Текст книги "İblis busəsi"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +18
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 17 страниц)
–Ara, səninləyəm ha.Adı nəydi?…
Yadıma düşəndə uşaq kimi sevinsəm də bunu biruzə vermədim.Sakitcə:
–Ra-fik…-dedim. -Hə, Rafik idi.
Zabit əlini çiynimə qoyub məni başdan ayağa süzdü.
O da bizim kimi yuxusuz, yorğun görünürdü. Marqo onu başqa cür təsvir etmişdi.Yəqin illər öz işini görmüşdü, ya da lənətə gəlmiş müharibə.Məndən beş-altı yaş böyük olsa da, işığı solmuş gözlərinin altı tuluqlanmış, yeldən, şaxtadan çatlamış cod dərisi, papağının altından qıvrılan saçlarına, illərlə qırxılmayan saqqalına düşən dən onu çox yaşlı göstərirdi.Sakitcə:
–Rafik mənim qardaşımdı, -dedi.
Daha bir kəlmə də demədi, Surenin qoluna girib çadıra tərəf apardı. Əl-qol ata-ata nəsə götür-qoy edir, danışıqlarını başa düşməsək də, hərəkətindən hiss olurdu ki, Suren onunla razılaşmır.Xeyli vaxt ötdü. Suren, nəhayət, bayaqdan bizə nəzarət edən saqqallılardan birini hayladı.Qaça-qaça ona yaxınlaşan döyüşçüyə göstəriş verdi. Bir azca keçmişdi ki, həmən döyüşçü bizi tərs-tərs süzüb gözdən itdi.
Ürəyimizdən qara qanlar axırdı.”Bu saat bizi güllələyəcəklər, boş yerə danışdım bu əhvalatı” deyə fikirləşdim.Bir tərəfdən Caviddən soraq gəlmirdi, o bir tərəfdən də zabitlərin bu cürə səssizliyi şübhələrimizi üst-üstə yığırdı. O gədə niyə bizə tərs-tərs baxıb keçdi? Əslində hər biri bzi diri-diri didib parçalamağa hazır idi.Amma duruşlarında, baxışlarında bu arzularının puç olduğu aydın sezilirdi. Ola bilsin ki, kiminləsə bizi dəyişəcəkdilər, yoxsa bizimlə məzələnməzdilər, çoxdan o dünyalıq etmişdilər.Son vaxtlar ədalətsiz dəyişmələr tez-tez baş verirdi; bir azərbaycanlıya on, on beş erməni dəyişirdilər. Bu nə qədər ədalətsiz və məntiqsiz olsa da mən bu cür dəyiş-döyüşə özlüyümdə belə məna verib toxtamışdım: deməli onlar da dərk eləyirlər ki, bizim bir nəfərimiz on erməniyə dəyər!…
Uçuq ferma binasının tinindən sırıqlısını geyinə-geyinə birinci, o yekəpər çıxdı, sonra ust-başı toz-torpağa bulaşmış Cavidi sürüyə-sürüyə gətirən iki nəfər göründü.Onu divarın dibinə söykəyib bizə sarı baxıb qımışdılar.Ona yaxınlaşmaq istədik, qoymadılar.
Sifəti eybəcər hala düşmüş Cavid elə halsız və pərişan görünürdü ki…Diqqətlə baxanda sinəsində quru mal peyininə qarışmış nəm otların izi hiss oludu. Başını qaldırıb bir dəfə də bizə tərəf baxmadı.
Bəs indi nə baş verirdi? İki döyüşçü səyyar mətbəxə yaxınlaşdı. Biri çömçəylə iri qulplu qazana parça-parça ət çəkir, o birisi də yeşikdən çörək çıxarıb doğrayaraq padnosa yığırdı.Beş-on dəqiqə keçmədi ki, qazan da, podnos da bizim qarşımızda, təzə göyərməsinə baxmayaraq ayaq altında tapdaq olmuş otun üstündə göründü.
Qazanı gətirən istehzayla baxıb, rusca :
–Bağışlayın,-dedi,-çəngəl-bıçağımız yoxdu.Əllə yeməli olacaqsız.-Sonda dilucu əlavə etdi.-Nuş …
Bayaq bizə tərs-tərs baxan erməni də əlində bir butulka və iki stəkan bizə yaxınlaşdı: ” Zoğal arağıdı. Komandir göndərib”– deyib, çörək podnosunun yanına qoydu.
Əvvəlcə “süfrə”yə heç birimiz yaxın durmaq istəmirdik.Aclıq nə qədər güc gəlsə də, belə “qonaqpərvərliyin” nəylə nəticələnəcəyini fikirləşirdik. Müharibədən bəhs edən hansısa film yadıma düşdü.Faşıstlər günlərlə ac qalmış sovet əsirlərini güllələməmişdən qabaq guya humanizmlik göstərib yedizdirib-içizdirirdilər.Və bu onlara xüsusi zövq verirdi.
Suren “ UAZ” a minib gedəndən sonra əllərini ovuşdura-ovuşdura çadırdan çıxan Armen bizə yaxınlaşıb butulkanın ağzını açdı, stakanları yarıyacan doldurdu.
–Yeyin…Ara, qorxmayın, kim istəsə içə bilər…-deyib, arağı başına çəkdi.Qazandan iri bir tikə götürüb dişinə çəkdi.Yeyə-yeyə başı ilə işarə etdi ki, yaxın gəlin.-Cöngə ətidi,öz malınız kimi yeyin.
