əllicə qramdan sonra nə hallara düşdü, deyiləsi deyil, bilmədik orqanızmi zəif olduğundanmı “çaça” təsir etmişdi, yoxsa ümumiyyətlə içə bilmirdi -rəngi meyid kimi ağappaq olmuşdu vallah, dedim yəqin öləcək. İndi isə az-az da olsa içirdi, nə üzünü turşudurdu, nə də keflənirdi…

Gözləmirdim ki, mənə sağlıq demək üçün söz verələr.Çox təkiddən sonra dolu badəmi qaldırıb bütün məclis iştirakçılarına xitabən dedim:

–Hamınıza minnətdaram! -Proofessor məndən solda əyləşmişdi deyə, ona təzimlə:– Xüsusiylə sizə, professor!– Andreylə Sonyaya üzümü çevirib əlavə etdim.-Sizin mənə qarşı olan diqqətinizi, qayğı və hörmətinizi ömrüm boyu unutmaram.Çox sağ olun!

Masa geniş olduğundan ancaq yaxında əyləşənlər badələrini bir-birinə vurub cingildədirdi, əlləri çatmayanlar isə badəsini təbəssümlə havada oynadandan sonra içirdilər. Andreydən başqa məclis başlayandan nəzərini məndən çəkməyən, Sonyanın mənə bank sahibi kimi təqdim etdiyi Raisa Semyonovna da mənim yalandan içdiyimi sezmişdi.

Yumrusifət, fındıqburun,yanaqları şərabın təsirindən lalə kimi qızarmış, xüsusi aristokrat ədası ilə danışan,şübhəsiz bu cür məclislərdə daha çox diqqət çəkmək üçün tez-tez filosoflardan sitat gətirən orta yaşlı Raisa Semyonovna təəccübünü gizlətmədi :

–Bu ecazkar oğlan qafqazlılara heç oxşamır! Düzdü, Soneçka? Rus dilində elə səlist danışır ki! Həm də görünür, yüksək mədəniyyət sahibidir.Andryuşa, mən sənə həsəd aparıram. Yox, deyəsən lap paxıllıq etməyə başlayıram....

–Paxıllıq niyə?-Andrey soruşdu.

–Belə dostum olmadığına görə.

–Rüfət bu gündən mənim dostlarımın da dostudur.Hə, Rüfət?

–Əlbəttə.

Andrey mənə baxıb göz vurdu.Sonra dəsmalla əllərini silib boynumu qucaqladı, sakitcə qulağıma pıçıldadı:

–Hə, necədi,xoşuna gəlir?

Mən bir az pörtdüm deyəsən.Raisa Semyonovna da bunu duydu.Mənalı baxışlarını üzümdən çəkməyərək davam etdi:

–Bayaqdan fikir verirəm, dostun bizimlə vurur, amma içmir. Bu da bir taktikadı?.. Bravo!

–Bağışlayın, hələ…

Andrey sözümü kəsib Raisaya, həm də bütün məclisə dedi:

–Rufət onsuz da spirtli içki qəbul eləmir,həm də komadan təzəcə çıxıb, üzürlü sayın, dostlar.

Qonaqlar razılıqlarını bildirdilər.Mən isə Raisanın ürəyindən keçənləri gözlərindən oxuyurdum və məclisin səs-küyündən istifadə edərək ona tərəf əyilib yavaşca:

–Heç bir problem yoxdu, mən sizin qulluğunuzda hazır,-dedim, sonra hamının eşidəcəyi tonda soruşdum:-Siz mənə dostluq təklif edirsizsə?..

Yarızarafat-yarıciddi sualımı verəndən sonra tutuldu, yanaqları bir az da qızardı.Dəsmal götürüb pörtmüş sifətini sildi və sanki indi hiss etdi ki, hamı onun nə cavab verəcəyini gözləyir.

–Elədir ki, var!-dedi, onun fikrinə şərik olacağına əmin olmaq üçün məclisdəkilərə üzünü tutub məmnunluqla təsdiq etdi.– Niyə də yox?!

“Sizin kimi gözəl xanımla bir yerdə olmaq çox xoş olardı!”– demək istədim, lakin susdum.Əvəzində:

–Qəbul oldu,-dedim.Hamı gülüşdü.

Raisanın gözləri işıq saçdı,əlini mənə uzadıb təsdiqlədi:

–Məni utandırmayın, tanrı eşqinə!…

Bayaqdan bunun bir zarafat, bir oyun olduğunu sanan Andrey, söhbətimizin belə ciddi sona çatacağını ağlına gətirmədiyindən qımışdı, sonra da baş barmağıyla Raisa Semyonovnanı hədələyib gülümsədi:

–Ay səni yaramaz Raya, gözümüzün qabağında kişinin saqqızın necə də oğurlaya bildin, uxx! Bankın pullarını xərcləməyə yer tapdın nəhayət.Axı kimin üçün yığırsan o pulları,hə?!.

–Özünə yaraşan kişi tapa bilmir, neyləsin?-bunu başı daz qırxılmış, artistlər kimi parıltılı kostyum geymiş, şişman, amma möhkəm cüssəli Qennadiy Petroviç deyib ayağa qalxdı.Bir qədər sağa-sola baxıb bic-bic gülümsündü.-Biri elə mən. Niyə xoşuna gəlmədim, hələ də bilmirəm.Az qala ayağına pəyandaz olmuşdum. Nə isə… Raya, amma ehtiyatlı ol haa, qafqazlılar çoxarvadlı olurlar, bir də gördün gəliblər düz banka, səninlə saçyolduya.Ha– ha-ha-ha!..

Andrey tələsik onun narahatçılığına son qoydu:

–Bax, bunu düz tapmadın. Dostum subaydı, deməli saçyoldu təhlükəsi Rayiçkanı gözləmir.

–Oy, ürəyim lap düşmüşdü…Onu da deyim ki, lap uşaqlıqdan saçyoldudan xoşum gəlib.-

Zarafatla Raisa əlavə etdi və mənə baxıb qımışdı.-Həmişə də qalib olmişam.

Hamı gülüşdü . İndi məni heç gözdən qoymayan, hər bir hərəkətimi gözaltı izləyən Raisaya diqqətlə, artıq bayaqkı kimi yox, lap müştəri gözüylə baxdım; gözü-qaşı yerində, nə çox arıq deyil, nə də kök,əsl mən deyəndi,mənə babdı, yaşı da çox olmaz, hiss olunur,çox elə kişi də görmüb.İşgüzar qadındı da, başı qarışıb kasryerasına, kişi yaddan çıxıb. Onda bu karyeradı-filandı, nəyinə gərəkdi ki, ailəsiz, uşaqsız…Arada fikirləşdim ki, görəsən belə qadınlar kişisiz necə yaşaya bilir? Yaşayırmı?

Xidmətçi qızlar yaxınlıqdakı kafedə bişirilmiş kababı süfrəyə gətirəndə, odun közünün, manqalda qızarmış ətin iyi otağı ovsunladı.Demək olar ki, hamı təzə bişmiş kababın ətrindən bihuş olub “bəhə-bəhlə” yeməyə başladılar.Yenə badələrə içkilər süzüldü, sağlıqlar deyildi, billur badələrin cingiltisi eşidildi.

Sonya xidmətçi qızın qulağına pıçıldadı, qız başını tərpədib zaldan çıxdı və bir neçə dəqiqədən sonra məşhur qaraçı mahnısının sədaları eşidildi.Məftunedici “Oçi çyornıye” romansını oxuyan müğənninin səsi getdikcə yaxınlaşırdı.Səsə tərəf döndük – pilləkənlərlə yuxarı qalxan qaraçı müğənni arxasınca da iki skripkaçı zala daxil olurdular. Qaraçı qızının məlahətli səsi hamını mat qoymuşdu.Hətta duyğulanmış məclis iştirakçıları romans bitəndən bir neçə saniyə sonra özlərinə gəlib qaraçı müğənnini ayaq üstə bərk-bərk alqışlamağa başladılar. Andrey təəccüblə Sonyaya tərəf baxdı.

–Bu da mənim sürp-ri-zim! Necədi?…-deyib gülümsündü.