Şahbaza işarə etdim ki, ətdən, çörəkdən Cavidə aparsın.O cəld qazana yaxınlaşıb bir tikə ət götürdü, qoydu yarım çörəyin üstünə və Cavidə tərəf getdi.Həm də fürsətdən istifadə edib öyrənərdi yazığın başına nə oyun gətiriblər.Duyuq düşən nəzarətçı tez Şahbazın qabağını kəsdi, yeməyi ondan alıb Cavidin qucağına qoydu.
Uşaqlar bir-bir qazan ətrafına toplaşdı.Vahid nə fikirləşdisə ac qarına çappa stəkandakı arağı birnəfəsə uddu.Armen yenə araq süzsə də, daha heç kəs içmədi. Hamı yeyirdi. Təsəvvür edirsən, əllərimiz, üst-başımız it günündə, düşmən süfrəsində “ziyafət”də.
Mən elə hey fikirləşirdim ki, yəqin qarnımızı doydururlar ki, taqətimiz olsun, əsirlər dəyişdirilənəcən ayaqda olaq.Deməli, bayaq o bir zabitlə də bunu müzakirə edirlərmiş.
Göz altı Cavidi süzürdüm; yeməyə gözünün ucuyla da baxmadı. Başını sinəsinə söykəyib durmuşdu.Sındırmışdılar onu…
Armen son tikəsini udub başını mənə sarı əyəndə bütün düşündüklərim alt-üst oldu.
–Ara, sabax bayramdı, Stepanakertdən maşın gəlməyəcək.Baxtiniz var, klyanus!…Rafik canı…
Artıq bilirdim ki, bu iki zabitdən başqa heç biri bizim dilimizi başa düşmür. Deməli, döyüşçülər nə Bakı, nə də Qarabağ ermənisiydilər.Elə Armenin də arxayın-arxayın danışmağı buna sübut idi.Ağlında nə vardı, bilmirdim.Amma yeganə qardaşını ölümdən qurtardığıma görə bizə nəsə yaxşılıq edəcəyinə əmin idim-gözlərindən oxuyurdum bunu!
Astadan mənə dedi ki, axşam düşəndə gəldiyiniz yolla qaçmağınıza bir saat vaxtınız olacaq. Uspet eliyərsiz? Axşam məndən başqa hamı kəndə gedəcək. Bayrama. Mənim siqnalımı gözləyin, ara.
Sonra keşikçiyə əmr elədi ki, bizi tövləyə salsın.Vahidlə Cəbrayıl kişi Cavidin qoluna girib bizimlə ifunət qoxuyan tövləyə girdi.Sınıq-salxaq taxta qapı arxamızca bağlanandan sonra hamımız Cavidi dövrəyə aldıq.
Köhnə fermanın bu hissəsindən nə vaxtsa tualet kimi istifadə etdikləri tin-bucağa atılmış əzik-üzük qəzet parçalarından, kəskin sidik qoxusundan hiss olurdu.”Görəsən məzələnmir ki, mənimlə?Düşdüyümüz vəziyyətdən istifadə edib dolamır ki, bizi?” İyrənc qoxu ödümüzü qarışdırsa da , yediyimiz tikələr boğazımızda ilişib qalsa da əgər Armenin dedikləri düz idisə buna da dözmək olardı.Ağır-ağır nəfəs alıb ermənilərin kəndə gedəcəyi anı gözləməkdən başqa çarəmiz qalmamışdı.
Cavid bir küncə qısılıb susurdu. Gözlərini bizdən gizlədir, ufuldayırdı.
Neçə saat keçmişdi, Allah bilir.Bayaqdan, üst-üstə pərçim edilmiş taxtaların arasından ətrafı nəzərdən keçirən Şahbaz qəfil bizə sarı çönüb pıçıldadı:
–Yığışırlar deyəsən…Köçürlər elə bil.
Tez qapıya yaxınlaşdım.Doğrudan da yığışırdılar. Deyəsən çox əziz bayram idi bu bayram, hətta əsirlərinin olduğunu da unutmuşdular.Yarım saat keçmişdi ki, bayaqkı hay-küydən əsər-əlamət qalmadı.İnanmayacaqsınız, elə mən də inanmazdım. Armenin verdiyi sözə əməl edəcəyinə ümid etsəm də , “ara, vaxtdi” deyib qapıya yaxınlaşana qədər şübhələrim bu ümidimi üstələyirdi.
Taxta qapı cırıldayıb açılanda axşamın soyuq mehi üst-başımıza hopmuş nəcis iyini qovmağa başladı…
O, qapının böyründə uzanıb xoruldayan cavan əsgərə baxa-baxa bizi tələsdirir, silahlarımızın yerini göstərir, nəsə dodağının altında danışırdı.Hiss edirdim ki, fikrində qəti də olsa, narahatdır. Bəlkə də özünü bağışlaya bilmirdi.
Şahbaz tez-tələsik hamının silahını çiyinlərinə keçirdi.Vahidlə mən Cavidin qoluna girib gəldiyimiz yolla çaya tərəf üz tutduq.
Armen aqibətinin necə olacağını fikirləşə-fikirləşə arxamızca baxıb astadan dedi:
–Bakıda görüşərik, ara…
“Sən bunun iştahasına bir bax?! “ deyə fikirləşirdimsə də özümün Bakını görəcəyimə şübhə edirdim.
Təşviş, qorxu, inamsızlıq yaxamızdan hələ də əl çəkməmişdi.Bəlkə bu bir oyun idi? Bizim əlacsızlığımızdan istifadə edib aldadırdı bizi, bayram-zad da yoxdu, hamısı hardasa gizlənib, məzələnirlər bizimlə? Heç avtomatlara da düz-əməlli fikir vermədik.Maqazinlərin boşaldıblar yəqin. Bax, indicə gizləndikləri dəlmədeşikdən çlxacaqlar, şaqqanaq çəkə-çəkə hammımızı it kimi qıracaqlar…
Çayın kənarına çatana kimi saniyəbəsaniyə arxadan üstümüzə yağacağ güllə yağışını gözləyirdim…
***
“ Necə sakit payız axşamıydı, ilahi?! “
Cavid getdikcə ağırlaşırdı, yoxsa, biz yorulub əldən düşmüşdük? Onun sifətindəki qüssə də məni bir yandan üzürdü.Yol– məşəqqətlə dolu bu yol nə qədər üzücü və sonsuzmuş. Əzabı, iztirabı tapdaq edib asudəliyə qovuşmaq üçün atılan hər addım isə inanılmaz cəsarət tələb edirdi.
Qaranlıqda soyuq dağ çayının ən sısqa yerinə çatıb o taya keçdik.Buz kimi su sümüklərimizi də gizildədirdi.Taqətdən düşsək də meşəyə çatana qədər hərəkət etməliydik.Vahid tövşüyür, mən öskürməyə başladım.Bu vaxt Cavid güclə eşidilən səslə dedi:
–Məni burda qoyun, gedin.
Danışdığına görə hamımız sevindik. Bir anlığa dayanıb ona baxdıq: donuq baxışlarına yığılmış məyusluqdan özgə bir şey görünmürdü.
–Axmaq-axmaq danışma. Çatırıq…
–Hara?
–Meşəyə,-dedim.-Meşəyə çatıb dincələrik.
Nə dediyimi anlamayan adam kimi gözlərini döyüb susdu.
Meşənin dərinliyinə girən kimi Cavidi qovaq ağacına söykəyib, biz də nəm otun üstünə leş kimi sərələndik…
***
“Görəsən , yuxudan şirin nəsə var?”
“Şokolad!”
“Başqa?”
“Bal.”
“Heç bal kimi yuxu görmüsən?!
”O qədər…”
“Başqa…
“Qadın”.
“Qadın?”
“Hə, qadın.O,həm baldı, həm şəkərdi, həm də şokolad!”
“Yaman dedin! İndi bir qadının qucağında olmaq üçün hər şeydən keçərdim!”
“İndicə yuxuma gəlmişdi o gözəlçə, diksindirdi yuxumu…”
“ Deməli, yuxu hər şeydən şirindi?”
“Ölüm! Ən şirin yuxu ölümdür! İnsan öləndə rahatlanar, öləndə…”
Yuxudan küt bir səsə diksinib ayıldım. Meşənin soyuğu canıma hopub bədənimi keyitmişdi. Qaranlıqda heç nə görə bilmədim.Təkcə biri-birinə sığınmış qoca ağacların çılpaq budaqları xışıldayırdı.Təlaş içində uşaqları hayladım. Birinci Cəbrayıl kişi hövlnak cavab verdi, sonra Vahidlə Şahbaz hay verdi, amma Caviddən səs çıxmadı. Bir də çağırdım. Yerində yox idi. Onu axtarmağa başladıq.
Dərənin dibindən Cəbrayılın xırıltılı, həyacanlı səsi onsuz da biz-biz duran tüklərimi tərpətdi.
–Cavid ?!..
Hamımız səsə tərəf döndük. Özünü vurmuşdu Cavid.
Axı bu necə olub, ac, susuz yuxu bizi necə aparıb ki, onun silah götürdüyünü , özünü vurduğunu görməmişdik?!
Bir-birimizi qınadıq, söyüşdük…
Cavid isə çəkdiyi iztirablardan qurtulduğu üçün rahatlanmışdı.Açıq qalmış gözləri hələ təzə-təzə yarpaqlarını tökən sıx budaqların arasından göydəki təkəm-seyrək ulduzlara sarı dikəlmişdi.Sanki, intizarla bu cəhənnəmdə Günəşin havaxt doğacağını gözləyirdi. O bir daha nə gecələr parlayan soyuq ulduzları, nə də yandırıb-yaxan Günəşi görəcəkdi – Cəbrayıl kişi əlini sifətinə sarı uzadıb onun hədəqəsindən çıxmış gözlərini qapadı…
Yadımızda qala biləcək yer tapdıq.Avtomat süngüsüylə soyuq, yumşaq torpaqda “bu sonuncu olsun!” deyib qəbir qazmağa başladıq. Bilmirəm qəbir qazmağa öyrənmişdik, yoxsa soyuğun təsirindən idimi, Cavidin son mənzilini yaman tez hazırladıq. Vahid yasin oxudu.
Onu torpağa tapşıranda artıq dan yeri sökülmüşdü.Min illər belə Günəş buralarda torpağın üzünü öz hərarətiylə isitsə, qovursa belə onun istisi Cavidə çatmayacaqdı.
Yenə duman üstümüzə çökdü…
Tanış qoxu
…İtlər hürüşdü, ancaq itlər. Başqa heç bir səs.
Birinci, dərəyə qovuşan üstü kol-koslu, çay daşından hörülmüş divar göründü, sonra həyətində qollu-budaqlı meyvə ağacları olan ikimərtəbəli daş ev, sonra hər iki tərəfini qollu-budaqlı nəhəng ağaclar əhatə edən və elə beş-on addımlıqdan sonra da ağacların qoynunda itib-batan çınqıllı küçə…
“Nəhayət ki!” Görəsən yorucu, üzücü yolumuz bu dərədə bitəcəkdimi?
Gizləndiyimiz yerdən kəndə sarı xeyli baxdıq; bu vaxt kənd oyaq olmalıydı axı?! Sahibsiz qalmış itlərin uzun-uzadı zingildəməsindən savayı nə heyvan-qara, nə də bir insan həniri gəlirdi. Deyəsən kənd köçmüşdü.
Hamımız yorğun olsaq da Şahbaz cavan, həm də diribaş olduğuna görə kəşfiyata göndərdik.Silahını qapıb dərəyə endi.Artıq möcüzəyə-filana inanmırdıq.Yazıq Şahbazı arxadan izlədikcə hamımızın nə halətdə olduğumuzu təxmin etdim: sərxoş adam kimi ləngər vura-vura dərəni keçib daş hasarın üstündən həyətə aşdı.
Gözləmək! Nə yorucu və dəhşətli şeymiş gözləmək?! Başqa əlacımız da yox idi, gözləməliydik.Heç bilmirəm yeriydi, ya yox, amma bu təlaşlı vəziyyətimiz kəndçimiz Əfruz arvadı saldı yadıma.
Mən uşaq olanda danışırdılar ki, Əfruz arvadın cüvəllağı bir oğlu varmış Nəbi adında. Nəbi sovetin dövründə, hardasa altımışıncı illərdə gedir Rusiyaya.Orda nə qələt eləyirsə iyirmi beş il iş verirlər Nəbiyə.Yazıq arvad da bundan bixəbər,canını dişinə sıxıb gözləyir, qırx manat pensiyayla bilmir öz hayına qalsın, yoxsa Nəbinin yetimçələrinin…
Yetimlərini dolandırmaq üçün üzünə üz tutub kəndin dükanından, “selpo”nun avtolavkasından xırda-xuruş götürüb deyərmiş ki, vallah, Nəbi qayıdan kimi verəcək borcu. Hamı da elə bilir ki, Nəbi Rusyətə pul qazanmağa gedib. Bir il belə, beş il belə.Borc borc üstünə yığılır, qalır Əfruzun boynunda.
Hə, bir gün kənd soveti, selponun müdüri,sovxozun partkomu gəlir Əfruz arvadın evinə.Xoş-beş, hal-əhval tutandan sonra soruşurlar ki, ay Əfruz bacı, oğlun gələnə oxşamır, nə qədər gözləmək olar axı? Höküməti ələ salmısan?! Bilməmiş olmazsan, bəlkə başında bir qəzyə-filan var, bizə də de, bilək də?…
Əfruz arvadın öz dərdi özünə bəs idi.Oğlunun sanki gedər-gəlməzə getməsi onu vaxtından tez qocaltmışdı, amma buna baxmayaraq heç kəsin yanında özünü sındırmazdı.Elə hökumət adamlarının da yanında heç halını pozmadan cavab verib ki, a başuza dönüm, yəni hökümət o günə qalıb, o günə düşüb ki, yetimçə Nəbinin beş-on manatına göz dikə? Bir də, dünya dağılmıb haa, gələr daa… Qayıdıb gələr,inşallah, hamının borcun da qaytarar…Səbriniz olsun, başuza dönüm. “Nə qəzyə bazlıqdır, uşağa iyirmi beş il iş kəsiblər, beş il də səsdən məhrum ediblər, yazıq balamı…” Bax, bircə bunu deməyə dili gəlmirdi-udurdu içinə.
Yalan-doğru deyirdilər ki, Əfruz arvad öldü, “selpo” da ləğv oldu, amma Nəbi gəlib çıxmadı ki, çıxmadı. Allaha dua etdim ki, Şahbazın da gəlişi Nəbinin qayıtmasına dönməyəydi.
…Şahbaz hasarın üstündən bizə tərəf əl edənə kimi elə bil zaman nəfəsini içində boğub saxlamışdı.Nəhayət ki, dərindən nəfəs alıb özümüzə gəldik.
Kəndi gecəylə boşaltmışdılar: pəyələrdə heyvan-qaranın ilıq nəfəsi hələ hiss olurdu. Birinci, ikinci, üçüncü həyətə girdik.Tələm-tələsik yığışdıqlarından evlərdən ancaq vacib şeylərin götürüldüyü ilk baxışdan hiss oludu. Amma, yeməyə,ürək toxdadan, mədəmizi aldadan heç nə tapa bilmirdik.Özümüzü Daniel Defonun qəhrəmanları kimi hiss etməyə başlamışdıq.Sanki bu adadan qurtuluş yox idi – labirintə düşüb qalmışdıq,hara getsəydik yenə qayıdıb eyni məkana gələcəkdik. Bu halsızlığın, aclığın xoşa gəlməyən təzahürü idi.Bir yandan da boşalmış evlərdə buranı təzəcə tərk etmiş sakinlərin iyini hiss edir, qarabasmalar yorğun gözlərimizin solmuş işığına kədər qatırdı.Özümə ürək-dirək verdim: “Təki ağlımızı itirməyəydik…”
Nəhayət, nə oldusa, yosma evin kəllə otağına girən Şahbaz sevinərək uşaq kimi bağırdı:
–Qovurğaaa!…Uşaqlar, gör nə qədər qorğa var burda?!…
Onun bağırtısını eşidən Vahid qonşu evin həyətindən hasarı elə oppandı ki, elə bil neçə günün it yorğunu deyildi. Şahbaz divara söykənmiş köhnə mizin altından çıxardığı torbanı sinəsinə sıxıb heykəl kimi dayanmışdı. Hamımız sanki bayram süfrəsinə yığışırdıq. Beş kiloluq düyü kisəsini mizin üstünə qoydu,ağzımız aralı qovurğaya elə baxdıq, elə baxdıq, elə bil bir kisə qızıl tapmışdıq . Həqiqətən də Şahbazın tapdığı qorğa bu dəqiqə qızıldan da qiymətliydi! İnsan itirdiyi ən əhəmiyyətsiz bir şeyi də tapanda uşaq kimi sevinir.Ona vacib olanı axtaranda buna nail olursa lap çox sevinir mən bilən.Bir də var heç nə itirməmisən, heç nə də axtarmırsan, amma təsadüfən elə şey rastına çıxır ki, elə bilirsən hər an onun həsrətini çəkmisən, onu arzulamısan.Sən belə halla rastlaşmısan,ya yox, deyə bilmərəm, amma Əfqanıstanda başıma gələn bir hadisə çox maraqlı və gözlənilməz olmuşdu mənimçin.
***
1982 ci ilin qışın hansı ayı idi yadımdan çıxıb, Əfqanıstanın şimalında bir aulu çalmalılardan təmizləmək əmri almışdıq.Biz əvvəllər elə bilirdik ki, bu çalmalı dediyimiz düşmənlər partizan kimi bir-bir, iki-bir yayılıb aullara və onları məhv edib sıradan çıxarmaq çox asan olmalıdır. Artıq Əfqanıstanla dərindən tanış olandan sonra dərk elədik ki, yox balam,bizimlə vuruşan bütün aullar düşmənlərdən ibarətdir və bunların əli silah tutan balaca uşaqları da çalmalıdır ki, var…Hə, həmən aula çatanda dəstəmizin komandiri möhkəm-möhkəm tapşırmışdı ki, daxmalara girəndə içəridə lap uşaq, əldən düşmüş qoca da görsəniz ehtiyatlı olaq və nəbadə bir şeyə toxunaq;yerli camaat onların lazımsız əşyasına da kafir əlinin dəyməsinə təcavüz kimi baxdığından belə halları bağışlamırlar.Mən yarızarafat-yarıciddi dedim ki, mən müsəlmanam, kafir deyiləm. Komandirimiz “kafir”liyi özünə götürüb mənə tərs-tərs baxdı, sonra da kinayəylə gülüb cavab verdi:
–Bu sənin alnında yazılmayıb. Müsəlman olduğunu bildirən yeganə yerini səni öldürüb şalvarını çıxarandan sonra biləcəklər. Ha-ha-ha! Başa düşdün,onların gözündə sovetin formasını geyən hər kəs kafirdi,axmaq!
Əlbəttə, bunu heç ağlıma gətirməmişdim.”Baş üstə!” deyib girdik aula. Daxmalar, onları əhatə edən əyri-üyrü hasarlar ağımtıl, bir az sarıya çalan gilli palçıqdan kəsilmiş çiy kərpiclə hörülmüşdü. Boz qaya daşlarıyla döşənmiş dar və biyöndəm küçələr – yoluq toyuğun dalınca qaçan qırmızı xoruzu nəzərə almasaq – bomboş idi.Bizim gələcəyimizdən xəbər tutan camaatın kəndi yenicə, həm də tələm-tələsik tərk etdiyi bəzi həyətlərdə atılmış ev əşyalarıyla yüklü arabaların ilişib qalmasından məlum idi.Bu cür səssizlik aldadıcı ola bilərdi. Təhlükənin qaşla göz arasında olduğunu bir an da yaddan çıxarmaq olmazdı.
Biz döyüşə hazır vəziyyətdə üç-üç bölüşüb daxmalara girir, otaqları yoxlayır, boş olduğuna əmin olandan sonra küçəyə çixib komandirə raport verirdik.İki evi yoxlayıb üçüncüsünə girəndə bütün otağı bürümüş çox tanış ətir burnuma dolub məni məst elədi.Bir anlığa yerimdəcə donub gözlərimi yumdum, bu xoş qoxunu doyunca ciyərimə çəkdim.Andrey mənə baxıb əvvəlcə təəccübləndi, ona tanış olmayan qoxunu duyunca burnunu çəkməyə başladı, bu xoş ətirin hardan gəldiyini öyrənmək üçün yarıqaranlıq otağa göz gəzdirdi, bir şey tapmayanda yenidən mənə baxıb maraqla soruşdu:
–Bu nədiki belə?…
Onun sualı məni düşdüyüm sehirli ətir dünyasından ayırdı, gözlərimi açıb otağa göz gəzdirdim; divarın içində hörülmüş rəflərdə rəngbərəng qədimi çini kasalar, mis qab-qacaq səliqəylə düzülmüşdü.Lap küncdə iç-içə qoyulmuş qar kimi ağ kasanın içində sanki qaranlıq otaqda doğan aya bənzər bir cüt sapsarı heyvaya gözüm sataşanda onun cazibəsindən qaça bilmədim, ixtiyarsız otağın küncünə atıldım. Bizdən sonra otağa girən, Andreylə məni məst eləmiş qoxudan bixəbər olan leytenant Kostalevski rəfə toxunduğumu görüb cingiltili səslə elə bağırdı ki, əlim havadan asılı qaldı.
–Toxunma!
Onun otağa qəfil girişiylə bağırması bir anda olduğundan quruyub yerimdəcə qalmışdım.
–Heyva…– deyə pıçıldadım, sanki, əlimi tərpətsəydim rəfdəki heyva qumbara kimi partlayacaqdı.-Yoldaş leytenant,bu heyvadı …qorxmayın…
Boynuma alım ki, mən də yaman qorxmuşdum – “qumbara”dan yox e, zabitin qəfil çıxardığı qulaqbatırıcı səsindən. Onun çığırtısına dəstənin komandiriylə bir neçə əsgər də qaçıb gəlmişdi.Əsəbi halda bir də yadımıza saldı ki, heç nəyə əl vurmaq olmaz, heyvadı-nədi, bilmirəm, zəhərli ola bilər…
Komandir səriştəli hərbiçi kimi düz ehtimal edir, hər şeyə məntiqlə yanaşırdı.Düşmənə etibar etmək axmaqlıq idi.
Komandir yığışmaq əmri verəndən sonra hamı bir-bir daxmadan həyətə çıxdı.Mən bilərəkdən axıra qalmışdım və komandirin ciddi göstərişini bir anlıq unudaraq heç düşünmədən rəfə yaxınlaşıb heyvanın birini götürdüm.”Belə gözəli zəhərləməkmi olar?Axmaq adam, sən hardan bilirsən heyva nədir?!”deyib şaraqqıltıyla heyvanın sapsarı yanağından bir yekə dişdəm götürdüm.Heç saniyə keçmədi heyvanın ətirli şirəsi dişlərimin arasından süzülüb dilimin üstünə axdı.Sanki həyatımda ilk dəfəydi heyva yeyirdim, özü də belə iştahayla!…
***
–Nə gözlərinizi döyürsüz?-deyib, Vahid qovurğadan bir ovuc götürüb yeməyə başladı.-Yeyin də…Həə…
Uşaqlar buna bənd imiş.Ovuclar bir-bir kisəyə girib-çıxırdı.Yediyimizi yedik, qalan qovurğanı da ata malı kimi bölüb ciblərimizə doldurduq.Bu qorğanın “göydən düşmə “ olduğunu desək də , buğdanı bulaq suyunda yuyub qurudan, onu həvəslə, bayram əhval-ruhiyyəsiylə sacın içində qovuran naməlum qadının canına sağlıqlar diləyib evdən çıxdıq.
Həyatımda ikinci dəfəydi atılmış, yiyəsiz kəndin küçəsiylə addımlayır, amma ilk dəfəydi məcburən evini tərk etməyin nə qədər dəhşətli olduğunu duyurdum. Sahiblərini bir daha görməyəcəklərinə əmin olub boş küçə boyu zingildəyə-zingildəyə veyillənən itlər bizi görəndən sonra bir az sakitləşdilər.
Vahidə baxdım. Ara-sıra cibindəki qovurğadan ağzına atır, yəqin ki, adamı vahiməyə salan bu səssizliyin aldadıcı olduğundan ehtiyat edərək tez-tez ora-bura baxırdı.Ona dedim ki, heç kəs evini könüllü boşaltmaz, onları məcbur ediblər yəqin.Elədirsə, demək ermənilər gec-tez bu kəndə də girəcək, uzaqlaşmaq lazımdır burdan.
Çınqıl döşənmiş əyri-üyrü yolla gəlib axırıncı evin daş hasarının tininə çatanda hamımız yerimizdəcə quruyub qaldıq.Doqqazın böyründə, iri çay daşının üstündə qoca kişiylə qarı oturub, gözlərini də dikiblər yola sarı. (Bu yeri artıq sizə danışmışam. Amma bəzi məqamlar var ki, burda deməliydim. Ona görə təkrar xatırladım o müdhiş anı) Vallah, heyrətdən yerimizdən tərpənə bilmirdik; hamı qaçıb canın qurtarıb, onlarsa geyimli-keçimli, elə bil toya, ya da qonaqlığa getmək üçün hazırlaşıb,kimisə səbirsizliklə gözləyirdilər.Bizi görəndə heç təəccüblənmədilər. Əvvəlcə salam verib təlaşla soruşdum:
– Ağsaqqal,kənddə heç kim yoxdu, hamı qaçıb, siz kimi gözləyirsiz? Bu dəqiqə ermənilər kəndə “Qrad” yağdıracaq, durun gedək burdan…
Kişi halını pozmadan bizə baxdı.Ağır-ağır dilləndi:
–Bizimki buracanmış…Sən kefini pozma, oğul.
–Ata,-bunu Vahid dedi,– kəndi kim boşaltdı ki? Axı camaata qoşulub niyə getmədiz?
Qoca başını qaldırıb təəssüflə dindi:
–Ay oğul, bu müşkildən Allah da baş açmaz. Biri elə deyir, biri də belə.Kimə inanasan, a başına dönüm? İndi hərə öz canının hayındadı.
Vahid təkidlə qocanın qolundan yapışdı.
–Dur,-dedi,-dur, gedək burdan. Qurban olum, dur!
Kimə deyirsən,inadkar qoca qarısına bir az da sıxılıb təmkinlə cavab verdi:
–Oğlum söz verib, indilər gələr.Dünən çıxıb Bakıdan. Gəlib bizi aparacaq.
Yalvarıb-yaxardıq ki, yollar bağlıdı,ay bəxtəvər,aləm qarışıb biri-birinə, it yiyəsin tanımır, bura heç vertolyot da uçmur, oğlun necə gələcək, nəylə gələcək?!…
Pəhlavan cüssəli, öz aramızda “Əydaha” deyə çağırdığımız Vahidə elə bil güc gəldi, cəld arvadı qucağına alıb, bu inadkar,nurani kişinin körpə uşaq kimi necə sadəlövh olduğuna acıya-acıya :
–Mən, -dedi,-ananı qucağımda lap Bakıya qədər aparacam! Daşı tök ətəyindən, ata! Dur, səni and verirəm Allaha, dur, dur !
Kişi əsasını zəhmlə yerə vurub Vahidin qucağına körpə kimi sığınan qarıya tərs-tərs elə baxdı ki, yazıq arvad, bir göz qırpımında onun qolları arasından sıyrılıb kişinin böyründə qısılaraq yumağa döndü.
–Ay sizə qurban olum, siz öz halınıza yanın.Bizim bir ayağımız burdadı, biri də gorda. Cavansız, yazıqsız, qaçın, canınızı qurtarın! Bax, bu evin tinindən dərəylə düşün.Gedin günçıxana sarı.Gedin! …
İndi dünya görmüş kişi özünü, qarısını unudaraq bizim halımıza yanırdı, bizə yazığı gəlirdi. Kişi nə işarə elədisə, üzündən nur tökülən qadın bayaqdan nəzərimizdən yayınmayan, tanış qoxu gələn boxçanı hasarın üstündən götürüb Vahidə uzatdı.
–Götür oğul,-dedi.-Sizin qismətiniz imiş. Dünən özüm bişirmişəm, çörəkdi, təndir çörəyi.
Nə qədər etiraz etdiyimizə baxmayaraq çörək boxçasını götürməyimizi təkid edib dedi:
–Bəlkə də bu ömrümə yazılası ən böyük savabdı, ay oğul! Halal xoşunuz…
Ağsaqqal da suyu qurumuş gözlərini bizə dikib gülümsündü.Mənə elə gəldi ki, o kövrəlmişdi, yamanca kövrəlmişdi.Çünki, səsində bayaqdan hiss etmədiyimiz həlimlik vardı.
–Bizdən narahat olmayın,-dedi.– Oğlum da mütləq gələcək! Deyibsə, deməli gələcək…
Əlacımız qalmamışdı.Hər saniyənin, dəqiqənin bir hökmü vardı.Burda qalmaq olmazdı.Necə olursa– olsun kəndi tərk etməliydik.Öz dediyinə inanmasa da, inadından dönməyən qocanı qarısıyla orada qoyub gündoğana sarı getdik. Qocalardan nigaran qala-qala.
Bu tərk edilmiş kəndin atılmış itləri qarşıdan gələn fəlakəti hiss etsələr belə, arxamızca baxa-baxa, nə vaxtsa dönəcək sahiblərini gözləyirmiş kimi qocaların ayağına qısıldılar.Bütün varlığıyla torpağına bağlı olan qocanın məğrur duruşu, arxamızca baxıb, sanki baxışlarıyla səssiz-sədasız vida etməsi,mənə hansısa filmdəki batmaqda olan gəminin qürurlu kapitanını xatırlatdı…
Dərədən axan sısqa bulaqda yuyunub qovurğanın yanğısını öldürmək üçün doyunca sudan içdik.Boxçanı açanda çörəyin ətri bütün dərəni bürüdü.Hərəmiz bir qismət kəsib yavanlıq etdik.
Yaz Günəşı nə illah edirdisə bədənimizi qızdıra bilmirdi…
Narahat meşə yolu bitmək bilmirdi.Biz təngənəfəs olmuşduqsada, bir an belə dayanmır, qocanın göstərdiyi istiqamətdə addımlayırdıq. Bir saatdan sonra meşənin seyrək yerindəki talaya çatmışdıq ki, yeri-göyü lərzəyə gətirən “Qrad”ın uğultusuna dönüb geriyə baxdıq: qocalara və sahibsiz itlərə əmanət qalmış kənd alov içində yanırdı…
Bu anda mənim ağlıma da gəlməzdi ki, az vaxt keçəcək, neçə-neçə kəndlər, şəhərlər yanıb kül olacaq, minlərlə insan döğma ocağından didərgin düşəcək, uyuşmadıqları, ilk günlər, “bəlkə bu da müvəqqəti çətinlikdi” deyərək sığınacaq tapdıqları yurd-yuvada beş-on günlük qalacaqlarına əmin olduqlarından iynə üstündə otururmuş kimi hələ uzun illər narahat sürgün həyatına öyrəşə-öyrəşə vərdişkar olacaq, beləcə bu faciənin məchul sonucunu gözləməkdə gözlərinə qara su gələcəkdi.Və bunu hələ heç kim bilmirdi…
Nə heyfislənir , nə də qürurlanırdım…
Hərbi hospitaldan çıxanda hara gedəcəyimi götür-qoy etdikcə neçə vaxtdı məni bərk narahat edən olay yenidən beynimdə dolanmağa başladı.Axı nəyə görə döyüşən dəstənin birdən-birə qeyb olduğu heç kimi narahat etməmişdi?! Qərargahdan verilən əmrə görə üç tərəfdən düşmən nəzarətində olan, kömək gələcəyini əmin edib, tükənmiş silsh-sürsatla adsız yüksəkliyi tutmaqda məqsəd nə idi? Kimisə aradan götürmək üçün bir dəstəni güdaza vermək kimə lazım idi axı, kimə?!…
Qəlbimi didib parçalayan suallar cavabsız qaldıqca, nizamsız orduya, qaragüruhçuluğa,hay-küylü, kor-koranə həmlələr edən səriştəsiz komandanlığa da nifrət edirdim. Siyasətdən uzaq da olsam dərk edirdim ki, müharibələrdə əl-ayaq açmış siyasi fahişələr döyüşçünü qələbədən çox məğlubiyyətə aparar.Tək müharibə zamanımı?
Yenə də, lap ölməmişdimsə də, məqsədli gəlişimdən nə heyfislənir, nə də qürur duyurdum. Buna haqqım olmasa da ilk dəfəydi illərlə, əsrlərlə başımıza gətirilən faciələrdən dərs almadığımıza, bir əqidə, bir amal uğrunda birgə mübarizə aparmadığımıza, “kor-kor, gör-gör” olan düşmənlərimizi yaxşı tanımadığımıza görə millətimi qınadım və ilk dəfə döyüşdə həlak olan yoldaşlarıma həsəd apardım.
Bəlkə də mənim gördüklərim müharibənin bir üzüydü? Ayın görünməyən üzü kimi o da sifətini gizlətmişdi. Hamıdanmı gizlətmişdi?!…
Kəndimizə gedən yol qəbirstanlıqdan keçir.
Bu kəndə kim gəlsə birinci ölülərlə görüşər, bu dünyanın nə qədər fani olduğunu dərk edər,sonra dirilərə baş çəkər.Qayıdan başı da eləcə. Bəlkə də dədə-babalarımız bilərəkdən belə etmişlər ki, dünyadan köçənlər unudulmasın, həmişə göz qabağında olsun.Gələnə “xoşgəldin”, gedənə “uğur” diləsin gündoğana baxan qəbir daşları. Bu da bir hikmətdi bəlkə. Niyə görə əvvəllər bunu dərk eləmirdim?
Son dəfə səni nə vaxt görmüşəm, ana?! Bu yollara baxmaqdan, unutqan oğlunu gözləməkdən yorulmadınmı? Yorğunsan, görürəm, gözlərindəki su da quruyub. Bilsən, bilsən sənin bircə kəlmə sözünə, ilıq nəfəsinə necə möhtacam?!.
Ana, bilirsən, sən arzularını da özünlə apardın.Sənə söz verdiyim kimi ali təhsilimi başa vura bilmədim. Sənə yaxşı oğul ola bilmədim. Aliyə də mənimlə deyil.Atdı məni Aliyə, ana, atdı , Sərdarın əmisi oğluna qoşulub qaçdı.Məni o havayıyeyən vələdüznaya dəyişdi. Sevgi dediklərin xülya imiş. Dediyin eşq-məhəbbət elə sevdiyin Füzulinin qəzəllərindəymiş.Bəlkə Füzuli özü də eşqin nə olduğunu yaxşı dərk etməyib, ana.Heç vətən sevgisini də! Ata yurdumuz boş qalıb. İndi orda, Allah bilir, bəlkə də göyərçinlər yurd-yuva salıb, ya da uçub dağılıb. Ayaqlarım getmir ora. Bu qəbristanlıqdan o yana nə varsa mənə yaddı, özgədi.Bütün xatirələrimi sizinlə dəfn etdim, ana! Ölümlərdən keçdim, qərib ellərə düşdüm.Bax, səninlə, nənəmlə vidalaşıb yenə gedirəm.Bu dəfə həmişəlik gedirəm.Yaman üzdü məni buralar, daha çəkmir özünə.Çəkəcək bir şey qalmayıb buralarda.
Nənəmlə darıxmazsan yəqin.Aranızda atam yerləşən qədər boş yer var.Bunu kəndin çoxbilənləri eləyib, bilirəm.Bəlkə də mənimçin saxlayıblarmış.Atama quruca torpaq da qismət olmadı, heç olmasa mənə yer eləyiblər. Bilirsən, ikicə ay əvvəl mən də öləcəkdim.Ələ gələn bir yerim qalsaydı gətirib aranıza döşəyəcəkdilər yəqin ki.Ölsəydim, doyunca görərdiz, bir daha ayrılmazdıq.Ana, istəməzdin məni görmək?! Axı, həmişə yanında olmağımı arzulayardın?! Yox, sən bircə şey arzulayardın, tək bircə şey, yadındadır?..
Anamın ölməyini istəmədiyimdən evlənmirdim…
…Ata yurdunda ikimiz qalmışdıq, ikimiz.
Nənəm atamın – əziz-xələf oğlunun xiffətin çəkə-çəkə ömrünü bizə bağışlayanda on dörd yaş yarımlıq idim. İlin quyruq donan vaxtında kənd elliynən arvadı torpağa tapşırdı…
Evin başı papaqlısı məniydim.Anam dərs deyir, mən isə məktəbdən evə gələndən sonra dərslərimi hazırlayır, axşamacan evin irili-xırdalı hər işini görürdüm: üzüm bağları budananda quru yoğun budaqlarından şələləyib həyətə gətirir, doğrayıb samanlığa yığır, iki cüt qoyunun, on-on beş toyuq-cücənin yemini, otunu alafını tədarük edir,maşın sürməyi yaxşı bildiyimdən həftədə bir dəfə qonşumuz “bığ Mürşüd”ün saqqızını oğurlayıb “Jiquli”siylə rayon mərkəzinə bazarlığa gedirdim. Ta o vaxtacan ki, vaxt yetişdi, orta məktəbi bitirib Bakıya getdim, imtahan verib idman məktəbinə qəbul oldum.Anamın necə sevindiyini görəndə həm qürrələndim, bir tərəfdən də məyus oldum ki, arvad bu boyda mülkdə tək-tənha qalacaq …
İndiki kimi yadımdadır məni yola salmağı.Çamadanımı rahlayıb qapının ağzına qoyanda məni bərk-bərk qucaqlayıb gözlərimdən, alnımdan, yanaqlarımdan öpüb dedi:
–Qurbanın olum,Rüfət,məni başıaşağı eləmə el içində. Şəhər insanları tez dəyişdirir. Burda görmədiklərini görəcəksən şəhərdə, bilmədiklərini biləcəksən… Çalış, mənliyini itirməyəsən, məqsədinin dalınca gedib ona çatasan. Çaşsan,yolunu azsan şəhər bataqlıq kimi səni içinə elə çəkər ki, məhv olarsan! Qurbanın olum, məndən də narahat getmə.Aliyə yanımdadı, qoymaz darıxmağa. Sən də tez-tez gəl, qadan ürəyimə! Ata yurdunu boş qoyma.
Sonra da Aliyəni çağirmışdı bizə ki, əməlli başlı görüşüb ayrılaq.Onda anamın xəbəri yoxuydu ki, gecəni səhərəcən Aliyəylə evin dalındakı iydə ağacının altında o ki var söhbət etmişik.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.