–Afərin, mənim gözəlim!– Məclisi gözlənilmədən şuxlandıran qaraçı üçlüyünü nə vaxt dəvət etməsindən bixəbər olan Andrey məmnun oldu.

Mən də təşəkkür etdim.Sonra skpipkaçılar bir neçə melodiya da ifa etdilər.Musiqidən təsirlənən Raisa qəfildən pəs səslə “Ya lyublyu jenatoqo” mahnısını zümzümə eləməyə başladı və məclisdəkilər də ona qoşuldu.Saratovda rus dostlarımla keçirdiyim kiçik, lakin dolğun məclislər yadıma düşdü və belə məclislərdən mənim üçün ən yadda qalanı, xoş anlar yaşadan retro mahnıların xorla oxunması olurdu.Yenidən o anlara qaytardığı üçün Sonyaya da, Raisayada başımı razılıqla tərpədərək təşəkkürümü bildirdim.Dostlar sərbəst olduqlqrı qədər də sərxoş idilər.Artıq heç kim yemirdi, amma badələr içkilərlə dolub-boşalırdı.Birdən kimsə musiqiçilərə tərəf qışqırdı:

–Vals! Maestro, vals!…

Skripkaçı qaraçılar tanış gələn qədim vals ifa etdilər.Qadınlar kişiləri rəqsə dəvət edirdilər.Hərə öz seçımıni etmişdi, daha doğrusu bu məclisdə kişilər çoxluq təşkil etdiyindən çoxumuz tərəf müqabilsiz qalmalıydıq.Raisa Semyonovna hələ durmağa tələsmədiyindən yerdə qalan kişilərin hər birinin ondan təklif gözlədiyi aşikar hiss olurdu. Amma Raisa Semyonovna asta-asta qalxıb nazlana-nazlana məni rəqsə dəvət edəndə yerdə qalan kişilərin necə pərişan olduqlarını gördümsə də, özümü görməməzliyə vurdum.Raisanın mənə tərəf uzanmış əlindən tutub öpdüm, (bunu gözləmirdi deyəsən) sanki möcüzə baş veribmiş kimi heyranlıqla ətrafdakıları süzüb mənə yaxınlaşdı.Çoxdandı, lap çoxdandı nə belə kübar məclislərində olmuşdum, nə də rəqs etmişdim deyə qadınla təmasdan bir ara özümü itirdimsə də, lakin o mənə daha da yaxın olduqca rəqs edənlərin arasında itib-batandan sonra özümü ələ ala bildim.Ona nə vardı ki, o ki var içmişdi, kefi də ki,yerində.Sonya partnyorsuz qalan kişilərin məyus olduğuna indi fikir verdiyindən xidmətçi qızları çağırdı ki, onlarla rəqs eləsinlər. Hə, bu başqa məsələ, indi hamı “cütləşmişdi”.

Həzin musiqi Raisa Semyonovnanı elə cuşa gətirmişdi ki, bəzən ətrafdakıları yadından çıxararaq yoğun baldırını qılçalarımın arasında oynadaraq gözlərimin içinə baxır, özümü birtəhər hiss etdiyimi görüb ah çəkir, sonra da guya utanırmış kimi başını yana çevirirdi. O bunu bir neçə dəfə təkrar etdi və hər dəfə də yana çevriləndə məstedici ətirlə ətirlənmiş boynunu, buruq-buruq olmuş tellərinin ucunu, qulaqlarını sifətimə, illah da, bilərəkdən qulağını dodağıma elə toxundururdu ki,bütün vücudum titrəyir, az qalırdım onu elə burdaca bərk-bərk qucaqlayıb öpüşlərə qərq eləyim.O bunu hiss edirdi, yəni mənim hisslərimin bu cür oyandığını duyurdu və duyduqca da eyni hərəkətləri musiqinin tempinə uyğun təkrar edir, elə bil mənə əzab verməkdən həzz alırdı.Artıq dözə bilmədim.Demək olardı ki, musiqi də bitirdi.Bu dəm onun qulağına pıçıldadım ki, məni bağışlasın,bir az hava almaq istəyirəm.Gülümsəyib qollarını çiynimdən götürdü…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации